Czytaj książkę: «Bakı və bakılılar»
QƏDİM ŞƏHƏR
Qədim Bakı Xəzər dənizinin qərb sahilində, şimal küləklərinin daim döyəclədiyi, cənub və qərb tərəfdən hündür çılpaq təpələrlə əhatə edilmiş çökəkdə salınmışdır. Şimal küləkləri (buna Xəzri deyirlər) qopduğu zaman öz yolunda Baş Qafqaz silsilə dağlarına toxunur və bütün gücü ilə silsilənin ətrafına yayılır, çılpaq boz təpələrin sinəsindən toz-torpağı qopararaq, burula-burula şəhərin üzərinə hücum çəkir.
1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazırdı: "Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər".
Bakı və Xəzri. Şəhərin yaranışından bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Xəzri əsməyə başladımı, bir həftədən tez kəsməz. Qədim bakılılar bir adamın bakılı olub-olmadığını öyrənmək üçün ona belə bir sual verərdilər: "Bakıda qış nə vaxt olur?". Əgər həmin adam "Xəzri əsəndə" deyə cavab verərdisə, onun bakılı olduğuna şübhə etməzdilər. Yay aylarında Xəzri əsdiyi zaman adamlar isti paltar geyməyə məcbur olurdular. Qışda isə onun soxula bilmədiyi dəlmə-deşik qalmazdı.
Bakı qədim şəhərdir. Doğrudur, onun məhz hansı əsrdə salındığı hələ dəqiq müəyyən edilməmişdir. Lakin Bakının özündə və ətraf kəndlərində arxeoloqların apardığı qazıntılar nəticəsində tapılan tarixi abidələr, saxsı qablar, daş sandıqçalarda dəfn edilmiş adamların sümükləri, sikkələr və sairədən məlum olur ki, onun yaranma tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır.
Hazırda Binəqədi yaxınlığında "Qır gölü" adı ilə tanınan böyük bir sahə vardır. Tarixçilərin yazdığına görə on min illər bundan qabaq burada göl zaman-zaman qurumuş və bugünkü şəklini almışdır. Burada gölün qalın qır təbəqələri altında çoxlu, hətta bu gün artıq Abşeronda mövcud olmayan vəhşi heyvanların sümükləri tapılmışdır. Şir, iri maral, ayı, at, uzunqulaq sümükləri ilə yanaşı tapılan kərkədan sümükləri də göstərir ki, Abşeronda on min illər qabaq bu heyvanlar yaşamışdır. Bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu heyvanların yaşadıqları yerdə yəqin ki, onları ovlayan ibtidai insanlar da yaşamışlar. Demək, eramızdan hələ xeyli qabaq Abşeron ətrafında ibtidai insanlar məskən salmışlar. Qobustan daşlarında isə bu heyvanları ovlayan ibtidai insanların şəkilləri həkk edilmişdir.
Məlum olduğu üzrə Bakı ətrafında ən qədim məskən yerlərindən bəziləri hazırda Xəzər suları altında qalmışdır. Eramızın II-VII əsrlərində Xəzər dənizinin hazırki sahili Nargin və Vulf adalarından xeyli uzaqda olmuşdur. Eramızın VII əsrindən başlayaraq, Xəzərin səviyyəsi artmış və Qız qalasınadək olan bütün körfəz su altında qalmışdır. Yaxın keçmişdə dəniz səthinin aşağı düşməsi nəticəsində suyun dibindən yüksələn qədim tikilinin bürcləri buna aydın sübutdur. 1830-cu ildə Bakıda olmuş alman akademiki E. Lens yerli əhalidən eşitmiş olduğu rəvayətlər barədə belə yazırdı: "Xeyli müddət əvvəl dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O zaman Nargin adaları da qurunun ayrılmaz hissələri idi. Sonra dənizin səthi qalxaraq, xeyli qabağa gəlmiş və sahil indiki görkəmini almışdır". Lensin o zaman sezdiyi bir sıra əlamətlər bu ehtimalı daha da möhkəmləndirirdi. Lens Nargin adasının qayalıqlarında Zığ burnuna gedən araba çarxlarının izini görmüşdü. Bunu Abbasqulu ağa Bakıxanov da özünün "Gülüstani- İrəm" kitabında təsdiq edirdi. O yazırdı: "Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, habelə bir neçə adada qayalıqlar üstündə dənizin içərilərinə tərəf gedən araba çarxlarının izləri görünür". Daha sonra Bakıxanov yazırdı: "Şəhərin özündə Hacı Baba Hacı Ağahüseyn oğlu adında bir ev sahibi öz həyətində quyu qazdığı zaman dənizin indiki səviyyəsindən aşağıda, yerin altında daşla döşənmiş bir yola rast gəlmişdir". Zığ burnunda da qayalıqlarda dənizin içərilərinə tərəf gedən araba təkərlərinin izlərini görənlər olub.
Bütün bunlar göstərirdi ki, Xəzər dənizinin səthi yüksəldiyi zaman bir çox tikililər, hətta rəvayətə görə Səbail adlı bütöv bir şəhər də suyun altında qalmışdır.
Şəhərin ən yüksək bir yerində yerləşən Şirvanşahlar sarayında aparılmış qazıntılar nəticəsində tapılan sikkələrlə hələ VIII əsrdə burada ticarət liman şəhəri olduğu müəyyənləşdirilmişdir. Bakışünas alim Sara Aşurbəyli belə bir nəticəyə gəlmişdir: "Bakı feodal şəhəri kimi hələ eramızın VIII əsrində mövcud idi". Beləliklə, ehtimal etmək olar ki, Bakının 12 əsrlik tarixi vardır.
Yeri gəlmişkən qeyd edək ki, Bakı şəhərinin öyrənilməsində görkəmli alim Sara Aşurbəylinin misilsiz xidməti vardır.
Bakı sözünün mənşəyi də indiyədək tam və dürüst aydınlaşdırılmamışdır. Hələ X əsrin birinci yarısında ərəb və fars mənbələrində bu şəhərin adı Bakuh, Bakuya, Baku və Badkubə şəklində işlənmişdir.
Badkubə sözünün yaradılması daha sonrakı əsrlərə aiddir. Məsələn, XVIII əsrdən başlayaraq, bir çox mənbələrdə Bakı sözünün bu formasına tez-tez təsadüf olunur. Bu, iki fars sözündən düzəldilmədir: Bad-külək, kubə-döyən deməkdir. Yəni külək döyən. Görünür ki, bu şəhərdə tez-tez şiddətli küləklər əsdiyindən bəziləri onu belə adlandırmışlar. Hətta bəzi mənbələrdə Azərbaycan dilində "Yeldöyən" sözünə də rast gəlmək mümkündür. Qafqazşünas K. P. Patkanov iddia edir ki, şəhərin adı lak sözü "baki"dən (təpə deməkdir) əmələ gəlmişdir. O dövrlərdə Bakı təpələr üstündə salındığından bu fikirdə müəyyən dərəcədə bir həqiqət vardır. Türklərin məşhur "İslam ensiklopediyası"nda isə bu sözün Bəy-köy türk sözlərindən düzəldiyi iddia olunur. Bəy-köy baş şəhər deməkdir.
Tarixçi Əli Hüseynzadə isə Mahmud Kaşqarinin 1072-1074-cü illərdə yazıldığı güman edilən məşhur "Divani lüğət üt türk" əsərinə əsaslanaraq K. P. Patkanovun söylədiyi nəticəyə gəlir, o, bu əsərdə təpə mənasında işlədilən Bakı sözünə təsadüf etmiş və belə qərara gəlmişdi ki, Bakı təpələr üstündə salındığından şəhərin də adı bu sözdən götürülmüşdür. Bu fikri coğrafiya elmləri doktoru B. Budaqov da təsdiq etmişdir. Bizcə, bu fikir həqiqətə daha uyğundur.
Şəhərin təbii sərvətləri ilə yanaşı coğrafi şəraiti, şərq və qərb, habelə şimala gedən ticarət yollarının əlverişli bir yerdə yerləşməsi çox cahangirlərin və yadelli işğalçıların iştah və diqqətini cəlb edirdi.
VII əsrin 30-cu illərində ərəb qoşunları İranın bir çox böyük şəhərlərini işğal etdikdən sonra Azərbaycan torpaqlarına soxuldular. Lakin onlar hər yerdə ciddi müqavimətə rast gəldilər. Ərəb istilaçıları Azərbaycanın gözəl yaylaqlarını, kənd və şəhərlərini xarabazara çevirdilər. Şirvanın məhsuldar qüvvələrinə böyük zərbə vurdular. Ölkədə, azğınlıq və talan başladı. Mədəni sərvətlər məhv edildi, tarixi abidələr dağıdıldı. Yüzlərlə, minlərlə adamlar öz yurd-yuvalarından didərgin salındı. İslam dini bu talanlar üçün bir vasitəyə çevrilmişdi. Onlar Bakı torpaqlarının zəngin yataqlara malik olduqlarını bildikləri üçün Şirvan və Bakını daim nəzarət altında saxlayırdılar. Çünki onlar Bakı neftindən, Bakının duz və başqa məmulatından xilafət xəzinəsinə daxil olan gəlirin yarısını belə başqa ölkələrdən toplaya bilmirdilər. Bəzən neft və duz yataqlarının bir hissəsi vəqf yerləri elan edilərək, Dərbənddə qərargah qurmuş xilafət nümayəndələrinin sərəncamına, ərəb əsgərlərinin istifadəsinə verilirdi. Dərbənddəki qoşunun demək olar ki, bütün xərcləri Bakı neftinin hesabına ödənilirdi. Ərəblər şimalın köçəri tayfalarının, birinci növbədə Xəzərlərin basqın və hücumlarından qorxaraq, Dərbənd sərhədlərini alınmaz bir istehkama çevirmişdilər. Bakı nefti hərbi məqsədlər üçün də istifadə edilirdi. Döyüşlərdə neft qablara doldurularaq, düşmən üzərinə atılırdı. Ərəblərin döyüşlərdə qələbə qazanmaları çox zaman neftin hesabına idi.
Bir tərəfdən ağır vergilər, o biri tərəfdən soyğunçuluq və talançılıq xalqın qəzəbini getdikcə coşdurur, hər bir yurdda, hər bir ocaqda işğalçılara qarşı üsyan və qiyam dalğaları alovlanırdı. Doğrudur, qiyamlar hər dəfə amansızcasına yatırılırdı. Ancaq əhalinin nifrət və qəzəbini qılınc və silah vasitəsilə də boğa bilmirdilər. Ərəb əmiri Şirvanşahları məcbur etmişdi ki, hər il ona 4 min gənc oğlan və qız qul kimi verilsin. Vergiləri verməyənlər də qul halına salınırdı. Şirvanşahlar torpağının çox hissəsi, xüsusi ilə suvarılan torpaqlar xəlifənin xüsusi əmlakı hesab edilirdi. Muğan və Şirvan düzlərinin ən münbit torpaqları Ərəbistandan buraya köçürülmüş ərəb tayfalarının sərəncamına verilmişdi. Sonralar bu ərəb tayfalarından çoxu yerli əhali ilə qaynayıb-qarışmış, həmişəlik bu torpaqlarda qalmışdılar. Hazırda Azərbaycanın cənub rayonlarında bir para kəndlər o vaxtdan ərəb adları daşıyırlar.
Ərəblərin yerli əhalinin atəşpərəstlik məbədlərini dağıdıb yandırmalarına baxmayaraq, kəndlilər İslam dinini çətinliklə qəbul edirdilər. Yalnız şəhərlərdə və o cümlədən Bakının özündə əsnaf və sənətkarlar ərəb istilaçılarının dininə daha çox meyl göstərirdilər. Bu da onunla əlaqədardı ki, ərəb istilaçıları onların sərbəst alver etmələri üçün şərait yaradırdılar.
Ərəblərə qarşı baş vermiş ən böyük üsyanlardan biri 748-ci ildə Beyləqanda olmuşdu. Lakin üsyan Abbasilər tərəfindən yatırılmış və Beyləqan qalası yerlə yeksan edilmişdi.
808-ci ildə Ərdəbil mahalında, Savalan dağları ətəyində başlayan Babək hərəkatı 30 il müddətində ərəb xilafətini daim qorxu altında saxlamışdı. Qəhrəmanlıqla döyüşən xürrəmilər 819-827-ci illər ərzində ərəblərin 6 ordusunu darmadağın etmişdilər.
IX və X əsrlərdə bu qiyam və üsyanlar Abbasilar xilafətinin qüdrətini xeyli zəiflətmişdi. Hər tərəfdə xüsusi feodallıqlar yaranıb, özlərini ərəb əsarətindən xilas etməyə, vergiləri verməkdən imtina etməyə başladılar. X əsrdə Dərbənddən Kür çayınadək uzanan torpaqlar artıq Şirvanşahların hökmranlığı altında idi.
Bir rəvayət vardır ki, guya yunanlar da Bakıda olmuşlar. Bu rəvayət Xəzərin suları altında qalmış qədim "Yunan qala" və yaxud "Yunan şəhr" qalıqları əsasında yaranmışdır. Bu şəhər qalıqları Bakı-Salyan yolunun təxminən əlli verstliyindədir. Təxminən 90 il qabaq Bakıdan Salyana gedən "Saruxan" adlı bir gəminin kapitanı suyun altında belə bir mənzərəyə rast gəlmişdi: "Körfəzin suları sakit idi. Günəş dənizin dibini apaydın işıqlandırmışdı. Birdən gəmi heyəti gəminin böyük bir küçənin üstü ilə üzdüyünü gördü. Aşağıda, dənizin dibində qədim bir şəhər görünürdü. Küçələr, döngələr ovucun içi kimi aydın idi".
Beləliklə, 20 fut dərinliyində suyun altında qədim bir şəhər kəşf edilmişdi. Daha sonralar dənizçilər Bakının cənubunda, Kür çayının Xəzər dənizinə töküldüyü yerdə, Byandovan burnunda da qədim bir şəhərin qalıqlarına rast gəlmişdilər.
Akademik İ.M.Qubkin Xəzər dənizi səthinin qalxıb-enməsinin dinamik proseslər nəticəsində baş verdiyini göstərərək yazırdı ki, "suyun altında qalmış şəhər haqqında rəvayətlər əfsanə deyil, həqiqətdir".
Yunanlar Bakıya necə gəlmişlər? Bir rəvayətə görə Aleksandr Makedonski Bakını fəth etmək üçün buraya qoşun yeritmişdir. Lakin tarixdən bizə məlumdur ki, Aleksandrın qoşunları Bakıya çatmayıblar. Bəs bəzi daşların və qayaların üstünə yunan sözləri necə həkk olunub? Çox ehtimal ki, İran dövləti Roma və Yunanıstanla etdiyi müharibələrdə əsir aldıqları əsgərləri sənətkarlıqlarına görə məmləkətin müxtəlif yerlərində yerləşdirmişdir. Daşların üzərinə yunan sözləri də yəqin onların tərəfindən həkk edilmişdir.
* * *
Şirvan ta qədimdən Slavyan dünyası ilə ticarət əlaqəsi saxlayırdı. IX əsrdə yaşamış ərəb yazıçısı Əbdülqasımın yazdığına görə hələ onun zamanında rus tacirləri Volqa və Xəzər dənizi vasitəsilə hətta Bağdadın özünə gedib çıxmışdılar. Lakin onlar Xəzərin sahillərinə çıxmaq üçün Xəzərlərin torpaqlarından keçməli idilər. Ruslar Qara dənizdə gəmilərə oturur və Azov dənizindən Don çayı ilə qalxaraq, Xəzərlərin torpaqlarına çatır və burada gəmilərini quru ilə sürütdəyə-sürütdəyə Volqa çayına salaraq, Xəzərə çıxırdılar. Xəzərdə bəzən Bakı limanına yan alır, bəzən də Kür çayına daxil olaraq, o zaman ticarət mərkəzi kimi tanınmış Bərdəyə keçirdilər.
IX əsrin axırlarından ruslar həmin yolla artıq ticarət məqsədi ilə deyil, qarət qəsdilə Xəzər sularında üzürdülər. Rusların Xəzərin qərb sahillərinə ilk səfərləri 909-910-cu illərdə olmuşdur. Onlar Xəzər sularında sağına-soluna üzərək qarətlə məşğul olurdular.
Rusların ən böyük hücumları 913-cü ildə olmuşdur. Bu dəfə onlar Xəzərlərin xaqanı ilə danışaraq, onların torpaqlarından maneəsiz keçmiş və hərəsində 100 nəfər adam olan 500 gəmi ilə Volqa ilə üzərək Xəzərə çıxmışdılar. Dağıstanı keçəndən sonra Bakı yaxınlığında bir adada yerləşmişdilər. Bir müddət burada qaldıqdan sonra Xəzər sahillərini qarətə başlamışdılar. Zəngin qənimətlərlə geri dönən ruslar Volqanın mənsəbində Xəzərlərin özləri tərəfindən basqına məruz qalaraq, talan edilmişdilər.
Sonralar ruslar yenə bir neçə dəfə Azərbaycana basqın etmişlər. 944-cü ildə onlar gəmilərlə Bərdə yaxınlığında sahilə çıxmaq istərkən şəhər əhli tərəfindən böyük müqavimətə rast gəlmişdilər. Ancaq buna baxmayaraq, şəhəri işğal edə bilmişdilər. X əsr ərəb tarixçilərindən biri ruslar barədə yazırdı: "Öz iri bədənləri və cəsarətləri ilə fərqlənən ruslar geri qaçmağın nə olduğunu bilmirlər. Onlar düşməni öldürməyincə və ya özü ölməyincə geri dönməzdilər. Mən rusları görən adamlardan onların cəsarəti barədə çox maraqlı şeylər eşitmişəm".
Bir müddət sonra Mərzban İbn Məhəmməd 30 min qoşunla Bərdəni mühasirəyə alaraq, şəhəri həmlə ilə tutmaq istəmişdi. Ancaq bu heç bir nəticə verməmişdi. Yazılı mənbələr göstərir ki, ruslar qılınclarını işə salaraq, Mərzbanın qoşunlarını qırmışdılar. Sonra ruslar özləri də Bərdədə qalmayıblar. Kür çayında onları hazır gözləyən gəmilərə oturaraq, Azərbaycanı tərk etmişdilər.
1032-ci ildə təkrar Bakıda olan ruslar quru ilə geri dönərkən Dərbənd əmiri tərəfindən məğlub edilmişdilər.
Bu illərdə Bərdə şəhəri ilə yanaşı olaraq, Gəncə, Şamaxı, Şabran, Beyləqan, Ərdəbil, Təbriz, Marağa və Bakı şəhərləri şəhər və kənd sənətkarlarının istehsal etdikləri ipək məmulatı, parça və geyimləri ilə tanınmışdılar. Bu şəhərlər öz tikintiləri, karvansara və örtülü bazarları ilə və habelə əhalisinin sayına görə Bağdad şəhərindən heç də geri qalmırdı. Bakı öz nefti və duzu ilə yenə bütün Şərq ölkələrində öz əvvəlki şöhrətini hifz edib, saxlaya bilmişdi. Burada istehsal olunan neft, duz və zəfəran dəvə karvanları ilə İrana, İraqa və başqa ərəb ölkələrinə daşınırdı. Neftdən hər yerdə – həm yanacaq, həm sürtgü yağı, həm də hərbi işdə və təbabətdə istifadə olunurdu. Ərəb tarixçisi Məsudinin yazdığına görə Bakıda olan əsas iki neft quyusundan 1.000 dirhəm gəlir əldə edilirdi. Şamaxıda və Bakıda hazırlanan ipək paltarlar da xarici bazarlarda ad çıxarmışdı. Bakı əhlinin əksəriyyəti kustar və sənətkar olsa da kənd təsərrüfatı, əkinçilik və bostançılıqla məşğul olanı da vardı. Qala divarlarından xaricdə olan düzənlik və çöllər bakılıların əkin sahələri idi. Hazırkı M. Nağıyev xəstəxanasının ətrafı Sinəqənbər adlanırdı. Burada yaxşı buğda və arpa yetişirdi. Qanlı təpə bostan yerləri idi. İndiki Səttərxan zavodunun dörd bir tərəfi üzüm bağları idi. Hətta onun sağ tərəfində olan təpə son vaxtlaradək Salqım üstü adlanırdı. İndiki vağzalın yeri də üzümlüklərdi. Burada çox məhsuldar üzüm bağları vardı. Bakıda tez-tez quraqlıq olduğundan buğda çox boy atmazdı. Buna görə biçin zamanı onu əllə kökündən qoparardılar. İndiki fəvvarələr meydanının yeri isə bakılıların zəfəran tarlaları idi. Kəndlərdə çoxlu çəki ağacları əkilərdi. Bakıda istehsal olunan ipək məşhur Şamaxı ipəyindən heç də əskik deyildi. Şəhər camaatı öz mal-qarasını bu çöllərdə otladardı. Meydanın yaxınlığındakı naxır bulağı yaxın keçmişədək qalmışdı. Bakı ətrafı torpaqların münbitliyi barədə səyyahların qeydlərinə tez-tez rast gəlmək olar. 1884-cü ildə Bakıda olmuş Skalkovskanın Sankt-Peterburqda çap olunmuş "Yol xatirələri" adlı kitabında Bakı ətrafı torpaqlar barədəki qeydləri çox səciyyəvidir.
O yazırdı: "Şəhərin (Bakının – Q.İ.) iki verstliyində arpa və buğda zəmiləri başlayır. Adam inanmırdı ki, xırda daş ovuntularından ibarət olan zəmi belə məhsul verə bilər. Zahirən miskin görünən torpaq burada çox məhsuldardır. Bəzən elə olurdu ki, kəndlinin inşaat üçün daş çıxardığı yerdə qalan xırda daş ovuntularını və tozu külək qovaraq, torpağa qatar və yağışlı havalardan sonra bu torpaqda yaxşı məhsul bitərdi. Görünür ki, bu daş və balıqqulağı qırıntılarında fosfor turşusu vardır ki, o əkinə kömək edir. Lakin şiddətli küləklər taxılın artmasına mane olurdu. Odur ki, Bakı yaxınlığında taxıl heç bir arşın da arta bilmirdi. Buna görə taxılı biçmək çətinləşərdi.
Onları sadəcə olaraq, əllə kötüyündən çıxarır və kiçik dərzlər bağlayırlar. Belə əkin torpağı tez qüvvədən salır".
* * *
XI əsrdən başlayaraq, Orta Asiyadan çıxan köçəri Səlcuq türkləri Şərqə və o cümlədən 1054-cü ildə Azərbaycana basqın edirlər. Bir ildən sonra Toğrul bəyin komandanlığı altında Səlcuqlar ərəb xilafətinin paytaxtı Bağdadı da zəbt edə bilmişdilər. Toğrul bəy xilafətdə siyasi hakimiyyətin başçısı elan edilmişdi. Böyük Səlcuq dövlətinin paytaxtı əvvəlcə Mərvdə, sonralar isə Rey və İsfahanda olmuşdur. Toğrul bəyin varisi sultan Arp Aslan olub. Arp Arslandan sonra taxta çıxan Məlik şah (1072-1092) Azərbaycanın şimal əyalətlərində hakimiyyətini möhkəmlətmək məqsədilə Gəncə şəhərini tutur, sonra da Şirvanşah I Fəriburzu özünə tabe etdirərək, onu hər il 40 min dinar xərac verməyə məcbur edir. Səlcuq sultanı Azərbaycan torpaqlarını öz yaxın adamlarına paylamağa başlayır. Bu torpaq sahələrinə yiyələnən feodallar camaatdan topladıqları vergilərin bir hissəsini dövlətin xəzinəsinə verməyə borclu idilər. Əlavə olaraq, lazım gəldikdə sultanın tələbi ilə ona qoşun hissələri də verməli idilər. Nəticə etibarilə bütün bu ağırlıqlar Şirvan kəndlilərinin və o cümlədən Bakı kəndliləri və sənətkarlarının üzərinə düşürdü.
BAKI ŞİRVANŞAHLAR DÖVRÜNDƏ
Şirvanşahlar sarayında I Fəriburzdan sonra taxta I Mənuçəhr, ondan sonra isə II Mənuçəhr çıxmışdı.
1149-1203-cü illərdə isə Kəsranilər dövlətini II Mənuçəhrin oğlu I Axsitan idarə edirdi. Məhz Axsitan dövründə Şirvanşahlar iqtisadi və siyasi cəhətdən xeyli inkişaf edərək müstəqil bir dövlət kimi bütün Yaxın Şərq ölkələrində tanınmışdı. Bu vaxtadək Xəzər dənizində cüzi miqdarda gəmilərə sahib olan Şirvanşahlar indi güclü dəniz donanması ölkəsinə çevrilmişdi.
Şirvanşahlar səlcuqların əsarətindən bir dəfəlik xilas olmaq məqsədilə Gürcüstan çarı ilə yaxın qonşuluq əlaqələri yaradır. Gürcüstan şahı IV David səlcuqlara qarşı güclü bir qüvvə ilə çıxmaq üçün Şimali Qafqaz köçərilərinin köməyindən istifadə etmək qərarına gəlir. Bu məqsədlə o, qıpçaqların baş komandanının qızına evlənir. Hər ikisinin arasında gedən danışıqlara əsasən 45 min qıpçaq döyüşçüsü ailələri ilə birlikdə Gürcüstana köçürülür. IV David öz qoşununu artırandan sonra səlcuqlara nəinki vergi verməkdən imtina edir, hətta hücuma keçərək, Tiflis şəhərini onlardan xilas edir. Bir müddət sonra səlcuq sultanı Mahmud Şirvana hücum edərək, Şamaxı şəhərini tutur. II Mənuçəhr də əsir düşür. Bunu eşidən IV David onun köməyinə çataraq, Şamaxını səlcuqlardan təmizləyirlər. Bundan sonra Şirvanşahlarla gürcülər arasında dostluq daha da möhkəmlənir. Hətta II Mənuçəhr Davidin qızına evlənir. 1123-cü ildə Şamaxı yaxınlığında keçirilmiş ağır döyüşlərdən sonra Şirvanşahlar səlcuqların asılılığından tamamilə azad olurlar.
Şamaxıdan sonra Şirvanın ikinci böyük şəhəri Bakı idi. Onun dövrəsinə çəkilmiş birinci hündür hasar Şirvanşah II Mənuçəhrin dövrünə aiddir. Şəhər divarlarından birinin təmiri zamanı tapılmış kufi yazılı daş bunu sübut edir. Daşda yazılmışdı ki, bu hasar 1120-1160-cı illərdə Şirvanşah II Mənuçəhr tərəfindən çəkilmişdir. Şəhərin ikinci alçaq divarı isə daha sonrakı illərə aiddir. 1191-ci ildə Qızıl Arslan Şamaxını zəbt etdikdə Şirvanşah I Axsitan Şirvanşahların paytaxtını Bakıya köçürür. Qala içərisində yaşayan əhalinin xariclə əlaqəsi yalnız iki darvaza vasitəsilə saxlanırdı. Bu darvazalardan biri şimal tərəfdə olub Şamaxı darvazası adlanırdı. O biri isə qalanın cənubundakı Salyan darvazası idi. Salyan darvazası dağlara tərəf açıldığı üçün bəzən Dağlıq qapısı da adlanırdı.
Şirvanşah I Xəlilullanın dövründə qala içərisində inşaat böyük vüsət almışdı. Şəhərin ən yüksək bir yerində, təpənin üstündə Şirvanşahlar sarayı tikildi. Şəhərin ansamblına divanxana, dərviş məqbərəsi, məscid, hamam da daxil idi. Saray dörd tərəfdən hasar içərisinə alınmışdı. 1683-cü ildə Bakıda olmuş alman səyyahı Engelbert Kempfer Şirvanşahlar sarayının tikilişinə heyran qalaraq yazırdı: "Şəhərin yuxarı hissəsində gözəl bir saray vardır ki, bu Şah sarayı adlanır. Saray qayanın üstündə, doğrudan da əzəmətli tikilmişdir… Sarayın qapısına bir-birilə üzbəüz oturmuş iki şir şəkli həkk olunmuşdur. Onların başları üstündə başqa bir heyvan başı da həkk olunmuşdur, elə bil dəvə başıdır".
Kempferin təsvir etdiyi şəkil hal-hazıradək şəhərin şimal darvazaları üstündə durur. Lakin Kempfer şirlərin arasındakı heyvan başını dəvə başına oxşatmaqda yanılmışdı. Belə öküz başı Bayıl körfəzində tapılmış daşların üstündə də həkk olunmuşdur. Bundan başqa hazırda şəhərin Ostrovski (indiki S. Vəzirov) küçəsində 59 nömrəli qədim bir evin qabağından keçərkən diqqət yetirsəniz, fasadda həkk olunmuş iki şirin arasında da öküz başı rəsm edildiyini görə bilərsiniz. Buradan məlum olur ki, iki şir arasında öküz başı vaxtı ilə Şirvanşahların gerbi olub.
Kempfer daha sonra yazırdı: "Bakı şəhəri demək olar ki, düzbucaqlı şəklindədir. Ancaq bir tərəfi daha uzundur. Hər tərəfi min addım, bəlkə də artıqdır. Şəhərin bir tərəfi limandır. O biri tərəfi isə (indiki Ə. Əliyev küçəsi tərəf – Q.İ.) dənizə baxır. Qalan tərəfləri isə daş kimi möhkəm torpaqda qazılmış xəndəklərlə əhatə olunub. Şəhər bir-birindən on beş addım aralı olan iki divar içərisindədir. Divarlarda çoxlu yarım dairəvi bürclər vardır. Divarın yuxarısı diş-dişdir. Şimal tərəfdəki darvazanın üzərinə dəmirdən üz çəkilmişdir".
Kempferdən xeyli sonra 1824-cü ildə Bakıda olmuş Kazan şəhərinin professoru İ. Berezin bu təsvirləri sanki təsdiq edərək yazırdı: "Bakı qalası, doğrudan da iki cərgə hasar arasına alınmışdı. Dəniz tərəfdə isə divar yalnız bir cərgədir. Qaldırılan körpüsü vardır və yaxşı müdafiə olunur. Cənub-qərb tərəfdə isə şəhərin ətrafında təpələr ucalır. Bakı qalasının qurudan keşikçi bastionları olan iki darvazası vardır: Şimal-şərqdə, şəhərə daxil olduğum Şamaxı darvazası və cənub-qərb tərəfdə Dağlıq darvazası. Mən bu qapıdan keçib, qəbiristanlığa getmişəm. Dəniz tərəfdən isə bir neçə kiçik girişlər vardır".
Berezinin Dağlıq qapısı adlandırdığı darvaza Salyan darvazasıdır. Keçmiş İnqilab bağına açılan darvaza. O zaman bu darvaza keçmiş Pionerlər sarayının, göz xəstəxanasının yerləşdiyi qəbiristanlığa açılırdı. Buna görə də Berezin qəbiristanlığa məhz bu darvazadan gedə bilərdi. Şamaxı və Salyan darvazaları içəri tərəfdən hasar boyu salınmış yolla birləşmişdi. Bu yolla piyadalar və arabalar hərəkət edirdi. Həmin yol indiki Sabir küçəsidir. Divarlar hər iki tərəfdən dənizə tərəf yenirdi. Lakin sahildə yalnız içəri hündür hasar sahil tərəfdən şəhəri dövrələyir, ikinci alçaq divar isə sahildən dənizin içərilərinə tərəf uzanırdı. Beləliklə qala dəniz tərəfdən yalnız bir hasarla dövrəyə alınmışdı. Burada qaladan sahilə açılan üç qapı vardı.
XII əsrdə Şirvanşahlar artıq Bakı limanında böyük hərbi donanmaya malik idilər. Axsitan IV David, daha sonra gürcü şahı III Georgi ilə daimi hərbi-siyasi əlaqədə idi. Onun köməyi ilə Axsitan Dərbənd tərəfdən Şirvana hücum edən köçəri qıpçaqların hücumunu dəf etmişdi. 1175-ci ildə Bakı yaxınlığında, təxminən Mərdəkan və Şüvəlan tərəfdə Axsitan 73 gəmi ilə hücuma keçən rusların hücumunun qarşısını ala bilmiş və onları geri oturtmuşdu.
Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və Şamaxı şəhərlərində olduğu kimi Bakıda da kustarlıq və peşəkarlıq çox inkişaf etmişdi. Burada kətan, ipək və yun parçalar, dəmir məmulat və sairə hazırlanır və Azərbaycandan keçən, Şərqin və Avropanın ticarət mərkəzlərini birləşdirən karvan yolları və dəniz vasitəsilə başqa ölkələrə ixrac olunurdu. Şəhərdə çoxlu culfa, dəmirçi, boyaqçı, dülgər, başmaqçı, dəbbaq, dulusçu və dərzi yaşayırdı.
Şirvanşahlar dövründə şəhərləri şah tərəfindən təyin edilmiş əmirlər idarə edirdi. Əslində əmirlər böyük feodal idilər. Şəhərdə məscidlər və başqa binalar tikdirir və şəhərdən xaricdə, xüsusilə Xəzər dənizinin kənarlarında mühafizə əhəmiyyətli qalalar inşa etdirirdilər. Hazırda bəzi tikililərin üstündəki yazılı daşlarda belə əmirlərin adlarına rast gəlmək olar. Əmirlərdən başqa şəhərlərdə bir sıra yüksək vəzifəli məmurlar da vardı ki, bunlara Şirvanşahlar tərəfindən yüksək adlar verilmişdi. Məsələn, belə adlardan biri sədr idi. Sədrlər adətən hakim orqanlara yaxın adamlardı. Bəziləri hətta iri feodallar idi. Onlar vəqf və başqa işlərlə məşğul olurdular. Məscid tikdirmə hüququna malik idilər. Məsələn, Bakıda 1308-1309-cu illərdə tikilmiş Giley məscidinin kitabəsində sədr Əbubəkr oğlu Əminəddinin adına rast gəlmək mümkündür. Rəis adətən iri tacirlərə və kustarçılıq sexlərinin başçılarına deyirdilər. Qoşun hissəsinin baş komandanı süpehsalar adlanırdı. Onlar da iri feodallardı və müdafiə əhəmiyyətli qalalar tikdirə bilirdilər. Məsələn, Mərdəkandakı XIII əsr abidəsi dairəvi qalanı süpehsalar Kəkli oğlu İshaq tikdirmişdi. Süpehsalar Şirvanşahlar dövlətində ən yüksək hərbi vəzifə idi.
