Czytaj książkę: «Damğa»

Czcionka:
Rəşad Nuri Güntəkin
(1889 – 1956)

1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olub. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir.

Güntəkin 1927-ci ilə qədər bir çox tanınmış lisey və məktəblərdə fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi layihələrdə çalışır. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan «Ulus» qəzetinin İstanbul qolu olan «Məmləkət» qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCO-nun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə, yaşlı olması səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.

Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbiristanlığında dəfn edilir.

Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdi. Romanlarında istifadə etdiyi dil və anlatmağı olduqca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümə etdiyi, kitab halına sala bildiyi və ya jurnal, qəzet səhifələrində, teatr repertuarlarında istifadə olunan əsərlərinin sayı yüzə çatır.

Az.wikipedia.org

Uşaqlıq illərimin ən köhnə xatirəsi bir avqust şənliyi gecəsidir. Bu xatirə, görülmüş bir şeydən daha artıq, vaxtı ilə dinlənilmiş bir nağılın xəyalda buraxdığı izlərə oxşayır. Bu dünyadan uzaq, tamamilə başqa bir aləmdə ucsuz-bucaqsız bir bağ… ağaclarında al-əlvan fənərlər yanır… Ağappaq qəşəng yollar… Səs-küylü izdiham, tünlük. Gah bu yandan, gah o yandan atılan fişənglər havaya qalxıb ulduz kimi parlayaraq, yerə düşür… Yalnız zülmət və aydınlıqdan ibarət bir xəyalət dünyası…

Mənə elə gəlir ki, o gecə doğulmuşam.

Anam heç yadıma gəlmir. Nə vaxt öldüyünü da bilmirəm, lakin o zaman hələ sağ imiş… Elə bil özümü o gecə bir müddət sarışın bir qadının qucağında görürəm. Bəlkə anam idi. Kim bilir, bəlkə də anasının kim olduğunu bilməyən bir uşaq kimi qalmamaq üçün bu xatirəni özüm uydurmuşam.

Həmin avqust şənliyi gecəsini ailəmizdə məndən başqa da xatırlayanlar vardır. Atam paşa idi, o gecə vəzir təyin olunmuşdu, rəhmətlik böyük bacım isə o gecə gəlin olmuşdu.

Ərənköyündəki köşkümüzü ancaq bu qədər xatırlayıram.

İllər ötüb keçmiş, günlərin birində o tərəflərə qonaq getmişdik. Mənə alçaq bir hasarın üstündən bir bağ göstərdilər. Otsuz quru bir bağ… O yan-bu yanda bir neçə kol, dörd-beş qurumuş lavanda… Tozdan saralmış beş-on nazik şam ağacı…

O başda rəngi solmuş köhnə bir köşk… «Sən uşaq olanda satılan köşk budur», – dedilər.

Bunun əksinə olaraq Ağsaraydakı evimiz ən əhəmiyyətsiz guşələrinə qədər yadımdadır. Ayda, ildə bir dəfə yolum düşəndə məhəlləmizə gedirəm. Evin qabağındakı çinardan başqa keçmişdən heç bir əsər qalmamışdır. Budaqları kəsilmiş, quru bir gövdədən ibarət köhnə tanışım…

Onun altında bir neçə dəqiqə dayanmadan ötüb keçə bilmirəm. Qarşıdakı birmərtəbəli, əyri-üyrü, küləşdən və ya kərpicdən tikilmiş xırdaca evlər nəzərimdən silinmir; evimiz, onun ağ rəngli möhtəşəm fasadı, şəbəkəli şüşəbəndi, imarətin o başındakı çeşməyə qədər uzanıb gedən uca bağ hasarı xəyalımda canlanır. Budur, enli taxta kəmərli, alçaq həyət qapısı. Bu da ən isti, günəşli günlərdə belə həmişə yarımqaranlıq olan və sərin qalan daş döşəməli həyət.

Evin qonaq hissəsinin geniş, hamar pilləkəni ilə yuxarı qalxır, zəri qaralmış tavanlarından qırmızı və mavi şüşəli iri lampalar, büllur çilçıraqlar asılmış uzun koridorlarda qalın Şam pərdələrinin kölgəsinə qərq olmuş otaqlarda dolaşıram.

Xəyalımın heç bir şeyi dəyişdirmədiyinə əminəm. Otaqlardan birində yazıdan çox rəsmə oxşayan, fars dilində bir lövhə var idi ki, həmişə onun qarşısında durub baxardım. O zaman hələ savadsız idim. Lakin xətlər zehnimdə elə nəqş olunmuşdu ki uzun illər keçdikdən sonra da onları gözümün qarşısına gətirmiş, fars dilində yazılan misraları, demək olar, höccələmişdim.

Qonaq hissəsinin koridorundan qadınlara məxsus mərtəbəyə qalxan ensiz, qaranlıq pilləkənin baş tərəfində açıq yaşıl şüşəli bir qapı vardı. Heç özüm də bilmirəm ki, nə üçün uşaqlığımın bütün böyük vaqiələrinə bu qapının çərçivəsindən baxıram.

Ramazan gecələri koridorda camaat namaz qılar, Quran və dua oxuyardı. Dayəm xəlfə Kamiyab ilə bərabər, mən də bu qapının yanındakı pilləkənin üstündə durub namaz qılar, əllərimi göyə açıb dua edərdim.

Rəhmətlik böyük qardaşım evləndiyi gün arvadı ilə birlikdə buradan keçirdi. Gəlinin duvağı qapıya ilişmişdi, qardaşım koridordakı camaatın üstünə təptəzə pul səpmişdi.

Qardaşım Müzəffərlə məktəbə getməyə başladığımız ilk gün başımızda almazlı araqçın, çiynimizdə baftalı heybə bu qapının ağzında böyüklərin əlini öpmüşdük.

Başqa bir gün, məndən bir yaş kiçik olan bacım Suadın balaca meyitini toxunma bir mələfəyə bürüyüb bu pilləkəndən endirmişdilər. Nəhayət, evimizin od tutub yandığı gecə xəlfə Kamiyab məni qucağına alaraq qaçırarkən bu qapının ağzında diz çökmüşdü.

Bu xatirələr nəinki bir yuxu kimi gözlərimin qabağından keçib gedir, eyni zamanda qəlbimdə o günlərin həm şirin, həm acı hisslərini oyadır.

Həmişə çinarın altında durduğum o bir neçə dəqiqədə dönüb yenə əvvəlki İffət oluram.

***

Sonralar öyrəndiyimə görə, anam yaxşı evdar qadın imiş. Onun ölümü evimizi çox dağıdıbmış. Atam öz evinin işləri ilə heç maraqlanmazmış. Rəhmətlik böyük qardaşım bədxərc kefcil adam imiş. Bacılarımın heç bir şeydən başları çıxmazmış. Anam öldükdən sonra biz təcrübəsiz mürəbbilərin, əliəyri təsərrüfat müdirlərinin əlinə keçmişdik. Mən də yaxşı bilirəm, atam on beş gündən bir saraya gedər, qalan vaxtlarını otağında, köhnə cildli ərəb, fars kitabları arasında keçirərdi. Onun Mahmud əfəndi adında qoca bir həmdəmi var idi ki, evimizdən heç əskik olmazdı. Qardaşım Müzəffərlə mənə bir neçə il müəllimlik edən həmin Mahmud əfəndi fağır, təvazökar bir adam idi. Sarıgözəldə kiçik bir evdə yaşayırdı. Keçmişdə əmmamə qoyar, məscidlərdə məsnəvidən o, dərs deyərmiş. O vaxt, bizim zəmanədə bəzi kübar ailələrin uşaqlarına dərs verməklə dolanardı.

Atamı çox az-az görərdim. İri vücudlu, heybətli bir adam idi. Ağ araqçının kənarlarından çıxan seyrək, uzun, çal saçları, qıl kimi cod, pırtlaşıq saqqalı, enli, qırmızı sifətindəki iri burnu məndə ona qarşı məhəbbətdən çox qorxu hissi doğurardı. Qalın qaşları altındakı iri qara gözlərinə heç baxa bilməzdim.

Atam bizimlə heç söhbət eləməzdi. Ən böyük iltifatı hərdənbir çənəmi sıxıb yanağıma bərk bir çırtma vurması idi.

Çox vaxt görərdim ki, o, əynində şal çuxası küncdəki taxtda oturub köhnə kitabları vərəqləyir, həmişə qarşısında iki dizi üstündə belini büküb oturan Mahmud əfəndiyə farsca beytlər oxuyur.

Məni, anamın xəlfə Kamiyab adında qoca çərkəz dayəsi böyütmüşdür. Onu özümə ana sayıb, ana kimi sevmişəm.

Evimizin ən yuxarı mərtəbəsində bağa baxan bir otaq var idi. Xəlfə Kamiyab ilə vaxtımın çoxunu orada keçirər, hətta bəzən yeməyimizi də orada, birlikdə yeyərdik.

Otağımızın pəncərələri qadınlara məxsus bağçaya və qarşıdan məscid həyətinin bir guşəsinə baxırdı. Axşamüstü bu həyətdə oynayan uşaqları daha yaxşı görmək üçün stulların, balıncların üstünə çıxar, pəncərə çərçivələrinə dırmaşardıq. Diribaş, nadinc bir uşaq idim… Deyib-danışan, bağırışan, dalaşan uşaqları gördükdə lap ürəyim gedirdi. Evdə mənə tay olan bir uşaq yox idi. Bəzən bizə qonaq gələn əmioğlu və xalaqızılarımla oynamağı sevməzdim. Mağaza vitrinlərindəki kuklalar kimi bərbəzəkli, quzu kimi sakit duran kübar uşaqlarına təəccüb edərdim. Məncə əsl yoldaş o biriləri – boğuşan, savaşan, bir-birinin əlindən yemək qapan, minik arabalarının dalından asılan, ağaclara dırmaşan məhəllə uşaqları idi. Nə çarə ki, onlarla nəinki yoldaş olmaq, hətta küçəyə çıxmaq belə bizə qadağan qoyulmuşdu. Məktəbə getməyə başladığım gün çox sevinmişdim. Faytonumuzun ətrafında cərgə-cərgə düzülən uşaqlar dua oxuyur, «amin» deyə çığırışırdılar.

