Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Dorian Qreyin portreti»

Czcionka:

1

Yay küləyi qızılgüllərin ətrini otağın açıq qapısından içəri doldururdu. Lord Henri Uotton divanda uzanıb adəti üzrə siqaretini tüstülədirdi. Bağçanın arxasından Londonun uğultusu eşidilirdi.

Otağın ortasındakı molbertin üstündə ecazkar gözəlliyə malik bir gəncin portreti qoyulmuşdu. Portretin qarşısında isə, bir qədər aralı, rəssam özü – Basil Holluord əyləşmişdi. Basil böyük ustalıqla yaratdığı əsərə baxır, özündən razı halda gülümsəyirdi.

Lord Henri tənbəlcəsinə:

– Bu sənin ən uğurlu işindir, Basil, – dedi. – Şah əsərindir. Gələn il onu Qrosvenor qalereyasına göndər. Akademiya həddən artıq böyük və zövqsüz yerdir. Qrosvenorsa Londonun ən yaxşı rəsm qalereyasıdır.

– Mən bu əsəri heç yerə göndərmək fikrində deyiləm. – Basil çox sakit tərzdə cavab verdi. – Yox, göndərməyəcəm.

Lord Henrinin qaşları çatıldı:

– Göndərməyəcəksən? Niyə? Nə səbəbdən, əzizim? Siz rəssamlar qəribə adamlarsınız! Məşhurlaşmaq üçün dəridən-qabıqdan çıxırsınız, amma şöhrət özü qapınızı döyəndə, qaçıb ondan gizlənirsiniz. Ağılsızlıqdır. İnsanların sənin haqqında çox danışması o qədər də xoşagələn deyil, amma heç danışmaması daha pisdir. Bu əsər səni İngiltərənin ən tanınmış gənc rəssamına çevirərdi.

– Bilirəm, güləcəksən, – deyə Basil etiraz etdi, – amma mən bu rəsmi, doğrudan, sərgiyə çıxara bilmərəm. Ona ürəyimi qoymuşam, özümə oxşatmışam.

Lord Henri güldü və divanda yerini bir az da rahatladı:

– Özünə oxşatmısan? Sənin zil qara saçların var, sifət cizgilərin sərtdir. Rəsmdəki bu özünəvurğun gənc isə sanki fil sümüyündən yonulub və qızılgül ləçəkləri ilə bəzədilib. Sənin üzündən ağıl, baxışlarından məna süzülür. Bu məna olan yerdə isə gözəllik, əsl gözəllik itir. Ağıl nişanəsi həmişə sifətin harmoniyasını pozur. İnsan düşünməyə başlayan kimi, alnında qırışlar yaranır. Portretə baxıb deyə bilərəm ki, sənin adını gizli saxlamağa çalışdığın bu dostun gözəllik mücəssəməsidir. Deməli, heç vaxt, heç nə haqda fikirləşmir. Yox, Basil, aranızda oxşarlıq görmürəm.

– Sən məni başa düşmədin, Harri. – Basil yenə etiraz etdi. (Lord Henrinin yaxın dostları onu “Harri” deyə çağırırdılar.) – Əlbəttə, mən onun kimi deyiləm. Heç onun kimi olmaq da istəmirəm… Amma… Bax, sən tanınmış adamsan, varlısan, Harri, mənim ağlım və istedadım var, onunsa, gözəlliyi. Nə zamansa biz Allahın verdiyi bu nemətlərin əvəzini ödəməli olacağıq, əzabını çəkəcəyik. Dorian Qreyin də gözəlliyi başına bəla ola bilər.

– Dorian Qrey? Bu onun adıdır? – Henri yerindən qalxıb Basilə yaxınlaşdı.

– Hə. Ancaq sənə demək istəmirdim.

– Axı niyə?

– İzah edə bilməyəcəm. Çox xoşladığım bir insan olanda adını heç kimə demirəm. Həm də son vaxtlar qapalı olmuşam, sirr saxlamağı sevirəm. Bunu da, yəqin ki, axmaqlıq hesab edəcəksən?

– Əsla, əziz Basil. – Bu dəfə lord Henri dostu ilə razılaşmadı. – Əsla. Unutma ki, mən evliyəm. Arvadımın harada olduğunu heç vaxt bilmirəm, onun da mənim harada nə etdiyimdən xəbəri olmur. Gəl, çıxaq bağçaya.

