Onlar da insandı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Çingiz Dağçı

Onlar da insandı

Roman

Birinci bölüm

1

– Get, Məcik, get… oha, oha! İndi yolun ortasında taqətdən düşmək vaxtı deyil. Hava qaralmamış evə çatsaq, sənə afərin deyəcəm! Sabah naxıra da getməyəcəksən. Yemin də başının üstündə, suyun da! Xanım kimi ye, yat, qızım! Get, Məcik, get, qızım! Hörmətin artdı. Zarafat deyil, Rum öküzü bətninə dana qoydu. Sən artıq ikicanlısan. Allah qoysa, balan atasına oxşayar! Qonşularımız inəklərini Rum kəndinə aparınca, bizim tövləyə gətirərlər. Sənin balan böyüyüb kənddəki inəklərin qarnını dombaldar, mənim də cibimi. Get, Məcik, get, qızım, oha, oha… Rumun dörd öküzü var, amma Rum ağlı, nə deyirsən, de! Heyvanın orasından belə pul çıxarır, kafirlər. Özünə saray kimi ev tikdi. “O qədər pulu hardan tapdı?” – soruşursansa, deyim sənə: – Öküzdən! Öküzdən, vəssalam! Sənsə tütün yarpaqlarının arasında tərlə, yazıq, tərlə! Tarladan, bağdan gələn pulun dadı başqadır, başqa! Yorğun-arğın uzanasan, yuxuna tarlan, bağın, bostanın girə. Amma torpağın yoxdusa, nə görə bilərsən? Öküzün quyruğunu! Ah, axmaq xərclərdi bu, Bəkir, yaraşmaz sənə! Get, Məcik, get, get, qızım, qaranlıq düşməmiş evə çataq… Get, oha, oha!

Rum kəndindəki evlərin qırmızı qalay damları çoxdandır, yolun üstünə amfiteatr kimi qat-qat dağlara doğru yüksələn yaşıl bağların arxasında qalmışdı. Yolun sağ yanında da bir-birindən daş divarlarla ayrılmış bağlar böyük pillələr kimi, düz Qara dənizin parıltılı sularına qədər enirdi.

Səma yüksək və mavi idi. Günəş düz Roman Koşun üstündə dayanıb, parlaq şölələri Gurzufun sakit sularında titrəyir, aşağıdakı kimsəsiz evləri, çılpaq təpələri, dərin dərələri, uçurumları, yaşıl bağları, tütün tarlalarını, bağçaları, çayırları, quru dərələr içində parıldayan incə su sicimlərini parıldadırdı.

Bəkir yolda heyvanı yormamaq üçün inəyin arxasınca ağır addımlarla kəndinə qayıdırdı. Bir-iki saatdan bir yolu hər tərəfdən örtən ağacların altından hələ uzaqdan tozu dumana qatan hansısa maşın görünür, sonra da ötüb keçirdi. Belə anlarda Bəkir inəyini yolun kənarına çəkib, səbirlə maşının uzaqlaşmasını gözləyirdi. Maşından qorxmasın deyə inəyin boynundan tutur, başını oxşayır, qulağına şirin sözlər deyirdi:

– Qorxma, qızım, qorxma! Sabah səni çobanla göndərməyəcəm. Ayşə baxacaq sənə. Qorxma, Məcik, qorxma!

Maşın keçib getdi. Dalınca havaya qalxan toz-torpaq yavaş-yavaş çəkilir, duman kimi yolun kənarında – daş divarlardan sallanan yabanı üzümlərin, əncirlərin yarpaqlarına enirdi.

Tütün vaxtı idi. Kəndlilər Qızıldaşın tütün tarlalarında idilər. Bəkirin gözünə heç kim dəymirdi.

Bəkir Gurzufun üstündə Məmiş çöllərinə çıxdı. Kəndə qədər hələ dörd kilometr qalırdı. Amma döngəni keçəndən sonra artıq özünü kəndində hiss edirdi. Ayı Dağı ilə yayla arasındakı geniş keçiddən sərin bir külək əsməyə başlamışdı. Bəkir yolun kənarına qədər getdi, inəyini daş divarın yanındakı əncir ağacına bağladı, yanındakı daşın üstündə oturdu. Keçiddən gələn xoş sərinliyi içinə doldurmaq istədi, köynəyinin düymələrini açdı, quzu dərisindən hazırlanmış qəhvəyi papağını alnının üstündən geriyə çəkdi. Solda yüksələn dağların arxasında yaylaqlara, Ayı Dağın ətəklərinə, Qara dənizin səssiz sahillərinə nəzər saldı. İçindəki bütün hislərini dilə gətirmək istədi: “Mübarək torpaqlar, mübarək torpaqlar!” – pıçıldadı.

Krımın burası çox gözəl idi. Solda, dağların üstündəki yaylaq at yəhəri kimi təmiz və parlaq idi. Aşağıda, kəndin arxasında tütün sahələrinə qədər enən tünd yaşıl, alçaq şamlıqlar, məxmər yamaclarla örtülü dağların, dərisi soyulmuş heyvan əti rəngində bomboş torpaqları işıqlar altında yanırdı. Daha aşağıda, uçurumları al, bəyaz, sarı, qırmızı rənglərə bürünmüş Gəlin qaya ilə, ondan çox uzaqda, mərmi rəngində yaz-qış heç dəyişməyən Top qaya, bir-birlərinə baxaraq, səssiz-sakit dərdlərini danışırdılar. Top qayanın dərdi Gəlin qayanınkından daha böyük, daha dərin idi. Göyün, kim bilir, harasından qopmuş bir bulud parçası hər axşam gəlib, Top qayaya sarılardı. Əsən küləklər Top qayaya çıxmaz, onun səssizliyini pozmazdılar. Küləklər sadəcə Ayı Dağ ilə yaylaqların arasındakı keçiddən keçər, Qızıldaş bağçalarındakı alma, armud, ərik, şaftalı, xurma ağaclarının, tütün tarlalarındakı kollara soxular, hər yerdən bir dad, bir xoş qoxu alandan sonra gedib Roman Koşun ətəklərində dincələrdilər…