Başımdakı almazlı araqçın, çiynimdəki baftalı heybə mənə sanki ağırlıq edirdi. Uşaqların arasına qarışacağım saatı səbirsizliklə gözləyirdim.

Lakin ümidim boşa çıxdı. Bizim məktəbə getməyimiz sadə bir mərasimdən, sədəfli bir rəhlənin dalında oturaraq zərli kitabdan «əlifba» oxuyub, əl öpməkdən ibarət olaraq qaldı.

Mahmud əfəndi həftədə iki gün böyük qardaşım Müzəffərlə mənə dərs verməyə gələrdi, Müzəffər oxuduğunu başa düşə biləcək bir yaşda idi. Mən isə kiçik idim. Onlar dərs keçərkən yanlarında oturar, balaca əllərimlə ağzımı örtüb əsnəyərdim. Məktəbə getdikdən sonra isə qız uşaqları kimi evdə oturub qalmaq məndə ilk məyusluq hissi doğurmuşdu.

***

Xəlfə Kamiyab dərdimi çox yaxşı başa düşmüşdü. Onun xəlfə Mahpeykər adında bir peşə yoldaşı var idi ki, Qızdaşı tərəflərdə, heç xatırlaya bilmədiyim bir məhəllədə yaşayırdı.

Dayəm məni tez-tez özü ilə birlikdə xəlfə Mahpeykərgilə aparmağa başlamışdı.

Dünyanın heç bir yeri mənə həmin xəlfənin dar küçədəki viranə, qaranlıq, kələ-kötür evi qədər xoş görünməmişdi. Axı mən orada azad idim. Mahpeykərin oğlu Murad ilə birlikdə bağdakı çardağın üstündə tor qurar, qapının qabağında çiling-ağac oynayırdıq. Bu məhəllədə özümə bir neçə yoldaş belə tapmağa başlamışdım.

Burada, üç-dörd dəqiqəlik yolu olan tində daş binalı bir məktəb var idi. Murad o biri məhəllənin uşaqları ilə birlikdə bu məktəbdə oxuyurdu. Mən onlara həsəd aparar, «nə olar, məni də buraya yazdırın», – deyə həmişə yalvarardım. Nəhayət, yalvarışlarım xəlfələrə təsir etdi, günlərin birində məni də Muradla birlikdə həmin məktəbə apararaq: «Uşaq ağlayıb yalvarır, müəllim əfəndi, icazə verin, arabir qonaq kimi gəlib-getsin.

Həftədə bir-iki gün mən də məktəbə getməyə başladım, Nəhayət, arzuma çatmışdım. Bununla belə «qonaq kimi» sözü kefimi bir qədər pozmuşdu. Bundan başqa, müəllim əfəndi mənə hörmət edər, güzəştə gedərdi. O məni yanında oturdar, dərsimi bilmədiyim zaman hirslənməz, uşaqlarla birlikdə nadinclik elədiyim vaxt onlar kimi qulağımı burmazdı.

Yaşlı adamlar kimi uşaqların da möhkəm gizli saxladıqları dərdləri, səylə gizlətdikləri heysiyyət yaraları vardır. Müəllim əfəndinin məni fəsinin qotazı olmayan, məktəbə corabsız gələn yoldaşlarımdan ayırması mənə ağır gəlirdi. Belə xüsusi rəftar mənim onlarla oynayıb-dalaşmağıma, istədiyim kimi nadinclik eləməyimə mane olurdu.

Bir gün məktəb amin mərasiminə gedəcəkdi. Müəllim əfəndi həyətdə uşaqları sıraya düzərkən dayəm gəlib çıxdı və qolumdan tutaraq dedi: «Sən getməyəcəksən. Atan bilsə, ikimizi də öldürər». Dinmədən sıradan çıxdım, dayəmlə bərabər çəkilib kənarda durdum.

Bir az sonra dəstə yola düşdü. Yoldaşlarım bir-birinin əlindən tutub dua oxumağa, «amin» deyə bağırmağa başladılar. Artıq özümü saxlaya bilməyir, başımı dayəmin çadrasına soxub ağlayırdım. Halım yəqin ki, xəlfə Kamiyaba çox təsir etmişdi, odur ki, hər şeyi boynuna götürərək məni küçələrdən keçirib dəstəyə çatdırdı. Uşaqlarla birlikdə «amin» deyə bağırdıqca özümü bir neçə yaş böyümüş sayırdım. Uzaqdan ardımızca gələn yazıq dayəm dəsmalı ilə gözlərinin yaşını silirdi.

Məktəbə qayıtdıqdan sonra halva-çörək yedik. Saqqallı bir əfəndi böyük qırmızı kisədən ovuc-ovuc təzə xırda pul çıxardaraq paylamağa başladı. Növbə mənə çatdıqda əlimi uzatdım. Müəllim pul paylayan əfəndinin əlini tutub təşvişlə: «Xalis paşa həzrətlərinin oğludur», – dedi. Saqqallı adam çənəmi oxşadı: «maşallah, balaca bəy, deyiniz görək nələr oxuyursunuz», – dedi və mənə pul uzatmaqdan utanmış kimi ötüb keçdi. Mən yazığın əli açıq qalmışdı. Halbuki, mən o qədər «amin» deyə bağırmışdım ki, bu pulu almağa haqqım var idi. Yoldaşlarımın yanında məni hörmətdən saldığı üçün müəllim əfəndiyə acığım tutdu.

Gərək ki, müəllim əfəndi Bolqarıstan mühacirlərindən xoşəhval bir adam idi. Uşaqların hərəsinə bir ad vermişdi. Mənə «Bacıoğlu» deyərdi.

Mülayim əfəndi bəzən uşaqları ucdantutma çubuqlayırdı. Məsələn, günlərin birində məktəb uşaqlarından beş-on nəfərinin ərik oğurlamaq üçün bir bağa girdiyini xəbər verərdilər, yaxud günorta azanında bütün uşaqlar sapandla daş atarkən məhəllədə kiminsə şüşəsi sınardı. Təbiidir ki, uşaqlara tərbiyə vermək müəllimin işi idi. Yazıq müəllim müqəssiri tapa bilməyəndə şagirdlərin hamısını sıra ilə çubuqlayardı. Beləliklə, təqsirkar cəzadan yaxasını qurtara bilməzdi. Biz o vaxt belə ədalətli mühakiməni çox təbii sayırdıq.

Bir gün, müəllim əfəndi namazda olduğu vaxt necə olmuşdusa bir neçə uşaq məktəbə girib bir pişiyi qabaqlarına qataraq rəhlələri, mürəkkəb qablarını aşırmışdı.

Namazdan qayıtdığı vaxt məktəbdə hər şeyin alt-üst olduğunu görən müəllim əfəndi bərk hirsləndi, dərhal qapını bağladı (ucdantutma çubuqlamanın bir adı da qapı bağlamaq idi, çünki qapı açıq qalarsa, uşaqlar qaça bilərdilər).

Mən o gün ucdantutma çubuqlamanı ilk dəfə görürdüm. Sinifdə bir vaveyla qopdu. Kimi «vallah mənim təqsirim yoxdur» – deyə bağırır, kimi də «ay ana», «ay allah», – deyə çağırırdı.

Müəllim əfəndi uşaqları bir-bir falaqqaya salıb hərəsinin yalın ayaqlarına dörd-beş çubuq çəkməyə başlamışdı (bu məktəbdə daha bir ənənə var idi: falaqqadan sonra çığırıb ağlayaraq ayağa qalxan uşaq özündən sonrakı uşağın ayaqlarını tutardı. Bu, vəzifədən artıq, bir haqq, bir imtiyaz idi. Uşaq, bir başqasının çubuqlanmasına kömək etməklə, yediyi çubuğun ağrısını müəyyən qədər unutmuş olurdu).

Sinifdə Tahir adında bir uşaq var idi ki, çubuqlanmaqdan təkcə o, azad edilmişdi. Tahir arıq, əyriqıç, xəstə bir uşaq idi. Çubuqlanarkən özünü saxlaya bilməz, qorxudan üst-başını bulayardı.

Heç yadımdan çıxmaz: o gün qara zolaqlı qırmızı məxmərdən təzə paltar geymişdim. Yoldaşlarım çığırıb ağlayaraq növbələrini keçirdikləri halda, mən bir küncdə tez-tez ayaqqabımın bağını açırdım. Növbəm gəlib çatan kimi durub müəllimin yanına getdim: «Corablarımı da çıxarımmı, müəllim əfəndi?» – deyə soruşdum.

Ağlayıb-sızlamadan, gülərüzlə çubuq yeməyə hazır olmam müəllimi təəccübləndirdi. Yazıq bir az dayandı, məni döyməmək üçün bir bəhanə axtardı, sonra udqunaraq:

– Sən bu tərəfə keç, qonaqsan, – dedi.

Onun göstərdiyi tərəfdə Tahir durmuşdu, cürük dişli ağzını açaraq gülərək işarə ilə məni yanına çağırırdı.

Yoldaşlarımdan ayrılıb onun yanına keçmək şəstimə toxundu.

– Mən qonaq deyiləm, müəllim əfəndi, mən də döyülməliyəm, – deyə təkid etdim.

