Czytaj książkę: «Dədə Qorqud dastanları»
məktəblinin kitabxanası üçün
DƏDƏ QORQUD
d a s t a n l a r ı
Bu kitab Fərhad Zeynalovun və Samət Əlizadənin sadələşdirdiyi variant əsasında hazırlanmışdır. Yenidən sadələşdirilmiş bu variantda çətin anlaşılan sözlər çıxarılmış, ixtisarlar aparılmışdır.
Redaktordan bir neçə söz
Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan xalqının şifahi ədəbiyyatı çox zəngindir. İstər nağılları, istər dastanları, istər rəvayət və əfasənələri dünyanın keçmişindən xəbər verməklə yanaşı, fantastik obrazlarla gələcəyindən də xəbər verir. Bu bizə imkan verir ki, böyməkdə olan uşaqlarımız bu amillərdən yararlanıb dünyanın gələcəyi ilə bağlı layihələr, ideyalar təklif etsin. Türklərin gücünü dünyaya intellektləri ilə bəyan etsinlər.
Həyat, dünya, ideyalar, arzular heç vaxt yenilənmir, sadəcə olaraq formasını dəyişib, bir formadan digər formaya düşür. Avropa bunu çoxdan dərk etdiyi üçün qədim mədəniyyətin üzərində işləyərək, cilalayaraq yeni, modern formada üzə çıxarır və dünyaya mədəni hökmranlıq edir. Və beləliklə situasiyalar yaradıb onu idarə edirlər. Necə ki 16-19-cu əsr Avropa yazıçıları Avestanı, Nizami Gəncəvinin “Xəmsə”sini öyrənərək yeni ədəbi nümunələr ortaya qoydular. Bunun sübutu şərqin ən dəyərli abidələrəninin hələ də Avropa arxivlərində saxlanılmasıdır.
Milli irsimizi tanıyıb və tanıtdırmaq məqsədi ilə Hədəf Nəşrləri böyük alimlərimiz Samət Əlizadənin və Fərhad Zeynalovun hazırladığı “Kitabi-Dədə Qorqud” dastanlarının sadələşdirilmiş variantı üzərində yeni layihə hazırlayaraq əziz balalarımıza təqdim edirik.
Bizim başlatdığımız bu ideya inşaallah ki, mültimedia şirkətlərinə, teleradio şirkətlərinə də təsir edəcək, nağıllarımız və dastanlarımız əsasında cizgi filmləri, bədii filmlər çəkiləcək. Və yad ideologiya ilə böyümək problemindən qurtulacağıq.
Müqəddimə
Məhəmməd peyğəmbərin (s.a.v) zamanında yaxın Bayat boyunda Qorqud ata deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi…
Bir gün Qorqud ata dedi: Bir gün gələcək dünyada hökmranlıq türklərin əlinə keçəcək. Və bu hökmranlığı heç kim onların əlindən ala bilməyəcək. Qiyamət günü qopunca, necə var, elə də ömür sürüb gedəcək.
Qorqud ata həm də oğuz xalqının çətin işlərini həll edərdi. Nə olsa, Qorqud ataya danışmayınca iş görməzdilər. O, nə buyursa, qəbul edirdilər, sözün tutub gedirdilər.
Dədə Qorqud xalqı düzgün əməllərlə yaşamaq üçün tez-tez məsləhətlər veridi ki, bir vaxtdan sonra bu fikirlər atalar sözlərinə çevrilmişdir.
Allah-allah deməyincə işlər düzəlməz.
Qadir tanrı verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz.
Bir igidin Qara dağ yumrusunca malı olsa,
yığar toplayar, qismətindən artığını yeyə bilməz.
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Qara eşşək başına yüyən vursan, qatır olmaz.
Qaravaşa don geydirsən də, qadın olmaz.
Lopa-lopa qarlar yağsa, yaza qalmaz.
Gül-çiçəkli göycə çəmən payıza qalmaz.
Köhnə pambıq bez olmaz.
Qarı düşmən dost olmaz.
Qaracığa qıymayınca yol alınmaz.
Böyük, iti, polad qılıncı çalmayınca döyüş bitməz.
Kişi malına qıymayınca adı çıxmaz.
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul atanın yetirməsi, iki gözünün biridir.
Ağıllı oğul olsa, ocağının gözüdür.
Oğul daha neyləsin, ata ölüb mal qalmasa.
Ata malından nə fayda, başda ağıl olmasa…
Ağılsız adamın şərindən allah saxlasın, xanım,
sizi!
Qorqud ata xanımları dörd qismə ayırıraq Xanlara belə məsləhət verərmiş: birisi soy soldurandır; birisi toy doldurandır; birisi evin dayağıdır; birisi necə desən, bayağıdır”.
