Czytaj książkę: «Dəfinələr adası»
Skvayr1 Treloni, həkim Livsi və başqalarının təkidi ilə Dəfinələr adası haqqında bütün bildiklərimi yazmağı qərara aldım. Amma adanın dəqiq yerini söyləməyəcəyəm. Çünki dəfinənin bir hissəsi hələ də oradadır.
Beləliklə, qələmi əlimə alıb xəyalən atamın "Admiral Benbou" mehmanxanasını saxladığı vaxta qayıdıram.
Qoca dəniz canavarı
Mehmanxanamıza üzü günəşdən yanmış, yanağında qılınc çapığı olan yaşlı bir dənizçi sığınmışdı. Dənizçinin ağır addımlarla qapımıza yaxınlaşmağı indi də gözümün qabağındadır. Gözü əl arabasında gətirilən sandığında idi. Bu, ucaboylu, yekəpər, yaşlı bir kişi idi. Tünd-qara saçlarının yağlı hörüyü kirli mavi kaftanın yaxalığına düşmüşdü. Əlləri yara izləri ilə dolu, dırnaqları kirli və didik-didik idi. Bu yad adam fit çala-çala ətrafı gözdən keçirirdi. Birdən yoğun və xırıltılı səslə köhnə bir dənizçi mahnısı oxumağa başladı.
Bir ölünün sandığına on beşi getdi qurban.
Ho-ho-ho, bir şüşə də rom.
Yaxınlaşıb lingəbənzər əlağacı ilə qapımızı itələyib açdı, atamı görən kimi kobud sözlərlə içki istədi. Gətirilən romu içə-içə ətrafı gözdən keçirməyə başladı.
– Gözəl bir liman, xoş bir mehmanxana. Müştəriniz çoxdurmu, dostum?
Atam cavab verdi ki, xeyr, təəssüf ki, çox deyil.
– Nə olar… bura mənə əl verir.
– Hey, dost! – əl arabasını gətirən adamı çağırdı.– Bura gəl, sandığı yuxarı çıxarmağa kömək et. Bir müddət burada qalacam… Adımı soruşursunuz? Məni eləcə "kapitan" deyə çağıra bilərsiniz… Hə, nə istədiyinizi bilirəm. Alın! – deyə piştaxtanın üstünə üç, ya dörd qızıl pul atdı.
Sonra da yüksəkrütbəli adam kimi atamı süzərək kobud bir tərzdə:
– Qurtaranda gəlib yenə istəyə bilərsiniz, – dedi.
Pal-paltarının köhnə olmasına baxmayaraq, davranışından adi bir dənizçiyə deyil, doğrudan da, kapitana, ya şturmana bənzəyirdi.
O bütün günü mis durbini ilə dənizin kənarında və ya qayaların üstündə dolaşardı. Axşamlar da böyük otaqda ocağın qırağında oturub rom içərdi. Gəzintidən qayıdan kimi hər hansı bir dənizçinin gəlib-gəlmədiyini soruşardı. Əvvəlcə elə bilirdik ki, o özünə yoldaş axtarır, sonra başa düşdük ki, dənizçilərin gözünə görünməməyə çalışır. Hər hansı bir dənizçinin yolu bu tərəflərə düşdükdə onu pərdənin arxasından izləyərdi. Onların yanında siçan kimi sakit durardı.
Mən kapitanın təşvişinin səbəbini bilirdim. O özü mənə danışmışdı. Hər ay mənə dörd pens gümüş pul verirdi ki, gözdə-qulaqda olum, bu ətrafda tayqıç dənizçi görsəm, gəlib ona xəbər verim. Mən də tayqıç dənizçini dörd gözlə axtarırdım. Gecələr yuxuma da girirdi. Yuxuda o, dəhşətli divə bənzəyirdi. Bu div bədəninin ortasına yapışmış tək ayağı ilə çəpərlərin, arxların üstündən hoppanaraq məni qovurdu.
Kapitan aşxanada oturar, çoxlu içki içər, dənizçi mahnıları oxuyardı. Arabir adamları öz stoluna dəvət edər, onlara qorxunc dəniz hekayətləri danışardı. Adamlar həm onun özündən, həm də danışdıqlarından qorxub tir-tir əsirdilər. Dar ağacından asılan adamlar, dənizdəki fırtınalar, tısbağa adaları, Şimali Amerikadakı quldur yuvaları haqqında hekayələri adamları dəhşətə gətirirdi.