SƏFƏVİLƏR VƏ TÜRKLƏR BAKIDA
Şirvanşah I Xəlilullanın oğlu Fərrux Yasar hakimiyyəti dövründə Səfəvilər Şirvan üzərinə hücuma keçərək, ölkəni təzədən əsarət altına aldılar. Hələ bundan qabaq 1460-cı ildə Səfəvi sərkərdələrindən şeyx Cüneyd Şirvana basqın edərkən I Xəlilulla tərəfindən öldürülmüşdü. Bundan təxminən iyirmi il sonra da şeyx Cüneydin oğlu şeyx Heydər vuruşmada Fərrux Yasar tərəfindən qətl edilmişdi. Azərbaycanı birləşdirmək və vahid Azərbaycan dövləti yaratmaq məqsədilə Şirvan torpaqlarına hücum edən Şah İsmayıl babasının və atasının intiqamını almağı da unutmurdu. 1500-cü ildə Gülüstan yaxınlığında Fərrux Yasar qoşunları ilə Şah İsmayılın qızılbaşları arasında qızğın döyüşlər getdi. Bu döyüşlərdə Fərrux Yasar məğlub olaraq öldürüldü. Bundan sonra Şah İsmayıl Şirvanın qala və şəhərlərini zəbt edərək, çoxlu qənimət ələ keçirdi. 1501-ci ildə isə qızılbaşlar Bakı üzərinə hücuma keçdilər.
Bu, baharın xoş günlərindən birində idi. Bakının işğalı üçün Şah İsmayıl özünün iki bacarıqlı sərkərdəsini göndərmişdi. Bunlar Məhəmməd bəy Ustaclu ilə İlyas bəy Xunuslu idi. Onlar şəhər divarlarına yaxınlaşanda donuxub qaldılar. Uca qalın divarlar boyu uzanan xəndəklər, üzərinə dəmir çəkilmiş darvazalar hər iki sərkərdəni çox düşündürdü. Belə möhkəm qalanı almaq çox çətin idi. Şah İsmayıl isə qalanın alınmasını tələsdirirdi. Hələ Şirvanşah Fərrux Yasarın dövründə Bakı, Mahmudabad və Salyanın idarə edilməsini kürəkəni Qazıbəyə həvalə etmişdi. Şah İsmayılın qoşunları Bakıya yaxınlaşanda Qazıbəy təsadüfi olaraq şəhərdən çıxmışdı. Lakin onun olmaması bakılıları zərrə qədər də sarsıtmadı. Onlar qalanın möhkəmliyinə arxayın olaraq, şəhəri qəhrəmanlıqla müdafiə etməyə başladılar. Ərzaq və silah ehtiyatları da kifayət qədər vardı. Ərinin qalada olmadığını düşmənə bildirməmək üçün Qazıbəyin arvadı özü müdafiəyə başçılıq etməyə başladı. Düşmənin qalaya bir-birinin dalınca olan həmlələri heç bir nəticə vermirdi. Bakılılar mərdliklə müdafiə olunurdular. Vəziyyəti belə gördükdə Səfəvilər bu mərd qadının yanına elçi göndərdilər. Qazıbəyin arvadı elçini sarayda deyil, qala divarının yanında qəbul etdi.
Cənabınızı eşidirəm, – deyə qarşısında durmuş qırmızı çalmalı elçini qəzəblə süzdü.
Böyük şahın fərmanını sizə çatdırmaq istəyirəm.
O nə fərmandır elə? – qadın istehza ilə soruşdu.
Fərman budur ki, təslim olasınız.
Kifayətdir. – Qadın əlini çırpdı. – Bizə təslim olmağı təklif edənlərə cavabımız ancaq birdir. – Bunu deyib, ətrafında toplaşmış müdafiəçilərə müraciətlə əlavə etdi. – Aparın.
Hələ özünə gəlməmiş elçinin başı dərhal vurulur. Qadının bu hərəkəti Şah İsmayılın sərkərdələrini bərk qəzəbləndirir və təzədən qalaya basqına başlayırlar. Ancaq bu da bir nəticə vermir. Bu dəfə şəhərin darğası şəhər müdafiəsinin başçısı yanına gəlir. Onu yola gətirməyə çalışaraq, qalanı təslim etməyi məsləhət görür. Darğanın da başı bədənindən ayrılır. Şah İsmayıl qalanın alınmadığını eşidib, köməyə təzə qüvvələr göndərir. Yenə də heç bir şey çıxmadığını görəndə özü Bakıya gəlməyə məcbur olur. Onun rəhbərliyi altında qızılbaş əsgərlər qala divarının altından gecəli-gündüzlü lağım atmağa başlayırlar. Qalanın bir tərəfi uçur. Yalnız bu zaman əhali təslim olmaq qərarına gəlir. Şəhərin görkəmli və ağsaqqal adamlarından 70 nəfəri əyinlərinə kəfən taxaraq, qılıncları boyunlarından asılı halda əllərində Quran şəhər darvazalarından çıxıb, Şah İsmayılın yanına gəlirlər. Tarixçilərin yazdıqlarına görə, Şah İsmayıl onların günahından keçir, şəhərdən yalnız qan bahası olaraq, min tümən pul alır. Şah İsmayılın ürəyi bununla da soyumur. O, babasını öldürmüş Şirvanşah I Xəlilullanın sümüklərinin Şirvanşahların türbəsindən çıxarılıb, yandırılmasını əmr edir.
Həmin ildə də səfəvi qoşunları Şirvandan çıxırlar. Səfəvilərin Şirvan üzərində qələbə çalmasına baxmayaraq, Şirvanşahlar hələ də Səfəvilərə tabe olmaqdan imtina edirdilər. Xüsusilə Fərrux Yasarın oğlu Şirvanşah Şeyx şah açıq- açığına boyunduruq altına girmək istəmirdi. Buna görə də, sonralar Şah İsmayıl Şirvanı tamamilə özünə tabe etmək üçün dəfələrlə bu torpaqlara hücum çəkmişdi. Belə bir hücum axırıncı dəfə 1519-cu ildə olmuşdu. Şirvanşahlar bu dəfə Səfəvilərə qəti qələbə çalmaq əzmində idilər. Ancaq Səfəvilərin üstün qüvvələri qarşısında onlar heç bir şey edə bilmirlər. Təslim olurlar. Səfəvilərin hər dəfə qələbə çaldıqlarına baxmayaraq Şirvanşahlar öz istiqlaliyyətlərini hələ də saxlaya bilmişdilər. 1524-cü ildə Şah İsmayıl ölür və tac-taxta oğlu I Təhmasib sahib olur.
Təhmasib dövründə Səfəvilər dövləti özünün əvvəlki əzəmətini daha hifz edə bilmir. Bunun əsas səbəblərindən biri o idi ki, köçəri kürd tayfaları mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edirdilər. Şirvanşahlar da bundan istifadə edərək, öz mövqelərini möhkəmlətməyə çalışırdılar. Şirvanşah II Xəlilulladan sonra taxta onun qardaşı oğlu Şahrux keçir. O çox cavan idi. Saray əyanları bundan istifadə edərək, hakimiyyəti, demək olar ki, öz əllərinə almışdılar. Ölkədə talan başlandı. Bu da xalqın böyük qəzəbinə səbəb olmuşdu. Şirvanda üsyanlar başlamışdı. I Təhmasib bu fürsəti əldən buraxmaq istəmir. 20 minlik qoşunla Şirvana basqın edir. Dörd aylıq mühasirədən sonra Şahruxun yerləşdiyi qala işğal olunur. Şahrux özü isə əsir alınıb, Təbrizə göndərilir. 1540-cı ildə Şirvanşahların axırıncı şahı Şahrux Təbriz həbsxanasında gizlicə qətl edilir.
Beləliklə I Təhmasib Şirvanşahlar sülaləsini tamamilə ləğv edərək, Şirvanı Səfəvi dövlətinin əyalətlərindən birinə çevirdi. Bundan sonra Şirvan varlılarının böyük torpaq sahələri səfəvi əmirlərinə paylanır. Həmin müddətdə Şirvanın idarə edilməsi səfəvi canişininə – bəylərbəyinə həvalə olunur.
1541-ci ildə Təhmasib Qazi xan Təkəlini Bakıya hakim göndərir. Heç bir şeydən çəkinməyən bakılılar onu şəhərə buraxmırlar. Yalnız zor gücünə Təkəli şəhərə daxil olub, hakimiyyətə başlayır.
Bu illərdə sultan Türkiyəsi hələ də Azərbaycanı, Gürcüstanı işğal etmək arzusu ilə yaşayırdı. Xüsusilə Xəzərin qərb sahilləri onun iştahasını çox çəkirdi. 1549-cu ildə I Sultan Süleyman Azərbaycana qoşun yeridir. Bu işdə Türkiyəyə rəğbət bəsləyən yerli feodallardan Bürhan Əlinin də böyük köməyi olur. Bürhan Əlinin bu xidməti əvəzində türklər Şamaxını işğal etdikdən sonra onu Şirvana vali təyin edirlər. İki ildən sonra Bürhan Əli ölür. Şirvan təzədən Səfəvilərin əlinə keçir. Şirvanlılar Səfəvilərin Bürhan Əlinin meyidindən də intiqam alacaqlarını bildikləri üçün meyidi gizlədirlər. Şirvanın bəylərbəyi Abdulla xan isə meyidi tapdıraraq, başını kəsdirir. Bu ara Abdulla xana xəbər verirlər ki, Bürhan Əlinin yaxın adamları Bakıda gizlənirlər. Onların dalınca bir dəstə atlı göndərilir. Çox axtarışdan sonra onları Xəzər dənizindəki adalardan birində tapırlar. Onları Bakıdan Şamaxıya gətirərək edam edirlər.
Bu əhvalatdan sonra Şirvan əhli bir müddət rahat nəfəs almağa başlayır. Lakin bu da uzun sürmür. 1554-cü ildə türk qoşunları Sinan bəyin başçılığı altında Zaqafqaziyaya daxil olub, Şirvan üzərinə yüruyür. Bu zaman türk qoşunlarına bələdçilik edən Şirvanşahlar nəslindən olan Qasım Mirzə idi. O vaxtilə Səfəvilərin istilasından sonra Türkiyəyə pənah aparmış və sultanın sarayında yaşamışdı. Türklər bu hücumda müvəffəqiyyət qazana bilmirlər. Ərzaq çatışmazlığı onları qayıtmağa məcbur edir. 1555-ci ildə I Təhmasiblə türklər arasında müqavilə bağlanır. Bu müqaviləyə əsasən Qərbi Gürcüstanın bir hissəsi, Ermənistanın qərb əyalətləri Türkiyənin ixtiyarına verilir. Ermənistan və Gürcüstanın şərq əyalətləri isə Azərbaycanla birlikdə Səfəvilərin əlində qalır.
Bu müddətdən başlayaraq təxminən iyirmi il müddətində, Azərbaycan torpaqlarında davam edən dinclik və rahatlıq ölkənin və o cümlədən Bakı şəhərinin ictimai-iqtisadi həyatında tərəqqi dövrü olur. Ticarət genişlənir, ölkədə xalq təsərrüfatı müvəqqəti olsa da, qaydaya düşür. Xüsusilə Abdulla xan Şirvanda bəylərbəyi olduğu müddət ərzində Rusiya ilə ticarət əlaqələri xeyli genişlənir. Bakının ticarət mərkəzi kimi əhəmiyyəti daha da artır. Xəzər dənizi ilə yük daşınması birə-iki qat çoxalır. Bakı ilə Şamaxı arasında olan ticarət yolları üstündə karvansaralar və su ovdanları tikilir.
Bu iyirmi il Türkiyə üçün hərbi cəhətdən böyük yüksəliş, Səfəvilər üçün isə tənəzzül dövrü idi. I Təhmasibin ölümündən sonra köçəri tayfalarla mərkəzi hökumət arasında çəkişmələr daha da gərginləşmişdi.
Taxt-taca yiyələnmək üstündə şahın övladları arasında çəkişmə gedirdi. Bəzi saray əyanlarının köməyi ilə İsmayıl Mirzə II İsmayıl adı ilə taxta çıxarılır. Lakin onun hökmranlığı uzun sürmür. İki ildən sonra saray çevrilişi nəticəsində II İsmayıl öldürülür. Yerinə I Təhmasibin böyük oğlu kor Məhəmməd Xüdabəndə keçir. A. Bakıxanov "Gülüstani-İrəm" əsərində Xüdabəndənin siyasəti nəticəsində Səfəvi hökumətinin daha da zəiflədiyini qeyd edir. Onun yazdığına görə Məhəmməd Xüdabəndə iradəcə zəif bir adam idi. Onun hökmranlığı dövründə əmirlər arasındakı yekdillik də aradan qaldırılmışdı. Daha güclülər dövləti, demək olar ki, aralarında bölüşdürmüşdülər. Bütün bunların nəticəsində Səfəvi dövləti daxilən sarsılırdı.
Səfəvilərin belə zəifləməsindən istifadə edən Türkiyə vaxtı ilə onlarla bağlanmış müqaviləni pozaraq Mustafa Lələ paşanın başçılığı altında 100 minlik türk qoşununu təzədən Zaqafqaziyaya yeritdi. Məşhur Çaldıran döyüşlərində Səfəvilər məğlub edildi. Gəncə, Qəbələ, Şamaxı, Bakı və başqa şəhərlər işğal edildi. Ölkədə yeni inzibati bölgü düzəldi. Paşalıqlar, sancaqlar yaradıldı. Abşeron yarımadası Bakı şəhəri ilə birlikdə ayrıca bir sancaq oldu. Y.Paxomovun "Azərbaycan sikkə xəzinələri" kitabında o dövrdə Bakıda sultan adından basılmış sikkə nümunələri göstərilmişdir.
Bir müddətdən sonra türklər Bakı, Şamaxı və başqa şəhərlərdə kiçik qarnizon hissələri saxlayıb, əsas qüvvəni geri çəkirlər.
Səfəvilərə də belə fürsət lazım idi. Türklər geri çəkilən kimi Məhəmməd Xüdabəndənin oğlu Həmzə Mirzənin başçılığı altında Səfəvi qoşunları türklərin kiçik qüvvələrini darmadağın edib, şəhərləri və o cümlədən Bakını osmanlılardan azad etdilər. Osman paşa Dərbəndə qaçdı. 1584-cü ildə osmanlıların vassalı olmuş Məhəmməd Girey xan Osman paşanın köməyinə çatdı; Şamaxı, Bakı və başqa şəhərlər təzədən osmanlıların himayəsi altına keçdi. Türkləri Şirvan şəhərlərindən çıxartmaq üçün Xüdabəndə Azərbaycana təzə qüvvələr göndərdi. Səfəvi əmirləri əvvəlcə Bakını mühasirəyə aldılar. Lakin şəhəri işğal edə bilmədilər. Çünki onların arasında güclü ixtilaf başlamışdı. Digər tərəfdən ərzaq çatışmazlığı ordunun geri qayıtmasına səbəb oldu.
Osmanlıların işğalı dövründə Səfəvi dövləti son dərəcə ağır günlər keçirirdi. Özbəklər də ölkəni hədələməyə başlamışdılar. Səfəvi dövləti üçün belə ağır vəziyyətdə Məhəmməd Xüdabəndənin kiçik oğlu I Şah Abbas 1587-ci ildə taxta çıxır. O Səfəvi tarixində Şah Abbas Kəbir kimi tanınır. O zaman Şah Abbasın on altı yaşı vardı. Gənc olmasına baxmayaraq, Mərkəzi Səfəvi dövlətini böhrandan çıxarmaq üçün bir sıra tədbirlər düşünüb həyata keçirir. Onun reformaları nəticəsində Səfəvi dövləti özünün əvvəlki qüdrətini qaytarmağa nail olur. Səfəvilərin paytaxtını da Qəzvin şəhərindən, ölkənin içərilərinə – İsfahana köçürür. Gənc Səfəvi hökmdarı ölkəni ağır vəziyyətdən qurtarmaq üçün əsas çıxış yolunu osmanlılarla müharibəni dayandırmaqda görür. 1590-cı ilin may ayında türklərlə sülh müqaviləsi bağlanır. Doğrudur, bu Səfəvilərə çox ağır başa gəlir. Çünki Azərbaycanın şimal və cənub əyalətlərinin əksəriyyəti, o cümlədən Bakı və Abşeron türklərin himayəsi altında qalır. Türklər Azərbaycanda öz mövqelərini möhkəmlədəndən sonra sünni məzhəbini rəsmi məzhəb elan edərək, şiələri hər yerdə təqib etməyə başlayırlar. O dövrdə Bakı əhalisinin əksəriyyəti şiə idi. Bu cəhətdən əhali hər tərəfdən sıxışdırılır, onlara həddindən artıq vergi qoyulur, ticarət işlərinə maneçilik törədilirdi. Hətta bəzən bir çoxlarını sünni məzhəbini qəbul etməyə məcbur edirdilər. Türklər Dərbənddən tutmuş, ta Bakıyadək ticarət yollarını möhkəm nəzarət altına almışdılar. Rus ticarət gəmilərinin toplaşdığı Niyazabadda türklər özləri üçün xüsusi ticarət gəmiləri inşa etməyə başlamışdılar. Türk qarnizonlarının yerləşdiyi bütün şəhərlər möhkəmləndirilmişdi. Mustafa Lələ paşanın əmri ilə Bakıda şəhər divarları təmir edilib qaydaya salınmış, şəhərin müdafiəsi üçün keşikçilərin sayı artırılmışdı. Axşamlar şəhər darvazaları möhkəm bağlanır, içəriyə bir nəfər də buraxılmırdı.
Türklərin Xəzərin qərb sahillərində möhkəmlənməsi rusları narahat etməyə bilməzdi. Bu məqsədlə vaxtilə şah Xüdabəndə dövründə başlamış olduqları diplomatik danışıqlara təzədən qayıtmalı oldular. I Şah Abbas Moskva çarının yanına elçi göndərərək, türklər əleyhinə birgə müharibəyə başlamağı təklif etdi. Bunun əvəzində isə Şah Abbas Dərbənd ilə Bakı arasındakı Xəzər sahillərini həmişəlik olaraq rusların ixtiyarına verəcəyini vəd edirdi. İsveçlərlə müharibəni yenicə qurtarmış ruslardan xəbər çıxmadıqda Şah Abbas 1606-1607-ci illərdə tək başına türklər üzərinə yürüşə başladı. İrəvan, Gəncə, Şamaxı və Bakı şəhərlərini türklərdən geri aldı.
Bakı şəhərinin alınmasında şəhər əhalisinin də böyük köməyi olmuşdu. Bu zaman şəhərdə osmanlıların 300 nəfərdən ibarət bir qarnizonu dururdu. Bakılılar Şah Abbas qoşunlarının şəhərə yaxınlaşmasından xəbər tutduqda türklərin zülmündən xilas olmaq məqsədilə içəridə qarnizonun əleyhinə qəsd düzəldirlər. Əlbəyaxa vuruşlarda İçərişəhərin dar küçələri bakılıların köməyinə çatır. Damlardan, evlərin pəncərələrindən açılan güllələrlə və əllərində siyirmə qılınclarla bütün qarnizon əsgərlərini bir nəfər kimi qırırlar. Sonra əsgərlərdən çoxunun başını kəsərək, şəhər qapılarının açarları ilə birlikdə Şah Abbasa göndərdilər. Türk qarnizonuna tutulan bu divan şiəçilik bayrağı altında keçirilmişdi. Əhali bir işğalçının zülmündən qurtararaq, ikinci bir işğalçının əsarəti altına düşdüyünü dərk etmədən yalnız sünni məzhəb türkləri qovmaq üçün qızılbaşlara sığınmağa çalışırdı. Bir türk tarixçisinin yazdığına görə, Şah Abbas bu qəsd əvəzində bakılılara böyük mükafatlar vermişdi.
Şah Abbas Azərbaycanda hakimiyyətini qüvvətləndirmək üçün inşaat işlərini sürətlə genişləndirirdi. Bakı şəhər divarlarını, Şamaxı darvazasını təmir etdirir, çoxlu karvansara və ovdanlar tikdirirdi. Onun tikdirdiyi karvansara və ovdanlardan bəziləri bizim günlərədək qalmışdır.
Şah Abbas tarixdə öz amansız müstəbidliyi ilə də tanınmışdır. Onun hökmdarlığı dövründə işğal edilmiş yerlərdə baş verən üsyanları amansızcasına yatırtmışdı. Qiyamçıları ən ağır cəzalarla öldürtdürür, kəndləri, obaları yandırtdırır, əhalini öz doğma yerlərindən sürgün etdirib, didərgin saldırırdı. Azərbaycanda özünə dayaq yaratmaq məqsədilə Şah Abbas yarımköçəri tayfaları İranın cənubundan şimal rayonlarına sürdürürdü. Muğanda yerləşmiş Şahsevən tayfaları da bu yerlərə o zaman köçürülmüşdü. Bu tayfanın nümayəndələri indiyədək Bakının bir çox kəndlərində yaşayırlar. Şahsevənlər başlıca olaraq, maldarlıqla məşğul olmuşlar. Qılınc çalmağı məharətlə bacarırdılar, mərd və qorxmaz olublar. Bu keyfıyyətlərinə görə, Şah Abbas həmişə onlara arxalanırmış.
XVIII əsrin axırlarına doğru Səfəvilər dövləti uzun sürən talançılıq müharibələri və feodalların özbaşınalığı nəticəsində süqut etməyə başlayır. Dövlət maliyyə cəhətdən böhran keçirir. Xəzinə boşalır. Hətta şah Hüseynin dövründə sikkə basılması üçün gümüş tapılmadığından şahın əmri ilə sarayın gümüş və qızıl qabları əridilir, Səfəvi əcdadlarının məqbərələrindən gümüş bəzəklər çıxarılıb, xəzinənin sərəncamına verilir.
Əhalinin vəziyyəti isə son dərəcə ağırlaşmışdı. İllərlə davam edən quraqlıq nəticəsində ölkənin şimal və cənub əyalətlərində aclıq başlayır. Acından ölənlərin sayı gündən-günə artırdı.
STEPAN RAZİN BAKIDA
1667-ci ilin yayında Stepan Razin altı min kazakla Volqadan çıxaraq gəmilərlə Xəzər sularına daxil olur və İran sahillərinə tərəf üzür. Yolda o sahilboyu Dərbəndlə Bakı arasındakı kənd və obaları talan edir. Ayrı-ayrı yerlərdə düşərgə salır və dincələndən sonra yenə yoluna davam edirdi. Belə düşərgələrdən biri də keçmiş Razin qəsəbəsində dağın ətəyi idi. Sonra Bakıya yaxınlaşır, lakin onu tuta bilmir. Şəhər ətrafındakı kəndləri qarət edəndən sonra ələ keçirdikləri qənimətlər, əsir aldığı yüzədək adam və yeddi min qoyunla Xəzərdəki Jiloy adasına çəkilirlər. Burada dincəldikdən sonra təzədən geri qayıdırlar. Xeyli müddət şəhərin ətrafında hərlənirlər. Bir şey çıxmır. Belə olduqda qayıqlardakı yüngül toplarla şəhəri atəşə tuturlar. Bu zaman şəhər qalasındakı ağır toplardan cavab atəşi açılması nəticəsində geri çəkilib, cənuba üz tuturlar. Stepan Razinin İran sularına yaxınlaşması rus çarı Aleksey Mixayloviçi çox narahat edirdi. Çünki Türkiyə ilə mübarizədə ona yaxın olan İran hökuməti, II Şah Abbas Stepan Razinin basqını ilə ondan üz döndərə bilərdi, bu məqsədlə polkovnik Palmar təcili olaraq, İrana göndərilir. Çar Aleksey Mixayloviç II Şah Abbasa göndərdiyi məktubda yazırdı ki, İran sularına yaxınlaşan talançılar başçısına heç bir kömək göstərilməsin, ona heç yerdə daldanacaq verilməsin, onlarla rastlaşanda hamısını amansızcasına qırsınlar. Lakin Palmar hələ Həştərxana çatıb, İran sularına girməmiş Stepan Razin artıq İran sahillərində idi. İranadək olan yol boyu kazaklar böyük şəhərlərə daxil olmaqdan çəkinərək, kiçik qəsəbə və obaları talan edə-edə irəliləyirdilər.
Razin Rəşt şəhərini alıb, əhaliyə divan tutandan sonra şah qoşunlarının təzyiqi altında geri çəkilir. Şah polkovnik Palmara güclü qüvvə verərək, dənizə Razinin arxasınca göndərir. Dənizin ortasında gedən ağır döyüşlərdə Razin şah qoşunlarını darmadağın edib, yoluna davam edir. O bir müddət Bakı yaxınlığındakı Səngi Muğan adasında düşərgə salır. Burada on həftə qalıb, özlərinə əyin-baş düzəldəndən sonra Həştərxana tərəf hərəkət etmək istəyirdilər. Lakin rahat yola düşmək onlara müyəssər olmur. 1669-cu ilin iyununda başda Meneli xan olmaqla şah qoşunları adanı dövrəyə alırlar. Kazaklar özlərinə gəlməmiş şah qoşunları təbil və zurna sədaları altında adaya hücuma keçirlər. İranda olan İsveç səfarətxanasının katibi Kempfer bu döyüş barədə belə yazırdı: "Kazaklar bir neçə gəmi ilə adadan açıq dənizə çıxdılar. Bunu görən İranlılar güman elədilər ki, kazaklar qaçırlar. Əslində isə bununla kazaklar İranlıları öz arxalarınca dənizin içərilərinə çəkirdilər. Özlərini elə göstərirdilər ki, guya artıq gəmiləri idarə edə bilmirlər. Bundan həvəslənən şah qoşunları onları zurna-balabanla təqib edirlər. Hətta gəmiləri, zəncirlə bir-birinə bağlayırlar ki, kazaklar aradan çıxa bilməsinlər. Əslində bu vəziyyət kazaklara böyük üstünlük qazandırırdı. Xan özü də üstündə bayraq olan böyük gəmidə gəlirdi. O da, öz gəmisini zəncirlə başqa gəmilərə bağlamışdı. İranlılar sahildən xeyli aralanandan sonra kazaklar toplardan atəş açmağa başladılar. Razin özünün gənc, mahir topçusuna tapşırdı ki, öz topunu bayraqlı gəminin yuxarı hissəsində barıt saxlandığı yerə tuşlasın. Top gülləsinin içərisinə pambıqla neft doldurulduğundan, atəş gözəl nəticə verdi. Gəminin həmin hissəsi partladı və xan başqa gəmiyə keçməyə məcbur oldu. Gəmi batmağa başlarkən zəncirlə bağlanmış o biri gəmiləri də özü ilə birlikdə dənizin dibinə tərəf dartmağa başladı. Bu zaman kazaklar gəmilərə yaxınlaşdılar, atəşi dayandırdılar və öz gəmilərini hündür göyərtələri olan şah gəmilərinə bağlayaraq, İranlıları öldürməyə başladılar. İranlılardan bəziləri özlərini suya atıb, canlarını qurtardılar, qalanları isə qırıldı. Kazaklar İran gəmilərində toplardan başqa heç bir şey ələ keçirə bilmədilər. Bu yaxınlarda Səngi Muğan adası yanında dənizin dibindən tapılmış 18 müxtəlif növlü lövbərlərin içərisində iki haçalı admiralitet lövbəri xüsusilə maraqlı idi.
Səngi Muğan yanındakı bu döyüş bütün Rusiyaya səs salmışdı. Bu döyüş Stepan Razinin Xəzər dənizində axırıncı döyüşü oldu. Ondan sonra kazaklar Həştərxana tərəf üz tutdular. 1669-cu ildə avqustun əvvəlində artıq Volqa çayına çatmışdılar.
Stepan Razini gözləri ilə görmüş 17-ci əsr Hollandiya səyyahı Y.Y. Streys özünün məşhur "Üç səyahət" adlı kitabında Razinin həyat və fəaliyyətinə aid bir sıra maraqlı məlumatlar verir. Onun yazdığına görə Razin həm mərhəmətli və həm də amansız bir sərkərdə olmuşdur. Səyyah onun amansızlığına aid iki əhvalatı təsvir edir. Bunlardan birincisi bu idi: "Razin İranda olduğu zaman bir İran şahzadəsinin qızını qardaşı ilə birlikdə əsir almışdı. Oğlanı Pozorovski adlı bir cənaba satmış, şahzadə qızı isə məşuqəsi kimi yanında saxlamışdı. Razin bir dəfə sərxoş halda qəzəblənib, Volqaya müraciətlə deyir: "Sən gözəl çaysan, mən səndən çoxlu qızıl, gümüş və qiymətli qaş-daş toplamışam. Sən mənim namusumun, şöhrətimin atası və anasısan. Ar olsun mənə ki, bu vaxtadək sənə heç bir qurban verməmişəm. Yox, daha sənə, qarşı nankor olmayacağam. Al". – Bu sözləri deyib bir əli ilə şahzadə qızın boynundan, o biri əli ilə ayaqlarından yapışıb, Volqaya tullayır". Yeri gəlmişkən qeyd edək ki, A.S. Puşkin də bu əhvalatı şeirlərindən birində təsvir etmişdir.
Y.Y. Streysin Stepan Razinin qəddarlığına aid yazdığı ikinci əhvalat: "Bir dəfə belə bir hadisə olmuşdu. Bir nəfər kazak başqasının arvadı ilə yaşamışdı. Bu xəbər Razinə çatan kimi əmr etmişdi ki, onların hər ikisini həbs etsinlər. Bir müddətdən sonra kazakı çaya atıb öldürürlər. Arvada isə başqa cəza verilir. Çayın qırağında yerə bir dirək basdırırlar. Sonra arvadı başıaşağı dirəkdən asırlar. Arvadın başı öz çəkisindən iki dəfə artıq ağırlaşır və nəhayət canını tapşırır".
Bununla yanaşı Streys göstərir ki, Razin yoxsullara qarşı həmişə mərhəmətli olmuşdur. Yoxsul kəndlilərə kömək edirdi.
Bəlkə də belə idi. Lakin yoxsula qarşı bu mərhəməti Razin yalnız Rusiyada göstərirdi. Başqa ölkələrdə evləri talarkən, adamları qılıncdan keçirərkən Razin üçün, xüsusilə onun kazakları üçün yoxsul və varlı yoxdu. Onlar varlılara da, yoxsullara da həmişə bir gözlə baxırdılar. Basqın etdiyi yerdə, o cümlədən Bakıda da Stepan Razin özünə ancaq nifrət və lənət qazanmışdı.
Y. Y. Streys Razin kazaklannın söhbətlərindən parçalar vermişdir. Bu söhbətlərdən görünür ki, kazaklar basqın etdikləri yerlərdə, əhaliyə irili-kiçikli hamıya amansızcasına divan tuturlarmış. Budur, onların söhbətləri: "Biz Xəzər, sahillərində, məşhur Barmaq (Beş barmaq – Q.İ.) dağının yaxınlığında yerləşən Nizabat (yəqin ki, Niyazabaddır), Şaberan, Mardov, Takuz şəhərlərini işğal edib, Bakıya və Astrabada tərəf üz tutmuşduq. Qabağımıza çıxan adamları qılıncdan keçirir, evləri və mülkləri yandırırdıq. Bakıya çatanda əlimizə çoxlu çaxır keçdi və onu öz aramızda bölüşdürdük. Çaxır içməyə adət etmədiyimiz üçün hamımız sərxoş olduq. O zaman beş minə qədər kazak idik. Bundan istifadə edən İranlılar (azərbaycanlılar – Q.İ.) tez qoşun toplayıb, biz sərxoş kazakların üstünə düşdülər. Çox güclü və igidcəsinə vuruşurdular; demək olar ki, hamımızı qırdılar. Yalnız 400-500 nəfər qayıqlara oturub canlarını qurtara bildilər. Stepan Razin də çətin vəziyyətə düşdü. Yanında mühafizəçi olmasaydı, o da diri-diri əsir düşəcəkdi. Yaxşı ki, mühafizəçi onu qoruyub, aradan çıxmaq üçün yol tapa bilmişdi".
Stepan Razinin kazakları Xəzər sahili şəhər və kəndlərdən aldıqları qənimətləri dənizin Zənbil adasında bölüşdürdülər. O vaxtdan Zənbil Duvannı adını almışdı. Duvannı sözü "duvanit" sözündən olub, bölüşdürmə deməkdir.
1670-ci ilin yazında qoşun rəisi seçilmiş Razin kazakları, qaçqın kəndliləri ətrafına toplayıb mütləqiyyətə qarşı üsyan qaldırdı. Üsyan antifeodal kəndli müharibəsi xarakteri almışdı.
BAKI RUS İŞĞALI DÖVRÜNDƏ
1722-ci ilin baharında I Pyotr Xəzər suları ilə hərbi səfərə çıxdı. Həmin ilin isti iyul günlərindən birində 274 gəmidən ibarət rus donanması Həştərxandan çıxaraq, Xəzərin qərb və cənub sahillərinə tərəf üzməyə başladı. Gəmilərin bir hissəsi Gilanın Rəşt şəhərinə, o biri hissəsi Bakı sahillərinə, yerdə qalan gəmilər isə Dərbənd şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoşun və 5 min matros vardı. Bunlardan başqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20 min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmişdi. Onlar Dərbənd yaxınlığında hərbi donanma ilə birləşməli idi.