Evin dayağı odur ki, çöldən-bayırdan evə bir qonaq gəlsə, əri evdə olmasa, o gələn adamı yedirir-içirir, əzizləyib-oxşayır, yola salır. Onun uşaqları sağ olsun. Ocağına bu cür arvad gəlsin…
Gəldin, o ki, soy soldurandır, oğrunca yerindən qalxar, əl-üzünü yumadan doqquz bozlamacla bir bardaq qatığı gəvələyər, tıxıb-basıb doyunca yeyər, əlini böyrünə vurar, deyər: “Bu evi görüm xaraba qalsın! Ərə gedəndən bəri qarnım da doymadı, üzüm də gülmədi. Ayağım başmaq, üzüm yaşmaq görmədi”. Deyər: “Ah, nə olaydı, birinə də gedəydim. Umduğumdan da yaxşı-uyfun olaydı”. Onun kimisinin, xanım, uşaqları böyüməsin! Ocağına bu cür arvad gəlməsin.
Gəldin, o ki toy doldurandır, tərpənincə yerindən qalxdı, əl-üzünü yumadan obanın o ucunu bu ucuna çarpışdırdı. Söz-şaiyə yaydı, qapılara qulaq qoydu. Öynəyədək gəzdi. Öynədən sonra evinə gəldi. Gördü ki, oğru köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq komasına, inək damına dönmüşdür. Qonşularını çağırar ki: “Yetər! Zəlihə! Zibeydə! Urudəcan, qızcan! Paşa! Ayna Mələk! Qutlu Mələk! Ölməyə-itməyə getməmişdim. Yatacaq yerim yenə bu xaraba olasıydı. Nə olardı, mənim evimə azacıq baxaydınız? “Qonşu haqqı – tanrı haqqıdır” – deyib-söylər. Bunun kiminin, xanım, uşaqları böyüməsin! Ocağına bunun kimi arvad gəlməsin.
Gəldin, o ki necə desən, bayağıdır. Əri evdə olanda, çöldən-bayırdan evinə bir abırlı qonaq gəlsə, əri desə ki, dur çörək gətir, yeyək; qonaq da yesin. Desə, bişmiş çörək daimi deyil, yemək lazımdır. Arvad deyər: “ Neyləyim, bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə də dəyirmandan gəlmədi… Nə gəlirsə mənim sağrıma gəlsin”, – deyə əlini yanına vurar, üzünü o tərəfə, sağrısını ərinə döndərər. Min söylərsən, birisi-ni eşitməz, – ərin sözünü qulağına almaz. O, Nuh peyğəmbərin eşşəyi nəslindəndir. Xanım, ondan da sizi allah saxlasın! Ocağınıza belə arvad gəlməsin!
I Boy
1. DİRSƏ XAN OĞLU BUĞAC XAN BOYU
Xanlar xanı Bayandır xan ildə bir dəfə şadlıq edib, Oğuz bəylərini qonaq edirdi. Yenə şadlıq məclisi qurub, atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirmişdi. Xan, bəylər üçün üç çadır düzəltdirmişdi: Biri ağ, biri qırmızı, biri də qara. Keşikçilərə də tapşırmışdı ki, oğlu olanı ağ, qızı olanı qırmızı, övladı olmayanı isə qara çadıra yerləşdirin.
Dirsə xan adlı bir bəyin isə nə oğlu, nə də qızı var idi. Onun üçün də onu qara çadıra aparanda etiraz edir. Ona deyirlər ki, xanın əmri belədir. Bundan çox pərt olan Dirsə xan igidlərini də götürüb birbaşa evə gəlir. Hadisəni arvadına danışır.
Arvadı deyir ki, xan, gəl böyük bir çadır qurdurub kasıb-kusubu bura yığaraq onlara ehsan verək, borcluların borcunu ödəyək, yetimlərin könlünü alaq. Bəlkə, bu, Allahın xoşuna gələ, bizə bir övlad verə.
Dirsə xan arvadının sözü ilə böyük məclis qurdurdu, Allahdan istəyini dilədi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç oğuz, Dış Oğuz bəylərini ora topladı. Ac gördüsə, doydurdu. Yalın gordüsə, geyindirdi. Borclunu borcundan qurtardı. Təpə kimi ət yığdı. Göl kimi qımız sağdırdı. Əl götürüb arzularını dilədilər. Allah bir ağzı dualının alqışı ilə övlad verdi. Arvadı hamilə oldu. Bir neçə müddətdən sonra bir oğlan doğdu. Oğlancığı dayələrə verdi, saxlatdı… Oğlan böyüyüb boya-başa çatdı.
Deyilənə görə, Bayandır xanın bir buğası və bir də buğrası vardı. O buğa bərk daşa buynuz vursa, un kimi üyüdərdi. Bir yazda, bir də payızda buğa ilə buğranı savaşdırırdılar. Bayandır xan Qalın Oğuz bəyləri ilə tamaşaya baxır, əylənirdi.
