Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Sonuncu düym»

Czcionka:

Əgər iyirmi il ərzində minlərlə mil məsafə qət etdikdən və yaşın qırxa çatdıqdan sonra hələ də uçuşdan həzz alırsansa, afərin sənə. Təyyarəni yerə məharətlə, dəqiq endirdiyinə hələ sevinə bilirsənsə, bir daha afərin. Əlini sükandan yüngülcə çəkirsən, bir balaca toz qaldırırsan və təkərləri torpaqdan ayıran son düymü rahatca fəth edirsən. Xüsusən də qarın üstünə enəndə ləzzət edir. Sıx qar eniş üçün çox münasibdir. Qarın üstünə oturmaq mehmanxanada yumşaq xalçanın üstündə ayaqyalın gəzmək kimi bir şeydir.

Lakin “DS-3” təyyarələrinin kitabı artıq qapanmışdı. Elə olurdu ki, bu köhnə maşınları hava şəraitindən asılı olmayaraq göyə qaldırıb harada gəldi meşələrin üzəri ilə uçmaq lazım gəlirdi. Kanadada işlədiyi müddətdə o çox bərkdən-boşdan çıxmışdı və buna görə də öz təyyarəçi həyatını “Feyrçayld”ın sükanı arxasında, Qırmızı dənizin səhraları üzərində başa çatdırması təəccüblü deyildi. Bu təyyarə Misir sahilləri boyunca bütün ərazidə neft yataqlarının kəşfiyyatını aparmaq hüququna malik olan “Teksyegipto” şirkətinə məxsus idi. “Feyrçayld”la maşın dağılıb tamamilə sıradan çıxana qədər səhraların üzəri ilə uçdu. Təyyarənin qalxıb-enməsi üçün meydançalar yox idi. Maşını geoloq və hidroloqların ürəkləri istədikləri hər yerdə – qumun, kolun, qurumuş kiçik çayların yerində əmələ gəlmiş daşlığın və Qırmızı dənizin üfüqədək uzanan ağ saylarının üstündə yerə endirirdi. Ən pisi də elə bu saylar idi. Qumluğun ilk baxışdan hamar səthi daim iri ağ mərcan parçaları ilə dolu olurdu. Onların ülgüc kimi olduqca iti ucları var idi. “Feyrçayld”ın mərkəzə uyğunlaşdırma sistemi alçaqda olmasaydı, təkərlərinin deşilməsi nəticəsində çoxdan aşmışdı.

Amma bütün bunlar keçmişdə qalmışdı. “Teksyegipto” “Aramko”nun Səudiyyə Ərəbistanında qazandığı qədər gəlir əldə etmək imkanı verə biləcək iri neft yataqları tapmaq cəhdlərindən əl çəkdi. Çünki bu çox baha başa gəlirdi. Beləliklə, “Feyrçayld” qalın toz layı basmış vəziyyətdə Misir anqarlarının birində dayanmışdı. Aşağı tərəfində nazik, uzun çapıqlar görünürdü. Sanki kimsə qarnını xəncərlə doğramışdı. Sürtülmüş burazlarına, bərbad vəziyyətdə olan mühərrik və cihazlarına baxanda onun nə vaxtsa təyyarə olduğuna inanmaq çətin idi. Bir yığın metal tullantısını xatırladırdı.

Hər şey bitmişdi. Onun qırx üç yaşı tamam olmuş, arvadı onu qoyub Massaçusets ştatının Kembric şəhərində Linnen-stritdəki evinə yollanmış və kefi istəyən kimi yaşamağa başlamışdı. Qadın tramvayla Harvard-skverə qədər gedir, mağazadan ərzaq alır, atasının taxtadan inşa edilmiş yaraşıqlı evində qonaq qalırdı. Bir sözlə, ləyaqətli qadına yaraşan, ləyaqətli həyat sürürdü. O, arvadının yanına gəlməyə hələ yazda söz vermişdi. Amma bilirdi ki, bunu etməyəcək. Bu yaşda artıq təyyarəçi kimi heç yerdə iş tapa bilməyəcəyini də bilirdi. Xüsusən də indiyədək öyrəşdiyi işlərə bənzərini. Heç Kanadada da tapa bilməyəcəkdi. Oralarda təklif tələbi üstələmişdi. Hətta təcrübəli təyyarəçilər də iş tapa bilmirdilər. Saskaçevan fermerləri özləri təyyarə idarə etməyi öyrənir və “Payperkeb”, eləcə də “Oster”lərinin sükanı arxasına keçirdilər. Həvəskar aviasiya bir çox qocaman təyyarəçini çörəksiz qoymuşdu. Onlar sonda ya mədən idarələrində, ya da hökumət təşkilatlarında işə düzəlirdilər. Amma həmin işlər həddən artıq ləyaqətli və təmiz idi. Bu yaşında onları özünə uyğun bilmirdi.

