Czytaj książkę: «Atmacalar»
MÜƏLLİFDƏN BİR NEÇƏ KƏLMƏ
Oxuculara təqdim olunan «Atmacalar» həmin adlı kitabın təkmilləşdirilmiş, ikinci nəşridir. Bundan əvvəl nəşr edilmiş «Atmacalar» kitabı nisbətən kiçik idi.
Tarixi simaların adı ilə bağlı olan hikmətli sözlərin, habelə zərb-məsəllərin, hazır-cavab kəlamların və atmacaların toplanıb kitabça şəklində nəşr edilməsi təcrübəsinə bir çox xalqların ədəbiyyat tarixində rast gəlmək mümkündür. Məsələn, Suriya yazıçısı Əbülfərəcin (1226-1286), Yaxın Şərqdə məşhur olan Übeyd Zakaninin (XI əsr), alman yazıçısı Fridrix Klopştokun (1724 – 1803), böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799 – 1837), ingilis tənqidçisi Tomas Karleylin və başqalarının bu növ əsərləri dəfələrlə nəşr olunmuş və müxtəlif dillərə tərcümə edilmişdir.
Dünya ədəbiyyatının böyük siması Lev Nikolayeviç Tolstoyun da 1912-ci ildə nəşr edilmiş dörd cildlik «Круг чтении» adlı kitabının dörddə üç hissəsini digər müəlliflərdən alınmış aforizmlər və hikmətli sözlər təşkil edir.
Müasir rus ədəbiyyatında N. S. Aşukin və M. Q. Aşukinanın 1955-ci ildə nəşr etdirdikləri «Крылатые слова» kitabı da bu əsas üzərində tərtib edilmişdir.
«Atmacalar» kitabının göstərilən kitablardan fərqi orasındadır ki, həmin kitablarda müəlliflərin hikmətli sözləri ilə yanaşı, xalq arasında dillərdə gəzən və müəllifi məlum olmayan sözlərə də təsadüf edildiyi halda, «Atmacalar» kitabında ancaq müəyyən tarixi simaların ayrı-ayrı hadisələrlə bağlı olan sözləri verilir.
«Atmacalar» kitabına toplanmış aforizmlər, hikmətli sözlər və başqa kəlamlar müxtəlif kitablardan, jurnallardan, məcmuələrdən, tərcümeyi-hallardan, qəzetlərdən və başqa mənbələrdən götürülmüşdür və kitabda onların müəllifləri haqqında qısa məlumat verilir. Bir çox şəxsiyyətlərin, xüsusən azərbaycanlı ədiblərin, şairlərin, alimlərin və ictimai xadimlərin kəlamları toplanılarkən mətbuatla yanaşı, ayrı-ayrı şəxslərin xatirələrindən də istifadə edilmişdir.
Oxucuların arzularını nəzərə alaraq, bu kitabda Şərq müəlliflərinin kəlamlarına da çox yer verilmişdir.
Hörmətli oxucularımızın diqqətini bu böyük həqiqətə cəlb edirik ki, kitabda kəlamları toplanmış bütün müdrik adamlar – irqindən və milliyyətindən asılı olmayaraq – cəhaləti, nadanlığı, istismarçı siniflərin kütlüyünü və zorakılığını lağa qoyur, ifşa edir, öldürücü istehza ilə damğalayırlar. Atmacaların ifadə etdiyi dərin fikirlər, zəngin həyat təcrübəsi, qiymətli ümumiləşdirmələr bizim köhnəliyə qarşı, keçmişin mənfur qalıqlarına qarşı mübarizəmizə kömək edir, gənc nəslə Puşkinin və Gertsenin vətəndaşlıq cəsarəti, Pavlovun və Pasterin elm və tərəqqi uğrunda hədsiz fədakarlıq kimi gözəl, nəcib keyfiyyətlərini aşılayır.
Q. Məmmədli
AYVAZOVSKİ, İVAN KONSTANTİNOVİÇ
Məşhur rəssam Ayvazovski (1817–1900) həyatının son günlərinədək işləmiş və altı minədək qiymətli şəkil çəkmişdir. O, həmişə deyərdi:
– Mənim üçün yaşamaq – işləmək deməkdir.
ANDROKLİD
Qədim Yunanıstanda, Androklid adlı bir döyüşçü müharibədə ayağından yaralanıb şikəst olmuşdu. Onu vuruşma meydanına buraxmayan sərkərdəyə Androklid demişdi:
– Mən vuruşmağa gedirəm, qaçmağa yox!
APUXTİN, ALEKSEY NİKOLAYEVİÇ
Rus şairi Apuxtinin (1840 – 1893) gözləri zəif görürdü. Bir gün o, parkda gəzərkən şıq geyimli bir gəncə toxunmuşdu, gənc acıqlanaraq demişdi:
– Axmaq!
Şair hörmətlə papağını qaldırıb təzim etmiş və ona:
– Mən isə Apuxtinəm, – deyə cavab vermişdi.
ARİSTİPP
Eramızdan 435 il əvvəl doğulmuş qədim yunan filosofu Aristipp bir məktəb təsis etmişdi. Varlılardan biri öz oğlunu gətirib həmin məktəbə tapşırmaq istədikdə təhsil haqqının miq-darını soruşmuşdu. Aristipp:
– Beş yüz qızıl verəcəksiniz! – demişdi.
– Paho! Mən bu pula bir qul ala bilərəm! – deyə varlı təəccüb etdikdə filosof:
– Elə isə oğlunuzu məktəbə qoymayın, qoy iki qulunuz olsun! – deyə cavab vermişdi.
ARİSTOTEL
Qədim Yunanıstanın böyük filosofu Aristotel (e.q. 384-322) bir gün Makedoniyalı İsgəndərə demişdi:
– Öz sirlərini heç vaxt iki nəfərə demə, yoxsa bu sirlər açılanda, o iki nəfərdən hansının təqsiri üzündən açıldığını müəyyən edə bilməzsən. Onların hər ikisinə cəza versən, bu, sirri verməyən haqqında haqsızlıq olar. Əgər hər ikisini əfv etsən, yenə də təqsirsizi təhqir etmiş olarsan.
* * *
Aristoteldən soruşdular:
– Sənin başqalarından fərqin nədədir?
O, dedi:
– Başqaları yaşayırlar yemək üçün, mən isə yeyirəm yaşamaq üçün.
