Czytaj książkę: «Ürəyimdən kimlər keçdi»

Czcionka:

Mustafa Çəmənli

ÜRƏYİMDƏN

KİMLƏR KEÇDİ

(xatirələr, esselər)

“Xatirə Ədəbiyyatı” silsiləsindən 37-ci kitab

XATİRƏLƏR

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

Sən mükafatını insanlığa xidmətdə ara,

Əbədi zövqü, təsəllini həqiqətdə ara.

A.Səhhət

Elə bir yaş dövrü gəlir ki, tez-tez keçib gəldiyin ömür yoluna boylanırsan, özün-özünə hesabat verirsən, olub-olmuşlar bircə-bircə xəyalında canlanır. Bəzən sevinirsən, bəzən kədərlənirsən. Qismət elə gətirib ki, mən ömrümü kitaba, kitabçılığa, nəşriyyat işinə sərf etmişəm. Hərdən düşünürəm: bəs bu şərəfli sahədə saç ağartmaqla nə qazanmışam, nə itirmişəm? Yəqin ki, ömrünü nəşriyyat işinə həsr etmiş bir çox həmkarlarım da elə mənim kimi düşünüblər və düşünürlər.

Elə bir il olmaz ki, qəzet-jurnal, radio-televiziya sahəsində çalışan insanların əməyi, zəhməti dövlətimiz tərəfindən dəyərləndirilməsin, müxtəlif mükafatlara, fəxri adlara layiq görülməsinlər. Bütün bunları, əlbəttə, ürəkdən təqdir edirik, ancaq jurnalistikanın bir qolu olan nəşriyyat işinə – bu sahədə çalışan redaktorlara, korrektorlara, poliqrafçılara – onların şərəfli zəhmətlərinə nə səbəbdənsə biganəlik var.

Bizim indiki Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə jurnalistika fakültəsinin üçüncü kursunda tələbələr ixtisas qrupuna bölünürdü. İnsafən ixtisas seçimi tam sərbəst və azad idi. Kim mətbuatın hansı sahəsini sevirdisə onu seçə bilərdi. O zaman tələbələrin bir qismi qəzetçilik, bir qismi radio-televiziya, bir qismi isə nəşriyyat işi üzrə ixtisas kursu keçirdi. Mən qəzet-jurnal sahəsini seçmişdim. Jurnalistika fakültəsinin tələbələri birinci kursdan başlayaraq seçdiyi ixtisasa görə, respublikanın qəzet və jurnallarında, radio-televiziyada, nəşriyyatlarda təcrübə keçərdi. Mən də təhsil illərində “Azərbaycan gəncləri”, “Bakı”, “Mingəçevir işıqları”, “Lenin yolu” qəzetlərində təcrübə keçmişdim və adını çəkdiyim bu mətbuat orqanlarında xeyli sayda yazılar dərc etdirmişdim.

Sovet dövründə jurnalistika fakültəsini bitirən gənclərin təyinatı ilə Mərkəzi Komitənin ideoloji şöbəsi məşğul olurdu. Çünki Sovet hökuməti ideoloji sahəyə xüsusi önəm verirdi və bu mətbuat daim onun nəzarətindəydi. Hər il bu şöbə jurnalistika fakültəsini təzəcə bitirmiş əlli nəfər gəncə sahib çıxmalı, onları ölkənin müxtəlif mətbuat orqanlarında, televiziya və radio verilişləri komitəsində yerləşdirməli idi.

Mən 1977-ci ildə universiteti bitirəndə məlum oldu ki, “Yazıçı” adlı yeni bir bədii ədəbiyyat nəşriyyatı açılıb. Beləliklə, mən də daxil olmaqla, ixtisas seçimimizdən asılı olmayaraq, 9 nəfər məzunun təyinatını yeri və ünvanı hələ bəlli olmayan “Yazıçı” nəşriyyatına verdilər. Beləcə, işsiz-gücsüz halda Bakının küçələrində veyllənir, yeni nəşriyyatın haçan fəaliyyətə başlayacağı günü səbirsizliklə gözləyirdik. Biz vaxtaşırı təzə xəbər sorağıyla Mətbuat Komitəsinə (Azərbaycan Dövlət Nəşriyyat Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi) gedər, orada bizi daha isti qarşılayan, nəşriyyatlar idarəsinin rəisi, yazıçı Əlfi Qasımovun xudmani otağına doluşardıq. O zamankı gənclik, əsərlərini oxuduğu yazıçı və şairlərə xüsusi rəğbət bəsləyər, az qala onu ideal şəxs hesab edərdi. Xüsusən əyalətdən gəlmiş gənclərdə əsərlərini oxuyub, o vaxta qədər ünsiyyətdə olmadığı yazıçılara, onların yaratdığı müsbət qəhrəmanlara qəribə, məhrəm bir simpatiya vardı.

Əlfi müəllim ortaboylu, qarayanız, gülərüz, əlli yaşlarında bir kişiydi. Bizimlə dostcasına davranırdı, darıxmamağı, səbirli olmağı tövsiyə edirdi. Mən orta məktəbdə oxuyanda indi adını xatırlaya bilmədiyim yaşıdım olan bir qızdan Əlfi Qasımovun yenicə çapdan çıxmış (1964) “Adilənin taleyi” romanını alıb, bütün gecəni yatmayıb oxumuşdum. İndi işə bax ki, romanını az qala birnəfəsə oxuduğum yazıçıyla üzbəüz dayanmışdım. Əlbəttə, mən xasiyyət etibarilə sən deyən də qılıqlı adam olmadığımdan bu barədə Əlfi müəllimə heç nə demədim.

O dövrdə Mətbuat Komitəsi indiki Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin binasında yerləşirdi. Mətbuat Komitəsinin sədri Marat Allahverdiyev idi. O, bütün sovetlər ittifaqında ən gənc nazir hesab olunurdu. Bu barədə Moskvada nəşr olunan bir jurnalda oxumuşduq. Marat Allahverdiyevin müavini nasir, tənqidçi, tərcüməçi Cəlal Məmmədov idi. Hərdən onun da qəbulunda olurduq. O da bizə darıxmamağı məsləhət bilmişdi. Nə isə, altı-yeddi aydan sonra hələ də binası olmayan “Yazıçı” nəşriyyatına Elxan Rəhimov adlı bir nəfəri direktor müavini təyin etdilər. Məlum oldu ki, Elxan Rəhimov bu çağa qədər “Gənclik” və “İşıq” nəşriyyatlarında direktor müavini vəzifəsində çalışmışdır. İndi isə Bakı ali partiya məktəbini bitirdiyi üçün onu yenicə açılmış “Yazıçı” nəşriyyatına müavin göndərmişdilər. Beləliklə, 9 nəfər gənc mütəxəssisin işə götürülmə əmrini Elxan Rəhimov verdi. Əlbəttə, o dövrdə bizi birdən-birə redaktor götürməzdilər. Redaktorluq savad və biliklə yanaşı, adamdan səriştə, təcrübə də tələb edir. Səriştəli redaktor olmaq üçün nəşriyyatlarda mərhələlərdən keçməlisən. Bu əsas mərhələlərdən biri də korrekturadır. Gərək korrektor işləyəsən ki, gözlərin əlyazmaları oxumağa, mətn üzərində iş aparmağa, orfoqrafik, üslub səhvlərini görməyə alışsın.

Lütfkarlıq edib məni də “Yazıçı” nəşriyyatına böyük korrektor vəzifəsinə götürdülər. Hələ nəşriyyatın öz binası olmadığından biz “Azərnəşr”in (indiki Standartbank) ikinci mərtəbəsində yerləşən çox geniş və işıqlı korrektura otağında otururduq. Çox çəkmədi ki, “Azərnəşr”in bir qrup əməkdaşı – Mustafa İsgəndərzadə, Vilayət Rüstəmzadə, Müzəffər Şükür, Cavad Zeynal, İsa Hümbətov, İsmayıl Vəliyev, Mehdi Mirkişiyev, Firuzə Rzabəyova, Zəkiyyə Qiyasbəyli, Səkinə Hüseynova, Fəridə Bakıxanova və başqaları “Yazıçı” nəşriyyatına köçürüldülər. O zaman “Azərnəşr”in direktoru mərhum Əjdər Xanbabayev idi. Onu “Azərnəşr”-in direktoru vəzifəsindən azad edib “Yazıçı” nəşriyyatına direktor təyin elədilər. Əlbəttə, Sovet dövründə əsasən siyasi ədəbiyyat nəşriyyatının direktoru olmaq gələcək vəzifə yüksəlişində mühüm pillə ola bilərdi. Yəqin, buna görə bu təyinat heç də onun ürəyincə olmamışdı, ancaq mərkəzdən belə məsləhət görəndən sonra nə etmək olardı? Yeni nəşriyyatı qurmaq üçün təcrübəli, peşəkar, işgüzar bir naşir lazımdı və Əjdər Xanbabayev də respublikada təcrübəli naşirlərdən hesab olunurdu. “Azərnəşr”ə qədər o, Elmlər Akademiyasının nəşriyyatında korrektor, redaktor, 1956-cı ildən isə baş redaktor vəzifəsində çalışmışdı. Əjdər müəllim nəşriyyat işini çox gözəl bilirdi. Savadlı və zövqlü bir insan idi. O, pedaqoji fəaliyyətlə də məşğul olurdu, ADU-nun (indiki BDU) jurnalistika fakültəsində nəşriyyat qrupuna nəşriyyat işindən dərs deyirdi.

Çox keçmədi ki, “Yazıçı” nəşriyyatı indiki AzərTACın binasında yerləşdi. Beləliklə, direktor, baş redaktor, baş redaktor müavinləri, mühasibat və kadrlar şöbəsi dördüncü mərtəbədə, redaksiyalar və onların əməkdaşları, istehsalat, korrektura şöbələri isə altıncı mərtəbədə qərar tutdu. Altıncı mərtəbədə “Yazıçı” nəşriyyatı ilə yanaşı, “Kitabsevərlər cəmiyyəti” də yerləşirdi. Cəmiyyətin sədri xalq rəssamı Tahir Salahovun bacısı Zərifə Salahova idi. “Kommunist” – indiki “Xalq qəzeti”nin redaksiyası, Jurnalistlər İttifaqı da bu binada fəaliyyət göstərirdi. Və biz hər üç təşkilatın əməkdaşları ilə tez-tez qarşılaşardıq. Şəxsən mənim “Kommunist” qəzetinin əməkdaşları Rafael Nağıyevlə, Hidayət Zeynalovla, yazıçı Əfqanla, sənətşünas İlham Rəhimli ilə, yazıçı-jurnalist Şükür Həbibzadəylə, Zəlimxan Yaqubla, Azərinformun əməkdaşı, tərcüməçi Akif Qəhrəmanlı ilə salam-kalamım vardı.

1978-ci ilin may ayında görkəmli şair Əliağa Kürçaylını “Yazıçı” nəşriyyatına baş redaktor təyin etdilər. O vaxta qədər Əliağa Kürçaylını müxtəlif ədəbi tədbirlərdə, vaxtaşırı şair Qabillə Hüsü Hacıyev küçəsində yanaşı gəzən görmüşdüm. Əliağa Kürçaylı ucaboylu, qartal baxışlı, sağlam vücudlu bir şəxs idi. İş əsnasında onu savadlı, sözübütöv, mövqeyi aydın bir insan kimi tanıyıb sevdik. Müəlliflərin əlyazmaları ilə yaxından tanış olan Əliağa müəllimin ərizələrin üstünə yazdığı dərkənarlar heyrət ediləcək qədər dəqiq və aydın olardı. Bunlar bizim adət etdiyimiz dərkənarlara bənzəmirdi, əlyazmanın məğzini açıqlayan, sabahkı taleyinə aydınlıq gətirən qısa, lakonik fikirlər idi. Azacıq qabağa gedərək özümlə bağlı bir faktı burada xatırlatmaq istəyirəm. Mən 1982-ci ilin tematik planına düşmək üçün ərizəmlə birlikdə əlyazmamı da nəşriyyatın ümumi şöbəsinə təqdim etmişdim – Mustafa Çəmənli imzası ilə. Şöbə əlyazmamı nəşriyyatın direktoru Əjdər Xanbabayevə təqdim edər. Direktor o zaman imzası çox da tanınmayan gənc bir yazarın qovluğundan üç qrankalıq kiçik bir hekayəni oxuyub təsirlənər və hətta baş redaktorun otağına keçib hekayəni ona da oxutdurar. Əliağa Kürçaylı da mənim 1971-ci ildə qəlibçi işlədiyim “Paris Kommunası” adına zavodun həyətində fasilə vaxtı yazdığım o üç qrankalıq “Ləpirlər” hekayəmi bəyənər. Əjdər Xanbabayev bununla da kifayətlənməz, daha yaxından tanıdığı, “Azərnəşr”də bir yerdə işlədiyi İsmayıl Vəliyevi daxili telefonla yanına çağırıb “Ləpirlər” hekayəsinin müəllifini tanıyıb-tanımadığını soruşar. İsmayıl Vəliyev: – Əjdər müəllim, Mustafa Çəmənli bizinən bir yerdə işləyir, – deyər.

– Bəs mən onu niyə tanımıram?

– Siz onu Mustafa Mustafayev kimi tanıyırsınız.

Əjdər müəllim:

– Təvazökarlığa bax ey… – deyir.

Bu xəbəri mənə dördüncü mərtəbədən altıncı mərtəbəyə qalxan, əziz dostum İsmayıl Vəliyev gətirmişdi. İndi bəlkə də bu söylədiklərim çox adi səslənir, o zaman isə ədəbiyyat adamının fikri ciddi qəbul olunurdu və bundan fərəh duyardıq.

Baş redaktor Əliağa Kürçaylının ərizəmin üstündəki dərkənarı isə daha çox uğurlu yolu xatırladırdı. Necə deyərlər, “Ləpirlər” hekayəmin ayağı sayalı oldu, kitabım plana düşdü. Beləliklə, 1982-ci ildə “Mənim dünyamın adamları” adlı ilk hekayələr kitabım on min tirajla nəşr olundu. “Ləpirlər” hekayəm isə sonralar Şahin Fazilin tərcüməsində puşti dilində Əfqanıstanda çıxan bir jurnalda nəşr olunmuşdu.

Baş redaktorun nəsr və poeziya üzrə iki müavini vardı. Yazıçı Vidadi Babanlı nəsr, şair Tofiq Bayram isə poeziya üzrə Əliağa Kürçaylının müavinləri idilər. Vidadi Babanlının “Həyat bizi sınayır” povestini mən hələ onuncu sinif şagirdi olanda oxumuşdum. Daha sonra onun “Vicdan susanda” romanı çap olundu və müəllifinə şöhrət gətirdi. “Yazıçı” nəşriyyatı fəaliyyətə başladığı ildə – 1978-ci ildə onun “Vicdan susanda” romanı 50000 tirajla nəşr olundu. Bir müavin kimi Vidadi Babanlı mənim “Meşə yeri” hekayəmi oxuyub, şəxsi fikrini bildirmişdi.

Tofiq Bayramla nəşriyyatda tez-tez görüşsək də, nədənsə onu həmişə xitabət kürsüsündə, gur səslə şeirlər söyləyən tribun şair kimi xatırlayıram:

Mən vuruşardım yenə vicdanını satanla,

Hər rütbəli nadanla, maskalı şarlatanla.

Məni boğan bir alçaq, tərif söyləsə əgər,

Ona aman versəniz, ruhum vulkan püskürər.

Tabutuma dəyməsin bir iblisin əlləri,

Canfəşanlıq etsə də, onu qaytarın geri.

Lakin bir bunu deyin: yalanlara dözmədi,

Cabbarlının, Müşfiqin halal mükafatını

Ləkəli əllərilə alanlara dözmədi.

Tofiq Bayram baş redaktorun müavini vəzifəsində hardasa bir il işlədi. Bir müddət sonra bu vəzifəyə şair Məmməd İsmayıl təyin olundu. Məmməd İsmayıl “Yazıçı” nəşriyyatına “Azərbaycanfilm” kinostudiyasından gəlmişdi. Bədii ədəbiyyat şöbəsinə Mustafa İsgəndərzadə, ədəbiyyatşünaslıq, tənqid və publisistika şöbəsinə Zəkiyyə Qiyasbəyli, bədii tərcümə redaksiyasına Vilayət Rüstəmzadə, incəsənət şöbəsinə Sabir Rüstəmxanlı, korrektura şöbəsinə Mahnur Muradova, bədii tərtibat şöbəsinə Fədlun Əfəndiyev rəhbərlik edirdi.

