Czytaj książkę: «Hökmdar»
NİKKOLO MAKİAVELLİ VƏ ONUN «HÖKMDAR» ƏSƏRİ
Görkəmli italyan siyasi xadimi, yazıçısı, tarixçisi, hərb nəzəriyyəçisi Nikkolo Makiavelli 1469-cu ildə Florensiyada müflisləşmiş zadəgan ailəsində anadan olmuşdu. 1498-ci ildən Florensiya respublikasında yüksək dövlət vəzifəsi tutmuş və mühüm diplomatik tapşırıqları yerinə yetirmişdi. 1512-ci ildə Mediçilərin hakimiyyətə gəlişindən sonra vəzifədən kənarlaşdırılmış və Florensiya ətrafındakı malikanəsinə sürgün edilmişdir. 1527-ci ildə dünyasını dəyişən N.Makiavelli özündən sonra böyük irs qoymuşdur. «Tit Livinin birinci dekadası haqqında düşüncələr», «Hökmdar», «Knyaz» və «Florensiyanın tarixi» onun başlıca əsərləridir.
Makiavelli ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdəndir. Artıq beş əsrdir ki, onun ən məşhur əsəri olan «Hökmdar» əsəri ətrafında qızğın mübahisələr gedir, mütəfəkkirin siyasi nəzəriyyəsi və baxışları isə çoxsaylı rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edilir və onun baxışları «makiavellizm» termini altında siyasi, habelə insana xas olan hiyləgərliyin, ikiüzlülüyün, yaltaqlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın və bu kimi şeylərin sinonimi kimi qələmə verilir.
Tarixdə elə hadisələr olub ki, ən təmiz, ən vicdanlı, ən nəcib, ən ağıllı və yüksək əxlaqlı adamlar əxlaqsızlıq üstündə, mövcud olan əxlaqi norma və qaydalara, habelə qanunlara qəsd etmək üstündə mühakimə olunub. Sokratı və Epikuru, C.Bruno və Spinozanı, Tomas Moru və Koperniki, Kompanella və digərlərini xatırlamaq kifayət edər. Bunların hər biri həqiqətpərvər və yüksək mənəviyyata malik insanlar olsalar da, mövcud cəmiyyətin ən əxlaqsız nümayəndələri onları əxlaqsızlıqda günahlandırmışlar. Əxlaqsız adamların əxlaqdan dərs deyib onun haqqında fikir yürütdüyü, elm və biliyin cahil adamların nəzarəti altında olduğu, siyasətlə vicdansız, çirkin qəlbə malik, əliəyri adamların, avantüristlərin, fırıldaqçıların, intriqaçıların məşğul olduğu bir vaxtda onların bilikli, müdrik, doğruçu, nəcib adamlara nifrət bəsləməsinə təəccüb etmək olarmı? Lakin bizim söhbətimiz onlar haqqında deyil, onlar heç buna dəyməz də.
Yuxarıda deyilənlərə baxmayaraq Makiavelli və onun «Hökmdar» əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb və dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyət xəzinəsinə daxil olub.
Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir.
O, bir çox şeyləri nəzərə alaraq göstərir ki, hakimiyyətə can atan adam öz məqsədinə yetməkdən ötrü əliaçıq olmalıdır. Makiavelli hesab edir ki, hətta belə hallarda pulu əsirgəmək lazım deyil, ələlxüsus da özgələrin pulunu.
Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar təbəələri itaətdə saxlamaq istəyirsə, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq, iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün adamlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir. Bu və buna bənzər fikirlər üstündə Makiavellini qəddarlıqda təqsirləndirirdilər. Bu indinin özünə kimi davam etməkdədir. Lakin Makiavellinin ünvanına söylənilən bu kimi ittihamların heç bir əsası yoxdur. Axı o, heç zaman, heç yerdə mütəmadi olaraq sərt tədbirlərin keçirilməsi haqqında heç nə yazmamışdır.
Öz böyük həyat təcrübəsinə əsaslanan Makiavelli hökmdarlara məsləhət görür ki, insanları qorxu altında saxlamaq, onların sevimlisi olmaqdan daha məqsədəuyğundur. Çünki insanların çoxu satqın, qorxaq, riyakar və yalançıdır. Təhlükə qarşısında onların bu xüsusiyyətləri tezliklə üzə çıxır. Əmin-amanlıq zamanlarında belə adamlar səndən ötrü nə qədər əldən-ayaqdan gedirlərsə, ara qarışdıqda onların üzü səndən bir o qədər dönür, belə vaxtlarda onlar səni nəinki satmağa, hətta məhv etməyə də hazırdırlar.
Makiavelli çox yaxşı görürdü ki, ən gözəl insani münasibətlər – məhəbbət, dostluq, sədaqət, alicənablıq və bu kimi şeylər digər şeylər kimi alınıb-satılır. Buna görə yeni hökmdar həm bunları, eləcə də insanların əmlakı, pulu, sərvəti yüksək qiymətləndirməsini nəzərə almalıdır. Eyni zamanda da bilməlidir ki, insanlar gücə hörmət etdikləri qədər də ondan çəkinirlər. O, məsləhət görürdü ki, sərt tədbirləri hər zaman deyil, yalnız lazım olan vaxt tətbiq etmək gərəkdir. Makiavelli həm də insanların mülkiyyətinə toxunmağı xətərli hesab edirdi. O, açıqca göstərirdi ki, insanlar öz atalarının ölümünü bağışlayarlar, əmlaklarının itirilməsini isə yox.
Makiavelli əsərin sonunda alovlu bir vətənpərvər kimi İtaliyanın birləşməsini arzulayır və bütün ölkəni bu iş uğrunda mübarizəyə qalxmağa çağırır, hətta bu mübarizənin başında dura biləcək adamın da kim olduğunu açıqlayır. Bu, o adamdır ki, mütəfəkkir öz məşhur əsərini ona həsr etmişdir.
Görkəmli mütəfəkkirin məşhur «Hökmdar» əsəri Azərbaycan oxucusuna öz ana dilində ilk dəfədir ki, təqdim olunur, çünki bu ilk tərcümədir. Ona görə də zamanın sınağından çıxmış bu əsərin Azərbaycan dilində çap olunması önəmli hadisədir. Arzu edirik ki, ölkəmizin mədəni həyatında bu cür hadisələr tez-tez təkrar olunsun və bu işlərdən bəhrələnənlərin sayı zaman-zaman artsın.