Hamı onu diqqətlə dinləməli, sözünü kəsməməli idi, yoxsa özündən çıxırdı. Sual verməyəndə də əsəbiləşirdi, deməli, onu dinləmirlər. Ancaq keflənib yuxuya getdikdən sonra adamlar yavaş-yavaş durub dağılışırdılar.
Atam bu adamın axırda bizi müflis edəcəyini deyirdi. Olan-qalan müştərilərimizin də bizdən üz döndərəcəyindən qorxurdu. Atam, deyəsən, haqlı idi. Bu adam getmək haqqında düşünmürdü. Artıq həftələr, aylar keçmişdi, verdiyi pul çoxdan qurtarmışdı, o, əlavə bir şey vermir, atam isə istəməyə cəsarət etmirdi. Xərclik barədə söz salan kimi kapitan elə fısıldayırdı ki, atam onun qəzəbli baxışlarına davam gətirməyib otaqdan çıxırdı. Hətta atamın vaxtsız ölümünə də bu qorxu və vahimənin səbəb olduğunu düşünürəm.
Heç vaxt nə məktub yazmazdı, nə də ona məktub gəlməzdi. Heç kimlə oturub söhbət etməzdi, ancaq bərk sərxoş olanda danışardı. Bir şey də diqqətimi cəlb etmişdi ki, heç vaxt başqalarının yanında sandığını açmazdı və heç kimə bu sandığa yaxın getməyə icazə verməzdi.
Tək bircə dəfə kapitana etiraz bildirməyə cəsarət etmişdilər. Bu hadisə yazıq atamın vaxtsız ölümündən bir neçə gün əvvəl baş vermişdi.
Bir axşam həkim Livsi xəstə atamı müayinə etdikdən sonra anamın təklif etdiyi naharı tələsik yeyib atının gətirilməsini gözləyirdi. Çubuq çəkmək üçün aşağı, ümumi otağa endi. Mən də onun ardınca getdim. Başında dümağ pariki olan şıq geyimli həkimin gözəl kübar davranışları məni həmişə heyran edirdi. O bizim aşxanaya gələn kənd camaatından kəskin fərqlənirdi. İndi mehmanxanamızda məskən salmış kirli, kobud, yekəpər dənizçi ilə isə tam təzad təşkil edirdi.
Həkim atını gözləyərkən kapitan sərxoş halda stola söykənərək oturmuşdu. Birdən oxumağa başladı:
Bir ölünün sandığına on beşi getdi qurban.
Ho–ho–ho, bir şüşə də rom!
İç, iç, onsuz da səni yıxacaq şeytan.
Ho–ho–ho! Bir şüşə də rom!
Həkim Livsi mahnını ilk dəfə eşidirdi və onun üzünə baxanda bundan heç də xoşlanmadığını hiss etdim. Həkim bağban Teylorla revmatizmin yeni müalicə üsulu barədə söhbət edir və tez-tez mahnı oxuyan kapitana tərs-tərs nəzər salırdı. Kapitan isə öz mahnısını mızıldayırdı. Birdən əlini masaya çırpdı. Demək istəyirdi ki, sakit olun, səsiniz çıxmasın. Hər kəs susdu. Tək həkim Livsi öz xoş söhbətini uca səslə davam etdirir və aramla çubuğunu çəkirdi. Kapitan qəzəblə ona baxdı, sonra yenə yumruğunu stola çırpıb qışqırdı:
Qoca kapitan gәmiçi bıçağını açaraq hәkimi hәdәlәmәyә başladı.
– Hey, oradakılar, səsinizi kəsin!
Həkim soruşdu:
– Ser, siz mənimləsiniz?
Kapitan "bəli" dedikdə həkim:
– Ser, sizə ancaq onu deyə bilərəm ki, sərxoşluğunuzdan əl çəkməsəniz, tezliklə yer üzü əclafların birindən azad olacaq.
Qoca kapitan hirsindən sanki ağlını itirdi, yerindən sıçrayıb gəmiçi bıçağını açaraq həkimi hədələməyə başladı. Həkim isə halını pozmayıb qəti səslə dedi:
– O bıçağı bu dəqiqə cibinizə qoymasanız, namusuma and içirəm ki, tezliklə dar ağacında yellənəcəksiniz.
