Mobi-Dik

Текст
Автор:
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

© ALTUN KİTAB MMC – 2020

1

Mənim adım İzmaildir. Bir neçə il bundan əvvəl cibimdə siçanlar oynamağa başlayanda yer üzündə, daha doğrusu, quruda artıq məni maraqlandıran heç nə qalmamışdı. Onda anladım ki, gəmidə işə düzəlib dənizləri kəşfə çıxmağın vaxtıdır.

Dənizlərdə, okeanlarda üzməyi sevirəm. Sərnişin kimi yox ha! Axı sərnişinlərin pul kisəsi dolu olur. Mənimsə, dediyim kimi, cibimdə qara qəpiyim də yox idi. Bir də ki, sərnişinlər dəniz xəstəliyindən, yuxusuzluqdan əziyyət çəkir, gəmidə dava-dalaş salır, qısası, səyahətdən doyunca ləzzət ala bilmirlər. Kapitan və ya bosman[1] kimi üzmək də istəmirəm. Qoy arzusunda olanlar bu vəzifələrin şan-şöhrətindən yararlansınlar. Mənsə öz qayğıma qalsam, bəsdir. Üstəlik, yelkənin, dorağacının, takelajın[2] dərdini çəkməyəcəyəm ki!

O ki qaldı koka[3], hə, bax bu, yaxşı peşədir, ancaq… toyuğu odun üstündə tutub ütməyə səbrim çatmaz.

Yox, mən üzmək istəyəndə adi matros[4] kimi gəmidə işə düzəlirəm. Düzdür, onda da məcbur eləyirlər ki, çəyirtkə çəmənlikdə hoppanan sayaq dorağacının təpəsində o tərəf-bu tərəfə tullanasan. Bu, əvvəl adama xoş gəlmir, xüsusən də əgər hörmətli-izzətli nəslin soyadını daşıyırsansa. İstər-istəməz adamın heysiyyətinə toxunur. Ancaq eyib etməz, hansısa qoca kaftarın əmri ilə göyərtəni süpürsən, dünya dağılmayacaq ki!

Və nəhayət, ona görə matros kimi üzmək istəyirəm ki, onlara pul ödəyirlər. Məgər siz hansısa sərnişinin gəmidə bir penni[5] belə qazandığını görmüsünüz? Əksinə, sərnişinlər özü gəmi ilə səyahətə çıxmaq üçün pul verməli olurlar.

Bəs niyə həmişə ticarət gəmilərində işlədiyim halda bu dəfə balina ovlayan gəmidə işə düzəldim? Hə, bax bu sualın cavabını heç mən özüm də bilmirəm. Yəqin, alnıma belə yazılıbmış… Çox güman ki, bu işdə dənizlərin nəhəng və əsrarəngiz varlıqları olan balinalar da öz rolunu oynayıb. Axı balinalara həmişə böyük maraq duymuşam. Bundan başqa, uzaq sahillər, tropik ölkələr də məni özünə cəlb eləyib.

Beləliklə, balina ovunun bütün təhlükələrini yaşamağa hazır idim. Artıq təsəvvürümdə bütöv bir balina sürüsü canlanırdı. Və onların arasından ağappaq, nəhəng bir balina qəfil dənizin dərinliklərindən suyun üzünə çıxıb gün işığında buz parçası kimi bərq vururdu…

2

Balina ovlayan gəmidə işləməyə qərar verəndən sonra içinə iki köynək atdığım köhnə həsir çantamı qoltuğuma vurub yola düzəldim. Sakit okeana üz tutmaq məqsədilə Nyu-Bedforda[6] gəldim. Dekabr ayı, şənbə günü idi. Nantaket adasına üzən kiçik paketbotun[7] limandan təzəcə aralandığını öyrənəndə çox məyus oldum. Çünki növbəti gəmi bir də bazar ertəsi yola düşəcəkdi.

Balina ovunun çətinliklərini dadmaq istəyən bütün gənc macərapərəstlərin yolu Nyu-Bedforddan keçir. Axı balina ovunun vətəni sayılan Nantaket adasına gəmilər həmin limandan üzür. Bir amerikalı tərəfindən vurulan ilk balina isə məhz Nantaket adasında sahilə çıxarılıb.


