Czytaj książkę: «Yarpaq tökümü»

Czcionka:

I fəsil

"Altın Yarpaq" Anonim Şirkətindən niyə istefa etdim? Bunu başa düşməyə nə var ki? Aldığım altmış iki lirə maaşla dolana bilmirəm. İki kiçik qardaşıma və xəstə anama baxıram. Bəzən anam soyuqdan, qardaşlarım da yeməkdən şikayət edərdilər. Mən çiynimi çəkər: "Nə edim, mənim əlimdən bu qədər gəlir. Əlimə keçən pulu barda, keflərdə yeyib-içib sizi bu vəziyyətdə saxlasam, mənə söz deməyə haqqınız olar. Ancaq haqq-hesab ortadadı", – deyərdim. Bu açıq-aydın həqiqəti başa düşsələr çox yaxşı. Başa düşməsələr, "xanımlar, əfəndilər, bu otelin yeməklərini bəyənmirsinizsə, pulu da az verərsiniz. Məndən daha yaxşı bilən varsa, xəbər verin, hamımız bərabər oraya köçək" deyib, dağılmış qapını çırpıb, gedərəm. Anam bir yaşlı qadın… Qardaşlarım Allahın iki çarəsizi… Mən onları bax bu cür danlayanda mənə qarşı gəlmədən razı olurlar. Ancaq, canavarın böyüyünə, yəni özümə necə söz keçirdim? Yaşım otuzdu… Sağlamlığım, gücüm yerində… arsız bir xasiyyətim var… nə görsəm ürəyim istəyir… yemək-içmək, paltar görsəm istəyirəm… Bunların başqalarında olduğu kimi məndə də olmağını istəyirəm… Bax belə halda, içimdə qopan qiyaməti siz təsəvvür edin.

Qaranlıq qış axşamları, ayaqqabımın deşiklərindən girən palçığın soyuğu ciyərlərimə işləyib, borclu olduğum dükanların qabağından keçməmək üçün küçələri dolana-dolana evə gedəndə yanından ehtişamlı maşınlar keçir. Bunların içindəkilərin bəzilərini tanıyıram. Əylənməyə, ovuc-ovuc pul xərcləməyə gedirlər. Ürəyim elə sıxılır ki, öz-özümə soruşuram: "Bunların hamısı məndən dəyərli adamlardı? Onlar istədikləri kimi yaşadıqları halda, mən niyə it kimi küçələrdə sürünüm ki? istədiyimi yeyə, istədiyimi geyinə bilməyim? Ürəyimin istədiyi bir qadını niyə, bir dəfə də olsun, qoynuma almayım?"

Beləcə illərcə, öz-özümlə dalaşdıqdan sonra, nəhayət, bu nəticəyə gəldim: "Atam həddən artıq, namuslu və dürüst adam imiş". Bir atanın övladlarına qoyub getdiyi ən qiymətli miras təmiz bir addır" deyərmiş… Təmiz bir adın yanında bir az mal-mülk də olsa, çox yaxşı; amma bu da kasıb övladlara ən çox bir, ya da iki nəsil dözər. Hər nəysə, atam yaxşı eləyib, pis eləyib o başqa bir məsələ… Ancaq ətrafımızdakı varlı insanların hamısı analarının qarnından qoltuqlarında çek dəftərləri ilə çıxmayıblar ki… Allahın onlara verdiyi dərketmə qabiliyyətini "əbcəd" kimi ölüyə, diriyə, faydasız şeylərə sərf etmək yerinə, özlərinə istifadə edib varlanıblar… Əgər sən də özünün beyinsiz, eşşək kimi bir şey olmadığını deyirsənsə, əlini-qolunu tutan yoxdu ki, dilənçi kimi boş-boş zarıdığına, qismətini sına… Bacarsan, çox yaxşı… Bacarmasan: "Nə edək, əlimizdən gələni elədik, amma olmadı", – deyər, qara bəxtimizi günahlandırarıq.

Bu sözləri deyən adam, bir ay əvvəl şirkətin mühasiblik katibliyindən istefa verən dələ sifətli, kəskin ağ dişli, qarabuğdayı bir gəncdi. O gün həm unutduğu bir neçə əşyanı götürməyə, həm də "köhnə yoldaşlarına" baş çəkməyə gəlmişdi.

Nahar fasiləsi idi. Məmurların kübarları qarşıdakı yeməkxanada yumurta salatı, xaş, lobya yeməyə getmişdilər, xaş yeməyə pulu olmayanlar bir tərəfdən pendir, zeytun, soyutma yumurta yeyirlər, bir tərəfdən də yoldaşlarına qulaq asırlar. O, stollardan birinin üstünə uzanıb, ayaqqabısının dabanı ilə dağınıq kağızlara vura-vura sözünə davam edirdi:

– Bu cür, qəti şəkildə nə isə əzm etdikdən sonra, ibrət almış baxışlarla ətrafıma baxdım.. Bir yığın saçlı, saqqallı adam məktəbli uşaqlar kimi ard-arda düzülüb, qəribə bir sürüyə qarışıb, yerimizdə addımlayırıq, yüksələ bilmirik. Olduğumuz yerdə nə qədər əlləşib-vuruşsan da önündəkini, yanındakını nə qədər itələsən də boş yerə… Allah bilir, neçə il keçəcək, maaşın bilmirəm neçə qəpik artacaq. Biri qovulacaq, öləcək, o zaman iki addım irəliləyə biləcəksən. Ona görə də, üzə çıxaram, ya bataram deyib, bu dəstədən, yəni "Altın Yarpaq Anonim Şirkətindən" canımı qurtardım… Aranızdan ayrılandan bəri bir ay keçibmi? Bəlkə də keçməyib… Üst-başımı təzələmişəm, elə deyil?

Özünü düzəldib, bəzəkli ipək corablarını, yeni köynəyini öyünə-öyünə göstərib gülürdü:

– Həm də, bir pis iş görmürəm ki? Heç kimin malına, həyatına, namusuna toxunmuram? Qətiyyən.... Sadəcə Havyar karvansarayında (Kürü istehlakında) bir dəllalın yanında işləyirəm… Onun üçün gömrükdən mal çəkirəm. Hələlik az maaş, həm də nisbətən az və zəhmətsiz qazanc… Ancaq Allah bərəkət versin, gül kimi dolanıram…

Öskürəkli bir yaşlı adam, dərindən içini çəkib; "Haqlısan… Heyif ki, bizim üçün gecdi daha" deyə deyinir; iyirmi yaşlarında iki xoşsifətli uşaq qələbə çalmış bir idmançıya tamaşa etdiyi kimi heyrətlə, həsrətlə ona baxırdı. Ancaq üzünün bir tərəfi müharibədə yanmış qırx yaşındakı bir məmurun nə fikirləşdiyini başa düşmək mümkün deyildi. Yumruğunu çənəsinin altına dirəyib, yeməyini yarımçıq qoyub, gözlərini yumub fikirləşirdi.

Gənc adam stoldan qalxmışdı. Sobanın ağzında yanan odunda siqaretini yandırdıqdan sonra gəzişməyə, kürü istehlakına və gömrük haqqında zəhmətsiz qazanclarından danışmağa başladı. Bunların çoxu birinin üstünə beş qoyulmuş, şişirdilmiş sözlərdi. Ancaq bu nəsibsiz insanlar, danışılan sözlərə inanmır, başqaları kürəklə qızıl kürüyəndə, onların rütubətli bir otaqda bir az pul üçün yarıac bir vəziyyətdə çürümələrinə heyifsilənirdilər. Danışan adamın gözləri bir an otağın qaranlıq bir küncündə, hündür bir büronun arxasından ona baxan yaşlı bir adamın gözlərinə sataşdı. Birdən-birə utanırmış və cəsarətini itirmiş kimi susdu.

Bu Əlirza bəy adında altmış yaşlarında köhnə bir mutasarrıfdı1. Otağın bir küncündəki bürosunda sanki bir sıradakı kimi həmişə tək və unudulmuş olaraq işləyər və heç kimlə danışmazdı.

Çox yaxşı və tərbiyəli bir adam olduğu üçün, böyüklü-kiçikli hamı onun xətrini istəyirdi.