Ərköyün böyüdülən, hər dediyinin yerinə yetirilməsinə alışmış bütün kübar uşaqlar kimi, elə bil əmr eləyirdim. Müəllim bir az tərəddüddən sonra: «Yaxşı, elə isə gəl görək, – dedi, balaca ayaqlarımı ehtiramla tutdu, çubuğun ucuyla oxşayırmış kimi, ahəstəcə bir-iki dəfə toxundu

O gün, axşam dərsdən evə getdikdə müəllim əfəndi məni yanına çağırdı. Acıqlı gözlərində indiyədək heç görmədiyim bir məhəbbət və şəfqətlə üzümə baxdı, sonra qulağımı tutaraq: «Bacıoğlu! Sən pis adam olmayacaqsan!» – dedi.

***

Məktəbimizdə kiçik Ömər adlı bir uşaq vardı. Soyuq havada, anasının yaxası çəkili köhnə sırıqlısını geyib məktəbə gəldiyi üçün mən ona Qız Ömər deyib sataşardım. Saçlarım sarı olduğuna, anadangəlmə zəif olan gözlərimə eynək taxdığıma görə o da mənə Sarı yəhudi deyərdi.

Bir gün məktəbin bağçasında nahar edirdik. Gərək ki, payız mövsümü idi, çünki quru çinar yarpaqları yeri başdan-başa örtmüşdü. Ömər qabağımda oturub zeytun-çörək yeyirdi. Evdən küftə gətirmişdim, nədənsə ürəyim istəmirdi. Odur ki, yeməyimizi dəyişdirməyi Ömərə təklif etdim. O sevinərək razı oldu. Mən zeytunu, o isə küftələri iştahla yeməyə başladıq.

Bunu görən uşaqlar dərhal Öməri müəllim əfəndiyə şeytanlayıb yalandan demişdilər ki, «İffəti dilə tutub küftələri alır».

Müəllim qəzəbli halda yanımıza gəldi. Öməri, arıq çiyinlərindən tutaraq ayağa qaldırdı, yanağına iki bərk şillə vurdu. Sonra küftələri alıb mənə verdi. Mən də çox qorxmuşdum. Bir şey deməyə cəsarətim çatmadı. Lakin, bu əhvalat getdikcə mənə daha çox təsir edirdi. Ömərin mənim üstümdə haqsız yerə döyülməsi ürəyimi sıxırdı.

O gündən sonra Kiçik Öməri bütün yoldaşlarımdan daha çox sevməyə başladım. Məktəbdə yanında oturardım, bağçada birlikdə oynayırdıq, Mən həyatı ilk dəfə Kiçik Ömərdən öyrəndim. Yoxsulluq içində böyüyən uşaqların əksəriyyəti kimi, Ömər də hər şeyi bilirdi. O deyirdi ki, «Nənəm iflicdir. Anam evlərdə paltar yumağa gedir… Bəzən gecələr qaranlıqda qalırıq, bəzən yeməyə çörək tapmırıq». Vaxtı ilə anasının sırıqlısını geydiyi üçün Ömərə sataşmağım yadıma düşəndə öz-özümdən utanırdım.

Ömərin bir böyük qardaşı var imiş. Hərbi məktəbi bitirib zabit olacaq, onların əlindən tutacaqmış. Məktəbi bitirməyinə üç ay qalmış iftira qurbanı olaraq Fizana sürgün edilibmiş.

Ömər bunu danışarkən boynunu büzərək: «O, indi başımızın üstündə olsaydı, bu günə düşməzdik», – deyirdi.

Bir gün ona:

– Ömər, mənim ağlıma bir şey gəlir… İstəyirəm ki, paşa atama yalvarım, qoy padşahdan xahiş eləsin, qardaşını bağışlatdırsın», – dedim.

Elə bilirdim ki, Ömər bunu eşidən kimi sevinəcək, atılıb boynuma sarılacaqdır. O, qoca kişi kimi bədbin idi; şübhə ilə dodaqlarını büzüb dedi ki, «mümkün olan şey deyil».

Lakin mən Ömərin qardaşını xilas etməyi möhkəm qərara almışdım. O yaşda hər şey mənə asan və sadə görünürdü.

Bir neçə dəfə paşa atamın ayaqlarına düşüb yalvarmaq məqsədilə onun otağının qapısına qədər getdim, hətta bir dəfə içəriyə belə girdim. Amma onu görən kimi, ürəyimi qorxu hissi bürüyür, cəsarətim qırılırdı.

Bir dəfə ağır qrip xəstəliyinə tutulub yatağa düşmüşdüm. Xəstəlik günlərində huşsuzluq keçirdiyim, qarışıq yuxular gördüyüm zaman tez-tez Ömərin qardaşı ilə danışır, onun barəsində sayıqlayırdım. Bir gecə bihuş yuxudan oyandığım zaman yatağımın yanında atamı gördüm. Saçlarımı əli ilə oxşayır, əlindən düşməyən ənbər təsbehi üzümə sürtünürdü.

– Necəsən, İffət?.. Bir yerin ağrıyırmı? – deyə soruşdu.

Fikirli-fikirli üzünə baxdım, cavab vermədim.

– Nə istəyirsən alım sənin üçün, oğlum?

Atam mənə ilk dəfə idi ki, belə şirin, yumşaq bir dillə söz deyirdi. Uşaqlara məxsus yanılmayan bir sövq-təbii ilə başa düşdüm ki, bu dəqiqələrdə atamın mənə yazığı gəlir, o məni sevir.

Onun saçlarımı tumarlayan əlini iki əlimlə tutaraq dodaqlarıma apardım, ağlaya-ağlaya öpərək dedim:

– Mən heç bir şey istəmirəm, ata… Elə et ki, Ömərin qardaşı sürgündən gəlsin… Onlar yazıqdırlar.

– Ömər kimdir, hansı Ömər?

– Məktəbimizdəki Kiçik Ömər… Qardaşına iftira ediblər, onu sürgünə göndəriblər… Paşa atam, rica edirəm, padşahımıza yalvar.

– Sənə bunları kim öyrədib?

Atamın qalın qaşları çatılır, üzü həmişəki vahiməli halını alırdı. Səhv bir iş gördüyümü anlayaraq qorxudan titrəməyə başlamışdım, Cavab vermədim, gözlərimi yumdum, elə bil daha nə bir şey görür, nə də bir şey eşidirdim.

Əslində o cavab gözləmirdi. Ciddi, sərt bir səslə dayəmə nə isə deyirdi.

Onlar bir-biri ilə danışarkən mən yenə də huşumu itirdim.

Bir neçə gündən sonra sağaldığım vaxt dayəmdən Mahpeykər xəlfəgilə nə vaxt gedəcəyimizi soruşdum. Məktəb deməyə cəsarət eləmirdim.

O məqsədimi başa düşdü, üz-gözünü turşudub dedi:

– Bundan sonra bir də məktəb adını ağzına almayacaqsan. Məni bu yaşımda məzəmmət elətdirdin!

Kiçik Ömərlə yoldaşlığımız beləcə qurtardı. Mən neçə dəfə onun ayağında anasının köhnə şap-şapları, əynində anasının sırıqlısı evimizin ətrafında dolandığını, pəncərələrə baxdığını gördüm. Sonra bilmirəm, ona nə oldu, daha heç görünmədi.

***

Paşa atam nədənsə bizi məktəbə qoymaq istəmirdi. Böyük qardaşım Müzəffərə on yeddi, mənə isə on dörd yaşınadək Mahmud əfəndi dərs dedi. Evimizin İsrail Bəy adlı xüsusi həkimindən də həftədə iki gün ayrıca fransız dərsi alırdıq.

İllər keçdikcə xəlfə Kamiyabın həyat və qəlbimdəki yerini Mahmud əfəndi tutmağa başlamışdı. Həlim, şirindil, fəqir bir adam idi. Hər bir insan üçün ən gözəl sifətlərin, yumşaqlıq və təvazökarlıq olduğu qənaətində idi. Bu sözləri tez-tez təkrar etməyi sevərdi: «Övladlarımın qətl edilmələrini qatil olmalarından üstün tutardım». Mahmud əfəndinin məni Müzəffərdən çox sevdiyini hiss edirdim. Qardaşım key, tənbəl, aciz bir uşaq idi. Bundan başqa lovğalığı, iddialılığı da var idi, yazıq Mahmud əfəndi ilə adətən lələ kimi rəftar edərdi.

Yanğından əvvəl Ağsarayda, sonra Fındıqlıqdakı evimizdə on dörd yaşınadək sevincsiz ömür sürdüm.

Atamın özündən bir-iki yaş kiçik bacısı vardı, Qaramürsəldə, ərindən qalma «Damlacıq» deyilən malikanəsində yaşayırdı. Xədicə bibim yaxında iki uşağı ilə dul qaldığı zaman atam gəlib İstanbulda yaşamağı ona təklif etmiş, lakin o, evini dağıtmağa razı olmamışdı.

Atam hər yay Müzəffərlə məni Damlacıq malikanəsində havamızı dəyişməyə göndərər, iki ay orada qalmağımıza icazə verərdi.

Mən Mahmud əfəndinin verdiyi hesab dərslərini Qaramürsələ getməyimizə neçə gün qaldığını hesablamaq üçün öyrənərdim, Müəllimimin özü də bunu hiss etmişdi. Dərs zamanı darıxdığımı, dəftərimi ağzıma tutaraq əsnədiyimi gördüyü zaman, məsələn, deyərdi: «Gəlin sizdən bir şey soruşum, İffət bəy, bu gün fevralın on ikisidir… İyunun əvvəlində Qaramürsələ gedəcəksiniz. Tapın görüm, gözləməli neçə gününüz qalıbdır?» Yaxud, «Baxaq, görək, ada nədir? Damlacığa gedən yoldakı dəyirmanın qarşısında suyun içindən çıxmış torpaqlar var a… yadınızdadırmı? Bax, onlara ada deyərlər. Bunların bir neçəsinə birlikdə isə…»

Qaramürsəl kəlməsi mənə sehrli bir söz kimi təsir edərdi. Bu adı eşidən kimi, elə bil, üzümə qurumuş zəmilərin ətri ilə dolu yay nəsimi toxunurdu.