Bəkir bir xeyli oturdu, xoş ətirli küləklə sərinlədi, bir siqaret çəkdi. Çox uzaqlarda, yaşıl tütün tarlaları içində, başları qırmızı, bəyaz, sarı yaylıqlarla bağlı, çalışan qızlara baxdı. Sonra ayağa qalxıb, əncir ağacından inəyinin ipini açdı: “Yolçu yolunda gərək!” – deyib yoluna davam elədi. Yenə Rumun öküzünü xatırladı, Rumun evini gözünün qabağına gətirdi. “İnəyin balası erkək olsa daha yaxşıdı, yoxsa dişi?” – deyə fikrə getdi. Bütün varlığı ilə torpağına bağlı olan Bəkir, Rumun torpaqsız-bağsız, bir neçə öküzlə varlı olmasına təəccüblənirdi. “Rumun öküzü də öküzdü ha!” – deyib, öz inəyinin də balası öküz olsmasını arzuladı. Heyvan hərdən yolun ortasında dayanırdı. Ayna kimi sönük, iri gözləri ilə Bəkirə baxırdı. Bəkir, heyvanın boynunu, başını oxşayırdı: “Gəl, Məcik, aparım səni evə, gəl…” – deyərək inəyini dəhmərləyirdi.

– Öküz balalasan boynuna muncuqlar taxacağam, çobanla da göndərməyəcəm, özüm baxacam. Get, qızım, bizim Əsma arvad da səni görəndə sevinəcək. Get, Məcik, oha, oha… Balan Rumun öküzü kimi öküz olsun. Kəndlilər inəklərini Rum kəndinə aparınca bizim tövləyə gətirsinlər. Balan kənd inəklərinin qarnını dombaldar, mənim də cibimi. Amma Allahın işinə qarışmaq olmaz: öküz deyərsən, inək çıxar, inək deyərsən öküz, bilinməz heç! On beş il əvvəl can atırdım ki, oğlum olsun, sonda nə oldu, qızım oldu. Qəbahət kimdədir? Nə məndə, nə də Əsmada. Allahın istəyi qız imiş, qız oldu. Eh, nə edək! Get, Məcik, get, qızım, oha, oha! Oğlan olsun, qız olsun, əli-ayağı düz olsun! Rum öküzdən varlı oldu diyə, “Allaha mənə də öküz ver” – deyib əmr edə bilmərik ki! Get, Məcik, get, qızım…

Kəndin üstündə ilk tütün sahələrı görünürdü. Sahələrə çıxan iki yanı da daş divarla hörülmüş dərə-təpə yollarda, sağı-solu böyük zənbillər daşıyan uzunqulaqlar, atların arxalarından sahibləri gəlir, bəziləri yellənə-yellənə sahələrə çıxır, bəziləri da sahələrdən yaşıl tütün tarlalara enirdi.

İşlər ən qızğın vaxtda idi. Qədim zamanlarda olduğu kimi, sahələrda, tütün yarpaqlarını ipə keçirən qadınların, qızların, sahələrın qarşısında uzun ağaclara tütünləri bağlayan gənclərin, qocaların mahnıları bu aralar heç eşidilmirdi. Bəkir yolun kənarında əsgər kimi sıralanmış, uzun, səssiz sərv ağaclarının kölgələrini arxada buraxdı, bir az yuxarı çıxdı, əlini gözlərinə günlük etdi, sahələrın qarşısında işləyənlərə, dağların üstünə gəlmiş, istisi yavaş-yavaş azalan Günəşə baxdı.

– Günəş axşamın yolunu tutdu, mənsə bütün günü bu inəyin quyruğuna… Bağlandım, qaldım. Baxaq bizim sahələrdə nə olub bu gün.

Addımlarını tezləşdirdi. İndi tarlasında yatan tütünü fikirləşirdi.

– Allah verdi bu havanı bizə. Bir-iki həftə ərzində tütünü tarladan yığmasan işin fırıqdır. Bəkir, fırıq! Yenə gedib qonşuya yalvaracaqsan. Evdə bir arvad var, bir qız, amma yenə də qonşusuz başa çıxa bilməyəcəksən. Deyirlər ki, qonşu qonşunun tütününə möhtacdır. Tam yerində dedin bu sözü. Bizim Ayşə böyüdü deyə çoban Səid Əlinin oğulları utanırlar gəlməyə… Bu axşam mən yenə də Səid Əliyə bir baş çəkim. Amma niyə utansınlar? Özümüz üçün doğurmadıq ki, verəcəyik birisinə…

Amma bu düşüncələrinə özü də inanmır, evini, həyatını Ayşəsiz düşünə bilmirdi. Bircəcik qızı idi Ayşə, atası üçün on beş deyil, sanki beş yaşında bir qızcığaz idi Ayşə! Bəkir dərindən nəfəs aldı:

– Allah bizə bir dənə verdi… Get, Məcik, get… Çoxun dərdi çox olur, azın dərdi daha çox olur. Get, qızım, get!

