Czytaj książkę: «Saz»

Czcionka:

Saz

Sevincimin anası, cəfalı Firuzəm, bu yanıqlı əsər hər ikimizin ürəyimizin simləri üstə köklənib.


“Fərhad ölüb, külüngünün səsi gəlir”. Bu qədimdən qədim sözlərin gizlin mənası nədirsə, dəmirçi İsfəndiyarın zindan üstündə dəmiri döyəcləyən çəkicinin səsindəki məna da eləcədir. İndi iyirmi birinci yüzilliyin insanına “külüng” kəlməsi bəlkə heç tanış olmadığı kimi, “dəmirçi” kəlməsi də ya bir şey demir, ya da arxaik – vaxtı keçmiş bir zəmanədən xəbər verir. “Qılınc”, “qalxan”, “dəmirdən çarıq” və sair, və sair, bu qəbildən hər şey “əyyami qədim”dən xəbər verə-verə üzünü gələcəyə tutmuş insandan uzaqlaşdıqca uzaqlaşır və unudulur. Əmma… Qəribə bir həqiqət var: o həqiqəti öz etiqadı qədər uca tutanlar zaman-zaman təkrar edirlər ki, “geri baxmasan, irəli gedəmməzsən!” Külüngün səsi gəlirsə, Fərhad ölübmü?! Geri baxın, ey əzizlərim və əmin olun ki, Fərhadı görəcəksiniz. Mənim keçən yüzillikdən tanıdığım dəmirçi İsfəndiyarın Fərhadla qohumluğu var, bu əsərin ilk səhifələrindəki dəmirçixana mühiti sizi məndən ayırmasın, geri dönün, baxın, görün bu qohumluq necə qohumluqdur və belə qəribə mülahizəsi olan müəllif sizə nə demək istəyir.

1

Ötən əsrin 41-ci ilindən, yəni SSRİ ilə Almaniya arasında o dəhşətli müharibə başlanandan sonra dünyamızın hər yerində olduğu kimi, İsfəndiyar kişinin evində, dəmirçixanasında və həyatında da hər şey dəyişmişdi.

Müharibədən əvvəl o evdə təkcə kiçik gəlin səhərlər lap tezdən oyanardı; inəyi sağar, qapı-bacanı çalğılayar, ocaq qalayıb çay-çörək hazırlardı.

İndi isə hələ hava qaranlıqlı ikən İsfəndiyar kişi başını yastıqdan qaldırıb bir-iki kərə “öhö, öhö” eləyir və bununla gəlinləri də, körpə nəvələri də dərhal yorğanların altında tərpənişməyə başlayırdılar. Çöllərdən şeh çəkilməmiş gəlinlərin ikisi də manqa başçıları komsomol Bənövşənin kənddən çıxıb cırıldaya-cırıldaya uzaqlaşan arabasının dalınca sahəyə tələsirdilər. İsfəndiyar kişi isə nəvələrini yanına alıb, “köhnə dudman” adlandırdığı dəmirçixananın qapısını açmağa gedirdi.

Qoca vaxtilə oğlanları Rəhmanla Bəhmənə təhvil verdiyi, oğlanları əsgərliyə gedəndən sonra yetmiş yaşında yenə özünün sahib durmağa məcbur olduğu dəmirçixananın bir küncünü dəmir-dümürdən təmizləmişdi, palaz salıb, hətta mütəkkə qoyub əməlli-başlı mənzilə çevirmişdi. Uşaqlar bütün günü bu küncdə taxta qılınc, qalxanlarını taqqıldadır, qırmızı kərpic evlərini dağıdıb yenidən qururdular, süd, qatıq doğramalarını, pendir-çörəklərini isə birgə yeyirdilər. İsfəndiyar kişi isə, beş dəqiqədənbir nəfəsini dərə-dərə körük basır, dəstəyində oğlanlarının barmaqlarının izi qalan çəkici götürüb, uzun illər ərzində döyülməkdən ortası yəhər tək çökəlmiş qədim zindanın üstündə bel, kətmən düzəldir, gavahın1 yamayır, balta ovxarlayırdı…

Axşamlar gəlinlər manqanın arabasından düşəndə heç yerdə ləngimədən birbaş dəmirçixanaya gəlib uşaqları aparırdılar, qayınata evə qayıdana qədər vurnuxub həyəti çalğılayır, inəyi sağır, samovar qaynadır, süfrə hazırlayırdılar.

