Czytaj książkę: «Qızılbaşlar: Oyanış»
Müəllifdən
Lap uşaq vaxtlarımda saatlarla xalçanın üzərində oturub “şpilkalarla” bezmədən, yorulmadan “dırş-dırş” oyunu oynayardım. Vahid süjet xəttinə malik, fantastik varlıqların iştirak etdiyi bu qəribə oyunu özüm yaratmışdım. Şpilkaların hər növü başqa bir irq idi mənim üçün. Hətta bazarlarda, xırdavat dükanlarında balaca karton kağızı hər tərəfdən dişləyən rəngbərəng şpilkaları tamamilə yeni məxluqların qeyri-adi, fövqəltəbii güclərə malik orduları kimi görürdüm. Qırmızı ninzalar sarı, mavi və ağ ninzalardan daha güclüydülər. Uzun, arıq, taxtadan yaradılmış amansız meşə ordusu, gombul və qolları dəmirdən olan kiborqlar… Bu varlıqların arasında gedən amansız müharibələrin tam mərkəzində plastilindən hazırladığım kapüşonu başından çıxarmayan xüsusi bir döyüşçü var idi. O digərlərindən seçilirdi. Adı Vancan idi. Uşaqlığımdakı iki ən məşhur döyüş filmi ulduzu olan “Vandam” və “Cekcan”-ın adlarının miksiydi bu ad. Əlbəttə ki, uşaq ikən bu adlar mənim üçün birləşik yazılır və bir vurğu altında tələffüz olunurdu.
Seçilmiş döyüşçüm digər şpilka ordularından qisas alırdı. Sevdiyi qızı öldürmüşdülər çünki. Nə ninzalardan idi, nə meşə ordusundan, nə də kiborqlardan. O, tək və yenilməz idi. Ancaq ayaqlarıyla döyüşərək bütün düşmənlərinə qalib gəlirdi hər zaman. Ən sonda isə çətinliklə də olsa, kiborqların başçısını öldürüb qisas andını tamamlayırdı.
Bu oyunu hər gün təkrar-təkrar oynadığıma görə oyuncaqlar istəmirdim heç vaxt. Oyuncaq barədə düşünmürdüm də. Anam hər dəfə yeni şpilkalar aldıqca Vancanın düşmənlərinin artdığına görə üzülsəm də, yaratdığım oyuna yeni-yeni macəraların əlavə olunacağına görə də sevinirdim. Ağzından alov çıxaran sürünənlərin, şəffaf parıltılı ruhların, kibrit çöplərini plastilinlə bədənlərinə bərkidib ölümcül katanaya çevirən balacaboy, papaqlı samurayların heç birinin mənim seçilmişimlə ulduzları barışmadı. Amma bütün uşaqlığım boyu nə bir ordu bu tənhagəzərə qalib gəldi, nə bir irq, nə bir tayfa. O, həmişə necəsə ən sonda sağ qalmağı bacarırdı. Beləcə illər keçdi. Rəngbərəng düşmənlər, fantastik varlıqlar yavaş-yavaş öz reallıqlarına qayıdaraq adi şpilkalara çevrildilər. Mən böyüdükcə oyun dünyam balacalaşdı.
Nəticədə, illər sonra bu kitabda oxuyacağınız dünya yarandı. Hekayəmiz Alqarad adlanan planetin bütün tarixini əhatələyəcək. Beş kitablıq uzun bir marafonun ilk hissəsi olan “Qızılbaşlar: Oyanış”-ı əlinizdə tutursunuz. Əvvəlcədən hamıdan üzr istəyirəm. Bu üzr heç də əfsanəvi fentezi əsərlərdən sonra bu janra müraciət etməyimin mədəni cəsarətinə görə deyil. Yalnış anlamayın! Bədii çatışmazlıqlara və təcrübəsiz yazıçının bəzən hətta bayağı sayılabiləcək bəsit yazı üslubuna görədir bu üzr. Oxuduğunuz başqa bütün kitablardan da zəif olacağına əminəm. Qarşılaşacağınız hadisələrin maraqlılıq qədərini gözünüzdə çox da böyütməyinizi qətiyyən istəməzdim. Çünki maraqlı olmaya da bilər. Hətta elə ilk səhifələrdən sıxılıb rəflərin künc-bucaqlarında gözünüzə görünməməyi üçün gizlədə də bilərsiniz. Sonra “demədi” deməyin.
Bircə xahişim var oxuculardan. Öncə öz səmimiyyətimə, daha sonra sizin anlayışınıza sığınaraq deyirəm bunları. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və onların düşüncə tərzini qətiyyən bizim dünyamızla müqayisə etməyin. Bu fentezi janrı oxuyucusunun qarşısına qoymalı olduğu ilk qanundur, mənim fikrimcə. Yoxsa, onsuz da yazılmağı mənim üçün tam bir işgəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə ehtimal yoxdur. Ölümsüz vəhşi varlıqların arasında sadəcə sağ qalmağa çalışmaqla kifayətlənməyib bütün qüvvəsiylə tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan mistik hekayəni hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Bu baxımdan, mənim bəxtim bir az gətirib. Çünki siz hələ birbaşa müəllifin özü tərəfindən yazılan bu kiçik hissəyə başlayarkən mən artıq çap olunmuş və çap olunacaq bütün hekayəni dəfələrlə və bezmədən oxumuşam. Açığı, mənə elə də pis kitab kimi gəlmədi, amma sizi deyə bilmərəm.
Əslində, bu dünyanın kitab yox, film olmağını istəyərdim. Bu istəyi çörəyini filmdən qazanan həvəskar kinomanın lenti vərəqə satmağı kimi deyil, ədəbiyyat dünyasının uğursuz yazıçıları arasında çətinlik çəkmədən gizlənib, heç bir diqqət çəkmədən axına qarışan və öz maraqsız kitabından utanan etirafçının məsum arzusu kimi qiymətləndirin. Oxuduqca səhnələr gözlərinizin önündə film kimi canlanarkən, məni daha yaxşı başa düşəcəyinizə ümid edirəm.
Odur ki, əziz izləyicilərim… Hamımıza, xoş seyirlər!
I
Qeybolma
“Heç şübhəsiz,
Tükənməkdədir Şərin zamanı.
Nə O əbədidir, nə başqa yaradılan.
Yalnız xeyir qalib gələr, yalnız inam.”
“Alqarad hekayələri: İlk işıq və yaradılış” kitabından.
Oriana şəhəri. “Qızıldan hazırlanan” şəhər. Daha dəqiq desək, Orta Dakaraqasın zibilxanası. Metal bataqlıq və ya robot ölüxanası. Burada hamı nə isə satır, nə isə alır, durmadan qiymət öldürür, dar küçələrdəki izdihamın arasından keçmək üçün yol istəyir, qışqırır, bağırır, söyüş söyür, nədən hazırlandığı bilinməyən yapışqan yaşıl xırt-xəşil yeməklərdən doyunca yeyib möhkəmcə gəyirirdi. Başqa planetlərdən gələn qonaqların ilk ayaq basdıqları şəhər idi bura. Uzun yoldan sonra öz gəmiləri və ya silahları üçün azsaylı etnik azlıqların tullantı kimi baxdıqları dəmir-dümürdən əsl möcüzə yarada biləcək elmə sahib olduqlarını hamı bilirdi. Ona görə də, hər hansı dəmir buynuzlu keçisifət yadplanetli ən xırda bir detalı almağa maraq göstərərdisə, Oriana zibilçiləri nə işə yarayacağını təsəvvür belə etmədikləri bu lazımsız və paslanmış robot hissəciklərini bacardıqları qədər dəyərə mindirər, “indiki vaxtda belələri tapılmır” söhbətlərinə girərdilər. Axtardıqlarını ucsuz-bucaqsız səs-küylü bazarlarda tapa bilməyənlər isə, Oriana rəhbərliyindən pulla icazə aldıqdan sonra dağlarda axtarışa başlayırdılar. Dağlar deyərkən, ağlınıza əsl dağlar gəlməsin. Oriana heç də Orta və Sol Dakaraqasın sərhəddindəki Beirova və ya cənubdakı Boreas kimi dağlıq ərazi sayılmazdı. Əvvəllər səhralıq və quraqlığın hökm sürdüyü şəhərdə dağlar bir yana qalsın, heç kiçik təpələrə belə rast gəlməzdin. Son bir neçə yüz ildə isə bu səhra zibilxanaya, daha sonra isə metal xırdavatının ən böyük mərkəzinə çevrildi. İndi şəhər dörd bir tərəfdən böyük dağlarla əhatələnmişdi. Lakin bu coğrafi aktivliyə görə yox, elmi-texniki aktivliyin sayəsində baş vermişdi.
Bir neçə kilometr uzaqdan dağlara bənzəyən qaraltıların yaxınlaşdıqca tullantı dəmir-dümür yığını olduğunu görə bilərdin. Küçə mucidləri axtardıqları hər şeyi buradan toplayırdılar. Onların işinə yarayacaq milyardlarla işləməyən, çoxdan sıradan çıxmış, paslanmıs, amma qızıla bərabər mexanizm hissələri bu dağların dərinliklərində bir yerdə gizlənirdi. Yaşayış yerləri isə balaca, çox da hündür olmayan, divarları ən yüngül küləklərdə belə durmadan yellənən nazik dəmir lövhələrdən ibarət olan birmərtəbəli daxmalar idi. Əhali sayına görə Orta Ölkədə, bəlkə də ən axrıncı yerdə olardı. Bura yalnız bu xarabalığın fanatları aylarla dözə bilərdi. Buna baxmayaraq, Kron patrulları, bütün şəhərlərdə olduğu kimi Orianada da nəzarəti əllərində saxlayırdılar. Şəhərin yeganə hündür binası, onmərtəbəli saat qülləsi idi. Daş bina nazik, uzun mayakı xatırladırdı. Saatsa, təbii ki, gündə yalnız iki dəfə doğru zamanı göstərirdi. Bu qüllənin nə vaxt, kim tərəfindən, hansı məqsədlə tikildiyi yaşayan heç kəsin yadına gəlməzdi. Əzəldən buradaymış kimi qoca və belibükük vəziyyətdə dayanıb, nə vaxt uçulub-dağılacağını səbirsizliklə gözləyirdi.
Oriananın ən böyük bazarı olan Sarı Bazar metal dağların ətəkləri boyunca uzanırdı. Burada il boyu əllərinin qapqara yağı ağarmayan metal satıcıları nə vaxtsa istifadəyə yararlı olabiləcək ən xırda hissələri belə zibilxanalardan axtarıb tapır və bəlkə də illər sonra satacaqları ümidiylə az qala dəmirdən dağa çevrilmiş dükanlarına toplayırdılar. Hərdən yağlı müştərilər də çıxırdı. Məsələn, hansısa bir reaktiv hava gəmisinin motorxanasındakı hansısa tapılmayan kömür hissəciyi qramla satılırdı. Hansısa süni intellektli robotun yüzlərlə metr uzağı optik linzalarla yaxınlaşdıra bilən gözləri, demək olar ki, su qiymətinə idi. Yox, bu bir az baha olardı. Orianada əməlli başlı su problemi var idi. Əvvəllər Mavi Gölün suyundan içmək olurdu, lakin get-gedə gölün dibi də paslandı, ətrafındakı balaca, yaşıllıq vahə də solub məhv oldu. Son bir neçə on ildə Mavi Göl tünd qəhvəyi paslı su yığınına çevrildi. Robotların gözü isə qumun qiymətinə satılırdı desək, daha doğru olardı. Bu şəhərdə dağlardan və bazarlardan başqa, demək olar ki, hər yer sapsarı səhralıq idi.
Bu gün Sarı Bazarda səhər açılandan bəri hər zamankından bir az da artıq canfəşanlıq hökm sürürdü. Hər kəs bir-birinin qulağına nə isə pıçıldayır, gecə baş verən qəribə hadisələrdən danışırdı. Kron patrullarından bir neçəsi öldürülmüşdü. Hətta gecənin bir aləmi dağların süni mağaralarından hansındansa yerli tacirlərin ən böyüklərindən birinin yalvarış səsləri belə eşidilmişdi. Görəsən, aylar əvvəl Naqanazarda baş verənlərin dünən gecəki hadisələrlə bir əlaqəsi ola bilərdimi? Deyilənə görə, Orta Dakaraqasın sənayə şəhərlərindən olan Naqanazarda bədənində qırmızı tatular olan kimsə karxanalardan birinin rəisini öldürmüşdü. Həm də qala kimi qorunan şəxsi evində. Səssiz-sakit, heç kimin xəbəri olmadan gizlincə içəri soxulub, buxaqları az qala sinəsinə qədər sallanan eybəcər, solğun rəngli gombul kronun boğazına kəskin bıçaqla nazik və dümdüz bir xətt çəkmişdi. İşçiləriylə qul kimi rəftar edən ədalətsiz rəisin çənəsindən aşağı yerindən tərpənə bilməyəcək qədər şərab içdikdən sonra öz üstünə qaytaran adamların pintiliyi kimi ağappaq qan şəlaləsi axarkən onu başqa dünyanın əfsanəvi Lal Otaqlarına göndərən qatil çoxdan aradan çıxmışdı. İndi də Orianada buna bənbzər şeylər yaşana bilərdimi? Yerin Qulaqları kronlar və şəhərin yerli əhalisi üçün heç də xoş sayılmayacaq xəbərləri bütün şəhərə yaymağa başlayandan bəri heç kim gəzişindən müəmma yağan adama fikir vermirdi.
Uzun qara əbası ilə bir nəfər düz bazarın ortasında diqqət çəkmədən cənub çıxışına tərəf irəliləyirdi. Bu qədər satıcının, bu qədər alıcının arasıyla heç kimə toxunmadan, heç kimə sürtülmədən elə sakitcə addımlayırdı ki, sanki gözəgörünməz idi. Başında kapüşona oxşar böyük şal, ayaqlarında isə nimdaş qara əbasına yaraşmayacaq qədər təzə uzunboğaz əsgər çəkmələri var idi. Getdiyi yeri ancaq başına atdığı şalın süzülmüş cırıqlarından izləyə bilirdi. Əbasının qolları çox uzun olduğuna görə heç də tacirə bənzəməyən şəhərə yad bu qonağın əlləri belə görsənmirdi. Lakin arada südə bənzər ağ damcılar düşürdü yerə. Bu damcıların süd olmaq ehtimalı mümkün deyildi. Kron qanına daha çox bənzəyirdi. Bəlkə, bu kapüşonlu “gözəgörünməz” elə kronlardan biri idi?! Amma yox, ola bilməzdi. Kronlar bu qədər balacaboy və arıq olmurlar. Vampirlər də. Cinlərsə ümumiyyətlə şəhərlərdə günün günorta çağı gəzişməzdilər. Onlarla nəinki Orianada, hətta Orta Dakaraqasın heç bir yerində bu qədər böyük izdihamın arasında rastlaşmazdın.
İnsan!…
İnsan idi bu yad qonaq. Hərçənd, normal bir insana görə heç də balacaboy sayılmazdı. Hərdən bildirmədən arxasına, sağına-soluna baxırdı. Kimlərdənsə gizləndiyi açıq-aşkar hiss olunurdu. Əgər bir insanın paltarından kronların qanı axırdısa, bunun sonu heç də xoşagələn olmayacaqdı. Təxminən, yarım saat idi ki, bazarda kron patrullarının sayı artmışdı. Onlar da kimisə axtarırdılar. Görünüşünə görə öz dəstəsindən qətiyyən seçilməyən Alfa Kron bəzi satıcılardan nələrsə soruşurdu. Satıcılar isə başlarını yelləyirdilər. Alfa kron onlardan uzaqlaşan kimi yenə də əlləriylə ağızlarını tutub bir-birinin qulağına eşidənin gözlərini bərəldən xəbərləri yayırdılar. Diqqətlərini çəkən, şübhə doğuran kimləsə və ya nəyləsə rastlaşmamışdılar bu gün. Amma bu hələ onları Sarı Bazar üçün adi günlərdən birinin gözlədiyi anlamına gəlmirdi. Bir az sonra burada baş verəcək hadisələr uzun illər sonra da maraqla xatırlanacaq, söhbət açılarkən qorxu və həyəcanla danışılacaqdı.
Qara geyimli insan cənub qapılarına çatmağa az qalmış əsas dördyolda ayaq saxlamalı oldu. İki tünd-göy rəngli kron patrulu əlisilahlı şəkildə onun yolunu kəsmişdilər. Kronlardan nisbətən öndə olanı özlərinin sözlərə yox, daha çox xırıltıya, uğultuya bənzər dillərində kapüşonu başından çıxarmağı əmr etdi. Ən azından hərəkətlərindən belə başa düşülürdü. Sonra bir dəfə də və daha ucadan bağırdı eybəcər məxluq. İnsan yerindən də tərpənmirdi. Sanki hərəkət etmək üçün hansısa bir işarəni gözləyirdi. Kron patrulu bir addım da yaxına gələn kimi qara geyimli adam birdən-birə çox sürətli şəkildə yerdə fırlanaraq kronun ayaq biləyindən təpik vurdu. Hər şey çox tez baş verdi. Patrul zərbənin təsirindən olduğu yerdən göyə qalxdı. Bir neçə saniyədən sonra yerə dəyəcəkdi. Dəyir də, amma başsız formada. Qara geyimli müəmmalı insan kron yerə yıxılmağa hazırlaşarkən fırlandığı yerdəcə əbasının altından mavi bir qılınc çıxartdı və elə göydə də bir zərbəylə düşmənin başını bədənindən ayırdı. Tünd göy bədən başsız formada yerə çırpıldı və kəsilmiş boynundan ətrafa ağ qan axmağa başladı. Bədənsiz kron başı isə havada uçaraq onlardan iki-üç addım geridəki kronun qucağına düşdü. Ağzı açıq və gözləri bərəlmiş formada.
İkinci kron əlindəki mavi alov silahını insana tərəf tuşlayaraq bazardakı digər patrullara yerlərini bildirmək üçün var gücü ilə bağırdı. Bu, həm də bir qəzəb göstərişi idi. Amma çətin ki, bu tamaşa qarşısındakını qorxuda bilmişdi. Bu model alov silahları bir-iki saniyə ərzində atəşə hazır vəziyyətə gəlirdi. Patrul silahın tətiyini sıxacağı anda insan bir dəfə də öz ətrafında fırlandı və bir əlini ona tərəf uzatdı. Yenə də hər şey çox sürətlə baş vermişdi. Qara geyimli döyüşçünün əlindən çıxan gümüş bıçaq kronun alnını deşərək arxadakı dükanın taxta qapısına sancıldı. Dizləri üstə çökən vəhşi məxluq göz bəbəkləri yuxarı qatlanmış halda kronlar cəhənnəminə doğru çoxdan yola çıxmışdı.
Ətrafdakı tacirlər, satıcılar, başqa dünyalardan gələn yadplanetlilər nə olduğunu anlamadan çaş-baş halda qaçışmağa başladılar. Onlara elə gəldirdi ki, kron patrullarını öldürməyə cəsarət edən və kim olduğu bilinməyən bu qatil hər kəsi öldürmək üçün Orianaya gəlmişdi. Artıq gizlənməyin bir mənasının olmadığını başa düşən insan başındakı şalı çıxardıb yerə atdı. Bu insan qızılbaşların ən güclü döyüşçülərindən olan Nil idi. Qapqara saçları üzünün sol tərəfinə tökülmüşdü. Sağ qulağının arxasına bərkidilən qulaqlığa iki dəfə toxundu və işləmədiyini anladı.
– Ən lazım olan vaxtda dalğa tutmur, – öz-özünə dodaqaltı deyinən Nil dördyolun hər istiqamətindən ona tərəf onlarla kron patrulunun qaçdığını gördü. – Qaçmaq lazımdır!
Artıq hər şey Nilin öz impravizəsinə qalmışdı. Nə edəcəyini, hansı tərəfə gedəcəyini bilmirdi, amma bu xarabalıqdan mütləq qurtulmalıydı. Dükanın qapısına sancılan gümüş bıçağı yerindən çıxardıb kronun ağ qanını paltarının qollarına sildi və yenidən kəmərinin arxasına bərkitdi. Dayandığı yerdən dükanın damına tullandı və ən az kronun yaxınlaşdığı istiqamətə doğru dükanların üstüylə qaçmağa başladı. Bəxti gətirsə, öldürəcəyi ilk kronlardan biri dəstənin alfası olardı. Yalnız o halda başqa bir alfa dəstəni ələ keçirənə qədər kronlar lal, kor, kar kimi key-key gəzişəcəkdilər. Ən pis halda isə, kronların hamısıyla döyüşməli olacaqdı. Bax, bu çox təhlükəliydi. Qızılbaşlarla təkbətək döyüşdə adi kron patrullarının sağ qalmaq şansı yox idi. Amma məsələ bütöv bir kron sürüsünə qalanda… vəziyyət tamamilə dəyişirdi.
