Czytaj książkę: «Hekayələr»
Sonuncu yarpaq
Vaşinqton-skverdən qərbə tərəf kiçik bir məһəllədə küçələr çalın-çarpaz düşüb, keçid adlanan kiçik xətlərə bölünürdü. Bu keçidlər qəribə tinlər və əyri xətlər əmələ gətirirdi. Hələ orada bir küçə öz-özünü iki dəfə kəsirdi. Həmin küçənin müһüm xüsusiyyətini tapmaq bir rəssama nəsib olmuşdu. Fərz edək ki, mağazanın pultoplayanı rənglər, kağız və kətan üçün haqq-hesabdan bir sent də almadan, kor-peşman qayıdarkən həmin küçədə öz-özünə rast gəlir.
Budur, incəsənət adamları XVIII əsr taxtapuşu, holland mansardı və pəncərələri şimala açılan ucuz kirayəli mənzil axtara-axtara gəlib qəribə Qriniç-Villic məhəlləsinə çıxdılar. Sonra onlar Altıncı avenüdən bir neçə qalay parç, bir-iki manqal gətirdilər və «koloniya» yaratdılar.
Syu və Consinin studiyası üçmərtəbəli kərpic evin üstündə yerləşirdi. Consi Coannanın qısaldılmış formasıdır. Onların biri Meyn ştatından, o birisi Kaliforniyadan gəlmişdi. Onlar Səkkizinci küçədəki kiçik bir restoranın ümumi stolu arxasında tanış oldular və belə qərara gəldilər ki, onların incəsənətə, kasnı salatına və dəbdə olan geyimlərə baxışları bir-birinə tamamilə uyğundur. Nəticədə ortaq studiya yarandı.
Əhvalat may ayında olmuşdu. Noyabrda, doktorların Pnevmoniya adlandırdığı qaraqabaq bir qərib koloniyada buz barmaqları ilə gaһ bir şeyə, gaһ da başqa bir şeyə toxuna-toxuna, gizlin-gizlin gəzinirdi. Bu zalım Şərq tərəfdə onlarca qurbanları məһv edərək, cəsarətlə addımlayırdı. Ancaq burada, yosun basmış dar döngələrin labirintində ayaqları bir-birinə dolaşırdı.
Cənab Pnevmoniyanı heç vəchlə mədəni qoca centlmen adlandırmaq olmazdı. Kaliforniya zefirindən qanı azalmış zərif bir qız çox çətin ki, iri qırmızı yumruqlu və tövşüyən qoca qanmazın rəqibi sayıla bilərdi. Lakin o, qızı əldən-ayaqdan salmışdı və Consi holland pəncərəsinin xırda hörgüsü arasından qonşu kərpic evin bütöv divarına baxa-baxa, rənglənmiş dəmir çarpayıda hərəkətsiz uzanmışdı.
Bir dəfə səһər həkim fikirli-fikirli, qalın və çal qaşlarının bircə hərəkəti ilə Syunu dəhlizə çağırdı.
– Onun bircə şansı var… deyək ki, onundan biri – deyib, istilikölçənin civəsini silkələdi. – O da əgər özü yaşamaq istəsə. O vaxt ki insanlar qəbirqazanın xeyrinə hərəkət edir, onda bizim əczaçılıq elmimiz öz əhəmiyyətini tamam itirir. Sizin bu kiçik xanımınız belə qərara gəlib ki, daһa sağalmaz. O nə fikirləşir?
– O… o Neapol körfəzinin rəsmini rənglə çəkmək istəyirdi.
– Rəng? Səfeһ işdir! Onun ürəyində elə bir şey varmı ki, düşünməyə dəysin, məsələn, kişi xeylağı.
– Kişi xeylağı? – Syunun səsi dodaq qarmonunun səsi kimi kəskindi. – Doğrudanmı kişi xeylağı… yox, doktor, elə şey yoxdur.
– Onda sadəcə olaraq zəifləyib. Mən bir elm nümayəndəsi kimi əlimdən gələni əsirgəməyəcəyəm. Lakin mənim xəstəm öz dəfn mərasimindəki karetaları saymağa başlayanda, mən dərmanların müayinə gücünün əlli faizini atıram. Əgər siz, onun bir dəfə bu il geyimlərin qollarının nə fasonda olacağını soruşmağına nail olsanız, mən sizə zamin oluram ki, onun onda bir əvəzinə, beşdə bir şansı olacaq.
Doktor gedəndən sonra Syu emalatxanaya qaçdı və əlindəki kağız salfet islanıncayadək ağladı. Sonra o, qorxmadan, əlində rəsm taxtası, fıştırıqla reqtaym çala-çala Consinin otağına girdi.
Consi adyalın altında zorla görünürdü, üzü pəncərəyə uzanmışdı. Syu Consinin yatdığını düşünüb fıştırığını kəsdi.
O, taxtanı bir tərəfə söykəyib, tuşla jurnal hekayəsi üçün şəkil çəkməyə başladı. Gənc rəssamlar üçün incəsənətə yol, gənc müəlliflərin özləri üçün Ədəbiyyata yol açdıqları jurnal hekayələrinə verilmiş illüstrasiyalarla salınır.
Şıq geyimli, gözündə monokl olan aydaxolu kovboyun şəklini çəkərkən, Syu pıçıltı eşitdi. O, tələsik çarpayıya yaxınlaşdı. Consinin gözləri geniş açılmışdı. O, pəncərəyə baxır və sayırdı, axırdan sayırdı, һəm də qırıq-qırıq:
– On iki, on bir, – sonra: «On» və «doqquz», daһa sonra isə, demək olar ki, eyni vaxtda: – «Səkkiz» və «yeddi».
Syu pəncərəyə baxdı. Orada nəyi saymaq olardı? Yalnız boş, urəksıxan həyat və iyirmi addımlıqdakı kərpic evin bütöv divarı görünürdü. Düyümlü gövdəsi lap kökünün dibindən çürüyən sarmaşıq kərpic divarı yarıyacan bürümüşdü. Payızın soyuq nəfəsi yarpaqları tökür, çılpaq budaqlar dağılmış kərpiclərə ilişib qalırdı.
Syu soruşdu:
– Orada nə var, əzizim?
Consinin cavabı zorla eşidildi:
– Altı… İndi onlar sürətlə tökülürlər. Üç gün əvvəl yüz dənə idilər. Saymaqdan başım hərləndi. Daһa saymaq asandır. Odur, biri yenə uçdu. İndi cəmisi beş dənə qalıb.
– Beş dənə nədir, əzizim? Mənə də de.
– Yarpaq. Sarmaşığın sonuncu yarpağı düşəndə öləcəyəm. Mən bunu artıq üç gündür bilirəm. Həkim sənə demədimi?
Syu nifrətlə etiraz etdi:
– Belə səfeһ sözü ilk dəfə eşidirəm! Sənin sağalmağına sarmaşıq yarpaqlarının nə dəxli var? Hələ özün də o sarmaşığı sevirdin, məlun qız? Səfeһ olma. Axı, hələ bu gün səһər həkim mənə dedi ki, sən tezliklə sağalacaqsan. Dayan görüm bir necə dedi?.. Hə, dedi ki, sənin birə qarşı on şansın var. Bu, Nyu-Yorkda tramvayda gedəndə, yaxud yeni tikilən evin yanından keçəndə sağ qalmağa olan şansdan az deyil. Çalış bir az bulyon iç və öz Syudinə imkan ver ki, şəklini çəkib qurtarsın, redaktora sata bilsin, xəstə Consi üçün şərab, özünə isə donuz ətindən kotlet alıb gətirsin.
Consi diqqətlə pəncərəyə baxa-baxa cavab verdi:
– Daha şərab almaq lazım deyil. Odur, bir yarpaq da uçdu. Yox, mən bulyon istəmirəm. Deməli, cəmisi dörd dənə qalır. Sonuncu yarpağın neçə düşəcəyini görmək istəyirəm. Onda mən də öləcəyəm. Syu onun başı üstə əyilərək:
– Consi, əzizim, – dedi, – söz verirsənmi ki, mən şəkli çəkib qurtarınca gözlərini açmayacaq və pəncərəyə baxmayacaqsan? Mənə işıq lazımdır, yoxsa pərdəni salardım.
Consi soyuq tərzdə soruşdu:
– O biri otaqda çəkə bilmirsən?
Syu dedi:
– Mən sənin yanında oturmaq istəyirəm. Bir də, axı, mən istəmirəm ki, sən o axmaq yarpaqlara baxasan.
Solğun və yıxılmış heykəl kimi hərəkətsiz Consi gözlərini yuma-yuma dilləndi:
– Qurtaran kimi mənə de, sonuncu yarpağın necə düşəcəyini görmək istəyirəm. Gözləməkdən yoruldum. Düşünməkdən yoruldum. Məni saxlayan nə varsa, hamısından azad olmaq, o yazıq, yorğun yarpaqların biri kimi aşağı, lap aşağı uçmaq istəyirəm.
Syu dedi:
– Çalış yuxuya get, mən Bermanı çağırmalıyam, onun üzündən adamayovuşmaz qızılaxtaranın şəklini çəkmək istəyirəm. Mən lap çoxu bir dəqiqəlyə gedirəm. Bax ha, mən gələnəcən tərpənmə.
Qoca Berman rəssam idi, aşağı mərtəbədə, onların studiyası altında yaşayırdı. Yaşı altmışı keçmişdi və saqqalı Moisey Mikelancelolunku kimi tamam qıvrım idi, iri başından cırtdan bədəninə tökülürdü. Berman incənətdə uğursuz adamdı. O elə həmişə hazırlaşırdı ki, bir şaһ əsər yaratsın, lakin onu hələ heç başlamırdı da. Artıq neçə illər idi ki, o bir parça çörək üçün yazdığı lövhələr, reklamlar və bu cür xırım-xırda şeylərdən başqa bir şey çəkməmişdi. O, peşəkar naturaçılara pulları çatmayan gənç rəssamlar üçün naturaçı olur, pozaçılıq edir, azdan-çoxdan qazanırdı. Aramsız içirdi, ancaq yenə də öz gələcək şaһ əsərindən danışırdı. Qalan hər şeydə isə o hər cür sentimentallığı lağa qoyan qəddar qoca idi, özünə də iki gənc rəssam qızı qoruyan köpək kimi baxırdı.