Əlirza bəy də günorta yeməyə getməyən məmurlardandı. Alüminiumdan olan yemək qabında gətirdiyi kotletlərlə yaşıl zeytunları yeyəndə, özündən asılı olmayaraq, bu söhbəti eşitmiş və eşitdiyi şeylər iştahanı kəsmiş kimi çəngəlini bir kənara qoyaraq başını qaldırmışdı.

Qonaq, bir pis iş başında yaxalanmış kimi xəcalətli idi; ancaq özünü itirdiyini hiss etdirmək istəmədi; gülümsəyərək:

– Bəy əfəndi, bu sözlərim yəqin ki, xoşuna gəlmədi, amma nə çarə ki, bu bir həqiqətdir…

Əlirza bəy uşaq kimi xəcalətlə cavab verdi:

– Bilirsiniz ki, heç kimin fikrinə qarışmıram, kefinizə və xeyrinizə görə davranmaqda sərbəstsiniz. Ancaq izninizlə, sizə başqa cəhəti, narazılığımı deyim. Öz yerində çalışan, bəlkə də vəziyyətindən, həyatından razı olan insanlarda mümkün olmayan bəzi arzular və üsyanlar oyandırmaq doğrudur? Vicdanınız buna əl verməz. Fikirləşsəniz mənə haqq verərsiniz.

Yaşlı məmurun çox danışmaq istəmədiyi görünürdü; ancaq qonaq ondan əl çəkmədi. Çox mədəni şəkildə:

– Bu acı həqiqətləri onlara deyən təkcə mən olsaydım, haqlı olardınız, – dedi, – ancaq, təəssüf ki, müasir insanlar bu həqiqətləri bir-birlərindən deyil, həyatdan, qəzetlərin "şəraiti həyatiyə", "şəraiti iqtisadiyyə" dediyi şeylərdən öyrənirlər.

Xüsusi ilə də, böyük müharibədən sonra bütün dünyada qəribə oyanış oldu. İndiki insanlar daha sizin zamanınızın insanları deyil. Gözlərinin açılmağı, əməlləri, tamahları artırdı. Heç kim artıq öz vəziyyətindən razı qalmır. Bu hadisələrin nəticəsində köhnə əxlaqi ədəblər necə dəyişməyə bilər?

Əlirza bəy saraldı, dodaqlarının və saqqalının yavaşca titrədiyini hiss etdirməməyə çalışaraq gülümsədi:

– Mən köhnə adamlardanam. Bir-birimizi başa düşmək mümkün deyil. İnsanların puldan başqa ayrı şeylərlə də xoşbəxt olacaqlarına inanaraq yaşadım. O düşüncə ilə də öləcəyəm.

Gənc adam, Əlirza bəyə yazığı gəlmiş kimi cavab verdi:

– Tamamilə haqlı deyilsiniz. İnsan, məsələn, ibadət, yaxud çalğıçılıqla da məşğul olmaqla, tərəvəzçilik, çiçək, ya da uşaq böyütməkdə də bir təsəlli tapa bilər. Ancaq bunun üçün də heç olmasa dolanacaq qədər pul lazımdır. Çiçəyə qulluq etmək xoşunuza gəlir, ancaq, bir az olsa pulunuz yoxdu, elə deyil? Nə qədər əlləşib-vuruşsanız da torpaqdan istədiyiniz rəngdə, ətirdə bir çiçək ala bilməyəcəyinizdən əmin olun… Atasınız, uşaqlarınız var, pulunuz yoxdu, elə deyil? Övladlarınız ömrünüzün axırında sizə bir faciəli yarpaq tökümü mənzərəsini, yəni məhv olduqlarını, batdıqlarını göstərməkdən başqa ürəyinizi heç bir şeylə açmayacaqlar.

Söhbət burada qurtardı. Əlirza bəy, yeməyinə davam üçün yenidən başını əydi. Ancaq artıq loğmalar boğazından keçmirdi. Xüsusi ilə də son sözlər ona çox pis təsir etmişdi. Beş uşaq atasıydı. Bunların heç biri hələ tamamən boya-başa çatıb, ortaya çıxmayıb. Bu kişinin "bu acı həqiqətləri insanlara şəraiti həyatiyə, şəraiti iqtisadiyyə öyrədir" deməyi yaxşı bir söz deyildi.

Bütün həyatını uşaqlarına doğru yol göstərməyə və doğru tərbiyə eləməyə sərf edib. Görəsən, zamanənin bu ab-havası onları da sarsıdacaq, yaşlı ataya ömrünün son dəmində bir yarpaq tökümü, məhv olduqlarını, göstərəcəklərini?

Əlirza bəy elə də gözü bağlı bir adam deyildi. Bu qorxu onu əvvəllər də bir neçə dəfə sınamışdı. Ancaq heç vaxt bu cür yaxın bir təhlükə kimi görünməmişdi. Etiqadsız bir adam olmamağına və göydən umulacaq heç bir şey olmamağına baxmayaraq, dua edir: "Ya rəbbim, sən uşaqlarımı qoru!" deyib əllərini göyə tuturdu.

II fəsil

Əlirza bəy, Babıəli (Osmanlı hökuməti) yetirmələrindən olan mülki bir məmur idi. Otuz yaşına qədər Daxili İşlər Nazirliyinin katibliyində işləyib. Bəlkə ömrünün axırına kimi orada da işləyəcəkdi. Ancaq bacısı ilə anasının dalbadal iki ay ara ilə ölməyi onu İstanbuldan soyutmuşdu. Bu hadisə onu Suriyada bir rayonun bələdiyyə sədri vəzifəsinə keçib, qürbətə getməyinə səbəb olmuşdu.

Bəzi təcrübəsiz xəstələr kimi o da elə bilirdi ki, insanların əziyyətləri yatdığı yataqdan, yanındakı əşyalardandır və yer dəyişdirmək, onlardan xilas olmaq üçün ən yaxşı çarədir. Əlirza bəy o vaxtdan bəri İstanbula qayıtmayıb, iyirmi beş il müxtəlif məmurluqlarla Anadoluda gəzib. Çox bilikli, çalışqan bir adamdı. Ancaq, nə bildikləri, nə də çalışqanlığı bir işə yaramırdı. Ərəb və fars dillindən başqa ingilis və fransız dillərini də bilirdi. Gəncliyində ədəbiyyatla məşğul olmuş, jurnallarda təxəllüslə bir çox sanballı qəzəllər nəşr etdirmişdir. Sonra fəlsəfə və tarixlə də yaxından maraqlanıb. Yalnız boş vaxtlarında deyil, bir az da iş vaxtlarını da kitab oxumaqla keçirib. Uzun məmurluq fəaliyyətində dövlət xəzinəsindən o yalnız bunu mənimsəmişdi. Həddən artıq vasvası, gülünc dərəcədə də mərifətli və utancaq bir adam idi. Kiminsə malına yiyələnmək, qanunsuz hərəkət etmək, birinin xətrinə dəyərəm qorxusuyla bir iş görməzdi. Gördüyü işi yalnız qanuna uyğun deyil, həm də adət-ənənəyə, insanlıq və nəzakət qaydalarına da uyğun, yəni qüsursuz, tam olsun… Ondan danışanlar, "yaxşı adamdı… Peyğəmbər kimi adamdı… Əlini öp… dua etdir… Elmdən danışdır… Şeir oxut… nə eləyirsən elə, ancaq, iş istəmə" deyərlərdi. Qırx yaşına yaxın evlənmişdi. Bir ailə qurmaq onun nəzərində yeni bir dövlət qurmaq qədər böyük bir iş idi. Ona görə də, bəlkə də heç evlənməyəcəkdi. Ancaq yaxın bir dostu bir gecə, qohumlarından bir qızı göstərib, Əlirza bəy də "yox" deməyə utandığı üçün "yaxşı" deyib.

Arvadı, bəxtindən ağıryana və namuslu qadındı. İyirmi yaşındadır deməyinə baxmayaraq, arxayın iyirmi beş yaşı vardı. Əlirza bəy, ailə məsələsi işində, dövlətin hələ heç bir şöbəsində göstərə bilmədiyi fəaliyyəti göstərib. Yeddi ildə dalbadal dörd uşağı dünyaya gəlib. Nəhayət, dörd illik bir istirahətdən sonra, əlli yaşı tamam olan günü doğulan sonuncu qızı ilə uşaqlarının sayı beş olub.

