Czytaj książkę: «Mənim həyatım»
Sofya Andreyevna Tolstayanın 1904-cü il fevralın 24-dən yazmağa başladığı «Mənim həyatım» adlı xatirələri 1844–1901-ci illəri əhatə edir. Ömrünün son doqquz ili qələmə alınmamışdır.
Sofya Andreyevna öz kitabını yazmağa əsaslı surətdə hazırlaşmışdı. Onun dediyinə görə Tolstoyun gündəlikləri «qiymətli material idi», o öz gündəliklərindən və özünün Tolstoy ilə yazışmasından, müxtəlif adamların Tolstoya və ona göndərdiyi məktublardan çıxarışlar etmişdi. «Mənim həyatım»ın materialları və qaralamaları Yasnaya Polyanada mühafizə olunur.
S.A.Tolstayanın xatirələri Tolstoylar ailəsinin həyat və məişətini, ailədaxili münasibətlərini bütün zənginliyi, mürəkkəbliyi və incəliyi ilə göstərən çox qiymətli sənəddir. Eyni zamanda bu, Tolstoylar ailəsinin geniş və son dərəcə təbii ictimai əlaqələrinin panoramıdır. O dövr Rusiyasının sosial, siyasi, mədəni həyatı L.N.Tolstoy ailəsinin həyatında öz fövqəladə dərin və qabarıq əksini tapmışdır.
Əgər Sofya Andreyevnanın, demək olar ki, Tolstoyla ömür sürdüyü bütün illərdə apardığı gündəliyi yaşadığı hər günü, həftəni, ayı canlı və səmimi olaraq qeydə alırdısa və onların xüsusi poetik cazibəsi də məhz bu səmimilikdən gəlirdisə, otuz illik məsafədən yazılan xatirələr – onun ömrünün ixtiyar illərində fikrini cəmləşdirərək yaşadığı düşüncə və hisslərinin məhsuludur. Onların kəskin dramatizmi – daxili həyatın sənədli əhəmiyyəti olan real şəhadətnaməsidir, çünki Sofya Andreyevnanın daxili həyatı Tolstoyun taleyinin bir hissəsi idi. L.Tolstoy və S.A.Tolstayanın münasibətləri heç bir yerdə «Mənim həyatım» xatirələrindəki qədər bitkin, böyük tarixi və mənəvi mənası olan hadisə kimi göstərilməmişdir.
Sofya Andreyevna öz xatirələrini bir çoxlarına (yaxın olmayanlara belə) oxumuş, onların rəyini bilmək istəmişdir. Xatirələrdən Tolstoyun da xəbəri varmış və o bunları bəyənirmiş. 1907-ci ilin yanvarında, xatirələr 1878-ci ilə gəlib çıxanda, Sofya Andreyevna onları M.S.Suxotinə oxumuşdu. M.S.Suxotin öz gündəliyində yazırdı: «1876–77-ci illər məni L.N.-in qəlbində qəribə dönüşün baş verdiyi illər kimi maraqlandırırdı. Təəssüf ki, bu dönüş S.A.-nın müşahidələrindən kənarda baş vermişdi və o buna heç bir psixoloji izah verməyi bacarmamış, onu yalnız bir fakt kimi qeyd etmişdir». Suxotin Tolstoya «S.A.-nın onun həyatının bu mərhələsini necə natamam təsvir etdiyini» deyərkən Tolstoy fikirləşərək söyləmişdi: «Bəli, əslində, daha dolğun və ardıcıl təsvir etmək çətin idi: mən özüm də bunu izahı mümkün olmayan bir şey, nəsə bir sıçrayış, heç nə ilə doldurula bilməyən bir şey kimi təsəvvür edirəm…»
1897-ci ildə Tolstoy evdən getmək fikrinə düşərkən arvadına vida məktubunda yazırdı «…bizim ömrümüzün uzun 35 ilini, xüsusilə sənin təbiətinə məxsus ana fədakarlığı ilə özünü qabil saydığın hər işə səy və qətiyyətlə girişdiyin həmin dövrün ilk yarısını məhəbbət və minnətdarlıqla xatırlayıram. Sən mənim və bəşər üçün mümkün olan hər şeyi elədin, sən misilsiz ana məhəbbəti və fədakarlığı göstərdin və buna görə səni qiymətləndirməmək olmaz… Təşəkkür edirəm, sənin mənə elədiklərini məhəbbətlə xatırlayıram və xatırlayacağam». O zaman Tolstoy öz niyyətini yerinə yetirmədi və Sofya Andreyevna bu məktubdan ancaq Tolstoyun ölümündən sonra xəbər tutdu. 1910-cu ildə Şamordindən göndərdiyi son məktubunda isə Tolstoy yenə yazırdı: «Elə düşünmə ki, səni sevmədiyim üçün getmişəm. Mən səni sevirəm və səmimi-qəlbdən sənə rəhmim gəlir, lakin başqa cür hərəkət edə bilməzdim».
