Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «İfşa edilmiş fırıldaqçı»

Czcionka:

Müxtəlif illərdə yazılmış novellalar və hekayələr

I
BİR MÜBARİZƏNİN TƏSVİRİ

 
Geyinib-keçinmiş insanlar
Çınqıl yolda səndələyərək gəzərlər,
Başlarının üzərində nəhəng göy üzü,
Uzaqdakı təpələrdən
Uzaq təpələrə uzanar.
 

Saat on iki radələrində bir neçəsi ayağa qalxıb, bir-birinə təzim edib, bir-birlərinin əlini sıxdılar, çox yaxşı idi dedilər, sonra geyinmək üçün böyük qapının boşluğundan dəhlizə keçdilər. Ev sahibəsi otağın ortasında dayanıb, tez-tez başını tərpədərək salam verir, incə qatları olan donunun ətəyi sağa-sola yellənirdi.

Mən kiçik masanın arxasında oturmuşdum, – masanın üç nazik, uzunsov ayağı vardı, – benediktin likörü süzülmüş üçüncü qədəhim idi ki, qurtum-qurtum içir, özüm seçib boşqabıma yığdığım nəfis və dadlı şirniyyatlara baxırdım.

Bu zaman yeni tanışım mənə tərəf yaxınlaşdı və mənim nə ilə vaxt keçirdiyimə baxıb dalğın-dalğın gülümsəyərək titrək səslə dedi:

– Sizin yanınıza gəldiyim üçün məni bağışlayın. Bayaqdan bəri sevgilimlə qonşu otaqların birində oturmuşdum. On birin yarısından bu yana, əslində çox da deyil. Bilirəm, bunları sizə demək yersizdir, bağışlayın məni. Axı, biz bir-birimizi yaxşı tanımırıq, elə deyilmi? Bir az bundan əvvəl pilləkəndə rastlaşmışıq və bir-birimizə iltifat göstərib, bir-iki kəlmə kəsmişik, vəssalam. Mənsə sizə öz sevgilim haqqında danışıram, amma nə olar, məni bağışlayın, xoşbəxtliyimi içimdə saxlaya bilmirəm, naəlac qaldım. Ürəyimi aça biləcəyim başqa tanışım yoxdur burada…

Ağzımdakı meyvəli tort dadsız olduğu üçün məyus halda ona baxdım və onun xoş bir qırmızılığa bürünmüş üzünə doğru dedim:

– Əlbəttə, sizə etibarlı bir adam kimi görünməyim məni sevindirdi, amma mənə ürəyinizi açmağınız xoşuma gəlmədi. Belə çaşqın halda olmasaydınız, təkbaşına oturub içki içən birinə sevdiyiniz qız haqqında danışmağın nə qədər yersiz olduğunu özünüz də hiss edərdiniz.

Bunları demişdim ki, o birdən stulda əyləşib arxaya söykəndi, əllərini bir-birinə keçirib aşağı saldı. Sonra qollarını sinəsində çarpazlayıb, sanki öz-özü ilə danışırmış kimi bərkdən dedi:

– Biz otaqda ikimiz idik… Annerl ilə… Mən onu öpdüm… öpdüm onu… dodaqlarından… qulağından… çiyinlərindən öpdüm.

Yaxınlıqda dayanmış və nə barədəsə qızğın söhbət etdiyimizi düşünən bir neçə kişi əsnəyə-əsnəyə bizə yaxınlaşdı. Buna görə də ayağa qalxıb, hamının eşidə biləcəyi bir səslə dedim:

– Yaxşı, madam ki, istəyirsiniz, sizinlə gedirəm. Amma bilin ki, bu qış günü, üstəlik gecə vaxtı Laurenziberqə1 çıxmaq axmaqlıqdır. Şaxta düşüb, yerdə bir az qar da var, yollar isə sürüşkəndir. Amma istəyirsinizsə, sizinlə gedərəm.