Dəmir tavanlı dükanların çoxu bir-birlərinə bitişik tikilmişdi. Nisbətən aralı olanlarından isə tullanaraq keçirdi. Bazarın yollarını da dəqiq bilmədiyinə görə hara getdiyiylə bağlı heç bir fikri olmayan qız qulağındakı operatorla əlaqə yaranana qədər sadəcə sağ qalmağa çalışacaqdı. Kəmərinin arxasına iki kiçik tapança və iki gümüş bıçaq bərkidilmişdi. Belində isə nazik, amma həddindən artıq möhkəm olan ildırım metalından düzəldilmiş kəskin qılıncı var idi. Ayağındakı uzunboğaz çəkmələrin altı yumşaq olsa da, dözümlüydülər. Yüngül ayaqqabı qaçarkən və tullanarkən heç bir ağırlıq yaratmırdı.
Kronlar vəhşi səslər çıxardaraq aşağıdakı yolla qızı izləyirdilər. Nil kronların mavi alovlarla açdıqları atəşlərdən yayınmağa çətinlik çəkmirdi, lakin sayları çoxaldıqca vəziyyət daha da təhlükəli olacaqdı. Bir neçə dükan irəlidən dörd kron da dama çıxıb ona tərəf qaçmağa başladı. Nil də onlara doğru ziqzaqvari qaçaraq qılıncını belindən götürdü. Açılan mavi atəşlərin hamısı qızın sağından-solundan santimetrlərlə yan keçirdi. Bəziləri lap ayağının altına dəyirdi. Aralarındakı məsafə lap qısalanda kronlar da qılınclarını çıxarmaq istədilər, lakin buna vaxtları qalmamışdı. Nil onların arasından bəbir kimi sürətlə qaçıb keçdi. Hansına necə zərbə endirdiyini digərləri heç görmədilər də. Bir-birlərinə baxıb bədənlərində nələrinsə əksik olduğunu düşündülər. Ağrı çəkmirdilər, amma, elə bil, dərin yuxuya getmək istəyirdilər. Yalnız döyüşçü qız onlardan xeyli aralanandan sonra birinin sol qoluyla sağ ayağı qopdu, birinin başı ortadan iki yerə ayrıldı, digərlərinin isə qarınlarındakı böyük kəsiklərdən bütün içalatları çölə daşdı. Damın üstü bir anlığa ağappaq gölməçəyə çevrildi. Nil bu dəfə də qılıncındakı ağ qanı üstünə silib belinə bərkitdi. Belindəki xüsusi maqnit qılıncı oradan düşməyə qoymurudu.
Birdən-birə qulağına əvvəlcə xışıltı, daha sonra isə tanış bir səs gəldi.
– Nil? Cavab ver, məni eşidirsən?
Qızılbaşların lideri Solonasın səsi qaranlıq tunelin sonundakı işıq kimiydi. Nil budəfəki tapşırığı danışıldığı vaxtdan bir neçə saat tez yerinə yetirmişdi. Buna görə də bazarın cənub çıxışında hələ ki onu gözləyən qızılbaş gəmisi görsənmirdi.
– Salam, şef. Hər şey yaxşıdır, hamı xoşbəxtdir. Öldürə-öldürə qaldığım kronlardan başqa. Tələsməyə bilərsiniz, – bir az zarafatyana, bir az da ironiya ilə cavab verən qızın səsi dayanmadan qaçdığına görə titrək və təngənəfəs çıxdı.
– Biz, təxminən, iki saatdan sonra cənub çıxışında səni gözləyəcəyik. Gecikməməyə çalış. Yoxsa, bazarı partlatmağa məcbur qalacayıq, – Solonasın səsi arada-gedib gəlirdi. Görünür, Nilin də səsi yaxşı eşidilmirdi ki, qızın nədən danışdığını Solonas anlamamışdı. – Bu partlayış isə çox diqqət çəkər. Bunu istəmirəm.
– Narahat olma. Belə getsə, bir neçə dəqiqədən sonra özüm partladacam bu ölüxananı, – deyən kimi damdan yerə tullanan qız düz önündəki iki kronun sinəsini gümüş bıçaqlarla iki yerə böldü. Bu dəfə qan qızın bütün üz-gözünə sıçradı. Nil sifətini turşudaraq başını yellədi. Kronları öldürmək ona hədsiz zövq versə də, qanlarından gələn üfunət iydən zəhləsi gedirdi.
– Nil… Nələr baş verir? – Solonasın səsi qeyri-adi dərəcədə təmkinli idi. – Hər şeyi səssiz-sakit həll etməyini istəmişdim.
– Mümkün olmadı, şef. İmpravizə eləməyə məcbur qaldım. İndi də bazarın ortasında ora-bura qaçıram və dörd bir yanımda da bir neçə kron dəstəsi var. Silahlı və əsəbi kronlar, – Nil təngənəfəs vəziyyətdə gah sağa, gah da sola dönüb qaçırdı. – İki saatlıq vaxtım yoxdur, məncə.
– Qolbaq səndədir? – kiçik səssizlikdən sonra qızılbaş lideri az qala pıçıltıyla soruşdu.
– Qolumdadır. Heç də biz düşündüyümüz kimi asan olmadı oğurlamaq. Bir-iki vedrə ağ qan axıtdım götürmək üçün, – deyən qız sağ biləyindəki dəmir qolbağa baxdı. Qəribəydi. Görünüşünə görə qədim döyüş qolçaqlarını xatırladan qolbaq, elə bil, sırf onun biləyinin ölçüsündə hazırlanmışdı. Rahat hərəkət etsin deyə dəmir qolbağı qoluna taxan kimi biləyində öz-özünə kipləşmiş və balacalaşmışdı sanki.
– Nə badə qaçmağı dayandırıb açıq döyüşə girəsən, nə badə. Maksimum sürətlə gəlirik. Gizlənməyə bir yer tap və gəmimizi görənə qədər də çıxma oradan, – Solonasın yüngülcə xırıldayan səsi qarşı tərəfdən heç eşidilmirdi. – Həyatda qal, əsgər. Bu əmrdir.
– Oldu, şef, – Nil dükanların qapı kandarlarına düzülmüş dəmir piştaxtalarının üstündən tullanaraq və ətrafındakı qəribə görünüşlü yadplanetli irqlərin nümayəndələrini sağa-sola itələyərək durmadan qaçırdı. Belə nə qədər davam edə biləcəyini heç bilmirdi.
Birdən-birə, elə bil, sağ tərəfindən böyük bir qaya parçası dəydi ona. Zərbənin təsirindən sol tərəfdəki dükanın dəmir divarlarına çırpıldı. Nazik divarları deşib qumlu torpağın üstündə bir neçə dəfə diyirlənərək bir küçə geridəki dükanın önündəki böyük dəmir soyuducuyla toqquşdu. Toqquşmağıyla da kəmərindəki qoşa tapançanı çıxardıb zərbə gələn tərəfə tuşladı. Gözləri bir anlıq bulanıqlaşıb yenidən düzəldi. Çoxdandır bu qədər güclü zərbə dəymirdi ona. Önündəki arxa divarı deşilmiş dükandan heç kim gəlmirdi. Bir neçə saniyə bu cür dayandıqdan sonra dərin bir nəfəs aldı və beş metr irəliyə düşmüş qulaqlığı görüb yenidən ayağa qalxdı. Onu yerdən götürmək üçün əyildiyi vaxt bu dəfə solundan toz-torpaqlı bir küləyin ona yaxınlaşdığını hiss etdi. Kronlardan on qat daha sürətlə hərəkət edirdi. Başını sola çevirməyə imkan tapmamış qaya kimi sərt külək bir dəfə də Nili havaya sovurdu. Nil on beş-iyirmi metr kənara uçub başqa bir dükanın metal yığınına dəydi və dəmir-dümür ətrafa səpələndi. Sol çiynində ağrılar baş qaldırırdı. Qaşının üstündən də qan açılmışdı.
Başını qaldırıb zərbənin dəydiyi tərəfə baxdı. Toz-duman yavaş-yavaş çəkilərkən qanadlı bir məxluqun siluetini görə bildi. Qanadları asta-asta belinə doğru yığılıb yoxa çıxdı. Havaya sovrulan toz-torpağın arasından incəbelli və həddindən artıq gözəl bir qız çıxdı. Nil bir az əvvəl yerdən götürdüyü qulaqlığından Solonasın səsini eşitdi, nəhayət ki. Aparatı qulağının arxasına bərkitdi.
– Nil? Orada ancaq kronların olduğuna əminsən?
– Yox, şef. Bir vampir də var. Qanadlı. Meledadır, yəqin ki, – Nil hələ də yıxıldığı yerdən qalxa bilməmişdi. Qara paltarları və üzünün yarısı sapsarı torpaq olmuşdu.
– Onunla döyüşməyi ağlına da gətirmə.
– Nəhayət ki, onunla qarşılaşdıq. Özü öz ayaqlarıyla ölümünə gəlib, – Nilin özündən əmin danışığı Solonası əsəbləşdirmişdi, deyəsən.
– Onunla döyüşmə deyirəm. Qalib gələ bilməyəcəksən. Onu öldürə biləcək silahın yoxdur üstündə, – Solonasın bayaqkı təmkinli səsindən artıq əsər-əlamət yox idi. – Qanadlı vampirləri öldürmək, demək olar ki, imkansızdır.
– Qisasımı alacam, şef! – Nil son sözlərini deyib qulaqlığa toxundu və əlaqə kəsildi.
Ayağa qalxıb düşmənin hücum həmləsini gözləməyə başladı. Tozların arasından qızılbaş döyüşçüyə tərəf gələn qapqara və damdar dəri paltarlar geyinmiş qızla təkbətək döyüşün asan olmayacağı bəlliydi. Boyu kronlardan belə daha uzun olardı. Qıpqırmızı gözləri ağappaq dərisinin fonunda işıq kimi parıldayırdı. Dodaqlarında ifritə bir gülümsəmə var idi.
– İnsan qanının ətrini kilometrlərlə aralıdan hiss edirəm. Bu dadı heç bir şeylə əvəz etmək olmur, – qara vampir özündən əmin şəkildə asta-asta addımlayaraq Nilə yaxınlaşırdı. – Qızılbaşların qanını içmədiyim bir neçə yüz il olub. Darıxmışdım.
– Gəl, qancıq, gəl. Səni öz qanında boğacam, – Nil qızılbaşlara yaraşmayacaq bir şəkildə ona verilən tapşırığı şəxsi prinsiplərinin arxasına atmışdı. – Mənim qılıncımsa tez-tez vampir bədəni doğrayır. Bu gün qanın ətrini hiss etdiyin son günün olacaq, – deyib əlini qaşının üstündən süzülən qana sürtərək vampirə tərəf uzatdı.
– Çox cəsarətlisən, qızcığaz. Görək, bir azdan bədəninin hər yerindən qan axanda da bu qədər cəsarətli danışa biləcəksən?
Meledanın belindən iki yana doğru qapqara tüksüz qanadlar açıldı və üzünün görünüşü bir anda dəyişildi. Dırnaqları caynaqlara çevrildi və vampir dişləri uzandı. Azacıq havaya qalxıb sürətlə Nilə tərəf uçdu. Hər dəfə qanadları çırpıldıqca bazarın toz-torpağı bir az da havaya sovrulurdu. Yaranan külək ətrafdakı bütün dükanların qapı-pəncərələrini çırpıb bağladı. Küləyin bağlamadıqlarını isə dükan sahiblərinin özləri bağladılar. Hərə öz yuvasında kiçik bir deşik tapıb meydanda nələrin baş verəcəyini səbirsizliklə izləməyə başladı. Aralarında iki metr məsafə qalmış qızılbaş döyüşçü ani hərəkətlə fırlanaraq dabanıyla vampirin çənəsindən qüvvətli bir zərbə endirdi. Vampir bu dəfə ovuna toxuna bilməmişdi. Zərbə sırası rəqibə keçmişdi.
Nil zərbə vurduğu dabanında güclü ağrı hiss etdi. Elə bil, dabanından güllə dəymişdi. Vampirlərin bədənləri sərt olurdu, amma Meledanın bədəni lap mərmər kimiydi. Vampir qız əlini üzünə tutub nə olduğunu anlamağa çalışırdı. Yerindən çıxmış alt çənəsi öz-özünə yenidən geri qayıdıb yuxarı çənəsinə birləşdi. Meleda əliylə alt çənəsini sağa-sola tərpədib yerində bərkidərək Nilə tərəf çevrilərkən qız artıq havada idi və yerə düşməmiş vampirin sifətindən dalbadal dörd-beş təpik də vurdu. Yerə düşən kimi daha bir neçə zərbə endirdi. Sonuncu ayaq zərbəsində isə Meleda Nilin ayağını tutdu və onu fırladaraq yandakı binanın divarına çırpdı. Divar az qala parçalanacaqdı. Ayağı hələ də vampirin əlindəydi. Sol çiynindəki ağrılar getdikcə güclənməyə başlayırdı. Vampir bir dəfə də onu var gücü ilə fırladıb kənara tulladı. Bu dəfə qarşıdakı dükana sanki bomba atdılar. Nil tank gülləsi kimi girmişdi qaranlıq dükana və hər yeri dağıtmışdı. Gözlərini açanda Meledanın sürətlə dükana tərəf uçduğunu gördü və cəld şəkildə sağa tərəf sıçradı. Meledanın sərt dizi Nilin bayaq söykəndiyi qalın dəmir parçasını ortadan iki yerə böldü. Parçalardan biri Nilin qabağına düşdü. O, dəmiri yerdən qaldırıb havaya tullandı və var gücüylə vampirin başına vurdu. Amma vampir olduğu kimi də dayanıb sadəcə başını aşağı əydi. Başında balaca yarıq əmələ gəldi və dərhal da bitişdi. Caynaqlarını yumruq kimi qıza atdı. Bu dəfə də vampirin zərbələrindən qaça bilən qız qılıncını vampirin başının düz ortasına vurmaq istəyərkən vampir hər iki əlindən yaxaladı onu. Nil kəllə vurdu bu dəfə, amma başı divara dəymiş kimi gicəlləndi və o biri qaşından da qan açıldı. Meleda onun əllərini yanlara tərəf dartıb havaya qaldırdı. Nil sanki çarmıxa çəkilmişdi. Vampirin ağzı açıldı, dişləri bir az da itiləşib uzandı. Nil gücünün tükəndiyini hiss edirdi. Amma bu qədər tez təslim ola bilməzdi. O, qızılbaş döyüşçüsü idi. Qızılbaşlar heç vaxt asan rəqib olmamışdılar, olmayacaqdılar da.
Bütün gücünü ayaqlarına toplayaraq ucu sərt çəkmələriylə vampirin qabırğa hissəsindən var gücü ilə zərbə endirən kimi Meleda qızı buraxdı. Bu zərbə vampirin qabırğalarını sındıra bildi, amma bir neçə saniyəyə, onsuz da, birləşəcəkdilər. Bu vaxt ərzində Nil gümüş bıçaqları çıxarıb vampirin bədənini sürətli zərbələrlə deşik-deşik etdi, bıçağı tərs çevirib boğazını kəsdi. Bıçaqları nə vaxt yerinə qoyub tapançaları nə vaxt götürdüyünü vampirin özü belə görmədi. Hər iki silahdan açılan atəşlə qara vampir dükanın o biri başına qədər uçub taxta dirəyi sındırdı. Bu yaralar onu öldürə bilməsə də, Nilə oradan qaçmaq üçün bir dəqiqəyə yaxın vaxt qazandırmış oldu.
Solonas haqlı idi. Onunla təkbətək döyüşmək ağılsızlıq idi. Çox ciddi yaralanmışdı. Qaçış sürəti azalmış, bütün əzələləri boşalmışdı. Gözləri də tez-tez bulanıqlaşırdı. Üstəlik, dostlarının şəhərə çatmağına hələ iki saata yaxın vaxt var idi. Hər küçənin döngəsindən vəhşi kronlar çıxır, dayanmadan atəş açır və onu tutmağa çalışırdılar. Hara qaçdığını özü belə bilmədən dükanların damlarına tərəf baxdı. Gizlənəcək bir yer olmalı idi. Qaçaraq qurtulmaq mümkün deyildi.
Birdən paslı şəhərin tək hündür binası olan sapsarı saat qülləsini gördü. Ağlına bir fikir gəldi. Qolundakı qolçağa bənzər alətə baxdı. Bu qolçağı oğurlamaq üçün gəlmişdi metal xarabalığa. Onu Solonasa çatdırmaq üçün canını belə verə bilərdi. Amma indi yalnız bu qolbaq onun Orianadakı taleyini dəyişmək iqtidarındaydı. Niyə də yox? Niyə də olmasın? Onsuz da, Aksel Zalton bu texnologiyanı hələ test etməmişdi.
Yenidən qulaqlığa iki dəfə toxundu.
– Şef? Burdasız? – Saat qülləsinə çatmağa lap az qalmış yenidən qızılbaş gəmisiylə əlaqə yaratdı.
– Burdayam, axmaq qız. Sən neylədiyini fikirləşirsən? – Solonasın bu qədər əsəbləşdiyini, bəlkə də, heç bir qızılbaş görməmişdi. – O vampiri öldürəcəyini necə düşünə bilərsən? Döyüşməməyi əmr etmişdim sənə.
– Şef… – qız nəsə deməyə çalışdı.
– Nə olursa-olsun, həyatda qalmağı əmr etmişdim.
– SOLONAS! Qulaq as, vaxtımız azdır, – Nilin səsi komandirinin də səsindən yüksək çıxmışdı. O da birinci dəfə idi ki, başçılarına qışqırırdı.
– Eşidirəm.
– Zalton yanındadır?
– Yox, əlbəttə ki. Onu Rufinaya göndərmişik. İlk varp sıçrayışının düşmə lövhəsini hazırlayır, – Solonas qızın beynindən nələr keçdiyini az-çox təxmin edə bilirdi.
– İndiyə kimi bitmiş olar deyə ümid edirəm, – Nil var gücü ilə tullanaraq saat qülləsinin birbaşa ikinci mərtəbəsindən pəncərə şüşələrini sındıraraq içəri daxil oldu. Yol boyu bir neçə kronu da öldürdüyündən gümüş bıçaqlar hələ də əlindəydi. – İlk test üçün əlimdə yaxşı bir təcrübə siçanı var.
– Əminsən? – Solonas da başqa çıxış yolu olmadığını anlamışdı. Nili itirməyi gözə ala bilməzdi.
– Başqa çıxış yolum yoxdur, şef. Ölümün qucağına atılmalıyam, – qızın səsindən az da olsa qorxduğu hiss olunurdu. – Rufinayla əlaqə saxlayın, düşmə lövhəsini aktivləşdirsinlər.
Altıncı mərtəbədə olarkən binanın çölündən vahiməli bir qadın səsi eşidildi. Meledanın səsi idi. Həddindən artıq əsəbləşdiyi hiss olunurdu. İlk dəfə idi ki, kimsə onu bu qədər yaralamağı bacarmışdı. Bu insan onun əllərində ölməliydi. Saat qülləsinin divarlarından biri altıncı mərtəbədə birdən-birə dağıldı və qara vampir Nilin boğazından yapışıb o biri divara çırpdı. Vampir güclü caynaqlarından biriylə onu boğmağa davam edərkən digər əlindəki iti dırnaqlarını Nilin qarnına soxdu. Qızın qarnı beş yerdən eyni vaxtda deşildi. Bu, kronların alov silahından belə daha ağır yara idi.
– “Hər yerindən qan axacaq” demişdim sənə, – Meleda barmaqlarını qızın qarnında bir az da tərpədərək ilan kimi fısıldadı.
Nilin ağzı bir anda qanla doldu və ağrıdan qışqırarkən çənəsinin yanlarından aşağı axdı. Vampirin barmaqlarının qarnının içində necə yumruqlaşdığını hiss edirdi. Düz düşməninin qanla dolmuş vəhşi göz bəbəklərinə baxaraq əllərindəki bıçaqlardan birini boğazından yapışan ələ batırdı. Vampir o dəqiqə əlini çəkdi. Digər bıçağı isə çənəsinin altından soxub burnunun çəpər sümüyündən çıxartdı. Meleda neçə yüz illik ömründə bu qədər ağrı hiss etməmişdi. O da özünü saxlaya bilməyib var gücüylə qışqırmağa başladı. Nil vampirin özünü ora-bura çırpdığını görüb son gücünü toplayaraq onu binanın pəncərəsinə tərəf itələdi. Vampir pəncərəni sındırıb altıncı mərtəbədən yerə yıxıldı. Amma bu da vampiri öldürməyəcəkdi. Ən qısa zamanda binanın damına çıxmalıydı Nil.
Ağrılar içində axsayaraq pilləkənləri qalxmağa başladı. Kron dəstələri artıq dördüncü mərtəbəni keçmişdilər və sürətlə Nilə yaxınlaşırdılar. Nil birtəhər binanın damına çıxdı. Qarnındakı yaraya görə çox qan itirmişdi. Qulaqlığına toxundu son dəfə.
– Solonas! – ağzına dolan qana görə güclə danışan qız komandirini çağırdı.
– Nil… Rufinada hər şey hazırdır. Sənə inanırıq, Nil. Sənə inanırıq, qızım, – Solonas hal-hazırda hər şeydən çox Nilin həyatı üçün narahat olurdu.
– Əgər nanovarp işləməsə, məni bağışla, şef. Bağışla ki, sənə qulaq asmadım. Bağışla ki, bu aləti sənə gətirə bilmədim. Əgər işləməsə… – qız sanki qızılbaşların lideri ilə vidalaşırdı.