Güllərin yarpaqları günəş işığında bərq vurur, otların arasında balaca ağ çiçəklər mülayim yay küləyinin təsiri altında yüngülcə titrəşirdilər. İki dost nəhəng ağacın kölgəsindəki skamyada əyləşdi.

– Təəssüf ki, mən getməliyəm, Basil, – lord Henri saatına baxdı. – Amma əvvəl səndən sualıma cavab istəyirəm. Niyə Dorian Qreyin portretini sərgiyə çıxarmaq istəmirsən? Amma xahiş edirəm, düzünü söylə, bayaq dediyini təkrarlama.

– Başa düş, Harri! – Basil lord Henrinin gözlərinin içinə baxdı. – Böyük məhəbbətlə çəkilmiş istənilən portret elə rəssamın öz portretidir, qarşısında oturan şəxsin yox. Rəssam həmin şəxsin sifətini, bədənini çəkir, amma kətan üzərində öz hislərini əks etdirir. Qorxuram ki, bu portret mənim ürəyimin sirrini başqalarına açıb göstərsin, ona görə də sərgiləmək istəmirəm.

Lord Henri güldü:


– Axı o nə sirdir?

Basil qızardı:

– Yaxşı. Olsun. Sənə deyərəm. İki ay əvvəl ledi Brandonun evində bir yığıncaqda idim. Özün bilirsən, mənim kimi kasıb rəssamlar hərdən cəmiyyətin içinə çıxmalıdırlar ki, tamamilə unudulmasınlar. Tanışlarla söhbət edirdim. Birdən kiminsə arxadan mənə baxdığını hiss etdim. Geri döndüm və həmin an ilk dəfə Dorian Qreyi gördüm. Baxışlarımız qarşılaşanda içimdə anidən güclü bir qorxu hissi yarandı. Hiss etdim ki, bu şəxs mənim həyatıma qeyri-adi dəyişikliklər, hədsiz xoşbəxtlik və misilsiz əzablar gətirəcək. Oradan qaçmaq üçün qapıya tərəf getdim. Hə, qorxaqlıq etdim. Vicdanla desəm…

– Vicdan və qorxu, mahiyyət etibarı ilə, eyni şeydir, Basil. Vicdan qorxunun rəsmi adıdır, vəssalam.

– Ledi Brandon məni qapının ağzında saxladı və bizi tanış etdi. Bizi təsadüf yox, tale görüşdürdüyünü Dorian da dərhal başa düşdü. Bunu o, sonradan özü mənə dedi.

– Bəs ledi Brandon bu gözəl gənci sənə necə təqdim etdi? Mən bilirəm ki, hər qonağı qısaca xarakterizə etmək onun köhnə adətidir.

– Əhəmiyyətli bir şey demədi: “Çox yaxşı oğlandır… Nə ilə məşğul olduğunu unutmuşam… Hə, royal çalır… Ya da skripka… Düz demirəm, mister Qrey?” İkimiz də ürəkdən güldük və bu bizi dərhal yaxınlaşdırdı.

– Dostluğun gülüşdən başlanması yaxşı əlamətdir, amma əsas odur ki sonu gülməklə bitsin, – deyə lord Henri şabalıdı saqqalını tumarladı, qara çəliyi ilə parıltılı çəkməsinin burnunu döyəcləyib soruşdu:

– Tez-tez görüşürsünüz?

– Hər gün. Hansı gün onu görməsəm, özümə gələ bilmirəm.

– Möcüzədir. Mən elə bilirdim, sən ömrün boyu ancaq sənətinin vurğunu olacaqsan.

– İndi mənim sənətim – Doriandır, – Basil ciddi tərzdə cavab verdi. – Onunla tanış olandan bəri çəkdiyim rəsmlər gözəl rəsmlərdir, həyatımın ən yaxşı əsərləridir. Dorianla görüş mənim sənətə olan baxışımı tamamilə təzələyib, iş üslubumu dəyişib. Bu uşaq yanımda olanda, yaşı iyirmini ötsə də, mənim gözlərimdə o, həqiqətən, uşaqdır… Ah, Harri, bilsəydin, Dorian Qrey mənim üçün kimdir!