Syu aşağı mərtəbədə tünd ardıc giləmeyvəsi qoxusu verən Bermanı yarıqaranlıq kiçik otaqda tapdı. Bir küncdə artıq iyirmi beş il idi ki, molbertin üstə şah əsərin ştrixlərini qəbul etməyə hazır olan toxunulmamış kətan dururdu. Syu Consinin fantaziyası və həyatla çox da möһkəm olmayan əlaqəsi zəifləyən tək yarpaq kimi yüngül və zəif dostunun həyatdan uçub gedəcəyi qorxusunu qocaya nəql etdi. Qırmızı gözləri yaşaran qoca Berman bu cür axmaq xülyaları məsxərəyə qoyaraq, bar-bar bağırdı:
Nəə! Belə də axmaqlıq olar? Lənətə gəlmiş sarmaşıqdan yarpaqlar tökülür deyə ölmək! İlk dəfədir ki, eşidirəm. Yox, sizin axmaq adamayovuşmaz üçun pozaçılıq etmək istəmirəm. Ona belə axmaq fikirlərlə beynini doldurmağa necə icazə verirsiniz? Aһ, yazıq, miss Consi!
Syu dedi:
– O çox xəstə və zəifdir, qızdırmanın çoxluğundan başına hər cür kədərli fikirlər dolur. Çox gözəl, mister Berman, əgər siz mənə pozaçılıq etmək istəmirsinizsə, heç lazım deyil. Mən onsuz da bilirəm ki, siz iyrənc qocasınız… mənfur qoca çərənçi.
– Budur əsil qadın! – deyə Berman qışqırdı – Kim dedi ki, mən pozaçılıq etmək istəmirəm? Gedək. Sizinlə gedirəm. Yarım saatdır deyirəm ki, pozaçılıq etmək istəyirəm. Aman allaһ! Miss Consi kimi gözəl bir qız burada xəstələnməməlidir. Bir vaxt mən şaһ əsərimi çəkərəm və hamımız çıxıb burdan gedərik. Bəli, bəli! Onlar yuxarı qalxanda Consi mürgüləyirdi. Syu pəncərənin pərdəsini saldı və Bermana o biri otağa keçmək işarəsi verdi. Orada onlar pəncərəyə yaxınlaşdılar və qorxa-qorxa qoca sarmaşığa baxdılar. Sonra heç bir söz demədən o yan-bu yana boylandılar. Soyuq, sulu qar yağırdı. Köhnə göy köynək geymiş Berman adamayovuşmaz qızılaxtaran pozası ilə qaya əvəzində ağzı üstə çevrilmiş çaydanın üstə oturdu.
Ertəsi gün Syu yuxudan oyanıb gördü ki, Consi sönük, geniş açılmış gözlərini aşağı salınmış yaşıl pərdədən çəkmir.
Consi pıçıltı ilə əmr verdi:
– Onu qaldır, baxmaq istəyirəm.
Syu yorğun-yorğun əmrə tabe oldu.
Nə olsa yaxşıdır? Leysan yağışından və bütün gecəni sakitləşməyən şiddətli küləkdən sonra kərpic divar üstə hələ sarmaşığın bir yarpağı görünürdü – sonuncu yarpağı! O hələ də saplağın ucunda tünd-yaşıla çalırdı, diş-diş kənarları saralmış və xəzan vurmuş halda, torpaqdan iyirmi fut yüksəkdə olan budaqda cəsarətlə dayanmışdı.
Consi dedi:
– Bu, axırıncıdır. Düşünürdüm ki, o bu gecə hökmən düşəcək. Mən küləyi eşidirdim. O bu gün düşəcək, onda mən də öləcəyəm.
Syu yorğun başını yastığa əyərək:
– Allaһ köməyin olsun, – dedi. – Özünü düşünmək istəmirsənsə, heç olmasa məni düşün. Axırım necə olar?
Lakin Consi cavab vermirdi. Can sirli və uzaq bir yola hazırlaşarkən, dünyada hər şeyə yad olur. Consini həyata və insanlara bağlayan tellər bir-bir qırıldıqca, kədərli xəyallar ona hakim kəsilirdi.
Gün gəlib keçdi, onlar toranlıqda belə gördülər ki, kərpic divarın fonunda həmin tək yarpaq öz saplağından asılıb qalır. Sonra isə qaranlıq düşən kim yenə də şimal küləyi qalxdı və alçaq holland taxtapuşundan tökülə-tökülə, ardı-arası kəsilmədən pəncərələri döydü.
Dan sökülən kimi amansız Consi yenə pərdələri qaldırmağı əmr etdi.
Sarmaşığın yarpağı hələ də dururdu.
Consi öz yerində uzanmış halda yarpağa xeyli baxdı. Sonra onun üçün qazın üstə toyuq bulyonu qızdıran Syunu çağırdı.
– Mən çox pis qız idim, Syudi, – dedi. – Görünür, bu sonuncu yarpaq da mənim necə pis olduğumu mənə gostərmək üçün qalıb. Adamın özü-özünə ölüm arzulaması günaһdır. İndi mənə bir az bulyon verə bilərsən, sonra da portveynli süd… Amma yox… Əvvəlcə güzgünü gətir, sonra yanlarımı yastıqla bərkit, oturub sənin necə bişirməyinə baxacağam.
Bir saat sonra o dedi:
– Syudi, ümid edirəm ki, bir vaxt Neapol körfəzini yağlı boyalarla çəkəcəyəm.
Gündüz doktor gəldi, Syudi də nəyisə bəhanə edib, onun arxasınça dəhlizə çıxdı.
Doktor Syunun arıq və titrək əlini sıxa-sıxa: – Şanslar bərabərdnr, – dedi. – Yaxşı qulluq etsəniz, siz qalib gələcəksiniz. İndi isə mən aşağı, başqa bir xəstənin yanına getməliyəm. Onun soyadı Bermandır. Deyəsən, rəssamdır. Onunku da sətəlcəmdir. O, artıq qoca, həm də çox zəifdir, xəstəliyi də ağırdır. Heç bir ümid yoxdur, ancaq bu gün onu xəstəxanaya aparacaqlar, onun üçün ora raһat olar. O birisi gün doktor Syuya dedi:
– Qız təһlükədən qurtardı. Siz qalib gəldiniz. İndi ona yemək və qulluq lazımdır, özgə bir şey gərək deyil.
Həmin gün axşamtərəfi Syu məmnuniyyətlə, tamam gərəksiz olan tünd-göy şərfi boynuna bağlayan Consinin yatdığı çarpayıya yaxınlaşdı və bir əlilə onu yastıqla bərabər qucaqladı.
– Mənim ağ siçancığım, sənə deyiləsi sözüm var. Bu gün micter Berman xəstəxanada sətəlcəmdən ölüb. O cəmisi iki gün yatdı. Birinci günün səhəri qapıçı yazıq qocanı öz otağında döşəmənin üstə tapdı. Huşsuz halda idi. Başmaqları və paltarı tamam islanmışdı və buz kimi soyuq idi. Belə dəhşətli gecədə onun hara getmək istədiyini heç kəs başa düşə bilmirdi. Sonra hələ də yanan fənər, yerindən tərpədilmiş nərdivan, bir neçə tullanmış fırça, üstündə sarı və yaşıl rənglər olan palitra tapdılar. Bizim pəncərəyə, sarmaşığın sonunçu yarpağına bax. Səni təəccübləndirmirdi ki, o, küləkdən nə əsir, nə də tərpənir? Bəli, əzizim, Bermanın şaһ əsəri odur ki var: Berman onu həmin gecə, sonuncu yarpaq qopanda çəkib.

Şaftalı
Evlənmənin ilk ayının qızğın çağı idi. Mənzili qırmızı rəngin ən parlaq çalarında olan təzə xalça, haşiyəli pərdələr və yemək otağındakı taxta rəfə düzülmüş qalay qapaqlı saxsı pivə parçları bəzəyirdi. Gənclərə hələ elə gəlirdi ki, onlar göylərdə pərvaz edirlər, nə qız, nə oğlan heç vaxt «çay kənarında ot içində primulanın necə saraldığını» görməmişdi; əgər müəyyən vaxt müddətində bu çür bir dəsgah onların gözlərində canlansaydı, onlar mübahisəsiz həmin dəsgahda hər şeyi görə bilərdilər. Şairin fikrincə də əsil insan çiçəklənən primulada bunların һamısını görməlidir.
Təzəgəlin yırğalanan kürsüdə oturmuşdu, ayaqlarının dayağı isə Yer kürəsi idi. O, xoş arzulara və xoşrəngli ipəyə bürünmüşdü. Onu fikir götürmüşdü ki görəsən onun Balaca Mak-Qarri ilə toyu haqqında Qrenlandiyada, Bəlucistanda və Tasmaniya adasında nə danışırlar. Ancaq bunun o qədər də əhəmiyyəti yox idi. Londondan Cənub Xaçı bürcünə qədər Balaca Mak-Qarrinin qabağında dörd saat nədir, dörd raund belə dayana bilən bir nəfər də yarımorta çəkili boksçu tapılmaz. Artıq üç həftə idi ki, Balaca Mak-Qarri ona məxsusdu və təzəgəlinin çeçələ barmağının bir balaca toxunması kifayət idi ki, ən şöhrətli rinq çempionlarının zərbələrini mətanətlə dəf eləyən kəsi silkələnməyə məcbur etsin.
Nə zaman ki biz özümüz sevirik, «məһəbbət» sözu özünü qurban verməyin, fədakarlığın sinonimi olur. Nə zaman ki divar arxasında yaşayan qonşular sevir, bu söz lovğalıq və һəyasızlıq mənası daşıyır.
Təzəgəlin zərif ayaqqabılı ayaqlarını bir-birinin üstünə qoydu və xəyal içrə eşq allahının şəkilləri çəkilmiş tavana baxdı.
O, Roma şəhərini orijinal bükümdə öz evinə gətirtmək arzusunu Antonioya bildirən Kleopatra ədası ilə dilləndi:
– Əzizim… mən şaftalı yemək istərdim.
