Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Maresi»

Czcionka:

Mən Maresi Eresdotterəm. Bunları 32-ci Ana İdarəçiliyinin 19-cu ilində qeydə alıram. Dörd ildir Qızıl Monastırdayam. Dörd il ərzində monastırın tarixi haqqında yazılmış bütün mətnləri birər-birər oxumuşam. Rahibə O. mənim də yazdıqlarımın digər əlyazmalar arasına qoyulacağını dedi. Bu, mənə bir az qəribə gəlir. Mən nə Monastır Anası, nə də təcrübəli rahibəyəm. Amma Rahibə O. baş verənləri sənin yazman önəmlidir deyir, başqa birinin bu barədə danışması etibarlı sayılmaz.

Mən oradaydım.

Mən hekayəçi deyiləm. Amma yaxşı hekayəçi olmağımı gözləsəm, demək istədiyim şeylərin çoxunu unuda bilərəm. Ona görə də xatirələrimi indi isti-isti, hələ təzə ikən yazıram. O vaxtdan çox zaman keçməyib, yalnız bir bahar. Yaddaşımdan silinməyən o qorxunc hadisələri unutmaq üçün əlimdən gələni edərdim. Qan qoxusu. Qırılan sümük səsləri. Bunları bir daha xatırlamaq istəmirəm. Fəqət, məcburam. Ölüm haqqında yazmaq çox çətindir. Lakin çətindir deyə bir kənara qoya bilmərəm.

Monastır unudulmasın deyə yazıram. Baş verənləri özüm də anlamaq istəyirəm. Oxumaq həvəsim ətrafı daha yaxşı anlamağım üçün mənə yardımçı oldu. Yazmağımın da belə olacağını düşünürəm.

Sözlərim üzərində çox düşünürəm. Olanları təhrif etmədən və mahiyətini azaltmadan ifadə etmək üçün hansı sözlərdən istifadə etməliyəm? Sözlərin dəyərini bilməliyəm. Yalnız olanlar haqqında yazmaq üçün əlimdən gələni edəcəyəm. İşimi layiqincə yerinə yetirməsəm Tanrı məni bağışlasın.

Bir hekayənin harada başlayıb harada bitəcəyini bilmək çox çətindir. Sonu harada olacağını bilmirəm. Başlamaq daha asandır.

Hər şey Jai monastıra gələndən sonra başladı.

Jainin monastıra gəldiyi o yaz səhəri dəniz sahilində balıqqulağı toplayırdım. Səbətim yarısına qədər dolmuşdu. Bir az dincəlmək üçün daşın üstündə oturdum. Sahil kölgə idi, günəş Bəyaz Qadın Dağını aşmamışdı. Ayaqlarım üşümüşdü. Dalğalar ayağımın altındakı yumru daşları oynadırdı. Suyun kənarına qırmızı ayaqlı bir quzğun qondu. O da ilbiz axtarışında idi. Bir fırtına quşu uzun dimdiyi ilə ilbizi parçalayan zaman Dişlər dediyimiz dənizin içindən yüksələn uzun və incə qayaların yaxınlığında kiçik bir gəmi göründü.

Adət etdiyim tərəfdən gəlsəydi diqqətimi çəkməzdi. Hər ay buralarda bir neçə balıqçı gəmisi görünürdü. Bizimlə alış-veriş edən balıqçılar ya quzeydəki materikdən, ya da balıqla zəngin olan şərqdəki adalardan gəlirdilər. Gəmiləri çox fərqli idi; gövdələri bəyaz rəngli, yelkənləri səma kimi mavi, iki-üç nəfərlik kiçik gəmilər idi. Bir də materikdən bizim zəruri ehtiyaclarımızı, bəzən də, yeni rahibə namizədlərini gətirən gəmilər vardı. Bunlar şişman, ağır-ağır irəliləyən gəmilər idi. Bu gəmilərdə quldurlara qarşı durmaq üçün silahlı adamlar olurdu. Mən də adaya dörd il bundan əvvəl belə bir gəmi ilə gəlmişdim. Dənizi ilk dəfə gəmiyə minərkən görmüşdüm. Sahilə ən yaxın Dişdən dönüb bizim limana yönələn gəmi tamam başqa idi. Beləsini bir neçə dəfə görmüşdüm. Onlar uzaq, çox uzaq ölkələrdən gəlirdilər. Bu cür gəmilər balıqçıların gəldiyi tərəfdən, materikdən gəlirdilər. Sahil boyunca irəliləyər, ehtiyac olmadan dərin sulara baş vurmağa cəsarət etməzdilər. Bizim adamız çox kiçik olduğundan onu tapmaq çox çətin idi. Rahibə Loeni adanı Qadın Ananın qoruduğunu deyəndə Rahibə O. bacarıqsız dənizçilər haqqında burnunun altında nəsə mızıldanardı. Məncə, ada özü özünü qoruyurdu. Lakin bu gəmi qərb tərəfdən gəlib bizi tapmışdı. Yelkəni zərif, gövdəsi boz idi. Bozu dənizdə görmək çətin olur. “Baxın, mən gəlirəm!” deyən gəmilərdən deyildi.

