Czytaj książkę: «İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə»
© 2015 by Ashlee VANCE
© Altun Kitab MMC – 2018
Tərcüməçidən
Dəlinin əməli şüurlu insanın xəyal gücünü geridə buraxar.Borxes, “Alef”
Hər şey kiçik qızımın ad günümə bu kitabı hədiyyə etməsi ilə başladı. İllərdir izlədiyim, haqqında neçə məqalə yazdığım bir dahinin irreallıqla sərhədləri zorlayan macəradolu bir həyat hekayəsi vardı qarşımda. Psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə xəstələrinə diaqnoz qoya bilirlər. Freyd həyatda olsaydı, İlon Mask haqda, kim bilir, nə deyərdi. Yaradıcı insan normaları alt-üst edən sərhədlərə yaxınlaşıb sonradan geriyə – reallığa dönür. Bəs Mask necə? Uzun zamandır yaratdıqlarını anlamağa çalışdığım bu dahi sanki o sərhədlərdən aramıza qayıtmır, əksinə, ürkdüyümüz, qorxduğumuz o sərhədlərdən daha da irəliyə – utopiya ilə gerçəyin sarmaş-dolaş olduğu bir xəyali dünyaya keçir. Kitab da elə onun ‘’Sizcə, mən dəliyəmmi?’’ sualı ilə başlayır…
Kitabı oxumağa başladığım günlərdə Mask gözlənilmədən Türkiyəyə gəldi, prezidentlə görüşdü, Atatürkün “Anıtkabir” mavzoleyini ziyarət etdi. Orada çəkdirdiyi şəklin altına Atatürkün bu sözlərini yazdı: “Əgər bir gün mənim sözlərim elmlə ziddiyyət təşkil edərsə, siz elmi seçin”. Sosial şəbəkələrdə Maskın Atatürkə verdiyi dəyər böyük rezonans doğurdu, gördüyü işləri onun möhtəşəm sözləri ilə taclandırdı. O gün kitabı Azərbaycan türkcəsinə tərcümə etmək haqda düşündüm. Bizim gənclərin də dünyanın çöhrəsini dəyişdirən fantastik layihələrin müəllifini tanımalarını istədim.
Kitablar başqa yerlərdə olmaq istəyən insanlar üçündür.Mark Tven
“İnsanları xəyal qura bilməyən ölkədə elmin gələcəyi yoxdur” – tərcümə prosesində bu fikir beynimi sürəkli məşğul edirdi. İlonun mütaliə və kitab sevgisindən bəhs edən bölümlər məni heyrətə gətirirdi. Gündə 10 saat kitab oxumağı təsəvvür edirsinizmi? Ayzek Azimov, Robert Haynlayn və Artur Klarkın kitabları ilə böyüyən bir uşağın xəyal gücü də kainatın sərhədlərini, təbii ki, aşacaqdı. Karl Saqanın dediyi kimi, “Xəyal gücü bizi mövcud olmayan dünyalara aparır, amma o olmasa da, heç bir yerə gedə bilmərik”. Mask ilk kompüterinə 10 yaşında sahib olmuşdu. Sizin o yaşda kompüteriniz vardımı? 12 yaşında kompüter oyunu yazır, onu sataraq ilk qazancını əldə edir. Oyunun məğzi hidrogen bombaları ilə yad planetdən gəlmiş şüa aparatı olan kosmik gəmini məhv etməkdən ibarətdi. Balaca İlonun bu proqramı yazdığı vaxtda elmi-texniki ədəbiyyatda ”şüa aparatı’’ deyə bir şey yox idi.
Orta məktəb təhsili, mütaliə və xəyal qurmaq bacarığı – oxucu bunların əhəmiyyətini kitabın hər bölümündə hiss edir. Digər tərəfdən xəyal qurmaq da bir istedaddır və bu da Maskda yetərincədir. Oxuduğu kitablar onda bəşəriyyətin gələcəyinə fərqli, xüsusi bir baxış yaratdı. Tənəffüslərdə kartondan raket düzəldib uçurdan uşağın bir gün Marsda insan koloniyası qurmaq arzuları, dünyanın ən güclü raketini yaratması da bu gün təəccüb doğurmur. Çox sevdiyim bir kəlamda deyildiyi kimi, “Böyük xəyalların doxsan, kiçik xəyalların isə on faizi həyata keçir”. Mask hər zaman böyük xəyallar qurdu və qurmağa da davam edir.
Quş kimi göydə uçar yerdəkilər, Bizi yerə gömdü minbərdəkilər.M.Ə.Sabir
Sosial şəbəkələrdə bizim məşhur alimlərdən birinin dediyi iddia edilən bir fikir tirajlanır: “Sinfinizdə pis oxuyan uşaqlarla dost olun, gələcəkdə sizə başçılıq edəcəklər”. Uşaqlarımızı belə absurd fikirlərlə oxumaqdan, təhsildən soyutmaq yolverilməzdir. Düşündüm ki, kitab bu sərsəm, cəfəngiyyat yanaşmanı alt-üst edəcək, təhsilin, elmin önəmini göstərəcək.