Pyotrun məqsədi Xəzərin cənub və qərb sahillərinə yiyələnmək idi. Bu yerlər rus imperatorluğuna su və hava kimi lazım idi. Osmanlı Türkiyəsi tərəfindən Rusiyanın cənub sərhədlərinə hücum gözlənilirdi. Bu təhlükəni aradan qaldırmaq və Qafqazda rus qoşunları üçün möhkəm baza yaratmaq imperator qarşısında təxirəsalınmaz məsələ kimi durmuşdu. Pyotra etibarlı mənbələrdən xəbər verilmişdi ki, Osmanlı Türkiyəsi Səfəvilərin zəifləməsindən istifadə edərək, ölkə daxilində iğtişaşlar törətməyə başlayıbdır. Şəhərlərdə Səfəvilər əleyhinə başlayan qiyamların çoxu türklər tərəfindən qızışdırılmışdı. Türkiyənin Qafqazda olan əlaltıları – Dağıstan feodallarından ləzgi knyazı Hacı Davud və Qazıkumuq knyazı Surxay xan idi. Bunlar tez-tez Şamaxı şəhərinə, Abşeron kəndlərinə basqınlar edir, əhalini böyüklü-kiçikli qılıncdan keçirirdilər. 1712-ci ildə Şamaxıya etdikləri basqın nəticəsində öldürülən yerli əhali içərisində 300 nəfərədək rus taciri də vardı. Həştərxan qubernatoru və habelə I Pyotr özü İran şahından quldurlara cəza verilməsini tələb etdi, lakin şah tədbir görməkdə aciz qalmışdı. Həştərxan qubernatorunun Pyotra göndərdiyi məlumatında deyilirdi ki, Hacı Davud və Surxay xan Krım xanı vasitəsilə Türkiyə sultanına müraciət edərək, himayə altına alınmalarını xahiş etmişlər.
Səfəvi şahı şah Hüseynin dövründə ölkə siyasi və iqtisadi cəhətdən bərbad bir hala düşmüşdü. Aclıq və xəstəlik başlamışdı. 1722-ci ildə əfqanlar 20 min qoşunla Səfəvilərin paytaxtı İsfahan üzərinə hücuma keçdilər. Onlar 6 aylıq mühasirədən sonra şəhəri ələ keçirdilər. Hüseyn şah taxtdan salındı. İran hökumətinin belə böhranlı vəziyyətində I Pyotr İrana öz hərbi köməyini təklif etdi. Əlbəttə, I Pyotru düşündürən Səfəvilərin vəziyyəti deyil, birinci növbədə rus imperatorluğunun mənafeyi idi. O, Xəzərin cənub və qərb sahillərinə də bu məqsədlə gəlmişdi. Rus dövlətinin cənub sərhədlərini möhkəmlətməklə yanaşı ölkənin gündən-günə artan sənayesi üçün yeni xammal mənbələri zəbt etmək, rus taciri üçün yeni bazarlar açmaq, sərbəst ticarət üçün əlverişli şərait yaratmaq – Pyotru düşündürən bunlardı. Dərbənd və Bakı kimi əlverişli limanlar Xəzərdə rus donanması üçün əsas dayaq ola bilərdi. Pyotr dəfələrlə təkrar edirdi ki, Xəzər dənizi sahillərinə yiyələnmək bizdən ötrü çox vacibdir. Biz türkləri oraya buraxa bilmərik.
Hələ 1716-cı ildə Pyotr Xəzərin cənub və qərb sahillərini öyrənmək və ərazini xəritəyə köçürmək üçün knyaz Çerkaskinin başçılığı altında Xəzər ətrafına ekspedisiya göndərmişdi. Bundan bir az qabaq isə o dövrdə görkəmli diplomat hesab edilən Artemi Volınskini İran şahının sarayına səfir kimi göndərmişdi. Volınski İranın vəziyyəti barədə Peterburqa tez-tez məlumatlar göndərirdi. Növbəti məlumatlardan birində Təbriz şəhərinin vəziyyətini belə təsvir edirdi: "Biz burada olduğumuz zaman çoxlu dilənçiyə rast gəldik. Onlardan çoxu utanmadan lüt-üryan gəzirdilər. Küçələrdə tez-tez yıxılıb qalmış meyitlərə rast gəlmək olar. Onlar itlərin yemi olmuşlar".
Əvvəlki məlumatlarında Volınski Hüseyn şahın hökmranlığı barədə də maraqlı xəbərlər yazırdı: "Hüseyn şah ancaq rəsmi olaraq dövlət başçısı hesab olunur. Əslində isə bir çox əyalətlər onun tabeliyindən çıxmışdır. Buradakı dövlət başçısı ona tabe olanların üzərində başçı deyil, bəlkə də ona tabe olanların tabeliyindədir".
Volınski I Pyotrun tapşırıqlarını Hüseyn şaha yetirmiş və onların arasında belə bir söhbət olmuşdu:
Əlahəzrət şah cənabları, böyük rus imperatoru Pyotrun tapşırığı belədir ki, siz rus tacirlərinin sərbəst alverinə mane olanları cəzalandırasınız. Yəqin cənabınıza məlumdur ki, Dağıstan knyazlarından Davud bəy və Surxay xan Şamaxı şəhərinə basqın etmişlər.
– Bəli, məlumdur.
Həmin bu basqın zamanı rus tacirlərindən 300 nəfərədək öldürülmüş və malları talan edilmişdir.
Şah Hüseyn bundan kədərlənmiş kimi ancaq başını tərpətdi.
O da cənabınıza məlum olsun ki, Xəzər dənizində də rus tacirlərinə bir neçə dəfə quldur basqınları olub.
Şah Hüseyn yenə də susub, başını aşağı dikir. A. Volınski ondan cavab çıxmadığını gördükdə, sözünə davam edir:
– İmperator məni vəkil etmişdir ki, rus tacirlərinin qan bahasını sizdən tələb edim.
A. Volınski ona da vəkil edilmişdi ki, əgər şah bu tələbləri yerinə yetirməkdə acizlik göstərərsə, Rusiyanın İrana kömək edə biləcəyini şaha çatdırsın. Volınski danışılan məsələlər üzrə İran şahı ilə razılığa gəlməyə müvəffəq olur. Sonra Rusiya ilə İran arasında əlverişli bir müqavilə bağlandı. Bu barədə bütün şəhər bəylərbəylərinə şahın fərmanı göndərildi. Bu fərmanda deyilirdi ki, rus tacirlərinin mal tayları heç yerdə açılmasın, onlar yoxlamadan azad edilsin. Bakı limanından Şamaxıya gedən yolda tacirlərə keşikçilər qoşmaq, yerlərdə malların oğrulardan qorunmasını təmin etmək də fərmanda qeyd edilirdi.
Hələ Həştərxanda ikən Pyotr ərəb, fars və Azərbaycan dillərində manifest çap etdirib Dərbənd, Bakı və Rəştə göndərmişdi. Manifestdə deyilirdi: "1713-cü ildə ləzgi knyazı Davud bəy və Qazıkumuq knyazı Surxay Şamaxı şəhərini hücumla almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda Həştərxan qubernatoru onlara xəbər vermişdir. Biz də şahın hüzuruna elçi göndərmişdik. Lakin bu vaxta kimi heç bir nəticə alınmayıb. İran şahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə də, biz özümüz onları tənbeh etmək və intiqam almaq üçün o tərəflərə gəlirik. Hər kəs öz yerində rahat oturub, asayişi pozmazsa, bizim qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz. Əksinə, fəsad əhlinə kömək edənlər və ya qaçanlar padşahın qəhr və qəzəbinə düçar olacaqlar".
Həmin manifesti Bakıya poruçik Lunin, Dərbəndə polkovnik Naumov, Gilana isə Çebataryev aparmışdı.
Rus eskadronu avqustun 15-də Dərbəndə yaxınlaşdı. Avqustun 23-də isə Pyotrun quru qoşunu şəhərə çatdı. Dərbənd şəhərinin naibi İmamqulu bəy Pyotru böyük ehtiramla qarşılayaraq, şəhər darvazalarının açarlarını ona təqdim etdi:
Dərbənd böyük Aleksandr Makedonski tərəfindən salınmış, onun açarları da Böyük Pyotra çatmalıdır – dedi.
Dərbəndin təslim olması Peterburqda böyük təntənə ilə qarşılanmışdı.
Dərbəndin alınmasından bir neçə gün sonra Pyotra xəbər çatır ki, Bakı sultanı Məhəmmədhüseyn bəy elçi Lunini şəhərə buraxmamışdır. Bu Pyotrun qəzəbinə səbəb olsa da, Bakı üzərinə yürüşü davam etdirə bilmir. Çünki donanma Dərbəndə gələrkən dənizdə fırtına qopmuş və ərzaq dolu gəmilərdən çoxu qərq olmuşdu. Ordu ərzaqsız, atlar isə yemsiz qalmışdı. Bütöv bir qoşunu burada saxlamaq çətin idi. Peterburqa göndərdiyi məktubda Pyotr yazırdı: "Yol çox uzaq olmasa da (Bakı nəzərdə tutulurdu – Q.İ.) atların yemsiz qalmaları ucbatından və istidən hərəkət etmək mümkün deyildir".
Beləliklə, Pyotr Dərbənddə bir qarnizon saxlatdırıb, Peterburqa qayıdır. Onun Peterburqa tələsməsinin başqa bir səbəbi də vardı. Məsələ orasında idi ki, rus qoşunlarının cənuba səfəri zamanı İsveçlə müharibənin təzədən başlanması təhlükəsi yaranmışdı. Belə günlərdə Pyotr Peterburqdan kənarda qala bilməzdi. Peterburqa yola düşərkən general-admiral Matyuşkinə əmr etmişdi ki, bir ildən sonra Bakıya mütləq desant çıxarıb, şəhəri tutsun.
Rus donanmasını Gilana səfəri isə həmin ilin noyabrında olmuşdu. Ekspedisiyanın başında Xəzər sahillərinə yaxşı bələd olan kapitan-leytenant Semyonov dururdu. Gəmilərə iki batalyon piyada qoşun yerləşdirilməsi barədə Pyotrun əmri hərbi hissənin komandiri polkovnik Şipovu qorxuya salmışdı və ehtiyatla öz etirazını bildirmişdi:
– İki batalyon az deyilmi, hökmdar?
Onun bu sözünə Pyotrun bərk qəzəbi tutmuşdu:
– Stepan Razin özünün 500 nəfər kazakı ilə onların üzərinə getməkdən çəkinməmişdir. Sənin sərəncamında isə iki batalyon təlim görmüş qoşun vardır.
Beləliklə, donanma iki batalyonla yola düşmüşdü.
1723-cü ilin iyulunda Matyuşkin imperatorun əmrini yerinə yetirmək məqsədilə Həştərxandan Bakıya yola düşür. Hərbi gəmilər Bakı sularına daxil olub, reyddə dururlar. Matyuşkin hələ Həştərxanda Rusiya ilə sülh danışıqları aparmaq məqsədilə Peterburqa gedən İran səfiri İsmayıl bəylə görüşmüş və ondan Bakı sultanı Məhəmmədhüseyn bəyin üstünə məktub almışdı. Həmin məktubda İsmayıl bəy Bakı şəhər sultanına məsləhət görürdü ki, şəhəri müqavimətsiz təslim etsin. Matyuşkin məktubu mayor Necayev vasitəsilə şəhər sultanına göndərir. Lakin Məhəmmədhüseyn bəy elçini şəhərə buraxmayıb, körpüdə qarşılayır.
Məktubu oxuduqdan sonra geri qaytarıb, deyir ki, İsmayıl bəyin məktubu onun üçün əsas ola bilməz. Çünki bu məktub Rusiyada yazılıb.
Elçi gəmiyə qayıdır. Sultan da qalaya keçir və darvazalar bağlanır. Qalanın divarları üstündə isə keşikçilər gəzişirdi. Açıq görünürdü ki, onlar düşmənin hərəkətini izləmək üçün qoyulmuşdur.
Hava xoş və sakit olsa da, şəhərdə müəzzinin səsindən başqa heç bir şey eşidilmirdi. Onun xoş avazı dik divarlar içərisindən yüksəlib, sakit dənizin üzərinə yayılırdı. Sahildə bir nəfər də nəzərə çarpmırdı. Körpülərdə yırğalanan kiçik balıqçı qayıqları da kimsəsizdi. Hasarların üstündə dənizə tərəf tuşlanmış qısa lüləli topları görəndə Matyuşkin narahat olur. Ona elə gəlir ki, qalanın içərisində hərbi hazırlıq gedir. Vaxtı itirmədən vuruşa hazırlaşmağı əmr edir. Sahilə dörd batalyon qoşun çıxarılır. Desantın çıxarılması ilə qala darvazalarının açılması bir olur. İçəridən çıxan qılınclı süvarilər əsgərlərin üzərinə hücuma keçirlər. Rusların iki səhra topu dərhal atəş açır. Qızılbaşların atlıları pərən-pərən düşüb, qalanın içərisinə doluşurlar. Matyuşkinin əmri ilə 7 hərb gəmisi azca irəliləyib, yarım dairə şəklində körfəzin sularında lövbər salırlar, qızılbaşların qala topları onları atəşə tutmağa başlayır. Gəmilərdəki 18 funtlu mis toplardan yaylım atəşi açılan kimi qala üstündəki topların dördü də susur. Gəmilərdən şəhərə atılan 94 mərmidən qalanın içərisində yanğın başlayır. Şəhərin ən qədim məscidi hesab edilən Məhəmməd məscidinin minarəsi də zədələnir. Yerli əhali sonralar onu uzun müddət, ta təmir olunanadək Sınıq qala adlandırırdı.
Sahilə çıxarılmış toplar da gəmilərin toplarına qoşulub, şəhəri gecəli-gündüzlü atəşə tuturlar. Qala divarları bəzi yerdə uçub tökülür. Onları təmir etmək, əmələ gəlmiş iri deşikləri tutmaq üçün bakılılara bir dəqiqə də imkan verilmirdi. Toplar durmadan atəş açırdılar. Bununla belə, şəhər təslim olmaq fikrində deyildi.
Matyuşkin iyulun 25-də şəhəri sübh tezdən hücumla almaq qərarına gəlir. Lakin gecə yarısı gözlənilmədən başlayan fırtına bu əməliyyatı keçirməyə mane olur. Şiddətli külək gəmiləri sahildən xeyli uzaqlaşdırır. Bundan istifadə edən bakılılar gecə ikən divarların uçulub deşilmiş yerlərini təmir edirlər. Rus qoşunları sahilə iki tərəfdən çıxarılmışdı. Şəhərin şərqinə çıxarılmış qoşun sonralar Pyotr meydanı adlandırılmış yerdə qərar tutmuşdular. Şəhərin cənubuna çıxarılmış qoşun isə təpədə yerləşirdi. Sonralar bu yer Urusqala adlanırdı. Köhnə xristian qəbiristanlığı da burada salınmışdı. Sahilə çıxarılmış desant nəfərləri günortaya yaxın uzaqdan şəhərə gələn bir kəndli görürlər. O öz eşşəyinin xurcunlarında şəhərə qarpız aparırmış. Matyuşkin kəndlinin vasitəsilə şəhərin sultanına belə bir xəbər göndərir: "Əgər şəhər təslim olarsa, heç kəsə dəyib dolaşmayacağıq. Təslim olmasalar, heç kəsə aman yoxdur. Divarlardakı dəlikləri tutmaqlarının xeyri yoxdur, biz onlardan daha böyüklərini aça bilərik". Bir saatdan sonra qala divarları üstündə ağ bayraqlar görünür. Qalanın üstündən rusları işarə ilə başa salırlar ki, danışıq üçün öz adamlarını göndərə bilərlər.
Matyuşkin qalaya zabitlərdən ibarət nümayəndə heyəti göndərir. Bir müddətdən sonra nümayəndə heyəti dörd nəfər yerli ilə geri dönür. Şəhərin nümayəndələri bildirirlər ki, şəhər əhli qalanı təslim etmək fikrindədir. Matyuşkin müqavilənin şərt və maddələrini şəhər hakiminə çatdırır. Şəhərin dənizə baxan darvazaları taybatay açılır. Əhali böyükdən kiçiyədək sahilə çıxır. Batalyonlar sahildə sıraya düzülərək, hərbi addımlarla şəhər darvazalarına tərəf addımlayırlar. Rus əsgərləri birinci növbədə şəhər darvazalarının keşiyini öz əllərinə alırlar. Əsgərlər şəhərin əsas məscidi olan Cümə məscidinin qabağındakı meydançada və habelə erməni və moltanı karvansaralarında yerləşirlər. Məlum olur ki, şəhərdə 700 qızılbaşdan ibarət bir qarnizon vardır. Bu qarnizon yüzbaşı Dərgahqulu xanla birlikdə rusların sərəncamına keçir. Şəhərin sultanı öz vəzifəsində saxlanılsa da, hüququ çox məhdudlaşdırılır.
Knyaz Baratınski şəhər komendantı vəzifəsinə təyin olunur. Komendantın ilk sərəncamlarından biri ondan ibarət olur ki, şəhər əhlindən bütün silahlar alınır. Matyuşkinin əmri ilə iki polk şəhər komendantının sərəncamına verilir. İki polkda 2.382 əsgər vardı. Bakının işğalı ilə əlaqədar olaraq, I Pyotrun fərmanı əsasında Matyuşkinə general-leytenant rütbəsi verilir.
Bakı şəhərinin ilk gerbinin yaradılması da bu dövrə təsadüf edir. I Pyotrun hakimiyyəti dövründə Rusiya şəhərlərinin çoxunun öz xüsusi gerbi vardı. Bu gerblər daha çox hərbi əhəmiyyətə malik idi. Bu hissələr yerləşdikləri ərazi ilə bağlı xüsusi gerblərini yaratmış və öz bayraqlarına rəsm etdirmişlər.
* * *
Rus qoşunları Bakının işğalı ilə məşğul olduğu zaman I Pyotr Xəzər sahili vilayətlərinin Rusiyaya ilhaq edilməsi barədə İranla danışıqlar aparırdı. Xəzər sahili şəhərlərinin – Dərbəndin, Şamaxının, Bakının, Salyanın Rusiyaya güzəştə gedilməsi şərtilə I Pyotr İrana yenə öz hərbi köməyini təklif edir. Pyotrun bu təklifi əsassız deyildi, həmin illərdə Türkiyə Xəzər sahillərinə can atırdı. 1723-cü ilin baharında türk qoşunları Gürcüstanın içərilərinə doğru yürüş etməyə başladı. Tiflis şəhərini alandan sonra Gəncə, Şamaxı və Bakı üzərinə hücuma keçdilər. Türklərin bu əyalətlərə basqını məlum olduğu kimi, Rusiyanın mənafeyi ilə toqquşurdu. Lakin İsveçlə müharibəni yenicə qurtarmış rus dövləti yeni bir müharibə başlamaq iqtidarında deyildi. Buna görə də, türklərlə sülh müqaviləsi bağlamaq onların xeyrinə idi. Belə bir müqavilə 1724-cü ilin iyununda İstanbulda bağlandı. Bu müqavilə ilə ruslar 1724-cü ilin 12 sentyabrında Peterburqda İranla bağlanmış müqavilənin şərtlərini bir daha möhkəmlətdi və Dərbənd, Bakı, Lənkəran, Rəşt və başqa şəhərlərin Rusiyanın tərkibinə keçməsi bir fakt kimi təsdiq edildi. İranla bağlanmış müqavilədə əfqanlara qarşı müharibədə silahlı kömək göstərməyi ruslar bir vəzifə olaraq, üzərlərinə götürmüşdülər. Ancaq İran hakim dairələrindəki ixtilafla əlaqədar olaraq, müqavilə İran şahı tərəfindən hələlik təsdiq edilməmişdi. Buna baxmayaraq, sənədin İran səfiri tərəfindən imzalanması rus qoşunlarının daha cənuba irəliləməsi üçün imkan verirdi. Matyuşkin 16 sentyabrda Həştərxana qayıtdıqda müqavilə barədə xəbəri eşidib, qoşun hissəsini Kür sahillərinə tərəf göndərməyi Bakı komendantı Baratinskiyə əmr etmişdi. Salyan naibi Hüseynbəy birinci olaraq, Rusiyaya sədaqətli qalacağına and içir. Ancaq sonra evinə qonaq çağırdığı 22 nəfər rus zabitini öldürtdürür. Bununla belə, şəhər yenə rus saldatlarının nəzarəti altında qalır.
Bakı şəhərində isə yaşayış öz yoluna düşmüşdü. P. Q. Butkov Bakı şəhərinin bu illərdəki vəziyyətini özünün "1722-ci ildən 1803-cü illərədək Qafqazın yeni tarixi üçün materiallar" kitabında çox geniş və müfəssəl təsvir etmişdir. O, yazırdı ki, hər şeydən əvvəl, şəhər üçün sərbəstlik yaradılmışdı. Xəzinənin ixtiyarında olan bütün əmlak və gəlirlər yeni idarə sisteminin ixtiyarına keçmişdir. Xəzinənin gəliri əsasən neft və duz yataqlarındandı. Onlardan xəzinəyə hər il 50 min manat gəlir yığılır. Bakıya yiyələndikdən sonra şəhərin qala divarlarını təmir edib, möhkəmlətmək və Bakı limanında yeni körpülər tikmək üçün I Pyotr Rusiyanın içərilərindən buraya 5 min tatar və çuvaş sürgün etmışdi. Bu qədər fəhlə qüvvəsi ilə Bakı limanı xeyli genişləndirilmiş və şəhərin ikinci divarında yeni bastionlar tikilmişdi. Üç-dörd ildən sonra tatar və çuvaşların bir hissəsi vətənlərinə qayıtmış, qalanları isə həmişəlik Bakıda məskən salmışdılar. Hazırda Bakıda yaşayan tatarlar da vaxtilə buraya sürülmüş tatarların nəslidir.
Xəzər sahili əyalətlərinin idarə edilməsi o illərdə knyaz V. Dolqorukova həvalə edilmişdi. Bütün hərbi və mülki hakimiyyət onun əlində idi. Şəhərlərin bəzilərində yeni inzibati müəssisələr yaradılmışdısa da, o birilərində köhnə hakimiyyət sistemi olduğu kimi saxlanmışdı. Əyalətləri idarə edən yenə də naiblər və sultanlar idi. Dərbənd, Bakı və Rəşt şəhərlərinin naibləri yeni hakimiyyəti qəbul edərək, öz vəzifələrində saxlanmışdılar. Bakıda komendant sistemi yaradılmışdısa da şəhər sultan Məhəmmədhüseyn bəy tərəfindən idarə olunurdu. I Pyotr yerli hakimiyyət orqanları vasitəsilə Xəzər sahilindəki əyalətləri rus sənayesi üçün xammal mənbəyinə çevirmək istəyirdi. İpəkçilik və pambıqçılığın inkişafı, neft istehsalının artırılması, Xəzərdə və Kür çayında balıqçılığın tərəqqisi üçün rus hakimiyyət orqanları bir sıra tədbirlər həyata keçirməyə başlamışdı. Bakıda istehsal olunan neft I Pyotru xüsusilə maraqlandırırdı. O, 1723-cü ildə Matyuşkinə olan məktublarından birində yazırdı: "Əmr et ki, Bakıdan bizə bir neçə pud ağ neft göndərsinlər…". Daha sonralar I Pyotr Peterburqa pudlarla neft göndərilməsini tələb edirdi. Zəfəran istehsalı da hakim dairələrin diqqət mərkəzində idi. Bakı və Bakı ətrafındakı kəndlərdə yetişdirilən və şöhrəti bütün Şərq ölkələrinə yayılan zəfəran Rusiyanı ciddi maraqlandırmağa başlamışdı. Zəfəranın bioloji xüsusiyyətlərini öyrənmək məqsədilə təcrübə üçün Peterburqa tez-tez zəfəran göndərilirdi. Dövlət xəzinəsinə neftlə yanaşı duz yataqları da böyük xeyir gətirirdi. Masazır, Böyük Şor, Balaxanı göllərində çıxarılan duz xaricə də ixrac olunurdu.
Bu illərdə şəhərin əhalisi 5-7 mindən artıq deyildi. Şəhər əhli xırda ticarət və kustarçılıqla məşğul olurdu. Kənd təsərrüfatı və maldarlıqla məşğul olanlar da var idi. Qızılbaşların əsgərlərinə yenə yüzbaşı Dərgahqulu bəy komandanlıq edirdi. Onun qarnizonu birinci gündən rus hərbi xidmətinə qəbul edilmişdi. Dərgahqulu bəy komendant Baratınskinin böyük etimadını qazana bilmişdi. Onun qızılbaşları da rus əsgərləri ilə qaynayıb-qarışmış, hətta bəzən təlimləri birgə keçirilirdi. Şəhər darvazalarının keşiyində qızılbaşlar da dururdular. Baratınski Dərgahqulu bəyin camaat arasında böyük hörmət qazandığını görüb, ona rus ordusunun polkovniki rütbəsini vermişdi.
A. Bakıxanov öz əcdadı olan Dərgahqulu bəy barədə geniş məlumat vermişdi. O yazırdı: "Yazılı mənbələr və şifahi xəbərlərdən anlaşıldığı kimi Dərgahqulu bəy ibn Heybət bəy, İbn Məhəmmədhüseynin keçmiş babaları… gilanlı xan Əhməd zamanı miladi 1592-ci ildə Şirvana qəlib, Bakıda mülk sahibləri və yüzbaşıların rəisi olmuşdur. Onların imarət və qalalarının xarabaları Ramana kəndində indi də mövcuddur. Xalq arasında belə rəvayət məşhurdur ki, Əmircan, Bülbülə və Ramana kəndləri xan kəndləridir.
Dərgahqulu bəy keçmiş zamanda Bakı sultanını öldürüb, xan ləqəbilə hakimiyyətə keçmişdi. Cürbəcür tədbir, vəsilə və əhalinin ittifaqı ilə şahın dərbarı tərəfındən təsdiq də edilmişdi. Buna görə yeni sultan ancaq qalanın komendantlığı ilə kifayətlənirdi".
Bakıxanovun bu izahatını başa düşmək üçün bir cəhəti aydınlaşdırmalıyıq. Məlum olduğu kimi, Səfəvilər dövründə ölkənin ayrı-ayrı əyalət və mahallarını şah tərəfindən təyin edilmiş bəylərbəyi idarə edirdi. Həmin əyalətlərə daxil olan şəhərlər isə sultanların ixtiyarında idi. Beləliklə, sultanlar da öz növbəsində bəylərbəyinə tabe idilər. Həmin illərdə Dərgahqulu bəy şəhər sultanını öldürərək, bütün əyaləti ələ keçirmiş və özünü xan elan etmişdi. A. Bakıxanovun yazdığına görə Dərgahqulu bəyin hökumət mərkəzi Maştağa kəndində olmuşdur. Burada onun bağ-bağatı, imarəti və ovdanları varmış. Bakı sultanı da onun ixtiyarında imiş.
Bakıxanov Dərgahqulu bəyin Abdulla bəy Səlim oğlunu Bakı mahalının hakimi təyin etməsi barədə sənəd olduğunu da göstərir. Məlum olur ki, o illərdə Dərgahqulu bəyin hökmranlıq dairəsi çox genişmiş. Bir müddətdən sonra İran şahı da onun hakimiyyətini təsdiq edir.
Həmin illərdə Dağıstan knyazlarından Hacı Davud bəylə Surxay bəy Bakı şəhərini ələ keçirməyə can atırdılar. Onların bu niyyəti hər şeydən əvvəl, qatı sünnilik etiqadı ilə bağlı idi. Bakıda yaşayanların əksəriyyəti şiə olduqlarından bura Dağıstan knyazlarının nəzərində qatı düşmən məskəni idi. Dərgahqulu bəyin sərbazları ilə onların arasında baş vermiş döyüşü A. Bakıxanov belə təsvir edir: "Davud bəy və Surxay bəy Bakını tutmaq istəyirdilər. Lakin Dərgahqulu bəy ləzgi qoşununu şəhərin yarımağaclığında, o zamandan bəri Qanlı Təpə adlanan bir təpə yaxınlığında darmadağın etdi. Dərgahqulu bəyin qardaşı Hüseyncan bəy bu vuruşmada öldürüldü.
Dərgahqulu bəy Dağıstan qoşunlarının Bakı üzərinə yeridiklərini eşidib, onları qala divarları yanına buraxmaq istəməmişdi. Buna görə, qoşun çəkib, düşməni şəhərdən azca aralıdakı Qanlı Təpədə gözləmişdilər. Bura vuruş üçün çox əlverişli idi. Bir neçə saat davam edən vuruşmada bakılılar Dərgahqulu bəyin başçılığı altında böyük mərdlik və qəhrəmanlıq göstərmişdilər. Dağıstan atlıları Dərgahqulu bəyin sərbazları tərəfindən qılıncdan keçirilmiş, sağ qalanları isə pərən-pərən salınmışdı.
Pyotrun qoşunları Bakını ələ keçirdikdən sonra şəhərdə komendant sistemi yaratsalar da, yuxarıda deyildiyi kimi, şəhərin idarə edilməsi sultan Məhəmmədhüseyn bəyin ixtiyarına verilmişdi.
Bu dövrdə Pyotrun yürütdüyü siyasətdən biri də Xəzər sahili boyu salınmış şəhər və kəndlərdə əhalini xristianlaşdırmaq idi. Xəzərin qərb və cənub sahillərində özünə möhkəm dayaq yaratmaq məqsədilə xristianların, birinci növbədə ermənilərin buralara köçüb gəlmələri üçün hər cür şərait yaradılmağa başlandı. I Pyotr həm bu yerləri xristianlaşdırmaq və həm də ermənilərin ticarət işlərində səriştəli olduqlarını bildiyi üçün ticarəti daha da genişləndirmək niyyətilə onların Bakı, Gilan, Dərbənd, Mazandaran tərəflərdə yerləşdirilməsi barədə fərman vermişdi. Ermənilər nəinki Bakı şəhərində, habelə onun bir sıra kəndlərində də özlərinə məskən salmışdılar. Pyotr özünün 1724-cü il tarixli fərmanında general- leytenant Matyuşkinə və briqadir Levakova sərəncam vermişdi ki, ermənilərin göstərilən yerlərdə məskən salmalarına hər cür şərait yaradılsın və hətta lazım gəldikdə İranlılar (azərbaycanlılar – Q.İ.) sıxışdırılsın.
Həmin tarixdən başlayaraq, Bakıda ticarət, demək olar ki, ermənilərin əlinə keçir. Hindlilər ticarətdə artıq ikinci yeri tuturdular. Sonralar, təxminən 19-cu əsrin əvvəllərindən Bakı kəndlərində ermənilər azalmağa başlayır. Onlar öz mülk və bağlarını satıb əsas etibarilə şəhərdə toplaşırlar. Ta inqilabadək Bakı kəndlərində ermənilərə çox nadir hallarda təsadüf etmək olardı.
Lakin Bakı sultanı Məhəmmədhüseyn bəy çarizmin milli siyasətindən çox narazı qalmışdı. O bu vəziyyətə son qoymaq məqsədilə Şamaxıda yaşayan türk meylli Hacı Davudla əlaqəyə girir və birlikdə Bakı komendantı əleyhinə təcavüz hazırlayırlar. Bundan xəbər tutan Dərgahqulu bəy həyəcanlı halda komendant Baratınskinin yanına gəlir.
– Cənab general, sizə mühüm bir xəbər deyəcəyəm.
– Buyur, polkovnik.
– Cənab general, mən eşitdiyim pis bir xəbəri sizə çatdırmağı özümə borc bilirəm.
– Mən sizi eşidirəm, polkovnik.
– Şəhərdə qəsd hazırlanır, cənab! Baratınski təşvişə düşür.
– O necə qəsddir, polkovnik?
– Şəhər sultanı Məhəmmədhüseyn bəy sizin əleyhinizə qəsd hazırlayır.
Dərgahqulu bəy şəhər sultanının hazırladığı qəsd barədə komendanta ətraflı məlumat verir. Məlum olur ki, Məhəmmədhüseyn bəy Hacı Davudla gizli əlaqə saxlayır və birlikdə qarnizonun üzərinə qəflətən basqın etmək fikrindədirlər.
Baratınskinin əmri ilə Məhəmmədhüseyn bəy qardaşları ilə birlikdə dərhal həbs edilirlər. Sonra da Bakıdan Həştərxana sürgün olunurlar.
Komendantın yanında hörmətini artırmaq üçün Dərgahqulu bəyin atdığı bu addım ona, doğrudan da, böyük etibar qazandırır. Ancaq çox keçmir ki, o özü də 1727-ci ildə Hacı Davudla əlaqəyə girir. Onlar belə bir plan çəkirlər: Dərgahqulu bəyin adamları gecə şəhər darvazalarını açacaqlar və divarlar arxasında pusquda durmuş Hacı Davudu öz ləşkəri ilə şəhərə buraxacaqlar və birlikdə qarnizon əsgərləri üzərinə basqın edəcəklər. Lakin qəsdin üstü açılır. Dərgahqulu bəy bir neçə yaxın adamı ilə birlikdə adalardan birində gizlənir. Bu hadisə ilə əlaqədar olaraq şəhər əhalisinin, demək olar ki, əksəriyyəti heç bir günahları olmadan Rusiyaya sürgün olunurlar.
Dərgahqulu bəyin bu hərəkətindən sonra rus komandanlığı Abşeron kəndlərinin naibi Səlim xana da etibarını itirir. Naib Səlim xan da bu hadisədən sonra şəhərin komendantı Baratınskinin sərəncamına keçir. Baratınski Bakının qubernatoru təyin olunur.
Bir müddətdən sonra Dərgahqulu bəy tutduğu işdən peşman olaraq, təzədən rusların yanına qayıdır və onlara xidmət etməyə hazır olduğunu bildirir. Komendant onun belə cəsarətli addımını çox bəyənir və günahından keçir. Baratınski başa düşürdü ki, Bakı mahalında əhalinin əksəriyyəti Dərgahqulu bəyin tərəfindədir və o, hamının hörmətini qazanmışdır. Belə bir adam vasitəsilə yerli əhalini itaətdə saxlamaq rus komendantlığı üçün çox əlverişli idi. Dərgahqulu bəy şəhərin sultanı təyin olunur.
1730-cu ildə Dərgahqulu bəy yenə rus ordusu xidmətindən çıxıb, Nadir şaha pənah aparır. Ancaq Nadirin xidmətində də çox qalmır. Təzədən Bakıya qayıdır və özünün Maştağa kəndindəki mülkündə sakit yaşamağa başlayır.
