Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Hekayələr»

Czcionka:

PƏRİLƏR ÖLKƏSİNDƏ

– Bax bu dükanda Pərilər ölkəsində olmuş bir oğlan işləyir, – həkim dedi.

– Cəfəngiyatdır, – deyə cavab verib dükana göz gəzdirdim.

Bu adi kənd dükanı eyni zamanda poçt idarəsi kimi də fəaliyyət göstərirdi. Damının altından teleqraf xətləri uzanıb gedirdi. Qapısının ağzına fırçalar, sinklənmiş vedrələr, pəncərəsinə çəkmələr, köynəklər, konserv qutuları düzülmüşdü.

Azacıq sükutdan sonra soruşdum:

– Bu nə əhvalatdır belə?

– Nə bilim, – həkim cavab verdi, – adi kənd şayiəsidir də… Oğlanın adı Skelmersdeyldir. Amma kənd camaatı inanır ki, deyilənlər həqiqətdir.

Bir müddət keçmiş yenidən bu söhbətə qayıtdım.

– Axı bu barədə dəqiq bir şey bilmirəm… Düzü, heç bilmək də istəmirəm, – həkim dedi. – Bir dəfə onun sınmış barmağına sarğı qoyurdum: kriket oyununda sındırmışdı – subay oğlanlar evlilərə qarşı oynayırdılar. İlk dəfə onda bu söhbəti eşitdim, vəssalam! Özünüz görürsünüz də kimlərlə işləməli oluram. İndi gəl bu cür mövhumatçı adamlara müasir sanitariyanın prinsiplərini öyrət!

– Eh, nə deyəsən… – deyə onun halına acıdım. O isə Bounamda kanalizasiyanı necə təmir etdikləri barədə danışmağa başladı. Nə vaxtdır fikir verirəm ki, bizim səhiyyə işçilərini daha çox belə məsələlər maraqlandırır. Yenə də ona ürəyim yandığından təskinlik verməyə başladım, amma faydası olmadı. Hətta Bounam sakinlərini “eşşək” adlandıranda belə ona dəstək olmaq üçün ordakıların “nadir eşşəklərdən” olduğunu desəm də, bu, həmsöhbətimi ovutmadı.

Bu söhbətdən bir müddət sonra, yayın ortasında “Ruhun patologiyası” adlı traktatımı başa çatdırdım. (Məncə, onu yazmaq, oxumaqdan daha çətin idi.) İçimdə baş qaldırmış xəlvət bir guşəyə çəkilmək istəyi məni Biqnor kəndinə apardı. Bir fermerin evində yerləşdim və tezliklə tütün axtara-axtara yolumu yenidən bu dükana salası oldum. Dərhal yadıma “Skelmersdeyl” – satıcının adı düşdü.

Satıcının boyu çox hündür olmasa da, qamətli, qırmızıyanaq, mavigözlü, sarışın bir oğlan idi; xırda dişləri elə bil inci kimi sapa düzülmüşdü. Amma hərəkətlərində astagəl idi. Oğlanda elə bir xüsusi hal hiss olunmurdu, yalnız üzünün qəmli ifadəsi vardı. Pencək geyməmişdi, taxdığı önlüyü burulmuşdu; balaca qulağının ardına karandaş keçirmişdi. Qara jileti boyu saatının qızıl zənciri asılmışdı: üzərində tən ortadan əyilmiş gineya1 sallanırdı.

– Başqa heç nə lazım deyil ki, cənab? – o, qəbzin üzərinə əyilərək məndən soruşdu.

– Siz cənab Skelmersdeylsiniz? – deyə soruşdum.

– Bəli, özüdür ki var, – başını qaldırmadan cavab verdi.

– Düzdür ki, siz Pərilər ölkəsində olmusunuz?

O, başını qaldırıb mənə baxdı; qaşları çatılmış, sifəti acıqlı görkəm almışdı.

– Bunun sizə dəxli yoxdur! – deyərək qəzəblə düz gözümün içinə baxdı, sonra yenidən hesabla məşğul oldu.

– Dörd… altı şillinq yarım edir, – bir qədər dayanıb əlavə etdi, – təşəkkür edirəm, cənab.

Bax mənim cənab Skelmersdeyllə tanışlığım beləcə xoşagəlməz halda baş verdi. Amma sonralar xeyli səy göstərərək onun etibarını qazanmağa müyəssər oldum.

Növbəti dəfə onunla kənd yeməkxanasında rastlaşdım. Bura axşamlar, şam yeməyindən sonra bilyard oynamağa gəlir, gündüzlər işimlə əlaqədar uzaq gəzdiyim tanışlarla ordan-burdan söhbət edirdim. Min cür dil töküb onu bizə qoşulub bir partiya bilyard oynaması üçün yola gətirdim. Sonra da söhbət etmək üçün bir kənara çəkdim. Yaxşı anlayırdım ki, belə məqamda Pərilər ölkəsi barədə sorğu-sual etmək yerinə düşməz. Başqa hər cür mövzuda isə o, hamı kimi həvəs və xatircəmliklə fikir yürüdürdü. Ancaq elə ki söz bir balaca pərilərdən düşdü, dərhal qaşqabağı yer süpürürdü: bu, qadağan olunmuş mövzu idi. Bir dəfə, bilyard oynayanlardan birinin onun məlum macərasına eyham vurduğuna şahid oldum. Bu adam ona oyunda uduzmuş muzdur – küt kənd uşağı idi. Skelmersdeyl ardıcıl bir neçə duplet etdi ki, bu da biqnorlular üçün qeyri-adi bir hal idi.

– Ey, sən! – rəqibi donquldandı. – Bütün bunlar sənin pərilərinin hoqqalarıdır ha, sənə dəm tuturlar!

Skelmersdeyl ona tərs-tərs baxdı; kiyi2 stolun üstünə tullayaraq çıxıb getdi.

