Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Bir sevgi tarixçəsi»

Czcionka:

Silviya Herşerə və Con Fləksmana


…namque… solebatis Meas esse aliquid putare nugas…

(«…mənim cızma-qaralarımın mənasız olmadığına, yəqin ki, inanırsınız…»)

Qay Valeri Katull,
Miladdan öncə 87–54-cü illərdə yaşamış
Roma şairi

1

Artıq həyatdan köçmüş iyirmi beş yaşlı bir qız haqqında nə demək olar?

Deyə bilərəm ki, o, gözəl idi. Ağıllıydı. Mosartla Baxın vurğunuydu. «Bitlz»i sevirdi. Bir də məni. Yadımdadı, o, yenə məni bu musiqiçilərlə eyni dəstəyə qatıb-qarışdırdığı günlərdən birində soruşmuşdum ki, yaxşı, bəs sən bizi hansı ardıcıllıqla sevirsən? Gülə-gülə cavab vermişdi: «Əlifba sırası ilə». Onda mən də gülmüşdüm. Amma indi oturub fikirləşirəm, tapmağa çalışıram: görəsən, o məni bu siyahıya adımla daxil edirmiş, yoxsa soyadımla? Əgər adımı nəzərdə tuturmuşsa, mən siyahının lap axırına düşürəm, Mosartın dalınca sürünürəm; yox, soyadımı götürürmüşsə, bir az irəliləmək imkanı qazanıram, Baxla «Bitlz»in arasına soxula bilirəm. İstənilən halda birinci olmamağım bəzi axmaq səbəblər üzündən məni əməlli-başlı əsəbiləşdirir. Xüsusilə ona görə ki həmişə, hər yerdə birinciliyə alışmışam. Yəqin, irsi əlamətdir, nəsilliklə belə olmuşuq.

***

Sonuncu kursun payızında meylimi Redkliff kitabxanasına salmışdım. Ona görə yox ki, pişik ətə baxan kimi mən də buradakı qızların ayaqlarına baxmağa gəlirdim. Hərçənd, nə gizlədim, imkan düşəndə əldən vermirdim. Amma ən əsası, Redkliff kitabxanası sakit bir yer idi, burada hansısa tanış adama rast gəlib onun çənəsinin altına düşmək təhlükəsi yox idi, dərsliklərə olan tələbat isə bizim universitetin kitabxanasındakı qədər yüksək deyildi.

Ertəsi gün növbəti tarix imtahanımı verməliydim. Harvard tələbələrinin səciyyəvi xəstəliklərindən biri də budur ki, onlar fənn müəlliminin tapşırdığı kitabları son ana qədər əllərinə almırlar. Tələsmədən kitabxananın qeydiyyat bölməsinə yaxınlaşdım və məni sabahkı biabırçılıqdan xilas edəcək dərsliyi istədim. Bölmədə, piştaxtanın arxasında iki qız dayanmışdı: biri – tennisçiyə bənzər uzundraz şey idi, digəri isə eynəkli siçanı xatırladırdı.

Mən «Dördgöz Siçan»ı seçdim.

– «Orta əsrlərin tənəzzülü» kitabınız varmı?

O, ötəri baxışla məni süzdü.

– Bəs sizin necə, öz kitabxananız varmı?

– Bura baxın, Harvard tələbələrinə Redkliff kitabxanasından istifadə etməyə icazə verilir, – deyə azacıq əsəbiləşdim.

– Söhbət məsələnin qanuni tərəfindən getmir, Preppi1, – deyə «dördgöz» təhərini pozmadan cavab verdi, – mən etikadan danışıram. Harvardda sizin beş milyon kitabınız var. Bizsə bir neçə min kitabın ümidinə qalmışıq.

İlahi, sən bir bunun yekəxanalığına bax! Bəziləri hesab edirlər ki, Redkliffin qızlarının sayı Harvardın oğlanlarının sayından beş dəfə azdırsa, deməli, qızlar da burada beş dəfə bizdən ağıllı olmalıdırlar2. Görünür, bu qız həmin özündənmüştəbehlər zümrəsindəndir. Adətən, mən belələrinin buynuzunu dərhal sındırıram, amma indi zəhrimara qalmış kitabsız keçinə bilməzdim.

– Qulaq as, bu lənətə gəlmiş kitab mənə çox lazımdır.

– Olmazmı ki, danışığına fikir verəsən, Preppi?

– Axı niyə belə əminsən ki, mən özəl hazırlıq kurslarını bitirmişəm?

– O dəqiqə görünür ki, böyük ağıl sahibi deyilsən, amma varlısan, – deyə o, eynəyini çıxardı.

