Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Mirvari»

Czcionka:

"Şəhərdə böyük bir mirvaridən – onun tapılmasından və itirilməsindən danışılır. Mirvarini tapan Kinodan, arvadı Xuanadan, uşaqları Koyotitodan danışırlar. Əhvalat o qədər söylənilib ki, yaddaşlara həkk olub. Dəfələrlə söylənilmiş, insanların ürəyinə yatan bütün hekayətlər kimi burada da yalnız yaxşı və pis, xeyir və şər, qara və ağ var, nisbi heç nə yoxdur. Əgər bu, pritçadırsa, onu hər kəs özünəməxsus şəkildə başa düşəcək və orada öz həyatını görəcək. Beləliklə, şəhərdə danışırlar ki…"

I fəsil

Kino səhərə yaxın oyandı. Ulduzlar hələ sönməmişdi, dan yeri üfüqdə, göyün şərq hissəsində ağarmaqda idi. Xoruzlar artıq banlayırdı, səhər tezdən axtarışlara başlayan donuzlar isə əvvəl gözlərindən qaçırdıqları yeməli şeyləri tapmaq ümidiylə çır-çırpının, talaşaların arasında eşələnirdi. Qamış daxmadan aralıdakı ağaclıqda bir dəstə balaca quş cikkildəyir və qanadlarını tərpədirdi.

Kino gözlərini açıb əvvəlcə daxmanın işıqlanmaqda olan giriş qapısına, sonra Koyotitonun yatdığı, tavandan asılmış yeşiyə baxdı. Nəhayət, başını yanında həsir üstündə burnunu, sinəsini və kürəyini göy şalla örtərək uzanmış Xuanaya – arvadına tərəf çevirdi. Xuana da oyaq idi. Kinonun yadına gəlmirdi ki, nə vaxtsa gözlərini açanda Xuananın baxışlarıyla qarşılaşmasın. Onun qara gözləri balaca ulduzcuqlar kimi parıldayırdı. Qadın həmişəki kimi oyanıb ərinə baxırdı.

Kino sahildə səhər dalğalarının zəif şırıltısını eşitdi. Bu şırıltıya qulaq asmaq xoş olduğu üçün Kino yenə gözlərini yumdu ki, şırıltıda duyulan musiqinin ahənginə dalsın. Bəlkə, bunu bircə o edirdi, bəlkə də, bu onun xalqına məxsus olan bütün adamlara aid idi. Qədimlərdə onun xalqı mahnı qoşmaqda pərgar idi, elədiklərinin, eşitdiklərinin, düşündüklərinin hamısını mahnıya köçürürdü. Bu lap çoxdan olmuşdu. Bu mahnılar indi də yaşayırdı; Kino onların hamısını bilirdi, təzə mahnılar isə yaranmırdı. Bu o demək deyil ki, hər insanın öz mahnısı yoxdur. Elə indi də Kinonun beynində sakit, aydın bir mahnı səslənirdi, əgər o bu mahnı haqqında danışsaydı, onun adını “Ailə mahnısı” qoyardı.

Kino nəm havada nəfəs almamaq üçün adyalın bir ucunu burnunun üstünə salmışdı. Nəzərləri yüngül xışıltı gələn tərəfə zilləndi. Bu, səssizcə ayağa qalxan Xuana idi. O, torpaq döşəmədə möhkəm, yalın ayaqlarıyla addımlayaraq Koyotitonun yatdığı yeşiyə yanaşdı və onun üzərinə əyilib nəvazişlə nəsə dedi. Koyotito ona baxdı, gözlərini yumub yenə yuxuya getdi.

Xuana ocaq çalasının yanına gəldi, qazıb bir kömür çıxartdı, onu üfürə-üfürə quru budaqları sındırıb çalaya düzməyə başladı.

Kino da qalxdı, adyalı başına və çiyinlərinə saldı, burun dəliklərini örtdü. Səndəllərini geyinib günəşin doğmasına tamaşa etmək üçün bayıra çıxdı. Qapının arxasında dizi üstə çökdü və adyalı dizlərinə tərəf çəkdi. Səmanın yuxarısında, Körfəzin üzərində kiçik buludların parlaq ləkələr formasında alışdığını gördü. Haradansa bir keçi yaxınlaşıb onu iylədi və soyuq, sarı gözlərini Kinoya zillədi. Bu müddətdə Xuana Kinonun arxa tərəfində ocaq qalayırdı. Parlaq işıq zolaqları qamış daxmanın divarının deşikləri arasından ox kimi uzanır və kandardan bayıra yırğalanan kvadratlar şəklində düşürdü. Gecikmiş gecə kəpənəyi alovu tapmaq üçün özünü içəri saldı. Kinonun arxasında Ailə mahnısı eşidilirdi. Mahnının ahəngi Xuananın səhər yeməyinə kökə hazırlamaq üçün qarğıdalı üyütdüyü dəyirmandaşında əks olunurdu.