Gəmi kiçik limana yaxınlaşırdı. Mən yerimdən sıçrayıb limana doğru qaçdım. Balıqqulaqlarını da, səbəti də unutmuşdum. Rabibə Loeni görsəydi, həmişəki kimi, məni tənbeh edərdi. Çox çılğınsan, Maresi, deyərdi. Anaya bax. Heç o, işini yarımçıq buraxar?

Ananın işini yarımçıq buraxmasını düşünməzdim, əlbəttə. Lakin Ananı ayaq barmaqları arasında dəniz yosunları, şalvarını dizlərinə qədər qatlanmış halda ilbiz topladığını da xəyal etməzdim. Yəqin, bir zamanlar mənim kimi rahibəliyə namizəd olarkən o da ilbiz toplamışdı. Əslində, Ananın kiçik bir qız olmasını təsəvvür edə bilmirdim. Ağlıma yerləşmirdi.

Rahibə Veerk və Rahibə Nummel gəmini qarşılamağa gəlmişdilər. Bütün diqqətlərini yaxınlaşan gəmiyə yönəltdiklərindən məni görmədilər. Körpünün cırıldayan taxtaları məni ələ verməsin deyə ehtiyatla irəliləyirdim. Rahibə Nummelin orada nə işi olduğu mənə çox maraqlı idi. Balıqçılarla alış-veriş işinə Rahibə Veerk baxar, Rahibə Nummel isə, yalnız, kiçik rahibələrlə məşğul olardı.

“Ana bununmu gələcəyini görmüşdü?” – Rahibə Nummel dedi. O, əlini gözünün üstünə qoyub gəmiyə baxırdı.

“Hər halda, bu olar”, – Rahibə Veerk dedi. Əmin olmadığı mövzuda heç bir fikir söyləməzdi.

“Kaş elə olmasın. Ananın trans halında söylədiklərini yozmaq çətindir, lakin mesaj çox açıqdır”. Rahibə Nummel onun başıörtülü dediklərini düzəltdi: “Təhlükə. Böyük təhlükə”.

Ayaqlarımın altındakı taxta cırıldadı. Rahibələr mənə tərəf döndülər. Rahibə Nummel qaşlarını düyünlədi.

“Maresi! Burda nə gəzirsən? Sən bu gün Ocaq Evində işləməyəcəkdin?”

“Şey,” – cavab verməkdə çətinlik çəkdim, – “burada balıqqulağı toplayırdım. Sonra bu gəmini gördüm”.

Rahibə Veerk başı ilə işarə etdi.

“Bax, yelkənlərini yığır”.

Adamların manevr edərək körpüyə yaxınlaşmalarını səssizcə izlədik. Gəmidə bu qədər az adam olması qəribə idi. Ön göyərtədə dayanan saqqallı, mavi jaketli yaşlı adam kapitan olmalı idi. Ondan başqa daha üç adam gördüm. Onların üzündə sərt bir ifadə var idi. Kapitan körpüyə çıxdı. Rahibə Veerk onun yanına getdi və onlar danışmağa başladılar. Sakitcə yaxınlaşıb onların nə danışdıqlarına qulaq asmaq istədim, lakin Rahibə Nummel qolumdan tutub getməyimə mane oldu. Bir qədər sonra Rahibə Veerk yanımıza qayıtdı. Rahibə Nummelin qulağına nəsə pıçıldadı. Nummel qolumdan tutub məni oradan uzaqlaşdırdı.

