Czytaj książkę: «Skelliq»
Birinci fəsil
Mən onu bazar günü, günorta vaxtı qarajda tapdım. Biz bura – Şahin küçəsinə bir gün əvvəl köçmüşdük. Qışın son günləri idi. Anam elə belə də deyirdi: “Köçməyimizlə yazın gəlişi bir olacaq”. Qarajda məndən başqa heç kim yox idi. Hamı doktor Ölümlü ilə birlikdə evdə, cumbulu qızın ətrafında vurnuxurdu. Həkimə bu adı mən qoymuşdum: ölü bət-bənizinə bənzər solğun üzü heç vaxt gülməzdi, əllərində isə qara ləkələr vardı. Mən onu bir neçə gün bundan qabaq evimizin qabağında, maşına əyləşib mühərriki işə salanda görmüşdüm. Əslində, adı doktor Sartüdür. Əlbəttə, onu üzünə “Ölümlü” deyə çağırmıram. Amma, məncə, belə soyad doktor Sartüyə daha çox yaraşır.
O, qaranlıqda, necə gəldi bir-birinin üstünə yığılmış dolab və bufetlərin arasında, toz-torpağın içinə sərilmişdi. Elə bil əsrlərlə burada atılıb qalıb. Üst-başı kirli idi, rəngi solmuş, bədəni sanki quruyub qaxaca dönmüşdü. Çox güman, ölü idi. Ancaq, sən demə, yamanca yanılıbmışam. Tezliklə həqiqəti öyrənəcəkdim: o, qeyri-adi, üstəlik, dünyada tayı-bərabəri olmayan bir adamdır!
Onu tapdığım yerə qaraj deməyimin səbəbi odur ki, daşınmaz əmlak üzrə agent mister Stoun da bu tikilini məhz belə adlandırır. Mənim fikrimcə isə bura daxma, ya zibillik, ya da ki yarımdağılmış anbardır. Stoun bizi bura bağın içi ilə gətirdi, yerində güclə duran qapını itələdi və cib fənəri ilə qaranlığa işıq saldı. Onun arxasınca biz də başımızı içəri soxduq.
– İndisə bura xəyali bir nəzər salın, – daşınmaz əmlak üzrə agent dedi. – Təsəvvürünüzə gətirin ki, hər yer təmizlənib, yeni qapılar qoyulub və dam təmir olunub! Nə görürsünüz? İkimaşınlıq əla qaraj!
Mister Stoun mənasızca hırıldamağına davam edərək üzünü mənə çevirdi:
– Ay oğlan, bəlkə, özün üçün burada nəsə quraşdırasan? Oynamaq, dostlarınla əylənmək üçün xəlvəti bir yer. Nə deyirsən, necə fikirdir?
Üzümü çevirdim. Ümumiyyətlə, onunla danışmaq istəmirdim. Bütün yolboyu nə göstərirdisə, gərək xəyali nəzərdən keçirəydin. Hər şeyi olduğu kimi görmək yox, xeyli yaxşı təsəvvür etmək lazım idi. Biz evə baxdığımız müddət mən elə hey Erni Mayers – burada illərlə tək yaşamış qoca haqda fikirləşirdim. Öləndə heç kimin xəbəri olmayıb, bir həftədən sonra mətbəxdə, masanın altından tapıblar. Stoun xəyali nəzərlərimizi işə salmağı xahiş edəndə gözümün qabağına məhz bu səhnə gəlirdi. O hətta qonaq otağında da ətrafa xəyali nəzər salmağımızı istədi, çünki küncdə, taxta arakəsmənin arxasında köhnə, çatlamış unitaz var idi. Stoun izah etməyə başladı ki, Erni son illər artıq pilləkənlə qalxıb-düşə bilmədiyi və yalnız birinci mərtəbədə hərləndiyi üçün çarpayısını da bura gətiriblərmiş, unitazı da burada quraşdırıblarmış. Stoun bunları danışdıqca səsini yavaşıdır, tədricən pıçıltı ilə danışmağa başlayırdı, düşünürdü ki, mən eşitməsəm yaxşıdır. Mən isə onun sadəcə səsini kəsib susmasını istəyirdim. Bir də buradan tez çıxıb getmək, geri, evimizə qayıtmaq… Di gəl ki atamla anam ayrı fikirdə idilər. Onlar elə həyəcanlı, elə sevincli idilər ki, sanki bizi qarşıda möhtəşəm macəra gözləyir.