Bəzən boş vaxtlarında şeirlər, qəzəllər yazan Əlirza bəyin xoşuna gələn bir bənzətməsi vardı. Hadisələri coşqun bir səslə, özünü uzaqdan bu selə tamaşa edən bir insana oxşadırdı. Yüksəlmə ehtimalı olan bir məmur olmağına baxmayaraq, heç bir zaman bu selə qarışmayacaq, həyatda həmişə bir seyrçi kimi qalacaqdı… Ancaq onun fikrincə bu seli əzəli yatağından döndərməyə çalışmaq mənasız bir zəhmətdir. Bu belə gəlib, belə də gedəcək.

Ancaq bir-birinin ardınca doğulan uşaqlar, Əlirza bəyi bu vəziyyəti dəyişdirməyə məcbur etdi. Boya-başa çatdırılası beş uşağı olan bir adam, həyatı laqeyd bir tamaşaçı kimi seyr edə bilməzdi. O vaxtdan etibarən əvvəlki laqeyd, həvəssiz məmur gedib, yerinə uşaqları üçün hər fədakarlığa hazır və çalışqan bir ailə başçısı gəlmişdi. Uşaqları üçün gecəli-gündüzlü əlləşib-vuruşmaq onu yormur, əksinə, sevindirirdi. Ancaq həmişə bir şeyi fikirləşirdi, görəsən, çox gecikməmişdi ki? Bəzən yorğun və kefsiz vaxtlarında bu fikir onu bir az narahat edirdi. Ancaq bu fikirlə çox dərinə getməz:

– Sağlam bədənim var… Bir qəza ilə ölməsəm, hələ arxayın iyirmi il yaşayar və işləyərəm, – deyə özünə təsəlli verirdi.

Bu iyirmi il həddən artıq planları üçün uzun bir müddət olaraq nəzərə alınmışdı. Ancaq çətin vəziyyətə düşsə, bu müddətin yarısı da ona bəs edərdi. Əslinə baxsan, sonuncu uşağı Ayşə dünyaya çox vaxtsız gəlmişdi. Ancaq bu o qədər də narahat olacaq bir şey deyildi. Lazım olsa, ona qarşı olan vəzifələrini arxayın böyüklərinə də buraxa bilərdi. Bircə onlar istədiyi kimi boya-başa çatsınlar…

Ancaq heç ağla gəlməyən bir hadisə Əlirza bəyin bu hesablarını alt-üst etdi, onu əlli beş yaşında dövlət məmuriyyətindən uzaqlaşmağa vadar etdi. O zaman Trabzonda inzibati idarələrin birində müdir işləyirdi. Bir gün bir qadın qaçırma hadisəsi olmuş, qadının əri ilə onu qaçırmaq istəyən adam bıçaqla bir-birini yaralamışdı. Əri yiyəsiz bir əkinçi, o biri isə bütün qəsəbə camaatının tərəfini tutduğu bir varlının oğlu idi. Ona görə də əsl günahkarın ortalıqda sərbəstcə dolanışığına göz yumulası və namusuna toxunulan adam da bağrı yana-yana həbs ediləsi oldu. Əvvəldən bəri, heç nəyə heç cür qarışmayan Əlirza bəy bu hadisədə özünü saxlaya bilməyib, özünü işdən qovdurana kimi əlləşmişdi. Nə etsin? Bu bir haqq, bir vicdan, bir namus işi idi. Boynuna düşəni eləməsə, Allah onu uşaqlarıyla cəzalandırardı. Əlirza bəy İstanbulda bir vaxt işsiz qaldı. Ehtiyat pulu da yoxdu. Beş uşaq atası bir müdir, necə pul yığa bilərdi? Yaxşı ki, Bağlarbaşında atasından köhnə bir ev qalmışdı. Arvadının bir neçə qır-qızılını sataraq onu təmir etdirib uşaqlarını dolandırdı.

Əlirza bəy, yenidən məmurluq üçün Babıəli koridorlarında gəzişməyə başlamışdı. Bir gün Daxili İşlər nazirinin otağından çıxan hündürboylu bir cavan ona yaxınlaşıb, öpmək üçün əlindən tutub:

– Müəllim, məni tanımadınız? Keçmiş tələbəniz Müzəffərəm, – dedi.

Əlirza bəy, diqqətlə baxdıqdan sonra yadına düşdü: Nə vaxtsa, vilayətlərin birindəki idarədə beş-altı ay xəstə bir tarix müəllimini əvəz etmişdi. Bu Müzəffər də o vaxt məktəbdə şagird idi. Çox ağıllı və çalışqan bir uşaq olduğu üçün Əlirza bəyin yaddaşında yaxşı təəssürat buraxmışdı. Rahatca Daxili İşlər nazirinin yanından çıxmağından, koridorlarda cəsarətlə gülüb danışmağından bu cavan adamın yüksəldiyi görünürdü. Bir az sonra Əlirza bəy ehtimallarının doğru olduğunu gördü. Müzəffər iki böyük şirkətdə məclisi idarə əzası (idarə heyətinin üzvü) və "Altın Yarpaq Anonim Şirkəti"nin ümumi müdiri idi. Keçmiş müəlliminin vəziyyətini görəndən sonra ona bir təklif etdi. Bu yaşdan sonra yenidən qürbətə getmək doğru deyildi. Xüsusilə də Misir və İngiltərə ilə iş görən şirkətin ərəbcə və ingiliscə bilən bir məmura ehtiyacı vardı. Müəlliminin necə dəyərli bir insan olduğunu bilirdi. Əgər o istəsəydi dövlətdən aldığı pulu, hətta daha çox şirkətdən ala bilərdi. Əlirza bəy bu təklifi böyük bir sevinclə qəbul etdi. Şirkət ona dövlətdən alacağından çox yox, az da versə öpüb başına qoyacaqdı.

Artıq İstanbuldan uzaqlaşmaq istəmirdi. Uşaqları böyümüşdü. Onları əvvəlki kimi oraya-buraya aparmaq istəmirdi. Köhnə müdir beş il idi ki, "Altın Yarpaq Anonim Şirkəti"nin ən yaxşı məmurlarından olmuşdu. Səhərdən-axşama qədər fasiləsiz çalışır, üç adamın işini görürdü. Bunun əsas iki səbəbi vardı: Birincisi ona elədiyi yaxşılığa görə Müzəffərin üzünü qara çıxarmamaq, o biri isə tərcümədən, "zavalsız bir elçilikdən" ibarət olması, yəni sözlərdən başqa heç kimi təhlükəyə salmaması…

III fəsil

Yaşlı bir xadimə Əlirza bəyin yanına gəldi:

– Bəy, bir qadın gəlib, səninlə görüşmək istəyir; Ləman xanımın anasıymış, dedi.

Ləman şirkətin katibəsi idi. Əlirza bəyin on-on iki il bundan qabaq vilayətlərin birində tanış olduğu bir meşəçiliyin müdirinin qızı idi. O zaman yeddi-səkkiz yaşlarında bir uşaq idi. Bəzən qızları ilə oynamağa gələrdi. Bir il əvvəl Üsküdar körpüsündə Əlirza bəyin qarşısına gözəl və cavan bir qız çıxıb: "Mən qızlarının rəfiqəsi Ləmanam, Əlirza əmi", – deyib əlini öpmüşdü. Ləmanın beş il əvvəl atası rəhmətə getmişdi. İndi anası ilə bərabər Fındıqlıda yaşayır. Dolanmaq üçün çox əziyyət çəkiblər. Gənc qızın açıq şəkildə vəziyyətindən danışığı Əlirza bəyə pis təsir etmişdi. Əslində atası ilə o qədər də səmimi dostluqları yoxdu, amma Ləmanın öz uşaqları yaşında kimsəsiz bir qız olmağı yaşlı adamda böyük bir yardım istəyi oyandırdı. Ləman tam təhsil almamışdı, amma oxuyub-yazırdı. Bir də makinada yazınaq öyrənmişdi. Əlirza bəy əlləşdi-vuruşdu onu 45 lirə maaşla şirkətə işə aldırdı. Yaşlı adamın bu gənc qıza eləmək istədiyi yaxşılıqlar təkcə bu deyildi. Ləmana atalıq etmək, onu təhlükələrdən qorumaq istəyirdi. Bu gün bu qızcığazın başına gələn hadisə, sabah öz uşaqlarının da başına gələ bilərdi.