Beləliklə də, əgər arvadını və onyaşlı oğlunu nəzərə almasaq, əliboş qalmışdı. Düzdür, o heç arvadına da lazım deyildi. Dünyaya gec gələn oğlunun isə hər ikisi üçün yad olduğunu Ben qəlbinin dərinliyində hiss edirdi. On yaşındakı bu tənha və özünə yer tapa bilməyən uşaq anlayırdı ki, anası onunla maraqlanmır, yad, sərt xasiyyətli və azdanışan atası isə birlikdə olduqları çox nadir dəqiqələrdə onunla söhbət etməyə söz tapmır.

Bu dəfə də vəziyyət həmişəkindən yaxşı deyildi. Ben uşağı özü ilə Qırmızı dənizin sahilləri üzərində iki min fut hündürlükdə dəlicəsinə çalxalanan “Oster”ə mindirmişdi. Hər an oğlanın ürəyinin bulanacağını gözləyirdi.

– Əgər qusmaq istəsən, – Ben dedi, – mümkün qədər aşağı əyil ki, bütün kabinəni bulamayasan.

– Yaxşı. – Oğlanın çox bədbəxt görkəmi var idi.

Balaca “Oster” qızmar havada amansızcasına otərəf-butərəfə tullanırdı. Amma oğlan qorxsa da, yenə özünü itirmir, ağzındakı nabatı coşqunluqla soraraq kompasa, naviqasiya cihazlarına baxırdı.

– Qorxursan?

– Bir az, – oğlan kobud amerikalı uşaqlardan fərqli olaraq olduqca sakit və utancaq bir tərzdə cavab verdi. – Bəs bu təkanlardan təyyarə qırılmaz ki?

Ben oğluna ürək-dirək verə bilmirdi, düzünü dedi:

– Əgər maşına vaxtlı-vaxtında qulluq etməsən, hər şeyi yoxlamasan, mütləq qırılar.

– Bəs bu… – oğlan sözə başlasa da, ürəyi bərk bulandığından davam edə bilmədi.

– Bu, qaydasındadır, – atası əsəbiliklə dedi. – İşə tam yararlı təyyarədir.


Oğlan başını aşağı saldı və yavaşca ağlamağa başladı.

Ben oğlunu özü ilə götürdüyünə peşman oldu. Ailələrində alicənab təşəbbüslər daim uğursuzluqla yekunlaşırdı. Onların ikisi də belə idi – quru, ağlağan, geridəqalmış ana və sərt, özündən tez çıxan ata. Çox nadir alicənablıq tutmalarından biri zamanı Ben oğluna təyyarə sürməyi öyrətmək fikrinə düşmüşdü. Oğlunun hər şeyi tez anlayaraq çox qısa bir müddətdə əsas qaydaları öyrənməsinə baxmayaraq atası hər dəfə səsini yüksəldəndə gözündən yaş axmağa başlayırdı…

– Ağlama! – Ben bu dəfə ona əmr etdi. – Nə ağlayırsan? Başını qaldır, eşidirsən, Devi! Bu saat başını qaldır!

