Czytaj książkę: «Dəli Çəmənli»

Czcionka:

© Vahid Çəmənli, 2018

ISBN 978-5-4485-2217-8

Создано в интеллектуальной издательской системе Ridero

Vahid Çəmənli


«Dəli Çəmənli» adlı kitab şairin oxuculara təqdim etdiyi ikinci kitabdır. Təxəllüsü Vahid Çəmənli olan Vahid Valeh oğlu Qasımov 27 iyun 1956- cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Atası Qasımov Valeh mahir aşıq olub. 40—50-ci illərdə, çox kiçik yaşlarında Çəmənlidə və ətraf kəndlərdə toy məclislərini idarə etmişdir. Atasının tez-tez evində təşkil etdiyi sazlı-dastanlı gecələr məclisləri Vahid Çəmənlinin həyatında dərin izlər buraxmışdır. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. 1975—77 ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1980-cı ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş, uzun müddət Dövlət Statistika Komitəsinin nəzdində olan Ümumittifaq Dövlət Layihə-Texnoloğiya İnstitutunda işləmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şeirləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şeirlər kitabı çapdan çıxmışdır. Bakı şəhərində yaşayır. Evlidir, iki oğlu var. Hal-hazırda şair-yazıçı Vahid Çəmənli müxtəlif mövzuda yazılar üzərində işləyir. Ümidvarıq ki, şair yaxın zamanlarda yeni şerlər kitabı ilə sizin görüşünüzə gələcəkdir.

Minnətdarlıq

Mənim əzizlərim; – dostlarım, qohumlarım, qonşularım, vətənimin övladları! Sizə müraciət edirəm. Hərvaxtınız xeyir!..Bilirəm, bəziləri bu kitabı görəndə adından təəccüblənəcək, bəziləri açıb vərəqləyəcək, bəziləri şəkillərinə baxıb təzədən yerinə qoyacaq. Amma siz, bir neçə manat halal qazancından keçib bu kitabı alanlar, mənim sözüm sizədir.

Mənim əzizlərim, bu kitaba qəlbimin bir parçasını qoymuşam. Elə siz də onun səhifələrində qəlbinizin bir parçasıni tapa biləcəksiniz. Bilirsinizmi niyə? Ona görə ki, bu kitab Çəmənli kəndinə, onun insanlarına, bir Çəmənli övladının keçirdiyi hiss – həyəcanlarına həsr olunduğuna baxmayaraq, ucsuz bucaqsız vətənimizin hər bir kəndinə aid ola bilər. Hər bir kəndimizin daşı -torpağı müqəddəsdir, çünki hər qarış torpağımız igid ata babalarımızın qanı ilə suvarılıb. Hər daşın altında bir aslan yatır.

Kitabda uşaqlıq xatirələrinə çox yer verillib. Bu da təbiidir. Uşaqlıq dövrü ömrümüzün ən şirin dövrüdür. Uşaqlıq dövrü gördüklərimizin, duyduqlarımızın, yaşadıqlarımızın yaddaşımızda silinməz izlər buraxdığı dövrdür, fikirlərimizin formalaşdığı dövrdür, – ona görə də şirindir, dadlıdır.

Hər deyilən sözdə bir ilahi güc, hər yazılan yazıda bir tarix yaşayır. Mənim dünyanın tarixi ilə bir işim yoxdur. Qoy, dünyanın tarixini dünyada yaşayan insanlar yazsın. Dünyanın xəritəsində kiçicik bir nöqtə olan, lakin sevgisi köksümə sığmayan doğma Çəmənlimin tarixi mənim ruhuma daha yaxındır. Düzdür, hər deyilən söz bir tarixdir, amma mən tarix yazmamışam. Mən, Çəmənlidə mənimlə bir zamanda yaşayan insanların sevgisindən söz açmışam. Kiçicik bir zaman kəsiyində gördüklərimdən, duyduqlarımdan yazmışam. Əminəm ki, kəndimin gələcək övladları bu ənənəni davam etdirəcək.

Kitabın hər sətrini oxuyanda üzünüzə xoş təbəssüm qonacaq, xəyalların qanadlarında öz kəndinizə, öz uşaqlığınıza dönəcəksiniz. Bu kitabı öxuduğunuz dəqiqələrdə mən də sizinlə olacam, sizinlə sevinəcəm, sizinlə kədərlənəcəm.