Əlirza bəy, bu atalıq və himayəçilik vəzifəsinə böyük bir həvəslə başlamışdı. Ancaq bir neçə həftə sonra təəssüflə gördü ki, bu işdə xeyli gecikib. Ləman bəlkə təmiz bir qızdı; ancaq çox yüngül və avamdı. Özünü apara bilmir, şirkətdəki işçilərlə yersiz zarafatlar edirdi. Əlirza bəy, bir neçə dəfə ona nəsihət verdi. Gənc qız ona qulaq asıb haqq verir, elədikləri hərəkətlərdən utanırmış kimi görünürdü. Ancaq yarım saat keçməmiş yenə də əvvəlki yersiz zarafatlara başlayırdı.

Əlirza bəy bir gün dözə bilməyib ona təpindi. Gənc qız acıqlandı və gördü ki, kiminsə onun işinə qarışmağına dözə bilməyəcək. Əlirza bəy, onu şirkətə işə düzəltmişdi, Allah razı olsun, çox böyük yaxşılıq eləmişdi, ancaq, bu yaxşılığı hər dəqiqə başına qalxmağı, hər işinə qarışması da doğru deyildi. Yaşlı adam başını aşağı əyərək hirsli-hirsli gülümsədi:

– Özün bilərsən, ay bala, küsmə, – demişdi.

Əlirza bəy o gündən bəri Ləmanın nə üzünə baxır, nə də adını anırdı. Ancaq onun bəzən biabırçı, yüngül hərəkətlərini gördükcə:

– Görəsən, mən nə dedim ki, o buraya mənim vasitəmlə işə düzəldi? – deyib, öz-özünə acıqlanırdı.

Ləman səkkiz-on gündən bəri işdə görünmürdü. Deyəsən, xəstə idi. Ancaq nədənsə onu itirib-axtarmaq istəmirdi. Ləmanın anası, indiyə qədər heç üzünü də görmədiyi qadın, görəsən, ondan nə istəməyə gələ bilər?

Əlirza bəy koridorda köhnə qara çadralı, qısa boylu bir qadın gördü. Əvvəla üzünə baxmağa çəkinərək:

– Xoş gəlmişsiniz, bacı, bir əmriniz var? – deyə soruşdu.

Qadın birdən-birə cavab vermədi. Bədəni, əlləri qızdırmalı xəstə kimi titrəyirdi. Əlirza bəy təəccüblə başını qaldırdı. Ağlamaqdan gözləri şişmiş, solğun bir üz gördü. Ağlından bir pis fikir keçdi. Ləmana olan bütün kinini unudaraq:

– Uşaq necədir? – dedi.

Qadın, ağlayaraq cavab verdi:

– Ləman yaxşıdır, amma kaş ölsəydi…

Əlirza bəy bir azdan həqiqəti öyrənəndən sonra yaşlı anaya haqq verdi. Doğrudur, Ləman bu fəlakəti yaşamaqdansa kaş ki namusu ilə öləydi. Əhvalat belə olub. Müdir Müzəffər bəy onu aldadıb… Ləman on gün əvvəl "Adada (İstanbuldakı ada nəzərdə tutulur) bir rəfiqəmin toyuna dəvətliyəm, üç-dörd gün gəlməyəcəyəm" deyib anasından icazə alıb… Bir xəstəxanada uşaq salıb! Dünən bir dəri-bir sümük halında evə gətiriblər… Anasına hər şeyi olduğu kimi danışıb… Əlirza bəy elə bil iflic oldu. Durduğu yerdə əlləri, ayaqları keyləşdi, qızı aldadan özü imiş kimi dəhşətli bir qorxu və xəcalətlə üzünü tutub: "vay, vay, vay…" deyə çırpındı. Yaşlı qadın çarəsiz yalvarışlarla:

– Sizdən başqa kimsəmiz yoxdu. Bizim halımız nə olacaq? Bizə bir yol göstərin. Sizin də övladınız var…

Əlirza bəyin üzüntüsü bir arvadbazın qızı bu hala salmağından deyil, bu işə onun səbəb olduğundandı. Hə də, bu qızı şirkətə gətirməsəydi, bu fəlakət də başına gəlməyəcəkdi? Yaşlı qadın heç kimi tanımadığı üçün köhnə ailə dostu kimi onun yanına imdada gəlmişdi. Ancaq Əlirza bəy onun sözlərində: "Səbəb olduğun işi yoluna qoy!" mənasını hiss edirdi. Əlirza bəy bir az özünə gələndən sonra qadına təsəlli verdi:

– Bacı… Sizə "Narahat olmayın!" deyə bilmərəm. Bu işin nə ilə nəticələnəcəyini mən də bilmirəm. Ancaq əlimdən gələni edəcəyəm. Mənim tanıdığım Müzəffər bəy insan adamdır. Bir gənc qızın göz görə-görə məhv olmağına vicdanı əl verməz. Ümid edirəm ki, Ləmanla evlənər. Elədiyi səhvi düzəldər… Üzülməyin… Yaxşılıq eləmək insanlığın özündə var.

Bu günə qədər dörd divar arasında yaşamış bu saf və avam qadın insanlığın özündəki yaxşılığa nədənsə bu dünyagörmüş, saçlı-saqqallı adam qədər inanmaq istəmədi və gəldiyi kimi də ağlaya-ağlaya çıxıb getdi.

IV fəsil

Bu işi təmizləmək onun boynuna düşmüşdü. Gec olmadan Müzəffər bəylə görüşməli, bu yazıq insanlarla bərabər öz namusunu da təmizləməli idi. Əlirza bəyin fikrincə, müdir özünün gətirdiyi və himayəsinə aldığı bir qıza sataşmaqla bilavasitə onun (Əlirza bəyin) namusuna qəsd etmişdi: Bir neçə ay əvvəl maaşı səkkiz-on lirə artırılmışdı. O günlərdə şirkətin sərxoş və əxlaqsız bir məmurunun "Əlbəttə, vəlinemətləri qoyub, bizim maaşımızı artırası deyillər ki!" deyə deyindiyini eşitmişdi. Əlirza bəy o zaman bu sözə fikir verməmişdi; ancaq indi onu dəhşətlə xatırlayır, ona tamamən başqa məna verirdi. Hamı onun kimi laqeyd deyildi ki. Başqaları müdirlə Ləman arasındakı münasibəti şübhəsiz çoxdan hiss etmişdilər. Bu işdə də Əlirza bəyin əli olduğunu görüb nahaq yerə onu günahlandırmışlar. Üzünə qarşı ona hörmətlə yanaşanlar, kim bilir, arxasından nələr deyirdilər. Bu yaşdan və bu qədər təmiz həyatdan sonra başına bu da gələcəkdi? Bir ara Müzəffəri heç görmədən çıxıb getmək istədi. Atılacaq addımın ən düzgünü çox güman ki, elə bu idi. Ancaq bu fikirdən tez döndü. Viran olan evdə külfəti vardı. Bundan başqa da müdirin bu məsələni namuslu bir adama layiq şəkildə həll edəcəyindən şübhə etmirdi. Tərs kimi o gün şirkətin ən qarışıq günü idi. Müdirin otağı arı pətəyi kimi işləyirdi. Əlirza bəy vaxt ötürmədən Müzəffərlə görüşə bilməsə cəsarətini itirəcəyindən qorxurdu. Sonra tərəddüdlə keçirəcəyi gecənin dəhşəti gözünün önünə gəldi və lazım olsa, qaranlıq düşənə qədər gözləməyə qərar verdi. Yaşlı məmur o gün axşama qədər işləmədi, oturduğu yerdə Müzəffərə deyəcəyi sözlərə hazırlaşırdı. Ağlına elə şeylər gəlirdi ki, təsirinə özü də dözə bilməyib ağlayır, dəsmalın ucu ilə hər dəqiqə gözlərini silirdi. Əlirza bəy, yaz-qış işi olsa da, olmasa da, hər gün saat doqquzda işinin başında olurdu. Bundan başqa, axşam hamı ilə bərabər şirkətdən çıxmaz, qaranlıq düşənə qədər işləyirdi.

