Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Professor Douelin başı»

Czcionka:

İlk görüş

– Buyurun əyləşin.

Mari Loran yumşaq meşin kresloda oturdu.

Professor Kern zərfi açıb məktubu oxuduğu müddətdə qız kabineti tələsik gözdən keçirdi.

Otaq son dərəcə darıxdırıcı olsa da, işlə məşğul olmaq üçün əlverişli idi – diqqəti heç nə yayındırmırdı. Qara palıd ağacından düzəldilmiş mebel, tünd rəngli divarlar, pərdələr.

Loran Kernə nəzər salanda gülümsədi: professorun özü kabinetin üslubuna uyğun idi. Ağır gövdəsi mebelin bir hissəsinə bənzəyirdi. İri çeşməyi, irəli çıxmış kvadrat şəkilli çənəsi onun sifətinə dekorativ maska görkəmi verirdi.

– Həmkarım Sabatye sizin barənizdə danışıb. Mənə, doğrudan da, köməkçi lazımdır. Həkimsiniz? Çox yaxşı. – Professor arıq barmağı ilə stolu bir xeyli döyəclədikdən sonra gözlənilməz bir sual verdi: – Susmağı bacarırsınızmı? Siz qadınsınız. Bu, məni heç açmır. Qadınlar boşboğaz olurlar. Üstəlik, gözəlsiniz. Bu isə lap betər.

– Bunun işlə nə əlaqəsi?

– Sizin əriniz, nişanlınız, dostluq etdiyiniz bir adam ola bilər. Onda bütün sirlər aləmə yayılar. Siz balıq kimi lal olub burada görəcəyiniz, eşidəcəyiniz hər şey barəsində susmalısınız. Bu şərtimi qəbul edirsiniz? Bu şərti qəbul etməsəniz, əməkdaşlığımız baş tutmayacaq.

Loran tutuldu.

– Mən razıyam… ancaq…

– “Cinayət yoxdursa” demək istəyirsiniz? Tamamilə arxayın ola bilərsiniz. Siz heç bir məsuliyyət daşımayacaqsınız… Əsəbləriniz necə, qaydasındadır?

– Mən sağlamam.

– Nəslinizdə ürək, əsəb xəstəliyinə tutulmuş adam olubmu?

– Xeyr.

Kern başını razılıqla tərpədib elektrik zənginin düyməsini basdı.

Qapı səssizcə açıldı. Yarıqaranlıq otaqda qara kostyumlu zəncinin yalnız gözləri ağarırdı.

– Con, madmazel Loranı laboratoriya ilə tanış edin.

Zənci başının işarəsi ilə Lorana ardınca gəlməsini təklif edib ikinci qapını açdı.

Darıxdırıcı kabinetin yarıqaranlığından sonra divarların ağlığı onun gözlərini qamaşdırdı. Cərrahiyyə alətləri düzülmüş şkafların şüşələri parıldayırdı, polad və alüminium cihazlar bərq vururdu.

Otağın ortasında böyük stol var idi. Stolun yanındakı şüşə qutuda insan ürəyi döyünürdü. Ürək borucuqlar vasitəsilə balonlara birləşdirilmişdi.

Loran üzünü yana çevirəndə diksindi. Ona insan başı baxırdı – bədəndən ayrılmış baş!

Bu baş dördkünc şüşə lövhəyə bərkidilmişdi. Lövhə hündür metal ayaqlar üstündə dururdu. Kəsilmiş arteriya və venalara qoşa-qoşa keçirilən borucuqlar şüşə lövhənin dəliklərindən keçib balonlara gedirdi. Nisbətən yoğun bir borucuq isə boğazla iri bir silindri birləşdirirdi.

Baş kirpiklərini qırpa-qırpa kədərlə Lorana baxırdı. Bədəndən ayrılmış başın normal şüura malik oduğuna şübhə yox idi.