– Səhv edirsən, – etiraz etdim. – Əslində, mən ağıllı və kasıbam.

– Oh, Preppi, yox, ağıllı və kasıb mənəm.

İndi o, dimdik üzümə baxırdı. Şabalıdı gözləri var idi. Yaxşı, mübahisə etməyəcəyəm, bəlkə də, varlı olduğum, həqiqətən, sifətimdə yazılıb. Amma heç kimin, hətta gözəl gözləri olan bir Redkliff qızının da məni maymaq adlandırmasına dözmərəm.

– Bəs sən özünü niyə belə ağıllı hesab edirsən? – soruşdum.

– Çünki dünya dağılsa da, sənin kimisiylə qəhvə içməyə getmərəm.

– Bura bax, mənim səni heç hara dəvət etmək fikrim yoxdur.

– Elə buna görə də deyirəm ki, axmaqsan, – o cavab verdi. – Sübut istəyirdin, bu da sübut.

***

İcazənizlə, niyə bu ötkəm qızı qəhvə içməyə dəvət etdiyimi sizə başa salım. Ən gərgin məqamda uzaqgörənliklə geri çəkilməyim, yəni onu qəhvə içməyə aparmaq fikrinin çoxdan ağlıma gəldiyini deməyim arzusunda olduğum kitabı əldə etmək imkanı verdi. Kitabxana bağlananadək o, iş yerini tərk edə bilməzdi. Deməli, mənim ixtiyarımda kifayət qədər vaxt qalırdı ki, kral hakimiyyətinin on birinci əsrin sonlarında dinin təsirindən azad edilərək qanunla idarə olunmağa başlanması haqda bir neçə sanballı cümlə yadda saxlayım. Nəticədə imtahanda «A minus»3 aldım – kitabxanaçı qız ilk dəfə piştaxtanın arxasından çıxanda mən də onun ayaqlarına həmin qiyməti vermişdim. Demək olmaz ki, onun libasını da eyni dərəcədə yüksək dəyərləndirmişdim, məncə, bu qız çox ala-bəzək geyinmişdi. Xüsusilə çiynindən asdığı qəribə çantasını bəyənməmişdim – hindlilərin çantasına bənzəyirdi. Amma yaxşı ki, lağ etməmişdim, çünki sonradan məlum olmuşdu ki, onu özü tikib.

Biz yaxınlıqda yerləşən «Cırtdan» restoranına getdik. Restoranın adına baxmayaraq buraya təkcə liliputları yox, hamını buraxırdılar. Mən iki qəhvə və şokoladlı «brauni» ilə dondurma sifariş verdim (onun üçün).

– Mən Cennifer Kavilleriyəm, – deyə o özünü təqdim etdi, – italyan əsilli amerikalıyam.

Guya özü deməsəydi, haralı olduğunu soyadından başa düşməyəcəkdim.

– Musiqi sahəsində ixtisaslaşıram, – Cennifer əlavə etdi.

– Mənsə Oliverəm, – cavab verdim.

– Bu sənin adındır, ya soyadın? – o maraqlandı.

– Adımdır, – dedim və soyadımı, tam olmasa da, söyləməli oldum. – Oliver Barrett.

– O-o, – Cennifer canlandı. – Barrett tanınmış şairin soyadıdır4.

– Hə, – deyə mızıldandım. – Amma qohum deyilik.

Araya sükut çökdü. Ürəyimdə sevindim ki, nə yaxşı, Cennifer şairi yada saldı, başqaları kimi, soyadımı eşidər-eşitməz, «Barrett Holl»u5 xatırlamadı. Harvardın həyətindəki bu nəhəng və yassar binanı tikdirib universitetə bağışlamış kişi ilə yaxın qohumluq əlaqəm olduğundan həmişə utanc hissi keçirmişəm. «Barrett Holl» – mənim ailəmin ölçüyəsığmaz varidatını, şöhrətpərəstliyini və Harvardizm xəstəliyini gözə soxan monumental abidədir.

Cenni nəzakətlə susmaqda davam edirdi. Yəni bizim söhbət üçün mövzumuz belə tez bitmişdi? Bəlkə, tanınmış şairə aidiyyətimin olmamağı onu məyus etmişdi? Nə baş vermişdi? Qız qarşımda oturub dinməzcə gülümsəyir və sifətimə baxırdı. Pərtliyimi gizlətmək üçün onun masanın üstünə qoyduğu dəftərləri götürüb vərəqləməyə başladım. Maraqlı xətti var idi: balaca, itiuclu hərflərlə yazırdı, böyük hərflərdən isə ümumiyyətlə istifadə etmirdi. (Nədir, bu da özünü e.e.kamminqsin6 ardıcıllarından hesab edir?) Cenninin qeydlərini nəzərdən keçirir, onun adları çox romantik səslənən kurslarının nədən ibarət olduğunu dərk edə bilmirdim: «Müq.ədəb.105», «Musiqi150», Musiqi201»…

– «Musiqi201»? Bu nədir, buraxılış ilində tələbələr üçün ixtisas kursunun adıdır?