Əmma İsfəndiyar kişi evə tələsmirdi. Dəmirçixananın böyründən axan arxın üstünə ayaq körpüsü əvəzinə qoyulmuş dəmir borunun ovuğundan konserv qutusunda araba yağı ilə əsgi parçasını çıxarıb, qara xrom çəkmələrini yaxşı-yaxşı silib parıldadır, torpaqla və otla sürtə-sürtə əllərinin his-pasını yuyur, həmişə köynəyinin döş cibində gəzdirdiyi seyrəkdişli, iri, sümük daraqla saqqalının altını-üstünü darayıb sığallayır, qurum və kömür qoxuyan papağını çırpıb başına qoyur, gödəkcəsi çiynində, təsbehi əlində, zərif, nurani sifətinə nisbətən bir az kobutaraq, tökmərək bədənini şax tutub, ağır, yorğun addımlarla kəndin ortasına, kolxoz idarəsinin qabağına yollanırdı. Burda, divar dibində cərgə ilə sallağı oturub papiros, çubuq çəkən tay-tuşları ilə salamlaşıb, haləhval tuturdu, idarəyə girib, uzun, geniş dəhlizdə “yel fənəri”nin dövrəsinə toplaşmış camaatın arasında Komsomol Bənövşənin qəzetdən qiraətlə oxuduğu “vayenni svodka”ya qulaq asırdı. sovet sədri Qurban kişi – Qılınc Qurbanla görüşüb, onun “voyenkomat”dan, yəni hərbi komissarlıqdan gətirdiyi növbəti çağırış vərəqələrində əsgərliyə çağırılanlardan kimlərin adları olduğunu öyrənirdi, kolxoz sədrinin kabinetinə girib sabahkı “naryad”ın – iş tapşırığının verilməsində iştirak edirdi, yalnız bundan sonra, yenə pencəyi çiynində, təsbehi əlində, ağır, yorğun addımlarla evə dönürdü.

Əvvəllər, nə qədər ki, oğlanları getməmişdi, İsfəndiyar kişi kənd arasında, idarədə vaxt keçirməyi xoşlamazdı. Oğlanlarını və gəlinlərini işə yola salandan sonra həyətdə oturub, babanın əl-qoluna sürtünən qılıqlı pişik nəvələri ilə məşğul olardı. Böyük oğlu Rəhmanın bir-birindən seçilməyən, ailədə “qara pıspısalar” adlanan, ikisinin də elə bil üzlərinə kömür qarası çəkilmiş qızları əsgi-üsgüdən düzəltdikləri “bəbələr”ini babanın dizlərinin üstünə düzüb layla çalmağı tələb edərdilər. İsfəndiyar kişi usanmadan, birdən yarım saat layla deyərdi. Kiçk oğlu Bəhmənin topasaçlı, qarnıaçıq əkiz oğlanları babanın dizinin üstündə oturub “Məlik Məmməd”, ya da “Padşahın taral2 qızı” nağılını danışmağı tələb edərdilər. İsfəndiyar kişi usanmadan, bəzən hətta gündə bir neçə dəfə “Məlik Məmməd” və ya “Padşahın taral qızı” nağılını danışardı. Bir saat, para saat bağçada, ağacların arasında qurdalanması və hərdən yoldan keçən tay-tuşu ilə söhbət eləməsi hesaba alınmasa, qoca, demək olar ki, bütün günü həyətdə, nəvələrinin yanında oturardı… İndi isə elə bil evdən, ailədən aralı olmağa bəhanə axtarır, bəzən hətta idarədən qayıdanda dəmirçixanaya burulub, gəlinlərindən biri dalınca gəlməyincə çəkici əlindən qoymurdu…

Sakit, bürkülü bir yaz axşamı yenə dəmirçixanaya buruldu. Qapının dalına söykədiyi ağır dəmir lomu götürüb içəri keçdi, zil qaranlıqda heç nə görünməsə də, xırdaca mıxlardan başlamış səpici maşın və kotan ələngələrinə qədər, nəyin harada olduğunu əzbər bildiyinə görə, heç bir şeyə ilişmədən, asanca yeriyib yuxarı başda, kürənin yanında gödəkcəsini dirəkdən asdı.