Bir dəfə, sultanım, yenə yazda buğanı saraydan çıxardılar. Dəmir zəncirli buğanı üç kişi sağdan, üç kişi də sol yandan tutmuşdu. Onlar girib meydanın ortasında buğanı qoyub getdilər. Bu vaxt Dirsə xanın oğlu üç uşaqla meydanda “aşıq-aşıq” oynayırdı. Buğanı qoyub gedəndə oğlanlara “qaç” dedilər. Bu vaxt Dirsə xanın oğlu hündür meydanın ortasında durdu, baxdı. Buğa da hücüm edib ona sarı gəldi. İstədi ki, oğlanı həlak etsin. Oğlan buğanın alnına çəpəki bir zərbə vurdu. Buğa dalı-dalı getdi, geri qayıdıb oğlana hücüm etdi. Oğlan yenə buğanın alnına möhkəm bir yumruq vurdu; bu dəfə buğanın alnına yumruğunu dayadı, itələyib meydanın başına çıxartdı.
Oğlanla buğa xeyli çəkişdilər. Oğlan fikirləşib öz-özünə dedi: “Bir dama dirək vururlar, o dama dirək olur. Mən niyə bunun alnına dayaq olub dururam?” Yumruğunu buğanın alnından çəkib, yolundan atıldı. Buğa ayaq üstündə dura bilmədi, yıxıldı; təpəsi üstə düşdü. Oğlan bıçağına əl atdı. Buğanın başını kəsdi.
Oğuz bəyləri gəlib, oğlanın başına toplaşdılar, əhsən dedilər. “Dədə Qorqud gəlsin, bu oğlana ad qoysun; özüylə götürüb, atasının yanına getsin. Atasından oğlana bəylik istəsin, taxt alıb versin”, – dedilər.
Dədə Qorqud isə oğlanı belə alqışladı:
Bu oğlan Bayandır xanın uca meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüşdür, qoy adı “Buğac” olsun. Adını mən verdim, yaşını Allah versin, – dedi.
***
Dirsə xan oğlana bəylik verdi, taxt verdi. Oğlan taxta çıxdı, atasının qırx igidini unutdu. O qırx igid həsəd apardı, kin saxladı. Bir-birinə söylədilər: ”Gəlin oğlanı atasının gözündən salaq. Bəlkə, atası onu öldürə, hörmətimiz onun atası yanında yenə xoş ola, artıq ola”, – dedilər.
Bu qırx igidin iyirmisi bir yana, iyirmisi də o biri yana getdi. Əvvəlcə iyirmisi gedib, Dirsə xana bu xəbəri gətirdi: “Görürsənmi, Dirsə xan, nələr oldu? Yarımasın sənin oğlun, nankor və fərsiz çıxdı. Qırx igidi dəstəsinə qatıb, Qalın Oğuzun üstünə yürüş etdi. Harada gözəl vardısa, çəkib aldı. Ağ saqqalı qocanın ağzına, ağ birçəkli qadının südünə söydü.
“Dirsə xanın oğlu belə yaramaz işlər görüb” desələr, yer üzündə gəzməyindən ölməyin yaxşı olar. Bayandır xan səni çağırar, sənə ağır cəza verər. Belə oğul sənin nəyinə gərəkdir? Belə oğlun olmasından olmaması yaxşıdır. Öldürsənə! – dedilər.
Namərdlərin o biri iyirmisi də gəlib çıxdı və bir iftira da onlar gətirdilər. Dedilər: “Dirsə xan, sənin oğlun köksü gözəl böyük dağa ova çıxdı. Sən var ikən ov ovladı, quş vurdu. Anasının yanına götürüb gəldi. Anası ilə dilbir olub, atasına qəsd etmək istəyir. Sənin oğlun nankor çıxdı. Ala dağdan ötüb, xanlar xanı Bayındıra xəbər çatar. “Dirsə xanın oğlu belə yaramaz işlər görüb” deyərlər. Səni çağırdarlar, Bayındır xanın yanında sənə cəza verərlər. Belə oğul nəyinə gərəkdir? Öldürsənə!”– dedilər.
Dirsə xan dedi: “Gedin gətirin, öldürüm! Belə oğul mənə gərək deyil!”
Dirsə xanın nökərləri deyir: “Biz sənin oğlunu necə gətirək? Sənin oğlun bizim sözümüzü dinləməz, bizim sözümüzlə gəlməz. Qalxıb yerindən dur. İgidlərini oxşayıb başına yığ; oğlunla görüş, yanına alıb ova çıx. Quş uçurub ov ovlayanda oğlunu oxlayıb öldür! Əgər belə öldürməsən, bil ki, başqa cür öldürə bilməzsən!”
Dirsə xan sübh tezdən oğlunu yanına salıb, öz qırx igidinin dəstəsinə qoşdu, ova çıxdı. Ov ovladılır, quş vurdular. O qırx namərdin bir neçəsi oğlanın yanına gəlib deyir: “Atan dedi, keyikləri qovub gətirsin, mənim qarşımda toplasın; oğlumun at səyirtməyini, qılınc çalmağını, ox atmağını görüm, öyünüm!”