Fikrət Təbibi
ƏLAHƏZRƏT LORENSO DEİ MEDİÇİYƏ NİKKOLO MAKİAVELLİDƏN1
Adətən, hökmdarın hüsn-rəğbətini qazanmaq istəyilə adamlar ona hədiyyə olaraq özlərində olan ən qiymətli şeyləri yaxud hökmdara hədsiz dərəcədə zövq verəcək şeyləri göndərirlər: hökmdarın əzəmətinə layiq at, silah, zərxara, qiymətli daşlar və digər zinət əşyaları. Mən isə öz minnətdarlığımı əlahəzrətə bildirmək qərarına gəldikdə sahib olduğum şeylər içərisində görkəmli adamlar haqqında əldə etdiyim biliklərdən daha qiymətli və dəyərli heç nə tapmadım. Uzun illərin zəhməti hesabına qazandığım bu biliklər isə müasir dövrdə və keçmiş zamanlarda baş verən hadisələri əhatə edir. Düşünüb dərk etdiklərim üzərində çox vaxt və zəhmət sərf edib, öz fikirlərimi çox da böyük olmayan yazılı ifadədə söyləmişəm ki, bunu da hədiyyə olaraq əlahəzrətə göndərirəm. Hərçənd mənə elə gəlir ki, bu yazılı ifadə sizin qarşınızda olmağa layiq deyil, hər halda inanıram ki, mənim sizə daha dəyərli hədiyyə verməyə gücüm çatmadığını bildiyinizdən iltifat göstərib bunu qəbul edəcəksiniz. Öz ifadələrini bəzəyib rəngarəngləşdirmək çoxlarının xoşuna gəlsə də, mən bu yazılı ifadənin nə gözəl olması üzərində, nə cümlələrin ibarəliliyi və ahəngdarlığı üzərində işləmiş, nə də bunun qəşəng olması üçün heç bir üsuldan istifadə etməmişəm, zira mən istəyirəm ki, əsərim ya tamamilə az tanınsın, ya da mövzunun yalnız orijinallığına və əhəmiyyətinə görə məşhurlaşsın. Mən həm də istəyərdim ki, kiçik və əhəmiyyətsiz zümrədən olan bir adamın hökmdarların hərəkətləri haqqında mühakimə yürüdüb, onlara yol göstərməsinə qərar verməsini həyasızlıq sanmayasınız. Necə ki, mənzərə çəkən rəssam dağlara və təpələrə nəzər salmaq üçün vadiyə enir, vadini görmək üçün isə dağlara çıxır, eləcə də xalqı yaxşı tanımaqdan ötrü hökmdar olmaq, hökmdara yaxşı bələd olmaq üçün isə xalqın bir hissəsi olmaq lazımdır.
Beləcə, əlahəzrət qoy bu kiçik hədiyyəni mənə hakim olan hisslərlə qəbul etsin; əgər mənim əsərimi diqqətlə oxuyub, bunun üzərində düşünməyi qət etsəniz, mənim ən böyük istəyimi hiss edəcəksiniz, o istəyimi ki, əlahəzrət məhz taleyin ona hazırladığı və onun məziyyətlərinə uyğun olan bir yüksəliş əldə etsin. Əgər əlahəzrətin nəzəri haçansa bir vaxt qalxdığı bu yüksəklikdən mən yaşadığım aşağı tərəfə yönəlsə, onda mənim necə də haqsız olaraq taleyin güclü və amansız sarsıntılarına dözdüyümü görər.
I FƏSİL
DÖVLƏTLƏR HANSI FORMALARDA OLUR VƏ ONLAR NECƏ ƏLDƏ EDİLİR
Xalq üzərində hakimiyyətə malik olmuş və olan bütün böyük və kiçik dövlətlər bir adam tərəfindən idarə edilən ya respublika, ya da monarxiya olub və olaraq da qalır. Axırıncı ya təzə, ya da hökmdarın nəsli əgər uzun müddət idarəçilikdə bulunubsa, varislik yolu ilə əldə edilmiş ola bilər. Təzə ya Françesko Sfortsanın yiyələndiyi Milan kimi bütöv bir dövlət ola bilər, ya da onun bir hissəsi, o hissəsi ki, istila nəticəsində hakimiyyətin vərəsəlik yolu ilə əldə edildiyi dövlətə birləşdirilir, İspaniya kralının yiyələndiyi Neapol krallığı kimi. Təzə dövlətlər iki cür olur: təbəələrin adətən hökmdarlara itaət etdiyi dövlətlər və xalqın əvvəllər hürriyyət içində yaşadığı dövlətlər; bunlar necə öz vətəndaşları, eləcə də özgələrin silahlı qüvvələri tərəfindən, ya taleyin lütfü sayəsində, ya da igidlik nəticəsində əldə edilir.
II FƏSİL
VƏRƏSƏLİK YOLU İLƏ ƏLDƏ EDİLƏN MONARXİYALAR HAQQINDA
Respublikalar barəsində digər yerdə müfəssəl surətdə söhbət aparacağımıza görə mən bu məsələ üzərində dayanmayacağam. İndi mən birbaş hakimi-mütləqin idarəçiliyinə keçəcəyəm və yuxarıdakı müəyyən qaydaya əsasən araşdıracağam ki, hökmdar dövləti hansı üsullarla idarə edə və bunun üzərindəki hakimiyyəti necə saxlaya bilər. Mən ondan başlayacağam ki, hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş olan hökmdara, hansı ki, təbəələr artıq bu nəslin idarəçiliyinə öyrənib, hakimiyyəti saxlamaq təzə adamdan daha asandır, axı bundan ötrü o, sadəcə olaraq əcdadlardan qalan adətləri pozmamalıdır, daha sonra tələsmədən yeni şəraitə keçməlidir. Bu cür hərəkət etsə, yaxşı hökmdar olmasa da belə hakimiyyəti itirməz, bunu yalnız o təqdirdə itirə bilər ki, daha güclüsü və qüdrətlisi onu devirsin, lakin bu halda da o, qəsbkarın ilk uğursuzluğundan sonra hakimyyəti özünə qaytara bilər.