İndi səhər sürətlə açılırdı: günəş Körfəzdən boylanan kimi qaranlıq işıqlanmış, səma qızarmış, ətrafa od-alov səpələnməyə başlamışdı. Kino parıltıdan gözlərini qaçırıb aşağı baxdı. Arxasında kökələrin yüngül tappıltıyla qızmış tavaya atılmasını və dadlı ətrini hiss edirdi. Yerdə cürbəcür: böyük, qara, bədəni parıldayan, kiçik, tozlu, zirək qarışqalar qaynaşırdı. Kino Allahın böyüklüyü sayəsində bir tozlu, boz qarışqanın mirmelionun1 qumda onun üçün qazdığı tələdən çıxdığını müşahidə etdi. Qayışbaldır, qorxaq bir it Kinoya tərəf gəldi və onun mehriban səsini eşitcək yanında yumaq kimi yumrulandı, quyruğunu səliqəylə pəncələrinə dolayıb başını onların üstünə qoydu. İt qara idi, qaşlarının yerində qızılı-sarı ləkələr vardı. Bu səhər ən adi bir səhər olmasına baxmayaraq açılan səhərlərin ən gözəliydi.

Kino kəndir səsi eşitdi – Xuana Koyotitonu tavandan asılmış yeşikdən çıxarırdı. O, uşağı yuyundurdu, şala büküb elə çəkdi ki, sinəsinə yaxın olsun. Kino baxmasa da, bunları görürdü. Xuana astadan qədim mahnını oxuyurdu, o, cəmisi üç notdan və onların arasında sonsuz sayda dəyişən intervallardan ibarət idi. Bu mahnı Ailə mahnısının bir hissəsiydi. Ailə nəğməsi hər incəlikdə duyulurdu. Qadın bəzən elə ağrılı notlara toxunurdu ki, onu qəhər boğurdu və bu məqamlar "budur sənin sakitliyin, budur sənin istiliyin, budur sənin hər şeyin” deyirdi.

Qamış hasarın arxasında eynilə bu cür daxmalar vardı, oradan da tüstü çıxır, səhər sədaları eşidilirdi, amma oradakı mahnılar da, donuzlar da başqa cür idi və o arvadların arasında Xuana kimisi yox idi. Kino gənc və güclüydü, qara saçları tunc rəngli alnına düşürdü. Gözləri isti və aydın, baxışları diqqətli, bığları seyrək və cod idi. O, adyalın kənarını burun dəliklərindən çıxartdı, çünki ağır, zəhərli hava yox olmuşdu, indi daxmaya sarı günəş işığı düşürdü. Qamış hasarın yanında iki xoruz qanadlarını geniş açıb boynunun tükünü qabardır, bir-birini qorxutmaq üçün yalandan atılıb-düşürdü. Döyüş xoruzları deyildilər, dalaşmaq əllərindən gəlmirdi. Kino bir dəqiqə onlara baxdı, sonra baxışlarını yuxarı yönəltdi, göydə, Körfəzlə təpələrin arasında vəhşi göyərçin dəstəsi uçurdu. Dünya oyanmışdı, Kino da yerindən qalxıb qamış daxmaya girdi.

O, içəri girən kimi Xuana çuxurda yanan ocağın yanından qalxdı. Koyotitonu yenə tavandan asılan yeşiyə qoydu, qara saçlarını daradı, iki hörük düzəldib uclarını nazik yaşıl lentlə bağladı. Kino ocağın yanında çöməlib oturdu, isti kökəni bürmələyib sousa batırdı və yedi. Üstündən bir az da pulke2 içdi, bu da onun səhər yeməyi oldu. Bayramları saymasaq, səhər yeməyinə başqa şey yemirdi, yalnız bir dəfə, yaddaqalan bir gündə o qədər peçenye yemişdi ki, az qalmışdı ölsün. Kino doyandan sonra Xuana da ocağın yanına qayıdıb səhər yeməyi yedi. Onlar bir-iki kəlmə kəsdilər. Zərurətdən yox, adətin üzrə danışırsansa, artıq söz işlətməyin nə mənası var. Kino məmnunluqla nəfəs aldı, onların söhbəti elə bundan ibarət oldu.