– Sən məni heyrətləndirirsən! Mən onunla mütləq tanış olmalıyam!

Basil ayağa qalxıb gəzişməyə başladı. Sonra qayıdıb yenidən oturdu.

– Ola bilsin ki, mənim onda gördüklərimin heç birini sən görməyəsən.

– Bəs onda niyə portretini sərgiyə qoymaq istəmirsən? – deyə lord Henri soruşdu.

– Çünki özüm də istəmədən həmin portretdə rəssamın heç vaxt üzə çıxarmalı olmadığı bir heyranlıq, gözəlliyə vurğunluq ifadə etmişəm. Dorian bundan xəbərsizdir. Xəbər tutmayacaq da. Amma başqaları portretə baxıb həqiqəti görə, sirrimdən agah ola bilərlər. Mənsə istəmirəm ki, kimsə qəlbimi mikroskop altında seyr etsin. İndi başa düşdün, Harri?

– Məncə, sən haqlı deyilsən, Basil, amma mübahisə etməyəcəyəm. De görüm, Dorian Qrey də sənə belə vurğundur?

Rəssam bir neçə dəqiqəliyinə fikrə getdi.

– Bilirəm ki, məndən xoşu gəlir. Adətən, mənimlə çox xoş davranır, biz bütün günü ikilikdə oluruq, söhbət edirik. Amma bəzən sanki məni incitməkdən həzz alır, kobudluq edir. Həmin anlarda başa düşürəm ki, bütün qəlbimlə bu adama bağlıyam. O isə elə bil mənim qəlbimi gül sanır. Bir yay günündə yaxasına taxdığı, sabahı isə çıxarıb atacağı gül.

– Yay günləri uzun olur, Basil, – lord Henri az qala pıçıltıya keçdi. – Bəlkə də, sən ondan daha tez bezəcəksən. Nə qədər qəmli olsa da, dühanın, ağlın ömrü gözəllikdən uzundur. Buna görə də biz biliyimizi artırmağa bu qədər səy göstəririk. Hə, Basil, mən düşünürəm ki, sən özün birinci ondan bezəcəksən. Bir gün dostuna baxanda onun gözəlliyinin qüsursuz olmadığını görəcəksən, tutaq ki, dərisinin rəngi xoşuna gəlməyəcək. Ürəyində dostunu qınayacaqsan sanki nədəsə qarşında günahkardır. Növbəti görüşdə onunla daha soyuq davranacaqsan…

– Elə demə, Harri. Mən Doriana ömürlük bağlanmışam. Sən məni başa düşməzsən, çünki özün tez-tez dəyişirsən.

– Ah, əzizim Basil, elə buna görə də sənin hislərini başa düşə bilirəm.

Lord Henri bir siqaret də çıxarıb yandırdı, ləzzətlə qüllab vurdu. Bu bağda adam özünü necə də rahat hiss edir! Yadına düşdü ki, xalasıgildə darıxdırıcı səhər yeməyinə artıq gecikib və özündən asılı olmayaraq bu əzabdan qurtardığına sevindi. Birdən nəsə xatırlayıb Basilə tərəf döndü:

– Mənim indi yadıma düşdü ki, Dorian Qrey haqqında bir dəfə eşitmişəm. Xalam demişdi ki, Dorian Qrey adlı maraqlı bir gənc ona bəzi işlərində kömək edir. Heyif, o vaxt bilməmişəm ki, söhbət sənin dostundan gedir.

– Yaxşı ki, bilməmisən.

– Niyə?

– Dedim axı istəmirəm siz tanış olasınız.

– Mister Dorian Qrey sizin emalatxananızdadır, ser, – gözlənilmədən bağçada peyda olan qulluqçunun sözləri Basili diksindirdi.

Lord Henri ürəkdən güldü:

– Aha, indi istər-istəməz özün bizi tanış edəcəksən.

Basil lord Henrinin gözlərinin içinə baxıb yumşaq səslə dedi:

– Dorian Qrey mənim ən əziz dostumdur. Təmiz, işıqlı qəlbi var. Bax ha, Harri, onu korlama! Ona təsir göstərməyə cəhd etmə. Sənin təsirin Dorian üçün öldürücü ola bilər. Mənim yaradıcılığıma ilham verən yeganə adamı əlimdən alma. Bir rəssam kimi, mənim bütün gələcəyim ondan asılıdır. Sənin vicdanına ümid edirəm, Harri, bunu unutma!