Ancaq Devi başını aşağı salıb oturmuşdu. Ben isə onu özü ilə götürdüyünə daha çox peşman olur və məyus-məyus Qırmızı dənizin təyyarənin qanadları altında sərilmiş boş sahillərinə, qurunun incə çalarlarını suyun solğun-yaşıl rəngindən ayıran və minlərlə mil məsafəyə uzanan zolağa baxırdı. Sanki heç nə tərpənmirdi, hər şey ölmüşdü. Günəş burada bütün həyatı yandırırdı. Baharda isə külək minlərlə kvadrat mil ərazidə qum kütləsini havaya sovurur və əbədi olaraq dənizin dibinə məhkum etmək üçün Hind okeanının o tayına aparırdı.

– Əgər enişə necə getmək lazım olduğunu öyrənmək istəyirsənsə, – o, Deviyə dedi, – düz otur.

Ben haradasa sərt və kobud tərzdə danışdığını bilirdi və həmişə oğlu ilə niyə normal danışa bilmədiyinə təəccüblənirdi. Devi başını qaldırdı. Atası əlləri ilə idarəetmə lövhəsindən tutub qabağa əyildi. O, ayağını qazdan çəkdi və sürətin azalmasını gözlədi. Sonra var gücü ilə trimmerin dəstəyini özünə çəkdi. Bu balaca ingilis təyyarələrində həmin dəstək çox narahat yerdə, sol tərəfdə, yuxarıda, demək olar ki, adamın başının üstündə quraşdırılmışdı. Gözlənilməz təkandan uşağın başı aşağı əyildi, lakin o, tez başını qaldırıb maşının yerə əyilmiş burnunun üstündən bu kimsəsiz sahilə atılmış qoğala bənzəyən körfəz boyunca uzanan ensiz ağ qumluq zolağa tamaşa etməyə başladı. Atası təyyarəni düz ora sürürdü.

– Bəs sən küləyin haradan əsdiyini nədən bilirsən? – oğlan soruşdu.

– Dalğalardan, buludlardan, hissiyyatımdan! – Ben bərkdən dedi.

Amma təyyarəni idarə edərkən nəyə əsaslandığını artıq heç özü də bilmirdi. Fikirləşmədən, tam dəqiqliyi ilə maşını harada yerə endirəcəyini bilirdi. O, dəqiq olmalı idi, çılpaq qumsal zolaq artıq bir qarışını da vermirdi və onun üstünə ancaq çox kiçik təyyarə enə bilərdi. Buradan yerli əhalinin yaşadığı ən yaxın kənd yüz mil məsafədə yerləşirdi. Ətraf ölü səhra idi.

– Əsas odur ki, hər şeyi düzgün hesablayasan, – Ben dedi. – Təyyarəni tarazlaşdıranda gərək yerə qədər olan məsafə altı düym olsun. Nə bir, nə də üç fut, düz altı düym! Əgər bir az yuxarı götürsən, eniş zamanı yerə dəyib təyyarəni zədələyərsən. Aşağı götürmüş olsan, bu zaman qum təpəciyinə dəyib aşarsan. Bütün məsələ sonuncu düymdədir.

Devi başını tərpətdi. O bunu bilirdi. Maşını kirayə götürdükləri əl-Babda belə bir “Oster”in aşdığını görmüşdü. Pilotun şagirdi həlak olmuşdu.

– Görürsən?! – atası qışqırdı. – Altı düym. O aşağı enməyə başlayanda mən dəstəyi özümə çəkirəm. Özümə. Bax belə! – o dedi və təyyarə yavaşca, sanki qar dənəciyi kimi yerə toxundu.

Sonuncu düym! Ben dərhal mühərriki söndürdü və ayaq əyləclərini basdı, təyyarənin burnu yuxarı qalxdı, maşın sahildə dayandı. Suya altı, ya da yeddi fut qalırdı.


Bu kiçik körfəzi kəşf edən iki pilot onun adını Köpəkbalığı körfəzi qoymuşdu. Onun formasına görə yox, orada yaşayan məxluqlara görə. Bu körfəzdə daim iri köpəkbalıqları üzüşürdü. Onlar buraya daldalanmaq məqsədilə gələn siyənək və kefal balığı karvanının dalınca Qırmızı dənizdən gəlirdi. Ben də bura köpəkbalıqlarına görə gəlmişdi. Bura, körfəzə gəldikdən sonra isə uşağı tamam unutmuşdu, sadəcə vaxtaşırı ona göstərişlər verirdi. Gah təyyarədən nəyisə boşaltmağa kömək etməsini, gah içi ərzaqla dolu kisəni yaş quma basdırmasını, sonra qumun üstünə dəniz suyu töküb onu nəmləndirməsini, gah da alətləri və akvalanq, eləcə də kameralar üçün lazım olan ləvazimatları gətirməsini istəyirdi.