Eşli Vens kitabı yazarkən 300-dən çox insanla görüşüb, onların fikirlərindən istifadə edib. Nəticədə Maskın bilinən tərəflərindən başqa, onun xarakterindəki ziddiyyətlər, irqçi düşüncələri, zaman-zaman özünü göstərən qəddar idarəetmə metodları ortaya çıxıb. Bu baxımdan müəllifin əməyini təqdir etmək lazımdır. ABŞ-da kitabın bir neçə nəşri var və mən “Son söz”ü axırıncı nəşrdən tərcümə etmişəm. Burada müəllifi tanımaq olmur: ilk nəşrdəki Mask heyranlığı özünü qatı bir müxalifə buraxıb: tənqidlər, əsassız ittihamlar və s. Mask zatən dünyada birmənalı qəbul edilmir, amma müəllifin düşüncələrindəki belə radikal dəyişikliyi anlamaqda çətinlik çəkdim. Diqqətli oxucu da, əminəm ki, bunu sezəcək.
Kitabda İlonun qardaşı Kimballa bacısı Toska arxa planda qalıblar. Halbuki onlar da öz sahələrində uğurludurlar. Errol Mask kitabda despotik ata kimi verilib, adının mümkün qədər az çəkilməsinə çalışılıb. Mən orijinal mətnə sadiq qalmağa çalışdım, ancaq “Altun kitab”ın sahibi, gözəl dilçi-alim Rafiq İsmayılovla belə qərara gəldik ki, heç olmasa, kitabın şəkillər bölümünə “müdaxilə” edək. Və nəticədə orijinaldan fərqli olaraq ailə şəkillərini – atası, ilk arvadı Castin və b.-nın özəl şəkillərini tapıb altına kiçik mətnlər yazdım.
Nəyi bilirəmsə, ona inanıram.Lüdviq Vitgenştayn
Yaxın keçmişə qədər Silikon Vadisinin ən kultlaşmış ismi Stiv Cobs idi. Ancaq modern gəncliyin “Texnoloji Buddası” sayılan Maskın şöhrəti artıq onunkunu çoxdan keçib. Bildiklərinə inanan bu iki dahini tez-tez müqayisə edirlər. Stiv Cobs kompüterin modern dünyadakı yerini dəyişdi, onu kiçildərək mobil telefona sığdırdı. Mask isə dünyanı dəyişməyə çalışır – Marsda insan koloniyası qurmaq, aerokosmik sənaye tarixinin ən güclü raketini kosmosa göndərmək, yenidən istifadə olunan daşıyıcı raketlər, bərpa olunan enerji, elektromobillər, vakuum dəmir yolu xətti, süni intellekt və kosmik internet.
Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,Gah enərəm yer üzünə, seyr edər aləm məni.Nəsimi
Kitab ABŞ-da satışa çıxarılanda nə Tesla Model S, nə də Model 3 elektromobilləri çıxmışdı, Falcon Heavy-nin kosmosa göndərilməsi isə sual altında idi. Nəşrdən sonra Maskın planları bir-bir reallaşmağa başladı. Tərcümə bitəndə isə tarixin ən böyük raketi – 27 motorlu Falcon Heavy uğurla kosmosa göndərildi. “Mask və kosmik internet” bölümündə bəhs edilən qlobal şəbəkə infrastrukturunun əsası isə əlinizdəki kitabın nəşrindən bir neçə gün öncə qoyuldu. Dünyanı vahid internet sisteminə bağlamaq, interneti uzaq bölgələrdə də yaymaq üçün Mask başgicəlləndirici bir meqalayihəyə start verdi. 2019–24-cü illər arasında SpaceX kosmosa 4425 ədəd internet paylayıcı peyk göndərəcək. Bunların ilk 2 peyki 22 fevral 2018 tarixində kosmosa buraxıldı. 5 il ərzində ortalama hər həftə bir raket buraxmaq lazım gələcək. Böyük Səhradan Sibirin ucsuz-bucaqsız torpaqlarına, Himalay dağlarının zirvələrindən Papua-Yeni Qvineya cəngəlliklərinə qədər hər yerdə fasiləsiz internet olacaq. İlon Mask “Bəşəriyyətə format atdı” – kainatın fəthində yeni bir mərhələ başlayır.
Göydə bir bitməyən dərinlik varKi, donar hər düşüncə heyrətdən.H.Cavid, “Dəniz tamaşası”
Tərcümə əsnasında tez-tez Qustav Malerin 5-ci simfoniyasını dinləyirdim. IV hissədəki Adajiettodakı dərin lirizm insanı içindən qoparıb Mask kimi başqa dünyalara aparır. Zatən Malerin musiqisi də heç bu dünyanınkı deyil. Kədərli notlarla başlayır simfoniya, getdikcə Maler o məşhur lirizmini işə salır və arfa təlatümün arxasınca qaranlığın içindən günəşi çıxarmağa çalışır sanki. Buradakı həsrət, acı, iztirab o qədər dərin və təsirlidir ki, insanın daxilini param-parça edir. Musiqini irəliyə aparmaq yerinə Maler tərəddüd edir, geriyə, başdakı akkordlara qayıdır, major və minor bir-birinə qarışır. O ürpədici musiqi qərar verə bilmir – qaranlıqdamı qalsın, yoxsa işığamı can atsın.
İlon Mask isə Malerdən fərqli olaraq tərəddüd etmir – bəşəriyyəti qaranlıqdan çıxarıb işıqlı bir gələcəyə aparmaqda qərarlıdır. Bu kitabın ana dilimizdə nəşrindəki əsas məqsəd də bizim övladlarımızın ümumbəşəri layihələrdə ön sıralarda olmalarını görməkdir.