Rahibə Nummelə diqqət etdim, lakin marağımı ödəyə bilmədim. Rahibəliyə namizədlərin yanına xəbərlə dönmək istəyirdim. Başımı çevirib baxdım. Kapitanın gəminin içində kiməsə kömək etdiyini gördüm. Balaca bir qız idi. Sarı saçları zərif çiyinlərinə tökülmüşdü. Əynində qəhvə rəngli qolsuz manto var idi. Onun altından bir zamanlar ağ olduğu bilinən köynək geyinmişdi. Hərəkət edəndə mantosunun düşündüyüm kimi ipəkdən olmadığını anladım. Kirdən parıldayırdı. Üzünü görə bilmədim. Atdığı addımlarını sayırmış kimi başını yuxarı qaldırmırdı. Sanki addımlarını basdığı yerə güvənmirdi. Bu, adını sonradan öyrənəcəyim Jai idi.

Rahibə Nummelin məni oradan uzaqlaşdırmaq istəməsini anlamadım. Jai sonunda bizim yanımıza gəldi. Uzun saçları daranmışdı, lakin hələ də kirli idi. Bizim geyindiklərimiz qiyafədən geyinmişdi: qəhvə rəngli şalvar, ağ köynək və ağ yaylıq. İlk dəfə gördüyüm zaman geydiyi manto da əynində idi.

Jai mənim yanımdakı yatağa yerləşdi. Yeni gələn rahibəliyə namizədlər, adətən, kiçik olduqlarından kiçik rahibəliyə namizədlərin yataqxanasına yerləşdirilirdi. Jai biz böyüklərlə qalacaq yaşda idi. Mənim on üç yaşım var idi. Jai məndən, təxminən, bir ya da iki yaş böyük olardı.

Mənim yatağımın yanındakı yataq boş idi. Yatağın köhnə sahibi Joem Rahibə Ersin yanına təyin olunmuş, Ocaq Evinə daşınmışdı. Ersin tələbələri digər rahibəliyə namizədlərin yataqxanasında qalmazdı. Ocağın alovunu sönməyə qoymamalı, vaxtında Həvva adına qurban kəsilməli idi. Joem Ocaq xidmətçisi olacağı üçün özünü çox önəmli biri kimi aparır, hər kəsin ona paxıllıq etdiyini düşünürdü. Adaya təzə gələndə Ocaq Evində qalmaqdan daha önəmli bir şey olmadığını düşünürdüm. Hər tərəf yeməklə dolu idi. Mədəm aclıqdan qırıldığımız o qışı hələ də unutmamışdı. Lakin Rahibə Ersin nə qədər zəhmli olduğunu, tələbələrinə artıq yemək götürməsinə qətiyyən imkan vermədiyini gördükdən sonra bu fikrim dəyişdi. Bir fikirləşin: yeyəcəklərə toxunur, yemək qoxuları alır, yemək bişirir, lakin yemirsiniz!

Üstəlik, Joem yuxuda sayıqlayırdı. Yəni ondan ötrü heç darıxmırdım. Jai yatağına oturdu. Böyük, kiçik bütün rahibəliyə namizədlər hər yeni gələnə etdikləri kimi onun başına toplaşdılar. Kiçik qızlar onun kətan yaylığının altından çiyinlərinə tökülən saçlarına heyranlıqla baxırdılar. Günəşdən qorunmaq üçün yaylıq bağlayar, lakin saçlarımızı yığmazdıq. Heç vaxt kəsməzdik də. “Gücümüz saçlarımızdadır”, – Rahibə O. deyərdi.

Daha böyük qızlar haradan gəldiyini, yolçuluğun necə keçdiyini, bura gəlməzdən öncə monastır haqqında nəsə bildiyini Jaidən soruşdular. Jai lal-dinməz oturmuşdu. Sifəti açıq olsa da rəngi solğun idi. Gözlərinin altı qapqara yanmışdı. Sualları cavabsız qoyaraq ətrafına baxırdı.