Şəhərdəki mülkümüzdə çəkdiyim bir ilin əziyyətinin əvəzini kənd yerində bir ayda çıxardırdım. Xədicə bibim məni çox sevir, bütün dəcəlliklərimə göz yumurdu.

Xəlfə Kamiyab bir neçə gün məni hədər yerə özünə tabe etməyə çalışar, sonra bacarmayacağını başa düşüb əl çəkərdi.

Malikanədə mənimlə yaşıd olan dörd-beş kəndli uşağı var idi. Ətrafdakı bağlardan da bizə bir neçə uşaq qoşulardı. Onlardan adətən kiçik bir dəstə təşkil edərək, quş ovlamağa, malikanənin yanından axan çaydan balıq tutmağa gedərdim.

Qardaşım Müzəffər mənim ayaqyalın, başıaçıq əkinlərin içində əlləşdiyimi, xırmanda vələ mindiyimi, ağaclara dırmaşdığımı, kəndli uşaqları ilə savaşdığımı görüb hirslənər və məni qorxutmaq üçün deyərdi:

– Heç sənə yaraşar, belə uşaqlarla oynayasan? Sənin əvəzinə mən utanıram… Atama yazacağam.

Yazıq xəlfə Kamiyab Damlacıqda məndən nələr çəkdiyini danışmaqla qurtara bilməzdi. Başıma bir qəza gələ biləcəyindən qorxduğu üçün uzaqdan bizi güdər, dalımıza düşüb təngnəfəs halda təpələrə dırmaşar, yol kənarındakı kollarda əllərini cırmaq-cırmaq edər, üst-başı cırılardı. Bununla belə yəqin ki, dayəmin mənə dediyi qədər acığı tutmazdı, çünki şəhərdəki evimizdə tam bir il qalmağıma ən çox yanan o idi.

Havamı dəyişdikdən sonra İstanbula adətən tanınmaz halda qayıdardım. Sarışın adamların əksəriyyətinin dərisi kimi, mənim də zərif dərim günəşdən yanıb qaralar, qabıq verərdi.

Barmaqlarım qoz ləkəsindən qapqara, üzüm, əllərim, ayaqlarım qanqurla, yara ilə dolu olardı.

***

Malikanədən beş-on dəqiqəlik məsafədə, dərə kənarında, ətrafında qoz ağaclarının bürüdüyü bir xaraba dəyirman var idi. Bir rəvayət qoz ağaclarını uşaqların əlindən xilas edirdi. Deyirdilər guya dəyirmanın qarşısındakı qamışlıqda bir xəyal dolaşır. Axşam çağlarında oradan keçən yolçuları bataqlığa çəkir.

Mən yoldaşlarımla birlikdə həmişə o tərəflərdə gəzər, lakin dəyirmanın açıq bağçasından girməyə cəsarət eləməzdim.

Çox sevdiyim bu rəvayəti bibim mənə bir neçə dəfə danışmışdı.

…Vaxtilə qarşıdakı bu təpədə yerləşən Kəmərli kəndində hörükləri topuqlarına qədər uzanan bir gözəl qız varmış. Adaxlısı İsmayılı əsgərliyə aparıb Yəmənə göndəriblərmiş. Qız yetim imiş… yeməyə çörək belə tapmazmış… Çox gözəl olduğu üçün cavanlar onu dağlara qaçırtmaq istəyirmişlər… Kəndin ağsaqqalları yığışıb fikirləşmiş və qızı bu dəyirmanın sahibi olan Qafar ağaya verməyi münasib görmüşlər. Qız: «Mənim adaxlım var, bu qocaya ərə getmərəm», – deyə ağlamış… «Yəmənə gedənin geri qayıtdığını heç eşitmisənmi, qızım… o, çoxdan ölmüşdür», – demişlər, qızı ağlaya-ağlaya Qafar ağaya vermişlər.

Aradan iki il keçmiş. Qız ev-eşiyinə, ərinə alışmış, yaxşıca dolanırmış. günlərin birində İsmayıl Yəməndən qayıtmış. Kəndlilər onu görüb demişlər: «Biz səndən ümidimizi kəsib onu Qafar ağaya verdik. İndi nə edək, qoy allah sənə də başqasını qismət eləsin. İsmayıl əvvəllər taleyi ilə razılaşmış, amma sonralar dözə bilməmiş… Bəzən axşamlar ürək yandıran mahnılar oxuya-oxuya dəyirmanın arxasındakı yoldan keçir, yazıq qadını ağladarmış.

Xeyli zaman keçdikdən sonra İsmayıl bir gün yolda Ayişəyə rast gəlmiş və «Nə olar, Qafar ağanın kəndə getdiyi gecələrdən birində məni dəyirmanına burax» – deyə ona yalvarmış. Ayişə: «Belə eləmə, İsmayıl, bilsələr namusum ləkələnər… Qafar ağa zalım adamdır… Səni də, məni də öldürər», – demişsə də, İsmayıl qulaq asmamış. Nəhayət, iki sevgili bir gecə dəyirmanda görüşmüşlər. Onlar ağlaşa-ağlaşa başlarına gələni bir-birinə danışarkən bayırda itlər hürüşmüş, qapı döyülmüş, içəridəkilər Qafar ağanın gözlənilmədən kənddən qayıtdığını başa düşmüşlər. Dəyirmanda gizləniləcək bir yer yox imiş. İsmayıl: «Qorxma, Ayişə, mən onsuz da öləcəyəm. Heç olmasa sənin namusunu xilas edərəm. Heç kəsin xəbəri olmaz», – demiş və yüksəklikdə olan daş oyuqdan özünü çaya atmış… Yazığın ölüsü belə tapılmamış. Aydındır ki, sevdiyi qadının namusuna ləkə gəlməsin deyə, ölərkən bataqlıqdakı qamışlardan yapışıbmış.

Mənə eşq haqqında ilk təsəvvürü bu rəvayət verdi. Əvvəllər qorxmuşdum, dəyirmanın ətrafındakı qoz ağaclarının olduğu yer mənə bir qəbiristan kimi görünürdü. Lakin ildən-ilə böyüdükcə, bu sadə rəvayət şüurumda gözəlləşib kök salır, öz məna və təsirini dəyişdirirdi.

Qamışlıqdakı xəyaldan daha əvvəllərdə olduğu kimi qorxmurdum; əksinə onu şirin bir hüzn və mərhəmətdə sevirdim.

Sevgilisini təhlükəyə salmamaq, biabır etməmək üçün özünü bataqlığa atan bir biçarədən qorxmaq haqsızlıq deyildimi?

Bu rəvayət mənə eşqi, sevilən qadın üçün özünü fəda etmək kimi öyrətdi.

***

On yeddi yaşına girən qardaşım Müzəffər, padşah yavəri olmuş, zərli güləbətinlə işlənmiş saçaqlı qaytan taxmışdı. Mən evdə tamamilə tək qalırdım. Bundan əlavə, Mahmud əfəndi də daha dərsə müntəzəm gəlmirdi. Yazığı yüngül iflic xəstəliyi taqətdən salmışdı.

Bir gün axşam atam məni otağına çağırtdırıb dedi:

– İffət, səni orta məktəbə göndərəcəyəm. Yaxşı çalışmalısan; elə pis uşaqlara baş qoşmamalısan. Sabaha hazır ol!

Bu, mənim üçün ümid edə bilməyəcəyim xoşbəxtlik idi. O gecə sevindiyimdən gözümə yuxu getmədi!

Sabahı günün səhəri Mahmud əfəndi məni bir faytona mindirərək məktəbə apardı. İmtahan verdim. Müəllimim mənə həqiqətən yaxşı dərs öyrətmişdi, yoxsa paşa uşağı olduğumu nəzərə alıb güzəştə getdilər, bilmirəm, axır ki, məni yuxarı sinfə qəbul elədilər.

Məktəbdə mənim kimi dörd-beş nəfər də kübar uşağı vardı, onlar başqa uşaqlara qarışmaqdan çəkinirdilər. Sinifdə bir yerə toplaşar, bağçada birlikdə gəzib oynayardılar. Kübar uşaqları məni də öz dəstələrinə qatmaq istədilər, ancaq razı olmadım. Mən təvazökar, həlim, sadə bir uşaq idim. Yoldaşlarımı sevməkdən başqa bir şey istəmirdim.

Oynamayan, gülməyən, bir-birinə «bəy əfəndi» deyən bu nərmənazik kiçik bəylərə nədənsə heç qanım qaynamadı. O biri tərəf daha çox xoşuma gəldi, yoldaşlarımı həmişə onların arasından seçdim, onlarla oturub-durmağa başladım.

Nəşəli, üzüyola xasiyyətim hər kəsin xoşuna gəlirdi. Sinfimizdə Cəlal adlı çalışqan, tələbkar, hörmətli oğlan vardı, onun kübar uşaqlarla arası yox idi. İlk günlərdə mənimlə soyuq rəftar etdi. Lakin sonralar o da məni sevməyə başladı, Uşaq ikən girdiyim bu məktəbdə yavaş-yavaş gənc bir adam oldum. Yay tətilini yenə də Damlacıqdakı malikanədə keçirirdim.

Zahirən yenə də əvvəlki kimi yumşaq, zarafatcıl şən İffət idim, lakin mənəvi cəhətdən getdikcə ciddiləşirdim,

Əvvəllər quş tutmaq üçün tələ qurub gözlədiyim kölgəliklərdə indi saatlarla uzanıb kitab oxuyur, dolaşıq xəyallara dalırdım.