Artıq sahələrə, Günəşə, yollardan enən uzunqulaqlara baxmırdı. Qızı Ayşəsinin on beş yaşına çatmasını hələ indi başa düşmüş, qızının boynunu, gözəlliyini gözlərinin önünə gətirdi, günlərin birində qəflətən istəniləcəyini düşündükcə duruxdu. “Gözəl olmasına gözəldir, amma gözəlin taleyi çirkin olur!” – deyə mızıldadı.

Günəş uzun günün işini bitirmiş kimi ağır və yorğun bir tənbəlliklə yamaca enirdi. Atlardan tütün yükləri boşaldanlar sahələrdəkı işlərini bitirmişdilər. Axşamın sərinliyindən faydalanaraq bostanlarını sulamaq üçün toxaları ilə suları kəsən insanlar, qadınlar, gənc qızlar, daha canlı və yüksək səslərlə danışırdılar.

Solda, üstü çör-çöplə tam örtülü dar yoldan bir uzunqulaq çıxdı. Yolunu bilirmiş kimi yola keçib aşağıda tarla yoluna getdi.

Bəkir dayandı, uzunqulağın kollardan çıxacaq sahibini gözlədi, amma dar yoldan kimsə çıxmadı. Səsləndi:

– Ənvər, sənsən?

– Mənəm, Bəkir Ağa!

– Bu uzunqulaq kimindir?

– Mənim.

Kolların altından Battal Ənvər çıxdı.

– Sənin bu uzunqulağın yolu bilir, amma diqqətli ol! Qarşıdakı döngədən maşın çıxsa qalarsan uzunqulaqsız.

– Su tökürəm də… Dur, desəm durmaz, gedib-gələr öz özünə! Xeyir ola, inəyin xəstədi?

– Yox, Rum kəndinə öküzə aparmışdım.

– Hə!

– Rum öküzünün xidməti bahalı imiş.

– İyirmi qəpik. Üstündə də bir səbət alma, armud.

– Vay kafir, amma yaman soymuş səni ha!

– Öküzün orasından varlı olurlar, nə edəsən!

– Rəcəbin öküzünə niyə aparmadın?

– Heç soruşma! Niyə sənin Əminən başqasına vermədi də sənə verdi? Bu heyvanın da canı Rum öküzünü istədi!

Gənc, əsmər, pəhləvan quruluşlu Ənvər başını arxaya atdı, parlaq dişlərini göstərərək güldü:

– Allah qoysa, öküz balalayar.

– Allahın işidi bu, qarışa bilmərik. İnək deyərik, öküz çıxar, öküz deyərik inək. Bizim əlimizdədi ki? Allahın əmri ilə olur hər şey. On beş il əvvəl oğlan olsun deyə can atırdım, amma qız çıxdı. Yenə də dua etməliyik. Tanrı dinləyər, dinləyər, sonra kəsib biçər, necə doğru görərsə elə edər, onun əmri…

Battal Ənvər, ağappaq dişlərini göstərib gülərək, Bəkir Ağanı dinləyirdi. Aşağıda, tütün tarlasının içindəki cığırdakı uzunqulağı, yoldan çox uzaqlaşmışdı. İnək də, Bəkir Ağanın lakkırtısının bir xeyli uzanacağını görüb yolun kənarında başını kolların altına soxub təzə ot yeyirdi.

 

Bəkir Ənvərin geniş, sağlam çiyinlərinə, kişi əllərinə baxıb qısqanaraq ah çəkdi:

– Bizə də oğlan lazımdı, amma olmadı! – dedi.

Ənvər Bəkir Ağanın könlünü almaq istəyərək cavab verdi:

– Oğlan faydalıdır, düzdü! Amma qız da evin bəzəyidir, Bəkir Ağa!

– Elə qapağını tapana qədər bəzəyər. Sonra kim? Onun da zamanı gələr.

Ənvər bir neçə gündür könlündə daşıdığı gizli məsələni Bəkir Ağaya demək üçün fürsət tapdığına sevindi:

– On beş oldu, yəqin! – dedi.

Bəkir təsdiq edəcəkdi, bəli deyəcəkdi, amma boğazında qırıldı:

– Elə… yəqin elə. Bilmirəm dəqiq. Ya on dörd, ya on beş. Yoxsa on üç desəm? Bilmirəm dəqiq, qönçədir hələ…

Sonra birdən-birə Ənvərin Ayşənin yaşını soruşanda bir şeydən şübhələnmiş kimi:

– Bizim Ayşənin yaşından sənə nə, – dedi, – Yaşı at bazarında soruşurlar.

Sonra söhbəti başqa yana çevirdi:

– Bu gün bizim sahələrə çıxdınmı? Allah hava verdi, bu bir-iki həftəyə tütünləri yığa bilməsək işimiz fırıqdır. Köhnədən saqqallı kazaklar gəlib kəndlərdə iş axtarardılar. İndi onlar da görünmürlər, batdılar görəsən?

Ənvər ağ yenə güldü:

– Kaş ki, batardılar. Şükür Allaha, bizim kənd bu vaxtadək təmiz qaldı. Alma rusu yanına, alsan bəla olar, Bəkir Ağa!

– Eləmi?

– Xeyli vaxtdı ki, böyük oğlan Rəmzi Əsma xalanın gözünə girmək istəyir.

– Sən dedi-qoduya qulaq asma, Ənvər!

– Nə olar? On beş oldu, ağlaya-ağlaya gedəcək, tapsın özünə bir ailə. Çoban Səid Əlinin ailəsı pisdir ki? Rəmzi də meşə ağacı kimi sağlam, namuslu bir oğlandır…

– Səid Əlinin ailəsınə sözüm yoxdu. Amma bunun dillərdə gəzməsini istəmərəm. Qərib quşun ailəsını Allah qurar.