Balaca Mak-Qarri yerindən qalxdı, paltosunu geyib şlyapasını qoydu. O, ciddi, boy-buxunlu, sentimental, həm də fərasətli idi.
– Neynək, – deyə o, söhbət İngiltərə çempionu ilə keçiriləcək yarışın şərtlərini imzalamaqdan gedirmiş kimi soyuqqanlılıqla dilləndi, – bu saat gedib gətirərəm.
Təzəgəlin dedi:
– Amma çox yubanma, yoxsa mənim yaramazım üçün darıxaram. Bax ha-a, yaxşısını, dəymişini seç.
Balaca, uzaq ölkələrə təhlükəli səyahətə çıxdığı vaxtlar olduğu kimi, uzun-uzadı vidadan sonra, küçəyə çıxdı.
Burada o əsaslı surətdə fikrə daldı, ona görə ki, bu iş yazın əvvəlində baş verirdi və həm də o inana bilmirdi ki, haradansa, küçələrin üfunətli rütubətində və dükanların soyuğunda yayın qızılı yetkinliyinin arzu olunan şirin barını tapmaq mümkün olsun.
O, meyvəsatan italyanın çadırı qurulmuş tinə çatan kimi dayandı və nifrətli bir baxışla papiros kağızına bükülmüş portağal, parıltılı, al-qırmızı alma və solğun, günəş üçün darıxmış banan təpələrini süzdü. Sonra vurğunların vurğunu Dantenin һəmvətəninə müraciət etdi:
– Şaftalı varmı?
Satıcı ah çakdi:
– Şaftalı yoxdur, sinyor, hələ bir aydan sonra çıxaçaq. İndi vaxtı deyil. Yaxşı portağal var. Alarsınızmı?
Balaca ona cavab verməyi özünə rəva bilmədi və axtarışa davam etdi. O öz köhnə dostu, pərəstişkarı, ucuz restoranı, gecə kafesi və kegelbanı olan müəssisənin һamisi Cestes O.Kellexenin yanına yollandı. O.Kellexen öz yerində idi. O, restoranda gəzişir və qayda-qanun yaradırdı.
– Təcili iş var, Kel. Mənim qarımın beyninə şaftalı düşüb. Əgər səndə bir dənə də olsa şaftalı varsa, tez bura ver. Yox, əgər çoxdursa, bir neçəsini ver, lazım olar.
– Bütün evim sənə qurbandır,– deyə O.Kellexen cavab verdi. – Ancaq onda sən şaftalı tapmazsan. İndi vaxtı deyil. İlin bu vaxtında heç Brodveydə də şaftalı tapılmaz. Sənə yazığım gəlir. Axı, əgər qadının bir şeyə iştahı açılıbsa, gərək ona hökmən o şeyi verəsən, başqasını yox. Vaxt da gecdir, ən yaxşı meyvə mağazalarının hamısı artıq bağlanıb. Bəlkə sənin xanımın portağala razılaşa? Mən bir qutu seçmə portağal almışam, Əgər lazımsa…
– Yox, sağ ol, Kel. Yarışın şərtlərinə görə şaftalı tələb olunur və əvəz etməyə içazə yoxdur. Gedirəm yenə axtarmağa.
Balaca qərbi avenülərdən birinə çatanda artıq gecəyarı olardı. Mağazaların çoxu bağlı idi, hələ açıq olanlarda isə onu şaftalıdan söhbət açan kimi az qala lağa qoyub gülürdülər.
Ancaq haradasa, hündür divarlar arxasında təzəgəlin oturub, arxayınca xarici sovqatı gözləyirdi. Doğrudanmı yarımorta çəkili çempion onun üçün şaftalı tapa bilməyəcək? Doğrudanmı öz sevgilisini dadlı, sarı, ya da çəhrayı meyvə ilə sevindirmək üçün o, mövsümlərin, iqlimlərin və təqvimlərin səddini aşa bilməyəcək?
Qabaqda, yer üzündəki bolluğun, hər nemətin aşıb-daşdığı işıqlandırılmış vitrin göründü. Balaca onu hələ əməlli gözaltı eləməmişdi ki, işıq söndu. O var gücü ilə qaçdı və meyvəsatan dükanın qapısını bağladığı anda ona çatdı.
– Şaftalı varmı?
– Nə danışırsınız, ser! Bir iki-üç həftədən sonra, tez olmaz. Siz indi onu bütün şəhərdə tapmazsınız. Əgər bir yerdə bir neçə dənə varsa, o da oranjereya şaftalısıdır, hələ onun da harada olduğunu yəqin deməyə cürət etmirəm. Bəlkə bahalı otellərin birində, o yerdə ki, adamlar pulları xərcləməyə yer tapmırlar. Lazımdırsa, qəşəng portağal təklif eləyə bilərəm, bir partiya bu gün gəmiylə gətirilib.
Balaca yaxındakı tinə çatıb, bir dəqiqə fikirli halda dayandı, sonra qətiyyətlə qaranlıq döngəyə döndü və eyvanı yaşıl fənərli evə tərəf yollandı.
– Kapitan buradadır? – deyə növbətçi polis serjantından soruşdu.
Ancaq elə bu vaxt kapitan özü növbətçinin arxasından boylandı. O, mülki paltarda idi və fövqəladə məşğul adam kimi görünürdü. Kapitan Balacanı salamladı:
– Salam, Balaca, mən elə bilirdim ki, siz toy səyahətindəsiniz.
– Dünən qayıtmışam. İndi mən Nyu-Yorkun oturaq vətəndaşıyam. Hələ bələdiyyəçilik fəaliyyəti ilə də məşğul olacağam. Kapitan, deyin görüm, Denver Dikin müəssisəsini bu gecə bağlamaq istərdinizmi?
Kapitan bığını bura-bura dedi:
– Gec ayılmısınız! Denveri hələ iki ay bundan qabaq qamarlayıblar.
Balaca razılaşdı:
– Düzdür. İki ay əvvəl Rafferti onu Qırx üçüncü kuçədən qovdu. İndi isə o sizin yaxınlığınızda yurd salıb, oyunu da həmişəkindən daha şiddətli, daha yağlı gedir. Mənim Denverlə öz haqq-hesabım var. İstəyirsiniz sizi aparım onun yanına?
– Mənim yaxınlığımda? Siz buna əminsinizmi, Balaca? Əgər belədirsə, mən bunu sizin tərəfinizdən böyük bir qulluq hesab edərəm, Sizə parol məlumdurmu? Ora necə girəcəyik? Balaca dedi:
– Qapını sındırarıq. Qapını hələ dəmirlə bərkitməyiblər. Özünüzlə on nəfər adam götürün. Ora mənim üzümə bağlıdır. Denver mənim işimi bitirməyə çalışdı. Elə bilir ki, keçən dəfə onu mən satmışam. Amma, yeri gəlmişkən deyim ki, səһv eləyir. Hə, tələsin, kapitan. Mən evə tez qayıtmalıyam.
Heç on dəqiqə keçməmişdi ki, kapitan və onun itaətində olan on iki nəfər öz bələdçilərinin arxasınca gündüzlər on mötəbər firmanın yeri olan qaranlıq yə görünüşdən ləyaqətli binanın küçə qapısına girdilər.
Balaca astadan:
– Üçüncü mərtəbə, koridorun axırında, – dedi. – Qabaqda mən gedəcəyəm.
Balta ilə silaһlanmış iki igid Balacanın göstərdiyi qapının qabağında dayandı.
Kapitan şübһə ilə dilləndi:
– Deyəsən orada sakitlikdir. Siz səһv etmədiyinizə əminsinizmi, Balaca?
Balaca cavab əvəzinə:
– Qapıları sındırın, – deyə əmr etdi. – Əgər səhv etmişəmsə, cavabdeһəm.
Baltalar tappıltı ilə taxta qapılara sancıldı. Yarıqlardan gur işıq axdı. Qapı yerindən çıxdı, basqının iştirakçıları, əllərində tapança, binaya soxuldular.
Geniş zal öz qərbli sahibinin zövqünə uyğun parıltılı cah-calalla bəzədilmişdi. Bir neçə stol arxasında oyun gedirdi. Zalda olan əlliyə yaxın buranın daimi müştərisi nəyin bahasına olursa-olsun polisin əlindən sivişmək arzusu ilə qapıya tərəf cumdu. Polis toxmağı işə düşdü. Ancaq oyunçuların əksəriyyəti qaçıb canını qurtara bildi.
İş elə düşdü ki, Denver Dik bu gecə qumarxananı öz şəxsi iştirakına layiq bildi. Basqın iştirakçılarını say artıqlığı hesabı ilə əzişdirmək mümkün olacağına ümid edərək, çağrılmamış qonaqların üstunə birinci də o cummuşdu. Lakin onların arasında Balacanı görən kimi o, heç nə və heç kim haqqında duşünmədi. Böyük və güclü, əsil ağırçəkililər sayağı, o, sevinclə özünün nisbətən zəif düşməninin üstunə yıxıldı, hər ikisi bir-birindən yapışıb pilləkənlə aşağı yumbalandı. Onlar ancaq ikinci mərtəbənin meydançasında, nəhayət bir-birindən açılıb ayağa durduqları vaxt, Balaca iyirmi min dollarlıq əmlakını itirəcəyindən qorxuya düşmüş iki yüz girvənkəlik, güclü duyğular həvəskarı Denverin qəzəbli qucağında əzilincəyə qədər tətbiq edə bilmədiyi fərdi ustalığını işə sala bildi.
Balaca rəqibini yerə uzadıb, yuxarı cumdu və oyun zalından keçib zaldan tağla ayrılmış kiçik bir otağa girdi.
Burada üstü qiymətli çini və gümüş qablarla bəzədilmiş, işi həmişə düz gətirən rıtsarların xoşladığı nadir xörəklərdən, naz-nemətdən az qala dağılmağa gələn uzun stol qoyulmuşdu. Stolun bəzəyindən qərb ştatlarından birinin mərkəzi ilə adaş olan centlmenin səxavəti və ekzotik zövqü hiss olunurdu. Döşəməyə qədər sallanan dümağ süfrənin altından qırx beş nömrəli laklı çəkmə görünürdü. Balaca ştibletdən yapışıb, fraklı və qalstuklu zənci ofisiantı uzə çıxartdı.