Cəlal ilə çox səmimi yoldaş olmuşduq, Onda atəşin, qorxmaz bir inqilabçı ruhu var idi. Saray adamının oğlu olduğumu fikrinə gətirmədən mənə azadlıqdan, məşrutədən danışır, padşahın törətdiyi haqsızlıqdan, xəfiyyələrin alçaqlığından söhbət edir, Namiq Kamalın şeirlərini oxuyurdu. O vaxta qədər ətrafımda başqa sözlər eşitmişdim. Mənə tamamilə başqa fikirlər aşılamağa çalışmışdılar. Bundan başqa belə üsyançı fikirlər ailəmə aid bir çox ruhi bağlılıq və məhəbbət tellərimi qıracaq idi. Buna baxmayaraq çox asanlıqla Cəlalın haqlı olduğunu yəqin elədim.

Eşq romanları ilə yanaşı azadlıq uğrunda mübarizələrə, inqilablara dair kitablar da tapıb oxuyurdum.

Yoldaşımla mənim aramda bir fərq var idi. O bu işlərin qanla, atəşlə düzəldilməsini gözləyirdi. Mən isə nikbin xəyalpərəstliyimlə hər iki tərəfin bir-birinə güzəştə gedəcəyi və fədakarlıq göstərəcəyinə ümid edirdim. Bunun səbəbini bəlkə də məğlubiyyətini istədiyim tərəfdə öz ailəmin, sevdiyim adamların olması idi.

***

Orta məktəbin son sinfinə keçmişdim. Atam imtahanlardan sonra məni Müzəffər kimi, padşah yavəri yazdıracağını deyirdi. Mənim isə gözüm Mülkiyyədə1, yaxud hüquq fakültəsində idi. Saray adamı olmaqdan zəhləm gedirdi. Mümkün olsaydı vilayətlərdən birində çalışqan, vicdanlı bir dövlət qulluqçusu olardım. Böyük arzularım yox idi. Bütün istədiyim kiçik bir evdən və külfətli ailədən ibarət idi. Arvadım və övladlarım üçün çalışmaq məndən ötrü ən böyük bir səadət olardı.

Hərdənbir bu fikirləri Cəlala da açıb deyirdim. Yoldaşım belə cavab verirdi:

– Qorxma, İffət, həyatdan gözlədiyin bu balaca şeydirsə, onda demək, mütləq xoşbəxt olacaqsan.

Heç yadımdan çıxmaz, soyuq, yağışlı bir qış səhəri idi. Məktəbdə gözlənilmədən həyəcanlı bir hadisə baş vermişdi. Vəcdibəy adında gənc bir müəllimimizin o gecə həbs edildiyini deyirdilər. Təqsiri məlum deyildi. Sinfə gedəndə Cəlalın qolundan tutub soruşdum:

– Sən necə bilirsən, Cəlal? Görəsən Vəcdibəyi nə üçün tutublar?

O bir az qəribə cavab verdi:

– Deyəsən, saraya imzasız bir məktub göndərib, Vəcdibəyin bəzi böyük tələbələrə məşrutədən bəhs etdiyini xəbər vermişlər.

Vəcdibəyin sərbəst fikirli bir gənc olduğunu bilirdim. Yeri gələndə düşündüklərini deməkdən də çəkinməzdi. Qəzəb və həyəcandan titrəyən bir səslə soruşdum:

– Görəsən, bu alçaqlığı kim edib?

Yoldaşım cavab vermədi. Yanımıza başqa tələbələr də gəlmişdi.

Sinfimizi heç vaxt bu qədər sakit və məyus görməmişdim. Coğrafiya müəllimi çox həvəssiz danışır, tələbələr yavaş-yavaş qeydlər edir, rəqəmləri yazırdılar.

Ürəyimdə qəribə bir sıxıntı vardı, dərs saatı mənə bir il qədər uzun göründü.

Divardakı asma saata baxıb tənəffüsə yeddi dəqiqə qaldığını yenicə hesablamışdım ki, birdən qapı açıldı, qoca baş müfəttişimiz müəllimə müraciət edərək:

– İffət əfəndini çağırırlar, – dedi.

Özümü itirmiş halda ayağa qalxdım, bütün sinfin mənə baxdığını hiss edirdim.

Müfəttiş bir şey demədən qabağıma düşüb gedirdi. Məni nə üçün çağırdıqlarını ondan soruşmağa cəsarət eləmədim. Koridorlardan keçib, pilləkənlərdən çıxaraq müdirin otağına gəldik.

Sami əfəndi qapıya ehmalca toxunduqdan sonra yumru dəstəyi çevirdi. Sonra yenə heç bir şey demədən bir addım geri çəkilib mənə yol verdi.

Otaqda müdir və onun müavinindən başqa üç nəfər də var idi. Sarı, almansayağı bığı olan qıvrım saçlı, həyasız görkəmli gənc bir yavər; qulaqlarına qədər basdığı böyük qırmızı fəsli, uzun pencəkli, çal saçlı bir adam, bir də küncdəki kiçik mizin kənarında oturub yazı yazan gözlüklü, qarayanız bir gənc…

Müdir sapsarı idi, «buyurunuz, İffət əfəndi», – deyərkən səsi titrəyirdi.

Qıvrım saçlı yavər, cır, cürətli bir səslə soruşdu:

– İffət bəy sizsinizmi?

– Bəli, əfəndim.

– Xalis paşa həzrətləri sizin atanızdır?

– Bəli.

– Paşa atanız şövkətməab əfəndimizin2 ən sadiq bəndələrindəndir. Sizin də eyni dərəcədə sədaqət hissləri bəslədiyinizə və vəlinemət əfəndimiz Sultan həzrətlərinin səlamətliyi üçün var qüvvə ilə çalışacağınıza…

Yavər bəy yalnız müqəddiməsi eynən yadımda qalan bu sözlərə bir çox şeylər də əlavə etdi.

Orada olanların hamısı gözümün içinə baxır, yalnız müdir, küçədəki tutqun bir qış havasında yağan yağışı seyr etmək istəyirmiş kimi, üzünü pəncərəyə tərəf çevirir, barmaqları arasındakı kağız parçasını bükürdü.

Bayaqdan sinifdə hiss etdiyim sıxıntının səbəbini indi başa düşürdüm.

Müəllim Vəcdibəy tələbələrə «fitnə-fəsad törədən» şeylər öyrədirmiş, «mələkxislət padşahımız əleyhinə bəzi nankor xainlər tərəfindən» yazılmış yazılar oxuyurmuş. Tələbələrdən biri qədirbilmək prinsipinin çox parlaq bir dəlili olmaq etibarı ilə bu kədərli hadisəni imzasız məktubla padşah sarayına bildiribmiş.

Gənc yavər açıq deməsə də məktubu mənim yazmağımdan şübhələnirdi. Haqqı da var idi. Axı, mən sarayın «ən sadiq bəndələrindən» biri olan Xalis paşanın oğluyam.

Dayandığım yerdə gözlərimə qan dolur, dişlərim bir-birinə daha bərk sıxılırdı.

– Bilmirəm… Bu məktubu kimin yazdığını güman edə bilmirəm, – dedim.

Yavər bəy sözümə inanmış kimi göründü, sualın tərzini dəyişdirdi.

– Yəqin ki, bu Vəcdibəy haqqında bəzi şeylər bilirsiniz. Hərdənbir yoldaşlarınıza məşrutədən, konstitusiyadan bəhs edərdi, eləmi?

Bu dəfə qəzəbimi gizlədə bilmədim.

– Bilmirəm… Nə üçün başqalarından soruşmursunuz?

Bu cavab gənc yavəri əsəbiləşdirdi, o, hirsini boğmağa çalışaraq, məni hədələdi:

– Sultan əfəndimizin səlamətliyinə aid bir məsələdə məlumatınızı gizlətmək sizə yaraşmaz… Paşa atanız belə cavab verdiyinizdən xəbər tutsa, sizdən əsla razı qalmayacaq.

Bu təhdid məni lap qəzəbləndirdi. Necə oldu, necə cəsarət elədim, bilmirəm, dərhal qeyri-ixtiyari olaraq bu sözləri dedim:

– Mən xəfiyyə deyiləm, yavər bəy.

Otaqda əmələ gəlmiş çaşqınlığı təsvir edə bilməyəcəyəm. Müdir, ağır bir yük kimi yanındakı stulun üstünə çökmüşdü. Qarayanız katibin gözlüyü parıldayırdı, gənc yavər rəng verib, rəng alırdı.

Təkcə bu vaxtadək söhbətə qarışmayan çal bığlı, uzun pencəkli əfəndi sakitliyini saxlamışdı. O, xoş bir əda, şirin, həlim bir səslə yavərə:

– İcazə verin, bəy əfəndi, – dedi, – kiçik bəy, görünür, birdən-birə nə dediyimizi başa düşməmişdir. Lütf edin, onunla bir az söhbət edək.

Müdirin otağından məktəbin muzeyinə gedən kiçik bir qapı vardı. Onu açdı:

– Burada heç kəs yoxdur, deyilmi?.. Buyurun, İffət bəy, – dedi.

Bu adamı başqa bir yerdə görsəydim, mütləq ruhani zənn edərdim. Elə şirin danışır, elə gözəl, sevimli və səmimi sözlər tapırdı ki! Bəli, əgər başqa yerdə bir-birimizə təsadüf etsəydik bu insaniyyətli, mərhəmətli və nəcib adama bütün qəlbimi açıb danışardım. Lakin, təəssüf ki, məni salona apararkən başı ilə yavərə etdiyi gizli işarə gözümə sataşmışdı.