Günəş şüaları divarlardakı oyuqlardan uzun zolaqlar şəklində düşüb qamış daxmanı isidirdi. Bu zolaqlardan biri Koyotitonun uzandığı yeşiyə, biri də tavandan asılan kəndirlərə düşürdü.

Güclə sezilən bir hərəkət Kinonun və Xuananın diqqətini yeşiyə yönəltdi. Yerlərindəcə donub-qaldılar. Koyotitonun yeşiyinin tavanın tirindən asıldığı iplə sanki rəqs edə-edə bir əqrəb sürünürdü. İynəli quyruğu dartılmışdı, ancaq istənilən an zərbə endirə bilərdi.

Kinonun burun dəlikləri körükləndi, ağzını açdı ki, burnundan çıxan fışıltılı hava eşidilməsin. Həmin andaca qorxusu, keyiməsi yox oldu. Beynində yeni mahnı – ailəsinə bədbəxtlik gətirən düşmənin vəhşi, təhlükəli Şər mahnısı səsləndi və Ailə nəğməsinin şikayətli iniltisi də ona qarışdı.

Əqrəb kəndirlə yeşiyə doğru asanlıqla sürünürdü. Xuana sıxılmış dişləri arasından güclə eşidiləcək tərzdə qədim ovsunu oxudu, hətta müqəddəs Məryəmin adını çəkdi. Amma Kino daha dayanıb baxa bilməzdi. Çevik bədəni daxmanın içində səssiz və ustalıqla hərəkət etdi. Əllərini irəli tutub ovuclarını açaraq gedir, əqrəbdən gözünü çəkmirdi. Yeşikdə uzanmış Koyotito isə gülür və balaca əlini əqrəbə tərəf uzadırdı. Kino lap yaxınlaşanda əqrəb təhlükəni hiss edib dayandı. Quyruğu yavaş-yavaş kürəyi üzərinə qalxmağa başladı, ucunda yarimdairəvi iynə parıldayırdı.

Kino nəfəsini içinə çəkib dayandı. Xuananın yenə də qədim ovsunu pıçıldadığını və zalım Düşmən nəğməsinin sədalarını eşitdi. Tərpənməyə cəsarət etmədi, gözlədi ki, birinci əqrəb hərəkət etsin, o isə həyəcanlanmışdı, təhlükənin haradan gəldiyini öyrənməyə çalışırdı. Atanın əlləri yavaş-yavaş qabağa uzandı. İynəli quyruq yuxarı qalxdı. Elə həmin dəqiqə gülən Koyotito kəndiri yırğaladı və əqrəb aşağı düşdü.

Ata əllərini uzatdı ki, tutsun, amma əqrəb yan keçib uşağın çiyninə düşdü, dərhal da iynəsini batırdı. Kino həmin andaca əqrəbi tutub xırıltılı səslə qışqıraraq barmaqlarıyla onu sıxmağa, əzməyə başladı. Sonra onu ayaqları altına atıb yumruqladı. Koyotito isə ağrıdan çığırmağa başlamışdı. Ancaq Kino düşməni o qədər tapdalayıb əzdi ki, yerdə bircə nəm ləkə qaldı. Kinonun dişləri qıcanmış, gözləri dəlicəsinə bərəlmişdi, qulaqlarında Düşmən mahnısı səslənirdi.


Amma uşaq artıq Xuananın əllərindəydi. O, qızarmağa başlayan sancılmış yeri tapdı. Tez kiçik yaraya dodaqlarını sıxdı, tüpürdü, sonra təzədən sormağa başladı. Koyotito isə hey qışqırır, qışqırırdı.

Kino onların yanında dayanmışdı. Nə edəcəyini bilmir, Xuanaya mane olurdu.

Uşağın qışqırtısına qonşular tökülüb gəldilər. Kinonun qardaşı Xuan Tomas kök arvadı Apoloniya və dörd uşağıyla birlikdə qapının ağzına yığışıb girişi bağladılar. Onların arxasından o biriləri boylanmağa başladı, balaca bir oğlan isə böyüklərin ayaqları arasına girdi ki, hər şeyi yaxşı görsün. Qabaqda dayananlar arxada dayananlara məlumat verirdilər: "Əqrəb. Uşağı əqrəb sancıb".