O əvvəlcə təəccüblə mənə baxdı və qırmızı, nəmli dodaqlarını aralayıb ağzını açdı. Amma sonra lap yaxına gəlmiş kişiləri görüb güldü və ayağa qalxıb dedi:

– Yox, yox, soyuq havanın xeyri var, paltarımıza da istilik və tüstü hopub. Düzdür, mən bir az sərxoş olsam da, çox içməmişəm… hə, sağollaşıb gedə bilərik.

Ev sahibəsinə yaxınlaşdıq, tanışım onun əlini öpdükdə qadın dedi:

– Həmişə qaşqabaqlı görünsəniz də, bu gün üzünüzdən sevinc yağır, doğrusu, çox sevindim.

Bu sözlərdəki mehribanlıq tanışımı mütəəssir etmişdi, odur ki, ev sahibəsinin əlini bir dəfə də öpdü; qadın gülümsədi.

Dəhlizdə xidmətçi qız dayanmışdı, ilk dəfə idi, onu görürdük. Paltolarımızı verdi, sonra pilləkənə işıq salmaq üçün fənər götürdü. Gözəl qız idi. Boynu çılpaqdı, sadəcə çənəsinin altına qara məxmər lent sarınmışdı; qabaqda yeriyib, fənərlə pilləkəni işıqlandırarkən, geniş paltarının içindəki bədəni zərif şəkildə əyilib-düzəlirdi. İçdiyi şərabdan yanaqları allanmışdı, fənərin zəif işığında dodaqları titrəyirdi.

Pilləkənin aşağısına çatdıqda fənəri pillələrdən birinin üstünə qoyub tanışıma sarı addımladı, onu qucaqlayıb öpdü və qolları arasından buraxmadı. Ancaq mən onun ovcuna bəxşiş pulu qoyanda yuxulu-yuxulu qollarını tanışımdan ayırdı və tələsmədən giriş qapısını açıb, bizi gecənin qaranlığına ötürdü.

Eyni dərəcədə işıqlandırılmış boş küçəsinin üstündə bir az buludlu və bu səbəbdən daha geniş görünən göy üzündə nəhəng bir ay vardı. Donmuş qar sürüşkən olduğundan, yalnız kiçik addımlarla yerimək mümkün idi.

Küçəyə çıxan kimi əməlli-başlı gümrahlaşdım. Ayaqlarımı yerə döyür, barmaqlarımı şaqqıldadırdım. Kiminsə adını bərkdən qışqırdım, sanki bir dostum məndən qaçıb tində gizlənmişdi; tullanaraq papağımı havaya atdım və lovğa bir hərəkətlə yenidən tutdum.

Tanışım təmkinini pozmadan mənimlə yanaşı yeriyirdi. Başını aşağı əymişdi, dinib-danışmırdı.

Bu mənə qəribə gəldi, çünki onu evdəki qələbəliyin içindən çıxarır-çıxarmaz sevincindən havalanacağını düşünmüşdüm. İndi də mən bir az ağır olmaq istədim, sakitləşdim. Təsəlli vermək üçün əlimi onun çiyninə vurmağa hazırlaşırdım ki, birdən bunu anlamayacağını düşünüb geri çəkdim. Əlim hələlik mənə lazım olmadığından, onu paltomun cibinə soxdum.

Beləcə, dinib-danışmadan yeridik. Addımlarımızın çıxardığı səsə qulaq verir, tanışımla nə üçün ayaqlaşa bilmədiyimi başa düşmürdüm. Bu məni bir az həyəcanlandırırdı. Hava açıq idi, Ay işığında hər şey aydın görünürdü. Bəzi evlərdə pəncərədən baxıb, bizə tamaşa edirdilər.