Əvvəlcə mənə muzeydəki şeylərdən bəhs etdi, müxtəlif eksponatlara dair suallar verdi, sonra yavaş-yavaş söhbəti dəyişdirdi. Atamın nəcibliyini, mənim tərbiyəmi, eynəyimin arxasında titrəyən zəif gözlərimdəki «xarülqüladə zəka parıltılarını» mədh etdi. Bu adam lap mələk idi. Dünyada hər kəsin səadətini istəyir, bir qarışqanın əzilməsinə belə ürəyi yanırdı. Söhbətimiz tam saat yarım çəkdi. Bütün bu gözəl sözlərə inadlı, laqeyd bir sükutla cavab verdim.

Mən, müdir otağından çıxanda tələbələr tənəffüsə enirdilər. Qəlbimdə qorxu və həyəcanla qarışıq bir sevinc var idi. İşin belə qalmayacağını, başıma nə isə gələcəyini bilirdim. Lakin bu, mənə əzablı bir fədakarlıq zövqü verirdi.

Bayırda yağış şiddətlənmişdi. Bağçadan sellər axır, tələbələr üstüörtülü gimnastika salonunda bir-birilə oynayırdılar Uşaqların bəzisi koridordakı pəncərə aralarına sığınmışdı. Məktəb heç vaxt mənə bu günkü qədər uğursuz və sıxıcı görünməmişdi. Yaş çətirlərin, plaşların asıldığı bir dəhlizdə Cəlalı gördüm. Bir küncə söykənib kitab oxuyurdu. Yanına gedib:

– Cəlal, alçaqlar məni nə qədər sıxışdırdılar… Bircə bilsəydin nələr soruşdular, – dedim.

Yoldaşımın əllərini tutmaq istəyirdim, O, bir az geri çəkildi. Nəzərlərimiz bir-birilə sataşdı. Birdən-birə ürəyim yerindən oynadı. Cəlalın baxışında bir qəribəlik var idi.

Bir az əvvəl ona əhvalatı danışmağa hazırlaşdığım halda indi nədənsə sözü dəyişərək:

– Kimdən umursan, Cəlal? Axı, bu alçaqlığı kim eləyib – deyə soruşdum.

Yoldaşım cavab vermədi, başını kitabın üstünə əydi.

Gözlərimlə, səsimlə yalvararaq sualı təkrar etdim. Bu zaman Cəlal əsəbi bir hərəkətlə, acı bir istehza ilə:

– Kim eyləyəcək? Mən elədim… Məndən başqa kim edər? – dedi və üzümə baxmadan dönüb gimnastika salonuna tərəf getdi.

Yerimdəcə donub qalmışdım. Həqiqəti artıq bütün acılığı ilə başa düşmüşdüm. Təkcə yavər deyil, bütün məktəb yoldaşlarım da məndən şübhələnirdilər.

Tənəffüs qurtarmışdı. Tələbələr dəstə-dəstə koridorlarda qaçır, pilləkənlərlə yuxarı qalxırdılar.

Durduğum yerdən çıxmağa cəsarətim qalmamışdı. Dəhlizin qaranlıq bir yerində, yaş çətirlərin və plaşların arasında bir səfil kimi gizlənmişdim.

Qəlbimi birdən-birə ağır bir ümidsizlik bürümüşdü, hiss edirdim ki, nə eləsəm, nə qədər çalışsam bu şübhəni üstümdən ata bilməyəcəyəm. Dəhlizdə bir kəsin qalmadığını gördükdə plaşımı geydim, məktəbin dal qapısından küçəyə çıxdım.

Yağış navalçadan tökülür kimi şırıl-şırıl yağır, küçələrdən bulanlıq sel axırdı.

Əllərim ciblərimdə, başımı aşağı dikərək yeriyir, hiss edirdim ki, daha bir də bu məktəbə döndü yoxdur, ömrümün gözəl bir dövrü bu gün başa çatmışdır. Oğru kimi baş götürüb qaçdığım bu yerdə, nə qədər sevib, sevildiyimi düşündükdə özümü saxlaya bilməyib uşaq kimi ağlamağa başladım.

Evdə xəlfə Kamiyaba dedim ki, xəstəyəm, boğazım ağrıyır. Boğazım, doğrudan da, ağrıyırdı.

O gecə səhərə qədər qızdırma içində yandım, sayıqladım.

Ertəsi gün atamın məni çağırdığını xəbər verdilər. Ağır rəftar görəcəyimi bilirdim, ancaq qorxmurdum.

Otağa girdiyim zaman atam, yerdəki döşəkcədə diz üstə oturan Mahmud əfəndiyə nə isə danışırdı, özünü elə göstərdi ki, guya məni görmür. Ancaq qaşları azacıq çatılmışdı.

Danışdıqları şey mühüm deyildi, elə hiss etdim ki, atam üzümə baxmağa çəkinir, mənə deyəcəyini mümkün qədər gecikdirmək istəyirdi.

Qapının yanında durub gözləyərkən on il bundan əvvəl Kiçik Ömərin qardaşı üçün atama yalvardığım gecəni xatırladım. O vaxt da boğazım belə ağrıyırdı.

Atam sözünü qurtardıqdan sonra üzünü mənə tutdu:

– İffət, səndən şikayət eləyirlər… Dünən bir məsələ barədə məktəbdə səndən məlumat istəyiblər. Nalayiq bir tərzdə cavab veribsən. – Atam üz-gözünü turşutmuşdu, ancaq gözlədiyim qədər də hirsli deyildi. Üzümə baxmır, sözlərini bir qədər tərəddüdlə deyirdi.

Mən yavaş, titrək bir səslə:

– Bir şey bilmirdim, ata, – dedim.

– Aydındır ki, bilmədiyin bir şey haqqında «bilirəm» deyə bilməzdin. Ancaq bu bəhanə ilə ağır, çox ağır sözlər danışmağa nə ehtiyac vardı?

Otağa bir dəqiqəlik ağır sükut çökdü.

– Cavab versənə… meydan oxumağa nə ehtiyac vardı? Təqsirin təkcə bundan ibarət deyil… Məktəbdən də qaçmışdın.

– Yoldaşlarımın üzünə necə baxım, ata?.. Hamı məni xəbərçi sayır… Məni artıq məktəbə göndərməyin…

Əslində Mahmud əfəndi də mənə işarə edir, sanki «sus!» – deyə yalvarırdı.

Atam əli əsə-əsə mənə qapını göstərib acıqlı bir səslə:

– Çıx, – dedi.

Atamın üzünə baxmağa cəsarət etmədən yavaş-yavaş qapıya tərəf yeridim.

Bu dəmdə onun yenə əmrini eşitdim:

– Dayan… Bura bax…

Dala qayıtdım. Atam ayağa durmuşdu, kitab rəflərinə tərəf gedirdi. Bəzi kitabları götürdü, vərəqlədi, tozunu sildi, təkrar yerinə qoydu. Sonra üzünü mənə çevirib qırıq-qırıq danışmağa başladı:

– İffət, hər kəsdən bilmədiyi, hətta bildiyi şeyləri də soruşarlar… Elə məndən də soruşurlar, «bilmirəm» deyə cavab verirəm… Anladınmı?

Bu səs atamın səsi deyildi, kitab rəflərinin qarşısında ayaq üstdə duran bu qoca kişi, vüqarlı, cüssəli paşa atam deyildi.

O, sözünə davam etdi:

– Adamın barəsində hər şey deyərlər… Nə olar ki? Təki vicdanı təmiz olsun… Çox güman… güman deyil, lap yəqin elə mənim də barəmdə deyirlər. Allaha and olsun ki, mən… xəfiyyə deyiləm, İffət…

Atam bu dəqiqədə elə qoca, elə əzgin, elə biçarə görünürdü ki… Gözlüyümün şüşəsi islanmışdı, artıq bir şey görə bilmirdim. O, zəif, yorğun bir səslə:

– Daha çıx get! – dedi.

Atamı o gün tamamilə dəyişmiş, başqa bir adam kimi görmüşdüm. Elə bilirdim ki, artıq bir-birimizə yaxınlaşacağıq. Lakin ümidim boşa çıxdı. O bu əhvalatdan sonra mənimlə sərt rəftar etdi, ürəyindəkiləri daha çox gizlətdi.

***

Məktəbi tərk etmişdim. Yeknəsəq, ürəksıxan günlərimi tənbəlliklə başa vururdum, heç kim nə olacağımı, nə iş görəcəyimi bilmirdi. Padşah yavərliyindən daha xəlfə Kamiyab da söhbət açmırdı.

Bayram günlərinin birində bütün ailə bağda bizdə toplaşmışdı. Günortaya yaxın atamla Müzəffər saraydan qayıtdılar. Qardaşım güləbətin qaytanlı padşah yavəri paltarında gəzib-dolaşır, bayram təbriklərindən danışırdı.

Hamının nəzəri ona dikilmişdi. İyirmi yaşına girən qardaşım həqiqətən çox gözəl bir gənc olmuşdu.

Yeznəm Müzəffəri uzun-uzadı təriflədi, ailəmizin onunla iftixar etdiyini dedi. Təbiidir ki, hamı bunu haqlı sayırdı.

Ancaq yeznəm səhv bir iş gördü, o, üzünü mənə çevirərək:

– Bax, İffət, – dedi, – qardaşından ibrət al. Hələ yaşın ötməyib, çalışsan sən də onun kimi ola bilərsən…

Onun səsində mərhəmətlə qarışıq bir hörmətsizlik də var idi. «İbrət al», sanki «özünü düzəlt» demək istəyirdi.

Yeznəmdən hərdənbir belə sözlər eşitməyə alışmışdım. Ancaq nədənsə bu söz o zaman mənə pis təsir elədi. Qürurlu, təmkinli bir surətdə cürətli cavab verdim:

– Mən, millətə xeyri dəyməyən belə şərəfsiz işlər görməyəcəyəm.

Yeznəm qıpqırmızı qızardı. Acı sözlər demək istəyirdi, lakin özünü saxladı və sadəcə:

– Təəssüf edirəm, İffət, – dedi. – Xalis paşanın oğlundan belə bir uşaqlıq gözləməzdim.

