Czytaj książkę: «Başsız atlı»
PROLOQ
Gecənin səssizliyində Texas maralı at ayaqlarının tappıltısını eşidib diksindi. Lakin yerindən qalxmadı. Bu geniş düzənlik təkcə onun deyil ki; buralarda gecələr vəhşi atlar da otlayır. Başını azca qaldırdı. Qulaq verdi, səs təkrar ediləcəkmi? Yenə də at ayaqlarının tappıltısı eşidildi. Bu dəfə metal cingildədi. Daşa dəyən polad səsi idi. Bu səs maralı təşvişə saldı. Cəld yerindən sıçrayıb düzənliyə qaçdı. Xeyli qaçdıqdan sonra dayanıb geriyə baxdı. Maral süd kimi ay işığında ən qəddar düşməni olan insanı tanıdı. İnsan at belində yaxınlaşırdı. Maral yenə qaçmaq istədi, lakin atlının əcaib görünüşünü sezib yerindəcə donub-qaldı. Maralın qonur gözlərindən qorxu və heyrət yağırdı. Onu heyrətə salan at deyildi, atın üstündəki məxluq idi.
İlahi, atlının başı yox idi!
Maral bundan bir şey anlamayaraq düzənliyin içərilərinə qaçdı. Bir də geriyə baxmadı. Başsız atlı isə maralın ürkməsinə əhəmiyyət vermədən öz yoluna davam etdi. Atın cilovu boşalmışdı, arabir dayanıb otları qırpırdı. Atlının çiynində enli Meksika plaşı vardı, külək arabir onu yellədirdi. Atlı başı üzərində sayrışan ulduzlar kimi dinməz, səhra küləyi kimi qayğısız halda yoluna davam etdi.
Yanmış düzənlikdə
Günəş böyük Texas çölü üzərində parıldayırdı. Çöldə bir neçə furqon görünürdü. Onlar bir-birinin ardınca düzülərək isti çöl ilə gedirdi. Uşaqlı kölə qadınlar furqonlara minmişdilər, kişilər isə furqonların yanı ilə yeriyirdilər.
Dəstənin başında gedən atlı plantasiya sahibi Vudli Poyndekster idi. O, ailəsi ilə birlikdə Leona çayı sahilindəki yeni malikanəsinə köçürdü. Bu, əlli yaşında, hündürboy bir adam idi. Sadə, lakin qəşəng geyinmişdi. Başında enli həsir şlyapa vardı. Onunla yanaşı iki atlı gedirdi. Sağ tərəfdəki oğlu Henri idi. O biri atlı plantasiya sahibinin bacısı oğlu idi – Kassi Kolhaun. İstefaya çıxmış zabitdi. Onların arxasınca gedən karetdə iki qız oturmuşdu. Bunlardan birinin dərisi elə bəyaz idi ki, adamın gözünü qamaşdırırdı. Bu, Poyndeksterin yeganə qızı Luiza idi. O biri isə onun kənizi idi.
Günorta idi. Plantasiya sahibi hava qaralana qədər bu yolu qət etmək fikrində idi. Lakin dayanmalı oldular: qapqara yanmış düzənlikdə yolu seçmək mümkün deyildi. Elə bu zaman uzaqda bir atlı göründü. Paltarından meksikalıya oxşayırdı. Kolhaun naməlum adamı ispanca salamladı.
– Yox, canım, – naməlum adam gülümsəyib cavab verdi. – Mən meksikalı deyiləm. Güman edirəm, ingiliscə danışsam, siz məni daha yaxşı başa düşərsiniz. Sizin izləri təsadüfən gördüm. Hiss etdim ki, yolu itirmisiniz. Buna görə də atımı çapıb köməyə gəldim.
– Tərəfinizdən bu, alicənablıqdır. Olduqca minnətdarıq. Mənim adım Poyndeksterdir. Luizianalı Vudli Poyndekster. Mən Leona çayı kənarında, İnc qalası yaxınlığında malikanə almışam. Biz oraya şər qarışana çata bilərikmi?
– Çata bilərsiniz… Siz Leona çayını qaladan beş mil aşağıdan keçməlisiniz. Orada çay dayazdır. Mənim atımın izi ilə gələ bilərsiniz. Salamat qalın, cənablar!