Amma kədərimiz az olacaq. Lap az… Olan da sadəcə təəssüf hissi:

– Aman Allah, ömür nə tez keçdi…

Bayaq dedim ki, əlinizdə tutduğunuz bu kitab yaşadığım, duyduğum həyatın bir parçasıdır. Bu həyatın müxtəlif anlarında mənimlə yanaşı addımlayan insanların zəhməti var burda… Hər kəsdən bir söz, bir cümlə, bir fikir ərəsəyə gətirib bu kitabı. O insanları bir-bir xəyalımda canlandırır, içimdə pöhrələyən minnətdarlığımı onlara bildirmək istəyirəm.

Ən birinci, məni dünyaya gətirən, duyğulu böyüdən anam Pərizada, atam Valehə bir övlad minnətdarlığımı bildirirəm.

Çəmənli torpağında doğulan, yaşayan hər bir həmkəndlimə sevgilərim, sayğılarm sonsuzdur. Mənim müasirlərim, ağsaqqallarım, ağbirçəklərim sizə minnətdaram. Həyatımın ən gözəl anları sizinlə bağlıdır. Sizin hər birinizi görəndə sevindiyim qədər heç zaman belə sevinməmişəm. Sizin hər biriniz mənim könlümün tacısınız. Mən sizi çox sevirəm.

On il nazımı çəkə-çəkə mənə elm öyrədən, tərbiyələndirən sevimli müəllimlərim Musa müəllimə, Səlbi müəlliməyə, Qara müəllimə, Bayram müəllimə, Kamil müəllimə, Şəmsəddin müəllimə, Sabir müəllimə, Xosrov müəllimə, Fərzəliyev Allahverən müəllimə, Paşayev Allahverən müəllimə,, Məmməd müəllimə, Zülfüqar müəllimə, məndə rus dilinə maraq oyadan İsmayıl müəllimə, Quliyev Musa müəllimə, Eyvaz müəllimə – bir sözlə, məktəbimizin bütün müəllimlərinə dərin minnətdarlığımı bildirirəm.

Şerlərini sevə-sevə oxuduğum, mənim qəlbimdə şerə, sənətə dərin məhəbbət oyadan, ilk şerimin ilk oxucusu Şahmar Əkbərzadəyə dərin minnətdarlığımı bildirirəm.

Uzun illər mənimlə dostluq edən, ən çətin anlarımda yanımda olan, dərd-sərimi bölüşdüyüm səmimi insan – dostum Mahir Hacıyevə dərin minnətdarlığımı bildirirəm. Əziz dostum, bu kitabın hər vərəqində, hər sətirində sənin səsin, sənin incə, mehriban qəlbin yaşayır.

İllər boyu mənimlə çiyin-çiyinə çalışan, gündəlik qayğılarımla maraqlanan, dərdimə şərik olan, sevincimə sevinən iş yoldaşlarıma minnətdaram. Şairi yaşadan diqqətdir. Həmişə mənə qarşı diqqətli olmusunuz. Sizinlə həyatda üz-üzə gəldiyimə görə, ömrümün enişli-yoxuşlu yollarında sizinlə birgə addımladığıma görə çox xoşbəxtəm.

Mömin ziyalı kimi sevib, xatirini əziz tutduğum Mir Yusuif Ağaya minnətdaram. Sizinlə olan ünsiyyətim mənim qarşımda yeni mənzərələr açdı. Ağdam camaatının sizə olan sayğıları sonsuzdur. Siz öz səmimiyyətinizlə Qarabağ torpağının ən urvatlı məkanı olan Seyid Lazım Ağa ocağının nurunu artırır, onu daha da şərəfləndirirsiniz.


Kitabın ərəsəyə gəlməsində təmənnasız olaraq böyük fədəkarlıq göstərən əziz ellim, şair-publisist Vidadi Ağdamlıya dərin minnətdarlığımı bildirirəm.

Bundan başqa, kitabın ərəsəyə gəlməsində maddi yardımını əsirgəməyən dostum, sinif yoldaşım Allahverən Əliyevə öz minnətdarlığımı bildirirəm.

Həyat yoldaşım Təranə xanıma, övladlarım Valehə, Aydına dərin minnətdarlığımı bildirirəm. Siz olmasanız bu kitab da olmazdı. Səbrinizə, sevginizə, sayğınıza görə çox sağ olun.