İbrahim Nəbioğlu,27.02. 2018, su çərşənbəsi,İstanbul
1. İlonun dünyasi
“Sizcə, mən dəliyəmmi?”
İlon Mask bu sualı mənə Silikon Vadisindəki axşam yeməyində vermişdi. Hər zaman olduğu kimi, görüşə gecikirdi. Mən restorana ondan öncə gəlmiş və bir cin-tonik sifariş verib oturmuşdum. On beş dəqiqə sonra gəldi. Ayağında dəri ayaqqabı, üstündə dama-dama köynək və cins şalvar vardı. Boyu 1.83 olsa da, tanıyanlar onun daha iri göründüyünü deyirlər. Enlikürək, cüssəli və sağlam bədənə sahibdi. İçəri girəndə düşünürsən ki, cüssəsini xüsusi nümayiş etdirib Alfa erkəyi1 kimi yeriyəcək. Ancaq bunun yerinə utancaq birini görürsən. Masaya tərəf başı azca öndə yeriyərək yaxınlaşdı, əlimi tez sıxıb yerinə oturdu. Maskın ətrafa isinib özünü rahat hiss etməsi üçün daha bir neçə dəqiqəyə ehtiyacı vardı.
Mask məni axşam yeməyinə müxtəlif mövzularda danışmaq üçün dəvət etmişdi. 18 ay öncə onun haqda kitab yazmaq istədiyimi deyəndə mənimlə bu məsələdə əməkdaşlıq etməyəcəyini söyləmişdi. Rədd etməsi mənə toxunsa da, qəzetçi inadım qamçılanmışdı. Qoy elə olsun dedim, bu kitabı onun yardımı olmadan da yazaram. Əvvəllər Maskın şirkətlərində çalışmış bir çoxları ilə münasibətim vardı. Onun bəzi dostlarını isə zatən tanıyırdım. Aylar bir-birini əvəzlərkən 200-ə yaxın insanla görüşüb məlumatlar topladım. O arada Mask mənimlə yenidən əlaqə yaratdı. Evimə telefon açaraq iki alternativdən birini seçəcəyini söylədi – ya həyatımı zəhərə çevirəcək, ya da layihəmdə mənə yardım edəcəkdi. Kitabı çapa getməzdən əvvəl oxuyacaq və qeydlər edəcəkdi. Əgər mən o qeydləri qəbul etsəm, əməkdaşlığa razılaşacaqdı. Yazdığım mətnə qarışmayacaq, səhv olduğuna inandığı xüsusları düzəltməyimi tələb edəcəkdi. Bunun səbəbini anlayırdım – Mask həyat hekayəsini şəxsi nəzarətinə götürmək istəyirdi. Ruhən o, alimdi və faktları təhrif etmək onu özündən çıxarırdı. Kitabın çapından sonra üzə çıxan hər hansı bir yanlışlıq onu sonsuza qədər incidərdi. Məntiqini anlayırdım. Lakin kitabı çapdan öncə oxumasına peşə etikası baxımından izin verə bilməzdim. Maskın öz həqiqətləri vardı, ancaq onlar heç də hər zaman başqalarının həqiqətləri ilə üst-üstə düşmürdü. Ən sadə suallara belə lüzumsuz, uzun cavablar verməyə meyilli idi. Onun otuz səhifəlik qeydlərinə ehtiyacım yoxdu. Buna baxmayaraq axşam yeməyində görüşüb bütün bunları müzakirə etməyə qərar verdik.
Görüşümüz PR-çıları müzakirə etməkdən başladı. Mask ictimaiyyətlə əlaqələr şöbəsində işləyənləri tez-tez dəyişməkdə ad çıxartmışdı və Tesla üçün yeni PR müdiri axtarırdı. Özünəxas bir əda ilə “Dünyadakı ən yaxşı PR müdiri kimdir?” deyə sordu. Daha sonra söhbət ikimizin də tanıdığımız Hovard Hyuz (Howard Hughes)2 və Tesla zavodundan düşdü. Mask sifarişləri qəbul etməyə gələn ofisiantdan saxladığı pəhrizə uyğun azkalorili karbohidratlı yeməkləri soruşdu. Siyah kalmarla hazırlanmış lobster sifariş verdi. Söhbətimiz hələ başlamamışdı, Mask yeməyini yeyirdi. Gecələri onu yatmağa qoymayan böyük qorxusunu danışmağa başladı: Google şirkətinin qurucusu Larri Peycin (Larry Page) süni intellekt sahəsindəki çalışmalarından ehtiyat edir, robotların insan irqini məhv edəcəklərini deyirdi.
“Həqiqətən də, əndişəliyəm’’ dedi. Peyc yaxın dostu idi, onun xoşniyyət insan olduğunu deyirdi. Amma bu, Maskı rahatlatmağa yetərli deyildi. Robotlar insan həyatını asanlaşdıracaq deyə Peyc nikbindi. Mask: “Mən isə nikbin deyiləm. Peyc istəmədən şeytani bir şey yarada bilər’’ – dedi. Yemək gələn kimi boşqabındakıları tez yeyib bitirdi. Yemək demək doğru olmazdı, elə dişlədi ki, yemək bir andaca ortadan qeybə çəkildi. Maskı mutlu edib danışdırmaq üçün boşqabımdan böyük bir parça bifşteksi ona verdim. Planım işə yaradı, amma sadəcə doxsan saniyəliyə. Böyük ət parçasını da bir anda aşırtdı.