Dərgahqulu bəyin Maştağa kəndində yaşadığı dövrə aid səyyah Lerxin yazılarında bəzi qeydlərə rast gəlmək mümkündür. O, Abşeronun naibi Səlim xan və maştağalı Dərgahqulu bəyin təşkil etdikləri ovda iştirak etdiyini geniş təsvir edir. Onun qeydlərində oxuyuruq: "Biz daimi odlar yerindən (Suraxanı demək istəyir – Q. İ.) çıxıb, çoxlu şoran otların bitdiyi Qala kəndindən keçdik və böyük bir kənd olan Sinsenliyə (Zirə kəndini nəzərdə tutur – Q. İ.) tərəf yolumuza davam edərək, yarımadanın ensizləşdiyi və vəhşi keçi ovlamaq üçün hazırlanmış şikar yerinə gəlib çıxdıq. Şikar üçün bütün kəndlərdən əllərində silah, ox və dəyənək olan bir neçə yüz kəndli yanlarında it buraya toplaşmışdılar. Onlar dənizin bu sahilindən o biri sahilinə bir cərgəyə düzülməli idilər. Biz də elə etdik. Bu cərgədən kənara çıxmadan qabağımıza çıxan vəhşi keçiləri yarımadanın ensiz yerinə qovlaya-qovlaya irəliləyirdik. Sultan Dərgahqulu bəy də bir neçə yüz kəndli ilə bizə qoşuldu. Zavallı heyvanlar bizim yaxınlaşdığımızı gördükdə, qışqırığımıza, dəyənəklə zərbə endirməyimizə baxmayaraq, bütün sürü ilə adamların üstündən atılıb, keçirdilər. Bəziləri isə, onları lap sıxışdırdıqda dörddə bir verst enində olan körfəzi üzüb keçərək, 7 verst uzunluğunda olan Müqəddəs (indiki Pirallahı – Q. İ.) adasına çıxırdılar". Bu göstərirdi ki, Dərgahqulu bəy rəsmi dövlət xidmətindən istefaya çıxsa da, Maştağadakı malikanəsində rahat yaşayırmış.
Bir müddət sonra biz onu yenə Nadir şahın xidmətində görürük. Bu xidmətində o, Nadirin cəsur sərkərdələrindən biri kimi şöhrət qazanır. Yerlərdə Nadir hakimiyyətinə qarşı çevrilmiş üsyanların yatırılmasında yaxından iştirak edir və belə vuruşmalardan birində Nadir şahın qardaşı İbrahim xanla birlikdə həlak olur. A. Bakıxanov Dərgahqulu bəyi cüssəli, cəsur və el arasında nüfuzlu bir adam kimi göstərmişdir.
* * *
XVIII əsrin 30-cu illərində türklərin hücumu bütün İran üçün böyük təhlükə təşkil edirdi. Bu ağır illərdə İran qoşunlarının başında sərkərdə Nadir durmuşdu. O, İranın əfşarlar tayfasındandı. Onun hərbi bacarığı nəticəsində əfqanlar İran torpağından qovulmuşdu. Bu qələbə Nadirə bir sərkərdə kimi daha böyük şöhrət qazandırdı. 1730-cu ildə böyük qüvvə ilə, türklərin üzərinə hücuma keçdi. Ağır döyüşlərdə Nadir özünün sərkərdəlik bacarığını bir daha nümayiş etdirərək, İranın bir sıra şəhərlərini və o cümlədən Həmədan, Ərdəbil və Təbrizi azad etdi.
Ordu içərisində olduğu kimi xalq içərisində də Nadirin hörmət və şöhrəti gün-gündən artırdı. Xalq onu əsl qəhrəman kimi alqışlayırdı. Çox keçmir ki, Nadir Təhmasibi taxtdan salır və onun yerinə dörd aylıq oğlu III Abbası şah elan edir. Beləliklə o, ölkənin idarə edilməsini bütünlüklə öz əlinə keçirir.
1733-cü ildə Bağdad ətrafındakı döyüşlərdə Nadir türk qoşunlarını böyük məğlubiyyətə uğratdıqdan sonra, 1734-cü ildə Şirvan üzərinə səfərə başlayır. Türklərin Şamaxı şəhərində olan əlaltısı Surxay xan qaçır. Nadirin qoşunları şəhəri talan edib, yandırır. Salamat qalan əhali Şamaxının yaxınlığında olan Ağsuya köçürülür. Nadir Şamaxının bir daha müqavimət göstərə bilməməsi üçün, şəhər divarlarını sökdürür.
Nadir sonra Gəncəyə tərəf hücum edərək, bir neçə müddət şəhəri mühasirədə saxlayır. Gəncəni asanlıqla ala bilməyəcəyini görən Nadir başqa tədbirlərə əl atır. O, Gəncə çayının qabağını sədlə kəsir və onun istiqamətini qala divarlarına tərəf yönəldir. Qıjıltı ilə hücum çəkən su qala divarlarını yuyub uçurur və şəhərə dolmağa başlayır. Bu vaxt Nadirə xəbər çatır ki, Qars və İrəvan tərəfdən türk qoşunları gəncəlilərin köməyinə tələsirlər. Nadir tez Gəncəni işğal etmək fikrindən əl çəkərək, düşməni qarşılamaq üçün 1735-ci ilin may ayında Ermənistana tərəf yürüş edir. Düşməni məğlub etdikdən sonra İrəvan və Tiflis şəhərlərini işğal edir və təzədən Gəncəyə qayıdır. Bu dəfə Gəncədəki türk qarnizonu Nadirin basqınına davam gətirə bilməyib, təslim olur.
Türklər Nadirin hücumunun qarşısını almaq üçün onun cəbhə arxasına Krım tatarlarından ibarət böyük bir dəstə desant çıxarır. Tatarlar Dərbənd qalasında yerləşirlər. Bundan xəbər tutan Nadir Dərbəndə hücum edərək, tatarları geri çəkilməyə məcbur edir.
İngiltərə və Fransa dövlətləri hələ də rus dövlətinə qarşı qəsd üçün İran və Türkiyədən istifadə etməyə çalışırdılar. Onların niyyəti bu idi ki, bu iki dövlət arasında ittifaq bağlansın və sonra hər ikisi Rusiyaya qarşı hücuma təhrik edilsin.
Rus imperiyası tarixində isə böyük dəyişikliklər əmələ gəlmişdi. 1725-ci ilin yanvarında, I Pyotr öləndən sonra onun taxt-tacına I Yekaterina çıxarılmışdı. Lakin onun hökmranlığı cəmi üç il davam etmişdi. Ondan sonra hakimiyyət başına keçən II Pyotrun da hökmranlığı üç ildən artıq çəkməmişdi. Saray dəyişikliyi zamanı taxtdan düşürülüb, yerinə Anna İoannovna çar elan edilmişdi.
Anna İoannovnanın hakimiyyət başına keçməsi Rusiyanın ağır bir dövrünə təsadüf etmişdi. Bu illərdə ölkənin daxili və xarici vəziyyəti xeyli pisləşmiş, ordu və donanma çox zəifləmişdi. Belə bir vəziyyətdə Rusiyadan uzaqlarda, Xəzər sahili əyalətlərində ordu saxlamaq böyük xərc tələb edirdi. I Pyotrun Xəzərin qərb sahilində işğal etdiyi torpaqlar cəmi 100 kilometr enində və 600 kilometr uzunluğunda bir zolaqdan ibarət idi. Bu torpaqları əldə saxlamaq üçün Xəzər sahillərində 16 nizami, 7 süvari draqun polku dururdu. Bunlardan başqa buraya 1.800 nəfərdən ibarət kazak, tatar, çuvaş, gürcü, erməni və mordov işçi qüvvəsi də gətirilmişdi. Təbii ki, bu böyüklükdə qüvvəni saxlamağa külli xərc tələb olunurdu. İqlimə alışmamış əsgərlər içərisində xəstəliklər artırdı. Tibbi yardım lazımi səviyyədə olmadığından ölüm halları çoxalmışdı. N. Butkov yazırdı ki, Rusiya bu işğal dövründə çoxlu adam itirmişdi. Əyalətdən əldə edilən gəlir ixracatı ödəyə bilmirdi. Cənubda Rusiya üçün ordu saxlamaq bir də ona görə təhlükəli idi ki, bu əyalətlərin üstündə İranla müharibə baş verə bilərdi. O biri tərəfdən Türkiyənin də Rusiyanı təzədən hədələmək qorxusu vardı. Buna görə Rusiyaya Xəzər dənizinin deyil, Qara dənizin sahillərini möhkəmlətmək lazım idi. Türkiyə ilə müharibədə Rusiya İranla müttəfiq də ola bilərdi. Bu mülahizələr baxımından ruslar Xəzər sahili əyalətlərini tərk etmək məcburiyyəti qarşısında qalmışdı. İranla rus dövləti arasında ittifaq bağlanmasına Türkiyə heç cür razı ola bilməzdi. İngiltərə ilə Fransa da bu işdə Türkiyənin siyasəti ilə həmrəy idilər. Ancaq bununla belə, 1732-ci ilin 21 yanvarında Rəşt şəhərində İranla rus dövləti arasında sülh müqaviləsi bağlandı. Bu müqavilənin əsas maddələrindən biri ondan ibarət idi ki, İran dövləti Türkiyəni Xəzər sahili əyalətlərinə buraxmamağı bir vəzifə olaraq, üzərinə götürürdü. Bundan başqa sülh müqaviləsində rus tacirlərinin İran daxilində sərbəst alveri üçün imtiyazlar yaradılması da nəzərdə tutulurdu.
1735-ci ildə Gəncə yaxınlığında rus imperiyası ilə İran dövləti arasında yeni bir müqavilə bağlandı. Bu müqaviləyə əsasən rus qoşunları Bakı və Dərbənddən çıxarılmalı idi. Rus tacirlərinin İran torpaqlarında sərbəst və gömrüksüz ticarət edə biləcəkləri isə yenə pozulmaz bir maddə kimi müqavilədə qalırdı.
Rus qoşunları artıq Bakını tərk etməyə başlayırlar. Nadir özünün ən yaxın adamlarını həmin əyalətlərin şəhərlərində yerləşdirməyə tələsir. Şahın ən yaxın və etibarlı adamlarından biri olan Qələmi Bakıya sultan təyin olunur. Bakıda və ətraf kəndlərdə Nadir özünə möhkəm dayaq yaratmaq məqsədilə əfşar türk tayfalarından bir çoxlarını buraya sürgün edərək, Sabunçu, Keşlə, Zabrat və başqa kəndlərdə yerləşdirir. Sabunçuya köçürülmüş əfşar tayfalarının içərisində şahın ən yaxın adamlarından biri olan sərkərdə Aşur xan da vardı. 1743-cü ildə Ağsu yaxınlığında Şirvanşahların qaldırdığı üsyanın yatırılmasında Aşur xan fəal iştirak etmişdi. Sonralar Sabunçuda yaşamış məşhur Aşurbəyov sülaləsi yəqin ki, Aşur xanın nəslindəndir.
1736-cı ilin fevralında Nadir Muğana gəlir. O, kiçik yaşlı III Şah Abbasın ölümü münasibətilə ölkənin hər tərəfindən feodalları da buraya çağırtdırmışdı. Yığıncaq təxminən indiki Sabirabad torpağında keçirilmişdi. O zaman bu yer Cavad adlanırdı. Nadir gələnləri təntənə ilə qarşılamış və onlar üçün hətta müvəqqəti evlər, məscid və hamam da tikdirmişdi. İran feodallarının bu yığıncağında Nadir özünü İranın şahı elan etmişdi. Nadir şahın taxta çıxması ilə Səfəvilər sülaləsinə son qoyuldu. Bundan sonra Nadir ölkənin cənubuna yürüdü. 1736-cı ilin aprelində Nadir şah 1735-ci il İran-rus müqaviləsini pozaraq, Ərzurumda Türkiyə ilə sülh danışıqlarına başladı. Halbuki 1735-ci il Gəncə müqaviləsinə əsasən İran Rusiyanın razılığı olmadan Türkiyə ilə heç bir müqavilə bağlamamalı idi. Beləliklə, 1736-cı ilin noyabr ayında İranla Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqavilənin bağlanmasına İngiltərə xüsusilə böyük səy göstərmişdi. İngilislər Rusiyanın Şərq ölkələri ilə olan hər cür ticarət əlaqələrinin də yerli-dibli kəsilməsi üçün əllərindən gələni əsirgəmirdilər. Onlar Rusiya-İran ticarətinə mane olmaq üçün xüsusi quldur dəstələri yaradaraq, Xəzər dənizində üzən rus ticarət gəmilərinə müntəzəm basqınlar təşkil edirdilər. Nadir şah da onların bu hərəkətini bəyənir və dəniz quldurlarını gəmilərlə təmin edirdi.
Rus dövləti öz qoşunlarını Xəzər sahili əyalətlərindən geri çəksə də, bu yerlərin Rusiya üzərinə hücum platformasına çevrilməsinə yol verə bilməzdi.
Tacirlər sərbəst ticarət üçün şərait olmadığından ölkəni tərk edirdilər. Bakıda ticarət zəifləmişdi. Şirvandan ipək ixracı azalmışdı. Məşhur səyyah İ. Lerx belə yazırdı: "Dərbənddə 150 dükan üçün nəzərdə tutulmuş bir verst uzunluğundakı karvansarada bir nəfər də tacir yoxdur. Xəzər sahili əyalətlərinin İran hakimiyyəti altına keçməsindən sonra şəhərlərdə əhalinin miqdarı xeyli azalmışdır. Evləri, ocaqları uçub dağılmış bu adamlar başqa yerlərə köçməyə məcbur olublar".
Ölkənin iqtisadi böhran keçirdiyi, xəzinə gəlirinin azaldığı bu dövrdə işğalçılıq müharibələri İran hakim dairələri tərəfindən yeganə çıxış yolu kimi göstərilirdi.
Quraqlıq və ardı-arası kəsilməyən müharibələr nəticəsində ölkədə başlayan aclıq əhalinin böyük qırğınına səbəb olmuşdu. Nadirin taxta çıxdığı 1736-cı ilin qışında ölkədə xüsusilə dəhşətli aclıq idi.
Bütün bunların nəticəsində Azərbaycanda və Dağıstanda Nadir hakimiyyətinə qarşı tez-tez üsyan və qiyamlar baş verirdi. Azərbaycanda ən böyük üsyan Nadirin Hindistan səfəri dövrünə təsadüf edir. Dərbənddəki üsyanda muğanlılardan ibarət olan şəhər qarnizonunun böyük bir hissəsi də üsyançılar tərəfinə keçmişdi.
Dərbənd üsyanı amansızcasına yatırılmışdı. Qarnizondan sağ qalan muğanlıların gözləri çıxarılıb, Muğana göndərilmişdi ki, o birilərinə də dərs olsun.
BAKI XANLIĞI
Nadir şahın öldürülməsi xəbəri Bakıya yetişdikdə, Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən vermir. O, iyirmi yaşlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi. Xəzərdə çox üzmüşdü. Hətta admiral kimi də şöhrət qazanmışdı. O öz yaxın adamlarının vasitəsilə Nadir şahın Bakıda olan vassalı Qələmini qovub, hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi.
Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın başqa şəhərlərində də yaradılır. Şirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə hakimiyyəti öz əllərinə aldılar.
Mirzə Məhəmməd əyalətin bərbad hala salınmış iqtisadiyyatını qaydaya salıb, inkişaf etdirmək üçün birinci növbədə Xəzərdə gəmiçiliyin daha da inkişaf etdirilməsi qayğısına qaldı. O illərdə Xəzər dənizində üzən əsasən rus gəmiləri idi. Rus tacirləri bu gəmilərlə sərbəst üzərək, Şirvan, Gilan və Xəzər sahillərində olan başqa şəhərlərlə qızğın alver aparırdılar. Hind və erməni tacirləri də Həştərxanda bu gəmilərə minərək, istədikləri istiqamətdə hərəkət edirdilər. Xəzərdə özünün ticarət gəmilərinə malik olmaq Mirzə Məhəmmədin çoxdankı arzusu idi. Bu məqsədlə Bakı limanında gəmi inşasına başlanmışdı. O bununla da kifayətlənmirdi. İri ticarət və müdafiə gəmiləri yaratmaq məqsədilə Avropanın gəmiçilik ölkələrinə səfərə çıxmaq fikrində idi. Bir gün Mirzə Məhəmməd oğlu Məlik Məhəmmədi yanına çağırıb, dedi:
– Qulaq as, Məlik Məhəmməd, gör nə deyirəm. Biz dənizin sahilində oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı gəmiləri ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki, üstümüzə düşmən gələndə onun qabağına çıxa bilək.
Atasının sözlərindən heç bir şey başa düşməyən Məlik Məhəmməd gözlərini döyə-döyə ona baxırdı.
Bunun üçün mən Avropaya getməliyəm, – deyib Mirzə Məhəmməd dərindən nəfəs aldı. – Yaxşı gəmiləri ancaq oralarda düzəldirlər.
Bəs burada kim qalacaq? – Məlik Məhəmməd təəccüblə soruşdu.
Necə yəni kim qalacaq? Sən! Məlik Məhəmməd atasının bəzi işlərinə qarışıb, kömək etsə də, atası tərəfindən ona olan belə etibarı heç gözləməzdi.
İran tərəfdən hələ bir xeyli müddət rahat ola bilərik. Nadirin ölümündən sonra ölkə uzun müddət özünə gələ bilməyəcək. Başları hakimiyyət uğrunda didişməyə qarışacaq. Şirvan xanlığı ilə də əlaqəmiz pis deyil. Nigarançılığım ancaq Quba xanlığı sarıdandır.
Bu sözlərdən sonra Mirzə Məhəmməd azca fikrə getdi. Sonra yenə sözünə davam etdi:
– Güman eləyirəm ki, ruslar onun bizə qəsd edəcəyinə yol verməzlər. Necə olsa da Bakı onlar üçün mühüm bazardır.
Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, Bakı xanı Mirzə Məhəmməd tez-tez Langertə gedərək, orada gəmi inşaatına rəhbərlik edirdi.
Rusiyaya göndərilən neft, duz, ipək və sairənin dəniz yolu ilə daşınmasını ucuzlaşdırmaq üçün Mirzə Məhəmməd əsas çıxış yolunu bunda görürdü. Bakı tacirləri mallarının rus gəmiləri ilə daşınmasının onlara çox baha başa gəlməsindən tez-tez şikayətlənirdilər.
Həmin illərdə Quba xanlığı qüvvətlənib, ətraf xanlıqlar üçün böyük təhlükə təşkil edirdi. XVIII əsrin ikinci yarısında Quba xanlığının başında Hüseynəli xan dururdu. O, başqa xanlardan fərqli olaraq, Rusiya ilə yaxından dostluq əlaqəsi saxlayırdı. 1758-ci ildə onun yerinə keçmiş oğlu Fətəli xanın dövründə Quba xanlığı daha da möhkəmlənir. A. Bakıxanov "Gülüstani-İrəm" kitabında Fətəli xanı dövrünün görkəmli dövlət xadimi kimi qiymətləndirərək, yazırdı ki, o, uzaqgörən, tədbirli və xanlığın idarə edilməsində mahir bir şəxsiyyət idi.
1770-ci ildə Azərbaycanda olmuş səyyah Qmelin isə yazırdı ki, Quba xanlığının paytaxtı alınmaz bir qalaya çevrilmişdir. Burada çoxlu qoşun və top vardır. Hətta toplardan kiçikləri arabalara yerləşdirilmişdir.
Fətəli xan ətraf yerlərə sahib olmaqla Quba xanlığını xeyli genişləndirmişdi. 1759-cu ildə Dərbəndi işğal edərək, Quba xanlığına qatmışdı. Onun gördüyü tədbirlərdən biridə Muğanda yaşayan döyüşkən şahsevən tayfalarını Quba xanlığı torpaqlarına köçürməsi idi. Şahsevənlər sonralar Fətəli xanın əsas dayaq qüvvəsinə çevrilmişdilər. Bəzi xanlıqları isə o silah vasitəsilə deyil, ağıllı tədbirlərləri ilə öz tərəfinə çəkə bilmişdi. Məsələn, Qaraqayqat əmiri Həmzə ilə ittifaq bağlamaq məqsədilə bacısı Tutu Bikə ilə evlənmişdi.
Mirzə Məhəmmədin Fətəli xandan çəkindiyi də məhz buna görə idi. Mirzə Məhəmmədin üç övladı olmuşdu: Məlik Məhəmməd, Əliqulu və Məhəmmədqulu. Mirzə Məhəmmədin ölümündən sonra onun yerinə keçmiş Məlik Məhəmməd xanı öz tərəfinə çəkmək üçün Fətəli xanın bacısı Xədicə Bikə xanımı ona ərə vermişdi.
Sonralar Salyan xanlığını da özünə tabe edərək, Dərbənddən tutub, Kür çayınadək Xəzər dənizi sahilinin böyük bir hissəsini Fətəli xan öz əlində saxlayırdı.
Fətəli xan Dağıstan feodalları ilə də dostluq əlaqəsinə girmişdi. Bir müddət sonra o, Şirvan xanı Ağasi xana müraciət edərək onun torpaqlarını Dağıstan feodallarının basqınından qoruduğu üçün xərac istəyir. Şamaxı xanı bu xəracı ödəməkdən boyun qaçırdıqda, Fətəli xan 1767-ci ildə Şəki xanı ilə birlikdə Şirvana hücum edir; Şamaxını tutur və xanlığın torpaqlarını Şəki xanı ilə birlikdə öz aralarında bölüşürlər. Şirvanda mövqeyini möhkəmlətmək məqsədilə Fətəli xan Dərbənddən əhalinin bir hissəsini buraya köçürür.
Fətəli xan fəaliyyəti müddətində Rusiya ilə həmişə dostluq və ittifaq siyasəti yeritmişdi. Xanlıq iqtisadi və hərbi cəhətdən qüvvətləndikcə düşmənlərinin sayı daha da artırdı. 1774-cü ildə Dağıstanın feodal hakimləri birləşərək, Quba xanlığı üzərinə hücuma keçirlər. Bu basqında yalnız Bakı və Salyan xanlıqları Fətəli xana sadiq qalırlar. Şirvan xanı Ağasi xan fürsətdən istifadə edib, baş qaldırır. Fətəli xan birinci növbədə onun üzərinə qoşun çəkir. Bu döyüşdə yeznəsi Məlik Məhəmməd xan da öz ləşkəri ilə iştirak edirdi. Ağasi xan Fətəli xanın hücumu qarşısında davam gətirə bilməyib, qoşununu başlı-başına buraxaraq, gizlənməyə məcbur olur. Fətəli xan buradan birbaşa Dərbəndi qorumağa gedir. Çünki Qaytaq hakimi əmir Həmzə Məhəmməd xan Qazıkumuxski ilə ittifaq bağlayaraq, Dərbənd üzərinə gedirdi. Bundan istifadə edən Ağasi xan təzədən Şamaxıya yiyələnir.
Xudad yaxınlığında qızğın döyüşlər başlayır. Əvvəlcə Fətəli xan düşmən qüvvələrinə üstün gəlir. Sonra əmir Həmzə ilə Məhəmməd xan Qazıkumuxskinin qoşunları sürətlə irəli soxularaq qələbə çalırlar. Fətəli xan Qubada qala bilməyib Salyana çəkilir. Məhəmməd xan Qazıkumuxski Qubanın böyük bir hissəsinə yiyələnir. Əmir Həmzə isə Dərbənd üzərinə hücüma keçərək şəhəri mühasirəyə alır. Bu zaman Dərbənd qalasını qoruyan Fətəli xanın arvadı Tutu Bikə idi. O, əyninə kişi paltarı geyərək, qalanın müdafiəsinə başçılıq edirdi. Əmir Həmzə nə yolla olur-olsun Dərbəndi almağı qarşısına məqsəd qoymuşdu.
Döyüş qardaşla bacı arasında gedirdi. Tutu Bikənin başçılığı altında qaladakılar əmir Həmzənin bütün həmlələrini mərdliklə dəf edirdilər. Dərbəndin tarixi ilə məşğul olan E. İ. Kozibekinin yazdığına görə, Fətəli xanın cəsur arvadı bir kişi cəsarəti ilə şəhəri qardaşından qoruyurdu. O dişi bir şir kimi qala hasarlarının üstündə duraraq, toplardan necə atəş açmaq barədə sərəncam verirdi. Əmir Həmzə həmlələrinin boşa çıxdığını gördükdə, nəhayət, hiyləyə əl atır.
Döyüş ara verdiyi zaman qala mühafizəçilərindən biri hövlənak Tutu Bikənin yanına gəlir, lakin gördüyü hadisə barədə deməyə dili gəlmir. Nəhayət, özünü ələ alır.
– Fətəli xanın ölüsünü gətiriblər – deyir. Tutu Bikə buna inanmasa da, ürəyi davam gətirməyib, yaxınlaşıb, qala divarlarının dişləri arasından aşağı baxır. Tabutu və onun yanında durmuş qardaşı Həmzəni görən kimi gözlərinə bir anlıq qaranlıq çökür. Aşağıdan qardaşının səsini eşidir.
– Tutu Bikə, qapını aç. Fətəlinin meyidini gətirirlər. Şirvanda öldürülüb.
Meyidin üzü örtülü olduğu üçün Tutu Bikə qardaşının sözlərinə inanmır. Fikirləşir ki, Fətəlinin meyidi olsaydı, Həmzə onun üzünü açmış olardı. Qardaşına çığırır:
– İnanmıram ki, böyük Fətəli o kiçik cənazəyə sığışmış ola.
– Demək, ərinin cənazəsindən imtina edirsən?
– Ərimin yox, sənin düzəltdiyin cənazədən imtina edirəm.
Əmir Həmzənin hiyləsi baş tutmur. Sonra məlum olur ki, o öz yaxın sərkərdələrindən birinin meyidini cənazəyə qoyub, şəhərə daxil olmaq istəyir. Onun son tədbiri də heç bir nəticə vermədiyindən qoşununu çəkib, Bakı üzərinə hücuma keçir.
Bakı da bu illərdə alınmaz möhkəm bir qalaya çevrilmişdi. Şəhərin müdafiə edilməsində Məlik Məhəmməd xanla yanaşı onun arvadı, Fətəli xanın bacısı Xədicə Bikə də yaxından iştirak edirdi.
Əmir Həmzə şəhər müdafiəçilərinin müqavimətini qıra bilmədiyindən, Bakı kəndlərini talan edərək, geriyə dönür.
Salyanda olarkən Fətəli xan kömək üçün II Yekaterinanın yanına elçi göndərir, özü də Dərbəndə, arvadının yanına qayıdır. Əmir Həmzə Bakıdan qayıdaraq, Dərbənd üzərinə ikinci dəfə hücuma keçərkən Fətəli xan artıq arvadının yanında idi.
II Yekaterina Fətəli xanın simasında Azərbaycanda rus təsirinin əsas dayaqlarından birini görürdü. Rusiyanın mənafeyinə zərbə vuran əmir Həmzəyə dərs vermək üçün Fətəli xanın köməyinə qoşun göndərməyi əmr edir.
1775-ci ildə mayor Medemin başçılığı altında qoşun dərbəndlilərin köməyinə gəlir. Fətəli xan rus qoşunları ilə birlikdə şəhəri mühasirədən qurtarır. Məğlub olmuş əmir Həmzə qaçır. Fətəli xan Dərbəndin açarlarını II Yekaterinaya göndərir. Lakin Yekaterina İran və yenicə müqavilə bağlamış olduğu Türkiyə ilə münasibəti pozmamaq məqsədilə Dərbəndin açarlarını qəbul etmir və rus himayəsinə daxil olmaq barədə Fətəli xanın xahişlərini də rədd edir.
Bakı xanlığı əslinə baxılsa, Fətəli xanın vassalitetindən başqa bir şey deyildi. Məlik Məhəmməd xan iradəcə zəif olduğundan xanlığı, demək olar ki, Fətəli xan və bacısı idarə edirdilər.
Bakı xanlığı o vaxtlar çox varlı idi. Neft və duzdan böyük gəlirlər əldə edilirdi. Əlbəttə, bu, Fətəli xanın nəzərindən qaça bilməzdi. Bakı xanlığı Fətəli xana xərac verməkdən başqa onun sərhədlərini Dağıstan feodallarının basqınlarından qorumaq üçün də qoşun ayırmalı idi. Məlik Məhəmməd Xədicə Bikəyə evlənəndən sonra Bakı xanlığı Quba xanına xərac verməkdən azad olunmuşdu. Ancaq Fətəli xan tələb etdikdə ona qoşun ayırmağa borclu idi. Məlik Məhəmməd Fətəli xana arxalansa da, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi fikir verirdi. Şəhərin şimal-qərb tərəfində bütün divar boyu xəndəkləri dərinləşdirmiş, bürclərə qırxa yaxın qısa lüləli və başqa toplar düzdürmüşdü. Qoşunun sayı isə 500 nəfərdən artıq deyildi.
1779-cu ilin baharında Fətəli xan Bakıya yeznəsinin yanına qonaq gəlir. Onu Şamaxı darvazalarının yanında yenicə tikilmiş Xan evində qəbul edirlər. Bacısı Xədicə Bikə süfrəyə hər cür nemət düzür. Söhbət adi məişət məsələlərindən getsə də, Məlik Məhəmməd Fətəli xanın sözlü adama oxşadığını hiss edir. Süfrə aradan yığışdırıldıqdan sonra otaqda yeznə ilə qayın tək qalırlar. Fətəli xan mütəkkəyə söykənib, zəndlə Məlik Məhəmmədə baxır və gəlişinin səbəbini izah etməyə başlayır:
– Bir ildir ki, Qarabağ xanı İbrahim xanla küsülüyəm – deyib köksünü ötürür. – Halbuki bu küsülülüyün heç bir mənası yoxdur. Yəni bizə xeyri yoxdur. Fikirləşirəm ki, bunu daha belə qoymaq olmaz. Qarabağ böyük xanlıqdır. İş elə düşər ki, ona bir ehtiyac hiss edərik. Bu sözləri deyib, Fətəli xan fikrə gedir. Araya sükut çökür. Lakin gözlərini yenə Məlik Məhəmmədin sifətində gəzdirirdi. Sanki qayğılı nəzərləri ilə nəyi isə sınamağa çalışırdı. Məlik Məhəmməd dillənməyə məcbur olur:
– İndi fikrin nədir?
– Fikrim barışmaqdır… – deyə Fətəli birdən-birə qətiyyətlə səslənir. Gözləyirdim ki, o özü elçi göndərər, barışarıq. Görünür ki… – O yenə susdu. Sonra barmaqlarında yanaşı qoşa üzük olan sağ əlini havada yelləyib, əlavə edir: – Nə olar, o göndərmirsə, biz göndəririk.
Əhməd xanı göndərmək istəyirsən? – Məlik Məhəmməd soruşur.
–Yox. O uşaqdır. Bir nəfər etibarlı və hörmətli adam lazımdır.
– Bəs kimi?
–İstəyirəm ki, sən gedəsən. – Fətəli xan yenə qətiyyətlə səslənir.
– Mən? – Məlik Məhəmməd təəccüblə soruşur.
Sən. Ancaq sən. Başqasına etibarım yoxdur. Başqasının ağzından artıq bir söz çıxsa, təzədən incikliyə səbəb olar.
Fətəli xanın iki oğlu vardı. Böyüyü Əhməd xan, kiçiyi Şıxəli xan. Məlik Məhəmməd fikirləşdi ki, Fətəli öz oğlunu göndərməyə çəkinir. İbrahim xanın tündməcaz olduğunu yaxşı bilir. Ondan hər bir şey gözləmək olar. Bununla belə, Məlik Məhəmməd öz etirazını bildirə bilmir. Arvadı Xədicə Bikə də ərinin belə xətərli işə göndərilməsinə ürəkdən narazı olsa da, qardaşının sözü üstünə heç bir söz deyə bilmir.
Ertəsi gün Məlik Məhəmməd yaraqlanıb, yaxın adamlarından iki nəfərlə birlikdə Şuşaya yola düşür. O gedəndən Xədicə Bikənin yuxusu ərşə çəkilir. İyirmi gündən sonra Məlik Məhəmmədi müşayiət edən atlılar qayıdıb, xəbər verirlər ki, İbrahim xan Məlik Məhəmmədi həbsə almışdır. Xədicə tez Qubaya qardaşına xəbər göndərir. Qardaşı cavab məktubunda ona təsəlli verib, yazırdı ki, təhlükəli heç bir şey yoxdur, Məlik Məhəmməd tezliklə geri qayıdacaqdır. Ancaq aylar keçir, Məlik Məhəmməddən isə heç bir xəbər çıxmırdı. Fətəli xan özü də bacısının gözünə görünməmək üçün Bakıya az-az gəlirdi.
Qarabağ xanı İbrahim xan Məlik Məhəmmədi düz iki il həbsdə saxlayır. Bu müddətdə Fətəli xan öz-özlüyündə İbrahim xana qarşı çox tədbir tökürsə də, heç birini həyata keçirə bilmir. Məlik Məhəmmədin üstündə İbrahim xanla müharibəyə girməyi təsəvvürünə sığışdıra bilmirdi.
Nəhayət, Fətəli xan öz müttəfiqləri ilə birlikdə 8 min qoşunla Qubadan Qarabağa, İbrahim xanın üzərinə hücuma keçir, İbrahim xan Məlik Məhəmmədi azad etməyə məcbur olur.
İki illik həbsdən sonra Bakıya qayıdan Məlik Məhəmmədin saçları tamam ağarmışdı. A. A. Bakıxanovun yazdığına görə, Məlik Məhəmməd həmin ildə Nəcəfə ziyarətə gedir və Bağdad yaxınlığında ölür.
Məlik Məhəmmədin Xədicə Bikədən iki oğlu olmuşdu: Mirzə Məhəmməd və Əbdürrəhim.
Məlik Məhəmməddən sonra yerinə böyük oğlu Mirzə Məhəmməd xanlığa keçir. O, tarixdə Mirzə Məhəmməd xan Sani (ikinci) kimi tanınmışdır. Mirzə Məhəmməd Sani A.A. Bakıxanovun atası idi. Xanlığa keçəndə on bir yaşı vardı. Xanlığı idarə etmək üçün dayısı Fətəli xan onun qəyyumu təyin edilmişdi. İyirmi yaşına çatdıqda Mirzə Məhəmməd xan Sani Fətəli xanın qızı Xan Bikə xanımla evlənir.
Fətəli xanın nüfuz dairəsi getdikcə genişlənirdi. 1785-ci ildə Şəki xanını məğlub edərək, onu özündən asılı vəziyyətə salır. Beləliklə, XVIII əsrin səksəninci illərində Azərbaycanın bütün şimal-şərq hissəsi onun hakimiyyəti altında birləşmişdi. Təkcə Qarabağ xanı ona tabe olmaqdan imtina edirdi.