Beləliklə, valideynlərim bu evi aldılar. Onu yığışdırmağa, təmizləməyə, rəngləməyə başladılar. Sonra isə uşaq doğuldu, vaxtından əvvəl doğuldu. Vəssalam.
İkinci fəsil
Mən qarajı bir azca tez, elə həmin bazar, yaxud səhəri də görə bilərdim.
Özümlə fənər götürüb içəriyə işıq saldım. Yola açılan, doqqaza tərəf aparan əsas qapı çoxdan yerindən çıxıb düşmüş, girişə böyük taxta parçaları vurulmuşdu. Arxada isə daha bir qapı var idi. Taxta çatılar tamamilə çürümüş, dam isə xeyli aşağı çökmüşdü. Hər yerə qalaqlanmış zir-zibilin arasından üstünə işıq düşən döşəmə çat-çat və deşilmiş vəziyyətdə idi. Əslində, köhnə-kürüş şeyləri təmizləmək üçün tutulmuş işçilərin qarajı da təmizləyəcəklərini düşünmüşdük. Amma bura göz gəzdirən fəhlələr hətta ən yüksək pul mükafatı müqabilində belə bu işə girişməyəcəklərini bildirdilər. Burada daha nə yox idi: köhnə komodlar, sınıq-salxaq çanaqlar, içi sementlə dolu torbalar, Nuh əyyamından qalma qapılar, nə vaxtsa yumşaq, indi isə çürümüş oturacaqları olan iri söykənəcəkli stullar… Divara vurulmuş qarmaqlardan iri kabel və ip yumaqları asılmışdı. Bağ şlanqı, borular, paslanmış mismarlarla dolu yeşiklər döşəməyə atılmışdı. Hər şey toz və hörümçək torunun içində idi. Bəzi yerlərdə qopub yerə düşmüş iri suvaq parçaları gözə dəyirdi. Divarların birində olduqca çirkli, üstəlik, qabağına çatlamış linoleum rulonu qoyulmuş pəncərə var idi. Kif və xarabalıq iyi baş çatladırdı. Sanki bu ağır yükə tab gətirməyib kərpiclər də ovxalanırdı. Adama elə gəlirdi ki, bu nəhəng tikili ayaq üstə dayanmaqdan yorulub və indicə yıxılıb yerlə bir olacaq. Bircə buldozer gətirib buranı təmizləmək qalacaq.
Küncün birində nəsə xışıldadı, digərində işıldadı, yoxa çıxdı. Ortaya yenidən dərin sakitlik çökdü.
Mən kandarda dayanıb qorxuma güc gəlmək istəyirdim.
Hətta artıq içəri ayaq basmağa hazır idim ki, birdən anamın səsi eşidildi:
– Maykl! Sən burda neynirsən?
O, evin arxa artırmasında dayanmışdı.
– Axı səndən buranın təhlükəsiz olduğuna əmin olacağımıza qədər gözləməyi xahiş etmişdik.
Mən geri çəkildlm.
– Səndən xahış etmişdik? Elə deyil?
– Etmişdiniz.
– Deməli, ora ayağın da dəyməyəcək! Anladın?
Mən qapını itələdim və o bağlandı. Amma bir cəftənin üstündə sallandığından, təbii ki, kip örtülmədi.
– Danışdıq? – anam məni səslədi.
– Hə. Yaxşı. Danışdıq.
– Birdən xaraba qalmış bu qarajda üstünə nəsə düşər.
– Hə, oldu, anladım.
– Deməli, buradan uzaq gəzəcəksən. Danışdıq?
– Hə. Hə-hə-hə. Danışdıq.
Sonra mən “bağ” adlandırılan cəngəlliyə girdim, anam isə qızdırma içində yanan qızcığazın yanına getdi.
Üçüncü fəsil
Bağı da cəlbedici və gözəl bir guşəyə çevirmək lazım gələcəkdi. Bura skamyalar, masa və yelləncəklər qoyulacaq, bütöv divarların birinin üstünə boya ilə futbol qapıları çəkiləcəkdi. Hətta qurbağa və balıqların üzüşəcəyi süni göl də olacaqdı. Hələliksə bunların izi-tozu da görünmürdü. Bağda gicitkən, alaq otu, kolluq, kərpic qırıntıları, qənbər daşlarından başqa heç nə yox idi…
Ayağımı bir dəfə hərləməklə yüzlərcə zəncirotunun başını qoparırdım.