Müdir onu bu saatda qarşısında görəndə: – Müəllim, yenə bu vaxta qədər çalışıbsınız, özünüzə yazığınız gəlmir… Bir işiniz varsa, sabaha saxlayım.

Müzəffər bəy yaşlı məmurun nə qədər təriflənsə də lovğalanmayacağını bildiyi üçün ona hər kəsdən fərqli davranırdı. Həmişəki hörmətlə ayağa qalxaraq yanına oturtdu, siqaret uzatdı. Əlirza bəy sabahdan bəri hazırlaşıb deyəcəyi sözləri yadından çıxarmışdı.

Düşüncələri bom-boşdu. Buna baxmayaraq, mütləq danışmaq istəyir, ancaq özünü itirdiyindən təsadüfi sözlər mızıldanırdı. Müzəffər bəy onun nə dediyini, nə istədiyini birdən-birə başa düşmədi. Gülümsəyərək, qarşısındakı bir zərfin kənarına rəqəmlər yazaraq ona qulaq asırdı. Ancaq bir az sonra ayaqları suya dəyəndə birdən-birə irkindi, yavaş-yavaş üzünü və davranışlarını dəyişdirməyə başladı. Yaşlı kişi onun qızaracağını, utanacağını umurdu. O da əksinə, dalaşmağa hazırlanan bir adam kimi daha da qəzəblənir, gözlərini Əlirza bəyin gözlərinə dirəyib adamı tamamən təəccübləndirirdi.

Yaşlı məmur, ürəyindəki sıxıntıya, fikirlərindəki qarışıqlığa baxmayaraq, bir anda başa düşdü ki, qarşısındakı adam, illərdən bəri təsəvvür etdiyi adamdan tamamən fərqlidir, indiyə qədər yaxşı münasibət ancaq heç kiminlə işi olmadığı, zərərsiz bir insan olduğuna görə idi. Bəli, bu bir aldanışdı. Yazıq adam, bu günə qədər uzaqdakı bir qayaya qarşıdan səslənmiş, ondan aldığı o şirin cavabların, öz yumşaq və nazlı səsinin əks-sədasından başqa bir şey olmadığını başa düşməmişdi. İndi isə bu qayaya əlini vurur və onun nədən düzəldiyini görürdü. Şübhəsiz, mübahisədə məğlub olmuşdu. Müzəffər kiminsə onun işinə qarışmağa, həyatı, mənfəəti ilə oynamağa izin verənlərdən deyildi. Əlirza bəy bunu bildiyi halda, heç cür dözə bilmir, bir burulğana düşmüş kimi elə eyni yerdə dövrə vururdu.

Müdir bəy bir az da gözləyəndən sonra Əlirza bəyin sözünü kəsib:

– Başa düşürəm, icazə versəniz bir az da mən danışardım, – dedi. – Yəqin ki, sizə qarşı olan hörmətimin, istəyimin səmimiliyinə inanırsınız. Siz bu dövrdə tayı-bərabəri olmayan, həddən artıq yaxşı insansınız. Yalan danışmayacağam, Ləmanla olan hadisə doğrudur. Belə bir şey olmamalıydı! Mən də istəməzdim. Ancaq nə edək, oldu. Həmçinin inanın ki, bu hadisə gözünüzdə böyütdüyünüz qədər dəhşətli bir şey deyil. Sözünüzdən belə çıxır ki, bu qızla evlənməyimi istəyirsiniz. Doğrusunu deyim, mümkün deyil. Çünki bu Ləman xanımı ilk yoldan çıxaran mən deyiləm.

Bu söz Əlirza bəyə bir qamçı kimi dəydi. Yaşlı adam yerindən tərpənib:

– Oğlum.... Günahdır… Ləman çox cavan bir qızdı ki… – şəklində nə isə demək istədi.

Ancaq Müzəffər yenə onun sözünü kəsib, onun sadəlövhlüyünə gülümsəyərək:

– Əlirza bəy, inanın ki, sizə yalan danışmıram. Ləman bildiyiniz kimi məsum bir qız deyildi… Hamı ilə yaxınlığı vardı. İstəsəniz bunu sizə isbat da edə bilərəm. Hətta doğacağı uşağın atası olduğum da şübhəlidir. Ancaq nədənsə, bilmirəm, bəlkə də vəzifəmə görə atalıq adı mənə layiq görüldü. Ah, Əlirza bəy, dünya kaş ki, sizin təsəvvür etdiyiniz kimi olaydı!

Müdirin israrlarına baxmayaraq, Əlirza bəy titrəyə-titrəyə ayağa qalxmışdı:

– İndi bu yazıq qıza heç bir şey etməyəcəksiniz? Bu sualı hələ də vicdanınızın təmizliyindən şübhə etmədiyim üçün soruşuram.

– Ona ancaq pul verib kömək edə bilərəm… Elə bu haqda özü ilə də danışdım.

– Elə bu qədər?

– Bu zamanda bir insana maddi köməkdən daha böyük bir kömək olarmı?

Gənc adam bunu mərhəmət və istehza ilə dedi. Ancaq yenə davranışını dəyişdirərək ciddiyyətlə soruşdu:

– Müəllimimsiniz, bu mənada bir az atam sayılırsınız, mən də sizdən bir şey soruşmaq istəyirəm. Bu vəziyyətdə bir qadınla evlənməyimi siz uyğun görərdinizmi? Bir az əvvəl sizin mənə dediyiniz kimi mən də sizin vicdanınızdan, insanlığınızdan şübhə etmədiyim üçün soruşuram. Siz bir atasınız. Mənim elədiyimi oğlunuz eləsəydi bunu ona da tövsiyə edərdiniz? Ləman kimi macəralardan artıq qalmış qızı gəlin kimi evinizdə saxlayardınız?

Əlirza bəy çox pis vəziyyətə düşmüşdü. Bir an gözlərini yumub düşündü. Bu işi edən həqiqətən onun oğlu olsaydı, Ləman kimi şübhəli bir qızı evinə, öz təmiz uşaqlarının arasında yaşamağa qoyardımı, ona gəlinim deyərdimi? Yaşlı adam "yox" deməklə bayaqdan bəri etdiyi mübarizədə məğlub olacaqdı. Ancaq buna baxmayaraq, onsuz da ümidsiz olduğu bu mübarizədə yalan danışmaqdansa, məğlub olmağı üstün tutdu. Məyus bir halda:

– Haqlısınız, – dedi, – razı olmazdım.

Müdir onu həssas tərəfindən yaxaladığına sevinir və tez məğlub etmək istəyərək:

– Elə isə, – dedi, – xüsusilə, mənim bir tələbəniz, bir övladınız olduğumu nəzərə alaraq…

Mütləq istədiyi kimi bir cavab gözləyərək yaşlı adamın gözlərinə baxırdı. Ancaq Əlirza bəy küskün bir inadla başını önə əydi:

– Oğlum belə bir hərəkət etsəydi, onu övladlıqdan rədd edərdim, bir də üz-üzə gəlməzdim.

– Əlirza bəy, bir az səmimi olaq. Bu qız çox güman ki, mənfəət üçün mənə ərə gəlmək istəyirdi. Bu mümkün olmadı; ancaq bunun qarşılığında ona mümkün olduğu qədər kömək edəcəyəm. Maaşı artacaq, bundan başqa təzminat verəcəyəm. Onun da, anasının da bu əziyyətdən canı qurtaracaq.

Müdir Əlirza bəyin yanına gəlmişdi. Yavaş-yavaş çiynini sığallayır, könlünü almağa çalışırdı:

– Necə də incə qəlbiniz var. İnanın ki, bu qədər həssas olmaq həddən artıq… Əməlli-başlı üzülürsünüz.

Yaşlı adam gözlərini yerdən qaldırmadan üzgün-üzgün gülümsəyirdi: – Üzülürəm. Həqiqətən çox üzülürəm. Ancaq siz elə bilirsiniz ki, o qıza yazığım gəlir, yox, öz uşaqlarıma üzülürəm.

– Öz uşaqlarınızamı? Nə dəxli var?