Cavab vermədim. Salonda sıxıcı, ağır bir sükut hökm sürürdü. Bu dəfə də qardaşım ehtiyatsızlıq elədi:

– Bilmirəm onda bu zərərli fikirlər haradandır. Vallah mən onun gələcəyindən qorxuram.

Yenə özümü saxlaya bilmədim:

– Sən özündən qorx, qardaşım. Elə bilirsən ki, millət qiyamətədək yuxudan ayılmayacaq?!

Cahil bir küçə natiqi ədası ilə dediyim bu sözlər yeznəmi lap qəzəbləndirdi. O, əllərini havada oynadır, «bu uşaq ailəmizi dağıdacaq, bunda xain bir jöntürk3 ruhu vardır», – deyə özündən çıxırdı.

Qaramürsəlli bibim təsadüfən orada olmasaydı, yeznəm mənimlə bəlkə daha ağır rəftar edərdi. Bibim araya girdi, qolumdan tutub məni bayıra çıxartdı. Yazıq bibim ağlı kəsdiyi qədər mənə nəsihət verir, başına gəlməkdən qorxduğu fəlakətlər üçün indidən ağlayır, üzümdən, gözlərimdən öpürdü.

Bir qədər sakitləşdikdən sonra hərəkətimə özüm də təəccübləndim. Cürətli bir mübahisəyə girişən deyildim. Doğrudur, yeznəmi sevmirdim, ağılsız qardaşıma hələ balacalıqdan bəri həqarətlə baxırdım, lakin onlarla belə savaşacağımı heç ağlıma da gətirməzdim. Olmaya özüm də hiss etmədən Müzəffərə həsəd aparırdım? Yoxsa o, qırmızı cildli balaca inqilabçı kitablar cücərti verməyə başlayırdı?

Məktəbi tərk etdikdən sonra tamamilə o kitablara qapılmışdım. «Gənc adam, iyirmi yaşına çatdın. Artıq özünə bir məslək seçmək məcburiyyətindəsən. Gəl sənə məsləklərin ən ülvi və şərəflisini mən məsləhət görüm. Bir gün bəşəriyyəti zülm və ədalətsizlikdən xilas edən məfkurə ordusunun əsgəri ol». Bu sözlərlə başlayan bir sosialist kitabı vardı ki, demək olar, əzbərdən bilirdim.

Belə müxtəlif kiçik hadisələr bir-birini təqib edir, ailəm mənə bir inqilabçı kimi baxmağa başlayırdı. Bu məni təəssüfləndirmirdi, əksinə, acı bir zövq duyur, «məfkurə əsgərinin» çəkdiyi iztirablarla fəxr edirdim.

Günlər, aylar bu cür keçdi. Çox dəyişirdim. Təbiətimdəki nəşə sönmüşdü. Bundan yeddi-səkkiz il əvvəlki sağlam, şən, şuluqçu İffət, arıq, sarışın sifəti, qulağa taxılan eynəyinin dalından titrəmədən baxa bilməyən sarı zəif gözləri ilə hərəkətsiz, kədərli bir gənc olmuşdu.

***

Xəlfə Kamiyabı dəfn etdiyimiz gün idi. Paroxodla Əyupsultandan qayıdırdım. Dayəmin dəfnində mənimlə qoca lələdən başqa heç kəs iştirak etməmişdi. Yazığın vəfatına fədakar bir pişiyin ölümü qədər də əhəmiyyət verməmişdilər.

Hava çox sərin və küləkli olduğu halda, göyərtədə oturmuş, eynəyimi çıxartmışdım. Ətrafımı buludlu görürdüm. Beynimdə də hər şey belə dumanlı və anlaşılmaz idi. Bu qoca çərkəz dayənin vəfat etməsi ilə qəlbimdə bu qədər boşluq əmələ gəldiyini təsəvvür etmirdim.

Birdən deyəsən birini Cəlala oxşatdım. O da mənə baxırdı. Başımı aşağı saldım.

– İffət bəy, sizə bir sözüm vardır, – dedi.

Ayağa qalxdım, yenə üzünə baxmadan:

– Buyurun, – dedim.

– Keçən il sizinlə haqsız olaraq pis rəftar etdim. Həqiqət sonradan meydana çıxdı. Vəcdibəyi şeytanlayan, onun yerinə göz dikən bir müəllim imiş… Məktub yazıb sizdən üzr istəyəcəkdim, mümkün olmadı. Məni bağışlayın.

Həyəcandan dilim söz tutmurdu. Bir-birimizin əlini sıxdıq, yan-yana oturduq. Əvvəlcə rəsmiyyətdən əl çəkmir, güclə söhbət edirdik.

Cəlal dayəmin vəfat etdiyini öyrəndikdə ürəkdən təəssüfləndi, dərdimi başa düşdüyünü göstərən sözlərlə mənə təsəlli verməyə başladı. Onu dinləyərkən qəlbimdəki tutqun qüssə saf bir matəmə çevrilir, gözlərimdən sevgi və şəfqətlə dolu yaşlar süzülürdü.

Ölüncəyədək dost və qardaş olaraq qalacağımızı bir-birimizə vəd edib ayrıldıqda sanki ürəyimin bütün zəhəri axıb çıxmışdı. İndi daha özümü tək hiss etmirdim.

***

Məşrutə elan edildiyindən Qaramürsəldə xəbər tutdum. Damlacıqdakı malikanədə ağır qripdən yatırdım. Məşrutə xəbərini eşidəndən sonra bibim məni üç gün güc-bəla ilə yataqda saxlaya bildi. Dördüncü gün xəstə-xəstə paroxoda mindim.

Nəhayət, istədiyim olmuşdu. Bununla belə ümid etdiyim qədər sevinmirdim. Atam, bacım, qardaşım, qohum-əqrəbamız saraya mənsub idilər. Onların başına nələr gələcəkdi?

Paroxod yaxınlaşarkən sahildən bir nümayişçi dəstəsi keçirdi. İzdiham, musiqi, «Yaşasın azadlıq» deyə bağıran səslər, dalğalanan bayraqlar ağlımı başımdan aldı. Bunlar illərdən bəri mənim uşaqlıq, gənclik röyalarımı dolduran şeylər idi. Qəlbimdə ancaq möcüzə görəndə hiss edilə bilən həyəcanlar və sarsıntılarla dəstəyə qarışdım. Şəxsiyyətimi, varlıq hissimi itirmiş halda, coşqun bir selin içində bir damcı su kimi özümü dəstəyə qatdım. Yeridim, yeridim, ta bir tinə çatana qədər, məhv olmalarını allahdan istədiyimiz müstəbid içində Xalis paşanın adını eşidənə qədər yeridim…

O vaxt yanımdakılardan fərqli olduğumu anladım, dəstədən ayrılıb geriyə döndüm.

Artıq uzaqlaşan, nə dediyi eşidilməyən səslərin hələ də «Məhv olsun Xalis paşa!» bağırdığını zənn edirdim.

Atam gözümün qarşısından çəkilmirdi. Onu kitab dolabının qarşısında durub «Mən xəfiyyə deyiləm», – deyə and içdiyi dəqiqədəki üzgün halında görürdüm…

Ev dağınıq idi. Böyük bacım xəstə yatırdı. Xidmətçilər matəm içindəydilər, əhvalatı mənə də danışdılar: azadlıq elan olunduğu gün yeznəm, deyəsən, Misirə qaçıbmış… Atama da qaçmağı təklif ediblərmiş, lakin razı olmayıb. Mənim gəlməyimdən bir gün əvvəl küçədən bir dəstə nümayişçi keçirmiş… «Məhv olsun Xalis paşa!» – deyə bağırıblar. Bir neçə şüşə sındırıblar… İki saatdan sonra atamı tutub aparıblar. İndi harada olduğu məlum deyil…

Evdə hamı mənə acıqlı nəzərlə baxırdı. Hətta bacım:

– Artıq istədiyin oldu! – deyə məni acıladı.

***

Aradan iki gün keçdi. Evimiz karantinli evlərə oxşayırdı. Qohumlardan, dostlardan heç bir kəs qapımızı döyməyə cəsarət etmirdi. Üçüncü gün Mahmud əfəndi gəlib atamdan xəbər gətirdi: polis şöbəsində dustaq imiş, görünür, Midilliyə sürgün edəcəklər.

Bacım, qardaşım, xidmətçilər uşaq kimi ağlayırdılar.

– Siz onun özü ilə görüşdünüzmü, Mahmud əfəndi? – deyə soruşdum.

Müəllimim utanmış halda önünə baxaraq:

– Xeyr, hələ gedə bilməmişəm, – dedi.

– Elə isə bu gün birlikdə gedərik.

Bacım etiraz etdi. Müzəffər isə dedi:

– İndi ara çox qarışıqdır… Səbir elə, bir-iki gün keçsin, sonra birgə gedərik.

Heç birinin sözünə qulaq asmadım:

– Mahmud əfəndi də getməsə, mən tək gedəcəyəm, – deyə təkid etdim.

Atamı görmək asan olmadı. Yazıq Mahmud əfəndi artıq heç tərpədə bilmədiyi iflic ayağını sürüyə-sürüyə üç saat o yan-bu yana qaçdı. Bir çoxlarına yalvardı. Nəhayət atamın yanına girməyimizə icazə verdilər.

Qapıda uzun-uzadı üst-başımızı axtardılar. Cüssəli bir polis nəfəri bizi dar, qaranlıq koridorlardan keçirib apararkən başım gicəllənir, dizlərim əsirdi. Görəsən vüqarlı, möhtəşəm atamı nə halda görəcəkdim?