Sonra anam məni nahara səslədi, mənsə qışqırıb elə burada, bağda yeyəcəyimi bildirdim. O mənə buterbrod və bir banka kola gətirdi.
– Daha bağışla, evdə it yiyəsini tanımır, heç birimizin də kefi yoxdur.
O mənim dirsəyimə toxundu.
– İncimirsən ki, Maykl? Bizi başa düşürsən?
Mən çiyinlərimi atdım.
– Başa düşürəm.
O, əllərimi sığallayıb ah çəkdi:
– Tezliklə hər şey qaydasına düşəcək. Hər şey yaxşı olacaq.
Mən evin yanında yerə düzülmüş kərpiclərin üstündə əyləşdim. Buterbrodu yedim, koladan içdim. Birdən yadıma köhnə evimiz və dostlarım Liki ilə Kut düşdü. Yəqin, indi yuxarı çöllükdə top qovurlar. Bütün günü də qovacaqlar.
Sonra qapının zənginin çalındığını eşitdim. Gələn doktor Ölümlü idi.
Mən kolanı içib qurtardım, bir az da oturdum və geri, qaraja yollandım. Cürətlənmək üçün xışıltılara qulaq verməyə vaxt yox idi. Fənəri yandırdım, dərindən nəfəs alıb barmaqlarımın ucunda içəri keçdim. Ayaqlarımın altından hər tərəfə naməlum qara məxluqlar qaçışdılar. Arxamda isə qapı hey cırıldayır və zarıyırdı, nəhayət, o, bircə cəftəsinin üstündə quruyub qaldı. Fənərin şüaları altında toz havada qaynaşırdı. Küncdə nəsə ahənglə, yorulmadan cırmaqlayırdı. Mən bir az irəlilədim, birdən alnıma qalın hörümçək toru yapışdı. Nuh əyyamından qalma mebelin, mətbəx dolablarının, bürmələnmiş xalça-palazın, boruların, yeşik və taxtaların arasında addım atmağa elə bir yer də yox idi. Elə hey əyilirdim ki, başım tirlərdən sallanan rezin şlanqlara, iplərə və lülələnmiş əsgər şinelinə dəyməsin. Başdan-ayağa hörümçək torunun içində idim. Beton döşəmə ayaqlarımın altında ovxalanırdı. Nəhəng bufetin qapısını aralayıb içəri işıq salanda milyonlarla taxta qurdunun dörd tərəfə qaçışdığını gördüm. Dərin daş vazanın içində isə hansısa xırda bir heyvanın skeletini seçə bildim. Görünür, ora yıxılıb ölmüşdü. Hər yer ölmüş peyin milçəkləri ilə dolu idi. Burada mən az qala əlli ildən qalma köhnə qəzet və jurnallar da tapmışdım.
Olduqca ehtiyatla irəliləyirdim. Ən çox qorxduğum o idi ki, indi hər şey başıma uçacaq. Tozdan boğazım acışır, burnum gicişirdi. Bilirdim ki, bir azdan məni axtarmağa başlayacaqlar, ona görə də buradan tez çıxmalıydım. Qarnıüstə alçaq, köhnə servantın üzərinə uzanıb uzaq divara qədər olan məsafəni işıqlandırdım və… onu gördüm.
Ölü!
O, divara söykənib oturmuşdu. Ayaqlarını qabağa uzatmışdı. Ətrafda hər şey kimi onu da toz və hörümçək toru basmışdı. Üzü solğun idi, saçlarına və çiyinlərinə ölü milçəklər səpələnmişdi. Fənərin şüası onun sifətində, qara kostyumunun üzərində oynayırdı.
– Sənə nə lazımdır? – o soruşdu.
Açıq gözləri düz mənə baxırdı.
Olduqca cırıltılı bir səsi vardı, sanki sahibi uzun illərdir ondan istifadə etmirdi.
Təkrar soruşdu:
– Sənə nə lazımdır?
Ürəyim dəlicəsinə çırpınır, gumbuldayırdı.
– De görüm, sənə nə lazımdır?