Bizim İtaliyada 1484-cü ildə venetsiyalılara və 1510-cu ildə Papa Yuliyə məğlub olduqdan sonra hakimiyyəti özündə saxlamış Ferraranın hersoqunu buna misal göstərmək olar. Bu isə yalnız onun soyunun uzun müddət Ferraranı idarə etməsinə görə idi. Axı hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş hökmdarın öz təbəələrini incitməsinə səbəb və ehtiyac daha azdır, buna görə də əgər onun vətəndaşlarda nifrət doğura biləcək dərəcədə bir qüsuru yoxdursa, o da öz əməlinə görə onların rəğbətini qazanacaqdır. Bir soyun uzun müddət idarəçilikdə bulunması haçansa baş verən çevrilişlərin və bunları doğuran səbəblərin unudulmasına gətirib çıxarır, baxmayaraq ki, hər hansı dəyişiklik yeni dəyişikliklərə səbəb olur.
III FƏSİL
QARIŞIQ DÖVLƏTLƏR HAQQINDA
Təzə, habelə hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş hökmdar öz ərazisinə yeni ərazi birləşdiribsə, və bunun nəticəsində dövlət bir növ qarışıq olubsa, onun üçün hakimiyyəti saxlamaq daha çətindir. Belə yerdə hakimiyyəti saxlamaq hər şeydən öncə ona görə çətindir ki, bütün təzə dövlətlərdə bu, çevrilişlə nəticələnir. Məsələ ondan ibarətdir ki, xalq təzə hökmdarın yaxşı olacağını güman edərək könüllü surətdə əvvəlkinə qarşı qiyam edir, təcrübə tezliklə göstərir ki, o, yanılıb, axı təzə hökmdar həmişə əvvəlkindən pis olur. Bu həm də təbii və qanunauyğundur, çünki istilaçı öz yeni təbəələrini istismar edir, onların üzərinə müxtəlif mükəlləfiyyətlər qoyur, ordusunu vətəndaşların evlərində yerləşdirməklə onları zəhmətə salır, belə ki, istila zamanı bunsuz keçinmək mümkün deyil. Beləliklə də o, incitdikləri arasında özünə düşmən qazanır və istila zamanı ona kömək edənlərin dostluğundan məhrum olur, çünki bu adamların gözlədiyi mükafatı onlara vermək iqtidarında deyil, həmçinin də onlara borclu olduğu üçün bu şəxslərə qarşı ciddi tədbirlər görə bilmir, ona görə ki, ordusu nə qədər güclü olsa da belə onların köməyi olmadan ölkəyə soxula bilməzdi. Məhz buna görə Fransa kralı XII Lüdovik Milanı tez zəbt etdiyi kimi tez də itirmişdi. Elə bu səbəb üzündən hersoq Lyudoviko Milanı öz gücü ilə geri qaytarmağa müvəffəq olmuşdu. Axı qapını kralın üzünə açan xalq tezliklə özünün mülahizə və ümidlərinin puça çıxdığına əmin olub, təzə hökmdarın yaratmış olduğu sıxıntılara dözməkdən imtina etdi.
Lakin qiyam etmiş ölkə əgər ikinci dəfə fəth olunarsa, hökmdar üçün burda öz hakimiyyətini möhkəmləndirmək asan olar, axı qiyam ona günahkarları şərtsiz olaraq cəzalandırmağa, şübhəli bilinənləri üzə çıxarmağa, yerlərin, hər şeydən öncə də zəif yerlərin müdafiəsini təşkil etməyə imkan verir. Birinci dəfə hersoq Lyudoviko Milanın sərhədlərində yalnız hay-küy salmaqla onu Fransadan geri almışdısa da, ikinci dəfə yuxarıda göstərilən səbəblərə görə İtaliyanın bütün dövlətləri Fransanın üzərinə hərblə gedib, onun qoşunlarını qovana qədər o, Milanı özündə saxlamışdı.
Beləliklə, Fransa Milanı hər iki dəfə itirdi. Mən kralın birinci uğursuzluğunun buna bənzər hadisələrdə səciyyəvi olan səbəbini göstərdim, indi ikinci səbəbi göstərmək qalır, araşdırmaq lazımdır ki, Lüdovik və ya onun yerində ola biləcək hər hansı bir adam fəth etdiyi ərazinin Fransanın etdiyindən daha etibarlı müdafiə olunması istiqamətində nə kimi imkanlara malik olmuşdu. Ondan başlamaq lazımdır ki, fəth edilmiş və miras qalmış torpaqlar ya əhalisi eyni dildə danışan bir ölkənin ərazisi, ya da əhalisi müxtəlif dillərdə danışan müxtəlif ölkələrin ərazisi ola bilər. Birinci halda fəth edilmiş torpaqları, xüsusən də yeni təbəələr əgər əvvəlki vaxtlarda da azad deyildilərsə, saxlamaq asandır. Bunlar üzərində hakimiyyəti gücləndirməkdən ötrü əvvəlki hökmdarın nəslini kəsmək kifayətdir, axı adətlərin ümumi olduğu, əvvəlki qaydalarınsa saxlandığı yerdə təhlükə yalnız ondan gələ bilər. Bizə məlum olduğu kimi belə bir şey Fransanın tərkibinə çoxdan daxil olan Bretanda, Burqundiyada, Normandiyada və Qaskonda baş vermişdir; onların dilləri bir-birindən azca fərqlənsə də, adətləri bir-birinə bənzədiyindən mehriban yaşayırlar. Belə halda istilaçı iki ehtiyat tədbiri görməlidir: hər şeydən öncə onun qeydinə qalmalıdır ki, əvvəlki hökmdarın nəsli kəsilsin, sonrasa əvvəlki qanun və vergilərin saxlanılmasına göz olmalıdır, belə də fəth olunmuş ərazilər istilaçının uzun müddət hökmdar olduğu məmləkətlə qısa bir vaxt ərzində vahid bir dövlət təşkil edəcəkdir.