– Bəs bura nə vaxtsa, kimsə gəlib eləyir? – Devi ondan soruşdu.

Bərk məşğul olduğundan oğlanın dediklərinə fikir verməyə vaxtı olmamasına baxmayaraq sualı eşitcək başını buladı:

– Heç kim! Bura ancaq yüngül təyyarə vasitəsilə gəlmək olar. Maşındakı iki yaşıl kisəni mənə gətir, başına da bir şey ört. Bircə günvurman çatışmırdı!

Devi daha sual vermədi. O, atasından nəsə soruşanda onun səsi dərhal sərtləşirdi. Uşaq sual verəndə kobud bir cavab alacağını gözləyirdi. Oğlan söhbəti davam etdirməyib verilən tapşırıqları yerinə yetirməyə çalışırdı. O, atasının şəffaf sularda köpəkbalıqlarını çəkmək üçün akvalanq və sualtı çəkilişlər üçün kinoaparatı hazırlamasına diqqətlə baxırdı.

– Bax a, suya yaxın gəlmə! – atası əmr etdi.

Devi cavab vermədi.

– Köpəkbalıqları mütləq səndən bir tikə qoparmağa çalışacaqlar, ələlxüsus da suyun üzünə çıxsalar. Suya ayağının ucuyla da girmə!

Devi başını tərpətdi.

Ben oğlanı necəsə sevindirmək istəyirdi, amma uzun illər ərzində buna nail ola bilməmişdi. İndi isə, çox güman ki, gec idi. Uşaq anadan olanda, ilk addımlarını atıb yeriməyə başlayanda, yeniyetmə yaşına çatanda Ben daim səmalarda olurdu, aylarla oğlunu görmürdü. Koloradoda da, Floridada da, Kanadada da, İranda da, Bəhreyndə də, burada, Misirdə də belə olmuşdu. Uşağın qıvraq və şən böyüməsi üçün arvadı Coanna səy göstərməli idi.

Əvvəl-əvvəl Ben uşağı özünə bağlamaq istəyirdi. Ancaq evdə keçirdiyin qısa bir həftə ərzində nəyəsə nail olmaq mümkündürmü? Ümumiyyətlə, yad Ərəbistanın hansısa bir qəsəbəsini ev adlandırmaq olarmı? Coannanın buralardan zəhləsi gedirdi. Oturub doğma Yeni İngiltərənin şehli yay gecələri, aydın şaxtalı qışı və sakit küçələri üçün xiffət çəkirdi. Onu heç nə özünə cəlb etmirdi: nə farenheytlə temperaturun yüz on dərəcə, havanın nəmişliyinin isə yüz faiz olduğu Bəhreynin gil evləri, nə neft mədənlərinin sinklənmiş qəsəbələri, nə də ki Qahirənin tozlu və ədəbsiz küçələri. Ancaq indi qadın evlərinə qayıtdıqdan sonra bütün bu laqeydlik (getdikcə artan və sonda onu lap əldən salan) keçib-getməli idi. Beləliklə, o, oğlanı anasının yanına aparacaq və əgər Coanna, nəhayət, istədiyi yerdə yaşayırsa, heç olmasa, indi uşağı ilə bir az maraqlanar. Hələliksə o buna heç bir maraq göstərməyib, hərçənd evlərinə getdiyi gündən artıq üç ay keçib.

– Ayaqlarımın arasındakı bu qayışı möhkəm dart, – o, Deviyə dedi.

Onun belində ağır akvalanq var idi. İçi sıxılmış hava ilə dolu iyirmi kiloqramlıq iki balon ona suyun altında, otuz fut dərinlikdə bir saatdan artıq qalmağa imkan verəcək. Bundan dərinə enməyin heç mənası da yoxdur. Köpəkbalıqları bunu etmir.