Cenni başı ilə təsdiqlədi və fəxrlə dedi:

– Renessans dövrünün polifoniyası!

– Bəs «polifoniya» nədir?

– Həyəcanlanma, Preppi, onun seksə heç bir aidiyyəti yoxdur.

Axı mən niyə bütün bunlara dözməliyəm? Nədir, bu qız heç «Crimson»u7 oxumur? Mənim kim olduğumu bilmir?

– Ey, sən bilirsənmi, mən kiməm?

– Bilirəm, – onun səsində etinasızlıq duyulurdu. – Sən «Barrett Holl»un sahibisən.

Yox, o mənim kim olduğumdan xəbərsizdi.

– «Barrett Holl» mənə məxsus deyil, – qızın səhvini düzəltdim. – Mənim babamın böyük babası onu çoxdan Harvarda bağışlayıb…

– …ki, uzun illər sonra onun nəvəsinin kiçik nəvəsini həmin universitetə bəh-bəhlə qəbul etsinlər.

Bu yerdə artıq mənim səbrim tükəndi, o, bütün sədləri aşmışdı!

– Cenni, əgər sən mənim ağılsız, daxilimin boş olduğuna belə əminsənsə, nə üçün məni özünə qəhvə almağa məcbur edirdin, dalıma düşüb buraya gəlirdin?

O, düz gözlərimin içinə baxıb güldü:

– Çünki zahirin xoşuma gəlib.

***

Qalib gəlmək üçün uduzmağı da bacarmaq lazımdır. Burada heç bir ziddiyyət yoxdur. Məğlubiyyəti qələbəyə çevirmək bacarığı əsl Harvard tələbələrini başqalarından fərqləndirən mühüm keyfiyyətdir.

«Çox ağır qələbə oldu, Barrett. Amma siz fısqırıq oynadınız!»

«Çox şadam ki, uşaqlar, axırda istədiyinizə nail ola bildiniz. Sizə bu qələbə hava-su kimi lazım idi!»

Azarkeşlərdən dəfələrlə eşitdiyim bu sözləri xatırlaya-xatırlaya düşünürdüm ki, əlbəttə, tam və qəti qələbə yaxşı şeydir. Bununla belə, son anda vurulmuş qolla oyunu udmaq şansı varsa, mən ikincisini seçərdim. Odur ki Cennini evə ötürəndə bu özündənrazı Redkliff gözəlçəsi üzərində axırıncı zərbə ilə qələbə çalmaq ümidimi itirməmişdim.

– Bura bax, Redkliff gözəlçəsi, cümə günü axşam Dartmutda hokkey oyunu olacaq.

– Nə olsun?

– O olsun ki, istəyirəm, sən də gələsən.

Cenninin cavabı Redkliff qızlarının idmana münasibətini tam dolğunluğu ilə əks etdirirdi:

– Niyə avara bir oyuna görə durub buradan Dartmuta yol ölçməliyəm?

Guya saymazyana dedim:

– Çünki mən oynayacağam.

Araya sükut çökdü. Nəfəsimi qısıb cavab gözləyirdim. Mənə elə gəlirdi ki, yerə düşən qarın da səsini eşidirəm.

– Hansı komandada? – nəhayət, Cenni dilləndi.

2

IV Oliver Barrett

İpsviç, Massaçusets ştatı.

Yaşı – 20.

İxtisası – ictimai elmlər.

Dekan siyahısı8: 1961, 1962, 1963-cü illər.

«Sarmaşıq Liqası»9 çempionatının qalibi: 1962, 1963-cü illər.

Gələcək peşəsi – hüquqşünas.

Sonuncu kurs tələbəsidir.

Ekseterdə Filips Akademiyasının10 məzunudur.

Boyu – 5 fut 11 düym11.

Çəkisi – 185 funt12.

Əlbəttə, Cenni artıq mənim haqqımda bu məlumatları proqramdan oxuyub. Vik Kleman, bizim menecer onun pulsuz paylanan proqramlardan birini götürdüyünü öz gözləri ilə görüb. Üç dəfə soruşmuşam.

– Sən Allah, Barrett, nədir, olmaya, ilk dəfədir görüşə qız çağırırsan?

– Yum ağzını, Vik, yoxsa dişlərini döşəmədən yığmalı olacaqsan.