* * *
Aristotel demişdir:
– Ağıllı adam başqa bir ağıllı adamın fikri ilə həmişə razılaşar. Sarsaq isə adətən nə ağıllı, nə də sarsaq adamın fikri ilə razılaşar.
* * *
Bir nəfər çoxdanışan öz yersiz söhbətləri ilə Aristoteli cana gətirmişdi. O hey danışır və tez-tez filosofa deyirdi:
– Doğrudan da bu çox qəribə əhvalatdır. Eləmi?
Özündən çıxmış filosof nəhayət ona demişdi:
– Mənə qalarsa, ən qəribə əhvalat orasıdır ki, insan iki ayağı ola-ola qaçıb sənin əlindən qurtarmaqdansa, durub sənə qulaq asır.
ARXİLAY
Eramızdan təqribən 500 il qabaq yaşamış yunan filosofu Arxilayın başını qırxan dəllək uzun danışan bir adam imiş. Alimin isə bundan xoşu gəlməzmiş. Bir gün adəti üzrə filosofun başını qırxarkən dəllək demişdir:
– Başınızı nə formada qırxım?
– Dinməz-söyləməz formada! – deyə Arxilay cavab vermişdir.
ARXİMED
Qədim yunan riyaziyyatçısı Arximed (e. ə. 287–212) manivela qanununu müəyyən etdikdən sonra:
– Mənə istinad nöqtəsi verin, yer kürəsini yerindən oynadım! – demişdir.
* * *
Arximed öz doğma şəhəri Sirakuzanı romalılardan müdafiə etmək üçün hərbi maşın icad etmişdi. Bu ixtiradan sonra düşmənlər hər dəfə Sirakuzaya hücum etdikdə onlara dəyənək, ya da kəndir göstərildikdə belə, onlar dəhşətə düşüb:
– Ay aman, Arximed yeni maşın icad etmişdir! – deyə qaçırdılar.
AXUNDOV, MİRZƏ FƏTƏLİ
Mirzə Fətəli Axundov (1812 – 1878) Gəncədə Mirzə Şəfi Vazehin yanında dərs oxuyarkən Vazeh ondan soruşmuşdu:
– Elm oxumaqdan məqsədin nədir?
– Molla olacağam, – deyə Mirzə Fətəli cavab verdikdə Mirzə Şəfi demişdi:
– Deməli, sən də fırıldaqçı və şarlatan olmaq istəyirsən?
* * *
Bir gün Mirzə Fətəli evinə çox gec gəlmişdi. Arvadı bunun səbəbini soruşduqda, o, ərəb əlifbasında çoxlu nöqtə olduğuna və bunların qoyulmasına çox vaxt sərf edildiyinə işarə edərək demişdi:
– Pəncşənbənin nöqtələrini qoyurdum!
AŞIQ ƏLƏSGƏR
Azərbaycanın böyük söz və saz ustadı aşıq Ələsgər (1821 – 1926) başına adətən yekə papaq qoyardı. Bir məclisdə bəylərdən biri aşığa sataşmaq və papağına lağ edib, «kəs, yarısını ver qardaşına!» – demək üçün ona belə bir sual ver-mişdi:
– Aşıq, qardaşın vardırmı?
Hazırcavab aşıq onun fikrini anlayıb:
– Var, ancaq onun papağı mənimkindən də yekədir! – deyə cavab vermiş və bəyi susmağa məcbur etmişdi.
BABƏK
Ərəb işğalçılarına qarşı Azərbaycan xalqının azadlıq müharibəsinə başçılıq edən Babək (vəfatı 837) 21 illik mübarizədən sonra xəyanət nəticəsində ələ keçib Bağdada aparılmışdı. Ərəblər burada ona cəza verməyə başlamışdılar. Ərəb komandanı Afşinin əmri ilə əvvəlcə onun bir qolunu kəsmişdilər. Babək əlini yarasından axan qanına bulaşdırıb üzünə çəkdikdə Afşin soruşmuşdu:
– Nə üçün belə etdin?
Babək ona belə cavab vermişdi:
– Qanım axdıqca rəngimin solduğunu görəndə «qorxusundan rəngi saralmışdır» deyə bilməməniz üçün öz qanımla üzümü qızardıram.
BABURŞAH, ZƏHİRƏDDİN MƏHƏMMƏD
Hindistanda böyük Moqol sülaləsinin banisi Baburşah (1483–1530) uzun saqqallı bir kəndlinin şikayətə gəldiyini görüb onu yanına çağırmış və nə istədiyini ondan soruşduqda kəndli şaha belə cavab vermişdi:
– Xorasan hakimi vergi yığarkən məndən on batman taxıl əvəzinə yüz batman taxıl istəyir.
Baburşah ona demişdi:
– Heç on batmanlıq saqqalından utanmırsan, şikayətə gəlib hakim haqqında yalan danışırsan?
Kəndli:
– Bir padşah ki, mənim iki misqal ağırlığında saqqalımı on batman eləyə, daha onun hakimindən nə gözləmək olar? –deyərək çıxıb getmişdi.
BAQRATİON, PYOTR İVANOVİÇ
1812-ci il müharibəsinin qızğın saatlarında zabitlərdən biri nahar yeyən general Baqrationun (1765–1812) yanına gəlib demişdi:
– Ordu baş komandanı əmr etdi siz cənabın nəzərinə çatdıram ki, düşmən bizim burnumuzun ucundadır. Xahiş olunur təcili surətdə geri çəkiləsiniz.
Burnu çox böyük olan Baqration onun cavabında demişdi:
– Deyirsiniz ki, düşmən bizim burnumuzun ucundadır? Kimin? Əgər sənin burnunun ucundadırsa, deməli, yaxındadır. Yox, əgər mənim burnumun ucundadırsa, deməli, hələ nahar yeməyə vaxtımız çatar.
BAYRON, CORC NOEL QORDON
İngiltərənin məşhur şairi Bayron (1788 – 1824) yazmışdı: «Ölümdən qorxmaq əbəsdir, həyat ilə ölüm arasında heç bir fərq yoxdur». Dostlarından biri ona:
– Əgər belə isə, nə üçün ölümü arzu etmirsən? Bir qədər də ölü vəziyyətdə qalsan olmazmı? – dedikdə, Bayron cavab vermişdi:
– Mən də elə həyat ilə ölüm arasında fərq görmədiyim üçün ölümü arzu etmirəm.