– Cəfəng sözlər danışırsan. – Lord Henri gülümsədi.

2

Basillə Henri içəri girəndə Dorian Qrey royalın arxasında oturub bəstəkar Şumanın “Meşə səhnələri” albomunu vərəqləyirdi.

– Bunu bir müddətə mənə verə bilərsinizmi, Basil? – deyə Dorian soruşdu. Başını albomdan qaldıranda lord Henrini gördü. Qızardı və dərhal ayağa qalxdı. – Oh, bağışlayın, Basil, qonağınız olduğunu bilmirdim.

– Tanış olun, Dorian, lord Henri Uotton mənim köhnə tələbə dostumdur.

– Sizin haqqınızda xalamdan – ledi Aqatadan, çox eşitmişəm, – lord Henri Doriana yaxınlaşıb əl uzatdı. – O sizi çox sevir.

– Yəqin, daha sevmir, – Dorian utancaqlıqla cavab verdi. – Keçən çərşənbə söz vermişdim ki, onunla bir yerdə klubda royalda çalacağıq. Amma unutdum. İndi gözünə görsənməyə qorxuram.

– Eybi yox, sizi barışdıraram. Onsuz da mənim xalam royalın arxasında təkbaşına iki adamın əvəzinə səs çıxarır.

Lord Henri heyranlıqla Doriana baxdı. Bu gənc, doğrudan da, çox yaraşıqlı idi. Mavi gözləri, qızılı saçları vardı. Sifətindəki səmimiliyi görən adamda ona qarşı bir doğmalıq, etimad yaranırdı. İndi lord Henri Basilin hislərini başa düşürdü.

Lord Henri divanda yayxanıb portsiqarını çıxardı:

– Belə yaraşıqlı bir gənc xeyriyyəçiliklə məşğul olmamalıdır. Yox, siz bu işə yaramırsınız, mister Qrey.

Basil fırçanı götürüb rəngləri qarışdırırdı. Lord Henrinin son sözlərini eşidəndə narahatlıqla onun üzünə baxdı, bir qədər tərəddüddən sonra dedi:

– Harri, mən bu gün Dorianın portretini bitirmək istəyirəm. Səndən getməyini xahiş etsəm, inciməzsən ki?

Lord Henri təbəssümlə üzünü Dorian Qreyə çevirdi:

– Nə deyirsiniz, mister Qrey, gedim?

– Xahiş edirəm, getməyin, lord Henri. Axı siz heç izah da etmədiniz ki, nəyə görə mən xeyriyyəçiliklə məşğul olmamalıyam.

– Etiraz etmirsən, Basil? – Lord Henri bu dəfə dostuna üz tutdu.

Rəssam dodağını dişlədi:

– Əlbəttə, Dorian istəyirsə, qal… Sizsə Dorian, bu körpücüyün üstünə çıxın və otərəf-butərəfə az fırlanın.

Dorian üzünə əzabkeş ifadə verib Basilin göstərdiyi körpücüyə qalxdı və lord Henri ilə baxışdı. Rəssam həvəslə işləyir, Henri eyni həvəslə danışırdı, gənc isə ona qulaq asırdı. Basilin dostu Dorianın xoşuna gəlirdi, onun səsi də qulaq oxşayırdı.

– Həyatın mənası – özünü ifadə etməkdədir. Bunun üçün yaşayırıq. Ancaq adamlar özləri özlərindən qorxurlar. Unudublar ki, ən ali borc insanın öz qarşısında borcudur. Əlbəttə, onlar başqalarına qarşı mərhəmətlidirlər, xeyriyyəçilik edirlər, acları yedizdirirlər, paltarsızı geyindirirlər. Amma öz qəlbləri lütdür, acından ölürlər. Biz cəsarətimizi itirmişik. İctimai rəydən qorxuruq, dindən qorxuruq. Günah işlətmək qorxusundan yaxa qurtarmağın yeganə yolu elə günah işlətməkdir. Bununla siz birdəfəlik qorxunuzdan azad olacaqsınız. Əks təqdirdə qadağan olunmuş meyvədən dadmaq istəyi ömrünüz boyu sizdən əl çəkməyəcək…

– Dayanın, dayanın, – Dorian Qrey lord Henrinin sözünü kəsdi. – Sizinlə mübahisə etmək də olar, amma mən söz tapa bilmirəm… Daha heç nə deməyin, qoyun bir az fikirləşim.