Əziz oxucularım, sizə minnətdaram. Oxuduğunuz sətirlərdə qəlbinizi oxşayan tək bir cümlə olsa, deməli zəhmətim hədər getməyib.

Sizin Vahid Çəmənli.

Ön söz

Mən, Vahid Cəmənlinin”Dəli Çəmənli» kitabının əlyazmasıni oxuyandan sonrabu kitaba ön söz yazmağı özümə borc bildim. Belə qənaətə gəldim ki, bu kitab qəriblikdə çırpınan bir ürəyin döyüntüləridir. Doğma Qarabağa sevgi və həsrət bu kitabdakı hər bir yazının əsas sujet xəttidir.

23 iyul 1993 cü ildə Ağdam şəhəri və ona yaxın olan kəndlər işqal olduqdan sonra, Çəmənli kəndi də döyüş bölgəsinin qaynar nöqtələrindən birinə çevrilmişdi. Qarabağın işğal olması, Çəmənli kəndinin hər gün düşmənlər tərəfindən atəşə tutulması şairi narahat etmiyə bilməzdi. Bəli, bu kitab yuxusuz gecələrin, Vətən həsrətini çəkən bir şairin ürək çırpıntılarıdır.Kitabda müxtəlif mövzuda yazılan əsərlərdə dil, üslub xüsusiyyətləri gözəl işlənmişdir. Əsərdən görünür ki, şair harda olur olsun, hətta vətəndən uzaqda da olsa belə, həmişə gözləri Qarabağı gəzmiş, onunla nəfəs ala-ala yaşamışdır. Vahid Çəmənli özünü Vətənin bir damlası kimi görür və dediyi kimi damla dənizə can atdığı kimi, o da hər an Vətənə qovuşmağa can atır. Kitaba «Lə ilahə İllallah”kəlməsiylə başlayan Vahid Çəmənli, ümidini Allah dərgahından üzmür. Məhz buna görədir ki, kitab, Ağdamın tanınmış seyidlərinin biri olan Seyid Lazım Ağaya xitabən yazılan misralarla başlayır. Şair Ağdamı, Ağdam məscidini düşündükgə için-için yanır və dərdini kağıza köçürməklə ürəyini boşaldır. Lakin Qarabağ torpağı, doğma Ağdam azad edilməyincə şairin ürək yanğısı soyuyan deyil. O inanır ki, çox yaxın bir zamanda bütün Qarabağlılar kimi, onun da həsrəti bitəcək, doğma ocağına – Qarabağaına, Ağdamina qovuşacaqdır.

Bundan başqa, şair, yazılarında ata-ana, qardaş-bacı, insan sevgisini, onların bir-birinə sadiqliyini gözəl çalarlarla işləmişdir. Bu indiki gənclər üçün də bir həyat dərsidır. Əsərlərin birində şair Vətən bayrağını müqəddəs tutan igid qəhrəmanlarımızdan olan, Ramil Səfərovdan da söz açır. Vətən övladlarını Vətənə, üçrəngli bayrağımıza sadiq olmağa çağırır. Mən deyə bilərəm ki, bu kitab çoxşaxəli, hər bir gəncə lazım olan bir kitabdır. Kitabdakı əsərlər çox rəvan Qarabağ ləhcəsində yazılıb. Ümidvaram ki, Vahid Çəmənli bu cür yazılarla bizi hələ çox sevindirəcək.

Hörmətli dostum Vahid Cəmənliyə yeni ədəbi uğurlar arzulayıram!

Hörmətlə

şair-publisist

Vidadi Ağdamlı

09 may 2016-cı il.

Münəcat


Lə ilahə İllallah…

Hüzuruna gəlmişəm,

Lə ilahə İlləllah.

Sənə könül vermişəm,

Səndən dönmərəm billah.

Eşqim, amalım QURAN,

Məhəmməd Rəsulallah,

Məhəmməd Həbibullah,

Dostlarım – Haqq dostları,

Əhli-Beyti Nurullah,

Lütvünlə məsud elə,

Kərəm eylə, Ya Allah!..