D.P.Makovitskinin «Yasnaya Polyana» qeydlərindən məlumdur ki, yenicə Yasnaya Polyanadan çıxaraq stansiyaya yollanarkən, Tolstoy uzun sükutdan sonra demişdir: «İndi Sofya Andreyevna nə edəcək, ona yazığım gəlir». Və həyatının bütün son həftəsi Sofya Andreyevna barədə düşüncələr Tolstoyu narahat etmişdi. Tolstoyun ömrünün son günü onun yanında növbə çəkən qızı Tatyana Lvovna xatırlayır ki, atası onu yanına çağırıb demişdi: «Ağırlığın çoxu Sonyanın üzərinə düşəcək, biz pis vəsiyyət etmişik.» Bunu deyərək o, huşunu itirdi.
Tolstoyun ölümündən sonra Sofya Andreyevna öz xatiratını yazmaqda davam edirdi və 1912-ci ilin noyabrına onu 1897-ci ilə gətirib çıxarmışdı. Üç il sonra, 1915-ci ilin dekabrında, o yenidən işə başladı, 1901-ci illə həyatının təsvirini bitirdi.
«Mənim həyatım»dan bir neçə fəsli Sofya Andreyevna özü 1912 və 1913-cü illərdə nəşr etdirdi. Lakin o, bütövlükdə çap edilməmişdi.
20-ci illərin sonunda Tolstoyun anadan olmasının 100 illiyi ilə əlaqədar Sergey Lvoviç anasının gündəliklərini çapa hazırlamağa başladı. Faciəvi 1910-cu ilin gündəliyinin müqəddiməsi üzərində işlərkən o, 1933-cü ilin sentyabrında Tatyana Lvovnaya belə yazırdı: «Son vaxtlar anamızın «Mənim həyatım»ı oxuyurdum. Mənə çox şey aydın oldu, lakin iki kəlmə ilə bunu ifadə edə bilmirəm, o nə qədər bədbəxt həyat sürüb!» Daha əvvəlki, 1929-cu il məktubunda o yazırdı, «yəqin ki, bir vaxt «Mənim həyatım» nəşr ediləcək, lakin indi çətin ki, bu lazımlı və mümkün olan işdir.»
Tolstoyun ölümündən altmış səkkiz il keçmişdir. Zaman Sofya Andreyevnanın xatirələrinin nəşrinə mane olan çox şeyi silib aparmışdır. Artıq Sofya Andreyevnanı ittiham edənlər yoxdur, tarixin məhkəməsi qarşısında duracağını anlayan Sofya Andreyevnanın qarşılarında özünə bəraət qazandırmağa çalışdığı adamlar da yoxdur. Bəlkə də, «Mənim həyatım»a münasibətdə Sofya Andreyevnanın Tolstoya son məktubundakı (göndərilməmişdir) fikri qəbul etmək ədalətli olardı. Sofya Andreyevna həmin məktubda yazırdı ki, o özünü təmizə çıxarmaq istəmir, yalnız, öz hərəkət tərzini «izah etmək istəyir».
1906-cı il martın 30-da D.P.Makovitski Sofya Andreyevnanın «Mənim həyatım» barəsində «Mən sərəncam verəcəyəm ki, onu vəfatımdan sonra 50 ildən tez nəşr etməsinlər» sözlərini qeydə almışdı.
A.Q.Dostoyevskayanın 1910-cu il noyabrın 7-də Sofya Andreyevnaya göndərdiyi: «Əgər Sizin mərhum əriniz 83 ilə qədər yaşamışsa bunun üçün bütün Rusiya Sizə, Sizin yorulmaz qayğılarınıza və ona atəşin məhəbbətinizə borcludur…» məzmunlu məktubunu xatırlayaraq görürük ki, «Mənim həyatım»ın nəşrinə başlamaq vaxtı çatmışdır. Bu əlyazmasının bəzi səhifələrini oxuculara təqdim edirik.