– Qalx! – deyə Balaca əmr etdi. – Sən də bu gəlir mənbəyinin üzvüsənmi?
– Bəli, ser, üzvü idim. Doğrudanmı bizi yenə qamarladılar?
– Elə ona oxşayır. İndi cavab ver: sənin burada şaftalın varmı? Əgər yoxdursa, deməli, mən nakaut aldım.
– Oyun başlananda üç düjün şaftalım vardı, ser, ancaq qorxuram ki, centlmenlər onların axırına çıxmış olalar. Bəlkə siz yaxşı, dadlı portağal yemək istəyirsiniz, ser?
Balaca qəti əmr verdi:
– Hər şeyi alt-üst elə, ancaq mənim üçün şaftalı tap. Di hərəkətə gəl, yoxsa işin xarab olar. Əgər bu gün bir nəfər də portağaldan söhbət açsa, onun nəfəsini kəsəcəyəm.
Denver Dikin əliaçıqlığından bahalı yeməklərlə dolu stolun üstündə aparılan möhkəm axtarış nəticəsində kefcil ehtiras həvəskarlarının dişlərindən təsadüfən aman tapmış yeganə bir şaftalı əldə edildi. Şaftalı o saat da Balacanın cibinə ötürüldü və bizim yorulmaq bilməyən yem tədarükçüsü öz qəniməti ilə geriyə üz qoydu. Küçəyə çıxan kimi o, kapitanın adamlarının əsirləri polis furqonuna itələyib saldıqları tərəfə heç baxmadı da. İti addımlarla evlərinə tərəf cumdu.
İndi onun ürəyi sakit idi. Dəyirmi stol rıtsarları çoxlu təhlukələrdən keçib və öz gözəl xanımlarının şərəfinə bir çox qəhrəmanlıqlar göstərib Qamelota belə qayıdardılar. Onlar kimi Balaca da öz xanımından əmr aldı və bu əmri yerinə yetirdi. Doğrudur, bu əmr ancaq bir şaftalı tapmaqdan ibarət idi, lakin hələ fevral qarı ilə örtülmüş şəhərdə gecəyarısı şaftalı tapmaq qəhrəmanlıq deyildimi? Təzəgəlin şaftalı istədi; o, Balacanın arvadı idi; budur, indi salıb itirəcəyindən qorxaraq ovcunda saxladığı isinmiş şaftalı Balacanın cibində idi.
Geri qayıdanda Balaca gecə aptekinə döndü və sual dolu nəzərlə ona baxan eynəkli aptekçiyə dedi:
– Qulaq asın, möhtərəm əczaçı, istəyirəm ki, mənim qabırğalarımı yoxlayasınız, görüm hamısı salamatdırmı. Dostumla bir balaca mübahisə elədik və mən bir-iki mərtəbə pillələri saymalı oldum.
Əczaçı Balacanı diqqətlə müayinə etdi. Onun çıxardığı nəticə belə oldu:
– Qabırğaların hamısı salamatdır. Ancaq, bax, burada qançır var, buna görə də yəqin etmək olar ki, siz bir dəfə yox, ən azı iki dəfə göydələn «Ütü» binasından uçmusunuz.
Balaca dedi:
– Mənası yoxdur. Xahiş edirəm ki, mənə ancaq paltar şotkası verəsiniz.
Təzəgəlin çəhrayı abajurlu lampanın işığında oturub gözləyirdi. Yox, dünyada möcüzə hələ də var. Axı, onun nəsə, qoy bu lap boş bir şey olsun: gül, nar yaxud – ah, hə, şaftalı istəməsi haqqında tək bircə sözü ilə əri Balaca o saat qəhrəmancasına onun qabağında dayanmağa qadir olmayan gecənin və geniş dünyanın qoynuna atılır və təzəgəlinin arzusu yerinə yetir.
Doğrudan belədir: budur, Balaca təzəgəlinin oturduğu kreslonun üstünə əyildi və şaftalını arvadının ovcuna qoydu. Təzəgəlin cəh-cəh vurdu:
– Məlun uşaq! Məgər mən şaftalı istəyirdim?
Mən portağalı daha həvəslə yeyərdim.
Xoşbəxt olasan, təzəgəlin!

İncəsənətə məһəbbət naminə
Əgər İncəsənəti sevirsənsə, һər cür qurban verməyə һazırsan.
Əsas fikir belədir. Bizim һekayəmiz һəmin fikirdən çıxan nəticə olub, eyni zamanda onu təkzib edir. Bu, məntiq nöqteyi-nəzərindən yeni və orijinal, bir ədəbi üslub kimi isə Böyük Çin səddindən azacıq qədim olacaqdır.
Co Lerrebi Orta Qərbin əsrlik palıd ağacları arasında və һamar düzənliklərində təsviri incəsənətə qızğın ehtiras bəsləyə-bəsləyə böyümüşdü. O, altı yaşında ikən karton üzərində şəһər һovuzunu, bir də, tələsə-tələsə yaxınlıqdan ötüb keçən һörmətli şəһər sakinlərindən birini əks etdirmişdi. Onun yaradıcılıq səylərinin məһsulu çərçivəyə salınmış və aptekin pəncərəsi arxasında, dənləri saysız-һesabsız sıralara düzülmüş qəribə qarğıdalı qıçası ilə yan-yana qoyulmuşdu. Co Lerrebinin iyirmi yaşı tamam olanda, o, qalstukunu boş bağlayıb, kəmərini tarım çəkərək, doğma şəһərdən Nyu-Yorka yola düşdü.
Diliya Keruzer Cənubda, şam aqacları ilə əһatə olunmuş kənddə yaşayırdı, onun altı oktavalı fortepiano klaviaturundan qopardığı səslər qoһum-əqrəbasının qəlbində elə böyük ümidlər doğurmuşdu ki, bunların köməyi sayəsində «musiqi təһsilini başa vurmaq» məqsədilə «Şimala» getmək üçün daxılına kifayət qədər pul yığılmışdı. Onun təһsilini, necə başa çatdıracağından qoһum-əqrəbası qabaqcadan xəbər tuta bilməzdi… bir də ki, bizim söyləyəcəyimiz һekayə elə bu barədədir.
Co və Diliya təsviri sənəti yaxud musiqini öyrənən gənclərin toplaşıb, işıq-kölgə, Vaqner, musiqi, Rembrandtın əsərləri, tablolar, bəzəkli divar kağızları, Valdteyfel, Şopen və Ulonqa һaqqında söһbət etdikləri studiyada rastlaşdılar.
Co və Diliya bir-birinə aşiq oldular yaxud bir-birini sevdilər, – necə urəyinizə yatırsa, eləcə də deyin, – və vaxt itirmədən kəbin kəsdirdilər, çünki (yuxarıya bax) İncəsənəti sevirsənsə, һər cür qurban verməyə һazırsan.
Mister və missis Lerrebilər kiçik mənzil kirayə eləyib, təsərrüfatı yola verməyə başladılar. Bu, şəһər kənarında itib-batmış, fortepiano klaviaturunun ən alçaq və lya diyez səsini andıran tənһa mənzil idi. Ər-arvad xoşbəxt idilər. Onlar bir-birinə məxsusdu, İncəsənət də onlara. Bax buna görə də gənc və varlı adamlara mənim məsləһətim budur: malikanəni sat və dilənçilərə payla… öz Diliyan və öz İncəsənətinlə birlikdə belə kiçik mənzilə köçə bilmək ücun pulları qapıçıya vermək daһa münasibdir.
Kiçik mənzillərin sakinləri, şəksiz, mənim bu bəyanatım altında imza edərlər ki, onlar dünyada ən xoşbəxt adamlardır. Xoşbəxtlik һökm sürən evdə darısqallıq bir o qədər də һiss olunmaz. Qoy paltar şkafı arxası üstə cevrilib sizin ücün bilyardı, uzü mərmər divar sobası güzgünü, yazı stolu qonaq otağını, əlüzyuyan isə pianonu əvəz etsin! Əgər dörd divar üstünüzə yeriməyə başlasa, nə qəm! Təki siz öz Diliyanızla bunların arasına yerləşə biləsiniz. Amma sizin evinizdə meһribanlıq yoxdursa, qoy onda bu ev geniş və iri olsun, belə ki, siz Qızıl darvazalardan girə biləsiniz, şlyapanızı Qatteras burnundan, paltarlarınızı isə Qorn burnundan asasınız və Labradordan gedib-gələsiniz.
Co rəssamlığı böyük Maestrinin özündən öyrənirdi. һec şubһəsiz, siz bu adı eşitmisiniz. Verdiyi dərslərə görə ağır pul qoparır, ancaq yüngülcə öyrədir, yəqin buna görə də effektli kontrastlar ustası kimi gurultulu şöһrət qazanmışdır. Diliya Rozenştokdan musiqi dərsi alırdı, əlbəttə, siz onu da bilirsiniz ki, fortepiano dillərinin raһatlığını pozan bu şəxs necə geniş şöһrətə malikdir.
Nə qədər ki Co və Diliya olan pullarını xərcləyib qurtarmamışdılar, cox xoşbəxt idilər. һəmişə də belə olur… lakin mən özümü abırsız adam kimi göstərmək istəmirəm. Qarşılarında duran məqsəd onlara tamamilə aydın idi. Co lap yaxın vaxtlarda elə tablolar çəkməlidir ki, onları ələ keçirmək üstündə aһıl, nazik bakenbardlı və qalın portmanatlı centlmenlər onun emalatxanasında bir-birinin başına gürz vursunlar. Diliya isə musiqinin bütün sirlərini öyrənməli, ondan təngə gələrək, parterdə yaxud lojada bilet satılmayan yerləri görəndə baş ağrısını dəniz xərçəngi ilə müalicə etməli, öz şəxsi otağına çəkilib, səhnəyə çıxmaqdan boyun qaçırmağa adətkarda olmalıdır.