Oğlan cavandır, nə bilsin? Keyiki qovub gətirir, atasının qarşısında qıcıqlandırıb-acıqlandırırdı ki, “atam at çapmağıma baxsın – fərəhlənsin, qılınc çalmağıma baxsın – sevinsin!”
O qırx namərd isə deyir: “Dirsə xan, görürsənmi, oğlanı? Çöldən-düzdən keyiki qovur, sənin qabağına gətirir ki, keyikə atarkən oxla səni vurub öldürsün!”
Oğlan keyiki qovarkən atasının önündən gəlib-gedirdi. Dirsə xan Qorqud sinirli bərk yayını əlinə aldı. Üzəngiyə qalxıb möhkəm çəkdi, sərrast atdı: oğlanı iki kürəyinin arasından vurub yıxdı. Ox yarasından oğlanın qanı şoruldadı, qoynuna doldu. O, bədəvi atının boynunu qucaqlayıb yerə yıxıldı.
Dirsə kövrəlib oğlunun üstünə atılmaq istədi. O qırx namərd qoymadı. Atının cilovunu döndərib qərargahına gəldi.
Dirsə xanın arvadı “oğlancığımın ilk ovudur” – deyib atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. “Ovu qanlı Oğuz bəylərini yedirim-içirim, sevindirim” dedi. Qırx incəbelli qızı özü ilə götürdü. Dirsə xana tərəf getdi. Dirsə xanın üzünə baxdı. Sağına-soluna göz gəzdirdi, oğlunu görmədi. Ürəyi yerindən oynadı. Qara qıyma gözləri qan-yaşla doldu. Çağırıb Dirsə xana söyləyir:
– Xan atamın kürəkəni, başımın tacı, oğlum hanı?
Arvadı belə danışanda Dirsə xan cavab vermədi. Qırx namərd qabağa gələrək dedi: “Oğlun sağ-salamatdır, ovdadır. Bu gün-sabah harda isə, gələr. Qorxma, qayğılanma, bəy sərxoşdur, cavab verə bilmir”.
Dirsə xanın arvadı geri döndü. Dözmədi, qırx incəbelli qızı özü ilə götürüb, bədəvi ata mindi, oğlunu axtarmağa getdi. Qışda-yazda qarı-buzu əriməyən Qazlıq dağına gəldi. Alçaq yerləri gəzdi, çapıb uca yerlərə çıxdı. Gördü ki, bir dərənin içində qarğa-quzğun enir, qonur, qalxmır. Bədəvi atını o tərəfə sürdü.
Sən demə, oğlan o arada yıxılıbmış. Qarğa-quzğun qan görüb, oğlanın üstünə qonmaq istəyirdi. Oğlanın iki ov iti vardı, qarğa-quzğunu qovurdu, qonmağa qoymurdu. Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir” – deyib yox oldu.
Oğlanın anası çapıb oğlanın olduğu yerə çatdı. Baxdı, gördü, oğlu al qanına bulaşıb yatır. Bu zaman anası çığıraraq oğlancığına ağladı, sızladı, oxşadı.
Elə bu vaxt Buğac anasının səsini eşitdi. O, başını qaldırdı, azacıq gözünü açdı. Anasının üzünə baxdı. Oğlan dedi: “Ana, ağlama: qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığalladı. “Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə anan südü sənə dərmandır”, – dedi”.
Oğlan belə dedikdə qırx incəbelli qız yayılıb, dağ çiçəyi topladı. Oğlanın anası əmcəyini bir sıxdı, südü gəlmədi, iki sıxdı, südü gəlmədi. Üçüncüdə özünə bir zərbə vurdu, sıxdı, südlə qan qarışıq gəldi. Dağ çiçəyi ilə südü oğlanın yarasına çəkdilər. Oğlanı ata mindirdilər, götürüb evə gətirdilər. Oğlanı həkimlərə tapşırıb Dirsə xandan gizlətdilər.
At ayağı iti, ozan dili çevik olur, deyirlər. Oğlanın yarası qırx gündə sağaldı, sap-sağlam oldu. Oğlan ata minir, qılınc qurşanırdı. Ov ovlayır, quş vururdu. Dirsə xanın isə xəbəri yox idi. Oğlunu ölmüş bilirdi.
O qırx namərd bunu duydu. “Nə eyləyək?” deyə düşündülər. “Dirsə xan oğlunu görərsə, oturmaz, hamımızı qırar”, – dedilər. “Gəlin Dirsə xanı tutaq, ağ əllərini ardına bağlayaq, ağ boynuna qıl sicim taxaq, götürüb kafir ellərinə gedək”. Belə də etdilər. Dirsə xan dustaq oldu. Onun dustaqlığından oğuz bəylərinin xəbəri yox idi.
Dirsə xanın arvadı bunu duyan kimi hadisəni oğluna danışdı və dedi ki, atan səhv etsə də, sən etmə. Atını min, qılıncına qurşan atanı dustaqlıqdan azad et.