Dorian on dəqiqə yerində donmuş vəziyyətdə qaldı. Gözlərində qəribə parıltı yaranmışdı. Bu vaxtadək onu yalnız musiqi həyəcanlandırırdı. İndisə o lord Henrinin sözlərindən həyəcana gəlmişdi. Sadəcə sözlərdən. Amma bu sözlər necə də qəddar, eyni zamanda cəlbedicidirlər! Onlardan qaçmaq imkansızdır! Dorian əvvəllər başa düşə bilmədiyi çox şeyi lord Henrinin sözlərindən sonra başa düşdü. Görəsən, niyə indiyədək bunlar onun öz ağlına gəlməyib?!

Lord Henri güclə sezilən bir təbəssümlə Dorianı izləyirdi. Nə vaxt danışmaq, nə vaxt susmaq lazım gəldiyini o, yaxşı bilirdi. Bu yaraşıqlı gənc get-gedə lord Henrini daha çox maraqlandırırdı.

– Basil, mən yoruldum, – deyə Dorian, nəhayət, sükutu pozdu. – Havaya çıxmaq istəyirəm, bura çox bürküdür.

– Ah, bağışlayın, dostum. Mən işləyəndə hər şeyi unuduram. Bilmirəm, Harri sizə nə deyirdi, amma sifətinizdə ecazkar bir ifadə var idi. Yəqin, sizi tərifləyirdi.

– Nə desə də, mən ona inanmırdım.

– Özünüz də bilirsiniz ki, hər sözümə inanırdınız. – Lord Henri fikirli-fikirli Doriana baxdı. – Basil, mən də bağçaya çıxıram, bura dözülməz dərəcədə istidir.

– Amma Dorianın başını orada çox qatma. Mən hələ işləmək istəyirəm. Bu əsər əsl şedevr olacaq.

Dorian bağçada yasəmənləri iyləyirdi. Lord Henri yaxınlaşıb arxadan yüngülcə onun çiyninə toxundu.

– Siz qəribəsiniz, mister Qrey. Özünüz düşündüyünüzdən çox şey bilirsiniz, amma daha çox bilmək istəyirsiniz.

Dorian hiss edirdi ki, yanındakı adamdan qorxur və bundan utanırdı. Bax, Basillə o, xeyli vaxtdır tanışdır. Lakin bu tanışlıq onda heç bir daxili dəyişikliyə səbəb olmayıb. Amma Basilin dostu ortaya çıxdığı andan Dorianın həyata baxışlarına yenilik gətirdi. Nə olsun? Məgər buna görə lord Henridən qorxmaq lazımdır?

Lord Henri Doriana oturmağı təklif etdi:

– Gəlin, kölgəlikdə əyləşək. Günün altında dəriniz korlana bilər.

– Bunun əhəmiyyəti yoxdur. – Dorian güldü.

– Sizin üçün böyük əhəmiyyəti var, mister Qrey. Siz hələ gənc və gözəlsiniz. Gənclik isə qorunmağa layiq olan ən böyük nemətdir. İndi bunu başa düşməyə bilərsiniz, amma qocalıb beliniz büküləndə, alnınızı dərin qırışlar kəsəndə başa düşəcəksiniz. İndi hamını valeh edirsiniz. Üz-gözünüzü turşutmayın, bu, həqiqətən, belədir. Gözəllik ağıl və dühadan üstündür. Çünki onu sübut etməyə ehtiyac yoxdur. Həyatın əsl sirri gizlədilən yox, gözlə görünən gözəllikdədir. O sizə başqalarının üzərində hakimiyyət verir. Amma həmişəmi belə olacaq? Tezliklə Allah verdiyi bu neməti əlinizdən alacaq. Gözəlliyiniz cavanlıqla bir gedəcək. Və onda görəcəksiniz ki, böyük qələbələrin vaxtı ötüb, kiçik uğurlarla kifayətlənməli olacaqsınız. Həyatınızdan ötən hər ay sizi ümidsiz gələcəyə yaxınlaşdıracaq. Zaman sizi Allahdan verilmiş gözəlliyinizə qısqanır, mister Qrey. Onu əlinizdən alacaq, yanaqlarınız solacaq, gözlərinizin parıltısı itəcək. Ona görə də, hələ ki, əlinizdədir, gəncliyinizdən həzz alın, heç nəyi qaçırmayın, ehtiraslarınızı boğmayın, heç nədən qorxmayın! Sizin üçün mümkün olmayan heç nə yoxdur. Bu dünya bir müddətə sizə verilib… Bunu mən ilk baxışdan anladım. Məni heyran qoydunuz və başa düşdüm ki, sizə özünüzü dərk etməkdə kömək göstərməliyəm.