Xuana dodaqlarını sancılmış yerdən araladı. Sormadan sonra yara azacıq böyümüş və kənarları qansızlaşmışdı, amma qırmızı şiş möhkəm limfa təpəciyi kimi qabarıb get-gedə böyüyürdü. Bu adamlar əqrəbin nə olduğunu bilirdilər. Onun sancması böyükləri ağır xəstəliyə salır, uşaqları isə qısa müddətdə öldürürdü. Bilirdilər ki, əvvəlcə şiş, istilik və boğaz ağrıları olacaq, sonra mədə sancıları başlayacaq, axırda isə əgər zəhər dərinə işləyibsə, Koyotito öləcək. Ancaq sancmadan yaranan şiddətli ağrı getdikcə azalırdı. Koyotitonun çığırtıları iniltiyə çevrilmişdi.

Kino tez-tez zərif arvadının dəmir iradəsinə mat qalırdı. Bu itaətkar, qayğıkeş, şən qadın uşaq doğanda da səsini çıxarmamışdı. Yorğunluğu və aclığı az qala onun özündən də mətanətlə qarşılamışdı. Amma indi ərinin ondan heç gözləmədiyi bir qərar verdi.

– Get, həkim çağır, – dedi.

Bu sözü qamış hasarın arxasındakı kiçik həyətdə qonşular da eşitdilər. "Xuana həkim çağırmağı tapşırır", – deyə təkrar etdilər. Qəfildən həkim çağırmaq qəribə, görünməmiş işdir. Əgər onu gətirsələr, bu lap möcüzə olacaq. Həkim heç zaman qamış daxmalardan ibarət olan qəsəbəyə gəlmir. Bir də niyə gəlsin axı, bir halda ki o, daş və kərpicdən tikilmiş şəhər evlərində yaşayan varlılara baş çəkir, özü də bunu güclə çatdırır.

– O gəlməyəcək, – həyətdə dayananlar dedilər.

– O gəlməyəcək, – qapı ağzında dayananlar dedilər. Kino özü də belə fikirləşirdi.

– Həkim bizə gəlməyəcək, – Kino Xuanaya dedi.

O, ərinə dişi şirin baxışları kimi soyuq nəzərlərlə baxdı. Koyotito onun ilk uşağıydı, onun üçün dünyada hər şey demək idi. Kino Xuananın qətiyyətini hiss etdi və ailə musiqisi qulaqlarında polad kimi möhkəm bir ahənglə səsləndi.

– Onda biz özümüz onun yanına gedərik, – Xuana dedi və başındakı tünd-göy rəngli şalı düzəltdi, bir ucunu əlinə atdı, inildəyən uşağı onun üstünə qoydu, şalın o biri ucuyla alnını örtdü ki, işıq gözlərinə düşməsin. Qapı ağzına yığışanlar arxada dayananları itələyib geri çəkilərək ona yol verdilər. Kino arvadının ardınca getdi. Onlar doqqazdan keçib təkər izləri açılmış yola çıxdılar, qonşular da dallarınca getdilər.

Onların dərdinə bütün qəsəbə şərik idi. Adamlar yalın ayaqlarını səssizcə yerə basa-basa şəhərin mərkəzinə tərəf gedirdilər – qabaqda Xuana və Kino, dallarınca Xuan Tomas və yeridikcə yekə qarnı yırğalanan Apoloniya, lap arxadasa qonşular addımlayırdı. Uşaqlar isə sağa-sola qaçışırdı. Qara kölgələri günəş işığında özlərindən qabağa düşür, onları geridə qoyurdu.

İzdiham qamış daxmalardan ibarət olan qəsəbənin sonuna çatdı, burdan o yana öz daşlı-kərpicli evləriylə şəhər başlayırdı. O şəhər ki, hər addımında bayırdan çılpaq görünən, içərisində axar suyu, başdan-başa çəhrayı, parlaq-qırmızı çiçəklərə bürünmüş sərin bağçaları olan sərt hasarlara rast gəlirsən. Bu gizli bağçalardan qəfəsə salınmış quşların nəğməsi, qızmış plitələrin üstüylə axan sərin suların şırıltısı eşidilir. İzdiham günəş işığına qərq olmuş meydançanı keçib kilsənin yanından ötdü. Adamlar get-gedə çoxalırdı, yolda onlara qoşulanlara pıçıltıyla xəbər verirdilər ki, uşağı əqrəb sancıb, ata-anası onu həkimə aparır.