Battal Ənvər utandı. Birdən ağlına gəldi ki, indi – işlərinin qızğın vaxtı bunu danışmağın yeri deyil. Amma başladığı söhbəti də yarıda buraxmaq istəmədi.

– Dillərdə deyil, Bəkir Ağa! – dedi, – Dillərdə deyil… Bilirsən ki, Səid Əli bizə qohumdur. Eh, Rəmzi mənə dedi dərdini. Ayıbdırmı?

– Ayıbdır! Sən özünə bir arvad tapdın ki, qalxıb el-aləmi evləndirirsən?

– Hirslənmə, Bəkir Ağa, bu kiçik sözümə. Mən kimisə evləndirmək istəmirəm. Oğlan dərdini mənə danışdı, mən də sənə deyirəm. Kürəkəni Samsundan gətirəcək deyilsən ki! Verəcəksən kənddən birisinə…

– Kimə versəm verərəm, bəlkə də, heç vermərəm. Qız mənim, mal mənim, haqq mənim, sənə nə? Evində otur, rahat-rahat bax arvadına: tarlada isə bax uzunqulağının quyruğuna. Mənim işimə qarışma. Kiçik söz, hə? Milçək də bir şey deyil, amma ürək bulandırır.

Ənvər susdu, amma Bəkir Ağadan incimədi. Bu məsələni Bəkir Ağa ilə danışmağa nə yaşı çatırdı, nə də zamanı. Amma Ayşənin də Rəmzini sevdiyini, Rəmzidən başqasını istəmədiyini bilirdi.

Lakin Ayşə bunu atasına deyə bilməzdi, bu, onun sirriydi. Bu sirri Bəkirə anası Əsma aça bilərdi.

Ənvər bu işin sonunda qohumu Rəmzinin lehinə bitəcəyinə əmin imiş kimi güldü:

– Nəysə, gəncik, incimə, Bəkir Ağa! Yavaş-yavaş hər şeyin yerini də öyrənərik, sirrini də.

– Sirr yoxdu. Sirdaş axtarmaq sirri yaymaq üçündür. Bu sözü başqasının ağzından eşitsəm vurub gözünü partladaram. Həm sənin, həm Rəmzinin…

– Vay, vay!

– Baxaq onda “vay, vay!” – deyə bilərsənmi? Get uzunqulağının yanına. Əsəbiləşdirdin məni…

Bəkir Ağa doğurdan da hirslənmişdi. Addımlayaraq inəyinin yanına getdi, ikiəlli inəyin buynuzlarından tutub dərtdı, heyvanı aparmaq istədi. Amma inək başını yaşıl otlardan ayıra bilmirdi.

Bəkir əsəbdən titrəyən əlləri ilə ipi heyvanın buynuzlarına keçirtdi, yolu gedərək qışqırmağa başladı:

– Oha, oha… Partlayana kimi yeməyəcəksən ki! Qaldır başını otlardan… Oha!

Ətrafına baxdı, əsəbi gözlərilə Ənvəri axtardı. Amma Ənvər yox idi. İnəyini çəkə-çəkə yolun o biri tərəfinə keçdi, tütün tarlasına baxdı. Tarla yolunda gənc Ənvər iri addımlarla uzunqulağa tərəf gedirdi.

– Zəmanə insanlarıdı bunlar! – deyə, Bəkir dodaqaltı deyindi. – Dinə də, imana da, kəndə də, millətə də xeyirləri yox! Bir qızımız var, ona da göz qoydular artıq… Qız da hələ gül qönçəsi, ağzı süd iyi verir… Get, Məcik, get… Mən Rum kəndində öküzlə meşədə, tülkülər də bizim sahədə. Nə bilmişdin, Bəkir?! Evdə bir arvad var, bir qız! Çoban Səid Əlinin övladları bizim sahələrdə Ayşəyə baxırlar. İtsiz evə tülkü asan girər…

Günəş qıpqırmızı yamacın arxasına enirdi, əsmər göyün altında dənizin maviliyi göyərirdi. Uzaqlardakı su gölməçələrində, qamışlıqlarda, köhnə quyuların yanında axşamı salamlayan qurbağaların səsi eşidilirdi.

Üfüqün rəngi solurdu, bəzi pərdələrin arxasında yanan lampalar kimi orada-burada ulduzlar incə bənövşəyi rəngdə parlayırdı. Bütün günü Günəşin istisindən səmanı tərk edən buludlar indi parça-parça bir-birinə yapışaraq göyə yüksəlir, sonra ayrılaraq ağ, buruq quzu dərisi kimi göyü və axşamı bəzəyirdilər. Dərələrdə sular, təpələrdə sərin yellər, yollarda səssiz gözətçilər kimi uzun sərvi ağaclar canlanıb yellənir, yer və göy həyatdan, insanlardan xilas olub nəfəs alırdı.

Axşamlar xoş idi, insanları özünə çəkən dərdləri, yorğunluğu unutduran bir qüvvə, dadlı bir boşluq vardı, axşamlar gecənin gözləri kimiydi – hər yeri görür, hər yerə uzanır, hər yerə dalırdılar.

İndi hər şey axşama təslim olurdu. Yalnız insanlar axşama arxalarını çevirirdilər. Onlar gündüz və Günəşin istisinin, soyuğun, qarın, ayazın, yağışın və küləyin uşaqları idilər. Torpağı görmək istəyir, min illərdir əlləri ilə ondan tutaraq yaşayırdılar.