Fəth edilmiş, həm də miras qalmış ölkələrdə əgər əhali dilinə, adət-ənənəsinə və qanun-qaydalarına görə bir-birindən fərqlənirsə, belə yerdə hakimiyyəti saxlamaq olduqca çətindir: burda həm böyük uğur, həm də bacarıq lazımdır. Buna yetmək üçün ən doğru və düzgün vasitə yaşayış yerini bura köçürməkdən ibarətdir. Bu, fəth edilmiş ərazilərin müdafiəsini gücləndirər və bu yerləri təhlükəsiz edər, türk sultanı Yunanıstanla əlaqədar məhz bu cür hərəkət etmişdir, zira öz paytaxtını əgər ora köçürməsəydi, bütün gücünü işə salsaydı belə Yunanıstanı öz hakimiyyəti altında saxlaya bilməyəcəkdi. Axı yalnız ölkədə yaşamaqla orada başlanacaq qiyamı duymaq və bunun qarşısını vaxtında almaq olar, əks təqdirdə bu barədə xəbər o vaxt gəlib çatacaqdır ki, vəziyyət olduqca ciddi xarakter alacaq və buna qarşı tədbir görmək artıq gec olacaqdır. Fəth etdiyi ölkəyə köçməklə hökmdar həm də onu məmurların soyğunçuluğundan qoruyar, çünki təbəələr bilavasitə öz hökmdarlarının məhkəməsinə müraciət etməyə imkan qazandığından, daha bir səbəb yaranacaq ki, itaətdə bulunanlar onun hörmətini gətirsin, boyun əyməyənlər isə ondan qorxsun. Əgər qonşu dövlətlərdən hər hansı biri hücum etmək fikrinə düşsə, onda o, daha ehtiyatlı olacaq, çünki hökmdar əgər ora köçübsə, çətin ki, fəth etdiyi ölkəni asanlıqla əlindən versin.
İkinci yaxşı vasitə istilaçının öz dövləti ilə yeni əraziləri əlaqələnlirmək üçün bir neçə yerdə koloniyalar təşkil etməkdir. Bundan əlavə bu, ölkədə böyük miqdarda atlı və piyadaları yerləşdirməkdən ötrü yaxşı imkandır. Koloniyalar böyük xərc tələb etmir, bunların təşkili və saxlanılması praktiki cəhətdən hökmdara heç nəyə başa gəlir, bu yalnız zəmiləri və evləri köçkünlərin əlinə keçən sakinləri müflis edir, yəni müflis olub, ölkə boyu dağılışan çox az miqdarda adam heç vəchlə hökmdara zərər yetirə bilməz, toxunulmaz qalan digərləri isə tezliklə sakitləşəcəklər, eyni zamanda da sözə baxmasalar, müflis olanların taleyini yaşamaqdan ehtiyat edəcəklər. Beləliklə, koloniyalar hökmdara baha başa gəlmir, ona sədaqətlə xidmət edir, həm də sakinlərin yalnız çox az qismini müflisləşdirir, onlar isə yoxsullaşıb dağılışdıqdan sonra hökmdara zərər yetirmək halında olmurlar. Buna onu əlavə etmək olar ki, xalqla ya mehriban davranmaq, ya da onu məhv etmək lazımdır, zira insan kiçik bir yamanlığa görə qisas ala bilər, böyük yamanlığa görə isə yox, buradan belə nəticə çıxarmaq olar ki, qisasdan ehtiyatlanmamaq üçün insana edilən haqsızlığın dərəcəsi nəzərə alınmalıdır. Amma ölkədə koloniyaların yerinə qoşun olsa, bunun təminatı kifayət qədər baha başa gələcək və təzə dövlətdən gələn bütün gəlirləri üstələyəcək, nəticədə əldə edilmiş şey heçə çevriləcək. Üstəlik, bundan kifayət qədər adam əziyyət çəkəcək, axı ordunun vətəndaşların evində yerləşməsi bütün əhali üçün bir yükdür və incidilən hər kəs hökmdara düşmən kəsilir, belə düşmənlər isə ona zərər yetirməyə qadirdir, axı onlar məğlub edilsələr də öz evlərindədirlər. Beləliklə, bu cür qarnizonu saxlamaq hər baxımdan zərərli, koloniyalar təşkil etmək isə xeyirlidir.
Əhalisi adət və dilinə görə fərqlənən ölkədə də istilaçı hamıdan öndə olub, həm qonşu dövlətlərdən daha zəif olanları müdafiə etməli, həm də güclüləri zəif salmaqdan ötrü tədbirlər görməlidir, eyni zamanda da ona nəzarət etməlidir ki, gücünə görə ondan geri qalmayan yadelli hökmdar heç bir vəchlə ölkəyə soxula bilməsin. Belələrini həmişə ya şöhrətpərəstlik, ya da qorxu üzündən boyun əymək istəməyən ölkə sakinləri köməyə çağırır, belə ki, etoliyalılar2 bir vaxt romalıları Yunanıstana çağırmışdılar, eləcə də digər bütün ölkələrin yerli sakinləri də onları çağırmışdı. Bu təqdirdə hadisələr belə cərəyan edir: daha güclü hökmdar ölkənin ərazisinə qədəm basır, daha zəif dövlətlər bir qayda olaraq onun onlardan güclü olmasına həsəd aparmaqla yanaşı dərhal onunla birləşirlər, buna görə onun onları öz tərəfinə çəkməyə ehtiyacı olmur, zira onlar özləri məmnuniyyətlə onun yaratdığı dövlətə qoşulurlar. Ancaq onlara artmağa və güclənməyə imkan vermək olmaz, həm də bu vaxt öz silahlı qüvvələri ilə bərabər onların köməyindən də istifadə etməklə daha güclü hökmdarı asanlıqla məğlub etmək və bu ölkədə hakimi mütləq olmaq olar. Əgər ki, hökmdar bütün bunları etməsə, böyük çətinliklərə və əzablara məruz qalaraq, tezliklə əldə etdiklərini itirəcəkdir.