Korrektura şöbəsinin müdiri Mahnur Muradova çox təcrübəli korrektor idi. Adamla söhbət edə-edə qarşısındakı mətndəki səhvi dərhal görür və xətt çəkərək səhifənin kənarlarında düzəlişlər edirdi. Mən bütöv bir səhifəni az qala bir baxışla oxumaq qabiliyyətini bir də yazıçı Cəmil Əlibəyovda görmüşdüm. Bu cür müsbət keyfiyyətlər uzun illərin təcrübəsinin nəticəsiydi.

Nəşriyyatda işlədiyim ilk çağlar idi. Bir gün korrektura şöbəsinin müdiri yazıçı Ənvər Yusifoğlunun “Düşmənimin düşməni” romanının tikilmiş blokunu mənə verdi ki, kontrol oxuyum. Roman on beş min tirajla çap olunmuşdu, sadəcə olaraq üz qabığına yerləşdirilməmişdi. Əsəri oxuyanda gözdən qaçmış qırxa qədər orfoqrafik səhv tapdım. Tapdığım səhvin biri o zaman üçün bağışlanmazdı. Romanda təxminən belə bir cümlə vardı ki, qardaşlar dava başlayana qədər çaylaqda işləyirdilər. İşləyirdilər sözündə “l” hərfi düşmüşdü.

Mən düzəlişlərimi şöbə müdirinə, o da direktora vermişdi. Hətta düzəlişləri kitabın başqa blokuna da köçürtdürüb Mətbuat Komitəsinə göndərmişdilər. O zaman mən adi hesab etdiyim bu işə belə ciddi yanaşılacağını əvvəlcədən bilməmişdim. Sonda belə qərara gəlindi ki, “işəyirdilər” sözünün “ə” hərfi qaralansın ki, oxucu oxuya bilməsin. Beləcə on beş min nüsxə kitabda nəşriyyatın və “Qızıl Şərq” mətbəəsinin kollektivi “düzəliş” etmişdi. Bu hadisə mənim yadıma jurnalistika fakültəsində oxuduğum dövrdə tələbələr arasında danışılan bir əhvalatı saldı. Söyləyirdilər ki, Məmməd Səid Ordubadi hansısa qəzetin redaktoru imiş. Qəzetdə bir tikiş fabrikinin işindən söhbət gedirmiş. Diqqətsizlik üzündən “tikiş” sözü təhrif olunur. Neçə min tirajla çap olunmuş qəzeti nə köşklərdən, nə də abunəçilərdən geri almaq mümkün olası iş deyildi. Belə halda ən yaxşısı susmaq olsa da, redaksiya qaş qayırdığı yerdə, vurub göz də çıxarmışdı. Sabahkı nömrədə düzəliş vermişdi ki, bəs, hörmətli oxucular, dünən qəzetimizdə “tikiş” əvəzinə filan söz gedib, xahiş edirik onu bu cür oxuyun. Beləliklə yanlış, həm də dodaqqaçıran söz daha da tirajlanmışdı.

Bunları yazmaqda məqsədim bəzən bir sözün, hərfin, vergülün necə bir yanlışlığa gətirib çıxartdığını göstərməkdir. Kitab uzunömürlüdür, müasirlərimizin gələcək nəsillərə ərməğanıdır. Yanlış sözlər, düzgün olmayan fikirlər, mühakimələr bumeranq kimi qayıdıb müəllifə, naşirə, bəzən isə millətə dəyir. Böyük Məhəmməd Füzuli yazırdı ki:

Söz mənadan asılıdır, məna sözdən hər zaman,

Bir-birindən asılıdır necə ki, cismilə can.

Buna görə nəşriyyatlarda redaktə və korrekturaya çox dəyər verilirdi. Bu şərəfli və ağır işdə hər adam sona qədər duruş gətirə bilməz. Ancaq kitabı, kitabçılığı sevən, saatlarla oturmağı, gözləri qıyılana qədər əlyazmaları oxumağı bacaranlar, müəlliflərlə işləməyə hövsələsi olanlar nəşriyyatlarda şərəflə qocala bilərlər.

* * *

1979-cu ildə bizim sevimli baş redaktorumuz ağır xəstələndi – xərçəngə mübtəla oldu. Adam inana bilmirdi ki, xəstəlik az bir vaxtda ucaboylu, sağlam bədənli, gözəl vücudlu, qartal baxışlı baş redaktorumuzu – Əliağa Kürçaylını sınıxdırıb haldan salar. İlk vaxtlar xəstəlik hələ onu yatağa sala bilməmişdi. Bir gün işin axırına yaxın daxili telefon zəng çaldı. Götürdüm:

– Eşidirəm, Əliağa müəllim.

– Nəşriyyatda kuryerlərdən kim var?

– Heç kəs yoxdu, Əliağa müəllim, nə lazımdır?

– Yazıçılar İttifaqına kitab göndərəcəkdim.

– Mən apararam, Əliağa müəllim, – deyib tez dördüncü mərtəbəyə düşüb onun otağına getdim. Bilirdim ki, onun “Bütövlük” kitabını Dövlət Mükafatına təqdim ediblər.

Əliağa müəllim iri zərfə qoyulmuş “Bütövlük” kitabını mənə verdi və “Sənə əziyyət verirəm” deməyi də unutmadı.

– Nə əziyyət, Əliağa müəllim, çox xoşdu, – dedim, – inşallah, Dövlət mükafatı da alacaqsınız!

Heç nə demədi. Mehriban baxışları üzümə dikildi. Bu sətirləri yazan zaman onun mənə zillənmiş baxışlarını indi də hiss edirəm. Onun mənalı və kədərli baxışları əcəlin lap yaxında olduğundan soraq verirdi. O anda belə istedadlı, sağlam bir şairin qəfil ağır xəstəliyə düçar olmağına təəssüflənirdim. Əlbəttə, Əliağa müəllim ürəyimdən nələr keçdiyindən xəbərsiz idi. Yəqin ki, yaddaşımda müğənni Flora Kərimovanın ifasında səslənən mahnısından da! Axı bəstəkar Emin Sabitoğlunun “Belə ola həmişə” mahnısının mətni ona aid idi.

Pəncərəmə uzanan

Yaşıl-yaşıl əldimi?

Yarpaqlar ilk baharın

Salamına gəldimi?

Seyr elə bu lövhəni,

Doğrudan gözəldimi?

Dayanmışıq səninlə

Qoşa, üzü günəşə,

Belə ola həmişə!

Nəsə, Əliağa müəllimin kitabını aparıb Yazıçılar İttifaqına verdim. Bir müddətdən sonra Əliağa müəllim işə çıxmadı. Yəqin ki, yaddaşımızda əvvəlki görkəmində qalmaq üçün işə gəlmədi daha. O gündən otağına nə girən oldu, nə də çıxan. 1980-ci il fevralın 11-də Əliağa müəllimin vəfatı xəbərini eşitdik. Ancaq necə deyərlər, bu acı xəbərin sazağı ötüb keçməmiş onun sevimli qızı Ülkərin özünə qəsd etdiyi xəbərini eşitdik. Bu, çox sarsıdıcı bir xəbər idi. Ülkər özünü dənizə atmışdı. Bu özünəqıyma ataya olan övlad məhəbbətinin son həddiydi. Ülkər xanım istedadlı bir gənc idi. Ədəbi yaradıcılıqla məşğul olurdu. Dövri mətbuatda hekayələri çap olunurdu. Heyf ki, ömrü yarıda qırıldı.

* * *

Əliağa Kürçaylının dəfnindən bir müddət sonra incəsənət redaksiyasının müdiri Sabir Rüstəmxanlı “Yazıçı” nəşriyyatına baş redaktor təyin olundu. Sabir Rüstəmxanlı o zaman artıq istedadlı şair və publisist kimi tanınırdı. “Yazıçı”ya “Ədəbiyyat və incəsənət” qəzetindən gəlmişdi. Lenin komsomolu mükafatı laureatı, filologiya elmləri namizədiydi. Ən əsası, həssas, səmimi, qətiyyətli, qərəzsiz yoldaş idi. Adətən bu cür xasiyyətli adamlarla işləmək çox asan olur. Mən uzun illər onunla bir yerdə işlədim, onda kimsəyə qarşı ədəbi qısqanclıq görmədim.

Sabir Rüstəmxanlı baş redaktor olandan bir qədər sonra nəşriyyatda struktur dəyişiklikləri oldu. Baş redaktorun müavinləri vəzifəsi ixtisar olundu, İncəsənət redaksiyası “İşıq” nəşriyyatının tabeliyinə verildi. İncəsənət şöbəsi əvəzinə klassik ədəbiyyat və folklor şöbəsi yaradıldı və ədəbiyyatşünaslıq, tənqid və publisistika redaksiyasında redaktor işləyən İsmayıl Vəliyev bu redaksiyaya müdir təyin olundu. Çox keçmədən məni də bu redaksiyaya redaktor keçirdilər.

İsmayıl Vəliyevlə də işləmək çox asan idi. Onu istedadlı, zəhmətkeş, savadlı bir gənc kimi hələ jurnalistika fakültəsində oxuduğu çağdan tanıyırdım. Bir müddət onunla yataqxanada da qalmışdıq. Doğrusu, yarım saat da olsa vaxt tapıb gündə yaradıcılıqla məşğul olmaq vərdişini də onun sayəsində qazanmışdım. Vaxtını boş-boş işlərə sərf edənlərdən deyildi. Daim öz üzərində çalışardı. Şeirlər, uşaqlar üçün hekayələr, məqalə və oçerklər yazırdı. Dissertant idi. “Ədəbi portret: onun funksiyası və tipologiyası” adlı elmi iş üzərində işləyirdi. Nəşriyyat işini yaxşı bilən İsmayıl Vəliyevin sonralar “Redaktənin əsasları” adlı dərslik yazması heç də təsadüfi deyildi.

* * *

1980-ci ildə Yasamal rayonunda birinci katib vəzifəsində işləyən Nazim Sadiq oğlu İbrahimov Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsinə sədr təyin edildi. Düzü, bu təyinat nəşriyyat sistemində, ədəbiyyat və mətbuat aləmində, küncdə-bucaqda heç də birmənalı qarşılanmadı, hətta Yazıçılar İttifaqının 1981-ci il 12-13 iyun ayında keçmiş Dzerjinski klubunda keçirilən 7-ci qurultayında xitabət kürsüsündə bu təyinat məsələsini qabardanlar da oldu. Lakin çox keçmədi Nazim İbrahimov özünün fitri qabiliyyəti, böyük təşkilatçılıq bacarığı ilə sübut etdi ki, Mətbuat Komitəsinin sədri kimi heç də təsadüfi adam deyil. Əsas məsələ odur ki, qolunu çırmayıb can-dildən işləyəsən. Nazim İbrahimov Mətbuat Komitəsinə sədr təyinatından bir müddət sonra kollektivlə görüşmək üçün bizim “Yazıçı” nəşriyyatına da gəlmişdi. Biz hamımız dördüncü mərtəbədə direktorun otağına yığışmışdıq. Sədrimiz çox yaraşıqlı, qədd-qamətli bir kişiydi. Yer darısqal olduğundan çoxumuz ayaq üstəydik, bəziləri isə hətta içəri keçə bilməyib, gedişatı açıq qapının kandarından izləyirdi. Hansısa bayram ərəfəsi olduğu üçün kollektivimizin bəzi əməkdaşları, o cümlədən mənim də əməyim qiymətləndirilmişdi. Nazim müəllim mənə Mətbuat Komitəsinin fəxri fərmanını təqdim edəndə nə üçünsə:

– İnşallah, əlim yüngül olar, – dedi.

Onun bu sözünü alqışladılar. İclasdan sonra yoldaşlarım yarıciddi, yarızarafat dedilər ki, deyəsən, səni sədrə tapşırıblar, yəqin irəli çəkəcəklər.

Nazim İbrahimov Mətbuat Komitəsinin sədri işlədiyi müddətdə (1980–1989) kifayət qədər unudulmaz işlər gördü. O, ilk növbədə altıncı mikrorayonda komitənin tabeliyində olan işçilər üçün doqquzmərtəbəli bina, müasir tipli yataqxana, uşaq bağçası tikdirdi. Bununla da bir çox adamı, o cümlədən məni də yataqxana küncündən, kirəkeşlikdən qurtardı. İnsan üçün isti evdən gözəl nə var ki… Məncə, evin varsa, hər şeyin var. Əlbəttə, bu sözlərin gözü doymayanlara aidiyyəti yoxdur. Məhz Nazim İbrahimovun təşəbbüsü ilə “Gənclik” nəşriyyatında 50 cildlik Dünya Uşaq Ədəbiyyatı Kitabxanası, “Yazıçı” nəşriyyatında 100 cildlik Dünya Ədəbiyyatı Kitabxanası, 12 cildlik Azərbaycan Ədəbiyyatı İnciləri seriyalarından kitablar, Nizami Gəncəvinin “Xəmsə”si, L.N.Tolstoyun on dörd cildliyi nəşr olunmağa başladı. Nazim müəllim “Azərbaycan” nəşriyyatının Baş direktoru olduğu illərdə “Bakı”, “Zərifə Əliyeva”, “Bəxtiyar Vahabzadə”, “Üzeyir Hacıbəyov ensiklopediyası” (1996) kimi dəyərli albom-kitabların yazılmasının və çap olunmasının memarı oldu. Mənim üçün çox xoşdur ki, “Üzeyir Hacıbəyov ensiklopediyası” kitabının çoxsaylı müəlliflərindən biri də mənəm.

Bu ərəfədə nəşriyyata tanınmış simalardan da işə götürülənlər vardı. Seyfəddin Dağlı, Vaqif Səmədoğlu, Həmid Qasımzadə, Ağasəfa Yəhyayev, Oqtay Salamzadə və başqaları müxtəlif vəzifələrə işə götürülmüşdülər. Seyfəddin Dağlı ilə Vaqif Səmədoğlu mənimlə bir redaksiyada çalışırdılar. Bu adamlar dünyagörmüş, həyat təcrübəsi olan şəxslər idi. Onların adi məişət söhbətləri də maraqlıydı.

Seyfəddin Dağlı “Kirpi” kimi məşhur satirik jurnalın baş redaktoru olmuşdu. Mən onun Cəfər Cabbarlıya həsr etdiyi “Bahar oğlu” romanını məktəbli ikən oxumuşdum, “Kəcil qapısı” romanını da həmçinin. “Mənziliniz mübarək” pyesinin tamaşasına isə Azdramanın səhnəsində baxmışdım… Otaq darısqal olduğundan Seyfəddin Dağlı ilə Vaqif Səmədoğlu əlyazmaları evdə redaktə edirdilər. Bununla belə vaxtaşırı nəşriyyata gəlirdilər. Vaqif Səmədoğlu mənim uşaqlıqdan çox sevdiyim böyük şairimiz Səməd Vurğunun oğluydu. Şeirləri üslub və mövzu baxımından atasının poetik irsindən tam fərqliydi. Atasının sağlığında lap uşaq yaşlarından evlərində kimləri görməmişdi. Dövrünün bütün görkəmli ədəbiyyat və sənət adamları onların qonağı olmuşdu. Özünün dediyi kimi, biz Abdulla Şaiqin “Ala-bula boz keçi”sini dərslik kitablarından oxuyanda, Vaqif uşaq vaxtı yaxın qohumları olan Abdulla Şaiqin dizləri üstündə oturub bu şeirləri onun öz dilindən eşitmişdi. Əlbəttə, belə bir mühitdə böyüyüb tərbiyə almaq yaradıcı adam üçün xoşbəxtlikdir. Vaqif Səmədoğlu azad və sərbəst bir adamdı. Cibində daim meşin cildli bloknot, karandaş və pozan olardı. O, nəşriyyatın partiya iclaslarında belə, söz alıb danışmaz, bloknotunu çıxarıb nəsə yazar, nəyisə pozar, belə demək olarsa, partiyanın qərar və qətnamələrini unudub öz yaradıcılığı ilə məşğul olardı. Mən bir dəfə ondan iclas vaxtlarında nə yazdığını soruşdum. Cavabında dedi ki, ağlıma gələn misraları, qafiyələri qeyd edirəm, sonra bunları şeirə çevirirəm. Vaqif Səmədoğlu daim yazırdı, amma qətiyyən çap etdirməyə, kitabını nəşriyyatlardan birinin tematik planına saldırmağa can atmırdı. Bu da onda, çap olunmasa belə, istedadlı bir şair kimi heç zaman unudulmayacağına dərin inamdan doğurdu. Həm də qlavlitin mənasız sorğu-sualına cavab verməyə həvəsi yox idi. Doğrusu, Vaqif yaradıcılıqdan, şeirlərinin dəyərindən, yaxud da başqa bir şairin yaradıcılığı barədə, demək olar, danışmazdı. Ancaq o, nədən danışsaydı, maraqlıydı. Bir dəfə atasının 1952-ci ildə ölkə rəhbəri Mir Cəfər Bağırovun qəzəbinə tuş gəldiyini, buna görə də ev dustağı olduğunu bizə danışdı. Hətta Qazaxıstana sürgün olacaqları günü gözlədiklərini söylədi. Deyirdi ki, Səməd Vurğun özünü və ailəsini bu sürgündən xilas etmək üçün ev dustağı olan dövrdə “Za-manın bayraqdarı” poemasını yazmışdı. Vaqif heç kəsin qarasına söylənmədən onu da xatırlayırdı ki, o ağır gündə qorxudan qapılarını döyən də yoxmuş. Amma bir gün Xan Şuşinski böyük bir qazanda plov bişirtdirib, aşqarası ilə bir yerdə onlara göndəribmiş.

