Czytaj książkę: «Kosagöl», strona 3

Czcionka:

–Demək, sən bizim Elinanı yaxşı tanımırsan, qoçaqlığından xəbərsizsən! Hansı evə düşsə, həmin evə dirək olacaq!

Gözəllik və fiziki iş bacarığı – Elinada indi və sonralar müşahidə edə bildiyim əlamətlər sırasının başlanğıcında bunlar dayanmışdı. Qırx dəqiqədən sonra yola düşdük. Nə qədər minnətdar idim! Ürəyimdə, bu köməyin qarşısında bu qoçaq qıza necə təşəkkür edə biləcəyimi düşünürdüm.

Birdən salondan mahnı səsi gəldi. Elina əllərini dizləri üstə çarpazlayıb olduqca gözəl və o qədər də qəmli səslə Bulat Okucavanın yazdığı mahnını oxuyurdu.

…Qismətim gah sahil, gah dəniz olub,

Gah Günəş, gah da ki, dumanlar-çənlər…

İki əbədi yol: Sevgi-Ayrılıq,

Sinəmi amansız yarıb keçiblər!

“Hər şey yaraşır, hər şeyi bacarır bu qız!” – düşündüm.

–Gərək, incəsənətə baş vuraydın, Elina! – dedim.

–O da var idi planda. Eh… Alınmadı. – cavab verdi.

O gündən, Elinanın bu qəmli romansı oxumağı ilə əvvəllər elə çox da xoşum gəlməyən Okucavanın şeirlərinin həvəskarına çevrildim.

Axşam beş nəfər sürücü, yaşadığımız evdə oturub çay içirdik. Ev sahibəsinin on altə yaşlı oğlan nəvəsi də bizimlə idi. Mən, yolda təkərin boşaldığını deyib, əlavə etdim ki, Elina kömək etməsəydi, mənə çətin olacaqdı. Olduqca maraqlı qızdır, – dedim. Uşaq o dəqiqə söhbətə qoşuldu və Elina barədə bir maraqlı əhvalat danışdı.

Bir-iki ay qabaq, baş mexanik yüngülvari içmiş halda Elina ilə qabaqlaşır. Nəsə deyir, ya qollarından yapışır, Elina aralanmaq istəyir, mexanik əl çəkmir. Elina var gücünü toplayaraq baş mexanikin sağ gözünün altına bir yaxşı yumruq ilişdirir. Yumruq o dərəcədə yaxşı olur ki, mexanik partlamış sifəti ilə bir həftə gün evdə oturur.

–Heç kimlə qaynayb qarışmır. Saatlarla gölün sahilində oturar, ya da evdə. Bir dəfə də olsa, kluba gəlməyib. – Əlavə etdi uşaq.

***

Artıq, işə tam alışmışdım. Hətta, Elinanı bir kombaynın yanından digərinə aparmağa da vaxt tapırdım. Çox az danışsaq da, arada sadəliyə və qarşılıqlı hörmətə əsaslanan gözəl münasibət yaranmışdı. Gözlərində yaşayan qəmginliksə ərimirdi.

İki mənzilli binanın bir tərəfini kolxoz gənc kadr işçisi tək vermişdi Elinaya. Məişətini yavaş-yavaş düzəldirdi. Xeyli vaxtdır, mərkəz kənddə soyuducu aldığını, gətirməyə imkan tapmadığını dedi:

–Vaxt edib yük maşını götürüm. Gedib gətirmək lazımdır.

Harada olduğunu öyrəndim. Növbəti reysə gedəndə avtobusa yükləyib gətirdim, qoydum həyətinə. İşdən gələndə görüb sevindi.

–Bir halda gətirmisən, kömək et içəri qoyaq, – dedi.

Soyuducunu köməkləşib saldıq içəri.

Mənzil çox sadə və təmiz idi. Ev kitablarla doluydu. Kitab rəfi nədənsə, döşəmənin üstündə idi. Divarda üzgüçülük yarışlarının qalibi üçün verilən diplomlar və mükafatlar, eləcə də bir neçə şəkil asılmışdı. Bircə Elinanın öz şəkilindən başqa digər iki şəkilin üstündən qara lent çəkilmişdi.

Mənə: "Otur, çay içək!" – desə də sağollaşıb çıxdım. Göstərilən xoş münasibətdən sui-istifadə etmək ən xoşum gəlməyən xasiyyətdir.