1862
EV SAHİBƏSİ
Mən Yasnaya Polyanaya qədəm qoyan kimi ərimin bibisi Tatyana Aleksandrovna bütün ev təsərrüfatını mənə təhvil verdi. Bunu üzərimə götürmək mənə çətin deyildi, çünki belə işlərə alışmışdım.
Mən Dunyaşa və hələ təhkimçi olan aşpaz Nikolay Mixayloviç ilə təsərrüfat danışıqlarına başladım. Aşpaz gənc yaşlarında musiqiçi olmuşdu. Lev Nikolayeviçin babası qoca knyaz Volkonskinin orkestrində fleyta çalmışdı.
– Bəs niyə aşpazlığa keçdin? – deyə ondan soruşdum. – Ambuşyuranı (embouchure)1 itirdim, ali həzrət, – deyə Nikolay Mixayloviç kədər və acı təbəssümlə cavab verdi.
O, babat, bəzi yeməkləri isə yalnız köhnə aşpazlar kimi, hətta çox dadlı bişirirdi, lakin son dərəcə natəmiz idi. Bir dəfə nahar vaxtı şorbada nifrin bir həşərat görərək ağladım. Bundan sonra mən qəti tədbirlər gördüm: ağ gödəkçələr, qalpaq və önlüklər geydirtdim, mətbəxə gedib hər şeyə göz qoyurdum. Lakin mən bu mehriban qocanı, Nikolay Mixayloviçi sevirdim. O, həlim, məzlum və canyandıran idi. Bəzən o, çox içib sərxoş olardı, bu zaman xörəyi onun zirək arvadı gəlib bişirirdi, yaxud da mən özüm birinin köməyi ilə mətbəxdə bişir-düşür edirdim. Sonra o gəlib ağlaya-ağlaya üzr istəyirdi. Mən onunla həmişə dost idim: o, təqaüddə ikən Yasnaya Polyanada, öz ailə üzvləri arasında öldü.
Oğlu Syomkaya da qraf və qrafinyaya xidmət etməyi vəsiyyət etmişdi. Bu məqsədlə o, Syomkanı Tula klubuna oxumağa göndərmişdi və həmin Syomka indi də bizdə aşpazdır, ancaq atası kimi 6 manat deyil, 25 manat alır.
Ümumiyyətlə, məni Yasnaya Polyana şəraitinin sadəliyi və hətta kasıblığı heyrətə gətirirdi. Mənim cehizim olan gümüş qab-qacağı gətirənə qədər dəmir çəngəl və çox köhnəlmiş dəlmə-deşik gümüş qaşıqlarla yeyirdik. Vərdiş etmədiyimdən, mən tez-tez ağzımı yaralayırdım. Lev Nikolayeviç balışüzsüz, çirkli tumac astarlı balış üzərində yatırdı. Mən buna da son qoydum, Lev Nikolayeviçin çit üzlü pambıq yorğanı mənim cehizim olan ipək yorğan ilə əvəz edildi: Lev Nikolayeviçin təəccübünə rəğmən yorğanın altından nazik ağ tikilirdi. Mənim vanna barədə xahişim də yerinə yetirildi.
Ərə getdiyim ilk günlərdə bizi təbrik etmək üçün hey müxtəlif adamlar: xidmətçilər, kəndlilər, məktəblilər gəlirdilər. Anam ilk vaxtlarda ərimdən pul istəməmək üçün mənə 300 manat cibxərcliyi vermişdi: mən bu pulun, demək olar, hamısını bizi təbrik edənlərə payladım.
Onda mənə elə gəlirdi ki, hamı çox mehribandır, bizi çox sevirlər. Bu təbriklər məni xeyli pərt etsə də sevindirirdi. Lələ Nikolay Dmitriyevin qoca arvadı Arina İqnatyevna və qızı Varvara, malabaxan Anna Petrovna, onun qızları Annuşka və Duşka, kəndxuda Vasiliy Yermilin, şirniyyatçı Maksim İvanoviç, nənə Pelageya Nikolayevna, qoca ev qulluqçusu – quru, ciddi Aqafya Mixaylovna, şən paltaryuyan Aksinya Maksimovna və onun gözəl qızları Polya və Marfa, faytonçu, bağban və bir çox başqa bizə yabançı və yad adamlar gəlirdilər, onlarla uzun müddət bir yerdə yaşamalı olduq.