Torpaq onları qırır, əzirdi, onlara min əziyyət çəkdirir, öldürür, amma onlar yenə də hər şeydən çox, özlərindən çox torpağı sevirdilər. Onları bu torpaqdan ayıracaq heç bir qüvvə yox idi. Hələ min illər burada yaşayacaq, yorğun bədənlərini bu torpaqların altına basdıracaq, ancaq onda canlarını göyə, səmanın sükut və rahatlığına təslim edəcəkdilər…

İnsanlar evlərinə qayıdırdılar. Kiminin kürəyində torpağın otu, kimində odun, kimi torpağından, işindən məmnun kimi dərdli, qara yorğun ayaqlarını sürüyə-sürüyə evlərinə qayıdırdılar. Çobanlar da artıq dağlardan enmişdilər. Yoxuşlu yollarda mallar boyunlarından asılı zınqırovlarını çala-çala, keçilər mələyə-mələyə pəyələrə qayıdırdılar.

Bəkir Qızıldaşa yaxınlaşanda düzənlikdə qalan bəzi evlərdə artıq lampalar yanırdı. Qaranlıq düşdükcə kənd daha canlı, daha səsli olur, hər yolda, hər su başında insanlar toplaşırdı. Əl-ayaqları, papaqları toz-torpaq içində olan adamlar yüksək səslə danışaraq, ya bostanlarını sulamaq üçün su növbəsi gözləyir, ya da sabahkı işlərini götür-qoy edirdilər.

Axşamın canlılığında qadınlar da kişilərdən geri qalmır, evlərin qarşısında, tarlalardan dönən ərlərini, oğullarını, heyvanlarını gözləyirdilər.

Bütün bu qadın, kişi, uşaq səslərinə qarışan heyvan səsləri daha qəribə olurdu: mal-qara pəyələrə yaxınlaşdığını hiss edir, bəzən yolun ortasında durub başlarını qaldıraraq evlərin qarşısındakı insanlara qəribə-qəribə baxaraq uzun-uzadı böyrüşürdülər. O ana qədər işlərini buraxıb evlərindən çıxmamış qadınlar unlu-xəmirli yaş əllərini önlüklərinə silib yollara çıxır, heyvanların başını tumarlayır, sanki uşaqlarıyla danışırmış kimi oxşaya-oxşaya isti və yağışsız havada evlərinin qarşısındakı çarmıxlara bağlayır, ya da hava dumanlı və ya gecə yağışlı olacağı halda tövləyə aparırdılar.

Bəkir artıq kəndin sərhədlərininin içindəydi. Laqqırtıya dayanmadan yalnız salam verib hal-əhval soruşmaqla rastlaşdığı adamların yanından keçib gedir, qaranlıq düşmədən evə çatacağına sevinirdi.

Yolun sol tərəfindəki qalın meşə ağaclarının altında salınmış və öz səssizliyi ilə vahimə yaradan qəbiristanlığı ötüb keçdi. Evi bir çağırış məsafəsində, bostanın arxasındakı budaqları damını örtən alma ağaclarının arasındaydı. Yamacın üstündəki, rəngi hələ tam solmayan üfüqdə görünən evin ağ divarları, sanki damı arxada qoyub ağacların arasından qabağa çıxmış, səssizlik və sükut içində çox qəribə görünürdü.

Bəkir, “Ayşə hələ sahələrdə olmalıdr, evdə olsaydı, qarşılayardı məni!” – deyə düşündü, bir az da irəlilədi. Evinin qarşısında geniş bostanı yoldan ayıran daş divara sıralanmış əncir ağaclarının altında, gözünə iki insan kölgəsi dəydi. Amma axşam o qədər qaranlıqdı ki, Bəkir onların kim olduğunu hələ ayıra bilmirdi. Biri bəzən yoldan çıxır, Bəkirin qarşısında gedən inəyə baxır, yenə əncir ağacının altına çəkilirdi.

Bəkir əncir ağacının altındakı iki nəfərin qadın olduğunu indi aydın görürdü. “Mənim Ayşəm anası ilə birlikdə deyəsən məni gözləyirlər!” – düşünüb, inəyin ipini daha yaxın tutdu, jaketinin qırağı ilə alnındakı təri sildi, inəyin başını oxşadı, dayanıb qadınlara baxdı, hansının arvadı, hansının qızı olduğunu seçmək istədi. Seçə bilmədi. Buna görə də Battal Ənvərlə danışdıqdan sonra içindəki əzabı daha dərindən hiss etdi. “Bəlkə qonşu qadınlardır!” – dedi.

Amma artıq özünü aldada bilməzdi. Ayşə yolun ortasından qaçaraq atasının yanına gəldi, inəyin ipini onun əlindən aldı. Məcikin buynuzlarından tutub alnından öpdü, yanağını heyvanın başına söykəyərək iri açıq gözləriylə atasının üzünə baxıb gülümsədi.

Alovlu örtüyünü yamaca sərmiş üfüq qaralan anda Bəkir qızının gözəlliyini sanki ilk dəfə gördü, özündən ayrılacaq qızının sevgisi ağrı olub, içinə doldu, ürəyində, “Gül desəm gül deyil, nur desəm nur deyil, qanımnan, ətimnən doğan bu mələk balasını əllərə necə verəcəm?” – dedi.

Bu axşam Ayşədə bir bayram əhvalı vardı. Yaşıl ipək geyimin içində gənc bədəni yaşıl Krım dağlarının ən tənha, ən sakit bir yerində tək böyümüş gənc bir şam ağacı kimi sağlam, nazlı və təzəydi. İnəyin başına söykədiyi yumru, alma kimi parlaq qırmızı yanaqlarından, uzun qara kirpikləri arasında yanan gözlərindən, atəşli dodaqlarından yaşamaq eşqi saçırdı. Krımın hər mövsümü necə gözəldisə Ayşə də elə idi: həm gülərkən gözəl, həm də ağlayarkən.