İzdihama yeni qoşulanlar, xüsusilə kilsə səkilərində sədəqə yığan, maliyyə məsələlərindən başı çıxan dilənçilər tez Xuananın köhnə göy yubkasını gözdən keçirir, şalındakı yarıqlara nəzər salır, hörüklərinə bağladığı yaşıl lenti qiymətləndirir, Kinonun adyalının neçə yaşı olduğunu, paltarının neçə dəfə yuyulduğunu səhvsiz müəyyən edir, əmin olanda ki onlar yoxsuldurlar, hamıyla birlikdə bu faciənin nə ilə nəticələnəcəyinə baxmaq üçün gedirdilər. Bu dilənçilərin dördü şəhərdəki bütün işlərdən xəbərdar idi. Moizəyə tələsən gənc qadınların üzləri onlar üçün açıq kitab idi, qadınlar kilsədən çıxan kimi dilənçilər onların hansı günahlar elədiyindən dərhal xəbər tuturdular. Şəhərin ən əhəmiyyətsiz dedi-qodularından və ən iri cinayətlərindən xəbərləri vardı. Yerlərini tərk etmədən elə kilsənin səkisindəcə yatır, hətta öz dərdini yüngülləşdirmək üçün gizlicə kilsəyə gələnləri belə görürdülər. Həkimi də tanıyırdılar. Onun da sirlərinə – nadanlığına, acgözlüyünə, qəddarlığına, günahlarına bələdiydilər. Etdiyi bütün uğursuz abortları əzbər bilirdilər, bilirdilər ki, xəsisliyindən sədəqəni qəpik-quruşla verir. Onun o dünyaya göndərdiyi adamların kilsəyə gətirilməsinin şahidi olmuşdular. Nə qədər ki səhər ibadəti başa çatmışdı və işlər ləng gedirdi, yoldaşlarından yorulmadan məlumat alan bu dilənçilər də izdihama qoşulub piy basmış, tənbəlləşmiş həkimin əqrəb sancmış yoxsul uşağı ilə necə davranacağını maraqla gözləyirdilər.

İzdiham həkimin evinə məxsus hasarın geniş qapısına yanaşdı. Oradan su şırıltısı, qəfəsdəki quşların nəğməsi, bir də daş plitələrə dəyən süpürgələrin şappıltısı eşidilirdi. Həkimin evindən isə qızardılmış döş ətinin ləzzətli iyisi gəlirdi.

Kino tərəddüdlə doqqazın qabağında dayandı. Bu həkim onun xalqının nümayəndəsi deyildi. O, Kinonun həmqəbilələrini az qala dörd əsr ərzində döyən, acından qıran, qarət edən və nifrət bəsləyən bir irqə məxsus idi. Yazıqların gözü elə qorxmuşdu ki, bu qapıdan alçala-alçala girirdilər. Və Kino hər dəfə bu irqin adamlarıyla qarşılaşanda belə olurdu: qəflətən özünü zəif hiss edir, nədənsə qorxur, həm də qəzəblənirdi. Qəzəb və qorxu həmişə yoldaş idi. Kino üçün bu həkimi öldürmək onunla danışmaqdan daha asan idi, çünki həkimin həmqəbilələri Kinonun həmqəbilələriylə itaətkar heyvan kimi davranırdı. İndi də Kino sağ əlini doqqazın dəmir halqasına aparanda qəzəbi aşıb-daşdı, qulaqlarında düşmənin musiqisi səsləndi, dodaqları bərk sıxıldı, amma sol əli qeyri-ixtiyari şlyapasına tərəf uzandı. Dəmir halqa doqqazı döyəclədi. Kino şlyapasını çıxarıb gözləməyə başladı. Koyotito Xuananın qucağında astadan inildəyirdi, o isə mehribanlıqla uşağa nəsə pıçıldayırdı. İzdiham heç nəyi gözdən qaçırmamaq üçün onları dövrəyə almışdı.

Bir dəqiqədən sonra geniş doqqaz azacıq aralandı. Kino bu aralıqdan baxıb yaşıl bağın sərinliyini və şırıldayan kiçik fəvvarəni gördü. İçəridən boylanan adam onun həmqəbiləsiydi. Kino onunla qəbilələrinin qədim dilində danışdı.

– Oğlumu, bizim ilk övladımızı əqrəb dişləyib, – dedi. – Ona yaxşı bir həkim lazımdır.

Qapı örtülməyə başladı; qulluqçu qədim dildə danışmaq istəmirdi.

– Bir dəqiqə gözləyin, gedim öyrənim, – dedi və doqqazı bağlayıb arxadan rəzəsini çəkdi.

Gözqamaşdırıcı günəş işığı ağ daş hasara qara insan kölgələri salırdı.

