Czytaj książkę: «Qızlar oxumasın»
BAŞLANĞIC
Telefon zənginə yuxudan ayılan Elmurad yataqdan qalxmadan yarıyuxulu halda ekrana baxdı, qayınanası Sevil xanım idi.
“Görəsən, səhər tezdən nə olub, xeyirdir inşallah” deyərək tələsik telefonu qulağına qoydu.
– Salam, sabahınız xeyir.
– Salam Elmurad, Günel hardadı? Zəng edirəm zəng çatmır.
– Saat neçədir ki?
Elmurad ekrana baxdı, saat 9:05-i göstərirdi, çönüb yatağının sol tərəfinə baxdı. Təəccüblü də olsa, Günel hələ yataqda idi.
– Günel yatıbe, narahat olmayın, burdadır.
– Hə yaxşı, yuxumu pis görmüşdüm, zəng çatmadı, lap ürəyim üzüldü. Votsapa da baxdım son dəfə gecə saat 3-ə işləmiş girib, narahat oldum o vaxt niyə oyaq olub, yəqin gec yatıb yorğundur qoy yatsın. Bağışla səni də narahat elədim .
– Yoo, əstəğfrullah, xoşdu…
Elmurad sağollaşıb telefonu kresloya atdı. Başını balışa qoyub istədi təzədən yatsın, amma o, özü də narahat oldu. Axı Günel indiyə qədər yatıb qalmazdı, həm də gecə saat 3-ə işləmiş votsapda olmağı da Elmurada bir az qəribə gəldi. Günel hara gecə 2-də, 3-də votsapda olmaq hara. Normalda yatma saatları 12 idi. Başını qaldırıb üzü əks tərəfə olan Güneli asta səslə çağırdı sonra əli ilə belinə toxundu. Cavab vermirdi və bədəni də buz kimi idi, üzünü özünə çevirəndə ağzından köpüklü qan töküldüyünü görüb dəhşətə gəldi. Günelin ruhu artıq bədənində yox idi. Çoxdan canı çıxmış və bütün bədəni də soyumuşdu. Lakin daha dəhşətlisi isə bu idi ki, Günelin üzündə və bədənində qaraqançır olmuş yerlər açıq-aydın görünürdü. Döyüldüyü aşkarca hiss olunurdu. Elmurad onun buz kimi üzünü ovucları arasına alıb var gücü ilə çığırdı – “Güneeeeel” – “Yooox, bu ola bilməz”. Bəlkə, oyanar deyə Günelin üzünü sillələməyə başladı, lakin artıq gec idi. “İlahi, bu necə ola bilər axı?” deyə qışqırıb ağlayırdı.
Evdə yalnız başına nə edəcəyini bilməyən Elmurad şok vəziyyətində bir saatdan çox səssizcə oturub Günelin cansız cəsədinə baxıb qalmışdı. Bir müddət sonra düşdüyü şokdan ayılsa da, dili-dodağı quruyub bir kəlmə də kəsə bilmirdi. Qışqırıb bağırmaq, çığırmaq istəsə də, bacarmırdı. Telefonu götürüb ancaq dost tanışlara, ata-anasına bunu yaza bilmişdi: “təcili bizə gəlin, evim yıxıldı”.
Gözlərindən yaş süzülsə də, ağzını aça bilmirdi, elə bil ağzı kilidlənmişdi. Tələsik əynini geyinib mətbəxə keçdi. Üzünə su vurub az da olsa, ayılmaq, nələr baş verdiyini anlamaq istəyirdi. Elə bilirdi yuxu görür… Əl-üzünü yuduqdan sonra gözü stolun üstünə sataşdı, külqabıda yarı çəkilmiş siqaret və stolun digər tərəfində dəftərlə qələm var idi. Dərhal dəftəri götürüb varaqladı. Bu Günelin yemək reseptləri və dükandan-bazardan aylıq alacaq ərzaqları yazdığı dəftər idi. Başqa qeyri-adi bir yazı yox idi. Öz içində danışmağa, suallar verib cavab axtarmağa başladı. “Bu dəftər həmişə soyuducunun üstündə olurdu. Gecə yarısı Günel bu dəftəri neyləyirdi ki? Bəs bu külqabıdakı siqaret nə idi?” Ard-arda cavabsız suallar gəlirdi beyninə. Axı Elmurad siqaret çəkən deyildi. Hərdənbir dost-tanışla ad günündə, bayramlarda azacıq içməyi var idisə, amma siqaretə nifrət edirdi. Hətta Elmurad özündən şübhələnməyə başlamışdı. Ötən gecəni xatırlamaq istəyirdi, harda olduğunu, içkili olub-olmadığını… Başında sanki bir tufan qopurdu, heç nə yadına gəlmir, heç bir cavab tapa bilmirdi. Əli ilə başını yumruqlayırdı…
Yox, o heç vaxt özünü itirəcək qədər içkili olmamışdı. Heç nə anlaya bilmirdi. Gördüklərinə heç bir anlam qata bilmirdi biçarə Elmurad.