Sənsiz olsam Ya Həkim,

Sənsiz olsam Ya Əziz,

Ərşə çıxan ahımı,

Söndürə bilməz dəniz…

Nəsib eylə, yaşayım

Həyatımı tərtəmiz,

Sızlayan yaralara

Məlhəm eylə, Ya Allah!!!


Səndən başlar dirilik,

Əvvəli, Axiri sən…

Sən Xaliqsən, sən Qüddüs,

Həyatın təməli sən…

Sən Əzimsən, sən Xəbir,

Əliyyü, Vəliyyü sən…

Məni yolunda sabit

qədəm eylə, Ya Allah!


Ağdam mənzərələri

Salam, Ağdam torpağı

Əvvəlcə ürəyimdən Sizə salam vermək arzusu keçdi. Salam Allah kəlamıdır. Mənası «sizə sülh olsun» deməkdir. Dədə-babalarımızın buyurduğuna görə yetmiş savabı var. Altmış doqquzu salam verənə, biri salam alana düşür. Amma bu gün mən salam alanam. Salamı böyüklər verər. Mən nəkarəyəm? Mən, ulu Vətənim Azərbaycanımın, cənnət Qarabağımın, toy otağı Ağdamımın, beşiyim Çəmənlimin bir zərrəsiyəm. Zərrə nə vaxtdan böyük oldu? Ona görə də boynumu büküb üzümə dəyən həzin vətən mehinə, onun gətirdiyi gül-çiçəyin ətrinə «əleykümə-salam!» deyirəm. Sinəsi dağlı dağlarıma, həsrətdən saralan bağ-bağcalarıma «əleykümə-salam!» deyirəm. Salam Allah kəlamıdır. Allah, dağların, meşələrin, bulaqların, otların, çiçəklərin, yarpaqların dili ilə danışır. Dağlara, meşələrə, bulaqlara, otlara, çiçəklərə, yarpaqlara «əleykümə-salam» deyirəm. Böyüklük göstərin, əfv edin, duyğularıma hakim ola bilmədim, könlümdən salam vermək keçdi. Mən, sizdən qopan bir damlayam. Damlalar ümmana can atar. Mən, sizə can atıram. Mənim ümmanım sizsiniz. Sizə olan məhəbbətim məni enişli-yoxuşlu yollarla həyatımın ugurlarına doğru aparır. And yerim, inam yerim, iman yerim sizsiniz. Həmişə sizə, – əzəli, əbədi məbədimə doğru yol gəlirəm. Məbədə aparmayan yollar kimə lazımdır? Siz mənim məbədimsiniz.

Mənim əzəli, əbədi məbədim, səni düşündükcə ürəyim titrəyir, gözlərim dolur, ruhum pərvaz edərək özümdən qabağa uçur. Xəyalım dağlarında, düzlərində, şır-şır bulaqlarında – Xaçınında, Qarqarında, uşaqlıq xəyallarımın ən coşqun çayı olan Kötəlində… daha haralarda cövlan edir? Həyəcandan özümə yer tapa bilmirəm. Həmişə sənə doğru gələndə belə oluram. Mənim atam, anam, bacım, qardaşım, əmim, dayım, xalam, – ruhum, canım, – Odlar diyarı Azərbaycanımın ən dilbər güşələrindən biri olan, çörəyinin, suyunun, almasının, heyvasının, gilasının, gilənərının, böyürtkanının, güleyşə narının dadı damağımdan getməyən Ağdamım. Bərəkətli dağlarım, düzlərim, muğam sədalı obalarım, duz-çörəkli evlərim…

Elə ürəyimdən keçir sizi səsləyim, hamınıza, -ağsaqqalına, ağbirçəyinə, – salam verim, çayınızı içim, halal çörəyinizdən dadım, ruhuma sərinlik yayılsin, qəlbim sevinsin, damarlarımda qanım təzələnsin. Elə istəyirəm ki, deyəm…


Salam, Ağdam torpağı,

Salam, ey ulu diyar.

Salam, ey dağım, dərəm,

Salam, ey qayam, daşım.

Qucağında yaşadım,

On altı il bəxtiyar,

Salam, ey əmim, xalam,

Salam, bacım, qardaşım…


Salam, ey sinəsində,

Dolandığım oylaqlar.