Ferdinand küçəsinə gəlib çatdıqda, gördüm ki, tanışım hansısa melodiyanı zümzümə etməyə başlayıb; lap astadan, amma mən eşidirdim. Bunu özümə həqarət saydım. Axı, o niyə mənimlə danışmırdı? Mənə ehtiyacı yox idisə, nə üçün sakitliyimi pozdu? Likörü, dadlı şirniyyatları masanın üzərində qoyub gəldiyimə peşman olmuşdum. Bu gəzinti üçün can atan mən deyildim. İstəsəydim, çıxıb təkbaşına gəzə bilərdim. Amma qonaq getmiş, nankor bir gənci rüsvay olmaqdan qurtarmışdım, indi də ay işığında gəzirdim. Bütün günü iş başında, axşam qonaqlıqda, gecə də küçələrdə, yeni heç nə yox. Həddini aşmış təbii həyat tərzi!

Amma tanışım hələ də arxada gəlirdi, hətta geridə qaldığını görüb addımlarını yeyinlətdi və özünü elə apardı ki, guya bu təbii bir haldır. Mənimsə qonşu küçələrin birinə burulsam, bu daha yaxşı olmazmı fikri ağlımdan keçdi; axı, onunla birlikdə gəzməyə borclu deyildim. Evə tək də gedə bilərdim və heç kim mənə mane ola bilməzdi. Otağıma girən kimi masanın üstünə qoyulmuş dəmir ayaqlı lampanı yandırar və köhnə şərq xalçasının üstündəki kresloya yayxanardım… Evə getmək haqqında hər dəfə düşünərkən məni caynağına keçirən həmişəki süstlük yenə bütün bədənimə yayıldı. Yaxşı, bəs sonra? Sonra… rənglənmiş divarlar arasında və arxa divardakı qızılı çərçivəli aynada əyri şəkildə əks olunan döşəmə üzərində tək başıma saatlar keçirərdim.

Ayaqlarım yorulmuşdu, evə gedib yatağıma uzanmağa qərar vermişdim ki, ayrılarkən tanışımla sağollaşımmı, sağollaşmayımmı deyə tərəddüd etdim. Amma sağollaşmadan getməyimə ürkəkliyim, səsimi ucaldaraq sağollaşmağıma isə yorğunluğum mane olurdu. Buna görə də dayandım, Ay işığı düşən bir evin divarına söykənib gözləməyə başladım.

Tanışım yeyin addımlarla mənə yaxınlaşdı, bir az qayğılı görünürdü. Başını mən tərəfə çevirib, gözlərini qırpdı, elə bil nəsə demək istəyirdi.

– Nə var, nə olub? – deyə soruşdum.

– Heç… Dəhlizdə məni öpən xidmətçi qız barədə fikrinizi soruşacaqdım. Görəsən, bu qız kimdir? Onu əvvəllər görmüsünüzmü? Yox? Mən də. Görəsən, doğrudanmı xidmətçidir? Bunu bayaq pilləkənlə düşərkən sizdən soruşacaqdım.

– Əllərinin qırmızı olduğunu görən kimi xidmətçi olduğunu anladım. Bəxşiş pulunu ovcuna qoyanda isə dərisinin sərt olduğunu hiss etdim.

– Doğrudur, dərisinin sərtliyi çoxdan xidmətçi işlədiyini göstərir.

– Bəlkə də, haqlısınız. Zəif işıqda hər şeyi aydın seçmək mümkün olmur. Amma yaşlı subay qıza oxşayırdı.

– Mən belə deməzdim.

– Nə bilim, gecdir artıq, sabah işə getməliyəm, işdə isə yatmaq olmaz, – belə deyib sağollaşmaq üçün əlimi uzatdım.

O əlimi sıxıb dərhal buraxdı və dedi:

– Əliniz çox soyuqdur, qızın dodaqları isti idi.

Başımı tərpədib, tanrıdan mənə səbir verməsini istəyərək dedim:

– Haqlısınız, amma gecdir, yatmaq vaxtıdır, evə getmək lazımdır.