Qapının qəfil zənginə diksinib özündən asılı olmayaraq tez qapıya tərəf qaçdı. Gələn qonşu bina da yaşayan uşaqlıq dostu Tural idi. Onu görən kimi qucaqlayıb hönkürtü ilə ağlamağa başladı. Qapının ağzındakı səs-küyə qonşular da gəldi…
Tural vəziyyəti anlayandan sonra polisə zəng vurmağı məsləhət bildi. Çünki o dostu Elmuradı yaxşı tanıyırdı, xasiyyətinə bələd idi. Ümümiyyətlə heç bir canlıya ziyan verməyən, məxsusən qadınlara hörmət və sayqı mövzusunda çox həssas olan Elmurad özünün seçdiyi, sevdiyi bir xanıma belə işgəncə verib öldürməsi mümkün deyildi. Nəsə bir qəribəlik var idi bu işdə, bunu da yalnız polis çözə bilərdi. “Onsuz da polisə zəng vurmasaq da, gələcəklər, elə bizim öncədən zəng vurmağımız daha münasibdir”, deyə düşünüb zəng vurdu.
Artıq Elmurad gilin mənzili insanlarla dolu idi. Eşidən, bilən bütün qohum-qonşu gəlib özünü çatdırmışdı. Ağlaşma səsləri binanı götürmüşdü…
Günelin anası Sevil xanımın isə ah-naləsi kəsilmirdi. Ən çox da Elmuradı söyür, qarğış edirdi…
– Sənin əllərin qurusun, səni görüm tikə-tikə olasan, balamı bu günə qoyduğun yerdə. Sən mələk cildinə girmiş şeytansan, əzrayılsanmış bizim xəbərimiz olmayıb. Hamı səni tərifləyirdi, görsünlər indi sənin kimi ilanı, tanısınlar. Mənə telefonda deyirdin Günel yatıb… demək axşamdan bilirmişsən… Sən mənim balamı bədbəxt elədin səni görüm bədbəxt olasan. Qadını da bu cür döyərlər, ay biqeyrət? Neyləmişdi, sənə pis baxırdı, pis arvad olmuşdu sənə?
Qohumların mane olmağa çalışmalarına baxmayaraq Sevil xanım əlləri ilə Elmuradın üzünü cırmaqlayıb cırmışdı, üzündən qan axırdı. Elmurad isə ancaq ağlayır və bir kəlmə belə demirdi. Polislər gələnə kimi bir neçə qohum, dost-tanış əsəbdən özünü saxlaya bilməyib, kimi söydü, kimi üzünə tüpürdü Elmuradın… Amma Elmuradın valideynləri isə qəti heç nə danışmır, sakitcə durub baxır, nə olduğunu anlamağa çalışırdılar.
Polislər evdə bəzi axtarışlar edib, fotoşəkillər çəkib, mənzildən hamını çıxardıb qapını möhürlədilər. Elmuradı da, meyiti də maşınlara qoyub apardılar.
Ekspertiza müddəti nisbətən uzun çəkdi…
UŞAQLIQ DÖVRÜ VƏ MƏKTƏB ILLƏRI
Günel, kasıb bir ailədə dünyaya göz açmışdı. Üçüncü qız olduğu üçün valideynləri tərəfindən hələ ana bətnində olarkən arzuolunmaz bir övlad olmuşdu. Dünyaya gəlişi də sevincli, bayramlı deyildi. Allah nə gözəllik, nə şirinlik desən bu qıza bəxş etmişdi. Dil açandan sonra çoxlarını şirin söhbətləri ilə özünə cəlb edirdi. Məxsusən bacıları ondan ötrü ölürdülər. Qucaqlarından yerə qoymurdular. Gah güldürür, gah ağladıb hər iki halından həzz alırdılar.