Yazıçı Manaf Süleymanov isə qəzəbə gəlmiş Səməd Vurğunla Mir Cəfər Bağırovun o ağır günlərdəki görüşünü belə xatırlayır: “… Mərkəzi Komitədə xüsusi şöbədə işləyən instruktor nəql edirdi ki, ÇEKA-dan xüsusi bir qovluq gətirdilər ki, bunu verərsiz kişiyə. Banderol bir neçə yerdən surquclanıb möhürlənmişdi. Novikova gəlib apardı.

Neçə gün sonra mən Bağırovun kabinetində mühüm bir işi yoxlaya-yoxlaya sənədləyirdim. Mir Cəfər arabir yaxınlaşıb sənədlərə, akt və kağızlardakı imzalara nəzər yetirirdi.

Xəbər verdilər ki, Səməd Vurğun gəlib. Mir Cəfər dedi: – Buraxın içəri.

Səməd kabinetə girdi. Mir Cəfər onunla görüşdü və soruşdu:

– Niyə yeni bir şey yazmırsan…

Səməd qollarını açdı:

– Vallah, ilham gəlmir, adamın əlləri…

– Əlləri işlətmək lazımdır, – Bağırov onun sözünü kəsdi, xəbər aldı, – niyə sən özünə Vurğun təxəllüsü götürmüsən, başqa ad qəhət idi?

Səməd soruşdu:

– Yoldaş Bağırov, icazə verirsiz hər şeyi olduğu kimi danışım?

– Danış, danış.

Səməd eşq macərasını nəql etməyə başladı. Mən də kağızlara baxa-baxa qulaq asırdım.

Mir Cəfər birdən səsini ucaltdı:

– Bəs deyirlər sən Vurğun təxəllüsünü simvolik götürmüsən. Əslində, türklərə, Türkiyəyə vurğunsan.

– Yalan deyirlər. İftiradır.

Xeyli söhbətdən və izahatdan sonra Bağırov dedi:

– Get ağlını yığ başına, yaz, – əli ilə stol üstündəki qovluğa işarə etdi, – bu, sənin haqqında yığılan materialdır. Hər şey hazır idi, mənim imzalamağım qalmışdı. Qol çəkmədim. Qərara gəldim əvvəl səninlə danışım. Get, yaz, yarat” (N.Cəfərov. “Dolan kəfkirim dolan”, B., “Yazıçı”, 1993, səh. 117–118).

Həyatın çox ibrətli, həm də qəribə təsadüfünə bax ki, Səməd Vurğun dəfn edilən gün bütün qəzetlər elan vermişdi ki, Sovetlər İttifaqı hərbi tribunalının hökmü icra edilib: “Bağırov Mir Cəfər Abbas oğlu güllələnib”.

Deyilənə görə, M.C.Bağırov güllələnəndə qışqırıb: “Daloy intriqa, dazdravstvuyet kommunizm!”

Vaqif Səmədoğlu foto azarkeşiydi. Yanında həmişə fotoaparat olardı. Nə zaman nəşriyyata gəlsəydi, otağa daxil olan kimi heç bir poza verdirmədən, çox vaxt elə iş prosesində şəklimizi çəkərdi. Əgər bu gün onun çəkdiyi şəkillər aşkarlansa, Allah bilir sayı neçə min olar və Allah bilir, onun fotoaparatlarında kimlərin şəkli yoxdur. Əslində, bu şəkillərin özü də əyani tarixdir.

Biz kənddən çıxmış gənclərdə hələ üzünü görməyib, xasiyyətinə bələd olmadığımız, amma məktəb və kənd kitabxanalarından əsərlərini əldə edib acgözlüklə oxuduğumuz yazıçılara, şairlərə qəribə bir heyranlıq, vurğunluq vardı. Biz kənd uşaqları təbiətlə təmasda, ünsiyyətdə böyümüşdük. Sadəlik və sadəlövhlük ruhumuza hopmuşdu. Bəzən, bəlkə də çox vaxt, yaradıcılıqla şəxsiyyətin üst-üstə düşməməsini ağlımıza belə gətirmirdik. Biz yaradıcı adamları ideallaşdırırdıq və ideal görmək istəyirdik.

Görkəmli Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes belə bir fikir söyləyib ki, külək olmasaydı, dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı, heç nə. Doğrusu, mən böyük yazıçının bu fikri ilə qətiyyən razılaşa bilmərəm. Allah bilir Markes bu fikrini kefinin hansı vaxtında deyib. Yox, böyük yazıçı məni bağışlasın, ədəbiyyat olmasaydı, insanda bəşəri duyğular, ali hislər, yüksək mənəviyyat, kamillik, fəzilət və s. dəyərlər olmazdı. Çox şeylərdən, çox-çox mənəvi dəyərlərdən uzaq düşər, qəlbi, ruhu yoxsul insan sürüsü olardıq. Şəxsən bir insan olaraq məndə nə müsbət keyfiyyət varsa, öncə valideynlərimə, qan yaddaşıma və yazarlarımıza, musiqimizə borcluyam. Mən Vətəni geniş anlamda Səməd Vurğunun “Azərbaycan” şeirini oxuyub əzbərləyəndən sonra sevmişəm.

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən.

Anam, doğma vətənimsən.

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan?!

Elə bir azərbaycanlı olarmı ki, “Azərbaycan” şeirini oxuyanda qəlbi coşmasın?!

Vətən əcdadımızın mədfənidir,

Vətən – övladımızın məskənidr.

Vətəni sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

– söyləyən Abbas Səhhətin bu əbədi vəsiyyətini hansı azər-türk övladı unudar?! Sovet dövründə, İranla Şimali Azərbaycan arasında quş da uça bilmədiyi bir vaxtda Mirzə İbrahimovun “Gələcək gün”ü, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”i, Pənahi Makulunun “Səttar xan”ı, Süleyman Rüstəmin cənub şeirləri – məşhur “Təbriz”im şeiri, Şəhriyarın “Heydərbabaya salam” poeması və s. əsərlər olmasaydı, Cənub həsrətiylə yanardıqmı? O taydakı şəhərlərimizdə, kəndlərimizdə yaşayan dili bir, qanı bir soydaşlarımızdan xəbərimiz olardımı? Qətiyyən! İndi yüz minlərlə soydaşımızın Təbriz stadionunda al bayrağımıza sarınıb, “Qarabağ bizimdi, bizim olacaq!” – deyə hayqırması bu ayrılıq həsrətimizin əks-sədasıdır.

İndi Allahımın lütfü ilə mən gəlib elə bir nəşriyyata düşmüşdüm ki, adını eşitdiyim, kitablarını oxuyub zövq aldığım sənətkarların bir çoxunu canlı görür, ünsiyyətdə olur, əsərlərinin əlyazmasını redaktə edir, fikir bölüşür, mübahisə edir, bəziləri ilə də çiyin-çiyinə işləyirdim. Mən həyatda olmayan hər hansı müəllifin əsərini oxuyanda redaktor kimi, bir növ özümü onun mənəvi vəkili, varisi hesab edirdim, bu gün də belədir. Əlimi ürəyimin üstünə qoyub inamla deyə bilərəm ki, onların əsərlərinə kiçicik bir xətər toxunmasına belə heç vaxt yol verməmişəm, əksinə, daha nəfis, qüsursuz çıxmasına çalışmışam. Çünki redaktoru olduğum hər bir dəyərli kitaba bu günümüzün həqiqətlərini, müasirlərimizin duyğu-düşüncəsini, dünyagörüşümüzü və i. və s. keyfiyyətləri gələcəyə daşıyan və səhifələrində yaşadan əvəzsiz xəzinə kimi baxmışam. Xalq yaxşı deyib ki, qələm yazanı qılınc poza bilməz. Bunu anlayanlar üçün nəşriyyatda işləmək məsuliyyətli və şərəfli işdir.

Mən burada uzun illər ərzində korrektoru, redaktoru olduğum bütün kitablar və onların müəllifləri barədə yazmayacağam. Olub-olmuşların hamısını yada salıb qələmə almaq elə də asan iş deyildir. İkinci bir tərəfdən, hər şey haqqında danışmağa dəyməz.

Nəşriyyatın rəhbərliyi əməkdaşlarından kimin nəyə qadir olduğunu özü üçün çox tez müəyyənləşdirirdi. Mənim də ədəbiyyata, incəsənətə, musiqiyə, teatra məhəbbətli olduğum çox tez üzə çıxmışdı. İlk müstəqil redaktə işlərimdən biri Azərbaycan teatrı tarixində müstəsna xidmətləri olan A.A.Tuqanovun “Teatr xatirələri” olmuşdu. Azərbaycan Teatr Cəmiyyətinin sifarişi ilə nəşr olunan bu kiçik həcmli, amma olduqca dəyərli kitabı nəşriyyatın korrektura şöbəsinin müdiri Mahnur Muradova tərcümə etmişdi. Bu kitabda görkəmli rejissorun xatirələrindən ayrı-ayrı fraqmentlər tərcümə olunmuşdu. Bu xatirələrdə A.A.Tuqanov Azərbaycana gəlişindən, böyük dramaturqumuz Cəfər Cabbarlı ilə dostluğundan, onun pyeslərinin səhnə təcəssümündən və başqa hadisə və əhvalatlardan söhbət açır.

Mənim o vaxtlar redaktoru olduğum kitablardan biri də görkəmli opera müğənnisi Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabıdır. Müğənninin kitabının əlyazmasını nəşriyyata onun oğlu Azər Sarabski atasının anadan olmasının 100 illiyi münasibəti ilə təqdim etmişdi. Lakin o zamankı qaydaqanuna görə gərək əsər oxunaydı, kənar müəlliflərə rəyə veriləydi, eyni zamanda nəşriyyat redaktorunun rəyi olaydı, bundan sonra nəşriyyatın tematik planına salınaydı. Tematik plan isə nəşriyyatdan sonra çoxlu mərhələlərdən keçirdi. Mətbuat Komitəsindən sonra Mərkəzi Komitədə də baxılırdı. Bundan sonra nəşr olunacaq kitabların planı təsdiq olunub çap edilirdi. Bu tematik planın çap olunmuş nüsxələri kitab ticarəti təşkilatlarına – Azərkitaba və Kəndkitaba, Kitabxana kollektoruna göndərilirdi. Çünki tirajı bu təşkilatlar müəyyənləşdirirdi. İkinci bir çətinlik də orasındaydı ki, o dövrdə kompüter yoxdu, əlyazmalarını linotipçi yığırdı (buna mətbəə dilində “qaryaçiy-nabor” deyilirdi). Bu çox uzun bir proses idi. Ona görə də redaktə edilib mətbəəyə göndərilən əlyazmalar kitab halında, bu günlə müqayisədə, həddən artıq gec işıq üzü görürdü. Nəsə, söhbət əsnasında Azər Sarabski mənə dedi ki, bəs, 40-cı illərin əvvəllərində atamı qlavlitə çağırırlar. Atam gedir qlavlitin böyüyünün yanına. Görür ki, Səməd Vurğun da buradadır. Qış ayı imiş. Qlavlitin rəhbəri Sarabskiyə irad tutur ki, kitabınızda varlılardan, qoçulardan, milyonçulardan çox danışmısınız, bu cür səhifələri ixtisar edin. Mübahisə qızışır. Sarabski hirslənib kabineti tərk edir. Mübahisənin bu mərhələyə çatdığını görən Səməd Vurğun “Köhnə Bakı”nın yeganə korrektura nüsxəsini götürüb paltosunun altında gizlədir. Belə bir təsadüf nəticəsində bu dəyərli kitab qorunub saxlanılır. Azər Sarabski onu da söyləmişdi ki, bu kitaba görkəmli rəssam Əzim Əzimzadə rəsmlər çəkibmiş. Söhbət əsnasında Azər Sarabskidən xəbər aldım ki, Əzim Əzimzadənin çəkdiyi rəsmlər sizdə varmı? – Yox, – dedi, – İncəsənət muzeyində olar.

Fikirləşdim ki, bu rəsmləri əldə edib kitabda versək, çox yaxşı olar, gec də olsa, haqq öz yerini tutar. Bu niyyətlə də Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinə getdim. Onda muzeyin direktoru Xalq rəssamı Kazım Kazımzadə idi. O zaman yaşıdım, sənətşünas Ziyadxan Əliyev də muzeydə işləyirdi. Niyyətimi ona dedim. O da Əzim Əzimzadənin köhnə Bakının etnoqrafik həyatını əks etdirən illüstrasiyaları mənə göstərdi. Doğrudan da, bu illüstrasiyalarda H.Sarabskinin kitabında təsvir etdiyi adət-ənənəmiz çox gözəl əks olunmuşdu. İllüstrasiyaların kitabın müvafiq səhifələrində yerləşdirilməsi kitabı daha da zənginləşdirərdi.

Mən nəşriyyata gəlib niyyətimi Əjdər müəllimə də bildirdim, etiraz etmədi. Beləliklə, Muzeydən Əzim Əzimzadənin vaxtilə “Köhnə Bakı” üçün çəkdiyi on iki illüstrasiyasının surətini pul köçürərək aldıq və kitaba əlavə etdik.

“Azərbaycan dilinin izahlı lüğəti”ndə redaktə sözü belə şərh olunub: “Redaktə – mətni yoxlayıb düzəltmək, sonuncu dəfə işləyib çapa hazırlamaq”. Bəli, hərfi mənada bu şərh doğrudur, ancaq redaktorun kimliyini, statusunu və redaktə işinin mahiyyətini, bütün funksiyalarını heç də tam ehtiva etmir. Mən bu xatirələrimdə qırx ilə yaxın nəşriyyatlarda çalışan bir naşir kimi redaktor və redaktənin nəzəriyyəsindən yox, yeri gəldikcə öz təcrübəmdən, redaktə prosesində qarşılaşdığım məsələlərdən söhbət açmaq istəyirəm. Auditoriyaya girib “redaktor – “redaktus” latın sözü olub sahmanlanmış, səliqəyə salınmış mənasını daşıyır” deməklə qətiyyən peşəkar redaktor yetişdirmək olmaz. Bu iş savaddan, bilikdən başqa, uzun illərin təcrübəsinə yiyələnməyi tələb edir. Bir də, dözüm, öz işinə sonsuz sevgi, məhəbbət. İşindən bezib usanacaqsansa, yaxşı heç nə əldə edə bilməzsən. Aşıq Alı yaxşı deyib:

İnsan sənətsiz,

Kişi qeyrətsiz,

Kamal ibrətsiz

Yamandır, yaman.