– Çünki bu hadisədən sonra sizdən ayrılmağa məcburam. Uşaqlar bəlkə də ac qalacaqlar…

Müzəffər bəy bunun bir naz, hədə-qorxu olmadığını dərhal başa düşdü. Ancaq başa düşməmiş, inanmamış kimi görünürdü:

– Nə deyirsiniz? – dedi, – mən sizə nə elədim? Məndən nə pislik gördünüz?

Əlirza bəy dəyişməsinə mümkün olmayan qərarlarını verdiyi sükunətlə və bir az əvvəlki çaşbaşlığın əksinə böyük bir təmkinlə danışmağa başladı:

– Əksinə, sizdən çox yaxşılıq gördüm. Ən çətin anımda əlimdən tutdunuz. Mənimlə həmişə yaxşı rəftar elədiniz, hörmətlə yanaşdınız. Buna görə sizə çox minnətdaram. Ancaq bu hadisədən sonra burada necə qala bilərəm? Bir az əvvəlki sözlərimi yadınıza salın. "Oğlum belə bir şey etsəydi, onu rədd edərdim və üz-üzə gəlməzdim" demişdim, elə deyil? Siz də bir övladımsınız. Demək ki, sizi də rədd etməyə məcburam. Siz buraya mənim vasitəmlə işə girmiş bir qıza əl uzatdınız. Mən sizə qadın gətirmiş kimi oldum. Əslində belə olmasa da, bunu hamıya necə başa salarsınız? Ləmanın anası kimi mənim və mənim uşağımın da bu qapıdan yeyəcəyimiz çörək artıq təmiz çörək olmaz.

Müzəffər bəy işin ciddiliyi qarşısında həqiqətən təlaşa düşmüşdü:

– Müəllim, xahiş edirəm, icazə verin, mən də deyim, – deyə sözünü kəsmək istədi. Ancaq Əlirza bəy inadla başını yelləyərək sözünə davam etdi:

– Lazım deyil, nə deyəcəyini bilirəm. Bunlar bəlkə doğrudur… Ancaq bunlar mənim yaşlı zehnimin qəbul edəcəyi şeylər deyil.

Müdir yaşlı məmurun inadını qıra bilmədiyini başa düşüb:

– Müəllim, heç olmasa başqa cür kömək eləməyə icazə verin, – dedi.

Əlirza bəy bir uşaq sadəliyi ilə gülümsəyib:

– Artıq sizdən heç bir şey qəbul etməməyə məcburam, – dedi. – Üzülməyin, nə edək? Ölməmişəm ki, yəqin bir çarəsini taparıq.

– Yenə görüşəcəyik, elə deyil?

– Əlbəttə, bala, şübhəsiz.

Əlirza bəy belə deməklə bərabər, onunla bir daha üz-üzə gəlməyəcəyini çox yaxşı bilirdi.

V fəsil

Əlirza bəy o axşam axırıncı paroxoda qaldığı üçün avtobus tapa bilməmişdi. Bu onun ilk dəfə başına gələn bir şey deyildi. Şirkətdə gecəyə qədər qaldığı günlərdə qırx, əlli quruşundan keçib faytona minərdi. Neyləsin, bu bir iş məcburiyyəti idi.

O axşam da gəminin yan aldığı körpüdən çıxandan sonra fikirli-fikirli arabaların dayandığı yerə tərəf getmişdi. Ancaq birdən-birə işsiz, pulsuz bir adam olduğu yadına düşdü.

Daha bu cür xərcli şeylərə haqqı qalmamışdı. Yolundan döndü. Üç-beş küçə satıcısı piştaxtalarındakı son meyvə və tərəvəzlərini tez satıb getmək üçün avazlan çıxana qədər bağırırdılar.

Əlirza bəy onların yanında bir az vaxt keçirdi, malların ən pisi və çürüyü qalmışdı, amma qiymətlər də sabahkına görə yarıya düşmüşdü. Bundan sonra bazarlığı bu saatlarda eləməli idi. Ah, görəsən, niyə əvvəlcədən bu cür haqq-hesab etmək ağlına gəlməmişdi? Getdikcə tənhalaşan Üsküdar küçələrini ağır-ağır keçdi. Qaraca Əhməd məzarlığının yoxuşunu dırmaşmağa başladı. Əlirza bəy elə çoxdan yol gedə bilmirdi. Ən çox da yoxuşları görən kimi ürəyi sıxılırdı.

Bu vəziyyətdə olmağına baxmayaraq, ən çox yorğun olacağı bir gecədə bədənində qəribə bir güc hiss edirdi. Bir ara yolun kənarındakı daşlardan birinə oturmaq istədi. Ancaq buna cəsarət etmədi. Bu qorxu, yolun tənhalığından, ya da ətrafındakı məzarlara görə deyildi. Əksinə, hər zaman həddən artıq vahiməli bir adam olmasına baxmayaraq, bu gecə hər cür təhlükəyə qarşı daxilində böyük bir soyuqqanlılıq və cəsarət vardı. Ancaq oturub düşünməyə başlarsa, sərvlərin arasında, üstünə ətrafdakı gecənin dərinliyindən umulmaz bir ümidsizlik gəlib çökəcək və ona elə gəlirdi ki, bu ümidsizliyin pəncəsindən bir daha yaxasını qurtara bilməyəcək.

Əlirza bəyin evi o gecə həmişəkindən daha işıqlı görünürdü. O, əvvəlcə elə bildi ki, bu işıq qaranlıqda xeyli gəzdiyi üçün onun gözünə daha parlaq görünür. Ancaq daha da yaxınlaşanda başa düşdü ki, ev həqiqətən də işıqlıdır. Evində bu gecə anlaşılmaz bir anormallıq var. Bağça qapısı açıqdı. İçəridə ağacların arasında fənərlər yanır. Birdən uzaqdan Ayşənin incə səsi ilə "gəlir!" deyə qışqırdığım eşitdi. Qızları, hətta daha qəribə olan, çox vacib bir iş olmadıqca bağçaya belə çıxmayan həyat yoldaşı onu qarşılamaq üçün küçəyə qaçırdılar. Görəsən, bunun səbəbi nəydi? Bu gecə bu ev onu hər zamanından daha qaranlıq və səssiz qarşılamalı deyildi? Həddən artıq təəccüblənməsinə baxmayaraq, nə Əlirza bəy nəsə deyir, nə də onlar bir söz deyirdilər.

Ayşə həyəcanla atasının əlindən tutub, sürətlə onu içəri aparırdı.

Nəhayət, bağçasındakı çardağın altında qurulmuş təmtəraqlı bir süfrə başında ona şad xəbəri verdilər. Böyük oğlu Şövkət müsabiqəni qazanıb, yüz lirə maaşla bir banka məmur olaraq işə alınıb. Əlirza bəy o gün ikinci dəfə başını qaldırıb gözlərini səmaya tutdu. Bu nə təsadüfdü, ya Rəbb! Yüz lirə… Bu məbləğ demək olar ki, özünün itirdiyi maaş qədərdi. Vuruşarkən vurulmuş bir əsgər kimi öz düşdüyü yerdən bir başqasının qalxdığını, çiyinlərindən ağırlığını, əlindən silahını alaraq vuruşmağa davam etdiyini görürdü. Əlirza bəy oğlunu kiçik yaşdan bəri: "Məndən sonra bu ailənin atası sənsən; mən öləndən sonra sən mənim yerimə keçəcəksən!" deyə böyütmüşdü.

Yaşlı adam oğlunun qumral başını sinəsinə yatırıb, gözlərindəki yaşları heç cür gizləyə bilmədi. Uşaqlar o günə kimi atalarının ağladığını görməmişdilər. Hamısı elə bilirdi ki, bu yaşlar sevincdən və qürurdandır.

VI fəsil

Şövkət Əlirza bəyin böyük oğlu idi. İki ay əvvəl iyirmi yaşı tamam olmuşdu. Təhsilli idi. Xüsusilə də xarici dil bilirdi. Ancaq bunu səyyah məmur uşaqları kimi iki-üç ildən artıq gedə bilmədiyi məktəblərdən çox atasının səyləri sayəsində əldə etmişdi.