Günel, kasıblıq nə olduğunu 4-5 yaşlarında artıq başa düşməyə başlamışdı. Evdə valideynlərin uşaqların yanında aşkarca bütün problemləri danışması onların saf, təmiz beyinlərində çox erkən “nisyə”, “borc”, “pulsuzluq”, “yoxluq” və s. neqativ fikirlərin toxumlarının cücərməsinə səbəb olmuşdu.
Kaş ki, bütün valideynlər biləydi, biləydi ki, bilməyərək danışdıqları, etdikləri ən xırda saydıqları səhvlər övladlarının həyatında böyük fəsadlar yaradır. Elə fəsadlar ki, o fəsadların övladın şəxsiyyətinin formalaşmasında saysız mənfi təsirləri olur. Hansı ki, övlad bu təsirlərin kökünü şəxsiyyətindən, ruhundan təmizləmək üçün çapalasa da, çox vaxt mümkünsüz olur. Böyüdükcə özünə güvənməmək, qorxaqlıq, tənbəllik, özünü ifadə edə bilməmək, danışmağa çəkinmək, özünə qapanmaq, acıqlı-stressli olmaq, kobudluq və s. psixoloji problemlər valideynlərin həmin səhvlərinin nəticəsi olur.
Günel kasıblığın necə böyük bir bəla olduğunu məktəbə gedəndən sonra daha yaxşı anlamağa başladı. Hər il sentyabr ayı gəlməmiş uşaqların məktəb paltarları, məktəb ləvazimatlarına maddi imkan olmadığından evdə söz-söhbətlər, dava-dalaşlar başlayırdı. Atası taxta ustası idi, evlərdə döşəmə, tavan və başqa taxta işləri görürdü. İş burasında idi ki, daimi işi yox idi, ayda bir dəfə işi olurdu, ya da bəzən heç olmurdu. Atası işləyəndə də çox vaxt pulunu ya yarımçıq alırdı, ya da müştərilər ödənişi gecikdirirdilər. Pul alanda da borcların bir qismini verirdi və evə yalnız vacib ərzaqları alırdı, vəssalam.
Günel çox vaxt özündən böyük bacılarının paltarları ilə məktəbə getməli olurdu. Əslində bacıları da heç təzə paltar geyinmirdilər, hansısa imkanı yaxşı olan qohumlar öz uşaqlarının geyinib istifadə etmədiyi paltarları onlara göndərirdilər. Günel 6-ci sinifdə oxuyanda oğlanlardan biri ona “bu koftanı keçən il bacın geyinirdi, indi sən geyinirsən” dediyi üçün utandığından ağlaya-ağlaya evə qayıtmışdı. Çox pərt olmuşdu, sinif yoldaşılarının yanında alçalmışdı.
Bu kimi olaylar onun üçün nə qədər çətin olsa da, qüruru tapdansa da, birtəhər dişini sıxıb dözməliydi. Necə olur-olsun məktəbə getməli, təhsilinə davam etməliydi. Heç məktəbdə baş verənləri də evdə danışmazdı ki, valideynləri ona görə üzülməsinlər. Ümümiyyətlə ailəsinə yük olmaq, üzüntü yaşatmaq istəmirdi. Elə evdəki hər söz-söhbətdə özünü günahkar bilirdi. Düşünürdü ki, ata-anam çalışır natamam da olsa, məni yedirir, içirir, geyindirirlər, amma mənim ailəyə heç bir xeyrim dəymir. Yaşı az olduğu üçün əlindən heç nə gəlmirdi. Qərar vermişdi ki, mən yalnız oxuyub savadlı olmaqla həm özümü, həm də ailəmi sıxıntılardan qurtara bilərəm. Çünki, Günel böyüdükcə, özünü və ətrafı anladıqca ailəsinin kasıblıq durumunun səbəbini ata-anasının heç birinin savadlı olmaması, təhsildən kənar qalmasında görürdü. Odur ki, nə olursa-olsun bütün çətinliklərə dözəcəyinə və oxuyub ali təhsil alacağına söz vermişdi. Baxmayaraq ki, məktəbdə kasıblığına, pulsuzluğuna görə çox aşağılanmış, çox üzüntülərə qatlanmışdı. Böyüdükdən sonra da, illər keçsə də, həmin günlər heç yadından çıxmırdı. Bir olay isə onu çox sarsıtmışdı.