Bu başın yaxın zamanlarda vəfat etmiş görkəmli cərrah Douelin başına çox oxşadığı Loranın nəzərindən qaçmadı. Professor Douel kəsilmiş bədən üzvlərini diriltməklə məşhurlaşmışdı. Mari Loran onun mühazirələrində dəfələrlə olduğundan bu geniş alnı, dalğalı gümüşü saçları, mavi gözləri yaxşı yadında saxlamışdı. Bəli, bu, həqiqətən də, professor Douelin başı idi, yalnız burnu və dodaqları bir qədər nazilmiş, yanaqları dartılmış, gözləri çuxura düşmüş, ağ dərisi sarımtıl rəng almışdı.

Loran sehrlənmiş kimi nəzərlərini bu mavi gözlərdən ayıra bilmirdi.

Baş səs çıxartmadan dodaqlarını tərpətdi.

Loranın əsəbləri tab gətirmədi. O, az qala huşunu itirmişdi. Zənci onun qoluna girib otaqdan çıxartdı.

Loran kresloda oturaraq:

– Dəhşətdir, dəhşətdir, – deyə təkrar edirdi.

Professor Kern barmaqları ilə dinməzcə stolu döyəcləyirdi.

– Doğrudanmı, bu baş…

– Professor Douelindir? – Kern onun sözünü kəsərək dedi. – Bəli, Douelindir. Vəfat etmiş möhtərəm həmkarımın yenidən həyata qaytardığım başıdır. Təəssüf ki, onun təkcə başını dirildə bilmişəm. Yazıq Douel çarəsi hələ tapılmayan azara mübtəla olmuşdu. Ölərkən bədənini birlikdə apardığımız elmi təcrübələr üçün vəsiyyət etdi. Mən də işə başlayıb, loru dildə desək, tək ruhunu deyil, şüurunu da dirildə bildim. İndiyə qədər insanlar ölümü dəhşətli sayırdılar. Məgər ölüləri diriltmək bəşəriyyətin ən böyük arzusu olmayıbmı?


– Mən belə dirilməkdənsə, özümə ölüm arzulayardım.

– Düzdür, belə dirilmə narahatlıqdır. Zavallı Douelə bu cür natamam görkəmdə camaat qarşısında görünmək yaxşı düşməzdi. Ona görə təcrübəni gizli saxlayırıq. Douelin öz arzusu belədir.

– Bəs professor Douel, daha doğrusu, onun başı bu arzunu necə ifadə etdi? Baş danışa bilirmi?

Professor Kernin üzündə ani çaşqınlıq sezildi.

– Yox… Douelin başı danışmır. Eşidir, anlayır, üzünün mimikası ilə cavab verir. – Söhbətin mövzusunu dəyişmək üçün Kern soruşdu: – Demək, təklifimi qəbul edirsiniz? Çox gözəl. Sabah səhər doqquz üçün sizi gözləyirəm. Ancaq yadınızdan çıxarmayın: susmaq, susmaq, yenə də susmaq.

Kranın sirri

Mari Loranın həyatı asan keçməmişdi. Atası öləndə qızın on yeddi yaşı vardı. Xəstə anasının qayğıları da onun üstünə düşmüşdü. Həkimliyi oxuyub qurtarandan sonra bir xeyli iş axtardı. İşin qəribəliyinə baxmayaraq, professor Kernin təklifi onun üçün vəziyyətdən çıxış yolu oldu.

İki həftə olardı ki, Kernin yanında işləyirdi. Görməli olduğu iş o qədər də çətin deyildi. Gün ərzində başın həyatını təmin edən cihizlara nəzarət etməli idi. Gecələr isə bu işi Con görürdü.

Professor Kern nə iş görəcəyini ona göstərmişdi. Ancaq boğaza gedən nisbətən yoğun borunun kranını açmağı ciddi qadağan etmişdi:

– Kran açılsa, baş dərhal həlak olar.

Mari tədricən başa alışmış, hətta onunla bir qədər dostlaşmışdı da. Səhərlər təmiz havadan yanaqları qızarmış halda laboratoriyaya daxil olanda baş gülümsəyir, göz qapaqlarını tərpədib salam verirdi. Az sonra aralarında məhdud da olsa, şərti bir dil yarandı. Göz qapaqlarını endirməsi “hə”, yuxarı baxması “yox”u bildirirdi.