Bəkir əlində inəyin ipi ilə tövlə tərəfə gedən qızına baxıb yavaşca dedi:

– Mübarək torpaq, sənin Günəşinin altında hər şeyin gözəl olur, insanların da…

Və qəflətən qabaqda gedən qızını donunun ətəyində uşaqları yapışmış, üzünün rəngi saralıb-solmuş, əlləri quru, çatlaq və zavallı görmüş kimi oldu, qorxdu. Başını qaldıraraq dedi:

– Vermərəm qızımı hər gələnə.

Amma bu sözlərinə görə özü-özündən utandı. Çünki bunu deyərkən çoban Səid Əlini düşünmüşdü. Səid Əlinin ailəsi yoldan keçənlərdən deyildi. Onsuz da kənddə yoldan keçən insan yoxdu. Qızını istəyirlərsə necə rədd edəcək ki?

İndi Bəkir günün bütün ağırlıq və yorğunluğunu qoca sümüklərində hiss edirdi. Amma hamısından ağır, hamısından acı olan qızının dərdi idi. Qızının düşüncəsindən xilas olmaq istədi, əlini yellədi.

“O, hələ balacadır. Kimsə istəməz. Dərdsiz başıma özüm dərd açıram. Ən böyük dərd bizim tarlanın tütünləridi indi. Tütünləri sahələrdən yığmayınca gözlərimi rahat bağlamayacam. Tütünlər arasına girsə, dəstələsə, şəhərə getsə, satılsa, Məcik də öküz balalasa, gəlsin o zaman Ayşəni istəyəcək cənab, çıxsın istəsin. Onda mən də fikirləşərəm bir az. Özümüz üçün dünyaya gətirmədik ki! Ənvərin dediyi kimi kürəkəni Samsundan gətirməyəcəyik ki!”

İndi Əsma da geri qayıtdı, Ayşənin yanında gedirdi. Bostana yaxınlaşdılar. Ayşə heyvanın ipini anasının əlindən alaraq çınqıllı dar bir yol boyunca tövləyə getdi.

Tamamilə qaranlıq çökmüşdü. Göyü bəzəyən ulduzlar çoxalmış, Ayı Dağın üstündəki Ay gümüşünü dənizin sakit sularına səpmişdi.

Bəkir evinin qarşısındakı bostana yaxınlaşdı. Önü açıq, üstü bağlı saçaqlı sallanan kəndirlərə bağlı salxımların, divarın kənarlarındakı güllərin xoş qoxuları axşamın sərinliyinə qarışaraq yorğun könlünü oxşadı. Çınqıl döşənmiş yolda yorğun addımlarını sürüyərkən solda – bostanın içindəki paxlaların arasında gözünə arvadı sataşdı.

– Arvad, niyə orada cin kimi gəzirsən? Millət su başında sıraya dayanıb. Artıq bizə su gəlməz bu gecə, çıx ordan, mənə yemək ver!

Bostandan Əsmanın səsi eşidildi:

– Bostana gir!

– İndi bostan doyurmaz mənim qarnımı. Acmışam dedim sənə.

Bəkir: “Bəlkə də arvad balqabaq kəsib, qaldıra bilmir” – deyə düşündü, döndü, bostana girdi. Ayaqların altındakı torpaq yaş olduğunu dərhal anladı, “gün boşa getməyib, bostan sulanıbmış!” – deyə sevindi.

– Kim suladı bostanı?

– Ayşə.

– Maşallah!

– Axşamüstü Battal Ənvər yoldan keçirdi, “Mənim suyumu götürüb bostanınızı sulayın!” – dedi. Eşq olsun Ənvərə, eynilə bir övlad kimi…

– Səid Əlinin qohumu olan Ənvər?

– Kənddə başqa Ənvər var ki? Əlbəttə, odur!

Arvadının bu sözləri Bəkirin içindəki əzabı yenidən oyandırdı, bostandan çınqıl döşənmiş yola dönərək: “Arı bal alacağı çiçəyi bilir!” – deyə mızıldandı. İçində kədərlə getdi, dəhlizdə oturdu. Evin içi boş və qaranlıq idi. Ayşə də gedərsə, bu ev həyatının sonuna qədər həmişə belə boş və qaranlıq olacaqdı. İçindən: “Vermərəm qızımı daha!” – dedi.

 

Tövlədə inəyə su verən Ayşə incə və şirin səsilə mahnı oxuyurdu, arvadı da soğan tarlasının kənarına çömbəlmiş, axşam yeməyinə göy soğan yığırdı. Qızı öz havasında, arvadı öz keyfində, ev sahibini sayan belə yoxdu! Bəkir dəhlizdə bir az səssizcə durdu, sonra incik səslə qışqırdı:

– Əsma! Bostanı burax, mənə bax, dedim sənə! Bostana baxmaq vaxtıdı indi? Qarnım quruldayır.

Ayşə atasına cavab verməyə hazırlaşaraq səsini yüksəltdi, mahnısını daha da sürətləndirdi. Bəkir tövlədən gələn mahnıda “çoban” sözünü eşidincə dinlədi:

– Ayşə! Nə mahnısı oxuyursan orada?

Ayşə atasının səsini eşitmirmiş kimi mahnısına davam etdi:

Baş çobana, balam, baş çobana,

Vermə qızını çobana.

Qızını versən çobana,

Soxar başını samana.

Bəkir dəhlizdən endi. Artıq kimə qışqıracağını, kimə səslənəcəyini bilmirdi.