8-ci sinifdə oxuyarkən bütün digər siniflər kimi onların da sinfi “Yeni il” karnavalı keçirməyi planlayırdı. Hər kəs bir təklif edirdi, biri deyirdi tortu mən gətirəcəm, digəri deyirdi şarları mən alacam, adam sayına nə qədər pul yığılmalıdır deyə hesablama aparanlar kim və. s. Günel isə həmişəki kimi heç nəyə qarışmırdı. Çox belə tədbirlər olmuşdu, o, heç birinə qatılmırdı. Düzdür, könlü istəsə də, amma valideynlərini heç vaxt öz könül istəyinə görə narahat etmək istəmirdi. O, uşaq yaşlarından möhkəm olmağa çalışırdı. Çox vaxt özünə belə təsəlli verirdi, 1 saatlıq tədbirdi də, yeyib-içib oynayıb bitirəcəklər. Guya nə dəyişəcək ki? Onlar da həmin adam olacaqlar, mən də…
Bu dəfə isə fərqli oldu. Qızlardan ona ən yaxını olan Asudə çox təkid etdi ki, sən də gəl qatıl tədbirə, heç nə lazım deyil, özümüz hər şey düzüb-qoşmuşuq, evdən də heç nə istəməyinə gərək yoxdur. Bir dəfə mənim xətrimə gəl, qoy bizim ürəyimiz də rahat olsun. Çox çək-çevirdən sonra Günel razı oldu. Kaş razı olmayaydı…
Əvvəlcə hər şey öz axarında idi , musiqi, çal-çağır, yemək-içmək, stolda, demək olar ki, hər şey var idi, Günelin aylarla, bəlkə, illərlə yemədiyi banan, kivi, cürbəcür şirniyyatlar… nə qədər gözütox olsa da, nəfsin istəyi qarşısında dünyanı hələ doğru-düzgün dərk edə bilməyən bu cılız qızcığaz hərəsindən azacıq da olsa, dadmışdı. Hələ ürəyindən keçirmişdi ki, kaş bacılarıma və ata-anama da bunlardan bir diş daddıra biləydim, mən burda onlarsız yeyirəm. Ömründə birinci dəfə idi ki, belə sevincli, şən görünürdü, sinif yoldaşları ilə qaynayıb-qarışırdı. Niyə də sevinməsin axı, onu da təd birə çağırmışdılarsa, demək ona dəyər verirdilər, onun pulu, imkanı olmasa da, yanlarında görmək istəyirdilər. Bəlkə də ilk dəfə idi ki, pulun deyil şəxsiyyətin, insanlığın önəmli olduğunu görürdü. Lakin bu sevinc çox çəkmədi.
Karnaval bitəndən sonra süfrəni yığmaq, batmış stəkanları və qabları yumaq işini elə məhz Günelə tapşırmaq onun bütün sevincini, etimadını alt-üst etdi. Mesajı anlasa da, hətta bilərəkdən qızlardan soruşdu ki, bu qədər qabı mən tək necə yuyum, birlikdə köməyləşib yusaq olmazmı? İçlərindən həmişə bahalı-bahalı geyimlər geyinən, sağa-sola pul xərcləyib forslanan Sevinc dodaqaltı mızıldandı: “havayı gəlib yeyib-içmisən, təmizlə də, mən təmizləyən deyiləm ki…” özünü güclə sıxıb saxlasa da, birtəhər qabları yuyub bufetçiyə təhvil verdikdən sonra heç kim onu görməsin deyə məktəbin tualetinə girib qapını bağlayıb hönkürtü ilə ağlamışdı. Ağlamışdı ki, ürəyi boşalsın evə bu halda getməsin, əsəbləşib başına gələnləri danışmasın. Həm narahatçılığa və üzüntüyə səbəb olmaq istəmirdi, həm də onsuz da evdə onun oxumağına, məktəbə davam etmələrinə razı deyildilər. Belə şeyləri eşidib ümümiyyətlə məktəbə qoymayacaqdılar. Anası tez-tez deyirdi, nə vaxt 9-cu sinfi bitirər digər bacıları kimi bu da oturar evdə, canımız qutarar bunun paltar, kitab-dəftər problemlərindən. Amma Günelin oxumağa həddindən çox həvəsi var idi. Bacılarından fərqli olaraq o heç vaxt kitab dəftər olmadığını bəhanə etməzdi, olmayan kitablarını sinif yoldaşlarından alıb dərslərini oxuyar, tez də qaytarıb verərdi. Yaddaşı da çox güclü idi. Bütün müəllimləri onun ağıllı, mərifətli olduğunu, ən əsası da, yaxşı zehninin olduğunu deyirdilər.