Onlar bir-birini baxışları ilə əzirdilər. Lakin kapitan geri çəkildi. Bıçağını gizlədib döyülmüş köpək kimi mırıldaya-mırıldaya yerinə qayıtdı. Həkim sözünə davam etdi:
– Nəzərinizə çatdırıram ki, mən yalnız həkim deyiləm, həm də hakiməm. Burada belə bir rəzil insanın olduğunu bilmirdim. Əgər qulağıma sizdən kiçik bir şikayət belə gəlsə, namusuma and içirəm ki, bu yerlərdən sürgün olunacaqsınız. Bunu yaxşı bilin.
Az sonra həkim Livsinin atını gətirdilər. O da minib getdi. Axşam kapitan çox içsə də, özünü sakit apardı. Heç bir hadisə baş vermədi.
Qara Köpək
Yanvar ayının şaxtalı bir səhəri idi. Kapitan həmişəkindən tez qalxıb sahilə yollanmışdı. Yeridikcə köhnə kaftanının altındakı xəncəri atılıb-düşürdü. İri addımlarla irəliləyərək böyük qayanın arxasında gözdən itdi.
Anam yuxarıda atamın yanında idi. Mən isə kapitan üçün səhər süfrəsini hazırlayırdım. Birdən qapı açıldı və içəri bir adam girdi. Onun rəngi solğun idi. Sol əlinin iki barmağı yox idi. Belindən xəncər asılsa da, davakar adama oxşamırdı. Bu adam nədənsə məni bərk təşvişə saldı.
Nə lazım olduğunu soruşdum. Rom tələb etdi. Sifarişini yerinə yetirmək üçün otaqdan çıxmaq istəyirdim ki, yenidən məni yanına çağırdı.
– Bu süfrəni mənim dostum şturman Billi üçünmü hazırlayırsan? – deyə soruşdu.
– Dostunuz Billini tanımıram, amma süfrəni "kapitan" deyə çağırdığımız kirayənişinimiz üçün hazırlayıram.
– Çox gözəl. Elə mənim dostum şturman Billiyə də kapitan demək olar. Onun yanağında çapıq var, eləmi? İndi bilmək istəyirəm, Billi evdədirmi?
– Yox, gəzməyə çıxıb, – dedim.
– Oğul, hansı tərəfə gedib?
Barmağımla böyük qayalığı göstərdim və dedim ki, yəqin, indilərdə qayıdar.
– Hə, mənim gəlişim dostum Billini çox sevindirəcək. Amma kapitana qarşı yaxşı niyyətdə olmadığı hiss olunurdu.
Yad adam çöl qapısının ağzını kəsdirmişdi, bir gözü də eşikdə idi. Elə bil pişikdi, siçan güdürdü. Həyətə çıxmaq istəyirdim ki, məni geri çağırdı. Mən gec tərpənəndə onun hirsindən sifəti sanki qıc oldu, elə qışqırdı ki, qorxudan geriyə sıçradım. Amma yenidən əvvəlki kimi mənimlə yaltaqcasına mehribanlıq edirdi. Ürəyinə yatdığımı, hətta oğluna bənzədiyimi söylədi.
– Oğlan uşağı gərək hər şeydən əvvəl böyüyün sözünə qulaq assın. Sən Billi ilə birlikdə dənizə çıxmış olsaydın, bunu başa düşərdin. Billi heç vaxt bir əmri iki dəfə təkrar etməzdi. Bax, odur, mənim şturmanım Billi özü də gəlir. Gəl biz də zala keçək.
Bu sözlərlə o məni qabağına qatıb ümumi otağa apardı və qapının dalında küncə sıxışdırdı. Mən, əlbəttə, təlaşa düşdüm. Onun da tez-tez udqunaraq qorxduğunu görəndə vahimə hissi məni lap üstələdi.
Nəhayət, kapitan içəri girdi. Yad adam:
– Billi! – deyə ötkəm səslə bağırdı.
Kapitan geri döndü və bizimlə üzbəüz gəldi. Onun sifəti avazıdı, qarşısında kabus görürmüş kimi dayandı. Bir anda elə bil qocaldı və elə büzüşdü ki, mənim ona yazığım gəldi.
Yad adam dilləndi:
– Billi, yoxsa məni tanımırsan? Doğrudanmı, öz köhnə dostunu unutmusan?
Kapitan ağzını açdı, sanki nəfəsi çatmırdı:
– Ay səni, Qara Köpək!