Yatağımdan qalxdım.

“Bəsdirin”, – dedim, – “işləriniz sizi gözləyir. Hər kəs öz işini görsün”.

Sözümü eşitdilər. Gəldiyim ilk günləri düşünəndə bu, mənə çox qəribə gəlirdi. Məni ələ salır, dediyim heç bir şeyi dinləməzdilər. Dörd il idi burada idim, amma nə bir evə, nə də bir rahibəyə bağlı idim. Adaya məndən əvvəl gələn rahibəliyə namizəd Ennike də mənim günümdə idi.

Jaiyə təmiz paltarlarımızı qoyduğumuz dolabı göstərdim. Çöldəki ayaqyolunun yerini deyib yatağını düzəltməyə kömək etdim. Etdiklərimə diqqətlə göz qoyurdu, lakin hələ bir kəlmə də kəsməmişdi.

“Bu gün sənin bir iş görməyinə gərək yoxdur”, – dedim və yorğanının kənarını içəri bükdüm. “Axşam Gül Məbədinə şükran ayininə gedərik. Narahat olma, lazım olan hər şeyi sənə başa salacam. Axşam yeməyinə az qalıb. Bir azdan Ocaq Evinə gedəcəyik”.

Jai hələ də susurdu.

Nə dediyimi başa düşürsən?” mehribanlıqla ondan soruşdum. Bəlkə, çox uzaqdan gəlib və bizim dilimizi anlamır. Adaya təzə gələndə mən də belə idim. Rovas, Urundien, Lavora kimi uzaq ölkələrdən gələnlər sahil ləhcəsində danışılan dilləri bilməzdilər. Sahil dilləri bir-birinə çox bənzəyirlər. Tələffüz və bəzi sözlərin fərqinə baxmayaraq ünsiyyət qura bilirdilər. Rahibə O. dil yaxınlığını sıx ticarət əlaqələrində görürdü. Monastıra gəldiyim birinci il dili öyrənənə qədər çox əziyyət çəkmişdim.

Jai başını yellədi və, birdən, danışdı.

“Burada kişi yoxdur?”

Səsində adamı sarsıdan bir dərinlik var idi. Əvvəllər eşitmədiyim bir aksentlə danışırdı.

Başımı buladım.

“Xeyr”, dedim, “kişilər bu adaya girə bilməz. Alış-veriş etdiyimiz balıqçılar belə. Rahibə Veerk alış-verişi körpüdə edir. Əlbəttə ki, erkək heyvanlarımız var. Dalaşqan bir xoruzumuz və bir neçə təkəmiz. Olan qalan erkəklərimiz bunlardır”.

“Bəs işlərinizi kim görür? Heyvanlara kim baxır, tarlaları kim şumlayır, sizi kim qoruyur?”

Onu yataqxananın hündür dar qapısına tərəf apardım. Burada bir-birinə bənzəməyən xeyli qapı var idi. Onların bizi qoruduğunu dedim. Bir dəfə iyirmiyə yaxın qapıdan keçdiyimi saymışdım.

Gəldiyim yerdə yalnız iki qapı var idi: klubumuzun və çöldəki ayaqyolunun qapıları. Siyirtmələri də dəmirdən deyil, dəridən idi. Onları da atam düzəltmişdi. Ayaqyolunun qapısını içəridən məftil bir dilçiklə bağlayırdıq. Bacım Naraes ayaqyoluna gedəndə qardaşım Akios kiçik bir taxta parçasını qapının arasından soxub dilçiyi qaldırar, ayaqyolunun qapısını açar, Naraesi cinləndirərdi.

Jaiyə ada haqqında danışdım: “Ada daşlı-kəsəkli olduğundan burada taxıl əkmirik. Taxıl ehtiyacımızı kənardan ödəyirik. Amma bostanlarımız var, bir də zeytun bağımız. Rahibələr şərab da düzəldirlər. İldə bir neçə dəfə önəmli günlərdə içirik”.

İsti axşam günəşinə çıxdıq. Yaylığımı gözümün üstünə çəkdim. Rahibə Loeni belə etməyimi xoşlamazdı, çox çirkin görünür deyərdi. Amma mən də günəşin gözlərimə girməsini sevmirdim.