– Yatmaq? Belə bir gecədə yatmaq olar? Düşünün bir, insan təkbaşına yatağa uzandıqda, nə qədər xoşbəxt arzular yorğanın altında boğulub ölür və və nə qədər bədbəxt yuxular canlanır?

– Nə xoşbəxt arzularım, nə də bədbəxt yuxularım var.

Pencəyimin yaxalığından tutub silkələdi, sonra gözlərini qıyıb astadan dedi:

– Bilirsiz nə var? Siz çox gülməlisiniz!

Və yoluna davam etdi, mənsə özüm də bilmədən onun ardınca getdim, çünki dediyi sözlər beynimi qarışdırmışdı.

Bu əvvəlcə məni sevindirdi, çünki məndə bir şeyin varlığını təxmin etmişdi, hərçənd təxmin etdiyi şey məndə olmasa da, tanışımın var zənn etməsi məni onun gözlərində ucaldırdı. Bu cür münasibətdən şad olmuşdum. Evə getmədiyim üçün sevinirdim, tanışım gözümdə çox qiymətli bir insana çevrilmişdi, çünki layiq olmadığım halda mənə digər insanların qarşısında dəyər verə bilərdi! Tanışımı mehriban baxışlarla süzürdüm. Onu təhlükələrdən, xüsusən də rəqib və qısqanclardan qoruduğumu düşünürdüm. Onun həyatı indi mənim üçün öz həyatımdan da qiymətli olmuşdu. Gözəl çöhrəsi vardı; qadınların qəlbini fəth etdiyi üçün qürur duyurdum, axı bu axşam iki qızdan aldığı öpüşlərin mən də şahidi olmuşdum. Hə, çox nəşəli axşam idi!

Sabah freyleyn Anna ilə danışacaq tanışım; əvvəlcə, adi şeylər haqqında söhbət edəcəklər, sonra o özünü saxlaya bilməyib birdən deyəcək: “Anna, dünən gecə elə bir adamla vaxt keçirdim ki, əzizim, sən ömründə bu cür birinə rast gəlməyibsən. Bilirsən, nəyə oxşayırdı; necə səni başa salım, elə bil, yuxarısına sarı dərili, qara tüklü baş keçirilmiş sağa-sola yellənən uzun çubuq idi. Bədəni çox sayda sarımtıl ipək parçacıqlarla örtülmüşdü, dünən gecə hava küləksiz olduğu üçün bu parçacıqlar tərpənmirdi. Mənim yanımda ürkək-ürkək yeriyirdi. Anna, əzizim, sən yəqin ki, bir az gülər, bir az da qorxardın, mənsə səndən başqa heç kəsi fikirləşmirdim, bütün qəlbim səninlə idi, buna görə də onun kimi bir adama rast gəldiyim üçün hətta sevinirdim. Bəlkə də, taleyi gətirməyib, bədbəxtdir, bu səbəbdən susurdu, amma onun yanında daim xoş bir narahatlıq hiss edirsən. Öz xoşbəxtliyimə o qədər aludə olmuşdum ki, hətta səni də az qala unudacaqdım. O hər dəfə yastı sinəsi ilə nəfəs aldıqda, sanki ulduzlu səmanın enib-qalxdığını görürdüm. Göy üzünün ənginlikləri birdən-birə aydınlaşırdı. Elə bilirsən, şişirdirəm, Anna, yox, ruhuma and olsun, yox! Amma sənin öpüşlərin mənim üçün bütün ənginliklərdən əzizdir, Anna. Gəl öz sevgimizdən danışaq!”.

Yavaş-yavaş yeriyərək sahilyanı küçəyə çıxdıqda, tanışıma öpüşlərə görə həsəd aparsam da, bunları Annaya dedikdə, yəqin ki, gizlicə xəcalət çəkəcəyi üçün sevinirdim.

Lakin o an düşüncələrim bir-birinə qarışırdı, çünki qarşı sahildəki Vltava və şəhər məhəllələri zil qaranlığa bürünmüşdü. Yalnız bir neçə işıq bərq vuraraq, onlara baxan gözlərlə oynayırdı.