1784-cü il Fətəli xandan ötrü daha uğurlu olur. Həmin ilin bahar aylarında onun Azərbaycanın cənub xanlıqlarına qarşı yürüşü başlayır. Fətəli xan, demək olar ki, heç yerdə müqavimətə rast gəlmir. Əhali hər yerdə onu rəğbətlə qarşılayır. Ərdəbil və Mişkin şəhərlərini müqavimətsiz ələ keçirir. Fətəli xanın belə müzəffər yürüşü II Yekaterinanı bərk narahat edir. Öz narazılığını knyaz Q. A. Potyomkin vasitəsilə Fətəli xana çatdırır. Bundan sonra Fətəli xan cənubda qala bilməyib, Qubaya dönür. Ancaq bu, onun Rusiyaya rəğbətinə zərrə qədər də xətər gətirmir.
80-ci illərdə Rusiya Qafqazda öz mövqeyini xeyli möhkəmlətmişdi. "Azərbaycan tarixi"nin birinci cildində yazılır: "1768–1774-cü illərdə rus-türk müharibəsində rus silahının qələbəsi, 1783-cü ildə Kuban boyu sərhədlərinin möhkəmləndirilməsi Rusiya üçün Qara dəniz sahilində və Qafqazda əlverişli vəziyyət yaratdı və onun sərhədlərini Zaqafqaziyaya yaxınlaşdırdı". 1783-cü ildə Gürcüstanın Rusiyanın himayəsinə keçməsi barədə Georgiyevskdə (Şimali Qafqaz) müqavilə bağlandı. Həmin ilin noyabr ayında rus qoşunları Tiflisə daxil oldular. Şimali Qafqazla Gürcüstan arasında yol çəkilməyə başlandı ki, bu yol sonralar Hərbi-Gürcüstan yolu adını aldı. Bu yolu general-poruçik P. S. Potyomkin çəkdirməyə başlamış, A. P. Yermolov başa çatdırmışdır. 1783-cü ildə İrəvanın əhalisi Qafqaz baş komandanlığına məktub göndərərək, rus qoşunlarının yolunu səbirsizliklə gözlədiklərini xəbər vermişdilər.
Beləliklə, bütün Zaqafqaziyanın və Dağıstanın işğalı üçün çox əlverişli şərait yaradılmışdı. Lakin birdən-birə baş vermiş hadisələr buna mane oldu. 1787-ci ildə Rusiya ilə Türkiyə arasında təzədən müharibə başladı. Bununla əlaqədar çar hökuməti öz qoşununu Tiflisdən geri çağırmağa məcbur oldu. Türkiyə hələ müharibədən qabaq Azərbaycan xanlıqlarını da öz tərəfinə çəkmək üçün çox cəhdlər göstərmişdi.
1787-ci ildə Fətəli xan Qarabağ xanı İbrahim xanı bərk məğlubiyyətə uğratdı. Çünki İbrahim xan Şamaxı xanlığını onun əlindən almaq fikrinə düşmüşdü. Bu qələbə Fətəli xanın gücünü daha da artırdı.
1788-ci ildə Şəki xanı öz müttəfiqləri ilə birləşib Fətəli xanın himayəsindən çıxmağa cəhd edir. Döyüş köhnə Şamaxının yaxınlığında baş vermişdi. Vuruşmada əvvəl şəkililər üstün gəlirlər. Şamxal Tarkovskinin köməyə çatması nəticəsində Fətəli xan Şəki xanı Məmməd Həsən xanın qoşunlarını darmadağın edir. Xan özü bir neçə nökəri ilə Şəkiyə qaçır.
Həmin ilin dekabrında Fətəli xan II İrakli ilə birlikdə Gəncəni özlərinə tabe etdilər.
1788-ci ildə Fətəli xan Azərbaycanda artıq ən güclü bir şəxsiyyət idi.
XVIII əsrin 70-ci illərinin başlanğıcında Şimali Azərbaycan torpaqlarının yarısı, demək olar ki, Quba xanlığına tabe idi.
Fətəli xan Şamaxını dövlətin paytaxtına çevirmək fikrində idi. Bu məqsədlə Dərbənd, Quba, Salyan və habelə Niyazabaddan etibarlı ailələri buraya köçürür, hətta Nadir şah tərəfindən salınmış yeni Şamaxının (Ağsu) əhalisini də köhnə Şamaxıya qaytarır. O, şəhəri möhkəmlətmək və bununla da köhnə Şirvanşahlar dövlətini diriltmək arzusunda idi.
1788-ci ildə Fətəli xanın gücü xeyli artmışdı. Quba, Dərbənd, Bakı, Şamaxı, Salyan tam onun ixtiyarında idi. Şəki xanı ondan asılı idi. Tabasaran hakimləri onun tam itaətində idilər. Şamxal Tarkovski, Qaytaq üsmüsü və Qazıkumux xanı Rusiyadan çəkindikləri üçün ona pənah gətirmişdilər. Talış, Muğan, Gilan xanları onun himayəsində idilər.
Belə bir qüvvə ilə o, Cənubi Azərbaycan xanlıqlarını da birləşdirmək fikrində idi. Lakin bu məqsədinə nail ola bilmədi.
1789-cu ildə Fətəli xan gözlənilmədən xəstələnir. Halının gün-gündən pisləşdiyini hiss edərək, Bakıya – bacısı Xədicə Bikənin yanına gəlir. Xədicə onun rəng-rufundan qorxuya düşür.
– Sənə nə olub? – soruşur.
– Heç sorma, Xədicə. Sənin yanına ölməyə gəlmişəm.
– Sən nə danışırsan?
– Həqiqi sözümdür. Mən hər şeyi qabaqcadan hiss etməyə öyrəşmişəm. İndi də başa düşürəm ki, ölüm arxamca gəzir.
Həmin ilin mart ayında Fətəli xan ölür.
Bacısı və kürəkəni – bacısı oğlu Mirzə Məhəmməd Sani onun üçün təntənəli dəfn düzəldirlər. Oğlanları Əhməd xan və Şıxəli xan Qubadan gəlirlər. Cənazəsi Bibiheybətin həyətindəki qəbiristanlıqda dəfn olunur. Bu yaxınlaradək onun qəbri dururdu, Bibiheybət söküldüyü zaman qəbrin başdaşısı tarix muzeyinə gətirilmişdir.
Fətəli xan öləndən sonra Bakı xanlığı içərisində ixtilaf başlayır. Bu işdə atasının ölümündən sonra onun yerinə keçmiş Əhməd xanın da günahı böyük olur. Mirzə Məhəmməd xan birincinin oğlu, yəni Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulu xan Əhməd xana arxalanaraq gizlincə Mirzə Məhəmməd xan Saninin əleyhinə qəsd hazırlayırlar. Məhəmməd Qulu xan Əhməd xana vəd edir ki, əgər xan taxtına yiyələnməkdə ona kömək edərsə, ona külli miqdarda xərac verməyə hazırdır. Əhməd xan da buna razılıq verir və beləliklə, öz bibisi oğlu, yeznəsi Mirzə Məhəmməd Sanini yıxmaq üçün birgə tədbir tökürlər. O, qoşunun bir hissəsini Salyana yola salmaq bəhanəsi ilə Bakı üzərinə göndərir. Məhəmməd Qulu da gizlincə Bakıya gələrək, yaxın adamları ilə birlikdə şəhəri ələ keçirmək üçün hazırlıq görür. Gecə yarısı hamı yuxuya gedəndən sonra şəhər darvazalarını qoruyan keşikçilərin üstünə basqın edib, qapıları açırlar, qoşun içəri soxulur. Qəflətən yaxalanan mühafizə dəstələri ilə əlbəyaxa vuruşma başlayır. Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulunun adamları şəhərdə əsas istehkamları əvvəlcədən tutduqlarına görə qalib gəlirlər.
Məhəmməd Qulu xan özünü xan elan edir. Mirzə Məhəmməd Sani isə ailəsi ilə birlikdə Qubaya sürgün olunur.
Bakıda Məhəmməd Qulu xanın hakimiyyəti uzun sürmür. Buna əsas səbəb o idi ki, o xanlığa yiyələnəndən sonra Əhməd xana verdiyi vədi yerinə yetirmir. Əhməd xan da yeznəsi Mirzə Məhəmməd xan Saniyə qarşı tutduğu işdən peşman olur. Əhməd xan bu dəfə Mirzə Məhəmməd xana qoşun verərək, onu Məhəmməd Qulu xanın üstünə göndərir. Qoşunun şəhər divarlarına yaxınlaşdığını görən Məhəmməd Qulu xan şəhər əhlinin ona xəyanət edə biləcəyini düşünüb, xəzinənin ağzını açıb, əhaliyə bəxşişlər paylayır. Onun belə səxavətindən razı qalan bakılılar şəhəri Mirzə Məhəmməd xandan qorumaqda ona yaxından kömək edirlər. Mirzə Məhəmməd Sani hücumlarının nəticə vermədiyini görüb təzədən Qubaya qayıdır.
1791-ci ildə Əhməd xan ölür və Quba xanlığı Fətəli xanın kiçik oğlu Şıxəli xanın əlinə keçir. Tarixçilərin yazdıqlarına görə, Şıxəli cavan olsa da, xanlığı fərasətlə idarə edirmiş.
Onun təşəbbüslərindən biri Bakı xanlığını həqiqi varisinə qaytarmaq olur. Mirzə Məhəmmədlə birlikdə Bakı üzərinə yürüşə başlayır. Şəhərə yaxınlaşanda fikirləşir ki, qalanı almaq üçün mütləq əlavə qüvvə lazımdır. Bu məqsədlə Georgiyevskdə general Qudoviçin qərargahına müraciət edir. Bakını geri almaq üçün ona kömək göstərilməsini xahiş edir. Qudoviçdən cavab gələnədək, o şəhəri mühasirədə saxlayır. General əmr edir ki, Bakı körfəzində duran freqatdan atəş açmaqla Şıxəli xana kömək edilsin. Bir neçə gündən sonra Qudoviç Məhəmməd Qulu xandan da məktub alır. Xan bildirir ki, o Bakının qanuni hakimidir və Şıxəli xana qarşı döyüşdə köməyə çatmasını bundan xahiş edir. Qudoviç Xəzər donanmasının komandiri general-mayor Şişkinə əmr edir ki, xanlardan kimin haqlı olduğunu öyrənib, məsələni dövlətin xeyrinə həll etsin. Lakin Qudoviçin sonrakı əmri gec gəlib çatdığından kapitan-leytenant Mollerin əmri ilə gəmilərdən şəhərə bir neçə yaylım atəşi açılır.
Vəziyyəti belə gördükdə, Məhəmməd Qulu xan həmin ilin oktyabr ayında Mirzə Məhəmməd xanla saziş bağlamağa məcbur olur. Bu sazişə əsasən şəhərin gəliri Mirzə Məhəmməd Sani ilə Məhəmməd Qulu xan arasında tən bölünməli idi. Şıxəli xan isə Bakıdan 24 min manat xərac alacaqdı. Məhəmməd Qulu xan Bakı şəhərində, Mirzə Məhəmməd xan isə Balaxanıda yaşamalı olurlar. XVIII əsrin qırxıncı illərində İ. Y. Lerx (o, 1744-1747-ci illərdə İranda rus səfirliyinin hakimi olmuşdur) yazırdı: "Balaxanı kəndində hələ də 4 bastionlu dördkünc bir qala durur". Mirzə Məhəmməd xanın iqamətgahı da məhz bu qalada idi. O Balaxanı iqamətgahında yaşayarkən gürcü qızı Sofiyaya təzəcə evlənmişdi. Abbasqulu və Cəfərqulu ağa bu qadından olmuşdular. Bundan sonra o yenə də evlənmiş və Abbasqulu ilə birlikdə 6 oğul atası olmuşdur. Abbasqulu ağa, Cəfərqulu ağa, Cavad ağa, Qədir ağa, Mustafaqulu ağa və Abdulla ağa. Mirzə Məhəmməd xan 1791-ci ildən başlayaraq, təkcə Balaxanıda deyil, Maştağada, Əmirhacıyanda da yaşamışdır. Abbasqulu ağa da 1794-cü ildə Əmirhacıyanda anadan olmuşdur. Qalan dörd qardaşı isə Xeyimisə xanımdandı. Üçüncü arvadı Fətəli xanın qızı Xan Bikə xanım idi ki, ondan uşağı olmamışdı.
Şəhərin gəliri iki xanın arasında bölünsə də, əsas hakimiyyət Məhəmməd Qulu xanın əlində idi.
1792-ci ildə Məhəmməd Qulu xan ölür. Mirzə Məhəmməd xan bu dəfə də hakimiyyəti ələ keçirə bilmir. Məhəmməd Qulu xanın qardaşı Əli Qulu xanın oğlu (Mirzə Məhəmməd xanın əmisi oğlu) Hüseynqulu xan fürsətdən dərhal istifadə edərək özünü Bakı xanı elan edir. Mirzə Məhəmməd xanla Hüseynqulu xan arasında təzə bir çəkişmə başlayır. Mirzə Məhəmməd xan Quba qoşunlarının köməyi ilə şəhəri mühasirəyə alır və Hüseynqulu xanla müqavilə bağlamağa nail olur. Yenə də şəhərin gəliri iki xanın arasında bölünür.
Sonralar Hüseynqulu xan xanlığın iki xan arasında şərikli olmasına dözə bilmir. Fikirləşir ki, Mirzə Məhəmməd Sani Balaxanıda xanlığın əsas gəlir mənbəyi olan neftin əsas hissəsini mənimsəyə bilər. Fürsət axtarır ki, Mirzə Məhəmmədin iqamətgahına gözlənilmədən basqın edib, onu Bakıdan uzaqlaşdırsın. Mirzə Məhəmməd isə təbiətən sadə və ürəyiaçıq olduğundan Hüseynqulu xanın ona xəyanət edəcəyini heç gözləmirdi.
Bir gecə Hüseynqulu xan bir dəstə atlı ilə Mirzə Məhəmmədin iqamətgahına basqın edir. Mirzə Məhəmməd xan gecə yarısı atların kişnəməsinə yuxudan ayılarkən, iqamətgahın mühasirəyə alındığını görür. Hüseynqulu xan sübh tezdən Mirzə Məhəmməd xanı ailəsi ilə birlikdə Qubaya sürgün edir. Beləliklə, hakimiyyət təkcə Hüseynqulu xanın əlində qalır.
1792-ci ildə Hüseynqulu xan öz hakimiyyətini daha da möhkəmlətmək məqsədilə Rusiyanın himayəsinə girmək barədə danışıqlara başlayır. Rus qüvvələrinin yerləşdiyi Georgiyevskə elçi göndərir. Dərbənddə onun elçisi Şıxəli xanın adamları tərəfindən tutulur. Hüseynqulunun II Yekaterinanın adına göndərdiyi məktub Quba xanını bərk qəzəbləndirir, Hüseynqulu xan məktubunun ələ keçdiyini eşitdikdə, bu dəfə başqa yolla Georgiyevskə təzədən məktub göndərir. II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanına əsasən Bakı xanlığı rus imperatorluğunun himayəsinə qəbul edilir. Təkcə o qalır ki, Hüseynqulu xan təntənəli surətdə and içsin.
Hüseynqulu xanın bu hərəkəti ilə yanaşı Şıxəli xan da imperatriçaya müraciətlə bildirir ki, o və ona tabe olan Bakı xanlığı rus tabeliyini qəbul etməyə hazırdır. Elçi Şıxəli xan adından rus imperatorluğuna sadiq qalacaqlarına and içir. Rus qoşunları komandanı Qudoviç andın təsdiq edilməsi və imzalanması üçün Şıxəli xana məktub göndərir. Şıxəli xan isə buna əməl etmir. Halbuki Şıxəli xan bu müddətdə artıq rus təbəəsi hesab edilirdi. Çünki onun xahişi çariçaya göndərilmişdi.
1794-cü ilin ortalarında Şıxəli xan Bakı xanlığını Mirzə Məhəmməd Saniyə qaytarmaq üçün Bakı üzərinə hücuma keçir. Ancaq o hələ yolda ikən ona xəbər çatdırırlar ki, Qazıkumuklu Xambutay xan Şəki xanı Məhəmməd Hüseyn xanın üzərinə qoşun çəkmişdir. O, ləşkəri Mirzə Məhəmməd xana tapşırıb, özü Şəki xanının köməyinə tələsir.
Həmin illərdə Mirzə Məhəmməd xan Sani Bakı qalasından kənarda yaşasa da, xanlığın əsas gəlir mənbələrini öz əlində saxlayırdı. Neft quyularından və duzlu göllərdən alınan məhsula, demək olar ki, bütünlüklə yiyələnmişdi. Şəhərə neft, duz və başqa məhsulların daşınmasını tamamilə qadağan etmişdi. Hüseynqulu xan Quba qoşunlarının təzədən onun üzərinə hücuma keçəcəyini eşidən kimi Həştərxan vasitəsilə general Qudoviçə məktub göndərərək, Şıxəli xandan gileylənir. General Qudoviç Şıxəli xana xəbərdarlıq edir ki, Bakı xanlığını rahat buraxsın, unutmasın ki, Bakı xanlığına toxunmamaq onun andında qeyd edilmişdir.
Bu ara Mirzə Məhəmməd üzərinə basqın etmək üçün Hüseynqulu xandan ötrü əlverişli şərait yaranır. Gecə qaranlığında Balaxanıda Mirzə Məhəmmədin iqamətgahına basqın edib, Bakı qalasına hücum etmək üçün Şıxəli xanın onun sərəncamına verdiyi qoşunu pərən-pərən salır. Mirzə Məhəmmədin ailəsi və o cümlədən Şıxəli xanın nişanlısı da Bakıya gətirilir. Sonralar Şirvan xanı Mustafa xan araya girərək, onları barışdırır. 1795-ci ilin payızında Mirzə Məhəmməd xan ailəsi ilə birlikdə Qubaya qayıdır. Şıxəli xan da həmin il Bəyim Bikə ilə evlənir.
1795-ci ilin dekabrında Hüseynqulu xanın rus himayəsinə daxil edilməsi barədə fərman gəlir. Fərmanda göstərilirdi ki, xanlıq titulu və vərəsəlik bundan sonra əlahəzrət imperator tərəfindən təsdiq edilməlidir. Xanlıq Qafqaz xəttinin baş komandanlığı ilə razılaşdırılmadan rus tabeliyində olmayan ətraf hakimlərlə əlaqəyə girə bilməz. Bununla bərabər rus tacirləri üçün də əlverişli şərait yaradılmalıdır. Küləyin sahilə vurub çıxardığı gəmilər yükləri ilə birlikdə vaxtında sahibinə qaytarılmalıdır. Bakıda həmişə bir rus gəmisi durmalıdır. Rus tacirlərinin İranlılarla əlaqədar işləri təkcə Bakı hakimləri tərəfindən deyil, konsulla birlikdə həll edilməlidir. Şıxəli xanın Bakıya olan iddiaları əvəzində xan ona bəzi mükafatlar verməlidir.
Küləyin vurub sahilə çıxardığı gəmilər barədə fərmana xüsusi bir maddənin daxil edilməsi təsadüfi deyildi. Maştağa və Mərdəkan kəndləri sahillərində küləyin vurub sahilə çıxardığı gəmilərin malları Hüseynqulu xanın adamları tərəfindən bir qayda olaraq həmişə talan edilirdi. Hüseynqulu xan rus komandanlığı tərəfindən bir neçə dəfə məcbur edilmişdi ki, talan edilmiş malların dəyəri rus və hind tacirlərinə qaytarılsın. Bakı arxipelaqında da rus gəmilərinə basqın halları baş verirdi.
XVIII əsrin axırında baş vermiş hadisələr Hüseynqulu xanın rus tabeliyinə daxil edilməsi sənədlərinin tərtib edilməsinə mane oldu.
1794-cü ildə İranda Ağa Məhəmməd şah Qacar ölkənin əsas əyalətlərini ələ keçirərək, Tehranı paytaxt elan etmişdi. O, Cənubi Azərbaycanın xanlıqlarını da özünə tabe eləyəndən sonra Şimali Azərbaycana yürüş üçün hazırlıq görməyə başlayır. Əvvəlcə bütün xanlıqlara məktub göndərərək, onları İran şahının himayəsinə keçməyi təklif edir. Qarabağ xanı İbrahim xandan isə tələb edir ki, oğlunu onun yanında girov qoysun. İbrahim xan bundan imtina etdikdə, Ağa Məhəmməd şah Qacar onun üstünə 8 min nəfərlik qoşun göndərir. Gürcülər qarabağlıların köməyinə çataraq, birlikdə Əsgəran qalası yanında İran qoşunlarını darmadağın edirlər. Həmin ilin yayında Ağa Məhəmməd şah Qacar təzədən 85 min qoşunla Qarabağa soxulub, Şuşa şəhərini mühasirəyə alır. Mühasirə 33 gün davam edir. Ağa Məhəmməd şah Qacar şuşalıların müqavimətini qıra bilmədiyindən Tiflis üzərinə yürüyür. Tiflisə qədər olan yol boyu bütün şəhər və kəndləri xarabazara çevirir.
Qarabağlılar da öz borclarını yerinə yetirərək, gürcülərin köməyinə çatırlar. Gürcülər düşmənin üstün qüvvəsi qarşısında davam gətirə bilmirlər. Ağa Məhəmməd şahın qoşunları Tiflisə daxil olub, şəhəri talan edir, əhalini qılıncdan keçirirlər.
Ağa Məhəmməd şah Qacarın bu qələbəsi bu vaxtadək Rusiya ilə İran arasında tərəddüddə qalmış Şıxəli xanı ruhlandırır və ona qiymətli hədiyyələr göndərir. Onun rus təbəəliyinə qəbul edildiyinə baxmayaraq, qəti olaraq Ağa Məhəmməd şah tərəfinə keçir.
Gürcüstanı talan etdikdən sonra Ağa Məhəmməd şah 1795-ci ilin payızında qışı Muğan düzündə keçirmək məqsədilə Azərbaycana qayıdır. Yolda on iki min qoşunla Şirvana basqın edir. Şirvan xanı Mustafa xan qaçıb Fit dağında gizlənir. Bunu eşidən Bakı xanı Hüseynqulu xan Şamaxıya Ağa Məhəmməd şah üçün böyük hədiyyələr göndərir və beləliklə özünü Qacarın qəzəbindən xilas edə bilir.
Muğanda qalmaqda Ağa Məhəmməd şahın niyyəti təzədən Azərbaycan xanlıqlarına hücum edib, bütün Azərbaycanı özünə tabe etdirmək idi. Lakin bu ona müyəssər olmur. Çünki Qacarın Zaqafqaziyaya basqını rus imperatorluğunu çox narahat edirdi.
General Qudoviç göstəriş almışdı ki, Ağa Məhəmməd şah Qacar Şamaxını işğal edərsə, Dərbənd üzərinə hücuma keçsin. Gürcüstanın, xüsusilə Tiflis şəhərinin Qacar qoşunları tərəfindən dağıldığı xəbərini alan kimi 1796-cı ildə 30 minlik rus qoşunu general V. A. Zubovun komandası altında Dərbənd şəhəri üzərinə hücuma keçirlər. Əvvəlcə Şıxəli xan müqavimət göstərir. Rusların güclü qoşunu qarşısında dura bilməyəcəyini hiss etdikdə anası və bacısının təhriki ilə qılıncını boynundan asaraq öz rəiyyəti ilə Zubovun yanına gəlir. Zubov onu xeyli müddət öz düşərgəsində saxlayır. Şıxəlinin anası və bacısı Zubovun düşərgəsinə gələrək, Şıxəlinin cavanlığını nəzərə almağı və onun günahından keçməyi xahiş edirlər. Zubov ona müqavimət göstərən yerli hakimləri adətən Rusiyaya göndərirdi. Görünür ki, Şıxəli xanın anası və bacısının xahişindən sonra, ya da başqa mülahizələrə görə onu öz yanında saxlayır və hətta Şamaxı üzərinə yürüşə də özü ilə bərabər aparır.
Zubov Dərbənd xanlığının boş qalmaması üçün Şıxəli xanın bacısı Pəricəni şəhərin hakimi təyin edir. 1796-cı ilin 3 iyununda II Yekaterina V.A.Zubova belə bir məktub göndərmişdi: "Dərbəndin hakimi Pəricə xanıma mən hədiyyə olaraq, qələm, sırğa və üzük göndərirəm… Deyirlər ki, ağıllı və yaxşı qızdır. Mənə elə gəlir ki, onun davranışında bir mərdlik vardır ki, bu da mənim xoşuma gəlir".
Keçmiş xanlıq nəslindən olan Nadir xan da Pəricəyə naib təyin olunur.
Həmin il 24 mayda Zubov Bakıya tərəf yürüşə başlayır. Dərbənddən sonra Şamaxı, Gəncə, Salyan xanlıqları da rus hakimiyyəti altına keçir. Qarabağ xanı Zubovun yanına elçi göndərərək, rus himayəsinə qəbul olunmasını xahiş edir. Bakı xanı Hüseynqulu xan da şəhəri təhvil vermək məcburiyyətində qalır.
Şəhərin işğalından sonra Yekaterina Bakını bütün Şərqdə böyük ticarət mərkəzinə çevirmək üçün ciddi tədbirlər görməyə başlayır. Bakı limanının hərbi donanma üçün yararlı hala salınması barədə layihə hazırlanır. Bu məqsədlə Peterburqdan Bakıya mütəxəssis ustalar göndərilir. Bakıda olmuş Butkov öz qeydlərində yazırdı ki, "Bakı limanı bütün Xəzər dənizində ən əlverişli liman olduğundan onu genişləndirmək və möhkəmləndirmək lazım gəlirdi. Dərinliyi 7 sajen olan liman sularında gəmilər rahat üzə bilirdilər".
Rusiya imperiyasının hakimiyyətini Azərbaycanda daha da möhkəmlətmək məqsədilə Zubov Kürlə Arazın birləşdiyi yerdə (Cavadda) yeni bir qala-şəhər salmaq fikrinə düşür və onun layihəsi də hazırlanır. Bu məqsədlə buraya 2 min soldat köçürür, onları hərbi və kənd təsərrüfatı alətləri ilə təmin edir və erməniləri məcbur edir ki, qızlarını rus soldatlarına ərə versinlər. Bu qala-şəhər Yekaterinoserd adlanacaqdı.
Bakını möhkəmlətmək isə rus komandanlığı qarşısında birinci dərəcəli məsələ kimi qoyulmuşdu. 1796-cı ilin 19 fevralında Zubova göndərilən əmrdə deyilirdi: "Bakını, Bakı limanını zəbt edib, onu baş depoya çevirməli". Bakı limanında işə başlamaq üçün vəsait də ayrılmış və Peterburqdan ustalar yola salınmışdı.
Ruslar 1796-1797-ci illər üçün nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilmirlər. II Yekaterinanın ölümü buna mane olur. Yekaterinadan sonra onun yerinə taxta çıxmış I Pavelin əmri ilə rus qoşunları təcili olaraq, geri çağırılır. I Pavelin məqsədi Fransaya qarşı mübarizə üçün Rusiyanın bütün hərbi qüvvələrini bir yerə toplamaq idi. Qoşunların geri çəkilməsinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri əvvəlki kimi yenə davam edir və genişlənirdi. Bununla belə, Xəzər sahili şəhərlərinin bəzilərində yerli hakimlər tərəfindən bu ticarətə zərbə vuranlar da vardı. Məsələn, Bakı xanı Hüseynqulu xanın nəinki rus tacirlərinə, habelə hindlilərə da münasibəti yaxşı deyildi. Rus ticarət gəmilərinə yenə də basqınlar edilirdi. Hüseynqulu xan bu basqınların qarşısını nəinki almır, əksinə, bunun üçün əlverişli şərait yaradırdı. Belə halları aradan qaldırmaq məqsədilə İranda olan rus konsulu Skibinevski 1800-ci ildə Bakıya gəlir. O, Hüseynqulu xandan rus tacirlərinə vurulmuş zərərin qaytarılmasını tələb edir. Maştağa sahillərində küləyin vurub sahilə çıxardığı gəminin talan edildiyini söyləyərkən Hüseynqulu xan deyir:
– Bu gəminin malları rus tacirlərinin deyil. Qoy hindlilər bunu tələb etsinlər.
– Mallar rusların deyilsə də, gəmi ruslarındır. Gəminin içindəki mallar üçün ruslar məsuldurlar.
Beləliklə, Hüseynqulu xan nə rus tacirlərindən aldığı pulları, nə də talan etdiyi gəmilərin mallarını qaytarmaq istəmir. Vəziyyəti belə gördükdə Skibinevski zora əl atmağa məcbur olur. O Bakı limanında reyddə durmuş rus donanmasına əmr edir ki, şəhəri top atəşinə tutsun. "Qızlar" gəmisi şəhəri top atəşinə tutan kimi Hüseynqulu xan günahkar olduğunu boynuna alır və rus tacirlərindən aldıqları pulları və talan olunmuş malları qaytarmağa razılıq verir. Hətta üstəlik iltizam verir ki, bundan sonra rus tacirlərinə qarşı ədalətli hərəkət edəcəkdir. Bu əhvalatdan sonra, Hüseynqulu xan yaxın rəiyyətindən olan Mirzə Hadı bəyi rus imperatorluğu sarayına göndərərək, tutduğu hərəkətdən ötrü üzr istəyir.
Buna baxmayaraq, Hüseynqulu xan sonralar da rus və hind tacirlərinin gəmilərinə quldur basqınından əl çəkmirdi.
Azərbaycandan geri qayıtmış Ağa Məhəmməd şah Qacar İrana çatan kimi 1796-cı ildə Tehranda özünü şah elan edir. Bir ildən sonra təzədən böyük qüvvə ilə Azərbaycana gəlir. Qarabağ və Şirvan xanlıqlarını işğal edir. Hüseynqulu xanı Şuşa qalasına öz yanına çağırır. Bir rəvayətə görə, Hüseynqulu xan onun yanına getməkdən boyun qaçırır. Ağa Məhəmməd şah Qacar əmr edir ki, onun əl-ayağına zəncir vurub hüzuruna gətirsinlər. Ailəsi isə Tehrana sürgün olunsun. Başqa bir mənbədə göstərilir ki, Hüseynqulu xan özü Ağa Məhəmməd şahın yanına gedir. Ağa Məhəmməd şah Qacar onu qəzəblə qarşılayır. A. Bakıxanov bu barədə belə yazır: "Hüseynqulu xan Ağa Məhəmməd şahın hüzuruna gələrək, öz itaətkarlığını bildirmişdi. Lakin ruslara qarşı olan meylinə görə yaxşı qarşılanmamışdı. Əgər 12 iyun səhəri gün doğandan sonra şah öz saray xidmətçilərindən iki nəfər tərəfindən öldürülməsəydi, məlum deyildi ki, Hüseynqulu xanın taleyi necə olacaqdı".
Ağa Məhəmməd şahın ölüm xəbərini eşitdikdə, Qubada olan Mirzə Məhəmməd xan Sani Bakı xanlığına yiyələnmək üçün tələsik Bakıya gəlir. Ondan qabaq özünü yetirmiş olan Hüseynqulu xan şəhər qalasında möhkəmlənərək, müdafiə olunur. İki xan arasında keçirilmiş danışıqlara əsasən Bakı xanlığı yenə iki yerə ayrılır. Hüseynqulu xan Bakıda qalır, Mirzə Məhəmməd Sani isə Maştağaya çəkilərək, orada özünə təzə qala tikdirir.
1801-ci ilin 12 martında imperator Pavel öldükdən sonra onun yerinə I Aleksandr keçir. Təzə imperatorun ilk təşəbbüslərindən biri Zaqafqaziya hakimlərinə məktub göndərməsi olur. Bu məktubda o, bütün xanlıqları dostluq şəraitində yaşamağa çağırırdı. 1803-cü ilin fevralında knyaz Pavel Sisianov Qafqaza baş komandan təyin olunur. O, əslən gürcü idi, ulu babası knyaz Paati Sisianov (Sisişvili) 1725-ci ildə Rusiyaya köçmüşdü. O Kaxetiyanın məşhur çarı Vaxtanq Kartalini ilə birlikdə vaxtı ilə I Pyotrla görüşmək üçün Peterburqa yola düşmüşdülər. Pyotr isə bu vaxt artıq ölmüşdü. Vaxtanq da Həştərxanda xəstələnib ölmüş, Paati Sisianov isə rus təbəəliyini qəbul etmişdi. Pavel Sisianov 1754-cü ilin 8 sentyabrında Moskvada anadan olmuşdur.
Pavel Sisianovun baş komandan təyin edilməsi ilə Zaqafqaziyanın, o cümlədən Azərbaycanın təzədən işğalı geniş vüsət aldı.
Rus komandanlığı hər şeydən əvvəl Gəncə xanlığının işğal edilməsinə xüsusi əhəmiyyət verirdi. Gəncə xanı Cavadxan əslində rus tabeliyinə keçməyə etiraz etmirdi. Bunun üçün o, rus imperatorunun xüsusi reskriptini gözləyirdi ki, tabe olmaqla bərabər xanlığın müstəqilliyini hifz edə bilsin. General Sisianov onun nəzərinə çatdırır ki, Gəncə xanlığı hələ 1796-cı ildə Rusiyanın təbəəliyinə keçmiş və Gəncə qalası ruslar tərəfindən alınmışdı. Cavad xan cavabında yazırdı o zaman şah mənə reskript göndərmiş və mən də onun təklifini qəbul edərək, qalanı təhvil vermişdim. İndi də sənin padşahın belə bir reskript göndəribsə, mənə göstər. Mən də onun iradəsi qarşısında düşünüb-daşınım".
Cavad xanın bu sözləri, görünür ki, Sisianovun şəxsiyyətinə toxunmuş və 1803-cü ilin noyabrında Gəncə üzərinə qoşun çəkmişdi. Rus qoşunları 6 batalyon piyadadan, 11 topdan, 3 eskadron və 2 kazak bölüyündən ibarət idi.