Biz oyundan qabaq əzələlərimizi açmaq üçün buz üstünə çıxanda mən nəinki Cenniyə əl etmədim, heç o oturan tərəfə də baxmadım (gör necə pis oğlanam!). Bununla belə, əmin idim ki, Cenni gözaltı onu izlədiyimi düşünür. Birləşmiş Ştatların himni səslənəndə eynəyini bayrağa sonsuz məhəbbət əlaməti olaraq çıxarmamışdı ki?!.

İkinci hissənin ortalarına kimi hesab açılmasa da, artıq biz Dartmutu üstələyirdik. Devi Constonla mənim rəqib qapısının torunu deşməyimizə az qalırdı. Bunu hiss edən «Yaşıl əclaflar» kobud oynamağa başladılar. Yəqin, biz hesabı açmamış onlar bir-ikimizin qabırğasını sındırmaq istəyirdilər. Artıq qan iyi hiss edən tamaşaçılar vəcdə gəlmişdilər, bar-bar bağırırdılar. Hokkey oyununda «qan» deyəndə, həqiqətən, buz üstündə qan, yaxud, heç olmasa, qol nəzərdə tutulur. Azarkeşlərin tələbinə həmişə hörmətlə yanaşan bir oyunçu kimi mən həmişə çalışmışam ki, onların nə qan, nə qol arzularını gözlərində qoyum.

Dartmutun mərkəz hücumçusu Ol Reddinq bizim göy müdafiə xəttimizə yaxınlaşanda mən onun qarşısına çıxdım. Biz az qala əlbəyaxa olduq, mən güclü çıxıb şaybanı aldım və əks-hücuma keçdim. Azarkeşlər boğazlarını cırırdılar. Sol tərəfimdə Devi Constonu görürdüm, amma işi özüm axıra çatdırmaq istəyirdim. Rəqibin yastı-yapalaq, bir az da qorxaq qapıçısının gözünün odunu hələ o, Deerfild komandasında oynayanda almışdım. Amma məni haqlamış iki dartmutlu müdafiəçini caşdırmaq, zərbə anında şaybanı itirməmək üçün qapının arxasına keçib dövrə vurmalı oldum. Onlar fəndimi anladılar və üçümüz də qapı arxasında bir-birimizə qarışdıq. Adətən, belə vəziyyətdə mən rəqib formasında kimi görsəm, vururam. Şayba ayaqlarımızın arasında ilişib qalmışdı, bizsə oyunu yaddan çıxarıb var qüvvəmizlə bir-birimizə yumruq atırdıq.

Qəfildən hakimin fiti eşidildi.

– Sən! İki dəqiqə cərimə!

Başımı qaldıranda hakimin mənə tuşlanmış barmağını gördüm. Mən niyə? Hansı qaydanı pozdum ki?

– Bəsdir, hakim, mən axı nə elədim?

Amma hakim dialoqun davamına azacıq da olsa həvəs göstərmədi. Üzünü oyuna nəzarət edən rəsmi nümayəndələrin əyləşdiyi masaya tərəf çevirib: «Yeddi nömrəli oyunçu, iki dəqiqə», – deyə qərarını təsdiqlədi.

Mən etiraz etdim, hərçənd bu heç nəyi dəyişmirdi. Azarkeşlər istəyirlər ki, sevdikləri oyunçular ən kobud qayda pozuntusuna yol verdikləri hallarda belə cəza qərarına öz etirazlarını bildirsinlər, mən də onlar xoşladıqları kimi etdim. Hakim əlini yellədi və mən birtəhər hirsimi boğub könülsüz-könülsüz cərimə skamyasına tərəf getdim. Qapını açmadan bortun üstündən aşdım. Konkilərimin ülgücləri taxta döşəməni xırçıldatdı, ardınca diktorun əsəblərimi bir az da cırmaqlayan səsi eşidildi:

– Cərimə. Harvad komandasından Barrett. İki dəqiqə.

Tribunalar hakimi fitə basdı. Harvard tələbələrindən bəziləri onun görmə qabiliyyəti, şərəf və ləyaqəti ilə bağlı dərin şübhələrini qışqırıqla ifadə etdilər. Mənsə oturub nəfəsimi dərməyə, nə yuxarıya, nə aşağıya – bu dəqiqələrdə dartmutluların sayca bizdən üstün olduqları buz meydançasına baxmamağa çalışırdım.

– Dostların orda, meydançada çarpışırlar, bəs sən niyə burda oturmusan?

Cenninin səsi idi.

Ona cavab verməkdənsə, komanda yoldaşlarımı ruhlandırmağa üstünlük verdim.

– İrəli, Harvard, şaybanı onlara verməyin!