– Sən ona niyə ilişirsən? – oyunu maraqla izləyən hörmətli qocalardan biri davakarı qınadı. Onun bu sözü ilə hər tərəfdən qınaqlar eşidilməyə başlayınca hazırcavab muzdurun üzündən təkəbbürlü gülüşü silindi.

Belə bir imkanı əldən vermək olardımı?

– Pərilər ölkəsi ilə bağlı bu nə zarafatdır belə? – deyə ordakılardan soruşdum.

– Zarafat-filan deyil. Cənab Skelmersdeylin zarafatlıq halı yoxdur, – bayaqkı qoca stəkanını başına çəkib dedi.

Bəstəboy, qırmızısifət bir kişi danışmağa daha meyilli çıxdı.

– Bilirsiniz, cənab, boş yerə danışmırlar ki, pərilər onu Oldinqton təpəsinin ətəyində oğurlayıb öz ölkələrinə aparıblar və üç həftə dalbadal orda saxlayıblar.

Elə bil içəridə toplaşanlar onun sözünə bənd imişlər, nə bilirlərsə ortaya tökdülər. Kütlə belədir də… qoyunun biri irəli addım atan kimi bütün sürü onun ardınca gələcək! Qısa müddətdə Skelmersdeylin başına gələnləri ümumi şəkildə də olsa öyrənə bildim. Deyilənə görə, Biqnora gəlməzdən qabaq o, Oldinqton-Kornerdə indikinə bənzər bir dükanda işləyirmiş. Elə hadisə də o ərazidə baş verib. Belə ki, bir gecə oğlan təpəni gəzmək adı ilə getmiş, düz üç həftə ortalıqdan yoxa çıxmışdı. Geri qayıdanda isə üst-başı elə təmiz imiş ki, elə bil ayağını evdən indicə çölə basmışdı. Ancaq cibləri toz və kül ilə dolu imiş. Elə qaşqabaqlı, dilxor halda imiş ki, uzun müddət özünə gələ bilməyibmiş. Harada itib-batdığını da əvvəlcə heç cür ondan öyrənmək mümkün olmayıbmış. Klepton-hildən olan nişanlısı da çox cəhd edib ki, ondan söz çəksin, amma o, inadla susurmuş. Elə bircə bunu deyirmiş ki, “fikrimi dağıtmaq üçün gəzməyə çıxmışdım”. Bu səbəbdən də qız nişanı qaytarmışdı. Amma bir gün necə olubsa, o, kiməsə ağzından söz qaçırıb ki, bəs Pərilər ölkəsində olub və yenidən oraya qayıtmaq istəyir. Elə günü səhər bütün kənd bu barədə öyrənəndə zavallını məsxərəyə qoymağa başlayıblar. Söz-söhbətin əlindən işlədiyi dükanla haqq-hesabı çürüdərək baş götürüb Biqnora qaçıb. Amma bununla belə, Pərilər ölkəsində onun başına nə gəldiyini heç kim bilməyib.

Yeməkxanadakılar kim necə gəldi uydurub tökürdü, elə bil çobanı olmayan sürüdü, pərən-pərən olmuşdu. Biri belə deyirdi, o biri elə; bunun dediyini başqası qəbul etmirdi. Üstəlik, öz dediklərinə özləri də şübhə və tənqidlə yanaşırdılar. Amma hiss olunurdu ki, hər cür boş dedi-qoduya inanmağa meyillidirlər. İşi belə görüb ağlabatan bir sualla söhbətə müdaxilə etməyi lazım bildim.

– Madam ki Pərilər ölkəsinin yerini bilirsiniz, deyirsiniz ki, Oldinqton təpəsinin ətəyində yerləşir, onda niyə gedib oranı üzə çıxarmırsınız?

– Elə mən də onu deyirəm də… – gənc muzdur sözümü havada qapdı.

– Elə bilirsən araşdırmamışıq? Dəfələrlə qazmışıq, – qoca dilxor halda dilləndi, – amma bir şey tapa bilməmişik.

Bu adamların qeyri-müəyyən də olsa yekdil fikirləri mənə də təsir elədi. Anladım ki, burada nəsə bir sirr var və bu mənim marağımı daha da alovlandırırdı. Əslində, nələr baş verdiyini bilməkdən ötrü ürəyim atlanırdı. Amma bütün bunların haqqında yalnız bir nəfər danışa bilərdi, o da Skelmersdeylin özü idi. Ona görə də zəhmətli bir vəzifəyə qatlanmalı oldum: Skelmersdeyldə yaratdığım ilk xoşagəlməz təəssüratı silib etibarını elə qazanmalıydım ki, o özü çəkinmədən baş verənlər haqqında mənə danışsın. Burda, əlbəttə ki, mənim adi bir kəndli olmamağım da öz rolunu oynadı. Təbiətcə ünsiyyətcil, şirindil adamam, çox məşğul adam deyiləm, adətən, qolf şalvarında və gödəkcədə gəzirəm. Biqnor camaatı məni rəssam hesab eləmişdi. Buralarda qəribə də olsa, rəssam baqqal-dükan satıcısından daha hörmətli sayılır. Skelmersdeyl də burdakıların əksəriyyəti kimi tez özündən çıxan adam idi. Onu əsəbiləşdirdiyim üçün mənə çımxırmışdı, amma əminəm ki, sonra bundan peşman olub. Hiss edirdim ki, mənimlə küçədə, hər kəsin gözünün önündə gəzintiyə çıxmaq ona böyük zövq verirdi.