1804-cü il yanvarın 2-dən 3-nə keçən gecəsində Sisianovun qoşunları qalaya hücuma keçirlər. Şəhərin müdafiəçiləri mərdliklə vuruşaraq nərdivanlarla qalaya qalxmağa çalışan qoşunların təşəbbüsünü dəf edirdilər. Buna baxmayaraq qoşunlar şəhəri müdafiə edənlərin müqavimətini qıra bilib, şəhərə daxil olur. Böyük mərdlik göstərmiş Cavad xan öldürülür. Beləliklə, Gəncə xanlığı Rusiyanın tərkibinə qatılır və şəhər I Aleksandrın arvadı Yelizavetanın adı ilə Yelizavetpol adlanır.
Sisianov I Aleksandra göndərdiyi raportunda qeyd edirdi ki, bu ilin kompaniyasında İranlılar tərəfindən vurulmuş bir milyon manat zərərin ödənilməsi üçün Xəzər donanmasının Ənzəli və Rəşt şəhərlərinə göndərilməsi lazım gəlir. 1865-ci ildə rus donanması general-mayor Zavalişinin başçılığı altında Pirbazara, Rəştə 800 nəfərdən ibarət desant çıxarır. Desant uğursuz olur. İran qoşunlarının üstün qüvvələri qarşısında Zavalişin geri çəkilib, Bakıya qayıdır.
Sübh açılarkən bakılılar körfəzdə hərb gəmisini görüb, təəccüb qalırlar. Hüseynqulu xan tez Zavalişinin yanına elçi göndərib onun nə niyyətlə gəldiyini öyrənmək istəyir… Zavalişin elçiyə belə deyir:
–Mən imperator tərəfindən göndərilmişəm ki, Bakını zəbt edim. Xanınıza deyin ki, şəhəri təslim etsin.
Hüseynqulu xan vaxtı udmaq üçün Zavalişinə xəbər göndərir ki, fikirləşmək üçün ona avqustun 15-dək möhlət versin.
Zavalişin razılaşır. Möhlət başa çatanda Hüseynqulu xandan heç bir xəbər çıxmır. Belə olduqda, Zavalişin sahilə desant çıxarır. Bu müddətdə Hüseynqulu xanın köməyinə gəlmiş Quba və Dərbənd xanlığının qoşunları Zavalişinin qoşunlarına qarşı vuruşmağa başlayırlar. Bu vuruşmada məğlub olan ruslar gəmi ilə Sara adasına çəkilirlər.
Rusiyanın Qafqaza yürüşü, Gürcüstanın və Azərbaycanın bir hissəsinin Rusiyaya ilhaq edilməsi Ağa Məhəmməd şah Qacardan sonra taxta çıxmış Fətəli şahı (o zamanlar Baba xan kimi tanınırdı) çox narahat edirdi. Hələ rus himayəsinə keçməmiş Qarabağ və Bakı xanlıqlarına elçilər göndərərək, onları hədələyir və xəbərdarlıq edirdi ki, rus tabeliyinə daxil olduqları təqdirdə onların üzərinə qoşun çəkəcəkdir. Bununla ürəyi soyumayan Fətəli şah 1805-ci ildə Qarabağ üzərinə böyük qüvvə ilə hücuma keçir. Qarabağ xanlığının atlı dəstələri İranlıları məğlub edib, geri oturdurlar. 1805-ci ilin 14 mayında Gəncə yaxınlığında, Kürəkçay sahilində Sisianovla İbrahim xan arasında müqavilə imzalanır. Kürəkçay sahilində Qarabağ xanlığı ilə danışıqlardan sonra Sisianov Şəki xanı Səlim xanla görüşür. Mayın 21-də Şəki xanlığı da Rusiyaya qatılır.
1805-ci ilin iyununda Fətəli şahın oğlu Abbas Mirzənin başçılığı altında İran qoşunları Arazı addayıb, Qarabağ üzərinə hücuma keçirlər. Bu zaman Şuşa qalasını İbrahim xanın dəstəsi ilə birlikdə rus qarnizonunun əsgərləri də qoruyurdular. Qarnizonun köməyinə Gəncədən polkovnik Karyaginin başçılığı altında 555 nəfər əsgər, iki top göndərilir. Yolda bu dəstə Abbas Mirzənin 10 minlik qoşunu tərəfindən dövrəyə alınır. Karyaginin əsgərləri özlərini itirməyərək, İranlılara qarşı döyüşə-döyüşə və yerli əhalinin bələdçiliyi ilə mühasirədən çıxa bilirlər.
Şuşa qalası ətrafında bütün həmlələri boşa çıxan və Karyaginin dəstəsini məğlub edə bilməyən Abbas Mirzə qoşunu çəkib, Gəncəyə tərəf yönəlir. Gəncə qalasını almaq da ona mümkün olmur. Buna görə də müdafiəsiz qalmış Tiflisə tərəf yürüyür. Lakin Karyaginin dəstəsi İranlılara çatır və onları pərən-pərən salır. Abbas Mirzə bu dəfə Qazaxdan keçərək İrəvana üz tutur. Abbas Mirzə hələ Qarabağa hücum etməmişdən qabaq Qazağa ultimatum göndərmişdi ki, İran qoşunlarına tabe olmadıqları təqdirdə, ailələri ilə birlikdə əsir alınacaqlar. Qazaxlılar Abbas Mirzənin bu hədəsinə əhəmiyyət vermədən öz mövqelərini möhkəmlədirlər. Şah qoşunları Qazağa daxil olduqda yerli əhali onlara bərk divan tutur. İranın saray tarixçilərindən biri qazaxlılar barədə belə yazırdı: "Qazax əhli İranlıların İrəvana tərəf yürüşünə mane olurdular. İrəvan düzənliyi başlananadək qazaxlılar, demək olar ki, hər fərsəx yolda pusqu düzəltmişdilər. Onlar hətta Abbas Mirzənin özünə də atəş açmışdılar".
Yaralanmış Abbas Mirzə İrana qayıtmağa məcbur olmuşdu.
Gəncə və Şəki xanlıqlarını özünə tabe etdikdən sonra Sisianov Şirvana tərəf yürüşə başladı. Bu müddətdə o, Qafqazın hər yerində "zəhmli knyaz" kimi şöhrət tapmışdı.
SİSİANOVUN ÖLDÜRÜLMƏSİ
1806-cı ilin fevral ayı idi. Qış bərk keçsə də, qar artıq tamam ərimişdi. Ancaq havada hələ şaxta vardı. 200 nəfər süvari atlarından düşüb gözləyirdi. Hamının nəzərləri irəlidəki qədim qalanın darvazasına zillənmişdi. Hamıdan qabaqda durmuş adamın çiynindəki zər baftalı paqonlar tutqun havada uzaqdan diqqəti cəlb edirdi. Onun solğun sifəti, gözlərinin altına çökmüş dərin kölgələrdən bilmək olurdu ki, gecəni yatmayıb. Azca uzunsov sifəti qaramtıl bir rəng almışdı. O, Şamaxıdan çıxandan özünü pis hiss edirdi. Hətta elə vəziyyətdə idi ki, atın üstünə yaxın adamlarının köməyi ilə qalxa bilmişdi. Sonra da Şamaxı dağlarını keçərkən qar və yağış onu tamam taqətdən salmışdı. Böyük çətinliklə fevralın 30- da Bakıya çata bilmişdilər. Qoşun şəhərin iki verstliyində olan Naxır bulağında düşərgə salmışdı. Burada qoşundan 300 nəfər ayırıb, ondan qabaq Xəzər sahilinə desant çıxarmış general-mayor Zavalişinə kömək göndərmiş və əmr etmişdi ki, şəhəri dəniz tərəfdən dövrəyə alsınlar. Özü isə 200 nəfər əsgərlə şəhər divarına yaxın su quyusunun yanında (Azərnəşrin keçmiş binasının yerində) qərar tutmuşdu. Bu, Qafqaz baş komandanı general Sisianov idi. Şamaxıda olarkən Mirzə Məhəmməd xan Saninin Bakıda olan qardaşı Əbdürrəhim ağa Hüseynqulu xanın zülmündən xilas olmaq üçün gizlin yolla onun yanına gəlmişdi. Sisianov onu yaxşı qəbul etmiş və Əbdürrəhim ağa onun bir sıra tapşırıqlarını fədakarlıqla yerinə yetirmişdi. Rus qoşununun ərzaq və yemlə təmin edilməsinə yaxından kömək etmişdi. Ailəsini düşmən Hüseynqulu xanın yanında qoyub Sisianova pənah gətirən Əbdürrəhim ağa barədə A. A. Bakıxanov belə yazırdı: "Mirzə Məhəmməd Saninin qardaşı Əbdürrəhim ağa Şirvana Sisianovun yanına gələrək, ona bəzi xidmətlər etmiş və Hüseynqulu xanın şəhərdə olan İran hərbi rəislərinə münasibətinə yaxşı bələd olduğundan Sisianovu dəfələrlə xəbərdar etmişdi ki, ehtiyatlı olsun. Sisianov isə ona xanın rəqibi kimi inanmaq istəməmişdi".
İndi də Bakının qalın divarları qarşısında durarkən, Əbdürrəhim ağanın xəbərdarlığını tamam unutmuşdu. O öz güçünə arxayın idi. Gəncə, Qarabağ, Şəki və Şamaxı şəhərlərini özünə tabe edəndən sonra Bakını tutmaq ona daha asan görünürdü. Xəstəlik və yorğunluq onu üzsə də, imperatorluq qarşısındakı xidmətlərindən razı bir tərzdə, bir az da qürurla durub, Bakı xanı Hüseynqulu xana yavəri Elizbar Eristov vasitəsilə məktub göndərmişdi. Məktubda imperatorluq adından təklif olunurdu ki, xan şəhəri təslim etsin. Cavab isə ləngiyirdi. Sisianov gözlərini şəhər darvazasından ayırmadan qalanın divarları arxasında baş verən hadisələri təsəvvür etməyə çalışırdı. O, bu hasarların o biri tərəfindəki hər şeyə bələd idi. Hələ 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə V. A. Zubovun qoşunları Bakını işğal etdiyi zaman Sisianov qalanın komendantı təyin edilmişdi. Doğrudur, bu çox az sürmüşdü. Çünki II Yekaterinanın ölümündən sonra onun yerinə keçən oğlu I Pavel qoşunları Qafqazdan geri çağırmışdı. Ancaq bu az müddətdə Sisianov Bakı şəhərinin bütün quruluşuna, adamlarının adət və ənənələrinə yaxından bələd olmuşdu. Şəhərdən dənizə açılan xoş mənzərə indiyədək gözlərinin qabağından çəkilmirdi. Xəzər sahillərinin işğalı o zaman imperatorluğa böyük xərclə başa gəlmişdi. Buna baxmayaraq, I Pavelin qoşunları geri çağırmasından Sisianov çox narazı qalmış və özlüyündə bunu imperatorun səhvi hesab etmişdi.
Birdən şəhər darvazası açıldı. Polkovnik Eristov atını çaparaq, içəridən çıxdı. Hüseynqulu xan cavab məktubunda göstərirdi ki, o komandanlığın tələbləri ilə razıdır və qalanı (bütün sərvəti, camaatı ilə birlikdə) təhvil verərək, rus təbəəliyini qəbul edir. Məktubda yazırdı: "Güman edirəm ki, çar 1796-cı ildə qoşunları Bakıda olarkən göstərdiyim xidməti nəzərə alaraq, məni xanlıqdan məhrum etməyəcəkdir". Sisianov Hüseynqulu xanın belə asanlıqla təslim olmasından içərisində qürurdan daha çox bir lovğalıq hiss etdi və dərhal xana cavab məktubu göndərdi. Bu məktubda yazırdı ki, çar hökuməti xanlığı onun sərəncamına ancaq aşağıdakı şərtlər əsasında verə bilər: 1. Din xanlıqda hamıdan ötrü azad olaraq qalır. 2. Xanlığı idarə etmək onun bütün nəslinə şayəstə edilir. Ancaq bu şərtlə ki, xanlığın idarə edilməsi mərhəmət və insanpərvərlik əsasında olsun. 3. Məhkəmə işləri hakimə həvalə olunsa da, cinayət işlərinə baxanda Bakı qarnizonu komendantı mütləq iştirak etməlidir. 4. Gömrük gəlirindən başqa bütün gəlirlər xanın sərəncamında qalır. 5. Zaqafqaziya ölkəsində ordunun ehtiyacı üçün duz və neft baş komandanlığın imzası ilə talonla pulsuz buraxılmalıdır. 6. Bakının ətrafında Bakı qarnizonunun yerləşdirilməsi üçün əlverişli mənzil ayrılmalıdır. 7. Xan bilavasitə baş komandanlığın təht-himayəsində olduğu üçün onun əmrlərinə sözsüz tabe olmalıdır. 8. Xan tərəfindən xəyanət hiss edildikdə dərhal hakimiyyətdən uzaqlaşdırılacaqdır.
Bunlardan başqa xanın qarşısında belə bir şərt də qoyulurdu: Xan Şərq adəti üzrə, and içməkdən əlavə öz oğlunu da, komandanlığın yanında girov qoymalıdır.
Sisianov qoşunlarının yaxınlaşıb qalanı mühasirəyə alması şəhər əhalisi içərisində böyük təşvişə səbəb olmuşdu. Bəziləri köçünü yığışdırıb, Salyan darvazalarından təpələrə çəkilməyə hazırlaşırdı. Dəniz tərəfdən çıxmaq mümkün deyildi. Çünki general Zavalişinin gəmisi körfəzdə lövbər atıb durmuş və sahilə desant çıxarmışdı.
Bir azdan cavab əvəzinə xanın nümayəndəsi qaladan çıxıb, əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyir. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.
Hüseynqulu xanın qaladan çıxması çox uzun çəkir. Sisianovun səbri tükənir və polkovnik Eristovu təzədən qalaya göndərmək istərkən şəhər darvazası açılır və Hüseynqulu xan öz yaxın adamları – İbrahim bəy, Qasım bəy, Ağakərim bəy, Seyid bəy və başqaları ilə birlikdə içəridən çıxırlar. Sisianov onları görən kimi polkovnik Eristovla birlikdə qoşundan qabağa çıxır. Onları təkcə bir kazak müşayiət edir. Hüseynqulu xan açarları Sisianova təqdim edərkən İbrahim bəy arxadan güllə ilə Sisianovu vurub öldürür. Xanin o biri adamları isə polkovnik Eristovu öldürürlər. Təkcə onları müşayiət edən kazak qaçıb aradan çıxa bilir. Sisianovun öldürülməsindən sonra qala divarlarının üstündən onun əsgərləri gülləyə tutulur, ölən ölür, ölməyən pərən-pərən düşür. Hüseynqulu xanın adamları aranın qarışmasından istifadə edərək, Sisianovun başını kəsərək, qalaya aparırlar. Sisianovun ölüm xəbərini eşidən Zavalişin isə desant qoşunlarını gəmiyə doldurub, Sara adasına tərəf istiqamət alır.
Ertəsi gün Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.
Sisianovun başı isə İrana, Fətəli şaha göndərilir. Əvəzində şah Bakı xanlığına bahalı hədiyyə göndərir.
Sisianovun qəbrinə ta 1811-ci ilədək dəyib-toxunan olmur. Yalnız həmin ilin axırında Qafqazın yeni baş komandanı Markiz Pauluççi Sisianovun sümüklərini Tiflisə apartdırıb Sion kilsəsində dəfn etdirir.
Sisianovun sümükləri Tiflisdə basdırıldığı zaman Bakı artıq Rusiya tərəfindən işğal edilmişdi.
Sisianovun ölümünü təsadüfi hadisə kimi qeyd etmək olmaz. Bakının ən axırıncı xanı hesab edilən Hüseynqulu xan özünün bütün hökmranlığı dövründə (1792-1806) Rusiyaya olan münasibətində heç zaman sabit qalmamışdı. Türkiyə, İran, Dərbənd tərəfindən gözlənilən daimi təhlükə onu Rusiya himayəsinə sığınmağa məcbur edirdisə, rus təbəliyini qəbul etdiyi tərzdə hakimiyyətini, müstəqilliyini itirə biləcəyindən qorxurdu. Buna görə də, həmişə Rusiya ilə İran arasında tərəddüd etmiş, gah bu tərəfə, gah o tərəfə meyl göstərmişdir. Onun siyasətindəki bu ikilik fəaliyyətinin sonunadək davam etmişdi. Son dəfə də belə olmuşdu. Bir tərəfdən şəhərin təslim edilməsi barədə Sisianovla danışıqlar aparır, o biri tərəfdən İran hökuməti ilə gizli əlaqə saxlayırdı. Ruslarla bağladığı sazişlərə baxmayaraq, imkan düşən kimi ruslardan üz çevirirdi. Bəzi tarixçilərin yazdığına görə Sisianovun öldürülməsi ərəfəsində qalada İran şahı Fətəlinin iki casusu yaşayırmış. Onlar guya Fətəli şah tərəfindən göndərilibmiş ki, dənizdən qala divarları ətrafındakı xəndəklərə su çəkmək üçün kömək etsinlər. Əslində isə, Hüseynqulu xanın hərəkətlərinə göz qoyub, casusluq edirlərmiş. Hətta İbrahim bəyi Sisianovu öldürməyə təhrik edən də guya casuslar olub.
1846-cı ildə Bakının erməni varlılarından Tomas Eyvazov öz hesabına Sisianovun xatirəsinə abidə düzəltdirmişdi. Sisianovun öldürüldüyü yerdə (Azərnəşrin keçmiş binasının yerində) qoyulmuş bu abidə piramida şəklində olub, boz daşdan tikilmişdi; abidənin bir tərəfində bu sözlər yazılmışdı: "Abidə 1846-cı ildə knyaz Mixail Semyonoviç Vorontsovun canişinliyi dövründə qaldırılmışdır". O biri üzündə isə "Tomas Eyvazovun səyi və ianəsi ilə" qazılmışdı. Abidənin üstündə xəncər və tapança şəkli də rəsm edilmişdi. Tapançanın lüləsi və xəncərin ucu aşağıya əyilmiş vəziyyətdə idi.
Abidənin açılışında Qafqaz canişini Vorontsov da iştirak etmişdi. Abidə Azərbaycanda Sovet hakimiyyəti quruluşunun ilk illərinədək dururdu. Bakıda M. Ə. Sabirə heykəl qoyulduğu illərdə uçurulmuşdur.
A.A.Bakıxanov Hüseynqulu xanın atasının başına açdığı oyunları, atasının qanuni hüququnu tapdalamasını bildiyi halda onu cəsarətli bir xan kimi xarakterizə edirdi.
Sisianovun öldürülməsi çar hökumətini daha ciddi tədbirlər görməyə məcbur etdi. Çünki vaxtilə müəyyən siyasi məqsədlərlə əlaqədar Qafqaza canişin təyin edilmiş bu yüksək rütbəli məmurun, imperatorun tapşırıqlarını yerinə yetirmək üçün heç nədən çəkinməyən sadiq bir hərbçinin itirilməsi I Aleksandrın Qafqazdakı siyasətinə böyük zərbə idi. Təsadüfi deyildi ki, I Aleksandrın 1802-ci il 8 sentyabr tarixli fərmanı ilə ona verdiyi hüquqlar Sisianovun sələflərinə verilmiş hüquqlardan qat-qat üstün idi.
BAKIXANOVLAR SÜLALƏSİ
Bakı xanlarının tarixi Mahmud Dərgahqulu bəylə başlayırsa, Bakıxanovlar sülaləsinin şöhrəti isə Mirzə Məhəmməd xan Sani ilə yüksəlmişdir. Bakı və Quba xanlıqlarının Rusiyaya yaxınlaşmasında onun böyük xidmətləri olub. 1824-cü ildə Qafqaz baş komandanı Yermolov Mirzə Məhəmməd Saninin bu xidmətlərini yüksək qiymətləndirərək, ona Quba əyalətində 7 para kənd bağışlamışdır. O kəndlər bunlardır: Rustov, Hacı Qaraqaşlı, Əmsar, Qaraqaşlı, Qarabağlı, Qulamlı və Şıxnəzərli. Bu torpaqlar onun xüsusi mülkiyyətinə daxil edilərək, xəzinənin hər cür vergilərindən azad edilmişdi. Mirzə Məhəmmədin qardaşı (onlar iki qardaş olublar) Əbdürrəhim ağanın da ruslara az xidməti olmamışdır. Sisianovun Bakıya səfəri ərəfəsində o ailəsini Bakıda təhlükə altında buraxıb, Şamaxıya generalın xidmətinə getmişdi. Mirzə Məhəmmədin 6 oğlundan altısı da atalarının yolu ilə gedərək, rus hərbi dairələrində xidmət etmişlər. Böyük oğlu Abbasqulu ağa Tiflisdə hərbi komandanlıq nəzdində tərcüməçi işləmişdir. Rus və hərbi şərq dillərini mükəmməl bilməsi, şərq tarixinə yaxından bələdliyi ona Qafqazın hərbi dairələrində böyük şöhrət qazandırmışdı. O bu xidmətində polkovnik dərəcəsinədək yüksələ bilmişdi. Abbasqulu ağanın anabir qardaşı Cəfərqulu ağa XIX əsrin ortalarında Qafqaz ordusunda döyüşən generallardan biri kimi tanınmışdı. 1867-ci ildə istefaya çıxaraq, Qubada atasından qalmış təsərrüfatı idarə etməklə məşğul olmuşdu. Cəfərqulu ağa 1826–1828-ci illər rus-İran müharibəsində göstərdiyi qəhrəmanlığa görə üçüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Sonrakı vuruşmalarda da həmişə fərqlənmiş, orden və medallara layiq görülmüşdü. Mirzə Məhəmmədin ikinci arvadından olan övladlarından Qədir ağa rus ordusunda kapitan, Mustafa ağa isə general-mayor rütbələrində xidmət etmişlər. Mirzə Məhəmmədin nəvələrindən də çoxu atalarının yolu ilə getmişdilər. Cəfərqulu ağanın hər iki oğlu Həsən ağa ilə Əhməd ağa ömürlərinin sonunadək rus ordusunda xidmət etmişlər.
Abbasqulu ağanın oğlu olmamışdır. İki qızından biri Nisa Bəyim Cəfərqulu ağanın oğlu Həsən ağaya, o biri qızı Tuğra xanım isə Cəfərqulu ağanın kiçik oğlu Əhməd ağaya ərə getmişlər. Firidun bəy Köçərlinin yazdığına görə Tuğra xanım şeir də yazmışdır. Hətta bu aşağıdakı iki misranı onun şeirlərindən nümunə kimi göstərmişdir:
Tuğra xanımam, aləm ara çünki əzizəm,
Abbasqulu ağa qızı, Zəhraya kənizəm.
Nisa Bəyimin əri – Cəfərqulu ağanın oğlu Həsən ağa Bakıxanov Qafqaz ordusundakı xidmətlərinə görə çoxlu orden və medallara layiq görülmüşdü. Cəfərqulu ağanın kiçik oğlu Əhməd ağa da orduda qvardiya-polkovniki rütbəsi ilə xidmət etmişdir. Onların Nurcahan xanım adında bir bacıları da olub.
Bakıxanovlar çox maarifpərvər olub, ölkənin mədəni həyatı ilə həmişə maraqlanmışlar. Mirzə Məhəmməd xanın ən kiçik oğlu general-mayor Abdulla ağanın "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabi ilə olan məktublaşması buna sübutdur. Abdulla ağa və habelə onun qardaşı oğlu Əhməd ağa "Əkinçi" qəzetinin nəşrə başlamasına nəinki mənəvi, eyni zamanda maddi kömək də göstərmişlər. Ən çətin və ağır günlərdə onlar Həsən bəyin köməyinə çatmış, onu ruhlandırmağa çalışmışlar. Abdulla ağa Qubadan Həsən bəyə göndərdiyi 1875-ci il 19 iyun tarixli məktubunda yazırdı: "…Sizə başladığınız bu işdə müvəffəqiyyətlər diləyirəm. Doğrudur, ilk əvvəllər bəzi uğursuzluqlar olacaqdır. Bundan ötrü ruhdan düşməməli, həmişə olduğu kimi bu xeyirli işi davam etdirməlisiniz".
Abdulla ağa "Əkinçi" qəzetinin çapına icazə alınmasında yerli hakimiyyət orqanları vasitəsilə əlindən gələni etmişdi.
Bakıxanovlar böyük nəsil olmuşdur. Onların qol-budaqları bu gün də mövcuddur. Bakı kəndlərindən bir çoxunda Bakıxanovlar sülaləsinin nümayəndələrinə rast gəlmək mümkündür. Bakı şəhərində yaşayan Bakıxanovlar isə hazırda ölkəmizin mədəni həyatında böyük xidmətləri ilə tanınmış adamlardır.
BAKI RUSİYANIN TƏRKİBİNDƏ
Sisianovun öldürülməsini Dağıstan feodalları sanki çoxdan gözləyirdilər. Yaranmış şəraitdən istifadə edərək, Qazıkumux və Avar xanları Azərbaycanın içərilərinə soxuldular. Surxay xan Kür sahillərinədək gəlib çıxdı. Lakin daha irəli gedə bilmədi. Rus qoşunlarının arxadan özlərini yetirə biləcəklərini düşünüb, geri dönməyə məcbur oldu. Başqa xanlar isə ehtiyat edib, Surxay xana qoşulmadılar. Onlar Şimali Qafqazdan çar qoşunlarının gec-tez yürüşə başlayacaqlarını bilirdilər.
Baharın axırlarında İran şahı da Azərbaycana qoşun yeritdi. Qoşun Arazı adlayıb birbaşa Qarabağ üzərinə hücuma keçdi. Bu vaxt Şuşa qalasında cəmi bir qarnizon rus əsgəri vardı. İbrahim xan (öz atlıları daxil olmaqla) belə bir qüvvə ilə İran qoşunlarının qarşısında dura bilməyəcəyini hiss eləyirdi. Tezliklə taxıl biçini də başlayacaqdı. Barlı-bərəkətli zəmilər İran atlılarının tapdağı altında qalmasın deyə, İbrahim xan tədbir görməyə başladı. Bu barədə Şuşa qarnizonu komandiri mayor Lisaneviçlə məsləhətləşdi:
– Deyirəm ki, İranlılar nə qədər ki, Şuşaya yaxınlaşmayıblar, bir tədbir görək.
Lisaneviç soyuqqanlıqla deyir:
– Qorunmaqdan başqa nə tədbir görə bilərik?
– Bəlkə onları qabaqlayıb, bəxşiş və ənam göndərək, yarı yoldan qaytaraq. Yoxsa, bütün zəmilər düşmən atlarının tapdağı olacaq.
–Heç bir şey lazım deyil. Bizim qoşunlar tezliklə özlərini çatdıracaqlar – deyə Lisaneviç yenə eyni soyuqqanlıqla cavab verir.
Mayorun sözləri İbrahim xanı təmin etmir. Çünki qoşundan – köməyə gələcək rus soldatlarından hələ heç bir səs-səmir yox idi. İranlılar isə artıq qalaya yaxınlaşırdılar. Vəziyyəti belə gördükdə İbrahim xan öz ailəsi və yaxın adamları ilə qala yaxınlığında olan Xan bağına köçür. İbrahim xanın düşmənləri bundan istifadə edərək, xanın xəyanət yoluna düşdüyünü Lisaneviçə xəbər verirlər. Bu fitnəyə uyan mayor gecə bir dəstə əsgərlə İbrahim xanın yaşadığı yerə basqın edir və xanı ailəsi, yaxın adamları ilə birlikdə öldürtdürür.
Bu xəbərdən ətraf xanlar bərk qəzəblənirlər. Hətta Şəki xanı yanındakı çar qarnizonunun əsgərlərini xanlıqdan qovur.
Yayın axırlarında Əsgəran qalası yanında çar qoşunları İranlıları geri oturdurlar. İran qoşunları geri çəkilərkən Qarabağdan, xüsusilə Şirvandan çoxlu əsir tutub aparırlar.
1806-cı ilin iyununda çar qoşunları General Qlazenapın başçılığı altında Şimali Qafqazdan çıxaraq Xəzər sahili ilə cənuba hərəkət etməyə başlayırlar. Bu qoşunun tərkibinə 1400 nəfər piyada, bir bu qədər süvari və 9 top daxil idi. İyunun 22-də Dərbənd müqavimətsiz təslim olur.
Dərbənddə ikən Qlazenapı general Bulqakov əvəz edir. Çar qoşunu general Bulqakovun komandanlığı altında Dərbənddən Qubaya yola düşür. Quba xanlığı təslim olur. Şıxəli xan qaçır. Sonra Bulqakov Bakıya tərəf hərəkət edir. Avqustun təndir kimi şölə çəkən istisində yerimək çox çətin olur. Buna görə tez-tez düşərgə salıb, dincəlməyə məcbur olurlar. Axırıncı düşərgə dəniz sahilindən azca uzaqda, Beşbarmaq dağının ətəyində idi. Bulqakov şəhərə çatmamışdan qabaq buradan Bakı əhlinə bəyannamə ilə müraciət edir. Bəyannamədə göstərilirdi ki, əgər Bakı öz xoşu ilə təslim olarsa, heç kəsə zərər toxunmayacaq. Hüseynqulu xan ən yaxın adamı Kazım bəyin başçılığı altında Beşbarmağa Bulqakovun yanına elçi göndərir. Elçilər Bulqakovun qabağına duz-çörəklə çıxır və bildirirlər ki, Bakı şəhəri təslim olmağa hazırdır.
Hüseynqulu xan çar qoşununun bu dəfəki səfərindən bərk qorxuya düşmüşdü. Güman edirdi ki, Sisianovun öldürülməsi üçün ondan dəhşətli intiqam alınacaqdır. Bulqakov elçilərlə xəbər göndərir ki, şəhər öz xoşu ilə təslim olarsa, heç kəsə toxunmayacaqdır. Hətta bu sözlərini möhkəmlətmək məqsədilə, öz oğlunu da elçilərlə birlikdə Bakıya göndərir.
Lakin şəhər əhli böyük həyəcan içində idi. İnanmırdılar ki, rus qoşunları Sisianovun öldürülməsini onlara elə-belə bağışlayacaqlar. Buna görə çoxu şəhəri tərk edir, yaxındakı təpələrin arxasında gizlənirdi. Bulqakovun oğlu şəhərə yaxınlaşanda belə bir mənzərənin şahidi olur: şəhər darvazalarından çıxan adamlar köçlü-külfətli şimal-qərb tərəfdəki dağlara çəkilirdilər. Gənc Bulqakovun onları sakitləşdirmək və geri döndərmək cəhdləri boşa çıxır. Hüseynqulu xan da qoşun hələ yaxınlaşmamışdan böyük bir köçlə – səkkiz arvadı, beş oğlu, 17 qızı ilə birlikdə gizlincə, dolanbac yolla Qubaya qaçır.
Qoşunun şəhərə daxil olması ilə yaranmış dincliyi görən şəhər əhli təpələrdən enməyə, ev-eşiklərinə qayıtmağa başlayırlar.
Beləliklə, 1806-cı il sentyabr ayının 3-də Bakı tamamilə işğal olunur.
Bulqakov bir neçə müddət Bakı xanlarının qala darvazası yaxınlığındakı evlərində yaşayır.
Bulqakovun yürüşü ərəfəsində başlamış bərk istilərlə əlaqədar bulaqların suyu azalmışdı. O biri tərəfdən bu bulaqların gözləri çoxdan arıdılmadığından axıdılan su şəhəri təmin etmirdi. Əhali bu sarıdan çox əziyyət çəkirdi. Qazılmış quyuların suyu isə dəniz suyu kimi şor və acı idi. Ordunu su ilə təmin etmək getdikcə çətinləşirdi. Əsgərlərin vəziyyəti də ağır idi. Şəhərdə əlverişli binalar olmadığından ordu dəniz sahilində düşərgə salmışdı. Şəhərin sahil divarından şərqə tərəf uzanan sahil boyu əsgər çadırları sıralanmışdı. Dənizin sərinliyi əsgərləri istidən qorusa da, su və hətta yanacaq cəhətdən korluq çəkirdilər. Xörək bişirmək üçün sahildən neçə verst uzaqda olan çöllərdən çırpı toplamaq lazım gəlirdi. İsti və susuzluq nəticəsində əsgərlər arasında xəstəlik yayılmışdı. Bundan qorxuya düşən Bulqakov şəhərdə bir qarnizon saxlayır, özü isə qoşun hissəsi ilə Qubaya yola düşür.
Bakı xanı Mirzə Məhəmməd xan Qubanın və Bakının alınmasında ruslara həmişə kömək etmişdi. Onun bu xidməti qarşısında çar hökuməti Qubanın və Bakının idarə edilməsini ona tapşırmışdı. Oğlu Abbasqulu ağa özünün "Gülüstani-İrəm" kitabında atasının xanlıq fəaliyyətindən çox az yazmışdı. Mirzə Məhəmməd xan özünün sadəliyi və ürəkaçıqlığı üzündən hakimiyyət uğrunda gedən vuruşmalarda həmişə məğlub olmuşdur. Qanuni xanlıq hüququnu onun əlindən almış olan Məhəmməd Qulu və Hüseynqulu xana qarşı mübarizədə acizlik göstərmişdir.
BAKI KOMENDANTLIQ DÖVRÜNDƏ
Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra xanlıqların əvəzinə əyalət və dairələr təşkil olundu və bu əyalətlərdə çarizmin hərbi-inzibati sistemi yaradıldı. Bu sistem komendant və idarə sistemi adlanırdı. Azərbaycanda altı əyalət: Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, bunlardan başqa Qazax və Şəmşəddin distansiyaları təşkil olunmuşdu. Hər əyalətin başında komendant dururdu. Komendantlar Qafqazın baş komandanı tərəfindən etibarlı zabitlərdən təyin olunurdu. Komendant əyalətdə külli-ixtiyar sahibi idi. Onlar vəzifələrə məmurlar təyin edir, bəylərə torpaq sahəsi ayırır, lazım bildikləri zaman torpağı geri alır, vergilərin toplanması barədə sərəncamlar verirdi. Bakı komendantı neft və duz yataqlarını, balıq ovunu və s. iltizama (icarəyə) vermək hüququna da malik idi. Əyalətlər də öz növbəsində mahallara bölünür və onların başında naiblər dururdu. Komendantlar naibliyə çarizmə sadiq olan adamları təyin edirdilər. Kəndlərə kəndxudalar və yüzbaşılar cavabdeh idilər. Kəndxudalar öz yanlarında yasavul və onbaşılar saxlayırdılar. Vergi və mülkiyyətləri bölmək, onları vaxtlı-vaxtında yığmaq naiblərin vəzifəsi idi. Lakin adları çəkilən bu adamlar dövlətdən maaş almırdılar. Onlar toplanan vergilərdən ya müəyyən edilmiş miqdarda özlərinə pay götürür, ya da xidmətləri müqabilində komendantlar onlara torpaq və kəndli bağışlayırdılar.