Naməlum adam bunu deyib atını dördnala çapdı. Lakin heç on saniyə keçmədi ki, geri qayıtdı. Yol adamları onun bu hərəkətindən heyrətə gəldilər.
– Mister Poyndekster, qorxuram ki, izimi itirəsiniz, buradan vəhşi atlar keçib. İzlər qarışıb. Çox təəssüflənirəm ki, sizi müşayiət edə bilməyəcəyəm. Mən mühüm bir məktubu təcili qalaya çatdırmalıyam. Odur ki elə gedin ki, günəş sizin sağ tərəfinizdə qalsın. Beş mil gedib bir sərv ağacı görəcəksiniz. Orada çayı keçə bilərsiniz.
Gənc atlı yola düşmək istəyirdi ki, karetin pərdəsi arxasından ona baxan qara, parlaq gözləri gördü. İxtiyarsız olaraq məftun bir nəzərlə ona baxdı. Sonra saatına nəzər salıb:
– Hava dəyişir. Şimaldan buludlar gəlir. Bu buludlar bir saata günəşin qabağını tuta bilər. Bir təklifim də var: mənim kəməndimin izi ilə gedərsiniz!
Atlı kəndiri çıxarıb bir ucunu yerə atdı. Gözəl bir hərəkətlə şlyapasını çıxarıb karetə sarı təzim etdi və atını çapdı. Atın dalınca uzanan kəmənd düzənlikdə ilan izinə bənzər bir zolaq buraxdı.
Plantasiya sahibi atlının arxasınca baxa-baxa dedi:
– Çox qəribə oğlandır. Gərək adını soruşaydım.
Yanındakılar bir söz demədilər. Atlının karetə sarı təzim etməyi kapitan Kolhaunun nəzərindən qaçmamışdı.
***
Kəməndin izi o qədər aydın idi ki, hətta uşaq belə bu izi tutub gedə bilərdi. Plantasiya sahibinin kefi kökəlmişdi, hətta kölələrlə zarafatlaşırdı. Kölələr ondan qorxsalar da, ürəklərində onu sevirdilər. Çünki o heç vaxt kölələri şallaqla döydürməzdi.
Təkcə kapitan tutqun idi.
– Dayı, mənə elə gəlir ki, bu cavan oğlan bizi aldatdı. Biz beş mildən artıq yol getmişik, bəs sərv ağacı hanı?
Gənc Henri söhbətə qarışdı:
– Yox, Kassi, şübhələrin əsassızdır. Bir buraya bax.
Henri atının başını çəkib yol kənarındakı kaktus ağacının tikanına keçirilmiş kağızı göstərdi. Cəld kağızı götürdülər. Orada bir əl şəkli və "Sərv ağacı görünür" sözləri yazılmışdı. Hamı vərəqdə göstərilmiş istiqamətə baxdı.
– Orada heç bir şey yoxdur, – deyə Kolhaun inamla bildirdi.
– Sən səhv edirsən, Kassi, – Luiza sözə qarışdı. – Durbinlə bax.
Vudli Poyndekster durbini alıb baxdı və düzəngahda ucalan sərv ağacını gördü. Kolhaun atını mahmızladı və irəlidə çapmağa başladı.
Luiza sakit bir səslə:
– Henri, lütfən, o vərəqi mənə ver, – dedi.
Luiza vərəqin arxa tərəfində bir ad oxudu: Moris Cerald.
Qara şimal küləyi
Düzənliyin üzərində qəfildən qapqara qasırğa sütunları yüksəldi. Bu sütunlar yanıb kömürə dönmüş çöllüklə hərəkət edir, qəribə tərzdə burulur, gah da bir-birinin üzərinə əyilirdi. Belə qəribə hadisəni birinci dəfə görən adamlar qorxuya düşmüşdülər.
Karvan dayandı. Atlar kişnəşir, qatırlar hayqırırdı. Bu vaxt irəlidə xilaskar atlı göründü. O, furqonlara çatar-çatmaz:
– İrəli! Mümkün qədər tez, – deyə qışqırdı. – Bu çöldə şimal küləyi çox təhlükəlidir!