Yad adam daha rahat və əmin səslə:
– Özüdür ki var! Qara Köpək öz köhnə dostunu "Admiral Benbou" mehmanxanasında görməyə gəlmişdir. Eh, Bill, Bill, biz səninlə nələr yaşamadıq! Bu iki barmağımı itirən gündən nələr baş vermədi…
Kapitan:
– Mənə bax, sən məni izləyib tapdın. İndi sənin qarşındayam. De görüm, məndən nə istəyirsən?
– Sən düz deyirsən. Bu cavan oğlan mənə bir qədəh konyak gətirsin. Biz də səninlə köhnə dostlar kimi səmimi söhbət edək.
Mən bir şüşə konyak gətirdim, onlar artıq kapitan üçün hazırladığım süfrə arxasında oturmuşdular.
Qara Köpək qapıya yaxın oturmuşdu. Əmr etdi ki, qapını açıq qoyum və otaqdan çıxım. Mən onları ikilikdə qoyub çıxdım və piştaxta dalına keçdim.
Uzun müddət nə qədər içəriyə qulaq versəm də, bir şey eşidə bilmədim. Bir azdan onlar ucadan danışmağa başladılar və nəhayət, mən tək-tək sözləri, əsasən də, söyüşləri eşitməyə başladım. Sonra birdən gurultu, hay-həşir qopdu. Stol, skamya gurultu ilə yerə aşdı, polad tiyələr cingildədi, kimsə bağırdı və həmin dəqiqə Qara Köpəyi qapıya doğru qaçan gördüm. Onun sol çiynindən qan axırdı. Qara Köpək bir göz qırpımında qapıdan çıxıb yola sıçradı. Yaralı olsa da, çox tez qaçırdı. Tez bir zamanda təpənin dalında gözdən itdi.
Kapitan ağlını itirmiş kimi dayanıb onun ardınca baxırdı. Birdən qışqırdı:
– Cim, mənə rom ver.
Bu sözləri deyərkən bir az səndələdi və əlini divara söykədi. Mən qışqırdım:
– Siz yaralısınız?
– Rom, – deyə təkrar etdi, – mən buranı tərk etməliyəm.
Qədəhə rom süzmək istəyirdim ki, ağır bir şeyin gurultu ilə yerə sərildiyini eşitdim. Tez içəri cumdum, kapitanın döşəmədə uzanıb qaldığını gördüm. Çığır-bağırı eşidən anam qorxmuş halda aşağı endi. Biz kapitanın başını qaldırdıq. O ağır-ağır nəfəs alırdı.
– Aman Allah, biabır olduq, tərslikdən yazıq atan da xəstədir, – deyə anam çığırdı.
Biz bilmirdik kapitana necə kömək edək. Düşünürdüm ki, yad adamla döyüşdə ölümcül yaralanmışdır. Mən rom gətirib onun boğazına tökməyə çalışdım.
Qara köpәk bir göz qırpımında qapıdan çıxıb yola sıçradı. Yaralı olsa da, çox tez qaçırdı.
Bu vaxt qapı açıldı. Xoşbəxtlikdən içəri atamı yoluxmağa gəlmiş həkim Livsi girdi.
Biz qışqırdıq:
– Həkim, kömək edin. Baxın harasından yaralanıb?
Həkim kapitana diqqətlə nəzər salıb dedi:
– Yaralanıb? Boş sözdür. Bu, içki tutmasıdır. Mən onu xəbərdar etmişdim. Miss Houkins, siz ərinizin yanına qalxın, ancaq ona heç nə deməyin. Cim, sən də bir ləyən tap, mən bu yaramazı özünə gətirim.
Mən ləyəni gətirəndə həkim onun qolunu çırmalamışdı. Qolunda bir neçə döymə şəkil, çiynində "Uğur olsun", "Yaxşı yol" və "Bill Bonsun arzusu yerinə yetsin" sözləri aydın görünürdü. Bədəninin çiyninə yaxın yerində dar ağacından asılmış adam şəkli həkk olunmuşdu. Onu da deyim ki, şəkil çox böyük ustalıqla çəkilmişdi.
Həkim şəklə toxunaraq dedi
– Hə, deməli, adın Bill Bonsdur. Görək qanın nə rəngdədir? Cim, sən qandan qorxmursan ki?
– Yox, cənab, qorxmuram.
– Lap əla! Onda ləyəni tut.
O, lanseti götürüb şah damarı çərtdi. Bir xeyli qan axdıqdan sonra kapitan gözlərini açdı. Həkimi tanıyan kimi qaşları çatıldı. Məni görüncə isə bir az sakitləşdi. Birdən üzünün rəngi dəyişdi və çığırdı:
– Qara Köpək necə oldu?