Salam, zümrüd meşələr,

Salam, sərin bulaqlar,

Salam, yollar, yaylaqlar…


Zaman-zaman yaşayan,

Qədimi yurd yerləri

Sizə salamlar olsun…

Ey bahar yağışları,

Yayın qızmar günəşi,

Soyuq xəzan yelləri

Sizə salamlar olsun…


Salam, Dəli Çəmənlim

Başımın qızıl tacı.

Salam, ulu çinarım,

Qoca palıd ağacım…


Sevgi qanadlarında

Sənə doğru uçuram,

Ürəyim fərəhlənir.

Gözlərimə yaş dolur,

Boğazım kilidlənir.


Baş qoyum torpağına,

Bir səcdənə düşüm mən,

Daşınla, kəsəyinlə,

Gülünlə, çiçəyinlə,

Öpüşüm, görüşüm mən.

Ayaqyalın, başaçıq,

Xoşbəxt körpələrinlə,

Bir atlanım-düşüm mən…


Dırmanım ağaclara,

Payızdan qışa qalan

Bir gilə üzüm dərim,

Çağırım var səsimlə,

Əyləyim üfüqlərdə

Bir durna qatarını,

Neçə qərib dostlara

Odlu salam göndərim.


…Kim nə bilir bəxtimə

Daha nələr düşəcək?

Neçə aylar ötəcək,

Neçə illər keçəcək,

Amma yenə yadıma,

Sənli anlar düşəcək…

Nə zaman geri dönsəm,

O laləli düzlərdə,

Kövrək bir ixtiyarla,

Bir cocuq görüşəcək.


06 mart 2011-ci il,

Ağdam, Çəmənli

Söz sözü çəkər…

Hərdən fikirləşirəm ki, İlahi, bizim ata-babalarımız necə gözəl söz sərrafı olublar. Atalar sözünə görə deyirəm. Elə dəqiq, düzgün yerində deyilmiş sözlərə rast gəlirsən ki, adam lap təəccüb edir. Ataların sözü-sözlərin düzü, – deyib atalar. Əslində, söz olmayan yerdə bu dünyanın bütün var dövləti bir qara qəpiyə dəyməz. Illah da, sözü ağzında bişirib, çıxarmayanda… Deyərsən balam, necə yəni sözü bişirib çixarmayanda… Yəni fikirləşməyib söz danışanda… Sözü deyəndə də gərək ehtiyatla deyəsən, yoxsa, fikirləşmədən dediyin sözün çox peşimançılığinı çəkərsən. Burada da atalar deyib ki, «sonrakı peşimanşılıq fayda verməz».

Qardaş, sözü məqamında deyərlər. Məqamında deməsən, dönüb olar daldan atılan bir qara daş. Daldan atılan qara daş da bilirsiniz də hara dəyir? İndi gəl, baş aç, bu dunyanın işlərindən…Deyirsən olmur, demirsən, olmur-desən öldürərlər, deməsən, iraq olsun, ölümdən betər olur:

Sözlər var şipşirin, sözlər var acı…

(Hə var zəhər kimi, yox var bal dadır.

Şahmar Əkbərzadə)


Sözlər var şipşirin, sözlər var acı,

Acılı, şirinli axındı sözlər.

Həm dərd artırandı, həm dərd əlacı,

Ürəyə hər şeydən yaxındı sözlər.


Bəzən abır-həya libasında o,

Girər qılığına bakirə qız tək.

Bəzən də bir şıltaq ədasında o,

Boğar neçə arzu, neçə min istək..


Var neçə pərdəsi, var neçə donu,

Birini soyunar, birini geyər.

Sinəndə saxlamaq istəsən onu,

Qurd kimi o səni içindən yeyər.


Diplomat diliylə istər danışa,

Dahilik eşqiylə yaşar beyində.

Torpağa basdırsan – dönər qamışa,

Tanıdar özünü çoban neyində…


Sözlər var şipşirin, sözlər var acı,

Acılı, şirinli axındı sözlər.

Həm dərd artırandı, həm dərd əlacı,

Ürəyə hər şeydən yaxındı sözlər.

Bakı, 1978-ci il.