Loran çox ehtiyatla Douelin üzünü su ilə qarışdırılmış spirtlə yuyur, qulaqlarını pambıqla silir, saçlarını qaydaya salır, xüsusi borucuqlar daxil etməklə ağzını və burnunu yuyurdu.

Onun əlləri başa ehmalca toxunanda Douelin sifətində bu təmasdan razılıq ifadəsi yaranırdı.

– Bu gün hava çox xoşdur, – Loran danışırdı. – Səma gömgöydür. Hava təmiz, şaxtalıdır. Adam köks dolusu nəfəs almaq istəyir. Bir baxın, günəş necə şəfəq saçır, lap yazda olduğu kimidir.

Belə anlarda professor Douelin dodaqları kədərlə büzülür, qəmli nəzərləri pəncərəyə dikilirdi. Qızın özünə acığı tutur, yüngülcə qızarır, başın imkanı xaricində olan hər hansı bir şey barədə danışmaqdan özünü saxlayırdı. Mari bu başa köməksiz, təbiətin özü tərəfindən incidilmiş bir uşağa olduğu kimi analıq şəfqətilə yanaşırdı.

Səhərlər professor Kern gələnə qədər baş mütaliə ilə məşğul olurdu. Loran təbabətə aid son jurnal və kitabları gətirib başa göstərirdi. Baş onları gözdən keçirir, lazımi məqalədə qaşlarını tərpədirdi. Oxuduğu səhifələrin kənarında işarə qoymaq lazım gələndə, Loran karandaşla qeyd edərdi. Səhifələrin kənarında nə səbəbə qeydlər aparıldığını Loran anlamırdı, mimika ilə düz-əməlli bir cavab alacağına ümid etmədiyinə görə də heç nə soruşmurdu.

Lakin bir dəfə Loran Kernin yazı stolunun üstündə başın göstərişi ilə qeydlər apardığı jurnalları gördü. İşarələnmiş yerlər Kernin xəttilə bir vərəqə köçürülmüşdü. Bu, Mari Loranı düşünməyə vadar etdi və bir dəfə Douelin başına sual verməkdən özünü saxlaya bilmədi.

– Biz elmi məqalələrin bəzi yerlərini nə məqsədlə işarələyirik?

Baş ifadəli nəzərlərlə əvvəl Lorana, sonra öz boğazına gedən borunun kranına baxdı və qaşlarını iki dəfə qaldırdı. Loran anladı ki, baş qadağan edilmiş kranın açılmasını istəyir. Başın həmin xahişlə müraciət etməsi birinci dəfə deyildi. Ancaq Loran bunu öz bildiyi kimi yozurdu: “Görünür, fərəhsiz həyatına son qoymaq istəyir”. Ona görə də qadağan olunmuş kranı açmağa əli gəlmirdi.

– Yox, yox, – deyə Loran başın xahişinə qorxa-qorxa cavab verdi. – Kranı açsam, ölərsiniz. İstəmirəm, bacarmaram, sizi öldürməyə cürət etmərəm.

Baş gözünü üç dəfə dalbadal qaldırdı.

“Yox, yox, yox. Mən ölmərəm!” – Loran belə başa düşdü. O, tərəddüd içində idi.

Baş dodaqlarını səssizcə tərpətməyə başladı. Lorana elə gəldi ki, bu dodaqlar “açın, açın” demək istəyir.

Loranın marağı son həddə çatdı. Burada nə isə bir sirr gizləndiyini hiss edirdi.

O, kranı ehtiyatla burdu. Ürəyi şiddətlə vurur, əlləri əsirdi.