Maskı bədbin olduğu süni zəka mövzusundan öz məsələmizə gətirmək bir az zaman aldı. Kitab haqda danışmağa başladıq. Məndən onun haqda yazmaq istəyimin səbəblərini və niyyətimi öyrənməyə çalışırdı. Bir qədər gözləyib söhbətə nəzarəti əlimə aldım. Bədənimdə toplanan adrenalin cin-toniklə qarışdı və mən kitabı yazmaq səbəblərim haqda düz 45 dəqiqəlik bir monoloq söylədim. Maskdan çox şərt qoymadan izin verməsini gözləyirdim. Onun qeydləri və məni sürəkli nəzarətdə saxlamaq istəyi jurnalist kimi etibarıma kölgə salacaqdı. Nə qədər təəccüblü də olsa, Mask sözümü kəsib “Tamam” dedi. Demək ki, Mask öz fikrini müdafiə edən, əzmli və inadkar insanları sevir. Əvvəllər onlarla qəzetçi Mask haqda kitab yazmaq üçün ona müraciət etmiş, “Yox” cavabı alınca da itaət edərək taleləri ilə barışmışdılar. Fəqət Maskın rədd etdiyi insanlar içində tək mən inadla israrlarıma davam etmiş və bu da, görünür, onun xoşuna gəlmişdi.
Axşam yeməyi Maskın azkalorili karbohidrat pəhrizini pozması ilə bitdi. Ofisiantlardan biri halva deserti gətirdi və Mask əlləri ilə onu yeməyə girişdi. Artıq anlaşmışdıq: Mask mənə şirkətlərindəki müdirləri, dostları və ailə üzvləri ilə əlaqə qurmağa icazə verdi. Kitabı yazdığım müddətdə ayda bir dəfə axşam yeməyində mənimlə görüşəcəkdi. Mask ilk dəfə idi bir jurnalistə həyatına girməyə izin verirdi. İki saat yarım sürən yemək bitmək üzrə idi. Mask əllərini masanın üstünə qoyub qalxmaq istəyirdi ki, birdən dayandı, gözlərimin içinə baxaraq o inanılmaz sualı verdi: “Sizcə, mən dəliyəmmi?’’ O anda çaşıb-qaldım, bu sualın tapmaca olub-olmadığını düşünürdüm, odur ki, ağzımı açıb danışa bilmədim. Bu sualın mənim üçün deyil, Maskın özü üçün olduğunu sonralar anlayacaqdım. Əslində, cavabımın önəmi də yoxdu. Mask yenə duruxdu, yüksək səslə mənim güvəniləcək adam olub-olmadığımı sordu. Qərar vermək üçün gözlərimin içinə baxırdı. Bir-birimizin əlini sıxdıq və o, qırmızı rəngli Tesla Model S avtomobilinə minib uzaqlaşdı.
İlonun dünyası ilə tanışlığa Kaliforniyada, Hotornda (Hawthorne), Los-Anceles beynəlxalq hava limanından bir neçə mil məsafədəki SpaceX mərkəzindən başlamaq lazımdır. Maskın iş otağına gedən yolda ziyarətçilər yan-yana asılmış iki nəhəng Mars fotosu ilə qarşılaşırlar. Soldakı fotoda Mars bu gün olduğu kimi verilib – soyuq, səhra və qızılı rəngdə, sağdakında isə Mars artıq okeanlarla əhatə olunub və yaşıllıqlar içindədir. Planetin temperaturu artırılıb və insan həyatına uyğunlaşdırılmış hala gətirilib. Maskın məqsədi də buna nail olmaqdır. Marsda insan oğlu üçün kosmik koloniyalar qurmaq İlon Maskın həyatının mənasıdır. O bu haqda belə deyir: “İnsanlığın parlaq bir gələcəyə sahib olduğunu düşünərək ölmək istərdim. Əgər bərpa olunan enerji (Günəş, külək, dalğa, su və b. mənbələrdən alınan enerji – İ.N.) problemini çözsək və başqa bir planetdə mədəniyyət qurub bir yox, bir neçə planetdə yaşamaq bacarığına nail olsaq, bu, həqiqətən də, çox yaxşı olar’’.
Maskın söylədiyi, ya da gördüyü işlər bəzilərinə ağlasığmaz gəlirsə, bunun səbəbi elə onların ağlasığmaz olmasındadır. İmkansız şeylərlə məşğul olması Maskı Silikon Vadisinin3 kumirinə çevirib. Peyc kimi həmkarları onun haqqında hörmət və bir az da ehtiyatla danışırlar. Biznes həyatına yeni atılanlar artıq “İlon kimi olmaq’’ istəyirlər. Əvvəllər hamı Stiv Cobsa (Steven Paul Jobs, 1955–2011, “Apple Computer, Inc.” şirkətinin qurucusu və ortaqlarından biri – İ.N.) bənzəməyə can atırdı. Amma Silikon Vadisi fərqli bir dünyadır. Onun xaricində Maskı təzadlı biri kimi görürlər. Onu elektromobilləri, günəş batareyaları və raketləri olan, boş ümidlər satan bir adam kimi qəbul edirlər. Stiv Cobsu unudun. Mask insanların qorxuları üzərində ağlasığmaz sərvət qazanmış P.T.Barnumun (19-cu əsrdə yaşamış amerikalı iş adamı, “Ringling Bros. and Barnum & Bailey” sirkinin qurucusu – İ.N.) elmi-fantastik versiyasıdır. Bir Tesla avtomobili satın alın. Planeti nə hala saldığınızı bir kənara atın!