Beləliklə, bazar ertəsinə kimi Nyu-Bedfordda gecələyəcək yer tapıb, üstəlik, qarnımı da doyurmalı idim. Axşam düşmüşdü. Hava şaxtalı idi. Bu şəhərdə heç kimi tanımırdım. Ciblərimi eşələyib bir ovuc gümüş tapdım. Körpünü keçib «Çarpaz harpunlar»[8] adlı mehmanxanaya yaxınlaşdım. Bura çox səs-küylü və bahalı yerə bənzəyirdi. Həmin mehmanxananı keçəndən sonra üzərinə «Qılıncbalığı» yazılmış lövhə gözümə sataşdı. İçəridən qədəh cingiltiləri gəlirdi. Mehmanxananın pəncərələrindən çölə elə gur işıq düşürdü ki, mən «Qılıncbalığı»nın da cibimə uyğun yer olmadığını dərhal anladım. Yoluma davam eləyib dənizə yaxın məhəllələrə tərəf üz tutdum. Fikirləşdim ki, yəqin, dəniz sahilində çox dəbdəbəli olmasa da, münasib qiymətə qalmağa yer taparam. Qaranlıq küçələrlə addımlayırdım. Körpüyə yaxınlaşanda qulağıma cırıltı səsi gəldi, başımı qaldırıb baxdım. Laxlayan qara lövhənin üstünə ağ rəngli boya ilə yazılmışdı:

Tabut Piterin «Balina fəvvarəsi» mehmanxanası

Qapısından bu qəribə lövhənin asıldığı uçuq-sökük daxma iflic vurmuş adam kimi yana əyilmişdi. Pəncərələrdən işıq düşmürdü, içəridən səs-səmir də gəlmirdi.

«Hə, bax bura mənim cibimə uyğun daldalanacaqdır», – ürəyimdən keçirdim.

Daxmanın qapısını açıb içəri girdim. Bura alçaqtavanlı, divarları taxta lövhələrlə üzlənmiş alaqaranlıq dəhliz idi. Divardan çoxlu mizraq və dəyənək asılmışdı. Balina ovunda istifadə olunan bir xeyli harpun və yaba da vardı. Bu cansıxıcı dəhlizdən keçib qonaq otağına çatdım. Otaq da dəhliz kimi alaqaranlıq və darıxdırıcı idi. Tavana taxta tirlər vurulmuş, divarlar taxta lövhələrlə üzlənmişdi. Bura girəndə özümü qaranlıq gecədə körpünün altında yırğalanan köhnə gəminin alt göyərtəsindəki kimi hiss elədim. Divarboyu dünyanın ən ucqar guşələrindən toplanmış cürbəcür əşyaların yığıldığı, üstünü toz basmış şüşə qutular düzülmüşdü. Şam yeməyini gözləyən bir neçə matros qutuların ətrafında vurnuxaraq uzaq diyarlardan gətirilmiş bu bər-bəzəyə tamaşa eləyirdi.

Otağın lap dərinliyində Qrenlandiya balinasının başını xatırladan əcaib bir şey gözümə sataşdı. Yaxından baxdıqda onun, həqiqətən də, balina çənəsi olduğunu gördüm. Çənə elə iri idi ki, altından rahatlıqla araba keçə bilərdi. Balina çənəsinin içinə taxçalar quraşdırılmış, onların üstünə cürbəcür qədimi qrafinlər, şüşələr düzülmüşdü. Həmin şüşə qabların arasında isə beli bükülmüş, balacaboy bir kişi gözə dəyirdi. Çox güman, mehmanxananın sahibi Tabut Piter idi. O, matroslara içki süzür, pulunu da qabaqcadan alırdı.

Kişiyə yaxınlaşıb qalmağa yer axtardığımı dedim. O, mehmanxanada boş yer olmadığını bildirdi. Sonra birdən nəsə xatırlayıb əlini alnına vuraraq dedi:

– Dayan bir görüm… Sənə harpunçunun yanında yer versəm, yəqin, etiraz etmərsən. Görürəm ki, dəniz səfərinə çıxmağa hazırlaşırsan. Elə isə, hər şəraitə uyğunlaşmalısan.

Mən cavabında dedim ki, yad adamla bir otaqda yatmağı sevmirəm, lakin əgər o harpunçu pinti və içki düşkünü deyilsə, birtəhər dözərəm.

– Çox gözəl! – kişi dilləndi. – Buyur, otur, şam yeməyinə az qalıb.