– Ayşə, ay Ayşə! Sən də dişi porsuq kimi düşdün qaldın bostanda. Nədir o çoban mahnısı?

Ayşə hələ mahnısına davam edirdi:

Qarabaş qızım duz istər,

Çoban ağam qız istər.

Qarabaş quzuya duz yoxdur,

Çoban ağama qız yoxdur.

– Ayşə! Vallah, billah, bu qız ağlını itirib. Nədir bu çoban mahnısı? Millət yorğun-arğın tarlasından gəlir, bizim qız da çoban mahnısı oxuyur!

Bostandan Əsmanın səsi eşidildi:

– Nə olub? Keyfi yerində, inəyini gördü, sevindi, əlbəttə, mahnı oxuyacaq.

– İnəyə oxuyur mahnını?

– Kimə oxuyur, oxusun. Sən nə bilirsən kimə oxuyur! Könlündəkinə oxuyur. Könlündə çoban varsa çobana, dəmirçi varsa dəmirçiyə oxuyur.

– Sən mənə bostandan filosofluq eləmə! Bizim ev teatra döndü, deyəsən. Tütünümüz tarlada yatır. Mən inəyin arxası ilə qaçdım bütün günü. Oğlumuz yox, halımızı düşünsün.

Əsma ayağa qalxdı, yoldaşına yaxınlaşdı:

– Dua et Allaha, qızına yaxşı ər versin. Hər şey düzələr. Tarlada yatan bir sənin tütünün deyil ki, el-aləm də sənin günündədir.

– Amma belə hava…

– Hava Allahdandır. Allah biz kasıbları unutmaz. Nə bilirsən, bəlkə, bir ay belə olacaq. Mahnının da insana zərəri yoxdu. Madam ki, mahnı oxuyur, keyfi yerindədir, demək.

– Qarnım quruldayanda çoban mahnısı dinləyə bilmərəm.

– Gəl evə. Yeməyin hazırdı. Şirin ye, şirin danış! Ürəyinə çoban qurdu girdi bu axşam! Qızın dilinə çoban mahnısı gəlib, oxuyur da.

– İndicə könlündə demişdin.

– Könlün də dili var.

Bostanın yanındakı yoldan gəlib keçən kəndlilər eşitməsinlər deyə Bəkir susdu. Arvadına çoban Səid Əlinin oğlu Rəmzinin Ayşəyə göz qoyduğundan danışacaqdı, amma yenə dərdsiz başıma dərd açmayım deyə əlini salladı, məsələni unutmağa qərar verdi. Əsma da yenidən bostana girmişdi.

Bəkir içində bir ağırlıq yorğun addımlarını sürüyərək evinə girdi. Dörd göz evi də ağ divarları, çarpayı, döşəkləri, qaranlığa basdırılmış, Bəkir Ağanın içi kimi səssiz, soyuq idi.

Bəkir evinin səssizliyini hiss etmiş kimi içindən cavab verdi:

– Babamin evisən sən. Atam, babam sənin divarların arasında dünyaya gəldi. Nənələrimiz beşiklərimizin başında laylay söylədi. Mənim evim, yalnızlıqlar, səssizliklər içində buraxaram səni heç? Bəlkə evim, bəlkə bir az daha çox nəsə! Zamanı gəlsin, görəcəksən otaqlarında, çarpayılarında, xalçalarında, dəhlizdə, bağçanda nəvələrim qaçacaq, divarların arasında onlar sevinəcə, onlar oynayıb, onlar qışqıracaqlar. Sən, evim, quş ailəsı kimi olacaqsan, sabah axşam onların ötüşmələrini dinləyəcəksən.

Bəkir evilə danışmağa davam edirdi:

– Elədirsə, Ayşəni ərə ver. Ayşə uşaqlar dünyaya gətirsin, nəvələrin doldursun evi!

– Niyə tələsirik? On beş yaşı olmadı hələ.

– On altı oldu.

– Eləmi?

– Elə, elə! Mən hər şeyi bilirəm, hər şeyi xatırlayıram. Sən də xatırlayarsan, qoca! Özünü aldatma! Elə gizli-gizli oyunlar etmə mənə!

– On altı da olsa, gəncdir hələ.

– Gənc haa? Ağ, billur boynuna bax, sinəsinə bax, ombalarına, qıçlarına bax. Qızıl rəngli bədəni atlas yorğanın altına uzadarkən sən Ayşəni görmürsən. Zəngin vücudunu döşəyə, həsrətli yanaqlarını yastığa dəyərkən sən Ayşəni görmürsən. Sən qızındakı darıxmağı nə vaxtsa hiss etdinmi?

– Xeyr, xeyr!

– Qırx beş yaşlı adamsan. Dünyanı, insanları deyil, öz balanı belə eşitmirsən, eşitmək istəmirsən.

– Necə eşitmirəm?

– Yaşı on yeddi olan bir qızın qəlbini sən necə eşidərsən?

– On yeddi?

– On yeddi, on yeddi! Bilməz kimi soruşma. On yeddi il sən mənim divarlarımdan, divarlarımın gözləri olan rəflərdə parıldayan mis qablarda sirr saxlaya bilməzsən, qoca! Rəflərdəki o qablar hər şeyi gördü, hər şeyi xatırlayar. Keçmişin sirri, sənin sirrin bütün bu divarlara hopdu. Ən ağır, ən çətin, ən xoş gecələrinizi bu divarların arasında yaşadınız. Mən səni anadan olduğun gündən xatırlayıram. Sən dünyaya gözlərini açmadan mən səni gördüm. Divarlarımla, damımla səni qucaqladım. İstidən, soyuqdan, qardan, borandan, yağışdan mən səni qorudum. Beşiyin yanında sənə layla deyərkən zavallı ananın səsini mən də səninlə bərabər dinlədim. Sonra yavaş-yavaş böyüdün, ayağa qalxdın, yeriməyə başladın. Yaramaz bir uşaq idin, dəhlizdə sinəmi bəzəyən çiçəkləri yolurdun, taxtaları kəsirdin. Bunu bir gün mənim köhnə ustam, sənin atan görmüş, səni əməlli-başlı döymüşdü. Yadındadırmı, Bəkir Usta?