Bu karnaval olayından sonra Günel qızların heç biri ilə danışmadı, hətta rəfiqəsi Asudəni də daha yaxına burxmadı.
Məktəb də gözündən düşmüşdü, heç kimə etibarı qalmamışdı. Müəllimlərin də pullu uşaqlarına, varlı şagirdlərə necə yaltaqlandıqlarını, şişirdilmiş qiymətlər verib oxumağa həvəsləndirdiklərini, dərsi pozsalar belə, imkanlı şagirdləri heç vaxt cəzalandırmadıqlarını görüb məktəbdən iyrənirdi. Məktəbli olmasına baxmayaraq dünyadakı ədalətsizlikləri artıq dərk edirdi. Amma bu yaşaqdıqlarını kənarda saxlayaraq dərslərini axsatmamağa çalışır, daim çox oxumağa, fənləri yaxşı öyrənməyə çalışırdı.
“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqlarını verməyi əmr edir…” (“Nəhl” surəsi, 90.)
“BEŞIKKƏSTI”
Günel, 8-ci sinifi əla qiymətlərlə bitirdi. Mübariz bir ruhiyyəsi var idi. Qarşısına məqsəd qoydusa, nə olursa olsun etməliydi. Valideynlərinin də hər dediyinə, hər qulluğuna qaçırdı, heç onları incitmək istəmirdi. Baxmayaraq ki, özü çox incidilir, qəlbi çox qırılırdı, onunla heç kim maraqlanmır, sevgi və diqqət göstərmirdi. Nə vaxt bir işləri olanda evin bu kiçik qızı yadlarına düşürdü, çağırıb kitab-dəftərdən ayırırdılar. O da tələsik ona tapşırılan işi görüb təkrar dərslərini çalışmağa gedirdi. Nə atası, nə də anası indiyədək ona “səni sevirəm qızım”, “sən mənim gözümün nurusan”, “sən ki, dərslərini əla oxuyursan səninlə qürur duyuram” kimi sözlər deməmişdilər. Amma nə vaxt nənəsigilə gedərdi, bu gözəl sözləri təkcə qoca nənəsindən eşidərdi. Günelin fikrinə görə, onu bu dünyada təkcə bir nəfər qarşılıqsız se virdisə, o da nənəsi idi. Nənəsinin yanında özünü çox rahat və xoşbəxt hiss edirdi. Həyatının bütün pozitiv enerjisini Dilruba nənədən alardı. Hətta Günelə söz vermişdi ki, “narahat olma əziz balam, səni də bibin oğlu Ziya kimi mən özüm oxutduracağam”. Öz təqaüdündən Günelə gizli şəkildə pul verirdi ki, yığsın özünə yaxşı əyin-baş alsın, məktəbdə heç kimdən əskik görünməsin. Günelin Ziya adlı bibisioğlu Türkiyədə həkimlik ixtisasını oxuyurdu, cərrah olacaqdı. Qohumları içində bir oxuyan elə təkcə Ziya idi. O da çox inadkar və əzmkar xarakterə sahib idi. Dilruba nənə deyirdi ki, Ziya da universitetə hazırlaşanda müəllim yanına gedirdi, ata-anası pul çatdırmırdılar, mən köməklik edirdim. Deyirdi: “nənəcan, həkim olanda sənin borcunu qaytaracağam”. Dilruba nənə də tez-tez öz-özünə deyinirdi ki, bu uşağın həkimliyi oxuması uzun çəkir, deyəsən, ölüb gedəcəm xərclədiyim pullar da batacaq”. Sonra da zarafatına özü xəfifcə gülümsəyirdi.
Həmişə bu zarafatı edəndə istəyirdi ki, adamlar bunu zarafatla dediyini düşünməsinlər, ciddi qəbul etsinlər. Bu söhbət açılanda eyni sözü deyir və dinləyəni süzürdü ki, görsün fəndi baş tutubmu? Amma, əlbəttə ki, o, Ziyanın oxumağını istəyirdi, pulları da ona borc verməmişdi. Ziyanın həkim olduğunu bilmək, uğurla ad-san qazanmasını dünya gözü ilə görmək Dilruba nənənin ən böyük arzularından idi.
Nə hikmətsə Günel məhz Ziyanın doğum günündə dünyaya gəlmişdi. Nənəsi həmişə həmən gün haqqında Günellə şirin-şirin danışardı.