Əlirza bəy bu ilk övladı ilə çiçək pərəstişkarı bağçayla necə vaxt keçirirsə eləcə məşğul olmuş, onu yalnız öz xəyalında canlandırdığı mükəmməl insan modelinə görə formalaşdırmışdı. Böyük bir hissəsi bu günə, hətta dünyanın heç bir gününə yarayan şeylər olmamaqla bərabər, Şövkət çox şey öyrənmişdi. Əlirza bəyin fikrinə görə o mükəmməl bir insan olmaq üçün bir də ali təhsil almalı idi. Çarə nə ki, tale buna izin verməmişdi. Buna baxmayaraq, Şövkət natamam bir əsər də deyildi.

Çünki bu yaşında, İstanbulun yox, Avropanın ali məktəblərində təhsil almış gənclərlə baş-başa gəlir, yaşlı atasının ən çətin vəziyyətində, sıxıldığı vaxtlarda köməyinə yetişirdi. Göydən endirilmiş bir kömək kimi son müvəffəqiyyəti də, bunun ən parlaq bir nümunəsi idi.

Ancaq Əlirza bəyin əsl təsiri Şövkətin əqlindən çox, ürəyinə olmuşdur. Yaşlı adam dünyada hər şeydən şübhələnər, amma oğlunun əxlaqından şübhə etməzdi. Onun nəzərində Şövkət dünyadakı heç bir gücün qırıb, ləkələyə bilmədiyi bir almazdı. "Altın Yarpaq Anonim Şirkəti"ni bu cür cəsarətlə rədd etməsinin əsl səbəbi də elə bu uşağa güvənməsi idi. Ancaq nə qədər də olsa, gözlədiyi köməyin bu qədər tez gələcəyi ağlına gəlməzdi.

Şövkət atası kimi məğrurdu. Bəlkə müsabiqədən keçə bilmərəm, gözlərində alçalaram deyə müsabiqəyə girdiyini də ailəsinə deməmişdi. Evdəki işığa, bağçadakı süfrəyə gəlincə, bu, Şövkətin çoxdankı vədi idi. Əlirza bəy onu ilk dəfə məktəbə göndərdiyi gün: "Şövkət, böyüyüb məmuriyyətə keçdiyin gün səndən bir hinduşka qonaqlığı istəyirəm" demişdi.

Aradan keçən uzun zamana baxmayaraq, vədini unutmayıb, o səhər müsabiqədə qalib gələnlərin ilk sırasında adını oxuyan kimi dərhal bazara qaçıb bir hinduşka almışdı. Bu qonaqlığın hazırlığında böyüklü-kiçikli bütün evdəkilərin payı vardı: Xeyriyyə xanım, böyük qızı Fikrət ilə yemək bişirmiş, Leyla ilə Necla süfrəni hazırlamış, Ayşə isə qonşu bağçalardan dəstə-dəstə gül yığıb gətirmişdi.

Əlirza bəyin bayaqkı ümidsizliyi yox olmuşdu. Ancaq süfrədə onun üçün hazırlanan başdakı stula oturacağı vaxt nəsə fikirləşib dayandı. Sonra diqqətlə oğluna gülümsəyərək:

– Şövkət, səninlə yerimizi dəyişdirəcəyik, – dedi. – Sən ata, mən ailənin böyük uşağı olacağam.

Hamı məəttəl qaldı. Ancaq o inad edir, əmr edir; oğlunu qolundan çəkərək:

– Elə istəyirəm… Mənim sözümə qulaq asmalısan… – deyirdi.

Əlirza bəy məcburiyyət qarşısında taxtını oğluna tərk edən bir hökmdar kimi Şövkəti yerinə oturtdu. Özü onun solunda həyat yoldaşının yanına keçdi. – Ailədə onun yeri gec-tez ora olacaq, – deyirdi. – Uşaqlar, eşidirsiniz?.... Vaxt gələcək, mənim yerimə onu ata biləcəksiniz, onu sayacaqsınız.

Ağsaqqal, başına gələn hadisəni, bu son sözləri deyərkən səsindəki ağır mənadan başqa bir şey hiss etdirmədi.

Elə bu gecədən uşaqları həyəcanlandırmağın bir mənası yoxdu. Ən çox da, Şövkət boynuna düşən ağır məsuliyyəti eşitmədən axırıncı gününü rahat və xoşbəxt keçirməliydi.

VII fəsil

Əlirza bəy arvadı və böyük oğlu ilə bərabər səhər tezdən oyanmağa adət eləmişdi. Üçünün də küçədə və evdə öhdələrinə düşən ayrı-ayrı işlər olduğu üçün bu cür oyanırdılar. Ancaq qızların çiyinlərinə hələ dünyanın yükü çökməmişdi. Onlar bir neçə saat yataqda tənbəllik edə bilərdilər. Artıq o da evdəki bu tənbəllərin arasına qarışmışdı, amma o səhər yenə günəşin doğuşundan əvvəl qalxmışdı. Hərgünkü kimi əlinə bir kitab götürüb pəncərənin qarşısına keçdi. Ancaq heç cür oxuya bilmədi. Arvadı sobanı yandırıb səhər çayını hazırlayıncaya qədər açıq bir vərəqin önündə düşündü.

Sabah yeməyindən sonra Xeyriyyə xanım ərinin günorta yeməyini hazırlamağa başlamışdı. Əlirza bəy acıqlanıb:

– İstəmirəm xanım, zəhmət çəkmə… – dedi.

Onun, paroxodun işləyə bilmədiyi fırtınalı günlərdə belə bir gün də işindən qalmadığını bilən Xeyriyyə xanım həyəcanla:

– İşə getməyəcəksən?

– Yox, getməyəcəyəm.

Əlirza bəy bunu deyəndə müəllimə acıqlanıb məktəbə getmək istəməyən təqsirli uşaqlar kimiydi.

– Niyə?

Yaşlı adam, bayaq yanında oturduğu Şövkətin üzünü sığalladı. Həyəcanını hiss etdirməməyə çalışaraq:

– Bir məsələ ilə əlaqədar Şövkətlə məsləhətləşəcəyəm, – dedi. – Oğlum mənə diqqətlə qulaq asdıqdan sonra qərarını verəcək… O nə desə, qəbul etməyə hazıram.

Əlirza bəyin səsi elə müəmmalı və hərəkəti elə qəribə idi ki, arvadı və oğlu bu sözlərin zarafatmı, yoxsa ciddimi olduğunu başa düşə bilmirdilər, bir-birlərinə baxırdılar.

Yaşlı kişi hadisəni olduğu kimi danışdı. Oğlu ilə açıq-saçıq şeylər danışmağa adət etmədiyi üçün hekayənin ayıb yerlərini danışdıqca gözlərini başqa tərəfə çevirir, səsini ağırlaşdırırdı. Xeyriyyə xanımın üzündə təəccüblü bir ifadə vardı. Ancaq Şövkət atasına qulaq asdıqca yavaş-yavaş həyəcanlanır, qara gözləri qəribə bir işıltı ilə parıldayırdı. Atası "bu vəziyyət qarşısında istefadan başqa nə edə bilərdim? " deyə sözünü başa çatdıranda, o heç tərəddüd etmədən:

– Lap yaxşı elədin ata!… – dedi.

Bu səsdə elə bir üsyan vardı ki, Əlirza bəy ağlaya-ağlaya oğlunu qucaqlamamaq üçün özünü zorla saxladı.

Xəcalətlə boynunu bükərək əsas sualı soruşdu:

– Ancaq bir şey var, onu da danışmalıyam səninlə… Bu şirkət mənim üçün axırıncı qazanc qapısı idi… Məni tanıyırsan. Boş-bekar oturmaq istəmirəm… Bəlkə artıq iş tapa bilməyəcəyəm. Qardaş-bacıların hələ ortaya çıxmayıblar… Mənim təqaüdüm çox azdır… Ailənin bütün ağırlığı sənin boynuna düşəcək… Bu sənə ağır gəlməyəcəkmi?

Şövkət atasının bu tərəddüdünə sanki üsyan etdi. İyirmi bir yaşının hədsiz cəsarəti ilə sinəsini gərdi:

– Bunu deməyə necə dilin gəlir? Məndən şübhə edirsən? Lazım olsa, başqa işdə də işləyərəm. Bacı-qardaşımı necə olsa boya-başa çatdıracağıq! – deyirdi.