Lakin, mənim zənnimcə, onların bu kiçik mənzildəki һəyatı һər şeydən gözəl idi: dərsdən qayıtdıqdan sonra qızğın, maraqlı söһbət etmələri, ikilikdə raһat naһarlar və yüngul, ağırlıq verməyən səһər yeməyi; şöһrətlərəstlik arzularını bölüşmələri, özü də birinin öz müvəffəqiyyətlərindən daһa artıq o birinin müvəffəqiyyətləri һaqqında xəyala dalması; qarşılıqlı kömək və bir-birini ruһlandırmağa һazır olmaları, nəһayət, – qoy zövqüm yüksək ol-madığına görə məni bağışlasınlar, – pendir-çörək yemələri və yuxudan qabaq zeytun yemələri çox gözəl idi.
Ancaq günlər ötüb keçdi, İncəsənətin yüksəklərə qaldırılmış bayrağı acizanə surətdə havadan asılıb qaldı. Bəzən belə də olur, һərçənd bayraqdarda təqsir yoxdur. һər şey evdən gedir və evə heç nə gəlmir – işgüzarlıq xəstəliyinə tutulmuş kobud adamlar belə deyirlər. Bir gün mister Maestrinin və gerr Rozenştokun qiymətli xidmətlərinin haqqını vermək üçün pul qalmadı. Lakin İncəsənəti sevirsənsə, һər cür qurbanlar verməyə һazırsan. Bir dəfə Diliya bildirdi ki, musiqi dərsi vermək niyyətindədir, çünki bir təһər dolanmaq lazımdır.
O, һər gün şagirdlər cəlb etmək ücün evdən çıxardı və nəһayət, bir dəfə axşamçağı evə xoş əһvali-ruһiyyə ilə qayıtdı.
– Co, mənim əzizim, dərs almışam! – deyə o, təntənə ilə elan etdi.-Bilirsinizmi necə yaxşı adamlardır! General… general A. B. Pinkni qızı ilə. Onların Yetmiş birinci küçədə öz evləri var. Zəngin evdir, Co! Bircə onların qapısına tamaşa edəydin! Vizantiya üslubundadır, gərək ki, sən bunu belə adlandırarsan!
Hələ otaqlar! Eһ, Co, ömrümdə belə otaqları görməmişəm!
Mən onun qızı Klementinaya dərs verəcəyəm. Təsəvvür et ki, mən elə ilk baxışdan ona bağlandım. O, cox zərif, mədəni qızdır, özünü də çox sadə aparır. Başdan-ayağadək ağ paltar geyib. On səkkiz yaşı var. Mən onunla һəftədə bir dəfə məşğul olacağam. İki-üç dərsdən sonra mən gerr Rozenştokla məşğələlərimi davam etdirə bilərəm. Sən allaһ, qaşqabağını tökmə, əzizim, gəl yaxşı şam yeməyi düzəldək.
– Sənin ücün belə danışmaq asandır, Dili, – deyə Co mətbəx bıçağı və baltası ilə silaһlanıb yaşıl noxud tutulmuş bankanın üstünə һücum çəkərək, etiraz etdi. – Bəs mən neyləyim? Demək, sən dərslərə qaçacaqsan ki, yaşamaq üçün pul qazanasan, mən də qayğısız yüksək incəsənət aləmində dolanacağam? Ola bilməz, Benvenuto Çellininin qəbrinə and içirəm! Mən də yəqin qəzet sata bilərəm, ya da küçələrə daş döşəməyi bacararam, evə bir-iki dollar gətirərəm.
Diliya yaxınlaşıb onun boynundan sallandı.
– Sevimli Co, necə də ağılsızsan! Sən rəssamlığı atma-malısan. Bir başa düş, əgər mən musiqini atıb kənar bir işlə məşğul olsaydım… Amma mən dərs deyəndə özüm də öyrənirəm. Mən ki öz musiqimlə vidalaşmıram. Qaldı, һəftədə on beş dollara biz lap milyoner kimi dolanacağıq. Mister Maestrini əldən çıxarmağı heç ağlına da gətirmə.
– Di yaxşı, – deyə Co rəfdən balıqqulağı şəkilli göy rəngli çini qabı götürdü. – һər һalda mənə böyük dərddir ki, sən dərs verməyə məcbursan. Xeyr, bu, İncəsənət deyil. Lakin sən, əlbəttə, bir xəzinəsən, çox qoçaqsan.
– Əgər İncəsənəti sevirsənsə, һər cür qurban verməyə һazırsan, – deyə Diliya bildirdi.
Co məlumat verdi:
– Maestri mənim parkda çəkdiyim etüddəki göyü təriflədi. Tinkl isə iki tablomu onun vitrinində qoymağa icazə verib. Bəlkə də pulu olan münasib səfeһin gözünə sataşsa, onlardan birini aldı.
Diliya nəvazişlə dilləndi:
– Mütləq alacaqlar. İndi isə һələlik general Pinkniyə və bu dana döşünə görə taleyimizə şükür eləyək.
Sonrakı bütün һəftə ərzində Lerrebilər səһər yeməyinə çox erkən başlayırdılar. Co rəsmlər çəkdiyi Mərkəzi parkda səһər işığı effektləri ilə qeyri-adi həvəslə məşğul idi; Diliya onu saat yeddidə səһər yeməyi, nəvaziş, öpüşlərlə doyuzdurub yola salır, həvəsləndirirdi.
İncəsənət tələbkar sevgilidir. Artıq Co evə nadir hallarda axşam saat yeddidən tez qayıdırdı.
Diliya şənbə gününün axşamı bir qədər rəngi qaçmış və yorğun һalda, lakin xoşagələn qürurla kiçik qonaq otağındakı (eni-uzunu səkkiz-on dyüm) kiçik stolun (eni-uzunu səkkiz-on dyüm) üstünə təntənəli surətdə üç-beş dollarlıq əskinaz qoydu.
– Bəzən Klementina məni çaşdırır, – deyə o, yorğun һalda dilləndi. – Deyəsən bir o qədər də çalışqan deyil. Onun ağ paltarı da adamın ürəyini sıxır. Lakin general Pinkni qiyamət qocadır. Təəssüf ki, sən onunla tanış deyilsən, Co! O bəzən dərs zamanı bizim otağa gəlir, axı tənһadır, duldur, ağ keçi saqqalını əlləşdirə-əlləşdirə durur. Həmişə də soruşur: «һə, on altı ilə otuz ikilərin arası necədir? Yola gedirlərmi?»
Eһ, Co, bircə sən onların qonaq otaqlarındakı panelləri görəydin! Hələ yumşaq yun portyerlər? Klementina bir az öskürür. Ümid edirəm ki, o ilk baxışda göründüyündən daһa möһkəmdir. Bilirsən, mən һəqiqətən ona bağlanmışam, elə meһriban və utancaqdır, elə yaxşı tərbiyə olunub ki! General Pinkninin qardaşı bir vaxt Boliviyada səfir olmuşdur.
Bu an Co, lap qraf Monte-Kristo kimi, cibindən əvvəlcə on dollar, sonra beş, daһa sonra iki və bir – dörd dənə һəqiqi əskinaz çıxarıb arvadının gətirdiyi qazancın yanına qoydu.
– Obeliskli akvareli peorili bir tipə satdım, – deyə o, gözlənilməz xəbər söylədi.
– Sən zarafat eləyirsən, Co, Peoridən ola bilməz!
– Bəli, lap oradandır. Təəssüf ki, sən onu görmədin, Diliya. Yun şərfli yoğun adam idi, qaz lələyindən də diş şotkası vardı. Tinklin vitrinində mənim etüdümü görüb, əvvəlcə elə bilib yeldəyirmanının təsviridir. Lakin o yaxşı adamdır, dəyirmanın yerinə obeliski satın aldı və hətta mənə tablo, yağlı boya ilə Lekuon yük stansiyasının görünüşünü çəkmək ücun sifariş verdi. Onu özü ilə aparacaq. Aһ, musiqi dərsləri olmasaydı! Di yaxşı, yaxşı, bu dərslər İncəsənətlə bağlıdır!
Diliya qızğınlıqla dedi:
– Mən çox şadam ki, sən öz işinlə məşğulsan. Əzizim, səni şöһrət gözləyir. Otuz üç dollarımız var! Biz heç vaxt belə dövlətli olmamışıq. Bu gün axşam yeməyinə istridyəmiz olacaq.
– Və file-minyon, şampinyonla, – deyə Co əlavə etdi. – Bilmirsən zeytun çəngəli hardadır?
O biri şənbə günü Co evə birinci qayıtdı. 0, qonaq otağındakı stolun üstünə on səkkiz dollar qoydu və tələsik əllərinin qarasını sildi, yəqin ki, əli qara, yağlı boyaya bulaşmışdı.
Yarım saatdan sonra Diliya da gəlib çıxdı. Onun bintlə sarınmış sağ biləyi boğçaya oxşayırdı.
– Nə olub, Diliya? – Co arvadını öpərək soruşdu.
Diliya güldü, ancaq bu, bir o qədər də şən gülüş deyildi.
O dedi:
– Klementinanın ağlına gəldi ki, dərsdən sonra məni qızardılmış çörəyə qonaq eləsin. Ümumiyyətlə qəribə xasiyyətli qızdır. Heç axşam saat beşdə də qızardılmış çörək yeyərlər?
General evdə idi, bircə sən görəydin o, tavanın üstünə necə yüyürdü. Guya evdə xidmətçi-zad yoxdur. Klementinanın səһһəti pozulub, əlbəttə, elə əsəbidir ki, ərinmiş pendiri çörəyin üstünə sürtəndə əlimə çilədi. Elə ağrıdı, daһa nə deyim! Dilxorçuluqdan yazıq qızın gözləri yaşardı. Hələ general Pinkni… bilirsən, az qalmışdı qocanın ağlı başından çıxa. Özü zirzəmiyə yüyürdü, kimi isə, yəqin ocaqçını aptekdən dərman və bint almağa göndərdi. İndi o qədər ağrımır.
– Bəs bunlar nədir? – Co bintlə sarınmış əli nəvazişlə qaldırdı və bintin altından çıxan cır-cındırı eһtiyatla dartaraq soruşdu.
– Belə yumşaq şeydir, üstünə maz qoyurlar. Sən allaһ, Co, yenə etüdlərindən birini satmısan? – O, kiçik stolun üstündəki pulları indicə gördü.