KƏND MƏKTƏBLƏRİNİN MÜƏLLİMLƏRİ
Toyumuzdan sonra ilk bayrama qonşu kənd məktəblərindən bütün müəllimlər gəlmişdi. Lev Nikolayeviç müəllimlərin bayram vaxtı belə yığıncağı onların istirahəti və ümumi şura tərəfindən məktəb məsələlərinin müzakirəsi münasibətilə keçirirdi. Bütün bu gənclər mənim iştirakımdan çox sıxılır, bəziləri isə Lev Nikolayeviçin bütün marağını məktəbdən ailə həyatına keçirəcəyini, onların Lev Nikolayeviçlə yaxın ünsiyyətinin sonu çatdığını hiss edərək mənə düşmən nəzərlə baxırdılar2.
Əvvəllər mən həmişə Lev Nikolayeviçin məktəb müəllimləri ilə müşavirələrində iştirak edirdim, lakin bir azdan, hamilə olarkən tütün iyinə dözmədim.
Və ümumiyyətlə sonralar da, bütün ömrüm boyu bu iyi götürmürdüm. Lev Nikolayeviç həyatı boyu dəfələrlə papiros çəkməyi tərgitdi, lakin sonra yenə özünün kök salmış adətinə qayıtdı və yalnız qoca vaxtında papiros çəkməyi tamam atdı.
O zamanlar kiçik qonaq otağı, yaxud yemək otağı altı kişinin papirosunun tüstüsü ilə elə dolurdu ki, mən qaçırdım, ürəyim bulanır və mən öz yataq otağımda tək, Lev Nikolayeviçi maraqlandıran işlərdə iştirak edə bilmədiyimdən dilxor halda uzanırdım.
Təsərrüfatda da eyni vəziyyət idi: Lev Nikolayeviç məni mal-qara və süd ilə bağlı işlərə öyrəncəli etmək istəyirdi, məni mal-qara həyətinə aparırdı. Mən sağıma, yağ çalınmasına və s. baxmağa çalışırdım. Lakin tezliklə peyinin iyindən ürəyim bulanırdı, qaytarırdım, məni solğun, valaylayan halda evə aparırdılar.
Mən ərə gedəndən az sonra Kamenskilər – ata və qız bizə qonaq gəldi. Lev Nikolayeviç Kamenskilərlə mühasirə zamanı Sevastopolda ikən tanış olmuşdu. Onlar böyük ailə idilər və artıq yaşamaq çox təhlükəli olan şəhərdən niyə getmədiklərini soruşduqda, Lev Nikolayeviçə demişdilər ki, şəhərdən çıxmaq üçün nə pulları var, nə də imkanları. Lev Nikolayeviç onlara şəhərdən çıxmağa kömək etmiş və bunun üçün pul vermişdi.
Bunu unutmayan qoca yol ötərkən Yasnaya Polyanaya baş çəkmişdi; qoca Lev Nikolayeviçin evləndiyini bilmirdi, Lev Nikolayeviç bunu dərhal elan etdi. Məni tanış olmağa çağırdılar. Mən həmişəki kimi utancaq halda yüyürərək qonaqlar olan otağa girdim və ucaboylu gənc qızın gözəlliyinə heyran oldum; qız diqqətlə mənə baxıb soruşdu:
– Necə? Lev Nikolayeviç, bu qız sizin arvadınızdır?
Bunlar indiki kimi yadımdadır. Əynimdə çox qısa, qəhvəyi rəngli mahuddan, hamilə olduğum üçün gen tikilmiş paltar vardı. Onu Lev Nikolayeviçin özü sifariş etmiş və almışdı; o deyirdi ki, krinolin (polad qurşaqlı enli yubka) və şleyflər arasında öz arvadını tapa bilməz; həm də kənd üçün o cür geyim narahatdır. Mən sonralar da uzun müddət qısa paltar geyərdim.
NİKOLSKOYE VƏ ÇERYOMOŞNYA
Həmin payızın noyabrında biz Lev Nikolayeviçlə onun Çerndəki malikanəsi – Nikolskoye-Vyazemskoyeyə atlarla, karetada getdik. Nikolskoye Yasnayadan 100 verst aralı idi. Lev Nikolayeviç oraya təsərrüfat işləri üçün gedirdi. Biz Sergeyevskdə gecələdik, sonra xeyli müddət yol getdik. Rütubətli, darıxdırıcı payız havası idi.