Bəndin yanında dayandıq. Əlcəklərimi əlimə keçirdim, çünki suyun soyuqluğu sahildə də hiss olunurdu. Sonra gecə çay qırağında çoxlarının etdiyi kimi, heç bir səbəb olmadan dərindən köks ötürdüm və yoluma davam etmək istədim. Amma tanışım suya baxır və qımıldanmırdı. Bir az sonra sahildəki sürahiyə (məhəccər) yaxınlaşıb, dirsəklərini dəmirə söykədi və alnını ovuclarına qoydu.

Bunun axmaqlıq olduğunu düşündüm. Üşüyürdüm, paltomun yaxalıqlarını qaldırdım. Tanışım birdən dikəldi, sürahidən (məhəccər) tutmuş gərgin əllərinə dayaq verərək gövdəsini irəli uzatdı. Bu narahat sükutu pozmaq üçün utana-utana dedim:

– Qəribədir, yalnız gecələr öz xatirələrimizə qərq ola bilirik, elə deyilmi? Bilirsən, indi nə yadıma düşdü? Bir dəfə çayın sahilindəki skamyada başımı arxaya söykəyib oturmuşdum. Qarşı sahilin dumanlı təpələrinə baxırdım; sahidəki oteldən incə skripka səsi gəlirdi. Arabir hər iki sahildən ağappaq tüstülü qatarlar keçib-gedirdi.

Beləcə, bu sözləri deyərkən, maraqlı eşq əhvalatlarını xəyalıma gətirərək danışırdım; bir az kobudluq, qətiyyət və zorakılıq da qata bilərdim.

Amma sözümə təzəcə başlamışdım ki, tanışım birdən çevrilib, məni hələ də burada gördüyünə təəccüblənərək, – mənə belə gəldi, – dedi:

– Bilirsinizmi, həmişə belə olur. Bu gün qonaq getməzdən əvvəl, axşamcağı bir gəzmək istədim, pilləkənlə aşağı düşəndə əllərimin ağ manjetlər içində necə sağa-sola yelləndiyini görüb təəccübləndim; elə qəribə şəkildə yellənirdilər ki. Bildim ki, başıma macəralar gələcək. Gəldi də. Həmişə belə olur.

Son sözlərini yeriyə-yeriyə, dilucu dedi. Amma bu mənə çox toxundu, məyus oldum, bəlkə də uzun boyum onun xoşuna gəlməmişdi, çünki mənim yanımda lap cırtdana oxşayırdı. Gecədən xeyli keçsə də və demək olar ki, heç kəslə rastlaşma-saq da, bu vəziyyət məni o qədər narahat etdi ki, əllərim dizlərimə dəyənə qədər belimi bükdüm. Lakin tanışım niyyətimi başa düşməsin deyə, yerişimi tədricən, ehtiyatla dəyişdim, diqqətini üzərimdən yayındırmağa çalışdım, əlimi uzadıb ona Atıcılar adasındakı ağacları və körpünün çayda əks olunan işıqlarını göstərdim. Amma tanışım birdən üzünü mənə sarı çevirib təmkinlə dedi:

– Bu nədir, nə üçün ikiqat olub yeriyirsiniz? Mənimlə eyni boyda olmusunuz.

– Ola bilər, – deyə cavab verdim. – Amma bu mənim xoşuma gəlir. Bilirsinizmi, mən zəifəm, çox çətinliklə dik dayanıram. Axı, uzundrazam…

O bir az şübhə ilə dedi:

– Yox, sadəcə şıltaqlıq edirsiniz. Məncə, bir az əvvəl dikəlib yeriyirdiniz, elə qonaqlıqda da dik dayanmışdınız. Deyəsən, rəqs də edirdiniz? Yox? Amma dik yeridiyinizi dəqiq bilirəm, bunu ində də bacararsınız.