“Bizim keşikçiyə ehtiyacımız yoxdur. Bura çox az gəmi gəlir. Monastırın nə qədər dik qaya üzərində tikildiyini, divarların nə qədər hündür olduğunu görmədinmi? Monastırın, yalnız, iki giriş qapısı var. Biri dəniz tərəfdən, sənin gəldiyin qapı – çox qalındır və çox sağlam siyirtmələri var. Keçi Qapısı adlandırdığımız digər qapı isə divarların dağa baxan tərəfindədir”. İşarə ilə göstərdim. “Keçiləri dağın yamacındakı kiçik otlaqda otarırıq. Buranı tanımayan adam dağ tərəfdəki qapını tapa bilməz. Rahibələrin adaya gəldiyi birinci il quldurlar basqın etmişdilər. Divarları buna görə hörüblər. Adada bizdən başqa heç kim yaşamır. Yəni kimdənsə qorunmağa ehtiyac yoxdur”. Qadadan bəladan uzaq olmaq üçün sağ əlimin şəhadət barmağı ilə sol ovcumun içində dairə cızdım. “Hamımız Qadın Ananın xidmətçisiyik. Lazım olsa o, bizi qoruyar”.

İç həyət boş idi. Bəlli idi ki, hamı çoxdan Ocaq Evinə getmişdi. Adaya təzə balıq gətirilməsi sorağı yayılanda həmişə belə olurdu. Monastıra gəlməzdən qabaq, yalnız, qurudulmuş balıq yemişdim. Dadı-tamı yox idi. Rahibə Ers yeməklərə müxtəlif göyərtilər və ədviyyatlar qatardı. İlk gün bişirdiyi yeməkdən bir qaşıq yeyən kimi tüpürmək istəmişdim. Dadı mənə çox dəyişik gəlmişdi. Rahibələrin sərt, qınayan baxışlarına görə tüpürə bilməmişdim. Yaxşı ki, belə olmuşdu. Başqalarının məni belə görməsini istəməzdim. Onsuz da özümü çox utancaq və adamayovuşmaz sayırdım. Daha sonra bütün bu adət etmədiyim dadların adlarını və haradan gətirildiyini öyrənəcəkdim. Şərqdən darçın, quzeydəki ölkələrdən qazayağı gətirilirdi. Sarıkök ilə kəklikotunu bizim dağın ətəklərindən toplayırdıq.

Jaiyə baxdım. İlk dəfə adaya gələndə keçirdiyim hisləri, yəqin, o da keçirirdi. Onu ürəkləndirmək üçün qoluna toxunmaq istədim. Lakin Jai onu vuracaqlarmış kimi ürpənərək geri çəkildi. Əllərini üzünə qapayıb dayandı. Yanaqları daha da solmuşdu.

Yavaşca “Qorxma” dedim. “Sadəcə, sənə bütün evləri göstərmək istəyirdim. Bax, oradakı Hamamxanadır. Sabah tezdən ora gedəcəyik. Bu pilləkənlər Məbəd Həyətinə, Mədrəsəyə, Rahibələr Evinə və Gül Məbədinə çıxır. Qərbə baxdığından Axşam pilləkənləri deyilir”.

Jainin barmaqları arasından baxdığını görüb danışmağa davam etdim.

“Bu uzun, dar pilləkənin adı Ay Pilləkənidir. İki yüz yetmiş pilləsi var! Özüm saymışam. Ananın otağı oradadır. Ana ilə qarşılaşdın elə deyilmi?”

Jai əllərini aşağı salıb başı ilə işarə etdi. Ana ilə qarşılaşdığını bilirdim, çünki bura gələn bütün qızlar əvvəlcə Ananın yanına götürülürdü. Sadəcə, Jai rahatlasın deyə soruşdum.

“Bu pilləkənlərə nadir hallarda çıxırıq. İndi isə Şəfəq pilləkəninə gedəcəyik. Ocaq Evinə və depoya buradan çıxırıq. Hə, tez ol gəl”.

Daha ona toxunmağa cəsarət etmədim. Qabağa düşüb dalımca gəlməsini gözlədim. Gəldi. Bir neçə addım aralıdan məni izlədi. Rahat olsun deyə danışmağa davam etdim. Yumurtaları yığanda ürkməsinlər deyə toyuqlarla da dayanmadan danışırdım. Rahibə Mareane belə etməyimə gülər, lakin mane olmazdı. O, məni hər zaman susdurmağa çalışan Rahibə Loeni kimi deyildi. Ürkək heyvanların xoş sözlərlə sakitləşdiklərini bilirdi.

“Burda nə qədər gözəl yeməklər yediyimizi bilsən, təəccüblənərsən. İlk dəfə hər axşam ət ya da balıq yeyəcəyimizi eşidəndə gülmüşdüm. Zarafat etdiklərini düşünmüşdüm. Hər gün ət yemək! Amma zarafat deyilmiş. Çox vaxt balıq ya da keçi əti yeyirik. Bəzi rahibəliyə namizədlər həddindən artıq keçi əti yediyimizi düşünür. Amma mən onlara qatılmıram. Rahibə Ers keçi ətindən çox fərqli və gözəl yeməklər bişirir. Keçi sosisi, keçi əti qızartması, qurudulmuş keçi əti. Əlbəttə, keçi südü də içirik. Bir də çeşidli pendirlər düzəldirlər. Toyuqların daha çox yumurta-larından faydalanırıq. Bəzən, Rahibə Ers quş əti də bişirir. Qcaq Evinə o cavabdehdir. Hər rahibənin öz vəzifəsi var. Vaxt olduqca bunların hamısını öyrənəcəksən”.

Ocaq Evinin qarşısındakı bağçaya çatanda burnuma balıq və qaynadılmış yumurta qoxusu gəldi. Qarnım quruldamağa başladı. Nə qədər yesəm də aclıq hissindən qurtula bilmirdim. Aclıq çəkdiyimiz o qışdan sonra belə olmuşdum.

Ocaq Evinə çatanda “Burda hamı eyni yemək yeyir”, dedim. “Ən kiçik rahibəliyə namizədlərdən tutmuş ən böyük rahibələrə qədər, hətta Ana belə. Yalnız atılmış Məbəddəki rahibələr fərqli şeylər yeyirlər. Əvvəl biz rahibəliyə namizədlər, sonra rahibələr yeyir. Yuyunanada da bu sıra gözlənilir. Sabah bunu özün görəcəksən”.

Ocaq Evinin qapısını açdım. Bu qapıdan həmişə çörək ətri gəlir. Adaya ilk gəldiyim günlərdə dadı da çörək kimidir deyə maraq etmiş və fındıq rəngli taxtanı yalamışdım. Rahibə O. nə qədər axmaq olduğumu deyib düz bir ay bu barədə danışmışdı. Artıq burada köhnəyəm, amma qapıdan hələ də çörək ətri gəlir.

Jainin yenidən dili batdı. Mən həddindən artıq danışmışdım. Ən azından Rahibə Loeni belə deyirdi. Jainin ürkəkliyi bir az keçmiş, hər an qaçmaq istəyi keçmişdi. Yanımda oturdu. Joem qarşısına bir parça qaynadılmış balıq, yumurta və qaynadılmış yerkökü qoydu – adanın güneyindən toplanmışdı. Kələm yerinə yerkökü olmasına sevindim. Sürəkli kələm yeməkdən, bəzən, qusmağımız gəlirdi.

399 ₽
7,42 zł
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
27 października 2022
Tłumacz:
Właściciel praw:
Alatoran yayınları / Алаторан
Tekst, format audio dostępny
Średnia ocena 5 na podstawie 1 ocen
Tekst, format audio dostępny
Średnia ocena 4 na podstawie 2 ocen
Audio
Średnia ocena 5 na podstawie 1 ocen
Audio
Średnia ocena 4,3 na podstawie 4 ocen
Audio
Średnia ocena 5 na podstawie 1 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Audio
Średnia ocena 5 na podstawie 3 ocen
Tekst
Średnia ocena 4,2 na podstawie 6 ocen
Tekst
Średnia ocena 5 na podstawie 2 ocen