Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Əhməd Cavad haqqında xatirələr»

Czcionka:

Əhməd Cavad haqqında

XATİRƏLƏR

“Xatirə Ədəbiyyatı” silsiləsindən 38-ci kitab

Ön söz

Onca çırpınmalardan sonra, nəhayət ki, Əhməd Cavad sevgisiylə daha bir möhtəşəm kitab işıq üzü görür. Bu səbəbdən də heç cür duyğulanmamaq, qürrələnməmək olmur. Şərəfli ömrünün keşməkeşli anlarını vətən üçün xərcləyən, eləcə də bundan böyük qürur duyan, şeiriyyəti alovlu, “Azərbaycan, Azərbaycan!” nidalı, istiqlal fədaisi Əhməd Cavad və onun bitməyən Azərbaycan yanğısı! Həyatında bitib-tükənməyən, gəldikcə davamı gələn, hətta sonu bilinməyən ağrı-acılar, mühakimələr, təqib-təzyiqlər, çarpışmalar və müsibətlərlə dolu ömür salnaməsi! Bütün yaşam boyunca cavan ömrü fırtınalı, qasırğalı yellərdə keçən, yüksək əməl, təmiz vicdan, böyük ürək sahibi, həqiqət aşiqi! Bir də Əhməd Cavadın ömür payına düşən ölməz eşqi, əbədi sevdası, bir ömrə sığmayan məhəbbət hekayəti! Taleyinin vəfalı, sadiq Şükriyyəsi! Budur, şairin hər səhifəsi vətənə, xalqa, doğma yurda, el-obaya dərin və ülvi məhəbbətlə dolu ömür kitabı. Bu şərəfli ömür kitabını hissə-hissə vərəqlədikcə alnına yazılmış cəmi qırx beş illik keşməkeşli həyatının acılı-şirinli günlərinin şahidi olmaqla yanaşı bu böyük insanın sorağını müxtəlif illərdə yaddaşlara hopmuş xatirələrdən alacağıq. Bu xatirələri bir kitaba cəm etməkdə məqsədimiz ondan ibarətdir ki, elin yaddaşında zaman-zaman yaşayacaq unudulmaz şəxsiyyətin, öz vətəni, xalqı naminə etdiyi təmənnasız və əvəzsiz xidmətlər qarşısında bir vətəndaşlıq, bir insanlıq borcumuz olsun.

Özündən sonra qoyub getdiyi silinməz izləri xeyirxah əməllərdə bulunan fədakar insan – Əhməd Cavad! Əsl millət, vətən fədaisi! Gerçək budur, Əhməd Cavad doğma xalqının qəlbində özünə bir abidə qurub… İstiqlalımızın möhtəşəm abidəsi Əhməd Cavad! O, Əhməd Cavad ki, haqqında saatlarla fəxarətlə, şərəflə, böyük qürur hissi ilə dönə-dönə danışmaq olar. Bəlkə də, zamana sığmaz… Ən başlıcası, Əhməd Cavad yüksək əməllərilə bir ömrə, bir zamana sığmayan şəxsiyyətlər sırasındadır. Ömür salnaməsinin dolanbac yollarında məğrur, nikbin görkəmlə, əzəmətlə mübarizə və mücadiləyə doğru addımlayan dağ vüqarlı insan! Şairin müqəddəs məsləki, arzusu, məramı qarşısında ünvanına nə qədər xoş sözlər yağdırsaq, haqqında dastan belə yaratsaq, yenə azdır ki, azdır!..

Xəmiri əzəldən vətən sevgisiylə yoğrulan, qədim Şəmkir torpağında doğulub boya-başa çatan, Gəncə ədəbi mühitində formalaşan və zənginləşən yüksək əməllər və müqəddəs məslək sahibi Əhməd Cavad! Yalnız öz məsləkinə boyun əyən və əzəldən canını torpağına qurban deməklə öz əqidəsi, amalı naminə haqq yolunda şəhid olan Əhməd Cavad! Bəli, “Şəhid Şair Əhməd Cavad!” Adına, şəxsiyyətinə, məsləkinə layiqli nida!

İstiqlalımız doğulan andan “Mənəvi Atası”, müdrik sima Məhəmmədəmin Rəsulzadənin açdığı Azərbaycan davasına hələ gənc yaşlarından bütün varlığı ilə qoşulan Turan yolçusu Əhməd Cavad! Bəli, böyük öndər Məhəmmədəmin bəyin “Mənəvi Övladı” Əhməd Cavad!

