Czytaj książkę: «Xatiratım»
“Xatirə Ədəbiyyatı” silsiləsindən 5-ci kitab
© Cəlil Məmmədquluzadə | Xatiratım
© XAN Nəşriyyatı | Bakı | 2022 | 128 səh
Üz qabığının dizayneri | Teymur Fərzi
* * *
Cəlil Məmmədquluzadə (1869–1931)
Xatirə ədəbiyyatının zirvəsi
Böyük demokrat ədib Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayələrin böyük ustadı kimi şöhrət qazanıb. O həm də Azərbaycan satirik publisistikasının qüdrətli yaradıcısı və banisidir. “Molla Nəsrəddin” ədəbi məktəbinin rəhbəri, mollanəsrəddinçilərin “ağsaqqal yoldaşı” olan Cəlil Məmmədquluzadə eyni zamanda Azərbaycan realizminin inkişafında tənqidi realizm mərhələsinin qüdrətli yaradıcısıdır.
Cəlil Məmmədquluzadənin sayəsində Azərbaycan dramaturgiyasının inkişaf tarixində sadəcə tragikomediya janrı yox, milli dramaturgiyanın tragikomediya mərhələsi də yaranıb. Mirzə Fətəli Axundzadənin XIX əsrin 50-ci illərində meydana çıxmış dram əsərləri komediya janrında yazılıb. Bu dahiyanə əsərlər XIX əsr Azərbaycan cəmiyyətinin komediyası idi. Cəlil Məmmədquluzadə Azərbaycan dramaturgiyasını tragikomediya səviyyəsinə qaldırmağı bacarıb. XX əsrin əvvəllərində artıq Azərbaycan cəmiyyətində dramatik proseslər faciəyə çevrilməkdə idi. Avropada oxuyub gəlmiş milli ziyalılara Azərbaycan cəmiyyəti arasındakı fərqli münasibətlər bu dövrün faciəsini göstərirdi. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindəki Kefi İsgəndərin məşhur monoloqu Azərbaycan cəmiyyətinin həmin dövrünün tragikomediyasının bəyanatı kimi çox qüvvətli səslənirdi: “Baxın! Baxın! Yaxşı baxın! Diqqətlənən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifələri görəndə sizi yada salıb deyəcək: “Tfu sizin üzünüzə…” Mən demirəm ki, siz niyə bu balaca uşaqları zorlanan gətirib qatdınız bu fahişəxanaya. Söz yox ki, siz bunlara deyəndə ki, sizi verirəm bu şeyxə, bu biçarələr çığırıb-bağırırdılar və sizin çirkin ayaqlarınızı öpə-öpə yalvarırdılar: “Ata, amanın günüdür, məni anamdan ayırma!” Elədirmi? Doğrumu deyirəm? Yox, mən ondan ötrü incimirəm. Çünki siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz. Və İsfahan şeyxləri sizi inandırmışdılar ki, hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcək. Amma ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölüləri diriltmək ixtiyarını qoydu sizin qabağınıza da. Siz… ölən qardaşlarınızın, bacılarınızın və övrət uşaqlarınızın dirilməyinə razı olmadınız… Ondan ötrü ki, arvad-larınızın hamısını yumruq altında öldürmüsünüz, ölən qar-daşlarınızın malını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: “Tfu sizin üzünüzə”.
Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bi-lirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam… Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb, bu evi bir saniyənin içində ha-vaya dağıdıb İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim… O, igid işidir. Siztək camaatın da igidi mə-nimtək olar.
Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım Kef-li İsgəndərdir. Bə sizin adınızı nə qoyaq? Mən dağları, daş-ları, quşları… və dünya aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: “Ölülər”. Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: “Ölülər!”1
Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefi İsgəndərin monoloqu həm Azərbaycan cəmiyyətinin XX əsrin əvvəllərindəki müsibətnaməsi, həm də oyaqlıq dərsidir.