BALZAK, ONORE DE
Böyük fransız yazıçısı Balzakın (1799–1850) nökəri bir dəfə otağa girdikdə kresloda uzanmış ağasının öldüyünü güman edib haray salır. Qonşular toplaşdıqda Balzak özünə gəlir və bu vəziyyətə düşməsinin səbəbini izah edərək deyir:
– Qorio1 ata indicə ölmüşdü!
* * *
Balzak xəttə baxıb, adamın xarakterini müəyyən etməkdə usta olduğunu iddia edirdi. Bir gün bir qadın onun yanına gəlmiş və bir uşağın yazısını göstərərək, yazıçıdan xahiş etmişdi ki, onun xarakterini müəyyən etsin. Balzak yazıya diqqətlə baxıb həyəcanlanmışdı. Qadın onu başa salıb demişdi:
– Uşaq mənim qohumum deyil, yaddır, ona görə xahiş edirəm onun barəsində nə bilirsinizsə, hamısını açıq deyəsiniz!
– Elə isə qulaq asın. Mənim fikrimcə, bu uşaq pintidir, tənbəldir, ona inanmaq olmaz, onunla hər addımda ehtiyatlı olmaq lazımdır, yoxsa adamı rüsvay edə bilər.
Yazıçını diqqətlə dinləyən qadın eşitdiklərinin cavabında demişdi:
– Çox qəribədir. Bu sizin özünüz şagird olarkən yazdığınız dəftərdən bir vərəqdir!
* * *
Balzak demək olar ki, həmişə ehtiyac içində yaşarmış, pulsuzluqdan korluq çəkərmiş. Bir gecə evində yatdığı zaman səs-küy eşidib yuxudan ayılmış və görmüşdü ki, oğru açar salıb yazı mizinin gözünü açmaq istəyir. Yazıçı oğrunun hərəkətini bir qədər seyr etdikdən sonra, qəh-qəhə çəkib gülmüşdü. Oğru əvvəlcə qaçmaq istəmiş, lakin ev yiyəsinin onu tutmaq fikrində olmadığını görüb soruşmuşdu:
– Siz niyə gülürsünüz?
– Mən sənin xamlığına gülürəm. Mənim əsil açar ilə açıb tapa bilmədiyim şeyi sən qayırma açar ilə açıb tapmaq istəyirsən.
BELİNSKİ, VİSSARİON QRİQORYEVİÇ
Mən kitab üzərində işlərkən öləcəyəm və tapşıracağam ki, tabutumun üstünə «Отечественные записки» jurnalını qoysunlar… bu sözləri kədərlə və eyni zamanda sevinc və iftixarla deyirəm. Rus ədəbiyyatı mənim həyatım və qanımdır.
* * *
1940-cı ildə qabaqcıl dünyanın başında duran, elmin və sənətin qanunlarını yaradan və bütün qabaqcıl bəşəriyyətin ölməz ehtiramını qazanan Rusiyanı görəcək nəvə və nəticələrimizə qibtə edirik.
BERNAR, SARA
Fransada çıxan «Fiqaro» qəzetinin müxbirlərindən biri məşhur aktrisa Sara Bernarın (1844 – 1923) yanına gəlib ondan soruşur:
– Siz hansı xəstəlikdən və necə ölməyi üstün tutursunuz?
– Sevgidən! – deyə Sara Bernar cavab verir.
BERNS, ROBERT
Şotlandiyanın məşhur şairi Robert Berns (1759 – 1796) bir gün çay kənarında gəzərkən bir tacirin suya düşdüyünü görmüşdü. Yoldan ötən bir matros özünü suya atıb taciri xilas etməsəydi o, mütləq boğulacaqdı. Tacir özünə gəldikdən sonra çıxarıb matrosa bircə şillinq verdikdə hamı hiddətlənmişdi. Berns adamları sakit edərək demişdi:
– Əsəbiləşməyin, vətəndaşlar, ölümdən xilas edilmiş adam öz həyatının qiymətini hamıdan yaxşı bilir.
BRET, QART FRENSİS
Amerika yazıçısı Bret Qart (1839 – 1902) öz hekayələrini oxumaq üçün Riçmond şəhərinə gəlmişdi. Yazıçı xəstələnmiş və özünü pis hiss etməyə başlamışdı. Yerlilərdən biri onu sakit etmək üçün demişdi:
Bizim şəhərin abi-havası çox yaxşıdır. Burada gündə ancaq bircə nəfər ölür!
Yazıçı dərhal ondan soruşmuşdu:
– Deyin görüm: bu gün ölməyə namizəd olan adam ölmüşdür ya yox?
BERTELO, PYER EJEN MARSELEN
Məşhur Fransa kimyagəri və siyasi xadim Bertelo (1827 – 1907) özünü öyən və lovğa bir adam idi. O, çox yerə seçilməyi istər və buna müvəffəq olardı. Bəzən kimya elmi ilə heç bir əlaqəsi olmayan vəzifəyə də təyin olunardı. 1895-ci ildə Fransa qəzetləri xəbər verdilər ki, yeni nazirlər kabineti təyin olunub, nazirlər arasında Bertelo da vardır. Fransa yazıçılarından Renan adlı birisi «Fiqaro» qəzetində «Burası yeganə yerdir ki, Bertelo onu ələ gətirməyə çalışmamışdır!» yazmışdı. Yazıçı təklif etmişdi ki, Bertelo ölərkən bu sözləri onun qəbir daşına yazsınlar.
BERTSELİUS, İOHANS YAKOB
Məşhur İsveç kimyagəri Bertselius (1779 – 1848) kiçik bir şəhərdə yaşayır və işləyirdi. Həmyerliləri onun qulluqçusu olan qızı gördükdə soruşdular:
– Alim nə ilə məşğuldur?
– Dürüst deyə bilmərəm; orasını bilirəm ki, o, böyük şüşədəki mayeni çalxalayıb kiçik şüşəyə tökür, sonra çalxalayıb ondan kiçik şüşəyə tökür, sonra lap kiçik şüşəyə tökür…
– Bəs sonra?
– Sonra da atır bayıra! – deyə qız cavab verir.
BƏHMƏNYAR, MƏRZİBAN OĞLU
Şərqin böyük alimi İbni Sina bir gün dəmirçixanada oturduğu zaman bir uşaq gəlib dəmirçidən od istəmişdi. Dəmirçi ona:
– Qab gətir, od apar! – demişdi.
Uşaq bir qədər fikirləşib ovuclarını torpaq ilə doldurmuş və demişdi:
– Odu bu qabın içərisinə qoy!