“Köhnə Bakı”ya həm də Hüseynqulu Sarabskinin “Bir aktyorun xatirələri”, “Hüseyn Ərəblinskinin tərcümeyi-halı” xatirəsini də daxil etmişdik. 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalında, 1930-cu ildə kitabça halında çap olunmuş “Bir aktyorun xatirələri” və 1938-ci ildə yazılmış “Hüseyn Ərəblinskinin tərcümeyi-halı”nda bir-birini təkrar edən məqamlar vardı. Bu təkrarları aradan götürmək lazım idi. Redaktorun borcudur ki, bu cür nəşrlərdə apardığı “əməliyyat” barədə “Redaktordan” başlığı altında oxucuları məlumatlandırsın. Mən də ön sözü əvəz edən bu bələdçi yazımda bu ixtisar məsələsinə toxunaraq yazmışdım: “Kitabın redaktəsi zamanı mümkün qədər müəllifin dil və üslubuna toxunulmamışdır. Ancaq əsərlər bir kitabda toplandığı üçün təkrar görünən müəyyən cümlə və fikirlər, hadisə və əhvalatlar ixtisar edilmişdir”.

Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabı 1982-ci ildə 50000 tirajla işıq üzü gördü.

Mən Sarabskinin xatirələrindən təsirlənib “Məcnunun məcnunu” adlı bir telepyes də yazmışdım. Cəsarət edib pyesi rəy bildirməsi üçün Vaqif Səmədoğluna vermişdim. Bir neçə gündən sonra Vaqif müəllim pyesi oxuyub özümə qaytardı. Məsləhət gördü ki, surətlərin sayını azaldım. Çünki surətlərin hamısı tarixi şəxsiyyətlər idi. Onların obrazlarını kiçik bir pyesdə canlandırmaq olduqca çətin idi. Mən onun məsləhətinə əməl etdim. Pyesi indiki AzTV-nin rejissoru Tariyel Vəliyevə verdim. O da oxuyub öz fikrini söylədi. Pisləməsə də, pyesin çəkilişi baş tutmadı.

Bu ərəfədə vəzifə dəyişiklikləri oldu. İsmayıl Vəliyev Mətbuat Komitəsində nəşriyyatlar idarəsinin rəisi təyin olundu. 1966-cı ildən bu vəzifədə çalışan Əlfi Qasımov Komitədə baş redaktor vəzifəsinə təyin edildi. Amma bu vəzifədə çox işləmədi. 1983-cü ildə Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsinə müdir göndərildi. Əlfi Qasımov çox həyatsevər, deyib-gülən, ailə və dostcanlı, məclislər yaraşığı olan bir insan idi. Toy-şənlik məclislərini aparmaqda ayrı bir məharəti vardı. Onun sonuncu “Toy gecəsi” romanı 1985-ci ildə “Yazıçı” nəşriyyatında 40000 tirajla nəşr olundu. Heyf ki, romanın ikinci hissəsini yazmağa Əlfi Qasımova əcəl aman vermədi, həmin ilin 12 martında 58 yaşında haqq dünyasına qovuşdu.

İsmayıl Vəliyevdən sonra klassik ədəbiyyat və folklor şöbəsinə rəhbərlik istedadlı şairimiz Məmməd İsmayıla tapşırıldı. Məmməd İsmayıl Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində doğulmuşdu. “Yazıçı” nəşriyyatına “Azərbaycanfilm” kinostudiyasının “Elmi-kütləvi, sənədli filmlər birliyi”nin baş redaktoru vəzifəsindən gəlmişdi. Atası Mürşid kişi II Dünya Müharibəsində həlak olduğu üçün onu anası böyüdüb boya-başa çatdırmışdı. Ona görə də anasına sonsuz məhəbbət bəsləyirdi. Anası Gülzar xanıma çoxlu şeirlər həsr etmişdi. Doğrudan da, başadüşən üçün istedadlı adamlarla bir yerdə olmaq, söhbət etmək, işləmək çox xoşdur. İnsanın mənəvi dünyası zənginləşir, söz sözü çəkir, xatirələr çözələnir, bir də görürsən ki, yüz illərin, min illərin ardından Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Xan qızı Natəvanın… bir kəlamı, bir misrası tövşüyə-tövşüyə uçub gəldi yanına, oldu səninlə həmsöhbət, həmfikir.

Məmməd İsmayılın da poetik yaddaşında özününkülərlə yanaşı çox şairlərin şeir parçaları vardı. Yaxşı yadımdadı, bir dəfə Məmməd İsmayıl kəndlərinə getmişdi. O, evlərinə çatanda görür ki, kimsəsiz, bağlı həyət qapısının üstünə bir ağacdələn qonub dimdiyi ilə qapını döyür. Məmməd bu səhnədən çox təsirlənir. Paytaxta “Ağacdələn, döy qapımı” şeirilə qayıtmışdı. Hələ mətbuatda, kitabda çap etdirmədiyi həmən şeirini şöbədə bizə oxumuşdu:

Yol azmısan bu payızın çənində,

Ağacdələn, ağlın itib sənin də,

Dən gəzirsən saçlarımın dənində,

Atamoğlu, az qapımı döy, görüm.

Bu cığırı bu qara kim bürüyüb?

Burda kimin yanan qəlbi kiriyib?

Həyətini qara yellər kürüyüb,

Başımıza nələr gəlir, qoy, görüm.

Haçanacan gözləməyə gəlmisən?

Yoxsa mənə söz deməyə gəlmisən?

Ya borcunu istəməyə gəlmisən? –

Öz dilində ünvanımı söy, görüm.

Bəli, şairin adi insanlardan fərqi budur. Başqaları bu cür təbiət hadisəsinə çox adi yanaşar, hələ, ola bilsin, yerdən bir daş götürüb ağacdələnə atar. Ancaq şair bu səhnədən duyğulanıb gözəl bir şeir yazmışdı. Məmməd üç bəndini misal gətirdiyim bu şeirini “Bəxtimə düşən gün” kitabında çap etdirib.

* * *

Nəşriyyatımızın hər bir şöbəsinin öz müəllifləri vardı. Ədəbiyyatşünaslardan Kamran Məmmədov, Əkrəm Cəfər, Məmmədağa Sultanov, Samət Əlizadə, Teymur Əhmədov, Qəzənfər Paşayev, Əlyar Səfərli, Mövlud Yarməmmədov, Mirabbas Aslanov, Əlyar Səfərli, Əbülfəz Hüseyni, Elməddin Əlibəyzadə, Xəlil Yusifli, şair Həsən Mülkülü, folklorşünaslardan Vaqif Vəliyev, Sədnik Paşayev, Paşa Əfəndiyev, Azad Nəbiyev, Bəhlul Abdullayev, Elxan Məmmədli, salnaməçi Qulam Məmmədli, sənətşünas Turan Cavid, musiqişünas Firidun Şuşinski, Dövlət arxivinin əməkdaşlarından Ataxan Paşayev, Rəşid Quliyev, Maarif Teymurov, Teatr cəmiyyətinin əməkdaşı Atababa Hacıbabayev (İsmayıloğlu), teatrşünas Cabir Səfərov, qəzəlxanlardan Hacı Mail, Seyidağa, Şahin Fazil, Əliağa Bakir, Ələkbər Şahid, Arif Saraylı (o zaman bu şairlərin şeirlərindən ibarət “Qəzəllər” kitabını nəşr etmişdik), aşıqlardan Aşıq Hüseyn Saraclı, Aşıq Əhməd, Mikayil Azaflı, Aşıq Əkbər, Aşıq İmran, Aşıq Hüseyn Cavan, Aşıq Soltan, jurnalistlərdən Möbəddin Səməd, Nemət Veysəlli və başqaları bizim şöbənin daimi əməkdaşları, qonaqlarıydılar. Adlarını hörmətlə andığım bu tanınmış insanların hər birindən qəlbimdə xoş ovqat qalıb. Birindən çox, birindən az.

Onların sırasında təkcə Məzahir Daşqını görmədim. Nəşriyyat fəaliyyətə başlayandan il yarım sonra (1979) vəfat etmişdi, bəlkə də, ona görə. Yeniyetmə yaşımda onun şeirlərini kəndimizdəki toylarda xanəndələrin avazında çox eşitmişdim. Məzahir Daşqının “Ana” şeiri o zaman dillər əzbəriydi:

Ana, sən yatdığın qara torpaqda,

Saysız cavan yatır, ixtiyar yatır.

Qapısız, aynasız zülmət otaqda

Minlərlə sən kimi vəfadar yatır.

Yaşlılar onun haqqında əfsanəyə bənzər rəvayətlər söyləyirdilər. Sonralar öyrəndim ki, Məzahir Daşqın Tərtərin Borsunlu kəndindəndir. Səməd Vurğunla dostluq eləyib. II Dünya Müharibəsinin iştirakçısı olub. Krım döyüşündə əsir düşüb. Başı müsibətlər çəkmiş M.Daşqın 1945-ci ildə vətənə qayıtmaq istəsə də, əsirlikdə olduğuna görə həbs ediblər. Nəhayət, 1956-cı ildə ona bəraət veriblər.

Nə yaxşı ki, mənə bir yaz axşamı adını çox eşidib üzünü görmədiyim Məzahir Daşqınla yaxından tanış olub, şeirlərini öz dilindən eşitmək qismət olub. Mingəçevirə getmişdim. Gəncliyimin müəyyən hissəsi burada keçdiyindən, bu gənc şəhər mənə çox əzizdi. Orada yaşayan qohum-əqrəbamız da kifayət qədərdi. Qayınatamgil də orada yaşayırdı. Qayınatam Bəhlul kişi şeir-sənət aşiqiydi. Şairlik iddiası olmasa da, hərdən aşıq üslubunda şeirlər yazıb aşıqlara verərdi, onlar da məclislərdə bu şeirləri oxuyardılar. Yadımda qalan son şeirlərindən biri beləydi:

Yaz açılıb, həsrətinən

Ellər baxır sizə, dağlar,

Bir əhval tut o tərəfdən,

Xəbər göndər bizə, dağlar.

Beş dığan var, dönüb itə,

Zülm eləyir bu millətə.

Bu müşkülə, bu möhnətə,

Oğul gərək dözə, dağlar.

Könlüm istər oymaqları,

Sərin-sərin bulaqları.

Gözəl-göyçək yaylaqları

Kim istəməz gəzə, dağlar.

Dağların səhər yelində,

Cavanların at belində.

Bir tərəfdə qız-gəlin də,

Toy evində süzə, dağlar.

Bəhlul dərdin desin kimə,

Yön çevirirəm haqq evinə.

Alışmışam dönə-dönə,

Dərdim çatıb yüzə, dağlar.

O, Mikayıl Azafliyla, Məzahir Daşqınla, Alqayıtla dostluq edirdi. Bəlkə də mənim gəlişim münasibətilə, Bəhlul əmi həmən o yaz axşamında gedib Məzahir Daşqını evindən qonaq gətirmişdi. Məzahir Daşqın ortaboylu, dolubədənli, qalınqaşlı bir kişiydi. Mən Məzahir Daşqının gəncliyində Səməd Vurğunla dost olduğunu eşitmişdim. Ona birinci və sonuncu sualım da elə bu oldu:

– Məzahir müəllim, eşitmişəm Səməd Vurğunla çox yaxın dost olmusunuz.

– Bəli, – dedi, – cavanlıqdan bir-birimizi tanıyırdıq. Sonra mən müharibəyə getdim, ağır günlər keçirdim. 1956-cı ilin iyun ayının 23-də Vətənə qayıtdım. Bakıda qatardan düşən kimi Yazıçılar İttifaqına gəldim. Qapıya çatıb bir nəfərdən soruşdum ki, görən Səməd burdadı? Gördüm kişi təəccüblə üzümə baxır. Köks ötürüb dedi:

– Yoxdu, qardaş, Səməd Vurğun iki aya yaxındı rəhmətə gedib.

Elə bil məni ildırım vurdu. Kor-peşman geri döndüm.

Məzahir Daşqının bu cavabından sonra susdum. Orada məndən böyüklər vardı, onların yanında kişini çox sorğu-suala tutsam ədəbsizlik olardı.

Məzahir Daşqın yeyib-içdikdən sonra cibindən meşin cildli cib dəftərini çıxardıb gecənin yarısına qədər şeirlərini oxudu. Xanəndələrin avazında qulaq asdığım bəzi şeirlərini indi onun öz dilindən eşidirdim.

Bu məktubu alantək,

Biz tərəfə bir baş çək.

Çiçək çağırır çiçək.

Naz eləyir gül-gülə,

Göygölə gəl, Göygölə.

Təbiətin qüdrəti,

Yaradandır cənnəti,

Görməyə bu hikməti

Hacıkənddən aş belə,

Göygölə gəl, Göygölə.

Mən bilən, sağlığında onun kitabı nəşr olunmamışdı. Ancaq şeirləri aşıqların, xanəndələrin əzbərindəydi. Şair üçün bu da bir xoşbəxtlikdi. El yaşadanın kitab-dəftəri Haqdandı. Ona zaval yoxdur.

* * *

O dövrdə bir-birinin ardınca çox dəyərli kitablar nəşr olunurdu. Müəlliflər sanki “Yazıçı” nəşriyyatının fəaliyyətə başlamasını gözləyirmişlər. 1981–1982-cü illərdə Atababa Hacıbabayevin tərtib etdiyi “Unudulmaz səhnə xadimləri”, “Səhnə andı”, Cabir Səfərovun “Teatr və dramaturgiya” (Bu kitabların nəşriyyat redaktoru olmuşam), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşları Ataxan Paşayevin, Rəşid Quliyevin və Maarif Teymurovun tərtibatında “Səhnədən keçən yollar” adlı teatr xatirələri işıq üzü gördü.

Professor Vaqif Vəliyev Universitetdə mənim müəllimim olmuşdu. Bizə Azərbaycan şifahi xalq ədəbiyyatından dərs deyirdi. Yadımdadı, bizim şöbədə onun tərtib etdiyi “Ayrım bəzəmələri”, “Bayatılar” topluları nəşrə hazırlanmışdı. Bu kitablar başqa-başqa vaxtlarda işıq üzü gördü.

Adını çox eşitdiyim Aşıq Hüseyn Cavanı da “Yazıçı” nəşriyyatında görüb tanış olmuşdum. Hətta ayaq üstə, sinəsində saz, çəkdirdiyi bir şəklini də mənə bağışlamışdı. Nəşriyyat fəaliyyətə başlayandan bir il sonra – 1979-cu ildə “Bahar kimi” adlı kiçik bir şeir kitabı çap olunmuşdu. Uşaqlıqdan başı bəlalar çəkmişdi. Güneydə doğulub Quzeyə gəlmişdi, 1938-ci ildə yenidən Cənubi Azərbaycana qayıtmış, 1945-46-cı illərdə fədailərə qoşulmuşdu. Milli hökumət yıxıldıqdan sonra yenidən Şimali Azərbaycana qayıtmışdı.

O, 1946-cı ildə Cənubi Azərbaycanda bir əlində saz, bir əlində tüfəng, səngərdən-səngərə atıldığından, hətta düşmənlə əlbəyaxa vuruşduğundan söhbət edərdi. Görünür, “Sən də unutma” şeiri o dövrün təsirilə yaranmışdı:

Şah! Mən unutmadım, sən də unutma,

Sabunlu kəndiri, dar ağacını…

Əgər mən unutsam, tarix unutmaz

Sinəsi dağlanan ana, bacını.

Təsadüfi deyildir ki, Milli hökumət onu “21 Azər” medalı ilə təltif etmişdi. Söyləyirdi ki, Təbrizdə dövlət dram teatrı təşkil olunandan sonra aşıqlar ansamblı yaratmışdım. Buna görə də o vaxt Milli hökumət ona xalq artisti adı vermişdi.

Aşıq Hüseynin “Boylana-boylana” gəraylısını aşıqların avazında kim eşitməyib:

Azad bir qız girib bağa,

Gəzir boylana-boylana.

Xumar gözün sola-sağa

Süzür boylana-boylana.

İçib eşqin bulağından,

Gəzir Məcnun sorağından,

Tər qönçəni budağından

Üzür boylana-boylana.