Dünyada gedən milli oyanışın millətlərin öz hüquqlarını təyin etmək uğrunda mübarizəyə qoşulmalarının, geniş mənada ictimai dirçəlişin əksinə XX əsrin əvvəllərində Azərbaycanın bir ailəsində eyni ata-anadan doğulmuş üç övladdan hərəsinin bir ölkənin təsiri altında olması faciədən başqa nəsə deyil. Ona görə də ”Anamın kitabı” sözün böyük mənasında Azərbaycan ədəbiyyatında təkcə tragikomediya janrında yazılmış mükəmməl əsər kimi deyil, xalqın faciəvi taleyinin əsəri olaraq mühüm əhəmiyyətə malikdir.
Bəs “Dəli yığıncağı”? Bu, dahiyanə şəkildə yazılmış tragikomediyadır. Ölkədə millətini, ailəsini sevənlərin, müstəqil dövlət quruculuğuna xidmət edənlərin cəza evlərində, ucuz ticarət əhlinin, Fazili kimi vaizlərin iş başında olması həm dramatikdir, həm faciə. Bu gerçəklikləri anlamaq Pırpız Sonanı dəli yığıncağına gətirib. Hələ bu, azdır. Kərbəlayı Əşrəf kimi xalqın dilini bilməyən bir hakimin və xarici ölkələrdən dəvət olunmuş, təkcə millətin danışıq dilindən yox, mənəvi keyfyyətlərindən də xəbərsiz olan Lalbuz adlı həkimin ölkəyə rəhbərlik etməsindən böyük faciə təsəvvür etmək çətindir. 1926-cı ildə yazılmış bu əsərdə xaos, çaşqınlıq, gərginlik içində olan Azərbaycan “Dəli yığıncağı” adlandırılmışdı.
Böyük Mirzə Cəlil Məmmədquluzadənin xidmətlərindən biri də Azərbaycan memuar ədəbiyyatının qiymətli, nadir nümunəsini yaratmasıdır. Ədibin təxminən 1926-cı ildə qələmə aldığı “Xatiratım” əsəri Azərbaycan memuar ədəbiyyatının sadəcə ilk nümunələrindən biri deyil, həm də şah əsəridir. Bu əsər ondan əvvəl və sonra yazılmış memuar ədəbiyyatı nümunələrinin zirvəsində dayanır. “Xatiratım” memuarı Cəlil Məmmədquluzadənin mükəmməl tərcümeyi-hal romanıdır. Fikrimcə, Cəlil Məmmədquluzadə haqqında hələlik iki əsər: yazıçının özünün nadir qələmindən çıxmış “Xatiratım” memuarı və Həmidə xanım Məmmədquluzadə – Cavanşirin “Mirzə Cəlil haqqında xatirələrim” əsəri bu böyük yazıçıya, görkəmli şəxsiyyətə həsr olunmuş ən yaxşı əsərdir. Hər iki mətn əhatə etdiyi tarixi epoxanın əhəmiyyətli salnaməsidir. Cəlil Məmmədquluzadənin əqidəsini, mühitini və müasirlərini, epoxasını, mübarizəsini, yaradıcılığını öyrənmək baxımından “Xatiratım” misilsiz mənbədir. Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığını güzgüdə olduğu kimi canlı və əyani əks etdirir. Cəlil Məmmədquluzadənin ideya mübarizəsinin mahiyyətini və əsas hədəfərini “Xatiratım”dakı qədər daha heç bir mənbədən həmin səviyyədə öyrənmək qeyri-mümkündür. Məhəmmədağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Əli bəy Hüseynzadə, Məmmədəlibəy Kəngərli, Qaragözov, Kişmişov kimi “sansorlar”, Oskar Şmerlinq səviyyəsində karikaturaçı rəssam və başqaları daha heç bir mənbədə “Xatiratım”da olan səviyyədə tam, dəqiq, xidmətləri ilə birlikdə geniş, obyektiv şəkildə təqdim olunmayıb. Uzun dövr ərzində haqqında elə də ciddi, əhatəli elmi mənbə olmadığı vaxtlarda görkəmli publisist, yeni əlifa hərəkatının rəhbərlərindən biri, böyük ictimai xadim Məhəmməd ağa Şahtaxtlıya dair əsas mətləbləri “Xatiratım”dan öyrənmişik: “Məhəmməd ağa Şahtaxtlı çoxdanın adamıdır… Qoca yazıçımız Şahtaxtlının əyamındandır. Amma cavanlıqdan özünü təhsilə verdi və Şərq dillərini təhsil etməklə bərabər Avropa lisanlarını da öyrəndi və xeyli vaxt Avropada da qaldı. Eşitdiyimə görə, həvəsi və məşğələsi həmişə yazıçılıq olub və necə ki Avropada, oranın qəzetlərində, habelə Rusiyada rus qəzetlərində həmişə iştirakı olub. Az vaxtda türkcə qəzet nəşr etmək əzmini qəbul etdi və illər uzunu bu yolda çalışdı və xeyli zəhmətlərdən sonra “Şərqi-Rus”u ərsəyə gətirdi”.
Sovet hakimiyyətinin ən çətin illərində yazılmış “Xatiratım” əsərində Cəlil Məmmədquluzadəni əhatə edən proseslər və ədibin müasirləri haqqında verilmiş məlumatlarda heç bir ideoloji prinsip nəzərə alınmayıb, gerçəklik olduğu kimi əks etdirilib. Həta Azərbaycan ədəbiyyatının bir çox dönüş məqamları, mübahisəli məsələləri barəsində də “Xatiratım” memuarında kifayət qədər mübahisəsiz qəbul edilə biləcək materiallar var. Məsələn, Türkiyəyə mühacirət etdiyinə görə XX əsrin iyirminci illərinin nsonlarında Əli bəy Hüseynzadəyə Azərbaycan cəmiyyətində “pantürkist” damğası vurulduğu üçün onun haqqında müsbət yöndə yazmaq, danışmaq qadağan idi. Amma Cəlil Məmmədquluzadə “Xatiratım” memuarında Əli bəy Hüseynzadə ilə görüşlərini bütün təfsilatı ilə qələmə alıb, xidmətlərinə yüksək qiymət verdiyini açıq-aşkar bəyan edib. XX əsr boyu “Xatiratım” memuarında Əli bəy Hüseynzadə barəsində yazılanlar heç vaxt ixtisar olunmayıb, yeganə müsbət rəy kimi ictimaiyyətə çatdırılıb: “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan utanmadıq. Məlum olur ki, bu cür asan “Molla Nəsrəddin” dilini də yazmağı bacarmalıyıq. Necə k i bu sözü mən ilk dəfə ədibi-möhtərəm Əli bəy Hüseynzadədən eşitmişdim. Əli bəy axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tifisə gəldi ki, buradan Batuma getsin. Tifisdə idarəmizə də təşrif gətirdi. Xoş-beş… Söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı yazırsınız”. Mən Əli bəyə ərz etdim ki, onuntək bir şəxsdən eşitdiyi sözü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı məntək cavan yazıçıya yazı barəsində dediyi sözü ciddi söz hesab edəm gərək. Əli bəy mənə dediyi sözü təkrar və təsdiq etdi, həmişə adət etdiyi kimi başını aşağı salıb guya öz-özünə genə dedi: “Açıq yazmağı da bacarmaq lazımdır”2.
“Xatiratım” memuarından sitat gətirilən bu qiymətli sətirlər sonrakı dövrlərdə də Cəlil Məmmədquluzadə – Əli bəy Hüseynzadə münasibətlərini aydınlaşdırmaq, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları arasında yaradılmış süni mif qırmaq üçün həmişə lazımlı və faydalı olub.
“Məlumdur ki, o vaxtlar müstəbid Rusiya hökumətinin mənəm-mənəm dövründə türk dilində bir müstəqil intişarına yol vermək Peterburq hökumətindən heç gözləmək olmazdı… Bununla bərabər Məhəmməd ağa qəzetinin icazəsini aldı… Ancaq mənə, Məhəmməd ağanın vətəninin övladına bu, məlumdur ki, o vaxtlar ədibimiz qəzet eşqinə düşəndə mən eşitdim ki, Məhəmməd ağa atadanqalma mülkünün öz hissəsini satıb on səkkiz min manata və bu pulu alıb, gedib Tifisdə qəzet nəşr etsin. “Şərqi-Rus” qəzeti dəxi öz mətbəəsində çap olunmağa başladı.
Möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil e tdi”.3
“Xatiratım” memuarının dili və üslubu da “Danabaş kəndinin əhvalatları”nın təhkiyəsi ilə eynidir. Bu əsər qiymətli memuar ədəbiyyat nümunəsi olmaqdan başqa həm də cəlbedici, düşündürücü, ibrətamiz, oxunaqlı, orijinal nəsr əsəri təəssüratı yaradır. Heç tərəddüd etmədən “Xatiratım” memuarını Azərbaycan sənədli nəsrinin ən mükəmməl nümunələrindən biri kimi qəbul etmək olar. “Xatiratım” meydanda olmasaydı, Cəlil Məmmədquluzadənin mühitini və yaradıcılığını incəliklərinə qədər, bu qədər aydın təsəvvür etməkdə çətinliklər olardı… Azərbaycan mirzəcəlilşünaslığının uzun zaman Cəlil Məmmədquluzadənin “Xatiratım” memuarından və Həmidə xanım Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” əsərindən uzağa və ya dərinə getməkdə çətinlik çəkməsi təbiidir.
“Xatiratım”a bir də qayıtmaq yeni tarixi mərhələdə Mirzə Cəlil Məmmədquluzadə kimi müqəddəs söz sahibinin zəngin yaradıcılığına və ideallarına yenidən dönüş deməkdir. Hər dəfə Cəlil Məmmədquluzadəni dərindən oxumaq, yaşadığımız tarixi dövrləri və günləri daha dərindən başa düşmək, nəticələr çıxarmaq, sabahlara aydın nəzərlərlə baxmaq üçün etibarlı bələdçi ilə yola çıxmaq qədər əhəmiyyətlidir.
Mirzə Cəlil Məmmədquluzadə başımızın üstündə, yol qarşımızdadır.
Cəlil Məmmədquluzadə ölməz əsərləri ilə Azərbaycan dövlət müstəqilliyi yollarında əbədi olaraq ədəbi mübarizəsini davam etdirməkdədir.
İsa HƏBİBBƏYLİAMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
Xatiratım
Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahu əkbər! Allahu əkbər!”4 Həmin səda qonşuluqda müəzzinin5 azanıdır. Və sonralar adət eləmişdim ki, bu iki kəlmədən sonra azançımız Molla Kərim bu sözləri də deyir: “Əşhədu-ən-lailahə-illəllah”.
Və bundan sonra dəxi böyüdükcə hər gün, hər saat sağ və soldan eşitdiyim sözlərin içində labüd gərək “Allahu əkbər” olaydı.
Hər sübh vaxtı məni şirin yuxudan oyadan atamın “Allahu əkbər” səsi olardı. Burada başa düşərdim ki, atam namaz qılır. Haman sözləri anamdan da eşidərdim. O da habelə namaz qılardı. Və bunlar hər ikisi namaz vaxtı da namazın qeyri-ibarələrinin içində namazı qılıb qurtarınca bir neçə dəfə ucadan və naqafl “Allahu əkbər” çağırardılar. Bu da həmin vaxt itifaq düşərdi ki, evdə bir kəs olmaya və pişik gəlib başlaya südü yalamağa, ya əmcək uşağı iməkləyə-iməkləyə oda yavıq gedə. Demək, çünki namaz üstə danışmaq namazı batil eləyənlərdəndir, onun üçün Allahı çağırmaqdan başqa nə pişiyə, nə də uşağa bir söz demək olardı.
Atamın anama acığı tutanda “Allahu əkbər” deyərdi. Anamın da bizə acığı tutanda həmçinin “Allahu əkbər” çağırardı.
Elə yadıma gəlir ki, o zaman ağızlarda danışılan kəlmələrin üçü adi danışıq olsaydı, bir kəlmə “Allah” ləfzi idi.
– Sən allah, ata, mənə bu gün üzüm al, gətir.
– Oğlum, vallah, bazara dəxi üzüm gəlmir.
– Sən allah, al.
– Mən allah, gəlmir.