– Xatırlayıram, xatırlayıram…

– Mən də hər şeyi xatırlayıram. Sənin sünnət olduğun günü belə xatırlayıram. Atlasların üstündə Molla Rəcəbin atası, sənin ayaqlarını tutmuşdu, atan da başını. Dəllək də tavanın küncündə asılı heyvaları işarə edərək: “Bax oğlum, bax bu siçovula!” – deyə səni aldatmışdı. Sən küncdə heyvalara baxmışdın və… Yadındadırmı?

– Bəli.

– Amma böyüdükcə yaxşılaşdın. Bacıların və böyük qardaşların bu evi buraxıb başqa evlərə köçdülər. Sənin atan, mənim ustam öldü. Amma ölmədən əvvəl səni evləndirdi. Əsma da tam on yeddi yaşında idi onda. Bəxtiyardın deyilmi?

– Çox.

– Əsma da bizə köçdü, mənim ən yaxşı həyatım da o zaman başladı. Hər yanım gül kimi təmiz və qoxulu oldu. Əsma məni sildi, süpürdü, mənə baxdı, otaqlarımı təmiz etdi. Amma mən yenə də gözələm. Lampanı yandır, bir bax mənə! Mən çirkinəm? Qocaldım amma. Bu da sənə görə. Damımın kirəmitləri kifləndi, saçaqlarım qaraldı, bir çox yerləri çürüdü. Hamısı sənə görə. Baxmırsan mənə, Usta! Amma yenə də Ayşəni evləndirməlisən. Ayşə uşaqlar dünyaya gətirməlidir. Ayşə uşaq doğmasa, mən çöküncə yeni evi kim quracaq, bu ocağın həyatı sönəcəkmi? Bu inadında davam etsən söndürəcəksən bu ocağı!

– Düzdü bu sözün, ev məsələsini çox düz dedin! Amma kimə verim Ayşəni?

– Çoban Səid Əlinin Rəmzisi pisdi?

– Pis deyil, amma nə desən de, çoban oğlu çobandı!

– Ay səni sərsəm! Tanrı hər kəsi bir, hər kəsi bərabər yaradıb. Yoxsa dinsiz oldun sən?

– Xeyr, xeyr, dinsiz deyiləm. Sərsəm də deyiləm, əksinə, ağıllıyam.

– Sərsəmsən!

– Ağıllıyam.

– Sərsəmsən!

– Qızına yaxşı ər tapmaq istəyən kimsə sərsəm olur?

– Bu kənddə pis adam var?

– Yox.

– Hərkəs bir-birilə qardaş deyil ki, Bəkir?

– Qardaşdı.

– Onda Rəmzini niyə xoşlamırsan?

– Xoşlayıram.

– Bəs məsələ nədədi?

– Rəmzi çoban oğludu.

– Çoban oğlu olanda nə olur?

– İndi dünya dəyişib.

– Dünya dəyişməyib, sən dəyişmisən.

– Yox, dəyişib dünya, dəyişib. Mən ağlım nəyi kəsirsə onu etməliyəm. Həm bu arada tütünləri yığmaq lazımdır. Hələ tütünləri sahəyə salaq, onda Əsma ilə başbaşa verib Ayşəni düşünərik. Əvvəlcə tütün…

Ayşə dəhlizdə yenə çoban mahnısı oxuyurdu. Amma Bəkir Ağa elə dərin düşüncələrə dalmışdı ki, Ayşənin səsini belə eşitmirdi. Yenə Ənvəri xatırladı. “Bu qız çoban mahnısından başqa ayrı mahnı bilmir?” – deyə əsəbləşdi:

– Ayşə, Ayşə! Nədir bu oxuduğun çoban mahnısı?

Ayşə dəhlizdə qəhqəhə çəkdi:

– Özünə gəl, atacan? Ha-ha-hay! Çoban mahnısının nəyi pisdi ki?

– Sus deyirəm sənə! Mənə elə arsız-arsız cavab vermə. Ürəyində çoban qurdu…

Amma davamını demədi. “Əl çək, Bəkir!” – deyə düşündü. Ayşə indi otaqda idi.

– Əvvəllər neçə dəfə bu mahnını oxumuşam, mənə əsəbləşməmisən, indi…

– Şey… sənə əsəbləşmədim ki… Bu otaq çox qaranlıqdı! –deyə Bəkir kəkələdi.

– Lampanı yandırsan dərhal işıqlanar.

– Elədir!

Bəkir Ağa əlini cibinə soxdu, kibrit çıxartdı, masadakı lampanın şüşəsini qaldırıb fitili yandırdı. Ağardılmış divarları, uzun rəflərdəki qabları, divarlardan asılı əlişi dəsmalları, küncdəki atlas yorğanları, döşəkləri, bütün sadə gözəlliyilə otaq işıqlandı. Bəkir Ağanın yanındakı qızı yumru yanaqları, parlaq sədəf dişləri, kor kimi gözləri ilə güldü. Sanki bu gülüşü ilə atasının içindəki çətinliyi söküb atmaq istəyirdi.