Aşıq Hüseyn Saraclı da Gürcüstandan Bakıya gələndə bizim şöbəyə hökmən baş çəkərdi. Dastan söyləməkdə əvəzsiz sənətkar idi. Həmişə əynində qalife şalvarı ilə eyni rəngdə olan köynəyinin üstündən belinə enli qayış-kəmər bağlardı, kəmərdən də gümüş satıl sallanardı. Saçı çallaşmışdı, bığı isə qapqara idi.

Bir dəfə:

– Hüseyn dayı, – dedim, – saçınız ağarıb, amma bığınız qapqaradı, səbəb?

Halını da pozmadı, dərhal cavab verdi:

– Səbəb bığımın saçımdan on səkkiz yaş cavan olmasıdı. Mikayıl Azafli da nəşriyyata tez-tez gələrdi. O dövrdə onun yaratdığı “Qoca qartal” aşıq havası dillər əzbəri idi.

Qoca qartal, nə gəzirsən

Dağlar qoynunda, qoynunda.

Bala gördüm anasının

Ağlar qoynunda-qoynunda.

Niyə qəlbin qaralıbdı,

Gül üstünü xar alıbdı,

Şamamalar saralıbdı

Tağlar qoynunda-qoynunda.

Azaflıyam, dilə gəlməz,

Uçdu sonam, gölə gəlməz.

Keçən keçdi, ələ gəlməz

Çağlar qoynunda-qoynunda.

Azaflı Mikayıl mənim yadımda ağırtəbiətli, sakit, azdanışan bir insan kimi qalıb. Cavanlığında Sovet hökumətinin incitdiyi adamlardandı.

Oxucu heç də belə fikirləşməsin ki, nəşriyyat-poliqrafiya düzənində həmişə hər şey öz qaydasında, öz axarıyla gedib. Xeyr! Hər yerdə olduğu kimi, bu sahədə çəkişmələr, mübahisələr, umu-küsülər də olub. Burada da təvazökarlar, özündən müştəbehlər, narazılar, çılğınlar, qrafomanlar, qeyri-adi istedadlar vardı. Bir sözlə, yaxşılı-pisli, mənfili-müsbətli böyük bir insan mənzərəsi nəşriyyatlarda da özünü göstərirdi.

O dövrün nəşriyyatlarında nəşriyyat redaktoru kitab tərtib edərdisə, yaxud hansısa kitaba, kiçik də olsa, ön söz yazardısa, buna görə qonorar alardı. Ancaq bu hər ay baş tutan iş deyildi. O zaman mən yalnız nəşriyyatdan aldığım maaşla kifayətlənə bilməzdim. Buna görə də dövri mətbuatda hekayə və oçerklərlə çıxış edirdim, respublika radiosunun ştatdankənar daimi müəllifiydim. Hər ay radionun musiqi şöbəsində mənim verilişim efirə hazırlanırdı. Bu verilişlər, bir qayda olaraq, radionun həftəlik “letuçka”sında təriflənirdi. İşdə vaxtım çox məhdud olurdu. Mən isə vaxtı bəhanə eləyib baş girləməyi sevmirdim. Nizami Gəncəvinin aşağıdakı misraları yaddaşımda daim diriydi:

Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

Ona görə də yaradıcı işlərimin çoxunu yuxusuz gecələrin hesabına görmüşəm. Gördüyüm və görmək istədiyim işlərin çətinliyi orasındaydı ki, mən çeynənmiş, ərpimiş mövzulardan qaçırdım, yeni mövzular isə, adamdan axtarışlar, zəhmət tələb edirdi. Mən Azərbaycan radiosu üçün çoxlu portret-oçerklərlə yanaşı, “Muğamlarımızın vəsfi”, “Musiqi alətlərimizin vəsfi”, “Teatr və musiqi” adlı silsilə verilişlərdə yazmışam. Bu verilişlərin mətnini yazmaq üçün min illik Azərbaycan ədəbiyyatını oxumaq gərək idi. “Teatr və musiqi” silsilə verilişini yazmaq üçünsə, səhnəyə qoyulmuş əsərlərdən, bu əsərlərə yazılmış musiqidən, bəstəkardan, teatr üçün yazılmış mahnıların ifaçılarından söhbət açmalıydım. Mən sadaladığım bu işlərin bir qismini fasilə vaxtı, işin axırında, istirahət günlərində görərdim.

Mən bu verilişlərdə səsləndirmək üçün Dövlət Səs Yazıları Arxivindən qrammofon vallarından keçmiş xanəndələrin səslərini köçürdüb Azərbaycan radiosuna gətirirdim. “Teatr və musiqi” verilişi üçün Məşədi İbad rolunun mahir ifaçısı Mirzəağa Əliyevin səsini radioya gətirəndə nə qədər sevinmişdim. Səsini, söhbətini lentə yazdırdığım bir çox sənətkarlar bu gün həyatda yoxdurlar, amma mənim sayəmdə söhbətləri, oxumaları lentlərin “yaddaşında” qalıb.

Yadımdadı, “Musiqi alətlərinin vəsfi” silsiləsindən olan növbəti verilişlərimdən birində ney alətindən söz açmışdım. Musiqi şöbəsinin müdiri Hacı Məmmədov duyuq düşər ki, radionun fondunda ney alətinin “səsi” yoxdur. Təcili bir nəfər tapıb ney alətində bir neçə musiqi nömrəsi yazdırmışdı. Beləliklə, neyin səsi ilk dəfə məhz mənim verilişimdə eşidilmişdi.

Bu verilişlərdə gətirdiyim poeziya nümunələri əsasən əruz vəznində olduğundan rejissor mətni səsləndirmək üçün rəhmətlik Həsən Əblucu dəvət edərdi. Mənim radio verilişlərimin böyük bir qismini Həsən Əblucla Əminə Yusifqızı səsləndirib.

Bəzən bu verilişlərin montajında iştirak etdiyimdən ləngiyər, işə gecikərdim. İşin tərsliyindən, çox vaxt direktorumuz Əjdər Xanbabayevlə elə liftdəcə qarşılaşardıq. Təbii ki, mən gecikdiyim üçün sıxılardım. Əjdər müəllim isə bir söz deməz, özünü görməzliyə vurub yoluna davam edərdi.

Əlbəttə, burada radio-televiziya ilə bağlı xatirələrimi yazmaq fikrim yoxdur. Bu mövzuya toxunmağımın səbəbi var. Çünki edəcəyim söhbətin bir ucu radioya və 1982-ci ildə, iyunun 3-də, saat 16:15-də Respublika radiosunda səslənmiş “Yadigar səslər” adlı verilişimlə də bağlıdı. Yeri gəlmişkən onu da deyim ki, bu verilişdə vallarını qızıl pulla alıb sındırmış milyonçu Mirseyid Mirbabayevin oxuduğu “Simayi-Şəms” muğamı və “Ay bəri bax” xalq mahnısı da səslənmişdi. Valın üzünü tarzən Bəhram Mansurovdan alıb köçürtmüşdüm.

1981-ci ilin iyun ayından etibarən klassik ədəbiyyat və folklor şöbəsinin redaktoru idim. 1982-ci il ildə həm də “Yazıçı” nəşriyyatı Həmkarlar İttifaqının sədri seçilmişdim.

Bir gün nəşriyyatın direktoru Əjdər Xanbabayev məni yanına çağırdı. Direktorun kabinetinə girəndə gördüm tək deyil. Onun qarşısında iricüssəli, iriəlli bir kişi oturmuşdu, nə barədəsə söhbətləşirdilər. Əjdər müəllim gülümsəyərək mənə müraciət etdi:

– Firidun bəyi tanıyırsanmı?

– Şəxsən tanış deyilik, amma kitablarını oxumuşam, – dedim.

– Bəy istəyir ki, onun kitabının redaktoru olasan. Sənin verilişindən xoşu gəlib.

Yuxarıda dediyim kimi, həmin ərəfədə radioda “Yadigar səslər” adlı verilişim səslənmişdi, yaxşı da əks-səda doğurmuşdu. Firidun bəy məhz həmin verilişi nəzərdə tutaraq:

– Yaxşı veriliş idi, – dedi, – Savaba batmısan, neçə müğənninin səsini bizə qaytardın.

– Təşəkkür edirəm, – dedim.

Firidun bəy bir qədər ötkəm səslə cavab verdi:

– Əmioğlu, mənə təşəkkür-zad lazım deyil.

Mən o anda onun səsindəki ötkəmliyin – bozluğun səbəbini anlamadım. Ancaq onu daha yaxından tanıyandan sonra gördüm ki, sərtlik, ötkəmlik Firidun bəyin xarakterindədir.

Bir qədər ordan-burdan danışdıqdan sonra Firidun bəyin 625 səhifədən, 177 şəkildən ibarət “Azərbaycan xalq musiqiçiləri” kitabının əlyazmasını qoltuğuma vurub otaqdan çıxdım.

Kitabı çapa hazırlayarkən biz çox tez-tez görüşürdük. Hətta o, Hüseynqulu Sarabski və Aşıq Abbasqulu haqqındakı oçerklərini mənim təklifimlə yazmışdı. Başqa müəlliflərdən fərqli olaraq, hamı ona “Firidun bəy” – deyə müraciət edirdi. Özünün dediyinə görə, ona Firidun adını ailələrinə yaxın olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin xatirəsini əziz tutan atası Məhəmməd kişi vermişdi.

Öz zamanına görə Firidun bəyin söhbətləri, tarixi keçmişimiz, müasir dövrümüz, xüsusən ana dilimizin türk dili olmasıyla bağlı fikirləri çox cəsarətli və sərt idi. Onun mədəniyyətimizlə, musiqimizlə bağlı yığıncaqlardakı çıxışı həmişə irad və tənqid üstündə köklənərdi. Bu da bir çoxlarına xoş gəlməzdi. Lakin Firidun bəy də fikrini dəyişən adam deyildi.

Firidun bəy redaktəmdən çox razı qalmışdı. Hamının “çətin adam” hesab etdiyi hörmətli musiqişünasımız irad və təkliflərimi də səbirlə dinləyib nəzərə almışdı. İşlər qaydasınca gedirdi. Ancaq sən demə, bu yerdə mən “Allah qoysa” deməyi unudubmuşam.

Deyirlər, baməzə bir adam olan Abdal Qasım hardansa başıalovlu evə gəlir. Bərk acıbmış. Arvadını səsləyir:

– Az, yeməyə nə var? Gətir yeyəcəm, ölürəm acınnan.

Arvad deyir, əşi, hara tələsirsən, Allah qoysa de, bir bismillah de. Abdal Qasım deyir ki, az, dədəyin goru haqqı, Allah qoysa da yeyəcəm, qoymasa da. Elə bu vaxt darvaza döyülür. Abdal Qasım qabağına qoyulmuş nimçəni kənara itələyib darvazaya doğru gedir. Darvazanı açan kimi qorodovoylar kişini götürüb aparırlar. Abdal Qasım bir də üç ildən sonra qayıdır. Darvazanı döyür, arvadı səslənir:

– Ay gələn, kimsən?

Abdal Qasım deyir:

– Az, aç qapını, Allah qoysa, ərindi.

Firidun Şuşinskinin kitabı planda nəzərdə tutulan həcmdən beş çap vərəqi artıq çıxmışdı. O zaman planda nəzərdə tutulduğundan nəinki beş çap vərəqi, yarım çap vərəqi üçün də rəsmi icazə almalıydın. Mən öz vəzifə borcumu yerinə yetirib Əjdər Xanbabayevə dedim ki, bəs, bəyin kitabı beş çap vərəqi artıq çıxıb. O da mənə dedi ki, bir az şəkillərdən azalt, nəzərdə tutulduğundan bir belə artıq çap eləyə bilmərik.

Firidun bəy şəkilləri nömrələyib bir çay qutusuna yığmışdı. Mən 177 şəkli bir-bir nəzərdən keçirib kitabın məzmununa daha uyğun gələnləri və vacib olanları seçdim.

Bir gün daxili telefon zəng çaldı. Dəstəyi götürdüm:

– Eşidirəm, Əjdər müəllim.

– Mustafa, Firidun bəyin işini götür gəl…

Firidun bəyin qovluğunu və şəkilləri götürüb düşdüm aşağı. Firidun bəylə görüşüb qovluğu, şəkillər yığılmış çay qutusunu qoydum qarşısına. Qovluqdakı əlyazması ilə tanış olmuşdu, qalmışdı şəkillər.

O, çay qutusunu qarşısına çəkdi.

– Firidun bəy, kitabınız planda nəzərdə tutulduğundan beş çap vərəqi artıq çıxıb, ona görə də şəkilləri bir az azaltdıq.

Bu sözləri demişdim ki, qanı üzünə vurdu. Qəzəblə:

– Mən day kitab-zad çap elətdirmək istəmirəm, – deyə şəkilləri qutuya yığmağa başladı.

Əjdər müəllim ona irad tutdu:

– Belə kəmhövsələlik eləyirsən deyin, həmişə başın ağrıyır də…

Firidun Şuşinski cavab verməyəndə mən onun qovluğunu götürüb kabinetdəki hündür dəmir seyfin üstünə atdım. Heç nədən o qədər hirslənmişdi ki, hətta qovluğunu da unutmuşdu. Daha bir söz deməyə ehtiyac qalmamışdı. Firidun Şuşinski şəkil dolu çay qutusunu qoltuğuna vurub getdi. Əjdər müəllim dedi ki, darıxma, yoluna qoyarıq.

O gündən Firidun bəyin dilinin “əzbəri” oldum. İşin bu yerə çatmasında məni günahkar sayırdı. Təəssüf ki, nəşriyyata ancaq maaş xətrinə gələn, demək olar, baş girləyən, kitab-dəftər sevgisi olmayan bəzi “dostlarım” da yanan ocağı söndürmək əvəzinə, çırpı atıb körükləyirdilər. Mənim isə nə kiməsə yarınmağa, nə də özümü müdafiə etməyə vaxtım vardı. Allah şahiddi ki, Firidun Şuşinskinin kitabı üzərində nə qədər çalışmışdım. Amma deyir, sən saydığını say, gör bəndə nə sayır.

Allah hərəyə bir cür xasiyyət verir, onu dəyişməyə, özününküləşdirməyə heç kəsin gücü çatmaz. Unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun xanımının yasında Firidun Şuşinskinin dostu Əhəd müəllimlə yanaşı oturmuşdum. Bəydən söz düşəndə dedi ki, Firidunla əlli il dostluq etmişik, fasilələrlə onun iyirmi beş ilini küsülü olmuşuq. Küsülü olsaq da, mən Firidun bəyə qətiyyən kin-küdurət bəsləmirdim, əksinə, bəzi radio verilişlərimdə onun kitablarından misal çəkir, adını hörmətlə anırdım. Eşitmişdim ki, o da mənim bu hərəkətimdən təəccüblənirmiş.

– Əə, mən bunu məclislərdə məşhuri-cahan eləmişəm, bu da məni tərifləyir.

Əlbəttə, mən verilişlərimdə qəsdən, necə deyərlər, ona yarınmaq üçün adını çəkmirdim. Axı, məndən əvvəl hansısa sənətkar barədə mötəbər fikir söyləmiş atam yaşında olan qələm sahibinin xidmətini necə dana bilərdim?

Təəssüf ki, keçmişdə də, indi də ali dəyərlərdən yazan, ağızdolusu fəzilətdən, qəbahətdən danışan bəzi qələm sahibləri var ki, kiçik bir irad bildirdiyinə görə, nəinki səni, nəsil-kökünü yer üzündən silib atmaq istəyir. Allah rəhmətinə getsən belə, səndən əl çəkmir, əlinə fürsət düşən kimi qəbirdən çıxardıb xeyirdə-şərdə rüsvay edir. Belə alim, belə yazıçı-şairlərdən əlhəzər!

Nəsə, mən nə vaxtsa Firidun Şuşinski ilə yenə qarşılaşacaqdım, ancaq xeyli sonra.

* * *

O zaman yaşa dolmuş yazıçılarımız, demək olar, nəşriyyata gəlmirdilər, ancaq diqqətdən də kənar deyildilər. Xalq şairi Rəsul Rzanın beş cildliyi bizdə çapa hazırlanırdı. Mən onu nəşriyyatda poeziya şöbəsinin böyük redaktoru Muzəffər Şükürlə görmüşdüm. Əlbəttə, biz onu görkəmli bir şair kimi hələ orta məktəb şagirdi olarkən dərsliklərdən tanıyırdıq. Mən Bakıya gələndən sonra onu dəfələrlə Sabir Poeziya günlərində, filarmoniyada şeirlərini öz dilindən də eşitmişdim. Görkəmli şairin Mikayıl Müşfiqdən bəhs edən “Qızılgül olmayaydı” poeması mənə çox təsir eləmişdi.

