Can yanğısı

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Binəva dərvişi bu sözlər pərişan edib halını dəyişdi: bərk köksünü ötürüb bir az müddətdən sonra çox bir hiddət ilə məndən sordu:

– Bu sözlərdən mətləb nədir?.. Mənə nə qəsdi-qərəzin var? Əgər mənim başıma gələndən xəbərin varsa, niyə məni söylətmək istəyirsən… Ciyər yaralarımı təzələməkdən, ürəyimi şan-şan etməkdən sənə fayda varmı?..

Bu suallar məni xeyli təəccübləndirdi. Dərvişdən belə cavab gözləmirdim. “Dərvişlər bu dünyadan əl çəkib, o dünya üçün çalışırlar”, – demək istəyirdim.

– Ağa dərviş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. Söz dediyin bir quş kimi şeydir, ağızdan çıxdı, tutmaq və yaxud geri qaytarmaq olmaz, ancaq “əfv buyur” deyə bilərəm.

Dərviş başını döşünə salıb qaşqabağını qara bulud kimi tökdü, bir xeyli zamandan sonra yuxudan oyanmış şir kimi saçlarını silkələyib başını yuxarı çəkib başladı:

– Ey cavan, otuz ildir, mən dünyadan əl çəkib, gözümü axirət qapısına dikmişdim. Nə qədər tez üzümə açılsa, o qədər özümü Allahın sadiq qullarından sanar idim. Bu gün-sabah dünya məni məhv etdiyini duydum. Mən adamam, ağıldan və fərasətdən fəyyazi-qüdrət bizi dur etməmişdi. Əzrayıl hərdənbir qanadı ilə məni çaldığını anlayıram.

Neçə il bundan əqdəm törəmiş əhvalatı unudub, özüm ilə bərabər dari-bəqayə3 aparmağa qəsd etmişdim. Dünyamı tufan, bədənimi viran edib macəranı sən bir cüft sual ilə mənim gözümün önündən keçirib yaralarımı təzələdin. Böylə sualı məndən soran olmamışdır, olsa idi, səbəbsiz, dərdimi bir kəsə söyləməzdim. Məsəldir: “Qəlb süfrə deyil ki, hər ötən-keçənə açasan…” Dərdim ürəyimdə qalıb paslanmışdı… İndi qulaq ver, gör başıma nə gəlmişdir və insan nələr çəkməyə qadirdir və nələrdən bu şahizəviyyul-həyat4 acizdir?

Qulaq ver:

– Ürəyimdə bu dərdi uzun müddətlər saxladım. Fəqət indi saxlaya bilmirəm. Çünki yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. Qulaq ver, könlümdə viranələr arasında bəslədiyim, başıma gələn qəzavü qədərlər cuşa gəlmişdir.

Dərviş başını aşağı salıb yenə fıkrə getdi. Könül evində keçmişi qarmaqarışıq idi. Haldan düşmüş ixtiyarsız bir qan kələfin ucunu axtarıb tapa bilmədiyi kimi, bu da rəvayətini haradan və nədən başladığını bilmirdi…

Birdən dedi:

– Hə, qulaq as: qəzadan şikayət və başqaları kimi nifrət etməyi özümə rəva görmürəm. Ömrümün əvvəlində mən çox gözəl şeylər görmüş idim. Cavanlıq bağçamda bir pərizad zinət vermiş idi… Baxıb, həvəs edib, ləzzət qanırdım, birdən… deməyə dilim titrəyir, nəfəsim boğulur, gözlərimə zülmət çökür… – yavaş – birdən… – duruxur, – şiddət ilə birdən gülümü üzdüm, tacımı daşa vurdum… sındırdım, ömrümə külüng çaldım, qırdım, gülüstanımı yaxıb-yandırdım, külünü ərşə sovurdum… qaldım viranələr arasında. Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, tacisərim, qönçə gülüm, bülbülüm Ruqiyyə idi! Ruqiyyə!..

Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə… Qəlbimdə bazari-məhəbbət açan, başıma dolanan, dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi! Ruqiyyə!..

Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünü yan, olma biiman, xabi-qəflətdən oyan, – dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə!.. Ruqiyyə məhv oldu, fövt oldu…

Yanım birdən-birə boşaldı, dünya gözümdən düşdü, qəza məni səhraya saldı, mənə nə qaldı?

Bilirsənmi nə qaldı? Əvvəlki halım, əvvəlki biyaban, əvvəl nə idim, kim idim, indi də o oldum! Niyə? Fikrimi ağlıma, ağlımı xəyalıma satdım. Özüm çaşdım, bəxtim oyanmışdı, duymadım. Ruqiyyənin qədrini bilmədim.

Böylə vurdu qəza, halım oldu fəna…

Doğrudur, vücudum dolanır, amma bu dünyadan çoxdan ruhum əvdət edibdir5, – dayanır. Bu da təbii bir şeydir.

Arvad kişiyə və kişi arvada biri-birinə cismən, ruhən bağlıdır. Arvad düçar olan zillətdən kişi, kişi düçar olan zillətdən arvad boyun qaçırmağa qadir deyil… fəyyazi-qüdrət bu iki vücudu bir-birinə tən yaratmış, bir tərəfdən nə törəsə, o biri tərəf ondan xali ola bilməz.

3O dünyaya.
4Burada “insan” mənasındadır.
5Köçüb gedibdir.