Krani buran kimi başın boğazından fışıltı eşidildi:

– Tə-şək-kür… elə-yi-rəm…

Boğazdan keçən hava səs tellərini hərəkətə gətirərək başa danışmaq imkanı verirdi. Boyun sinirləri kəsilmiş olduğu üçün və səs tellərini hərəkətə gətirən əzələlər normal işləmədiyindən baş özünün həmişəki səsi ilə deyil, yalnız alçaq tembrli boğuq səslə danışa bilirdi.

Elə bu vaxt addım səsləri eşidildi. Loran kranı bağlamağa zorla fürsət tapdı. Başın boğazından gələn fışıltı kəsildi.

Professor Kern içəri daxil oldu.

Baş danışır

Loranın qadağan olunmuş kranın sirrini açdığı vaxtdan bir həftə keçmişdi. Həmin müddət ərzində onunla baş arasında dostluq münasibətləri yaranmışdı. Professor Kern klinikada olduğu saatlarda Loran kranı açaraq boğaza bir qədər hava buraxırdı ki, baş pıçıltı ilə olsa da, danışa bilsin. Loran özü də alçaqdan danışırdı. Hər ikisi zəncinin onların səsini eşidə biləcəyindən ehtiyat edirdilər.

Onların söhbətləri professor Douelin başına yaxşı təsir göstərirdi. Gözləri canlanmış, qaşları arasındakı qırışlar itmişdi.

Bir gecə Loran Douelin başını yuxuda görmüşdü. Oyananda düşünmüşdü: “Görəsən, Douelin başı yuxu görürmü?”

Ertəsi gün laboratoriyaya gəldikdə Loran onu maraqlandıran sualı professor Douelə verdi.

– Yuxu? – deyə baş astaca pıçıldadı. – Bəli, görürəm. Amma dərk edə bilmirəm ki, yuxularım mənə daha çox sevinc, yoxsa kədər gətirir. Çünki özümü yuxuda sağlam, güclü görürəm, oyananda isə özümü ikiqat bədbəxt hiss edirəm. Mən yalnız düşünmək imkanına malikəm. “Mən düşünürəm, deməli, yaşayıram”, – deyə baş filosof Dekartın sözlərini acı təbəssümlə sitat gətirdi.

– Yuxuda nə görürsünüz?

– Özümü heç vaxt indi olduğum kimi görməmişəm. Bu yaxınlarda mərhum arvadımı gördüm, onunla məhəbbətimizin baharını yaşadım. Betti burada, Parisdə vəfat edib. Bilirsiniz, mən Parisə müharibə zamanı Amerikadan cərrah kimi gəlmişdim. Arvadım öldükdən sonra onun məzarını tez-tez ziyarət etmək üçün burada qaldım. Arvadım füsunkar bir qadın idi. Həmin günlər indi nə qədər uzaqdadır! – Baş xəyala daldı. Hava onun boğazında astaca fışıldayırdı. – Keçən gecə oğlum yuxuma girmişdi. Çox istərdim onu yenə görüm. Ancaq məni bu cür görməsinə heç vəchlə razı olmaram. Mən onun üçün artıq ölmüşəm.

– O, yaşlıdır? İndi hardadır?

– Sizinlə yaşıd olar. Universiteti bitirib. Hal-hazırda gərək ki, İngiltərədə xalasının yanında olmalıdır. Yox, yuxu görməmək daha yaxşı olardı. Ancaq, bilirsinizmi, məni yuxulardan çox, yalançı hislər incidir. Təəccüblü olsa da, hərdən mənə elə gəlir ki, bədənimi hiss edirəm. Bəzən köks dolusu nəfəs almaq, qollarımı geniş açmaq, bir yerdə çox oturub qalmış adamlar kimi gərnəşmək istəyirəm. Bəzən ayağımda kəskin ağrı da hiss edirəm. Gülməli deyilmi? Bu, bir həkim kimi sizə aydın olar. Hərdən elə bilirəm ki, həmişəki təngnəfəsliyim başlamaq üzrədir. Həmin anlarda təngnəfəslikdən yaxamı qurtarmış “dirilməmdən”, demək olar, razı qalıram.

– Dəhşətdir! – Loran özünü saxlaya bilməyib pıçıldadı.