Nəhayət, gün gəldi ki, o mənə qonaq gəlib bir qədəh viski içməyə və siqar çəkməyə razılıq verdi. Təxmin etdim ki, bu cür vəziyyətdə könül yarası mütləq özünü büruzə verəcək. Yaxşı bilirdim ki, birinin səmimiyyəti qarşısındakının səmimiyyətinə də yol açar, ona görə də öz həyatımdakı maraqlı, mənə dərs olmuş hadisələrdən – uydurma və ya həqiqət fərq eləmirdi – ona nəql etməyə başladım. Yanılmıramsa, mənim evimə üçüncü dəfə gəlişində iki-üç qədəh viskidən, gəncliyimdə yaşadığım ötəri bir məhəbbətlə bağlı uydurduğum həssas təfərrüatlardan sonra aradakı buz əridi – mənim söhbətimin təsiri altında cənab Skelmersdeyl, nəhayət, ürəyini açdı.

– Mənimlə də Oldinqton təpəsində belə oldu, – o dedi. – Bu lap qəribədir: əvvəlcə qız mənə görə əzab çəkirdi, sonra əksinə oldu – mən onun dərdindən ağlımı itirdim, təəssüf ki, bunu çox gec anladım.

Onu sorğu-suala tutmaqdan özümü güclə saxladım, duyuq düşməsindən ehtiyat edirdim. Amma bir neçə eyhamdan sonra özü hər şeyi açıb tökdü. Demə, Pərilər ölkəsində yaşadığı macəra ilə bağlı uzun müddətdir qəlbində saxladıqlarını danışmaqdan ötrü özünün ürəyi gedirmiş. Gördüyünüz kimi, hiyləm baş tutdu: səmimi, açıq söhbət öz işini gördü. Oğlan mənim də digərləri kimi ona inanmayıb ələ salacağımdan artıq ehtiyat etmirdi. O məni özünə həmdəm, sirdaş görürdü, onun da başının eşq bəlası çəkdiyini, çox əziyyətlər yaşadığını və özü ilə bacara bilmədiyini göstərmək arzusu ilə yanıb-yaxılırdı.

Əvvəlcə məlum hadisələrlə bağlı ordan-burdan söhbət açdı, onu daha ətraflı danışmağa, əsas məqama gəlməyə, sözünün canını deməyə təhrik etmək istəyirdim. Amma tez fikrimdən daşındım ki, qoy özü danışsın, yoxsa indiyədək olan bütün səylərim hədər gedərdi. Yalnız növbəti görüşdə, artıq onun etibarını tam qazananda hadisəni bütün təfsilatı ilə öyrənməyə nail oldum. Ümumiyyətlə götürəndə cənab Skelmersdeyl pis nağılçı idi, hadisələri dəqiq təsvir edə bilmirdi. Nə isə… hadisənin özünə keçim, hər halda, mən çalışacağam ki, hər şeyi ardıcıllığı ilə verəm. Onu da əlavə edim ki, onun dedikləri həqiqətənmi baş vermişdi, yoxsa yuxu, təxəyyül oyunu və yaxud qəribə qarabasma idimi, buna hökm vermək niyyətində deyiləm. Amma bir an belə onun yalan danışdığı fikrini yaxına buraxmadım. Bu adam qəlbən inanırdı ki, bütün bunlar, həqiqətən də, onun dediyi kimi baş verib: bu cür dar təfəkkürlü adam, sadə bir kəndli qətiyyən belə ardıcıllıqla nağıl uydura bilməzdi. Hər halda, ona inanan kənd camaatı da nə qədər cahil olsa belə, aralarında bəsirətli, gözüaçıq adamlar da az deyildi. O inanırdı və indiyə kimi heç kəs də bu inama şəkk gətirə bilməmişdi. O ki qaldı mənə, indi danışacağım əhvalatı isbat etmək üçün əlavə sözə ehtiyac görmürəm. Mən o yaşda deyiləm ki, sözümü isbatlamaq, başqalarını inandırmaq üçün dəridən-qabıqdan çıxım.

Beləliklə, onun sözlərinə görə, bir gecə, saat on radələrində Oldinqton təpəsində gəzişərkən yorulduğundan uzanıb yuxuya gedib. Təxminən İohann gecəsi3, ya da ərəfəsi – dəqiq xatırlamırdı – imiş. Küləksiz, xoş hava varmış, aylı gecə imiş.

Yeri gəlmişkən qeyd edim ki, cənab Skelmersdeylin əhvalatını dinləyəndən sonra tənbəllik etməyib üç dəfə həmin təpəyə dırmaşmışam. Onlardan biri yay gecəsində olmuşdu: ay təzəcə qalxmışdı, güman ki, hadisənin baş verdiyi gecədə də belə imiş. Yupiter planeti öz şahanə əzəməti ilə doğmuş ayın üzərindən bərq vururdu. Şimal və şimal-qərb tərəfdə isə qürub səmasının tünd-göy qaranlığı parlayırdı. Çılpaq və tutqun təpənin cizgiləri uzaqdan səmanın fonunda qələmlə çəkilmiş kimi aydın görünürdü. Yaşıllığı az olan təpədə seyrək də olsa kol-kos gözə dəyirdi və mən yuxarı dırmaşdıqca qaranlıqda kölgə kimi sayrışan saysız-hesabsız dovşan bu kolluqlardan sıçrayaraq tələsik baş alıb qaçırdı. Təpənin lap başında, açıqlıqda ağcaqanad dəstəsinin zəif uğultusu eşidilirdi. Təpə, məncə, süni olaraq yaradılmışdı, bizim tarixə qədərki hansısa qəhrəmanın məzarının üstü – torpaq qalağı idi. Yəqin, o vaxt sərkərdənin basdırılması üçün bundan yaxşı, bundan geniş yer tapılmayıb. Silsilə təpələr şərqə tərəf uzanırdı, oradan da La-Manş boğazı görünürdü. Ondan otuz mil o yana isə Qri Ne4 və Bulondakı5 mayakların parlaq işıqları gah şölələnir, gah öləziyib sayrışırdı. Qərbə doğru isə elə bil ovuc içi kimi Uild dərəsinin qayalıqları boy verirdi; bu ərazini Hindhed və Leyt-hill təpələrindən də görmək mümkün idi. Şimalda isə Stauer dərəsi təbaşir dağlarını yarıb keçərək Uaym təpəsinə qədər uzanırdı. Cənuba dönürsən: Romney bataqlığı ayağının altında sərilib. Daha sonra Dimçerç, Romni, Lidd, Hastinqs dağları gəlir, oradan irəlilədikcə lap uzaqlar – İstborn6 sahillərinin Biç Hedə7 doğru yoxuşunu və yenidən qalaqlanan təpələri görmək olardı.