1812-ci ildə Bakıda şəhər məhkəməsi (divan) yaradılır. Məhkəmənin sədri şəhərin komendantı idi. Məhkəmənin üzvlüyünə məmurlardan iki nəfər, şəhər əhlindən və bəylərdən də iki nəfər seçilirdi. Bəylərin, eləcə də əhalinin içindən məhkəməyə seçilənlər bir il işləyirdilər. Məhkəmənin iclaslarına bir nəfər molla da dəvət olunurdu. Ən ağır cinayətlərə hərbi orqanlardan təşkil edilmiş məhkəmə baxırdı. Bu zaman komendantın məhkəmədə iştirak etməyə ixtiyarı yox idi.
Hər əyalətdə ruhanilərin başında baş qazı dururdu. Qazıda mahal naibi kimi maaş əvəzinə 20 rəncbər mükafat alırdı. Baş qazı kəbin-talaq, vərəsəlik və s. bu kimi ailə məsələlərinə aid işlərlə məşğul olurdu. Ruhani məhkəmələri xalq içərisində böyük hörmət qazanmışdı. Bu ona görə idi ki, çar məmurları ən ağır və dolaşıq işləri ruhani məhkəməsinin ixtiyarına buraxırdılar.
Komendant sistemi dövründə də bəylər və keçmiş xanların adamları torpağı idarə etməkdə davam edirdilər. Xanlıqlar dövründə torpaqlar üç kateqoriyaya bölünürdü: xam torpaqlar, icma torpaqları və məskun torpaqlar. Keçmiş xanların külli miqdarda torpaqları çarizm xəzinəsinin ixtiyarına keçmişdi. Torpaqların böyük bir hissəsi isə feodalların əlində idi. Bunlar mülk, xalisə və tiyul torpaqdardan ibarət idi. Tiyul torpaqlar vaxtı ilə xanlar tərəfindən bəylərə ömürlük verilmişdi. Hətta bu torpaqlar nəsildən-nəslə keçirdi. Lakin tiyul sahibi onu başqasına satmaq hüququna malik deyildi. Lap əvvəllər tiyul torpaqlar Soyurqal adlanırdı. 18-ci əsrdə isə bu termin daha işlənmirdi. Torpağa yiyələnmənin başqa bir forması isə mülk idi. Tiyuldan fərqli olaraq, mülki satmaq və başqasına vermək də olardı. Bu, şəxsi mülkiyyətin daha mükəmməl forması idi. Mülk müxtəlif şəkildə olurdu. Onun bir forması "Xalisə" mülk idi. Xalisə mülklər vergilərdən azad olunurdu. Xam torpaqlar otlaq yerlərindən və meşələrdən ibarət idi. Bu torpaqlar ancaq xana məxsus idi. Xan bu torpaqları xüsusi şəxslərə müvəqqəti və ya da daimi istifadə üçün verirdi. İcma torpaqları isə kəndlilərin əlində idi. İcma bir ərazidə yaşayan kəndliləri birləşdirirdi. Bu sistem hələ xanlıq dövründə də vardı. Onlar feodal asılılığında olub, xan, komendantlıq dövründə isə bəylər tərəfindən təyin edilmiş kəndxudalar tərəfindən idarə olunurdu. Bəylər torpaqdan istifadə üçün kəndlilərdən vergi alırdı. Bunlardan başqa Vəqf torpaqlar da vardı. Belə torpaqlar, adətən, məscidlərə və sairə dini müəssisələrə aiddi. Vəqf torpaqların sahibləri hər cür imtiyazlardan istifadə edir və dövlət xəzinəsinə vergi verməkdən həmişəlik azad olunurdular. Məsələn, Bibiheybət məqbərəsi kimi… Kəndlilər iki cürdü: rəiyyət – torpağı olub bəydən asılı olan kəndlilər və ikincisi, torpaqdan və başqa kənd təsərrüfatı alətlərindən məhrum olan, ancaq günəmuzd işləyən rəncbərlər idi. Maaflar adlanan bir qrup adamlar da vardı ki, vergilərdən azad olsalar da xan və bəylərə hərbi xidmət etməyə borclu idilər. Xan tələb etdiyi zaman onun qoşunu sırasında vuruşmağa gəlməli idilər.
40-cı illərdə rus çarizmi bütün torpaqların xəzinənin hesabına keçirilməsi barədə tədbir hazırlamağa başlayır. Onlar deyirdilər ki, xanlıqlar dövründə bütün torpaqlar ayrı-ayrı adamların deyil, xanın əlində idi. Madam ki, xanlar yoxdur, demək, bütün torpaqlar xəzinəyə keçməlidir. Çar məmurları öz fikirlərini bununla əsaslandırdılar ki, Quran torpağa şəxsi mülkiyyəti inkar edir. Guya bütün torpaqlar Allahındır. Bu məqsədlə 1841-ci ildə imperatorun fərmanı çıxır. Bu fərmana görə bəylər kəndləri idarə etmək hüququndan məhrum edilirdilər. Bəylərə kəndlilərdən aldıqları vergi və töycü əvəzinə dövlət tərəfindən ömürlük pul mükafatı təyin olunurdu. Lakin bu vəziyyət çox davam etmir. İri torpaq sahibləri və məmurlar canişin Vorontsov qarşısında məsələ qaldırırlar ki, rus hökuməti ilə xidmətləri əvəzində onlara imtiyazlar verilsin. Rus hakimiyyəti özü də hiss edirdi ki, kəndliləri idarə etmək üçün yerli varlı siniflərə böyük ehtiyacı vardır. Kəndlilər rus idarə sisteminə pis baxırdılar. Onları daim tabelikdə saxlamaq üçün möhkəm bir arxa lazımdı. Məhz buna görə çarizm bəylərə güzəştə getməyə məcbur oldu. Rusiyada torpaq və kəndlilər mülkədarlar tərəfindən idarə olunduğu kimi çarizm Azərbaycanda da yerli əhali içərisində etibarlı bir arxaya dayanmalı idi.
1846-cı il dekabrın 6-da imperator xüsusi bir fərman verir. Bu fərman əsasında mülkədar və bəylərin ixtiyarında olan və əcdadları tərəfindən istifadə edilmiş bütün torpaqlar kəndlilərlə birlikdə daimi olaraq onların sərəncamına verilirdi. Bir sözlə, Rusiyada təhkimçilik hüququnun ləğv edilməsindən 14 il qabaq Azərbaycanda təhkimçilik qayda-qanunu yaradılır.
Bütün torpaqların feodal və bəylərin ixtiyarına keçirilməsi Azərbaycanda və o cümlədən Bakı kəndliləri içərisində böyük narazılıq və təşvişə səbəb oldu. Bu narazılıq az qala qiyama çevriləcəkdi. Qorxuya düşən çarizm guya kəndlilərin də vəziyyətini yaxşılaşdırmaq üçün 1847-ci ilin 20 aprelində təzə bir qərar qəbul etdi. Bu qərara əsasən torpaq sahibi 15 yaşına çatmış hər bir kəndli üçün 5 desyatindən az olmayaraq torpaq ayırmalı idi. Bunun əvəzində isə kəndlilər torpaqdan götürəcəkləri məhsulun onda bir hissəsini sahibkar üçün ayırmalı idi. Sonralar, yəni 1870-ci ildə verilmiş təzə fərmana əsasən kəndlilərin xüsusi mükəlləfiyyətlərinin ölçüsü xeyli azaldılır. Əslində isə bu tədbirlərin heç biri kəndliləri dilənçi vəziyyətindən çıxara bilmir. Müəyyən edilmiş qaydaya əsasən kəndlilər mülkədardan hökumət vasitəsilə torpaq ala bilməzdilər. Səbəb onu göstərirdilər ki, guya kəndlilərin əksəriyyəti köçəri həyat keçirdiklərinə görə torpaq pulunu vaxtında verə bilməzlər. Halbuki Rusiyada və habelə Gürcüstanda kəndlilər üçün belə məhdudluq qoyulmurdu.
Çar hökuməti Qafqazda komendant sistemini hərbi-xalq sistemi adlandırırdı. Əslində isə bu hərbi-inzibati bir sistem idi. Əyalətlərdə xalqın divan bəyləri, naiblər, kəndxudalar tərəfindən talan edilməsi və məhkumiyyət altında saxlanmaları üçün komendantlar hər cür şərait yaradırdılar. Çinovniklərin özbaşınalığı və bürokratizm həddini aşmışdı. Çar komendantların vəzifə və hüquqları barədə heç bir rəsmi təlimat verməmişdi. Yalnız 1828-ci ilin iyun ayında Tiflis qubernatoru komendantların ixtiyaratı barədə Şəki və Qarabağ xanlıqlarına göndərdiyi gizli təlimatda komendantların vəzifələrindən danışarkən göstərirdi ki, komendant idarəsinin birinci vəzifəsi təsərrüfat, məhkəmə, polis və xəfiyyə işləri ilə məşğul olmaqdır. Komendant xəzinənin gəlirini artırmaq üçün əlverişli vasitələr axtarmalı idi. Bu məsələyə çar hökuməti xüsusilə böyük əhəmiyyət verirdi. Xanlıqlar Rusiyanın tərkibinə daxil olduqca çar xəzinəsinin gəliri və xüsusi mülkiyyəti daha da artırdı. Rusiyanın əleyhinə çıxan bəy və xanların da torpaqları müsadirə edilərək, xəzinənin hesabına keçirilirdi. Təbii sərvətlərin istismarı üzərində komendant nəzarəti getdikcə artırdı. Bakıda və Şirvanda neft quyuları və duz yataqları ya komendantların özləri tərəfindən, ya da icarədarlar tərəfindən istismar olunurdu. Komendantlar Xəzər və Kür sahilindəki balıq vətəgələrini müvafiq məbləğə icarəyə verirdilər.
Torpaqların və kəndlilərin çarizmə rəğbət bəsləyən və rus çinovniklərinə yarınan feodallara verilməsi nəinki komendantlar tərəfindən, hətta rütbəli çar məmurları tərəfindən də həyata keçirilirdi. Xan və bəylər tərəfindən çarizmə qarşı düşmənçilik hiss edildikdə torpaqları dərhal xəzinənin xeyrinə müsadirə edilirdi. Yerli əhalinin və o cümlədən bəy və feodalların çarizmə sədaqətini yoxlamaq və müntəzəm izləmək üçün komendantlar xəfiyyə işləri ilə də məşğul olurdular. Xüsusi çuğullar vasitəsilə əhalinin əhval-ruhiyyəsini öyrənməyə çalışırdılar.
Komendant idarəsinin özünün xüsusi ştatı vardı. Məsələn, 1824-cü ildə Bakı əyalət komendantlığı üçün aşağıdakı vəzifələr təsdiq edilmişdi: komendant, onun müavini, hərbi zabitlər, polismeyster və onun yerli əhalidən olan müavini, mülki çinovniklərdən bir nəfər katib, tərcüməçi, mirzə, atlı və piyada yasavullar.
Polis məmurları bəzən heç bir səbəb və əsas olmadan yerli əhalini sıxışdırır, onlardan öz xeyirlərinə olaraq qeyri-qanuni cərimələr alır, adamlara fiziki cəza verirdilər. Mütləqiyyətin müstəmləkəçilik siyasəti dərinləşdikcə, komendant (və bəylərin zülmü artdıqca əhali içərisində narazılıq çoxalırdı. 30-cu illərdə Bakıda və başqa şəhərlərdə müstəmləkəçiliyə qarşı kəndli çıxışları xeyli artmışdı. Çar siyasətinə qarşı ən böyük üsyan 1837-ci ildə Qubada olmuşdu. Burada kəndlilər yerli çar məmurlarına qarşı açıq üsyana qalxmışdılar.
Komendant sistemi özünü bütün Qafqazda biabır etmişdi. Hətta yüksək rütbəli çar məmurları özləri etiraf edirdilər ki, bu sistem özünü doğrultmur. Azərbaycanın iqtisadi tərəfdən mənimsənilməsi təşəbbüsləri heç bir nəticə vermirdi. Çünki bu təşəbbüslərin həyata keçirilməsinə tamahkar komendantlar açıqdan-açığa mane olurdular. Bu baxımdan komendant sistemi iqtisadi cəhətdən ümumiyyətlə çarizm üçün əlverişli deyildi, çünki gəlirin çox hissəsi xəzinəyə daxil olmaq əvəzinə komendant, hərbi xidmətçilər və iri torpaq sahibləri tərəfindən mənimsənilirdi. Rüşvətxorluq həddini aşmışdı.
1840-cı ilin 10 aprelində I Nikolayın təsdiqi ilə yeni bir reforma verildi. Bu reforma əsasında Zaqafqaziya ölkəsini idarə etmək üçün komendant sisteminin əvəzinə "Zaqafqaziya ölkəsinin işlərinə baxan idarə" yaradıldı. Reforma 1841-ci il yanvarın 1-dən həyata keçirilməyə başladı. Yeni reforma əsasında Zaqafqaziya iki hissəyə ayrıldı: Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti. Xəzər vilayətinə 7 qəza daxil olurdu: Şuşa, Nuxa, Lənkəran, Bakı, Şamaxı, Dərbənd və Quba. Gürcüstan-İmeretiya quberniyasının mərkəzi Tiflis, Xəzər vilayətinin mərkəzi isə Şamaxı şəhəri təsdiq edildi. Quba və Dərbənd qəzaları çarizmə qarşı vuruşan Dağıstanla həmsərhəd olduqları üçün ayrıca bir okruqda birləşmişdilər.
Dağlılarla müharibəni tez qurtarmaq və Zaqafqaziyada rus hakimiyyətini daha da möhkəmlətmək məqsədilə çar hökuməti Qafqazda rus inzibati idarəsini təkmilləşdirməyi qərara aldı. Qafqazda olan baş rəislik vəzifəsini ləğv edib, əvəzində 1844-cü ildə Qafqaz canişinliyi təsis etdi.
Qafqazda ilk canişin 63 yaşlı qraf M. S. Vorontsov oldu. O, I Nikolayın etimadını qazanmış sərkərdələrdəndi. Qafqazda bütün mülki və hərbi hakimiyyət onun əlində toplanmışdı. Canişin bilavasitə olaraq, çara tabe idi. Mərkəzi nazirliklərdən heç birinin onun işlərinə qarışmağa ixtiyarı yoxdu. Bütün məsələlər üzrə birbaşa çarın özünə müraciət edirdi.
Mülki və hərbi hakimiyyət sahəsində Vorontsovun böyük təcrübəsi vardı. O düz 40 il Sisianovun əlinin altında işləmişdi.
1845-ci ilin 25 martından Vorontsov öz vəzifəsinə başlayır. Etiraf etmək lazımdır ki, onun canişinliyi dövründə ölkədə mədəniyyətin inkişafı üçün əlverişli bir şərait yaradılmışdı. İmperiyanın ali məktəblərinə daxil olmaq üçün yerli əhalidən ötrü məktəblər məhz bu dövrdə təşkil olundu. Tiflisdə böyük kütləvi kitabxana açıldı, məktəblər yaradıldı. "Qafqaz" qəzeti və "Qafqaz kalendarı" çap olunmağa başladı. 1846-cı ildən çap olunmağa başlayan "Qafqaz" qəzetinin ilk redaktoru Konstantinov idi. Bunlardan əlavə Tiflisdə gözəl teatr binası tikildi. Araratın zirvəsinə çıxış da məhz bu illərdə olmuşdu. Xəzər dənizi ilə Qara dənizin səviyyələri, arasındakı fərq də Vorontsovun təşəbbüsü ilə hesablanmışdı. Romanovlar nəslindən şahzadə Aleksandr Nikolayeviç Qafqaza ilk dəfə məhz Vorontsovun canişinliyi zamanında gəlmişdi.
1846-cı ilin 14 dekabrında Vorontsovun əmrinə əsasən bütün Zaqafqaziya ölkəsi 4 quberniyaya bölündü: Tiflis, Qutayisi, Şamaxı və Dərbənd quberniyaları. Lakin bu bölgü heç bir prinsipə əsaslanmamışdı. Azərbaycan, Gürcüstan və Ermənistan torpaqlarını müvafiq quberniyalarda birləşdirmək əvəzinə onları daha da parçalamışdılar. Məsələn, Azərbaycan ərazisinin bəzi hissələri Tiflis, Yerevan və Dərbənd quberniyaları tərkibinə daxil edilmişdi.
1840-cı il reformasından sonra bütün idarələrdə işlər rus dilində aparılmağa başladı. Əvvəllər yerli əhalidən olan çinovniklər rus məmurları ilə əvəz olundu. Vergilər artdı.
Knyaz Vorontsovun dövründə də torpaqlar və kəndlər keçmiş xanların yaxın adamları tərəfindən idarə olunurdu. Böyük torpaq sahibləri olan bəylər bir qayda olaraq, şəhərdə yaşayırdılar. Kəndlərdə isə təsərrüfatı idarə edən darğalar və kəndxudalardı. Kəndli şəhərdə yaşayan bəyin ehtiyac duyduğu hər şeyi araba ilə və ya ulaq belində şəhərə daşıyırdı. Bəyin payını verəndən sonra yerdə qalan məhsulunu isə bazarda satırdı.
Bu illərdə İçərişəhərdəki bazar Şərq bazarlarından heç də geri qalmırdı. Bazar Cümə məscidinin yanından başlayaraq, Qız qalasınadək uzanırdı. Bu bazarın üstü örtülü olduğu üçün örtülü bazar adlanırdı. Örtülü bazarın bir qolu qoşa karvansaranın yanından Çuxur karvansarasına tərəf gedirdi. Varlı tacirlərin dükanları əsasən örtülü bazarda idi. Qız qalasının yanından başlayan ikinci bazar isə şimal qala qapısınadək uzanırdı. Burada taxtadan düzəldilmiş dükanlar yerin darısqallığından göbələk kimi sanki bir-birinin böyründə bitmişdilər. Bəziləri isə mallarını küçənin ortasında yerə sərərək, satırdı. Bu bazarlarda can dərmanı desən tapılardı. Adi paslı mıxdan tutmuş bahalı zər-baftayadək hər şey vardı. Aleksandr Düma Bakıda olarkən bu bazarda gəzmiş və bu barədə qeydlərini çap etdirmişdi. Düma Bakı bazarının təsvirini belə verir: "Burada hər bir şey bir-birinə qarışıb: bir yanda toz-torpaq, bir yanda tarakanlar, o yanda çirkab içində sürünən uşaqlar, başqa bir tərəfdə isə mis qabda dəmlənən, buğlanan xörəklərin ətri ətrafa yayılır.
Bəli, Şərq belədir. Ətirli yeməklər, daş-qaş, çirkab, toz-torpaq hamısı bir-birinin yanında.
Biz bazara yollandıq. Orada bir alış-veriş gedirdi ki, gəl görəsən. İran bəzəkləri, türk məxmərləri, Qarabağ xalıları, Lənkəran balışları, gürcü tikmələri. Tiflis baftaları, nə bilim daha nələr. Hər şey adama "gəl, gəl" deyirdi. Hər şey adamı valeh edirdi. Dayanıb hər şeyə baxmaq istəyirsən".
Bakı bazarından Dümanın gözləri qamaşmışdı. Burada satılan ləl-cavahir, əlvan ipək parçalar və məxmərlər, şöhrəti dünyaya yayılmış Qarabağ və Şirvan xalıları, dəstəyi qızıl suyuna və gümüşə tutulmuş xəncərlər, o biri tərəfdən müştəri səsləyən satıcıların çığırtıları, minarədən müəzzinin günorta duasına çağıran qüssəli avazı bir-birinə qarışıb Dümanın xəyalında "Min bir gecə" əfsanələri kimi əlvan xəyallar doğurmuşdu. Bakı bazarında gözəlliklə çirkinlik doğrudan da bir yerdə idi. Belə bir yerdə satılan ən zərif incəsənət əsərləri fransız yazıçısını valeh etmişdi.
"Bizə "Min bir gecə" nağıllarında təsvir olunan piyalələr göstərdilər. Mən hələ qadınlar üçün baş örtüklərini, yalnız cənnət gözəllərinin – hurilərin taxa biləcəyi bel kəmərlərini demirəm. Bütün bunlar sadə alətlərlə – çəkic, biz və qayçı ilə gözəl sənətkarlar tərəfindən düzəldilmişdi. Əlbəttə, bu incəsənət nümunələrini Janize və Lemenyenin sexlərində hazırlanan məmulatla müqayisə etmək olmaz. Bununla belə burada gördüklərim nə qədər təzə və təkrarolunmazdır".
1884-cü ildə Bakıda olarkən İçərişəhərin küçələrini gəzmiş Skalkovski də şəhərin bazarlarında eyni mənzərəni görmüşdü. O, 1885-ci ildə Sankt-Peterburqda çap edilmiş "Yol qeydləri"ndə yazırdı: "Bakı bir neçə məhəllədən başqa tipik Şərq şəhəridir. O mənə Misirin ərəb məhəllələrini xatırlatdı. Bazarları da Şərq bazarları kimidir. Hədsiz-hesabsız xırda dükanlarda nəinki mal satılır, habelə müxtəlif dəmir, mis, dəri və şirniyyat məmulatı da hazırlanır. Bütün mallar göz qabağında, toz-torpaq içindədir. Dükanlar o qədər darısqaldır ki, bardaş qurub oturmuş tacir dükanın bütün sahəsini tutur. Bir sözlə, alver dükanın içində deyil, bayırda, qapının ağzında gedir".
Günorta namazının vaxtı çatdıqda, müəzzinin minarədən səsi eşidilən kimi dükanların çoxu bağlanır, bəziləri də satdıqları malları yerli-yerində qoyub şəhərin böyük məscidi hesab edilən Cümə məscidinə namaza gedirdilər.
O dövrdə bu kiçik şəhərdə 23-dən çox məscid vardı. Bunların içərisində ən məşhurları bunlardı: Cümə məscidi, Şah məscidi (bu Şirvanşahlar sarayının məscidi idi), Sınıq qala məscidi, Giley məscidi, Qasımbəy məscidi. Bu məscidlərdən başqa demək olar ki, hər məhəllədə təkyələr vardı ki, onlarda mərsiyə oxunardı. Mollalar və seyidlər məscidlərdən toplanan vəsaitin hesabına dolanırdılar. Onların əksəriyyəti İrandan gəlmə idi. Mollalar məscidlərdən aldıqları puldan başqa ətrafda olan kiçik mədrəsələrdə uşaqlara dərs də deyirdilər. Şəhərdə yuxarı zümrədən sayılan bəylər komendantlıq yanında xüsusi hörmətdə idi. O zaman şəhərdə 25 bəy ailəsi yaşayırdı. Bunlardan çoxu keçmiş xanların yaxın adamları idi. Tiyul sahibi kimi ətraf kəndlərdə böyük torpaq sahibləri vardı. Şəhərdə yaşasalar da, əsas gəlirləri kəndlərdən idi.
Bu illərdə Bakıda olmuş alim və səyyahlar şəhərin nəinki iqtisadi və ictimai vəziyyəti ilə maraqlanmış, habelə əhalisi ilə də yaxından təmasda olaraq, onlarla ünsiyyət bağlayaraq, xasiyyət və təbiətlərini yaxından öyrənmişdilər. Hamı bir ağızdan bakılıların qonaqpərəst olduqlarını dönə-dönə qeyd etmişdilər.
V.L.Veliçko 1904-cü ildə S. Peterburqda çap edilmiş külliyyatının birinci cildində azərbaycanlıların həyat və xarakterinə aid geniş yer ayırmışdır. O yazırdı: "Azərbaycanlıların qanı, şübhəsiz ki, nəcib qandır. Onlar təbiətcə xeyirxah, cəsur, alicənab, ağıllı, əməyə, əxlaqi inkişafa müqtədir olublar.
Azərbaycanlıları tatar adlandırırlar, bu tamamilə səhvdir. …Əsas mənşəyi etibarilə azərbaycanlılar türkdürlər, qədim oğuzların, səlcuqların… qan qohumudurlar…".
Daha sonra V.L.Veliçko Zaqafqaziyada müsəlmanlara (azərbaycanlılara – Q. İ.) qarşı münasibətdən söhbət açaraq yazırdı: "Tatarlar (azərbaycanlılar – Q. İ.) ağıllı idarə olunan qüvvəni başa düşür və onu qiymətləndirirlər. Təriqətçilərin səyi nəticəsində rus adı tatarların yerləşdikləri yerlərda həmişə uca tutulmuşdur. Tatarlar indi Zaqafqaziyada yerləşmiş ruslarla başqa qonşulardan daha yaxşı yola gedirlər, hətta ruslarla bir dindən olan gürcülər də bəzən müsəlmanlara nisbətən ruslarla pis yola gedirlər. Bu məhz ona görədir ki, müsəlmanlar təbiətən və tarixən aldıqları dərslərin nəticəsində ruslara qarşı xeyirxah olmuşlar. Lakin bizim hakimiyyətimiz dövründə azərbaycanlıların bəxti gətirməmişdir. Hətta canişin knyaz Vorontsov öz şəxsi görüşləri baxımından təhkimçilik olmayan yerdə təhkimçilik hüququnu bərqərar etmək və tatar qəbilə dvoryanlığını irəli çəkməklə səhvə yol vermişdir. Savadlı müsəlmanlar hər cür fanatizmə yaddırlar. Bununla belə mətbuatda, xüsusilə erməni və Avropa mətbuatında müsəlmanlara qarşı lazımi ədalətli münasibət yoxdur. Heç bir əsas olmadan onlara çatdırırlar ki, guya ögeydirlər. Məsələn, onlar nə səbəbə öz vətənlərində bütün hüquqlar cəhətdən şübhəli və bəzən saxta yollarla gəlmiş xristianlarla, məsələn, siyasi və ictimai cəhətdən o qədər də etibarlı olmayan ermənilərlə bir gözdə tutulmasınlar. Nəyin xatirinə Qafqaz mətbuatında müsəlmanların ən müqəddəs etiqadlarına istehza etməyə icazə verilir, ermənilərin fitnəkarlığını ifşa etmək isə çətin olur? "Tiflisski listok"da təxminən aşağıdakı məzmunda belə bir məqalə dərc edilmişdi: "Yelizavetpol quberniyasının harasında isə rusların məskunlaşmasi üçün boş torpaqlar vardır. Əvvəllər bu torpaqda ermənilər yaşayırdılar. İndi isə müsəlmanlar onları sıxışdırıb, aradan çıxarmış və özləri yaşayırlar. Bu torpaqlara rus kəndlilərini köçürmək olar". Bu məqalə başdan ayağa cəfəngiyat idi. Çünki rus təbəəsi olan müsəlmanların yaşadıqları torpağı boş torpaq adlandırmaq olmaz. Açıq görünür ki, məqalə… müsəlmanlara nifrət doğurmaq məqsədilə yazılmışdı".
Bu sözlər ona görə xarakterik və qiymətlidir ki, Qafqazda müsəlmanlara qarşı baş vermiş bu hadisələri Veliçko burada işlədiyi müddətdə öz gözləri ilə görmüş və yaxından duymuşdu.
Böyük fransız yazıçısı Aleksandr Düma da Bakıda və Azərbaycanda olduğu zaman azərbaycanlıların insanpərvərlik və xeyirxahlığını yaxından duymuşdu. O "Qafqaz səfəri" kitabında yazırdı: "Bu xalq (Azərbaycan xalqı – Q. İ.) vaxtı ilə müzəffər olmuş və indinin özündə də daxilən döyüşkən olaraq qalır… Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur".
1856-cı ildə Bakıda olmuş məşhur rus yazıçısı A. F. Pisemski də azərbaycanlılar haqqında xoş sözlər yazmışdı: "Onlar (bakılılar – Q. İ.) Həştərxan tatarlarına oxşamadıqları halda mənə dedilər ki, tatardırlar. Dağlı, ləzgi xarakteri onların geyimlərində, bədən quruluşlarında və sifətlərinin nəcib hərbiçi cizgilərində ifadə olunurdu". A. Anisimovanın 1906-cı ildə çapdan çıxmış "Qafqaz" kitabında azərbaycanlılar barədə aşağıdakı sözləri oxuyuruq: "Bunlar (azərbaycanlılar – Q. İ.) öz əxlaq və adətləri ilə gürcülərdən fərqlənirlər… Çox müstəqil xalqdırlar. Hamının sifəti ciddidir. Öz ləyaqətlərini başa düşəndirlər. Bir- birlərinə hörmətlə yanaşırlar. Onlarda elə düzlük görərsən ki, buna heç yerdə rast gəlməzsən. Qonaqpərvərdirlər. Bir bağban, bostançı, bir əkinçi kimi Qafqaz əhalisinin hamısından üstündürlər. Çölü və bağı səylə işləyirlər".
Vaxtı ilə şəhərin ən hündür yerində tikilmiş və öz əzəməti ilə buraya gələn səyyahların diqqətini cəlb edən Şirvanşahlar sarayı artıq öz cah-cəlalını itirmişdi. Sarayın bəzi yerləri uçub tökülmüşdü. Bakı xanları sarayı bərpa etmək əvəzinə özləri üçün Şamaxı darvazası yaxınlığında imarət tikdirmişdilər.
Axırıncı dəfə bu imarətdə – xan sarayında Bakı xanı Hüseynqulu xan yaşamışdı. Xan sarayının məhz burada tikilməsi təsadüfi deyildi. Vaxtı ilə Xəzər dənizi şəhərin şərqində olan bu yerədək uzanırdı. İndiki Əziz Əliyev küçəsinin böyük bir hissəsi hələ də suyun altında idi. Su qalanın divarını yuyurdu. Beləliklə, xan sarayından birbaşa dənizə yol açmaq mümkündü. Bərk ayaqda həm su yolu və həm də quru ilə şəhərdən geri çəkilmək mümkündü. O zaman xan sarayı kompleksi yüzə yaxın otaqdan ibarət idi. Xana məxsus otaqlarla yanaşı xanın yaxın müqarribləri əmisi oğlu Əbdürrəhimbəy və qardaşı Mehdiqulu bəyin də otaqları bu kompleksə daxildi. İmarət iki mərtəbəli idi. Həyətin ortasında böyük bir bağ və bağın ortasında isə iri su hovuzu vardı. Komendantlıq dövründə şəhər komendantı və şəhərin başqa hakimləri bu binada yaşayırdılar.
XVIII əsrin əvvəllərində şəhərin maraqlı yerlərindən biri zorxana idi. 1796-cı ildə rus qoşunları ilə birlikdə Bakıda olmuş A. Araratski öz xatirələrində belə yazırdı: "Şəhərin küçələri ilə gəzişərkən birinci dəfə olaraq, şəhərin ehtiyac və yoxsulluğunu duydum. Sobaları qızdırmaq üçün odun və təzək çəki ilə satılırdı. Sonra şəhərin başqa bir binasından İran mahnısı eşitdim. Adamlar bir-birinin dalınca oraya girib-çıxırdılar. Maraqlanıb, soruşdum ki, ora nədir? Dedilər ki, zorxanadır. Oraya daxil olanda gördüm ki, hərə yaxınlaşıb, müxtəlif çəkilərdə olan daşları qaldırıb, musiqi təranələri altında yorulunca onları oynadırlar. Məni başa saldılar ki, bu əyləncə əzələlərin möhkəmlənməsinə, qanın təmizlənməsinə səbəb olur. O biri tərəfdən də hərə öz gücünü başqalarının yanında nümayiş etdirirdi. Bir saat burada qalıb küçəyə çıxanda soyuq küləkdən tüklərim ürpəşdi".
İçərişəhərdə hamar yer çox az idi. Bir-birinin böyrünə sığınmış evlərə, ensiz, darısqal küçələrə bir qayda olaraq, yoxuşla qalxmaq lazım gəlirdi. Torpağın qiyməti baha olduğu üçün evlərin demək olar ki, həyətləri yoxdu. "Jivopisnaya Rossiya" jurnalının "Xəzər gözəli" adlı məqaləsində yazılırdı: "Həyətlər və küçələr o qədər dar idi ki, atlı araba burada dönə bilməzdi. Bəzi evlərdə həyət yerli-dibli yoxdu. Yalnız zibil yeşiyi üçün ayrılmış kiçik bir yer vardı. Belə darısqallıq torpağın bahalığı ilə izah olunur. Şəhər idarəsi torpağı xüsusi adamlara satır və onlar da çalışırdılar ki, torpaqdan daha çox mənfəət götürsünlər. Buna görə də həyətə kiçik bir sahə ayırırdılar".
Çoxu ev tikərkən çalışırdı ki, küçə üçün ayrılmış sahədən də bir hissə qopartsın. Bunun nəticəsində küçələr daha da daralırdı. 1840-cı ildə Bakıda olmuş Berezin yazırdı: "Küçələr elə darısqal və dolaşıqdır ki, bir ay Bakıda yaşamağıma baxmayaraq, hər hansı bir küçəyə girərkən ondan necə çıxacağımı bilmirdim".
Berezindən on altı il sonra Bakıda olmuş görkəmli rus yazıçısı A.F. Pisemski də Bakı haqqında olan təəssürat dəftərində yazırdı: "Asiya şəhərlərində olmayan adam Bakı küçələrini təsəvvür edə bilməz… Bu pəncərəsiz divarların arası ilə ikilikdə gedirdik. Üçüncü adam olsaydı, küçəyə sığmazdıq. Başımızın üstündə ancaq bir parça səmanı, ayaqlarımızın altında isə peyin görürdük.
1887-ci ildə bir günlüyə Bakıya gəlmiş P.İ. Çaykovskiyə də şəhər kədərli bir təsir bağışlamışdı. Bakıya gəlmiş A.P. Çexov da şəhəri tez tərk etməyə çalışırdı. O şəhərin neft qoxuyan havasından, əlli dərəcəyə çatan istisindən, suyun şorluğundan, yaşıllığın olmamasından gileylənərək yazmışdı: "Mənə bir milyon da versələr burada yaşamağa razılaşmaram".