– Sən nə pis iş gördün?

Bu dəfə Cenniyə tərəf döndüm – əvvəl-axır onu bura özüm dəvət etmişdim.

– Barıtını artıq elədim.

Təzədən üzümü buz meydançasına çevirdim. Orada yoldaşlarım Ol Reddinqin hesabı açmaq cəhdlərinə sinə gərməyə çalışırdılar.

– Bu nədir, böyük günah sayılır?

– Cenni, xahiş edirəm, mən diqqətimi cəmləmək istəyirəm.

– Diqqətini nəyin üzərində cəmləmək istəyirsən?

– Bu yaramaz Ol Reddinqin ağzını necə cıracağımı düşünürəm.

Mən gözümü meydançadan çəkmir, heç olmasa, yoldaşlarıma mənəvi dəstək verməyə çalışırdım.

– Sən «çirkli» oyunçusan?

«Yaşıl əclaflar» qapıçımızın üstünə tökülüşmüşdülər, oyunu gözdən qoymur, buzun üstünə çıxmağıma qalan saniyələri sayırdım. Cenni isə inadından əl çəkmirdi:

– Nə vaxtsa mənim də ağzımı cıra bilərsən?

Geri baxmadan hirslə cavab verdim:

– Səsini kəsməsən, elə bu dəqiqə bilərsən.

– Mən gedirəm. Sağ ol.

Mən geri dönəndə o artıq yoxa çıxmışdı. Dalınca baxmaq üçün yenicə ayağa qalxmışdım ki, cərimə vaxtının bitdiyi barədə elan verildi və mən bortun üstündən aşıb meydançaya atıldım.

Kütlə qayıdışımı alqışlayırdı. Barrett yenə komandadadırsa, deməli, hər şey yaxşı olacaq! Cenni harada gizlənirsə-gizlənsin, mənim buza çıxmağımın tribunalarda yaratdığı canlanmanı görməyə bilməzdi.

Yeri gəlmişkən, görəsən, o hara yox oldu?

Ol Reddinq çox güclü bir zərbə vurdu, amma qapıçımız şaybanı qaytardı. Şayba Gin Kennaveyin əlinə keçdi. Gin onu mənə tərəf göndərdi. Mən şaybanın dalınca qaça-qaça bir anlığa gözlərimi qaldırıb Cennini görmək üçün tribunalara baxdım. Gördüm! O, burada idi!

Növbəti saniyədə arxası üstə yıxıldım. İki «Yaşıl əclaf» bircə anlığa diqqətimin yayınmasından istifadə etmiş, dərhal üstümə atılmışdı. Aman Tanrım, nə böyük rüsvayçılıq! Barretti yerə sərmişdilər! Dalım yerdə sürüşməyimi görən azarkeşlərimizin içindən inilti qopdu. Qanıma susamış Dartmut azarkeşləri isə məni fitə basır, ələ salıb hoydu-hoyduya qoyurdular:

– Birini də yapışdırın! Birini də yapışdırın!

Görəsən, Cenni indi nə fikirləşir?

Şayba dartmutlularda idi, onlar yenə qapımızın ağzına yığışmışdılar. Qapıçımız bu dəfə də rəqibin zərbəsini dəf etdi. Şayba Kennaveyə keçdi. Kennavey onu Constona, Conston isə mənə ötürdü (mən artıq ayağa qalxmışdım). Azarkeşlərimiz dəli kimi bağırırdılar, qol tələb edirdilər. Mən şaybanı alan kimi dartmutluların göy müdafiə xəttini keçdim. Qarşımda yalnız iki müdafiəçi qalmışdı.

– İrəli, Oliver, irəli! Onların başlarını bədənlərindən ayır!

Bu hay-küyün içərisində mən Cenninin qulaqbatırıcı çığırtısını eşitdim. Onun səsində qəribə, hətta deyərdim ki, incə bir qəzəb duyulurdu. Mən müdafiəçilərdən birini aldatdım, ikincisinə isə elə zərblə çırpıldım ki, «Yaşıl əclaf»ın nəfəsi kəsildi və o, buzun üstünə çökdü. Sonra isə zərbə vurmaq əvəzinə şaybanı sağdan özünü yetirmiş Devi Constona ötürdüm. Devi onu birbaşa tora göndərdi. Harvard hesabı açdı.