Atam kiçik bir otaqda, dəmir çarpayı üstündə yarı uzanmış halda siqar çəkirdi. Mahmud əfəndi ağlayaraq atılıb əllərindən tutdu.

Atam, əksinə, gülürdü.

– Bu dünya arası kəsilməyən inqilablar dünyasıdır – qəm yemə Mahmud əfəndi.

Atamı bu qədər şən və sakit görəcəyimi heç ağlıma belə gətirməmişdim. Evdəkiləri soruşdu:

– Nə edirlər? Qorxudan xəstələnən-zad yoxdur ki?

İşdir Müzəffərin nə üçün gəlmədiyini soruşsa cavab vermək üçün fikrimdə söz hazırlayırdım, lakin qardaşımın adını belə çəkmədi.

Yarım saatadək oturduq. Durub getmək istədikdə atam bir kağız parçasına nə isə yazıb:

– İffət, – dedi, – sənə kitab dolabının açarını verirəm, yazdığım bu kitabları tap. Bacın bir neçə dəst tuman-köynək hazırlasın. Bəlkə biz sabah axşam yola düşdük. Hüseyn ağa ilə göndərərsiniz yaxud…

O azacıq tərəddüddən sonra əlavə etdi:

– Sən özün gətirə bilərsənmi, oğlum?

Hiss etdim ki, atam İstanbuldan gedərkən məni bir də görmək istəyir, lakin bunu açıq demir ki, qürrələnmə kimi çıxmasın.

Mənim cavab verməyimi gözləmədən atam Mahmud əfəndidən soruşdu:

– İffətin sabah gəmiyə gəlməsinin bir qorxusu varmı?

Müəllimim:

– Nə qorxusu ola bilər, paşam… Sabah gəmiyə gedərik, eləmi, İffət bəy? – dedi.

Mən öz qəti qərarımı vermişdim. Dedim:

– Mən sizinlə Midilliyə gedəcəyəm, ata.

Atam heyrətlə üzümə baxdı.

Dəyişməz bir inamla sözümə davam etdim:

– Tək getməyiniz yaxşı olmaz… Yanınızda sizi… çox sevənlərdən biri olmalıdır.

Atam qəmli-qəmli üzümə baxdı, razı olduğu üçün üzr istəyən bir tərzdə:

– Çox gözəl, İffət, – dedi.

***

Midillidə iki il yarım qaldım. Üç otaqlı kiçik bir evdə, demək olar, yoxsul həyat keçirirdik. İstanbuldakı evimizlə Böyükçəkməcə ətrafındakı malikanəmizin başı bağlanmışdı. Çox varlı zənn edilən paşa atamın, sürgündə ikən aldığı bir neçə lirəlik maaşdan başqa heç bir gəliri yox idi. Ölümünə üç ay qalmış bir gecə əlyazması divanını və təsbehini satmağa məcbur olmuşduq. Bu hadisə atamı çox kədərləndirdiyi üçün mənim də ürəyimdə dərd olmuşdu.

İstanbulla heç əlaqəmiz qalmamışdı. Əslində məşrutə ailəmizi dağıtmışdı. Bacım əri ilə birlikdə Misirdə idi. Qardaşım Müzəffər gözüaçıqlıq eləyib Böyükadada zəngin bir ailədən qız alıb onlarla yaşayırdı. Qalanlar – bayramlarda, mövlud4 axşamları atamın ətəyini öpməyə gələn qohum-əqrəba, dostlar indi adımızı belə çəkmirdilər. Hamısı azadlıqsevən adamlar olmuşdu. Təkcə Mahmud əfəndidən müntəzəm olaraq hər həftə məktub alırdıq.

Bizə üz verən bədbəxtlik sanki atama təsir etməmişdi. Yenə də əvvəlki kimi əynində xalatı, başında araqçını pəncərənin qabağında oturub divanlarını oxuyurdu.

Beləcə, bir hadisə baş vermədən iki il yarım keçdi. Qışın axırlarına yaxın günlərdən birində atam sətəlcəmdən öldü.

Ömrünün sonuncu günü ona dərman verirdim. Üzü mum kimi saralmış, gözləri yumulmuşdu. Ağır-ağır, çətinliklə nəfəs alırdı. Gözlərini açmadan əlimi tutdu, sinəsinin üstünə qoyub saxladı, sonra yavaş-yavaş dodaqlarına yaxınlaşdırıb, barmaqlarımın ucunu öpməyə başladı. Son nəfəsinədək bu vəziyyətdə qaldıq.

Midillidə boş keçirtdiyim bu iki il yarıma bəzən təəssüf edən kimi oluram. O vaxt, ölərkən atamın barmaqlarımı öpməsi yadıma düşür. Özüm-özümdən utanıram. Elə bilirəm ki, yazığın xatirəsinə bir hörmətsizlik etmişəm.

İstanbula qayıdandan sonra atamın keçirdiyi son günləri Mahmud əfəndiyə danışdım.

Qoca müəllim uşaq kimi ağladı.

– İffət bəy, – dedi, – mən müsəlmanam, yalan danışa bilmərəm. Atanız barəsində çox haqsızlıq etdilər. Xalis paşa namuslu adam idi. Bir qarışqaya da zərər vurmaq istəməzdi. Padşahın təkidlərinə baxmayaraq jandarm nazirliyində üç həftədən çox qalmadı. Yeganə nöqsanı tərk-dünya xasiyyətli olmasıydı. Hadisələrin gedişinə mane olmağın qeyri-mümkünlüyünə inanır, işi özbaşına axına buraxırdı. Məktəbdən çıxdığınız gün yadınızdadırmı? Xalis paşanı o günədək mən belə başa düşə bilməmişdim. Sizi otaqdan çıxartdıqdan sonra başını əlləri içinə aldı, üzü kül kimi bozarmışdı. Gözləri yaşla doldu. «İffət məni məhv etdi… Doğma övladımın belə, gözündən düşdüm…» – deyə şikayətləndi.

Bəli, gələcəyim üçün çox mühüm olan bir-iki ili atama həsr etməyimə əsla peşman deyiləm.

***

İstanbula qayıtdığım vaxt yaşım iyirmi birə çatmışdı. Məni bir gündən o biri günə çıxardan dolanacaq vəsaitim yox idi. Qardaşım evimizlə malikanəmizin geri qaytarılması üçün məhkəmədə məsələ qaldırmışdı. Lakin bu işdə müvəffəqiyyət qazanmaq ümidi çox az idi. Bir şey çıxsa da məsələnin həlli illərlə uzanacaqdı. Nə qardaşımdan, nə də başqa qohumdan kömək gözləyə bilməzdim.

Təhsilim yarımçıq qalmışdı. Midillidə bir çox kitab oxumuşdum, ancaq bunlar heç bir şeyə yaramayan əyləncəli şeylərdi.

Bununla bərabər cəsarətim yox olmamış, ümidim kəsilməmişdi. Pulda, böyük mənsəbdə gözüm yox idi. İşləməyə böyük həvəs hiss edirdim. Nə iş olsa görəcəkdim, ta ki, təmiz bir iş olsun.

Mahmud əfəndi ilə Cəlalın mənə çox köməyi dəydi. İkisi də universitetin hüquq fakültəsinə girməyimi istəyirdi. Mənim üçün təhsilimə mane olmayan bir iş də tapacaqdılar. Beləliklə, həm universitet davam edəcək, həm də özüm üçün dolanacaq vəsaiti qazanmağa başlayacaqdım.

Universitetə girmək çox çətin olmadı. İlk gündən etibarən böyük bir səylə çalışmağa başladım.

Midillidən qayıtdığım vaxt adada, qardaşımın evində qalmalı olmuşdum. Qardaşım arvadı məni çox yaxşı qarşılamışdı. Anası məni uşaqlarından ayrı gözlə baxmırdı, xülasə, bu evdə hamı məni sevirdi. Lakin mən heç rahat ola bilmirdim. Burada sıxıntı çəkir, kiçik bir iş taparaq müstəqil həyat sürəcəyim günü səbirsizliklə gözləyirdim.

Mahmud əfəndi ilə Cəlal mənim üçün tacir katibliyi, müxbirlik, müəllimlik kimi bir iş tapmağa çalışır, durmadan oraya-buraya müraciət edirdilər. Nəhayət, buna müvəffəq oldular.

Bir gün Mahmud əfəndi sevinə-sevinə universitetə gəlib dedi:

– Sizin üçün gözəl bir iş tapmışıq, İffət bəy. Deputat Cəmil Kərim bəyin uşaqlarına həftədə iki dəfə dərs deməyə keçəcəksiniz. Yaxşı da pul verəcəklər…

Cəmil Kərim bəy müəllimimin ən köhnə qonşularından biri idi. Min üç yüz iyirmi dördüncü ilə qədər5 mülki vəzifələrdə çalışıb vilayətləri gəzmişdi. Məşrutə elan edildiyi zaman rəisi olduğu qəzadan deputat seçilmişdi.

1.Mülkiyyə – mülki qulluqçuları hazırlayan məktəb.
2.Şövkətməab əfəndi – Türkiyə sultanına işarədir.
3.Türkiyədə «İttihad və tərəqqi» adlı millətçi burjua-mülkədar partiyasının üzvlərinə jöntürk deyərdilər, Bu partiya 1908-ci ildə yuxarıdan edilən bir çevriliş nəticəsində hakimiyyət başına gələrək, mürtəce siyasət yeritməklə Türkiyənin alman imperializminə tabe edilməsinə kömək etmişdi.
4.Mövlud – Məhəmməd peyğəmbərin anadan olduğu gün.
5.1908-ci ilə qədər.

Darmowy fragment się skończył.

3,69 zł
7,39 zł
−50%
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
29 października 2022
Objętość:
151 str. 2 ilustracji
ISBN:
978-9952-8245-5-2
Właściciel praw:
JekaPrint
Format pobierania:

Podobne książki