İbni Sina uşağın belə fərasətli olduğunu görüb heyran qalmış və ona elm oxumağı məsləhət görmüşdü. Bu uşaq Azərbaycanın böyük alimi Bəhmənyar Mərziban oğlu idi (vəfatı 1065).
BİSMLRK, OTTO
Bismark (1815 – 1808) Fransa–Almaniya müharibəsi zamanı (1870 – 1871) baş qərargahının yanından keçən bir soldatına təsadüf etmişdi. O, soldatın üzünün qana bulaşdığını görüb demişdi:
– Bu sir-sifətlə hansı meyxanadan gəlirsən? İndicə cəbhəni yarıb alman qərargahına hücum edən Fransa əsgərlərinə qarşı döyüşdə yaralanmış soldat ona belə cavab vermişdi:
– Sizin «Almaniya» lövhəsi altında açdığınız meyxanadan gəlirəm.
BOBORIKİN, PYOTR DMİTRİYEVİÇ
Dramaturq Boborıkinin (1836–1921) yeni əsəri oynandığı zaman yazıçı Şpajinski yatmış bir tamaşaçını ona göstərib demişdi:
– Baxınız, nə şirin yuxulamışdır.
Boborıkin susmuş və bir neçə vaxtdan sonra Şpajinskinin yeni əsərinə tamaşa etdikləri zaman yuxulamış bir tamaşaçını müəllifə göstərib demişdir:
– Baxınız, nə şirin yuxulamışdır?! Şpajinski özünü itirməyərək demişdir:
– Görürəm, görürəm, elə həmin adamdır, sizin əsərin tamaşasında necə yuxulamışsa, hələ də ayılmamışdır.
BUALO, NİKOLA
Ədib Bualo (1636–1711) bir ziyafətə çağırılmış və burada tənqidçi Şapla təsadüf etmişdi. İşrət zamanı Bualo öz şeirlərindən bir neçəsini oxuduqda Şapl onu tənqid etməyə başlamışdı. Bunu görən Bualo demişdi:
– Əfv edərsiniz, sərxoş olduğunuz üçün şeiri tənqid etməyə qadir deyilsiniz.
Şapl onun cavabında:
– Əfv edərsiniz… Siz öz şeirlərinizdə sərxoş olduğunuz qədər sərxoş deyiləm, – demişdi.
BOSSYE, ŞARL
Fransanın məşhur riyaziyyatçısı Bossye (1730 – 1814) ağır xəstə olduğu zaman dostları onun görüşünə gəlmişdilər. Xəstənin suallara cavab verməyə iqtidarı yox idi. Dostlardan biri:
– Onun nəfəsi gəlmir, – dedikdə başqası:
– İmtahan üçün ondan bir söz soruşun, – deyə təklif etmişdi. Xəstəyə sual vermişdilər:
– Bossye, on ikinin kvadratı neçə edər?
– Yüz qırx dörd! – deyə Bossye dərhal zəif səslə cavab vermişdi.
BOTKİN, SERGEY PETROVİÇ
Materialist alim və həkim, professor Botkin (1832–1889) xaricə səyahət etdiyi zaman kurort şəhərlərindən birinə getmişdi. Bunu eşidən yerli həkimlər onu təntənə ilə qarşılamaq üçün vağzala gəlmişdilərsə də görüş baş tutmamışdı. Çünki onlardan heç biri Botkini üzdən tanımırdı. Yeni gələn adamın isə baqajında iki vialon olduğunu görüb elə güman etmişdilər ki, bu, musiqi çalandır. Ona görə də ona yaxınlaşmamışdılar.
Botkin bütün ömrü boyu yorulmadan işləyir, ancaq musiqi çalmağı öyrənməklə əylənirdi. O, əlli yaşınadək musiqidən dərs alar və deyərmiş:
– Bu mənim yeganə istirahət vasitəmdir.
BRAMS, İOHANNES
Böyük alman bəstəkarı Bramsın (1833 –1897) görüşünə gəlmiş dostu çıxıb gedərkən demişdi:
– Sənin vəfatından sonra bu qapıya vurulacaq lövhədə nə yazılacağını indidən təsəvvürə gətirmək çox da çətin deyil…
Brams düşüncəli halda ona cavab verərək demişdi:
– Yəqin yazacaqlar ki: «Bu ev kirayəyə verilir».
* * *
Brams dəvət edildiyi bir ziyafətdə süfrə başında oturduğu zaman ev yiyəsi onun qədəhinə şərab tökmüş və demişdi:
– Hörmətli bəstəkar, bu şərabın dadına baxmağınızı rica edirəm. Bu mənim şərablarımın içərisində Bramsdır…
Brams təqdim edilən şərabı alıb içmiş və onu tərifləyərək ev yiyəsinə demişdi:
– Əzizim, indi də mənə sizin Bethovendən bir qədəh verin.
BRÜLLOV, KARL PAVLOVİÇ
Milyoner bir qadın məşhur rus rəssamı Brüllova (1799 – 1852) müraciət edərək şəklini çəkdirmək istəyir. Şəkil hazır olandan sonra qadın şıltaqlığa başlayaraq:
– Şəkil xoşuma gəlmir, rəngləri yaxşı deyildir, – deyir.
Rəssam belə cavab verir:
Əgər məsələ rəngdədirsə, onda heç söz ola bilməz. Mən bu şəklin rənglərini siz yanaqlarınıza sürtmək üçün rəng aldığınız mağazadan almışam.
BUDE, GİLYOM
Fəlsəfə, ədəbiyyat və hüquq elmləri sahəsindəki əsərləri ilə məşhur olmuş Fransa alimi Bude (1467–1540) kabinetində oturub işlədiyi zaman qulluqçusu qəflətən otağa girib:
– Ay aman, yanğın var, yanğın! – deyə qışqırdıqda, alim soyuqqanlılıqla ona sarı çevrilib:
– Bu barədə arvadıma xəbər vermək lazımdır, Sən bilirsən ki, mən təsərrüfat işlərinə qarışmıram, – demiş və kağızlarını qurdalamaqda davam etmişdir.
BUZƏRCÜMEHR
Buzərcümehrdən (VI əsrdə İran padşahı Ənuşirəvanın nədimi) soruşdular:
– O hansı sərvətdir ki, adamlar onun qədrini bilmirlər.
O, dedi: – təvazökarlıq.