Biz bir-birimizin üstünə atıldıq, qucaqlaşıb öpüşməyə başladıq. Mən, Devid və digər komanda yoldaşlarımız. Qucaqlaşır, öpüşür, bir-birimizin kürəyini döyəcləyir, atılıb-düşürdük (təsəvvür edin, ayağımızda konki!). Tribunalar dağılırdı. Bayaq mən çırpıldığım dartmutlu hokkeyçi isə hələ də yerindən qalxa bilmirdi. Azarkeşlər proqramları başımıza yağdırırdılar. Biz, həqiqətən, dartmutluların boyunlarını qırmışdıq. (Əlbəttə, bu, metaforadır: yerdə qalmış oyunçu, axır ki, nəfəsini dərib özünə gəldi və yavaş-yavaş dikəldi.) Biz rəqibi darmadağın etdik: 7–0.

***

Əgər mən Harvardın şəklini otağımın divarından asacaq dərəcədə sentimental bir gənc olsaydım, bu, heç şübhəsiz, nə «Uinstrop Haus» yataqxanasının, nə Mem kilsəsinin deyil, «Dillon Fild Haus»un şəkli olardı. «Dillon» stadionunun. Mənə Harvardda, necə deyərlər, «ruh evi» seçmək imkanı versəydilər də, məhz bu evi seçərdim. Qoy Nat Pusey13 buna görə lap mənim diplomumu ləğv etsin, yenə deyəcəyəm ki, «Dillon» mənim üçün «Uaydener» kitabxanasından qat-qat əzizdir. Kollec həyatımda hər axşam mən ora gedərdim, bir-iki yağlı söyüş işlədib dostlarımla salamlaşardım, «sivilizasiya donu»nu əynimdən çıxardıb kobud idmançıya çevrilərdim. Hər axşam altdan «zireh»lərini taxmaq, üstdən «7» nömrəli köhnə köynəyini əyninə keçirmək (çox istəyirdim ki, məndən sonra bu köynəyi daha heç kimə verməsinlər, heyif, olmadı), konkilərini çiyninə atmaq və «Dillon»un binasından çıxıb komanda yoldaşlarınla zarafatlaşa-zarafatlaşa «Uatson» buz meydançasına yönəlmək necə də həyəcanlı, necə də gözəl idi.

Bundan da gözəli oyundan sonra «Dillon»a qayıtmaq idi. Tərli formanı yerə atırsan, anadangəlmə lüt, yorğun-arğın dəsmal götürüb yuyunmağa gedirsən.

– Bu gün necə oldu, Olli?

– Əla, Riçi. Əla, Cimmi.

Sonra isə şırıldayan suyun altında durub ötən şənbə gecə kimin kiminlə yatdığı və nə oyunlardan çıxdığı haqda çərənləmələrə qulaq asırsan. «Maunt-İda kollecindən olan o totuq-motuq qızlarla yaxşıca kef etdik, bilirsən…» Mənim komanda yoldaşlarımdan bir üstünlüyüm var idi. Bu səs-küydən aralı öz düşüncələrimə dalmaq imkanım olurdu. Məsələ burasındadır ki, Tanrı məni yaradanda axmaq bir diz əta eləyib. (Niyə «əta eləyib» dediyimi başa düşmək üçün orduya çağırış vərəqəmdəki qeydə baxmaq kifayətdir.) Buna görə də hər oyundan sonra hidromasaj vannasında dizimi yumşaltmalıydım. Beləliklə, suyun dizimin ətrafında cızdığı dövrələrə baxa-baxa bədənimdəki qançırları və əzikləri saya (onlarla həmişə fəxr etmişəm!), eyni zamanda heç nə və hər şey haqqında düşünə bilirdim.

Həmin axşam mən iki gözəl qol haqqında (birini özüm vurmuşdum, o birini isə ötürməmlə vurmuşdular) və dalbadal üçüncü dəfə «Sarmaşıq Liqası»nın qalibi olmaq şansımız barədə düşüncələrə dalmışdım. Dartmut üzərində qələbə nəticəsində çempionluq artıq ovcumuzda idi.

– Vanna qəbul edirsən, Olli?

Gələn məşqçimiz Ceki Felt idi. O həm də özünü bizim mənəvi atamız təyin etmişdi, qayğımıza qalırdı.

– Yox, maşın sürürəm. Səncə, mənim burada gördüyüm iş nəyə oxşayır, Felt?

Məşqçi güldü, sifəti axmaq ifadə aldı:

– Bilirsən, sənin dizinlə bağlı probleminin səbəbi nədir, Olli? Deyim?

Mənim dizimi göstərmədiyim həkim qalmayıb, amma, Felt, əlbəttə, özünü onlardan bilikli hesab edir.

– Sən düzgün qidalanmırsan.

Söhbəti davam etdirməyə həvəs göstərmədim.

– Sən duzlu şey az yeyirsən.

Görəsən, ona inandığımı desəm, əl çəkər?

– Oldu, Cek, bundan sonra duzlu şey çox yeyərəm.