Könül yanğısından qovrulan Skelmersdeyl bax buralarda dolaşırmış. Özünün dili ilə desək, “baş açmadığı yollar”la gəzişərək təpənin zirvəsində oturub qüssə və həsrət dolu düşüncələr içində nə vaxt yuxuya daldığından xəbəri olmayıb. Beləcə, pərilərin səltənətinə düşüb.

Qüssə deyəndə isə, əslində, boş şeydən kədərlənirmiş: Klepton-hildən olan nişanlısı ilə arası dəyibmiş. Oğlanın dediyinə görə, hörmətli ailədən olan fermer qızını özünün əsl babı hesab edirmiş. Amma hər ikisi çox cavan olduğundan – bu yaşda gənclər həmişə çox qısqanc və həssas olurlar – ağılsızcasına bir-birində mükəmməllik axtarırdılar. Yaxşı ki, həyat və təcrübə vaxt ötdükcə insanı belə yanlış düşüncələrdən “sağaldır”. Məhz nəyin üstündə küsüşdüklərini mən bilmirəm. Bəlkə də, qız deyib ki, kişilərin uzunboğaz getr geyinməsindən xoşu gəlir və oğlan həmin gün onun dediyi kimi geyinməyibmiş. Ola bilsin, oğlan deyib ki, ona başqa şlyapa daha çox yaraşır, bu da qızın acığına gəlib. Bir sözlə, nədən başlayırsa-başlasın, söhbət mübahisəyə çevrilib və acı sözlərlə, göz yaşı ilə nəticələnib. Qız ağlaya-ağlaya onu sancaraq qəlbinə dəyib, üstəlik, bəyan edəndə ki onu heç vaxt sevməyib və aralarında hər şey bitməlidir, oğlanın əhvalı tamam korlanıb. Ona görə də dilxor halda, qəm-qüssə içində təpəni dolaşırmış. Yuxuya gedənə qədər də beləcə fikirli halda təpədə oturubmuş.

Ayılanda özünü indiyədək heç görmədiyi yumşaq otların üstündə, günəşin qabağını pərdələyən sıx kolların kölgəsində uzanan görüb. Güman ki, Pərilər ölkəsində səma heç görünmürmüş. Ümumiyyətlə, Skelmersdeyl o səltənətdə olduğu müddətdə yalnız bir dəfə – pərilərin rəqs etdiyi gecə ulduzları görüb. Məncə, o ərazi pərilərin ölkəsinə məxsus olmayıb. Ola bilsin ki, onlar ora dəmir yolu yaxınlığındakı qamışlı düzəngahda dairə qurub rəqs etmək üçün yığışıblarmış.

Hər nəysə… bu kolların, qollu-budaqlı ağacların altında, yarpaqların və otların arasında saysız-hesabsız xırda və parlaq işıldaböcəklər bərq vururmuş. Skelmersdeyl özü lap balaca adamcığaza çevrilibmiş – bu onun ayılanda dərk etdiyi ilk şey olub. Sonra ətrafında özündən də kiçik olan çoxlu məxluq görüb. Dediyinə görə, heç qorxmayıb, hətta heyrətlənməyib də. Otun üstündə rahat oturaraq gözlərini ovuşdurub. Ətrafına isə şən pərilər yığışıbmışlar. Oğlan onların sahib olduğu ərazidə yuxuya getdiyi üçün onu sürüyüb öz ölkələrinə gətiribmişlər.

Amma heç cür öyrənə bilmədim ki, bu pərilər necə görünürdülər. Skelmersdeylin söz ehtiyatı çox kasıb idi, düşündüklərini izah etməkdə çətinlik çəkirdi. Müşahidə qabiliyyəti də çox zəif olduğundan, demək olar ki, təfərrüatları unutmuşdu. Bircə, dediyinə görə, pərilərin əynində yüngül, qəşəng paltar varmış, ancaq nədən – ipək, yun, yarpaq və ya gül ləçəyindən olduğu bəlli deyil. Pərilər ətrafında dövrə vurub gözləyirmişlər ki, oğlan tam ayılsın. Bu zaman hadisələrin əsas qəhrəmanı olan pərilər kraliçası, alnında ulduz, işıqlara qərq olmuş çəmənlik boyunca, xiyabanla yeriyirmiş kimi ona doğru yaxınlaşırmış. Heç olmasa, onun haqqında bəzi şeyləri dəqiqləşdirməyə nail oldum: kraliçanın əynində şəffaf-yaşıl don varmış, incə belinə enli, gümüş kəmər dolayıbmış. Dalğalı saçları arxaya daranıbmış, saçları pərişan olmasa da, bəzi çəngələr kənarlardan dağılıb yellənirmiş. Başını birulduzlu tac bəzəyirmiş. Paltarın qollarının kəsiyindən ağ əlləri, yaxalığından da incə, uzun boynu görünürmüş. Zərif boynuna mərcan həmail dolayıbmış, yaxasına isə qırmızı gül sancıbmış. Yanaqları və çənəsi körpə uşaqlardakı kimi yupyumru imiş. Hamar qaşlarının altındakı qəhvəyi gözləri aydın, səmimi, xumar baxışlarla süzülürmüş. Əgər Skelmersdeyl kimi nitqi zəif adam bu təsvirləri bütün təfərrüatlarına qədər edə bilibsə, indi özünüz təsəvvür edin ki, həmin gözəl onun qəlbinə necə təsir edib. Düzdür, bəzi məqamlarda yenə də müfəssəl təəssürat yarada bilmirdi. Məsələn: “Bax belə, bu cür yeriyirdi”, – deyə dəqiq ifadə tapmayıb bir neçə dəfə təkrarlayırdı, mən də təmkinimi pozaraq içimdəki sevinci büruzə verə-verə qızı təsəvvür edirdim.

Belə bir gözəl məxluqla arzulanan və seçilmiş qonaq olan cənab Skelmersdeyl parlaq işıqlara qərq olmuş çəmənlikdən keçərək Pərilər ölkəsinin ən xəlvət guşəsinə yollanıblar. Qız ona qarşı çox mehriban və gülərüz davranıb, xoş təbəssüm saçan üzünü oğlana tutaraq yüngülcə əllərini sıxıb. Axı hadisənin baş verdiyi on il bundan öncə Skelmersdeyl, yəqin ki, daha yaraşıqlı olub!

Cənab Skelmersdeylin dolaşıq və anlaşılmaz təsvirlərindən harada olduğunu və nə gördüyünü anlamaq çətin idi. Solğun qırıq xatirələr pərilərin toplaşdığı məkanları, çəmənlikləri, onların həyat tərzi və əyləncələrini çox dumanlı şəkildə təsvir edirdi. “Kaş ki öz gözlərinizlə görəydiniz, zəhərli, qırmızı göbələklər çəhrayı işıq saçırdı, yırğalanan çiçəklərdən ecazkar sədalar eşidilirdi, sanki musiqi qutusundan süzülən həzin hava idi. Geniş bir çəmənlik vardı: pərilər orada bir-biri ilə oynaqlaşır, əylənir, xırda cücüləri yarışdırırdılar”. Düzü, bilmək olmurdu ki, cənab Skelmersdeyl “cücü” deyəndə nəyi nəzərdə tuturdu, ola bilsin ki, əllə tutula bilməyən, xırda böcəklərdən və ya digər həşəratlardan bəhs edirdi. Bundan başqa, deyirdi ki, orada bir yerdə sahilində nəhəng qaymaqçiçəkləri açan çay axırdı və pərilər isti havalarda o çayda çimirdilər. Yosunların arasında bu balaca məxluqlar dövrə vurub bir-birini əzizləyir, gülüb-oynayırdılar.

Söz yox ki, kraliçanın Skelmersdeyldən xoşu gəlib, amma gənc oğlan da hər necə olur-olsun öz nəfsini tutmaqda qərarlı olub. Lakin bir gün, çayın bənövşələrin ətir saçdığı sakit, xəlvət sahilində kraliça ürəyini ona açıb.

– Onun səsi getdikcə daha da həzinləşdi, əlimi əlinə alıb mənə yaxın oturaraq pıçıldamağa başladı. Elə mehriban, elə sevimli idi ki, az qalmışdı başımı itirəm.

Xoşbəxtlikdən başını çox itirməli olmayıb. Ətir saçan bənövşələrin, füsunkar gözəlin əhatəsində olmağına rəğmən oğlan anlayıb ki, “bu külək hayana əsə bilər”, ona görə də nişanlı olduğunu nəzakətlə qıza eyham vurub. Amma bununla belə, gözəl pəri israr edirmiş ki, başqa oğlanların, yoldaşlarının arasında ən yaraşıqlısı odur və ürəyi nə istəsə, hətta ən ümdə arzusunu da yerinə yetirməyə hazırdır. Skelmersdeyl bu vədləri verən kraliçanın zərif dodaqlarından gözlərini ayıraraq bildirib ki, şəxsi dükanını açmaq üçün bir az pulu olsaydı kifayət edərdi. Bu yerdə mən kraliçanın gözəl, qəhvəyi gözlərinin heyrət dolu ifadəsini təsəvvür edirəm. Amma qız da arif imiş, hər şeyi başa düşüb və ətraflı sorğu-sual edib ki, dükanının necə olmasını arzu edir. (Pəri bütün bu vaxt ərzində ancaq gülümsəyirmiş.) Skelmersdeyl həqiqəti deməyə, nişanlısı və yaxın gələcəkdəki planları haqqında danışmağa başlayıb.

– Hamısını olduğu kimi danışdınız? – deyə mən soruşdum.

– Hə, hamısını, – Skelmersdeyl cavab verdi. – Nişanlım harada yaşayır, kimlərdəndir – hər şeyi qeyd-şərtsiz danışdım. Elə bil nəsə məni yalnız həqiqəti deməyə vadar edirdi. “Arzuladığın nə varsa, hamısı olacaq, – pərilər kraliçası mənə dedi. – Hətta hesab elə ki, hamısı artıq həyata keçib. Madam ki pula bu qədər ehtiyacın var, o da olacaq. Ancaq indi… sən məni öpməlisən”.

Cənab Skelmersdeyl özünü elə aparıb ki, guya pərinin son sözünü eşitməyib. Deyib ki, o çox xeyirxah və mehribandır. Hətta onu da bildirib ki, o belə bir pərinin xeyirxahlığına layiq deyil və… birdən kraliça ona daha yaxın əyləşərək pıçıldayıb: “Öp məni!”

– Mən axmaq da onun dediyini elədim, – Skelmersdeyl dedi.