Onun enişli-yoxuşlu, bəzən yorğun, bəzən durğun, bəzən fərəhli, bəzən acımasız həyat yolu mücadilə və mübarizələrdən ibarət, fikri, düşüncəsi “Haqq və Dönməzlik” şüarı ilə həqiqət üzərində qurulub. Bunu ürək ağrısı ilə söyləməmək qeyri-mümkündür. Belə ki, tale Əhməd Cavadın üzünə hər zaman gülməmiş, əcəlin qara kölgəsi ömür yollarını daim onunla birgə dolaşmış, hərləyib-fırlayıb sonunda ölüm kabusunun tərkinə alaraq ömrünün qırx beşinci payızında haqlamışdı. Görünür, əcəlin vədəsi 37-nin dolaylarında, burulğanında imiş. Şairin həndəvərində dolaşmaqla şərəfli ömrünə nöqtə qoyub keşməkeşli yaşamını “ölüm hökmü” ilə nəticələndirəcəkdi. Haqqında ölüm hökmü çıxarılsa da, insanlığa sığmayan dəhşətli işgəncələrə düçar olub qəflətən canını tapşıran şairimiz cismən aramızda olmasa da, ruhən bizimlədir.

Bən bu gün məsləkim üstündə ölürsəm, nə zərər,

Məsləkli ölüm bil ki, o dünyaya dəyər!

Şairin yeganə suçu məhz Ana vətənini ürəkdən, cani-qəlbdən sevməsi idi. Milli dəyərlərə sığınmış ruhunu perikdirən dövranın amansız gərdişi idi ki, alovlu şeiriyyətinə qara kölgə salmağa çalışırdı. Onun milli ruhlu düşüncələrinə, fikir və əqidəsinə düşmən kəsilən mənfur Stalin rejiminin haqsız siyasi tələbləri şair qələmini istədiyi mövzulardan kənar durmağa vadar edirdi. Əhməd Cavad bir yığın ruhu çürük söz əhlinin, hətta hansı ağıla, hansı məzhəbə qulluq etdikləri bəlli olmayan bir sıra “bolşevik simalar”ın əhatəsində qanadıqırıq quş kimi çırpınaraq dururdu. Şair qəlbi yaralı idi. Onun məlhəmi isə haqqı və asayişi əlindən alınaraq ömrünü gənc çağında başa vurmuş “Müstəqil Azərbaycan”ı, üçrəngli bayrağı, himni, gerbi, doğma ana dili, bir də onunla birgə mübarizələrə atılmış məsləkdaşlarının varlığı idi. Əhməd Cavad qəlbi doğma xalqını, doğma vətənini yağılar, canilər əlində deyil, azad, müstəqil görmək istəyirdi. Əhməd Cavad haqq bağıran səsiylə istiqlaliyyəti çeynənmiş bir ölkədə çırpınırdı ki, Oğuzların, Elxanların miras qoyduğu qədim Türk məskəni Azərbaycanda üçrəngli bayrağı yenidən göylərə qaldıranlar sırasında olsun. Simasızlığın, məddahlığın baş alıb getdiyi, böhtan, şər qüvvələrin ayaq tutub yeridiyi “mənfur 37 dönəmi”ndə ona dəfələrlə yaxınları və məsləkdaşları tərəfindən ölkəni tərk etmək təklif edilsə də, “Ayrılan deyiləm canım-gözüm, gözüm-canım Azərbaycanımdan!” – söyləmişdi. Belə ki, şair əzəldən canını qurban dediyi Türk yurduna – Azərbaycanına verdiyi sözünü sonadək tutdu.

Hələ məşum 37 rüzgarının əsməsindən öncə Əhməd Cavadın başı nələr çəkmədi ki… Şəninə yağdırılan böhtanlar, qarayaxmalar zaman-zaman şairi izlədi. Bəzən bütün bunları yaşaya-yaşaya, şair demişkən, “Fələk də bəxtinə acıyar sandı”. Lakin fələyin çarxı döndüyü andan etibarən onunla heç də mülayim rəftar etmədi, əksinə, onu çox sınağa, imtahana çəkdi, kövrək qəlbini qəm, möhnətlə yüklədi. Bunalsa da, ayaqda qalmağa çalışdı. Bu onun müsbət cəhətlərindən idi. Əcəldən möhlət istədi. Bunun üçün dönə-dönə çarpışdı. Amansız tale qarşısında bacardıqca özünü şax tutmaqla məğlub deyil, qalib olmağa can atdı. Çünki arzusu, muradı, məqsədi vardı. Təbii ki, milləti üçün, vətəni üçün! Ruhunu, varlığını oxşayan üçrəngli bayrağını yenidən başı üzərində dalğalanan görməsi üçün! Bu yolda özünü fəda edəcəyindən əsla çəkinmirdi də. O tək özünü deyil, ailəsini də fəda edəcəkdi…