Doğrusu, indi ilini, gününü xatırlaya bilmirəm, ancaq yetmişinci illərin axırları olduğu dəqiq yadımdadır. “Leçkomissiya”da yatan unudulmaz müğənnimiz Şövkət Ələkbərovanı görməyə getmişdim. Məqsədim məndə olan bəzi tarixi şəkillərdəki şəxsiyyətləri dəqiqləşdirmək idi. Foyedə tarzən Bəhram Mansurovla hörmətli şairimiz Rəsul Rzaya rast gəldim.

Bəhram Mansurov:

– Mustafa, Rəsul müəllimlə tanışsınız? – deyə soruşdu.

– Rəsul müəllimi kim tanımır?! – deyə ustad şairlə əl tutdum.

Bəhram Mansurov:

– Rəsul müəllim, rəhmətlik Cahan Talışinskayadan məqalə yazan bu oğlandı, – dedi.

Bu sözlərdən sonra Rəsul müəllim əlimi yumşaq ovcunun içində xeyli saxladı. Nüfuzedici ala gözləri üzümə dikildi. O vaxta qədər bu qədər dərin, nüfuzedici gözlər görməmişdim. Sağollaşıb onlardan ayrıldım. Sonralar bildim ki, Rəsul müəllim ən çətin bir dövrdə (1938) Azərbaycan Dövlət Filarmoniyasının direktoru olub. O zaman ki, Cahan Talışinskaya filarmoniyanın ən sevilən müğənnilərindən biri idi. Və onun Qazaxıstanın Petropavlovski rayonuna sürgün olacağı günə hələ çox vardı.

Mən bu gün də Rəsul müəllimin kitablarını vərəqləyəndə, şeirlərini oxuyanda onun nüfuzedici baxışlarını üzərimdə hiss edirəm.

* * *

Xəyalımdan çox-çox dəyərli insanlar gəlib keçir. Onlardan biri də Xalq yazıçısı İlyas Əfəndiyevdir. İlyas Əfəndiyevi xatırlayarkən qəlbimdə çox isti, ilıq duyğular ləpələnir. Bircə anda xəyalımın quş qanadlarında Çəmənliyə – doğma kəndimizə dönürəm. Mənim xəyalımda indi yazın ilıq çağıdı. Yamyaşıl otlar torpağın bağrından püskürərək qalxıb, ağaclar yarpaqlayıb, çəmənliklərdə rəngbərəng yabanı çiçək-lər bərq vurur. Yuva quran quşların civiltisi bağça-bağı başına götürüb. Mən isə həyətimizdəki ot tayasının günəvərində oturub İlyas Əfəndiyevin “Söyüdlü arx” romanını oxuyuram.

O zaman romanı oxuduqca ədəbiyyat həvəskarı olan bir məktəbli kimi keçirtdiyim hisləri indinin özündə, yaşımın bu çağında ifadə etməyə söz tapmıram. Zamanmı dəyişib, insanlarmı başqalaşıb? Bilmirəm! Mənim yaşıdlarım təzə çapdan çıxmış elə nəsr əsəri, poeziya nümunəsi olmazdı ki, onu oxumasın. Biz ədəbiyyatsız, sözün böyük anlamında, yaşaya bilmirdik. O illərdə mənim və yaşıdlarımın sevdiyi yazıçılardan biri və bəlkə də, birincisi İlyas Əfəndiyev idi. Təbii ki, İlyas müəllimin nəşr olunmuş hər bir kitabı kəndimizə də gəlib çıxırdı və biz onu növbə ilə birnəfəsə oxuyurduq. İlyas müəllimin “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” romanlarını da mən hələ orta məktəb şagirdi olarkən kəndimizdə oxumuşam.

Hələ televiziyanın kəndə ayaq açmadığı dövrdə tez-tez radioda İlyas müəllimin əsərləri səsləndirilərdi. Nədənsə bu radio tamaşalarını axşamçağı səsləndirərdilər. Tamaşada cərəyan edən hadisələr, aktyorların gözəl, ahəngdar səsləri o qərib axşamları bir az da qəribləşdirərdi. Axşamın alatoranlığında səslənən bu tamaşalar adamın ruhuna çox qəribə, unudulmaz bir ovqat gətirirdi. Bu ovqat İlyas Əfəndiyevin əsərlərindən bizim ruhumuza köçən çox doğma, çox lirik və həzin bir ovqat idi. Çünki İlyas Əfəndiyevin müasir və tarixi mövzuda yazdığı əsərlər milli və bəşəri ovqata köklənmiş, yanar sənətkar qəlbinin hərarəti ilə süslənmiş əsərlər idi.

Sonralar, 70-ci illərdə mən Bakıya gələndə ilk dəfə İlyas müəllimi Nizami muzeyinin qarşısında kitablara baxa-baxa dənizkənarı parka tərəf addımlayan görmüşəm. Əsərlərini oxuyub uzaqdan-uzağa sevdiyin bir yazıçını həyatda görmək o zaman bizim üçün çox xoş bir təsadüf idi. İlyas müəllim çox gümrah bir yaşındaydı. Əlli beş yaşlarında yaraşıqlı bir kişiydi. O anda İlyas müəllimin yanından, bəlkə, yüzlərlə oxucusu ötüb keçirdi. Onlardan birisi də mən idim. Mən bir müddət İlyas müəllimə durub baxdım və nədənsə o anda mənə elə gəldi ki, o, ürəyində oxuyur. Mən İlyas müəllimlə şəxsən tanış olmasam da, onu pyeslərinin ilk tamaşalarında, Yazıçılar İttifaqının tədbirlərində tez-tez görərdim.

Akademik Milli Dram Teatrında İlyas müəllimin “Mahnı dağlarda qaldı” tamaşasındakı o böyük anşlaq yaxşı yadımdadı. Biz universitet tələbələri də böyük həyəcanla tamaşanı izləyirdik. Bir gözümüz də lojada oturub gözlərini səhnədən çəkməyən İlyas müəllimdə idi. Biz o anda xoşbəxt idik ki, İlyas müəllim kimi yüksək mədəniyyətli bir yazıçı-dramaturqun müasiriyik. Biz onun “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda”, “Şeyx Xiyabani”, “Xurşidbanu Natəvan” pyeslərinin tamaşasına baxanda da həmin o hisləri keçirmişik. Böyük yazıçının Sovet dövründə “Sən həmişə mənimləsən” pyesinin tamaşasında Arazın o tayına müraciətlə deyilən sözlər o zaman bizi çox həyəcanlandırır, Cənub həsrətimizi bir az da alovlandırırdı.

İlyas müəllimin hər bir yazısından, xüsusilə “Geriyə baxma, qoca”, “Üçatılan” kimi əsərlərindən bizim qəlbimizə milli qürur, milli və bəşəri hislər süzülüb.

Yadımdadı, İlyas müəllimin “Geriyə baxma, qoca” romanı “Yazıçı” nəşriyyatında çapa hazırlanırdı. Əsərin korrekturasını vərəqləyən nəşriyyatın direktoru Əjdər Xanbabayev üzündə qəribə bir təbəssüm, çox mənalı şəkildə:

– İlyas müəllim romanına çox gözəl ad seçib. Allah bilir, ürəyində “Geriyə baxma, qoca” deyəndə nəyi nəzərdə tutur. Çoxmənalı addı. Düşündürəndi, – dedi.

Sonralar – 80-ci illərdə “Yazıçı” nəşriyyatında İlyas müəllimin altı cildliyi nəşr olunurdu. Bir gün nəşriyyatın bədii ədəbiyyat redaksiyasına getmişdim. Baş rəssamın stolunun üstündə İlyas müəllimin əllə çəkilmiş kiçik bir portretini gördüm. Baş rəssam Etiram Lazımovdan soruşdum ki, İlyas müəllimin bu şəklini kitabda verəcəksiniz? Dedi, yox, elə-belə çəkmişik. Dedim:

– Etiram, şəklin arxasını yaz, yadigar olaraq İlyas müəllimin özünə göndərək.

Etiram şəkli səliqəyə salıb, arxasını yazıb mənə verdi. Mən İlyas müəllimin həmin portretini kitabının redaktoru Cavad Zeynalla ona göndərdim.

İlyas müəllim artıq çoxdan əbədiyyətə qovuşub. Ancaq onun yazdıqları unudulmaz və əbədidir. Onun əsərlərini oxuyacaq hər bir nəsil üzündə nurlu təbəssüm, mənalı bir ovqatla deyəcək: “Unuda bilmirəm”.

* * *

“Yazıçı” nəşriyyatının daimi və maraqlı müəlliflərindən biri də unudulmaz Qulam Məmmədliydi. Yaşı səksəni keçmiş (25 mart 1897-ci ildə Təbrizdə anadan olmuşdu) görkəmli publisist, teatrşünas, salnaməçi Qulam Məmmədli ensiklopedik yaddaş sahibi idi.

Mən onunla 1980-ci ilin əvvəllərində “Yazıçı” nəşriyyatında şəxsən tanış olmuşdum. Onun vaxtilə Aşqabad Azərbaycan Teatrında həvəskar aktyor kimi çalışdığını biləndə təklif etdim ki, radioda Aşqabad Azərbaycan Teatrı ilə bağlı veriliş hazırlayım, o da öz xatirəsini danışsın. Fikrimlə razılaşdı. Mən onun canlı danışığının lentin “yaddaşına” köçməsini istəyirdim. Bu niyyətlə respublika radiosunun incəsənət şöbəsinin böyük redaktoru İntiqam Mehdizadə ilə danışdım. İntiqam müəllim fikrimi bəyəndi, verilişin mətnini və proqram üçün annotasiyanı redaksiyaya təqdim etməyimi tapşırdı.

Nəhayət, verilişin efirə gedəcəyi vaxt dəqiqləşdi və mən Qulam Məmmədli ilə radioya getdim. Verilişə yarım saat vaxt ayrılmışdı. Qulam müəllimin təkcə elə öz xatirəsi yarım saata ancaq sığardı. İntiqam Mehdizadə sənətə və sənətkara qiymət verən yaradıcı insandı. Mən fürsət tapıb ona dedim ki, Qulam müəllim danışarkən ona vaxt məhdudiyyəti qoymayın, ürəyi istədiyi qədər danışsın, gələcək nəsillər üçün fondda saxlayın.

İntiqam müəllim razılığını bildirdi və mən Qulam müəllimlə mikrofon arxasına keçdim. Mən qabaqcadan Qulam müəllimin söylədiklərini makinada yazdırmışdım. Mətni onun qarşısına qoydum ki, oxusun. O:

– Mən şifahi danışacağam, mətni oxusam, karıxaram, deyib gözləri yarıyumulu halda yarım saata qədər karıxıb eləmədən Aşqabad Azərbaycan Teatrı ilə bağlı xatirələrini danışdı. Bu veriliş 8 iyul 1980-ci ildə saat 21.40-da respublika radiosunda səsləndi. Veriliş də, Qulam müəllimin çıxışı da bütövlükdə radionun Qızıl fondunda saxlanıldı. Elə həmin ildə “Elm və həyat” jurnalının 7-ci sayında “Aşqabad Azərbaycan Teatrı” adlı məqaləm çap edildi. Bir gün nahar fasiləsindən qayıdarkən dedilər ki, Qulam Məmmədli səni otaqda gözləyir. Doğrusu, şöbəyə bir qədər nigarançılıqla girdim. Görüşüb hal-əhval tutduq. Məlum oldu ki, Qulam müəllim jurnalda adını çəkdiyim məqaləni oxuyub, məni təbrik etmək və fikir bölüşdürmək üçün nəşriyyata gəlib. O, Aşqabadda Azərbaycan teatrının bağlanaraq onun bazası əsasında Türkmənistan Dövlət Opera və Balet teatrının yarandığını məqaləmdən öyrəndiyini söylədi.

Qulam Məmmədli “Yazıçı” nəşriyyatının ən fəal müəlliflərindən idi. O, elə vacib məsələlərdən, elə tarixi şəxsiyyətlərdən yazırdı ki, nəşriyyatın rəhbərliyi onu get-gələ salmırdı. Onun “Azərbaycan teatrının salnaməsi” (2-ci hissə), “Cavid ömrü boyu”, “Üzeyir Hacıbəyov – həyat və yaradıcılığının salnaməsi”, “Nəriman Nərimanov” kitabları mənim redaktoru, daha sonra müdiri olduğum klassik ədəbiyyat və folklor redaksiyasında nəşrə hazırlanırdı. Bir dəfə ondan bu qədər zəhmət, səriştə tələb edən salnamələri fasilə vermədən necə yazıb başa gətirməsinin “sirrini” soruşdum. O, nəşri vacib olan bu kitabların üzərində eyni vaxtda işlədiyini söylədi. Günü arxivlərdə, kitabxanalarda keçən Qulam Məmmədli millətimizin bəxtinə yazılmış əlifba müxtəlifliyinin – ərəb, latın, kiril qrafikalarında çap olunmuş dövri mətbuat səhifələrindən gərgin araşdırmalar nəticəsində çoxsaylı salnamələr ortaya qoymuşdu. Mirzə Cəlildən, Hüseyn Caviddən, Üzeyir Hacıbəylidən, Nəriman Nərimanovdan, Hüseyn Ərəblinskidən, Cahangir Zeynalovdan, Abbas Mirzə Şərifzadədən bəhs edən bu salnamələrin hər biri millətə örnək olası şərəfli ömürnamələrdir.

İkinci Dünya Müharibəsində İranda çıxan “Vətən yolunda” qəzetində ədəbi işçi olmuş Qulam Məmmədli Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi. Onun cəfakeşliyinin şahidi olan xalq yazıçısı Qılman İlkin müsahibələrinin birində demişdi: “İranda olduğu müddətdə Qulamın baş çəkmədiyi bir kitabxana və ya kitab mağazası qalmamışdı. Həmişə axtarışda idi. Nəticəsi də pis olmadı. Möcüz və Heyran xanım kimi şairləri xalqımıza ilk dəfə o tanıtdı. Əsərlərini ilk dəfə o çap etdirdi. Qulam Cənubi Azərbaycanın, demək olar ki, bu başından vurub, o başından çıxmışdı” (“Həyatım ağrıyır” toplusu, Bakı, “Təhsil”, 2013, səh.176).

Qulam Məmmədli həm də lətifələr söyləməyi sevirdi. Bu ucaboylu, cüssəli, zəhmətdən usanmayan dəyanətli kişinin həm də yaxşı yumor hissi vardı. Bir dəfə o, nəşriyyata gələrkən pilləkəndə qarşılaşdıq. Ayaq saxlayıb nəfəsini dərdi. Bilirdim ki, indi əhvalımızı tarazlamaq üçün kiçik də olsa bir lətifə söyləyəcək. Doğrudan da, belə oldu. Gözündəki qalın şüşəli eynəyini düzəldib dedi:

– Bir nəfər papağının üstündən başını qaşıyırmış, yanındakı bunu görüb ona irad tutur:

– Ə, başını niyə papağın üstündan qaşıyırsan, papağını çıxart, adam kimi başını qaşı də.

Papaqlı halını pozmur:

– Ə, sən yanını qaşıyanda şalvarını çıxarırsan?

Güldüyümü görüb:

– Bəsdi, yoxsa birini də söyləyim, – dedi.

– Qulam müəllim, belə fürsət ələ düşməz. Birini də söyləyin, – dedim.

– Qazının arvadı hamama gedir. Görür ki, qadınların hamısı lümlüt, anadangəlmə olub çimirlər. Evə gələndə ərinə deyir ki, hamama getmişdim, abrım getdi.

– Niyə?

– Arvadların hamısı lümlüt idi. Bir qərar çıxart, sabahdan qadınlar hamama gedəndə fitə ilə çimsinlər.

Qazı deyir:

– Baş üstə!