Öpüşlər, bildiyimə görə, müxtəlif olur və yəqin ki, pərilər kraliçasının öpüşü Millinin, oğlanın nişanlısının bəxş etdiyi “zərifliyin səsli təzahürü”nə bənzəmirdi. Bu öpüşdə nəsə ovsunlayıcı qüvvə vardı, tilsimli idi və şübhəsiz ki, o andan etibarən də hər şey dəyişmişdi. Hər halda, oğlan bu hissəni olduğu kimi təsvir etməyə cəhd göstərdi. Mən xəyalımda qarışıq eyhamlar və hərəkətlər dolu həmin səhnəni canlandırmağa çalışdım, amma həmin anda yarpaqların arasından süzülən xəfif işığı, nağılvarı meşənin sirli-sehrli sükutunu, ətraf mühitin heyrətamiz gözəlliyini olduğu kimi təsvir edə bilərəmmi?!

Öpüşdən sonra kraliça tez-tez Milli haqqında soruşurmuş: “Çoxmu gözəldir, xasiyyəti necədir?” – deyə hər şeyi ətraflı bilmək istədiyini söyləyirmiş. Deyəsən, nişanlısının gözəlliyi haqqındakı suala “pis deyil” deyə cavab verib. Bu söhbətdən sonra pəri bildirib ki, o, ay işığında təpənin başında yatanda onu görüb və aşiq olub və əmr edib ki, oğlanı Pərilər ölkəsinə gətirsinlər. O zaman, əlbəttə, Milli haqqında heç nə bilmirmiş və ümid edirmiş ki, oğlan da bir gün onu sevər. Amma madam ki başqasını sevir, onun ölkəsində bir az da qaldıqdan sonra nişanlısına geri dönə bilər.

Pəri danışdığı müddətdə Skelmersdeyl hiss edib ki, artıq onun cazibəsinin təsiri altına düşüb. Amma özünə xas olan astagəlliyi ucbatından heç cür qərar qəbul edə bilməyib. Onun valehedici gözəlin qarşısında matı-qutu qurumuş halda necə oturduğunu, key kimi elə ancaq nişanlısı, quracağı dükan və bunun üçün at-araba lazım olacağı haqqında dodaqaltı mızıldandığını təsəvvür edirəm. Bəlkə də, bu “başağrısı” çox davam edib. Onu da təsəvvürümə gətirirəm ki, balaca sehrbaz qız oğlanın yan-yörəsinə dolanıb ondan əl çəkmir, hər vəchlə sevgisini izhar etməyə çalışır. Bu qayğısız pəri nə bilsin ki, insan həyatı, dolanışığı necə çətindir! Oğlan isə yeni hislərin təsiri altında, gözüyumulu onun dalınca gedir, amma bütün bunlara rəğmən adi insani qayğılarını da unutmur. Əlbəttə, zavallı Skelmersdeylin qarışıq, dolaşıq hekayəsinin qəhrəmanı olan bu balaca pərinin gözqamaşdırıcı gözəlliyini sözlə təsvir etmək çox çətindir. Mənim təsəvvürümdə o, yöndəmsiz söz qarma-qarışıqlığı içində təmiz şəfəqlə parlayan bir ulduza bənzəyir, sanki pırtlaşıq otların arasında bərq vuran işıldaböcək kimi…

Bu müddət ərzində, yəqin ki, Skelmersdeyl çox şeylər görüb, hətta bildiyimə görə, bir dəfə pərilərin ay işığında dövrə vurub rəqs etdiyinin də şahidi olub. Elə bununla da hər şey bitib. Həmin gecə kraliça onu böyük bir mağaraya gətirib. Oğlanın yaddaşına bel bağlasaq, mağaranın içərisini qırmızı lampa işıqlandırırmış. Ətrafda içi qızıl sikkələrlə dolu sandıqlar, qızıl piyalə və mücrülər göz qamaşdırırmış. Xəzinəni qoruyan cırtdan cinlər kraliçanı görcək təzim edib kənara çəkiliblər. Pərilər kraliçası oğlana tərəf dönərək parlaq gözləri ilə onu süzüb.

– Bax belə! – gözəl pəri deyib. – Sən elə yaxşı, ləyaqətli oğlansan ki, gərək səni buraxım gedəsən. Mənimlə də xeyli vaxt keçirdin. İndi sən öz nişanlının yanına qayıtmalısan. Mən də sənə verdiyim sözü unutmamışam, indi sənə arzuladığın qızılı verəcəklər.

– O danışarkən elə bil boğulurdu, – Skelmersdeyl dedi. Sonra sinəsinə toxunub əlavə etdi: – Mən də hiss edirdim ki, içimdə hər şey donub-qalıb. Rəngim avazımışdı, titrəyirdim, ancaq bir söz deyə bilmirdim. Axı nə deyə bilərdim ki?!

Bir anlıq susdu.

– Bəs sonra? – deyə soruşdum.

Bu səhnəni təsvir etməyə onun gücü çatmadı. Bircə onu bildim ki, vidalaşarkən pəri onu öpüb.

– Bəs siz bu məqamda da ona heç bir şey demədiniz?

– Heç bir şey… Quzu kimi boynumu büküb dayanmışdım. Gedərkən cəmi bircə dəfə dönüb mənə baxdı. Gülümsəyir, eyni zamanda ağlayırdı – bunu dəqiq gördüm, çünki yaşarmış gözləri parlayırdı. Sonra yoxa çıxdı, elə bu an balaca cırtdanlar ətrafıma dolanıb sandıqdakı qızılları əllərimə, ciblərimə, paltarımın yaxalığına doldurmağa başladılar.

Yalnız kraliça yoxa çıxandan sonra Skelmersdeyl nə hiss etdiyini dərk edib. O, birdən üstünə yağan qızılları bir tərəfə tullayaraq qışqırıb ki, ona heç nə lazım deyil. “Mənə sizin qızıllarınız lazım deyil. Burda qalmaq istəyirəm. Sizin kraliçanızla bir daha danışmaq istəyirəm”, – deyərək pərinin arxasınca qaçmaq istəyəndə ona imkan verməyiblər. Balaca əlləri ilə onu sinəsindən geri itələyiblər. Bununla belə, ətrafdakı qızılları elə hey üst-başına doldururmuşlar; əllərindən, ciblərindən qızıllar aşıb-daşırmış.