Birazdan mehmanxanada qalanların hamısı yan otaqdakı masanın ətrafına toplaşdı. İki sısqa şam içərini güclə işıqlandırırdı. Hava çox soyuq olsa da, buxarı yanmırdı. Buşlatımıza[9] bürünüb oturmuşduq, içində qaynar içki olan parçı əlimizlə bərk-bərk sıxıb donmuş barmaqlarımızı isitməyə çalışırdıq. Ancaq yeməyə söz ola bilməzdi! Ətlə qızardılmış kartof və şipşirin bulka! Adamlardan biri bulkaları acgözlüklə təpişdirməyə başladı.

– Bu həmin harpunçu deyil ki? – mən pıçıltı ilə mehmanxana sahibindən soruşdum.

– Yox, – kişinin üzünə qorxunc təbəssüm yayıldı, – o bu sarışın matrosdan fərqli olaraq qarabuğdayıdır, özü də şirin bulka yeməyi sevmir, qanlı ətlə qidalanır.

 

– Lənət şeytana! – mən dedim. – Yaxşı, bəs o haradadır?

– Narahat olma, indilərdə gəlib çıxar.

Mən artıq qorxmağa başlamışdım…

Şam yeməyi başa çatdı. Matroslar öz otaqlarına çəkildilər. Qonaq otağında bircə mən qalmışdım. Narahat idim, harpunçu ilə bir otaqda necə qalacağım barədə düşünürdüm. O isə hələ də gəlib çıxmamışdı.

3

– Ağa, – deyə handan-hana mehmanxana sahibinə səsləndim, – mən harpunçu ilə bir otaqda qalmaq fikrindən daşınmışam. Elə buradaca, oturacağın üstündə uzanıb yataram.

– Necə istəyirsən, – mehmanxana sahibi dilləndi. – Ancaq bu oturacaq yaman bərkdir ha! Bir dayan görüm, məndə rəndə olmalıdır. Bircə dəqiqə səbrini bas, indicə sənə quş tükü kimi rahat yatacaq düzəldəcəyəm.

Onun taxta oturacağı yonub-hamarlamaqla yumşaq yataq düzəldəcəyi çox da ağlıma batmadı. Üstəlik, oturacaq mənim boyumdan bir xeyli qısa idi. Beləliklə, bu fikirdən də əl çəkməli oldum.

– Lənətə gəlmiş harpunçu əvvəl-axır gəlib çıxacaq, ya yox?! – öz-özümə deyinirdim. – Bəlkə, onun gəlməsini gözləmədən otağa gedim, içəridən qapının sürgüsünü keçirim, sonra da yıxılıb yatım. Harpunçu qapını döyəndə də özümü yuxuluğa vuraram.

Bir az fikirləşəndən sonra bu fikir də mənə ağlabatan gəlmədi. Axı səhər istər-istəməz otaqdan çıxmalı olacaqdım. Onda gecə qapını açmadığıma görə qəzəblənmiş harpunçu bir yumruğu ilə vurub məni yerə sərərdi. Odur ki gözlərimdən yuxu tökülsə də, harpunçunun gəlişini gözləməkdən başqa çarəm qalmadı.

Artıq gecəyarıdan keçmişdi. Lakin hələ də harpunçudan xəbər-ətər yox idi.

– Ağa, – mən yenə mehmanxana sahibinə səsləndim, – o, həmişə belə gec gəlir?

– Yox, əslində, heç vaxt bu qədər gecikməyib, – deyə kişi cavab verdi. – Bilmirəm niyə belə yubandı. Yəqin, kəlləsini satmağa adam tapmayıb.

Bu sözləri eşidəndə lap çaşıb-qaldım.

– Necə yəni, kəlləsini satmağa adam tapmayıb? Siz mənimlə zarafat eləyirsiniz?

– Yox, – Tabut Piter tövrünü pozmadan dilləndi. – Mən ona demişdim də, sata bilməyəcək. Onsuz da bazar doludur.

– Nəylə doludur? – mən eşitdiyim bu sözlərdən dəhşətə gələrək qışqırdım.

– Nəylə olacaq?! Kəllələrlə! Bu dünyada başı bədəninə ağırlıq eləyən o qədər adam var ki!