* * *
Buzərcümehrdən soruşdular:
– Nə üçün dost asanlıqla düşmən ola bilir, amma düşmənin dost olması çətindir?
O dedi:
– Çünki evi yıxmaq tikməkdən asandır, qabı sındırmaq yamamaqdan qolaydır, pulu xərcləmək qazanmaqdan asandır.
* * *
Buzərcümehr deyərdi:
– Çiçək baharda, meyvə payızda yaxşıdır. Qızın gözəlliyi, oğlanın cəsarəti və insanın təvazökarlığı isə həmişə lazımdır.
* * *
Buzərcümehrin arvadı bir gün ona nə sual verdisə, əri ona cavab verə bilmədi. Arvad dedi:
Sən padşahın nədimisən, hələ bunun üçün maaş da alırsan. Amma mənim suallarıma cavab verə bilmirsən.
O dedi:
Mən bildiklərim üçün maaş alıram, bilmədiklərim üçün yox. Əgər bilmədiklərim üçün maaş versəydilər padşahın xəzinəsində pul qalmazdı.
BURXAVE, GERMAN
Məşhur holland həkimi Burxavenin (1738-ci ildə vəfat etmişdir) şeyləri içərisindən tapılmış yüz səhifəlik başı bağlı bir tibb kitabı hərraca qoyularaq on min dollar qızıl pula satılmışdı. Kitabın möhrü götürüldükdən sonra onun ağ səhifələri üzə çıxmış, yalnız birinci səhifədə:
«Başını sərin saxla, ayaqlarını isti. Bununla da sən ən yaxşı həkimi yoxsul günə qoyarsan» sözlərini oxumuşdular.
BUTLEROV, ALEKSANDR MİXAYLOVİÇ
Məşhur rus kimyagəri Butlerov (1828–1886) Qazan pansionunda oxuduğu zaman kimya ilə maraqlanıb gizlicə kimya təcrübələri ilə məşğul olurdu.
Bunun üçün onu bir neçə dəfə cəzalandırmışdılar. Bir gün pansionda güclü partlayış oldu. Gəlib Butlerovu üz-gözü yanmış, tükləri qarsalanmış halda tapdılar. Bunun üçün onu karserə saldılar. Hər gün onu nahar yeməyinə gətirdikdə döşünə «böyük kimyagər» sözü yazılmış taxta vurur və masqaraya qoyurdular.
Pansion rəhbərləri bilmirdilər ki, masqara üçün ona verdikləri bu ad gələcəkdə həqiqi mənasını kəsb edəcəkdir.
BÜLOV, HANS QVİDO
Alman pianoçusu, bəstəkarı və dirijoru Bülovdan (1830 – 1894) soruşdular:
– Yaxşı dirijor ilə pis dirijorun arasında nə fərq var?
O, fikirləşmədən cavab verdi:
– Yaxşı dirijor ifa olunan əsərin partiturasını başında saxlar, amma pis dirijor, əksinə, əsər çalındığı zaman başını partituradan ayıra bilməz».
BÜFFON, ERO DE SEŞEL
Fransanın XVIII əsr dövlət xadimlərindən biri, məşhur təbiətşünas Büffon (1707 – 1788) ilə görüşmüş və düha haqqında onun fikrini soruşmuşdu. Büffon demişdi:
– Düha ancaq səbirli olmaq istedadından ibarətdir.
* * *
Büffona botanika bağından iki ədəd banan göndərirlər. Meyvələri gətirən uşaq bananların təcrübə üçün göndərildiyini bilib: «Biri də kifayətdir» – deyə yolda birini yeyir. Büffon iki ədəd banan göndərildiyini bildiyi üçün uşaqdan soruşur:
– Bəs bunun birisi hanı?
– Yedim, – deyə uşaq cavab verir.
– Necə yedin?
– Bax, belə! – deyə uşaq o biri bananı da yeyir.
BÜNYADZADƏ, CƏFƏR
1914-1918-ci illərdə çıxan «Tuti» jurnalının redaktoru Cəfər Bünyadzadə şair Ə. Müznübün ədəbiyyatdakı xalturaçılığına qarşı apardığı mübarizədə qalib gəlmiş və bu şeiri yazmışdı:
Haradan gəldi bu Cəfər səni bərbad elədi?
Ədəbiyyatı əlindən əcəb azad elədi!
CAMİ, ƏBDÜLRƏHMAN
Fars və tacik ədəbiyyatının böyük simalarından olan Əbdülrəhman Cami (1414–1492) şəhərin məşhur mollalarından Şeyx Hüseyn haqqında birisinin:
– Şeyx Hüseyn bu gün öz əmmaməsini bir nəfər kafirin başına qoyub onu müsəlman etdi! – dediyini eşidib öz rəyini ifadə etmişdir:
– Şeyx o əmmaməni altmış ildir ki, öz başına qoyur, lakin müsəlman olmur. Kafirin başına bir kərə qoymaqla müsəlman ola bilərmi?
* * *
Qiyas Fəhimi adlı birisinin üzü çirkin və qulaqları da çox uzun idi. Cami yolda ona rast gəlib:
– Haradan gəlirsən? – deyə soruşduqda:
– Məsciddə moizəyə qulaq asırdım! – cavabını almışdı.
– Nə eşitdin?
– Minbərdən uzaq olduğumdan sözlər qulağıma çatmadı.
– Sözlər qulağına çatmasa da qulaqların ki, sözlərə çatırdı? – deyə Cami cavab vermişdi.
* * *
Bir şair yazdığı şeiri Camiyə oxumuş və demişdir:
– İstəyirəm bu şeiri qala divarından asam, camaat oxusun, məşhur olum.
– Elə olarsa, camaat şeirin müəllifini tanımaz. Yaxşısı budur ki, özünü də şeirin yanında divardan asasan.
* * *
Şair Abdulla Hatifi bir gün öz dayısı Caminin yanına gəlib:
– Nizami Gəncəviyə nəzirə yazmaq istəyirəm? – demişdir.
– Sən əvvəlcə Firdovsiyə nəzirə yazmağı bacar, sonra Nizamiyə nəzirə yazmaq fikrinə düş! – deyə Cami cavab vermiş və Hatifi bu cavaba təəccüb etmişdir. Cami onun təəccübünü görüncə farsca bu beyti oxumuşdur:
Şeir aləminin olubdur üç peyğəmbəri.
Firdovsi, Sədi, bir də Ənvəri!