Romalılar bir ölkəni fəth etdikdə qeyd edilən bütün üsullardan istifadə edirdilər: koloniyalar təşkil edirdilər; zəiflərə güclənməyə imkan verməmək şərtilə kömək edirdilər; güclüləri məğlubiyyətə uğradırdılar; gücə malik olan yadellilərin təsirinin ölkəyə nüfuz etməsinin qarşısını alırdılar. Mən Yunanıstanı misal çəkməklə kifayətlənəcəyəm. Romalılar axeylərin3 və etoliyalıların rəğbətini qazanmışdılar, Antioxu Makedoniyadan qovub, bu şahlığı zəif salmışdılar. Amma axeylərin və etoliyalıların xidmətlərinə baxmayaraq, onlara öz ərazilərini genişləndirməyə imkan vermədilər, Filippi lazımi dərəcədə zəif salmayınca, onun yaltaqlanmasına məhəl qoymayıb onunla ittifaqa girmədilər və Antioxun təzyiqlərinə əhəmiyyət vermədilər. Bütün ağıllı hökmdarlar necə hərəkət etməliydisə, romalılar da elə hərəkət edirdilər, belə ki, yalnız bu günün deyil, həm də sabahın qeydinə qalırdılar və var qüvvələri ilə çalışırdılar ki, mümkün ola biləcək bədbəxtliklərə tuş gəlməsinlər – vaxtında görülən lazımi tədbirlərlə bunu çox asanlıqla etmək olar; bədbəxtliklərin gəlməsini sadəcə olaraq durub gözlədikdə isə görülən heç bir tədbirin köməyi olmaz, zira son dərəcə zəifliyin axırı çarəsizlik olar.
Bu təqdirdə baş verənlər vərəmdə olduğu kimidir: həkimlər iddia edir ki, bu xəstəliyi müəyyən etmək olduqca çətin olsa da, sağaltmaq asandır, amma bu xəstəliyin vaxtı keçdikdə onu müəyyən etmək asan, sağaltmaq isə çətindir. Dövlət işləri də eynən belədir: əgər dərinləşməkdə olan tənəzzül vaxtında aşkar edilsə, hansı ki, bunu yalnız ağıllı hökmdar edə bilər, bundan asanlıqla qurtulmaq olar, əgər bunun vaxtı keçibsə, yəni bu artıq hamıya bəllidirsə, buna daha heç bir əlac olmayacaq.
Romalılar gələn bəlanı əvvəlcədən görüb, bunun müharibəyə səbəb olacağından ehtiyatlanaraq, dərhal fəaliyyətə başlayıb lazımi tədbirlər görürdülər, axı onlar bilirdilər ki, müharibənin qarşısını almaq mümkün deyil, bunu yalnız ləngitmək olar ki, bundan da düşmən faydalana bilər. Bununla əlaqədar onlar Filipp və Antioxla müharibəyə başlamağa qərar verdilər ki, sonradan onlarla İtaliya ərazisində hərb etmək məcburiyyəti qarşısında qalmasınlar. Romalılar onda hələ onların biri ilə olduğu kimi digəri ilə də baş verə biləcək müharibənin qarşısını ala bilərdilər, lakin onlar bunu etmək istəmədilər. İndiki müdriklərin mütəmadi olaraq təkrar etdikləri atalar sözləri romalıların xoşuna gəlmirdi, çünki insanın ancaq öz rəşadət və ehtiyatkarlığına ümid etməsi ağıllı iş hesab edilirdi: sən özünü hər şeyi yaxşılığa doğru dəyişən zamanın ixtiyarına burax. Lənglik isə nəyə desən gətirib çıxara bilər, axı zaman hər şeyi həm yaxşı, həm də pis tərəfə dəyişə bilər.
Bununla belə yenidən Fransaya müraciət edib görək o, mənim göstərdiyim şərtlərin heç olmasa bircəciyini həyata keçiribmi. Mən Karl barəsində deyil, Lüdovik barəsində danışacağam, zira o, İtaliyada hakimiyyəti daha çox saxlamışdı, buna görə də onun etdiyi hərəkətlər bizə daha yaxşı məlumdur və siz əmin olacaqsınız ki, o, əhalisi adət və dilinə görə bir-birindən fərqlənən ölkədə heç də hakimiyyəti qoruyub saxlamaq istəyində olan hökmdar kimi hərəkət etmədi. Kral Lüdovik İtaliya torpağına venetsiyalıların köməkliyilə girdi, onlar öz ərazilərini genişləndirməyə çalışdıqlarından göstərdikləri yardıma görə bütün Lombardiyanın yarısını tələb etdilər. Mən kralı belə bir razılaşmaya görə təqsirləndirmirəm: İtaliyaya heç olmasa bir ayağı ilə qədəm basmaq arzusunda olan, lakin burada heç bir müttəfiqi olmayan, xüsusən də Karlın ucbatından bütün qapıların Fransanın üzünə bağlandığı bir vaxtda o, başqa çıxış yolu olmadığından müttəfiqlik haqqında saziş imzalamağa məcbur olmuşdur. Hər halda əgər o, sonradan səhv buraxmasaydı onun bəxti daha çox gətirərdi. Lombardiyanı fəth etməklə o, Karlın dövründə Fransanın itirmiş olduğu nüfuzu dərhal geri qaytardı: Genuya fəth olundu, florensiyalılar, Mantuyanın markizi, Ferraranın hersoqu, Bentivolyi ailəsi, qrafinya Forli və Faentsin, Pezaronun, Rimininin, Kamerinonun, Pyombinonun, Lukkanın, Pizanın, Siyenanın hakimləri müttəfiqlik təklif etdilər – hamı Lüdovikə öz dostluğunu bildirməyə tələsdi. Venetsiyalılar məhz bu vaxt öz hərəkətlərindəki ehtiyatsızlığa əmin oldular: Lombardiyanın bir cüt şəhərindən ötrü onlar İtaliyanın üçdə iki hissəsini kralın sərəncamına verdilər.