Sinəsində küt ağrı hiss edirdi. Bədəni ağırlaşmışdı. Həmişəkindən fərqli olaraq, işləməyə o qədər də həvəsi yoxdu.

Əmma gedib həyətdə və ya evin küncündə oturub, bütün günü kətmən vuran dan sonra indi də qapı-bacada çalışan gəlinlərinin üzgün, qəmgin üzlərinə, kimisi oturduğu yerdəcə mürgüləyən, kimisi də hərdən zıqqıldaya-zıqqıldaya yemək gözləyən nəvələrinə tamaşa etməyi, öldüsü-qaldısı bəlli olmayan oğlanlarını xatırlayıb, necə deyərlər, qəm dəryasına qərq olmağı da istəmirdi.

Yavaş-yavaş əlini qaldırdı, kəndirdən tutub çəkdi. Körük xoruldadı, fısıldadı, sonra aramla uğuldamağa başladı. Kürədə üzərini qalın kül layı basmış od parçası bir ucdan işıldayıb qızardı. Qoca dirəyin haçasından qara çırağı götürüb, silkələyib nefti yoxladı, piltəni bir az yuxarı çəkdi, kürədə, odun üzərində oynaşan xırdaca alov dillərindən yandırıb çırağı yerinə qoydu. Tünd qara hisli, qırmızımtıl alovun hənirindən lap alçacıq tavandan sallanmış qurumlar titrəşdi, söyüd şivindən hörülüb axırıncı dəfə, kim bilir, nə vaxt suvanmış divarların dəlmə-deşiklərində sərçələr cükküldəşib dərhal da səslərini kəsdilər.

İsfəndiyar kişi kürənin ətrafındakı boş dairədə fırlanıb dəmir qalaqlarına göz gəzdirdi. Neçə gündən bəri yerə atılıb qalmış paslı dəhrəni götürüb ora-burasına baxdı. Bu dəhrəni o taylı3 Tat Seyidin istəklisi, alverçi Xeyrə deyilən çaxır satan arvad gətirmişdi. İsfəndiyar kişinin o arvaddan xoşu gəlmirdi. Dəhrəni atıb bir daha ətrafına göz gəzdirdi. Dibinə qırmızı kərpic tozu kimi qalın pas və dəmir qarası çökmüş ləyəndə su azalmışdı. Qoca vedrəni götürüb eşiyə çıxdı. Arxın nisbətən enli bir yerinə taxta çəllək və köhnə təkər topları atıldığına görə su boğulub göllənmişdi. Qoca vedrəni oraya basıb doldurdu. Dikələndə sinəsindəki küt ağrı xeyli artdı. Ömründə heç adi başağrısı da görmədiyindən, ağır yük qaldırmaqda, yeri düşsə, döşünə döyən hər hansı bir gənclə qurşaq tutmaqda və sair bu kimi şeylərdə heç kəsdən geri qalmayan bədəninin sağlamlığına möhkəm etiqadı olduğuna görə, sinəsindəki ağrıya qətiyyən əhəmiyyət vermədi, qayıdıb ləyəni su ilə doldurdu. Alverçi Xeyrənin paslı dəhrəsinə ötəri baxıb, gündüzlər nəvələrinin oynadıqları küncə fırlandı, orda divardan asılı qoltuq ağacını götürüb qayıtdı. Kürəyə – ocağa əl boyda bir dəmir parçası atıb, körüyü basmağa başladı.