Aman Tanrım! Alındı! Cek borcunu axıradək yerinə yetirmiş adam kimi özündənrazı halda, sifətində həmin axmaq ifadə çıxıb getdi. Əsas odur ki, mən tək qaldım. Boğazacan isti suya batdım, ağrılı əzalarımın şirin sızıltısından ləzzət ala-ala gözlərimi yumdum. Oxay-y-y-y-y-y…

İlahi, Cenni! Cenni bayırda məni gözləyir. Yəni ümid edirəm, hələ gözləyir. Görəsən, nə qədər vaxtdır ki, mən burada isti suyun içində nazlanıram, Cenni isə Kembricin soyuğunda titrəyə-titrəyə qalıb?

Mən sürətlə geyinməkdə bütün dünya rekordlarını qırdım. «Dillon»un mərkəzi qapısından güllə kimi çıxanda hələ kifayət qədər qurumamışdım.

Soyuq hava sifətimi yandırdı. Əsl şaxta idi. Ətraf qaranlığa bürünmüşdü. Bir neçə ən sadiq azarkeş qapının ağzını kəsdirib gözləyirdi. Bunlar, əsasən, hokkeyə dəlicəsinə vurğunluqlarını heç cür ürəklərindən çıxara bilməyən köhnə universitet məzunlarımız idi. Qoca Cordan Cenks kimi, istər öz meydançamızda olsun, istər səfərdə, bir oyun belə buraxmırdılar. Böyük bir bankın rəhbəri ola-ola Cenks buna necə vaxt tapırdı, hələ də başa düşə bilmirəm. Ən başlıcası isə bu onun nəyinə gərək idi?

– Səni bu gün yaman sıxışdırdılar, Oliver.

– Elədir, cənab Cenks. Özünüz bilirsiniz, bunlar necə oynayırlar.

Boylana-boylana Cennini axtarırdım. Bəlkə, gedib? Görəsən, belə soyuqda və qaranlıqda Redkliffə qədər uzun yolu tək necə keçib?

Azarkeşlərdən üç-dörd addım aralanıb gözlərimi qaranlığa zillədim.

– Cenni?

Qəflətən kollardan birinin dalından üzünü şərflə sarımış, yalnız gözləri görünən qız çıxdı.

– Ey, Preppi, burda cəhənnəm soyuğu var.

Onu görməyə necə də şad idim!

– Cenni!

Elə sevinmişdim ki, özümü saxlaya bilməyib yavaşca onun alnından öpdüm.

– Mən sənə icazə verdim?

– Nəyə?

– Məni öpməyə icazə verdim?

– Bağışla. Sevincdən ağlım başımdan çıxdı.

– Mənimsə ağlım üstümdədir.

Azarkeşlər dağılmışdı, biz tək qalmışdıq. Ətraf zülmət, hava çox soyuq idi. Mən onu yenə öpdüm. Amma bu dəfə alnını nişan almadım və öpüş yüngül olmadı. Ah, o uzun və gözəl saniyələr! Nəhayət, mən aralandım, Cenni isə paltomun qolunu buraxmadı.

– Bu heç xoşuma gəlmir.

– Nəyi deyirsən, Cenni?

– Səninlə öpüşməyin xoşuma gəlməyini.

Geriyə piyada qayıtdıq (mənim maşınım vardı, amma Cenni gəzmək istədiyini dedi). Bütün yolu o, paltomun qolundan yapışmışdı. Mənim yox, paltomun qolundan. Niyə, özüm də bilmirəm. Biz «Briqqs Holl»un kandarında sağollaşanda onu qəsdən öpmədim.

– Qulaq as, Cenni, ola bilsin, bir neçə ay sənə zəng etmədim.

O, bir müddət dinmədi. Nəhayət, soruşdu:

– Niyə ki?

– Ola da bilsin, otağıma çatan kimi birinci sənə zəng etdim.

Bunu deyən kimi dönüb uzaqlaşdım.

– Əclaf! – arxadan Cenninin səsini eşitdim.

Ayaq saxladım və sonuncu «zərbə»ni vurdum:

– Görürsən, Cenni, başqalarını ələ salmağı xoşlayırsan, özün isə eyni şeyə dözmürsən.

Bu dəqiqə Cenninin sifətinin ifadəsini görməkdən ötrü ürəyim gedirdi, amma geri dönmək olmazdı, tətbiq etdiyim strategiya buna qadağa qoyurdu.

***

Evə qayıdanda otaq yoldaşım Rey Strattonu iki nəfər futbolçu dostu ilə poker oynayan gördüm.

– Hello, begemotlar.

Onlar müvafiq surətdə xortuldayaraq salamımı aldılar.