Şövkət dünən axşam süfrədə atasının yerinə niyə oturduğunu indi başa düşmüşdü. Hadisədən təsirlənmək bir tərəfə, hələ bir bu yaşda bir ailə başçısının yerinə keçdiyi üçün qürurlanırdı. Ata-oğul həyəcanla bir birlərini öpdülər. Əlirza bəy bir azdan arvadı ilə söhbət edəndə gülərək:

– Bir ata üçün nə qədər də böyük səadətdir! – dedi.

Yavaş-yavaş süfrəni təmizləyən Xeyriyyə xamın başını qaldırmadan:

– Düz deyirsən… elədir… – dedi. Qadının üzü qaşqabaqlı idi, ağzından sözlər elə bil ki, kəlbətinlə çıxarılırdı. Əlirza bəy bu haldan şübhələnib:

– Niyə elə candərdi cavab verirsən?… – deyə soruşdu.

Xeyriyyə xanım yavaşca:

– Candərdi niyə? Düzdü, elədir deyirəm! – dedi.

– Yox, amma başqa cür deyirsən.

Qadın əlindəki işi yarımçıq qoyub Əlirza bəyə tərəf döndü:

– Xətrinə dəyməsin, sən qocaldıqca bir qəribə olursan.

– Buna açıq-aydın başın xarab olur desənə!

Bunu deyəndə arvadının etiraz edəcəyini gözləyirdi; ancaq o, cavab vermədən arxaya döndü. İş ciddiləşir, səbəbini bilmədiyi bir qorxu, Əlirza bəyin ürəyini sıxmağa başlayırdı. Əlirza bəy bəzən mərhəmət ya da üzünün yumşaqlığından biri pulunu əlindən alanda, və ya evinə lazım olmayan, artıq bir şey alanda kefsizləşir, arvadı: – Eybi yoxdu… Üzülmə, nə edək. Olan oldu… – deyə təsəlli edənə qədər özünü yaxşı hiss etməzdi. Ancaq Xeyriyyə xanım ailənin mənfəətinə zərər verən işlərdə ciddi, maddi, hesabını, kitabı bilən bir qadındı. Ərini əməlli-başlı üzüb, elədiyinə peşman etmədikcə, ərinin ondan umduğu təsəllini verməyəcəkdi. Hətta buna görə aralarında dava elədikləri də olurdu. Əlirza bəy üz-üzə dava etməyə cəsarət etdiyi yeganə adam arvadı olduğu üçün uşaq kimi əsəbiləşir:

– Sən onsuz da beləsən… Adamın sevincini ürəyində qoyursan. İnşallah ölərəm, sənin də canın məndən qurtarar! – deyə bağırırdı.

Xeyriyyə xanım onu bir az üzüb bağırtdıqdan və elədiyini əməlli-başlı burnundan gətirdikdən sonra siyasətini dəyişdirirdi. Yaşlı adam bu gün arvadında bir şey hiss etdi. Elədiyi hərəkətin doğru olduğuna onsuz da özü də inanmırdı. Ancaq arvadının bir-iki şirin sözü onu bir az sakitləşdirəcəkdi. Ancaq inadçı qadın, o gün Əlirza bəyin həyatda ən qəmli və kefsiz günü olduğunu başa düşmür, qaşqabaq eləyirdi. Əlirza bəy bir az susduqdan sonra:

– Xanım, mənə bax! – dedi, – bu gün elə hərəkət edirsən ki, ölsəm də yadımdan çıxartmayacağam… Ayıb olsun sənə.

Xeyriyyə xanım ikinci dəfə dönüb, ən şiddətli sözlərdən də təsirli olan bir hüzn və səmimiyyətlə:

– Niyə belə deyirsən, Əlirza bəy? – dedi. – Səni eşidən də elə bilər ki, bir rütbə filan alıbsan, ona sevinirsən. Şirkətdən aldığın yüz on beş lirə pulla onsuz da zorla keçinirdik. Bu gün onu da əlindən qaçırdığını dedin. Bu bizim üçün aclıq deməkdi… Sevinib boynunamı sarılmalıyam?… İnsafa gəl sən Allah!…

Əlirza bəy bu vəziyyətə söz tapmayıb, bir neçə dəfə udqundu:

– Hə, amma, namus… – dedi, – namusumun ləkələnməsinə izin vermədim!…

Namus sözü bu saf, təmiz evdar qadına hər zaman çox təsir edərdi. Ancaq aclığın qapının kandarına qədər gəlib çatdığı bir zamanda bu söz ona o dərəcədə də təsir etmirdi.

– Əlirza bəy, insaflı ol. Neçə illik həyat yoldaşınam. Mənə əxlaqsız bir qadın gözüylə baxsan həm ayıb, həm də günaha girərsən. Mən də sənin kimi namuslu bir insanam. Ancaq mən sənin yerində olsam, uşaqlarımın xətri üçün buna göz yumardım.

Əlirza bəy eşitdiyi bu sözlərə qəzəbləndi:

– Nə dedin, nə dedin? Bir də de görüm… Belə bir şeyə gözünü yumardım? Heyif… Heyif olsun sənə! – deyə bağırmağa başladı.

Xeyriyyə xanım gözlərini tavana qaldırdı. Sonra sakitcə, qəmli-qəmli davam etdi:

– Hə, Əlirza bəy! Sən nə deyirsən, de. Onların xətri üçün mən hər şeyə dözərdim. Çünki pulsuz, çörəksiz qalsaq, onların namusu o zaman təhlükədə olar.

Bu söz Əlirza bəyin başına sanki bir paya kimi zərbə ilə düşdü. Bir gün əvvəl şirkətdə bir başqasından eşitdiyi sözlər yadına düşdü: "Pulsuz namus ən çox bir, iki nəsil dözə bilər". Hansı qorxunc gücdür ki, bu iki ayrı dünya kimi fərqli insanı bir-birini tanımadan, eyni dildə danışmağa vadar edir? Əlirza bəy qarmaqarışıq fikirləri ilə bu məchula cavab tapmağa çalışırkən, qadın davam edirdi:

– Xətrinə dəyməsin, Əlirza bəy… Ürəyimdə nə varsa, hamısını deyəcəyəm. Sən uşaqlarının mənfəətini həmişə vahimələrinə qurban verdin. Onlar on beş, iyirmi yaşlarında olduqları üçün atalıq vəzifəni, borcunu bitmiş hesab edirsən. Elə deyil. Əsl vəzifən indi başlayır. Onlar əvvəldən balaca uşaqlardı. Əllərinə hansı oyuncağı versən sevinərdilər, elə bilərdilər ki, dünyanı onlara bağışlayıbsan. Bu uşaqların hər biri indi böyük adamlardı. Hər şeyi başa düşürlər, istəyirlər… Hər birinin nə arzuları var? Bilmirəm, amma deyəsən, onları doğru tərbiyə etməmişik.

– Dəli olubsan sən, mənim uşaqlarım elə mələk kimidir ki…

– Onu mən də inkar etmirəm. Uşaqlarımız hələ ki mələk kimidirlər… Ancaq bir yandan da gözlərini çox açdıq. Dediyim kimi, hər şeyi görürlər, istəyirlər. Bu hal ilə gələcəkdə də mələk kimi qala biləcəklərmi? Qalsalar da, üzülməyəcəklərmi? Sən indiyə qədər işlədiyin üçün evin içindən xəbərin yoxdu, uşaqları o qədər də yaxından görmürdün. Bax, sənə deyirəm, uşaqlarımızı təhlükə gözləyir. Sonra "demədi" demə.

Əlirza bəy bu məsələnin elə dava-dalaşla həll ediləcək bir iş olmayacağını görüb yalvarmağa başladı:

– Qurban olum....Uşaq kimi hərəkət eləmə… Bunları mən də fikirləşmişəm. Ancaq oğlumuzu eşitdin. Uşaq bacıları üçün hər cür fədakarlığa hazırdır. Yəqin ki, ona şübhə etmirsən.

1.Osmanlı dövründə, şəhərlərlə rayonlar arasında olan inzibati idarələrin müdiri

Darmowy fragment się skończył.

3,32 zł
6,64 zł
−50%
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
29 października 2022
Objętość:
120 str. 1 ilustracja
ISBN:
978-9952-8245-1-3
Właściciel praw:
JekaPrint
Format pobierania:

Podobne książki