Bir vaxtlar mən özüm də bu düşərgənin üzvü idim. Mask xoşniyyətli bir xəyalpərəst kimi məni də valeh etmişdi. O, Silikon Vadisinin texno-utopistlər klubunun tipik nümayəndəsinə bənzəyirdi. Bu düşərgənin insanları Ayn Rand (Alisa Zinovyevna Rosenbaum (1905–1982) – amerikalı yazar, filosof, obyektivizm cərəyanının banisi) heyranları ilə mütləqiyyətçi mühəndislərin sintezidirlər. Əgər biz onların əl-ayağına dolaşıb mane olmasaq, o insanlar bizim bütün problerimizi asanca həll edəcəklər. Bir gün, həm də kifayət qədər yaxın zamanda biz beyinlərimizi, zəkamızı kompüterə yükləyə biləcəyik. Bununla da rahatlıq tapacağıq, qoy sonrasını alqoritmlər düşünsün. Çox vaxt onların ambisiyaları ilham verir, gördükləri işlər faydalı olur. Ancaq texno-utopistlər texnologiyaların sonsuz imkanları haqdakı banal söhbətləri ilə əvvəl-axır adamı bezdirirlər. Ən çox da onların bu əsas fikrindən çaşbaş qalırsan ki, insan defektli bir məhsul, bəşəriyyət isə kainat üçün mənasız bir yükdür. Silikon Vadisindəki tədbirlərdə Maskın pafoslu çıxışları texno-utopistlər üçün oyun kitabından seçilmiş sözlər kimi səslənirdi. Onun şirkətlərinin dünyanı xilas edəcəkləri haqda fikirləri isə heç inandırıcı görünmürdü.
Amma 2012-nin əvvəlində mənim kimi pessimistlər etiraf eləməyə başladı ki, Mask, həqiqətən də, qoyduğu hədəflərə çatır. Bir zamanlar məsxərəyə qoyulan şirkətləri bənzərsiz işlər görür, uğur qazanırdı. SpaceX Beynəlxalq Kosmik Stansiyaya orbital yük gəmisi göndərmiş və müvəffəqiyyətlə geri qayıtmışdı. Tesla Motors özünün tam elektrikli, göyçək Model S sedanını buraxırdı. Nəfəs kəsən gözəllikdə idi; avtomobil sənayesi ilə Detroyt heyrətə düşmüşdü. Bu iki nailiyyəti Maskı biznesin nəhəngləri içərisində əlçatmaz zirvəyə çıxartdı. İki fərqli sahədə belə uğuru ancaq Stiv Cobs qazanmışdı – Apple-ın yeni modeli və Pixar-ın (Kaliforniyada qurulmuş film və animasya şirkəti, 1986-da Stiv Cobs tərəfindən alındıqdan sonra 2006-da 7,4 milyard dollara Disneyə satılıb – İ.N.) yeni blokbasteri ilə. Lakin Mask hələ yeni başlayırdı. O həm də birjaya açılmaqda olan günəş enerjisi sahəsində sürətlə böyüyən Solar City şirkətinin ən böyük sərmayədarı və onun Direktorlar Şurasının sədri idi. Cəmi bircə həmlə ilə Mask raket və avtomobil sənayesi ilə energetika sektoruna son onilliklərin ən böyük töhfələrini vermişdi.
Maskı daha yaxından tanımaq və “Bloomberg Businessweek” (1929-dan bu yana Amerikada nəşr edilən həftəlik iqtisadiyyat jurnalı – İ.N.) üçün material yazmağa qərar verdim. Onunla əlaqə yalnız köməkçisi Meri Bet Braun vasitəsilə mümkün idi. Və Meri məni sonralar Mask Diyarı adlandıracağım yerə dəvət etdi.
Mask Diyarına ilk dəfə gələnin çaşqınlıqdan ağzı açıq qalır. Sizə maşınınızı Hotornda, “One Rocket’’ adresində yerləşən SpaceX-in mənzil-qərargahının önündəki dayanacağa park etməyi söyləyirlər. Yəqin, düşünəcəksiz ki, Hotornda nəsə yaxşı bir şey ola bilərmi? Bura Los-Ancelesin köhnə-köşkül evləri, mağazaları və ucuz restoranlarının olduğu darıxdırıcı bir rayonudur. Bütün bunlar beton qutulara bənzəyən nəhəng sənaye təsislərinin içində yerləşir. Belə bir yerdəmi yerləşir Maskın şirkəti? Lakin daha sonra gördüklərin anlam qazanmağa başlayır, qarşınıza sahəsi 51 min m2 olan mistik bir bəyaz bina çıxır. Bura SpaceX-in əsas binasıdır.