Oğlan anasının sözünü sındırmadı. Böyük, iti polad qılıncını belinə qurşadı. Ağ tozluca bərk yayını və qızıl nizəsini əlinə götürdü. Gözəl bədəvi atını mindi. Qırx igidini yanına alıb, atasının ardınca çapdı.
O namərdlər də bir yerdə dayanıb dincəlirdilər. Al şərabın tündündən içirdilər. Buğac xan çapıb yetişdi. O qırx namərd onu görüb dedi: “Gəlin, gedək, o igidi tutaq gətirək”. Dirsə xan dedi: “Qırx yoldaşım, aman verin! Mənim əllərimi açın, qolça qopuzumu verin, o igidi geri döndərim. Sonra məni ya öldürün, ya da diri aparın”.
Əllərini açdılar, qolça qopuzunu verdilər. Dirsə xan, oğlu olduğunu bilmədi, qarşıya gəlib söylədi:
Ağ saqqallı qocalar gedirsə, mənimkidir,
İçində sənin də ağ saqqallı atan varsa, de mənə,
Savaşmadan-vuruşmadan xilas edim, qayıt geri!
Mənim üçün gəldinsə, oğlancığımı öldürmüşəm.
İgid, sənin yazığın gəlməsin, qayıt geri!
Oğlan burada atasına belə cavab verdi:
Sənin ağsaqqalı qocaların gedirsə,
İçində mənim də bir ağlı çaşmış,
Başı itmiş qoca atam var qırx namərdə
qoymaram! – dedi.
Buğac çalmasını çıxarıb yellədi. Onun igidləri bunu gördü bədəvi atlarını oynadaraq oğlanın yanına yığıldı.
Oğlan qırx igidini götürüb, atını irəli sürdü, vuruşdu, döyüşdü. Kiminin boynunu vurdu, kimini dustaq etdi. Atasını xilas edib geri döndü. Atası oğlunu görüb çox sevindi.
Xanlar xanı Buğacın bu igidliyinə görə ona bəylik verdi, taxt verdi.
Dədəm Qorqud bu oğuznaməni onun üçün düzdü-qoşdu:
Çaparkən ağ-boz atın büdrəməsin!
Döyüşəndə böyük, iti polad qılıncın gödəlməsin!
Vuruşarkən uzun nizən əyilməsin!
Ağ birçəkli ananın yeri behişt olsun!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Haqq yandıran çırağın daim yansın!
Qadir Tanrı səni namərdə möhtac eyləməsin,
xanım, hey!
II Boy
2. SALUR QAZANIN EVİNIN YAĞMALANDIĞI BOY
Bir gün Amit soyunun aslanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan xan doxsan otaqlı sarayında böyük bir qonaqlıq verirdi. Ulaş oğlu yeyib-içib şənlənəndən sonra dedi: “Sözümü dinləyin, səsimə səs verin, bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər! Ov ovlayaq, quş vuraq, sığın-keyik yığaq, qayıdıb evimizə gələk, yeyib-içək, günümüzü xoş keçirək!”
Bütün bəylər Qazanın bu fikrinə sevindilər. Atağızlı Aruz qoca iki dizi üstünə çöküb dedi: “Ağam Qazan, Gürcüstan sərhəddinə gedirsən, qərargahının üstündə kimi qoyursan?”
Qazan dedi: “Oğlum Uruz üç yüz igidi ilə evimin keşiyində dursun”.
Saymaqla tükənməyən Qalın Oğuz bəyləri atlarına minib Ala dağa ova yollandılar.
Bunu görən kafirin casusu tez Şöklü Məliyə xəbər verdi. Din düşməni kafir atını tez mindi, çapdı, gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Oğuz elini tar-mar etdilər, qız-gəlinlərini əsir götürdülər, dəvələri qızılla yükləyib götürdülər. Bununla gözü doymayan kafirlər Qazan xanın xanımını və qocalmış anasını da əsir götürdülər.
Qazan xanın oğlu Uruz bəy üç yüz igidlə əsir düşdü. İlək Qoca oğlu Sarı Qalmaş şəhid oldu.
Bütün bunlarla gözü doymayan kafirlərdən biri dedi, bəylər, Qazan xanda bir heyfimiz qaldı.
Şöklü Məlik dedi: “Ədə, nə heyfimiz qaldı?”
Kafir: “Qazanın Qapılı Dərbənddə on min qoyunu vardır. O qoyunları da götürsək, Qazana çox böyük ziyan vurardıq”, – dedi.
Şöklü Məlik: “Altı yüz kafir getsin, qoyunları gətirsin”, – dedi.
Altı yüz kafir atlandı, qoyunları almağa getdilər.