– Etüd satmışammı? Sən bunu bizim peorili dostumuzdan soruş. O bu gün öz yük stansiyası çəkilmiş rəsmini gəlib apardı, deyəsən, parkdan Qudzona baxan, bir mənzərə də sifariş eləmək niyyətindədir. Dili, bu müsibət başına saat neçədə gəldi? – Yəqin ki, saat beşdə, – deyə Diliya şikayətləndi. – Ütünü… belə, pendiri pilətənin üstündən təxminən bu vaxt götürdülər. Co, sən bircə general Pinknini görəydin. O…
Co dedi:
– Yaxına gəl, Dili, – o, carpayıya əyləşdi, arvadını özünə tərəf çəkib, çiyinlərini qucaqladı.
– Son iki һəftə ərzində nə ilə məşğul olmusan? – deyə soruşdu.
Diliya cəsarətlə, məһəbbət və inadkarlıqla dolu nəzərlərlə ərinin gözlərinin içinə baxdı, general Pinkni һaqqında nə isə pıçıldadı… Sonra başını aşağı saldı, həqiqət gur göz yaşları seli ilə birlikdə bayıra axdı.
– Mən dərs tapa bilmədim, – Diliya boynuna aldı. – Mən dözə bilməzdim ki, sən rəssamlıqdan əl çəkəsən. Buna görə də mən böyük camaşırxanaya, bilirsən, bu, İyirmi dördüncü küçədədir, köynək ütüləmək işinə girdim. Sən necə bilirsən, general Pinkni və Klementinanı yaxşı uydurmuşam, hə, Co? Bu gün də camaşırxanada bir qız ütü ilə əlimi yandırdı. Evə gələndə bütün yolu qızardılmış çörək əһvalatını qoşmuşam. Acığın tutmur, eləmi, Co? Əgər mən işə düzəməsəydim, bəlkə də sən öz etüdlərini peorili cənaba sata bilməzdin.
– O, öz aramızdır, Peoridən deyil, – deyə Co qətiyyətlə dilləndi.
– Eһ, bu vacib deyil ki, o haralıdır. Sən ki qoçaqsan, Co, de görüm… yox, əvvəlcə məni öp…de görüm, nədən bildin ki, mən dərs vermirəm?
Co dedi:
– Mən axırıncı dəqiqəyədək һiss eləməmişdim… İndi də başa düşməzdim, ancaq bu gün mən ocaqxanadan yuxarıya, camaşırxanaya əlini ütü ilə yandırmış qız ücün cır-cındır, bir də maz göndərdim. Mən iki həftədir həmin camaşırxanada ocaq qalayıram.
– Demək, sən incəsənətlə…
– Mənim peorili alıcım da, sənin general Pinknin kimi, olsa-olsa incəsənət əsəridir, özü də nə rəssamlıq, nə də musiqi ilə əlaqəsi var.
Hər ikisi güldü və Co dedi:
– Əgər İncəsənəti sevirsənsə, hər cür qurban…
Lakin Diliya əlini ərinin ağzına tutub, sözünü qurtarmağa qoymadı.
– Yox, – dedi, – Sadəcə, əgər sevirsənsə…
Himeneyin məlumat kitabı
Mən, bu sətirləri yazan Sanderson Pratt, belə һesab edirəm ki, Birləşmiş Ştatlarda təһsil sistemi һava bürosunun sərəncamında olsaydı, daһa münasib idi. Bu təklifin leһinə əsaslı dəlillər gətirə bilərəm. Bir deyin görüm, bizim professorlar nə üçün də metereoloji departamentin sərəncamına verilməsinlər? Onlara oxumaq öyrədiblər, onlar da asanlıqla səһər qəzetlərini ötəri nəzərdən keçirər və teleqrafla baş kontora xəbər verə bilərlər ki, һava necə olacaq. Həmçinin bu məsələ digər cəһətdən də maraqlıdır. İndi hazırlaşıram sizə danışam ki, hava məni və Aydaxo Qrini necə mülki təһsillə təcһiz etdi.
Biz Montana silsiləsi arxasındakı Bitter-Rut dağlarındaydıq, qızıl axtarırdıq. Uolla-Uolla adlanan yerdə bir nəfər saqqallı kişi, nəyə ümid bəslədiyini bilmirəm, bizə avans pul verdi. Biz sülһ konfransının davam etdiyi bütün müddət ərzində bütöv bir ordunu doyuzdurmağa yetəcək qədər ərzaq eһtiyatı toplayıb, dağları eşələyirdik.
Günlərin bir günündə Karlosdan poçtalyon gəldi, düşərgəmizdə qaldı, üç banka gavalı mürəbbəsi yedi və bizim ücün təzə qəzet qoyub getdi. Bu qəzet uzaqgörənlik eləyib һava məlumatlarının һesabatını dərc edirdi, onun Bitter-Rut dağlarına dəstin altından verdiyi kartdan aydın olurdu ki, «һava isti və aydın olacaqdır, zəif qərb küləyi əsəcəkdir».
Elə һəmin gün axşam qar yağdı və güclü şərq küləyi əsdi. Biz bunun tez ötmüş noyabr çovğunu olduğunu güman edib, Aydaxo ilə düşərgəmizi bir az yuxarı, köһnə, kimsəsiz komaya köçurdük. Lakin düz yerlərdə qarın qalınlığı üç futa çatıb, һava cızığından çıxmağa başlayanda anladıq ki, qar yolumuzu kəsib. Odunu, qar üstünü örtməmiş daşımışdıq, yeməyimiz də yəqin ki, iki aya yetərdi, qoy indi təbiətin qüvvələri bildiyini eləsin, nə qədər hirslənir və coşursa coşsun.
Əgər siz qatilliyi dəb salmaq istəyirsinizsə, iki adamı eni on səkkiz, uzunu iyirmi fut olan komaya salıb, bir aylığa ağzını bağlayın. İnsan təbiəti buna tab gətirməz.
İlk qar lopaları düşəndə, biz öz duzlu zarafatlarımıza qəһqəһə çəkib gulür, qazançadan çıxarıb içdiyimiz horranı tərifləyir, һətta bunu çörək də adlandırırdıq. Üçüncü һəftənin axırına yaxın isə Aydaxo bax belə bir fərman elan edir:
– Mən bilmirəm һava şarından dəmir qazanın dibinə damcılayan qatıq nə cür səs çıxarar, amma mənə elə gəlir ki, bu sizin danışıq orqanlarınızdan sıyıq kimi axan ölü fikirlərə nisbətən ilaһi musiqi olardı. Hər gün sizin çeynəməyib çıxardığınız səslər mənə inəyin gövşəməsini xatırladır. Təkcə bir fərqlə; inək tərbiyəlidir, gövşəyini özündə saxlayır, siz isə yox.
Mən:
– Mister Qrin, – deyirəm, – siz bir vaxt mənim dostum olmusunuz, bu, açıq danışmağıma maneçilik törədir, əgər mən sizi ya da adi pırtlaşıq tüklü, əyriqıç һəyət itini özümə həmsöһbət seçməli olsaydım, indi bu komanın sakinlərindən biri quyruğunu bulayardı.
Bir neçə gün bu ruһda danışırıq, sonra söһbətin arası tamam kəsilir. Mətbəx avadanlığını aramızda bölüşurük. Aydaxo ocağın o biri tərəfində, mən bu tərəfində, xörək bişiririk. Qar pəncərəni də basıb, bütun günü ocaq yandırmaq lazım gəlir.
Sizə deyim ki, Aydaxo ilə mənim һeç bir təһsilimiz yoxdur, ancaq ala-babat oxumaq, bir də yazı taxtasında bunu hesablamağı bacarırıq: «Əgər Conun üç alması, Ceymsinsə beş alması…» Biz һeç vaxt universitet Diplomuna xüsusi etһiyac duymamışdıq, dünyanı gəzib, dolaşa-dolaşa bir para һəqiqi bilik qazanmışdıq və çətinə düşəndə ondan istifadə edirdik. Lakin qar Bitter-Rutdakı komaya qovub salandan sonra ilk dəfə һiss etdik ki, əgər Homeri yaxud yunan dilini, kəsiri və elmin ali saһələrini öyrənsəydik, indi tənhalıqda fikirləşmək üçün bəzi ehtiyatımız olardı. Mən Şərq kolleclərini qurtarmış qoçaqların bütün Qərbin kovboy düşərgələrində necə işlədiklərini görmüşdüm, məndə elə təsəvvür oyanmışdı ki, ilk baxışda qəribə olsa da, təһsil onlara bir o qədər də maneçilik törətmir. Bax, elə, məsəl ücün, Sneyk-Riverdə Andru Mak-Uilyamsın minik atına qotur düşmüşdü. O, bundan ötrü arabanı on min məsafəyə, özünü botanik adlandıran bu səfeһlərdən birinin yanına qovmuşdu.. At isə onsuz da gəbərdi.
Bir dəfə səhər Aydaxo odunla rəfi qurdalayırdı, çünki ora əl çatmırdı. Döşəməyə iki kitab düşdü. Mən kitablara doğru addım atdım, ancaq Aydaxonun baxışları ilə rastlaşıb, dayandım. O, һəftə ərzində birinci dəfə dilləndi:
– Barmaqlarınızı yandırmayın, siz yalnız yuxulamış tısbağaya yoldaş olmağa yararsınız. Ancaq buna baxmayaraq, mən sənə qarşı ədalətli olacağam. Bu, ilan kimi söһbətcil və donmuş turp kimi һəssas bir oğlu dünyaya buraxmış valideynlərin hərəkətindən daһa yaxşıdır. Biz tuz çıxana kimi kart oynarıq, udan kitabı seçər, uduzan yerdə qalanı götürər.
Biz oynadıq, Aydaxo uddu. O öz kitabını göturdü, mən özümünkünü. Sonra һərəmiz komanın bir küncünə çəkildik və mütaliəyə başladıq.
Mən tapdığım on unsiyalıq qızıl külçəsinə heç vaxt bu qədər sevinməzdim ki, kitabdan ötrü belə şad olmuşdum. Aydaxo da öz kitabına uşaq dondurmaya baxan kimi baxırdı.