Bu adamın yaratdıqlarının heybətli miqyasını SpaceX-in giriş qapısından keçəndən sonra anlayırsan. Mask Los-Ancelesin ortasında kosmik raketlər istehsal edən zavod tikib. Və bu zavod birdəfəyə bir raket deyil, çox raket düzəldir, özü də “sıfırdan”. Zavod böyük bir iş meydanıdır. Arxa tərəfdə metal hissələrin qaynaq dəzgahlarına yanaşması üçün böyük platformalar var. Digər tərəfdə isə ana plata, rabitə modulları və b. elektron hissələr hazırlayan bəyaz önlüklü texniklər çalışırlar. Digərləri isə xüsusi germetik şüşə kameralar içində raketlərin kosmik stansiyaya daşıyacağı kapsulları yığırlar. Başlarına bandana bağlamış döyməli adamlar Van Halen-i (Kaliforniyalı rok qrupu – İ.N.) dinləyərək raket motorlarının ətrafına kabellər döşəyirdilər. Yüklənməyə hazır raket gövdələrini də elə oraya düzmüşdülər. Binanın bir başqa bölümündə isə raketlər bəyaz rəngə boyanacaqları vaxtı gözləyir. Bir dəfə gəlməklə zavodu görüb anlamaq mümkün deyil. Qəribə formalı dəzgahların ətrafında yüzlərlə insan çalışırdı.
Bura Mask Diyarındakı sadəcə 1 nömrəli binadır. SpaceX satın alana qədər bura Boeing-747 təyyarələri üçün füzelaj istehsal edən Boeing zavodu idi. Qövsvarı damı olan və anqara bənzəyən binada Tesla-nın araşdırma laboratoriyası ilə dizayn studiyası yerləşir. Model S sedanı və Model X krossoverinin dizaynı məhz bu studiyada hazırlanıb. Bir qədər irəlidə Tesla enerjidoldurma stansiyası inşa edib. Los-Anceles sürücüləri burada avtomobillərini elektriklə pulsuz doldururlar. Buranı tapmaq çox asandır, Mask stansiyanın ortasına qırmızı-bəyaz Tesla loqotipi yerləşdirib.
Maskdan ilk müsahibəni bu dizayn studiyasında almışam. Onun necə çalışdığını o əsnada görmüşdüm. Özünə güvənən adamdır, ancaq bunu həmişə nümayiş etdirmir. İlk görüşdə utancaq və ağır insan təsiri bağışlayır. Onun Cənubi Afrika aksenti azalsa da, hələ də hiss edilir, bu da onun axıcı və səlis danışmasına mane olur. Bir çox mühəndis və fiziklər kimi istədiyi kəlməni axtararkən pauza verir, qəliz elmi-texniki terminlərdən istifadə edir, onları sadələşdirilmiş sözlərlə əvəz etmir. Düşünür ki, dediklərini onsuz da hər kəs anlayır. Heç nə anlamırsınızsa da, anlamayın deyir, öz işinizdir. Mask, əslində, zarafatcıldır, özünü sevdirməyi bacarır. Amma hər söhbətinin mütləq bir hədəfi və hansısa mənası var. O, sadəcə olaraq çənəsini boş yerə yormur. Onun güvənini qazanmağım və mənə daxili dünyası ilə şəxsiyyətinin daha dərin qatlarını açması 30 saata yaxın sürən çoxsaylı söhbətlərdən sonra mümkün oldu.
Bir çox şirkət sahibi və CEO-nun (ing. dilində Chief Executive Officer, baş direktor və ya İdarə Heyətinin sədri – İ.N.) ətrafında sürəkli köməkçiləri və ya müavinləri olur. Mask isə şirkətlərində, əsasən, təkbaşına gəzir. Restoranlarda çox vaxt keçirtməz. İşinin sahibidir, nüfuzunu göstərən bir əda ilə yeriyir. Maskla dizayn studiyasının birinci mərtəbəsindəki nümunələri və maşınları incələyərkən söhbət etdik. Ayaq saxlayan kimi işçilər Maskın üstünə tökülüşür, onu informasiya selinə qərq edirlər. O, diqqətlə dinləyir, düşünür və əgər razı qalsa, başını tərpədirdi. Oradan başqa informasiya axınına tərəf hərəkət edir. Tesla-nın layihə müdiri çalışmış Frans fon Holshauzen Model S-in təkər və təkər diskləri ilə Model X-in oturacaqlarının yerləşmə sxemi haqda Maskın fikrini öyrənmək istəyir. Bunları müzakirə edib yüksəkkeyfiyyətli qrafik kompüterin satış nümayəndələri ilə arxadakı otağa keçirlər. Onlar üçölçülü yeni renderinq (kompüter qrafikasında görüntünün vizuallaşdırılması – İ.N.) texnologiyasını nümayiş etmək istəyirdilər. Bu texnologiya Tesla üçün virtual Model S-in son retuşunu təshih etməyə imkan yaradacaq, hətta kölgələr və küçə lampalarının avtomobilin kapotundakı əksini belə göstərəcəkdi. Tesla mühəndisləri yeni kompüter sistemləri almaq istəyir və Maskın bunu təsdiq edəcəyinə inanırdılar. Burğu alətinin ciyiltisinə və iri sənaye ventilyatorlarının səsinə baxmayaraq mühəndislər Maskı ideyalarının önəminə inandırmaq istəyirdilər. Mask isə hərzamankı iş qiyafətində – cins şalvar, qara futbolka və dəri ayaqqabıda dayanıb 3D eynəyini taxmağa tələsmirdi. Bu haqda düşünəcəyini söyləyib yüksək səsin mənbəyinə – dizayn studiyasının dərinliyində enerjidoldurma stansiyaları üçün 10 metrlik qüllələrin inşa olunduğu bölümə getdi. Mask “Bu düzəltdiyiniz beşballıq bir fırtınaya da tab gətirər, odur ki bir az incəldin’’ dedi. Sonda qara rəngli Model S-ə minib SpaceX-in mənzil-qərargahına qayıtdıq. Yolda mənə sarı dönərək “Bizim insanlar internet, maliyyə və hüquqla çox məşğul olurlar. Ona görə də bizdə innovasiyalar azdır’’ dedi.