Nikolskoyedə o zamanlar 4-5 otaqdan ibarət kiçik taxta ev var idi, Lev Nikolayeviçin böyük və sevimli qardaşı Nikolay demək olar ki, bütün ömrünü həmin otaqlarda keçirmişdi: Nikolskoye də ona məxsus idi. Biz orada olan zaman, köhnə tipli malikanədə təmkinli və artıq qocalmış prikazçik Pyotr Yevstratiç hələ də yaşayır və evi idarə edirdi. O, bizi çox təntənə və ədəblə salamladı. Bizə qulluq etmək üçün Nikolay Nikolayeviçin lakeydən daha çox ovçuya oxşayan keçmiş nökəri Aleksey Lyaxin gəlmişdi. Nikolskoyedəki evin pəncərəsindən uzaqdakı çay, meşəlik, çöl və kəndə çox gözəl bir mənzərə açılırdı. Nikolskoye mənə çox xoş gəldi, kefimi lap kökəltdi. Məni Lev Nikolayeviçlə ikilikdə olmaq, onun yalnız mənə məxsus olduğunu duymaq sevindirirdi. Lakin mən onu təsərrüfat işlərində sıxıntıya salırdım, o mənsiz sərbəst çıxa və uzağa gedə bilmirdi, çünki mən tək qalmağa qorxurdum, hamilə vəziyyətdə və ürəyi bulana-bulana isə hər yerə onun ardınca getməyə halım yox idi.
Tezliklə Nikolskoyedə yanımıza Lev Nikolayeviçin ən yaxın dostu Dmitri Alekseyeviç Dyakov gəldi. Nə qədər də xoşsifət, tizfəhm, şən və mehriban adam idi. Sonralar da o bizim yaxşı və ən yaxın dostumuz olaraq qaldı. O mənim uşaqlarımı: Tanya və İlyanı da xaç suyuna çəkmişdi. Mənimlə uşaq kimi ehtiyat və zarafatla rəftar edirdi. O bizi öz yanına, o zaman onun ailəsi yaşayan zəngin Çeryomoşnya malikanəsinə qonaq çağırmağa başladı. Lev Nikolayeviç bu dəvətə sevindi, o bir müddətə məni Çeryomoşnyada qoyub sərbəstcəsinə təsərrüfatla məşğul olmaq fikrində idi. Dyakov dərhal bizi dəvət etdi və artıq noyabrın 11-də üç atlı xizəyində Çeryomoşnyaya apardı.
Çeryomoşnyada yaxşı və rahat olduğunu görən Lev Nikolayeviç məni Dyakovların yanında qoyaraq bir neçə günlük təkbaşına Nikolskoyeyə gedib təsərrüfatla məşğul olmaq istəyirdi. Lakin onun məqsədini öyrənən kimi heç vəchlə qalmağa razı olmadım və uşaq kimi bərkdən ağlamağa başladım.
Mən görürdüm ki, Lev Nikolayeviç ilk dəfə öz azadlığı üçün narahat oldu və şıltaqlığım ona xoş gəlmədi. Bununla belə biz Nikolskoyeyə birgə yola düşdük və mən özümü günahkar hiss etsəm də, Lev Nikolayeviç ilə ayrılmadığımdan tam xoşbəxt idim. Hərçənd Nikolskoyedə çox narahat, soyuq, canyandıran Aleksey Lyaxinin bişirdiyi yemək isə çox pis, natəmiz, və dadsız idi.
YASNAYA POLYANAYA QAYITMAĞIMIZ. «KAZAKLAR»
Nikolskoyedə az qaldıq, nə qədər, yadımda deyil və Yasnaya Polyanaya qayıtdıq. Lev Nikolayeviç o zamanlar «Russkiy vestnik»də «Kazaklar»ı və «Polikuşka»nı çap etməklə çox məşğul idi.
«Kazaklar»ın korrekturasını yoxlamağı Katkov öz boynuna götürmüşdü və mənim yadımdadır ki, Lev Nikolayeviç bəzən Katkovun işindən narazı qalırdı, çünki o üslubun özündə də yüngülcə düzəliş edirdi, – məsələn, «hansı» əvəzinə «nə» yazırdı: Lev Nikolayeviç Katkova bunu deməyə utanırdı, lakin imkan tapan kimi öz yazdığını bərpa edirdi.