Həmin gecə Qapılı Dərbənddə Qazanın qoyunlarını otaran Qaraca çoban qorxulu bir yuxu gördü. Yuxudan hövlnak oyanan Qaraca Çoban Qabangücü və Dəmirgücü adlı qardaşlarını yanına çağırdı. Ağılın qapısını bərkitdi. Üç böyük təpə boyda daş yığdı, ala qollu sapandını əlinə aldı. Elə bu zaman kafirin atlıları gəlib çıxdılar. Kafirlərin başçısı dedi: gecə gündüz qayğılı çoban, Qazan xanın evini yıxdıq, atlarını mindik, anasını, xanımını, oğlunu əsir götürdük. Sən də bizə tərəf keçib təzim etsən, baş endirsən səni öldürmərik. Şöklü Məliyin yanına apararıq, bəylik alıb verərik.
Bunu eşidən Qaraça Çoban qəzəbləndi: ey mənim itimə bərabər tutduğum, onunla bir qabda yal içən kafir, əgər atına güvənirsənsə, onu qara başlı keçimlə dəyişmərəm. Başındakı dəbilqəni öyürsənsə, başımdakı çoban papağıma dəyişmərəm, Nizəndən deyib qürrələnirsən, ay murdar, bu dəyənəyə tay tutmaram. Yaxına gəlsən, igid zərbəsi görüb sonra gedərsən.
Kafirlər irəli cumub ox atdılar. Qaraca çoban sapandının ağzına daş qoyub döyüşə girdi. Çoban hər sapandı atanda ikisini-üçünü yıxırdı. İkisini atanda üçünü-dördünü yıxırdı. Buna baxmayaraq, çobanın iki qardaşı oxlandı, şəhid oldular. Bunu görən çoban daha da qəzəblənmişdi, sapand daşları bitdiyindən qoyun demir, keçi demir, sapandın ağzına qoyub atırdı.
Kafirin gözü yaman qorxdu, dünya-aləm onlar üçün qaranlıq oldu. “Arzusu gözündə qalsın, bu çoban birdən bizim hamımızı qırar?!”– deyib qaçdılar.
Çoban həlak olan qardaşlarını dəfn etdi. Bu böyük dərdə dözə bilməyib ağladı, sızladı, Qazanı səslədi: “Salur Qazan, bəy Qazan! Ölüsənmi, dirisənmi? Bu işlərdən xəbərin yoxdurmu?”
***
Bu hadisə elə Qazana da agah olur. O da həmin gecə qarma-qarışıq bir yuxu görərək narahat olub, yuxusunu qardaşı Qaragünəyə danışır. Deyir ki, qardaş, yuxuda gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən alır, hündür evimin üzərinə göydən ildırım çaxır. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qamış kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı-huşumu yığa bilmirəm. Xan qardaşım, bu yuxumu yoz mənimçin!”
Qaragünə deyir: “Qara bulud sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qonşundur. Saç qayğıdır, dərddi-sərdi. Qan – qanqaralıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun”.
Belə dedikdə Qazan dedi: “Mənim ovumu pozma, qoşunumu dağıtma! Mən bu gün qonur atımı çapıb, üçgünlük yolu bir günə gedərəm; evə dəymədən yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Mən daha getdim. Qazan bəy Qonur atını mahmızladı, yola düşdü. Gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb. Qazan bəy üzünü yurduna tutaraq dedi: – səni bu günə kim salıb, ay mənim qohum-qəbiləli yurdum?
Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan-yaşla doldu. Qanı damarlarında qaynadı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yolla getdi. Onun qarşısına bir su çıxdı. Qazan dedi: “Su tanrının üzünü görmüşdür. Mən bu su ilə soraqlaşım!” Çağlayaraq qayalardan çıxan su! Yurdumdan bir xəbər bilirsənsə, de mənə! Dərdli başım qurban olsun, suyum, sənə!
Sudan səs gəlməyincə, Qazan üzünü qarşısına çıxan qurda tutdu: – Ey üzü uğurlu qurd,
– Yurdumdan bir xəbər bilirsənsə, de mənə!
Dərdli başım qurban olsun, qurdum, sənə!
Qurddan da səs gəlmədi. Çobanın qara köpəyini görən Qazan dedi:
Yurdumun xəbərini bilirsənsə, de mənə!
Dərdli başım sağ olduqca
Yaxşılıqlar edim, köpək, sənə!
Köpəkdən də səs gəlmədi. Qazan çarəsiz idi. Yurdunu viranə gördükcə qara bağrı yarılırdı.
Kor-peşman çobanın yanına gəldi. Ümidsizcə dedi:
– Qaranlıq axşam olanda qayğılı çoban!
Qarla yağış yağanda od-ocaqlı çoban!
Səsimi anla, sözümü dinlə!
Evimin buradan keçdiyini gördünmü, de mənə!
Dərdli başım qurban olsun, çoban, sənə!
Çoban bir az əsəbi, bir az da kinayəli formada dedi: –Ay Qazan, ölmüşdünmü, harda gəzirdin, harda itmişdin? Dünən yox, o biri gün Boyu uzun Burla xatun, qoca anan qırx incə belli qızla birlikdə əsir götürüldü. Kafir yurdumuzu taladı, Uruzu əli-qolu bağlı, ayağı yalın ardınca apardı.