– Ziyanın 7 yaşını qeyd edirdik, sentyabr ayının 5 idi. Hamımız bibingilin həyətində yığılmışdıq, təbrik etməyə getmişdik Ziya balanı. Anan da hamilə idi. Kişilər manqal qalayıb kabab çəkirdilər, samovar çayı dəmləyirdilər. Həmin ili Ziya həm də birinci sinifə başlamışdı deyə biraz təmtaraqlı keçirirdilər ad gününü. Birdən ananı ağrı tutdu, qışqır-bağır, apardıq həkimə və sən dünyaya gəldin. Elə o gün hamıya dedim ki, bu qız Ziyanın doğum günü hədiyyəsi oldu. Allah bəxtlərini gözəl yazsın, böyüyəndə bunları bir-biri ilə evləndirərik. Ziyaya da tapşırmışam ki, Günel sənin “beşikkəsti”ndir.
– “Beşikkəsti” nədir, ay nənə? – Günel ilk dəfə bu sözə qəribə reaksiya vermişdi.
– Körpəlikdə əhd edirlər ki, böyüyəndə bir qızı bir oğlana versinlər. Evlilik üçün körpü qoyurlar sanki.
– Ay nənə, bu necə adətdir, bəlkə, heç onlar böyüyəndə bir-birlərinin xoşuna gəlmədilər, – deyə 14 yaşlı Günel həmişəki kimi öz düşüncəsi ilə fərqlənirdi.
– Ay qız Ziyanın nəyi əksikdi, gül kimi oğlandı. Hardan taparsan elə savadlı, yaraşıqlı bir oğlan. Həmdə ki, doktor oğlan… Ağlını başına yığ, yoxsa səni oxutmaram ha…
– Yox e, ay nənə, deyirəm, ümumiyyətlə, bu adət düz deyil axı… Qızın fikrini soruşmadan doğulduğu gün sanki bir əşya kimi götürüb kiməsə vermək doğru deyil. Qızlara, qadınlara qarşı haqsızlıqdı, vallah.
– Qələtini elə, səni də anan öyrədib hə? O öz xoşuyla atanla evlənib guya nolub ki, gündə qırırlar bir-birlərini.
– Yox e, ay nənə, hər şey bir qırağa, bu düzgün deyil axı. Bax elə sən özün, zorla istəmədiyin biri ilə evlənərdin?
– Ehh mənim çoxbilmiş balam, sən bilirsən ki, biz necə evlənmişik, bizdən qabaqdakılar necə evləniblər? Atamız, ya babamız bizi kimə verirdisə, ona da getməliydik. Çox vaxt da evlənəcək qızlar evləndikləri oğlanı elə toy günü görürdülər. Hansı qızın nə həddi var idi ki, ağsaqqallar verilən qərara qarşı çıxsın… Heç öz toyumuzu, nə geyinəcəyimizi, nə edəcəyimizi belə özümüz düşünmürdük. Bizə ancaq deyirdilər ki, belə et, edirdik, bunu de, deyirdik, burda gülmək olmaz, orda danışmaq olmaz. Biz də səssiz-səmirsiz başımızı salıb aşağı deyiləni edirdik. İndikilər hamısı azad olublar, ağ günə çıxıblar, necə istəyirlər, kimə istəyirlər gedirlər. Heç ata-ana sözü eşidilmir, çox vaxt kölgədə qalır.
Dilruba nənə ilə belə səmimi dialoqları çox olurdu. Ürəyinin sözünü açıb bircə nənəsinə deyə bilirdi. Etirazını, şikayətini, qayğılarını bölüşə bildiyi tək ünvanı nənəsi idi. Çox vaxt da başını nənəsinin dizinin üstünə qoyub uzanardı. Qırışmış yumşaq əllərinin sığalı Günelin saçlarında gəzdikcə elə təsvirəgəlməz hüzur, elə bir rahatlıq tapardı ki, bu möhtəşəm hiss bir həftə ona bəs edərdi.