– İşləyəcək! İşləməlidir!…
Nil damın ən küncünə çatanda kronlar dama çıxan qapıdan ətrafa səpələnməyə başladılar. Silahlarını qıza tuşlayıb güllələməyə macal tapmamış yaralı döyüşçü özünü onmərtəbəli qüllənin damından aşağı atdı. Yerə yaxınlaşarkən ürəyinin nə qədər döyündüyünü hiss edən qız nanovarpın işləmədiyinə əmin olmuşdu. “Bu da son” deyə düşündü içindən. Tam yerə çırpılacağı anda hər yer ağardı. Eyniylə yuxularda olduğu kimi ölümdən sonrakı həyatı görmədən başqa bir yerdəmi oyanacaqdı, yoxsa ölümün əslində nə olduğunumu anlayacaqdı?! Deyəsən, heç biri.
Rufinanın ən böyük və ən hündür zalında inşa edilmiş ilk nanovarp sıçrayışının düşmə lövhəsində birdən-birə gözqamaşdırıcı bir işıq peyda oldu. Bu parlaqlıq qarşısında gəminin hər yerinə quraşdırılan solğun rəngli balaca göy led işıqların təsiri azaldı. Bir neçə saniyədən sonra parlaqlıq azalmağa başladı. Ətrafdakı bütün qızılbaşlar və Aksel Zalton alətin işlədiyindən çox Nilin onların yanında olduğuna sevindilər. Qız ağ və qırmızı qanlara boyanmış halda yerdə, düşmə lövhəsinin üzərində uzanmışdı. Başını qaldırıb bütün yaradılışın ən böyük kəşfini edən Zaltonun üzünə baxaraq ağrılar içində gülümsədi.
– Əgər işləməsəydi, Zalton, o dünyada səbirsizliklə sənin lal otaqlarını öz qışqırığınla dolduracağım günü gözləyəcəkdim, – sözünü bitirən kimi qeyri-ixtiyari şəkildə öskürərək qan tüpürdü.
Ölümcül yaralanmağına baxmayaraq dostlarının əhatəsində olmaqdan hədisz xoşbəxt görsənirdi. Nanovarp qolbağı artıq qızılbaşlarda idi. Üstəlik Hemera da digər dostlarının yanındaydı. Bu isə o demək idi ki, bir neçə saat da ölməsəydi, yaraları tamamilə sağalacaqdı.
– Kimsə nə olduğunu desin? – Solonasın səsi bu dəfə səsgücləndiricilərdən çıxdı. – İşlədi? Alındı?
– Mənim üçün asan tapşırıq oldu, şef! – Nil yenə zarafatyana dedi. – Seçilmişi tapmaq bundan asan olmayacaq.
– Biz tapmayacayıq, – Solonas əminlikdə cavab verdi. – O, özü bizi tapacaq.
II
Hücrə
Bundan min il əvvəl bir müharibə oldu. Haradan gəldiyi bilinməyən Xaos adlı varlıq dünyanı ələ keçirtməyə çalışdı. Əvvəlcə mavi dərilərə, tükürpədici səsə malik vicdan, rəhm və qorxu duyğularından tamamilə məhrum yeni bir irqi – kronları yaratdı. Bu yarada bilmək gücü onun ilahi bir varlıq olduğunun isbatıydı. Daha sonra onun ordusuna vampirlər, ölümlü meşə və səhra cinləri də qoşuldular. İnsanların ordusu bu dəhşətli gücə qarşı tab gətirə bilmirdi. Üstəlik, başqa irqlərdən də kömək gəlməyəcəyi bəlliydi. Moyraların sayı sürətlə azalır, digər canlılar isə Xaosa qarşı müharibədən açıq-aşkar qorxurdular. Yeni vəhşi irq olan kronlar bir yana, vampirlər və cinlərin ordusundan bütün irqlər çəkinirdi. Döyüşlər həddindən artıq qanlı keçir və insanlar üçün faciəvi sonluqla yekunlaşırdı. İnsanların lideri Korteqan döyüşlərdən birində Xaosa meydan oxudu və onu təkbətək döyüşə çağırdı. Xaos çox güclü cadügar idi. Lakin döyüş qılınc döyüşü olacaqdı. Nəhəng cüssəli düşmən müharibənin düz ortasına birdən-birə ildırım zərbəsiylə endi. Qapqara paltarından çıxan dalğalı duman və üzünü hər kəsdən gizləyən maskasının altından yalnız sapsarı gözləri görünürdü. Xaos özünü insanlara ilk dəfə bu cür göstərmişdi. Endiyi yerdə ayaqlarının altındakı hər şey darmadağın olmuşdu. Korteqandan iki dəfə böyük bədəniylə ondan qat-qat güclü olduğu hər halından bəlliydi.
İnsanların lideri qılıncı çəkdi qınından və ilk zərbəni özü endirmək istədi. Lakin qılınc Xaosun əlinə dəyib çilik-çilik oldu. Xaos elə ilk zərbədən Korteqanın başını bədənindən ayırdı. İnsanların sonuncu kralının bircə anın içində ağappaq olan başı yerdə diyirlənərkən Qara Hökmdar əlini başsız bədənə uzatdı. İnsanların liderinin bədəni həmin dəqiqə alışıb yanmağa başladı. Üzünü bütün insanlığa çevirən Xaos var gücü ilə bağırdı:
– Mənə qarşı çıxan hər kəs əbədi qaranlıqlar içində sonsuza qədər yanacaq. İnsanlar və onların müttəfiqlərinə bu dünyada rahatlıq yoxdur artıq. Hər kəs bilsin. Xaosun hakimiyyəti başladı. Böyük Müharibə bitdi.
Bu dəhşətli mənzərə insanlığın çöküşü oldu. Korteqanın oğlu döyüş meydanından biyabırçı şəkildə qorxaraq qaçdı. Xaos dünyanın hakimiyyətini ələ keçirtdi və Xaos dağında qərargahlaşdı. Nəinki bu dünyanın canlıları, hətta başqa dünyaların da canlıları ona itaət etdilər. Qaranlıq illər, qaranlıq əsrlər də bu cür başlandı.
Sağ qalan insanların əksəriyyəti Xaosun hakimiyyətinə boyun əyərək yer üzündəki başqa bütün canlılar kimi onun sərkərdələrinin quluna çevrildilər. Lakin bu zülmə boyun əyməyən insanlar da var idi. Onlar dağlarda, mağaralarda, yeraltındakı sığınacaqlarda məskunlaşdılar. Əsrlər boyu öz azadlıqları uğrunda müharibələri davam etdirdilər. Çünki inandıqları bir şey var idi. Ulu Bilgə Ağ Qadın tərəfindən söylənilən əfsanə. Bu əfsanədə Xaosun hakimiyyətinin sonundan danışılırdı. Seçilmişdən və qaranlığın sonundan. Müharibəni əsrlər boyu davam etdirən bu insanlar özlərinə Qızılbaşlar deyirdilər. Onlar insanlar arasında ən güclü döyüşçülər idilər. Başqa bütün canlılar bir neçə əsrdən bəri qızılbaşların nəslinin tükəndiyini desələr də, Oriana şəhərindəki son hadisələr bunun tam əksini sübut etmişdi. Qızılbaşlar hələ də var. Getdikcə də insanlar arasında aydınlanıb çoxalırlar. Daxillərindəki gücü hiss edənlərin, əfsanəyə inancını içlərində boğa bilməyən və artıq gizlətmək istəməyən insanların bir gün mütləq Solonasın Rufina qərargahına və bəmbəyaz Qalateyaya yolu düşəcəkdi. Qızılbaşlar hərəkətə keçdilər. Geriyə sadəcə seçilmişi tapmaq qalır.
***
Ucsuz-bucaqsız bir çölün ortasında tək qalmış qalın gövdəli bir ağac çatır-çatır çatlamağa başlayır. Ağaca tərəf var gücüylə irəliləyən qanadlı bir qasırğa var. Ağ rəngli və qanadlı qasırğa. Küləyin ən qəzəbli halıdır bu. Ağacın arxasından göylərə qədər uzanan əzəmətli dağ birdən-birə partlayır və qapqara duman Günəşin qabağını kəsir. Qasırğa Günəşin qarşısını kəsən bu qaranlıq dumanı ətrafa sovurduqca səmada bir balaca deşik əmələ gəlir. Bu deşikdən Günəşin işığı yalnızca ağacın üzərinə düşür. İşıq gücləndikcə ağac daha da çatırdamağa başlayır və birdən tam ortasından partlayaraq içindəki nuru ətrafa yayır. Bu Nur Dağın zülmət dumanıyla qarışır. Sanki döyüşürlər. Hansının daha güclü olduğunu anlamaq mümkünsüzdür. Bir az əvvəl burada olan ağaca tərəf yaxınlaşan ağ qanadlı qasırğa da ağacın yoxluğuyla sakitləşir. Bu bir atdır. Peqasus. Ağacın yerində indi yalnız ağ döyüşçü paltarı və mavi bir qılınc var. Paltara göylərdən qara ləkələr düşməyə başlayır. Peqasus bədənini sipər edir. Ləkələr onun bədəninə düşdükcə at yanmağa başlayır. Lakin bir an belə ağ paltarı qorumaqdan vaz keçmir. Ən sonda böyük və qapqara bir ağac parçası Peqasusun belindən girib yerə sancılır. Atın qanı paltara axdıqca paltar qıpqırmızı bir rəng alır.
Yarıqaranlıq bir daxmada üç çılpaq erras qızının qoynunda yuxudan ayılan Kleon Ximelu şəhərində keçirtdiyi hər gündən başqa bir zövq almışdı. Əlbəttə ki, arada-bir gördüyü bu kabusları çıxmaqla. Hər kabusdan sonra sağ əlinin ovucundakı yanıq izləri sızıldayır, qəribə bir yanğı verirdi. Amma yaxşı ki, Ximeluya gəlmişdi. Bu şəhərdəki, demək olar ki, hər şey ona təpədən-dırnağacan sərf edirdi.
Həyatı boyu heç vaxt idmanla məşğul olmasa da, əzələli bədəni Ximelunun ehtiraslı qızlarını o dəqiqə özünə çəkirdi. Həm də bu şəhərin sakinləri Erraslar idilər. Onlar qısqanclıq hissindən bütünlüklə arınmışdılar. Erras oğlanları nə arvadlarını, nə sevgililərini başqa bir kişiyə qısqanmazdılar. Səhər tezdəndən gecəyə kimi özlərinin tarla dedikləri yerlərdə işdə olan kişilər hətta bura qonaq gələnlərə daha yaxşı xidmət göstərdikləri üçün öz xanımları ilə fəxr də edirdilər.
Qaranlıq dövrlərdə aydınlıq içində olan tək-tük şəhərlərdən olsa da, Ximelu da Xaosun nökərləri tərəfindən idarə olunurdu. Buranın baş naibi Hazaratın doğmaca oğlu Haimid idi. Hazarat qədər güclü və böyük olmasa da, dərisinin rəngi azca atasına bənzəyirdi. Ximelu şəhərində yaşayan errasların gözəl qadınları onunla yatmaq üçün dəridən-qabıqdan çıxırdılar. Ən gözəlləri onun, qalanları isə qonaqların payına düşərdi. Kleon da bu paydan kiçik bir parça almışdı. Artıq bir aydan çox idi ki, bu şəhərdə havayı yeyib-içirdi. Baxmayaraq ki, Naqanazardan bura gələndə oğru dostları “bircə Ximeluya getmə, ora çox təhlükəlidir” demişdilər. Halbuki, burada təhlükədən əsər-əlamət yox idi. Lənətlənmiş şəhər Ximelu. Bu qədər lənətlidirsə, niyə “Tanrı tərəfindən yaradılan” mənasını verir?
Hər gün içgi, əyləncə, qızlar. Kleon üçün bundan daha gözəl bir cənnət ola bilməzdi. Deyilənə görə, Orta Dakaraqasda ən çox kron patrulu bu şəhərdə idi. Yüzlərlə alfa kronun olduğu söylənilirdi. Hamısı da Haimidə tabe olanlardır. Cinayətlərin, oğurluqların olmadığı Ximeluda niyə bu qədər kron dəstəsi var idi? Bu qədər zərərsiz əyləncənin olduğu şəhərdə Kleon ömrünün sonuna qədər yaşayabiləcəyini düşünürdü.
Lakin, əlbəttə ki, belə olmayacaqdı. Hansı insan indiyə kimi bir şəhərdə beş-altı ildən çox məskunlaşa bilmişdi ki?! İnsanlığın xisləti başdan-başa hislər və emosianallıqla zəngindir. Bu isə kronların ən zəhləsi getdiyi şeydir. Onlar hər dəfə bir bəhanəylə insanların Xaosa ən sadiqlərini belə təqib edir, sıxışdırır və nəhayət, öldürürdülər. Buna görə də insan ailələri bir şəhərdə çox qala bilmirdilər. Daima köçlərdə, ömürlük sürgündəymiş kimi yaşayırdılar və əvvəl-axır qoca Laquanın baçılıq etdiyi Allekton tayfasının gizli şəhəri olan Kampalaya gedib-çıxırdılar. Qurtuluşun Kampaladan çox uzaqlarda olduğu isə yalnız bundan sonra bəlli olurdu.
Kleon son bir ay ərzində “bu qədər gözəlləyin mütləq bir eybəcər qarşılığı olmalıdır” deyə düşünürdü. Lakin eybəcərlik heç bir yerdə özünü göstərmirdi. Ya həqiqətən də yaşıl rəngli, ipək dərili erras qızlarının gözəlləyinə bərabər bir eybəcərlik yox idi, ya da bu eybəcərlik haralardasa küncdə-bucaqda məharətlə gizlənirdi. Kleon öz ağlına güvənən insanlardan idi və müşahidəsi, vəziyyəti analiz etmə bacarığı çox güclü idi. Heç bir yerdə eybəcərliyin gözünə görsənməməyi onu hər gün bir az daha xoşbəxt edirdi.
Naqanazardan buralara qədər gəlməyinin yeganə səbəbi qızılbaşlar haqqındakı şəhər əfsanələri idi. Son vaxtlarda kron patrullarının müəmmalı ölümləri həddindən artıq artmışdı. Əvvəllər də belə qətllər olurdu, amma qatil çox qısa vaxt ərzində tapılırdı. “Yerin Qulaqları” sayəsində. Axı kronların, demək olar ki, hər şəhərdə yüzlərlə xəbərçisi var idi. Onlara “Yerin Qulaqları” deyirdilər. Şəhərdə baş verən bütün hadisələrdən, bütün söhbətlərdən, kimin kimə nə verdiyindən, kimin kimə nə satdığından, bir sözlə, hər şeydən xəbərləri var idi. Son vaxtlardakı ölümlərin necə baş verdiyini isə hətta bu qulaqlar da eşitmirdilər. Sanki patrulların elə durduqları yerdə alınlarından deşik açılırdı, başları kəsilirdi və ya gözləri çıxardılıb yandırılırdı. Yəni, həqiqətənmi “Qızılbaşlar” geri dönmüşdülər? Ola bilməz. Onlar əsrlərdir ki, mövcud deyildilər. Nəsilləri kəsilmişdi. Hazarat hamısını məhv etmişdi. Bəs onda bu qədər cinayəti belə ustalıqla kimlər törədirdi? Kim yenidən yer üzünün ən qorxunc, ən vəhşi kronu Hazarata qarşı çıxabiləcək cəsarəti özündə tapmışdı? Ona qarşı çıxmaq, Xaosun özünə qarşı çıxmaq demək idi.
Kleon qızılbaşların geri dönmə ehtimallarını düşündüyü zaman anlamışdı ki, Naqanazarda artıq insanlara rahatlıq olmayacaq. Ona görə də nə qədər ki hadisələr şəhəri tərk edə bilməyəcək qədər qəlizləşməyib, sakitcə aradan sivişib çıxmalıdır. Amma ürəyinin dərinliklərində kronların belə ucuz və vəhşi ölümlərinə sevinirdi də. Vaxtilə bütün əcdadlarını məhv etmişdilər, bütün ailəsini, yaşadığı şəhərlərdəki bütün dostlarını, tanışlarını, hər kəsi. Kronlar bütün insanlığın sonuna çıxmağa and içmişdilər sanki. Bu and Kleonu, bəlkə də, hər şeydən daha çox qorxudurdu. Orta Dakaraqasda Hazaratın boyunduruğu altında yaşayan insanların hamısının gözlərindən qorxaqlıq, yaltaqlıq, ikiüzlülük yağırdı. Bircə körpə uşaqlardan başqa. Onlarda ancaq qorxaqlıq və kədər var idi. Kleon da qalan hər kəs kimi birtəhər gününü gün edirdi. Bu həyatda itirəcək heç kimi, heç nəyi olmasına baxmayaraq, yenə də köləliklə, oğruluqla, sərxoşluqla ciyərlərinə çəkdiyi bu çirkli, qara havadan əl çəkmək istəmirdi. Bu qətiyyən həyat eşqi deyildi. Bu, sürünmək, bu, rəzillik idi. İnsan irqi hal-hazırda əcdadlarından fərqli olaraq yer üzünün ən rəzil irqi hesab edilirdi. Bir zamanlar bütün dünyanın idarə edilməsi qanunlarını öz əlləriylə yazan insanlıq indi ən sonuncu yaradılan irqin quluna çevrilmişdi.
Bircə Ximeluda yox. Bircə bu şəhərdəkilər Kleona insan kimi davranırdılar. Sadəcə “insan kimi” demək hətta az olardı, lap əsl krallar kimi. İçgisi, nəşəsi, qızları, əyləncəsi. Ximelu hər bir xırda detalı ilə Kleonu özünə aşiq etmişdi.
Üç yaşıl bədənli qızdan ayağının ən uzun olanı Kleonu ayaqları ilə qucaqlamışdı. Yüngülvari aclıq hiss edən oğlan bu kəlbətinlərdən birtəhər qurtularaq tünd rəngli şalvarını geyinib aşağı düşdü. İkimərtəbəli daş ev sanki əvvəllər böyük bir qaya parçası imiş və içi səliqəylə yonulduqdan sonra bu görünüşünə qovuşmuşdu. Evin hər tərəfində yanan spotlar onlara baxarkən belə insanın gözünü yormurdu. Bu cür evlər Ximelunun ikinci və ən böyük hissəsində yerləşirdi və şəhər mərkəzindən böyük dəmir hasarlarla ayrılırdı. Hasarlardan o tərəfdə isə Ximelunun əcazkar memarlığa malik göydələnləri ucalırdı. Haimidin qızılı sarayı da bu göydələnlərin düz ortasında tikilmişdi.
Kleon erras qızlarının hünərlərini çox eşitmişdi. Açıq sarı rəngli divarların fonunda yaşıl qızlar necə də ahəngli görsənirdilər. Onların hamısı eyni yaşdaydı sanki və bədənləri də eyni ölçülərdəydi. Bircə sevişərkən bu dodaq dişləməkləri olmasaydı, əla olardı. Bura gələndən bəri oğlanın alt dodağının yarası sağalmamışdı.
Evin çöl qapısını açanda uzaqdan axşamkı qızlardan birinin ərinin gəldiyini gördü. Onların ürəklərində qısqanclıqdan bir zərrə belə olmadığını bilsə də, narahatlıq hissi istər-istəməz gözlərini və baxışlarını ələ keçirtdi. Kişi uzaqdan sevimli qonağına gülümsəyərək salam verirmiş kimi əlini yellədi. Kleon da əlindəki isti erras çayından hələ bir qurtum belə içməyə imkan tapmamış inamsızcasına dodaqlarını yanlara dartdı və eyni hərəkəti təkrarladı.
– Gecə necə keçdi? – mehribanlıqdan az qala partlayacaqmış kimi görsənən kişi Kleondan soruşdu. Qapını azca aralayıb içəri keçdi və soyuducudan hansısa yemək qırıntılarını çıxarda-çıxarda davam etdi. – Arvadım xoşuna gəldi? Klubdakı bütün qonaqlara israrla öz arvadımı məsləhət görürəm həmişə. Ən yaxşılardandır.
– Iıı… Hə… Hə, hə, çox yaxşıydı, – Kleon kişinin heç bir reaksiya verməməyindən sanki bir az da ürəklənmişdi. – Hətta indiyənə kimi yatdığım qızlardan ən yaxşısı o idi mən deyərdim. Ən bombası. Əəən bombası…
Kişi birdən çevrilib ciddi baxışlarla oğlana baxdı. Kleon, deyəsən, ağ elədiyini düşünərək baxışlarındakı qorxaqlığı gizlədə bilmədi. Sərt baxışla qorxaq baxış sükunət içində bir dəqiqəyə yaxın beləcə döyüşdülər. Yüz faiz bu dəqiqə nə iləsə vurub başını əzəcək. Qeyrətsizliyin də bir həddi var. Lakin erras kişi qüvvətli qəhqəhə çəkərək gülməyə başladı. O qədər yüksək səslə gülürdü ki, hər dəfə kişnədikcə Kleon dik atılırdı. Yavaş-yavaş oğlana yaxınlaşıb əlini onun çiyninə qoydu.