İndi özünüz düşünün, əgər kral göstərilən qaydalara əməl etsəydi və kilsəninmi, venetsiyalılarınmı qorxuşundan onun himayəsinə sığınmaq məcburiyyəti qarşısında qalan çoxsaylı, lakin zəifləmiş müttəfiqlərin təhlükəsizliyini təmin etsəydi, öz üstünlüyünü nə qədər də asanlıqla möhkəmləndirərdi; onların köməkliyi ilə o, özünü hələ güclü olanlardan qoruyardı. Amma o, Milana daxil olcaq tərsinə hərəkət etdi: Romanyanın alınmasında papa Aleksandra köməklik göstərdi, bununla da öz hakimiyyətini zəiflətdiyini, müttəfiqlərdən uzaqlaşdığını və özünün himayə altında bulunduğunu görmədi, üstəlik, onsuz da güclü dini hakimiyyətə malik olan papaların dünyəvi hakimiyyətinin möhkəmlənməsinə də əhəmiyyətli dərəcədə yardım etdi. Birinci səhvi buraxmaqla o, bu yolun ardını getməyə məcbur oldu və məcburiyyət qarşısında İtaliyaya gəldi ki, Aleksandrın şöhrətpərəstlik üstündə bərqərar olan niyyətlərinin qarşısını alsın və onun Toskananı istila etmək cəhdlərinə əngəl törətsin. Amma, görünür, Lüdovikə kilsənin hakimiyyətini möhkəmləndirmək və müttəfiqləri ilə aranı vurmaq az olmuşdu: Neapol krallığına yiyələnmək arzusunda bulunaraq, bunu İspan kralı ilə bölüşdürdü, yəni şəxsən özünün hökmranlıq etdiyi İtaliyaya, özü ilə eyni gücə malik olan rəqibi dəvət etdi, yəqin ona görə ki, narazı olanlar və şöhrətpərəstlər kiminsə himayəsinə sığına bilsin. Ona xərac verə biləcək kralı qovaraq, o, onun özünü qovmaq iqtidarında olan bir hökmdarı krallığa dəvət etdi.
Əlbəttə, ərazilər almaq cəhdi təbii və adidir; bu işdə öz imkanlarını nəzərə alan adamları hamı ya təqdir edər, yaxud da heç olmasa qınamaz. Qınağa layiq olan səhvləri isə o adam buraxır ki, o, öz imkanlarını nəzərə almır və nəyin bahasına olursa olsun ərazilər fəth etməyə can atır. Fransa öz qüvvəsiylə Neapola yiyələnmək iqtidarında olsaydı buna cəhd edə bilərdi, lakin o, bunu bölüşdürmə yolu ilə etməyə səy göstərməməliydi. Əgər Lombardiyanın venetsiyalılarla birgə bölüşdürülməsinə, kralın heç olmasa İtaliyada məhkəmlənməsinə kömək etmiş bir iş kimi haqq qazandırmaq olsa da, ikinci bölüşdürməyə heç bir hacət olmadığından, bu yalnız qınağa layiqdir.
Beləliklə, kral bütövlükdə beş səhv buraxdı: daha zəif hökmdarı qovdu, İtaliyanın daxilində güclü hökmdarın hakimiyyətinin möhkəmlənməsinə köməklik göstərdi, ora özü ilə eyni gücə malik olan yadellini dəvət etdi, köçüb İtaliyada qalmadı, orada koloniyalar təşkil etmədi.
Əgər o, altıncı səhvi buraxmasaydı və venetsiyalıların torpaqlarına əl uzatmasaydı, sağlığında etdiyi o beş səhv bəlkə də onun üçün bu qədər fəlakətli olmayacaqdı. O, hələ kilsənin nüfuzunu artırana və ispanları dəvət edənə qədər gərək Venetsiyanın odunu alaydı; bu iki səhvi etdikdən sonra o, gərək Venetsiyanın yenilməsinə imkan verməyəydi. Kifayət qədər güclü qalmaqla o, Lombardiyanın işğal olunmasına maneçilik törədərdi – hər şeydən öncə ona görə ki, özü buna iddialıydı, bundan əlavə Lombardiyanın Venetsiyaya qismət olmasından ötrü heç kim Fransaya qarşı müharibəyə başlamaq istəməzdi, Fransa və Venetsiyaya qarşı eyni bir vaxtda müharibə aparmağa isə heç kim cürət etməzdi. Əgər kimsə mənə öz etirazını bildirib, iddia etsə ki, müharibə olmasın deyə Fransa Romanyanı Aleksandra, Neapolu isə ispan kralına güzəştə getdi, mən bunu yenə həminki dəlillərlə təkzib edəcəyəm: müharibə qaçılmaz olduqda müharibə olmasın deyə nizamsızlığa yol vermək olmaz, burdakı üstünlüyü isə əldən vermək olar. Əgər hər kim etiraz etsə ki, kral, papaya kral nikahının ləğv edilməsi və Ruan arxiyepiskopuna kardinal rütbəsinin verilməsi əvəzində Romanyanın istila edilməsinə kömək göstərəcəyini vəd etdiyinə görə sıxışdırılmışdı, mən buna o fəsildə cavab verəcəyəm ki, orada söhbət hökmdarların vədləri və onların icra edilməsi yolları haqqında gedəcək.
Beləliklə, kral Lüdovik yalnız, istila etdikləri ölkələri özlərində saxlamaq istəyində olan hökmdarların əməl etdikləri qaydaları pozduğundan Lombardiyanı itirdi. Bu isə təəccüb doğurmur, əksinə, hər şey təbii və tamamilə qanunauyğundur. Bu barədə mən Valentino (papa Aleksandrın oğlu Çezare Bordcanı belə bir sadə dildə çağırırdılar) Romanyanı fəth etdiyi bir vaxtda, Nantda Ruan kardinalı ilə danışmışam: kardinal qeyd etdi ki, italyanlar hərb sənətindən yaxşı baş çıxarmırlar, mən cavab verdim ki, fransızlar da düzgün siyasət yürüdə bilmirlər, əks təqdirdə onlar kilsənin bu qələr güclənməsinə imkan verməzdilər. Təcrübə göstərdi ki, kilsə və İspaniya Fransanın köməkliyi ilə İtaliyada sahiblik etdikləri əraziləri genişləndirdi, Fransa isə onların ucbatından orada hər şeyini itirdi. Buna əsasən nəticə çıxarmaq olar ki, bunun da doğruluğu dəfələrlə sübut olunub: özgənin qüdrətini artıranlar sonda fəlakətə düçar olurlar, axı bu bacarıq və güc hesabına başa gəlir, bu iki şey isə qüdrət sahibi olan adamda inam doğurmur.