Bu vaxt məni səslədilər:
– Maykl! Maykl!
Daldalı gedərək, nələrəsə ilişərək bayıra çıxdım.
Qışqıran atam idi, o artıq ot basmış cığırla mənə sarı gəlirdi.
– Axı biz sənə xəbərdarlıq etmişdik… – o başladı.
– Hə, hə. Əlbəttə.
Mən təlaşla üzərimdəki hörümçək torunu və tozu çırpıb cavab verdim. Çənəmdən sallanan hörümçəyi yerə atdım.
Atam məni qucaqladı:
– Axı sənə görə deyirik. Bura hələlik təhlükəlidir.
O, saçımdan sallanan peyin milçəyinin meyitini götürdü, sonra da qarajın divarına bir yumruq vurdu. Tikili titrədi.
– Görürsən? Sən heç nə baş verə biləcəyini təsəvvürünə gətirirsən?
Qapıya yenidən yumruq ilişdirməsin deyə atamın əlindən yapışdım.
– Xahiş edirəm, lazım deyil. Hər şeyi anladım.
O, çiyinlərimdən sıxdı və söz verdi ki, tezliklə hər şey yenidən qaydasına düşəcək.
– Üstünün toz-torpağını çırpmaq yadından çıxmasın, – atam güldü. – Bu kökdə ananın gözünə görünmə.
Dördüncü fəsil
Həmin gecə, demək olar ki, yatmadım. Mürgü məni aparan kimi onu görürdüm: qarajdan çıxır, yolla evə doğru gəlir.
O hətta otaqda da gözümə görünürdü. Düz çarpayının yanında, başdan-ayağa toz içində dayanıb. Üstü yenə ölü milçəklərlə doludur. Solğun sifəti də öz yerində.
– Sənə nə lazımdır? – o pıçıldayırdı. – De görüm, sənə nə lazımdır?
Özümün özümə acığım tuturdu, fikirləşirdim ki, sarsağın biriyəm. Niyə də yox? Axı, əslində, mən heç kimi görməmişəm. Heç şübhəsiz, gözümə görünüb.
Uzanıb baxışlarımı qaranlığa zilləmişdim, atamın xorultusuna qulaq asırdım. Bir də qızcığazın – balaca bacımın nəfəsini duymaq olardı. O, nəfəs alanda xoruldayır və fit çalırdı. Gecədən xeyli keçmiş təzəcə yuxuya getmişdim ki, uşağın ağlamasına oyandım. Anam əvvəlcə onu yedizdirməyə, ardınca isə sakitləşdirmək üçün layla çalmağa başladı. Sonra səssizlik çökdü, yenidən atamın xorultusu gəldi. İndi qızın səsini heç eşitmirdim.
Demək olar, səhər açılırdı. Mən yerimdən qalxıb barmaqlarımın ucunda onların otağına girdim.
Balaca çarpayı valideynlərim yatan divanın düz yanında idi. Anamla atam bir-birini möhkəm qucaqlayaraq yatırdılar.
Mən qızcığaza baxdım. Əlimi yorğanın altına saldım. Barmaqlarımın altında ürək döyünürdü – tez-tez. Uşağın sinəsi qalxıb-enir, qız xırıldayır və nıqqıldayırdı. O, od tutub yanırdı. Sümükləri elə nazik, özü elə xırda idi ki…
Birdən möhkəm gəyirdi. Çənəsindən boynuna qatı südlü selik axdı. Doğrudanmı bacım öləcək? O, təzə anadan olanda həkimlər qorxurdular ki, ölə bilər. Uzun müddət onu evə buraxmadılar. Hər tərəfdən borucuqlar və tellərlə sarılmış vəziyyətdə şüşə qutunun içində saxladılar. Biz isə kənarda dayanıb ona baxırdıq, gözlərimizi sanki akvariuma zilləmişdik.
Mən yorğanı onun altına yığdım.
Sifəti ağappaq, saçları isə qapqaradır. Deyirlər ki, onun üçün dua etmək lazımdır, amma mən bilmirəm necə.
– Sən gəl tez sağal, – mən pıçıldadım.
Anam tərpənib oyandı.
– Nədir, əzizim? – o, əlini uzatdı.
– Heç nə, – mızıldanıb gəldiyim kimi də gizlicə öz otağıma qayıtdım.