– Mənə qızıl lazım deyil! – onlara deyirdim. – Heç olmasa, bir dəfə kraliçanızla məni görüşdürün. Ona deyəcək sözlərim var.

– Görüşüb danışa bildiniz?

– Eh, nə görüşmək… dava düşdü.

– Ondan sonra heç görmədiniz?

– Yox, görmədim. Mən onları bir tərəfə tullayanda pəri artıq yoxa çıxmışdı.

Beləliklə, Skelmersdeyl qırmızı işıqlı mağaradan özünü bayıra ataraq pərini axtarmağa yollanıb. Mağaranın ağzındakı tağlı keçid boyu o qədər irəliləyib ki, bir də özünü sayrışan işıqları şölələnən düzəngahda görüb. Ətrafda isə pərilər, cinlər deyə-gülə rəqs edirmişlər. Mağaradan onun arxasınca qaçıb gələn cırtdan cinlər isə ondan əl çəkmədən hələ də üstünə qır-qızıl yağdırır və qışqırırmışlar: “Bu da sənə pərilər kraliçasından hədiyyə! Götür arzuladığın qızılları!”

Oğlan bu sözləri eşidəndə canını qorxu bürüyüb ki, hər şey bitib. Naəlac qalıb var gücü ilə bağıraraq pərini səsləyib. Sonra mağaranın girişindən uzaqlaşıb, üzü yamacaşağı, yemişan kollarının arası ilə qaça-qaça qışqıraraq kraliçanı çağırıb. Pərilər oğlanın ətrafında rəqs edərək onu çimdikləyir, cırmaqlayırmışlar. O isə heç bir ağrı hiss etmədən gözəl pərini səsləməyə davam edib. Sayrışan ulduzlar başının üstündə titrəşib onun üzünə işıq salırmış, cırtdan cinlər isə hələ də arxasınca qaçaraq onu qızıla tutur, “Götür qızılları, götür! Pərilər padşahının hədiyyəsidir”, – deyə əl çəkmirlərmiş. O qaçır, arxasınca isə bu əcaib dəstə onu təqib edir, yolundan azdırırmış. Oğlan gah dizə qədər bataqlığa batır, gah sıx kollara dolaşırmış. Birdən bu kolların birinə ilişərək yıxılıb. Üzüqoylu yıxılsa da, arxası üstə çevrilib və o an görüb ki, Oldinqton təpəsində uzanıb, ətrafında heç bir ins-cins yoxdur, başının üstündə ulduzlar sayrışır. Tez dikəlib oturub, yaman üşüyürmüş, bütün bədəni donub keyiyibmiş. Üstəlik, otun üstünə uzanmaqdan pal-paltarı şehdən nəm çəkibmiş. Dan yeri artıq ağarır, soyuq külək əsirmiş. Oğlan artıq düşünürmüş ki, gördükləri fərqli də olsa bir yuxu, daha doğrusu, kabus imiş. Ancaq əlini cibinə salanda baxıb ki, cibi küllə doludur. Artıq şübhə yeri qalmayıb – cibinə tökülmüş sehrli qızıllar külə çevrilmişdi. Hiss edib ki, bütün bədəni cızılmaqdan, didilməkdən göynəyir, amma baxıb görüb ki, heç bir cırmaq, qançır izi yoxdur.

Bax cənab Skelmersdeylin Pərilər ölkəsindən bizim dünyaya qəfil qayıtması belə olub. Oğlana elə gəlib ki, hadisələr bir gecənin içində baş verib, ancaq dükana qayıdanda anlayıb ki, düz üçhəftəlik yoxa çıxıbmış.

– İlahi! Mən bunu biləndə necə əzab çəkdim!..

– Niyə ki?

– Çünki insanlara izahat vermək lazım gəlirdi. Yəqin, heç vaxt belə bir çətin izahat qarşısında qalmayıbsınız.

– Heç bir dəfə də qalmamışam.

Sonra bir az onun yoxa çıxması ilə bağlı insanların necə davrandığından danışdı. Ancaq adları unutmuşdu.

– Bəs Milli? – nəhayət, mən soruşdum.

– Düzü, onu heç görmək də istəmirdim, – deyə cavab verdi.

– Yəqin, o, münasibətini dəyişmişdi?

– Əlbəttə, dəyişmişdi. Ümumiyyətlə, hər şey, həmişəlik dəyişdi. Hətta ətraf mühit mənə elə nəhəng, yöndəmsiz, yaraşıqsız, hay-küylü görünürdü ki!.. Səhər günəş doğanda isə artıq onun şəfəqləri məni xoşhallandırmırdı, əksinə, qıcıqlandırır, gözlərimi deşirdi.

– Milli necə oldu?

– Dedim də… Heç üzünü də görmək istəmirdim.

– Amma yəqin ki, görüşdünüz?..

– Hə, bir bazar günü o, kilsədən gələndə yolda qarşılaşdıq. “Harada itib-batmışdın?” – deyə soruşdu. Bildim ki, dava çıxarmaq istəyir. Heç vecimə də deyildi, ürəyindən dava keçirdisə, qoy eləsin. Heç ona əhəmiyyət də vermirdim, elə bil yanımda deyildi. Ona qarşı o qədər biganə idim ki, düşünürdüm: əvvəllər bu qızın nəyini bəyənmişəm?! Uzun müddət onu görməyəndə keçmiş günləri yada salırdım, amma görəndə də pərilər kraliçasının xatirəsi sanki ona yaxın olmağıma mane olurdu. Düzünə qalsa, heç Milli də məndən ötrü ölmürdü…

– Ərə getdi?