IV FƏSİL
DARANIN İSGƏNDƏR TƏRƏFİNDƏN FƏTH OLUNMUŞ DÖVLƏTİ NƏ ÜÇÜN BU ŞƏXSİN ÖLÜMÜNDƏN SONRA İSGƏNDƏRİN XƏLƏFLƏRİNƏ QARŞI QİYAM QALDIRMADI
İstila olunmuş dövlət üzərində hakimiyyətin qorunub saxlanılmasının nə qədər çətin olduğunu araşdırdıqdan sonra, bir neçə ilə Asiyanı fəth edən və tezliklə dünyasını dəyişən Böyük İsgəndərin qurduğu dövlət bütünlüklə, gözlənilənin əksinə olaraq nəinki dağıldı, hətta dinc surətdə onun xələflərinə qaldı, onlar isə aralarındakı şöhrət düşgünləri istisna olmaqla, bu dövlətləri qayğı bilmədən idarə etdilər. Bunun izahını vermək üçün qeyd etmək lazımdır ki, təkbaşına idarə edilən bütün dövlətlər, xadimlərlə əhatələnmiş hökmdar tərəfindən idarə edilən və baronlarla əhatələnmiş hökmdar tərəfindən idarə edilən dövlətlərə bölünür. İdarəetmədə hökmdara kömək edən xadimlərin dövlət idarəçsiliyində təmsil olunması onun lütfkarlığı və iltifatı sayəsində olsa da, baronların dövlət idarəçiliyində təmsil olunması hökmdarın iltifatı sayəsində deyil, onların ancaq qədim kökdən olmalarına görədir. Bu baronlar vərəsəlik yolu ilə əldə etdikləri ərazilərə, həm də onların ağalığını qəbul edən və bir qayda olaraq onlara bağlı olan təbəələrə sahibdirlər.
Dövləti xadimlərin köməkliyi ilə idarə edən hökmdarın hakimiyyəti daha güclüdür, axı bütün ölkədə təbəələr yalnız hökmdarı qəbul edir, amma onlar əgər xadimlərə də itaət edirsə, onda bu yalnız kübarlara və məmurlara münasibətdəki kimi olur, onlara qarşı da heç bir bağlılıqla müşahidə olunmur.
Türk sultanı və Fransa kralının idarəçilik üsullarını bizim dövrümüzdə ayrı-ayrı idarəetmə üsullarına nümunə kimi göstərmək olar. Türk monarxiyası yalnız hökmdarın tabeçiliyindədir; Dövlətdə təmsil olunan digərləri isə onun xidmətində bulunan xadimlərdir; ölkə sancaqlara, yəni vilayətlərə bölünür ki, sultan da bunların hər birinə canişin təyin edir, lazım bildikdə də özü onların yerini dəyişir və onları başqasıyla əvəz edir. Fransa kralını isə əksinə, çoxsaylı zadəganlar nəsli əhatə edir ki, onları da öz təbəələri qəbul edir və sevir, bundan əlavə onlar imtiyazlara malikdirlər, kral bu imtiyazları məhdudlaşdırdıqda bunun cəzasını çəkir.
Əgər bu dövlətləri müqayisə etsək, görmək olar ki, sultanın dövlətini almaq daha çətindir, lakin aldıqdan sonra saxlamaq asandır; əksinə Fransa kimi dövləti nisbətən asanlıqla almaq olsa da, saxlamaq xeyli çətindir. Sultanın dövlətini almaq ona görə çətindir ki, istilaçı heç hansı yerli hökmdarın onu köməyə çağırmasına ümid etmir, yaxud ona görə ki, sultana yaxın olan adamların hiddətlənməsi hakimiyyətin ələ keçirilməsini çətinləşdirir. Bizim yuxarıda dediyimiz kimi sultanın yaxın adamları onun yanında nökər kimi bulunur, bir halda ki, onların malik olduğu hər şey yalnız onun iltifatı sayəsindədir, onları ələ almaq çətindir, lakin hətta ələ alınsalar belə onlardan bir xeyir götürmək çətin olardı, axı yuxarıda göstərilən səbəbə görə onlar xalqı öz arxalarınca apara bilməzlər. Beləliklə, kim ki, sultanın üstünə hücum etmək istəyir, gərək ümumi müqavimətlə rastlaşacağına hazırlaşsın, həm də öz gücünə daha çox bel bağlasın, nəinki özgələrin haqq-hesab çəkməsinə.
Lakin sultan əgər məğlubiyyətə uğradılıbsa və onun qoşunu açıq döyüşdə tamamilə darmadağın edilibsə, istilaçı sultanın yaxın qohumlarından başqa heç kəsdən ehtiyat etməyə bilər. Əgər onlar da məhv edilibsə, təbəələri daha öz tərəfinə çəkməyə bir adam qalmadığından, artıq heç kəsdən qorxmamaq olar: necə ki, qələbəyə qədər xalqın köməyinə bel bağlamağa dəyməzdi, eləcə də bundan sonra ondan qorxmağa dəyməz.
Fransaya bənzər dövlətlərdə başqa cür olur: bura hər hansı bir baronla əlbir olub, soxulmaq çətin deyil, belə ki, onların aralarında həmişə narazı və dəyişikliklərə can atan adamlar tapmaq olar. Bu səbəblərə görə onlar istilaçının ölkəyə girməsinə şərait yarada bilər və onun qələbəsini asanlaşdırar. Amma belə ölkədə hakimiyyəti saxlamaq çox çətindir, çünki təhlükə həm bu işə kömək göstərənlərdən, həm də silahlı qüvvələr vasitəsilə məğlub edilənlərdən gələ bilər. Bu təqdirdə kralın nəslini kəsmək azdır, axı yeni qiyamlara məmnuniyyətlə başçılıq edə biləcək baronlar həmişə qalır, amma onların tələblərini ödəmək, özlərini isə məhv etmək mümkünsüz olduğundan, onlar ilk əlverişli məqamda hakimiyyəti götürəcəklər.
Daranın hökm sürdüyü dövlət üzərinə qayıtdıqda biz görürük ki, o, sultana məxsus olan dövlətə bənzəyir, buna görə də İsgəndər Daranın qoşunlarını açıq döyüşdə tamamilə darmadağın edib, onu məğlubiyyətə uğratmalı idi. Belə bir qələbədən və Daranın həlakından sonra, yuxarıda göstərilən səbəbə görə o, öz hakimiyyətinin sarsılmazlığından narahat olmaya bilərdi. Onun xələfləri də, həmçinin bir-biriləriylə mehriban dolanıb, sakitcə hökm sürə bilərdilər: onların dövlətlərində özlərinin yaratdıqları problemlərdən savayı, heç vaxt ayrı bir fəsad ortaya çıxmayıb.