Həkim otağında, çarpayıda uzanmışdı. Əynində nə vaxtsa Parisdən gətirilmiş, indi düymələnəndə isə sinəsinə dar gələn qırmızı xalat vardı. Dizləri üstünə qoyduğu məcməyinin içində gümüşü şokolad qabı və nazik çini fincan vardı. O, iri əliylə fincanı götürüb baş və şəhadət barmağıyla tutaraq ağzına tərəf aparanda fincan gülünc şəkildə balaca görünürdü. Gözlərinin altı şişmiş, ağzının kənarları sallanmışdı. Həkim yaşlandıqca kökəlir və xırıltılı səslə danışırdı, çünki boğazını piy basırdı. Çarpayının yanındakı stolun üstünə içi siqaret dolu stəkan və kiçik Şərq sinci qoyulmuşdu. Otağın ağır mebeli adamda qaranlıq və kədərli fikirlər oyadırdı. Rəsmlərin hamısı dini məzmunda çəkilmişdi, bircə dənə fotoşəkil vardı. Bu onun indi cənnətə düşmüş mərhum arvadının şəkliydi: əgər onun öz vəsiyyətinə əsasən pulla aparılmış dini ayinlər vasitəsilə oraya düşmək mümkün idisə. Həkim öz dövründə qısa müddətə də olsa, mədəni həyatın iştirakçısı olmuşdu, indi ömrünün qalan hissəsini xatirələr və Fransa həsrətiylə yaşayırdı. O zamanlar mədəni adamlar kimi ömür sürdüyünü deyəndə az bir qazancla məşuqə saxladığını və restoranlarda yemək yediyini nəzərdə tuturdu. Özünə ikinci dəfə şokolad süzüb barmaqlarını peçenyeyə batırdı. Qulluqçu açıq qapıya yanaşıb həkimin onu nə vaxt görəcəyini gözləməyə başladı.

– Nədir? – həkim soruşdu.

– Bir hindu uşaqla gəlib. Uşağı əqrəb sancıb.

Həkim qəzəblənməmişdən əvvəl fincanı ehtiyatla məcməyiyə qoydu.

– Bircə bu qalmışdı ki, hansısa hindunu həşərat sancmasından müalicə edim. Mən həkiməm, baytar deyiləm.

– Bəli, ağa, – qulluqçu dedi.

– Onun pulu var? – həkim xəbər aldı. – Hardan olacaq! Onların heç birinin pulu yoxdur. Bircə bu dünyada mən nəyə görəsə müftə işləməliyəm. Lap bezmişəm. Get, öyrən gör onun pulu varmı.

Qulluqçu qayıdıb doqqazı açdı, yarıqdan cavab gözləyən izdihama baxdı. Bu dəfə qədim dildə danışdı:

– Sənin müalicə üçün verməyə pulun var?

Kino əlini adyalın altında cibinə salıb dördqat bükülmüş kağız çıxartdı. Qatları bir-bir açmağa başladı, açdı, açdı, axır ki, orada səkkiz xırda yastı mirvari göründü. Heç bir dəyəri olmayan bu mirvarilər kiçik yaralar kimi biçimsiz və boz rəngdə idi. Qulluqçu onları kağızla birlikdə alıb yenə doqqazı bağladı, amma bu dəfə Kino çox gözləməli olmadı. Qapı kağızın yarıqdan keçə biləcəyi qədər açıldı.

– Həkim getdi, – qulluqçu dedi. – Onu ağır xəstə üstünə apardılar. – Sonra cəld doqqazı bağladı, çünki xəcalət çəkirdi.

Bu xəcalət hissi izdihamı da bürüdü. Hamı dağılışmağa başladı. Dilənçilər kilsənin səkisinə qayıtdılar, avaralar yenə veyillənməyə yollandılar, qonşular isə uzaqlaşdılar ki, hamının gözü qabağında rüsvay edilən Kino onların yanında utanmasın.

Kino uzun müddət Xuana ilə birlikdə həkimin evinə məxsus hasarın yanında dayandı. Xahiş əlaməti olaraq çıxardığı şlyapasını yavaş-yavaş başına qoydu. Birdən qolaylanıb doqqaza zərbə endirdi. Təəccüblə çapılmış oynaqlarına və barmaqlarının arasından axan qana baxdı.

1.Mirmelio – sürfələri, qarışqaları yeyən cırcıramaya oxşar cücü
2.Pulke – spirtli içki növü

Darmowy fragment się skończył.

399 ₽
4,04 zł