Yasnaya Polyanada həyat yenə öz qaydasına düşdü: səhərlər mən aşağıda Lev Nikolayeviçin kabinetində dinməzcə öz işimlə məşğul olurdum. O yazır, sonra gəzməyə gedir, yaxud təsərrüfat işlərilə məşğul olurdu. Mən isə gəzə bilməyən vaxtlarda evdə oturub şəkil çəkir, oxuyur, yaxud köhnə, çox pis fortepianoda çalırdım, evimizdə çaldığımız əla Bekker royalından sonra o, öz səslərinin sönüklüyü ilə məni xüsusilə heyrətləndirirdi.
YAZIÇILIQ VƏ DEKABRİSTLƏR
1862-ci ilin dekabrında Lev Nikolayeviç «Yasnaya Polyana» jurnalının nəşrinə son qoydu. «Kazaklar»ı təhvil verdi və yeni əsər barədə düşünməyə başladı. O öz gündəliyində göstərirdi ki, «yazmaq ehtiyacının gücünü hiss edir…»
Lev Nikolayeviç ilk olaraq «Kazaklar»ın ikinci hissəsini yazmaq istəyirdi. Bu əsəri xeyli əvvəllər yazmağa başlamış və düşünmüşdü. Lakin nədənsə o bu işə girişmədi, dekabristlərin tarixi ilə maraqlandı və 1863-cü ilin qışında onu yazmağa başladı. Lev Nikolayeviç o zaman çətin tapılan materialların, məktubların, qeydlərin oxunuşuna daldı. Vaxtı yadımda deyil, ancaq o, dekabristlərin həbsdə qaldığı və onların asıldığı yerləri görmək üçün Peterburqa da getmişdi: o sağ qalmış dekabristlər – Svistunov, Zavalişin, Muravyov ilə tanışlıq axtarırdı: o həyatı boyu iki dəfə bu işə qayıtmışdı3. Lev Nikolayeviç öz dövründə kəndlilərin azad edilməsinə, rus xalqının həyatının yaxşılaşdırılmasına və istibdad hakimiyyətinin devrilməsinə çalışan adamların fəaliyyətini yüksək qiymətləndirir, idealizə edirdi.
Sonralar Lev Nikolayeviç deyirdi ki, dekabristlərin tarixini ona görə davam etdirə bilmədi ki, onlar haqda fikri dəyişdi. Lakin Lev Nikolayeviç həmişə dekabristlərlə maraqlanmaqda davam edirdi və hətta indi, 1905-ci ildə də həvəslə Yakuşinin, Zavalişinin, Rozenin və başqalarının gündəliklərini yenidən oxuyurdu.
Dekabristlər dövründən roman yazmaq fikrinə düşmüş Lev Nikolayeviç belə qərara gəldi ki, hər şeydən əvvəl, bu adamların kim olduqlarını, hansı ailədən çıxdıqlarını, nə cür tərbiyə aldıqlarını, tutduqları yolu, əvvəlki müharibənin və hadisələrin onlara necə təsir etdiyini göstərməlidir. Bundan sonra Lev Nikolayeviç öz hekayətini 1805-ci ildən başladı.
«HƏRB VƏ SÜLH»
Bu minval ilə dekabristlər əvəzinə, 1805–1812-ci illər epopeyası meydana gəldi və möhtəşəm, gözəl «Hərb və sülh» romanı yarandı.
Lev Nikolayeviç işə başlayan kimi, mən də dərhal ona köməyə qoşuldum. Yorğunluğumdan əhvalımın, yaxud səhhətimin vəziyyətindən asılı olmayaraq hər gün axşam Lev Nikolayeviçin səhər yazdığının hamısının üzünü köçürürdüm. Ertəsi gün o hər şeyi qaralayacaq, əlavə edəcək, daha bir neçə vərəq yazacaq – mən isə nahardan sonra dərhal hamısını götürüb ağlamaya köçürəcəkdim. «Hərb və sülh»ün neçə dəfə üzünü köçürdüyümü hesaba almaq mümkün deyil. Bəzi yerlər, məsələn, Nataşa Rostovanın qardaşı ilə ova getməsi və elə hey «marş təmiz işdir» sözlərini təkrarlayan əmisinə baş çəkməsi, şübhəsiz xüsusi bir ilhamla yazılmışdı və sanki bütöv, şübhə doğurmayan bir şey kimi yaranmışdı.