Hatifi beyti dinləyib:
– Burada Nizaminin adı çəkilmir? – deyə soruşduqda:
– Biz şeirin peyğəmbərləri haqqında danışırıq. Nizami isə şeirin allahıdır! – deyə Cami cavab vermişdir.
CEMS CONS
Özünü frenblogiya elmi sahəsində mötəbər alim sayan amerikalı Cems Consun yanına bir gənc professor gəlmişdi. Cons ona demişdi:
– Mən sizin qafa tasınızı ölçməklə zehninizin keyfiyyətini müəyyən edə bilərəm.
O, bunu deyib gənc alimin başını yoxlamış və əlavə etmişdi:
– Cənab professor, təsdiq edirəm ki, sizin yaddaşınız fövqəladə dərəcədə inkişaf etmişdir.
Professor, Consu dinləyib belə cavab vermişdi:
– Ola bilməz… Elə isə, dediklərinizi tez kağızda yazıb mənə verin, yoxsa yadımdan çıxar.
CENNER, EDVARD
Çiçək xəstəliyindən mühafizə olunmaq metodunu ilk dəfə tapmış ingilis həkimi Cenner (1749–1823) kəndə gəlib, kəndlilərə çiçək peyvəndi vururdu. O yenə bir dəfə kəndə gəldiyi zaman çoxlu kəndlinin onu gözlədiyini gördükdə sevinmiş və bunun səbəbini soruşduqda, ona demişdilər:
– Onları buraya keşiş göndərmişdir!
– Görünür, keşiş çiçək döydürməyin xeyrini başa düşüb?
– Yox, o, kilsənin illik büdcəsini hesabladıqda görüb ki, çiçəkdən ölən kəndlilərə tabut alınmasına çox pul xərc edilmişdir. Buna görə də kəndliləri çiçək döydürməyə göndərib ki, ölməsinlər, kilsənin pulu azalmasın.
CÜHA
Ərəb ədəbiyyatında öz hazırcavablığı və yumoru ilə məşhur olan Cühanın yanına bir ərəb şairi gəlmiş və yazdığı qəsidəni oxuyub onun fikrini bilmək istəmişdi.
– Qəsidə çox pis yazılmışdır! – deyə Cüha cavab verdikdə şair acıqlanmış, onu söyməyə və təhqir etməyə başlamışdı.
– Nəsrin nəzmindən min qat qüvvətlidir, – deyə Cüha cavab vermişdi.
* * *
Cüha bir xəstənin görüşünə gedib vəziyyətinin ağır olduğunu gördükdə, onun adamlarına başsağlığı verməyə başlamışdı. Ev yiyəsi:
– Xəstəmiz hələ sağdır, başsağlığı verməyin nə lüzumu? – dedikdə:
– Hər vaxt gəlməyə vaxtım olmadığından elə gəlmişkən başsağlığı da vermək istəyirəm! – deyə Cüha cavab vermişdi.
* * *
Cühanın başdan-ayağa qara geyib küçəyə çıxdığını görənlər bunun səbəbini soruşduqda şair demişdir:
– Oğlumun atası vəfat etmişdir. Ona matəm saxlamışam!
* * *
Cühanın dostlarından biri atı ilə bərabər ona qonaq gəlmiş və qapıya çatdıqda atı döyməyə başlayıb:
– Ay yaramaz, un yükləyirəm gətirmirsən, yağ yükləyirəm gətirmirsən, dostların yanında məni xəcalət çəkməyə və utanmağa məcbur edirsən, – demişdi.
Bunu görən Cüha başını pəncərədən çıxarıb demişdi:
– Narahat olma… Burada xəcalət çəkməyə səbəb yoxdur. Kənddə yüklənib bizə bir şey gətirmədiyi kimi, burada da yüklənib kəndə bir şey aparmaz, bununla da əvəzi çıxar.
* * *
Cüha Bəsrə şəhərinin küçələrində gəzərkən bir evin qarşısında dayanıb heyran-heyran baxırmış. Bunu görənlər səbəbini soruşduqda o demişdir:
– Bu evi keçmiş Bağdadda görmüşdüm. Buraya necə gətirildiyinə təəccüb edirəm.
* * *
Cüha dostlarından birinə təsadüf edib dedi:
– Nə üçün məni qonaq çağırmırsan?
– Çünki sən çox qarınqulusan, tikənin birini ağzına qoymamış, əlini o birisinə uzadırsan!
– Sən məni qonaq çağır, söz verirəm ki, iki tikənin arasında üç rəkət namaz qılım, – deyə Cüha cavab vermişdi.
* * *
Atası Cühanı bazara göndərib dedi:
– On arşın uzunluğunda bir kəndir alıb gətir!
Cüha yarıyoldan qayıdıb atasından soruşdu:
– Kəndirin eni nə qədər olsun?
* * *
Cüha gecə yarısı dama çıxıb xoruz kimi banlayırdı. Səsə ayılanlar onun nə üçün banladığını soruşdular.
Sabah tezdən çox təcili işim var. Xoruzları aldadıram ki, mənə qoşulub banlasınlar, bəlkə Günəş tez çıxsın! – dedi.
ÇESTERTON, KİLBERT KİT
Gövdəcə çox yoğun olan ingilis yazıçısı Çesterton (1874 – 1936) dostları ilə söhbət zamanı demişdir:
– Mənim yoğunluğum nəzakətli olmağıma kömək edir. Bu günlərdə tramvayda gedərkən durub yerimi üç adama verdim.
ÇEXOV, ANTON PAVLOVİÇ
Böyük rus yazıçısı Çexov (1860 – 1904) eyni zamanda həkim idi. Bir gün onun yanına gözəl geyinmiş, sağlam, şişman bir qadın gələrək həyatından, səhhətindən şikayətlənib demişdir:
– Anton Pavloviç, yaşamaq çox maraqsız olmuşdur. Hər şey insana bayağı görünür. Adamlar da, göy də, dəniz də, hətta çiçəklər də… Kədər insanı əzir, elə bil ağır bir xəstəliyə tutulmuşsan.
Çexov onu müayinə edərək demişdir:
– Sizin tutulduğunuz xəstəliyin adı «morbis pritvori abus»dır.
Qadın bu sözün latınca və rusca qarışıq «özünü yalandan xəstəliyə vurmaq» olduğunu anlamışsa da, özünü bilməzliyə vurub getmişdir.