MASK DİYARI İLHAM QAYNAĞIYDI
Silikon Vadisinə 2000-ci ildə gəldim və San-Fransiskoya qonşu Tenderloynda yaşamağa başladım. Bura şəhərin pis ad çıxarmış bölgəsi idi. Yerli sakinlər buradan uzaq durmağa çalışırdılar. Burada şalvarını çəkib park edilmiş maşınların arasında təbii ehtiyaclarını ödəyən və ya başını avtobus dayanacağının divarına vuran psixopatlarla qarşılaşmaq adi bir haldı. Striptiz klublarının yanındakı ucuz barlarda transvestitlər iş adamlarına ilişir, əyyaşlar küçədəki skamyalarda gecələyirdilər. San-Fransiskonun bu çirkin və görkəmsiz, bıçaq yaraları ilə dolu səmtində internet inqilabı haqda röyaların bitdiyi daha bariz görünürdü.
San-Fransisko insan acgözlüyü haqda hekayələri ilə məşhurdur. Qızıl qızdırması (ing. Gold rush – İ.N.) dövründə şəhər olmuş San-Fransisko dəhşətli zəlzələdən (1906-cı il dağıdıcı zəlzələsi – İ.N.) sonra da iqtisadi şəhvətini itirmədi. İqtisadi yüksəliş və çöküşlər bu yerlərin ritmi, habelə ahəng və melodiyası idi. 2000-ci ildə San-Fransisko görünməmiş bir iqtisadi canlanma yaşadı, şəhərdə çılğın bir istehlak ajiotajı başladı. İnsanların sürətli varlanma fantaziyalarına qapıldığı, internetin isə başgicəlləndirici illəri idi. Populyar olan bu sərsəm ideyaların enerjisi hər addımda hiss edilirdi: şəhər uğuldayır və qaynayırdı. Mən San-Fransiskonun ən əxlaqsız və ən pozğun səmtində yaşayırdım, insanların yüksəlişini də görürdüm, çöküşünü də.
O vaxtlar biznesin çılğınlıqları haqda müxtəlif hekayələr danışılırdı. Sürətlə böyüyən bir şirkət qurmaq üçün nəyisə istehsal etməyə lüzum yoxdu. Bir internet ideyanızın olması və bu düşüncənizə sərmayə qoyacaq investor tapmaq kifayət idi. Yeganə məqsəd qısa müddət ərzində çoxlu pul qazanmaqdı, çünki bu vəziyyət bir gün mütləq bitəcəkdi.
Vadinin işçiləri taqətdən düşənə qədər çalışırdılar. Hamı gecəyarısına qədər işləyirdi. İş yerləri müvəqqəti yaşamaq üçün evlərə çevrilmiş, şəxsi gigiyena unudulmuşdu. Heç nə istehsal etməmək üçün çox çalışmaq lazımdı. Stress atmaq vaxtı gələndə isə ağlınıza gələn bütün yollara baş vurulurdu. Ovaxtkı şirkətlər kim daha vəhşi əyləncə növü seçəcək deyə bir-biri ilə bəhsə girmişdi. Tanınmış şirkətlər “bərkgedən” olduqlarını nümayiş etdirmək üçün mütəmadi olaraq konsert salonları kirayələyirdilər. İçkilərin pulsuz olduğu belə gecələrdə səhnəyə Barenaked Ladies (Kanada rok qrupu – İ.N.) çıxır, barlarda isə rəqqasələr şou göstərirdilər. Gənc mühəndislər fahişələr çağırır, tualetlərdə kokain çəkirdilər. Acgöz idilər, ağıllarındakı tək şey varlanmaqdı.
Sürətli varlanma haqda internet fantaziyalarının çöküşü San-Fransisko və Silikon Vadisini dərin depressiyaya saldı. “Tusovka’’lar yoxa çıxdı. Küçə qadınları artıq səhər saat 6-da küçələrdə “Mənimlə gəl, şəkərim. Qəhvədənsə mən yaxşıyam’’ deyib sabah seksi təklif etmirdilər. İndən belə Barenaked Ladies yerinə Nil Daymondun (Amerikalı müğənni, mahnı sözlərinin müəllifi – İ.N.) mahnıları, pulsuz futbolkalar və boğazda düyünlənmiş qəhər vardı.