Qazı göstəriş verir ki, qadınlar bu gündən hamama gedəndə fitə ilə çimsinlər. Qazının arvadı növbəti dəfə hamama gedəndə görür ki, qadınların hamısı bellərinə fitə bağlayıb, amma kisəçi belinə fitə əvəzinə qurşaq. Kisəçidən soruşur ki, bu nədi belə belinə bağlamısan? Kisəçi deyir:

– Ağzı yumulmuş qazının ağzını bağlıyacağam.

Qulam Məmmədli ilə yazıçı-jurnalist Rza Şahvələdin zarafatları varımış. Baxmayaraq ki, aralarında on iki yaş fərq vardı. Rza Şahvələd Qulam Məmmədlidən yaşca kiçik olsa da yaşlı həmkarı ilə dostluq edirmiş. Onların bu dostluğu “Kommunist” qəzetində birgə çalışdıqları vaxtdan başlayıbmış.

Bir gün “Elm və həyat” qəzetinin baş redaktoru Rza Şahvələd Mərkəzi Komitənin binasından çıxanda bir tanışı ilə qarşılaşır. Tanışı ondan soruşur ki:

– Xeyir ola, Mərkəzi Komitədən gəlirsən?

– Xeyirdi. “Neftçi” futbol komandasının məsələsi müzakirəyə qoyulmuşdu.

– Nəyə görə?

– Komandaya yaxşı bir qapıçı lazımdı. Ucaboy, cəld, çevik bir adam.

– Tapdınızmı?

– Əlbəttə. “Neftçi”yə Qulam Məmmədlidən gözəl namizəd ola bilməz. Ondan ucaboy adam var?! Dərhal razılaşdılar.

Dostunun bu zarafatı yumoru sevən Qulam Məmmədlinin özünə də ləzzət eləyibmiş. Qarşısına çıxan dost-tanışına özü danışıb gülərmiş.

Qulam Məmmədli iki dəfə evlənmişdi. O, birinci evliliyinə də yumorla yanaşırdı. Deyirdi ki, evə gələndə arvadımı qadın qohumları arasından axtarıb tapa bilmirdim.

Qulam Məmmədlinin ikinci ailə həyatı isə uğurlu olub. O, Saratovda olanda özündən yaşca xeyli kiçik Lida adlı bir qızla tanış olur. Onlar bir-birinin xasiyyətinə bələd olduqdan sonra evlənirlər. Lida xanımın atası rus, anası isə alman mənşəli idi.

İndi günü, ayı dəqiq yadımda olmasa da, xəstə olduğu üçün nəşriyyata gələ bilmədiyinə görə, onlara getdiyim yaxşı yadımdadır. Xanımı Qulam müəllimin əyilib yerdən nəsə götürməsinə belə icazə vermirdi. Onun qayğısına elə qalırdı ki… Şübhə etmirəm ki, Qulam Məmmədlinin mənalı və uzun bir ömür yaşamasının Allahdan başqa bir səbəbkarı da arvadı Lida xanım idi.

Eşitdiyimə görə, müstəqillik illərində Lida xanım qızı ilə Almaniyaya getmiş, orada dünyasını dəyişmişdir. Çox ibrətamiz haldır ki, Qulam müəllimin qızı anasının nəşini Almaniyada torpağa tapşırmayıb, Vətəni Azərbaycana gətirmişdir. Əlbəttə, bu, nəciblikdən, vətənə bağlılıqdan doğan unudulmaz bir nümunədir.

Rza Şahvələd 1984-cü il iyulun 2-də, Qulam Məmmədli isə 1994-cü il noyabrın 18-də dünyalarını dəyişib. Göründüyü kimi, yaş fərqləri olduğu kimi, əcəl fərqləri də kifayət qədərdi. Burada bəndəlik bir iş yoxdu, ömrü verən Tanrıdı, birinə çox, birinə az. Əsas əməldi. İnsan ömrü yaşla deyil, əməllə ölçülür, xeyirxah əməllə!

1984-cü ildə “Yazıçı” nəşriyyatında Vidadi Babanlının redaktorluğu ilə Rza Şahvələdin “Qonşu qardaşlar” adlı hekayələr kitabı çap olundu. Mən Rza Şahvələdlə nəşriyyatda heç vaxt rastlaşmamışdım. Bilmirəm sonuncu kitabını görmək ona qismət oldu, yoxsa yox. Onun Üzeyir Hacıbəylinin ömrünün axır çağını əks etdirən “Son görüş” essesini isə, bu kitabdan öncə dostu Qulam Məmmədlinin “Üzeyir Hacıbəyov” salnaməsində oxumuşdum. Kiçik, amma çox dəyərli olan bu yazını burada oxuculara təqdim etmək istəyirəm:

“Səməd ağır, asta addımlarla içəri keçdi. Yataq otağının qapısı açıq idi. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Qəmgin və tutqun idi. Səməd özünü tox göstərməyə çalışaraq addımlarını bir az yeyinlətdi. Çalışdı ki, şən və sərrast yerisin, çünki xəstənin çox sayıq və həssas olduğunu bilirdi; adamın ürəyini üzündən oxuyardı. Yatağına yaxınlaşdıqda Üzeyir qalxıb ona əl vermək istədi, bacarmadı. Xəfif bir təbəssümlə gülümsəyərək həsrət və istəklə Səmədin üzünə baxdı:

– Şair, gəldin. Ah, oğul, könlüm səni necə istəyirdi, bilsən!..

Səmədin alnına soyuq tər gəldi. Qəlbi titrədi. Həyəcanını boğmağa çalışaraq onun soyuq əllərindən öpdü:

– Necəsiniz?

– Görürsən də… – susdu. Qaşlarını azacıq yuxarı dartaraq daha mülayim və sakit halda, – Yox, deyəsən, vaxtdır, – dedi. – Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? – Gözlərini bir nöqtəyə dikərək asta-asta öz sualına cavab verdi, – Köçmək gərək bu darfənadan yavaş-yavaş…

Səmədin ürəyi hüznlə sızladı. Artıq özünü saxlaya bilməyib, dizi üstə yerə çökərək onun taxtını qucaqladı və uşaq kimi ağlamağa başladı. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayıb dərindən köksünü ötürdü, bir az sakit və aramla:

– Yox, yox, vaxtdır, – dedi, – köçmək gərək, köçmək bu darfənadan yavaş-yavaş!..

İbtidai təhsilini mollaxanada alan, sonra Bakı teatr texnikumunu bitirən Qulam Məmmədlinin gördüyü işlərin miqyasını bir institut kollektivinin əməyi ilə müqayisə etmək olar. Onun salnamələrinin dəyəri zaman keçdikcə nəinki azalacaq, əksinə, daha da artacaqdır.

* * *

Mən bu yerdə insan psixologiyasının mənzərəsini canlandırmaq üçün bir qədər nəşriyyat işindən, hörmətli yazarlarımızdan ayrılıb, diqqəti 17 il Sovet İttifaqına rəhbərlik etmiş Baş katib L.İ.Brejnevə yönəltmək istəyirəm. Baş katib lütfkarlıq edib üç dəfə – 1970, 1978 və 1982-ci illərdə Bakıya gəlmişdi. Onun sonuncu səfəri oktyabr ayına təsadüf edirdi. Doğrusu, bu səfərin günü yadımda qalmayıb, amma Brejnevin çuğunduru xatırladan şişkin sifəti indi də gözlərim önündədi. Mən “26 Bakı Komissarı” (indiki “Sahil”) metrostansiyasından çıxıb işə getməliydim. Yolu keçərkən bir milis işçisi yolun ortasından məni geri qaytarmaq istədi, bu vaxt cavan milis serjantı bizə yaxınlaşıb məni yolun o üzünə keçirtdi.

– Mustafa müəllim, məni tanımadın?

– Bağışlayın, tanıya bilmədim.

– Mən sizin kəndçiniz Tapdıq kişinin oğlu Akifəm.

Mən bu tanışlıqdan çox şad oldum. İllər ötdü, o zaman kiçik serjant olan həmkəndlim Akif Abışov polkovnik rütbəsinə qədər yüksəldi.

Adamlar Kirov prospekti boyu düzülmüşdülər. Bəlli oldu ki, Baş katib gəlib bu prospektdən keçəcək. Təbii, mən də yol kənarında dayanmış adamlara qoşuldum. Döşü daim orden-medalla dolu olan qalın qaşlı Baş katibin yolunu xeyli gözlədik. Və birdən canlanma yarandı, Baş katibin karteji orta sürətlə gəlib yanımızdan keçdi. Maşının pəncərəsindən onun hər gün şərab içən adamlara xas qızartdaq sifətini və kütləni salamlayan əlini gördüm. Baş katib keçib gedəndən sonra camaat hərəkətə gəldi və az vaxtda hərə çıxıb öz işinin dalınca getdi. Mən də işə tələsdim. O anda yadıma Vaqif Səmədoğlunun söylədiyi lətifəyə bənzər bir əhvalat düşdü. Vaqif danışırdı ki, Çar Rusiyasının zamanında general Yermolov Şamaxıya gələcəkmiş. Buna görə əhali generalın pişvazına çıxıbmış. Nəhayət, meydanın baş tərəfindən Yermolovun faytonu görünür. Generalı gətirən fayton camaatın toplaşdığı meydanı dolanaraq geri dönür. Yermolov da kimsəyə bir söz demədən camaata çəp-çəp baxıb çıxıb gedir. Şamaxılıların arasında olan şair Seyid Əzim Şirvani bu mənzərəni görüb bədahətən deyir:

Əhli-Şirvan, neçə il yoluna göz dikdiyimiz,

Bilməm niyə gəldi, niyə getdi

Bu filan-filan etdiyimiz.

Bu həmən general Yermolov idi ki, böyük rus şairi Puşkin “Dayan, Qafqaz, Yermolov gəlir üstünə!” yazaraq qürrələnmişdi. Puşkindən söz düşmüşkən, bizə universitetdə rus ədəbiyyatından dərs deyən unudulmaz Şamil Qurbanov o qədər sakit bir təhkiyəylə, vurğunluqla danışardı ki, biz hökmən haqqında danışılan kitabı tapıb oxumağa can atardıq. Şamil müəllim A.S.Puşkinin yaradıcılığından danışarkən onun “Ərzuruma səyahət” əsərindən də bəhs etmişdi. Puşkinin “Ərzuruma səyahəti”ni tapıb oxuyanda şairin Qarsın 20 verstliyində olan bir türk kəndində etdiyi hərəkət məndə pis təəssürat doğurmuşdu. Puşkin yazır: “Atdan sıyrılıb birinci daxmaya girmək istədim. Lakin qapıda ev sahibi görünüb deyinə-deyinə məni itələdi (bəs neyləməliydi, şair? – M.Ç.). Mən onun bu pişvazına qamçı ilə cavab verdim. Türk çığırmağa başladı, camaat yığışdı. Bələdçim gərək ki, məni müdafiə edirdi. Mənə bir karvansara göstərdilər”. (A.S.Puşkin. Seçilmiş əsərləri. 1 cild. “Avra-siya press”, B. 2006, səh. 259).

Növbəti dərsdə Şamil müəllimə “Ərzuruma səyahət” əsərini oxuduğumu, ancaq onun ev sahibini qamçılamasını bəyənmədiyimi bildirdim. Hansı haqla belə edib, şairə yaraşarmı?

Şamil müəllim bir qədər düşünüb dedi:

– Doğrudur, amma həqiqəti olduğu kimi yazdığı üçün bağışlamaq olar.

Əlbəttə, səhvsiz insan yoxdur. Bəzən böyük bir şəxsiyyətin adi bir zarafatı ona baha başa gəlir. Mən A.S.Puşkinin ölümünə səbəb olan belə bir zarafat haqqında Telman Orucovun “Ömürdən fraqmentlər” əsərində oxudum. Müəllif yazır: “Mən sənətşünas İ.Zilberşteynin tədqiqatlarından oxudum ki, A.S.Puşkin bir ağılsız zarafatı ilə onu məhvə aparan hadisələrin bünövrəsini qoymuşdur. Belə ki, şair ballarda, ziyafətlərdə gözəl qızların xahişinə əməl edib, onların albomlarına bədahətən şeirlər yazarmış və bu kiçik parçalar onun lirik poeziyasının inciləri hesab olunur. Bir dəfə atası portuqaliyalı olan İdaliya Poletika adlı gözəl, lakin lovğa bir qız öz evlərindəki balda Puşkindən albomuna şeir yazmağı xahiş edir və şair məmnuniyyətlə razılıq verir. Albomun vərəqində gözəl bir şeir yaranır və cavan, şux qız fəxrlə bunu bütün qonaqlarına göstərir. Birdən kimsə şeiri oxuyanda bərkdən gülür və barmağını albomdakı hansısa sözə uzadanda hamı gülməyə başlayır. Onun sahibi qız barmağın işarəsinə baxanda, müəllifin imzasının altında tarixi görür, burda 1 aprel yazılmışdı. Deməli, qızın gözəlliyini vəsf edən şeir həqiqətdən uzaq imiş və şair acı istehza ilə belə tarix qoymuşdu. Açıq təhqir olunduğunu hiss edən qız qəzəbdən alışıb-yandı və şairdən qisas alacağına söz verdi. Məhz, İdaliya Poletika şairin arvadı Natalya Qonçarova ilə Dantesin arasındakı yaxın münasibətlərin təşəbbüsçüsü və vasitəçisi olmuş və bu tarixçə Puşkinin dueldə Dantes tərəfindən öldürülməsi ilə başa çatmışdı. Bu qəzəbli qadın Puşkinin ölümündən sonra uzun müddət yaşadı və Odessada şairə ilk heykəl qoyularkən bu qoca adam hamının gözü qarşısında heykələ tüpürmüşdü”.

Sən bir insan nifrətinin nəhayətsizliyinə bax. Yəni bu qədər kinli olmaq olar? Dəyərmi?! İnsanın içi çürüməzmi?

Nəsə, bir qədər mətləbdən aralı düşdük. Hörmətli L.İ.Brejnev də lütfkarlıq eləyib Bakıya gəlmişdi. Gəlişiylə bizi sevindirmişdi. Amma Baş katib Respublika Sarayında çıxış edəndə işləri əməlli-başlı korladı. Mətni oxuyarkən Azərbaycanı Əfqanıstan adlandırdı. Baş katibin bütün dünyaya yayımlanan bu çıxışını tutub qəfəsə salmaq mümkün olmadı, “quş” uçmuşdu. L.İ.Brejnevin o gecəki çıxışından xalqın yaddaşında sonradan lətifəyə çevrilmiş “Şiroko şaqayet Azerbaydjan!” kəlamı qaldı. Əlbəttə, onda günah yoxdu, səbəb qocalıqdaydı. Sistemdəydi ki, ağzı söz tutmayan, yorğun qocanı o boyda vəzifədə saxlayırdılar. Heç bir vəzifə daşımayan Qasım bəy Zakir də bu barədə yaxşı demişdir: “Yoxdu bir özgə qəmim, fikrü xəyalım qocalıq”. L.İ.Brejnevin də, yəqin ki, Bakıya sonuncu oktyabr səfərində qocalıqdan özgə bir qəmi yox idi.

Xanımlardan biri böyük ədibimiz Süleyman Rəhimova salam verib halını soruşur. Yazıçı da deyir ki, necə olacağıq, qocalırıq. Xanım deyir ki, Süleyman müəllim, qocalığı boynunuza almayın.

Süleyman Rəhimov da cavabında deyir:

– Mən almıram, qocalıq özü gəlib boynuma minir.

Nəsə, L.İ.Brejnev Moskvaya qayıdandan sonra çox yaşamadı, 1982-ci il 10 noyabrda vəfat etdi. Onun dəfni televiziya ilə bütün dünyaya yayımlandı.

Fasilədən sonra işə qayıdırdım. Liftə çatmışdım ki, nəyinsə yuxarı mərtəbədən pilləkən boyu tutacaqların arası ilə taqqıltı salaraq aşağı gəldiyini gördüm. Bir qədər kənara çəkilib gözlədim, elə bu vaxt ayaqlarım altına çərçivəyə alınmış böyük bir portret düşdü. Hələ qəbirdə beyin hüceyrələri tamam ölməyən L.İ.Brejnevin sulu boya ilə çəkilmiş portretini ayaq altından götürüb divara söykədim. L.İ.Brejnev portretdən mənə baxırdı. Sanki deyirdi: insanın vəfasızlığını görürsən, qardaş. Portretə baxa-baxa müdrik Qurban Pirimovun – məclislər yola vermiş tarzən Qurban dayının – tez-tez təkrar elədiyi məşhur kəlamı yadıma düşdü: “Çalış ölmə, öldün qurtardı!” Qurban dayının sözündə haqq var, bəzi dirilər ölülərdən də əl çəkmir, elə bil qəbirdə yatan bunların geniş yerini dar edir.