– Zarafat elədim, nolub? Bu həyatda qeyrətdən daha vacib şeylər var. Erras kişilər insanlardan fərqli olaraq qısqanclığın nə olduğunu bilmir. Hərçənd, insanların da arasında bu hisdən arınmışları az deyil. Mən özüm də cavanlığımda arvadını mənə qonaqpərvərlik olsun deyə pay verən insanların evində gecələmişəm. Buna görə də, dostum, kef elə. Ye, iç, əylən. Nə qədər ki, Ximeludasan, qoca Tarkinsin və arvadının sevimli qonağısan, – öz adını çəkəndə fəxrlə sinəsinə də vurdu.
Soyuducudakı içgi şüşəsini və iki dəmir stəkanı götürüb hər ikisinə içgi süzən yaşlı Tarkins, əslində dediyi qədər də yaşlı görsənmirdi. Üzündən təzə-təzə tük çıxırdı. Lakin qırışları onu cavan göstərməyəcək dərəcədə dərinləşmişdi. İçgi stəkanlarını dəmir masanın üzərinə qoyub bir az kənardakı qara pultla hansısa cihazı yandırdı və bir anda evin harasında quraşdırıldığı görünməyən səsgücləndiricilərdən yüksək səslə bağırtılı-çığırtılı ağır mahnı oxumağa başladı.
– Otur, bir az da mənimlə içək, şorgöz, – yenə zarafatyana şəkildə Kleona göz vurdu. – Dünən gecə maraqlı hadisələr olub.
– Necə hadisələr? – Kleon öz stəkanını iki əliylə birdən qucaqlayıb soruşdu. – Vəəə… harda?
– Burada. Ximeluda! – Tarkins az qala pıçıldayırmış kimi aşağı səslə danışmağa başladı. – Yaxına gəl. İstəmirəm qızlar eşitsinlər. Yoxsa, çox qorxarlar.
Kleon masanın arxasında onunla üzbəüz əyləşdi. Niyəsə içində heç xoşagələn şeylər eşitməyəcəyi ilə bağlı şübhələr yaranmışdı. Özündən aslı olmadan o da qarşısındakı saqqalsız qoca erras kimi önə doğru əyildi.
– Dünən gecə 5-ci döngəylə Edam meydanının kəsişməsindən nə tapılıb, səncə?
– Nə?
– Kron patrulu, – bu sözdən sonra bir az boşluq buraxan kişi içgisindən böyük bir qurtum içdi. – Başı çiyinlərində yox, ayaqlarının arasında olan kron patrulu.
– Nnn… n… Necə yəni ayaqlarının arasında?
– Kimsə patrulun başını kəsib də, yəni. Sən də bir qram bədiilik qoyma adamda. Kimsə gecəylə hansısa patrulun başını kəsib və aradan çıxıb. Üstəlik qulaqlar da heç nə eşitməyiblər. Bu sənə kimləri xatırladır? Kimlərin işi ola bilər, səncə?
– Kimlərin? Nəbilim… Kimlərin? – Kleon hər zamankindən daha qorxmuş halda qeyri-ixtiyarı Tarkinsin bütün suallarını titrəyən səsiylə təkrarlayırdı.
– Deyirlər ki… Yəni, gizlin-gizlin deyirlər, açıq-açıq heç kəs cürət eləmir, amma yenə də… Deyirlər ki, – eybəcər erras bir az da qabağa əyilərək güclə eşidiləcək şəkildə fısıldadı. – Qızılbaşlardır.
– Qızılbaşlar? Qı-zıl-baş…? Hansı qızılbaşlar? O… Başları qızıl olanlar? Baş hissəsi qızıl kimi parıldayır eee… Qızılbaşlar. Heç eşitməmişəm. Onlar kimdir? – Kleon o qədər açıq-aşkar yalan danışırdı ki, səsindən, hərəkətlərindən bu adın əslində nə demək olduğunu çox yaxşı anladığı o dəqiqə hiss olunurdu.
– Bəsdir, səncanı, insan övladı, bəsdir, – Tarkins daha bir stəkan içgi üçün ayağa qalxdı. – Guya sən öz irqinin qəhrəmanlıq dastanlarını eşitməmisən də, hə? “Qızılbaş” sözünü hər bir insan mütləq eşidib. Sizin qürurlu qatilləriniz. Hansı qürurdan söhbət getdiyini anlamaq çətindir. Qisasçılar, ay nəbilim, Qarşıdurma… Nə istəsən, necə istəsən deyə bilərsən. Amma bircə yalançılıq eləmə. Yaxşı? Sənin kimi mehriban qonağa qətiyyən yaraşmır. Yoxsa, bir azdan arvadımla bağlı dediklərinə də inanmayacağam. Bax onda, həqiqətən də, xətrimə dəymiş olarsan. Mənim arvadım hələ indiyə qədər bu şəhərdən heç kəsi narazı yola salmayıb. Amma yalan danışa bilmədiyin ortadadır. Qızılbaşları sən də eşitmisən. İnsanların döyüşçü qatillərini…
Bu vaxt yuxarıdakı yataq otağından qızların üçü də aşağı endi. İkisinin əynində lüt bədənə geydikləri nərmənazik tül xalat olsa da, üçüncüsü tamamilə çılpaq idi. Kleon onların heç birinin adlarını bilmirdi.
– Necəsən, yaşlı Tarkins? – paltarlı qızların hər ikisi gülümsəyərək eyni anda kişiylə salamlaşdılar. – Tarlada işlər necə gedir?
– Yaxşıyam, qızlar. Tarladı da, qan-tər içində işləyirik, – son sözlərini Kleona baxıb göz vuraraq demişdi. İki qız burcuda-burcuda qapını açıb çölə çıxdılar. Digər çılpaq erras isə kişini qucaqlayıb dodaqlarını iştahlı şəkildə öpdü. Əlindəki stəkanı alıb bir nəfəsə içginin hamısını içdi.
– Ərimdir deyə demirəm, çox zəhmətkeşdir, – yaşıl dərili qız Kleona baxaraq dedi. Sonrasa ərinə tərəf çevrilib gülümsədi – Qan-tər içində, hə? Yaxşı zarafat idi.
Hər iki erras möhkəm gülməyə başladılar. Kleonsa söhbətin nədən getdiyini heç anlamırdı da. Amma Ximeludakı ilk səhər idi ki, xoşuna gəlməmişdi bura.
– Sabah axşam bizimlə tarlaya gedə bilərsən? – Tarkins oğlana baxaraq soruşdu. – Bir iş var, bizə köməyin dəyə bilər.
– Hə, hə… Əlbəttə, gedərəm. Problem deyil. Nə vaxt lazımdırsa, kömək eləməyə hazıram, – Kleon bacardığı qədər şirin görünməyə çalışırdı. – Nə işidir ki?
– Gedəndə görərsən, gənc dostum. Yüngül işdi, narahat olma.
Bu vaxt qapı möhkəm döyülməyə başlandı. Elə bil indicə sınıb yerə düşəcəkdi.
– Tarkins? Qapını aç… – qalın və xırıltılı səslə kimsə əmr etdi.
– Patrullardır, narahat olmayın, – Tarkins soyuqqanlı səslə dedi. – Yüz faiz hansısa təzə qonaq gəlib şəhərə və səni istəyirlər, – gözəl arvadına baxaraq fəxrlə dedi.
– Neyləmək olar? Vətən çağırır, – qız zarafatyana şəkildə bayğın gözləriylə Kleona göz vurub qapıya yaxınlaşdı. – Darıxma, çalışacam ki, tez gəlim.
Tarkinsin arvadı qapını açdı. Üç nəfər əlisilahlı kron patrulu üçün sanki qızın lüt olmağının heç bir önəmi yox idi. Hazaratın ordusunun digər böyük hissəsi olan robot patrullar kimi olduqları yerdə dayanmışdılar.
– Buyurun, oğlanlar? Məncə, sizə mən lazımam, – qız bir əlini qapının kənarına, digərini isə ombasına qoyub sözləri uzada-uzada dedi.
– Tarkins lazımdır, – ən öndə dayanan kron əyri-üyrü dişlərinin arasından tüpürcəklər sıçradaraq danışdı. Hətta tüpürcək damcılarından biri lüt errasın qaşlarının arasından düz alnına yapışdı.
– Tarkins eşidir, uşaqlar. Nolub? – yaşlı erras da arvadının yanına gəlib əlini onun boynuna atdı.
– Ağ şahzadə Narissa oğlanı istəyir, – kron ciddi və qalın səslə dedi.
– Oğlanın özüylə danışmışam, axşam birbaşa tarlaya gətirəcəm. Heç nədən xəbəri yoxdur yazığın, – Tarkins arvadıyla baxışıb yaxşı bir əməlin verdiyi özgüvənlə gülümsədilər.
– İNDİ! – Kronun az da olsa əsəbiləşdiyi ağzından çıxan tüpürcəklərin çoxalmağından hiss olundu. Tarkinsin də üz-gözü bu tüpürcəklərdən qismətinə düşənləri sahibləndi. Arxadakı patrullar da quduz it kimi xırıldamağa başladılar.
– İçəridədir, keçin. – qapıdan çəkilən kişi əliylə əsas qonaq otağını göstərdi. – Səncanı, bircə bu yağışı dayandır. Səhər-səhər yuyunduq əməlli-başlı.
Üç kron patrulu başını əyib qapıdan içəri girdi. Lakin içəridə heç kəs yox idi. Qonağın stəkanı dəmir masanın üzərindəydi, amma özü qaçmışdı. Patrullar bir-birlərinə, daha sonra ev sahiblərinə baxdılar. İkinci mərtəbədən ayaq səsləri gəldi.
Ağ şahzadə Narissa? Onun bildiyinə görə şəhəri Haimid idarə edirdi. Orta Dakaraqasın hökmdarı Hazaratın böyük oğlu. Narissa kim idi bəs? Bu adı indiyə qədər heç eşitməmişdi. Həm də ki, patrulların onu axtarmağı heç də yaxşı olmadı. Dünən gecə də hansısa küçədə cinayət olub. Bir qrup əzmkar insan öz aləmlərində yüz illər əvvəl uduzulmuş müharibəni davam etdirirdi guya. Nəyə lazımdır axı bu? Üstəlik, hamısı da döyüşçülər idi. Gündə bir şəhərdə bir kronu öldürüb aradan çıxırlar, sonra da olan həmin şəhərdəki yazıq insanlara olur. Onları incidirlər, onları əzirlər, sürgün edirlər, məhbusluq, əziyyətlər, işgəncələr və nəhayət, ölüm. Kimə lazım idi axı bu lazımsız partizan döyüşləri? İnsanlardan soruşsalar, bəlkə də, heç biri azadlıq uğrunda müharibə aparmaq istəməzdi. Onların tək dərdi var idi. Sağ qalmaq. Hansı yolla olursa-olsun, hansı şəkildə olursa-olsun, təki həyatda qalsınlar. Baş əyərək, qaçaraq, gizlənərək, təhqir olunaraq, söyülərək… Heç bir fərqi yox idi.
Naqanazardan bura qədər qızılbaşların əlindən qaçan Kleon ürəyində onları söyə-söyə evin ikinci mərtəbəsinə qalxıb oradan qaçmaq istəyirdi. Bayaqkı yataq otağının qapısını arxadan kilidlədi. Kron patrulları pilləkənlərlə yuxarı qalxırdılar. Pəncərəni açdı, təxminən, 8-9 metr hündürlükdən yerə tullanmalı idi. Azacıq önündə isə qırmızı budaqlı vələsə oxşar ağaclar var idi. Dəhlizdəki kron əlini qapının dəstəyinə atanda bağlı olduğunu gördü. Elə bircə təpik zərbəsiylə də qapı qırılıb dağıldı. Kleon bir anlıq zərbənin ona dəydiyini təsəvvür edib heç düşünmədən pəncərədən ağaclara tərəf tullandı. Budaqlara dəyə-dəyə yerə düşdü. Ayaq biləyindəki yüngül burxulmadan və dirsəklərindəki sıyrıqlardan başqa ciddi bir şeyi yox idi. Ayağa durub hansı tərəfə qaçmalı olduğunu düşündü. Bircə evin önünə tərəf olmaz. Orada da patrullar ola bilərdi. Özünə bir istiqamət müəyyənləşdirib qaçmaq istəyərkən sanki kimsə düz onurğasının ortasından yumruq vurdu və bütün bədənini amansız bir titrəyiş əsir aldı. Əzələləri daş kəsilmişdi və bu qıcolma, təxminən, 10-15 saniyə davam etdi. Yerə yıxıldı. Titrəyə-titrəyə büzüşdü uşaq kimi. Elə bil, yumruq bədənini deşib içinə girmişdi. Əlini güc-bəla ilə belinə aparanda patrulların yumru elektroşok mərmisinə toxundu. Özündən gedənə qədər tok verəcəkdi bu mərmi. İndi göz bəbəklərindən başqa heç bir yerini tərpədə bilməyən Kleon yerə uzanıb üşüyən heykələ bənzəyirdi.
Başının üstündə bir neçə qaraltı hiss etdi. Gözlərini yana çevirəndə gördü ki, üç kron patrulu onu əhatəyə alıb. Bir az əvvəl qapını sındırıb yataq otağına girən patrul silahının qundağıyla Kleonun düz sifətinə möhkəm zərbə endirdi və nəhayət, oğlan özündən getdi. Kronlar onu ayağından tutub patrul nəzarət gəmisinə tərəf sürüdülər.
– Bu oğlan qızılbaş imiş? – Tarkinsin arvadı ehtiraslı şəkildə ərinə dedi. – Heç vaxt qızılbaşlarla sevişməmişdim. Bilsəydim, dadını çıxarardım.
– Eybi yox, gözəlim, qalsın gələn dəfəyə, üzülmə, – Tarkins arvadına təsəlli verərək belini sığalladı. – Yazıq qapı…
Bütün bu hadisələri yolun qarşı tərəfindəki evdən kimsə qara əlcəkli kobud əlləriylə ağappaq nazik tül pərdəni aralayıb izləyirdi. Patrullar oğlanı gəminin baqaj hissəsinə kartof kisəsi kimi tulladılar. Kobud əl pərdəni buraxdı və mətbəxdən evin qonaq otağına keçdi. Hündürboy, yekəpər bir nəfər evin içində az qala başını əyərək gəzirdi. Sağ gözünə qara rezin bərkidilmişdi. Addım atdıqca bütün əşyalar yerlərində tullanıb düşürdülər. Qonaq otağının düz ortasında biri oğlan, digəri isə qız olan iki erras qolları və ağızları bağlı şəkildə yerdə diz çökmüşdülər. Hər ikisi qorxularından tir-tir əsirdi.
– İnsanlardan daha çox qorxmaq lazımdır, yoxsa kronlardan? – təkgöz yekəpər erraslara qalın boğuq səsiylə əsəbi-əsəbi sual verdi. Erraslar isə səsləri belə çıxmadan ağlayırdılar.
Yekəpər qulağındakı qara qulaqlığa iki dəfə toxundu. Bircə saniyəlik əlaqənin yaranmağını gözlədi.
– Oğlanı apardılar. Mənə görə oldu, – səsindən heç də təəssüflənmişə oxşamasa da, sol gözünün dərinliklərində vicdan titrəməsinin qığılcımı hiss olunurdu.
– Ona kömək edə bilmərik, Bront. Hal-hazırda çox təhlükəlidir, – bir qadın səsi ona mehribanlıqla cavab verdi. – Orada nə üçün olduğunu unutma. İkinci bir “Oriana” hadisəsi yaşansın istəmərik, düzdür?
– Elədir. İstəmərik, – deyə Qalın səsli “div” qadınla razılaşdı. Amma hələ də içində vicdanıyla müharibəsi gedirdi.
– Şahidlərlə nə edəcəyini yaxşı bilirsən. Bizim haqqımızda bütün şəhərlərdə danışılmalıdır, – qadının billur kimi səsi yekəpəri hər bir şeyə razı sala biləcək qədər məlahətli idi.
– Anladım, Lamiya. Gecə danışdığımız yerdə gözləyəcəm səni.
Bront adlı bu nəhəng insan son sözlərini dərin bir itaətkarlıqla deyib erraslara bir az da yaxınlaşdı. Qulaqlığa toxundu və əlaqə kəsildi. İlk öncə kişi əsirinə tərəf gəlib böyük bir çəkicə oxşayan əlləriylə onu başından tutub havaya qaldırdı.
– Sən də bütün günü tarlada qan-tər içində işləyirsən? – sözləri asta-asta deyirdi. Amma bu qabağındakını daha çox qorxudurdu.
Ağzı bağlı kişi üzündə yazıq bir ifadəylə əsə-əsə təsdiqlədi.
– O tarlaları tezliklə məhv edəcəyik, – deyib, əllərini tərs istiqamətdə fırlatdı.
Kişinin boynunun sınma səsi otaqda əks-səda verdi. Bront onun cansız bədənini buraxanda yumşaq kukla kimi yerə dəydi. Sıra digər əsirdə idi. Təpəgöz sağına baxanda qızın bütün bədəni qorxudan titrəyirdi. Hətta bayaq Kleona elektroşok verilərkən bu qızdan daha az əsirdi.
– Burada gördüklərini hər kəsə danış. Denə ki, Qızılbaşlar geri dönüblər. İnsanlığa qarşı edilən hər bir zülmə görə qanlar axıdılacaq. Diqqətli ol, əsas da Yerin Qulaqları eşitsinlər, – Bront sözlərini bitirib qızın başından özünə görə çox da qüvvətli olmayan bir yumruq vurdu. Qıza isə elə gəldi ki, ildırım vurdu onu. O dəqiqə özündən gedib daş döşəməyə sərildi.
***
Gözlərini açdığında qaranlıq bir hücrədə olduğunu görən Kleonun başından aşağı buz kimi su axırdı. Deyəsən, onu ayıltmaq üçün bir az sulamışdılar. Sağ gözü döyülməkdən şişib bağlanmış, sol gözü isə hər şeyi yarı-yarımçıq bulanıqlıqla görürdü. Əlləri əvvəlcə bir-birinə, sonra da arxadan ayaq biləklərinə bağlanmışdı. Dizlərinin altına isə ucu biz daşlar qoyulmuşdu. Bu daşların üzərində nə dayanmaq olurdu, nə də dayanmamaq. Eşələnə-eşələnə qalırdı insan və hər dəfə tərpəndikcə sivri daş diz qapaqlarını bir az da parçalayırdı.
Hücrədə on nəfərə yaxın kron var idi. Onunla üzbəüz dayanan isə alfa olmalıydı. Çünki digərlərinə nisbətən daha iri və solğunrəngli görünürdü. Əslində, birinci dəfə deyildi kronların qaranlıq hücrələrinə düşməyi, amma ilk dəfə idi ki, bu qədər çox döymüşdülər. Hansı arada döydüklərini heç xatırlamırdı da. Yəqin, başına dəyən zərbələrdən idi bu yaddaş pozğunluğu. Başını çiyninə sürtən Kleon saqqalının uzunluğuna görə burada nə qədər vaxtdan bəri qaldığını müəyyənləşdirmək istədi. Elə də çox vaxt deyildi. Ən uzağı bir gün olardı. Əl və ayaq barmaqlarında dəhşətli ağrılar hiss edirdi. Bir anlıq çəkiclə barmaqlarının necə sındırıldığını xatırladı və beyninə elə bir ağrı girdi ki, sanki indicə bir dəfə də çəkiclə sınan yerlərə vurdular.
Alfa kron oğlanın saçından tutub başını yuxarı qaldırdı və var gücüylə şişib bağlanmış gözünün üstündən yumruq vurdu. Kleonsa bu dəfə heç bir şey hiss etmədi. Üzünün sağ tərəfinə o qədər qan yığılmışdı ki, yumruqlar ona yox, üzünə bərkidilən hansısa döşəkçəyə dəyirmiş təsirini bağışladı. Zərbədən yerə yıxılan kimi arxa tərəfindəki kronlar onu yenidən qaldırıb diz üstə həmin daşların üzərinə çökdürdülər. İndi ancaq başını aşağı əyib ağzından süzülən bəlğəmi görə bilirdi. Üzərinə tökülən buz kimi su bütün bədənini elə titrədirdi ki, elə bil elektroşok mərmisini hələ də belindən çıxartmamışdılar. Aralı dodaqlarının arasından yapışqan tüpürcəkli qan beton döşəməyə qədər uzandı.
– Heç nə danışmayacaqsan? – vəhşi kronun bağırma səsi Kleonun qulağına sadəcə uğultu kimi gəlirdi. Elə bil, hər şeyə su altından qulaq asırdı.
Alfa kron onun yaxasından tutub silkələyir, nələrsə bağırırdı. O isə heç nə eşitmirdi. Hələ də açıla bilən yeganə gözü də arada yumulur, yenidən açıldıqda isə daha bir yumruğun ona doğru gəldiyini görüb bir daha bağlanırdı.
Bu dəfə sol gözünü nisbətən ağrısız aça bilən Kleon ən azı bir neçə gündür ki, döyülmədiyini düşündü. Saqqalı bir az da uzanmış, əl və ayaq barmaqları gömgöy olmuşdu. Qaranlıq otağın düz ortasında yerə uzadılmışdı. Həmişəkindən fərqli olaraq bu dəfə nə kəndirlər var idi, nə də həminki vəhşi alfa kron. Gözünü açanda soyuq zindanın mamırlanmış küncündə gəzişən tarakanı gördü. Tarakan bütün dünyanı tez zamanda gəzib dolaşmağın həyəcanı və tələskənliyi ilə sürətlə hərəkət edirdi. İşə gecikirdi sanki. “Hara tələsirsən?” demək istədi ona. Hara tələsirdi ki?! Yaşanılası çox az şey varmış dünyada. Tarakansa tələsirdi. Halbuki, insanlar hər an ölə biləcəklərini nəzərə alaraq yaşanılası anları toplamaq üçün tələssəydilər, bəlkə də, gənc yaşlarında da nakam getməzdilər dünyadan. Kleon heç vaxt tələsməmişdi. İndi də tələsmirdi. Buradan sağ qurtulmağıın mümkünsüz olduğunu çoxdan anlamışdı çünki.