Mən hirslə cavab verdim:

– Hə, elədir, mən dik yeriyirdim. Amma siz məni qiymətləndirmirsiniz. Yaxşı davranışın nə olduğunu bilirəm, buna görə də ikiqat olub yeriyirəm.

Lakin bu onun üçün adi bir şey deyildi, xoşbəxtlikdən beyni dumanlandığına görə sözlərimi başa düşməmişdi və yalnız bunu deyə bildi:

– Necə istəyirsiniz, – və Dəyirman qülləsindəki saata baxdı, birə az qalmışdı.

Mənsə öz-özünə deyindim: “Bu nə zalım adamdır! Mənim sözlərimə qətiyyən əhəmiyyət vermir! O xoşbəxtdir, vəssalam, xoşbəxt insanlar həmişə belə olur, ətrafda baş verən hər şeyi təbii hesab edirlər. Xoşbəxtlik onlara hər şeydə gözəl bir səbəb tapmağa imkan verir. Əgər indicə suya tullansaydım, ya da onun qarşısında yerə uzanıb qıvrılsaydım, bunlar tanışımın xoşbəxt dünyasında təbii hal kimi görünəcəkdi. Əgər onu başa salmağa çalışsaydım, – şübhəsiz, xoşbəxt insanlar o qədər təhlükəlidir ki, – o məni bir quldur kimi öldürərdi. Buna heç bir şübhə ola bilməz, mənsə qorxaq idim və qorxumdan qışqırmağa da cürətim çatmırdı… Aman allah!”.

Qorxu içində ətrafıma boylandım. Uzaqda qara şüşəli qəhvəxananın qarşısında bir polis səkinin üstündə sürüşürdü. Qılıncı maneçilik etdiyi üçün onu əlinə aldı və daha rahat sürüşməyə başladı. Uzaqdan onun sevinc içində necə çığırdığını eşidirdim, buna görə də tam əmin oldum ki, əgər tanışım məni öldürmək istəsə, özündən başqa heç kəsi görüb-eşitməyən bu polis məmuru məni xilas etməyəcək.

Amma indi nə edəcəyimi dəqiq bilirdim, çünki hər hansı bir qorxunc hadisədən əvvəl mən həmişə qətiyyətli oluram. Qaçacaqdım. Bu çox asan idi. Bir azdan o sola, Karl körpüsünə tərəf dönərkən, mən də sağa, Karl küçəsinə burulacaqdım. Küçə əyri-üyrüydü, qaranlıq döngələrlə, indiyə qədər açıq olan pivəxanalarla dolu idi; ümidimi itirməməliydim.

Sahil küçəsinin axırına çatıb, tağın altından keçər-keçməz əllərimi yuxarı qaldırıb həmin küçəyə tərəf götürüldüm. Amma kilsənin kiçik qapısı önündə yıxıldım, gözləmədiyim halda ayağım pilləyə ilişmişdi. Gurultu ilə yerə dəydim. Küçə fənəri uzaqda olduğundan, qaranlıqda uzanıb qalmışdım. Qarşı tərəfdəki pivəxanadan küçədə nə baş verdiyini öyrənmək üçün əlində hisli lampa tutmuş gombul bir qadın çıxdı. Pianonun səsi kəsildi və bir kişi pivəxananın yarıaçıq qapısını taybatay açdı. Sonra hayxırıb küçəyə tüpürdü; qadını bərk-bərk qucaqlayaraq, “Heç nə olmayıb, əzizim” dedi. Dönüb içəri girdilər, qapı yenidən bağlandı.

Qalxmaq istədim, amma yenə yerə dəydim. “Yer şüşə kimi buz bağlayıb!” – öz-özümə deyindim və dizimdə ağrı hiss etdim. Digər tərəfdən, pivəxanadakıların məni görmədiyinə sevinirdim, çünki hava işıqlanana qədər burada rahatca uzanıb qala bilərdim.