Ocaqda çatıltı-patıltı qopdu, qoltuqağacının, zindanın, məngənənin, su ləyəninin üzərinə saysız-hesabsız qığılcımlar səpələndi. Dəmir parçası əvvəlcə qızardı, sonra tədricən ağardı, üstünün alovu da ağımtıl rəngə çalanda qoca körüyün ipini buraxıb necə tərpəndisə, çəkiclə kəlbətin elə bil özləri atılıb dəmirçinin əllərində hazır oldu. Qızmar dəmir parçası da elə bil öz-özünə kürədən uçub dəmirçixananın yarımqaranlığında qövs cızıb zindanın üstündə qığılcımlandı, tez-tez o yan-bu yana fırlanan kəlbətinin ucunda, fasiləsiz çəkic zərbələri altında görkəmini dəyişib uzandı, yastılandı, bir ucdan qıvrılıb tünd qırmızı bilərzik şəklinə düşdü.

Qoca dəmir parçasını ləyənin içinə atdı. Poqquldayıb buğlanan suya baxa-baxa köynəyinin qolu ilə alnının tərini sildi.

Bədəni nəmçiyib yumşalmışdı. Bayaqkı ağırlıqdan, həvəssizlikdən əsər-əlamət qalmamışdı. Cavanlıqda olduğu kimi, işləyəndən sonra qollarında, sinəsində əzələlərinin tərpənib oynaşdığını duyurdu.

Bir az da gözləyib kəlbətini götürdü, dəmir halqanı sudan çıxarıb əlinə aldı. Dəmir hələ isti idi. Başqa birisi bunu bəlkə də əlinə götürə bilməzdi. İsfəndiyar kişinin ovucları isə oddan da yanmırdı. Dəmir həlqəni çırağın işığına tutub oraburasına baxdı, kürənin ətrafındakı müxtəlif biçimli yiyələrdən ən balacasını götürüb halqanın üstünü qaşıdı, içərisini yiyələdi, indi gümüşü rəngli bilərziyə oxşayan halqanı qoltuqağacının ucuna keçirdi, xırdaca çəkiclə çıq-çıq vurub oturtdu.

Bu qoltuqağacını İsfəndiyar kişi kəndin feldşerinin xahişi ilə Komsomol Bənövşənin qardaşı çoban Abdullanın oğlu Mağar üçün düzəltmişdi. Oğlunun Rusiyanın harasında isə hərbi xəstəxanada yatdığını biləndən sonra çoban Abdulla birdən on beş qoyununu bazara sürüb satıb, “voyenkom” – hərbi komissar Talıbovun köməyi ilə oğlunu hərbi xəstəxanadan çıxarıb gətirmişdi. Atasının dediyi kimi, lap uşaqlıqdan əmlik əti, qaymaq, dələmə ilə bəslənməsinə baxmayaraq, Mağar cılız oğlandı; “qranat” – qumbara partlayışından sümükləri zədələnmiş, qıçları çoxdan sağalsa da, feldşerin dediyinə görə, keçmiş ağrıların şiddətindən gözü qorxduğundan qalxıb ayağını yerə basmağa cəsarət eləmirdi.

İsfəndiyar kişi qəmli-qəmli gülümsündü; feldşeri çağırıb, bir yerdə gedib, dağ ətəyində kolxozun erkək sürüsünü otaran çoban Abdullanın “sırxana”sında – qazma damında orta ocağın qırağında can ağrılarından ufacıq olmuş əsgəri, nəhayət, ayağa qaldırıb Abdullanı, Bənövşəni sevindirəcəyini fikirləşəndə özü də sevindi.

Əmma bu axşam qoltuqağacını aparası olmadı; gödəkcəsini çiyninə salıb, kürədə odun üstünü küllə örtüb divara söykəndi, qoltuqağacı əlindən düşdü. Bircə dəqiqə bundan əvvəl sinəsində oynayan əzələləri indi ağrıdan dartılıb qəfildən qurumuşdu. Bədəni soyumuşdu. İsfəndiyar kişi beləcə nə qədər dayandığını bilmədi. Ağrı azalanda gəlinlərinin gəlib onu belə büzüşük görəcəyindən ehtiyatlanıb qamətini düzəltdi. Lomu qapının dalına söykədi, arxın üstünə ayaq körpüsü əvəzinə qoyulmuş dəmir borunu adlayıb, “infarkt” sözünü eşidib mənasını yaxşı bilsə də, halının xarablığına o qədər də əhəmiyyət vermədən yavaş-yavaş evə doğru addımladı.