Başını azacıq qaldırıb ətrafına baxanda hücrədəki kronların sayının nisbətən az olduğunu gördü. Çevrilib arxasına da boylandı. Otaqda bir nəfər də insan var idi. Başdan-ayağacan ağ geyinmiş gözəl fiquralı bir qız üzü divardakı qan ləkələrinə tərəf dayanmışdı. Ağ dəri şalvar, ağ dəri pencək, ağ dəri çəkmələr və qıpqırmızı qısa saçlar. Əllərini şalvarının ciblərinə soxmuşdu. Barmağını qan ləkələrinə sürtüb yaladı. Dərindən bir nəfəs alıb üzünü məhbusa tərəf çevirdi. Simasındakı qar bəyazlığı paltarlarından da çox parıldayırdı. Yalnız gözləri və dodaqları ən az saçları qədər qırmızı idi. Elə bil, bədənindəki bütün qanlar gözlərinə, dodaqlarına və saçlarına toplaşmışdılar. Üzündəki gülümsəmə o qədər soyuq idi ki, sanki əsrlər əvvəl ölmüşdü bu qız. Bu qız insan ola bilməyəcək qədər gözəl, ölümlü ola bilməyəcək qədər ölüydü. Ağ Şahzadə… Belə demişdilər kronlar. Ağ Şahzadə Narissa.
– Qaldırın onu! – təmkinli və cazibədar səsiylə kronlara əmr etdi.
Oğlanı uzandığı yerdən qaldırıb sağ divara bitişik daş yatağa söykədilər. Nə baş verəcəyini gözləmək, otaqdakı bu sakitçilik, nəmişlikdən mamırlanmış divarların üfünət iyi, tarakanın tələm-tələsik addımları və bir də bu qızın sonsuz rahatlığı Kleonu dəli olmaq həddinə çatdırırdı.
– İnsan… insan… insan… – ağ geyimli qız Kleona tərəf atdığı addımların ritmiylə mehriban və şən şəkildə başladı sözünə. – Bu qədər qorxaqlığınıza bu qədər cəsarəti necə sığışdıra bilirsiniz? Yüz nəfər qorxaq bir nəfər cəsarətlini məhv eləməkdən qorxduğu üçün, güclünü yox, yalnış anlama, cəsarətlini, yüzü də məhv olur. Nəticədə bu bizə nəyi öyrədir? – şirin-şirin dərs başa salan qız əliylə Kleonu göstərdi. – Sən denə.
Kleon, sadəcə, ağrılardan xırıldayırdı. Çənəsi də sındığına görə, onsuz da, danışa bilməyəcəkdi.
– Sizə xüsusilə tapşırmışdım ki, çənəsinə vurmayın, – deyə qız kronlara çox mədəni formada səsini də yüksəltmədən acıqlandı. – Kim vurub onun çənəsinə? – Səsləri də çıxmayan kronların hamısı bir-birinə baxa qalmışdılar. Alfaları vurmuşdu və kronların xislətlərində satqınçılıq əsla yox idi. – Sən? Sən vurmusan? Bəlkə, sən vurmusan? – Qız bir-bir onların hamısından soruşdu. Kronlardan yenə də səs çıxmadı. – Yaxşı. Olsun. Siz bu insanlar kimi satqın deyilsiniz. Oğlan danışa bilmirsə, cavabı özüm verim. Nəticədə bu bizə onu öyrədir ki, bu insanların yüz biri də axmaqdır. Görürsən? – Kleonun çənəsindən yapışıb eybəcər kronları ona göstərdi. – Hətta bu eybəcər, beyinsiz, öldürməkdən və ölməkdən başqa heç bir şey bacarmayan və ən əsası da qanlarının bircə qram dadı-duzu olmayan kronlar belə sizdən daha ali varlıqlardır. Niyə? Çünki bu gecə Narissaya cavab vermədiklərinə görə öləcəklərini bilə-bilə, yenə də öz alfalarını satmırlar. Afərin hamınıza, uşaqlar, afərin. – Oğlanın üzünü buraxan qız bu gecə tikə-tikə doğrayacağı kronları ayaq üstə alqışladı. – Özünüzü alqışlayın məncə.
Kronlar da alqışlara qoşuldular. Narissa bir yığın beyinsizin arasında əylənməyə bir şey tapmalıydı. Kleonla üzbəüz dayanıb onu başdan-ayağacan diqqətlə süzdü. Gözlərinə baxdı, barmaqlarını saçlarının arasında, saqqalında gəzdirdi, ovuclarını əzələli qollarına, sinəsinə sürtdü. İşarət barmağının dırnağı öz-özünə uzanıb itiləşdi. Oğlanın üzünü əllərinin arasına alıb lap yaxınına gəldi.
– Səni yaralarsız təsəvvür edirəm. Güclü qollarını, iti baxışlarını, dodaqlarının istisini, nəfəsini, ürək döyüntülərinin ritmini… Səni indi olduğundan tam başqa cür görə bilirəm. Çox yaraşıqlısan, çox güclüsən əslində, çox da ehtiraslı. Bu eybəcərlərdən fərqlisən. Və qanın… İstidir o… – səsindəki məlahətli sehr istənilən adamı gipnoz edə bilərdi.
Dodaqlarını oğlanın qanlı, kirli boynunda gəzdirdi. Şah damarından axan qanın səsini qulaqlarında çayların seli qədər gurultulu eşidirdi. Uzanan dırnağını oğlanın dodağında sürüşdürdü və alt dodağını azacıq çərtdi. Balaca deşikdən o dəqiqə qıpqırmızı qan damcısı qızın dırnağına süzüldü. Barmağını ağzına salıb qanı əmdi. Daha sonra oğlanın dodağını sıxdı, dodağın kəsiyindəki qan bir az da şişdi. Narissa asta-asta yaxınlaşıb Kleonun alt dodağından çıxan qanı buz kimi soyuq diliylə yaladı. Gözlərini yumub özünü bir anlıq bu həzzin ağuşuna buraxdı.
– İsti qan. Qırmızı. Ağ yox, soyuq yox. İsti qırmızı qan. Səni yaralarsız təsəvvür edirəm mən. O qədər yaralarsız ki, bədənindəki qanın bir damlası belə hədər yerə axıb heyif olmayıb. Hamısı hələ də damarlarındadır. Ürəyə gedirlər və ürəkdən çıxırlar. Necə də gözəldilər. Bax buna görə də insanlar bu dünyanın tarazlığını qoruyan əsas irqdir. Nə qədər rəzil olsalar da, nə qədər ikiüzlü, nə qədər satqın, yaltaq, qorxaq, xain olsalar da, insanlar vampirlərə lazımdır. Qızılbaşlar isə bunu anlamaq istəmirlər. Sanki vampirlərin yox, dünyanın onlara ehtiyacı var. Sanki bütün bu orduları təkbaşına məhv edə biləcəklər? Kronları, vampirləri, cinləri… Siz tək biz hamımız? Bu savaş başladığı anda bitər. Bu savaşı başlatmaq olmaz. Bir qrup cəsarətli insana görə bütün insanlıq məhv olunmamalıdır. Vampirlər insanların qanından məhrum qala bilməzlər. Amma Solonas israrla bunu istəyir. İstəyir ki, onları elə gizləndikləri siçovul deşiklərində də yox edək. Elə bilir ki, biz heç nəyin fərqində deyilik, heç nədən xəbərimiz yoxdur. Elə bilir ki, bütün dünyada ən ağıllı canlı odur. Haqqında gəzən şəhər əfsanələrini eşitməmiş olmarsan. Hətta bəziləri onun uça bildiyini də deyirmiş. Sanki əsrlər əvvəl biyabırçı şəkildə döyüşlərdən qaçan irqin nümayəndəsi deyil. Sanki atalarının qanı şərəfli qandır və sanki insan irqi hörmət olunmağa layiqdir, amma biz hörmət etmirik. İnsanların hörmət olunası heç bir tərəfi yoxdur. Heç bir… – qızın səsi Kleona cadu kimi təsir edirdi. Fısıltılar qulağından girib beynini əsir alır, bütün zehnini ələ keçirirdi.
– Qızılbaşlardansan? – Narissanın sakit səsi Kleonu hədsiz dərəcədə qorxudurdu. – Qızılbaşlardansan. Hərçənd, bədəninin heç bir yerində əyr-üyrü işarələr yoxdur. Bəlkə də, var, görünməz yerlərdə, – vampir qız hər iki əlini oğlanın dizlərinin üzərindən ayaqlarının arasına doğru sürüşdürdü. – Təzəsən. Yoxsa, üç-beş krondan qaçmaq üçün bu qədər çətinlik çəkməzdin.
Kleonsa sadəcə başını sağa-sola yellədirdi. Danışa bilsəydi, bəlkə də, onu öldürməmələri üçün yalvarıb-yaxarardı. Lakin artıq çox gec olduğunu da anlayırdı.
– Səninlə anlaşa bilmədik… Bilirsən, əvvəllər insanları öldürməyi çox sevirdim. Böyük Müharibədən bir az sonra. Əslində, bu müharibəni elə də böyük adlandırmaq olmaz. “İnsan irqinin çöküşü”-ndən az sonra deyək. Yüzlərlə insan öldürdüm savaşlarda, daha neçə yüzünü ölümcül yaraladım. Bu döyüşü bizə görə məğlub oldunuz. Biz idik Xaosun əsas gücü. Kronlarsa sadəcə robotlardır. Bəlkə də, sənin nəslindən də kimlərisə parçalamışam. – Kleonun üzünü iki əlinin arasına alan vampir daha da qəzəbli, amma bir o qədər də sakit səslə davam elədi danışığına.
– Bir dəfə Qradarius məni kiçik bir dəstəylə hansısa insan kəndini məhv etməyə göndərdi. Adını belə xatırlamıram. Döyüşçüləri yox idi. Ancaq qadınlar və uşaqlar yaşayırdı kənddə. Kiçik daxmalar, şirin həyətlər və xoşbəxt görünən uşaqlar. O kəndi tək dağıtdım. Mən tək. Qadınların hamısının başını üzdüm. Uşaqların hamısını diri-diri parçaladım dişlərimlə, dırnaqlarımla. Evlərin hamısını yandırdım. Orada kronlar yox idi. O kəndi mən tək itirdim dünyadan. İnsanların heç biri qisas almadı. Kişilərin heç biri məni axtarmadı. Sanki veclərinə də olmamışdı. Hətta, bəlkə həmin vaxt kənddə olmadıqları üçün sevinirdilər də. Hamını tək-tək öldürərkən, bir nəfər belə mənə qarşı çıxmadı. Bir-bir öz sıralarını gözlədilər… Mənə yaxşı qulaq as. Kim olursan ol, haradan gəlirsənsə gəl, bil ki, yer üzündəki bütün insanların ruhlarına vampir qorxusu səpilib. Qızılbaşlar mən o uşaqları öldürərkən gizləndikləri deşiklərdən qorxub çıxmadıqları kimi sənin də ölümünü uzaqdan səssizcə izləyəcəklər.
Kleon anlayırdı ki, onu bu qaranlıqdan ancaq möcüzə xilas edə bilər. Narissa oğlandan bir addım kənara çəkilib kronlara baxdı.
– Öldürərsiz. Bunun bir xeyiri olmayacaq. Amma diqqətli olun. Bir damcı da qanı axıb getməsin. Həmişəki kimi başıaşağı asıb çiynindən deşin. Qoy bütün qan bir yerə toplansın. Sonra mənə gətirərsiniz.
Ayağa qalxıb qapıya tərəf yaxınlaşarkən burnuna barıt ətri gəldi. Qapıdan bir addım kənara çəkilən kimi güclü bir partlayış oldu və qalın dəmir qapı yerindən çıxıb Kleonun söykəndiyi divara dəydi. Qapqara duman hücrəni bürüdü. Narissa vəhşi heyvanlar kimi döyüş vəziyyətini aldı. Kürəyi iki yerdən yarıldı və bu yarıqlardan yarasa qanadlarına bənzər ağappaq bir cüt qanad çıxdı. Üzünün bir az əvvəlki gözəlliyindən indi əsər-əlamət qalmamışdı. Çənəsi birdən-birə aşağı doğru uzandı. Dişləri böyüyüb itiləşdi. Dırnaqları caynaqlara çevrildi. Ağ vampir hücum edənin qızılbaşlar olduğuna əmin idi.
Qara buludların arasından bir gözü qara rezinlə bağlı olan yekəpər bir insan çıxdı. Amma ondan əvvəl silahının işıqları və istisi daxil olmuşdu hücrəyə. Dumanların arasından atəş açmağa başlamışdı. Bu qədər qaranlıqda və toz-dumanın arasından hədəfi çox dəqiq vururdu. İçəridəki bütün kronlar bir saniyənin içində deşik-deşik oldular. Divarlara sıçrayan ağ rəngli qanlar qaranlıq otağı bir saniyəyə aydınlıq etdi. Narissa atəş vaxtı tavana sıçrayıb başıaşağı şəkildə qapıdan necə bir insanın çıxacaığını gözləyirdi. Ximelunun Marakat həbsxanasına hücum edən bu cəsur adam təpəgöz Brontdan başqası ola bilməzdi.
Bront Tavanın bir küncündə tərs-mərs dayanan vampiri gördü və yenidən atəş açmağa başladı. Vampir o qədər sürətlə hərəkət edirdi ki, hətta bir anlıq Bront bu qədər güllədən heç birinin ona dəymədiyini düşündü. Silahdakı bu tərz güllələrin sayı limitli sayda idi. Atış növünü dəyişmək üçün ara verdiyi anda Narissa düz onun qarşısında tavandan yerə düşdü və Brontun silahından yaxaladı. Boyları, demək olar ki, eyni idi. Azacıq Narissa hündür olardı. Bir-birinin gözlərinin içinə baxırdılar. Hər ikisi silahdan möhkəmcə yapışmışdı. Bayaqki atəşlərdən bir neçəsi vampirin bədənində xırda deşiklər açmışdı, amma yaralar sürətlə qapanırdı. Var gücləriylə silahı özlərinə tərəf dartanda silah ortadan iki yerə bölündü. Bront yubanmadan çəkic kimi yumruqlarını işə saldı. Danışıq sürətindən fərqli olaraq yumruqları az qala silahdan açılan atəş kimiydi. Amma vampir ondan daha cəld hərəkət edirdi. İlk iki zərbədən yayına bilməsə də, sonrakılardan məharətlə yayındı. Dar məkanda qanadları ona mane olurdu. Bront yalnız dörd-beş yumruqdan sonra gördü ki, qız artıq onun qarşısında yox, arxa tərəfdə tavandadır. Təpəgöz döyüşçüyə hücum edən vampir Brontun əlinin tərsiylə atdığı yumruqla toqquşdu. Yenidən hücum etmək istədi. Bu dəfə də onu boğazından tutan qeyri-adi dərəcədə güclü olan bu yekəpər insan sifətinə o qədər güclü yumruqlar vurdu ki, az qala üzündəki bütün sümüklər sındı. Heç bu qədər güclü rəqiblə qarşılaşmamışdı ağ vampir. Brontun güclü barmaqları boğazından yapışdığı üçün sürətindən də istifadə edib yayına bilmirdi zərbələrdən.
Nəhayət, özünü toparlayıb hər iki əlinin iti dırnaqlarını oğlanın boğazından yapışdığı əlinə soxub dərindən cırmaqladı. Yalnız bu vaxt zərbələrə ara verən Bront qeyri-ixtiyari şəkildə vampiri buraxdı. Narissa yerində dala salto ataraq ayaqlarıyla oğlanın çənəsinə güclü zərbə vurdu. Brontu, elə bil, göyə qaldırıb yerə çırpdılar. Başı az qala tavana dəyəcəkdi. Vampir bu boşluqdan istifadə edib belə dar məkanda təkbətək döyüşün ağır olacağını anlayaraq qaçmaq istədi. Partlayan qapının boşluğundan çölə çıxarkən Bront cüssəsinə yaraşmayacaq bir çevikliklə tez ayağa qalxıb qızın tüksüz ağ qanadlarından yapışdı. İndi Narissanın vəziyyəti lap pisləşmişdi. Bront onu havada yelləyərək bir neçə dəfə o divardan bu divara çırpdı. Hər dəfə çırpdıqca vampirdən uğultulu, qulaqbatıran bağırtılar eşidilirdi. Ayağıyla iki qanadının birləşdiyi hissəyə güclü təpik vurdu. Qızın onurğa sümüyü və qanadlarının bel oynaqları sınıq-sınıq oldu. Geri çəkilib eyni yerdən bir dəfə də dizlə vurdu oğlan. Qızı öz başının üzərindən tərs fırladaraq başı üstə yerə yapışdırdı. Bu dəfə də kəllə sümüklərinin sınma səsi eşidildi. Axrıncı zərbədən sonra vampir qız oğlanın əllərində tam hərəkətsiz vəziyyətdə qaldı. Bront qanadları buraxıb qızın üstündə oturdu və üzünü yumruqlamağa başladı. Hər dəfə vurduqca vampirin ayaqları qalxıb-düşür, bütün bədəni titrəyirdi. Qızın başı hər zərbədən sonra bir az da yerə batırdı. Beton döşəmədə çatlar əmələ gəlməyə başladı. Yalnız qulaqlığından kimsə Brontu çağıranda oğlan zərbələrə ara verdi.
– Bront, aradan çıxmaq vaxtıdır. Oğlanı da götür binadan tullan, – deyə soyuqqanlı Lamiya oğlana əmr etdi.
Gözlərini qəzəb örtən oğlan yalnız indi Kleonu xatırladı. Arxasına çevrildi və huşsuz vəziyyətdə, qanlar içində yerdə yatan insanı gördü. Güllələrdən biri də ona dəymişdi. Bront cəld hərəkətlərlə Kleonu yerdən qaldırıb çiyninə atdı. Qapının olduğu divardan başqa digər üç divara baxıb nələrisə ölçüb-biçməyə başladı. Marakat həbsxanası Ximelunun ikinci hissəsində yerləşirdi. Şəhərin bu hissəsi nə toplarla, nə də qırıcı dronlarla qorunmurdu. Ona görə də, qızılbaşların kiçik reaktiv gəmiləri bu cür ərazilərə rahatlıqla girib-çıxa bilirdilər.
– Mənə nə zaman tullanmalı olduğumu deyərsən, Lamiya! – astagəl danışığıyla Bront dostuna cavab verdi.
– Mən üç deyəndə, – Lamiya təmkinli və sakit səsiylə bildirdi. – Bir… iki…
Bront Qızılbaşların reaktiv gəmisinin səsini eşitməyə başlamışdı.
– ÜÇ!
Var gücüylə divara tərəf qaçan oğlan beton divarı çiyniylə sındırıb boşluğa tullandı və təxminən, on beş metr aşağıdakı gəminin üzərinə düşdü. Gəmi asta-asta istiqamətini dəyişərkən bortun üstündə dairəvi bir deşik əmələ gəldi və yekəpər insan bu qapıdan gəminin içinə girdi. Qızılbaşların gəmisi kronların patrul gəmilərindən qat-qat sürətli idi və buna görə də onu izləməyin heç bir mənası yox idi. Həm də Ximelunun bütün ordusu şəhərin birinci hissəsini qorumaqla məşğul idilər.
Qapısı partladılmış, deşik-deşik divarlarından ağ kron qanı süzülən barıt qoxulu hücrədə hələ hər kəs ölməmişdi. Balaca və səbirsiz tarakan ağ vampirin hərəkətsiz üzündə gəzişərək ağzının kənarından çənəsinə, oradan da boynuna keçdi. Çiyniylə irəlilədikdən sonra barmaqlarının ucundan yerə düşdü. Ölümsüz saf qan vampirin bədənində ilk tərpənən hissə də həmin barmaqlar oldu. Üzünün sınıq-sınıq olmuş sümükləri yavaş-yavaş yerlərinə qayıdaraq birləşdi. Sınmış onurğası bir neçə dəfə xarçıldadı. Qızı sanki iplə yerdən qaldırdılar. Qanadları yenidən belinə girib yox oldu və gözlərini açdı. Birdən-birə o qədər güclü qışqırdı ki, səsini az qala yüzlərlə kilometr uzaqlaşan insanlar belə eşitdi.
Qızılbaşların gəmisində isə oğlanı Ximeludan qurtara bilməyin sevincini yaşayan Brontun üzünə baxdıqda heç də bunu hiss etməzdin. Bayaq vampirlə döyüşərkən üzündə hansı ifadə var idisə, indi də eyni baxışlarla qarşısında uzanan yaralı oğlana zillənmişdi. Bu mahir döyüşçü bütün duyğularını öz içində yaşayırdı.