Həkim dedi:
– Burada köpək-zad yoxdur. Sən çox içmisən, bu, içki tutmasıdır. Ancaq bil ki, mən istəməsəm də, səni ölümdən qurtarmışam. Hə, cənab Bons…
– Bu mənim adım deyil, – kapitan onun sözünü kəsdi.
– Nə fərqi var. Mənim Bons adlı bir dəniz qulduru tanışım var, asan olsun deyə səni belə çağırdım. İndi isə deyəcəklərimi yadında yaxşı saxla. Bir stəkan rom içsən, səni öldürməz, amma dalbadal bir neçəsini içsən, tez bir zamanda gəbərəcəksən. İndi yerdən qalxmağa çalış, yatağına kimi mən sənə kömək edərəm.
Birlikdə böyük çətinliklə onu yatağa uzatdıq. Taqətsiz, huşsuz halda yatağın üstə düşdü.
Doktor mənim qolumdan tutub atamın otağına doğru apararaq dedi:
– Boş şeydir, kapitan sağ qalacaq. Ancaq o qədər qan aldım ki, uzun müddət sakit dolanasıdır. Bir həftəyə kimi yataqda qalmağının həm sizə, həm də özünə xeyri var. Amma ikinci tutmadan salamat çıxa bilməyəcək.
"Qara nişan"
Günortaya yaxın kapitana sərinləşdirici içki və dərman apardım.
Kapitan:
– Cim, – dedi, – burada səndən etibarlı adam yoxdur. Bilirsən ki, səni çox istəyirəm. Dostum, indi mənim vəziyyətim çox pisdir. Mənə bir qədəh rom verərsən, eləmi?
– Axı həkim…
– Həkimlərin dənizçilərdən nə başı çıxır? Mən qır tiyanı kimi qaynayan elə isti ölkələrdə olmuşam ki, orada insanlar qızdırmadan qırılır, zəlzələlər isə torpağı dəniz dalğası kimi çalxalayır. Orada mən ancaq romla keçinmişəm. Cim, bir bax gör əllərim necə əsir. Əgər rom içməsəm, halım pis olacaq. Artıq məni qara basır. Sizin həkim özü dedi ki, bir stəkan rom mənə zərər verməz. Cim, bir qab roma bir qızıl pul verirəm.
Həkimin sözləri mənim də yadıma düşdü, bir az ürəkləndim. Kapitana dedim:
– Sizin pulunuz mənə lazım deyil. Atama olan borcunuzu verin, bir stəkan rom gətirərəm. Ancaq bu, axırıncıdır.
Bir stəkan rom gətirdim, o, bunu bir udumla başına çəkdi.
– Hə, bu yaxşı oldu, gözümə işıq gəldi. Həkim yataqda nə qədər qalacağımı söylədi?
– Ən azı bir həftə.
– Ay sənin evin yıxılsın, – deyə bağırdı. – Əgər bir həftə burada qalsam, mənə "qara nişan" göndərərlər… Bu israfçılar öz pullarını göyə sovurublar, indi başqasının malına göz dikiblər. Əsl dənizçi belə şey etməz. Mən həmişə pulun qədrini bilmişəm, bədxərclik etməmişəm. Qazandıqlarımı da indi itirmək istəmirəm. Yox, mən qorxmuram. Onları yenə azdıracağam.
Bu sözləri deyib kapitan çətinliklə dikələrək çarpayıda oturdu:
– Bu həkim məni lap üzdü, qulaqlarım uğuldayır. Cim, sən o dənizçini gördünmü? O, çox pis adamdır, ancaq onu bura göndərənlər ondan da pisdirlər. Əgər mən buranı tərk etməsəm, "qara nişan" göndərəcəklər. Bil ki, onlar mənim sandığımı ələ keçirmək istəyirlər. Mən qoca Flintin birinci şturmanı idim. O, ölüm yatağında yatarkən hər şeyi mənə açıb danışdı. İndi onlar mənim üstümə ya Qara Köpəyi, ya da tayqıç dənizçini göndərəcəklər. Cim, sən ən çox o tayqıçdan özünü gözlə.
– Bəs o "qara nişan" nədir, kapitan?
– Bu, çağırış vərəqi kimi bir şeydir, dostum. Orada yazılana əməl etməsən, səni harada olsan taparlar. Sən gözdə-qulaqda ol! Söz verirəm ki, hər şeyimi səninlə tən yarı böləcəyəm.