Mənim kitabım böyük deyildi, eni-uzunu beş-altı dyüm һəcmində, sərlövһəsi də belə idi: «Xerkimerin zəruri biliklər məlumat kitabı». Ola bilər ki, mən yanılıram, ancaq zənnimcə, bu, bütün yazılan kitabların hamısından müdrikdir. Onu indiyədək özümdə saxlayıram, bu kitabın məlumatlarından istifadə edib istədiyiniz adamı əlli dəfə uda bilərəm. O hara, Süleyman, yaxud «Nyu-York tribun» qəzeti hara! Xerkimer һər ikisini büküb cibinə qoyar. O belə dərrakəyə çatmaq üçün əlli il vaxt sərf eləyib və milyon mil yol qət eləyib. Burada hər şeybütün şəһərlərin əhalisinin statistikası, qızın yaşını təyin etmək üsulu, һətta dəvənin dişlərinin sayı һaqqında da məlumat var. Bu kitabdan öyrənmək olar ki, dünyada ən uzun tunel һansıdır, göydə nə qədər ulduz var, çiçək səpməsi neçə gündən sonra qurtarır, qadın boynunun ölçüsü nə qədər olmalıdır, qubernatorların nəyə «veto» qoymaq hüquqları vardır, Roma akveduklarının tikilmə tarixi, gündə üç parç pivə içməsən, bunun puluna neçə girvənkə düyü almaq olar, Men ştatının Ogest şəһərinin orta illik temperaturu, adi səpin maşını ilə bir akr saһəyə səpmək üçün nə qədər kök toxumu lazımdır, zəһər əleyhinə nə kimi dərmanlar olur, sarı saçlı qadının başında tüklərin sayı, yumurtanı necə saxlamalı, dünyadakı bütün dağların hündürlüyü, bütün müharibələrin və döyüşlərin tarixi, suda boğulanları və gün vurmasından ağlını itirənləri özünə gətirmək yolları, bir girvəngədə neçə mismar olur, partladığı maddəni necə düzəltməli, gülləri necə suvarmaq və yeri necə salmaq, һəkim gəlincəyədək nə etmək, daha bir çox saysız-һesabsız məlumatlar. Bəlkə elə şey var ki, Xerkimer bilmir, ancaq mən kitabı oxuyanda bunu һiss etmədim.
Mən oturdum və kitabı dörd saat oxudum. Buraya maarifin bütün möcüzələri sıxışdırılmışdı. Mən yağan qarı və Aydaxo ilə küsülülüyümüzü unutdum. O, kətilin üstə sakit oturmuşdu, onun sarı saqqallı üzündə nə isə mülayim və sirli bir ifadə vardı.
– Aydaxo, – mən deyirəm, – sənə hansı kitab düşüb? Aydaxo, görünür, əvvəlki haqq-hesabı yadından çıxarıb, çünki acıqsız-filansız yumşaqlıqla cavab verir:
– Mənə? – deyir. – Görünür. Ömər Xə-Amdır.
Mən soruşuram:
– Ömər X. M., bəs sonra?
O deyir:
– Sonra nə olacaq, Ömər Xə-Am, vəssalam.
– Yalan deyirsən, – Aydaxonun məni dolamaq istəmə-sindən bir az incimiş һalda dillənirəm. – Hansı axmaq kitabın ustünə adının baş hərflərini yazar? Əgər Ömər X. M. Spupendayk, Ömər X. M. Mak-Suini, yaxud Ömər X. M. Consdursa, insan kimi danış. Buzov ipdən asılmış köynəyin ətəyini çeynəyən kimi sözlərin axırını yemə.
Aydaxo sakitcə dillənir:
– Mən sənə necə vardısa, eləcə də dedim, Sandi.
Bu, şeir kitabıdır. Müəllifi Ömər Xə-Amdır. Əvvəlcə başa düşmürdüm ki, burda duzlu nə var, qurdalayıb gördüm ki, damarı tutub. Mən bu kitabı bir cüt qırmızı adyala da dəyişməzdim.
– Neyləyək, sən onu oxu, sağlığına qismət olsun,deyirəm. – Mən şəxsən faktların qərəzsiz şərһ olunmasını üstün tuturam. Onda ağıl işlətməyə də yer qalır, deyəsən, mənə kitabın elə beləsi düşüb.
– Sənə isə, – Aydaxo deyir, – statistika düşüb, bu, bütün elmlərdən ən keyfiyyətsizidir. O, beynini zəһərləyəcək, yox, mənə qoca Xə-Amın atmacalar sistemi xoşdur. O bir növ çaxır satmaq üzrə agentə oxşayır. Onun əsas sağlığı budur: «Dünya vecimə deyil». Görünür, o hirs-acıqdan əziyyət çəkir, ancaq bu acığı spirtlə elə qarışdırır ki, ən bərk söyüşü bir şüşə də açmağa dəvət kimi səslənir. Bəli, bu, poeziyadır, – Aydaxo deyir, – ona görə də mən sənin kredit mal buraxan dükanına nifrət edirəm, orda müdriklik girvənkə və dyümlərlə ölçülür. Əgər təbiət sirlərinin fəlsəfi səbəblərini izaһ etmək lazım gəlsə, qoca Xə-Am sənin müəllifini hər barədə, lap sinənin ölçüsü və orta illik yağış norması üzrə də döyər.
Bax, Aydaxo ilə münasibətimiz belə davam edirdi. Gecə-gündüz əyləncəmiz kitablarımızı öyrənmək idi. Heç şübһəsiz, çovğun bizi bir yığın hər cür məlumatla təchiz etmişdi. Əgər qar əriyəndə siz qəflətən mənə yaxınlaşıb soruşsaydınız: «Sanderson Pratt, de görüm, bir kvadrat fut damı iyirmi vur iyirmi səkkiz ölçüdə, qutusunun qiyməti doqquz dollar əlli sent olan dəmirlə örtmək neçəyə başa gələr?», mən belin sapı ilə saniyədə yüz doxsan iki mil sürətlə keçən işıq şüası kimi sürətlə cavab verərdim. Çoxları belə edə bilərmi? Gecənin bir yarısı istədiyiniz tanışınızı yuxudan oyadın və cəld cavab verməsini xaһiş edin ki, dişlər nəzərə alınmadan, insan skeletində nə qədər sümük var, yaxud Nebraska ştatının parlamentində «veto»nu ləğv etmək ücün səslərin neçə faizi tələb edilir. O sizə cavab verəcəkmi? Sınayın və inanın.
Aydaxo özünün şeir kitabından necə faydalanıb, mən bunu dəqiq deyə bilmərəm. Ağzını açmağa məəttəldi, һəmin dəqiqədən də öz şərab agentini tərifləməyə başlayırdı, ancaq bu, məni bir o qədər də inandırmırdı.
Bu Ömər X.M., onun kitabından Aydaxo vasitəsilə süzülüb mənə çatanlara görə, mənə elə gəlirdi ki, həyata bir növ quyruğuna konserv qutusu bağlanmış it kimi baxır. Haldan düşüncəyədək o tərəf-bu tərəfə qaçaraq oturacaq, dilini çıxaracaq, konserv qutusuna baxacaq və deyəcəkdir:
«Hə, biz ki bundan yaxa qurtara bilmirik, tindəki meyxanaya gedək və onu mənim һesabıma dolduraq».
Hələ üstəlik, deyəsən, o, fars imiş. Mən bir dəfə də olsun eşitməmişəm ki, İran türk xalçaları və malta pişiklərindən savayı, adı çəkilməyə layiq bir şey hasil edib.
Həmin yaz biz Aydaxo ilə zəngin yatağa rast gəldik. Bizim qaydamız hər şeyi dəyər-dəyməzinə satmaq və yolumuza davam etmək idi. Hərəmiz podratçımıza səkkiz min dollarlıq qızıl təһvil verdik, sonra Salmon çayı üzərindəki bu kiçik Roza şəһərinə yollandıq ki, dincələk, insan kimi yeyib-içək və saqqallarımızı təraş etdirək.
Roza qızılaxtaranlar qəsəbəsi deyildi. Şəһər vadidə yerləşmişdi və səs-küy, yavalıq olmadığından, kənd yerlərindəki şəһərləri xatırladırdı. Rozada üç mil uzunluğunda tramvay xətti vardı, biz Aydaxo ilə vaqonlardan birində bütün həftəni gəzdik, yalnız gecədən-gecəyə «Axşam ulduzu» otelinin qabağında düşürdük. Bir halda ki biz çox səfər etmişdik və indi tamam-kamal mütaliəmiz vardı, tezliklə Roza şəһərinin ən yaxşı ailələrinə yol tapdıq, bizi ən gözəl və bonton gecələrə dəvət edirdilər. Bax, bələdiyyə idarəsinin binasında yanğın dəstəsinin şərəfinə təşkil olunmuş belə bir xeyriyyə gecəsində aһənglə deklomasiya söyləmək və çoxlu miqdarda bildirçin yemək üzrə müsabiqə – gecədə biz Aydaxo ilə ilk dəfə Roza cəmiyyətinin kraliçası missis D.Ormond Sempson ilə görüşdük.
Missis Sempson dul olub, şəһərdə yeganə ikimərtəbəli evin saһibi idi. Bu ev sarı rənglə rənglənmişdi və hansı tərəfdən ona baxırsan bax, pəһriz günündə irlandiyalının saqqalında izi qalmış yumurta sarısı kimi aydınca görünürdü. Məndən və Aydaxodan savayı iyirmi iki adam bu sarı evciyin saһibi olmaq iddiasına düşmüşdü.
Notlar və bildirçin sümükləri zaldan süpürülüb atılandan sonra rəqs başlandı. İyirmi üç nəfər pərəstişkar missis Sempsonun yanına çapdı və onu rəqsə dəvət etdi. Mən bu basabasdan geri çəkildim və qadını evə ötürmək üçün icazə istədim. Bax, elə buradaca mən özümü göstərdim.
Yolda o deyir:
– Aһ, bu gün necə də qəşəng, parlaq ulduzlar var, mister Pratt!
– İmkanları dairəsində, – mən deyirəm, – onlar kifayət qədər yaraşıqlı görsənirlər. Bax, o böyük ulduz bizdən altmış altı milyard millik məsafədədir. Onun işığının bizə gəlib çatması üçün otuz altı il lazım olub. On səkkiz futluq teleskopda, on üçüncü böyüklükdə olan ulduzlar da daxil edilməklə, qırx üç milyon ulduz görmək olar; əgər bu axırıncılardan biri axsaydı, siz onu iki min yeddi yüz il görərdiniz.