– Bəli, dəhşətdir… Nədən məhrum olduğumu yalnız bədənimi itirdikdən sonra başa düşdüm. Bilsəniz səhərlər məni yuyunduranda tənzifin üzümə təmasından necə həzz alıram. Gerçək aləmi hiss etmək üçün təmas indi mənim yeganə imkanımdır. Dilimin ucu ilə qurumuş dodaqlarımın kənarlarına toxunmaqdan savayı əlimdən heç nə gəlmir.

Həmin gün Loran evə çox pərişan qayıtdı. Anasının hazırladığı yeməyə də əl vurmadı. Limonlu çay içib otağına keçdi.

Anası onu saxlamadı, köks ötürüb fikrə getdi.

İşə girəndən bəri Mari çox dəyişmişdi. Qaradinməz, əsəbi olmuşdu. Ana-bala bir-birlə həmişə səmimi olmuşdular. İndi isə birdən-birə ortaya hansısa sirr çıxmışdı. Qadın qızının nəyi isə ondan gizlətdiyini hiss edirdi. Çünki Loran anasının iş barəsində verdiyi suallara qeyri-müəyyən cavablar verirdi.

Mari hələ oyaq idi, yata bilmirdi. Başın dediklərini xatırlayır, özünü onun yerində təsəvvür etməyə çalışırdı. Dilini dodaqlarına, dişlərinə, damağına toxundururdu. “Baş bundan başqa, heç nə edə bilmir, bir də gözlərini yumub-açır. Vəssalam…”

Mari çiyinlərini, dizlərini qucaqladı, əlini sinəsinə, saçlarına çəkib pıçıldadı:

– İlahi, mən nə qədər xoşbəxtəm! Mənim imkanlarım nə qədər hüdudsuzdur! Mən necə də dövlətliyəm! Mən bunu bilmirdim, hiss etmirdim!

Ölüm, yoxsa qətl

Bir dəfə Loran tibb jurnalında professor Kernin yeni elmi tədqiqatlar barəsində məqaləsini oxudu. Məqalə həmin sahədə çalışan digər alimlərin işlərinə əsaslanmışdı. Elmi kitab və jurnallardan götürülmüş çıxarışlar başın göstərişilə Loranın nişanladığı yerlərin eynisi idi.

Ertəsi gün Loran imkan tapan kimi başdan soruşdu:

– Mən gedəndən sonra professor Kern laboratoriyada nə işlə məşğul olur?

Xeyli tərəddüddən sonra baş cavab verdi:

– Biz onunla elmi işlərimizi davam etdiririk.

– Deməli, etdiyiniz bütün bu qeydlər həmin məqsədə xidmət edir. Bəs işinizi təkcə öz adından dərc etdirdiyi sizə məlumdur?

– Bunu anlamaq çətin deyil.

– Bəs buna necə yol verirsiniz?

– Əlimdən nə gələr ki?

– Siz bacarmasanız, mən edərəm! – Loran qeyzlə dilləndi.

– Sakit olun, əbəsdir. Bu vəziyyətdə müəlliflik hüququ tələb etmək gülünc olardı. Pul, şöhrət? Nəyimə gərəkdir?! Həm də məsələnin üstü açılsa, iş axıra çatdırılmayacaq. Amma axıra çatdırılmasında özümün də marağım var. Zəhmətimin nəticəsini görmək istəyirəm.

– Professor Kern məni işə qəbul edəndə sizin çarəsi olmayan xəstəlikdən öldüyünüzü, bədəninizin elmi iş üçün istifadə olunmasını vəsiyyət etdiyinizi demişdi. Bu, doğrudur?

– Bu barədə bir söz deməyə çətinlik çəkirəm. Ümumiyyətlə, burada müəyyən həqiqət var. Biz onunla təzə insan cəsədlərindən götürülmüş orqanları diriltmək üzərində işləyirdik. Kern mənim assistentim idi. O zaman son məqsədim insan başını diriltmək idi. Heyvan başına həyat verməyə nail olsaq da, məhz insan başını dirildib nümayiş etdirməyincə təcrübələri gizli saxlamağı qərara almışdıq. Uğuruna şübhə etmədiyim son təcrübədən əvvəl apardığım elmi işin əlyazmasını Kernə verdim ki, çapa hazırlasın. Bu vaxt çoxdan əziyyət çəkdiyim təngnəfəslik xəstəliyim şiddətləndi. Axırıncı tutmam zamanı Kern başımın üstünü kəsdirib mənə tibbi yardım göstərirdi. O, mənə adrenalin iynəsi vurdu. Bəlkə, doza yüksək olub, bəlkə də, astma öz işini görüb.

– Bəs sonra?

– Sonra huşumu itirdim. Ayılanda şüurum özümə çox ləng qayıtmağa başladı. Təəccüblü burası idi ki, nə nəfəs aldığımı hiss edir, nə də boğulma duyurdum. Böyük çətinliklə gözlərimi aça bildim. Qaranlıq idi. Qulaqlarımda anlaşılmaz gurultu var idi. Yenidən gözlərimi yumdum. Bildiyiniz kimi, insan ölərkən bütün hissiyyat orqanlarının fəaliyyəti eyni vaxtda dayanmır. Əvvəlcə adam dadbilmə duyğusunu itirir, sonra görmə qabiliyyətini, daha sonra eşitməkdən qalır. Görünür, dirilmə zamanı həmin ardıcıllıq əksinə olur. Xeyli müddətdən sonra göz qapaqlarımı təzədən qaldırdım. Sanki suyun çox dərin qatlarına enmişdim. Yaşılımtıl duman çəkiləndə Kernin sifətini sezdim, həm də səsini eşitdim: “Özünüzə gəldinizmi? Sizi yenidən sağ görməyimə çox şadam”. Aşağıya baxanda düz çənəmin altında stol gördüm. Bir az kənardakı stolun üstünə kiminsə başsız bədəni qoyulmuşdu. Bədən mənə olduqca tanış gəldi. Şüşə qutuda ürək döyünürdü. Heyrətlə Kernə baxdım. Hələ heç nə anlamırdım. Əlimi uzatmaq istədim, ancaq əllərim yox idi. “Bu nə işdir”, – deyə Kerndən soruşmaq istədim, yalnız dodaqlarım səssizcə tərpəndi. Kern isə mənə baxıb gülümsəyirdi. “Tanıya bilmirsiniz? – başı ilə stola işarə edərək dedi. – Sizin bədəninizdir. Canınız təngnəfəslikdən birdəfəlik xilas oldu”. O hələ zarafat da edirdi!.. Mən hər şeyi başa düşdüm.

– Bütün bunlardan sonra siz yenə də onunla işləyirsiniz? – Loran hiddətlə soruşdu. – Oğru, qatil olduğu halda şöhrət zirvəsinə qalxmaqda Kernə kömək edirsiniz? Məni bağışlayın, professor, amma sizi başa düşmürəm. Doğrudanmı, etiraz etmədən, itaətlə ona işləyirsiniz?

Baş qəmli-qəmli gülümsədi.

– Demək istəyirsiniz ki, baş üsyan etməlidir?! Mən intihar etməkdən də məhrumam.

– Axı ona işləməkdən boyun qaçıra bilərdiniz!