Bu söhbətdən sonra necə hərəkət edəcəyimi bilmirdim. Doğrusu, qorxurdum ki, kapitan sirrini mənə açdığından peşman olub, nə vaxtsa məni öldürəcək. Fikirləşirdim ki, bu sirri həkimə açım, lakin gözlənilmədən vəziyyət dəyişdi. Həmin axşam mənim zavallı atam öldü və mən hər şeyi unutdum. Dərd məni üstələdi, qonşuların get-gəli, dəfn mərasimi, mehmanxanadakı iş-güc başımı elə qatdı ki, kapitan barədə düşünməyə, ondan qorxmağa bir an belə vaxtım olmadı.
Atamın dəfninin ertəsi günü dumanlı və şaxtalı bir gün idi. Axşamüstü çöl qapısının kandarında oturub qüssə ilə atamı düşünürdüm. Birdən bir nəfərin yavaş-yavaş mehmanxanamıza sarı gəldiyini gördüm. Yəqin ki, kor idi, çünki əlağacını yerdə gəzdirə-gəzdirə irəliləyirdi. Qocalıqdan və xəstəlikdən ikiqat olmuş bu adam əynindəki cındır papaqlı dənizçi plaşı ilə çox eybəcər görünürdü. O, mehmanxananın yaxınlığında durub səsini yüksəldərək boşluğa müraciətlə dedi:
– Mən vətənim İngiltərəni qoruyarkən gözlərindən məhrum olmuş bir koram. Burada mənə harada olduğumu deyəcək bir adam varmı?
Mən dedim:
– Möhtərəm yolçu, siz Qara Təpə limanında "Admiral Benbou" mehmanxanasının yanında dayanmısınız.
– Mən cavan bir səs eşidirəm. Əlimdən tutub məni bu evə apararsanmı, xeyirxah oğlan?
Mən əlimi uzatdım. Bu kor məxluq əlimdən kəlbətin kimi yapışdı. O qədər qorxdum ki, istədim qoyub qaçım. Ancaq o məni özünə tərəf çəkib dedi:
– Hə, oğlan, indi məni birbaş kapitanın yanına apar.
– Ser, – dedim, – vicdan haqqı, mən heç nə bilmirəm…
– Boş-boş danışma! Bu saat məni onun yanına aparmasan, əlini burub qıraram.
O, öz dəmir əlləri ilə əlimdən, çiynimdən yapışdı:
– Məni birbaşa onun yanına apar, elə ki qarşısına çatdıq, de ki, "Billi, budur, sizin dostunuzu gətirmişəm". Əgər dediyimi eləməsən…
Bunu deyib əlimi elə burdu ki, ağlım başımdan çıxdı. Zalın qapısını açıb korun dediyini etdim.
Bizi görəndə zavallı kapitanın gözləri bərəldi. Bir andaca şərabın təsiri keçdi. Üzündə müdhiş bir vahimə göründü. Ayağa qalxmaq istədi, amma bacarmadı.
Kor dedi:
– Billi, yerindən tərpənmə. Səni görməsəm də, barmaqlarının tərpəndiyini belə hiss edə bilirəm. Gəl işə keçək. Sağ əlini mənə ver.
Kapitanın yerindən qımıldanmadığını duyub mənə müraciətlə:
– Oğlan, onun sağ əlini qaldır və mənim sağ əlimə ver, – dedi.
Mən onun əmrini yerinə yetirdim. Kapitan müqavimət göstərmirdi. Kor qonaq kapitanın ovcuna nə isə basdı. Kapitan da dərhal əlini yumdu. Kor kişi:
– Hə, biz işimizi gördük, – deyib əlimi buraxdı və kora yaraşmayan bir cəldliklə eşiyə sıçrayıb yola düzəldi.
Bir xeyli keçəndən sonra biz özümüzə gəldik. Ka- pitan ovcundakı şeyə baxdı.
– Düz saat onda! – deyə çığırdı. – Altı saat qalır. Biz onlara göstərərik.
O, yerindən sıçradı, amma dərhal səndələdi, əlini boğazına apardı. Xırıltılı səs çıxararaq döşəmənin üzərinə sərildi.
Mən anamı köməyə çağırdım. Ancaq artıq gec idi. Kapitan beyninə qan sızmasından keçinmişdi. Bu adamdan xoşum gəlməsə də, uzun müddət göz yaşı töküb ağladım.
Darmowy fragment się skończył.