Tanışım yəqin ki, mənim yoxa çıxdığımı hiss etmədən körpüyə qədər getmişdi, çünki xeyli müddətdən sonra gəlib çıxdı. Mənə yazığı gəldiyi üçün aşağı əyilib yumşaq əllərini üzərimdə gəzdirdi. Əlini gicgahıma sürtdü, sonra alnıma qoydu.

– Əzildiniz, hə? Yer buz bağlayıb, ehtiyatlı olmaq lazımdır… Başınız ağrıyır? Yox? Hə, demək diziniz…

Tanışımın səsi o qədər ahəngdar idi ki, elə bil, kiminsə dizindəki ağrı haqqında xoş bir əhvalat danışırdı. Əllərini tərpətsə də, məni ayağa qaldırmağı ağlından belə keçirmirdi. Başımı sağ əlimə söykədim, – dirsəyimi daşın üstünə qoymuşdum, – və nə söyləyəcəyimi unutmamaq üçün bunları tələsə-tələsə dedim:

– Bilmirəm, sağ tərəfə nə üçün qaçdım. Amma bu kilsənin qarşısından, – bağışlayın, kilsənin adını bilmirəm, – balaca bir pişik qaçdığını gördüm, tükləri ağappaq idi, elə buna görə də diqqətimi cəlb etdi… Amma yox, məsələ bunda deyil, bağışlayın, insanın bütün günü özünü idarə edə bilməsi çox çətindir. Elə buna görə də yatıb, bu ağır iş üçün güc toplayırıq, əgər yatmasaq, başımıza tez-tez qəribə hadisələr gələr. Amma tanışlarımızın bu hala açıq-aşkar təəccüblənməsi də nəzakətsizlik olar.

Tanışım əllərini ciblərini salmışdı; əvvəlcə boş körpüyə, sonra Seminar Kilsəsinə, daha sonra isə başını qaldırıb aydın səmaya baxdı. Mənə qulaq asmadığı üçün dalğın halda soruşdu:

– Axı, niyə danışmırsınız, əzizim? Özünüzü yaxşı hiss etmirsiniz?… Axı, nə səbəbə ayağa qalxmırsınız? Bu şaxtada burada qala bilməzsiniz, xəstələnərsiniz, həm də biz Laurenziberq təpəsinə çıxmayacaqdıq?

– Əlbəttə, bağışlayın, – dedim və şiddətli ağrı hiss etsəm də, özüm dikəlib ayağa qalxdım. Səndələyirdim, müvazinətimi itirib yıxılmamaq üçün sağa-sola baxmadan gözlərimi Dördüncü Karlın heykəlinə dikdim. Lakin ay işığı oynaq olduğundan Dördüncü Karlı da hərəkətə gətirmişdi. Təəccübləndim və səndələməyə davam etsəm, Dördüncü Karlın da yıxılacağından qorxdum və buna görə də dabanlarımı yerə möhkəm basdım. Amma sonra səylərimin heç bir faydası olmadı və gözəl ağ donlu bir qızın məni sevdiyini düşündüyüm an Dördüncü Karl da yıxıldı.

Mən əbəs yerə canfəşanlıq edirəm və çox fürsətlər qaçırıram. Qız barədə düşünmək nə xoşbəxt anlar idi!.. Ay da mərhəmət göstərib məni işıqlandırmışdı, təvazökarlıqdan gedib körpü qülləsinin tağı altında dayanacaqdım ki, ayın hər şeyi işıqlandırmasının təbii olduğunu düşündüm. Buna görə də Ay işığından əməlli-başlı zövq alaraq əllərimi ovuşdurdum… Yadıma bir şeir düşdü:

 
Sərxoş çapar kimi
Havanı tapdalayaraq
Küçələrdə çapırdım.
 