Əksinə, Fransanın dövlət quruluşuna bənzər ölkələrdə hökmdar belə qayğısızcasına hökm sürə bilmir. Ərazisində çoxlu sayda kiçik hökmdarları olan İspaniya, Fransa və Yunanıstanda romalılara qarşı mütəmadi olaraq iğtişaşlar olurdu. Romanın əvvəlki quruluşu meydana çıxana qədər onun hakimiyyəti hələ davamlı deyildi; amma bu unudulmağa başlandıqda romalılar öz qüvvələrindən və uzun müddət davam edən hökmranlıqlarından yararlanaraq öz hakimiyyətlərini bu ölkələrdə daha çox möhkəmləndirirdilər. Belə ki, sonralar, romalıların öz aralarında baş verən müharibələr dövründə, qarşıdurmada bulunan tərəflərin hər biri hansı əyalətdə ki, daha çox nüfuza malik idi, onları bu mübarizəyə cəlb etmişdi. Amma yerli əhali də, əvvəlki hökmdarlar da, hansı ki, məhv edildilər, romalılardan savayı heç bir hökmdar tanımadılar. Əgər bütün bunları nəzərə alsaq, İsgəndərin Asiya dövlətlərini öz əlində nə üçün belə asanlıqla saxlaması məlum olur, halbuki Pirr və bir çox başqaları almış olduqları ölkələri çox çətinliklə saxlayırdılar. Bu, qalibin suçaətinin çox və ya az olmasından deyil, zəbt edilmiş ölkələrin dövlət quruluşunun müxtəlifliyindən asılı idi.
V FƏSİL
İSTİLA OLUNMAZDAN ÖNCƏ ÖZ QANUNLARI İLƏ YAŞAYAN ŞƏHƏR VƏ DÖVLƏTLƏR NECƏ İDARƏ OLUNMALIDIR
Sərlövhədə göstərildiyi kimi, əgər istila edilmiş dövlət əzəldən bəri müstəqil olubsa və öz qanunları ilə idarə edilibsə, onlar üzərində hakimiyyəti saxlamağın üç yolu var. Birincisi, onu viran etmək, ikincisi köçüb orada yaşamaq, üçüncüsü vətəndaşlara öz qanunları ilə yaşamağa icazə vermək, bu halda onların üzərinə vergi qoyub, az qisminə idarəçilik işlərində yer vermək lazımdır ki, onlar hökmdara qarşı şəhərlərin dostluq münasibətində bulunmasına təminat verə bilsin. Bu cür inanılmış şəxslər yalnız hökmdarın sayəsində ixtiyar sahibi olduqlarını, həm də yalnız onunla bulunduqları dostluq münasibətinə görə və onun qüdrəti sayəsində güclü olduqlarını bildiklərindən istənilən yolla ona dəstək olacaqlar. Həmçinin müstəqil yaşamağa öyrənmiş şəhəri viran etmək arzusunda olmayacaqlar, çünki onun üzərindəki hakimiyyəti elə onun öz vətəndaşlarının köməkliyi ilə saxlamaq başqa bir üsula əl atmaqdan daha asandır.
Bunu Spartanın və Romanın timsalında görmək olar. Spartalılar Afina və Fivaya sahib idilər, bunlarda oliqarxiya təşkil edib, sonradan hər iki şəhəri itirdilər. Romalılar Kapuyada, Karfagendə və Numansiyada hakimiyyəti saxlamaqdan ötrü onları viran etdilər, bununla da öz hakimiyyətlərini saxladılar. Onlar da spartalılar kimi Yunanıstanda hakimiyyəti saxlamağa çalışırdılar, yəni orada oliqarxiyanı tətbiq edərək, onların müstəqilliyini və öz qanunları ilə yaşamaq imkanlarını əllərindən almadılar, lakin uğur da qazanmadılar, Yunanıstanı isə bütünlüklə itirməsinlər deyə orada bir çox şəhərləri viran etməli oldular.
Axı əslində, şəhərə yiyələnməkdən ötrü, onu viran etmək kimi digər etibarlı bir yol yoxdur. Əzəldən bəri müstəqil olan şəhəri zəbt edib, ona aman verəni şəhər özü bağışlamayacaq. Orada həmişə müstəqilliyə yetməkdən və əvvəlki qaydaların qaytarılmasından ötrü qiyam etməyə səbəb tapılacaq, axı nə vaxtın dəyişməsi, nə də təzə hakimiyyətin xeyirxahlığı bunları unutdura bilmir. Bütün cəhdlərə baxmayaraq, əgər vətəndaşları parçalayıb, pərən-pərən salmasalar, onlar heç zaman nə əvvəlki müstəqilliklərini, nə də əvvəlki qaydaları yaddan çıxarmayacaqlar və imkan düşən kimi bunları geri qaytarmağa səy göstərəcəklər, necə ki, Piza yüz il florensiyalıların hakimiyyəti altında qaldıqdan sonra bunu etmişdi.
Əgər şəhər, yaxud ölkə hökmdarın hakimiyyəti altında olmağa alışmışsa, ancaq əvvəlki hökmdarın nəsli kəsilmişdirsə, şəhər əhli elədə tez silaha sarılmayacaq, axı bir tərəfdən itaətdə bulunmağa adət etdiklərindən, digər tərəfdən isə əvvəlki hökmdar olmadığından, onlar nə təzəsini seçmək, nə də müstəqilliyə yetmək işində bir razılığa gələ bilməyəcəklər. Buna görə istilaçının onların rəğbətini qazanmağa, bununla da öz təhlükəsizliyini təmin etməyə vaxtı çatacaq. Respublikalarda isə həmişə daha çox adam, daha çox nifrət, daha çox qisas almaq yanğısı var: orada heç zaman əvvəlki müstəqillik yaddan çıxmır, çıxa da bilməz. Buna görə onlar üzərində hakimiyyəti saxlamağın ən yaxşı yolu həmin yerləri viran etmək, yaxud da bu yerlərə köçüb yaşamaqdır.
Darmowy fragment się skończył.