– Suya da daş atma, – atası kinoaparatın silindrşəkilli, su keçirməyən qutusunu qaldırıb qulpundakı qumu təmizləyərək dedi. – Yoxsa ətrafdakı bütün balıqları qorxudarsan. Hətta köpəkbalıqlarını da. Maskanı mənə ver.

Devi qoruyucu şüşəsi olan maskanı ona verdi.

– Mən təxminən iyirmi dəqiqə suyun altında qalacam. Sonra çıxacam və biz səhər yeməyimizi yeyərik, gör bir günəş artıq hara qalxıb. Sənsə hələlik hər iki təkərin ətrafına daş qoy və qanadın altında, kölgədə otur. Anladın?

– Hə, – Devi dedi.

Ben birdən hiss etdi ki, uşaqla çox sərt, amiranə tərzdə danışır. Adətən, o, arvadı ilə, onun laqeydliyindən əsəbiləşərək belə danışardı. Yazıq oğlanın onların hər ikisindən uzaq qaçmasını başa düşmək olardı.

– Məndən narahat olma! – suya girərkən oğlana əmr etdi. Sonra borucuğu ağzına aldı, ağırlıq onu suyun dibinə çəksin deyə kinoaparatı aşağı saldı və suyun altında gözdən itdi.


Devi atasını udan dənizə elə baxırdı ki, guya nəsə görə biləcəkdi. Ancaq heç nə görünmürdü. Təkcə hərdənbir suyun üzündə hava qovuqcuqları peyda olurdu.

Nə uzaqlarda üfüqə qovuşan dənizdə, nə də günəşin yandırdığı ucsuz-bucaqsız sahildə gözə bir şey dəyirdi. Devi körfəzin ən hündür kənarındakı od tutub yanan qum təpəciyinin üstünə dırmaşandan sonra isə arxasında gah hamar, gah da dalğavarı səthi olan qumsallıqdan başqa heç nə görmədi. O bərq vuraraq uzaqlara, qızmar ilğımda əriyən, ətrafda hər şey kimi çılpaq olan qırmızımtıl təpəciklərə doğru uzanırdı.

Təpəciyin aşağısında isə təyyarədən başqa heç nə yox idi. Balaca, gümüşü “Oster”in soyumaqda olan mühərriki hələ də arabir çırtıldayırdı. Devi azadlığı hiss etdi. Yüz mil ətrafda bir ins-cins də yox idi və təyyarədə əyləşib hər şeyi rahatca gözdən keçirə bilərdi. Ancaq yanacağın iyi yenə də onun ürəyini bulandırdı. O, təyyarədən çıxıb altına ərzaq basdırılmış qumun üstünə su tökdü. Sonra sahildə oturub dənizə baxmağa başladı. Düşünürdü ki, birdən atasının lentə almaq istədiyi köpəkbalıqları üzə çıxarlar. Amma heç nə görünmürdü və o, od tutub yanan sakitlikdə, heyifsilənmədiyi, ancaq birdən dərindən hiss etdiyi təklikdə oturub atasının daha heç vaxt sudan çıxmayacağı təqdirdə başına nələrin gələ biləcəyi haqda düşünməyə başladı.

Ben belini mərcana söykəyib hava axınını tənzimləyən klapanla əlləşirdi. O, çox da aşağı enməmişdi, dərinlik iyirmi futdan artıq deyildi, amma klapan müntəzəm işləmədiyindən havanı çətinliklə ciyərlərinə çəkə bilirdi. Bu isə həm yorucu, həm də təhlükəli idi.

Köpəkbalıqları çox idi, amma uzaqda üzür, yaxın gəlmirdilər. Buna görə də onları əməlli-başlı çəkmək mümkün deyildi. Nahardan sonra onları necəsə cəlb etmək lazım olacaq. Bu məqsədlə Ben təyyarəyə bir şaqqa at ayağı yükləmişdi. Onu sellofana büküb quma basdırmışdı.

– Bu dəfə, – hava qovuqcuqları buraxa-buraxa öz-özünə dedi, – onları ən azı üç min dollarlıq çəkəcəm.