– Bura baxın, yaxşısı budur, ələ salmağa özünüzə başqa adam tapasınız, – hirslə dedim. – Sizin o harpunçudan da qorxub eləmirəm. Çox oyan-buyan eləsə, vurub kəlləsini əzərəm.

– Onun kəlləsi elə əzilib də, buna görə heç kim almaq istəmir, – kişi belə deyib hiyləgərcəsinə güldü.

Mən mehmanxana sahibinin söylədiklərindən heç nə başa düşməmişdim. Odur ki əsəbi halda dilləndim:

– Elə bu dəqiqə o lənətə gəlmiş harpunçunun kim olduğunu mənə düz-əməlli başa salmalısınız! Gecəni kiminlə bir otaqda qalacağımı bilməliyəm, ya yox?!

– Sakit olun, cavan oğlan! – kişi yenə gülüb dedi. – Məsələ burasındadır ki, bizim harpunçu cənub dənizlərindən yenicə qayıdıb. Özü ilə də bir yığın yenizelandiyalı kəlləsi gətirib. Artıq hamısını bazarda xirid eləyib, bircəciyindən başqa… Səhər axırıncı kəlləni satmağa getdi. Sabah bazar günüdür axı, adamlar kilsəyə gedən vaxt əlində kəllə tutub satmaq yaxşı düşməz.

Nəhayət, söhbətin nədən getdiyini anlamışdım. Lakin yenə də gecə vaxtı küçələrdə ölü kəlləsi satan adamdan yaxşı heç nə gözləmək olmazdı.

– Sizin bu harpunçu çox təhlükəli adamdır, – mən dedim.

– Əsas odur, otağın pulunu vaxtlı-vaxtında verir. Mənə bax, bu fikirləri başından at getsin, rahatca yerinə uzan yat. Al, bu da şam, – Tabut Piter bunu deyib otaqdakı şamlardan birini mənə uzatdı.

Mən hələ də tərəddüd içində idim, yerimdən tərpənmək istəmirdim. Bunu görən mehmanxana sahibi divar saatına baxıb dedi:

– Saat 12 olub, harpunçu indi, Allah bilir, haralarda veyillənir, bu gecə çətin qayıtsın. Hə, nə deyirsən, gəlirsən, ya yox?

Mən əlacsız halda onun arxasınca yollandım.

4

Biz pilləkənləri çıxıb balaca bir otağa girdik. Bura məzar kimi soyuq idi. Otağın ortasındakı iri çarpayıya dörd harpunçu birdən sığardı.

Kişi əlindəki şamı küncdəki sandığın üstünə qoydu. Bu sandıqdan həm masa, həm də əlüzyuyan altlığı kimi istifadə olunurdu.

– Gir yerinə, rahatca yat, – Tabut Piter bunu deyib otaqdan çıxdı.

Çarpayının üstündəki adyalı kənara çəkib yatağa tərəf əyildim. Yorğan-döşək çox da təmiz deyildi, lakin birtəhər yatmaq olardı. Sonra otağa göz gəzdirdim. Burada çarpayı və sandıqdan başqa, rəf və buxarı da vardı. Bir küncdə isə dənizçi kisəsi gözümə sataşdı, yəqin, harpunçunun çamadanını bu kisə əvəz eləyirdi. Rəfdə bir neçə balıqçı qarmağı vardı, çarpayının baş tərəfində isə divara bir harpun söykəmişdilər.

Mən ayaqqabımı və paltarımı çıxardım, şamı söndürüb adyalın altına girdim. Döşək elə bərk idi, deyərdin, içinə qarğıdalı cecəsi doldurublar. Bir xeyli oyan-buyana çevrildim. Elə gözümə yenicə yuxu getmişdi ki, dəhlizdən gələn səsə oyandım. Kimsə ağır addımlarla yeriyirdi, qapının arasından otağa nazik işıq zolağı düşürdü.

– Allah, özün kömək ol! – öz-özümə pıçıldadım. – Bu, yəqin, lənətə gəlmiş kəllə taciridir!