Onların oturduğu otaqla göyərtə arasındakı qapı aralandı və vampirə oxşayan bir qız içəri girdi. Sarı saçları, bəyaz dərisi və qırmızı gözləriylə bütün vampirlərə xas olan qeyri-adi gözəlliyə malik idi.
– Çox qan itirir. Mənə görə oldu, mənə görə bu insan öləcək. Bu insan öləcək, Lamiya? – Bront qıza baxaraq dedi. Səsində zərrə qədər də narahatçılıq yox idi.
– Mənim gözəl qəlbli Brontum! – Lamiya mehriban bir səslə dedi və Brontun yanında əyləşdi. Qolundakı caynaq yaralarına baxıb üzüldü. Başını onun çiyninə qoydu, qolunu qucaqladı. – Hələ də onu qurtarmağa şansımız var. Ümid edirəm ki, Solonas bu dəliliyimizi bağışlayar.
– “Hər şeyi mən eləmişəm” deyəcəm. Siz qarışmayın, – asta-asta danışan Brontun qalın səsindən hansı hisləri yaşadığını müəyyənləşdirmək qeyri-mümkün idi.
– Biz həmişə birlikdə olmuşuq. Bu qərarı komanda şəklində vermişik. Cəzasını da birlikdə çəkəcəyik, – deyə Lamiya oğlanın üzünü sığallayaraq onu əsla tək qoymayacağını bildirdi.
– Bəs indi hara gedirik? – Bront qızdan soruşdu.
– Dakaraqasın Mavi dağlarına. Ümid edirəm ki, bu oğlana görə bu qədər riskə girməyimizi kimsə anlayar. Vicdan hissi bizi başqalarından fərqləndirən əsas xüsusiyyətlərimizdəndir. Həm də ki, indi onu Hemeradan başqa heç kəs sağalda bilməz.
Qızılbaşların gəmisi Dakaraqasın Mavi dağlarına tərəf istiqamətlənmişdi. Kleon onu qarşıda nələrin gözlədiyindən xəbərsiz, huşsuz vəziyyətdə ən axrıncı görmək istədiyi insanların əhatəsindəydi. Hemera həkim olmasa da, oğlanı sağaldacaq yeganə güc onun əlləri idi. Axı bu əllərin bacarıqları seçilmişin oyanışındakı ilk qığılcımı alovlandıracaqdı. Üstəlik, çox qısa bir vaxtdan sonra.
III
Üç ölkə
(ixtisarla)
Narissanın bədənindəki yaraların tam sağalmağına bir neçə saniyə qalmış hücrəyə beş silahlı kron daxil oldu. Əllərindəki alov silahları çoxdan atəşə hazır vəziyyətdə idi. Qapı partladılmış, qarşıdakı divar dağıdılmışdı. Hücrənin hər yeri deşik-deşik güllə izləri idi. Ağappaq kron qanı hətta tavanlardan belə damcıldayırdı. Narissanın qanadlarının və belinin sümüklərinin şaqqıldayaraq birləşdiyini görən kronlar buradan hətta vampirlərdən belə güclü bir qasırğanın keçdiyini anlamışdılar. Ağ şahzadənin sağ qanadı açılıb yığılsa da, sol qanadı hələ də yerlə sürünürdü. Narissa güc verib qanadının sümüklərini tərpətdi. Artıq bütün yaraları sağalmışdı və özünü yeni doğulmuş kimi güclü hiss edirdi.
– Yaralarım barədə heç kəsə danışmasanız məni sevindirmiş olarsınız, – deyən vəhşi qız son dərəcə soyuq şəkildə kronlara gülümsədi.
– Danışmarıq, şahzadə Narissa, – öndəki kron söz verirmiş kimi dedi. – Görünür, bura qızılbaş ordusu hücum edib.
Narissa boynunu sağa-sola tərpədərək xırçıldatdı.
– Qızılbaş ordusu? – qaşları çatılan, dodaqları bir-birinə sıxılan qızın əsəbləşdiyi o dəqiqə hiss olunurdu. – Qızılbaşların ordusu var? Qızılbaşlardan kimsə, səncə, mənimlə bacara bilər? Məni yaralayabiləcək insan övladı var bu dünyada? – hər cümləsində səsini bir az da ucaldan Narissa lap qabaqdakı krona tərəf yaxınlaşaraq işarət barmağıyla onu göstərdi. – Sən denə.
– Bilmirəm, şahzadəm. Alfa soruşanda ona nə cavab verək? – ağılsız kron ağılsız suallarına davam edirdi. – Narahat olmayın, yaralarınız barədə heç kimə heç nə deməyəcəyik. Onlarla döyüşdüyünüzü deyə bilərik? Qızılbaşlar idilər? Təxminən, neçə nəfər olardılar? Üzlərini görə bildiniz? Sizi hospitala aparmaq lazımdır? Qanadınız yaxşı görünmürdü.
Narissa əliylə qırmızı saçlarını arxaya daradı. Dərindən nəfəs aldı. Sol Dakaraqasla Orta Dakaraqas arasındakı anlaşmadan bu yana bu şəhərdə yaşayan qız daha nə qədər vaxt bu beyinsiz eybəcərlərə dözə biləcəyini düşündü bir anlıq. İçinə möhkəm bir sıxıntı çökdü. Bir az əvvəlki insanla döyüşün məğlubiyyətini hələ də həzm edə bilmirdi. Üstəlik önündəki it iyi verən kron durmadan sual yağdırırdı ona. Sanki kimsə avtomat silahı onun qulağına dirəyib atəş açırdı.
– Bəsdir. BƏSDİR! – birincini pıçıltıyla, ikincini isə qışqıraraq dedi. – Sualların məni bezdirdi. Alfanız özü yanıma gələr, mənimlə danışar lazım olsa. Yaralar barədə isə heç kimə bir kəlmə də… Oldu? İndisə gedin.
– Oldu, şahzadəm, – deyə kron xırıldayaraq itaət etdi. Geriyə çevrilib hücrədən çıxmaq istəyərkən Narissa onları səslədi.
– Ya da gözləyin. Gözləyin. Getməyin. Uzun zamandır ki, kimsə vampirlərin yaralarını görməyib. Bu ənənəni davam elətdirsək, pis olmazdı, məncə, – deyə heç də xoş niyyətli olmayan Narissa Brontun deşərək çölə tullandığı divara tərəf çevrildi.
– Məncə də, şahzadəm, – kron söhbətin nədən getdiyini belə anlamadan onunla razılaşdı.
– Sizə inanıram. Kronlar satqın deyillər. Yaralar barədə heç kimə heç nə deməyəcəksiniz, əminəm. Amma… – yenidən kronlara baxaraq sözlərinə davam etdi. – Təəssüf eliyirəm, uşaqlar. Yerin də Qulaqları var. Şahid istəmirəm.
Hər şey göz açıb-qapayana qədər olub bitdi. Məğlub olmanın verdiyi qəbuledilməzlik vampiri qəzəbləndirmişdi. Hal-hazırda nələrisə dağıtmasaydı, kimlərisə əlləriylə parçalamasaydı, əsla rahatlıq tapa bilməzdi. Ən öndəki kronun üzərinə atılaraq boyun hissəsindən böyük bir ət parçasını dişləriylə qoparıb yerə tüpürdü. Boğazından ağ qan axıdaraq diz üstə çökən kron can verərkən Narissa digər kronlara da hücum etdi. Birinin qolunu yalın əllə dartaraq bədənindən ayırdı. Eyni anda da qanadlarının uclarındakı buynuza oxşayan sümük hissəsini digər kronun qarnına soxub çıxartdı. Kronun bədənində başı boyda iki deşik əmələ gəldi. Digər iki kronun sağdakının başına elə güclü təpik vurdu ki, kron uçaraq divara dəydi və kəllə sümüyü sınıq-sınıq oldu. Axrıncı kronun atəş açmaq üçün xeyli vaxtı olsa da, vəziyyəti tam analiz edəcək zəkası olmadığından yerindəcə donub qalmışdı. Vampir az qala uçaraq ona tərəf şığıdı. Narissanın kronun qarnını deşib belindən çölə çıxan əllərindən ağ yapışqan maye süzülürdü indi. Düz kronun gözlərinin içinə baxan vampir qarşısında bayaqkı yekəpər insanı gördü. Qəzəbindən var gücüylə bağırıb əllərini yana doğru açdı. Kronun bədəni ortadan iki yerə parçalanaraq yan divarlara dəydi. Hirsini hələ də boğa bilməyən qız bu dəfə divarları yumruqladı. Hər zərbəsindən sonra divarlar deşilir, vampirin barmaqları sınıb, sonra yenidən birləşirdi.
Nəhayət, hücrəyə işgəncə verməkdən yorulan vampir dayandı. Brontun dağıdaraq çölə tullandığı deşikdən onların uçduğu istiqamətə baxdı.
– Hamınızı əllərimlə parçalayacağam. Əsas da səni, təpəgöz insan. Səni tikə-tikə doğrayacağam. Tikə-tikə… – dişlərini bir-birinə sıxaraq qəzəbli şəkildə öz-özünə dedi. Qapıdan çölə çıxarkən həyatını yaşamağa tələsən tarakanı tapdalayaraq öldürdüyünün fərqinə belə varmadı. Görünür, tarakan tələsməkdə haqlıydı.
***
Xaos Böyük Müharibəni qazandıqdan sonra dünyanın quru sahələri dörd əsas hissəyə bölündü. Dakaraqas adlandırılan ölkələrin həyat üçün ən əlverişsizi Xaosun özünün məskunlaşdığı Şimal Dakaraqas idi. Xaos dünyanın ən hündür dağlarına öz adını verdi. Xaos Dağları. Bu dağların yolsuz-izsiz aralıqlarında, heç bir canlının gedib çıxa bilməyəcəyi qədər xəlvətdə moyraların bacarıqlı əlləriylə min bir cadu və tilsimin qoruduğu Duharak adlanan qədim iqamətgahında məskunlaşdı. Əsrlərdən bəridir ki, onun üzünü görən, səsini eşidən heç kəs yox idi. Xaos sanki bu dağlarda əbədi yuxuya getmişdi. Dünyanın idarə olunması isə hələ də müharibədən sonra Xaosun özünün qoyduğu qaydalarla davam etsə də, kiçik-kiçik laxlamalar, cəsarətsiz iddialar baş qaldırmağa başlamışdı. Xəyanətkarlıq şərin gücünün azalmağına görə yox, dəhşətli qəzəbin yaratdığı fəlakətlərin yavaş-yavaş unudulmağına görəydi. Tarix gec-tez əfsanələşəcək, nağıllara çevriləcəkdi. Ta ki, Xeyir və Şər şəxsən üz-üzə gələnə qədər.
Şimal Dakaraqasdan aşağıdakı hissələr Sol Dakaraqas, Orta Dakaraqas və Sağ Dakaraqas olaraq üç ölkəyə ayrıldı. Bunlara Sol Ölkə, Orta Dünya və Qaranlıq Ölkə də deyirdilər. Sol Ölkədə vampirlər, Orta Dünyada kronlar, Qaranlıq Ölkədə isə cinlər hakimiyyəti ələ aldılar. Sivilizasiyanın digər ölkələrə nisbətən daha yaxşı inkişaf etdiyi yer kronların hakimiyyətində olan Orta Dakaraqas idi. Burada saysız dərəcədə böyük və kiçik şəhərlər salınmışdı. İrqlər kron patrullarının nəzarəti altında Orta Dünyada birtəhər dolana bilirdilər. Sol və Qaranlıq Dakaraqaslarda isə hakimiyyətdə olan irqlərdən başqa, demək olar ki, heç kəs yaşamırdı. Sol Ölkə haqqında ümumiyyətlə, məlumatlar az idi. İnsanların heç biri ora getmək istəmirdi. Bütün irqlər arasında ən qatı cinayətkarları sürgün edərkən də məhz Sol Ölkəyə göndərirdilər. İndiyə kimi heç kim oranı öz gözləriylə görüb sağ-salamat geri qayıtmamışdı. Buna görə də, hər kəsin ürəyinin dərinliklərində vəhşi bir vampir qorxusu yatırdı. Bu ölkəyə vampirlərin özləri qədim moyra dilində “ilk torpaq” anlamına gələn İvo-ran deyirdilər. Kronların və cinlərin başçıları Sol Ölkə uğrunda uzun zamandan bəri soyuq müharibələr aparır, planetin dördnala qaçdığı uçurum kənarlarında ensiz yolun nə vaxt keçilməz həddə çatacağını səbirsizliklə gözləyirdilər.
Sağ Dakaraqas da təkirqli ölkə idi. Burada yalnız cinlər yaşayırdı. Cinlərin hazırkı kralı Yerodin müharibədən əvvəl də bu ərazilərdə hökmdarlıq edirdi. Sahara adlandırdıqları əsas ərazilər başdan-başa qaranlıq və çıxılmaz meşələrlə əhatələnmişdi. Meşələrin ən qərbində Yerodinin dəmirağac sarayı İlayda yerləşirdi. Yerodin bütün irqlər arasında ən güclü siyasi ağla malik ölümsüz idi. Onun başçı olmadığı vaxtlar olmuşdu, amma o qədər uzun zaman əvvəl idi ki, bunu özü belə xatırlamırdı. Xaos müharibəni qazandıqdan sonra söz veridyi kimi Qaranlıq Ölkəni tamamilə onun hakimiyyətində saxladı. Cinlər hər zaman ən güclünün yanında olmağı bacardıqları üçün dünyanın sonsuz keçmişindən bu yana varlıqlarını ən yüksək səviyyədə qorumuş və digər irqlər tərəfindən də çəkinilən, qorxulan irq halına gəlmişdilər. Kronlar və Vampirlərlə müqayisədə ən güclü ordu onlarda idi. Sayca kronlardan az, vampirlərdən çox olsalar da, vampirlərlə daha ehtiyyatlı davranırdılar. İnsanların biyabırçı məğlubiyyətindən sonra dünyanın ağalığı bu üç irq arasında hər zaman sülhlə bölüşdürülə bilməzdi. Ona görə də Yerodin hər zamanki kimi hiyləgər mövqeyində ilk qanın kimlər tərəfindən töküləcəyini və ilk döyüşdə kimin daha güclü olduğunu görmək üçün sakitcə gedişatı izləyirdi.
Xaosun ən güclü döyüşçüsü və ən sadiq əsgəri olan Hazarat Orta Dakaraqasın hökmdarı idi. Hazarat müharibələr zamanı şəxsən döyüş meydanlarında savaşmış, bütün ordunu arxasınca aparmışdı. Görünüş olaraq da digər kronlardan çox fərqlənirdi. Cüssəcə onlardan iki-üç dəfə böyük, dərisinin rəngi tünd-göy yox, solğun-mavi idi. Bütün alfa kronlar ona tabe idilər. Onun əmrləri qeydsiz-şərtsiz yerinə yetirilir və əsla müzakirə olunmurdu. Kronların ən ağıllısı və ən güclüsü hesab edilirdi. Xaos tərəfindən ona fövqəltəbii güclər də bəxş edilmişdi. Bir neçə döyüşdə əllərindən alov çıxartdığını, digərlərində isə yorulmaq bilmədən günlərlə döyüşərək böyük bir insan ordusunu təkbaşına məhv etdiyi nağılvari danışılırdı. Lakin müharibə əsrlər əvvəl bitdiyinə görə Hazarat uzun zaman idi ki, bu güclərindən istifadə etmirdi. Hətta son zamanlar Xaosun onun güclərini geri aldığını belə düşünmüşdü. İstənilən halda, Hazarat Orta Dünyanın hökmdarlığına hələ ki, sadiq şəkildə davam edirdi. Ən azından Sol Ölkənin sirli xəlvətlərində yatan qeyri-adi gücə qovuşacağı günə qədər belə davam etməyə məcbur idi.
Cinlərin lideri Yerodin isə Hazaratın o gücü heç vaxt ələ keçirə bilməyəcəyinə əmin şəkildə gizli və ən təhlükəli düşməninin bu istəyinə qarşı heç bir tədbir görmürdü. Vəziri və ən yaxın dostu Merxas bunun səbəbini soruşanda isə, “O gücü yalnız “Tanrılar savaşının” qalib irqinin ölümsüz nümayəndəsi oyada bilər” deyirdi. Bunun nə demək olduğunu tam olaraq anlamayan Merxas öz başçısının ağlına sonsuz güvənirdi. Amma Yerodinin hərdən Dakaraqasın qədim tarixiylə bağlı söhbət düşərkən gözlərinin necə bir nöqtəyə zillənərək, sanki bütün nağıl etdiklərini özü də yaşayıbmış kimi inanaraq danışmağı Merxası lap ehtiraslandırırdı. Sadiq vəzir başçısına “sən də orada idin?” deyə sual verəndə Qaranlıq Ölkənin kralı gözlərini qırpışdırıb yuxudan ayılan adamlar kimi özünə gələr və “xeyir, Merxas. O mən deyildim” cavabını verərdi. Merxassa Yerodinin həqiqətən də qədim əfsanəvi müharibədə iştirak edib-etmədiyini heç vaxt öyrənə bilməyəcəkdi. Sonuncu əfsanə olan “Ağ Əfsanə” ağırlığını Dakaraqasın çiyinlərinə salmayana qədər cinlərin ən qüdrətli, ən casur və ən ədalətli kralının heç də həmişə Yerodin olmadığını öyrənməyəcəyi kimi.
Hazarat Orta Dakaraqasın ən böyük şəhərlərinə öz oğullarını başçı təyin etmişdi. Kronlar digər irqlər kimi cinsi və ya güc-paylaşma yoluyla çoxalmırdılar. Lakin Şimal Dağlarından bir neçə on ildən bir enən yeni kron sürüləri onların sayını həddindən artıq çoxaltmışdı. Alfalar böyüklüyü və ağlı ilə seçilirdi. Necə yarandıqları və çoxaldıqları əsl müəmma idi. Amma bu çoxalma heç bir qan və ya genetik kod daşımayan varlıqların öz aralarında digər irqlərin qohumluq əlaqələrinə bənzəyən münasibətlər yaradırdı. Məsələn, Haimidin Hazaratla heç bir qan bağı olmasa da, ata-oğul sayılırdılar. Çünki yaradılarkən hər ikisinin zehninə möhür kimi vurulmuşdu bu. Xaos alfa kronlar arasında bu cür saxta-qohumluluq əlaqələri yaratmaqla idarəetməni özünün birbaşa əli olmadan belə ötürüləbiləcək vəziyyətə soxmuşdu. Nə vaxtsa Hazarat ölsəydi, bu qətiyyən real görsənmirdi, Haimid atasının taxtına yiyələnəcəkdi. Hələliksə, nəinki Orta Dakaraqasın, hətta bütün planetin siyasi tarazlığının dayaq nöqtəsi olan Ximeluda hakimiyyətdə olan şahzadə kron gec-tez özünün də dünyaya hökm edəcək zamanının gələcəyini düşünürdü.
Tanrılar tərəfindən lənətlənmiş şəhər Ximelu. Hazarat bu lənətlənmiş şəhərə ən sevimli oğlunu naib təyin etmişdi. Haimidi. Bura onun üçün strateji cəhətdən ən əhəmiyyətli şəhərlərdən idi. Həm onun üçün, həm də Qradarius üçün. Sol Ölkənin hökmdarı, vampirlərin lideri və qanadlı vampir şahzadələrin atası Laboviç von Qradarius. Ağ və Qara vampir şahzadələri öz ölkəsində saxlamamış, bütün kronların hakimiyyətinə nəzarət etsinlər deyə Orta Dünyaya göndərmişdi. Hərçənd, bir müddətdən sonra qara vampir Meleda özbaşına hərəkət etməyə başlamış, gizlin-gizlin ovladığı və dönüşdürdüyü insanlardan əməlli-başlı ordu yığmışdı. Meleda ölkələrin hamısında axtarılan və başına mükafatlar qoyulan amansız qatil sayılırdı. Lazımi gücə sahib olduqdan sonra hətta cinlərin belə ona qarşı çıxa bilməyəcəyini bilən Qradarius ikinci qızı Narissa üzərindəki hakimiyyətini qətiyyən itirmək istəmirdi.
Vaxtiylə atalarının ağalıq etdiyi İvo-Randa Qradariusla müharibəyə girmək əvvəllər əsl intihar sayılardı. Xaosun özü belə Böyük Müharibə vaxtı onunla anlaşmışdı. Belə ki, müharibədən sonra heç bir irq Sol Dakaraqasda məskunlaşa bilməzdi. Kronlar əsla vampirlərə əmr etməməli, hər-hansı bir ərazi iddiasında olmamalıydılar. Ən əsas şərt isə vampirlərin qida məsələsi idi. Vampirlər başqa ölkələrdə kronlardan və cinlərdən başqa istədikləri irqi ovlaya bilərdilər. Əvəzində isə, Qradarius Xaosa insanlarla savaşında köməklik edəcəkdi. Vampirlər kronlar və cinlərlə müqayisədə ən güclü irq idi. Amma sayları hər il azalırdı. Artıq bir neçə əsr idi ki, sanki lənətlənmişdilər. Dişlədikləri insanlar vampirə çevrilmədən ölürdülər. Bu lənət vampir irqinin gec-tez sonunun yaxınlaşdığını göstərirdi. Hazarat isə bu hadisədən xəbərdar olduğu üçün Qradariusun buraxacağı ilk səhvi səbirsizliklə gözləyirdi. Çünki qaniçənlərin kralı yalnız Sol Dakaraqasın Saf Qan Məclisinin üzvlərinin bildiyi bir səbəbə görə Hazaratdan asılı vəziyyətdə idi. Ximeludakı errasların tarla adlandırdıqları yerlərdə hazırlanan xüsusi qarışımlar Qradariusun öz xalqından gizlətdiyi yeganə sirri idi.