Televiziya şirkəti köpəkbalıqları haqda filmin hər beş yüz metrinə görə ona min dollar, ayrıca min dollar da çəkic-balığa görə verirdi. Ancaq buralarda çəkic-balıq olmur. Burada ziyansız üç nəhəg köpəkbalığı və kifayət qədər iri xallı pişik-köpəkbalığı var idi. Sonuncusu mərcan sahildən aralı, suyun lap dibində üzürdü. Ben bilirdi ki, hazırda balıqları özünə cəlb edə bilməyəcək, çünki suda çox fəal hərəkət edir. Onu eyni zamanda mərcan rifin çıxıntısının altında yaşayan sivri quyruqlu, yastı bədənli iri yırtıcı balıq – skat maraqlandırırdı. Ona görə ayrıca beş yüz dollar verirdilər. Onlara uyğun bir fonda skatın kadrı lazım idi. Minlərlə balığın qaynaşdığı sualtı mərcan dünyası məhz belə bir uyğun fon idi. Skatı özünün mərcan mağarasında çəkmək əla olardı.

– Aha, sən hələ burdasan! – Ben yavaşca dedi.

Balığın uzunluğu dörd fut olardı, çəkisi isə Allah bilir nə qədər gələrdi. O, keçən dəfə, bir həftə bundan əvvəl olduğu kimi öz sığınacağından Benə baxırdı. Burada, yəqin ki, ən azı yüz il idi yaşayırdı. Ben ayağındakı lastları balığın burnunun ucunda şappıldadaraq onu geri çəkilməyə vadar etdi və acıqlı balıq tələsmədən suyun dibinə enən zaman qəşəng kadrlar çəkdi.

Hələlik bundan artıq bir şeyə nail olmamışdı. Köpəkbalıqları nahardan sonra da burada olacaqlar, heç yana gedən deyillər. O, balonlardan qənaətlə istifadə etməli idi, çünki burada, sahildə onları yenidən doldurmaq mümkün deyildi. Arxaya çevriləndə Ben ayaqlarının yanından köpəkbalığının üzgəclərinin keçdiyini hiss etdi. O, skatı çəkməklə məşğul olan zaman köpəkbalıqları onun arxasına keçmişdilər.

– Rədd olun cəhənnəmə! – iri hava qovuqcuqları buraxaraq qışqırdı.

Onlar üzüb getdilər. Ürkdülər. Qumsaqlıq köpəkbalıqları suyun dibinə endilər, “pişik” isə insanı diqqətlə müşahidə edərək onun gözləri səviyyəsindən üzüb keçdi. Beləsini qışqırmaqla qorxutmaq mümkün deyil. Ben rifə söykəndi və birdən mərcanın iti ucunun qoluna batdığını hiss etdi. Ancaq o, suyun üzünə qalxana qədər gözünü “pişik”dən çəkmədi. Hətta yuxarı qalxandan sonra da tədricən ona yaxınlaşmaqda olan “pişiyi” gözdən qoymamaq üçün başını suyun altında saxlayırdı. Ben rifin dənizdən qalxan ensiz çıxıntısına yöndəmsizcəsinə söykənərək çevrildi və təhlükəsiz yerə qədər qalan son düym məsafəni qət etdi.

Darmowy fragment się skończył.

399 ₽
3,95 zł
Ograniczenie wiekowe:
6+
Data wydania na Litres:
07 października 2022
Objętość:
6 str. 11 ilustracje
ISBN:
9789952243338
Właściciel praw:
Altun Kitab
Audio
Średnia ocena 4,9 na podstawie 83 ocen
Tekst
Średnia ocena 4,9 na podstawie 336 ocen
Audio
Średnia ocena 4,5 na podstawie 240 ocen
Tekst, format audio dostępny
Średnia ocena 4,7 na podstawie 539 ocen
Tekst
Średnia ocena 4,3 na podstawie 288 ocen
Tekst, format audio dostępny
Średnia ocena 4,9 na podstawie 1932 ocen
Tekst, format audio dostępny
Średnia ocena 4,7 na podstawie 401 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen