Czytaj książkę: «Pi`nin həyatı»
À mes parents et à mon frère –
Valideynlərimə və qardaşlarıma
MÜƏLLİFİN ÖN SÖZÜ
Bu kitab ac qaldığım zamanlarda yaranıb. İndi izah edərəm. 1996-cı ildə Kanadada mənim ikinci romanım işıq üzü gördü. Kitab çox da uğurlu alınmadı. Tənqidçilər onu ya soyuq qarşıladılar, ya da elə təriflədilər ki, tərifləməsələr ondan yaxşıydı. Beləliklə əsərim oxucuların diqqətindən yayındı. Nə qədər dəridən-qabıqdan çıxdım, özümü gah təlxək, gah hava gimnastı halına saldım, xeyri olmadı, oxucular onu görməzdən gəldilər. Bir sözlə tam məğlubiyyətə düçar oldum. Başqa kitablar mağazanın rəflərində sıra ilə düzülüb, oyundan əvvəlki beysbolçuları, futbolçuları xatırladarkən, mənim kitabım heç kimin komandaya götürmək istəmədiyi uğursuz oyunçular kimi bir küncdə qalmışdı. Beləliklə kitab yoxluğa doğru addımlamağa başladı. Səssiz və tez.
Buna elə də yanmadım. Artıq başqa mövzu, 1939-cu ilin Portuqaliyası haqqında yazmağa başlayırdım. Məndə çatışmayan yeganə şey isə rahatlıq idi. Əvəzində hardansa əlimə pullar gəlirdi.
Beləliklə mən Bombeyə uçdum. Amma bu Hindistana getmək, heç olmasa qısa müddətlik orda yaşamaq, sakitləşmək elə də pis fikir deyildi, hətta boş ciblə də orada yaşamaq, ürəyin necə istəyir vaxt keçirmək mümkündür. Həm də ki, 1939-cu ilin Portuqaliyası haqqında olan roman elə həmin dövr Portuqaliyası ilə əlaqədar olmaya da bilərdi.
Hindistanda əvvəllər də olmuşam, şimal bölgələrində beş ay yaşamışam. İlk dəfə Hindistanda olanda tamamilə hazırlıqsız getmişdim.Əslində tək hazırlığım Hindistanı ovcunun içi kimi tanıyan bir dostumla söhbətim olmuşdum. O demişdi ki, “Hindistanda çox gülməli bir ingiliscə ləhcəsində danışırlar, “atmaq” kimi kəlmələrdən xoşları gəlir”. Mindiyim təyyarə Dehliyə enərkən, dostumun sözlərini xatırladım, yəni “atmaq” sözünü. Bu Hindistanın, rəngli, gurultulu, çılğın dünyasına yeganə hazırlığım idi. Bu sözü fürsət olduqca istifadə etdim və çox da köməyimə gəldi. Dəmir yolu stansiyasında bir məmura -“Biletin belə baha olduğunu bilməzdəm, mənə atmırsınız ki?” – dedim. O da gülümsəyib: “Xeyr cənab! Bizdə atmaq olmur, Sizə ən doğru qiyməti deyirəm” – dedi.
Bu dəfə, Hindistana ikinci gedişimdə məni nələrin gözlədiyini və nə istədiyimi yaxşı bilirdim. Bir dağ evinə gedib romanımı yazacaqdım.Özümü bir kənd evinin artırmasında, bir stolun arxasında, havaya qalxan çay buxarının və ətrafa dağılmış vərəqlərin arasında təsəvvür edirdim. Şehli yaşıl təpələr ayaqlarımın altına səriləcək, şıltaq meymunların çığırtıları qulaqlarıma dolacaqdı. Hava soyuyan zamanlarda, səhər və axşamın ayazında əynimdə yüngül bir gödəkcə, gün boyunca isə qısa qollu paltarlar geyəcəkdim. Beləliklə qələmim əlimdə oturub Portuqaliya ilə bağlı fantaziyalarımı həqiqət şəklində ortaya çıxaracaqdım. Əsər yazmağın məqsədi də bu deyilmi, öz həqiqətini yaratmaq? Gerçəkliyi təqdim etmək üçün çalışmaq? Portuqaliyaya getməyə nə gərək vardı ki?
Qaldığım mehmanxananı işlədən xanım, ingilisləri qovmaq üçün apardıqları mübarizədən danışacaqdı. Sabahısı günə nələr bişirəcəyi ilə bağlı ona istəklərimi bildirəcəkdim. Gündəlik yazı işimi bitirdikdən sonra çay əkilmiş dərə-təpəli ərazilərdə gəzintiyə çıxacaqdım.
Təəssüf ki, birdən-birə roman öskürməyə başladı, titrədi və öldü. Bu hadisə Bombeyin yaxınlığında meymunların az yaşadığı və heç çay tarlası olmayan Materan adlı bir yerdə baş verdi. Bu adətən yazıçılığa həssas yanaşanların başlarına gələn bir fəlakətdir. Təsəvvür edin ki, sizin mövzunuz yaxşıdır, cümlələrimiz də həmçinin. Qəhramanlarımız elə gerçəkdirlər ki, şəxsiyyət vəsiqəsinə ehtiyac duyurlar. Onlar üçün bütün detalları ilə planlaşdırdığınız mövzu sadə və diqqət çəkicidir. Təhkiyə daha da inandırıcı olsun deyə araşdırmalar aparılmış, tarixi, ictimai, iqlimlə, yemək hazırlamaqla bağlı faktlar gətirilmiş, dialoqlar axıcı qurulmuş, əsərin həyəcanı yerindədir. Təfərrüatlar, ziddiyyətlər, düyün nöqtələri hamısı yerli yerindədir. Həqiqətən də bu həyat hekayətinin qüsursuz olmaqdan başqa bir şansı yoxdur. Amma hamısını bir yerə toplayanda böyük bir heçlik alınır. Vəd edilən aydın və parlaq sözlərin əvəzində, elə an gəlir ki, beyninizin bir tərəfində daim pıçıldayan bir səs sizə çılpaq və qorxunc bir həqiqətdən danışır: heç nəyin xeyri yoxdur, çox yerli-yataqlı bəhs etsən də, tarix və yeməkləri əlavə etsən də yenə də xeyri yoxdur. Əsərin duyğusal baxımdan ölüdür, bütün problem buradadır. Bunu kəşf etmək insanı məhv edir, inanın mənə. İnsan əzab dolu bir boşluğa, bir aclığa sürüklənir.
Uğursuz romanımın qaralamasını Materandan poçtla yolladım.Onu Sibirdə olan xəyali bir ünvana, geri qaytarılmaq üçün isə Bolivyadakı başqa bir xəyali ünvana göndərdim. Poçt işçisi zərfi möhürləyib çeşidləmə qutusuna atdıqdan sonra, üzümü turşudub oturdum, tamam həvəsdən düşdüm. “Bundan belə nə yazacam, Tosltoymu olacam? Bundan sonrakı həyatın içində nə kimi parlaq düşüncə var?” – deyə özümdən soruşdum.
Hələ bir az da pulum qalmışdı və özümü narahat hiss edirdim. Ayağa qalxıb Hindistanın cənubunu kəşf etmək üçün poçtdan çıxdım.
Peşəmi soruşanlara “həkiməm” demək istərdim, çünki həkimlər gündəlik sehr və möcüzə törədənlər kimi tanınır. Amma bu bəxt ki, məndə var, tezliklə bir avtobus qəzasına düşüb, bütün baxışların mənə dikildiyini görüb, onlara “mən hüquq elmləri doktoruyam” deyərək vəziyyətdən çıxmalı olacağam. Bunun ardınca onlar başlarına gələn bu bədbəxt hadisəyə görə məndən hökümətə qarşı iddia qaldırmağımı istəyəcəklərinə əminəm və mən bu halda “fəlsəfə elmləri doktoruyam” deyib vəziyyətdən çıxmalı olacağam. Bu dəfə də ah-nalə içərisində, qanlı bir faciənin içinə düşmüş insanlar mənə üz tutanda Kyerkeqorla elə də çox maraqlanmadığımı etiraf etmək məcburiyyətində qalacağam. Beləliklə səmimiliklə, alçaldıcı həqiqətə sadiq qaldım.
Yol boyu, tez-tez insanlardan bu cümlələri eşidirdim: “Yazıçımı? Doğrudanmı? Sizə gərəkli olacaq bir hekayəm var,” cavabını alırdım. Əksər hekayətlər lətifəyə oxşayırdı, qısaca danışılan, qısa ömürlü hekayələr idi.
Beləliklə mən Mədrəsin cənubundakı muxtar vilayət olan Tamil Nadu (başqa adı Tamiland olan bu ərazi Hindistanın cənubunda bir şatatdır – tərc.) sahillərində yerləşən Podşineriyə gəlib çıxdım. Buranı əhalinin sayı və ərazisinə görə Hindistandan uzaqdakı bir yerlə müqayisə etsək, Kanadanın içərilərində böyük bir torpaq parçası olan Şahzadə Edvard adası ilə müqayisə etmək olar, amma tarix onu gözdən salmışdı. Çünki bir zamanlar Podşineri istismarçı fransızların yaratdığı Fransız Hindistanının paytaxtı idi. Vaxtilə fransızlar ingilislərlə rəqabətə girmək istəyiblər amma edə bildikləri tək şey, bir neçə liman şəhərini ələ keçirmək olub. Təqribən üç yüz il boyunca bu şəhərlərə bağlı qalıblar. 1954-cü ildə fransızlar bir-birindən gözəl ağ rəngli binaları, bir-biriylə kəsişən geniş küçələri, rue de la Marine və Saint-Louis kimi küçə adları və polislərin geyindiyi papaqları ilə birlikdə Podşinerini tərk etməli olublar.
Bir dəfə Neru küçəsindəki “Hind Qəhvəxansı”nda oturmuşdum. Qəhvəxana yaşıl divarları və hündür tavanı olan bir otaq idi. İsti və nəmli havanı hərəkətə gətirmək üçün yuxarıya pərlər asılmışdı. Zal bir-birləri ilə paralel qoyulmuş dördbucaqlı masalar və onları tamamlayan dörd stulla ağzına kimi dolu idi. Harda boş yer tapsan oturub başqaları ilə eyni stolu bölüşürsən. Qəhvə ləzzətliydi və onun yanında fransız şirniyyatları da verirdilər. Söhbət mövzusu tapmaq çox asan idi. Hətta, ağappaq saçları olan, çevik, müdrik baxışlı bir qoca mənimlə danışmağa çoxdan başlamışdı artıq. Ona Kanadanın necə soyuq olduğundan, fransızcanın əslində ölkənin bir neçə bölgəsində istifadə edildiyindən və Hindistanı sevdiyimdən, və s. danışdım. Bu, dostcanlı, hər şeyə maraq göstərən hindlilərlə belində çantası ilə gəzən əcnəbi arasında keçən tipik söhbətlərdən oldu. O, gördüyüm işlərlə bağlı danışdıqlarımı gözlərini geniş açaraq və başını aşağı sallayaraq dinlədi. Artıq getmək vaxtıydı. Əlimi qaldırıb hesabı istəmək üçün ofisianta işarə etdim.
Elə o məqamda qoca dilləndi:
-Sizi tanrıya inandıracaq bir əhvalat danışa bilərəm.
Əlim eləcə havada asılı qaldı. Lakin, içimdə şübhələr oyandı. Bəlkə qarşımdakı bir İyeqova Şahidi idi?
-Əhvalatınız bundan iki min il əvvəl, Roma İmperyasının ucqar bir yerindəmi baş verib? – deyə soruşdum.
-Xeyr.
Bəlkə bu qoca, müsəlmanlığı yayan imamlardan biri idi?
-On yeddinci əsr Ərəbistanındamı baş verir hadisələr? – soruşdum
-Yox əşşi. Bundan bir neçə il əvvəl burda, Pondişeridə başlayıb və xoşbəxt sonluqla sizin gəldiyiniz ölkədə başa çatır.
-Bununla da mən tanrıya inanacağam eləmi?
-Bəli.
-Bu çox iddialı söhbətdir.
-Elə də iddialı deyil.
Ofisiant gəldi. Bir anlıq tərəddüd etdim, amma sonra iki qəhvə sifariş verdm. Bayaqdan söhbət etdiyimiz adamla tanış olduq. Adı, Fransis Adirubasami idi.
-Lütfən əhvalatınızı danışın, – dedim.
-Onda diqqətlə məni dinləməlisən.
-Dinləyəcəyəm, – deyib qələmlə qeyd dəftərçəmi çıxartdım.
-De görüm, burdakı botanika bağına gedibsən? – deyə soruşdum.
-Dünən getmişəm.
-Bəs uşaqlar üçün olan qatarın xəttlərinə fikir verdin?
-Bəli, fikir verdim.
-Hələ də bazar günləri ordan uşaqları əyləndirmək üçün qatar keçir. Amma vaxt var idi hər gün yarım saatdan bir keçirdi. Stansiyaların adlarını qeyd etdinmi.
-Birinin adı “Rozvil” idi, gül bağının düz yanında idi.
-Düzdür bəs o birisi?
-Yadımda deyil.
-İndi onun adını göstərən lövhə sökülüb. Bir zamanlar digər stansiyanın adı “Zoopark” idi. Uşaq qatarının iki stansiyası var idi. “Rozvil” və “Zoopark”. Bir vaxtlar Pondişeri botanika bağının içində bir zoopark var idi.
Qoca əhvalatını danışmağa davam etdi, mənsə qeydlərimi apardım.
-Onunla danışmalısınız, – o əhvalatının baş qəhramanı haqqında dedi. – Onu lap yaxşı tanıyırdım. İndi artıq o böyüyüb. Onun ağzını arayın, bəlkə o daha yaxşı xatırlayır.
Daha sonra, Torontoda onun qəhrəmanını telefon kitabçaların-dan doqquz sütun boyu ard-arda düzülmüş Patel soyadlarına görə axtardım və tapdım. Telefon nömrəsinə zəng edəndə ürəyim sürətlə döyünməyə başladı. Cavab verən səsin, aydın amma Hindlilərə xas vurğularını, açıq havaya yayılmış tüstü kimi dərhal tutdum. “Hə, bu lap çoxdan baş verib” – dedi. Amma yenə də görüşməyə razılıq verdi. Biz bir neçə dəfə görüşdük. Mənə həmin hadisələr vaxtı tutduğu gündəliyini göstərdi. Qısa müddətlik də olsa onu tanıtdırıb məhşurlaşdırmış, saralmış qəzet səhifələrini göstərdi. Başına gələnləri danışdı. O danışarkən, mən qeydlərimi götürdüm. Təqribən bir il sonra, böyük çətinliklərdən sonra Yaponya Nəqliyyat Nazirliyindən bir kaset və arxiv sənədləri aldım. Bu kasetə qulaq asdıqca haqqında bəhs olunan əhvalatın məni Tanrıya inandıracağı iddiası ilə bağlı cənab Adirubasamiyə inanmağa qərar verdim.
Düşündüm ki, cənab Patelin başına gələn bu əhvalatı, birinci şəxsin adı ilə təqdim etmək daha təbii olacaq, öz səsi və gözlərilə baxaraq. Digər tərəfdən yol verilə biləcək bütün səhvlər mənim üzərimdədir.
Təşəkkür etmək istədiyim bir neçə adam var. Əlbəttə ən çox cənab Patelə minnətdaram. Ona olan minnətdarlığım, Sakit Okean qədər sonsuzdur və ümid edirəm, həyat hekayətini danışmağım onu məyus etməz. Belə bir əhvalatın varlığından məni xəbərdar edən cənab Adiubasamiyə də təşəkkür borcluyam. Həmin əhvalatı tamam qələmə almağa kömək göstərən üç nümunəvi, peşakar məmura da minnətdaram: Ottavadakı Yaponya Səfirliyində çalışan cənab Kazuhiko Odaya, Oika dənizçilik şirkətindən cənab Hiroşi Vatanabeyə və xüsusi olaraq hal-hazırda pensiyaya çıxmış Yaponya Nəqliyyat Nazirliyindən, cənab Tomohiro Okamotoya təşəkkürlərimi bildirirəm. Həmçinin məndə yaşayıb-yaratmağa həvəs yaradan cənab Moasir Sklyara da təşəkkürlərimi bildirirəm. Son olaraq mükəmməl təşkilat olan Kanada İncəsənət Şurasına ən dərin minnətdalığımı bildirirəm, onların ianələri olmasaydı, yəqin ki, “Portuqaliya 1939-cu il”-lə heç bir bağlılığı olmayan romanımı bir yerə toplayıb, çap etdirə bilməyəcəkdim. Əgər biz vətəndaşlar sənətkarlarımızı dəstəkləməsək, təsəvvür gücümüzü, kobud gerçəkliyin ayaqları altında qurban vermiş olarıq və ən sonunda heç nəyə inanmamağa, dəyərsiz yuxular görməyə, kabus dolu ümidlərlə yaşamağa başlayardıq.
BİRİNCİ HİSSƏ
Toronto və Pondişeri
Bölüm 1
Mən sıxılırdım, sanki içimi pişik cırmaqlayırdı. Amma universitet məşğələləri və müntəzəm, ciddi dini fəaliyyət məni tədricən həyata qaytardı. Dini görüşlərimə sadiq qalmağım, bəzilərinə qəribə görünürdü. Orta məktəbin son ilini də başa vurub, Toronto universitetinin iki fakültəsinə birdən daxil oldum. Birincisi ilahiyyat, ikincisi isə zoologiya idi. İlahiyyat fakültəsində təhsilimin dördüncü ilində kurs işim Segeddən olan, XVI əsrin görkəmli kabbalisti İsaak Lurinin kosmoqonik nəzəriyyəsindən bəhs edirdi. Zoologiyadan kurs işim isə üçbarmaqlı ərincəkdə qalxanvarı vəzinin funksional analizinə həsr edilmişdi. Mən ərincəyi ona görə seçmişdim ki, onun sakit, sülhsevər, öz dünyasıyla barışıq xarakteri mənim narahat daxili dünyam üçün əsl dərman kimi gəlirdi.
Ərincəklər iki barmaqlı və üç barmaqlı olur, lakin bunu ancaq onların ön pəncələri üçün demək olar, arxa pəncədə bütün ərincəklərin üç caynaqlı barmağı olur. Yayda bir dəfə bəxtim əməlli başlı gətridi, mən Brazilyada axtarış yerində bir üç barmaqlı ərincəyi öyrənirdim. Bu heyvanlar nadir maraqlı növlərdəndir. Onların bircə vazkeçilməz vərdişləri var o da tənbəllikdir. Onlar gün ərzində orta hesabla iyirmi saata qədər yatıb istirahət edirlər. Bizim qrupumuz beş vəhşi üçbarmaqlı ərincəyin yuxu xüsusiyyətlərini öyrənirdi: yenicə axşam düşəndə onlar yatmağa hazırlaşarkən, onların başına içi su ilə dolu alqırmızı rəngdə plastik qab qoyduq. Növbəti gün səhər açılandan xeyli sonra qabın qoyduğumuz yerdəcə içindəki su ilə birlikdə qaldığını gördük, su ətrafa tökülməmiş, əksinə suyun içinə çoxlu həşəratlar düşmüşdü. Ərincəklər ancaq gün doğanda əsnəyirlər, lakin bu əsnəmək sözü özlüyündə çox-çox şişirdilib. Onlar hərəkət etmək istəyəndə budaqlarla başı aşağı saatda 400 metr sürətlə sürünürlər. Ancaq yerdə bir ağacdan o birinə sürünən saatda ən çoxu 250 metr sürətlə irəliləyə bilirlər, bu isə ancaq onların diqqətini nəsə cəlb etdikdə baş verir, adi halda isə onlar saatda 4-5 metrdən artıq sürünmürlər.
Üçbarmaqlı ərincəyin ətraf mühütlə bağlı təsəvvürü olduqca qıtdır. İkidən ona qədər olan hissiyyat şkalasında Bibinin (Uilyam Bibi amerikan təbiət tədqiqatçısı 1872-1962) 1926- cı il araşdırmasına görə ərincəyin dadbilməsi, toxunuş hissi, görməsi və duyması “iki”ylə, yəni hissiyyatsızlıq dərəcəsi ilə qiymətləndirilir, onun iyibilməsi isə “üç”dür. Elə olur ki, meşədə yatmış ərincəklə qarşılaşırsan və ona toxunub oyadırsan, lakin o oyanıb ətrafa boylanır, sənə heç fikir də vermir. Heç ərincəyin həyatının mənası da məlum deyil, axı onun üçün hər şey kino kimi bulanıq, qeyri-müəyyəndir. Eşitməyə gəldikdə isə ərincək elə də kar deyil, sadəcə ətrafdakı səslər onu çox da maraqlandırmır. Bibi də bu haqda yazır ki, əgər yatmış ya da yeməklə məşğul olan ərincəyin qulağının dibində tüfəngdən atəş açsan o heç gözünü də qırpmayacaq. İyi bilməsinə gəldikdə isə bunu heç qiymətləndirməyə dəyməz. Lakin, ərincəklərin çürüntü qoxusunu bildiyi və üzünü yana tutduğu deyilsə də, Bullok 1968-ci ildə apardığı araşdırmasında deyir ki, ərincəklər “tez-tez” çürüyüb aşınmış ağaca dırmaşarkən ordan yerə yıxılırlar.
Sual olunur? Bütün bunlara baxmayaraq onlar həyatda qalmağı necə bacarırlar?
Məhz öz ləngliyi ilə. Yuxulu olmaqları, hər şeyə laqeydlikləri və ağaclarda yaşamaqları onları hər cür bəladan, yaquarın kəskin gözündən və iybilməsindən, vəhşi pişikdən, qartaladan, anakondadan qoruyur. Bundan əlavə ərincəyin kürkü üzərində mamırlar yetişir, quraqlıq vaxtı onlar quruyurlar, yağış mövsümündə isə yenidən canlanıb, göyərirlər. Bu heyvanı yarpaqlar və budaqlar arasında görünməz edir, daha doğrusu qarışqa yuvasına ya da quş yuvasına bənzədir, bəzənsə elə bilirsən sadəcə bir ağac parçasıdır.
Üçbarmaqlı ərincəklər sakit və sülhsevər şəraitdə, özlərini biləndən bəri yarpaqların arasında yaşayırlar, bütün bunlara əsasən onların ətraf mühütlə harmoniyada olduqlarını demək olar. 1966-cı ildə Terler yazırdı “Onların dodaqlarında dəyişilməz, xoşməramlı bir gülümsəmə olur”. Mən özüm də ərincəyin gülümsəməsini öz gözlərimlə görmüşəm. Heyvanlara insan xarakterlərini köçürmək mənə xoş olmasa da Braziliyada olarkən tez-tez istirahət edən ərincəyin tərsinə çevrilmiş asanalarda yoqa və meditasiya ilə məşğul olan rahiblərə neçə çox oxşadığına heyrət edirdim. Onlar daim mənə başı ibadətə qarışmış zahidləri ya da yalnız xəyalları ilə yaşayan müdrikləri necə də çox andırır.
Elmin iki fərqli sahəsində təhsil aldığım üçün, onlar bəzən bir-birləri ilə zidiyyət yaradırdı. Tələbə yoldaşlarım-dan bəziləri bütün beyni ilə ilahiyyata yüklənmiş, tanrının ağ və qara qullarını müzakirə edərkən, mən üçbarmaq ərincəyi Tanrını yada salan əsl möcüzə hesab edirdim.
Alim əməkdaşlarımla yola getmək asan və sadə idi. Alimlər, tanrını tanımayan, içki kimi ən çoxu pivə içən və boş vaxtlarında ancaq seks, şahmat və beyzbol haqqında düşünən mehriban insanlardı.
Bu haqda danışmaq təvazökarlıqdan uzaq olsa da, mən “əla” qiymətlərlə oxuyurdum. Dörd il ərzində Sent-Maykl kollecinin ən yaxşı tələbəsi olaraq qaldım. Elə buna görə də zoologiya fakültəsində verilən bütün mükafatlara layiq görülmşdüm. İlahiyyat fakültəsində isə heç bir mükafat almamağımın səbəbi bu idi ki, burada yaxşı oxumağa görə ümumiyyətlə heç bir mükafat verilmirdi. Bu gedişlə yəqin ki Toronto univerisitetinin general-qubernator, akademik mükafatını da alacağam, indiyə kimi heç bir oğlan belə rahatlıqla, şən bir əhval-ruhiyyə ilə həmin mükafatı almayıb.
İnciklik hələ də içimi gəmirməyə davam edirdi, doğrudur bu hiss əvvəlki kimi güclü deyildi. Həyat hətta əgər səni yeni bir əzabla mükafatlandırıbsa belə, əvvəllki əzabların olduğu üçün, heç nə insana ağırlıq gətirə bilmir. Mənim həyatım Avropa rəssamlığındakı memento mori obrazına bənzəyir: həmişə bir kəllə obrazı arxamca gəzir. Mənsə kəllələrə gülürəm. Ona baxıb deyirəm: “Ünvanı səhv salmısan! Sən həyata inanmırsan, mənsə ölümə. Uzaqlaş məndən!” Kəllə isə özünü daha da mənə yaxınlaşdırır, lakin bu elə də təəcüblü şey deyil. Ölüm həmişə insana xəstəliklər, səbəblər, bioloji əsaslara görə yox, sadəcə qısqanclığa görə yaxınlaşır. Həyat o qədər gözəldir ki, ölüm ona vurulub, sevgili kimi o vəhşicəsinə qısqanc və islaholunmaz aşiqdir. Məndən başqa universitetdə əlaçı olan tələbəyə, qırmızıyanaq oğlan Rodsa təqaüdü verdilər. Mən onu çox sevirdim və yəqin edirəm ki, indilərdə Oksforda daixl olub. Əlbət bir gün zənginlik ilahəsi Lakşmi mənə də yaxın düşəcək və Oksford mənim ölməzdən əvvəl olmaq istədiyim beş şəhərdən birinə çevriləcək. Digər dörd şəhər isə Varanasi, Məkkə, Yerusəlim və Paris olacaq.
İş həyatım haqqında heç nə danışa bilmərəm, təkcə onu deyim ki, boynuma taxdığım qalstuk, ya da başqa cür desəm qarmaq, bir az ehtiyatsızlıq etsəm, insanı boğa biləcək qədər kip idi.
Mən Kanadanı sevirəm. Müdrik Hindistan, hind mətbəxi, divardakı ev kərtənkələsi, musiqili filmlər, küçələrdə gəzişən inəklər, qarğaların qarıltısı, hətta kriket oyunu üçün darıxıram. Lakin, mən yenə də Kanadanı daha çox sevirəm. Bu böyük ölkə olduqca soyuqdur, hətta təmkinli, xoşməramlı, qəribə saç düzümü olan insanların yaşadığı bir yer olsa da, mənim öz vətənim vardı. Necə olursa olsun, doğma yurdum olan Pondişeridə məni heç kəs gözləmirdi.
Bir zamanla Riçard Parker mənə çox yaxın olub. Onu unutmaq gücündə deyiləm. Onun üçün darıxırammı? Etiraf edim ki, – hə. Darıxıram. O hələ də yuxularıma gəlir. Doğrudur kabuslarda görürəm onu, amma kabus özü də yarı sevgiylə dolmuş yuxulardır. İnsan ruhu belə qərubə şəkildə qurulub. Hələ də anlamıram o məni necə ata bildi? Elə səs-küysüz, heç vidalaşmadan, çevrilib geriyə baxmadan uçub getdi. Ağrı xəncər kimi ürəyimə batdı.
Meksika xəstəxanasının həkim və tibb bacıları mənimlə olduqca xeyirxah davranırdılar. Sanki onların xəstəsiydim. Xərçəng xəstələri və yatalaq xəstələri, hamısı mənim danışdığım hekayətlərə maraqla qulaq asırdılar. Bəziləri çəlikləri ilə arxamca düşür, bəziləri əlil arabası ilə, doğmaları ilə birlikdə mənim ətrafımda gəzirdi, lakin onlar heç biri ingiliscə bir kəlmə də anlamırdı, mənsə ispanca bilmirdim. Onlar üzümə gülümsünürdülər, əl edirdilər, başımı sığallayır, yatağımın üstünə hədiyyələr qoyurdular, hədiyyə deyəndə ki, yemək və paltar verirdilər. Mənsə tamamilə özümdən asılı olmayaraq, qarşılığında onlara gülümsünür, əl edirdim.
Bir neçə gün sonra ayağa qalxıb iki-üç addım yeriməyə başladım. Ürəkbulanması, baş gicəllənməsi və zəiflik olmasına baxmayaraq bunu bacardım. Elə bir xəstəliyim yox idi, sadəcə analiz nəticəsində məndə qan azlığı aşkarlanmış, qanımda natrium artmış, kalium azalmışdı. Bədənimdəki maye bayıra çıxa bilmirdi və ayaqlarım dəhşətli dərəcədə şişib, fil ayaqlarına bənzəyirdi. Sidiyim tünd olurdu, bəzən tünd sarı bəzən də hətta boza çalırdı. Lakin bir həftə sonra mən yeriməyə başladım, adi halda olduğu kimi oldum, çəkmələrimi geyinə bildim, amma iplərini hələ ki bağlaya bilmirdim. Dərim tamam sağalmışdı, amma çiyinlərimdə və kürəyimdə çaplıqlar qalmaqdaydı.
Mən ilk dəfə su kranını açanada şiddətlə axıb gedən suyu görən kimi, keyləşdim, başım fırlandı, ayaqlarım boşaldı və düz tibb bacısının qollarına yıxıldım.
Kanadada ilk dəfə hind restoranında yemək yeyəndə isə özümdən asılı olmayaraq əllə yediyimi aşkarladım. Ofisiant mənə baxıb rişxədlə soruşdu: “Kənddən birbaşa gəlib şəhərə düşmək belə olur?” Rəngim saralıdı. Cəmi bir neçə saniyə əvvəl yeməyin dadına qapılmış barmaqlarım indi sanki o andaca donub qaldı. Sanki cinayətkarı hadisə yerində yaxalamışdılar. Mən heç onları yalaya da bilmədim, salfet götürüb sildim. O balaca uşağa bənzər ofisiant, heç özü də bilmədi ki, məni necə incidib. Onun sözləri qulağımı kəskin iynə kimi dəldi. Bıçaq və çəngəli götürdüm. Amma əvvəllər onlardan heç istifadə etmirdim. Əllərim əsməyə başladı. Sambar (hind yeməyidir – tərc.) bütün dadını itirdi.
Bölüm 2
O Skarboroda yaşayır. Bəstə boylu, cansız bir oğlan idi, boyu 160 sm-dən çox deyildi. Qarasaç, qaragöz, saçlarında ağ tellər vardı. Dərisi yumşaq, qəhvəyi rəngli idi. Bayırda payızdı, amma hava soyuq deyildi, ancaq o papaqlı, xəzli paltar geyinmişdi, biz restorana toplaşırdıq. Onun üzü ifadəliyidi. Əllərini havada yelləyərək, tez-tez danışırdı. Ancaq heç bir boş söz işlətmirdi. Hər şey gələcək haqqında idi.
Bölüm 3
Məni üzgüçülük hovuzunun adı ilə adlandırıblar. Bunun qəribə tərəfi oydu ki, valideynlərim heç üzməyi bilmirdilər. Atamın köhnə ortaqlarından biri də Fransis Adirubasami idi. O ailəmizin mehriban dostlarından biri idi. Mən onu Mamaci adlandırırdım, tamil dilində mama, dayı demək idi, hindcədə ci- şəkilçisi isə hörmət əlaməti olaraq işlədilir. Mamaci mənim doğumumdan çox-çox əvvəllər hələ gənc ikən, bir dəfə Cənubi Hindistan üzrə üzgüçülük yarışında birinci yerə çıxmışdı. Hansısa mənada o ömür boyu ən yaxşı üzgüçü kimi yaşadı. Qardaşım Ravi deyir, kimsə danışırmış ki, Mamaci dünyaya gələndə ağciyərlərindəki suyu heç cür bayıra çıxara bilmirmiş, həkimlər onun həyatını xilas etmək üçün başı aşağı tutaraq tez-tez silkələməli olublar.
–Və bu ona kömək edib! – Ravi əli ilə başına vuraraq əlavə etdi. – O ağciyərindəki suyu nəhayət bayıra çıxarıb, nəfəs almağa başlayıb. Lakin onu xeyli beləcə başı üstə saxlamalı olublar. Elə buna görə onun belə sağlam sinəsi var və ayaqları sanki kibrit çöpləridir.
Mən də inandım. (Ravi hələ də onu ələ salırdı. O ilk dəfə Mamacini “cənab Balıq” adlandıranda, özü də mənim yanımda, çox acıqlandım, onu boğmalayıb yorğanın altına saldım).
Hətta altmış yaşında belə Mamaci bir qədər sınıxmışdı, bədənində uzun illər soyuqlamağın ağır nəticələri hiss olunurdu, o hər səhər üç dəfə Aurobindo məbədindəki hovuzda bu başdan o başa üç dəfə üzsə belə yenə də zəiflədiyi hiss olunurdu.
O bir ara mənim valideynlərimə də üzməyi öyrətmək istəyirdi, amma qumun üstündə məşqlərdən o tərəf gedə bilmədilər. Onlar dizi üstə dayanıb, əllərini yanlara açıb, yellədirdilər, bu isə kənardan çox gülməli görünürdü. Brass-la (üzgüçülük növü) üzəndə sanki meşədə cəngəllikdə ağacdan-ağaca atlanan meymun kimi görünürdülər, sərbəst üzəndə isə dağa dırmaşan və əlləri ilə havanı yaran meymuna bənzəyirdilər. Heç Ravi də onlardan yaxşı üzə bilmdi.
Mamaci mənim növbəmi gözləməli oldu, axır ki, özünə qabiliyyətli bir tələbə tapdı. O gün, (mənim yeddi yaşım tamam olurdu, Mamacinin dediyinə görə üzməyə başlamanın tam vaxtıydı) anamın vay-şivən salmasına baxmayaraq, məni dənizin sahilinə gətirdi, əllərimi yudu və dedi: “Budur, bu da mənim sənə hədiyyəm”.
–Daha sonra o az qalmışdı səni suda batıra, – anam yenə dediyini dedi.
Mən ustadımın ümidlərini doğrultdum. Onun ayıq baxışları altında mən sahildə oturub ayaqlarımı yanlara atır, əllərimlə qumu yarıb irəlliləyir və hər irəli atılışımda başımı sağa və sola çevirib nəfəs alıb-verirdim. Yəqin ki, kənardan suda çabalayan uşaq kimi görünürdüm. Mamaci suda məni əllərinin üzərində suyun səthində saxlayırdı, mən də üzməyə çalşırdım. Bu torpağın üstündə üzməyi məşq etməkdən daha çətin idi. Lakin, Mamacinin səbrinə söz ola bilməzdi, o hər yolla məni dəstəkləyirdi.
O mənim özbaşıma üzə biləcəyimi hiss edəndə, biz dənizin sahil xəttini tərk edib dərinlərə getdik. Bura aşram (indusitlərin dini məbədi – tərc.) məbədinin hovuzuna elə də bənzəmirdi.
Aşrama bütün uşaqlığım boyu, həftədə üç dəfə gedirdim, birinci, üçüncü və beşinci günlər. Ayinlər səhər tezdən başlayırdı, olduqca dəqiq və aralıqsız davam edirdi. Yaxşı yadımdadır, bu qoca düz yanımdaca paltarlarını yavaş-yavaş soyunurdu, axırda onun əynində ancaq xaricdən gətirlimiş dəbdəbəli çimərlik geyimi qalırdı. Qəflətən üzünü çevirib görürdün ki, o tam hazırdır. Onun qəhrəmanlığı və sadəliyi də bundan idi. Üzgüçülük dərslərinin köməyi ilə, mən o həddə çatırdım ki, çoxlu enerji itirirdim amma bunun əvəzində get-gedə daha asanlıqla və mahir, böyük sürətlə üzdüyümü görüb böyük zövq alırdım. Elə anlar olurdu ki, su mənim üçün maye deyil, günəş işığına çevrilidi.
Mən dənizə öz istəyimlə girmişdim, öz sevincimi tapmaq üçün, sahilə vuran qəzəbli dalğalar məni elə cəlb edirdi ki, ayağımın altında kiçik, naxışlı ləpələr dururdu, onlar öz ayaqları ilə gələn məni, balaca hindli oğlanı bir qurban kimi özlərinə dartıb, yanlarına parmaq istəyidilər.
On üç yaşım olanda, Mamaciyə ad günü hədiyyəsi olaraq, üzgüçülük üçün iki “batterflay” hədiyyə etmişdim. Doğrudur, bundan sonra finişə elə halda gəlib çatdım ki, çətinliklə əlimi yelləyə bildim.
Üzməkdən geriyə qalan vaxt ərzində biz yenə də üzgüçülük haqqında danışırdıq. Belə söhbətlər mənim xüsusilə ürəyimcə olurdu. Onun özü üzməkdən bezdikcə artıq başqalarının üzmək haqqında söhbətlərini dinləməyi sevirdi. Üzmək haqqında söhbətlər onun istirahət günlərdinə sevdiyi ən maraqlı mövzu idi, bununla o ancaq işlədiyi zoopark haqqında danışmaqdan az da olsa diqqətini yayındıra bilirdi. Onun üçün begemotsuz su, heyvanın özündən daha maraqlı idi.
Koloniya hakimiyyətinin xeyir-duası və dəstəyi ilə Mamaci bir neçə illiyinə ölkədən kənarda oxumalı oldu. Bu illər onun ən gözəl illəri idi. O dövrlərdə fransızlar Podşineriyə qədər gəlmiş, buranı fransızlaşdırmağa çalışırdılar, Hindistanın yerdə qalan hissəsini isə ingilislər ingilisləşdirirdilər. Heç bilmirdim də Mamaci orada hansı elmi öyrənməyə getmişdi. Deyəsən ticarətin idarə olunmasını oxuyurdu. Ancaq o yaxşı hekayət danışan deyildi, heç düşünməyin ki, o durub bizə elmdən-filan danışdı, xeyr. O nə Eyfel qülləsindən, nə Luvr muzeyindən, nə Yelisey çölündən, nə də dəbdəbəli qədim kafelərdən elə çox söz açmadı, ancaq üzgüçülük haqqında bol-bol üyütdü. O gecə-gündüz hovuzlar və üzgüçülük yarışmaları haqqında düşünürmüş. Misalçün, o bizə “Pisin-Delinin” şəhərindəki ən qədim hovuz haqqında danışdı, bu hovuz 1796-cı ildə, açıq səma altında, Quai d’Orsay sahilinə yaxın tikilmiş və 1900-cu ildə üzgüçülük sahəsində ilk Olimpiada oyunları orada keçilirmişdir. Lakin, Beynəlxalq həvəskar üzgüçülük federasiyası heç bir üzgüçünün hərəkətlərini qiymətləndirməyib, çünki ora lazım olandan beş metr dərin imiş. Oraya suyu Sena çayından, təmizlənməmiş və qızdırılmamış şəkildə vururlarmış. “Su soyuq və kirli idi, – Mamaci xatırlayırdı. – Bütün Parisi dolanan kirli su axırda gəlib bu hovuza tökülürdü. Orda üzən çoxlu insanın hesabına isə su daha da kirli olurdu.
Daha sonra o fransızların öz təmizliyinə heç fikir vermədiyini təsdiqləyən başqa bir fakt tapıb qəflətən mövzunu dəyişdirdi. “Delini”də dəhşətli üfunət vardı. Lakin “Ben-Ruayal”da Senanın başqa bir töküntüsü idi. Ən azından “Delini”də iylənmiş balıqlar üzürdü. Lakin nə deyirsən de, Olimpiya hovuzunun şöhrəti var, biz ordan ölümsüz bir şöhrət qazanırıq. Mamacinin əhvalı birdən dəyişdi, o şənləndi və “Delini” ilə bağlı söhbətini bitirdi.
“Şato-London”, “Ruve”, Vağzalyanı bulvardakı hovuzlar bir az yaxşı idi. Onlar qapalı idi, sərt torpağın üstündə salınmışdı və ilboyu nə vaxt ürəyin istəsə gedə bilərdim. Buralara suyu yaxınlıqdakı fabrikdən vururdular, orda qızdırılmış suyun buxarını motorla borulara vururdular deyə su isti və daha təmiz idi. Amma ora da iyrənc yer idi, daha doğrusu bütün xalqın doluşduğu bir yer idi. “O qədər kirə batmış adam oraya doluşmuşdu ki, sanki meduzaların məkanına düşürdün” – Mamaci bunu deyib güldü. Əvəzində “Eber”, “Ledryu-Rollen” və “Byut-o-Kay” hovuzları inci kimi parıldayırdı, oralarda suyu artezian quyusundan vururdular və ayrı-ayrı bələdiyyələrin öhdəsinə verilmişdi deyə hər yoldan ötən özünü oraya soxa bilməzdi. Həm bunlardan başqa nümunəvi “Turel” hovuzu da vardı ki, bu şəhər olimpiya hovuzu idi, onu 1924-cü ildə ikinci Paris Olimpiya oyunları zamanı açmışdılar. Başqa cürbəcür hovuzlar da vardı. Fəqət, Mamacinin gözündə onların heç birisi “Molitron”la müqayisə edilə bilməzdi. Bu əsl hökmdarlara layiq çarhovuz idi, Parisin həqiqi fəxri, hətta demək olar ki, bütün dünyanın fəxri idi. “Bu hovuzda mübaliğəsiz, tanrılar da girib üzə bilərdilər. “Molitor” un nəzdində Parisin ən yaxşı üzgüçülük klubu fəaliyyət göstərirdi, oradaca yarışlar təşkil olunurdu. Orda iki hovuz vardı, biri qapalı o biri isə açıq, hər ikisi kiçik bir okeanı xatırladırdı. Qapalı hovuzda iki üzgüçülük cığırı vardı, biri uzun məsfələri qət etmək üçün, o birisi qısa məsafələri. Orda su elə təmiz və şəffaf idi ki, doldur səhər özünə kofe qaynat. Hovuzun ətrafında iki təbəqədən ibarət açıq-göy rəngdə paltar soyunmaq yerləri vardı. Yuxarıdan hovuzun içində nəyi istəsən görə bilərdin. Soyunub-geyinmək yerlərinin qapısından cavabdeh kişi, içəri adam keçən kimi qapıya “doludur” yazırdı, o çolaq olsa da, işini yaxşı görürdü, heç kimi acılamırdı. Səs-küy onun bir qulağından girib o birindən çıxırdı. Duşlardan isti və xoş ətirli su axırdı. Hovuzun nəzdində sauna və idman zalı da vardı. Qışda üstüaçıq hovuzu buzda sürüşmə meydançası edirdilər. Onun ətrafında bar da, kafe də, böyük solyari də, hətta bir-iki əsl qumla örtülmüş kiçik çimərlik də yaratmışdılar. Hər bir oturacaq, hər bir stol, hər bir ağac yeni kimi parıldayırdı. Hər şey belə idi, bax beləcə…” Bu Mamacinin susmasından öncə haqqında söz tapıb ağızdolusu danışa bildiyi yeganə hovuz idi: o hovuzu danışıb-danışıb bitirə bilmirdi.
Mamaci yada salıb danışır, atam isə oranın xəyalını qururdu.
Beləliklə mən qardaşım Ravinin doğumundan üç il sonra, ailəmin həqiqətən çatmağa can atdığı sonuncu arzu kimi – Piscine Molitor Patel (Pisccine – fransızca hovuz deməkdir – red.) adlandırıldım.
Bölüm 4
Bizim doğma ölkəmiz artıq yeddi ildir ki, respublika olub, bunun arxasınca daha bir kiçik ərazi də inkişaf etməyə başlayıb. Pondişeri Hind İttifaqına 1 noyabr 1954-cü ildə girib. Ərazi üçün önəmli olan bir hadisə bitməmiş başqası baş verdi. Pondişerinin botanika bağı altındakı torpaqlarının bir hissəsi dərhal Hindistan respublikasının yenicə təşkil etdiyi zooparka verildi, bu biologiya adına atılmış ən müasir və ağıllı bir addım idi.
Zoopark elə böyük idi ki, ərazisi bir neçə hektarla ölçülürdü, belə ki, onun içində gəzmək üçün mütləq qatara minmək lazım idi, lakin mən yaşca böyüdükcə məsafələr mənim üçün kiçilmişdi. İndi mənim üçün o elə kiçikdir ki, başdan-başa yaddaşımda qalıb. İsti, rütubətli bir bucaq təsəvvür edin ki, burada günəş şüaları daim əlvan rənglər yaradır. Orda bütün rənglər canlı və doğma idi. Hara baxırsan bax, orda mühüm ağaclar, kollar, lianlar və müqəddəs fikuslar, hələ meşə bitkisi olan kraliça deloniksi, qırmızı kətan, jakaranda, manqo, çörək ağacı, başqa da adını bilmədiyim amma yanındakı löhvələrdə yazılmış bitkilərlə dolu idi. Hər addımda oturacaqlar qoyulmuşdu. Həmişə skamyalarda kimsə oturur və ya yatırdı, ya da gənc sevgililəri görmək olurdu. Elə bu dəmdə birdən-birə ağacların arasında sənə utancaqlıqla baxan möcüzəvi bir varlıq görürsən – bu zürafədir. Ancaq bu hələ axrıncı sürpriz deyil. Bir an da keçəndə sən meymunların dəlicəsinə bağırtısını eşidə bilərsən. Turniketə yaxınlaşırsan, qəpik-quruş ödəyirsən, irəliləyirsən. Qarşına alçaq bir divar çıxır, görəsən bu alçaq divarın arxasında nə var? Hind kərgədandır. Başını digər yana çevirirsən çətinliklə də olsa böyük bir varlığı sezirsən bu da fildir, əvəzində bataqlığın içində özü üçün sərinləyən begemotu dərhal tanıya bilirsən. Bir sözlə nə qədər uzaqlara baxsan, o qədər canlı görəcəksən. Bu da sənin Zooaləmin!
Podşineriyə gələnə qədər atam Mədrəsdə böyük bir mehmanxananın idarəçisi idi. Lakin, heyvanlara qarşı olan böyük sevgi onu başqa işlə məşğul olmağa, zooparkın direktoru olmağa məcbur etdi. Nə deyəsən, olduqca ağıllı qərar idi, bir də ki, nə fərqi var mehmanxananı idarə edəsən ya zooparkı, oxşar şeylərdir. Sizcə düz demirəm! Bir yandan da, zoopark mehmanxana ilə müqauisədə əməlli-başlı kabusdur. Bir təsəvvür edin, onlara təkcə bir otaq yox, böyük bir pansion verirsən, onların daima qonaqları olur və aralarından çox azı var ki, səs-küylü olmasın. Onların tökdükləri zir-zibili təmizləmək üçün, necə deyəllər özlərinə xas olan eyvanlarına çıxmasını gözləməlisən. Təmizlik isə burada elə də sadə iş deyil, onların əksəriyyəti ürəkləri istədikləri kimi batırırlar. Çoxları heç nəyə baxmayan əyyaşlar kimidilər. Belə ki, onlardan hər biri, ətindən ət kəsirsənmiş kimi qışqırır, böyük ehtirasla, dayanmadan yemək yeyir, daim nədənsə şikayətini ifadə edir, əvəzində xərclik də vermir. Öz aramızdır, onların içində təmiz və səliqəli olanlara da rast gəlmək olur. Belələri də yavaş-yavaş vəhşiliyini göstərir, onlara xidmət edənləri təhqir edir. Siz belə vəhşilərin yaşadığı mehmanxanaya qonaq dəvət etmək istərdiniz? Deməli belə… Podşineri zooparkı Santuşa Patel üçün həm unudulmaz sevinc mənbəyi, həm də daimi baş ağrısına çevrildi. Santuşa Patel bu zooparkın banisi, sahibi, direktoru və əlli nəfərdən ibarət işçinin idarəedicisi, həm də mənim atamdır.
Mənim üçün isə bura yer üzündəki cənnət idi. Mənim ən xoşbəxt xatirələrim bu zooparkla bağılıdır, axı mən burda yaşayıb böyümüşəm. Mən şahzadə kimi yaşamışam. Axı, hansı maxaracinin oğlu belə böyük və möhtəşəm oyun meydançasına sahibdir? Başqa hansı sarayda bu qədər vəhşi heyvan toplanıb. Səhərlər mənim zəngli saatım şirin kükrəməsi idi. Aydındır ki, şirlərin zaman anlayışı isveç saatı kimi deyil, amma hər səhər beşdə, ya da altıda o mütləq kükrəyir, bütün yatanları oyadırdı. Məni səhər yeməyinə bildirçinlər, ağacdələnlər, moluk kakaduları çağırırdı. Səhərlər məni məktəbə təkcə mehriban ana baxışları deyil, həm də su samurları, vahiməli amerikan bizonları və çığır-bağır salan oranqutanlar yola salırdı. Ağacların altı ilə yeriyərkən həmişə başımı əyirdim ki, tovuz quşlarının lələklərinə dəyib onları narahat etməyim. Yarasaların sallandığı ağacların altı həmişə təhlükəsiz olurdu, yeganə təhlükə oydu ki, səhərin alaqaranılığında, qaranlıq budaqların arasında onlar yatmağa çalışırdılar, gərək nə edirsənsə et, səsini çıxartmayasan. Mən yolüstü, adətim üzrə, kiçik suda-quruda yaşan heyvanların yaşadığı hissəyə girirdim, sanki cilalanmış kimi parıldayan qızıl balıqları salamlayırdım, qurbağalara tamaşa edirdim. Onlardan bəzilərinin dərizi zümrüd rəngdə, bəziləri tünd göy rəngli ləkələrlə qarışıq yaşıl rəngdə idi. Bəzən də elə olurdu ki, quşların yanına gedirdim, orada çəhrayı flaminqo, qara durna, əyriburun kazuar ya da gümüşü qumru, alabəzək sığırçın, qırmızıyanaq çığırğan, qarabaş, uzunquyruqlu və yaşıl sinəli tutuquşular olurdu. Fillər, suitilər, böyük pişiklər, ayılar hələ ki gözə dəymir, hələ onların vaxtı deyil, əvəzində əntərlər, makakalar, manqabeylər, hibbonlar, marallar, tapirlər, lamalar, zürafələr və manquslar gün çıxan kimi oyanırdılar. Hər səhər, əsas darvazadan çıxmadan öncə həmişə eyni vaxtda, eyni səhnə ilə qarşılaşırdım, tısbağalardan yaranmış bir pramida, göy qurşağının bütün rənglərini üzündə daşıyan mandrila, müdrük susqunluğu ilə zürafə, əsrarəngiz, sarıya çalan ağzı açıq begemot, ara tutuquşusu, dəvələr və s. məni salamlayırdılar. Bütün bu var-dövlət gözümün qarşısında sayrışırdı, axı mən məktəbə tələsirdim. Ancaq dərsdən sonra, heç bir problemsiz onlarla ilgilənə bilirdim. Fillər mənim cibimdə qoz olub-olmadığını yoxlamaq üçün paltarlarımı qoxlayırdılar, ya da oranqutanlar başımı bitləyirdilər, bir şey tapa bilməyəndə, küsmüş halda çıxıb gedirdilər, mənim başım heç vaxt onların ümidlərini doğrultmurdu.
Məgər, suitilərin sudan çıxmasını və ya havada lələk kimi uçan hörmçəyəbənzər meymunun hərəkətlərini ya da axmaq kimi başını yellədən şirin hərəkətlərinin gözəlliyini təsvir etmək üçün sözlər bəs edərmi. Xeyr, sözlər sadəcə bu gözəllik dənizində batıb, qərq olar. Ən yaxşısı bunu beynində təsvir edəsən, bundan doğrusu yoxdur.
Zooparkda da, təbiətdə olduğu kimi, ən gözəl mənzərələr ya gün batımında, ya da gün çıxanda olur. Bu zamanlarda heyvanların çoxu ayıq olur. Onlar yuxudan oyanıb, yuvalarından çıxıb, özlərini şəlalənin altına vururlar. Bəzəklərini nümayiş etdirirlər. Mahnılar oxuyurlar. Cürbəcür ayinlər göstərirlər. Budur o, saatlarla durub gözləyən tamaşaçının mükafatı. Şəxsən mən, tanrı bilir, nə qədər zamanımı bu tamaşaya sərf etmişəm, bu bizim planetdə ən çətin və çoxtərəfli həyat formasının bir göstərişidir. Bu elə gözəl, elə rəngarəng, elə çox səsli, elə möcüzəvidir ki, sadəcə ağlını itirirsən.
Mən zoopark haqqında, Tanrı haqqında eşitdiyim qədər uydurmalar eşitmişəm. Bəzi heyvanlardan başı çıxmayan xeyirxahlar iddia edirlər ki, heyvanlar ancaq “azad” olduqları yerdə “xoşbəxt” olurlar. Belə insanlar adətən heyvan deyəndə, böyük, vahiməli bir vəhşini təsəvvür edirlər. Bu şir ya da he-part ola bilər (kimin ağlına nə gəlsə). Onlar təsəvvür edirlər ki, vəhşi gözəlçə savannada həyatda qalmaq üçün ov axtarır… daha sonra isə özündən razılıqla tutuduğu ovu mədəsinə ötürür, sonra isə hətta ətrafındakılara da pay saxlayır. Onlar güman edirlər ki, vəhşi qürurlu və nəvazişli baxışlarla öz qanından olanları, öz ailəsini ovuna qonaq edir, daha sonra hamısı birlikdə ağacların budaqları altında yatıb, gün batımının həzzinə qapılırlar. Onlar öz aləmlərində vəhşi heyvanların həyatını, sadəcə gözəl və çox mənalı olaraq düşünürlər. Daha sonra amansız insanlar onları tələyə salır və dar qəfəsdə həbs edirlər. Əlvida tam “xoşbəxtlik”. Bunun üçün də güya bütün vəhşilər ancaq və ancaq “azadlıq” haqqında düşünürlər. Daim azadlığa çıxmaq arzusuyla yanıb tutuşurlar. “Azadlıq”dan məhrum olmuş, uzun müddətlik məhbəs yaşayan heyvanlar sadəcə öz kölgələrinə çevrilirlər, onları ruhu artıq öldürülüb. Bəzi xeyirxahlar bax bunu düşünürlər.
Əslində isə hər şey başqa cürdür.
Təbiətdə heyvanlar məcburiyyətdən hərəkət edirlər, vəhşi çevrədə hər bir canlı dəyişilməz ictimai iyerarxiyaya tabedir, qorxu orda adi şeydir, qidalar isə olduqca qıtdır, gecə və gündüz öz ərazini qorumaq məcburiyyətindəsən və təbii ki, acgöz parazitlər daim sənin bədənində qanını soracaq. Onda belə bir “azadlığın” kimə nə xeyiri var? Ən doğrusu isə budur ki, vəhşi heyvanların nə iradə azadlığı, nə məkan azadlığı, nə zaman azadlığı, nə də bir-birləri ilə münasibətdə azadlıqları var. Nəzəri olaraq, ya da daha sadə bir deyimlə fiziki olaraq, vəhşilər haraya gəldi düşə bilərlər, bunu onların cəmiyyətlərinin qaydaları və növlərinin xassələri tələb edir. Belə şeylər heyvanlarda insanlara nisbətən daha tez-tez olur. İndi hər hansı bir iş adamına denən ki, gəl işini, ailəni, dostlarını, cəmiyyətini at, əlində olan bütün pulu götir, ayağın hara başın da oraya doğru üz tut get! Amma bir məsələ də var ki, insan canlıların ən cəsarətlisi və ağıllısıdır, heyvanlar isə adətən təklikdə özlərini qoruyub, təmin edə bilmirlər, onlar hər şeyi atıb, təkcə yaşaya bilməzlər, buna görə də heyvanları insanlarla müqayisədə daha mühafizəkar hesab etmək olar? Bəli, bəli, elədir ki var: bütün vəhşilər mühavizəkardır, hətta bir az radikaldırlar da. Həyatlar da baş verən azca dəyişikliyə çox ağrılı cavab verirlər. Onlar hər şeyin, günbəgün, aybaay olduğu kimi qalmasını sevirlər. Onlar heç bir gözlənilməzliyi sevmirlər. Məsəlçün götürək onların ərazilərdinə qarşılıqlı münasibətlərini. Hər bir canlının, istər təbiətdə olsun, istərsə zooparkda, öz əraziləri olur ki, bu ərazilərdə bütün münasibətlər şahmat fiqurlarının funksiyaları kimi dəqiq təyin olunub. Eynilə kərtənkələ, ayı və ya maralın ərazisi də şahmat taxtasında filin ərazisi ilə eynidir. Bir sözlə məqsədə çatmaq üçün hər iki modeldə müəyyən qaydalar qoyulub. Təbiətdə vəhşi heyvanlar bir sezondan o birisinə keçərkən həmişə eyni yollarla və eyni səbəblərdən köç edirlər. Zooparkda isə əgər bir heyvan uzun müddət eyni yerdə dayanmırsa deməli burda nə isə problem var. Bu o deməkdir ki, biz hiss etməsək də onun ətrafında nə isə dəyişib və o bundan narahatdır. Ola bilsin qəfəsləri təmizləyən işçi orda su borusunu unudub ya da bir vedrəni ağzıüstə çevirib, heyvan isə bundan çox narahat olur. Ya da onun ərazisində gölməçə yaranıb, bu heyvanı nəyə görəsə qorxudur. Ola bilsin pilləkanın kölgəsi gölməçəyə düşüb. Lakin, bu heyvanlar üçün daha böyük mənaya malikdir, bəzən hətta ən pis halda zooparkın müdirini qorxudan bir xəstəliyə, iştahsızlığa çevirlə bilir. Vetirinar çağırırlar, məlum olur ki, yaxınlıqdakı qəfəsdən leylək köçürüldüyü üçün o biri qəfəsdəki heyvan narahat olub.
Lakin gəlin məsələyə başqa tərəfdən yanaşaq. Tutaq ki, biz başqa adamın evinə soxuluruq, qapını qırırıq, səs-küy salıb qışqırırıq: “Rədd olun burdan! Siz azadsınız! Quş kimi azadsınızı! İtilin burdan! İtilin!” – elə bilirsiniz onlar dərhal dabanlarına tüpürüb, doğma məkanlarını tərk edəcəklər və sevincdən qışqırışacaqlar? Belə bir şey olmayacaq. Quşlar azad deyil. Sizin bayıra atdığınız sakinlər qayıdıb soruşa bilərlər: “Hansı həddlə bizi bayıra atırsan? Bu bizim evimizdir. Şəxsi məkanımızdır. Biz burda birinci ildir yaşamırıq. İndi polis çağıracağıq, axmağın biri axmaq!”
Kim bu məhşur deyimi bilmir: “Qonaqlıqda yaxşıdır, evdə isə lap əladır?” Eyni şeyi vəhşilər də hiss edir. Onlar ərazi canlılarıdır. Onların psixologiyasının mahiyyəti bundan ibarətdir. Ancaq öz sahələrində onlar təbiətdəki əsas funksiyalarını yerinə yetirə bilərlər, bu düşməndən gizlənmək və yeməklə su tapmaqdır. Yaşamaq üçün yararlı olan istənilən məkan, bir zoopark guşəsu, ya da çəpərlənmiş bir yer, bir qəfəs, xəndək, su ilə əhatə olunmuş adacıq, ağıl (cütdırnaqlılar üçün yer), terrarium (ilanlar və başqa sürünənlər üçün yer), volver (quşlara aid yer) və ya akvarium olsun, heyvanların yaşaması üçün mövcud olma yerləridir. Ola bilsin bu yerlər heyvanların təbii yaşayış yerlərinə daha az bənzəyir və insanların öz yaşayışına uyğun qurulub, lakin heyvanlar bir müddət sonra zoopark şəraitinə tamamilə öyrəşirlər. Belə ərazinin onların təbii əraziləri ilə müqayisədə daha kiçik olduğu tamamilə aydındır. Yaşamaq üçün məkan çox böyük olmalıdır, bu heyvanların öz istəklərinə görə deyil, həyati məcburiyyətlərə görədir. Zooparkda isə biz heyvanları özümüz evimizdə məskunlaşdığımız kimi yerləşdiririk. Çalışırıq dar bir məkanda onların böyük məkanda sahib olduqlarının hamısı ilə təmin edək. Halbuki, zamanında bizim də yaşadığımız mağaranın da xeyli uzaqlığından çay axırmış, ov üçün ovun dalınca onlarla kilometr gəzirikmiş, bəzən bir yerdə dayanıb gecələyirikmiş, giləmeyvələr üçün isə daha da uzaqlarla gedirikmiş. Bununla belə, ətraf mühit zəhərli sürünənlər və indikindən daha iri şirlərlə, ilanlarla, qarışqalarla, zəlilərlə dolu imiş. İndi isə “çay” borudan axıb gəlir, bircə krantı burmaqla su əlinin altındadır, elə yatağının yanındaca yuyunmaq, yemək və yaşamaq mümkündür. Belə yaşayış yerini asanlıqla təmizləmək, çəpərə almaq, qorumaq mümkündür. Ev, yığcam məkandır, burda bütün əsas ehtiyaclarımızı ödəyir, həm də bir yerdə rahat və təhlükəsizcə yaşaya bilərik. Zoopark da eynilə insanlarda olduğu kimi, heyvanlar üçün möhkəm, əlverişli yaşayış yeridir, doğrudur orda qızdırıcı soba və hər insanın evində olan başqa bu cür rahatlıqlar yoxdur. Heyvanlar burda onlara lazım olan hər şeyə, gəzinti meydançasına, istirahət üçün tövləyə, yemək və su içmək üçün yerlərə, su deposuna, ayaqyoluna və hər cür başqa rahatlıqlara sahibdir, o bir müddət sonra görür ki, artıq ova çıxmağa ehtiyac yoxdur, axı burda yem öz-özünə başa gəlir, özü də həftədə beş dəfə, bir müddət sonra heyvanlar vəhşi təbiətdə olduqları kimi burada da yaşamağa öyrəşirlər, məsəlçün növlərinin xüsusiyyətlərindən asılı olaraq yaşadığı yerlərin ətrafını sidikləri ilə nişanlayırlar, qoxusuna öyrəşirlər. Yeni yerə köçən heyvan, özünü təqib olunan mülkədar kimi hiss edir, ancaq heç bir halda o özünü dustaq kimi hiss etmir, tam hüquqlu ev sahibi kimi hiss edir. Qapalı yerlərdə bütün heyvanlar özlərini azadlıqda olduqları kimi aparır, hər zaman öz ərazilərini istənilən çağırılmamış qonaqdan qoruya bilir. Subyektiv yanaşsaq, çəpərlənmiş ərazi, heyvanların təbii yaşayış məkanından nə yaxşı nə də pisdir, istər çəpərli ərazi olsun, istərsə də azad məkan olsun, heyvanlar bir şeyi anlayır ki, əgər yaşayış şəraiti belədirsə deməli beləcə də yaşamaq lazımdır, bu onlar üçün sadə bir məntiqi nəticədir, bəbirin dərisindəki ləkələr kimi bu da təbiidir. Hətta kimsə mübahisə edə bilər ki, zopparkda yaşamaq heyvanlar üçün daha ağıllı bir seçimdir, çünki burada toxluq var və düşmənlərdən, parazitlərdən uzaq xoşbəxt bir həyat var, vəhşi təbiətdə isə onları daimi aclıq, gözlənilmədən qarşıya çıxan düşmənlər və parazitlər gözləyir. Özünüz mühakimə edin, hansı daha yaxşıdır, “Riç” mehmanxanasında havayı yaşamaq, bu azmış kimi pulsuz tibbi yardım almaq, yoxsa küçələrdə hamının zəhləsi gedən avara olmaq? Fəqət vəhşilər müqayisə etməyi bacarmırlar. Onlar düşdükləri hər yeri necə var eləcə qəbul edirlər.
Yaxşı zooparkda hər şeyi incəliklərinə qədər düşünürlər, beləliklə əgər heyvan öz ərazisinin girişlərini sidiyi ilə işarələyib: “Kənarda dayan!” – deyirsə, biz bunu anlayırıq və “Harda oturursan otur!” deyərək, bunun üzərinə hətta onlara etibar etdiyimizi göstərmək üçün ərazilərini dəmir barmaqlıqlarla çevrələyirik. Belə sülh diplomatiyası çərçivəsində həm heyvan incimir, həm də biz sakitcə, heç bir qorxu keçirmədən kənarda dayanaraq, bir-birimizə baxırıq.
Ədəbiyyatda heyvanlar haqqında xeyli sayda hekayətlər var ki, qaçıb azadlığa çıxmaq imkanları olub, amma qaçmayıblar, qaçsalar belə mütləq əksəriyyəti geriyə qayıdıblar. Bax məsəlçün şimpanze haqqında bir hekayətdə deyilir ki, bir dəfə necə olursa onun qəfəsinin qapısını bağlamağı unudurlar və qapı öz-özünə açılır. Şimpanze vəlvələyə düşüb, özünü sağa-sola vurur, hətta bir ara özü də çalışır ki, qapını bağlasın bağlaya bilmir. O vaxtadək səs-küy salır ki, axırda zooparkın ziyarətçilərindən biri bunu görür və xidmətçilərdən birini səsləyir. Xidmətçi gəlib qəfəsin qapısını bağladıqdan sonra şimpanze sakitləşir. Avropa zooparklarından birində də buna bənzər bir hadisə baş verib, yenə də qapısı açıq qalan qəfəsdən çıxmış cüyürlər, ziyarətçiləri qorxudaraq özlərini birbaşa, yaxınlıqdakı meşəyə vururlar. Həmin meşədə hələ də vəhşi halda cüyür sürüsü yaşamasına və burada bütün sürü üçün lazımınca yer olmasına baxmayaraq bir müddət sonra cüyürlər tövlələrinə geri qayıdırlar. Başqa bir zooparkda isə işçilərdən biri səhər tezdən əlindəki kürəklə gedirmiş, birdən dumanın içində bir ayı ilə qarşılaşır, dəhşət içində qaçmağa başlayır. Sonra zooparkın digər işçiləri ilə birlikfə ayını axtarırlar, məlum olur ki, ayı öz qəfəsinə qayıdıb. Sadəcə ayı qəfəsindəki ağacların birinə çıxıbmış, budaqlardan biri qırılıb və qəfəsindən kənara düşüb, sonra isə geri qayıdıb.
Bunları deməklə mən heç nəyi sübut etməyə çalışmıram. Heç zooparkları müdafiə də etmirəm. Tanrı xatirinə onların hamısını qapada da bilərsiniz (ümid edək ki, vəhşi təbiətdə qırılıb qurtaran heyvanlar arasından biri kiçik vəhşi adaların birində sağ qalıb nəsli davam etdirəcək). İnsnaların artıq zooparklara maraq göstərmədiyini bilirəm. Eynilə dinə olduğu kimi. O da, o birisi də inşaların beynindəkı azadlıq hissini oyadıb, onları qıcıqlandırır.
Pondişeri zooparkı artıq yoxdur. Heyvanların məskunlaşdığı çuxurlar doldurulub, qəfəslər dağıdılıb. Bu gün onun izlərinin qaldığı tək yer, mənim yaddaşımdır.
Bölüm 5
Adımla bağlı hekayət bununla bitmir. Əgər sənin adın Bobdursa, “O necə yazılır?” deyə heç kim soruşmur. Amma Piscine Molitor Patel olanda hər şey dəyişir.
Bəziləri mənim sinqx olduğumu düşünür və adımın P. Sinqx kimi qəbul edir və təəccüblə niyə başımda əmmamə ilə gəzmədiyimi soruşurlar.
Mən tələbə olanda bir dəfə dostlarımla Monreala getmişdik. Necəsə axşam pizza sifariş etmək mənim öhdəmə düşdü. Dəhşət içərisində düşünürdüm: bax, indi bir fransız da məni ələ salacaq, xəttin o başındakı adam adımı soruşanda dedim:
“Kimsəm Oyam”. Yarım saat keçdi və “Kim Semoyam” adına iki pizza gətirdilər.
Bu müşahidə etdiyim bir həqiqətdir ki, biz qarşımıza çıxan insanların təsiri ilə dəyişib elə oluruq ki, bir müddət sonra heç özümüzü də tanımırıq, adımızı da unuduruq. Məsəlçün götürək, Simona çevrilən Pyotr adını, Levi kimi oxunan Matfeyi, Varfolomey adlandırılan Nafanaila, əvvəl İskariot, sonra İyuda adlandırılan Faddey, sonradan Pavelə çevrilən Savl və.s
İlk “roma qladiatorumla” bir səhər oxuduğum məktəbin həyətində qarşılaşdım, onda cəmi on iki yaşım var idi. Məktəbə yenicə gəlmişdim. Məni görən kimi, onun qalın qafasında bir işıq parıldadı və əli ilə məni işarə edib qışqırdı: Bu da bizim Pissing Pateldir! (fransıca piscine hovuz və ingiliscə pissing işəmək oxşar səslənir – red.)
Bir anın içində bütün sinif gülüşməyə başladı, gülüşlər ancaq sırayla sinfə keçəndə kəsildi. Üzümdə əzici bir kədərlə sinfə hamıdan axırda daxil olan mən oldum.
Uşaqlar qəddar olurlar, bu heç kimə sirr deyil. Elə mən də o qəddarlığın qurbanı olmuşdum. Yeri gəldi-gəlmədi, otağın o başından da olsa qulağım eşidirdi dediklərini: “İşəmək gəlir, mağıl bu gün hər yan təmiz idi!” Yaxud: “Üzünü divara niyə çevirirsən? Yoxsa işəyirsən?”. Mən bunları eşidərkən qulaqardına vurub işimi görürdüm amma səs kəsiləndən sonra ağrısı içimdə qalırdı, içim çox acıyırdı buna görə.
Müəllimlər də məni elə adlandırmağa başlamışdılar. İsti bir gün idi. Səhər tezdən kiçik bir sahə qədər boş olan coğrafiya dərsi, günortaya yaxın Tar (Hindistanda səhra adı) səhrası qədər genişlənmişdi. Elə tarix dərsi də erkən saatlarda canlı görünür, günortaya getdikcə isə yanmış və tozlanmış hala düşür, riyaziyyat dərsi isə əvvəl qayda-qanuna tabe olur, sonra isə xaosa boğulur. Günortadan sonra insanı basan yorğunluqla, boyunlarını və alınlarını burun dəsmalı ilə silən müəllimlər adımın sərinlik və suyla bağlı olduğunu ağıllarına belə gətirmədən məni ələ salmağa davam edirdilər. Çox çətinliklə olsa da onların səslərində nazikləşməni hiss edə bilirdim. Onların dilləri at qamçılayan çapar kimi yorulmuşdu. Adımın ilk hecası olan Pi-ni səlis desələr də, havanın istiliyindən ağızları kömpüklənir, tər onları basır və çətinliklə də olsa sin– kəlməsini işlədə bilirlər. Bunun əvəzinə sidik – demək onlara daha asan gəlirdi və növbəti dəfə adımı çəkmək üçün o qədər enrji sərf etməli olmurdular. Mən əlimi dərsə cavab vemrək üçün qaldıranda, “Sən cavab ver Sidik” ifadəsi ilə qarşılaşırdım. Çox vaxt müəllimlər məni necə çağırdıqlarının fərqində belə olmurdurlar və bəzən istidən ən az müəllimlər qədər əziyyət çəkən tələbələr də buna fikir vermirdi. Nə bir gülüşmə, nə bir lağ eşitməsəm də, təhqir olunduğumu hər zaman hiss edirdim.
Müqəddəs Cozef məktəbindəki son ilimi, Həzərəti Məhəmmədin Məkkədə çəkdiyi zülümlərə bənzədirəm, allah ona rəhmət eləsin. Eynilə onun Mədinəyə Hicrət etməsi kimi mən də qaçıb canımı burdan qurtarmaq üçün yönümü dəyişməyə qərar vermişdim. Müqəddəs Cozef liseyindən sonra Podşineridə ingiliscə təhsil verən özəl Petit Seminariyasına getdim. Qardaşım Ravi də orda oxuyurdu, hər kiçik qardaş kimi mən də hər kəs tərəfindən sevilən böyük qardaşın izi ilə getmək əziyyətini çəkdim. Ravi Petit Seminairiyasında yaşıdları arasında uğurlu bir idmançı, inanılmaz bir bovlinq oyunçusu, güclü bir topçu, şəhərin ən yaxşı kriket (ağacdan dəyənəklə oynanan top oyunu) komandası olan Kapil Devin kapitanı idi.
Mən balıq kimi üzsəm də, heç kim mənə fikir vermirdi, insan təbiəti belə qurulub, dənizkənarı xalqlar yaxşı üzgüçülərə diqqət vermir, eynilə dağ xalqları alpinistlərə fikir vermədiyi kimi. Mənsə heç kimin kölgəsinə gizlənmək fikrində deyildim və “Pissing”-dən başqa istənilən bir ad üçün hər şeyə hazır idim. Hətta “Ravinin qardaşı” adına da hazır idim. Bir sözlə mənim çox yaxşı bir planım vardı.
Mən məktəbə gəldiyim ilk gündən, elə ilk dərsdəcə həmin planı həyata keçirməyə başladım. Mənimlə Müqəddəs Cozef liseyinin başqa tələbələri də oxuyurdular. Dərs bütün məktəblərdə ilk dərs günü necə başlayırsa, həmin qaydalarla yəni şagirdlərin özlərini təqdim etmələri ilə başladı. Biz oturduğumuz sıralara uyğun olaraq özümüzü təqdim etdik.
–Qapathi Kumar.
–Vipin Nat.
–Şamşol Hudxa.
–Piter Carmarac.
Müəllim, qısa və ciddi hərəkətlərlə başını yelləyir və jurnalda hər bir adın qarşısına quş qoyurdu. Mən sanki iynənin üstündə oturmuşdum.
–Acit Ciatson, – məndən dörd sıra aralıdakı uşaq dedi.
–Sampat Saroja, – məndən üç sıra aralıdakı uşaq dedi.
–Stenli Kumar, – məndən iki sıra aralıdakı uşaq dedi.
–Silvestr Navin – düz qarşımdakı uşaq dedi.
Və budur mənim sıram gəldi. Şeytanın qılçını qırmağın vaxtı çatdı. Mədinə məni gözlə gəlirəm. Mən parta arxasından durub özümü lövhəyə çatdırdım. Müəllim ağzını açmağa macal tapmamış, bir parça təbaşir götürüb yazaraq dedim:
Mənim adım
Piscine Molitor Pateldir
Hamının bildiyi
-Mən adımın ilk iki hərfini iki dəfə vurğuladım-−
Pi Patel
Daha dəqiq olmaq üçün isə, altdan yazdım:
p = 3,14
Bunun ardınca böyük bir çevrə çəkib, eynilə həndəsə dərsindəki kimi onun diametrini işarələdim.
Sinifdə sükut hökm sürürdü. Müəllim lövhəyə baxırdı. Mən nəfəsimi içimə çəkib dayanmışdım.
Nəhayət müəllim dilləndi:
– Əla, Pi. Otur. Gələn dəfə cavab vermək istəyəndə, icazə almağı unutma.
Aydındır, ser.
O adımın qarşısına bir quş qoydu. Növbədə olan uşaqlar özlərini təqdim etməyə davam etdilər.
–Mənsur Əhməd.
Mən xilas olmuşdum.
– Qautam Sivarac.
Rahat nəfəs ala bilirdim.
–Arun Annaci.
Yeni dövr yetişdi!
Bu diqqətçəkən tamaşanı hər müəllim üçün ayrıca oynadım. Təkrar, biliyin anasıdır, bu təkcə heyvanlara deyil, insana da aiddir. İki adi adı olan oğlan uşağının arasından sivişib, lövhəyə çıxmağım artıq vərdiş halını almışdı. Bir-iki dəfədən sonra oğlanlar mənimlə birlikdə adımı tələffüz etməyə başlamışdılar. Hər dəfə yeni adımın altından xətt çəkərkən, yerdəki uşaqlardan onu eşitmək elə həyəcanverici idi ki. Yəqin ki, hər orkestr dirijorunun arzusu bu idi ki, onun əl hərəkəti ilə böyük bir qrup idarə olunsun. Bacardığım qədər sürətlə lövhədə yazarkən, yerdəki oğlanlarlardan “Üç! Nöqtə! Bir! Dörd!” pıçıltılarını eşidirdim və mən konsertimi bitirəndə dairəni elə böyük enerjiylə çəkirdim ki, təbaşir parçaları havada uçuşurdu.
Artıq əlimi qaldıranda, mənə hər dəfə fürsət verən müəllimlər o qısa, sehirli, kəliməni deyirdilər. Bu qısa ad çox düşərli oldu, bütün məktəbi bürüdü, hətta Müqəddəs Cozef liseyindən olan o şeytanlar da bu adı öyrəndilər. Belə ki, adımla bağlı tamaşa uğurla işlədi. Nə deyirlərsə desinlər bizim xalq, yaradıcı xalqdır. İki-üç gün sonra Omprakaş adlı oğlan özünü Omeqa adlandırmağa başladı, başqa bir oğlan isə İpsilon, Qamma, Lyamba və Delta adlandırdılar, doğrudur bu uzun müddət davam etmədi. Belə ki, mən Petit Seminairiyadakı ən uzunömürlü yunan oldum. Hətta yerli kriket komandasının kapitanı olan qardaşım da adımı dəstəkləyirmiş. Növbəti həftə qardaşım məni yanına çağırıb dedi:
–Eşitmişəm sənə yeni ləqəb veriblər, bu düzdür?
Mən ağzıma su almış kimi sakitcə dayandım. Çünki bilirdim ki, indicə güləcək. Başqa yolum yox idi.
–Bilmirdim ki, sarı rəng sevdiyin rəngdir.
Sarı? Mən ətrafa boylandım. Onun dediklərini heç kimin eşitməsini istəmirdim, xüsusilə də uşaqların.
–Sən nə demək istəyirsən Ravi? – mən yavaşca pıçıldadım.
–Özünü bilməməzliyə vurma qardaşım. Mənim üçün istənilən ad “İşəmək”dən yaxşıdır. Hətta “Limonlu Pirojki” də ola bilərdi.
Vidalaşanda o üzümə gülümsəyib dedi:
–Niyə qızardın ki?
Sonra çevrilib getdi.
Beləliklə mən bu komaya oxşayan, sanki sürüşüb düşəcək bir damı olan yunan hərfinin altından gizlənə bildim. Bu müqəddəs, irrasional hərf vasitəsilə alimlər yüz illər boyu kainatın sirrlərini öyrənməyə çalışıblar.
Bölüm 6
O möhtəşəm bir aşpaz idi. Lazımından çox qızdırılmış evini ləzzətli yemək qoxuları bürümüşdü. Ədva dolu rəflər əczaxananı xatırladırdı. Soyuducusunu ya da ərzaq dolablarını açanda tanımadığım cürbəcür ərzaq markaları ilə qarşılaşırdım, bəzilərinin heç adlarının belə hansı dildə olduğunu anlamırdım. Bura Hindistandır, amma o qərb mətbəxini elə gözəl bilridi ki. İndiyə qədər yediyim ən ləzzətli və ən ustaca hazırlanmış pendirli makaranonu da o bişirmişdi. Həmçinin tərəvəzli takolarına bütün meksikalılar qibtə edərdi.
Daha bir şeyi gördüm: mətbəxindəki dolabları ağzına kimi dolu idi. Hər dolabın içində, hər siyirmədə, içi dolu konservlər və bankalar görünürdü. Qiyamət gününə yetəcək qədər yemək var idi.
Bölüm 7
Bəxtim gətirmişdi, çünki gəncliyimdə qaranlıq zehnimi işıqlandırmağı bacaran bir neçə qadın və kişi müəllimlə tanış olmaq şansını qazanmışam. Bunlardan biri Tamil Nadu-nun kino aktyorluğu yolunu davam etdirmək istəyən, sonradan fikrini dəyişdirib, Petit Seminairiyaya gəlib biologiya müəllimliyinə girən, fəal kommunist cənab Satiş Kumar idi. Özünə xas qəribə bir görünüşü var idi. Başının ortası keçəl və sivri idi, lakin irəli çıxan, ifadəli çənə sümükləri onu mənim üçün həyatda gördüyüm ən cəlbedici insana çevirmişdi. Dar ombaları iri qarnını bir dağa bənzədirdi, yalnız bir fərqlə dağlar yerlərdən göylərə baş alır, onun qarnı isə yerə sallanırdı. Çubuq kimi nazik ayaqları o dağ boyda qarnı necə saxladığına hələ də təəccüb edirdim, o incə ayaqlar bəzən üzərinə düşən yükdən əyilib, büküləsə də onun bədənini üzərində gəzdirirdi. Kənardan baxanda onun həndəsi bir görünüşü vardı, iki pararlel xətt üzərində dayanan bir böyük və bir kiçik üçbucağı xatırladırdı. Həmçinin üzdən də çopur və qulaqlarından topa ilə cod tüklər çıxmış birisi idi. Lakin mehriban adam idi. Onun gülümsəməsi, üçbucaqşəkilli üzünü tamamilə bürüyürdü.
Cənab Kumar, atesit olduğunu açıqca etiraf edən tanıdığım ilk insan idi. Bunu ilk dəfə sinifdə deyil, zooparka öyrəndim. O hər qəfəsin üstündəki adı oxuyub, qeydlərə diqqət verən məsuliyyətli bir ziyarətçiydi. Ona görə hər bir heyvan məntiqin və mexanikanın gözəl bir nümunəsi, təbiət isə elmin daha geniş bir forması idi. Onun ifrat materialist düşüncəsindən belə çıxırdı ki, iki heyvan cütləşmək istəyəndə genetikanın atası Qreqor Mendelə, təbii seçmə və təkamülə uğramaq istəyəndə Çarlz Darvində müraciət etməliydi. Ya da deyək ki, heyvanların çıxardığı səslər, böyürtü, xorulru, zarıltı, inilti, mələrti, civilti əslində bizim anlamadığımız yad dillər idi. Cənab Kumarın zooparkı gəzməyə gəlməsi, əslində kainatın nəbzini yoxlamaq idi, onun kəskin zəkası hər şeyin yolunda olduğunu təsdiqləyirdi. Daha sonra o bütün elmi hökmlərinin təsdiqini tapıb zooparkı tərk etdi.
Onun üçbucaq şəkilli bədəninin səndələyərək zooparka yaxınlaşmasını ilk dəfə görəndə əvvəlcə yanına yaxınlaşmağa utanmışdım. Bir müəllim olaraq onu nə qədər çox sevdəm də, mənim üçün o biliyin mənbəyi olan hakim, mənsə sadəcə ona tabe olan bir nökər idim. Ondan bir qədər qorxurdum, dayanıb uzaqdan tamaşa edirdim. kərgədanlarla keçilərin yaşadığı hovuzun önündə dayanmışdı. Bu kərgədanla keçi cütlüyü zooparkın əsas görməli eksponatları idi. kərgədanlar adətən öz cütlükləri ilə yaşamağı sevən heyvanlardır, lakin Pik adlı bir dişi kərgədanı alanda, ilk günlər o tənhalıqdan özünə yer tapa bilmirdi, heç yemək də yemirdi. Bu hala son vermək üçün atam bir erkək kərgədan tapmağa çalışırdı, həmin ərəfədə o kərgədan Pikin keçilərlə birlikdə yaşayıb yaşamaya-cağını öyrənməyə qərar verdi. Pik ya keçiləri əzib öldürəcək, ya da onlarla birlikdə yaşamğa alışacaqdı. Belə də oldu, Pik tezliklə keçi sürüsünün ayrılmaz bir üzvünə çevrildi. Sonradan Pik üçün erkək kərgədan Summit gəldi, hətta Summitlə Pik birlikdə hovuzlarına girib palçıq vannası qəbul edərkən belə, keçilər hovuzun ətrafında toplaşırdılar. Bu dostcasına yaşayış ziyarətçilərin diqqətini çəkirdi.
Cənab Kumar başını qaldırıb məni gördü. Gülümsədi və bir əli ilə məni yanına çağırdı.
–Salam, Pi – dedi.
–Salam, ser. Yaxşı ki, zooparka yolunuzu saldınız.
–Mən tez-tez gəlirəm belə yerlərə. Belə desək, bura mənim üçün məbəd kimidir. Maraqlı yerdir… – O çökəkliyi göstərib dedi.
–Əgər bizim siyasətçilər özlərini bu keçilərlə, kərgədanlar kimi apara bilsəydilər, bizim həyatımız rahatlaşardı. Təəssüf ki, bizim baş nazirimizdə kərgədanın ancaq qalın qafası var, o da xoş niyətlə istifadə etmir bunu.
Siyasət haqqında elə bir şey bilmirəm, lakin anamla, atam daim Xanım Qandidən gileylənirdilər, amma mənim elə də vecimə deyildi bu. O nə bu zooparkda, nə də Podşineridə yaşamırdı, bizdən çox uzaqlarda hardasa cənubda bir yerdə yaşayırdı. Lakin yenə də cənab Kumarın sözlərinə uyğun bir şeylər deməli olduğumu düşündüm.
–Bizim xilasımız dindədir. – mən dilləndim. Özümü tanıyandan bəri içimdə din sevgisi var idi.
–Dindədir? – cənab Kumar ürəkdən güldü. – Mən dinə inanmıram. Din qaranlıq deməkdir.
Qaranlıq? Mən özümü itirdim. Amma mənə demişdilər ki, dinlə qaranlıq əks şeylərdir. Din – işıqdır. Bəlkə o bununla məni yoxlayırdı. Bəlkə “din – qaranlıqdır” – deməklə o əslində dərsdə odluğu kimi mənim məntiqimi yoxlayırdı? Məsəlçün o dərsdə deyirdi ki, “məməlilər, yumurtalayır” bu yolla kimin bu fikri yanlış hesab etdiyinə baxırdı. Bu onun əks məntiqi idi.
–Həqiqətin elmin açıqlamasından kənarda, heç bir ağlabatan sübut yoxdur və bizim təcrübələrimizdən kənara çıxıb gözlə görülməyən şeylərə inanmağımıza hansısa əsasımız yoxdur. Əgər aydın bir düşüncəyə, elmi biliklərə sahibsinizsə və kiçik detallara diqqət edirsinizsə, dinin inancdan başqa bir şey olmadığını anlayacaqsınız. Axı Tanrı yoxdur.
Bunları o deyiri? Yoxsa bunlar sonradan tanıdığım bir ateistin sözləri idi. Hər nəysə buna bənzər bir şey idi. Əvvəllər heç vaxt belə şeylər eşitməmişdim.
–Qaranlığa meyl salmaq nəyə lazımdır. Hər şey əlinin altındadır, yetər ki, diqqətlə bax.
O əli ilə Piki göstərirdi. Mən Pikə böyük heyranlıq duysam da, bu kərgədanın işıq mənbəyi olmasına inanmazdım.
O yenidən söhbətə başlayıb, öz fikrini sübuta yetirdi.
–Bəzi insanlar Tanrının 1947-ci ildə ölkəmizin bölünməsi zamanı öldüyünü deyirlər. Ancaq o 1971-ci ilin müharibəsində (3-cü Hindistan-Pakistan müharibəsi nəzərdə tutulur – red.) də ölə bilərdi. Ya da dünən burda, Podşineridə hansısa yetimlər evində ölə bilərdi. Bax belə deyirlər Pi. Mən sənin yaşında olanda poliomielit xəstəliyi üzündən yataqdan dura bilmirdim. Onda hər gün özümdən soruşurdum: “Tanrı hardadır? Harda? Hardadır axı?” O elə də gəlmədi. Məni tanrı yox tibb xilas elədi. Mənim peyğəmbərim ağıldır. O deyir ki, biz saatlar dayandığı kimi, dayanırıq və ölürük. Bir dəfə və həmişəlik. Saat yaxşı işləməyəndə, onu arada bir təmir etmək olar. Nə vaxtsa əlimizdə istehsal üçün hər şey olanda onda yer üzünə ədalət gələcək.
Mənim üçün bunlar artıq idi, lap çox idi. O düz deyirdi, dostcasına, səbrlə, lakin onun sözləri məni sakitləşdirmirdi. Məs sadəcə susurdum, ancaq cənab Kumarı incitməkdən qorxduğum üçün yox, sadəcə bir-iki yalan-yanlış söz deyib, sonra onun mənim içimdə ən dəyərli olan şeyi darmadağın edə biləcək cavablar verməsindən qorxurdum. Birdən onun sözlərindən mən də polimielitə düçar oldum? Birdən bu xəstəlik elə insanın içindəki Tanrını öldürə bilən xəstəlik oldu?
O gəmi göyərtəsində hərəkət edən dənizçi kimi yırğalana-yırğalana çıxıb getdi, ancaq ayağının altında möhkəm torpaq var idi.
–İkinci gün yoxlama yazı var yaddan çıxarma. Üç tam yüzdə on dörd !
–Yaxşı, cənab Kumar.
O mənim Petit Seminairiyada ən sevdiyim müəllim idi və Toronto univerisitetində zoologiya təhsili almağımın tək səbəbi idi. Lakin onunla aramızda başqa hansısa bağ da olduğunu hiss edirdim. Bunlar ateistlərin sanki başqa bir dinə inanan bacılarım və qardaşlarım olması ilə bağlı hissiyyatım idi. Onlar da mənim kimi nəyəsə inanır, ağlın göstərdiyi bir işığa doğru gedir.
Səmimi olacağam. Mənim zəhləm gedən ateistlər deyil, aqnostiklər idi. Axı şübhə həmişə yaxşı şey olub, düzdür heç də hər şeyə kömək olmur. Bizim hamımız Qefsiman bağından keçməliyik. Bir halda ki, İsa Məsih özü də şübhə hissləri keçirib, deməli biz də keçirməliyik. Bir halda ki, Məsih son gecəsini dua edərək keçirib və çarmıxa çəkilərkən, “Ey mənim Tanrım, ey mənim Tanrım! Axı niyə məni tərk elədin?” deyərək, ömür boyu uğrunda mübarizə apardığı şeyə şübhə edib. Onun üçün də öz yolumuzla irəliləməliyik. Lakin, şübhəni bir həyat prinsipi seçsək, onda yerimizdə dayanaraq, hərəkət etməyi gözləməliyik.
Bölüm 8
Biz zooloqlar adətən deyirik ki, zooparkdakı ən təhlükəli vəhşi elə İnsan özüdür. Ümumi mənada, bunu deməklə növümüzün acgöz talançılığını, palnetimizi bir ov meydanına çevirməsini çatdırmağa çalışırıq. Daha təfərrüatlı danışsaq, su samurlarını ucuna balıq taxılmış tilovlarlarla, ayıları ülgüclərlə, filləri içinə mismar doldurulmuş almalarla və əllərinə düşən min cür alətlə yemləyən insanları yada salmalıyıq. Heyvanların qarnından nələr çıxmır, karandaşlar, düymələr, yapışdırıcı lentlər, daraqlar, çay qaşıqları, nallar, şüşə qırıqları, üzüklər, saç sancaqları və hər cür bəzək əşyaları (təkcə ucuz plastik deyil, qızıldan üzüklərə də rast gəlinir), çubuqlar, plastik çəngəl-qaşıqlar, tenis topları və sair. Yad maddələrdən yeyib, zəhərlənərək ölmüş heyvanlardan, qorillaları, bizonları, leyləkləri, üç barmaqlı dəvə quşlarını, aslanları, ayıları, dəvələri, filləri, meymunları, hər cür geyikləri, cürbəcür cütdırnaqlı heyvanları və kiçik quşları saya bilərəm. Zoopark işçiləri arasında Qoliafın ölümü məhşurdur, Qoliaf iki tonluq heybətli bir dəniz filiydi, Avropa zooparklarının ulduzu, bütün ziyarətçilərin sevimlisiydi. Kimsə ona qırılmış bir pivə butulkası yedirtmiş, o da daxili qanaxmadan dünyasını dəyişmişdi.
Bəzən bu vəhşiliklər daha dəhşətli və tükürpədici olur. Tarix zooparklarda işgəncədən öldürülmüş heyvanlar haqqında sənədlərlə doludur. Məsəlçün, dimdiyi çəkiclə əzildikdən sonra şok keçirib ölən hüt-hüt quşu, bir ziyarətçinin bıçaqla saqqalını və dərisindən barmaq qədər kəsdiyi amerikan maralı (həmin maral altı aydan sonra zəhərlənmədən dünyasını dəyişdi), fındıq uzadıb verilməyən bir meymun hər dəfə əlini uzadarkən, axırda yıxılıb qolu qırıldı, başqa bir maralın çəngəlşəkilli buynuzu mişarla kəsildi, ziyarətçilər tərəfindən şişlənən zebra ya da çəliklərlə, çətirlərlə, saç sancağı ilə, cib bıçağıyla, hörgü milləri ilə, gözünə ya da cinsiyyət orqanına zərər vurulan minlərlə belə heyvan məlumdur. Heyvanları zəhərləyənləri heç yada da salmıram. Hətta daha qəribə, məntiqsiz hadisələr də eşitmişəm, məsəlçün meymunların, atların, quşların qarşısına keçib özü-özünü boşaldan cinsi sapıklar, ilanın başını kəsən dindarlar, bir kanada maralının ağzına işəyən dəlilər haqqında eşitmişəm.
Pondişeridə biz qismən şanslıydıq. Avropa və Amerikadakı zooparklara dadanan sadistlərdən qoruna bilirdik. Amma yenə də bir dəfə bizim zooparkdan da bir braziliya aqutimiz (aquti – Cənubi Amerikada və Hindistan adalarında yaşayan dovşana bənzər gəmirici heyvandır) yoxa çıxdı. Atam kiminsə onu oğurlayıb yemək istədiyindən şübhələnirdi. Bizim zooparkda da çoxlu sayda quşlar; tovuz quşları, papuqaylar, fazanlar insanların gözəllik aclığı ucbatından tüklərini itirmişdi. Bir dəfə də əli bıçaqlı bir dəlini asiya maralımızın damına girərkən tutmuşduq, dəli bu hərəkətini belə əsaslandırmışdı ki, şər Ravananı cəzalandıracaqmış (“Ramayana”da Sitanın arvadı Ramanı oğurladıqdan sonra, marala çevrilən mənfi obraz). Bir nəfər də kobra ilanını oğurlamaq üzərykən tutulmuşdu. Öz ilanı ölmüş bir musiqiçi idi, kobranı öyrədib oynadacaqmış. Belə baxanda hər ikisinin canı qurtarmışdı, kobra köləlik və ürəkbulandırıcı musiqinin sədaları altında oynamaqdan, adam isə zəhərli ilan sancmasından. Bəzən də heyvanların sakitcə uzandığını görüb, onlara daş atan axmaqlarla əlləşməli olurduq. Sonra sarisi (sari – Hindistan və Pakistanda uzun qadın geyimidir – red.) şir tərəfindən qapılan qadını xatırlayıram. Ən maraqlısı da odur ki, qadın buna bilərəkdən şərait yaradıbmış, deməli, əvvəl əlini qəfəsin içinə salıb şiri yemləyib, daha sonra isə bilinməyən bir səbədən paltarının ətəyini şirə uzadıb, şir də onu qapıb. Qadın yaralanmamışdı, hər fürsətdə qəhrəmanlıq etməyə hazır olan kişilər bir anda toplaşıb onu xilas etmişdilər. Qadın bunun səbəbini atama izah edəndə isə belə demişdi: “Pambıqdan tikilmiş sarini yemək istəyən şiri təsəvvür edə bilməzdim, elə bilirdim şirlər ətyeyəndir”. Ən böyük baş ağrıları isə heyvanlara yemək atan ziyarətçilərdir. Biz hər şeyi nəzarətdə saxlamağa çalışsaq da, yenə də zooparkda ziyarətçi çox olduğu günlərdə, bizim veterinarımız həkim Atal həzm sistemində problem yaranan, çoxlu heyvanlar aşkarlayırdı. O, artıq miqdarda zülalın ən çox da şəkərin təsirindən yaranan enternit və qastrit xəstəliklərini “mezeonit” adlandırırdı. İnsanların şirniyyata belə düşkünlüyü təəssüf doğurur. İnsanlar heyvanların hər cür qidanı qəbul edərək, bununla belə sağlamlıqlarına zərər gəlməyəcəyinə arxayındır, amma əslində elə deyil. Tənbəl heyvanlarımızdan biri, özünü xeyirxah sanan bir ziyarətçi tərəfindən verilən iylənmiş balığı yedikdən sonra, ağır xəstələnmiş və mədə qanaması keçirmişdi.
Atam zooparkdakı kassanın düz yanındakı divara, parlaq, qırmızı hərflərlə belə yazmışdı: BİLİRSİNİZ ZOOPARKDA ƏN TƏHLÜKƏLİ HEYVAN HANSIDIR? Yazıdan sonra qısa bir ox bir pərdəyə istiqamətlənirdi, pərdəni çəkdikdən sonra qarşınıza bir güzgü çıxırdı.
Mənsə öz növbəmdə, atamın bizdən daha təhlükəli hesab etdiyi bir heyvanı nəzərdə tutduğunu bilirdim, özü də bu heyvan geniş yayılmış bir heyvan idi, hər qitədə, hər cür şəraitdə sıx-sıx rast gəlinən bir növ idi: bu güclü və qəzəbli Animalus anthropomorphicus-dur, daha doğrusu insan təsəvvüründə olan bir heyvan. Biz hər birimiz, ən azından bir dəfə onu görmüşük və bəzən də evimizdə saxlamışıq. Bunlar ən “sevimli”, “ən şirin”, “ən sadiq”, “ən şən”, “ən analyışlı”, heyvanlardır. Belə heyvanlar bütün oyuncaq mağazalarında və uşaqlar üçün olan heyvanxanalarda gözümüzə dəyir. Onlarla bağlı çoxlu sayda hekayələr danışılır! Onlar haqqında bəhs etdiyimiz o çılğın insanları əsəbləşdirib, əsa və çətirlərilə hücum etdirən o “dağıdıcı”, “qana susamış”, “quduz” heyavanların zərərsiz surətləridir. Hər iki halda da heyvanlara baxıb, sanki güzgüdə özümüzü görürük. İnsanı yaranmış bütün canlıların mərkəzi hesab etmək yanılması, təkcə ilahiyyatçıların deyil, zooloqların da qorxulu röyasıdır.
Heyvanın əslində, bizim içimizdə var olan başqa bir heyvanla eyni olduğunun fərqinə iki dəfə vardım, bir dəfə atamın köməyilə, bir dəfə Riçard Parkerin.
Bir bazar günü səhəriydi, səssizcə, özbaşına oyun oynayırdım. Atam məni yanına çağırdı.
–Uşaqlar bura gəlin.
Nəsə baş vermişdi. Onun səsi beynimdə həyəcan siqnalı kimi, əks olundu. Mən həyəcanla, bu gün nə isə dəcəllik edibetmədiyimi düşündüm. Bəlkə Ravi nə isə bir iş qarışdırmışdı? Mən öz-özümə düşünüb, çıxartmağa çalışırdım ki, görəsən bu dəfə nə baş verib? Qonaq otağına keçdim. Anam orda idi. Ravi, şuluqluq eləmiş kimi, kədərli halda oturmuşdu.
–Ravi! Piscine! Bu gün sizə çox vacib bir məsələdən söhbət açacam.
–Məgər bu elə vacibdir? – anam onun sözünü kəsdi və qızardı.
Mənim udqundum. Bir halda ki, həmişə çox səbirli və sakit olan anam da həyəcanlanmış, hətta əsəbləşmişdi, deməli həqiqətn də işlər fırıqdır. Biz Ravi ilə bir-birimizə baxdıq.
–Elədir ki var, – atam narahat halda dilləndi. – Bəlkə nə vaxtsa bu onların həyatını xilas edəcək.
Həyatını xilas edəcək! Artıq beynimdə kiçik zənglər deyil, bizimlə qonşuluqdakı “Müqəddəs Ürək” kilsəsinin böyük zəngləri çalınırdı.
–Bəs Piscinin bura nə dəxli var? O ki, cəmi səkkiz yaşındadır! – anam özünü saxlaya bilməyib dedi.
–O məni daha çox narahat edir.
–Mən heç nə etməmişəm, – dilləndim. – Yəqin Ravi nə isə qarışdırıb! Həmişə belədir.
–Nə? – Ravi etiraz etdi. – Mən heç nə eləməmişəm. – Sonra qəzəblə mənə tərəf baxdı.
–Sakit olun! – atam əlini havaya qaldırıb dedi. Çevrilib anama baxdı. – Gita axı sən özün Piscini .... görübsən. Onun yaşındakı uşaqlar hara əl atırlarsa atsınlar, bircə ora burunlarını soxmurlar.
Mən? Görəsən yenə harada, nə eləmişəm? Daha burnumu soxmadığım hara var? Yox, yox bu mən deyiləm, anacan, məni xilas et, – deyə, içimdən bir səs qışqırırdı. Anam isə sanki razılıq əlaməti olaraq təkcə tövşüyüb, başını yelləyirdi. Neylək, nə qədər qorxulu olursa-olsun, başa gələni çəkmək lazımdır.
–Gəlin gedək, – atam bizi çağırdı.
Biz ard-arda yola düşüb getdik.
Evdən çıxıb, darvazadan zooparka daxil olduq. Hələ erkən olduğundan, zoopark ziyarətçilər üçün açılmamışdı. Xidmətçilər və təmizlikçilər öz işləri ilə məşğul idilər. Mən ən çox sevdiyim heyvan xidməçisi Sitaranı oranqutanın qəfəsinin yanında gördüm. O işindən ayrılıb, başını qaldırıb bizə baxdı. Biz quşların, ayının, böyük və balaca meymunların, cütdırnaqlıların, terrariumun, kərgədanın, fillərin və zürafənin yanından keçib getdik.
Böyük vəhşi pişiklər olan, şirlər, pələnglər və bəbirlərə yaxınlaşdıq. Onlara baxan Babu artıq bizi gözləyirdi. Biz cığırla bir qədər də irəlilədik və o pişiklərin damının qapısnı açdıq. İçəri daxil olduq. Bu böyük, qaranlıq, beton mağara idi, dairəvi, isti və nəmli idi, hər tərəfdən pişik sidiyinin iyi gəlirdi. İçəridə hər tərəfdə qalın, yaşıl, polad məftillərlər hörülmüş böyük qəfəslər var idi. Şüşə damdan içəriyə günəş işığı süzülürdü. Dəmir qapıdan isə ətrafı su ilə əhatə olunmuş, kiçik yaşıl adacıq görünürdü. Qəfəslərin qapıları bağlı idi, təkcə birindən başqa ki, orda bizim qocamanan benqal pələngimiz olan 550 fut ağırlıqlı Maxişa saxlanılırdı. Lakin biz içəri keçən kimi o ayağa durub iri, bulanıq gözlərini Babuya zilləyərək bir ağız kükrədi. Bunun ardınca bütün pişik damları titrədi. Mənimsə dizlərim titrədi, anama qısıldım. O da titrəyirdi. Atam və qardaşım da qorxmuş kimiydilər, ancaq bunu bəlli etmirdilər. Təkcə Babu heyvanın bu heybətli görünüşü və bizə göstərdiyi hədələyici kükrəməsi qarşısında heç tükünü də tərpətmədən, sakitcə yerində dayanmışdı. O dəmir şəbəkənin möhkəmliyinə arxalanırdı. Maxişa qəfəsində o tərəf bu tərəfə var-gəl edirdi. Atam bizə tərəf çevrildi.
–Bu hansı heyvandır?– O Maxişanın kükrəməsindən təsirlənib qışqırdı.
–Pələngdir, – biz Ravi ilə birlikdə baş verənləri görüb, bir ağızdan cavab verdik.
–Pələnglər təhlükəlidir?
–Bəli ata, təhlükəlidir.
–Pələnglər çox təhlükəlidir, – atam təsdiq etdi.– İstəyirəm biləsiniz: heç vaxt, heç bir vəchlə pələnglərə toxunmayın, onlarla oynamayın, əlinizi qəfəslərinə salmayın, heç yaxınlarına da getməyin. Aydındır Ravi?
Ravi başını yellədi.
–Pisin?
Mən daha möhkəm başımı yellədim.
Atam gözünü məndən çəkmirdi.
Mən başımı elə möhkəm yelləyirdim ki, az qala başın qopub döşəməyə düşsün. Öz müdafiəm üçün deməliyəm ki, bəzən beynimdə heyvanları insanlaşdırır, onlarla təmiz ingiliscə danışırdım. Qırqovullar axıcı bir britaniya ləhcəsi ilə onlara soyuq çay verilməməsindən şikayətlənir, əntər meymunları isə özlərindən razılıqla eynilə amerikan qanqsterləri kimi oturub bank yarmaqla bağlı fikirlərini danışırdılar, – bunlar mənim fantaziyalarım idi, fantaziya qurmaq bacarığım çox yüksək idi. Düşüncəmdə mən vəhşi heyvanlara asanlıqla ev xalatı geyindirərək bəzəyə bilirdim, lakin bununla belə onların təbiətini və mənimlə oynaya biləcəyi oyunları yaddan çıxartmırdım. Burnunu hər işə soxan bir uşaq kimi, bundan da çox-çox diqqətli idim. Bəs onda niyə, atam kiçik oğlunun vəhşi heyvanların qəfəsinə girə biləcəyini düşünürdü. Bu qəribə həyəcanın hardan gəldiyini bilmirdim (atam isə hər mövzuda həyəcana qapılırdı), amma o həmin səhər öz qorxusunun öhdəsindən gəlib axırına çatmaq istəyirdi.
–İndi sizə pələnglərin necə təhlükəli olduğunu göstərəcəm, – o yenidən söhbətə başladı. Və bu dərsi ömür boyu yadda saxlayın.
O, Babuya tərəf çevrilib başını yellədi. Babu harasa getdi. Maxişa onu gözləri ilə izlədi və o bayıra çıxanacan gözlərini ondan çəkmədi. Bir müddət sonra Babu ayaqları bağlanmış bir keçi ilə birlikdə qayıtdı. Anam arxadan bərk-bərk atama sarıldı, Maxişanın kükrəməsi get-gedə daha da dərinlərdən gəlməyə başladı.
Babu kilidi açdı, Pələngin olduğu qəfəsə bitişik qəfəsin qapısından içəri daxil oldu. İndi onlar təkcə qapağa bənzər bir qapı və dəmir barmaqlıqlar ayırırdı. Maxişa dərhal pəncələri ilə şəbəkənin üstünü cırmaqlamağa başladı. Artıq xırıltılı səsi, uca və qorxuducu nəriltiyə çevrilmişdi. Babu keçini yerə qoydu, heyvanın sinəsi sürətlə enib qalxırdı. Dili ağzından çölə çıxmış və gözləri çəmbərinə sığışmırdı. Babu keçinin ayaqlarını açdı, keçi bir anda ayağa qalxdı. Babu içəri girdiyi qədər də diqqətlə qəfəsdən bayıra çıxdı. Qəfəs iki mərtəbəliydi, birinci mərtəbə bizimlə eyni səviyyədə, ikincisi bizdən bir metr yüksəklikdə idi. Keçi dərhal ikinci mərtəbəyə doğru dırmandı. Maxışa Babudan diqqətini çəkib sakitcə ovunu izləməyə başladı, lakin səbirsizliyi də üzündən sezilirdi.
Babu qəfəslərin arasındakı qapağı qaldırdı, onu yavaşca açmağa başladı. Maxişa bir az sonra baş verəcəklərdən xoşbəxt olub səssizləşdi. O anda iki şey eşitdim: Bir atamın sərt baxışları ilə bizə “bu dərsi heç vaxt unutmayın” – deyişini və keçinin ara vermədən mələyişini. Bəlkə o bundan əvvəl də bu cür mələmişdi, sadəcə biz fikir verməmişdik.
Mən anamın əlini sürətlə döyünən ürəyimin üstündə hiss etdim. Dəmir qapağın cırıltıları gəlirdi, Maxişa dəmir qapağın arxasından sıçramağa hazılaşırmış kimi görünürdü. O ovunu ən yaxın amma başqa mərtəbədə olduğunu bilməklə qapağın arxasından hərəkətə keçməyə can atırdı. Qamətini düzəldib yenidən kükrədi.
Keçi tullanmağa başladı o inanılmaz hündürlüklərə atılırdı. Keçilərin belə qabiliyyətinin olduğunu heç vaxt ağlıma gətirə bilməzdim. Lakin qəfəsin arxasında, sürüşkən beton divar var idi.
Bir anda qapaq tam açıldı və keçi mələməsi ilə onun ayaqlarının divara dəyərək yaratdığı şaqqıltılardan başqa heç nə eşidilmədi.
Sanki qəfəslər arasında alovlu-qara bir şimşək çaxdı.
Adətən vəhşi təbitədəki yaşayışa uyğunlaşdırmaq üçün, pişikkimilərə həftənin bir günü yemək vermirdilər. Sonradan atamın Maxişanı üç gün ərzində yemləməmələrini əmr etdiyini öyrəndik.
Qanı anamın qollarına sarılandan əvvəlmi, sonramı gördüyümü indi xatılrmıram, amma yaddaşımdı böyük bir qan fışqırmasının qaldığını bu dəqiqə də xatırlayıram. gördüklərim otyeyən bir canlını qorxutmağa bəs edərdi. Anam bizi bərk-bərk qucaqladı. Dəli kimi olmuşduq, anamsa əsəbləşmişdi.
–Santuş, buna necə əlin gəldi? Axı onlar uşaqdılar! Sən onları ömürlük qorxutdun!
Anamın səsi həyəcanlı və titrək idi, gözlərindəki yaşları sezmək olurdu, bunu görmək məni bir az rahatladırdı.
–Gita, bülbülüm mənim, bu onların yaxşılığı üçündür. Bəs günlərin bir günündə Piscine pələngin narıncı rəngli dərisini sığallamaq üçün əlini qəfəsə soxsaydı necə olacaqdı? Onun yerinə keçinin parçalanması daha yaxşı olmadımı?
Atamın səsi yumşalmışdı, sanki pıçıldayırdı, peşmanlığı hiss olunurdu. İndiyədək heç vaxt anama bizim yanımızda “bülbülüm” deməmişdi.
Biz anama qısılıb durmuşduq, atam da onu qucaqladı. Lakin dərsimiz bununla bitmirdi, doğrudur bundan daha qəddar bir şey görmədik daha.
Atam bizi şirlərin və bəbirlərin yanına apardı.
–Bir zamanlar Avstraliyada karatedə qara kəmər sahibi olan bir başdanxarab yaşayırmış. Şirlərlə bacaracağını düşünüb, amma məğlub olub. Bax axmaq belə olur! Sonra heyvan qulluqçuları onun baş-ayağını tapıblar.
–Yaxşı, ata.
İndi isə Himalay ayılarnın və tənbəl ayıların yanında idik.
–Bu sığallanmalı, şirin heyvanlar bircə zərbələri ilə daxili orqanlarımız bayıra tökülə bilər.
–Yaxşı, ata.
Begemotlar.
–O yumşaq, gülməli ağızları ilə sizi qan xəmirinə çevirə bilərlər. Quruda isə sizdən iki dəfə sürətlə qaçırlar.
–Yaxşı, ata.
Kaftarlar.
–Təbiətdəki ən güclü çənələrə sahibdirlər. Elə bilməyin ki, kaftarlar qorxaqdır və yalnız leşlə qidalanırlar. Boş söhbətdir! Onlar sizi heç uf demədən, diri-diri də yeyə bilərlər.
–Yaxşı, ata.
Oranqutanlar.
–Bunların biri on adam gücündədir. Həm də sümükləri kibrit çöpü kimi qırırlar. Bəzilərini hələ balaca olanda tanıdığınızı bilirəm, lakin onlar indi yetişmiş vəhşilərdilər və zarafat qanmırlar.
–Yaxşı, ata.
Dəvə quşular.
–İlk baxışdan, ora-bura qaçan axmaq kimi görünürlər, hə? Amma bu dəvəquşular, zooparkdakı ən təhlükəli heyvanlardan biridir. Bir dimdik zərbəsi ilə boynunuzu qırar, yaxud qabırğalarınızı əzə bilərlər.
–Yaxşı, ata.
Hind maralı.
–Necə də gözəl görünürlər, elə deyil? Əgər erkəyini çox əsəbləşdirsəniz, bu kiçicik buynuzu ilə bədəninizi xəncər kimi dəlik-deşik edərlər.
–Yaxşı, ata.
Təkhörgüclü dəvə.
–Bircə tüpürcəkli dişləklə ətinizin böyük bir parçasını qoparda bilər.
–Yaxşı, ata.
Qara qu quşu.
–Dimdikləri ilə kəllənizi deşər, qanadları ilə isə qollarınızı qıra bilər.
–Yaxşı, ata.
Kiçicik quşlar.
–Dimdikləri ilə barmaqlarınızı biskivit kimi deşib yeyə bilərlər.
–Yaxşı, ata.
Fillər.
–Ən təhlükəli vəhşilərdir. Zooparklarda ziyarətçi və heyvan baxıcları ölümünün ən əsas səbəbi bu heyvanlardır. Gənc yaşlarında olan bir fil, qollarınızı və ayaqlarınızı asanlıqla qoparar , bədəninizi slindir kimi ayağı altına salıb əzə bilər. Belə bir hadisə Avropada bir zooparkda baş verib, kiçik pəncərədən filin damına girən yazıq bir adamın taleyi məhz belə olmuşdu. Daha yaşlı və səbirli bir heyvan olsa sizi divara qısar ya da üstünüzdə oturar. Danışanda adama gülməli gəlir, amma bu mövzuda düşünmək lazımdır!
–Yaxşı, ata.
–Keçərkən heç yanlarında durmadığımız heyvanlar da var. Ancaq onların təhlükəsiz olduqlarını düşünməyin. Hətta kiçik heyvanlar da özlərini müdafiə etməli olurlar. İstənilən vəhşi heyvan amansız və təhlükəlidir. Ola bilsin o sizi öldürməyəcək amma şikəst qoya biləcək. Onlar cırmaqlayır, dişləyirlər və birdən iltihablı bir şiş bədəninizdə baş qaldırır, hərarətiniz qalxır, xətəxanada yatmalı olursunuz.
–Yaxşı, ata.
Biz dəniz donuzlarının yanına gəldik, atam dünnəndən bəri onları da Maxişa kimi pəhriz saxlamağa məcbur etmişdi. Atam onların qəfəsini açdı, cibindən yemlə dolu qutu çıxarıb döşəməyə tökdü.
–Bu dəniz donuzlarını görürsünüz?
Bəli, ata.
Yazıq heyvancıqlar qarğıdalı dənələrini görən kimi, aclıqdan titrəyirdilər.
–Belə, belə… Atam dəniz donuzlarına doğru əyilib onlardan birini ovucuna aldı. -Təhlükəli deyillər.
Bu anda digər dəniz donuzları da ətrafa dağıldılar.
Atam güldü. İncə səslər çıxaran bu şirin heyvanlardan birini mənə doğru uzatdı, görünür bu günki dərsi xoş notlarla tamamlamaq istəyirdi.
Dəniz donuzu qollarımın arasında həyəcan içində idi. Hələ çox kiçik idi. Qəfəsə doğru gedib, onu diqqətlə yerə buraxdım, dərhal anasının yanına qaçdı. Bu dəniz donuzlarının vəhşi olmamalarının yeganə səbəbi (onlar nəinki dişləmir, heç cırmaqlamırdılar da) əhliləşdirilimiş olmalarıydı. Əks halda vəhşi dəniz donuzu çılpaq əllə tutmaq bıçağı ən iti yerindən tutmaq kimi bir şeydir.
Dərsimiz qurtardı. Ravi ilə mən isə qaşqabağımızı salladıq və bir həftə boyunca atamızdan küsülü qaldır. Anam da ondan incimişdi. Begemotların hovuzunun yanından keçəndə üzlərindən sevimli dostları olan keçilərdən birini itirdiklərinin kədərini hiss etdim.
Fəqət insan atasını sevirsə, ona qarşı necə gələ bilər ki? Həyat davam edir, sənsə az qala pələngləri heç vecinə də almırsan. Bu azmış kimi, hələ Ravini etmədiyi bir işə görə günahlandırmışdım. O isə öz-özlüyündə deyirdi: “Yaxşı, qoy bir fürsət düşsün, növbəti keçi sən olacaqsan!”
Bölüm 9
Heyvanları insanlara öyrətmək zoopark idarə etmə sənətinin və elminin əsasıdır. Əsas məqsəd heyvanla arandakı məsafəni minimuma endirə bilməkdir. Vəhşi təbiətdə bir flaminqonun üç yüz metr uzaqlığında dayansan narahat olmaz, amma bu məsafəni kiçiltdikcə narahat olmağa başlayar. Bu məsafəni pozanda o uçub üç yüz metr uzaqlıqda dayanmağa başlayacaq, siz onun arxasınca qaçıb yorulanadək, bu oyun davam edəcək. Hər bir heyvanın özünə məxsuz məsafə anlayışı var və hər birisi bunu özünəməxsus şəkildə ölçür. Pişiklər baxıb tamaşa edir, ceyranlar qulaq asır, ayılar havanın qoxusunu içinə çəkir. Məsəlçün maşının içində zürafəyə 30 metrə qədər yaxınlaşa bilərsiniz, amma piyada olaraq 150 metrə qədər uzaqlıqdan sizi görüb qaçmağa başlayacaq. Xərçənglər on metr uzaqlıqdan qaçmağa başlayır, şimpanzelər isə 20 metrdən sizi görüb budaqların arasında uzaqlaşmağa başlayır. Afrika camışları yetmiş beş metrdən yad canlını görüb uzaqlaşır.
Aradakı məsafəni kiçiltmək üçün istifadə etdiyiniz üsul, heyvanı tanımağınızdan, ona yaratdığınız yaşayış şəraitindən, yeməkdən, onu qorumaqdan çox asılıdır. Əgər sadalanan şərtlərə əməl etsəniz, mənəvi cəhətdən taraz, daim hərəkətdə olan, sağlam, uzun ömür yaşayan, yaxşı qidalanan, təbii davranan və cəmiyyətə qaynayıb qarışan (ən yaxşı sübut budur), artıb çoxalan, əsəbi olmayan bir vəhşi heyvanınız olacaq. Deyə bilmərəm ki, zooparkımız San Dieqodakına, Torontodakına ya da Berlindəkinə, Sinqapurdakına bənzəyir, lakin əsl zoopark idarəçisi dərhal tanınır. Atamın zoopark işində anadangəlmə istedadı var idi. Rəsmi bir təhsil almasa da, instinktiv reaksiyalar verirdi, həm də çox ayıq adam idi. Bir heyvana baxıb, onunla bağlı hər şeyi deyə bilirdi. İşçilərinə yüksək maaş verirdi deyə onlar da canla-başla işləyirdilər.
Bölüm 10
Yenə də bəzən zooparkdan qaçmağa can atan heyvanlar olur. Razı qalmadıqları yerlərdə zorla saxlanılan heyvanlar buna ən yaxşı nümunədir. Hər heyvanın təmin edilməli olan təbii bir yaşayış məkanı var. Sığınacağı çox günəşli, çox rütubətli ya da çox boşdursa, yuvası çox yüksəkdə ya da düz qəfəsin ortasındadırsa, yeri çox qumludursa, yuva qurmaq üçün az sayda budaq varsa, yemək təknəsi çox alçaqdadırsa, içində yuvarlanmaq üçün palçığı çox azdırsa, buna bənzər bir çox başqa səbəbdən heyvan narahat olacaq. Əsl məqsəd vəhşi təbiətdəki həyat şəraitinin eynisini təqlid etmək deyil, onun mahiyyətini anlamaqdır. Sığanacağın içindəki hər şey əlverişli olmalıdır, heyvan ona tezliklə öyrəşsin deyə. Əlverişsiz şəraiti olan zooparklar heç olmasa yaxşıdır. Digər zooparkların adına ləkə gətirirlər.
Qaçmağa ən yönümlü heyvanlar əsasən, tam yetişkin yaşda tutulan heyvanlardır. Çünki onlar bu yaşdan sonra yeni xəyali dünyalar yaratmağa ya da yeni həyatlara alışmağı bacarmayacaq qədər köhnə həyat şəraitinə öyrəşiblər.
Lakin zooparkda doğulub, orda yaşayıb və oranın şəraitinə öyrəşən, insanların varlığından narahat olmayan heyvanlar da bəzən ordan qaçmağın yollarını axtarırlar. Bütün canlı varlıqların içərisində, qəribə və ağlasığmaz bir çılğınlıq sevdası yatır. Bu çılğınlıq canlını xilas etməyə, həyat şəraitini yaxşılaşdırmağa çox gərəklidir. Belə bir instinktiv çılğınlıq olmadan heç bir canlı həyatda qala bilməz.
Qaçmaq səbəbləri nə olursa olsun, zoopark işçilərinin bilməli olduğu tək şey budur ki, heyvanlar harasa başqa yerə deyil, başqa şəraitlərə sahib olmaq üçün qaçırlar. Ola bilsin, yaşadıqları yerlərdə nə isə onları narahat edib, hansısa düşmənin hücumu, daha güclü bir heyvanın onun üzərindəki ağalığı, hansısa gurultu və s. olanda heyvanlar buna qaçmaqla reaksiya verirlər. Hər heyvan qaçıb gedə bilər, ən azından ömründə bir dəfə də olsa bunu sınaqdan keçirər. Toronto zooparkında (deməliyəm ki, əla zooparkdır) bəbirlərin altı metrə qədər yüksəkliyə tullana bildiklərini oxuyanda çox təəccübləndim. Bizim Pondişeridə aslanların ərazisindəki hasarlar beş metr hündürlükdə idi. Bizim aslanlarımız Rozi və Kopikat hasarları çox hündür olduğu üçün yox, yaşayış şəraitləri yaxşı olduqları üçün heç yerə qaçmamışdılar. Qaça bilən heyvanlar isə naməlim bir aləmə baş alıb gedirlər və heyvanalrın ən çox zəhləsi gedən şey naməlum yerlərdir. Qaçıb gedən heyvanlar adətən onları ətraf aləmdən qoruyan ilk qarşılarına çıxmış yerə gizlənirlər və ancaq onların gizləndiyi yerin sərhəddlərini aşanlara qarşı aqressiv olurlar.
Bölüm 11
Gəlin 1933-cü ildə Sürix zooparkıdan qaçan qara dişi panteri yada salaq. Heyvancığaz zooparka təzə gəlibmiş və erkək panterlə yaxşı yola gedirmiş. Amma bədənində cürbəcür yerlərdəki pəncə izləri aralarındakı mübahisədən xəbər verirdi. Zoopark işçiləri nə edəcəklərinə hələ qərar verməmiş, panter gecənin bir vaxtında, qəfəsin yuxarı hissəsindəki barmaqlıqları qıraraq yoxa çıxır. Vəhşi bir ətyeyən heyvanın yoxa çıxdığını eşidən sürixlilər həyəcana qapılırlar. Hər yerə tələlər qurulur, ov itləri ətrafa buraxılır. On həftə ərzində panterin izinə düşə bilmirlər. Ən axırda onu 180 km aralıdakı bir ferma ambarının altında adi bir fermer tüfənglə vurub öldürür. Onun yaxınlığında bir cüyür leşinin artıqlarına rast gəlmişdilər. Böyük, qara, iri tropik pişiyinin, İsveçrənin sərt qışında iki aydan çox nəzərə çarpmadan, heç bir insana hücum etmədən, həyatda qala bilməsi, zooparkdan qaçan heyvanların qatil olmadıqlarına ən yaxşı sübutdur.
Belə hadisələr minlərlədir. Tokio şəhərini tərsinə çevirib silkələsəniz, yerə töküləcək heyvanları görüb dəhşətə gələcəksiniz. Pişiklər və itlər onlar arasında ən çox olacaq, lakin, bao ilanları, komod əjdahaları, timsahlar, oranqutanlar, qabanlar çətirinizin üstünə yağış kimi töküləcək. Bir yandan da hamı o heyvanları, Meksikanın balta dəyməyən meşələrində axtarır! Ha! Ha! Bu çox gülməlidir! Görəsən insanlar nə düşünür?
Bölüm 12
Bəzən o həyəcanlanmağa başlayır. Lakin mən buna reaksiya vermirəm (az danışıram). Bunun səbəbi öz həyat hekayəsidir. Yaddaş okean kimidir və o okeanın dalğaları üzərində batıb çıxır. Onun dayanacağından qorxuram. Amma bir yandan da mənə həyat hekayəsini danışmaq istəyirdi. Davam edirdi. Aradan keçən bu qədər ilə baxmayaraq, hələ də içində Riçard Parker üçün dua edir.
Suyuşirin bir adam idi. Hər dəfə onu görməyə gedəndə mənə şimali Hindistana xas, ləzzətli vegeteryan süfrəsi açırdı. Nə vaxtsa ona ədvalı yeməkləri sevdiyimi demişdim. Belə mənasız bir şeyi ona niyə dediyimi hələ də anlaya bilmirəm. Bu başdan-ayağa yalandır. Yeməyimin içinə qaşıq-qaşıq qatıq tökürəm ki, acılığı olmasın. Heç nə kömək etmirdi. Hər dəfə eyni şey olurdu. Dadbilmə hüceyrələrim büzüşüb ölür, dərim bibər kimi qızarır, gözlərim yaşarır, başım od almış evə bənzəyir və həzm sistemim otbiçən maşın udmuş Boa ilanı kimi parçalanırdı.
Bölüm 13
Bir sözlə şirlərlə dolu bir yerə düşsəniz, şirlər sizi ac olduğu üçün (zooparkda onları doyana qədər yemləyirlər) ya da vəhşi olduqları üçün deyil, onların ərazilərinə girdiyiniz üçün parçalayacaqlar.
Bax buna görə sirkdə işləyən heyvan təlimçiləri, səhnəyə şirdən öncə çıxırlar ki, şirlər bunu görüb ərazinin kimə aid olduğunu anlasın. Bu minvalla təlimçilər, qəfəsin şirə aid deyil, təlmiçiyə aid olduğunu anlayır və bu şirlərin ən yaxşı anladığı şeydir. Bu onların boyun əydikləri bir şeydir. Şirlərin səhnəyə necə çıxdıqlarına tamaşa edin, o qüdrətli yırtıcı, “meşələrin kralı” qorxudan quyruqlarını ayaqlarının arasında sıxırlar, ürkək addımlarla səhnənin kənarı ilə sürünürlər, ərazi açıq və dairəvi olduğu üçün gizlənməyə heç bir yer tapmırlar və bu onları daim həyəcanda saxlayır. Önlərində isə güclü bir ağaları var, amiranə, “supermen”, onun sözlərinə qulaq asmaq məcburiyyətindədilər. Ya ağızlarını iri açıb oturar, ya nazik kağız çəkilmiş halqanın ortasından tullanar, ya botunun içi ilə sürürnər ya da yerdə yuvarlanar. “Necə də qəribə şirdir – onlar düşünürlər. – Hələ beləsi ilə qarşılaşmamışdım. Heç nədən qorxmur və özünə inamı var. Dostlar, biz də dürüst olaq ki, axşam yemimizi yeyə bilək. Çoxlu yatmaq bizi onsuz da canımızdan bezdirib. Ən azından qonur ayılar kimi velosipedə minmirik və şimanzelər kimi havada boşqabları tutmağa məcbur deyilik”.
Təlimçinin etməli olduğu tək şey “süpermen” kimliyini axıra kimi saxlamaqdır. O bircə anlıq özünü zəif göstərsə bu ona çox baha başa gələcək. Heyvanlar arasında da düşməncə və dağıdıcı münasibətlərin səbəbi qarşılıqlı güvənsizlikdir. Qarşınızdakı heyvana yerini göstərməlisiniz. Heyvanların da eynilə insanlar kimi, ictimai təbəqə anlayışı var. Ancaq bu yolla heyvanlar özlərini necə aparacaqlarını, harda, nə edəcəklərini, nə vaxt yemək yeyib, su içəcəklərini müəyyənləşdirirlər. Heyvan hansı sosial təbəqədən olduğunu bilməyənə qədər, həyat onlar üçün dözülməz olur. O daim əsəbləşib, ora-bura vurnuxacaq, bu isə çox təhlükəlidir. Yeri gəlmişkən, sirk təlimçiləri sosial təbəqələrinə görə heyvandan daha yüksəkdə durduğunu göstərmək üçün heç də həmişə gücə əl atmırlar. Belə ki, Haydeqqer 1950-ci ildə yazırdı ki: “İki heyvan qarşılaşanda, onlardan hansı o birisini qorxuda bilsə, o daha yüksək sosial təbəqəyə qalxır. Heyvanlar aləmində isə heç də hər şey əzələ nümayişi ilə həll olunmur bəzən bir baxışla həll oluna bilər”. Bu heyvanların mahir bilisici Haydeqqerin fikridir. O uzun illər əvvəl Bazeldə, sonra isə Sürixdə zoopark direktoru vəzifəsində işləyib. Heyvan davranışlarını isə heç kimin bilmədiyi qədər dərindən bilir.
Adətən fiziki güc deyil, ağıl qalib gəlir. Sirk təlimçisi psixoloji qələbə qazanır. Yad yer, təlimçinin dimdik duruşu, sakit davranışları, sabit baxışları, qorxusuz addımları, qəribə kükrəmələri (məsəlçün, qamçısını yerə vurması ya da fit çalması), bütün bunlar heyvanı qorxudur və özünə olan inamını qırır, ondan istənən, haradasa dayanmağı, nəyisə etməyi canla başla yerinə yetirir. Hər ikisi vəziyyətdən razıdır, “ikinci” sadəcə dayanıb əməl edir, “birinci” isə tamaşaçılara çevrilib elan edir: “Tamaşa davam edir! İndi isə xanımlar və cənablar, həqiqi alov halqasının içindən atlamanı görəcəksiniz…”
Bölüm 14
Maraqlı olan bir məqam da var ki, təlimçilərlə münasibətdə ən çox aşağı təbəqədə dayanan şirlər trükləri daha tez öyrənir. Həmçinin onlar “supermen” təlimçidən daha çox şey qazana bilir. Söhbət təkcə əlavə yeməkdən getmir, o həm də daha güclülərdən müdafiəni təmin edir. Daha böyük və güclülər sirk tamaşalarında sakitcə rəngli kötüklərin üstündə oturarkən, daha sözəbaxan şirlər, ortalıqda gəzir, təlimçinin əmrlərini yerinə yetirirlər.
Eyni şey başqa sirk heyvanlarına da aiddir, elə bütün bütün zooparklarda eyni səhnə yaşanır. Özünü aşağı təbəqənin canlısı kimi aparan heyvan xidmətçidən daha çox şey qazanır. Sadiqliyini göstərmək üçün o çalışır daha sevimli, daha nəvazişli olsun. Pişikkimilərin çoxu və bizonlar da, marallar, vəhşi qoyunlar, meymunlar və başqa bir çox heyvanlar özlərini belə aparar. Zooloqlar isə bunu yaxşı bilir.
Bölüm 15
Onun evi məbədə bənzəyir. Evə girəndə, dəhlizdə çərçivəyə salınmış, fil başlı tanrı Qaneşin şəkli asılıb. O baxışlarını düz irəliyə zilləyib, al yanaqlı, şişman, başında tacı və gülümsəyən vəziyyətdə təsvir olunub. Üç əlində cürbəcür əşyalar tutub, dördüncüsünü isə salam və xeyir-dua vermək üçün bayıra doğru açıb. O maneələri aşmağa kömək edən, müdrüklük verən tanrı və öyrətmə ustadıdır. Olduqca şəndir, ona bircə nəzər salmaq yetərli oldu, mənim də üzümdə qeyri-iradi bir gülüş peyda oldu. Onun ayaqlarının önündə sadiq bir siçan var, sanki onun atıdır. Çünki əfsanəyə görə Qaneş siçanın belində səyahət edib. Onun şəkli ilə üzbəüz divarda isə taxtadan bir xaç asılıb.
Qonaq otağında divanın yanındakı masada, Qvadalupalı Məryəm Ananın kiçik çərçivəli rəsmi var, yaxası açıq köynəyinin içindən çiçəklər tökülürdü. Onun yanında isə İslamın müqəddəs məbədi olan Kəbənin qara örtüklü bir rəsmi var, rəsmdə Kəbənin ətrafını minlərlər hacı əhatə edir. Televizorun üstündə kainatdakı hərəkətləri və zamanın axışını rəqsləri ilə müəyyənləşdirən, Şiva Nataracanın tunc heykəli qoyulub. O yaralanmış qaranlıqlar iblisinin üstündə dayanıb rəqs edir, onun dörd əlini də bağlayaraq bir ayağı ilə tutub, bir ayağını isə havada saxlayıb. Deyilənə görə Nataraca bu ayağını yerə endirəndə zaman dayanacaq.
Mətbəxdə bir mehrab vardı. O bufetin üstündə, qapıların yerindən kəsilmiş əyri arkanın içində idi. Qapıların arxasında gecələr mehrabın içindən işıqlanması üçün sarı lampalar var idi. Balaca bir mehrabda iki şəkil var idi: yandakında, elə həmin Qaneş, ortadakı geniş çərçivədə isə gülümsəyən sarı rəngdə fleyta çalan Krişna təsvir olunub. Hər ikisinin alnında, şüşənin üstündən qırmızımtıl-yaşıl rəngdə tozdan nöqtə-xal qoyulmuşdu. Mehrabın üstündə misdən düzəldilmiş çanağın içində üç kiçik rəsm də verilib. O, onların hər birini adıyla tanıyır: Lakşimi, Parvatinin simasına bürünmüş Lakti və Krişna. Krişna bu dəfə dünyanı vecinə almayan bir gənc kimi təsvir olunub. Tanrıların arasında ortadan kəsilmiş və çəyirdəyi çıxmış avokadoya bənzər, hindilər üçün erkək və dişi başlanğıcı bildirən, daşdan hazırlanmış Şiva yoni linqa adlı bir nəsnə dururudu. Çanağın bir yanında isə ayaqlı bir dayağın üstünə qoyulmuş balıq qulağı və digər yanında isə misdən kiçik zəng qoyulub. Ortada bar-bərəkətin simvolu olan bir neçə düyü və solmağa başlamış bir çiçək var idi. Bütün əşyalar sarımtıl-qırmızılı zərlərlə örtülmüşdü.
Aşağı rəfdə, cürbəcür ayin predmetləri qoyulmuşdu: su ilə dolu böyük ağzı olan bir bardaq, gümüş qaşıq, fitili yağa batırılmış bir qaz lampası, tüstü çubuqları və qırmızı tozla, sarı tozla, düyü dənələri və noğul-nabatla dolu kiçik qablar var idi.
Qonaq otağında daha bir Müqəddəs Ana var idi.
Yuxarıdakı iş otağında, bilgisayarın yanında tuncdan, oturmuş bir Qaneş heykəli daha, divarda Braziliyadakı nəhəng çarmıxa çəkilmiş İsa heykəlinin çərçivəyə salınmış rəsmi. İsa çox mənalı əzab çəkir. Səccadə yerə salınıb, onun baş tərəfində isə üzü məxmərlə örtülmüş və ortasında ərəbcə tək bir söz yazılmış kitab durur. Bu söz ərəbcə Allah deməkdir.
Yatağının yanındakı gecə masasının üstündəki kitab isə Tövratdır.
Bölüm 16
Hamımız sanki azad insanlar kimi dünyaya gəlirik, elə deyilmi? Hər şeydən, hətta dindən belə uzaq yaşayırıq, o vaxtadək ki, bir xeyirxah dayı bizi qucağına alıb Tanrının hüzuruna aparır. Lakin, çoxumuz üçün bununla da iş bitir. Yox əgər bizi dinlə bağlı yeni macəralar gözləyirsə, bunlar bizim xeyrimizə deyil, zərərimizə olurlar, belə ki, zamanla çoxumuz Tanrıya olan inamı itiririk. Mənim həyat hekayətim isə tamam başqadır. “Xeyirxah dayı” əvəzinə məni Tanrının hüzuruna çıxaran qorxunc bir xala idi, dindar bacı idi, o elə də yeni dövrə aid deyildi, elə məni də lap kiçik bir uşaq olanda götürüb məbədə aparmışdı. Rohini xalam sevinc içində yenicə doğulan kimi məni götürüb Tanrı Ananın hüzuruna aparmışdı. O özlüyündə demişdi ki: “Qoy bu onun dünyanı ilk simvolik gəzintisi, ilk samskarası (sanskritcə qüsursuzlaşdırma deməkdir) olsun”. Söz yox, bu simvolik bir gəzinti idi. Maduraiyə getdik (Hindistanın Tamiland ştatında şəhər adı – red.) yeddi saatlıq qatar yolu ilə həyatımın ilk səyahətini etmişdim. Amma əsas bu deyil. Biz qatardan düşüb anamın qucağında, xalamın da məni bir tərəfdən tutub dartışdırmasının müşayəti ilə bir hindli ayinində iştirak etdik. Məbədi ilk gəzişimlə əlaqədar elə bir aydın xatirəm yoxdur, ancaq tüstü qoxuları, bəzi işıq oyunları və kölgələr, alovlar, rəngbərəng parçlar, oranın isti, nəmli və sirli havası ilə bağlı bəzi təsəvvürlərim qalıb. Bununla da qarğıdalı dənəsi qədər kiçik din toxumu yetişmək üçün içimə əkilmişdi. O gündən sonra həmin toxum dayanmadan böyüdü.
Mən hindusam, qırmızı xına ilə dolu çanaqlara və ağzına kimi qızılı kurkuma tozu ilə dolu səbətlərə görə, çiçək çələngləri və qırıq hind qozuna görə, Tanrının gəlişini xəbər verən zəng səslərinə görə, simli nadasvaranın naləsinə və baraban savaşına görə, çılpaq ayaqların az günəş işığı düşmüş qaranlıq dəhlizlərə döyülməsinə görə, tüstü qoxularına görə, qaranlıqda fırlanan yağlı çıraqlara görə, şirin səsli bhadcanlara görə, şükranlıqla başını yelləyən fillərə görə, divarlardakı rəngbərəng freskalara görə, alınlara çəkilmiş cürbəcür simvollara görə, ancaq bir mövzuda, inam haqqında danışan insanlara görə. Mən bu parlaq təsvirləri onların mənasını anlamazdan çox-çox əvvəllər yadda saxlamışam. Qəlbimin hökmü ilə saxlamışam. Hind məbədində özümü evdəki kimi hiss edirəm. Hər dəfə ordakı Varlığı hiss edirəm, lakin o təkcə mənə yönəlməyib, hər kəsi içinə alıb. Hər dəfə müqəddəs məbədin içində qoyulmuş Tanrı Murtinin heykəli ilə göz-gözə gələndə ürəyim dəli kimi döyünməyə başlayır. Özümü sözün əsl mənasında müqəddəs, dünyəvi bir çevrənin içindəymiş kimi hiss edirəm. Əllərim hörmət dolu bir ibadət hərəkəti ilə qovuşur. Tanrılara, bizə müqəddəs bir hədiyyə kimi geri qaytardığı şəkərləri sunmaq həyəcanı ilə yaşayıram. Ovuclarım alovun istiliyinin həsrətini çəkir.
Lakin din, ibadətdən və ritualdan böyük bir şeydir. Onun içində dini ayinlərin, ibadətin izləri var. Yenə də bunu hindus kimi deyirəm. Həm də dünyanı da hindus gözü ilə görürəm. Brahman deyilən bir şey var, o dünyanın ruhu, dayağıdır, onun ətrafında bütün varlıq, zaman və məkan geyim kimi dolanıb. Bir də Nirquna-Brahman var, onun nə mahiyyəti, nə keyfiyyəti var, görünməz, toxunulmaz, hiss olunmazdır, bizim kasıb dil imkanlarımızla onu ancaq Tək, Həqiqi, Yeganə, Mütləq başlanğıc, Ali gerçəklik, Varlığın əsası adlandırmaq olar, bunlar Niqura-Brahman üçün çox kasıb bir libas olsa da onu qismən ifadə edə bilir. Elə burda heç nə anlamadan duruxub qalırsan. Bir də Saquna-Brahman var, bütün keyfiyyətlər bir geyim kimi onun üstünə biçilib sanki. Onu səsləyəndə, eyni zamanda Şivanı da, Krişnanı da, Şaktini də, Qaneşi də səsləmiş oluruq, ona müəyyən xarakterlər yaraşdırmaq olar, onu sevən, mərhəmət bəsləyən, eyni zamanda dəhşətli birisi kimi tanıya bilərik, hətta onu öz qohumumuz da saya bilərik. Saquna-Brahman, Brahmanlığın ortaya çıxmasıdır, o bizim dar şüurumuzda özünü belə ifadə edir. O, təkcə tanrı simasında deyil, insanlarda, heyvanlarda, ağaclarda, münbit torpaqlarda, (torpaq tanrının möhürünü üzərində daşıyır) qarşımıza çıxan bir Brahmandır. Həyatın həqiqəti odur ki, Brahman atmandan heç nəyi ilə fərqlənmir, o bizim daxili gücümüz, daha sadə desək ruhumuzdur. Hər bir insanın ruhu dünya ruhu ilə, bulaqların yeraltı sularla əlaqədar olduğu kimi əlaqədardır. Dünyanı sözlə ifadə etməyə imkan verməyən, ifadə olunmaz edən, həm də bizim mahiyyətimizi təşkil edən şey, daxilimizdən bayıra çıxıb özünü göstərməyə çalışan məna ilə eynidir. Sonsuzluq içində son, son içində sonsuzluq gizlənib. Məndən xəbər alsanız ki, Brahmanla atman arasında necə əlaqə var, mən deyərəm ki, Ata, Oğul və Müqəddəs Ruh arasında olan əlaqə kimi, sirli bir əlaqə var. Nəhayət ki, burda bir şey aydındır, atman Brahmana doğru can atır, mütləq Başlanğıca nail olmağa çalışır, o bu dünyada səyyah kimi səyahət edir, doğulur və ölür və yenidən doğulur və yenidən ölür, yenidən və yenidən, o vaxtadək ki, öz içindəki səyyahdan azad olur. Azad olmanın bir çox yolu var, istiqamət həmişə eynidir, amma bunu fərqli yollarla edirlər, bu yollar Karma Meyli adlanır.
Hinduizmin müqəddəs mahiyyəti bundan ibarətdir və mən bütün həyatım boyunca hindus olmuşam. Məhz hinduizm nəzəriyyəsi ilə həyatda özümə yer tutmuşam.
Bir sözlə buna elə də qapılmaq lazım deyil, ifrat fundamentalistlər kimi, bütün varlığı ilə ona bağlanmaq lazım deyil. İndi yadıma Krişna Həzrətlərinin hələ tanrı olmasından əvvəl, çobanlıq etdiyi dövrlərdə baş vermiş bir hekayət düşdü. O hər axşam sağınçı qızları yanına çağırıb meşənin dərinliyində onları rəqs etdirirmiş. Onlar da gəlib rəqs edirlərmiş. Gecə, qaranlıq hər tərəfi bürüyüb, ocağın işığında musiqinin tempi get-gedə artar, qızlar özlərini ağalarının qoynunda hiss edirmiş kimi rəqs edirlərmiş, bütün gücləri ilə ona can atırlarmış. Amma onlardan istənilən biri Krişnaya sahib olmaq istərsə dərhal yoxa çıxarmış. Burdan çıxan nəticə odur ki, biz Tanrını qısqanmamalıyıq.
Burda, Torontoda mənim üçün çox dəyərli olan bir qadın var. O məni özünə oğulluğa götürüb yanında böyütmüşdü. Mən onu Ci xala deyə çağırırdım, onun bundan xoşu gəlir. Kvebeklidir. Otuz ildir Torontoda yaşamasına baxmayaraq fransızca düşüncəsi bəzən onun ingiliscə sözlərimi anla-mamasına gətirib çıxardır. Belə ki, o bir dəfə mənin “Hare Krişna” sözümü, “Hayeles Xristian” (ingiliscə “dazbaş xristian” deməkdir –tərc) kimi eşidib, yanlış anlamışdı. Lakin, bu özlüyündə daha dərin məna daşıyırdı. Ona əslində nə dediyimi izah edəndə, ortaya maraqlı bir həqiqət çıxmışdı. Hindlilər Tanrını sevmək qabiliyyətinə görə başı keçəl xristianlar idi, eynilə Tanrının hər şeyin içində olduğuna inanan müsəlmanlar isə saqqallı xristianlar və hindlilər idi, həmçinin tanrıya sədaqəti olan şlyapalı xristianları isə eynilə başı sarıqlı müsəlmanlarla eyniləşdirmək olardı.
Bölüm 17
İlk möcüzə elə ən dərin iz qoyan möcüzədir, ondan sonrakı möcüzələr özündə ilkinin təsirlərini daşıyır. Dini təsəvvürlərimin hərtərəfli inkişafını hinduizmə borcluyam, yaddaşımdakı qəsəbələri və çayları döyüş meydanlarını və meşələri, müqəddəs dağları və tanrıların, müqəddəslərin, xainlərin və adi insanların birlikdə toplandığı dərin dənizləri dinimə borcluyam. Bu əsrarəngiz, bütün kainatı bürüyən, əziz mərhəməti ilk dəfə hind torpaqlarında hiss etmişəm. Mənə dinimi öyrədən Krişna Həzrətləri idi. Onu dinləyib tamaşa etmişəm. Krişna həzrətlərinin sayəsində bir nəfərlə tanış oldum.
Tətillərimin birində (o zamanlar halından razı olan bir hin-duydum) İsa ilə tanış olanda cəmi on dörd yaşım var idi.
Atam heyvanxanadan demək olar ki, kənara çıxmazdı, amma günlərin bir günü atamla birlikdə Keraladan bir az o tərəfdə yerləşən Munnara getmişdik. Munnar dünyanın ən yüksək yerlərində olan çay bağları ilə əhatə olunmuş kiçik bir dağ kəndi idi. May ayının əvvəlləriydi və musson yağışları təzəcə başlamışdı. Tamil Nadudakı ovalıqlar dəhşət dərəcədə isti idi. Maduraidən beş saatlıq əyri-üyrü yollarla gəlib axırda Munnara çıxmışdıq. Burda sərinlik insanın ağzında əriyən nanəli konfet kimi canına yayılırdı. Bir növ tursit gəzintisi etdik. Tata çay fabrikini gəzdik. Göldə qayıqla üzdük, nilqiri tarlarına (vəhşi keçi növü) duz yalatdıq.
– Bizim zooparkımızda bunlardan var, siz bir Podşineriyə gəlin, öz gözlərinizlə görün, – deyə atam isveçrəli turistlərə dedi. Raviylə mən yaxınlıqdakı çay plantasiyalarında gəzdik. Bütün bunlar tənbəlliyimizdən yaxa qurtarmaq üçün idi. Axşama doğru atamla anam, rahat mehmanxanamızın çay salonunun pəncərəsi önündə, iki mehriban pişik kimi bir-birinə yanaşı oturub nə isə danışırdılar. Atam bir yandan mehmanxanadakı qonaqlarla söhbət edib, bir yandan da anam üçün kitab oxuyurdu.
Munnarda üç təpə vardı, onlara təpə də demirdik, (öz aramızda onlara dağ deyirdik) amma səhər yeməyimizi yeyəndə, bu üç təpənin ümumi bir tərəfi olduğunu gördüm. Hər üç təpənin üstündə bir məbəd var idi. Sağdakı təpənin üstündə, yəni mehmanxananın önündən axan çayın o biri tərəfində bir hindu məbədi vardı, ondan bir az aralı, ortadakı təpənin üzərində məscid, soldakı təpənin üzərində isə xristian kilsəsi var idi.
Munnardakı dördüncü günümüzdə, qaranlıq düşməyə az qalmış soldakı təpəyə çıxdım. Baxmayaraq ki, xristian məktəbinə gedirdim amma o vaxtadək heç bir kilsəyə girməmişdim. Heç indi də buna can atmağı düşünmürdüm. Xristianlıq haqqında çox az şey bilirdim. Bir neçə tanrısı və dəhşətli hadisələri ilə ad çıxarmışdı. Amma məktəbləri yaxşı idi. Kilsənin ətrafında gəzişdim. Bu heç bir xüsusi bəzəyi olmayan açıq mavi rəngli qalın divarları və içərini göstərməyən pəncərələri olan, içərisi mənə sirr kimi gələn bir binaydı.
Keşişin evinin qarşısına gəlib çıxanda, qapısının açıq olduğunu gördüm, bir küncdə gizlənib içəriyə tamaşa etməyə başladım. Qapının solunda üstündə Məhəllə keşişi və Keşiş köməkçisi yazılmış lövhələr vurulmuşdu. Hər lövhənin yanında kiçik, sürgülü pəncərələr vardı. Lövhənin üzərində qızılı hərflərlə həm baş keşişin, həm də onun köməkçisinin burda olduqları bildirilirdi, həm də bunu kənardan açıqca görmək mümkün olurdu. Keşişlərdən biri ofisdə nə isə iş görürdü, arxasını pəncərəyə çevirmişdi, digər keşiş isə böyük otağın içində qonaq qəbul etmək üçün nəzərdə tutulmuş dairəvi masanın ətrafında oturmuşdu, üzü qapıya və pəncərəyə tərəf idi, əlində bir kitab var idi, elə düşünürəm ki, bu İncil kitabıydı. O bir qədər oxuyur, sonra yuxarı baxır, sonra yenidən oxuyurdu. Bu işi tələsmədən amma, ayıq şəkildə, özündən razı şəkildə edirdi. Bir neçə dəqiqə sonra kitabı örtüb bir kənara qoydu, daha sonra üzündə nə gözləmək nə də sıxıntı ifadələri olmadan orada eləcə oturmağa davam etdi.
Otağın təmiz, ağ divarları vardı, masa və sıra halında düzülmüş stullar tünd rəgli ağacdan idi, keşiş ağ rəngli bir cübbə geyinmiş, sadə, dəbdəbəsiz görünürdü. İçəriyə tamaşa etdikcə içimə bir rahatlıq dolmuşdu. Amma məni daha çox təsirləndirən, onunla danışmaq istəyən birisinin ola bilməsi ehtimalı ilə oradaca gözləyən keşiş idi. Onun peşəsi sevməyiydi, insanların ruhi problemlərini, daxili sıxıntısını, vicdan əzabını, hər cür insani problemləri dinləmək idi. O insanları bacadığı qədər sakitləşdirir, onlara yol göstərirdi.
Təsirlənmişdim. Gözlərimin önündəki mənzərə ürəyimi ələ keçirmiş və məni dərindən həyacana qərq etmişdi.
Keşiş ayağa qalxdı. Elə bildim pəncərəni bağlayacaq, amma belə etmədi. Otağın içində bir qədər geriyə doğru gedib qapını açdı. İki qapının eyni zamanda açıq olması diqqətimi çəkmişdi. O və əməkdaşı hələ də görünürdü.
Qapıdan kənarlaşdım və cəsarətimi topladım. Kilsəyə girdim. Həyəcandan qarnıma sancı düşdü. Məni fikir götürmüşdü, qorxurdum. Ola bilsin içəridən kimsə çıxar: -Burda neynəyirsən? Nə cürətlə müqəddəs yerə girirsən, axmağın biri axmaq? Rədd ol, çıx burdan, – deyəcək bir xristian çıxa bilərdi.
Amma elə birisi çıxmadı. Nə də ətrafda heç bir səs-soraq olmadı. Məbədin içinə doğru irəliləyib onu tədqiq etməyə başladım. Divarda bir rəsm vardı. Görəsən bu Murtiydi? Bu qurban vermə ayinindən bəhs edən bir rəsm idi. Yəqin ki, ürəyi qan istəyən qəzəbli bir tanrı idi. Həmçinin rəsmdə yuxarı doğru baxan həyəcanlı qadınlar və ətrafda uçuşan qanadlı, gombul uşaqlar da vardı. Görəsən içlərində tanrı hansı idi? Məbədin yan tərəfində boyanmış, taxtadan bir heykəl var idi. Yenə də eyni qurban təsvir olunmuşdu, yaraları və qanı tünd rəngdə idi. Dizlərinə diqqət verdim. Dərisində sıyrıqlar görünürdü. Dərisi soyulmuş və diz qapaqları ortaya çıxmışdı. Bu işgəncə səhnəsini, bir az öncə qarşılaşdığım mehriban üzlü keşişlə qarşılaşdırmaq mümkünsüz idi.
Sabahısı gün, təqribən eyni vaxtda, keşişin evinə girdim. Katoliklər adətən ciddilikləri və sərtlikləri ilə tanınsalar da Martin ata haqqında belə demək olmazdı. O çox mehriban idi. Mənə çayla peçenye gətirdi, çoxlu qulluq göstərdi. Mənimlə həddi-büluğa çatmış adam kimi davrandı və hətta mənə bir əhvalat da danışdı. Daha doğrusu Əhvalat danışdı. Çünki, Xristianların müqəddəs bildikləri hər şeyin adını böyük hərflərlə yazmaq vərdişləri var.
Necə də qəribə əhvalat idi. Əvvəlcə inanmadım. Necə, necə? İnsanlar günah edir və bunun əvəzini tanrının oğlu ödəyir? Öz beynimdə atamla mənim aramda belə bir söhbət getdiyini təsəvvür etdim: “Piscine, bu gün bir şirimiz lamaların qəfəsinə gizlincə girib iki lamanı parçalayıb. Dünən isə başqa bir qara maralı öldürüb. Keçən həftə iki şir birləşib bir dəvəni yeyiblər. Ondan əvvəlki həftənin qurbanları isə alabəzək leyləklər idi. Həmçinin qızılı aqutinimizi də hansısa vəhşi parçalayıb. Vəziyyət artıq dözülməz hala gəlib çıxıb, nə isə tədbir görməliyik. Bu günahlarından təmizlənmək üçün səni şirlərə yem kimi verməyi qərara aldım.”
“Bəli ata, buyur, bu ən doğru və ədalətli həll yoludur. Mənə icazə ver yuyunub gəlim”.
“Şükürlər olsun oğlum”.
“Şükürlər sənə atacan”.
Necə də qəribə və anlaşılmaz bir əhvalatdır.
Mən ondan daha bir əhvalat danışmağını xahiş etdim. Axı mütləq bu dinin başqa əhvalatları da olmalıdır. Hər bir dinin çoxlu sayda cürbəcür əhvalatı olur axı. Lakin, keşiş Martin bu əhvalatdan əvvəl gələn əhvalatların (onların sayı lap çox idi) əsas olmadığını ən əsasının bu olduğunu mənə başa saldı. Dinin cəmi bir əhvalatı vardı, haraya çevirsən yenə gəlib bunun üzərinə çıxırdı. Bütün dindarlara bəs edəcək bir əhvalat idi.
Həmin gecə mehmanxanada dərin bir səssizliyə qapılıb oturmuşdum.
Bir tanrının həyat mübarizəsində qarşısına çoxlu düşmənlərin çıxması tamamilə normal idi. Hinduizm tanrıları da zaman-zaman oğrular, talançılar, qəsbçilər, quldurlarla mübarizə aparmalı olublar. Elə götürək Ramayananı, məgər o Ramaya yetmək üçün sinə gərilən uzun və acınacaqlı günlərin cəmi deyilmi? Çətinlikləri qəbul etmək olar, xəyanəti qəbul etmək olar, iflası qəbul etmək olar bəs alçaldılma və ölüm necə olsun? Krişna həzrətlərinin lümlüt soyundurulub, qamçılanmağa, ələ salınmağa, küçələrdə sürünməyə razı olacağı ağlasığmaz bir şeydir, bütün bunlar yetməzmiş kimi üstəlik sonda çarmıxa çəkilmək bir tanrıya heç yaraşmaz məncə. Özü də nəzərə alaq ki, bütün bu oyunlar tanrının başına insanlar tərəfindən açılır. İndiyə qədər hansısa hindu tanrısının öldürüldüyünü eşitməmişəm. Brahman heç vaxt ölümü seçməzdi. Şeytanlar, əjdahalar ölür, bütün fani olanlar kimi, minlərlə, milyonlarla canlı varlıq kimi ölüb gedir, ölüm onların vəzifələridir. Bu anlaşılandır. Maaddə müəyyən dövr içində yoxa çıxa bilər. Amma ilahi varlıqlar ölüm tərəfindən məğlub olunmamalıdır axı. Bu tamam yanlışdır. Dünyanın ruhu ölə bilməz, on aid olan heç bir parça məhv ola bilməz. Bu xristian tanrısının özünə aid bir hissənin insanlar tərəfindən öldürülməsinə izin verməsi tamamilə yanlışdır. Bu eyni zamanda özünün bir parçasını öldürmək anlamına gəlir. Əgər çarmıxın üzərindəki tanrı bütün insanlar üçün əzab çəkdiyini iddia edirsə, bu elə Məsihin bütün müdrikliklərini birlikdə məzhəkəyə çevirir. Oğulun ölümü gerçək olmalıdır. Martin ata isə deyir ki, elə belə də olub. Lakin, ölmüş tanrı əbədilik ölmüş sayılmalıdır, əgər ölüb dirilibsə belə yenə də ölüdür. Ölümün dadı tanrının oğlunda həmişəlik qalacaq. Ölümün möhürünü üç müqəddəsin yerdə qalanları, Tanrı və ata da dadmalıdır. Ümumiyyətlə bütün bunlar tanrının nəyinə lazımdır? Ölümü ölümlü olan varlıqların öhdəsinə niyə buraxmır, öz oğluna yaşadır? Niyə gözəl olanı kirlədir, kamil olanı xarab edir?
Hər şeyin səbəbi sevgidir. Martin atanın cavabı bu oldu.
Bəs oğlun hərəkətləri necə olacaq? Dostları tərəfində bir parça palçıq yeməyə razı salınan balaca Krişna haqqında bir əhvalat var. Onda onu övladlığa götürən Yaşoda gəlib, barmağını silkərək uşağı danlayır. “Palçıq yemək olmaz, ay uşaq” – qadın deyir. “Yeməmişəm axı”, – balaca uşaq qadından qorxub, canını qurtarmaq üçün deyir. “Yalan danışma! Aç ağzını baxım” – deyə Yaşoda əmr edir. Krişna deyilənə əməl edir. Ağzını açır. Yaşodanın əlləri üzündə qalır. O Krişnanın ağzının içində, sonsuz, əksiksiz kainatı, səmadakı ulduzları və planetləri, onlar arasındakı məsafəni, yer kürəsini, bütün torpaq parçalarını və dənizləri, yer üzərindəki həyatı görür, keçmişə və sabaha aid olan hər günü görür, bütün düşüncələrini və duyğularını görür, hər mərhəməti, hər ümidi, maaddənin üç halını görür. Orda nə bir daş, nə bir ağac, nə bir şam, nə bir kənd, nə bir kainat əksik idi, özü də daxil olmaqla hər bir toz zərrəsi yerli-yerindəydi. “Ey mənim hökmdarım ağzını bağlaya bilərsən”. – Yaşoda ehtiramla deyir.
Bir də cırtdan Vamanın bədənində ortaya çıxmış Vişnu haqqında əhvalat var. O şeytanların şahı olan Balidən üç addımın tutacağı qədər torpaq istəyir. Bali onun bu önəmsiz istəyini ələ salır, lakin axırda razılaşır. Vişnu heç vaxt itirmədən özünün kosmik simasına qayıdır, bir addımda dünyanı keçir, ikinci addımda cənnəti, üçüncü addımda isə Balini bir təpiklə yeraltındakı dünyaya göndərir.
Hətta Tanrılar arasında inasana ən çox bənzəyən Rama da, arvadı Sitanı Lankanın şeytan kralı olan Ravanın əlindən xilas edərkən mübarizədən yorulanda özünü heç vaxt kiçiltməmişdi. Heç bir çarmıxın qarşısında boyun əyməmişdi. Çox çətinliyə düşsə heç bir insanın bacara bilmədiyi silahlarını işə salardı.
Bax o əsl tanrıdır. Parıltılı, güclü və qüvvətlidir. Ancaq belə birisi şərdən qaçıb qurtula bilər, mübarizədə ona qalib gələ bilər.
İndi də bu acan, susayan, yorulan, kədərlənən, narahat olan, küncə sıxışdırılan və təcavüzə uğrayan, müridləri tərəfindən başa düşülməyən, ona hörmət bəsləməyən düşmənlərinin qarşısında qolubağlı qalan Oğula baxın, belə də tanrı olar? Problem ondadır ki, o həddən çox insani bir tanrıdır. Möcüzələrinin olduğunu inkar etmirəm, var, amma əksər hallarda bir neçə ac qarını doydurmaq üçün işlədir, ən çox da müalicə məqsədli möcüzələrdir. Yaxşı möcüzələrindən fırtnınanın gücünü azaltmağını, suyun üzərində qısa məsafədə yeriməsini saya bilərəm. Əgər bunlar sehirdisə də, çox bəsiddir, oyun kartları ilə edilən sehirlər kimidir. Ən adi hindu belə bunun yüz qatını edə bilər. Bu Oğul vaxtının çox hissəsini ibrətamiz əhvalatlar danışıb, söhbətlər edərək keçirən bir tanrıdır. Bu Oğul piyada gəzməyi sevən bir tanrıdır (özü də isti yerlərdə) eynilə adi insanlar kimi iri addımlar atan və səndəlləri daşlara dəyən bir tanrıdır. Həmçinin o uzaq məsafəyə gedəndə, nəqliyyat vasitəsi üçün pul xərcləməyinə ehtiyac olanda adi bir ulaqdan istifadə edir. Necə tanrıdır bu? Bu Oğulda ilham verici nə var ki?
Sevgi, Martin ata dedi.
Üstəlik bu Oğul cəmi bir dəfə ortaya çıxıb, qədim zamanlarda, uzaqlarda. O qərbi Asiyanın səssiz bir küncündə, artıq tarixə qarışmış bi qövmün içində yaşayıb. Məgər bircə teli də ağarmamış, gənc bir oğlan kimi öldürülmədimi? Özü də nəslindən bircə adam da qoymayıb. Bu həyəcana qapılmış Brahmandan daha kiçik bir insan kimi görünür. Özündən razı, simic və ədalətsiz Brahman.
Mən Krişnaya sadiq qalmaq istəyirəm. Bu ilahiliyi tamamilə şişirtmə kimi görürəm. O tər qoxuyan, gəvəzə Oğul özünüzə qalsın.
Bax uzun zaman öncə, bu darıxdırıcı din adamıyla beləcə tanış oldum. İnancsız və əsəbi idim.
Martin ata ilə gün ard-arda çay içdik. Hər dəfə fincanımı nələbəkiyə qoyanda, qaşığımı fincanın bir küncünə vurub dınqıldadanda, suallar verdim.
Həmişə eyni cavablar aldım.
Bu Oğul artıq məni bezdirmişdi. Hər gün ona qarşı qəzəbim daha da artırdı, qüsurları daha da nəzərə çarpırdı.
Xaraktersiz birisidir! Vifanidə səhər olub Tanrı acdır. Tanrı səhər yeməyini istəyir. Bir əncir ağacının önünə gəlir. İncir mövsümü olmadığı üçün ağacda meyvə yoxdur. Tanrı hirslənir. Oğul, – “Bir də heç vaxt meyvə vermə” –deyə pıçıldayır və ağac o andaca quruyur. Markın dəstəklədiyi Matvey belə nəql edir.
Sizdən soruşuram əncir mövsümündə olmamaq əncir ağacının günahıdırmı? Məsum bir əncir ağacını belə bir anın içində soldurmaq insaflı hərəkətdirmi?
Onu heç cür fikrimdən çıxarada bilmirdim. Hələ də çıxarda bilmirəm. Üç gün dayanmadan onu düşündüm. Məni narahat etdikcə onu daha da çox unuda biləcəkdim. Lakin, onun haqqında yeni şeylər öyrəndikcə getdikcə onu daha az tərk etmək istədim. Munnardan çıxmazdan bir neçə saat əvvəl, qaçıb soldakı təpəyə dırmaşdım. Həmin an xristianlıq başdan-başa bir mənzərə kimi gözümün önünə gəldi. Xristianlıq daim tələsgənliyi olan bir dindir. Bu dinə görə dünya yeddi günə yaradılıb. Hətta simvolik mənada belə bu çılğıncasına bir yaradılış hesab oluna bilər. Bircə ruh üçün aparılan mübarizənin bayrağının bir nəsildən o birinə əldən ələ keçməsi, yüz illərlə davam edən bu bayraq yarışmasında doğulan insanlar üçün, xristianlıq tələsik qərarlar verilən sürətli bir dindir. Əgər hinduizm Qanq çayının axını qədər sakitdirsə, xristianlıq, Torontoda nəqliyyatın ən sıx olduğu zamanlardakı kimidir. Bir qaranquş kimi sürətli, təcili yardım maşını kimi tələsgəndir. Özünü bircə saniyədə ifadə edə bilir. Bir anda yoxa çıxır və onu tamam yadından çıxardırsan. Xristianlıq əsirlər boyu davam edib, amma əslində yalnız bir anda mövcud olur, o da hal-hazırdakı andır.
Bir nəfəsdə özümü təpəyə çatdırdım. Elə bildim Martin ata orda yoxdur, pəncərəsi bağlıydı və bundan bir az məyus oldum, lakin şükür tanrıya bir az sonra qarşıma çıxdı.
–Müqəddəs ata, xristian olmaq istəyirəm, lütfən mənə kömək edin, – tənginəfəs halda dedim.
–Onsuz da xristiansan Pisin, ürəyində İsaya güvənən hər kəs xristiandır, sən burda Munnarda İsayla tanış oldun. – Gülümsəyərək dedi.
O, başıma yavaşca vurdu. Əli başıma dəyəndə, BUM, BUM, BUM səsləri gəldi. Sevincdən az qaldı ürəyim dayansın.
–Növbəti dəfə gələndi birlikdə çay içərik oğlum.
–Baş üstə müqəddəs ata.
O üzümə səmimi şəkildə gülümsədi. İsanın gülümsəməyidi bu. Bu dəfə kilsəyə qorxu-hürkü keçirmədən daxil oldum, axı bura artıq mənim evim sayılırdı. Canlı olan İsaya dualar etdim. Sonra sürətli addımlarla soldakı təpədən enib, sağdakı təpəyə dırmandım, insanlığın ilahiliyə ucaltdığı Nazaretli İsanı qarşıma çıxartdığı üçün, Krişna həzrətlərinə təşəkkür etdim.
Bölüm 18
İslam özünü çox gözlətmədən təqribən bir il sonra gəlib çıxdı. Onda mənim on beş yaşım var idi və vətənimi təzəcə kəşf edirdim. Müsəlman məhəlləsi zooparkın yaxınlığında idi və evlərin üzərinə ərəbcə yazılar yazılmış, aypara çəkilmiş kiçik, sakit bir yer idi.
Molla küçəsinə gəldim. Böyük bir məscid olan Camiyə Məscidinə gizlincə nəzər saldım, lakin özümü kənarda saxladım. Bizdə İslam, Xristinalıqdan daha pis ada sahib idi. Daha az tanrıları var idi, şiddətli zorakılıq hakim idi, həmçinin indiyə qədər müsəlman məktəbləri haqqında müsbət bir şey də eşitməmişdim, buna görə də boş olmasına baxmayaraq məscidə ayaq basmamağı qərara almışdım. Onsuz da xaricdən hər şey görünürdü, yaşıl rəngli bir neçə pəncərə çərçivəsindən başqa, ağ rəngdə boyanmış bina, tərtəmiz görünürdü, döşəməsinə xalçalar sərilmişdi. Göydən sallanan hindistan qozu ağaclarının budaqları arasında iki nazik, uzun minarə birbaşa göyə yüksəlirdi. Burda dinlə bağlı açıq-aydın, maraq cəlb edəcək bir işarə nəzərə çarpmırdı, amma xoş və hüzur dolu bir yerə bənzəyirdi.
İrəli doğru addımladım. Məscidin düz arxasında, yan-yana düzülmüş çoxlu sayda birmərtəbəli tikililər var idi. Baxımsızlıqdan uçub dağılmışdılar, çölü yaşıl rəngdə boyanmışdı. Tikililərdən biri mağaza idi, içəridəki rəflərin birində tozlu portağal suyu şüşəsində, yarıya qədər doldurulmuş şirin sular var idi. Amma burda satılan başqa bir şey də vardı, yastı, dairəvi və ağ rəngdə bir şey idi. Rəfə tam yaxınlaşıb baxdım. Mayasız çörəyə bənzəyirdi. Birini əlimlə yoxladım. Daş kimiydi. Sanki üç gün bundan əvvəl bişirilmişdi. Görəsən bunları kim yeyir, deyə düşündüm. Birini əlimə alıb, ovxalanırmı deyə baxmaq istədim.
–Dadına baxmaq istəyirsən? – bir səs dilləndi.
Qorxudan yerimdə atıldım. Hər kəsin başına gələ bilər, gün işığı və kölgələr vardı, rənglər və naxışlar vardı, fikrim başqa yerlərdəydi, ona görə də qarşımda duran adamı görə bilməmişəm.
Sən demə bir metrliyimdə, yerdə bardaş qurub oturmuş bir adam var imiş. Qorxudan çörək əlimdən çıxıb yolun ortasına qımcırlandı. Təzə inək peyininin içinə düşdü.
–Xahiş edirəm bağışlayın! Sizi görmədim! – deyə qışqırdım, özümü qaçmağa hazırılamışdım.
–Narahat olma, – adam sakitcə dedi. –Qoy bir inəyin qarnı doysun, başqasını götür.
Çörəklərdən birini də götürüb iki yürə böldü. Birlikdə yedik. Möhkəm və rezin kimiydi, dişləməyə hünər lazım idi, amma adamın qarnını doydururdu. Mənim içim rahatlandı.
–Deməli bunları siz hazırlayırsınız? – söhbətə başlamaq üçün dedim.
–Hə elə burda hazırlayıram. Gəl bura sənə necə hazırlandığını göstərim. – Yerindən durub, onunla birlikdə evə getməyim üçün mənə işarə etdi.
Bura iki otaqlı bir daxma idi. İçində təndir olan böyük otaq çörəkxana, ondan pərdə ilə ayrılmış o biri otaq isə yataq otağı idi. Təndirin altı kiçik çay daşları ilə dolu idi. O müəzzinin səsinin məsciddən səslənərkən çay daşlarının üzərində çörəyin necə pişdiyini danışdı. Haqqında danışdığı səsin azan səsi olduğunu bilirdim, amma nə üçün olduğundan xəbərim yox idi. İnanclı müsəlmanları məscidə, ibadətə çağırmaq üçün olduğunu düşündüm, eynilə kilsə zəngləri xristianları çağırdığı kimi. Amma elə deyilmiş! Çörəkçi söhbətin ortasında üzr istəyib içəri keçdi və əlində yumalanmış bir səccadə ilə geri qayıtdı, kilimini təndirin olduğu yerin yaxınlığına sərərkən otaqda kiçik bir un fırtınası qopdu. O elə təndirin yanındaca mənə fikir vermədən dua etməyə başladı. Heç belə şey olar? Bu ki nəzakətsiz hərəkətdir. Mən özümü burda artıq adam kimi hiss edirdim axı. Yaxşı ki, gözləri bağlı dua etdi.
Əvvəlcə dimdik dayandı, ərəbcə nələrsə dedi. Əllərini qulaqlarının dibinə qoydu, barmaqlarını qulağının ucuna toxunduru, sanki Allahın ona verdiyi cavabı eşitməyə cəhd edirdi. Sonra önə doğru əyildi. Yenidən dikəldi. Diz çöküb əlləri ilə birgə alnını yerə dəydirdi. Sonra dik vəziyyətdə oturdu, yenidən əyildi, yenidən qalxdı. Hər şeyə yenidən başladı.
Öz-özümə düşündüm ki, bu İslam deyilən din ki, bəsit gimnastikalardan ibarətdir. Bir növ bədəvilər üçün nəzərdə tutulmuş isinmə yoqasıydı. Özünə əziyyət vermədən, tərləmədən yoqa ilə məşğul olmaq üçün bir üsul idi.
O mütəməadi olaraq ərəbcə kəlimələri təkrarlayaraq eyni hərəkəti dörd dəfə təkrarladı. Duasını qurtardıqdan sonra başını sağa çevirib, qısa müddətliyinə düşüncələrə dalaraq gözlərini açdı və gülümsədi. Kiliminin üstündən qalxıb cəld hərəkətlə onu yenidən yuvarladı. Yan otaqdakı yerinə qoydu. Yanıma qayıtdı.
–Harda qalmışdıq? – deyə soruşdu.
Bu da ilk dəfə mənim bir müsəlmanın ibadətini görüşüm oldu, tələsik, cana faydalı, plastik, insan ruhunun dərinliklərinə işləyən dərəcədə cəlbedici. Bu hadisədən sonra, ibadət etmək üçün kilsəyə gedəndə çarmıxa gərilmiş Məsih qarşısında diz çöküb, sakitcə dua edirdim. Orda daim yadıma həmin çörəkçinin kisələr arasında Tanrıya dua etməsi düşürdü.
Darmowy fragment się skończył.