– Hə, öz əmisi oğluna… – Skelmersdeyl cavab verib bir müddət süfrədəki naxışlara diqqətlə baxdı.

O, yenidən danışmağa başlayanda hiss etdim ki, ilk məhəbbətindən qəlbində heç bir iz qalmayıb. Söhbətimiz yenə də onun qəlbinə hakim kəsilmiş pərilər kraliçasının üzərinə gəldi. Onun barəsində danışmaqdan yorulmurdu. O mənə qəribə sevgi sirlərini, məhrəm duyğularını açdı – bunları burda yazmaq satqınlıq olardı.

Bu əhvalatda mənə ən çox təsir edən bu oldu: baqqal dükanının geyimli-kecimli satıcısı öz hekayəsini bitirərək əlində siqar, qarşısında viski qədəhi önümdə oturub. Üzərindən çox illər keçməsinə baxmayaraq, hələ də ürəyini parçalayan eşq yanğısından, tükənməz qüssədən danışır, bu müddət ərzində ona əzab verən könül yarasını izhar edirdi…

– Yemirdim, yatmırdım, – deyirdi, – hesabları qarışdırır, sifarişləri səhv salırdım. O gözəl pərini unuda bilmirdim. Onun üçün elə darıxırdım, xiffətini elə çəkirdim ki! Əlimdəki işim bitər-bitməz hər gecə özümü Oldinqton təpəsinə verirdim. Hətta yağışlı, soyuq havalar belə mənə mane ola bilmirdi. Təpənin yan-yörəsinə dolanır, zirvəsinə qalxıb bağırır, onları səsləyirdim; yalvarırdım ki, məni yenidən öz səltənətlərinə buraxsınlar. Ağlaya-ağlaya haraylayırdım, dərddən lap başımı itirmişdim. Elə hey təkrarlayırdım ki, günahkaram, məni bağışlasınlar. Bazar günləri, hətta iş günləri günortalar da sel kimi tökən yağışın altında təpənin ətrafında dolaşırdım. Hərçənd bilirdim ki, gündüz vaxtı pərini axtarmaqdan bir şey çıxmaz. Hələ orda yatmağa da cəhd edirdim…

Gözlənilmədən susub viskidən bir qurtum aldı.

– Çalışırdım ki, təpədə uzanıb həmin gün olduğu kimi yuxuya gedim, – deyə fikrini təkrarladı. Danışarkən elə həyəcanlı idi ki, dodaqları titrəyirdi. – Neçə dəfə buna cəhd etdim, amma inanın ki, cənab, bacara bilmədim – heç bircə dəfə də… Düşünürdüm ki, gözümə yuxu getsə, bəlkə, hər şey təkrarlana bilər. Amma canıma qor dolmuş kimi ha otərəf-butərəfə dönürdümsə, yuxu gəlmirdi ki, gəlmirdi. Fikir, qəm-qüssə məni yatmağa qoymurdu. Eh, bu kədər… Mənsə istəyirdim ki…

O, sözünü yarımçıq qoyub dərindən ah çəkdi; viskini birnəfəsə içib qəfildən ayağa qalxdı, buxarının üstündəki divara vurulmuş ucuz rəsm çərçivələrinə diqqətlə nəzər salıb pencəyini düymələdi. Döş cibindən gündəlik sifarişləri yazdığı qara üzlüklü qeyd dəftərçəsi görünürdü. Düymələrini axıradək bağlayıb sinəsini şappıldatdı və birdən mənə tərəf çevrilib dedi:

1.Gineya (ing. guinea) – Böyük Britaniyada qızıl sikkə; 1663-cü ildə dövriyyəyə buraxılıb. XIX əsrdə tədavüldən çıxarılıb. Bir gineya 21 şillinqə (sikkə) bərabər olub.
2.Kiy – bilyard şarlarını vurmaq üçün çubuq
3.İohann gecəsi (İohann islam dinində Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbərdir. Xristianlığa görə, İsa peyğəmbərin sələfi olub. İnsanları günahlardan təmizləmək üçün müqəddəs suya salırmış. İsa Məsihi də müqəddəs İordan çayına məhz o salıbmış) – Şərqi Avropa ölkələrində, xüsusən slavyan xalqlarında (hazırda digər Avropa xalqları da hörmət əlaməti olaraq qeyd edir) bayramdır. Yay mövsümündə keçirilir.
4.Qri Ne (fr. “boz burun” deməkdir) – Pa de Kale (La-Manşın ən dar hissəsi) körfəzində burun
5.Bulon-sür-Mer – Fransanın şimalında şəhər; Pa de Kale körfəzinin sahilində yerləşir.
6.İstborn – La-Manş boğazının Britaniya sahilində yerləşən şəhər; Şərqi Susseks qraflığının ərazisidir.
7.Biç Hed – təbaşir qayalıqları; hündürlüyü 162 metrdir.
399 ₽
5,41 zł
Ograniczenie wiekowe:
12+
Data wydania na Litres:
07 października 2022
ISBN:
9789952242461
Właściciel praw:
Altun Kitab
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst PDF
Średnia ocena 5 na podstawie 1 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst PDF
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst, format audio dostępny
Średnia ocena 5 na podstawie 1 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Audio
Średnia ocena 1 na podstawie 1 ocen
Tekst PDF
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 5 na podstawie 2 ocen
Tekst
Średnia ocena 4,6 na podstawie 11 ocen
Audio
Średnia ocena 4,7 na podstawie 26 ocen
Tekst
Średnia ocena 4,6 na podstawie 5 ocen
Tekst, format audio dostępny
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst, format audio dostępny
Średnia ocena 0 na podstawie 0 ocen
Audio
Średnia ocena 4,7 na podstawie 20 ocen
Tekst, format audio dostępny
Średnia ocena 0 na podstawie 0 ocen