Və süst qollarımla üzmə hərəkətləri edərək, çətinlik çəkmədən, ağrısız-acısız irəli getməyə başladıqda bir az yügülləşdim. Sərin havada başım dinclik tapmışdı, ağ libaslı qıza duyduğum sevgi isə məni kədərləndirirdi, sanki dumanlı dağların ətəyindən və sevgilimdən ayrılıb üzürdüm… Birdən nifrət etdiyim xoşbəxt bir tanışım yadıma düşdü, – bəlkə də o indi mənimlə yanaşı addımlayırdı, – və yaddaşımın bu qədər yaxşı olduğu və hətta əhəmiyyətsiz təfərrüatları da xatırladığım üçün sevindim. Axı, yaddaşın yükü böyükdür. Birdən ulduzların adını bilməyə başladım, hərçənd onların haqqında heç bir şey oxumamışdım. Bəli, bunlar maraqlı adlar idi, çətinliklə yadda qalırdı, amma mən bunların hamısını çox dəqiq bilirdim. Şəhadət barmağımı yuxarı qaldırıb, ulduzların adını ucadan sadalamağa başladım… Lakin bu çox çəkmədi, çünki daha dərinə qərq olmağı istəmirdimsə, üzməyə davam etməliydim. Amma sonralar səkidə hər kəsin üzə biləcəyini və bu barədə danışmağın yersiz olduğunu demələrini istəmədiyim üçün, gücümü toplayıb körpü məhəccərlərindən yuxarı yüksəldim və qarşıma çıxan hər övliya heykəlinin ətrafında dövrə vurdum… Beşinci heykəlin yanında qollarımla havanı qulaclayıb, özümü səkinin üzərində saxlamağa çalışdığım zaman tanışım əlimdən tutdu. İndi mən yenə səkidə dayanmışdım və dizimin ağrıdığını hiss edirdim. Ulduzların adını unutmuşdum, o sevimli qız haqqında isə yalnız bu yadımda qalmışdı ki, onun əynində ağ paltar vardı, amma onun sevgisinə inanmaq üçün əlimdə hansı əsaslar olduğunu heç cür xatırlaya bilmirdim. Bu qızı itirəcəyimə görə öz yaddaşıma və ürkəkliyimə acığım tutdu. Və “ağ don, ağ don” deyə ara vermədən təkrarlamağa başladım ki, heç olmasa bu əlamətin köməyi ilə qızı yaddaşımda saxlaya bilim. Amma bu da kömək etmədi. Tanışım danışa-danışa daha yaxına gəlmişdi; onun sözlərini anlamağa başladığım anda ağ bir şey körpünün məhəccərləri boyunca sürətlə şığıyıb, qülləni keçərək qaranlıq küçəyə daldı.

– Həmişə, – müqəddəs Lyudmilanın heykəlini göstərərək dedi, – həmişə bu soldakı mələyin əllərinə heyran olmuşam. Görün necə zərif əlləri var! Bu axşam mən bu cür incə əlləri öpmüşəm.

Məni qucaqladı, paltarımı öpdü və başını sinəmə sıxdı.

– Əlbəttə, mən sizə inanıram. Heç bir şübhəm yoxdur, – dedim. Bu zaman barmaqlarımı onun əlindən çıxarıb, ayaqlarını çimdiklədim. Amma o bunu hiss etmirdi. Öz-özümə dedim: “Bu adamla nə üçün gedirsən? Axı, sən onu sevmirsən və ona nifrət də bəsləmirsən, axı xoşbəxtlik ağ don geyib-geymədiyi dəqiq bəlli olmayan o qızdadır. Demək, bu adam sənin üçün əhəmiyyətsizdir… təkrar et: əhəmiyyətsizdir. Amma təhlükəli adam olmadığı da aydındır. Buna görə də, get onunla Laurenziberq təpəsinə, çünki bu gözəl gecədə artıq yola düşmüsən, get, amma qoy bu adam danışsın, sənsə özün üçün əylən; və beləcə, sən, – bunu astadan de, – özünü hər şeydən yaxşı qoruyacaqsan”.

1.Bir təpənin adı
399 ₽
12,66 zł