– Bu gecə işlərin necədir, Olli? – Rey maraqlandı.

– Bir ötürmə, bir qol, – Dartmutla oyunumuzu nəzərdə tutub cavab verdim.

– Kimin qapısına, Kavillerinin?

– Sənə qalmayıb, – acıqlandım.

– O kimdir, – deyə begemotlardan biri soruşdu.

– Cenni Kavilleri, – Rey izahat verdi, – əyiş-üyüş bir musiqiçi qız var.

– Mən beləsini tanıyıram, – ikinci vəhşi də söhbətə qoşuldu. – O ki ölüvayın biridir.

Bu kobud və səfeh əbləhlərə baş qoşmadan telefonu götürüb yataq otağıma keçdim.

– Özü də «Bax cəmiyyəti»ndə piano çalır, – Stratton dilini dinc qoymurdu.

– Bəs Barrettin cəmiyyətində o nə çalır?

– Belə tezliklə çalmaz, hələ, yəqin, notları öyrənir, bir az da naz-qoz edir.

Qonşu otağı xortultu, ulaşma, kişnəmə səsləri doldurdu. Heyvanxanada bayram idi, vəhşilər gülüşürdülər.

– Centlmenlər, – şənliyi qapalı elan etdim, – yumun ağzınızı.

Qeyri-insani səsləri eşitməmək üçün qapını bağladım, ayaqqabılarımı soyunub arxası üstə çarpayıya uzandım və Cenninin nömrəsini yığdım.

Biz pıçıltı ilə danışırdıq.

– Ey, Cen…

– Nədi?

– Cen, əgər desəm ki…

Tərəddüd edirdim. O isə gözləyirdi.

– …əgər desəm ki, məncə,.. sənə vurulmuşam, nə cavab verərdin?

Pauza çox uzun çəkdi.

– Cavab verərdim ki,.. – Cenninin səsi lap yumşalmışdı, – deyərdim ki, tamam gicləmisən.

O, dəstəyi atdı.

Düzünü deyim: nə dilxor oldum, nə də təəccübləndim.

1.Preppi (ing. Preppie) – ali məktəblərə hazırlıq üzrə özəl kurslarda oxuyanlara istehza ilə verilən ad. Adətən, belə kurslara varlı ailələrin uşaqları gedirlər – bütün izahlar tərcüməçinindir.
2.Qızlar üçün humanitar Redkliff kolleci 1879-cu ildə oğlanlar üçün Harvard universiteti (1636) ilə eyni şəhərdə yaradılıb. 1963-cü ildə kolleclə universitet arasında başlanmış sıx əməkdaşlıq 1999-cu ildə bu ali məktəblərin birləşməsi ilə nəticələnib. Kollec universitetin nəzdində Perspektiv Tədqiqatlar üzrə Redkliff İnstitutuna çevrilib.
3.A – ABŞ universitetlərində ən yüksək qiymət
4.Elizabet Barrett Brauninq (ing. Elizabeth Barrett Browning, 1806–1861) – məşhur ingilis şairi
5.Harvard universitetinin ərazisində qədim bina. Bina 1859–1860-cı illərdə Barrettlər nəslinin nümayəndəsi tərəfindən tikdirilərək universitetə bağışlanıb.
6.Edvard Estlin Kamminqs (ing. Edward Estlin Cummings, 1894–1962) – Amerika şairi, yazıçısı, rəssamı, dramaturqu, formalizmin nümayəndəsi. Deyilənlərə görə, Kamminqs hətta öz adını belə kiçik hərflərlə yazırmış (e.e.cummings).
7.Harvard universitetinin qəzeti
8.Dekan siyahısı – semestrdə, yaxud tədris ilində ən yüksək bal toplamış tələbələrin siyahısı
9.«Sarmaşıq Liqası» – ABŞ-ın şimal-şərqində yüksəkkeyfiyyətli təhsil verən səkkiz universitetin yaratdığı assosiasiyaya verilmiş ad. Bu universitetlərin hamısının köhnə binalarında divarlar sarmaşıqla örtülü olub.
10.Ekseter şəhərində (Nyu-Hempşir ştatı, ABŞ) tam orta təhsil verən qədim, nüfuzlu özəl məktəb
11.1 ingilis futu – 0,3048 metrə, 1 ingilis düymü – 2,54 sm-ə bərabərdir; 5 fut 11 düym = 179,2 sm.
12.1 ingilis funtu – 0,454 qram təşkil edir;185 funt = 84 kq.
13.Natan Pusey (1907–2001) – Amerika maarifçisi, Harvard universitetinin 24-cü (1953–1971) prezidenti

Darmowy fragment się skończył.

399 ₽
6,68 zł