Yenə yadımdadır, ikinci dəfə Çeryomoşnyada Dyakovlargilə getmişdik və Lev Nikolayeviç deyirdi: «Mən bu gün elə bir əla diplomat Bilibin yaratmışam, – əntiqə. Ondan elə razıyam ki.» Mən çaşqınlıqla Lev Nikolayeviçə baxdım və onu anlamadım. Diplomat nədir, Lev Nikolayeviç niyə belə sevinir. O zamanlar mən hələ çox şeyi anlamırdım.
Bəzən hər hansı bir tip, hadisə, ya da təsvir Lev Nikolayeviçi təmin etmirdi və o yazdıqları üzərində təkrar-təkrar təshih və düzəliş aparırdı, mən isə hey köçürürdüm.
Yadımdadır, bir dəfə Lev Nikolayeviç olduqca qəşəng olan Yelena Bezuxovanın pozğunluq epizodlarından ədəbsiz şəkildə yazarkən mən çox məyus oldum. Mən ona yalvarırdım ki, bu yeri atsın, deyirdim ki, həmin xırda, az maraqlı və çirkin epizod üzündən gənc qızlar bu gözəl əsəri oxumaq xoşbəxtliyindən mərhum olacaqlar. Lev Nikolayeviç əvvəlcə xoşagəlməz surətdə mənə çəmkirdi, lakin sonra bütün ədəbsiz yerləri romandan çıxardı…
Mən tez-tez öz-özümdən soruşurdum: niyə Lev Nikolayeviç tamamilə münasib olan bir sözü, yaxud cümləni başqaları ilə əvəz edir? Elə olurdu ki, qəti çap üçün Moskvaya göndərilmiş korrektura vərəqləri geri qaytarılır və üzərində düzəliş aparılırdı, ya da teleqram ilə göstəriş verilirdi ki, filan sözü – bəzən bircə sözü başqası ilə əvəz etsinlər. Niyə bütöv-bütöv əla səhnələr, yaxud epizodlar atılırdı? Bəzən, köçürərkən pozulmuş gözəl yerləri buraxmağa elə heyfim gəlirdi ki; bəzən pozulan bərpa edilirdi, mən də sevinirdim. Hərdən də olurdu ki, köçürdüyümə bütün qəlbim ilə elə bələdləşir, bütün sifətlərə elə alışırdım ki, özüm də hiss edirdim nə təhər daha yaxşı etmək – məsələn, çox uzun hissəni ixtisar etmək, daha qabarıq olmaq üçün bəzi durğu işarələri qoymaq olar. Bir də görürsən hazır, köçürülmüş işlə Lev Nikolayeviçin yanına gəlirdim, marzanların bəzi yerlərində qoyduğum sualları göstərirdim və ondan: olmazmı ki, filan sözü başqası ilə əvəz edək, yaxud həmin sözün tez-tez təkrarını ataq, yaxud da başqa bir şey soruşurdum.
Lev Nikolayeviç niyə başqa cür mümkün olmadığını izah edir, bəzən mənə qulaq asarkən hətta elə bil ki, qeydimə sevinir, kefi üstündə olmayanda isə hirslənir və deyirdi ki, bunlar xırdaçılıqdır, mühüm deyil, mühüm olan şey ümumi məsələdir və s.
«Əlifba» və 4 «Qiraət üçün kitab» «Oxumalı kitablar»ı (indi bu il) köçürmə ilə, sonralar korrektura yoxlaması, tərcümələrlə, cümlələr və hekayələr tərtibi ilə mən Lev Nikolayeviçlə yaşadığım bütün uzun müddət ərzində ona kömək göstərirdim.
Müəllimlər və S.A.Tolstaya öngörülərində yanılmamışdılar: Tolstoyun özü 1863-cü il fevralın 8-də gündəliyində yazırdı: «Tələbələr münasibətlərinin qeyri-təbiiliyi və istər-istəməz paxıllıqları ilə (mən onları buna görə məzəmmət etmirəm) yalnız usandırırlar. İndi mənə hamısı aydın olmuşdur. Bu, gənclik həvəsi, demək olar ki, oyunbazlıq idi. Artıq yaşlı olduğum üçün bunu davam etdirə bilmirəm, hamısı o qadındır» (Л.Н.Толстой. Полное собрание сочинений, t. 1-90, c.48, səh.51; sonrakı izahlarda da bu nəşrə müraciət ediləcəkdir). 1863-cü ilin payızında məktəblərdə dərslər başlanmadı.