Çoban belə deyərkən Qazan ah çəkdi, ağlı başından çıxdı. Dünya-aləm başına qaranlıq oldu. Hirsini Çobana tökərək dedi:–“Ağzın qurusun, çoban! Dilin çürüsün, ay çoban!”
Qazan belə deyəndə çoban söylədi:– ağam Qazan, məni niyə danlayırsan? Sənin qəlbində heç iman yoxdur? Altı yüz kafir də mənim üstümə gəldi. İki qardaşım həlak oldu. Mən üç yüz kafiri öldürdüm, cəzasına çatdırdım. Sənin qapından bir kök qoyun, arıq toğlu da kafirlərə vermədim. Üç yerdən yaralandım, dərdli başım dumanlandı, yalqız qaldım. Günahım budurmu? Sən qonur atını, qalxanını, polad qılıncını, qolundakı şahinini mənə ver, gedim kafirin üstünə, sənin öcünü alım, ailəni qurtarım, ölərəmsə də, qara başım qurban olsun sənə!
Çoban belə dedikdə Qazan qəhərləndi, yola düşdü. Çoban da Qazanın ardınca getdi. Qazan dönüb soruşdu: – “Oğul, çoban, hara gedirsən?” Çoban dedi: – “Ağam Qazan, sən evini-ailəni xilas etməyə gedirsən, mən də qardaşlarımın qanını almağa gedirəm”.
Belə dedikdə Qazan soruşdu: – “Oğul çoban, qarnım acdır. Yeməyə bir şeyin vardırmı?” Çoban dedi: – “Bəli, ağam Qazan, gecədən bir quzu bişirib qoymuşam. Gəl bu ağacın dibində oturaq, yeyək”.
Çoban dağarcığını çıxardı. Yedilər. Qazan fikirləşib dedi: “Əgər çobanla getsəm, qalın Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çoban olmasaydı, Qazan kafirləri məğlub etməzdi”, – deyərlər.
Bunları düşündükcə Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca möhkəmcə sarıdı. Atlandı, getdi. Çobana dedi:–“Ədə çoban! Qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar! Yoxsa səni burada qurd-quş yeyər”.
Qaraca çoban güc elədi, iri ağacı yeriylə-yurduyla qopardı, arxasına alıb Qazanın ardınca düşdü.
Qazan baxdı, gördü çoban ağacı arxasına alıb gəlir. Dedi:– “Ədə, çoban, bu ağac nədir?” Çoban dedi:– ”Ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri basarsan, qarnın acar, mən də sənə bu ağacla yemək bişirərəm”.
Bu söz Qazana xoş gəldi. Atından endi, çobanın əllərini açdı. Alnından öpüb dedi: “Allah mənim evimi bəladan qurtararsa, səni bütün ilxılarıma başçı qoyaram”. Beləcə ikisi birlikdə yola düzəldilər.
***
Bu yanda isə Şöklü Məliyin keyfi kök idi, kafirlərlə yeyib-içib şənlənirdi. Üzünü öz döyüşçülərinə tutub dedi:– gərək Qazan xanın qadınını bura gətizdirdib şərab payladaq, keyfimiz kökəlsin.
Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə belli qızın içinə girib, öyüd-nəsihət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdı?”– deyə kimə yapışarlarsa, qırx yerdən səs verərsiz”.
Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu kimdir?”– deyə soruşdu. Qırx yerdən səs gəldi. Mən, mən…
Bu hadisəni kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.
Kafir dedi: – ”Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim ki, yemədi, odur. Götürün-gəlin!”
Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğluna söylədi:
–Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxarıb, boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən kəsin. Qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o, Qazanın xatunudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! “Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşəyinə girim? Ağan Qazanın namusunu tapdayım? Neyləyim, ay oğul?!”
Uruz dedi:
“Ağzın qurusun, ana! Dilin çürüsün, ana! “Ana haqqı–Tanrı haqqı” deyilməsəydi, qalxıb yerimdən durardım, ağ üzünü qara yerə çırpardım. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Heç vaxt, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, çəngələ sancsınlar! Qoy ətimdən şişə çəksinlər, qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye! Kafirlər duymasınlar. Səni tanımasınlar. Təki murdar dinli kafirin qarşısında alçalmayasan, atam Qazanın namusunu sındırmayasan.”
Oğlan belə deyəndə, anasının gözünün yaşı gildir-gildir axdı. Payız alması kimi al yanağını yırtdı-dağıtdı. Qara saçını yoldu. “Oğul!”, “Oğul!” deyib zar-zar ağladı.
Bunu görən Uruz dedi: – Xanım ana, niyə belə ağlayıb, sızlayırsan, keçmiş günlərimi yadıma salırsan? Təki sən sağ ol, atam sağ olsun, mənim kimi oğullar Oğuzda çoxdur, yenə də olacaq.