Deyilənə görə Sol Ölkədə elə bir güc var idi ki, o gücə sahib olan kəs bütün dünyaların hökmdarı ola bilərdi. Qradarius isə bu gücdən istifadə etməyin yollarını bilmirdi. Bəlkə də, gücün nədən ibarət olduğundan da xəbərsiz idi. Sol Ölkəni fəth etmək hər zaman Hazaratın xəyallarında olub. Lakin vampirlərə qarşı müharibə hal-hazırda ağılsızlıq olardı. Sayları vampirlərdən qat-qat çox olsa da, kronlar Xaosun şəxsən özü müdaxilə etməsə, müharibəni tez bir zamanda uduzardılar. Yerodinin vampirlər və kronlar arasındakı soyuqluğun nəticəsini gözləməyi, Hazaratın Qradariusun ölkəsində olan əzəmətli gücə hərisliyi, Qradariusun isə gizli şəkildə olsa da kronlardan asılı vəziyyətdə olması Xaosun müttəfiqləri arasındakı gözəgörünməz boşluqlar idi. Bu boşluqların dərin yarğanlara çevrildiyi vaxtlarda Qızılbaşlar da geri dönmüş və altdan-altdan müharibə mesajları verməyə başlamışdılar.
Hazaratın oğlu Haimid atasının bütün istəklərindən, bütün iddialarından xəbərdar olduğu üçün insanların əfsanəvi döyüşçülərinin belə qəliz dövrdə yenidən ortaya çıxmalarına sevinirdi də. Nəhayət ki, açıq bir hədəf var idi. Qızılbaşlar. Bu döyüş onu qorxutmurdu. Amma Narissa hələ də onun yanına gəlməmiş bir insanın onu necə əzişdirdiyi xəbəri gəlib çatmışdı. Qızılı mərmərdən tikilmiş sarayında bütün günü errasların gözəl qızlarıyla yatağından çıxmayan Haimid, nəhayət ki, kimləsə açıq-açıq döyüşə biləcəkdi. Siyasətsiz, hiyləsiz, danışıqsız, razılıqsız. Ancaq öldürməyin və ölməyin həqiqət olduğu bir döyüş. Ancaq güclünün həyatda qalacağı bir döyüş.
Narissa Haimidin əzəmətli sarayının düz giriş qapılarının önündə yerə endi. Elə bil, göydən böyük bir qaya parçası düşdü yerə. Enən kimi qanadları belinə yığılıb yoxa çıxdı. Qapıçılar heç nə soruşmadan binanın əsas qapılarını açdılar. Narissa qəzəbli şəkildə sürətli addımlarla Haimidin yataq otağına tərəf irəliləyirdi. Böyük mərmər dəhlizlərdəki silahlı kronların ağılsız baxışlarından xəbərlərin ondan əvvəl gəlib-gəlmədiyini anlamaq olmurdu. Sarayın ən yuxarı mərtəbəsində böyük yataq otağı var idi. Otağın hündür və əzəmətli qapısının önündə Haimidin əsas alfa kronu Febulan dayanmışdı.
– Aç qapını, Febulan. Haimidi görməliyəm, – deyə Narissa uzun dəhlizin lap o başından əmr etdi.
– Bağışlayın, şahzadəm. Hökmdarımız heç kimi görmək istəmir, – Fabulan soyuqqanlılıqla cavab verdi.
– Çəkil, kron. Səni də öldürmək istəmirəm, – Narissanın qəzəbli görünüşü çətin ki, Fabulanı qorxudurdu. Lakin Haimidlə Narissa arasındakı münasibətin yaxınlığı bu vampirə dözmək üçün yetərli səbəb idi.
Qırmızı saçlı vampir qız Febualnı kənara itələyib iki əliylə otağın qoşa qapısını araladı. Böyük, bomboş otağın lap axırında hündür bir kürsü var idi. Kürsünün üzərində isə Haimidin yatağı. Yuxarıdan erras qızlarının gülüş səsləri eşidilirdi. Narissanın kürsüyə yaxınlaşan addımları boş zalda əks-səda verirdi. Lap yaxına gəlib bir dizini yerə qoyub şəhər başçısının hüzurunda baş əyən vampir bu hərəkətini hər dəfə təkrarladıqca özündən utanırdı. Amma buna məcbur olduğunu da anlayırdı.
– Hökmdarım! Danışmalıyıq. – Narissa başını yuxarı qaldırmadan yuxarıdakıların eşidəcəyi şəkildə qışqırdı. Lakin qızların gülüş səsi kəsilmədi. Görünür, yuxarıda əməlli-başlı məşğuliyyət var idi.
– Kralımız Haimid çox məşğuldur. – Fabulan vampir qızın yanına gələrək otaqdan çıxması üçün dedi.
Hörmətsizlik, sayılmamaq Narissanın əsəblərini tarıma çəkirdi. Haimidin bu davranışları onu lap bezdirmişdi. Hər şeydən xəbəri olduğu halda özünü elə aparırdı ki, sanki hər şey yağ kimi gedir. Sanki vampirlər kronları, kronlar da vampirləri məhv etmək üçün bəhanə axtarmırlar. Sanki Ximeludakı tarlaların iki ölkə arasındakı körpü rolunun heç bir əhəmiyyəti yoxdur. Son vaxtlarda Orianaya, Naqanazara və nəhayət, Ximeluya olunan Qızılbaş hücumları heç bir təhlükədən xəbər vermirdi. Haimidin bu rahatlığı qızı özündən çıxarır, hər gün bir az daha uzaqlaşdırırdı ərindən.
– HAİMİD! Danışmalıyıq dedim! Qızılbaşlar geri dönüblər! – Narissa elə yüksək qışqırdı ki, yuxarıdakı qızların səsi o dəqiqə kəsildi. Qurbağa gölünə daş atmışdılar. Vampirin səsi parıldayan sarı mərmərli otağın bütün divarlarını bir neçə dəfə dövr edərək əks-səda verdi. Qız yenidən başını aşağı saldı. Haimidin aşağı düşəcəyi bəlliydi.
Narissa bu qədər yüksəklikdən aşağı tullanan Haimidin güclü ayaqlarının yerə necə dəydiyini gördü. Bədəni Narissanın bədənindən də sərt olardı. Açıq-mavi dərisiylə atasına bənzəyən Haimid heç bir şey demədən vampir qıza yaxınlaşıb əliylə onun qırmızı saçlarını sığalladı. Haimidin aşağı endiyini görən kimi Febulan da bir dizini yerə qoyub baş əydi onun qarşısında. Narissa başını yavaş-yavaş qaldırıb ərinin üzünə baxdı. Əynində qırmızı ipək xalatından başqa heç nə yox idi. Haimidin möhtəşəm əzələli bədəni Narissanı hər dəfə ehtiraslandırırdı. Kronlardan zəhləsi getməyinə baxmayaraq Haimidə aşiq olduğunu hamı bilirdi.
– Ayağa qalx, şahzadəm, – deyə Haimid mehriban amma qalın səsiylə əlini qıza uzatdı.
Narissa onun əlindən tutub ayağa qalxdı. Uzun zamandan bəri birlikdə olmurdular. Hətta Haimid arvadının yataq otağını belə sarayın başqa binasına köçürtməyi əmr etmişdi. Özü isə bütün günü burada yaşıl bədənli gözəl erras qızları ilə içib əylənirdi. Digər əlində Ximelu üzümü olan hökmdar Febulana otaqdan çıxması üçün əllə işarə verdi. Febulan o dəqiqə ayağa qalxıb otaqdan çıxarkən qapını arxadan bağladı.
– Çox tələsirsən, Narissa. Hər şey üçün çox tələsirsən, – Haimid sakit səslə danışırdı. – İstirahətdə olduğumu görmürsən? Mənim otağımın qapılarını Febulana rəğmən itəliyib açacaq qədər önəmli nə ola bilər axı?
– Hökmdarım, Qızılbaşlar Marakata hücum elədilər. Bir neçə gün əvvəl edam meydanı tərəfdə bir kron patrulunun başını kəsən əsirimizi də zindandan qaçırtmağı bacardılar. Onu danışdırmağa lap az qalmışdı. Yerlərini öyrənəcəkdik, harada gizləndiklərini, kimlərlə kəşfiyyat apardıqlarını. Hamısını… Hamısını öyrənməyə az qalmışdı, hökmdarım, – Narissa heç kəslə olmadığı qədər həyəcanla danışırdı. Kənardan baxanlar hətta qızın bu nəhəng və solğun rəngli krondan qorxduğunu belə düşünə bilərdilər.
– Gözəl Narissa… Ağıllı Narissa. Axı eyni vaxtda həm bu qədər gözəl, həm də bu qədər ağıllı olmağı necə bacarırsan? – Haimid rahatlıqla qıza ironiya qarışıq kompliment etdi. – Hələ mən gücünü və sadəqətini demirəm. Bu xüsusiyyətlərin hamısı birlikdə heç bir dişidə yoxdur. Buna görə də səndən əl çəkə bilmirəm, – deyə əlindəki üzüm saplağındakı dənələri bir-bir yeyərək otağın bir küncündəki bara tərəf getdi. – Doğurdan elə düşünürsən ki, mənim heç nədən xəbərim yoxdur?
– Hökmdarım, məni bağışlayın, amma qızılbaşlar deyildikləri qədər güclüdürlər. Bir neçəsini yaralaya bildim, amma öldürmək qismət olmadı. – Narissa nə qədər özündən əmin danışsa da, Haimidin şübhəli baxışları dəyişilmirdi.
– Və təbii ki, onları görən səndən başqa heç bir şahid yoxdur, düzdür? – Haimidin şübhəli baxışları, gülümsəməsi və səs tonu bütün həqiqəti bildiyini hayqırırdı.
Narissa sadəcə başını aşağı salmaqla kifayətləndi. Haimidin qəzəbindən az da olsa qorxurdu, amma Qradariusun qızı olmağının da verdiyi bir güvən var idi. Nə qədər ki, iki irq arasında sülh var, kronlar heç vaxt öz ağalarının əmrinə qarşı çıxıb ilk qanı axıtmayacaqdılar. Ona görə də Haimidin ona heç nə etməyəcəyinə, demək olar ki, əmin idi. Hər nə olursa-olsun, Ximelunun başçısı da Narissaya öz xislətlərinə uyğun şəkildə aşiq idi. İnsanların bir-birlərinə aşiq olduqları kimi yox, məhz kronların vampirlərə aşiq ola bilməyəcəkləri kimi. Hər iki irqin liderlərinin övladları bu irqlər arasında sülhü qoruyan yeganə saman çöpü idi. Əgər bu nigah nə vaxtsa pozulacaqdısa, bunun ya əvvəli, ya da sonu qanla nəticələnəcəkdi. Müharibəyə başlamağa hələ ki, heç bir tərəf risk etmirdi. Amma bütün kronların lideri Sol Ölkədəki qeyri-adi gücə qovuşmağı bu dünyadakı hər şeydən daha çox arzulayırdı. Əsrlər əvvəl Xaosun ona bəxş etdiyi qeyri-adi bacarıqlardan dəfələrlə daha böyük bir güc. Hər keçən gün Hazaratın içində bir az da böyüyən bu ehtiras bir gün onun bütün zehnini tamamilə ələ keçirəcəkdi. O zaman bütün alfalara hücum əmri veriləcək və insanlarla müharibəyə başladıqları kimi vampirlərlə də böyük müharibəyə başlayacaqdılar. Ən önəmlisi isə, bu müharibədə cinlərin tutacaqları mövqe idi. Cinlər kimin tərəfində olsaydılar, müharibəni o tərəf qazanacaqdı. Dünyaya ağalıq edən bu üç böyük irq bir şeyi hesaba qatmırdılar. Dördüncü irqi. İnsanları.
– Zindana qədər və zindanda nələrin baş verdiyini çox yaxşı bilirəm. Başqalarının mənə necə yalan danışdıqlarını və bunu hara qədər davam elətdirə biləcəklərini izləməkdən hədsiz zövq alıram, – deyə barın sərin tüstülü soyuducusundan iki şüşə çıxartdı. Biri tünd-göy, digəri isə tünd-qırmızı rəngli içkilər. Göy rənglidən özü üçün süzüb bir qurtum içdi. Qırmızı rəngli içkinin ağzındakı mantarı açar-açmaz içindəki mayeni gümüş bir badəyə süzdü. – Sənin yalanların belə məni ehtiraslandırır. Amma… – üzünü vampir qıza tərəf çevirib əlini ona uzatdı. – Ailə üzvləri arasında yalan olmamalıdır, gözəlim. Mən sənə heç vaxt yalan danışmıram. Əgər bir nəfər insan yalın əlləriylə səni o ki var döyübsə, bunda utanılacaq heç bir şey yoxdur. O insanlar kronları da rahatlıqla öldürə bilirlər. Mən məsələn, buna görə heç utanmıram. Onlar adi insanlar deyillər. Döyüşçüdürlər. Xəbərin olmamış olmaz… Orianada da Meledanı hansısa qızılbaş qız deşik-deşik eləyibmiş. Özünə gəlməyi bir-neçə saat çəkib. Sən yaxşı qurtarmısan, gözəl Narissa. Sənə nə isə olsaydı… – bir az düşündükdən sonra yaxşı bir şey deməli olduğunu anladı. – Sənə nə isə olsaydı, üzülərdim.
– Bağışlayın, hökmdarım, dəyərli vaxtınızı alıram, bilirəm, amma nə isə etməliyik. Nə isə fikirləşməliyik. Şəhərdə nə qədər qaldıqlarını bilmirik də, nələri öyrənib, nələri öyrənmədiklərini də. Əgər tarlalar haqqında kəşfiyyat aparıblarsa, oranı məhv etmək üçün əllərindən gələni edəcəklər, – Narissa narahatlığını və qarşısındakı bu yekəpər krondan qorxduğunu heç cürə gizlədə bilmirdi.
– Sən narahat olma. Hər şey mənim nəzarətim altındadır. Hər şeyi görürəm, eşidirəm, duyuram, anlayıram. Bir mənə bax, – əllərini iki yana açaraq özüylə fəxr edən şöhrətpərəstlər kimi səsindəki istehzanı bir az da qüvvətləndirdi. – Məgər, mən ən mükəmməl kron deyiləm? Məgər, mən Ximelunun, ümumiyyətlə, bütün Dakaraqasın ən ağıllı, ən bacarıqlı, ən güclü və… ən yaraşıqlı kronu deyiləm?
– Eləsiniz, mənim hökmdarım. Siz mükəmməlsiniz, – Narissa onun içkinin təsirindənmi belə danışdığını, ya həqiqətəndəmi özü haqqında bu qədər yüksək fikirdə olduğunu anlaya bilmirdi. Amma bu eqoizm onu lap boğaza yığmışdı. Hələ heç bir döyüşdə Haimidin hünərini görməmişdi, onun gücünün hüdudlarını bilmirdi, amma başçısının özünə bu qədər güvənməyi qızı həm qıcıqlandırır, həm də rahatladırdı.
– Mənə inanmırsan? – Haimid eyni özündənrazı gülümsəməsi ilə dedi.
Narissa heç nə demədən gümüş badəsinə qırmızı rəngli içki süzən Haimidin ona nə deyəcəyini gözləyirdi. Haimid qızın lap yaxınına gəlib onunla üzbəüz dayandı. Hər iki “aşiq” gözlərini bir-birlərinə zilləmişdilər. Narissa gümüş badədəki insan qanının ətrini şüşənin ağzı açıldığı andan hiss etmişdi. Ondan, demək olar ki, iki dəfə hündür və iri olan Haimid badədəki qanı qızın düz qarşısında sinəsindən aşağı tökdü.
– Bilirəm. Çox istəyərdin ki, kronların qanı da insanların qanı kimi dadlı olsun. İsti, şirəli, yapışqan… Onda hər gün neçə kron ovlayacağını təsəvvür belə etmirəm. Səni yığıb-yığışdırmaq olmazdı. Bəlkə də, tarlaların sakinləri dəyişilərdi, düzdür? – Haimid danışdıqca qızın göz bəbəklərinin qırmızısı daha da böyüyür, dişləri alt dodaqlarının yanlarından yavaş-yavaş uzanırdı. Gözlərini ərinin əzələli bədənindən süzülən insan qanından çəkə bilmirdi. İstəmirdi bu içkinin bir damcısı belə yerə tökülsün. – Təəssüflər, gözəl Narissa. Bizi yaradan güc bəşəriyyətin ən ali varlığıdır. Bütün bu müqəddəs tarazlığı hamımızdan daha dəqiq ölçüb-biçərək hazırlayıb. Onun elminə çatmaq mümkünsüzdür. Vampirlərlə kronlar arasındakı qızıl ortanın başlanğıcı bizim qanımızın soyuq və vampirlər üçün zəhərli olmasıdır. Hələlik insan qanı içməyə davam edin siz.
Son sözləri zamanı sinəsindən aşağı tökdüyü qanın bir neçə damcısı ayaqlarından süzülərək yerə dəydi. Narissa quduz itlər kimi xırıldamağa başlamışdı. Özünü nə qədər saxlaya biləcəyindən əmin deyildi. Sinəsi tez-tez qalxıb düşür, hər an Haimidin üzərinə atıla bilərdi. Haimidin məqsədi də qızı ehtiraslandırmaq idi. Gözlərindəki şüurun tamamilə yox olduğunu görəndən sonra xalatının cibindən kiçik bir pult çıxardıb hündürdəki kürsüyə tutdu. Kürsü lift kimi asta-asta aşağı düşməyə başladı. Bu erras qızlarının vaxtlarının bitdiyi anlamına gəlirdi. Haimid indi arvadıyla vaxt keçirtmək istəyirdi. Çılpaq qızlar kürsü lap aşağı enən kimi qaçaraq zalın arxa qapılarından çıxdılar. Haimid xalatını da soyunub yerə atdı. Narissanın qırmızı saçlarından yapışıb gözlərinin içinə baxdı.
– Hələlik insan qanından həzz almağına bax. Gün gələr bir damla qan üçün bütün nəslini qurban verəcək həddə çatarsınız. Mənim bədənimdən iç insan qanını, – Narissa güclü ərinin sözlərindən cəsarətlənərək onun bədənini yalamağa başladı. Sinəsini, ayaqlarını… Qanın dəydiyi hər bir hissəni vəhşi bir ehtirasla iyləyir və yalayırdı.
Haimid kürsüdəki yatağına uzanıb əllərini iki yana açdı. Narissa da onun üzərində oturdu və qanı içməyə davam etdi. Kürsü yenidən zalın tavanına doğru yuxarı qalxdıqca Ximelunun başçısı vəhşi arvadının paltarlarını soyundurub ağappaq bədəninin soyuq hərarətindən daddı.
– İcazə verməyəcəm ki, kimsə məni bu zövqdən məhrum etsin. Haimidin qəzəbini və gücünü bütün insanlığa göstərəcəm.
***
Yerodin yüzlərlə metr hündürlüyü olan ağacların əhatəsindəki sarayında gözlərini bərəldib, qulaqları şəkləyib bir neçə dəqiqə sonra İlaydaya çatacaq çaparının hansı xəbərlər gətirəcəyini gözləyirdi. Ətrafdakı ağacların budaqlarının arxasında qapqara kölgə kimi cinlər gizlənmişdilər. Cinlərin Yerodindən əvvəlki başçısı yox olduqdan bəri səhra və meşə cinləri Saharanın “Qaranlıq Meşələrində” birlikdə yaşayırdılar. Bu meşələr Sağ Dakaraqası Orta Dünyayla birləşdirən Yuxarı və Aşağı Qada körpülərinin arası boyunca qitənin ən sonuna qədər uzanıb gedirdi. Bu iki körpünün şimalda olanı süni şəkildə yaradılsa da, cənubdakı Qada iki ölkə arasında yerləşən Moana dənizinin dərinliklərindən baş qaldırmış sivri qayalıqlı, uçurumlu dağ silsiləsiydi. Körpülərdən keçib Qaranlıq Ölkəyə ayaq basan kimi sıx meşələr adamı öz içinə çəkir və yüzlərlə yırtıcının qənimətinə çevirirdi.
İndiysə meşənin şərq sərhədlərinə yaxın bir yerdə tikilmiş İlaydada dərin bir sükut hökm sürürdü. Sapsarı gözləri olan dumanlı məxluqların səsləri hərdən qulaqbatırıcı dərəcədə cingiltili ola bilirdi. Ölkənin ikinci cini olan Merxas uzun qara əbasına bürünərək Yerodinin taxtına çıxan ağac pilləkənlərin önündə dayanmışdı. Bir neçə dəqiqədən sonra uzaqdan qulaqları normal cinə görə bir az da uzun olan bir nəfər göründü. Xəbər gətirən cin Merxasa yaxınlaşdıqca gəldiyi cığır bir az da qaranlıqlaşır, bir az da daralırdı sanki. Səbəbsə Yerodinin gözəgörünməz cinləri idi. Onlar qaranlıqdakı kölgələr kimiydilər. Nə qədər baxsan da, özləri hərəkət etmədikcə görmək mümkün deyildi. Merxas və Yerodinin şəxsi mühafizəsi sayılan Gözəgörünməzlər cin ordusunda ən güclü döyüşçülər idi.