Ziya da yay aylarında semestr imtahanlarını verib tətilə gələrdi. Günelin ona qarşı heç bir hissi yox idi. Ona bibisioğlu kimi, bir böyük qardaşı kimi baxardı. Amma Ziya isə nənəsinin tapşırığına əsasən Günellə çox maraqlanardı. Hətta Türkiyə də də olanda hər sentyabrın 5-də nənəsigilə zəng vurardı, Güneli çağırtdırardı, telefonla danışardı, ad gününü təbrik edərdi. Bu sadəcə ikisinin də doğum günü eyni gündə olduğu üçün deyildi. Ziya elə uşaqlıqdan Günelə qarşı sevgi hiss etməyə başlamışdı, onu çox istəyirdi. Günelin 2-3 yaşı olanda onunla şəkil çəkdirir, uşağı qucağından yerə qoymurdu. Böyüdükdən sonra da bu sevgisi daha da çoxalmış, ülvi hislərə dönüşmüşdü. Həm Günel getdikcə daha da şirin və göyçək bir qız olurdu. Ziya Türkiyədə onun eşqiylə oxuyur, imtahanları vaxtında, kəsirsiz verib tətilə gəlmək üçün çapalayırdı. Amma Ziyanın münasibətlərini Günel adi bir qohum, bibioğlu münasibəti kimi qəbul edirdi, o qədər də əhəmiyyət vermirdi. Günelin fikri-zikri ancaq oxumaq idi. Qəribə xüsusiyyəti bu idi ki, həm bacılarından, həm də sinif yoldaşlarından fərqli olaraq onun əks cinsin nümayəndələrinə o qədər də marağı yox idi. Normalda bütün qızlar evlilikləri, toyları, evlənəcəkləri oğlanı təsəvvürlərində formalaşdırar, xəyallar qurarlar. Günelin əsla bu haqda xəyalı, təsəvvürü belə yox idi. Heç düşünmək də istəmirdi bu haqda. Ziya da tətillərdə Günellə birgə nənəsigildə, ya hərdən onların evinə gedəndə ancaq onun dərsləri ilə maraqlanmaq, dəstək olmaqdan başqa söhbət edə bilmirdi. Günelin oxumaq istəyinin çox olduğunu bildiyi üçün ona motivasiya verirdi. Çox vaxt ürəyində razı olmasa da, Günelin dediklərini təsdiqləyirdi ki, ona özünü sevdirə bilsin. Günelin də acıqlı və küsəyənliyin dən ehtiyat edib heç cür ona sevgisi barədə heç nə deyə bilmirdi. Ziyan universitetin beşinci kursunda ikən Günel orta məktəbin səkkizinci sinfində oxuyurdu. Ziyanın növbəti illərdə daha çox praktikaları olacaqdı deyə gəlməyə imkanı olmayacaqdı. Odur ki, həmən il tətil bitməmiş nə olursa olsun, Günelə qəlbini açmalı, sonra çıxıb getməli idi.
Bir gün yenə Dilruba nənəgildə olanda hər ikisi armud ağacında asılan yelləncəklərdə oturub uşaqlıq illərindən danışırdılar. Ziya özünü sındırmamaq üçün söhbəti belə başladı:
– Günü, (onu belə səsləyirdi həmişə) sənin Dilruba nənənin “beşikkəsti” söhbətinə münasibətin necədir?
– Nənədir də, köhnə adət-ənənədən əl çəkmir. Sən oxumuş təhsilli adamsan, mən demirəm sən de, bir uşaq doğularkən necə birinə peşkəş kimi, ya da hədiyyə kimi verilə bilər ki? Səncə bu məntiqlidirmi ?
– Əlbəttə yox… -Ziya “təhsilli” filan sözlərini duyunca özünü bir az da dartdı, çətin də olsa, güclə bu kəlməni deyə bildi: –Elə mən də onu düşünürəm də…
– Mən, ümumiyyətlə, keçmişin bu mənasız adətinə qarşıyam. Biz ikimizə gəlincə isə həmişə sənə böyük qardaşım kimi baxmışam, indi də o düşüncədəyəm. Məcburi bu düşüncəni necə dəyişə bilərəm ki? Mənim indi tək fikrim var, o da oxumaq, təhsil almaqdır, vəssalam.
– Tamamilə haqlısan – Günelin sözləri Ziyanın qəlbinə ox kimi girib parçalasa da, özünü birtəhər saxladı – bu işlərdə kimisə məcbur etmək olmaz.