Şəhər su sarıdan əvvəlki kimi yenə də əziyyət çəkirdi. Evlərdə və bazarlarda natəmizlik artırdı. Əhalidən çoxu yağış suyunu yığıb istifadə edirdi. Yağışlar da az yağırdı. O biri, tərəfdən tozlu-torpaqlı xəzri küləklərinin tez-tez əsməsi nəticəsində əhali içərisində göz xəstəlikləri çoxalırdı.
İran hakimiyyəti altında qalmaq bakılılara az qala öz mənşələrini də unutdurmuşdu. XIX əsrin əvvəllərinədək çoxu bakılıları İranlılardan fərqləndirmirdi. Hamıya İranlı deyilirdi. İran hakimləri onların dillərini əllərindən almaq üçün ciddi tədbir görürdülər. Bütün fərmanlar və qanunlar ancaq fars dilində verilir, inzibati idarələrdə yazışmalar ancaq fars dilində aparılır, əhalidən ərizələr də fars dilində qəbul edilirdi. Yeri düşəndə azərbaycanca danışmaq da qadağan olunurdu. Xanlıq dövründə divanlarda işləmək üçün İranın başqa şəhərlərindən məmurlar dəvət olunurdu. Məişətdə işlənən adi əşyaların adları belə farsca idi. Məsələn: nəməkdan-duz qabı, xəkəndaz-torpaq götürən, dudkeş-tüstüçəkən və s. Bu təsiri daha əyani görmək üçün Bakı kəndlərinin adlarını çəkmək kifayətdir. Bir neçə kənddən başqa bütün kəndlərin adları fars dili tərkibi ilə düzəlmişdi. Balaxanı, Novxanı, Zirə və s. Bunu ancaq onunla izah etmək olar ki, Bakı əsrlər boyu öz daş çanağına sığınıb, Azərbaycanın başqa şəhər və kəndlərindən ayrı düşmüşdü.
"İrşad" qəzetinin 1906-cı il 8 iyun tarixli nömrəsində Bakı müsəlmanları barədə belə yazılırdı: "Bakı müsəlmanları İran nüfuzu altında o qədər olmuşlar ki, ləhcələri, paltarları da büsbütün İranlı kimi olmuş, mərasim və adətləri də başdan- ayağa İranlı mərasim və adətidir. Toylarında, yaslarında, sair ümumi məclislərində, ailələri içərisində İranlıca davranırlar".
Skalkovski 1885-ci ildə nəşr edilmiş "Yol qeydləri" kitabında yazırdı: "Bakı Zaqafqaziyanın başqa şəhərlərindən tamamilə fərqlənir. Bakıda aşağı təbəqədən olan qadınlara rast gəlmək olar ki, onları bizim sözlərimizlə gözəl adlandırmaq olar. Onların üz cizgiləri çox düzgündür. İri gözləri sürmədən daha da canlanır. Ancaq onların gözəlliyi yalnız üzlərindən ibarətdir. Qızlar 13-14 yaşlarında artıq öz gözəlliklərini hifz edə bilmirlər. 20 yaşlarında çox oturmaqdan və qapalı həyat sürməkdən kökəlməyə başlayırlar. Bu qadınların çox orijinal geyimləri vardır və bu geyimlər onların gözəl sifətlərinə çox yaraşır. Hər şeydən qabaq onların əsas qüsurlarını – köklüklərini gizlədir. Geyimləri olduqca qısa tumandan və bellərindən azca aşağı salınmış qara qoftadan ibarətdir. Bunu köynəyə oxşatmaq olmaz. Üstündən də muncuqla bəzədilmiş qoşa kəmər bağlayırlar. Ayaqlarına qalın corab və dabanlarının yarısını örtən qaba başmaq geyirlər ki, bu da onların geyiminə uyğun gəlir. Başlarında isə çoxlu örtük olur. Qırmızı yelənli ipək örpəkləri qatran kimi qara şivə saçlarına çox yaraşır. Örpəyin altından bez yaylıq bağlayırlar. Nəhayət, bunların da üstündən dabanlarınadək uzanan yüngül örtük-çadra salırlar ki, bununla da kişi görəndə üzlərini gizlədirlər. Onu da sezdik ki, üzünü qırış basmış yaşlı qadınlar sifətlərini cavan qızlara nisbətən daha çox gizlədirlər".
Bakıda ticarət şəhəri kimi çoxlu peşə sahibləri yaşayırdı. Ən çox yayılmış peşələr bunlardı: malakeş, rəngsaz, daşyonan, daşçıxaran, baqqal, bəzzaz, kababçı, dəmirçi, qırçı, başmaqçı, dərzi, keçəçi, zərgər, dabbağ, nalbənd, xalçaçı, boyaqçı, saatsaz, papaqçı, minasaz, kənkan, dəllək, dulusçu, cümədar, şatır, çayçı, halvaçı, suçu, sərraf.
Bakının yerli adətlərindən biri də adamlara təxəllüs verməkdi. Bunu da çox zaman ona görə eləyirdilər ki, eyni adda olan adamları bir-birindən fərqləndirsinlər. Məsələn, o illərdə dəbdə olan təxəllüslər bunlardı: Şirdan Ağadadaş, Şeytan Bağır, Axmaq nəvəsi İsrafil, Pota Bəxşəli, Xır-xır Əzim, Hapış Məmmədəli, Palto Abasqulu, İt Abutalıb, Part-part nəvəsi Hüseynbala, Şombulum Ələkbər, Xingəl nəvəsi İsmayıl, Şır-şır Dadaş, Mırığ Ağabala, Hoppataran nəvəsi Məcid, Tazı Hənifə, Cühud Zeynəlabdin, Çəkçəki Süleyman, Malbaş Yusif, Naqqal Seyfulla, Zıqqı Nəcəf, Gəvəzə Nuru və sairə.
Ruslar Bakıya gələndən sonra yerli şəhər əhlinin dili ilə fars dili arasındakı fərqi görür, onların fars olmadığını başa düşür və Azərbaycan dilinin tatar dilinə daha çox oxşarlığına görə azərbaycanlıları tatar adlandırmağa başlayırlar. İstər I Pyotr dövründə, istərsə də ondan sonra tatar və çuvaşlar Bakıya göndərildikdə isə onlara məlum olur ki, Azərbaycan dili tatar dili deyildir və onların arasında xeyli fərq vardır. Buna görə yerli tatarları, yəni azərbaycanlıları əsl tatarlardan fərqləndirmək məqsədilə onları Qafqaz tatarları və bir az sonra isə türk tatarları çağırırlar. Bakılıların azərbaycanlı adlandırılması sonrakı illərə – XIX əsrin ortalarına aiddir. Məsələ burasında idi ki, o zaman müxtəlif xanlıq və sultanlıqlara bölünmüş Azərbaycan torpaqları da Azərbaycan adlandırılmırdı. Bütün rus tarixi sənədlərində bu yerlər ancaq xanlıqların adları ilə tanınırdı. Şirvan torpaqları, Muğan düzü, Xəzər sahili torpaqları və s. bu kimi adlarla vahid bir ölkənin əsl adı silinib aradan çıxmışdı. Xanlıqlar arasındakı daimi çarpışmalar da bunun üçün şərait yaradırdı. Xanlıqlar və ondan sonra ruslar tərəfindən vahid torpağın quberniyalara bölünməsi indiyədək aramızda qalmış yerliçilik kimi yoluxucu və təhlükəli bir xəstəliyin də yaranmasına səbəb olmuşdur.
Şimali Azərbaycan torpaqları İran şahları tərəfindən də Cənubi Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edilmirdi. Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqlarına göndərdiyi bir fərmanında yazırdı: "İranın ali hakiminin bu fərmanı ondan ibarətdir ki, mənim artıq İranda şahlığa layiq görüldüyümü və Azərbaycanın bütün xan və hakimlərinin mənə tabe olduğunu və indi də düşmənlərimə cəza vermək üçün qoşunla bu tərəflərə gəldiyimi sizə bildirim və nəzərinizə çatdırım". Ağa Məhəmməd şah Qacar bu fərmanı Şamaxını tutduqdan sonra başqa xanlıqları qorxuya salmaq üçün göndərmişdi. Buradan görünür ki, Şimali Azərbaycan torpaqlarını "bu tərəflər" adlandırmaqla onu Azərbaycanın bir hissəsi kimi qəbul etmirdi. İran hakim dairələri ta 1918-ci ilədək belə təsəvvürdə idilər. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan edildikdə İran hakim dairələri etiraz edərək bildirdilər ki, sizin özünüzü Azərbaycan adlandırmağa ixtiyarınız yoxdur. Əsl Azərbaycan İran torpağıdır, siz qafqazlısınız. Rus mənbələrində də Azərbaycan sözünə ilk dəfə Burnaşovun 1786- cı ildə yazdığı məktubunda rast gəlirik. Polkovnik S. D. Burnaşov Gürcüstan şahı İraklinin yanında rus dövlətinin səfiri olmuşdu. O yazırdı: "Hazırki vəziyyətə görə Azərbaycan adlanan torpaqlar şimaldan Gürcüstandan, daha doğrusu, Kaxetiya və Kartli şahlığından, şərqdən isə Xəzər dənizi və Gilan əyalətindən başlayıb, qərbdən Türkiyəyə, cənubdan İraq vilayətinədək uzanır…".
Azərbaycan rus çarizmi tərəfindən istila ediləndən sonra Bakıda bütün inzibati orqanlarda, kontorlarda və rəsmi yazışmalarda rus dili dövlət dili kimi qəbul edildi. Ərizələr rus dilində yazılır, qanun və fərmanlar rus dilində verilirdi. Beləliklə, Azərbaycan dili yenə də inkişaf edə bilmədi. Əksinə rus dilindən bəzi sözlər jarqon şəklində gündəlik danışığa daxil oldu. Məsələn, Becid-bejit sözündən, birkes-bereqis sözündən, Atmaral-Admiral sözündən və sairə.
Beləliklə, Bakıda danışılan Azərbaycan dili xalq qaynaqlarından istifadə edilmədiyindən leksikon cəhətdən inkişaf etməmiş, zəngin çalarlardan məhrum və ifadəsiz bir dil olaraq qalmışdı. Yalnız 1905-ci il inqilabından sonra mətbuat və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq, xalqın zəngin dili ilə qaynaqlaşaraq, inkişaf etməyə başlamışdı.
O vaxtlar şəhər divarlarından xaricdə üç tikili vardı ki, bunları Bakı ilə əlaqəsiz təsəvvür etmək çətindi. Bunlar şəhərlə sanki bir kompleks təşkil edirdi. Hər üç tikili şəhərin tarixi ilə sıx bağlı idi.
Bunlardan biri Bibiheybətdir. Bu tikili Bakının 5-6 kilometrliyində, dəniz sahilindən təxminən yarım kilometr aralıdakı dağın döşündə, Şıx kəndində inşa edilmişdir. Rəvayətə görə, burada 800-ci ildə Bağdadda xəlifə Harun əl-Rəşid tərəfindən öldürülmüş yeddinci imam Musayi Kazımın qızı Hökümənin qəbri vardır. Guya Hökümə atasının ölümündən sonra təqib olunduğu üçün qaçıb, burada məskən salmışdır. Burada ölmüş və burada da dəfn edilmişdir. Hökümənin Heybət adlı bir xidmətçisi varmış. O, Höküməni bibi çağırdığı üçün bura o zamandan Bibiheybət adını almışdır. Sonralar onun qəbri yanında məscid tikilmiş və bu yer şiələrin ibadət yerinə çevrilmişdir. Təkcə Bakıdan deyil, başqa yerlərdən də adamlar axışıb, buraya səcdəyə gəlirlərmiş. Bu məqbərəni şeyxlər idarə edirdilər. Şeyxlərin məqbərə ətrafında saldıqları məskən sonralar Şıx kəndi adlanmağa başlayır. Şeyxlər əsasən məqbərənin gəliri hesabına yaşayırdılar.
Burada bir-birinin böyründə tikilmiş iki məscid vardır. Birincisinin cənub divarında olan yazısından məlum olurdu ki, o 1302-ci ildə ustad Mahmud İbn Saad tərəfindən tikilmişdir. Məqbərənin sol tərəfindəki məscidi isə sonralar, XX əsrdə Bakı varlılarından Ələkbər Dadaşov tikdirmişdir. Dəniz yolu ilə buraya ziyarətə gələnlər qayıqları sahildəki körpünün yanında saxlayır və yoxuşla salınmış pillələrlə yuxarı qalxırdılar. Bakılılar Bibiheybət burnunu Qırxqız da adlandırırdılar. Qədim bir əfsanəyə görə vaxtı ilə burada qırx nəfər qız qeyb olub. Guya o vaxtdan sakit havalarda onların ağlamasını eşitmək olur. Qayaların arası ilə süzülən su da deyilənə görə onların göz yaşlarıdır.
Bibiheybət məqbərəsini adamlar, xüsusilə qadınlar ildə iki-üç dəfə cümə axşamı və cümə günləri ziyarətə gələrdilər. O zaman Çəmbərə kəndinin yuxarısında Pirvönzəli deyilən iri bir daş parçası da varmış. Yerlilər bu daşı müqəddəs hesab etdiklərindən dəstə-dəstə, xüsusilə qadınlar, buraya gəlib onu ziyarət edir və sonra buradan təpənin yuxarısı ilə salınmış cığırla Bibiheybətə gedirdilər. Bibiheybətə nəzir aparan qadınların çoxu uşağı olmayan qadınlardı. Buraya gəlib gedəndən sonra doğurdularsa, ertəsi il məqbərəyə öz nəzirlərini gətirərdilər.
1877-ci ildə "Bakinski izvestiya" qəzeti özünün 77-ci nömrəsində Bibiheybəti ziyarətə gəlmiş bir nəfərin qeydlərini dərc etmişdir. Həmin qeydlərdə deyilir: "Hələ uzaqdan ətrafa səpələnmiş iri qaya parçaları arxasında gizlənən uzun minarə görünməyə başladı. Burada faytonumuz dayandı. İrəli getmək mümkün deyildi. Faytondan düşüb, daşların arası ilə aşağıya, dənizə tərəf enməyə başladıq. Burada Bibiheybət kəndi yerləşir. Cəmi 25 həyətdir. Kənddə 100 nəfərədək adam yaşayır. Kəndin qurtaracağında uçurum dəniz sahilində Bibiheybətin məscidi ucalır. Kəndin içərisinə gedən yolun hər iki tərəfində üstü yazılı baş daşları ucalır. Alaqapının yanındakı qəbrin böyründə bir dərviş yerə dəsmal sərib, durmuşdu. Onun əlində təbərzin vardı, belindən isə kəşkül asılmışdı. Alaqapını bizə göstərib dedi: "Buyurun içəri". Daşdan səliqə ilə yonulmuş qapı tağ şəklində idi. Ucları tağa bağlanmış iki yoğun zəncir yerdən azca hündürdə dururdu. Zəncirə çoxlu əski-üskü bağlanmışdı. Dərviş bizi başa saldı ki, bibiyə gətirilən nəziri içəri apararkən, bu zəncirdən nişan asırlar. Nəziri verəndən sonra nişanı çıxarmalıdırlar. Dərvişin müşayiəti ilə qapıdan içəri keçdik. İçəridə də zəncirli tağ vardı. Qarşıda hasarla əhatə edilmiş meydançada kiçik bir məscid vardı. Məscidə qədər olan yol qəbirlərlə dolu idi. Məscid dörd künclü bir bina idi. Sivri günbəzi vardı. Cənub-şərq tərəfində minarə ucalırdı. Məscidin pəncərələri daş şəbəkələrdən düzəldilmişdi. Nəhayət məscidin kiçik qapısından içəri girdik. Yarım dairəvi bir tar məscidi iki yerə ayırırdı. Girən kimi sağ tərəfdə bibinin qəbri idi. Məscidin ikinci böyük hissəsi isə dua və namaz üçün idi. Qarşıdakı divarda kiçik bir qapı görünürdü. Bu qapıdan dövrə pillələrlə minarəyə qalxırdılar. Məscidin yerliyinə qırmızı xalı döşənmişdi. Məscidin tən ortasında daş bir sandıqça vardır. Deyilənə görə, bir xanın qəbir daşıdır. Meyidin sümükləri isə çoxdan Kərbəlaya aparılmışdı. Tağın arxasındakı ikinci hissə daha qaranlıqdı. Ora zəif bir şam işığı ilə işıqlanırdı. Alaqaranlıqda dörd künclü hündür bir yer görünürdü ki, onun da üstü qara parça ilə örtülü idi. Bu, bibinin qəbri idi.
Haqqında söhbət gedən daş sandıqca A. A. Bakıxanovun qardaşı general-leytenant Cəfərqulu ağanın qəbir sandıqçası imiş. Onun sümükləri Kərbəlada dəfn edilmişdi. Fətəli xanın qəbri isə məscidin həyətində idi.
Bibiheybət yuxarıda deyildiyi kimi, bakılıların və uzaqdan ziyarətə gəlmiş azərbaycanlıların ibadət yeri idi. Buranı ömürlük seçilmiş on şeyx idarə edirdi. Onların başçısı mütəvəlli adlanırdı. Tarixdən bizə məlum olan ilk mütəvəlli Şeyx Bünyad olmuşdur. Ondan sonra isə bu vəzifəyə onun övladları və nəvələri keçmişdir. Keçmiş əsrlərdən qalmış sənəd və fərmanlardan görünür ki, Şirvanşahlardan başlayaraq, (Səfəvilərədək bütün hakimlər Bibiheybət məqbərəsini həmişə himayə altında saxlamışlar. Bu fərmanlardan biri I Şah Təhmasib tərəfindən 1547-ci ildə verilmişdir. Bu fərmanda Abşeron yarımadasının cənub-şərqində, Bakı şəhəri yaxınlığında yerləşən Zığ kəndinin əmlak və sərvətinin keçmiş dövrlərdən etibarən Bibiheybət məqbərəsinə vəqf olunması təsdiq edilir və həmin fərmanların hələ də öz gücünü itirmədiyi təsdiq olunur. I Şah Abbasın 1607-ci ildə verdiyi fərmanda isə deyilirdi: "Zığ kəndinin sərvət və əmlakını, asitanə dərvişlərinin 1000 baş və Zığ kəndi rəiyyətlərinin 500 başdan ibarət qoyunlarının çobanbəyliyini, malibağ vergisini, pambıq əkininin, habelə asitanə dərvişlərinin Duldərədəki taxıl əkininin üşürünü və üç neft quyusunun vergisini məbləğli və məbləğsiz olaraq, keçmiş qayda üzrə adı çəkilən idarəyə bağışladıq, mərhəmət buyurduq". Başqa bir sənəd 1667-ci ildə şah Süleymanın verdiyi fərmandır. Bu fərmanda şah Şirvan vilayətinin bəylərbəyisi və Bakı hakiminin nəzərinə çatdırır ki, Bibiheybət məqbərəsinin mütəvəlli və dərvişlərinin vəqf yerlərinə və hüquqlarına təcavüz edilməsin".
Mərdəkan kəndində də Bibiheybət şıxlarının vəqf yerləri vardı. Bu yerlər Mərdəkandakı dairəvi qalanın ətrafındakı üzüm bağlarından ibarətdi. O vaxtdan burdakı girdə qala mərdəkanlılar tərəfindən Şıx qalası adlanır.
1845-ci ildə Bibiheybəti ziyarətə gələnlərdən biri də Xurşud Banu Natəvan idi. O uşağı olmadığı üçün əri Xasay bəy Usmiyevlə birlikdə buraya duaya gəlmişdi. 1858-ci ildə Natəvan ikinci dəfə Bakıya gələndə artıq iki uşağı vardı. Həmin ildə onlar Bakıda olan Aleksandr Düma ilə də görüşmüşdülər. A. Düma bu görüş səhnəsini çox geniş təsvir edir: "Səbirsizliklə gözlənildiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin – gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımlardan biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu böyük qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşlı oğlan uşağı isə nənəsinin dizlərinə sıxılmış və sövq-təbii ilə əlini belindən asılan xəncərin üstünə qoymuşdu".
Natəvan bu görüşdə, görünür ki, şair olduğunu A. Dümadan gizlətmişdi. Belə olmasaydı, Düma onun şairliyi və şeirləri barədə də mütləq yazardı.
Natəvanın ikinci dəfə əri ilə Bakıya gəlişindən məqsəd iki uşaq anası olduğu üçün Bibiheybət məscidinə öz borcunu vermək idi. Məscidi ziyarətdən sonra iki övlad anası olması münasibətilə o məscidin narahat daşlıq yolunun bir hissəsini öz hesabına sahmana saldırmışdı.
Beləliklə, Bibiheybət dərvişləri, Şıx kəndi əhalisi əsrlər boyu onlara vəqf edilmiş torpaqlardan istifadə etmiş və hər cür vergilərdən azad edilmişdilər. Bakı xanları da Bibiheybətə köməklərini heç zaman əsirgəməmişdilər.
Şəhər divarları xaricində ikinci belə bir tikili Əbu Səid Əbülxeyir məqbərəsidir. Bu məqbərə indi yoxdur, uçub-dağılmış və yerlə yeksan edilmişdir. Bu məqbərə təxminən indi Respublika Prokurorluğunun yerləşdiyi binanın yerində idi. O zamanlar bu yerdə bakılıların qəbiristanlığı idi. Bu məqbərə şəhər əhalisi içərisində o zamanlar Xəlifə dam və ya da Xəlifə damı adlanırdı. Əbu Səidin şəxsiyyəti barədə A. A. Bakıxanov yazırdı: "Əbu Səid Bakuvi yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış və son dərəcə əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir soməədə1 oturub, ibadətlə məşğul idi. Azacıq olan mədaxili ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanı əsasında Şübani neft və əkin yerləri onun türbəsinin məsarifinə məxsusdu. Axırda bu ölkənin vəziyyətində əmələ gələn iğtişaş nəticəsində onun məscid və mehmanxanası xarab olub, qəbri və itaət etdiyi yer torpaq altında qalmışdır. Bu yerdə olan bir neçə ev "Xəlifə damı" adı ilə məşhurdur".
Əbu Səid öləndən sonra onun yaşadığı bu yer müqəddəs yer hesab olunmuşdur. Şahlar tərəfindən buraya mütəvəllilər təyin edilmiş və məqbərə üçün vəqf yerləri ayrılmışdır. Həmin məqbərə ilə əlaqədar fərmanları T.M.Musəvi özünün "Bakı tarixinə dair orta əsr sənədləri" kitabında geniş izah edir. Hələ 1491-ci ildə Şirvanşah Fərrux Yasar Abşerondakı bir sıra mülklərini Əbu Səid Əbülxeyrin məqbərəsinə vəqf etmişdir. Vəqfnamədə deyilirdi: "Bu xoş saatlı vaxtlarda xeyir-dua etmək məqsədilə öz xalis malım hesabına Şübani əkinəcəyini, oradakı qatı neft quyusu ilə birlikdə Şüvəlandakı beş üzüm bağı sahəsini və meşə yerini, habelə Bilgəhdəki üzüm bağı sahəsini satın alıb, abad edərək, Badkubə yaxınlığında dəfn olunan seçilmiş pəhrizkar rəhmətlik Şeyx Əbu Səidin müqəddəs məzarına şəriətə müvafiq qayda üzrə vəqf və açıqcasına dini mühafizəyə verdim".
Fərrux Yasardan sonra Bakıya gəlmiş başqa hakim və şahlar da məqbərəyə verilmiş həmin vəqf yerlərini təsdiq etmişlər. Məqbərənin mütəvəllisi Şeyx Zahid öldükdən sonra onun yerinə 1673-cü ildə Xəlifə Şeyx Məhəmməd təyin edilir. Buna əsasən də məqbərə ətrafındakı tikili "Xəlifə dam" adlandırılmışdır. Xəlifə Şeyx Məhəmməd də öləndən sonra məqbərəni onun övladları idarə edirdilər. XIX əsrin əvvəllərinə doğru, Bakıxanovun yazdığına görə, bu tikili tamam uçub dağılmışdır.
Bakı qala şəhəri ilə əlaqədar üçüncü tikili şəhərdən çox uzaqda olsa da, Suraxanı atəşgahıdır. Bu atəşgah, ya da atəşgadə XVIII əsrdə Hindistanın Moltanı vilayətindən olan tacirlər tərəfindən tikilmişdir. Yazılana görə, Suraxanıda özbaşına yanan qazların olduğunu eşidən hindlilər Qanqa və İnqa sahillərindən axışıb buraya ibadətə gəlirdilər. Bakıya ticarətə gəlmiş hind tacirləri geri döndükdə Suraxanı atəşgədələrinin tərifini yaydıqca buraya gələn zəvvarların sayı daha da artırdı. Bu əsrdə hind tacirləri Həştərxan şəhərində də özlərinin xüsusi ticarət məhəllələrini yaratmışdılar. Hətta XVII əsrin əvvəllərində hind tacirləri Həştərxanda daşdan örtülü bazar da tikmişdilər. Tarixçi S. Aşurbəylinin fikrincə, Suraxanı atəşgahı atəşpərəstlərin qədim məbədi yerində salınmışdır. Guya Abşeron əhalisi İslam dinini qəbul etdikdən sonra bura hindlilərin müqəddəs yerinə çevrilmişdir. Müəllif hətta Suraxanı sözünün də qədim Hindistanın sanskrit dilində təbərrük mənasında işlədilən "surakşam" sözündən alındığını qeyd edir. Əlbəttə, bu, ehtimaldır. Çünki Balaxanı, Kürdəxanı, Novxanı kəndlərinin adlarından, göründüyü kimi, Suraxanı adının da fars sözlərindən yarandığına şübhə ola bilməz.
Atəşgah beş künclü hasarla əhatə edilmişdi. Giriş qapısının üstündə ikinci mərtəbədə bir otaq vardı. Bu, balaxanı adlanırdı. Bu otaqda qonaqlar qəbul edilirdi. Bu otaqdan içəri tərəfə, yəni həyətə 14 pilləli daş pilləkənlə enirdilər. Balaxanın dörd tərəfində daş borular vardı ki, bunlardan alov çıxırdı.
Həyətin tən ortasında məbəd yerləşirdi. Bu da dörd künclü günbəzli bir tikili idi. Məbəd həyətin səthindən azca hündür olduğu üçün oraya üç-dörd daş pillə ilə qalxırdılar. Məbədin dörd küncündə kvadrat şəklində borular vardı. Bunlardan alov çıxırdı. Həyətdə divar boyu 22 hücrə vardır ki, hamısının qapısı içəri açılırdı. Deyilənə görə bu hücrələr əvvəllər bir-birindən ayrı-ayrılıqda olan otaqlardı. Ancaq sonralar vahid bir hasarla birləşdirilmişdir. Hücrələr adama köhnə bir karvansaranı xatırladır. Həyətdə baş məbəddən başqa bir çox kiçik atəşgahlar da vardı. 1754-cü ildə Bakıda olmuş ingilis səyyahı Qonvey yazırdı ki, bu məbədlərdən ən böyüyündə hindlilər ibadətlə məşğuldurlar. Burada 40-50 nəfərədək yoxsul hindli vardı. 1780-ci ildə Reyneqqs Bakıda səfərdə olarkən Suraxanı atəşgahını gəzmişdir. Onun yazdığına görə torpaqdan alov çıxan bu yerdə hindlilər – gebrlər və başqa yoxsul adamlar özlərinə kiçik daş evlər tikmişdilər. Bu mənzillərdə torpaq döşəmə qalın gillə şirələnmişdir ki, qaz bayıra çıxmasın. Od yandırmaq lazım gəldikdə mənzil sahibi gildə deşik açır və qazı yandıraraq, qazanı həmin deşiyin üstünə qoyur. O zaman qazdan həm də mənzili işıqlandırmaq üçün istifadə edirdilər. Bunun üçün deşiyə içərisi gillə şirələnmiş qamış trubalar qoyur və oradan çıxan qaz şam kimi yanırdı. Reyneqqsin yazdığına görə o zamanlar burada Hindistandakı öz əyalətlərinin adı ilə adlandırılan moltanılar yaşayırdılar. Onlar bu mənzillərindən ötrü Bakı xanına hər il 50 tümən pul verirdilər. Hindlilər əsas etibarilə öz ölümlərinin yaxınlaşmasını gözləyən qocalar və özlərini dinə həsr etmiş gənclər idi. Burada onlar özlərini sınaqdan çıxarırdılar. Onlardan bəziləri on illər müddətində bir və yaxud hər iki qolunu qabağa uzatmış halda hərəkətsiz vəziyyətdə dururdular.
Suraxanı atəşgahı Bakıda olmuş bütün səyyah və yazıçıların diqqətini həmişə cəlb etmişdir. Hətta ən qısa müddətə gəlmiş adamlar belə bu atəşgahı görməmiş Bakıdan getməzdilər.
1796-cı ildə Bakıda olmuş A. B. Araratski atəşgahı seyr edərkən hindlilərin sayı xeyli azalmışdı. Bununla belə, o, atəşgahın geniş təsvirini verə bilmişdir. "Artemi Araratskinin həyatı" kitabında oxuyuruq: "Bu yer şəhərdən azı 20 verst aralı olsa da, gecələr onun alovu həmişə görünür. Yanar torpaq Avşaran adlanan ada ilə üzbəüz olan bir kəndin yaxınlığındakı təpələrdən birinin üstündədir. Avşaranın qayalıq və dayaz yeri dənizçilər üçün tez-tez fəlakət yerinə çevrilirdi. Çünki onlar gecə vaxtı torpaqdan qalxan bu alova aldanaraq ona yaxınlaşır və fəlakətə uğrayırdılar. Yolboyu rast gəldiyimiz gölməçələrdə suyun üstündə neft görünürdü. Neft Bakının bütün ətrafında çıxarılır və şəhərin başlıca sənayesidir. Odlu yer, yaxud yanan torpaq uzunluğu azı yüz sajenə çatan divarla hörülmüşdür… Hasarın içərisində qədim zamanlarda atəşpərəstlər tərəfindən düzəldilmiş hücrəyə oxşar otaqlar vardır ki, kəndin adamları qış vaxtı bu otaqlara köçüb, baharadək burada qalırlar. Hər hücrənin ortasında çuxur qazılıb. Çörək və xörək bişirmək üçün içinə gildən qayrılmış təndir qoyurlar. Çörək və ya xörək bişirmək lazım gəldikdə təndirin dibindəki torpağı azca eşələyib, yandırırlar. Böyük alov əmələ gəlir. Təndir qızandan sonra xəmiri kiçik kömbə şəklində onun divarlarına yapışdırırlar. Və beləliklə çörək tez bir zamanda bişir. Xörək bişirəndə isə təndiri yandırıb, torpağın üstünə qazan qoyurlar. Alov lazım olmayanda onun üstünə bir az torpaq töküb söndürürlər. Hücrənin tavanında nəfəslik – deşik açılmışdır ki, buradan içəri həm işıq düşür, həm də ocağı yandıranda bacanı əvəz edir. Həmişə yanan yerin dövrəsi dörd sajen olar. Burada torpaq ağ gildən ibarətdir. Alov ondan sanki küləklə üfürülüb çıxır. Alovun yalnız yuxarı hissəsi görünür, o torpağın rəngini qətiyyən dəyişmir. Bir sözlə, divar arasına alınmış yerin yanma təbiəti var. Burada da alov yuxarıda deyildiyi kimi yandırılıb söndürülür. Bundan əlavə, gilli yer kimi onda da çat və yarıqlar əmələ gəlir. Bu nazik yarıqlardan həmişə odlu hava çıxır. Yerlilər bizə danışdılar ki, əgər otaqda nəfəsliyi və qapını bağlayıb od yandırsan, otaq o dəqiqə partlaya bilər. Bunu əyani olaraq, bizə göstərdilər: hasarın içərisində dərinliyi 7 sajen olan bir quyu qazılmışdı, içərisində azca suyu vardı. Quyunun ağzı lay daşla örtülmüşdü. Daşın ortasında bir arşın uzunluğunda deşik vardı. Deşiyi keçə ilə tutdular və uclarını daşa mıxladılar. Sonra azı bir pud ağırlığında olan bir daşı onun üzərinə qoyub, yanan bir talaşanı keçənin altından quyuya tulladılar. Bərk gurultu eşidildi. Gurultu getdikcə şiddətləndi və bir-iki dəqiqə davam etdi. Sonra keçə parçalanıb, üstündəki daş hasarın o tərəfinə atıldı. Onların göstərişi ilə biz quyudan uzaqda təhlükəsiz bir yerdə durmuşduq. Bundan sonra orada oda sitayiş edən hindliləri bizə göstərərək, dedilər ki, onlar buraya gələrək, müqəddəs saydıqları bu oddan, yəni yuxarıda dediyimiz çatlaqlardan qalxan od nəfəsli havanı dərilərə doldurub, öz yerlərinə aparırlar. Orada dərini nazik bir şeylə deşir və deşiyə od yaxınlaşdırdıqda deşikdən nazik alov dili qalxmağa başlayır. Bununla da öz dini ayinlərini yerinə yetirirlər. Bunu isbat etmək üçün onlar bir dəriyə od nəfəsli havanı doldurub, iynə ilə deşdilər və yandırdılar. Dərinin gözlə sezilməyən deşiyindən nazik bir alov qalxmağa başladı. Və dəri boşalanadək yandı.
1770-ci ildə akademik Qmelin də atəşgahda olmuşdur. O yanar odlardan bəhs edərkən yazırdı ki, suraxanılılar burada odun üstündə xörək hazırlayırlar. Bundan başqa, əhəng yandırılmasında da oddan istifadə edirlər. Qədim gebrlərin nəslindən olan bəzi hindlilər burada özlərinə məskən salmışlar. Onlar burada daim yanan odların ətrafında daş ibadətgahlar tikiblər… İbadətgahlarda mehrablar vardır. Hazırkı zamanda ancaq bir ibadətgahdan istifadə edirlər. Mehrabın yanında iki fut hündürlüyündə boru vardır ki, onunla göy-qırmızı alov qalxır. İbadətgahın yanında yaşayış mənzilləri tikilmişdir.
Darmowy fragment się skończył.