Uzunqulaq çapar qorxa-qorxa yaxınlaşıb Merxasdan iyirmi metr aralıda dayandı. İki əlini də sinəsinə qoyub vəzirin qarşısında baş əydi. Merxas gözlərini belə qırpmadan heykəl kimi donub ona baxırdı. Çapar baxışlarını yerdən qaldırmadan titrəyən səsiylə gətirdiyi xəbəri dedi.
– Ximeluda Marakatdan bir cinayətkarı qaçırdıblar və Narissanı özündən gedənə qədər döyüblər, – arıq cüssəli qorxaq cin ölkənin vəzirinin qarşısında dayanıb danışsa da, hökmdarları Yerodinin də onları eşitdiyini çox yaxşı bilirdi.
Birdən ayaqlarının altındakı ağac yarpaqlarının arasından qapqara bir dumanın onu əhatəyə aldığını gördü. Bunun yaxşı bir şey olmadığını anlayırdı, amma yerindən tərpənməyə cürəti çatmırdı. Arıq, uzun Merxas isə hələ də sapsarı parıldayan gözlərini bircə dəfə belə qırpmadan ona baxırdı. Qaranlıq duman oğlanın arxasında onunla eyni hündürlüyə qədər yüksəldi və bir cüt qapqara dodaq qorxaq cinin ənsəsindən qulağına yaxınlaşdı.
– Kimlər idi onlar? – bir səs dumanların içindən düz çaparın qulağına fısıldadı. – Görə bildin?
– Xxx… x… X-xeyir, əlahəzrət. Görə bilmədim. Gündüz vaxtı olduğundan ggg… g-gizlənə biləcəyim yerlər az idi… ammm… amma… – çapar kəkələyərək vahiməli səsin sahibinin üzünü görməkdən qorxduğu üçün arxasına çevrilmədən dedi.
– Amma nə? – Dumanların içindəki səs soruşdu.
– Ammm…m-m-mma insanlar olduğunu eşitdimmm-m. Ağ şahzadə Nnn-nn-Narissanı da insan döyüb, əlahəzrət.
– Gedə bilərsən, oğlan. Xidmətlərin üçün minnətdarıq, – fısıldayan dumanlar yenidən torpağın altına girdikdən sonra çapar dar cığırla geri-geri gedərək gözdən itdi. Meşənin bütün qaranlığı sanki bir nöqtəyə toplaşırmışcasına heykəl kimi dayanan Merxasın düz önündə qaranlıq dumanlar vahiməli bir cinə çevrildilər. Yerodinə. Merxas, nəhayət ki, hərəkətə gəlib hökmdarının qarşısında baş əydi.
– Qızılbaşlardır, Merxas. Mən sənə demişdim ki, qayıdacaqlar, – vəziriylə məsləhətləşirmiş kimi görünən Yerodin bir daha fısıldadı.
– Hələ ki, biz qarışmasaq, yaxşıdır, əlahəzrət, – Merxas hökmdarıyla yox, yaxın bir dostuyla danışırmış kimi xırıltılı səslə dedi. – Hər zamankı kimi, güclünün tam bəlli olacağı ana qədər gözləyək. Sonrasa müharibənin taleyini həll edərik.
– Yəni, müharibənin olacağı dəqiqdir? – Yerodin hər zaman vəzirinin ağlına və məsləhətlərinə güvənirdi.
– Kronlarla insanların müharibəsini demirdim, kronlarla vampirlərin müharibəsini nəzərdə tutmuşdum.
– O müharibə əvvəl-axır baş verəcək. Hazarat Sol Ölkədəki yatmış gücün ona xeyir gətirəcəyini düşünür. Amma yanılır… Bu gücə olan hərisliyi onun məhvi ola bilər. Hazarat Qradariusu yox edər, qaranlıq güc də onu. Geriyə ancaq biz qalacayıq, Merxas. Buna görə də, müharibənin başlamaq üçün bizə ehtiyacı ola bilər. Bunların özlərinə qalsa, hələ çox gözləməli olarıq. Qızılbaşların ortalığı bulandırmağı ən çox bizim işimizə yarayar. Ximelunun aqibətinin nə olacağını gözləyək. Görək, kim kimin tarlasını yandıracaq. Daha sonra hərəkətə keçərik… – Yerodin vəzrinin qarşısında sağa-sola gəzişərək şər qüvvələrin hakimiyyətindəki qaranlıq əsrlərin ən hiyləgər tərəfi olduğunu göstərmişdi. Haimidin başqa kronlardan daha ağıllı davranaraq onlarla əlbir olacağına ümidi böyük idi. Qarşısıalınmaz və məğlubedilməz Meledasa çoxdan qoşulmuşdu bu gizli ittifaqa.
IV
Mavi mağaralarda aydınlıq
“Gözlənilmədən parıldayar bir işıq,
Gözləri qamaşdıran.
Qoymaz ümid tükənsin, ümidlər tükənməzlər,
İlk irqdən fərqlidir (O), ilk irqə bənzər”.
Müqəddəs Elaynenin son şeirlərindən.
Bront Ximeluya Solonasın xüsusi tapşırığıyla gəlmişdi. Bu şəhərin vampirlər və kronlar arasındakı əhəmiyyətli rolunu öyrənmək istəyirdi. Həm kronların, həm də vampirlərin şahzadəsi burada yaşayırdı. Onlar bütün təhlükələrdən uzaq, ancaq əyləncə və istirahət olsun deyə burada deyildilər. Nə Hazarat, nə də Qradarius uşaqlarının həyatları üçün canlarından keçməzdilər. Amma hər ikisi də ətraflarındakı adamlarından ən çox güvəndiklərini bir-birləriylə evləndirərək Ximeluya başçı təyin etmişdilər. Haimidin idarəetmədəki üstünlüyü, əlbəttə ki, şərti xarakter daşıyırdı. Amma uzun illər ərzində Haimid Narissanın zəif tərəflərini öyrənərək onu tədricən ələ ala bilmişdi. Buna görə də Narissa hal-hazırda Haimidin yüzlərlə alfasından sadəcə biri idi.
Ximelu Sol Ölkəylə Orta Dakaraqas arasında qızıl orta funksiyasını daşıyırdı. Hər iki ölkənin lideri səbrlə ilk qanın kimlər tərəfindən töküləcəyini gözləyirmiş kimi öz övladlarını yem olaraq istifadə etmişdilər. Atalar bu iki şahzadənin bir-birlərinə bircə gün belə dözə bilməyəcəyini düşünsələr də, şahzadələr möcüzəvi şəkildə bir-birlərinə aşiq olmuş və əsrlər boyunca şəhərin idarəsini stabil şəkildə öz əllərində saxlamışdılar. Amma bu, o demək deyildi ki, atalar haqsız çıxacaqdı. Onların hər ikisi keçmişin qaranlıq günlərinin qalib müdrikləri idilər. Öz iddiaları və güc hərislikləri uğrunda hətta uşaqlarını da qurban verməyə hazır olan müdrik valideynlərin səbr kasasının dolmağına lap az qalmışdı. Bu müharibə əvvəl-axır başlamalıydı. Ya təbii yollarla, ya da süni şəkildə. Yalnız vicdansızlığın və hiyləgərliyin çox olduğu tərəf sonda qələbə qazanacaqdı. Buna görə də Hazarat oğlunun məhz vampirlər tərəfindən öldürülməyini hər şeydən çox arzulayırdı. İnsanlar çoxdan məğlub olmuşdular, cinlərin də heç kəslə əlaqələrinin olmadığını düşünürdü. Sol Ölkədəki möcüzəvi gücü ələ keçirtmək üçün vampirlərin hamısını məhv etməkdən başqa çarə qalmırdı. Haimidin, hətta bütün övladlarının qanı bahasına olsa da, bu müharibənin ən vicdansız yeri Hazaratın buz kimi soyuq qəlbi olmalıydı.
Ümumiyyətlə, hakimiyyətdə olan hər üç irqin heç birində insanların bəzilərində olan vicdan və rəhm duyğusu yox idi. Hərçənd, əsrlər əvvəl insanlar hakimiyyətdə olduğu zaman onların da hökmdarlarında bu hislərdən əsər-əlamət yox idi. Buna baxmayaraq, hal-hazırda dünyada vicdan və rəhm duyğularının mövcud olduğu yeganə yerlər hələ də öz saflığını qorumağı bacaran azsaylı insanların qəlblərinin dərinlikləri idi. Hansi ki, bundan, bəlkə də, heç özlərinin belə xəbərləri yox idi.
Solonas Qızılbaşlar arasında vicdanının təmizliyinə ən çox güvəndiyi adamını – yekəpər, təpəgöz Brontu seçmişdi bu tapşırıq üçün. Bront şəhərin niyə bu qədər qorunduğunu və ölkələr arasındakı strateji əhəmiyyətini öyrənməliydi.
Dakaraqasda heç bir şəhərin adı boş yerə qoyulmamışdı. Əgər şəhər “tanrılar tərəfindən lənətlənmiş” mənasını verirdisə, deməli, burada həqiqətən də dəhşətli hadisələr baş verir. Lakin kənardan baxdıqda bu heç də hiss olunmurdu. Bura əyləncənin və fahişəliyin beşiyiydi. Hamı xoşbəxt, hamı həyatından məmnun görünürdü. Cinayətlər və oğurluq yox səviyyəsində idi. Bəs nəyə görə hər tində dörd-beş kron patrulu dayanırdı? Nəyə görə Orta Dünyada kronların ən çox məskunlaşdığı şəhər bura idi? Haimidi qorumaq üçün? Yox… Hazarat oğlunun təhlükəsizliyi üçün heç də hər şeydən keçə biləcək biri deyildi. Bəs onda səbəb nə idi?
Solonasın da əsas məqsədi bu səbəbi öyrənmək və düşmənin zəif tərəflərini tapıb düz ürəyindən zərbə endirmək idi. Qızılbaşların lideri oğlu kimi gördüyü Brontun qəlbinin təmizliyinə, sadiqliyinə və döyüşçü bacarığına sonsuz güvənsə də, çılğınlığından da ehtiyyat edirdi. Buna görə də komandasının digər üzvü yarı-vampir, yarı-insan olaraq bilinən tək canlını – Lamiyanı əməliyyatın başına qoymuşdu. Bront Qızılbaşlar arasında ən çox Lamiyanın sözünü dinləyirdi. İki döyüşçü arasında başqalarıyla müqayisədə xüsusi bir bağ yaranmışdı. Lamiya Brontun heybətli görünüşünün və ağlasığmaz gücünün altındakı kövrəkliyi və həssaslığı görə bilən tək varlıq idi. Bront əsəbləşəndə də, kövrələndə də, sakitləşəndə də hər zaman eyni simada olur, eyni baxışlarla baxırdı dünyaya. Bu dəyişilməz baxışların nə demək istədiyini isə yalnız Lamiya oxuya bilirdi.
Bu gün səhər yekəpər Bront bir erras ailəsinin evində qonaq olmuşdu. Təbii ki, ev sakinlərini əsir alaraq. Gecə 5-ci döngəylə Edam Meydanının kəsişməsində kron patrullarından birinin başını elə məharətlə kəsib yerə qoymuşdu ki, sanki patrul elə başsız formada yaradılmışdı. Bir neçə saniyənin içində böyük cüssəsinə baxmayaraq bir balaca tappıltı belə salmadan arxadan patrulun ağzını yumub bütün qızılbaşlarda olan gümüş bıçaqla kronun gömgöy başını çiyinlərindən tort parçası kimi ayırmışdı. Hadisədən yalnız bir neçə saat sonra xəbərdar olan digər patrullar alfalarının əmriylə şəhərə qonaq gəlmiş sonuncu insanı həbs etmişdilər. Gənc və fiziki cəhətdən heç də zəif görsənməyən yaraşıqlı oğlan bir aydır ki, bəylər kimi kef çəkdiyi şəhərin qaranlıq zindanlarında döyülərək öldürüləcəkdi. Kron patrulları yaşlı Tarkinsin evindən onu aparmağa gələrkən gənc insan onlara tabe olmamış, ikinci mərtəbənin pəncərəsindən yerə tullanıb qaçmaq istəyərkən belindən elektroşok mərmisiylə vurulmuşdu. Daha sonra isə, demək olar ki, bütün hücrələrinin boş olduğu Marakat həbsxanasına aparılmışdı. Bütün bunları isə Bront gecələdiyi errasların evinin mətbəx pəncərəsindən içində vicdan əzabı yaşayaraq izləmişdi.
Lamiya ilə danışdıqları vaxt danışdıqları məkanda görüşən Brontun baxışında fərqli heç bir düşüncə yox idi. Əlbəttə ki, Lamiyadan başqa qalan hər kəsin nəzərində bu beləydi. Yalnız Lamiya onunla göz-gözə gələn kimi içindəki yanğını hiss etdi. Qulaqlıqla danışdıqları zaman oğlan üçün üzüldüyünü anlamışdı ruhunda vampirlikdən əsər-əlamət olmayan gənc qız. Brontun halına acısa da, hal-hazırda hər şeydən vacib Solonasın onlara tapşırdığı məlumatları öyrənmək idi. Gəminin istirahət otağında yalnız oturan Bront həmişəki kimi soyuq baxışını bir nöqtəyə zilləyib nə isə düşünürdü. Qapının açılmağı və Lamiyanın içəri girməyi belə oğlanın diqqətini gözünün çəkdiyi yoldan ayıra bilmədi.
– Nə isə öyrənə bildin? – Lamiya mehriban səsiylə dostuna sual verdi.
– Öyrəndim. Həm də mənə görə bir insanı əsir tutdular. Gərək, o mundar kronu öldürməzdim. Amma həmin dalandan yeganə çıxış yolum bu idi. Yoxsa məni görəcəkdi. İndisə gənc bir insanı zindana salıb ölənə kimi döyəcəklər yazığı. Hamısı mənə görə oldu, – Brontun səsindəki soyuqqanlı tərz və monotonluq danışdığı düşüncələriylə qətiyyən uyğunlaşmırdı. Bütün sözlərini darta-darta uzadır və astagəl danışırdı. Sanki döyüş zamanı az qala vampirlərdən belə sürətlə hərəkət edən adam o deyildi. Onun dili heç vaxt düşüncələrinin sürətinə çata bilmirdi.
– Heç nə sənə görə deyil, dostum. Otur bir stəkan isti Qalateya çayı iç. Bu səni rahatladacaq, əsəblərini sakitləşdirəcək, – Lamiya kiçik bir mətbəxi xatırladan masanın üzərindəki qədim dövrlərə aid dəmir termosdan dostu üçün bir stəkan çay süzdü. – İç bunu. Vicdanın azacıq da olsa səni rahat buraxacaq. Böyük müharibələrdə hərdən belə olur. Bəzən qurbanlar verməli oluruq, Bront. Bu müharibənin qanunudur. Qələbə ən sonunda Ağ Əfsanədə deyildiyi kimi “parlaqlığın və sevginin olacaq”. Qaranlıq və nifrət məğlub olacaq. Dünyanı nə vaxtsa yenidən bozumtul toz-torpaqlı yox, rəngarəng və yaşıllıqlar içində görmək istəyiriksə, Akananın müqəddəs əfsanəsini unutmamalıyıq. Bu savaşda heç bir irq insanlar qədər bədəl ödəməyəcək. Heç bir irq insanlar qədər qurban verməyəcək. O gənc insanı da Xeyirin qələbəsi yolunda özünü qurban verənlərdən biri kimi hər zaman xatırlayacağıq. Amma onun üçün heç bir şey edə bilmərik, – Lamiyanın səsinin gözəlliyi və səmimiyyəti Brontu əcazkar ətri olan Qalateya çayından belə daha çox rahatladırdı.
– Vaxtında edə biləcəyimiz şeyləri etməyəndə hansısa canlar alınmamalıdır. Bizim qərarlarımız günahsız bir insanın həyatından daha önəmli ola bilməz. Mən bunu heç cürə anlamıram. İnsanlar bütün tarix boyu, onsuz da, yetərincə qurbanlar veriblər, yetərincə əziyyət çəkiblər, iztirablar görüblər. Mənə görə daha bir insan ölsün istəmirəm, Lamiya. Bunun qarşısını ala biləcəyim halda heç bir şey etmədən Mavi mağaralara uçuram. Mən bu deyiləm. Mən belə bir adam deyiləm, – Bront hələ də baş verənlərlə razılaşa bilmirdi.
– Başa düşürəm səni. Müharibəmiz durmadan sevdiklərimizin canını alır. Durmadan itiririk, azalırıq, ölürük, öldürürük… Hərdən mənə də elə gəlir ki, bu müharibə heç vaxt bitməyəcək. Ancaq Solonasın gözlərinə baxanda bütün bədbin fikirlərim yox olur. Onun gözlərindəki inam, ümid məni hər dəfə daha təhlükəli tapşırıqlara gözüyumulu getməyə vadar edir. Əgər Ağ Əfsanəyə zərrə qədər də olsa şübhəm olsaydı, bu dəqiqə gemini geri döndərib o oğlanı qurtarmaq üçün səninlə birlikdə lap Xaosun Cəhənnəminə qədər də gedərdim, – Lamiya dostunun ürəyindəki ağrını sakitləşdirməyin mümkünsüz olduğunu anlayırdı.
– Cəhənnəmə qədər getməyə ehtiyac yoxdur. Geri qayıdıb oğlanı ordan çıxardaq. Bu mənim bir neçə dəqiqəmi alacaq cəmi. Kiçik şatlla gedərik. Marakatın divarlarını uzaqdan skan edərik, əgər oğlan hələ də sağdırsa, mən tək içəri girərəm, onu götürüb divarı dağıdaram, bayıra tullanaram, sənsə məni havada yaxalayarsan. Əgər oğlan skaynerdə görsənməsə, geri dönərik, – Bront dostunun onunla ölümə də gedəcəyini bilirdi.
– Solonas bunu heç bəyənməyəcək. Hər ikimizi də öz dəstəsindən uzaqlaşdıra bilər, – Lamiya artıq razılaşmış kimi görünürdü.
– Heç bir şey o oğlanın həyatından daha vacib deyil. Hər şeyə görə məsuliyyəti mən öz boynuma götürəcəm.
– Yaxşı, inadkar dostum, – deyə Lamiya mehribanlıqla gülümsəyib əlini dostunun çiyninə qoydu. – Sənin qəlbinin gözəlliyi, içindəki sevgi Ağ Əfsanədə qələbə qazanan irqin sevgisinin özüdür. Başqa heç bir irqdə bu cür dəyərlər yoxdur. Məncə, sən insanlığın hələ də var olduğunun sübutusan, Bront.
– Bir məsum insanı öldürmək bütün bəşəriyyəti öldürmək, bir məsum insanı xilas etmək bütün bəşəriyyəti xilas etməkdir. Akana özü belə demişdi mənə. Əgər orada öləcəyiksə, deməli bu bizim qismətimizdir. – Bront soyuqqanlı səsiylə dostunun əllərini iri əllərinə alaraq dedi.
– Sev, döyüş, həyatda qal insanlıq üçün, – deyə Lamiya qızılbaşların sağollaşarkən bir-birlərinə dedikləri şüarı pıçıldadı.
– Sev, döyüş, həyatda qal insanlıq üçün, – Bront da qəlbiylə gülümsəyib cümləni təkrarladı.
Lamiya üç nəfərlik şatllardan birini Ximeluya geri dönmək üçün hazırladı. Bront bütün insanlığın xilası üçün adi bir oğlanın arxasınca getdiyinin fərqində belə deyildi. Onun vicdanı nəinki oğlanı Marakatdakı kronların əlindən qurtaracaq, bəlkə də bütün müharibənin gedişatını deyişəcəkdi. İki dost yenidən Ximeluya tərəf yol alarkən Kleon möcüzənin gerçəkləşəcəyinə zərrə qədər belə ümid bəsləmirdi. Lakin bu baş vermişdi. Bront birdən-birə zindanın hücrəsində peyda olmuş, kronları deşik-deşik edib öldürmüş, Ağ Şahzadəni mərmər kimi möhkəm bədənindəki bütün sümüklərinin qırıq-qırıq olana qədər əzişdirmiş və oğlanı Marakatdan qaçırda bilmişdi.
Qızılbaşların kiçik şatılı Mavi dağların mağaralarındakı qərargahlarına uçarkən Kleon gözlərini bircə dəfə aça bildi. Başının üstündə yekəpər, təkgöz bir insan və ağappaq dərisiylə vampirə bənzəyən sarışın bir qız dayanmışdı. Harada olduğuyla bağlı heç bir fikri olmayan Kleonun sonuncu xatırladığı şey hücrənin dəmir qapısnın partlamağı və içəriyə qapqara dumanın dolmağı idi. Güllə səsləri, deşik-deşik olmuş kronların bədənlərinin uçaraq divarla dəyməyi və vampir qızın böyük qanadları da oğlanın yaddaşında dumanlı şəkildə qalmışdı.
Darmowy fragment się skończył.