* * *
A. P. Çexov bir həkim kimi Maksim Qorkini müayinə edirmiş. Müayinə qurtardıqdan sonra Qorki ona demişdir:
– Hə… İndi daha mənim sizdən gizli heç bir şeyim qalmadı… Siz mənim daxili aləmimə tamamilə bələd oldunuz.
– Ümumiyyətlə bəli… Cildçi kitabın daxili aləminə bələd olduğu qədər… – deyə Çexov cavab vermişdir. .
* * *
A. P. Çexov demişdir:
– Həkimlik mənim kəbinli arvadımdır, ədəbiyyat isə sevgilimdir.
DAMİANİ, PYOTR
Şotlandiyalı abbat Damiani (1007-1072) bir gün Edinburqdan Fransaya uçmaq fikrinə düşür, bunun üçün də quş tüklərindən özünə qanad qayırır. Adamlar toplaşırlar, abbat damdan göyə atılır və… yerə tökülmüş zibillərin üstünə yıxılır. Lakin o, özünü sındırmayıb yıxılmağının səbəbini belə izah edir:
– Qanadları qartal tükündən qayırmışdım, bunların içinə təsadüfən toyuq tükü qarışdığı üçün uçmaq mümkün olmadı. Qartal tükləri məni göyə qaldırdı, toyuq tükləri yerə-zibil üstünə endirdi.
DANTE, ALİQYERİ
Böyük italyan şairi Dante (1265-1321) demişdir:
– Sən öz yolunla get, qoy adamlar nə deyirlər-desinlər.
K. Marks həmişə yeri gəldikcə bu sözləri təkrar edərdi, hətta «Kapital»a yazdığı müqəddiməsini də bu sözlərlə qurtarmışdır.
DANTON, JORJ-JAK
Fransa burjua inqilabının görkəmli xadimlərindən Danton (1759 – 1794) demişdir:
– Düşmənə qalib gəlmək üçün cəsarət lazımdır, – cəsarət, bir daha cəsarət!
DEVİ, KEMFRİ
Məşhur ingilis kimyagəri Devi (1778–1829) heç kimin tanımadığı bir cildçinin kimya elminə aid yazılarını gözəl cildlənmiş halda poçtdan almışdı. Bununla maraqlanan Devi axtarıb cildçini tapmış və onun Faradey olduğunu müəyyən etmişdi. Sonralar Devi hər dəfə:
– Mənim ən böyük elmi kəşfim, Faradeyi kəşf etməyim oldu, – deyərmiş.
DEQA, EDQAR
Fransa rəssamı Deqadan (1834 – 1917) soruşdular:
– Nə üçün evlənmirsiniz?
O dedi:
– Bilirsinizmi, mən hələ indiyə kimi elə bir adama rast gəlməmişəm ki, onu özümə oğulluğa qəbul edə biləm.
DEMOKRİT
Məşhur yunan filosofu Demokrit (e. ə. 470 – 380) demişdir:
– İnsanın bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızılda deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.
* * *
Kamil insan dünyanın hər yerində özünü öz evindəki kimi hiss edir.
DEMOSFEN
Qədim Yunanıstanın məşhur natiqi Demosfenin (384 – 322) evinə oğru gəlmişdi. Alim oğrunu tutduqda o, üzr istəyərək demişdi:
– Bağışlayın, mən bilmirdim ki, bu şeylər sizindir.
– Ancaq sənin olmadığını da çox yaxşı bilirdin, – deyə Demosfen cavab vermişdi.
DƏVANİ, MƏHƏMMƏD İBN CƏLALƏDDİN
Şərqdə məşhur alim və şair olan Cəlaləddin Dəvani (1602-ci ildə vəfat etmişdir) demişdir:
– Əgər filosoflar əsərlərinin bizim əlimizə düşəcəyini bilsəydilər, yəqin ölərkən vəsiyyət edərdilər ki, bu əsərləri onlarla birlikdə basdırsınlar.
DİOGEN
Qədim yunan filosoflarından Diogen (e. ə. 404 – 323) bir nəfərin ox ataraq hədəfi vura bilmədiyini gördükdə gedib hədəfin yerində dayanır. Bunu görənlər:
– Filosof, nə üçün belə edirsiniz? – deyə soruşurlar.
– Hədəfi nişan alıb məni vurmasından ehtiyat edirəm, – deyə Diogen cavab verir.
* * *
Gündüz günorta çağı Diogenin əlində çıraq küçə ilə getdiyini görüb:
– Gündüz işığında çıraqla nə axtarırsan? – deyə soruşurlar.
– Adam axtarıram, – deyə o, cavab verir.
* * *
Diogendən soruşurlar:
– Naharı hansı saatda yemək məsləhətdir?
– Əgər varlısansa, könlün istəyən saat, yoxsulsansa yemək tapan saat, – deyə o, cavab verir.
* * *
Afinalılar Şərqdən gətirilmiş əsirləri soyundurub paltarlarını ayrı, özlərini də ayrı satmağa başlamışdılar. Paltarlara çoxlu müştəri tapılmış, əsirləri isə alan olmamışdı. Bunu görən Diogen:
– İnsan nə qəribə məxluq imiş! Xarici bəzəkdən ayrılandan sonra pula getmir, – demişdi.
* * *
Diogen bir dəfə Olimp oyunlarına gəlmiş və burada qalibiyyət qazanan üçün hazırlanmış çələngi götürüb öz başına qoymuşdu. Qaydanı pozduğu üçün ona irad edənlərə filosof belə cavab vermişdi:
– Mən ən ciddi düşmən olan ehtiyaca, kinə, kədərə və qorxuya qalib gəlmişəm. Buna görə də özümü qaliblər çələnginə layiq görüb onu başıma qoydum.
* * *
Diogendən soruşdular:
– Dünyada ən çətin şey nədir?
O dedi:
– İnsanın özünü dərk etməsi və öz fikirlərini gizlətməyi bacarması.
* * *
Bir nəfər varlı haqqında Diogenin rəyini bilmək üçün ona müraciət etdilər:
– O, sərvətlidirmi? – dedilər.
– Bilmirəm. Mən ancaq onun çoxlu pulu olduğunu bilirəm.
– Deməli, sərvətlidir.
– Varlı olmaq və çoxlu pula sahib olmaq eyni şey deyildir. Əsil varlı öz sərvəti ilə təmin olan adamdır. O adam ki, hamıdan çox sərvətə malik olmaq istəyir, o, hamıdan yoxsuldur. Heç bir şeyi olmayıb öz vəziyyətindən razı qalan ondan daha varlıdır.