Çəkdiyi çilələrin sayı-hesabı bilinmirdi şairin. Duyğusal anlar tərkində qalarkən bütün var-qüvvəsilə saf vicdanına sığınaraq taleyin ona hazırladığı məşəqqətli sınaqlardan hər dəfə alnıaçıq, üzüağ çıxmalı idi. Ruhu qaranlıqlar məngənəsində sıxılıb daralsa da, onun haqq səsini boğmağa çalışan mənfur rejimin qanlı caynağından qurtulmayacağını anlamış, çoxdan sezmişdi. Bilirdi, belə olsa, gec-tez haqq-ədalət öz yerini tutacaq. Buna kəsinliklə əmin idi şair. Köləliyi əsla qəbul etməyən, qüruruna sığışdırmayan şair məkrli, ikiüzlü, ləyaqətsiz insanları özünə cəlb edən, səmimiyyətsiz bir sinfin, kütlənin cərgəsinə necə qoşula bilərdi? Dövr, zaman ixtiyarsız şəkildə bunları tələb edirdi. Əgər sağ qalmaq istəyirsənsə, dövrün diqtəsilə yazmaqla, köhnə dünyanın bağrına daş basmaqla, yeniliklə ayaqlaşmaqla, bir sözlə, rejimə boyun əyməklə çulunu sudan çıxarmalısan. Amma onun kimlik şüurunda alçalmaq, əyilmək adlı mənfi xüsusiyyətlər tamamilə yad idi. Zatən onun qürurlu, nikbin təbiətində ona arxa çevirmiş “bir yığın söz xiridarları”nın mənasız cəfəngiyyatı ilə uğraşmaq xüsusiyyəti də yox idi. Şəninə tuşlanmış min bir böhtan, iftira qarşısında başını dik tutub şax dayanmağa əzəldən adət etmişdi. Çünki Əhməd Cavad, “Alçalan yaşamaz, ölər!” – demişdi. Yaradan əzəldən onu belə xəlq etmişdi. Adı tək özü də mərdü-mərdanə!

Nə yazıqki, Əhməd Cavad adı uzun müddət yasaqlandı. Ta ki Azərbaycan öz müstəqilliyini bərpa edənədək. Günahsız şairin təmiz adı üstündən ləkə götürülənədək. Zamanın çarxı dönəndən sonra – 1990-cı ildən başlayaraq suların aram-aram durulduğu vaxta təsadüf etdi bu olay. Sanki Əhməd Cavad yenidən kəşf edildi, yenidən xalqa qaytarıldı. Onun azadlıq və istiqlal mübarizəsi yaddaşlarda əbədi həkk olunaraq zamanın fövqündə dayandı. Heç bir qüvvə onu öldürə bilmədi, əksinə, tarix boyu əbədi yaşayanlar sırasında durdu.

İllərlə vətənə, xalqa xidmət uğrunda ömrünü fəda etmiş insanın xatirəsini ürəklərdə, yaddaşlarda yaşatmaq üçün əlimizdən gələni əsirgəməyib onun təmiz və pak adını özünə qaytarmağa, hüquqlarını bərpa etməyə can atırıq. Bütün bu çırpıntılar Əhməd Cavad üçündür. Qətiyyətlə əminik, bu qədər çək-çevirdən sonra gün gələcək şairin o müqəddəs və şərəfli adı üzərində “Mənəvi Atası”nın vəd etdiyi “Həqiqət Günəşi” bir daha parlayacaq, Əhməd Cavad canı qədər sevdiyi doğma xalqına, millətinə yenidən qaytarılacaq. Bu ifadələri vurğulamağım heç də səbəbsiz deyil. Bu gün Əhməd Cavad şəxsiyyəti və sənətinin doğru-düzgün, dərindən araşdırılıb tədqiq edilməyə daha böyük ehtiyac var. Buna görə şairin qoyub getdiyi zəngin, çoxşaxəli irs diqqətdən kənar qalmamalı, Əhməd Cavad ünvanlı yeni ədəbi axtarışların üzə çıxarılmasına təkrar imkan verilməli və şərait yaradılmalıdır. Məgər Əhməd Cavad xalqının azadlığı, müstəqilliyi uğrunda canını fəda etməyibmi? Bu gün azad, müstəqil addımlarla yürüdüyümüz torpaqda qürurla dalğalandırdığımız üçrəngli bayrağımızın, sədaları ilə ayağa qalxdığımız dövlət himnimizin yaranmasında Əhməd Cavadın haqqı və payı yoxdurmu? Əlbəttə ki, var! Gerçəkdən də, bu tarixi olaylar yüksək əməl etibarilə danılmazdır. Gerçəkdən də, Əhməd Cavada aid sadaladığım bütün yüksək keyfiyyətlər xəyalımızda onun doğma paytaxtımızda ucaldılmış məğrur, şax, əzəmətli heykəli, abidəsi canlanır. Bu xülyanın gerçəkləşməsi ümidilə çırpınaraq dururuq. Əhməd Cavad əzəməti, Əhməd Cavad qüruru, Əhməd Cavad vüqarı, Əhməd Cavad yolu, Əhməd Cavad şəxsiyyəti Türk-Azərbaycan mənəviyyatının insanlıq, ləyaqət timsalı, vicdan və qeyrət rəmzidir.

399 ₽
6,78 zł
Ograniczenie wiekowe:
0+
Data wydania na Litres:
28 października 2022
Objętość:
80 str. 1 ilustracja
ISBN:
978-995-255-795-4
Właściciel praw:
Hədəf nəşrləri
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst, format audio dostępny
Średnia ocena 0 na podstawie 0 ocen
Podcast
Średnia ocena 5 na podstawie 1 ocen
Audio
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst PDF
Średnia ocena 5 na podstawie 1 ocen
Tekst PDF
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen