Qeyd dəftərçələri. Məktubları

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Qeyd dəftərçələri. Məktubları
Czcionka:Mniejsze АаWiększe Aa

Anton Pavloviç Çexov

(Антон Павлович Чехов)

29 yanvar, 1860 – 15 iyul, 1904


* * *

A.P. Çexov yaradıcılığı boyu klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb. O ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb…

Qeyd dəftərçəsi

1891–1904

– Şərə müqavimət göstərmək olmaz, xeyirə olar.

– Qadınlardan yazanda, istər-istəməz məhəbbətdən də yazmalısan.

– Solomon müdriklik istəməkdə böyük səhvə yol verdi.

– İv(aşin) məhəbbətdən qırıldatmağı bacarırdı, sevməyi isə yox.

– Alyoşa: Ana, xəstəlikdən sonra ağlım azalıbdı, lap uşaq kimi olmuşam: gah allaha yalvarıram, gah ağlayıram, gah da sevinirəm…

– Dyakonun oğlu itinə Sintaksis adını qoymuşdu.

– O, arvadını teatra və simfonik konsertə aparan tələbələrə yox, cavan arvadının xoşuna gələcək artistlərə və müğənnilərə qısqanırdı.

– Qardaşım şəhərin başçısı, sonra vitse-qubernator və ya departamentin direktoru, sonra isə nazirin dostu olmaq istəyir. Onun arzusu: vətənpərvərlik ruhunda bir məqalə yazacam, Moskovski vedomostində çap etdirəcəm, yuxarılarda oxuyub, məni departamenti idarə etməyə çağıracaqlar.

– Kostyanın özü oxumurdu: nə səsi vardı, nə də avazı, amma konsertlər təşkil etməyi, biletlər satmağı, müğənni qadınlarla tanış olmağı yaman xoşlayırdı.

– Sofyadan alma iyi gəldiyinə görə İvanın ondan zəhləsi gedirdi.

– Sevən vaxtlarda keçirdiklərimiz, ola bilsin, normal vəziyyətdi. Sevgi insana necə olmaq lazım gəldiyini göstərir.

– Kürəkən: – Bilin ki, ərinə xəyanət etməyən qadın yoxdu. Xəyanət boş şeydi. Bundan heç kəsə ziyan dəymir.

– Əgər siz indi üçün işləyəcəksinizsə, işiniz əhəmiyyətsiz olacaq; gələcəyi nəzərdə tutaraq işləmək lazımdı. İndi üçün insanlıq ancaq cənnətdə yaşayacaq, insanlıq həmişə gələcəklə yaşamalıdır.

– Bacım ayrılıq vaxtı: – Allah eləməsin, ölüb-eləsəm qızlarımı qanadınız altına alın.

Riqqətə gəlmiş arvadım: Oy, söz verirəm.

– Qız: Mən sizi ağlınıza, qəlbinizə görə sevirəm, o isə pulunuza.

– Oğlan qıza ağıllı və ciddi adam təsiri bağışlamışdı, buna görə də onun evlənmək təklifi qızı heyrətə saldı.

– Artist: Onu hamilə görəndə, bütün qadınlar mənə iyrənc və fağır göründü.

– Artist: İndiki qadınlar ancaq qulluqçuluğa layiqdirlər, onların ən yaxşısı artistliyə gedir.

– Artist: Bəli, bəlkə də yaxşı feldşer qadın tapa bilərsiniz, amma siz çalışın yaxşı arvad, ədalətli qadın tapın.

– Var-dövləti atmırsan, fikirləşirsən ki, əvvəl-axır bu dövlətdən nəsə çıxacaq.

– Sokolnikidə gəzərkən o, Yartsevə ana olmağın şirinliyindən danışır. Yartsev:

– Deyin görək, uşağa olan istəyiniz ərinizə olan sevginizi azaltmırmı?

– Bilmirəm. Mən sevib getməmişəm. Əvvəllər əzab çəkirdim, indi sakitləşmişəm, bu qərara gəlmişəm ki, məhəbbət yoxdu və məhəbbətin olması lazım da deyil.

– Ruhanilərlə aktyorlar arasında ümumilik çoxdur.

– Nina öləndən sonra məndə inam yaranıbdı ki, biz ölməzik.

– O, ancaq bircə dəfə xoşbəxt olmuşdu – çətirin altında.

– Qızlar mürəbbiyəni geyindirib-gecindirir və ona dərs deyirdilər.

– Bütün bu şəkilləri ala biləcəyi fikri onda inam oyadırdı.

– Bizim hamımız məhəbbət haqqında ancaq danışırıq və oxuyuruq, özümüzsə az sevirik.

– Azad olmayan adamlarda anlayışlar da qarışıq olur.

– Yataq otağı. Ayın ziyası pəncərəni elə işıqlandırır ki, hətta köynəyin düymələri də görünür.

– Nəcib adam itdən də utanır.

– Tərbiyəli olmaq sousu süfrəyə tökməmək deyil, tərbiyəli olmaq bunu başqası edəndə görməməkdir.

– Paris. Qadına elə gəlirdi ki, fransızlar onun bədən quruluşunu görsəydilər heyran qalardılar.

– Yaman gözləri vardı, nahardan sonra yatmış adamın gözlərinə oxşayırdı.

– Kaftar köpəyin qeydlərindən: «İnsanlar aşpazın tökdüyü yaxantını və sümüyü yemirlər. Axmaqlar!»

– Onun yadında kadet həyatından başqa heç nə qalmamışdı.

– Ən çox işləyən kəndlilər ömrü boyu «zəhmət» sözünü dillərinə gətirmirlər.

– Ariadna üç dildə gözəl danışır. Başında boş yer çox olduğundan o, dilləri tez öyrənir.

– Qadını elə tərbiyə eləmək lazımdır ki, səhvlərini başa düşsün, yoxsa həmişə haqlı olduğunu güman edəcək.

– Aradan beş il keçdi. Terexov Saxalində başa düşdü ki, əsas məsələ allaha qovuşmaqdı, necə qovuşmağın fərqi yoxdu.

– İnsan inamsız yaşaya bilməz.

– O, yağışın səsinə oyandı.

– Gecələr yata bilmirdi, zavodun xiffətini çəkirdi.

– Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdu, milli olan artıq elm deyil.

– Kişi ilə qadın arasındakı fərq: qadın yaşlaşdıqca başı arvad işinə daha çox qarışır, kişi yaşlaşdıqca arvad işindən daha çox uzaqlaşır.

– Evdə kimsə uzun müddət xəstələnəndə, ölümdən qorxan uşaqlardan başqa hamı daxilən onun ölümünü arzulayır. Məsələn, analarının ölə biləcəyi uşaqları dəhşətə salır.

– Arxasınca getdiyi iş qəflətən ona çox əhəmiyyətsiz göründü və o, geri qayıtdı.

– Məmurun (axmaq) arvadı oğlanlarla bir yerdə tərbiyə almışdı.

– Tənhalar restorana və hamama söhbət eləməkdən ötrü gedirlər.

– O, hökumətə keşiş kimi yaltaqlanır.

– Pyes: aktyorlarda və ədəbiyyatçılarda ellik zəmanətdi: əgər onlar səni öz mühitlərinə qəbul etdilərsə, sən bütün Rusiyada məşhurlaşacaqsan.

– Pyes: Belletrist – hərə öz istədiyi və bacardığı kimi yazır.

– Elə qocalmışam ki, hətta, deyəsən, məndən it iyi gəlir, sənsə, bacı, hələ də cavansan.

– Sorin: Mən dəhşətli dərəcədə ədəbiyyatçı olmaq arzusundaydım. Mən iki şey arzulayırdım: evlənmək və ədəbiyyatçı olmaq, amma nə onu eliyə bildim, nə də bunu.

– Yemək istəyirsiniz?

– Yox, əksinə.

– Kenquruya bənzəyən gödək qollu və uzun boyunlu hamilə qadın.

– İnsanlara hörmət eləmək böyük ləzzətdi! Mən kitab görəndə, müəlliflərin necə sevmələrinə, necə qumar oynamalarına fikir vermirəm, mən onların ancaq valehedici əməllərini görürəm.

– Ancaq təmizləri sevmək eqoizmdi; özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdu, buna görə də öz tayımızı sevməliyik.

– Çepr: Mən anamdan qorxuram. Qorxuram ki, məni lənətləyər. Özümün onun haqqında olan fikirlərimdən qorxuram. Onun haqqında dəhşətli fikirlərim var.

– Təmiz, həyati uşaq sevinci deyilən sevinc heyvani sevincdir.

– Kim səmimidirsə, o haqlıdır.

– Uşaqlar qışqıranda dözə bilmirəm, öz uşağım ağlayanda isə eşitmirəm.

– Tanış olun, mənim köpək uşaqlarımın anasıdı.

– Koma. Ayağına keçə taxmış qız sobanın üstə uzanıb. Atası evdə yoxdu. Pişik.

– Bizimsə pişiyimiz kardı.

– Niyə?

– Elə-belə döyüblər.

– İş əməllə müəyyənləşir: məqsədi böyük olan iş böyük adlanır.

– İldə 25–50 min gəliri var, yenə də ehtiyacdan intihar edir.

– Dəhşətli kasıbçılıq. Çıxılmaz vəziyyət. Dul arvad və onun çirkin qızı. Nəhayət, ana cəsarətə gəlib, qızına bulvara getməyi məsləhət görür. Cavanlıqda geyim-gecimə pul qazanmaq üçün ərindən gizli bulvara gedirmiş: az-çox təcrübəsi var. Qızını öyrədir. Qız bulvara çıxır, səhərə qədər gəzib-dolanır, ona yaxın duran kişi tapılmır: eybəcərdir. İki gündən sonra bulvardan keçən hansısa üç veyil ona tamah salır. O, evə kağız parçaları gətirir, bu, çoxdan oynanmış lotereya biletləriymiş.