Ziya Günelin qəti fikrini öyrənəndən sonra orada qala bilmədi, nəyisə bəhanə gətirib evlərinə getdi. Dünya başına daralmışdı, uşaqlıqdan bəslədiyi, uğruna canını belə verməyə hazır olduğu, həyatının ən xoş hissi, o pak, məsum sevgisi sən demə qarşılıqsız imiş. Hətta həmin gecə yata da bilmədi. Göz yaşını saxlaya bilməyib gizlində ağladı da… Hələ bu barədə çox düşünəcəkdi, çox ağrı-acı çəkəcəkdi. Unutmağa çalışsa da, unuda bilməyəcəkdi. Son 2 gününü birtəhər keçirib ölkədən çıxmışdı. Elə o çıxmağı oldu daha bir də qayıtmadı. Bu üzüntüsündən kimsəyə heç nə deməmişdi. Kimə nə deyəcəkdi ki? Evində desəydi də buna ancaq sevinərdilər. Çünki, Günelin də Ziyanın da valideynləri son illərdə küsülü idilər. Heç bir tərəf də bu “beşikkəsti” söhbətinə razı deyildi. Ümumiyyətlə, bu haqda danışmaq belə istəmirdilər. Təkcə Dilruba nənə öz dediyindən əl çəkmirdi.
Günel 9-cu sinifdə oxuyarkən evdə valideynləri tez-tez ona xatırladırdılar ki, bu il məktəbdə oxuduğun sonuncu ildir, daha məktəbə getməyəcəksən. O da deyirdi ki, nənəm məni oxutduracaq, sizdən heç nə istəməyəcəm.
Atası tez-tez bu sözü deyirdi: “Bizim nəsildə qızlar oxumur, oxuyub nə edəcəksən, gedib şəhərin abırsız qızlarına qatılıb oğlanlarla qaynayıb-qarışacaqsan? Başımızı aşağı edəcəksən? Kəs səsini, öl öz evində…” Anası da təsdiq edirdi: “o biri bacıların oxuyub ki, sən də oxuyasan? Qızların qız işi var, bişirmək, yumaq, təmizləmək… ”
Bu sözləri eşidəndə Günel əsəbindən ağlayırdı, heç nə deyə bilmirdi. Bircə ümidi vardı, o da nənəsi idi. Fələk onu da Günelə çox bildi. Bir il sonra nənəsi ürək çatışmazlığından vəfat etdi. Həmin gün 15 yaşlı Günelin həyatında ən dəhşətli gün oldu. O qədər ağlamışdı ki, bayılıb ürəyi getmişdi. Həm nənəsinə yanırdı, onun üzüntüsünü yaşayırdı. Həm də artıq tamamən tək qaldığını, dəstəkçisi olmadığını duyurdu. Ayıltmışdılar, yenə nənəsini çağırıb ağlamışdı. Babası o körpə olanda dünyadan köçmüşdü. Günel onu ancaq şəkillərdə görmüşdü. Həyatında ilk dəfə idi ki, ölüm və itki ilə rastlaşırdı, həm də ona çox dəyər verən, sevən, qayğısına qalan ən əzizinin itkisi ilə … O gündən Günelin oxumaq şansı da nənəsi ilə birgə qeybə çəkilmişdi. Əziz nənəsinin dəfni gələcəklə bağlı Günelin qurduğu bir-birindən gözəl arzuların da hamısını basdırdı. Bilirdi ki, onu dəstəkləyən bir kimsə yoxdur, ancaq gücü çatacaq qədər mübarizə aparmaq fikrində idi. Heç Ziya da nənəsinin yasına gəlmədi, zəng də vurmadı. Günelə nənəsindən savayı təkcə Ziya dəstək olurdu, onun oxumasını istəyirdi. Oxumağın faydalarından ona uzun-uzun danışardı. Amma bir ili idi ki, Ziya Günelə nə zəng vururdu, nə axtarıb arayırdı. İndi Günelin halı o durumda idi ki, saman çöpündən belə yapışıb dəstək almaq istəyirdi. Nə yazıq ki, o qurtulmaq üçün saman çöpünü də tapa bilmirdi. Bütün olanlar onu nə qədər sarsıtsa da, oxumaq, tədris almaq mübarizəsindən dönmək istəmirdi. 9-cu sinfi əla qiymətlərlə bitirdi, attestatını da aldı. Ancaq nə faydası … Evdə onun oxumasına qadağalar bitmədi. Yalvardı, ağladı, nə dillər tökdü, alınmadı. Hətta müəllimlərdən də bəziləri xahiş etdi ki, icazə verin Günel oxusun. Bütün cəhdlər boşa çıxdı. Təkrar-təkrar eşitdiyi bir söz var idi : “qız hara, oxumaq hara”.
…De: “Ey Rəbbim! Mənim elmimi artır!” (Taha surəsi 114)