Yüksək texnologiyalar industriyası adamlarının indən belə nə ilə məşğul olacaqları haqda heç bir təsəvvürləri yox idi. Sabun köpüyü kimi partlayan vençur şirkətləri (elmi araşdırmalar, mühəndislik fəaliyyəti və innovasiyaların tətbiqi ilə məşğul olan kiçik şirkətlər – İ.N.) tamam batmamaq üçün maliyyələşdirməni kəsdilər. Təşəbbüskarların nəhəng fikirlərinin yerini təvazökar niyyətlər tutdu. Silikon Vadisinin bütün sakinləri sanki bir anda kütləvi şəkildə içkini buraxdılar. Melodram kimi səslənsə də, həqiqət belə idi. İşıqlı gələcək qurduğuna inanan milyonlarla zəka sahibi birdən bunun doğru olmadığını anladı. Və dəbə yeni davranış şəkli mindi – riskdən qaçmaq üçün ehtiyatlı olmaq.
Dəyişikliyi görmək üçün o dövrdəki ideyalar üzərində qurulmuş şirkətlərin durumuna baxmaq kifayət idi. Google arenaya 2002-də çıxmışdı və elə o vaxt da uğur qazanmağa başladı. Amma bu, tipik bir örnək deyil. Google şirkətinin qurulması ilə 2007-də Apple iPhone-nun yaranması arasındakı dövrdə bir sıra mənasız şirkətlər yarandı ki, onlar qısa müddətdə batıb yox oldular. Hətta Facebook və Twitter kimi uğurlu qurumlar belə Hewlett-Packard, Intel və ya Sun Microsystems kimi həqiqi məhsul ortaya çıxaran və on minlərlə insanı işlə təmin edən şirkətlərə bənzəmirdilər. Sonrakı illərdə məqsədlər dəyişdi. Artıq böyük risklərə gedib yeni sənaye sahələri açmaq yerinə istehlakçını əyləndirərək bazarı bol-bol reklamla doldurub asan pul qazanmaq dövrü başlayırdı. Facebook-un keçmiş mühəndisi Jeff Hammerbacher mənə belə demişdi: “Bizim nəslin ən parlaq beyinləri insanların mausla reklama daha çox tıklamaları üzərində baş sındırırlar. Bu, dəhşətdir’’. Silikon Vadisi bərbad bir şəkildə Hollivuda oxşamağa başlamışdı. İstehlakçılar isə içlərinə qapanıb virtual dünyanın əsirinə çevrilmişdilər.
İnnovasiyalardakı bu durğunluğun daha böyük problemə çevriləcəyini ilk dəfə fizik Conatan Hyubner dilə gətirdi. Pentaqonun Kaliforniyadakı Çayna gölündə yerləşən Dəniz Aviasiyasının Elmi Tədqiqat Mərkəzində çalışan Hyubner “Leave it to Beaver’’ serialındakı ölüm tacirinin versiyasıdır. Ortayaşlı, arıq və saçı tökülmüş bu adam, adətən, qəhvəyi köynək, xaki rəngli şalvar və pencək geyinir. 1985-dən bu yana ən son texnologiyalardan istifadə edərək silah sistemləri üzərində çalışmaqdadır. O, “dotkom’’ların (ing. dot.com – “nöqtə-com’’lar internet şəbəkəsi üzərində çalışan şirkətlərə verilən addır – İ.N.) batmasından sonra masasına qoyulan innovativ təkliflərə baxmır, onları ciddiyə almır. Hyubner 2005-ci ildə yazdığı “Dünyada innovasiyaların azalma tendensiyası’’ adlı məqaləsində Silikon Vadisini tənqid edərək ona xəbərdarlıq edir.
Hyubner innovasiyalarla bağlı vəziyyəti təsvir etmək üçün ağac metaforundan istifadə edir. İnsan oğlu artıq ağacın gövdəsinə çıxaraq budaqları üzərində məskunlaşıb, təkər, elektrik, təyyarə, telefon, tranzistor kimi həqiqətən də böyük kəşflər edib. İndiki nəsil isə ağacın təpəsində yellənərək bizə qədər olunmuş kəşfləri inkişaf etdirmək istəyir. Bu metaforla Hyubner həyatımızı dəyişdirən böyük kəşflərin ciddi şəkildə seyrəldiyini göstərir. Bundan başqa, o, bir nəfərə düşən texniki innovasiyaların zamanla azaldığını deyir. Mənə verdiyi müsahibəsində “Düşünürəm ki, insanın indən belə 100 böyük ixtira edəcəyi ehtimalı getdikcə azalır. İnnovasiya məhdud qaynaqdır’’ deyir.
Hyubner insanların onun fikri ilə razılaşması üçün beş il lazım olduğunu söyləyir. Onun təxmini hardasa tam doğru çıxdı. 2010-da PayPal-ın (internet üzərindən çalışan onlayn ödəmə sistemi – İ.N.) qurucularından, Facebook-un ilk xarici investoru Peter Thiel yüksək texnologiyalar sənayesinin tənəzzülə uğradığı fikrini irəli sürdü. “Biz uçan avtomobillərin xəyalını qururduq, əvəzində isə əlimə keçən 140 simvol oldu’’ – bu cümlə onun “Founders Fund’’ isimli sərmayə şirkətinin şüarına çevrildi. “Gələcəyə nə oldu’’ adlı essesində Thiel və tərəfdarları iddia edirlər ki, Tvitter özünün 140 simvolu ilə yalançı tərəqqidir. Thielə görə, elmi fantastika bəşəriyyətin gələcəyini tərənnüm etməyi dayandırıb və antiutopiyaya çevrilib. Bunun səbəbi texnologiyaların dünyanı dəyişdirəcəyinə olan inamın qalmamasıdır.