O, içəri girəndə cınqırımı çıxarmadan yerimdə uzanmışdım. Harpunçu bir əlində şam, o birində də adam kəlləsi tutmuşdu. Şamı döşəməyə qoyub yerdəki kisənin ipini açmağa başladı. Harpunçunun üzünü görmək arzusu ilə alışıb-yansam da, bu, mümkün deyildi, arxasını mənə tərəf çevirmişdi. Nəhayət, kisənin ipini açıb üzünü döndərdi. Ay Allah! Necə qorxunc sifəti vardı! Üzü qıpqırmızı idi, bəzi yerlərdə sarımtıl ləkələr görünürdü. Üstəlik, sifətinə iri qara kvadratlar çəkilmişdi.

«Gəl indi bu qorxulu məxluqla bir çarpayıda yat!» – ürəyimdə dedim.

Qəfildən bir balina ovçusu haqqında eşitdiklərim yadıma düşdü. Vəhşilərə əsir düşən həmin adamın üzünə müxtəlif naxışlar döymüşdülər. Fikirləşdim ki, yəqin, bu harpunçunun başına da belə bir iş gəlib.

Harpunçu hələ də məni görməmişdi. O, kisədən baltaya bənzər bir alət çıxarıb rəfə qoydu, gətirdiyi yenizelandiyalı kəlləsini isə kisəyə basdı. Sonra papağını çıxardı. Başında tük yox idi, lakin düz təpəsində quş pipiyinə oxşayan bir topa saç vardı. Başı günün altında qurudulmuş kəlləyə bənzəyirdi. Əgər bu «qurumuş kəllə» qapı ilə mənim aramda durmasaydı, güllə kimi qaçıb otaqdan çıxardım.

Harpunçu paltarlarını soyunmağa başladı. Bədəninin bəzi yerlərində də üzündəki kvadratşəkilli döymələrdən vardı. Çox güman, qarşımda dayanan adam balina ovçularının cənub dənizlərindən tutub gətirdiyi vəhşi insan idi. Yəqin, adamyeyənlərdəndir. Yoxsa niyə kəllə satsın ki?!

Sonra o, buşlatının cibindən körpə uşaq fiquruna bənzər bir şey çıxarıb buxarıya yaxınlaşdı. Həmin fiquru buxarının üstünə qoydu. Digər cibindən isə bir ovuc yonqar çıxarıb fiqurun ətrafına səpələdi. Şamı döşəmədən götürüb onun alovu ilə yonqarlara od vurdu. Əlini alova tərəf uzadıb dərhal geri çəkdi. Sonra bu hərəkətini bir neçə dəfə təkrarladı. Üz-gözünü əyərək dodağının altında nəsə mızıldandı. Görünür, yatmazdan əvvəl dua eləyirdi. Nəhayət, odu söndürüb fiquru buxarıdan götürdü və yenə buşlatının cibinə qoydu. Sonra rəfdən baltasını əlinə alıb bir ucunu yonqarın közərən qalıqlarına yaxınlaşdırdı.



Gecə duasını başa vuran harpunçu elə indicə yatağa girəcək və məni görəcəkdi. Nəsə fikirləşməli idim. Lakin necə oldusa, həmin an harpunçu rəfdən baltasını götürüb mənə tərəf cumdu. Var səsimlə çığırmağa başladım:

– Ağa! Tabut Piter! Allah xatirinə, kömək eləyin!

Harpunçu közərən baltasını başımın üstündə yellədirdi. Elə bu vaxt qapı açıldı və mehmanxana sahibi əlində şamla içəri girdi. Mən dərhal çarpayıdan sıçrayıb özümü onun üstünə atdım.

– Sakit ol, sakit ol! – Tabut Piter dedi. – Kvikeq sənə heç nə eləməz.

Sonra üzünü harpunçuya tutub dilləndi:

– Kvikeq, bu oğlan səninlə qalacaq, başa düşdün?

– Başa düşdüm, – o belə deyib əlindəki baltanı çarpayının bir az əvvəl uzandığım tərəfinə tuşlayaraq dilləndi:

– Sənin yerin buradır.

Mən yalnız indi harpunçunun əlindəkinin balta yox, iri tənbəki çubuğu olduğunu anladım. Yenə də hər ehtimala qarşı Tabut Piterə dedim:

– Ona söyləyin ki, əlindəkini məndən uzaq eləsin. Burda çubuq çəkməsin.

Kvikeq bunu eşidib dərhal «balta» sını rəfin üstünə qoydu. Sonra çarpayının lap qırağında uzandı. Bununla göstərmək istəyirdi ki, mənimlə işi yoxdur.