O gün L.İ.Brejnevin portretini kabinetindən çıxartdırıb küçəyə atdıranlar, unutmuşdular ki, sabah onun yerinə başqa birisinin portretini başı üstə asmağa məhkumdu.

Bir həqiqət var ki, nə qədər çətin olsa da, insan gərək oturduğu vəzifə stolunu vaxtında qalxıb tərk etsin. Onda xalq yanında daha urvatlı olar.

* * *

Yuxarıda dediyim kimi, Seyfəddin Dağlı, Vaqif Səmədoğlu, Azər Əbilbəyli, Ulduzə Sadıqova klassik ədəbiyyat və folklor şöbəsinin əməkdaşlarıydılar. Ulduzə Sadıqova rusdilli olduğu üçün kiçik redaktor vəzifəsini yerinə yetirirdi. Azər Ədilbəyli bədii yaradıcılıqla da məşğul idi. “Müəllifin ilk kitabı” seriyasından bir nəsr kitabı da nəşr olunmuşdu. Bizim şöbəyə korrekturadan keçmişdi. Redaktorluğa o qədər də məhəbbətli deyildi. Kinostudiyada işləmək, ssenariləri əsasında bədii filmlər çəkdirmək eşqindəydi. Mən onun arzusuna hörmətlə yanaşsam da, bədii film çəkdirmək sevdası başa gələn məsələ deyildi. Ancaq ruhdan salmaq istəmədiyimdən, ürəyimdən keçənləri ona demirdim.

Bir gün redaksiyamıza ucaboylu bir oğlan gəldi. Şair Qəşəm İsabəyli ilə həmin gün tanış olduq. Məlum oldu ki, şöbə müdirimiz Məmməd İsmayılla kinostudiyada bir yerdə işləyiblər. Arada Qəşəm Məmmədlə pıçıltı ilə danışanda mən otaqdan çıxdım ki, bəlkə sözləri var.

Bir qədər dəhlizdə gəzindikdən sonra otağa qayıtdım, Məmməd gülümsəyərək:

– Bu işi ancaq Mustafa yoluna qoya bilər, – dedi.

– O nə işdi elə?

– Qəşəm nəşriyyatda işləmək istəyir.

– Çox gözəl, – dedim, – ancaq bu işdə bir köməyim dəyə bilər. Nəşriyyatda çalışan yoldaşımızdan biri nə zamansa kinostudiyada işləmək arzusundadır.

– Kimdir?

– Məmməd müəllim, onunla danışaram, yer dəyişməyə razı olarsa, kimliyini deyərəm. Ondan sonra rəhbərliklə özünüz danışarsınız.

Razılaşdıq. Mən bu barədə fikrimi Azər Əbilbəyliyə danışdım. Kinostudiyaya getməyə dərhal razı oldu. Beləliklə, Qəşəm İsabəyli “Yazıçı” nəşriyyatiına gəldi, Azər Əbilbəyli isə kinostudiyaya getdi və bəri başdan deyim ki, orada heç bir uğur əldə edə bilmədi. Qəşəm İsabəyli isə, universitetin coğrafiya fakültəsini bitirsə də, nəşriyyat sahəsinə pillə-pillə irəlilədi. 1982-ci ildə, “Yazıçı” nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində fəaliyyətə başladığı ərəfədə onun “Gənclik” nəşriyyatında “Balaca – bapbalaca” adlı 72 səhifəlik bir kitabçası nəşr olunmuşdu. Onun mənə bağışladığı bu ilk kitabın adını daşıyan şeirindən xoşum gəlmişdi.

Balaca – bapbalaca,

Balaca bir toxumdum.

Balaca – bapbalaca,

Mən torpağa toxundum.

Balaca – bapbalaca.

Gün çıxdı, yer isindi,

Balaca – bapbalaca.

Bir az da yerə sindim,

Balaca – bapbalaca.

Yerdən, günəşdən yedim,

Balaca – bapbalaca.

Bir səhər də göyərdim,

Balaca – bapbalaca.

Torpağa kök salmışdım

Balaca – bapbalaca.

Lap göyə ucalmışam,

Balaca – bapbalaca.

Qəşəm İsabəylinin ilk redaktə işlərindən biri Molla Cümənin “Seçilmiş əsərləri” oldu. Kitabın tərtibçisi və ön sözün müəllifi APİ-nin professoru Paşa Əfəndiyev idi. Molla Cümənin şeirlərini 1966-cı ildə ilk dəfə toplayıb çap etdirən də Paşa Əfəndiyev olmuşdur. Doğrudan da, həyatda qəribə təsadüflər olur. Elə bil insanlar arasında gözəgörünməz tellər var. Biz bu cür işlərə çox vaxt “ürəyədamma” deyirik. Bəzən, elə bil kimsə gözə görünmədən sənə pıçıldayır ki, bu yolla getmə, filan işi etmə. Əlbəttə, əksər vaxt biz bu ürəyədammalara əhəmiyyət vermirik, bildiyimiz kimi edirik. Başımıza bir iş gələndə isə, sən bir işə bax, deyirik, ürəyimə dammışdı ey, şeytan məni yolumdan azdırdı.

Molla Cümənin kitabını çapa hazırladığımız vaxtda bizim ağlımıza hardan gələ bilərdi ki, Şəkinin adi bir vətəndaşı onun əlyazmasını tapıb nəşriyyata gələcəkdir.

Dediyim kimi, Molla Cümənin şeirlərinin oxunuşu başa çatdığı bir vaxtda şöbənin qapısı açıldı, bir kişi içəri girib salam-kalamdan sonra ərəb əlifbası ilə yazılmış bir yığın əlyazmanı qoydu stolun üstünə. Məlum oldu ki, Molla Gümənin əlyazmasını Şəkidə bir din xadimindən əldə etmişdir. Bu barədə nəşriyyatın rəhbərliyini də xəbərdar etdik. Paşa Əfəndiyev də məsələdən agah oldu. Professor şəkili Şərif İdrisovun gətirdiyi əlyazma ilə tanış olduqdan sonra bu şeirlərdən də kitaba əlavələr edildi. Paşa Əfəndiyev kitaba yazdığı ön sözdə qısa da olsa, bu məsələyə toxunaraq yazır: “Şifahi dildən yazıya alınan şeirlərin, demək olar ki, əksəriyyəti bizdə olan əlyazmalarında var: özü də daha tamdır. Şərif İdrisov Molla Cümənin əlyazmasını da əldə etmişdir. Həmin əlyazmada olan bir sıra şeirləri kitaba daxil etməyi lazım bildik”.

Onu da deyim ki, hörmətli professor kitabda Şərif İdrisovun toplayıcı kimi adının getməsinə də etiraz etmədi. Şərif İdrisovun təqdim etdiyi şeirlər kitabında – “Müxəmməs, müsəddəs, müsəbbə, tərcibənd, zəncirləmə, dübeyiti, misal, deyişmə” başlığı altında verildi.

Burada Molla Cümənin Şərif İdrisovun təqdim etdiyi müxəmməsindən bir bəndi oxuculara ərməğan edirəm:

Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə,

Dərdin artmış dəryadan, etməz əlac loğman sənə,

Yanğılısan ol qədər, kar eləməz ümman sənə,

Ah çəkib ağlagilən, gəlibdir bir mehman sənə,

Şirindən olsun əmin, vacibdir yüz qurban sənə,

Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?!

Dahi Nizami Gəncəvi deyir ki, insan qəlbinin soltanı Allah olsa, o insanın bu dünyası və axirəti bayram olar. Çox şükür ki, mənim də qəlbimin sultanı Yaradanımızdı, könlümdə şeytana yer yoxdur. Allahın ruhuma köçürtdüyü nəcib duyğuların təsiri ilə təmasda olduğum, bir yerdə işlədiyim insanları – pislikləri, naqislikləri unudaraq – xoş xatirələrdə yad edirəm. Dahi İbn Sina yazır ki, heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir.

1985-ci ildə çap etdirdiyim “İtirilmiş səs” adlı hekayəmdə obrazın dililə belə bir fikir söyləmişdim: “… insan üçün ölümdən qorxulusu elə budur – təmasda olduğun, dostluq elədiyin adamın səsini itirməkdi. Çünki sən dostunu, yoldaşını, doğrudan da, cismən itirə bilərsən, səsini isə … Səs evinin artırmasında özünə yuva quran qaranquş kimidi, qaranquş! Əgər sən onun yuvasını dağıtmasan perik düşməz… İndi belədi də, Ağakərim müəllim, sözə qanad verən, sənə ruh verən, könlünü oxşayan o səsi itirmisənsə, nə deyim sənə?!”

Yaradanımıza borcluyam ki, mən heç kəsin yaddaşıma həkk olunmuş səsini, gözümlə çəkdiyim şəklini unutmamışam. Müəlliflərimiz olmuş Əkrəm Cəfəri, Məmmədağa Sultanovu, Kamran Məmmədovu, Bəylər Məmmədovu, Cahid Quliyevi, Mirabbas Aslanovu, Əbülqasım Hüseynzadəni, Əbülfəz Hüseyni, Samət Əlizadəni, Nazim Axundovu, Hüseyn Arifi (onun 1985-ci ildə iki cilddə “Seçilmiş əsərləri” bizim şöbədə oxunmuşdu), Həmid Məmmədzadəni, Turan Cavidi, Bayram Bayramovu, İsmayıl Şıxlını, İsa Muğannanı, Sabir Əhmədlini, Asif Atanı, Akif Hüseynovu, Ələviyyə Babayevanı, Əzizə Əhmədovanı və daha başqa dəyərli insanlarımızı bu gün də yaxşı xatırlayıram.

Yadımdadı, 1981-ci ildə Həmid Məmmədzadə Qulamhüseyn Beqdeli ilə birlikdə Məhəmmədhüseyn Şəhriyarın poema və şeirlərdən ibarət əl boyda bir kitabını tərtib etmişdilər. Mən hörmətli Qulamhüseyn Beqdeli ilə nəşriyyatda heç zaman rastlaşmamışdım, Həmid Məmmədzadə isə şöbəmizə tez-tez gələrdi. Ucaboylu, ciddi bir kişiydi. Kitabın redaktorluğu tərcümə redaksiyasının əməkdaşı şair Ağasəfaya tapşırılmışdı.

Bu kitaba şairin o zaman dillər əzbəri olan “Heydərbabaya salam” poeması da daxil edilmişdi. O vaxtkı gənclik bu poemaya necə vurğun idi, İlahi! Bu poemaya saysız-hesabsız nəzirələr yazılmışdı. O dövrdə Şəhriyarın bu kitabına çox uğurlu bir ad seçilmişdi – “Aman ayrılıq”. İran ərazisinə gediş-gəlişin məhdud olduğu bir dövrdə bu adın ruhumuzda yaratdığı təbəddülat bambaşqaydı:

Bizi yandırır yaman ayrılıq,

Bu darıxdıran duman ayrılıq.

Gözə sovrulan saman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!

“Aman ayrılıq” kitabına rəssam Fəxrəddin Əliyev gözəl illüstrasiyalar çəkmişdi.

Professor Həmid Məmmədzadə, gec də olsa, yenidən vətəninə – Cənubi Azərbaycana köçdü. Dəyərli professor orada da Şəhriyarı unutmadı. 1988-ci ildə Tehranda, “Məhəmmədhüseyn Şəhriyar (türk divanı külliyyatı)” kitabını nəşr etdirdi.

O zaman ağlıma da gəlməzdi ki, gün gələcək, “Təhsil” adlı nəşriyyatımız da olacaq, mən də orada çalışacağam və “Məktəb kitabxanası” seriyasından Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını çapa hazırlayıb ön söz yazacağam. Özü də az qala dodaqaltı zümzümə edə-edə:

Heydərbaba, yolum sənnən gəc oldu,

Ömrüm keçdi, gələmmədim, gec oldu.

Heç bilmədim gözəllərin necoldu,

Bilməz idim döngələr var, dönüm var,

İtginlik var, ayrılıq var, ölüm var.

* * *

Şöbəmizin istəkli müəlliflərindən biri də professor Əkrəm Cəfər idi. Əkrəm müəllim bizim şöbəyə böyük dramaturqumuz Hüseyn Cavidin qızı Turan Cavidlə gəlmişdi. O zaman Hüseyn Cavidin dördcildliyi nəşriyyatın planına salınmışdı. Dördcildliyin tərtibçisi Turan Cavid, ön sözün müəllifi Məmməd Cəfər, redaktoru, izahların, qeydlərin müəllifi isə Əkrəm müəllim idi. Onlar Hüseyn Cavidin hər kəlməsinin, hər sözünün üstə əsirdilər. Elə ilk tanışlıqda bilmişdim ki, Əkrəm Cəfər Hüseyn Caviddən dərs almışdır. O, unudulmaz müəlliminə böyük ehtiram bəsləyirdi. Ümumiyyətlə, Əkrəm Cəfər və onun yaşıdları olan alimlər Hüseyn Cavidin yaradıcılığının vurğunuydular, yeri gələndə onun şeirlərini, dramlarından müvafiq parçaları, xüsusən İblisin monoloqunu əzbər söyləyirdilər.

İblis!.. O böyük ad nə kadar calibi-heyrət!

Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.

Hər qübbədə, kaşanədə, viranədə İblis!

Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!

Adam Əkrəm müəllimin yaddaşının, zehninin itiliyinə heyran qalırdı. Əkrəm Cəfər mənalı, həm də mürəkkəb bir ömür yaşamışdı. Ərəb, fars, rus və başqa dilləri mükəmməl bilən bu alimi də pantürkizmdə, panislamizmdə və kiril əlifbasına qarşı çıxmaqda günahlandırıb ona 7 il iş kəsmişdilər. Bu minvalla böyük alim nahaqdan vətənindən uzaqlarda 12 il sürgün həyatı keçirmişdi. O, bütün bu haqsızlıqlara sinə gərərək sonsuz həyat eşqini, insanlara olan sevgisini qoruyub saxlamışdı.

Əkrəm Cəfərin redaktəsi ilə Hüseyn Cavidin “Seçilmiş əsərləri”nin I və II cildləri 1982-ci ildə, III və IV cildləri isə 1984-1985-ci illərdə işıq üzü gördü.

Əkrəm Cəfər Azərbaycan əruzşünaslığının əsasını qoymuşdu. O, “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” adlı monumental bir kitabın müəllifi idi. Yadımdadı, Əkrəm müəllim Məhəmməd Füzulinin əsərlərini tərtib edərək nəşriyyata təqdim etmişdi. Kitaba yazılmış müqəddimə, şərh və lüğət də ona məxsus idi. O, ön sözdə tərtibçi olaraq “Seçilmiş əsərləri” hansı prinsiplə tərtib etdiyini belə açıqlamışdı: “Bu nəşrdə Füzuli əsərlərinin janrlar üzrə tərtibinə də diqqət edilmişdir. Birinci sırada klassik ədəbiyyatın ölməz janrı olan qəzəllər, sonra qəzəllə şəkilcə ən yaxın olan qəsidələr, sonra sırası ilə dördlük, beşlik və altılıqlar, daha sonra şəkilcə bunlardan fərqlənən tərci və tərkibbəndlər, bunlardan sonra divan ədəbiyyatı ənənəsi üzrə qitələr, onların ardınca müdrikanə və miniatür janr olan rübailər verilmişdir. Bunlardan sonra “Şikayətnamə”dən qısa parçalar, nəhayət, dahi şairin şah əsəri sayılan “Leyli və Məcnun”un inci qəzəlləri və şairin həyatı, yaradıcılıq yolu ilə bağlı olan parçalar, habelə indiyə qədər geniş oxuculara məlum olmayan məşhur “Hədiqətüs-süəda” əsərindən 72 seçmə şeir bu nəşrə daxil edilmişdir”.

Darmowy fragment się skończył.

4,77 zł
9,54 zł
−50%