Bəli, qardaşlar, sözü sinədə saxlamaq oğul işidir. Ona görə də bəzən bizi yandıran sirri kiməsə danışıb içimizi boşaldırıq. Sonra da bərk-bərk tapşırırıq ki, amanın günüdür, heç kimə demə haa, sirrimi heç kimə açma. Əcəb işdir, sirr sahibi öz sirrini saxlaya bilmir, amma başqasından onun sirrini saxlamağı umur. Belə yerdə demək istəyirsən ki, əzizim, sirrin varsa özün saxla, özün saxlaya bilmədiyin sirri başqasının saxlaya biləcəyinə güvənmə. Sonra açılar sandıq, tökülər pambıq… Yox ey, söz…

Söz haqqında çox fikirləşdim, axırda anladım ki, bu dünyada elə sözdən başqa heç nə yoxdur. Sözlər də cürbəcürdür. Var doğru söz, var yalan söz… Görün, söz haqqında Həzrəti Əli (ə.s) nə buyurub:

«Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir, bədəni hərflərdir, canı isə məna, bəzəyi biçimli söylənməsidir, tutarlılığı isə DOĞRULULUĞUNDADIR».

Deməli, şozün düzü hamıya lazımdır. Amma düz söz danışanlar çoxdurmu?

«Ya həqiqəti de, ya da sus» – deyib atalar. Sözün yoxdursa, sən də yoxsan. Hanı dünyadan bac alan süleymanlar, isgəndərlər nə bilim kimlər, kimlər? Sözlərindən savayı nə qalıb ki, bu dünyada? İgidlərin hərbə-zorbaları hamısı söz imiş. Elə insanları susmağa məcbur edən bu dil pəhləvanları da…


Çəmənlinin düzləri


Sözə bax, – dil pəhləvanları… Bu pəhləvanlar sovet dövründə daha çox idi. Bir qoyundan bir ilə az qala on beş bala alırdılar. Sözü yazırdılar kağıza, verirdilər qoltuğumuza, sonra da deyirdilər ki, ye bu yağlı sözlərdən. İndi bunları fikirləşəndə adam az qalır dəli ola…

Dəli demişkən, – söz sözü çəkər, deyib atalar, – gözümü açandan həmişə kəndimizin adının önündə bir «dəli» sözü də eşitmişəm. Uşaq olanda buna o qədər də əhəmiyyət vermirdim. Bir az böyüyüb qırağa çıxanda mənə təsir eləməyə başladı. «Ev oturanın-söz götürənin», -deyib atalarımız. Mən bu dəli sözünü tamam-kamal özümə götürürdüm. Mənə elə gəlirdi ki, bu «dəli» sözü ilə məni ələ salırlar. Özüm bir az dəli-dolu olsam yenə dərd yarı idi. Allahın fağır bəndəsi idim. Əslində, bizim kəndimiz bir neçə obalar toplusudur. Hamısı da qədimi adlar. Bəndənizin doğulduğu Sarısöyünlü obası, kəndimizin fəxri Böyük Qışlaq, Bala Qışlaq, Orduqalı, Sarıhacılı, Zilfilər, Nurular… Böyük Qışlağa nəyə görə kəndimizin fəxri deyirəm, çünki bu oba elə əvvəldən bizim mədəniyyət mərkəzimiz olub. Məktəbimiz, kolxozumuzun idarəsi, klub, mağaza, poçt, – bir sözlə, hər şey burada yerləşir. Məktəbimizin müəllimlərinin çoxu bu obadandır. Adından belə başa düşmək olur ki, qədimdə bu obada yaşayan insanlar maldarlıqla məşğul olublar. Amma tək maldarlıqlamı? Düzən Qarabağın bərəkətli torpaqlarında məskunlaşan babalarımız hələ çox qədimdən oturaq bir həyat sürüblər. Bu məhsuldar torpaqlarda taxıl, üzüm, pambıq əkib-becəriblər. Kəndimizin suya olan ehtiyacını qədim zamanlarda Kötəl çayı ödəyib. Kötəl çayı Dağ Qarabağdan axıb gələn bir cənnət suyu idi. Yayın istisində düzən Qarabağ alışıb-yananda Kötəl çayı dada çatırdı. Mənə bir neçə dəfə bu çayın daşdığını görmək qismət olub. Bu yaddaşlardan silinən bir mənzərə deyil. Ucsuz-bucaqsız düzlər dizəcən suya qərq olurdu. Bu daşqınlar bəlkə də Kür çayınacan uzanıb gedirdi. (Əgər səhv edirəmsə qoy xatırlayanlar səhvimi düzəltsin). İndi Azərbaycan Toponimlərinin Ensklopedik Lüğətində oxuyanda ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb, məni gülmək tutur. Ay mənim ensklopediya yazan «tarixci» qardaşlarım, siz mənə deyin görüm, bəs Cəmənli qəbristanlığindakı 300—500 illik tarixı olan qəbirlər kimindir? Özümüz öz əllərimizlə tariximizi kiçildiriksə, onda başqasından nə gözləyək?. Amma deyəsən, bu sözləri təkrarlamaqla mətləbdən uzaq düşdük…