Pəncərədən ot basmış bağa baxdım. Qarajın damında qaratoyuq oxuyurdu.
O isə servantın arxasında uzanıb. Saçları hörümçək toruna bürünüb.
Axı ölü orada nə edir?
Beşinci fəsil
Qəhvəaltı zamanı qarajın aqibəti ilə maraqlandım.
– Oranı nə vaxt təmizləyəcəklər?
Anam “hm” etdi, ah çəkdi və gözlərini tavana zillədi.
– Gərək bir adam tapaq, – atam cavab verdi. – Amma, oğlum, bu, hələlik vacib deyil. Sonranın işidir.
– Lap yaxşı, – mən razılaşdım.
Atam həmin gün evlə məşğul olmaq üçün yenə işdən icazə aldı. Anam da hansısa analizləri vermək üçün uşaqla birlikdə yenidən xəstəxanaya getməyə hazırlaşırdı.
– Bəlkə, mən də qalım? Sənə kömək edərəm, – atamdan soruşdum.
– Əla, – o sevindi. – Erninin unitazını zibilxanaya atarsan, yerini də qəşəngcə silib yuyarsan.
– Onda, yaxşısı budur, mən məktəbə gedim, – yeməyimi çantama qoyub aradan çıxdım.
***
Bura köçməzdən əvvəl valideynlərim soruşdular ki, məktəbi necə, dəyişmək istəyirəm, ya yox? Mən dəyişmək istəmədiyimi dedim. Əvvəlki kimi, Liki və Kutla birlikdə oxuyacam. Yol uzaqdır? Şəhərin bu başından o başına avtobusla getməliyəm? Boş şeydir!
Həmin səhər avtobusda gedərkən fikirləşirdim ki, bəlkə, elə belə yaxşıdır: götür-qoy etməyə də vaxt var. Amma nə qədər düşünürdümsə, heç nədən baş çıxara bilmirdim. İnsanlar minirdilər, düşürdülər. Qəzet oxuyur, dırnaqlarını gəmirir, pəncərədən baxır, xəyala dalırdılar. Adi insanlar idi. Onların üzlərindən nə düşündüklərini, həyatlarında nələr baş verdiyini oxumaq mümkün deyildi.
Mən ayağa qalxıb avtobusdakılara demək istəyirdim: “Qarajımızda qəribə bir adam uzanıb. Bir də bacım bərk xəstədir, özümsə ilk dəfədir yeni evimizdən məktəbə avtobusla gedirəm”.
Ancaq susurdum. Sadəcə insanların üzünə baxır, döngələrdə avtobusla birlikdə yırğalanırdım. Bilirdim ki, heç mənim üzümdən nəsə oxumaq mümkün deyil, hətta lap diqqətlə baxsan belə.
Budur, yenidən məktəbdəyəm… Mənim başıma o qədər iş gəlib, amma burada heç nə dəyişməyib. Rasputin, həmişəki kimi, tələb edirdi ki, biz ruhumuzu və səsimizi ibadətdə boşaldaq. Yeti bağırır və dəhlizin sol tərəfi ilə getməyimizi tələb edirdi. Qorilla Mitford isə yenə də onluq kəsri anlamadığımızı görüb pörtürdü. Miss Klars bizə İkar haqda dastanı danışanda gözləri yaşarırdı: Günəşə çox yaxınlaşanda yazığın qanadlarındakı mum əriyir və o, atası Dedalın gözləri qarşısında şappıltı ilə dənizə düşür. Liki ilə Kuta gəlincə, onlar da ənənəni pozmamışdılar: tənəffüs vaxtı, yeməkxanada futbol barədə ağızları köpüklənə-köpüklənə mübahisə edirdilər.
Məni isə bütün bunlar zərrə qədər də maraqlandırmırdı. Yeni evimiz olan səmtə baxırdım.
Bu vaxt ictimai əsaslarla tərbiyəçi işləyən missis Dando mənə yaxınlaşdı. O həm də valideynlərimin köhnə dostudur.
– İşlər necədir, Maykl?
– Qaydasındadır.
– Bəs balaca?
– O da qaydasındadır.
– Bu gün futbol oynamırsan?
Başımı buladım.
– Yaxşı, valideynlərinə salam söylə.