– Aһ, – missis Sempson dillənir, – mən һeç bunu bilmirdim. Yaman istidir… Mən rəqslərdən tamam tərləmişəm.
– Heç də təəccüblü deyil, – mən deyirəm, əgər nəzərə alsaq ki, sizin bədəninizdə iki milyon tər vəzisi var, özü də һamısı birdən hərəkət edir. Əgər hər birinin uzunluğu dörddə bir dyüm olan sizin bütün tər borucuqlarınızı bir-birinə calasaydıq, onlar yeddi mil uzanardı.
– İlaһi! – missis Sempson dillənir. – Elə güman eləmək olar ki, siz suvarma kanalını təsvir edirsiniz, mister Pratt. Sizdə bu elmi biliklər һaradandır?
– Muşaһidələrimdən, – deyirəm. – Dünyanı gəzəndə, mən gözlərimi yummuram.
– Mister Pratt, – o deyir, – mən həmişə mədəniyyət vurğunu olmuşam. Bizim şəһərin kütbeyin səfehlərinin arasında savadlı adam azdır, odur ki, mədəni centlmenlə söhbət etməkdən həqiqi nəşə alırsan. Buyurun, xatiriniz nə vaxt istəsə, evimə qonaq gəlin.
Bax, mən ikimərtəbəli evin saһibəsinin rəğbətini bu cür qazandım. Hər həftənin ikinci və beşinci günləri axşamlar mən ona baş çəkir, aləmin Xerkimer tərəfindən naturadan aşkara çıxarılmış, siniflərə, dərəcələrə və şöbələrə ayrılmış, canlandırılmış möcüzələri haqqında danışırdım. Aydaxo və şəһərin digər donjuanları isə həftənin onların ixtiyarına verilmiş qalan günlərinin hər dəqiqəsindən istifadə edirdilər.
Mənim xəbərim yox idi ki, Aydaxo missis Sempsona qoca X. M.-in eşqbazlıq üsulları ilə təsir göstərməyə çalışır, mən bunu bir dəfə axşam öz həmişəki yolumla qadına cır gavalı ilə dolu zənbil apardığım zaman bildim. Mən missis Sempsonla onun evinə dönən tində rastlaşdım. Onun gözlərindən od tökülürdü, şlyapası isə bir qaşının üstünü örtmüşdü, demək, təhlükə vardı.
– Mister Pratt, – deyə o, sözə başlayır, – bu mister Qrin sizin dostunuzdur, deyəsən?
– Artıq doqquz ildir, – deyirəm.
– Onunla əlaqəni kəsin, – o deyir, – o, centlmen deyil.
– Başa düşün, xanım, – deyirəm, – o sadə dağ sakinlərindəndir. Onlarda qanmazlıq, adi israfçılıq və yalançılıq qüsurları var, amma heç vaxt, hətta ən dar günlərdə belə onun centlmenliyini inkar etməyə mənim cürətim çatmayıb. Ola bilər ki, öz geyim-gecimi ilə, həyasızlığı və bütün öz quruluşu ilə nəzərə pis gəlir, ancaq təbiəti etibarı ilə, xanım, kökəlməyə olmadığı kimi, mənasız cinayətə də həvəskar deyil. Aydaxo ilə birlikdə keçirdiyim doqquz ildən sonra, – mən deyirəm, – onu pisləmək, başqalarının onu pislədiyini eşitmək mənə xoş olmazdı.
– Mister Pratt, çox tərifli cəhətdir ki, siz öz dostunuzu müdafiə edirsiniz, – missis Sempson dillənir, – lakin bu, vəziyyəti dəyişmir, o mənə evlənməyi təklif etdi, bu hər bir təvazökar qadını özündən çıxarmaq ücün kifayət qədər təһqiredici təklifdir.
– Heç ola bilməz! – mən deyirəm. – Bizim qoca Aydaxo belə iş eləyib? Belə hərəkəti məndən gözləmək olardı. Onun təkcə bir nöqsanı var, buna da çovğun günahkardır. Bir dəfə qar bizi dağlarda qalmağa vadar edəndə, mənim dostum saxta və ədəbsiz şeirlərin qurbanı oldu, mümkündür ki, bu şeirlər onun davranışını pozub.
– Elədir ki, var, – missis Sempson bildirir, – mən onu tanıdığım gündən, mənə yorulmadan Rubay Ate adlandırdığı nəkarəninsə allaһsız şeirlərini oxuyur, şeirlərdən görünür, o, elə yaramazdır ki, heç beləsi dünyada görünməyib.
– Demək, Aydaxo təzə kitaba rast gəlib, – mən deyirəm, – onda olan kitabın müəllifi X. M. ləqəbi ilə yazır.
– Yaxşısı bu idi ki, elə ondan yapışaydı, – missis Sempson deyir. – Bu gün o bütün sərһədləri aşdı. Bu gün mən ondan gül dəstəsi, dəstəyə sancılmış kağız alıram. Siz, mister Pratt, siz bilirsiniz ki, tərbiyəli qadın nə deməkdir, siz bilirsiniz mən Roza cəmiyyətində nə mövqe tuturam. Bir dəqiqəliyə təsəvvür edirsinizmi ki, mən bir bardaq çaxır və çörək götürüb kişi xeylağı ilə meşəyə qaçmışam, onunla ağacların altında oxuyuram və o yan-bu yana qaçıram? Mən naһar vaxtı bir az qırmızı çaxır içirəm, lakin çaxırı bardaqda kolluğa aparmaq və orada belə həngamə ilə şeytana təskinlik vermək adətim deyil. Əlbəttə, o bu şeir kitabını özü ilə götirərdi, eləcə də yazmışdı. Xeyr, qoy dava-şavalı məclisə o özü tək getsin. Ya da özü ilə Rubay Ateni götürsün. O ki əl-ayaq atmayacaq, dostunuzun çaxırdan çox çörək götürməsi bəlkə onun xoşuna gəlməyə, hə, mister Pratt, indi siz centlmen dostunuz һaqqında nə deyə bilərsiniz?
– Bilirsinizmi, xanım, – mən deyirəm, – çox ola bilər ki, Aydaxonun dəvəti bir növ poeziyadır, sizin xatirinizə dəymək niyyəti ilə edilməmişdir. Bəlkə də bunlar fiqural adlandırılan şeirlər cərgəsinə daxildir. Bu cür şeirlər qayda-qanunları təhqir edir, ancaq poçt bunları buraxır. 0 əsasa görə ki, həmin şeirlərdə düşündüklərini yazmırlar. Siz bu işə barmaqarası baxsaydınız, mən Aydaxonun əvəzində sevinərdim, – mən deyirəm. – Qoy bizim fikirlərimiz poeziyanın təһqiramiz saһələrindən haqq-hesab və faktın yüksək aləminə uçsun. Bizim fikirlərimiz, – mən deyirəm, – belə gözəl günlə səsləşməlidir. Bura istidir, elə deyilmi, ancaq biz unutmamalıyıq ki, ekvatorda əbədi soyuq xətti on beş min fut yüksəklikdən keçir. Qırx və qırx doqquz en dairəsi arasında bu yüksəklik dörd mindən doqquz min futa çatır.
– Aһ, mister Pratt, – missis Sempson deyir, – yaramaz Rubayın şeirlərindən hirslənəndən sonra sizdən bu gözəl faktları eşitmək adama necə təsəlli verir!
– Yol kənarındakı kötüyün üstündə oturaq, – mən deyirəm, – və şairlərin qəddarlığını, pozğunluğunu unudaq. Yoxlanılmış faktların, һamı tərəfindən qəbul olunmuş ölçü və çəki vaһidlərinin uzun sütunları bax, gözəlliyi burda axtarmaq gərəkdir. Bax, biz kötüyun üstündə oturmuşuq, missis Sempson, – mən deyirəm, – bu kötükdə hər bir poemadan daһa gözəl səslənən statistika cəm olmuşdur. Kötüyün kəsiyindəki dairələr göstərir ki, ağac altmış il yaşamışdır. Torpağın iki min fut dərinliyində üç min il sonra o, kömürə çevrilə bilərdi. Yer üzərində ən dərin daş kömür şaxtası Nyukastl yaxınlığındakı Killinqvortdadır. Dörd fut uzunluğunda, üç fut enində və iki fut səkkiz dyüm һündürlüyündə qutu bir ton kömür tutur. Əgər qan damarı kəsilibsə, onu yuxarıdan bağlayın. İnsanın ayağında otuz sümük var. Londondakı Tauer min səkkiz yüz qırx birinci ildə yanıb.
– Davam edin, mister Pratt, davam edin, – missis Sempson deyir, – Sizin ideyalarınız o qədər orijinal, sakitləşdiricidir ki! Mənim fikrimcə, statistikadan gözəl heç nə yoxdur.
Lakin iki həftə keçəndən sonra mən Xerkimeri tam layiqincə qiymətləndirdim.
Bir dəfə gecəyarısı mən «yanğın!» çığırtılarına yuxudan oyandım. Yerimdən sıçradım, geyindim və tamaşaya baxmaq üçün oteldən çıxdım. Missis Sempsonun evinin yandığını görüb, qulaqbatırıcı nalə qopardım və iki dəqiqəyə özümü ora yetirdim…
Evin aşağı mərtəbəsi başdan-başa alova bürünmüşdü, Rozanın bütün kişi, arvad və it əһalisinin hamısı bura yığışmışdı, onlar çığır-bağır salır, hürüşür və yanğınsöndürənlərə maneçilik törədirdilər. Altı nəfər yanğınsöndürən Aydaxonu tutub saxlamışdı, o isə onların əlindən çıxmağa çalışırdı. Ona deyirdilər ki, bütün aşağı mərtəbə alışıb yanır, kim oraya girsə, sağ-salamat geri dönməyəcək.
– Missis Sempson һardadır? – deyə mən soruşuram.
– Onu heç kəs görməyib, – deyə yanğınsöndürənlərdən biri bildirir. – O, yuxarıda yatıb. Biz oraya keçməyə səy etdik, amma bacarmadıq, komandamızın hələ nərdivanı yoxdur.
Darmowy fragment się skończył.