Bir dəfə-bizə niyə «Dəli Çəmənli» deyirlər, – deyə atamdan soruşdum. Atam mənə «Koroğlu» dastanını oxumağı məsləhət gördü. Həmin gün kitabxanaçı Kamran dayıdan «Koroğlu» kitabını alıb evə gətirdim. Çarpayıya uzanıb kitabı oxumağa başladım. Aman Allah, bu dəlilik nə qəribə şey imiş. Sən demə, bir zamanlar qoçaq, mərd, igid insanlara «dəli» deyirmişlər. O gündən kəndimizin kişilərinə başqa gözlə baxmaga başladım. Müseyib əmi, Cəmil əmi, Şükür dayı, Əyyub dayı, Əli dayı, Pirhəsən əmi, Bəhmən əmi, Nəsib əmi, kəndimizin əbədi briqadiri Köçəri əmi, Qoşunalı əmi, Məhəmmədəli əmi, Səfər dayı, Nüşirəvan əmi, Şiraslan əmi, Qaytaran əmi, İsa əmi (Kəndimiz o sadə insanı çox tez itirdi), Əsəd əmi, Mürşüd əmi, Abdulla əmi, Möhsüm əmi, Yapon əmi, Heydər əmi, Pezər əmi, Alı əmi…

Haqq dünyasına qovuşanlara Allahdan rəhmət, qalanlara can sağlığı diləyirəm.

Mən onların qızmar günəşin altında yanıb qaralmış üzlərinə, cadar-cadar olmuş əllərinə baxıb fəxr edirdim. Bu kişilərin Koroğlunun dəlilərindən nəyi əskik idi? Onlar sadə, şərəfli bir həyat sürür, öz əllərinin zəhmətilə dolanır, evlər tikir, yollar çəkir, tarlalarını əkib-becərir, minnətsiz yaşayırdılar. Kəndimizin sadə insanlarının necə mərd igid olmaları İkinci Cahan müharibəsində daha da bəlli oldu. Yüzlərlə-minlərlə oğullarımız müharibənin ilk günlərində könüllü olaraq ordu sıralarına yazılıb cəbhəyə yollandılar. Tez bir zamanda onların səsi-sorağı Sovetlər Birliyinin müxtəlif guşələrindən gəlməyə başladı. Neçə-neçə ogullarımız cəbhədən dönmədi, onlardan «qara kağız"lar gəldi. Çəmənlidə qara kağızların döymədiyi bir qapı qalmadı. Onların arasında mənim Yaqub dayım da vardı. Neçə qızlar nişanlı, neçə gəlinlər dul qaldı. Hələ o vaxtlar arxa cəbhə adlandırdılan kəndimizdə nələr baş verirdi? Bir üzü qız, bir üzü gəlin olan analarımız cəbhəni çörəklə təmin etmək üçün tarlalarda gecəni gündüzə qatıb çalışırdılar. Onlar əkib-becərdikləri taxılın bir dənini də özlərinə qıymır, hamısını cəbhəyə göndərirdilər. Bu kəndin qadınları da qəhrəmandır.

«Dəli» adı, Koroğlu zamanından üzü bəri bu torpaqlarda yaşayan ulu babalarımızın bizə bir əmanətidir. Bizim atalarımız-babalarımız, bu ad üçün biz sizə borcluyuq. Siz bizi şərəfləndirdiniz. Bizi Koroğlu Dəlilərinin, Dəli Kürün, Dəli Domrulun, Dəli Becanın səviyyəsinə qaldırdınız…

Ograniczenie wiekowe:
12+
Data wydania na Litres:
09 czerwca 2017
Objętość:
291 str. 86 ilustracje
ISBN:
9785448522178
Format pobierania:

Z tą książką czytają