Dorian acgözlüklə lord Henrini dinləyirdi. Əlindəki yasəmən budağı yerə düşdü. Həmin dəqiqə tüklü bir arı onun üstünü kəsdirdi. Çiçəkdən-çiçəyə qonub bütün budağı gəzdi. Sonra uçub aralıda başqa bir gülün ləçəklərinin arasına girdi. Dorian bu səhnəni elə diqqətlə izləyirdi ki, hətta arının qonduğu gülün xəfif titrəyişini də hiss etdi.

Elə bu an Basil emalatxananın qapısından onları səslədi. Geri qayıdanda lord Henri Doriana baxdı:

– Mənimlə tanış olduğunuza şadsınız, mister Qrey, deyilmi?

– Hə, şadam. Amma bilmirəm, həmişə belə olacaq, ya yox.

– Həmişə… – lord Henri gülümsədi. – Çox dəhşətli sözdür! Qadınlar bu sözü həddən artıq çox işlədirlər. Əyləncə ilə əbədi sevginin arasında fərq ondadır ki, əyləncənin ömrü daha uzun olur.

Emalatxanaya daxil olanda Dorian əlini lord Henrinin çiyninə qoydu:

– Elə isə, qoy bizim dostluğumuz da bir əyləncə olsun.

Dorian təzədən körpücüyün üstünə çıxdı. Rəssam fırçasını götürdü. Lord Henri kresloda oturub onları seyr edirdi.

– Hazırdır! – Nəhayət, Basil təntənəli surətdə elan etdi və əyilib rəsmin sol küncündə qırmızı hərflərlə öz adını yazdı.

Lord Henri qalxıb portretə yaxınlaşdı.

– Təbrik edirəm, əzizim Basil. Müasir rəsm əsərlərinin içərisində bundan yaxşısını görməmişəm. Mister Qrey, gəlin, özünüz də baxın.

Dorian molbertin önünə keçdi, portretə tərəf döndü və heyrətdən bir addım geri çəkildi. Rəsmdəki bu gözəl sifəti ilk dəfə görürmüş kimi, sevincdən gözləri parıldadı. İndiyədək o öz gözəlliyinə əhəmiyyət vermirdi, Basilin komplimentlərini dost tərifi kimi qəbul edirdi, zarafata salırdı. Amma lord Henrinin ötəri gənclik və gözəlliyə oxuduğu himnə qulaq asandan sonra portret Dorianı çox həyəcanlandırmışdı. Dorian rəsmə baxır və bayaq lord Henrinin təsvir etdiyi gələcəyini açıq-aydın orada görürdü. Bir gün bu sifət solacaq və qırışacaq, gözlərin parıltısı itəcək, qamət əyiləcək. Zaman dodaqlarını qurudacaq, qızılı saçlarını ağardacaq.

Sanki kimsə Dorianın ürəyini soyuq ovuclarında tutub sıxırdı. Bədənindən üşütmə keçdi.

– Portret xoşunuza gəlmədi? – deyə Basil incik-incik Doriandan soruşdu.

Onun əvəzinə lord Henri cavab verdi:

– Əlbəttə ki, xoşuna gəldi. Şedevrdir. Bu portretə nə qədər istəsən, verməyə hazıram. Onu almaq istəyirəm.

– Harri, mən bu rəsmi sata bilmərəm. O mənim deyil, Dorianındır.

– Xoşbəxt!