O, cibindən meyvəli saqqız çıxarıb mənə uzatdı. Adətən, meyvəli saqqızı təzə uşaqlar üçün cibində gəzdirir ki, onlar qüssələnməsinlər.
– Götür. Tanışlıqla, – o pıçıldadı və gizlicə mənə göz vurdu.
– Yox, – dedim, – çox sağ olun.
Bütün günü qarajda gördüklərimi kiməsə danışmaq istəyirdim. Amma heç kimə heç nə demədim. Özümü inandırdım ki, gözümə görünüb.
Heç şübhəsiz, gözümə görünüb.
Altıncı fəsil
Evdə, Erninin unitazının yerində hələ bərkiməmiş sementlə doldurulmuş dəlik görünürdü, taxta arakəsmə yoxa çıxmışdı. Köhnə qaz plitəsi də gözə dəymirdi, yerində boş kvadrat qaralırdı. Döşəmənin bəzi yerlərində hətta gölməçələr var idi, kəskin xlor iyi gəlirdi. Atam da başdan-ayağa suyun, çirkin içində idi, amma razı halda gülürdü. Məni bağa aparıb unitazın harada olduğunu göstərdi. İndi o, alaq otları və qanqalların arasında dururdu.
– Necə fikirləşirsən, yaxşı skamyadır? – atam razı halda dedi.
Plitə və taxtaları qarajın yanına aparmış, amma içəri yığmamışdı.
Sonra o mənə qəfil göz vurdu:
– Gəl gedək, gör nə tapmışam.
Məni düz qapının ağzına gətirdi.
– Burnunu tut, – o xəbərdarlıq etdi və əyilib qəzet bağlamasını açmağa başladı. – Hazırsan?
Orada quşlar var idi. Dörd quş.
– Onları buxarının arxasından tapmışam. Görünür, bacaya düşüblər, sonra da çıxa bilməyiblər.
Ağımtıl-boz tüklərindən üçünün göyərçin olduğunu ayırd etdim. Dördüncü də göyərçinə oxşayırdı, amma qara idi.
– Ən sonuncu bunu tapdım, hisin, tozun içindən.
– Bu da göyərçindir?
– Hə. Sadəcə uzun müddət bacadan üstünə zir-zibil tökülüb.
Atam əlimdən tutdu:
– Əlini onlara vur, qorxma.
O, əlimi ölü quşun böyrünə sürtdü. Quş daş kimi möhkəm idi. Hətta lələkləri də daş kimi idi.
– Orada o qədər qalıblar ki, mumiyaya dönüblər.
– Lap daşa çevriliblər.
– Düzdür. Daşa.
Mətbəxə gələndə, ilk növbədə, əlimi yudum.
– Günün yaxşı keçdi? – atam soruşdu.
– Hə. Liki və Kut dedilər ki, bəlkə, bazar günü yanıma gəldilər.
– Gözəl. Deməli, avtobus məsələsini həll eləmisən?
Mən başımı tərpətdim.
– O biri həftə, bəlkə, səni maşınla apardım. Əvvəlcə buranı bir qaydaya salaq.
– Yol rahatdır. Missis Dando balacanı soruşurdu.
– Ümid edirəm, hər şeyin yaxşı olduğunu dedin.
– Əlbəttə.
– Çox yaxşı. Özünə kola, çörək, pendir, bir sözlə, nə tapsan götür. Anan qayıdanda isə çay içərik.
O, yuxarı, duş almağa qalxdı.
Mən otların arasından bağın o başına baxdım. Gözləyirdim ki, atamın aldığı duşun suyu borularda şırıldasın. Sonra rəfin üstündən fənəri götürüb qaraja yollandım. Əllərim əsirdi. Qarajın qapısının ağzında fənəri yandırdım. Dərindən nəfəs alıb içəri girdim. Yenə də hörümçək toru, yenə də toz, yenə də təlaş – sanki hər şey indi üstümə uçacaq… Küncdə nəsə eşələnir, cırmaqlayırdı. Mən zibilin və mebel qırıntılarının arası ilə irəliləyirdim, ürəyim az qala yerindən çıxacaqdı. Özümü sarsaq, kütbeyin, lunatik adlandırırdım. Axı o mənim gözümə görünüb, bir daha onu görməyəcəm.
Ancaq… gördüm!
Darmowy fragment się skończył.