– Açığını bilmək istəyirsinizsə, bunu da sınaqdan çıxarmışam. Ancaq mənim üsyanım Kernin beynimdən istifadə etməsindən irəli gəlmirdi. Yeni varlığıma öyrəşə bilmirdim. Belə yaşamaqdansa, ölümü üstün tuturdum. Elmi işi davam etdirməkdən boyun qaçıranda o, ən qəddar tədbirlərə əl atdı. Elektrodları gicgahlarıma bərkidib cərəyan buraxmazdan əvvəl mülayim tərzdə dedi: “Əziz həmkar, siz tamamilə mənim ixtiyarımdasınız. Sizə ən dəhşətli işgəncələr verərəm, heç kim də məni cəzalandıra bilməz. Həyatınızın ağır olduğunu anlayıram, ancaq bu, mənim günahım deyil. Odur ki bu işi sülhlə qurtarmaq daha yaxşı olmazmı?” Dodaqlarım səssizcə “yox” sözünü pıçıldadı. “Məni məyus edirsiniz, həmkar”, – deyib Kern başıma elektrik cərəyanı buraxdı. Elə bil közərmiş şişlə beynimi deşdilər. “İndi necəsiniz?” – həkim xəstədən soruşurmuş kimi, qayğı ilə xəbər aldı. Mən yenidən “yox” deyəndə cərəyanı gücləndirdi. Elə bildim başım alovlanır. Ağrı dözülməz idi. Şüurum tutqunlaşdı. Şüurumu itirməyi, ölməyi necə də arzulayırdım. Əfsuslar olsun ki, bunların heç biri baş vermədi. Kern papiros çəkib, tüstünü üzümə üfürür, başımı odda qızdırmaqda davam edirdi. Artıq məni dilə tutmağa çalışmırdı. Gözlərimi açanda göstərdiyim inaddan onun quduzlaşdığını gördüm. “Lənət şeytana! Beyniniz mənə lazım olmasaydı, bu saat onu qızardıb itimə verərdim!” Elektrodları başımdan qoparıb uzaqlaşdı. Amma sevinmək hələ tez idi. Tezliklə geri qayıdıb başımı qidalandıran məhlula əzablı ağrılar verən qüvvətli maddələr daxil etdi. Sifətimi turşudanda soruşdu: “Hə, həmkar, qərara gəlirsiniz? Hələ yox?” Lənətlər yağdıra-yağdıra çıxıb getdi. Qələbəmə sevinirdim. Bir neçə gün Kern laboratoriyada görünmədi, mən isə ölüb xilas olacağımı gözləməkdə idim. Beşinci gün heç nə olmamış kimi, fit çala-çala gəldi. Mənə baxmadan işi davam etdirməyə başladı. İki-üç gün ona göz qoydum. İş məni maraqlandırmaya bilməzdi. Onun təcrübələr zamanı işimizin nəticələrini tamamilə korlaya biləcək səhvlərə yol verdiyini görəndə dözmədim. Ona işarə etdim. Kern razılıq ifadə edən təbəssümlə: “Çoxdan belə olmalı idi!” – dedi və boğazıma hava buraxdı. O vaxtdan yenə işə rəhbərlik edirəm.

Darmowy fragment się skończył.

Tekst, format audio dostępny
399 ₽
3,95 zł

Gatunki i tagi

Ograniczenie wiekowe:
6+
Data wydania na Litres:
07 października 2022
Objętość:
6 str. 11 ilustracje
ISBN:
9789952241358
Właściciel praw:
Altun Kitab
Tekst
Średnia ocena 2,5 na podstawie 2 ocen
Tekst PDF
Średnia ocena 4,5 na podstawie 4 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst PDF
Średnia ocena 5 na podstawie 4 ocen
Tekst PDF
Średnia ocena 5 na podstawie 2 ocen
Audio
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 5 na podstawie 1 ocen
Tekst
Średnia ocena 5 na podstawie 2 ocen
Tekst PDF
Średnia ocena 5 na podstawie 2 ocen
Tekst PDF
Średnia ocena 5 na podstawie 2 ocen
Audio
Średnia ocena 4,5 na podstawie 27 ocen
Audio
Średnia ocena 4,7 na podstawie 1473 ocen
Audio
Średnia ocena 5 na podstawie 2 ocen
Tekst, format audio dostępny
Średnia ocena 0 na podstawie 0 ocen
Audio
Średnia ocena 4,8 na podstawie 13 ocen
Audio
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst, format audio dostępny
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst, format audio dostępny
Średnia ocena 5 na podstawie 1 ocen
Tekst, format audio dostępny
Średnia ocena 5 na podstawie 2 ocen