– Yox, bu çox kədərlidir, – Dorian gözlərini portretdən çəkmədən söhbətə qarışdı. – Mən qocalacağam, eybəcərləşəcəyəm, portretim isə əbədi cavan qalacaq. O, həmişə mənim bu iyul günündə olduğum kimi qalacaq. Ah, kaş tərsinə olaydı! Bu portret qocalaydı, mənsə həmişə cavan qalaydım. Bunun üçün hər şeydən keçərdim, qəlbimi də verərdim.

Lord Henri güldü:

– Bu, Basil, yəqin ki, sənin heç xoşuna gəlməzdi. Onda rəssamların taleyi çox ağır olardı.

– Əlbəttə, – deyə Basil Dorianın fikrinə etirazını bildirdi.

Dorian hirslə rəssamın gözlərinin içinə baxdı:

– Mən gözəlliyi əbədi olan hər şeyə həsəd aparıram. Çəkdiyiniz bu portretə də həsəd aparıram. Çünki onun qoruyub saxlayacağı gözəlliyi və gəncliyi mən itirməyə məhkumam. Ah, kaş dəyişən portret olaydı, mənsə həmişə indiki kimi qala biləydim. Axı niyə siz bu portreti yaratdınız? Vaxt gələcək, o məni ələ salıb güləcək.

Dorianın gözündən yaş axdı, o, divanın üstünə yıxılıb yastıqla üzünü qapadı.

– Bunu sən elədin, Harri. – Basil acı-acı köks ötürdü.

Lord Henri çiyinlərini çəkdi:

– Sadəcə, əsl Dorian Qrey, nəhayət, dilə gəlib, vəssalam.

– Mən iki yaxın dostumla, eyni zamanda münasibətlərimi korlamaq istəmirəm. Amma ikiniz də məndə ən gözəl əsərimə nifrət hissi oyatdınız. Bu rəsm dostluğumuzun axırına çıxmadan mən onu məhv etməliyəm.

Basilin iti rəssamlıq alətlərindən birini əlinə aldığını görən Dorian yerindən sıçrayıb onun qarşısını kəsdi.

– Yox, Basil, cırma! Bu, qətl törətməyə bərabərdir.

– Deməli, – Basil soyuq tərzdə dedi, – siz mənim əsərimi qiymətləndirirsiniz? Mən artıq buna ümidimi üzmüşdüm.

– Qiymətləndirirəm? – Dorian souşdu. – Bilmək istəsəniz, mən bu rəsmə aşiqəm. Sanki o mənim canlı bir parçamdır.

– Lap yaxşı. Bu “canlı parçanızın” rəngləri tam quruyanda, onu çərçivəyə salıb evinizə göndərərəm. İndisə, yəqin ki, çay içməkdən imtina etməzsiniz.

Çay masası arxasında lord Henri Basili və Dorianı teatra dəvət etdi.

– Frak geyməkdən zəhləm gedir, – Basil mızıldandı. – Həm də işlərim çoxdur.

– Mənsə böyük məmnuniyyətlə sizinlə teatra gedərdim, lord Henri, – deyə Dorian dərhal razılıq verdi.

Rəssam dodağını dişlədi, qalxıb əlində fincan, portretə yaxınlaşdı:

– Elə isə mən burada əsl Dorianla qalacağam.

– Sizcə, əsl Dorian budur? – Dorian Qrey gəlib Basilin yanında dayandı. Rəssam gənc dostunu lord Henridən ayırmağa bir daha cəhd göstərdi:

– Bu gün teatra getməyin, Dorian, qalın, birlikdə şam edək.

– Yox, mən lord Henriyə söz vermişəm.

Vidalaşanda Basil Doriandan sabah onun yanına gəlməyini xahiş etdi. Sonra köhnə dostuna tərəf döndü:

– Harri, səhər bağdakı xahişimi unutma!

– Artıq unutmuşam. Nəyi deyirsən?

– Bax ha! Mən sənə etibar edirəm.

Lord Henri gülə-gülə cavab verdi:

– Heç mən özüm-özümə etibar etmirəm.

Qonaqlar gedəndən sonra Basil divanda oturdu. Sifətindən ağrı keçirdiyi sezilirdi.

Darmowy fragment się skończył.

399 ₽
2,57 zł
Ograniczenie wiekowe:
6+
Data wydania na Litres:
07 października 2022
Objętość:
6 str. 11 ilustracje
ISBN:
9789952242102
Właściciel praw:
Altun Kitab / Алтын Китаб

Inne książki autora