– Ay bacı, Allah atana rəhmət eləsin, o uşağı küçədən çağır, gəlsin.
Bundan anlaşılan budur ki, xah mənim valideynim, xah qeyri-vətəndaşlarım hər bir saat, hər dəqiqə və hər saniyə Allahın adını zikr eləməkdə idi. Allahı hər dəqiqə çağırmaqda idilər, ona yavıq olmaqda idilər. Və bu Allah məhəbbəti, yaxud Allah qorxusu ondan ötrü idi ki, xah mənim valideynim, xah sair vətəndaşlarım o zaman bu əqidədə idilər ki, Allahın bir cənnəti var, bir cəhənnəmi və hər bəndəsini Allah-Təala istəsə, cəhənnəmə də vasil elər, istəsə, behiştə də daxil elər. O baxır sənin əməlinə. Əməlisalehlər cənnətə və bədəməllər cəhənnəmə daxil olacaq. Və sonra yaxşı yadımdadır ki, qonşu mollamız Molla Əli ki, mənə və qardaşlarıma sonralar dərs də deyərdi, hər gün bu barədə ərəb ibarəsi ilə belə zikr elərdi. “Fəmən yəmələ misqalə zərrətün”. Uşaqlıqda bu ibarə molla gedəndən sonra o saat yadımdan çıxardı. Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə Quran ayəsidir. “Fəmən yəmələ misqalə zərrətün xeyrən yərəhu vəmin yəməl…” və ilaxır. Məlum şeydir ki, o vaxt Molla Əlilər atamı və anamı öz moizəsində inandırmışdı ki, əməli-xeyir ibarətdir sövmü-səlatdan6 və əməli-şər ibarətdir orucu yeməkdən və bığlarının ucunu uzatmaqdan və müsəlman olmayan insanın yağını yeməkdən və ilaxır. Əlbətə, oğurluq və adam öldürməyi də Molla Əlilər qəbih7 əməl qəbiləsinə yazırdılar. Ancaq dünya məişətinə dair olan oğurluq və adam öldürmək söhbətləri molla moizəsində ya heç zikr olunmazdı, ya da müxtəsər keçərdi.
Pəs hər kəs ki, bu dünyada xeyir əməl sahibi oldu, axirətdə də onun əvəzini görəcək, həmin xeyir əməlin mükafatını öləndən sonra alacaq. Nədir o mükafat? Nədən ibarət olacaq? Və Molla Əlilər atamı, anamı və qonşularımızı inandırmışdılar ki, xeyir əməl sahibləri öləndən sonra puli-siratdan keçib daxil olacaqlar cənnətə. O cənnətə ki, orada Molla Əlinin rəvayətində “tücri min təhtihəl ənhar”: oranın bağlarının altından nəhrlər cari olacaq. Və orada ləziz meyvələr bitir və orada cənnət əhalisi üçün pakizə övrətlər mühəyyadır. Və Molla Əli bunu Quran ibarəsi ilə belə rəvayət edərdi: “Vələhüm fha əzvaci mütəhhirətin” və hamısından əfzəl bu idi ki, belə-belə pak qadınların məclisində yaşamaq iman əhli üçün həmişəlik baqiəbədi olacaq (“vəhüm fha xalidun”), həmişəlik olacaq – nə azar tapacaqlar, nə mövt8 onları dərk edəcək.
Pəs bu dəsgahın sahibi kimdir? Kimdir cənnəti yaradan? Kimdir cəhənnəmi yaradan?
Haman bari-pərvərdigardır. Haman böyük Allahdır ki, ərəblər ona deyirlər: “Allahu əkbər”. Və bu haman ibarədir ki, hər cür ibadətimiz və riyazətimiz haman ibarə ilə başlanır.
“Allahu əkbər”.
Pəs xudavəndi-aləmə yavıq olmaq üçün ibadət lazım, elə bir ibadət lazım ki, Allah bəndəsinin bütün övqatını məşğul etsin, onu bir an da Allahı yad etməkdən qafl qoymasın. Və bu məqsədə yetirən ibadətlərin ən birincisi, ən müsaidi namazdır.