Plantasiya sahibi adamlara furqonları mümkün qədər tez sürmələrini əmr etdi. Karet və atlar qabaqda gedirdi. Naməlum atlı arxada gəlirdi. Bir qədər getdikdən sonra Poyndekster vahimə içində soruşdu:
– Təhlükə hələ keçməyibmi?
– Təəssüf ki, yox.
– Bəs əlac nədir? – deyə Poyndekster səsləndi.
– Çıxış yolu var. Qasırğadan yaxa qurtarmasaq da, təhlükədən yaxa qurtarmaq mümkündür. Əmr edin atların və qatırların başlarını sarısınlar ki, toz gözlərini kor etməsin. Adyal, baş yaylığı – nə varsa istifadə edin. Sonra adamların hamısı furqonların çadırları altına toplaşsın. Furqonların dörd bir tərəfi kip örtülsün.
Deyilənlər edildikdən sonra plantasiya sahibi və oğlu da cəld karetə girdilər.
Bundan sonra baş verənləri təsvir etmək çətindir. Bu təbii fəlakətin mənzərəsini heç kəs görmədi. Heç kəs cürət edib ona baxa bilmədi. Ətrafı zil qaranlıq bürümüşdü. Yalnız küləyin dəhşətli uğultusu eşidilirdi. Furqonların çadırları şaqqıldayırdı. Toz-duman hər yeri sarmışdı. Bu hal bir saat çəkdi.
Karetin pəncərəsi yanında naməlum atlının səsi eşidildi:
– Çıxa bilərsiniz. Təhlükə sovuşdu. Tufan ötüb-keçdi.
Plantasiya sahibi karetdən enərək:
– Ser, biz sizə minnətdarıq…
– …həyatımızla! – deyə Henri atasının sözlərinə əlavə etdi. – Lütfən, adınızı bizə söyləyin.
– Moris Cerald, – deyə atlı cavab verdi. – Ancaq qalada məni Moris-mustanger adı ilə tanıyırlar.
– Mustanger, – deyə Kolhaun həqarətlə donquldandı.
Xal-xal mustanq
Bu düzənlikdə heyvanlardan ən nəcibi və gözəli, insanın dördayaqlı dostlarından ən ağıllısı olan atlar otlayırdı. Mustanq adlanan bu atlar burada azad, vəhşi halda yaşayırdı. Moris-mustanger bu atları tutub əhliləşdirməklə gün keçirirdi. Onun daxması Alamo çayının sahilində idi. Daxmanın arxasında bir akr1 sahə çəpərlə əhatə edilmişdi. Moris tutduğu mustanqları bura salırdı. Daxmanın içi at dəriləri ilə bəzədilmişdi. Burada at ovu üçün zəruri ləvazimat gözə dəyirdi.
Mustangerin nökəri Felim viskinin təsiri ilə öz-özünə danışırdı:
– Bilmirəm ağamız qəsəbəyə niyə belə can atır? Deyirdi ki, xal-xal mustanqı tutan kimi oraya gedəcək. Bu atı tutmaq haradan beyninə düşdü? Yəqin, burada bir iş var.
Daxmada yatmış Tara hürə-hürə qapıya cumdu.
– Felim! – bayırdan səs eşidildi.
– Aha, ağam gəldi.
Felim stuldan qalxaraq itin dalınca qapıya yönəldi.
Morisin atının boynu köpük içində idi. Yəhərin qaşına bağlanmış kəməndin ucunda yenicə tutduğu atı dartıb gətirirdi. Bu, qeyri-adi bir mustanq idi. Çöldəki vəhşi at ilxılarında beləsinə az-az rast gəlinər. Sinəsi enli, beli hamar, ayaqları nazik, xal-xal, gözəl bir at idi. Onu talvarın altına bağladılar.
Yorulub taqətdən düşmüş mustanger cəld çarpayısına uzandı. Felim yemək hazırlamağa başladı. Bu vaxt Tara bərkdən hürüb qapıya cumdu. İtin hürüşü sevincək bir zingilti ilə əvəz olundu. Felim:
– Zeb Stampdır, – dedi.
Qoca Zeb Stamp ucaboylu, qarabuğdayı adam idi. Ayağında timsah dərisindən uzunboğaz çəkmə vardı. Sadə və qaba geyimdə idi. Gəncliyini Missisipi meşələrində ovçuluqda keçirmişdi. İndi isə Texas meşələrində ov edirdi.
– Axşamınız xeyir, mister Stamp, – deyə ev sahibi ayağa qalxıb qonağa sarı getdi.
Zeb Stamp bu qonaqpərvər daxmada gecələyəcəkdi.
– Felim, get yəhərin qaşındakı hindtoyuğunu gətir, onu yolda vurdum.
– Çox gözəl, – mustanger səsləndi. – Bizim yemək ehtiyatımız tamam tükənib. Üç gün idi ki, gözəl bir mustanqın ovuna çıxmışdım, özümlə tüfəng götürməmişdim.
Ovçu maraqla soruşdu:
– Bu nə mustanqdır?
– Ağ xalları olan tünd şokolad rəngli bir madyandır. Çox gözəl atdır!
– Lənət şeytana! Mən də elə o at barədə söhbət etmək istəyirdim.
– Belə de!
– Mən o mustanqı görmüşəm. Deyirsən, o, madyandır? Mən bunu bilmirdim. İstəyirdim ki, onu tutmağa cəhd edəsən. Sənə deyim nə üçün? Mən qəsəbədə idim. Oraya bir adam gəlmişdi. Onu hələ Missisipidən tanıyıram. Adı Poyndeksterdir. O, varlı adamdır. Özü ilə yüz kölə gətirib. Bacısı oğlu Kolhaun da onunla yaşayır. Onun da yaxşı pulu var, dayısına borc verir. Plantasiya sahibinin yeganə bir qızı var ki, atası ondan canını da əsirgəməz. Bu qız Luizianada ən gözəl atları minib səyirdərdi. Xal-xal mustanq haqqında onlara danışandan bəri qızı kişiyə rahatlıq vermir. Mister Poyndekster də vəd edib ki, bu atı gətirənə pul əsirgəməyəcək. Bundan xəbər tutan bütün mustangerlər o atın dalınca düşəcəklər. Ona görə heç kəsə xəbər vermədən sənin yanına gəldim.
Gənc irlandiyalı yerindən qalxıb mister Stampı xal-xal mustanqın bağlandığı talvarın altına apardı.
Qoca ovçu:
– Lənət şeytana, bu həmin mustanqdır! Demək, tutmusan! Miss Poyndekster sevincindən dəli olacaq!
Sərhəd qalası
Leona çayı İnc qalası ilə qəsəbənin arasından axırdı. Qalanın hündür bayraq ağacında üzərində çoxlu ulduz şəkli olan bir bayraq dalğalanırdı. Qalanın ətrafına ağac gövdələrindən hasar çəkilmişdi. Hasarın bayır tərəfində sadə tikililər gözə dəyirdi. Arxada hərbi xəstəxana və anbarlar yerləşirdi. Burada hər şey Amerika bayrağının himayəsində idi. Qəsəbə sakinləri bir dükançıdan, mehmanxana sahibindən, peşəkar qumarbazlardan, iyirmiyədək ovçudan, naxırçıdan, mustangerlərdən ibarət idi. Çobanlar və mustangerlər Meksika paltarı geyirdilər. Mehmanxananın yanında bir meyxana da vardı.
İnc qalasının qarşısındakı meydanda üç gənc zabit – kapitan Sloumen, baş leytenant Krossmen və kiçik leytenant Henkok dayanıb Kasa-del-Korvo malikanəsinə tamaşa edirdilər. Onlar öz aralarında bura yeni gəlmiş ailə haqqında danışırdılar. Qarnizonun bütün zabit heyəti bu ailənin təşkil etdiyi şənliyə dəvət olunmuşdu.
Zabitlər Luizadan danışırdılar. Kapitan Sloumen deyirdi: "O, ağıllı bir qızdır və şit hərəkətlərdən xoşu gəlmir".
Bu arada səhər baxışına toplanış üçün şeypur çalındı. Zabitlərin üçü də bölmələrinə tələsdi. Baxışı qalanın komandiri olan mayor keçirirdi.
Poyndeksterlər ailəsinin köhnə dostu Zeb Stamp xal-xal mustanq barədə xəbər gətirmişdi: "Mustanq tutulmuşdur!"
Luiza:
– Doğrudanmı? Çox gözəl xəbərdir. Atam onu mənə alacağını vəd edib. Onu kim tutub?
– Kim ola bilər? Əlbəttə, mustanger.
– Mustanger?
– Bəli, özü də elə bir mustanger ki, bütün düzəndə tayı-bərabəri yoxdur. Nə at minməkdə, nə də kəmənd atmaqda heç kəs onunla rəqabət edə bilməz.
– Bəs onun adı nədir?
– Sizə etiraf edim ki, onun soyadı ilə heç vaxt maraqlanmamışam, adı isə Morisdir. Bu yerlərdə Moris-mustanger adı ilə məşhurdur.
– Ah, miss Lui, – deyə kəniz səsləndi, – qasırğa vaxtı düzəndə bizi xilas edən o gənc cənabın adı da belə idi!
– Bəli, – deyə ovçu tələsik cavab verdi. – O bu əhvalatı mənə elə bu səhər danışdı. Özüdür ki var. Xal-xal mustanqı tutan odur. İndi yoldadır, buraya gəlir. Mən isə qoca madyanımı çapıb gəldim ki, atanıza xəbər verim.
Vəhşi atın əhliləşdirilməsi
Kasa-del-Korvoda məclis qurulmuşdu. Bu malikanə, bəlkə də, heç bir zaman belə dəbdəbəli məclis görməmişdi. Qala qarnizonunun bütün zabit heyəti və qəsəbənin bir çox sakinləri Poyndeksterlər ailəsi ilə tanışlıq məclisinə dəvətli idilər. Bir çoxunun gözü plantasiya sahibinin qızında idi. Qıza daha çox göz qoyan bir nəfər vardı ki, bu da onun bibisi oğlu Kassi Kolhaun idi.
Luiza hərdənbir məhəccərə yaxınlaşıb uzaqlara baxırdı. Qızın bu baxışları Kolhaunu şübhələndirdi. Düzənlikdə bir at ilxısı göründükdə kapitanın şübhəsi qalmadı. Bu ilxını kimin gətirdiyini bilirdi.
İnc qalasının komandiri durbinlə baxaraq dedi:
– Vəhşi atlardır! Kimsə atları bura gətirir. Hə, indi görürəm: gələn Moris-mustangerdir. O bəzən bu atları gətirib bizə satır.
Luiza özünü elə göstərdi ki, guya ətrafda baş verənlər onu zərrə qədər də maraqlandırmır. Bibisi oğlunun qəzəbli nəzərlərinin onu izlədiyini hiss etmişdi.
İlxıdan ayrılmış çilli mustanq evə yaxın gətirildikdə bir dəstə adam:
– Nə gözəl atdır! – deyə səsləndi.
Mayorun diribaş arvadı təklif etdi:
– Aşağı enib belə mustanqa tamaşa etməyə dəyər. Miss Poyndekster, siz buna nə deyirsiniz?
Gənc ev sahibəsi:
– Əlbəttə, – deyə razılıq verdi.
Qadınlar daş pillələrlə aşağı endilər.
Henri qabağa keçib mehribanlıqla mustangerlə görüşdü. Luiza da azca təzim edərək Morisi salamladı. Ondan başqa qadınlardan yalnız mayorun arvadı mustangerlə mehribancasına salamlaşdı.
Poyndekster mustanqı nəzərdən keçirərək dedi:
– Şübhə yoxdur ki, bu at Zeb Stampın mənə dediyi atdır.
Morisə yaxın gələn qoca ovçu:
– Bəli, həmin atdır, mister Poyndekster. Yaxşı ki, mən özümü vaxtında yetirdim. Axı bu gözəl at başqasının əlinə keçərdi.
Plantasiya sahibi Morisə sarı dönərək xal-xal mustanqı göstərib dedi:
– Mən sizə iki yüz dollar borcluyam. Mister Stamp, gərək ki, bu barədə sizinlə danışıb razılığa gəlmişdir.
Mustanger mənalı-mənalı gülümsəyərək:
– Sizdən pul ala bilmərəm. Bu at satlıq deyil, – dedi.
Plantasiya sahibi, dostları və zabitlər buna təəccübləndilər. Atın qiyməti on dollardan iyirmi dollara qədər olduğu halda bu xam mustanqa iki yüz dollar təklif olunur! Mustanger isə onu satmaq istəmir. Yəqin ki, o, ağlını itirib.
– Mister Poyndekster, – deyə mustanger sözünə davam etdi, – o biri mustanqlara çox yaxşı qiymət verdiyinizə görə icazə verin sizə təşəkkür edim. İrlandiyalılarda bu bir adətdir. Qayda belədir ki, hədiyyə saziş bağladığın adama deyil, onun ailə üzvlərindən birinə verilir. Bu adəti Texasda dəb salmaq olmazmı?
Bir neçə səs buna:
– Əlbəttə! – deyə cavab verdi.
Plantasiya sahibi cəmiyyətin iradı qarşısında öz mühafizəkarlığından əl çəkdi:
– Etirazım yoxdur, mister Cerald, necə istəyirsiniz, elə də edin.
Mustanger azca təzim edib cəmiyyətə minnətdarlığını bildirərək ləyaqətlə dedi:
– Təşəkkür edirəm, cənablar, təşəkkür edirəm. Miss Poyndekster onu qəbul etməyə razı olarsa, böyük mükafat aldığımı düşünərəm.
Gənc qız irəli gələrək dedi:
– Ser, mən sizin hədiyyənizi qəbul edirəm, özü də minnətdarlıqla qəbul edirəm. Ancaq mənə elə gəlir ki, at hələ əhliləşməyib. Yəqin ki, xoşuna gəlməsə, yüyəni başından atmağa çalışacaq. Onda mən zavallı nə etməliyəm?
Bu yerdə mayor söhbətə qarışdı:
– Miss Poyndekster haqlıdır. Bu mustanq hələ xamdır. Moris, onun belinə qalx, düzənliyin bu vəhşi atını bizə göstər. Bu mənzərəni hələ görməmiş adamlar üçün maraqlı olar.
Bu, bir çağırış idi. Texasda at miniciliyi çox qiymətləndirilirdi. Moris cəld öz atından yerə sıçrayaraq qantarğanı Zeb Stampa verdi. Məclis əhlinin çoxu mənzərəni daha yaxşı seyr etmək üçün evin yuxarı mərtəbəsinə qalxdı.
Vəhşi atları əhliləşdirməkdə mahir olan mustanger kəndirlə buruntaq burub atın belinə sıçradı. Xal-xal mustanq qulaqbatırıcı və kinli bir səslə kişnəyərək şahə qalxdı. O bunu bir neçə dəfə etdi. Atlı özünü itirmədi. O, atın boynunu qucaqlayaraq ayaqları ilə yançaqlardan sıxırdı. Sonra mustanq dal ayaqları ilə soncuqlamağa başladı. O, iki-üç dəfə belindəki adamı yerə atmağa çalışdı. Lakin hər dəfə atlının çevikliyi qarşısında aciz qalırdı. Qəzəblənmiş heyvan öz səylərinin əbəs olduğunu anlamışdı. Odur ki daha ayağını yerə döymədi, yerindən qoparaq mustanger də belində düzənliyə sarı götürüldü.
Qonaqlar yerlərində durub mustangerin qayıtmasını gözləyirdilər. Yalnız bir nəfər onun ölümünü arzu edirdi. Bir başqası üçünsə bu onun öz ölümünə bərabər olardı.
Mustanger artıq vəhşi atın deyil, öyrədilmiş atın belində yenidən göründükdə Luizanın qəlbi daha bərk döyündü. Mustanger atdan yerə sıçrayıb alqış səslərinə əhəmiyyət vermədən dedi:
– Miss Poyndekster, ata yaxınlaşıb kəndiri boynuna keçirməyi sizdən xahiş edə bilərəmmi? Bunu etsəniz, at elə biləcək ki, onu siz əhliləşdirmisiniz və bundan sonra iradənizə tabe olacaq.
Darmowy fragment się skończył.