* * *
– Sənin sərvətin və mülkün haradadır? – deyə Diogendən soruşdular.
– Bax, bunlarda! – deyə alim öz şagirdlərini göstərdi.
* * *
Bir ziyafətə dəvət edilmiş arfa çalan öz naşılığı ilə qonaqları bezikdirmişdi. Ancaq Diogen sakit oturub onu dinləyir və tərifləyərək deyirdi:
– Afərin, afərin… Bu musiqiçi ona görə mənim xoşuma gəlir ki, belə pis çala bildiyi halda sənətini atıb, gedib oğurluqla məşğul olmur.
* * *
Alimlərdən birisi Diogenin olduğu məclisdə göylərdən, mələklərdən, cənnət və cəhənnəmdən danışıb onları tərifləyirdi. Diogen ondan soruşdu: .
– De görüm, sən göydən nə vaxt gəlmisən?
* * *
Bir nəfər qapısının üzərinə «bu evə heç bir yaramaz şey girməsin» yazılı lövhə asmışdı. Bunu oxuyan Diogen dedi:
– Bəs ev yiyəsi özü bu qapıdan necə keçəcəkdir?
DOLMATOV, VASİLİ PANTELEYMONOVİÇ
İstedadsız dramaturqlardan Peresvetov adlı birisi rus səhnəsinin məşhur artisti Dolmatovun (1845 – 1912) yanına gəlmiş, öz əsərini ona oxumuş və nəhayət onun fikrini soruşmuşdu:
– Necədir, mənim yeni əsərim xoşunuza gəldimi?
– Doğrusunu deyim, bir sətri çox xoşuma gəldi.
– Hansı?
– Sonuncu, «pərdə enir» sətri! – deyə Dolmatov cavab vermişdi.
DUROV, ANATOLİ
Məşhur rus sirk artisti Durov (1865 – 1916) bir şəhərdə tamaşa verdiyi zaman, aristokrat tamaşaçılardan biri özünü öyərək ona yaxın gəlmiş və demişdi:
– Cənab kloun, müvəffəqiyyət qazanırsınız?
– Görürsünüz də…
– Deyirlər sirkdə müvəffəqiyyət qazanmaq istəyən kloun sifətini axmaq şəklə salmalıdır. Bu doğrudurmu?
– Əlbəttə, doğrudur, – deyə Durov cavab verib. – Əgər sənin sifətin məndə olsaydı, müvəffəqiyyətim ikiqat artıq olardı!
DÜMA, ALEKSANDR
Fransa yazıçısı Aleksandr Düma (1803–1870) xəstə olduğu zaman yanına gəlmiş həkim demişdi:
Mən vəziyyət ciddiləşdiyi zaman hər şeyi düz demək qərarına gəlmişəm. Belə güman edirəm ki, siz hər bir təsadüfə hazır olmalısınız. Siz bir adamla görüşmək istəyirsinizmi?
Düma bu sualın qarşısında bir qədər fikirləşib demişdi:
– Əlbəttə!
– Kiminlə görüşmək xəyalınız var?
– Başqa həkimlə!
* * *
Tanış qadınlardan birisi Düma ilə görüşdükdə soruşmuşdu:
– Bu qədər gözəl qocalmağa siz necə nail olmuşsunuz?
– Xanım, mən bütün həyatımı buna həsr etmişəm! – deyə Düma cavab vermişdi.
* * *
Düma yeni romanı yazıb qurtarmağa tələsdiyi zaman onun görüşünə gələnlər vaxtını alır, əsəri bitirməyə mane olurdular. Yazıçı bir elan yazıb qapıya vurmuş və orada göstərmişdi: «Yanıma gələnlər mənə böyük hörmət göstərirlər. Gəlməyənlər isə mənə son dərəcə böyük ləzzət verirlər».
* * *
Düma ilə bir nəfər gənc aristokrat arasında mübahisə başlamış, aristokrat Dümanı «alçaq» və «qarışıq» nəsildən olmaqda təqsirləndirib təhqir etdikdə, yazıçı ona demişdi:
– Doğru deyirsiniz. Nə etmək olar? Mənim atam mulat olmuş, babam həbəş, babamın babası isə meymun… Beləliklə də, sizin nəsliniz qurtaran yerdə, bizim nəslimiz başlanmışdır.
* * *
Düma bir səyahət zamanı gəlib Almaniyaya çıxır. Şvartsvalde şəhərində düşdüyü evdə nahar etmək istəyir. Yazıçı göbələyi çox sevdiyi üçün ev yiyəsini çağırır, alman dili bilmədiyindən göbələyin şəklini çəkib ona göstərir. Ev yiyəsi yazıçının arzusunu yerinə yetirmək məqsədi ilə gedib ona bir dənə çətir gətirir.
* * *
Aleksandr Düma bir qonaqlıqdan evə qayıdarkən oğlu ondan soruşmuşdu:
– Qonaqlıq necə keçdi? Şənlik idimi?
– Çox şənlik idi. Ancaq mən olmasaydım darıxmaqdan bağrım çatlayacaqdı.
* * *
Düma öz oğlu Aleksandr Dümanın yazdığı dram əsərinin ilk tamaşasına baxırkən bir nəfər onun yanına gəlib:
– Bu əsəri yaratdığınız üçün sizi təbrik edirik! – demişdi.
Üzr istəyirəm, mən bu əsəri yox, bu əsəri yaradanı yaratmışam, – deyə Düma cavab vermişdi.
* * *
Düma Fransa kəndlərindən birinə gəlib bir qadından gecələmək üçün otaq istəmiş və qiymətini soruşarkən qadın demişdi:
– Bizdə iki cür qiymət vardır. Rəssamlar üçün iki frank, başqaları üçün iki frank yarım.
Onlar sövdələşdiyi zaman başqa müsafirlər də gəlmiş və bu müsafirlərdən biri Dümanı tanıdığından onunla görüşmüşdü. Qadın rəssam ilə Dümanın şirin söhbətini eşidib yazıçıdan soruşmuşdu:
– Siz də rəssamsınız?
Bəli, rəssamam. Qələm rəssamı. Mən rəsmlərimi qələmlə çəkirəm! – dedikdə, qadın ona:
– Elə isə siz də otağa iki frank verərsiniz, – demişdi.
Darmowy fragment się skończył.