Belə dedikdə anası dözə bilmədi, gedib, qırx incə belli qızın arasına girdi.
Kafirlər Uruzu tutub ağacın yanına gətirdilər. Uruz dedi:– “Ay kafir, amandır, Tanrının birliyinə şübhə yoxdur! Qoyun bu ağacla danışım, dərdləşim. Kafir də icazə verir. Uruz son dəfə dərdini ağaca deyir, ürəyini boşaldır.
Bu zaman Salur Qazanla Qaraca çoban çaparaq yetir. Çobanın sapandının daşlığı üç illik dana dərisindən, sapandının qolları isə üç keçi tükündən düzəlmişdi. Sapandın çatısı bir keçi tükündən idi. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də, toz kimi sovrular, kül kimi ovulardı. Üç ilədək daşının düşdüyü yerin otu bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi.
Qaraca çoban çatan kimi sapandını işə saldı. Dünya-aləm kafirin gözündə qaraldı. Qazan dedi:– “Qaraca çoban, qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın”. Qazan üzünü Şöklü Məliyə tutub:– bütün igidlərimi, qız-gəlinlərimi, var-dövlətimi sənə verirəm, amma anamı ver, çıxıb gedim. Döyüş olmasın.
Kafir bu sözə gülüb Qazanla əylənməyə başladı.
Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi.
Bir tərəfdən acığı tutanda qara daşı kül eyləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə, bir tərəfdən altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcuq oğlu Dəli Dondaz, bir tərəfdən altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət Qoca oğlu Şir Şəmsəddin, Qazan bəyin silahdaşı, Boz ayğırlı Beyrək, bir tərəfdən altı erkək dərisindən papağı qulağını örtməyən, qolu-budu uzunca, baldırları incə Qazan bəyin dayısı At ağızlı Aruz qoca çaparaq yetişdilər: “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedilər.
Sayılmaqla oğuz bəyləri tükənməz. Hamı yetişdi. Kafirin üzərinə at saldırdılar, qılınc çaldılar. Gumbur-gumbur nağaralar döyüldü. Burması qızıl tunc borular çalındı.
O gün cəsur, ər igidlər bəlli oldu. O gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu.
Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü, leşlərinə quzğun toplaşdı. On iki min kafir qılıncdan keçdi. Oğuz igidlərindən beş yüzü həlak oldu. Qazan bəy qaçanı qovmadı, “aman” deyəni öldürmədi. Qalın Oğuz bəyləri böyük qənimət əldə etdilər.
Qazan bəy öz ordusunu, arvad-uşağını, xəzinəsini geri aldı, qızıl taxtında geri döndü. Yenə evlərini tikdirdi. Qaraca çobanı əmiraxur etdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qırx nəfər qulu, qırx kənizi oğlu Uruza görə azad elədi. Cəsur qoç igidlərə çoxlu torpaqlar və şalvar, çuxa, arxalıq verdi.
Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı.
Hanı dediyim bəy ərənlər?
Dünya mənimdir deyənlər?
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
III Boy
3. BAYBÖRƏNİN OĞLU BAMSI BEYRƏK BOYU
Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Daş Oğuzun bəyləri Bayındır xanın söhbətinə toplaşmışdı. Bayındır xanın qarşısında Qarabudaq, sağ yanında Uruz durmuşdu. Sol yanında isə Yeynək bəy durmuşdu. Baybörə bəy bunları gördükdə ah çəkdi.
Bunu görən Qalın Oğuzun arxası, Bayındır xanın kürəkəni Salur Qazan Baybörə bəyin üzünə qıyqacı baxaraq dedi:
– Baybörə bəy, niyə belə qəmginsən?
– Qazan xan, necə qəmgin olmayım, zarımayım? Nə oğlum var dayağım olsun, nə də qardaşım. Allah-taala məni qarğayıbdır… Bəylər, taxtım-tacım üçün fikir edirəm. Bir gün ölsəm, yerimdə-yurdumda kimsə qalmayacaq.
Qazan dedi:
–Arzun elə budurmu, Baybörə bəy?
– Bəli, budur. Mən də istəyirəm, oğlum olsun, Bayındır xanın xidmətində durub, qulluq eləsin, mən də baxıb fərəhlənim…”
Belə dedikdə Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua elədilər. “Allah-taala sənə bir oğul versin!” – dedilər.
O zamanlar bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları yerini tuturdu. Baybican bəy də yerindən durub dedi: “Bəylər, mənimçün də bir dua eləyin. Allah-taala mənə də bir qız versin”.
Qalın Oğuz bəyləri əl qaldırdılar, dua elədilər: “Allah-taala sənə də bir qız versin”.
Baybican bəy dedi ki, bəylər, siz şahid, Allah-taala mənə bir qız verərsə, Baybörə bəyin oğluna göbəkkəsmə adaxlı olsun!”
Darmowy fragment się skończył.