– Gecəniz xeyrə qalsın, ağa, – mən üzümü Tabut Piterə tutub dedim. – Hər şey qaydasındadır, siz artıq gedə bilərsiniz.

Sonra çarpayıya uzanıb yuxuya getdim.

5

Səhəri gün gözlərimi açanda özümü Kvikeqin qollarının arasında gördüm. Yəqin, gecə üşüdüyü üçün mənə sarılıb yatmışdı. Onun möhkəm qollarını özümdən kənar eləməyə çalışsam da, gücüm çatmadı.

– Kvikeq! – deyə qışqırdım.

Cavabında yalnız harpunçunun xorultusu eşidildi.

Bir neçə dəfə çağırandan sonra, nəhayət, oyandı, dərhal qollarını üstümdən çəkib yağışa düşmüş it kimi silkindi. Mənə elə diqqətlə baxmağa başladı ki, elə bil bura necə gəlib çıxdığımı bilmirdi. Sonra, çox güman, gecə baş verənləri xatırlayaraq çarpayıdan yerə sıçradı. Döşəmədə oturub tez-tələsik geyinməyə başladı. Əvvəl qunduz dərisindən olan papağını başına qoydu. Sonra döşəmənin üstündəki çəkmələrini əlinə alıb çarpayının altına girdi. Ufuldamağından ayaqqabısını güclə ayağına keçirdiyini anladım. Nəhayət, çarpayının altından çıxıb axsaya-axsaya otaqda gəzişməyə başladı. Çox güman, çəkmələri ayağını sıxırdı. Kvikeq şalvarsız halda başında xəz papaq, ayağında çəkmə otaqda o tərəf-bu tərəfə gedirdi. Çox gülməli görünürdü. Mən onu tələsdirdim ki, geyinib qurtarsın. Nəhayət, köynəyini və şalvarını da əyninə keçirdi.



Əlüzyuyana yaxınlaşıb əvvəl qollarını, boynunu, sinəsini yudu, sonra cibindən bir parça sabun çıxarıb üzünü sabunlamağa başladı. Kvikeq ülgüc əvəzinə divara söykədiyi balina ovlamaq üçün istifadə olunan harpunu əlinə alıb iti ucunu sapından ayırdı və cəld hərəkətlərlə sifətini ülgücləməyə, daha doğrusu, harpunlamağa başladı. Nəhayət, işini bitirib buşlatını geyindi, harpununu da götürüb qalib sərkərdə ədasıyla otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra mən də onun arxasınca yollandım.

Yemək otağı adamla dolu idi. Burdakı matrosların bəzilərini axşam görməmişdim, yəqin, gecə gəlmişdilər. Əksəriyyəti balina ovlayan dənizçilərdi. Əzələli bədənləri günəşdən yanıb-qaralmış, üzlərini saç-saqqal basmışdı. Bir sözlə, əsl dəniz canavarları idilər.

– Səhər yeməyi hazırdır! – nəhayət, mehmanxana sahibi dilləndi.

Uzun yemək masasının arxasında oturduq. Heç kim dinib-danışmırdı. Kvikeqsə masanın lap baş tərəfində sakitcə əyləşmişdi. Harpunu da əlində idi. Arabir harpununu çəngəl kimi irəli uzadıb masanın ortasındakı isti bifştekslərdən[10] birini götürürdü. Bulkaya və qəhvəyə isə gözünün ucu ilə də baxmırdı.

Səhər yeməyi başa çatandan sonra hamı qonaq otağına keçdi, mənsə ətrafı gəzib-dolaşmaq üçün mehmanxanadan çıxdım.

1Bosman – gəmidə kiçik komanda heyətinə rəhbərlik edən şəxs
2Takelaj – yelkənləri dorağacına bağlayan kəndir
3Kok – gəmi aşpazı
4Matros – hərbi-dəniz donanmasında komanda heyətinə mənsub olmayan sıravi xidmətçi; mülki donanmada adi dənizçi
5Penni – İngiltərə və Finlandiyada xırda pul
6Nyu-Bedford – ABŞ-ın Massaçusets ştatında şəhər
7Paketbot – poçt-sərnişin gəmisi
8Harpun – dəniz heyvanlarını ovlamaq üçün nizə
9Buşlat – dənizçi kürkü
10Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək
Бесплатный фрагмент закончился. Хотите читать дальше?

Другие книги автора