* * *

Beləcə, günlər keçdi. İşimdən tam razı idim: təmiz kənd havası, rahat iş cədvəli, sadə kənd əhalisi. Arada bir dəfə elə oldu ki, Roza xala tarlaya gedə bilmədi, gizlincə xahiş etdi ki, kömək edək. O gün tarlada yemək paylamağı Elina ilə mən deyə-gülə yerinə yetirdik.

Artıq hamı ilə: traktorçularla, kombaynçılarla, sürücülərlə olduqca gözəl münasibət yaratmışdım, sanki, on illərdir bunlarla işləyirəm. Elina ilə də, həmçinin.

Tarla yolunun üstündə köhnə ferma yeri olmuş bir təpəcik vardı.

Bu təpəcikdə, xeyli sahədə hansı yolla əkildiyi məlum olmayan göy soğan bitirdi. Kim istəsəydi, girib o yerdən soğan yığırdı. Mən də vaxt tapdıqcan “Batun” deyilən sortlu bu göy soğandan yığıb gətirərdim evə. Bu gün də elə etdim, arxaya qayıdanda dayandım həmin yerdə. Qaçıb xeyli soğan yığdım.

–Verəcəm ev sahibəsi nənəyə. Xahiş edəcəm, bizə pirajok (qutab) bişirsin, – dedim, – çox xoşum gəlir soğanlı-yumurtalı qutabdan.

Elina bir an susdu, nəsə düşünüb:

– İstəyirsən, mənə bir azca kömək et, mən bişirim! – dedi.

Sual artıq idi. Əlbəttə, ürəyimdə ən böyük arzum onunla bir yerdə olmaq, yenidən onun evinə getmək idi!

Avtobusu qaraja qoyub, evə tələsdim. Yuyunub, libasımı dəyişdim, Elinanın evinə üz tutdum. O da dəyişmişdi geyimini. İlk dəfə idi ki, Elinanı belə geyimdə görürdüm.

Həmişə tarlaları gəzmək üçün əsgər çəkmələrində olan, geniş şalvar-pencək, üstündən sırıqlı geyinən Elinanın bu gün görkəmi başqa idi. Yüngül ev formasında, o, bu gün dünya gözəli idi. Baxışlarımı bu gözəllikdən ayıra bilmirdim.

Xəmir yoğurmağa hazırlaşdığı üçün, başında ağ kəlağayı vardı. Əynində sadə çit parçadan tikilmiş donu Elinanın olduqca nazik belini, onun zərifliyini, gözəlliyə xas olan qızbədəninin ürəklərə odlar səpən formasının düz mütənasibliyini incəliklə nümayiş etdirirdi. Qəşəng üzü füsunkar bir gözəlliyin məkanı idi.

–Yaxşı ki, səni əvvəəllər bu donda görməmişəm, Elina! – dedim.

–Necə bəyəm?

–Sənin belə öldürücü gözəlliyinin qarşısında, nəinki sənlə qutab bişirmək, heç danışmağa cəsarət edə biməzdim!

–Yaxşı, çox da tərif etmə.

–Yox, Elina! Bu sözləri mən daxilimdə saxlaya bilmərəm, deməliyəm. Sənin üzünə deyə bilməsəydim, gərək çıxıb küçədə qışqıraydım bu məstedici gözəlliyin barədə. Kompliment deyil bu fikir. Ürəyimin, beynimin məhsuludur.

–Bu donu təzə almışam. Yaraşır mənə? – Olduqca razı səslə soruşdu.

–Mələksən bu donda, – dedim.

–Sağ ol, xoş sözlərə görə. Amma, gəl, işə başlayaq. Qışdan çıxandan soba qalanmayıb. Yəqin, indi od qalamaq çətin olacaq, – Elina dedi.

Kərpicdən qoyulmuş soba bir az tüstüləsə də, axır, qaydaya düşdü.

O xəmir yoğurdu, mən soğanı yuyub doğradım. 10-a yaxın balaca ləzzətli qutab alındı.

–Elina, sənin kimi bir gözəl qız – agranom, nədənsə başıma girmir! – Masa arxasında oturub qutab yeyirdik, – gözəl və cavan bir qız üçün əsgər çəkmələrində sahələri gəzmək nə qədər düzgün seçimdir? – sual etdim.

–Heç vaxt humanitar fənlərlə aram olmayıb. Politexinikə getmək istədim. Fikrimi dəyişdim, qardaşım kənd təsərrüfatı sahəsində adlı mütəxəssislərdən biridir. Nəsə düşdüm onun yoluna. Aspiranturanı qurtarsam tarlalarda qaçmağa son qoyacam.