Demək, yenə evə gedirdi. Rəhmansız, Bəhmənsiz evə. Gəlinlərinin, nəvələrinin üzünə baxa-baxa qəm dəryasına qərq olmağa gedirdi… Burda qocanın fikri ilə birlikdə bir qədər keçmişə qayıtmaq lazımdır.

2

Qırx birinci ilin yazında, “Beynəlxalq həmrəylik günü” adlanan məşhur 1 May bayramı münasibətilə pəhləvan gəlmişdi. İdarənin qabağındakı meydançaya çoxlu xalı-xalça döşənmişdi. Pəhləvan qurşaqdan yuxarı soyunub burda daş qaldırırdı, əzələlərini oynadırdı, arxasıüstə uzanıb qarnının üstündə pianino çaldırırdı.

Meydançanın bir küncündə bilək yoğunluğunda uzun bir dəmir qoyulmuşdu. Camaat pıçıldaşırdı ki, pəhləvan bu dəmiri əyib, kəmər eləyib belinə dolayacaq. Daş qaldırması, əzələlərini oynatması, yıxılıb qarnının üstündə pianino çaldırması nə qədər maraqlı olsa da, pəhləvanın həmin yoğun dəmiri kəmər kimi belinə dolayacağını hamı xüsusi maraqla gözləyirdi. “Əşi, baş tutan iş deyil!”, “O yoğunluqda dəmiri də əymək olar?” – deyib şübhə edənlər də vardı.

Birdən camaatın arasından meydançaya bir cüt oğlan çıxdı. İkisi də bəstəboy. İkisi də enlikürək. Belləri, necə deyərlər, üzükdən keçərdi. Meydançanın dövrəsində xısın-xısın pıçıltı gəzdi ki, İsfəndiyar kişinin oğlanları pəhləvanla güləşmək istəyirlər. Pıçıltı sürətlə gəzib birdən də xırp kəsildi. Yeriyəndə ayı kimi yanını basan, yekəqarın, nataraz pəhləvanın yanında bu cavanlar çox zərif və yüngül görünürdülər. Tamamilə aydındı ki, dəmirçi qardaşlar, ikisi də birdən həmlə gəlsə belə, qara dağtək dayanmış pəhləvanı bəlkə heç yerindən tərpətmək də mümkün olmaz.

Baxışlarda narahatlıq, intizar oxundu. İsfəndiyar kişinin barmaqlarının arasında təsbehin çıqqıltısı kəsildi. Qoca irəli durub oğlanlarına təpinmək istədi. Əmma demə, dəmirçi qardaşların niyyəti ayrı imiş. Pəhləvana güləş təklif etmək əvəzinə, meydançanın küncündəki həmin yoğun dəmirə yaxınlaşdılar. Hərəsi dəmirin bir ucundan qaldırıb belinə dayadı və… dəmir elə bil muma çevrildi.

Camaat sevinclə, fəxrlə qışqırışdı. Təkcə İsfəndiyar kişidən səs çıxmadı. Qocanın dodaqları və saqqalının ucu titrəyirdi.

– Ayıb olsun! Ayıb olsun mənim oğullarıma da, sizə də, ay camaat!

Yenə hamı susdu. Qoca dəmirçinin belə danışması əvvəlcə təəccüb doğursa da, sonra məlum oldu: pəhləvan basılmışdı. Özü də necə pəhləvan?! Bütün ölkədə ad-san qazanmış, bütün xalqın hörmət etdiyi, sevdiyi Rəşid pəhləvan!

Sifətlərdə, baxışlarda peşmançılıq göründü. Əkiztayı kimi bir-birinin eyni olan topasaçlı qardaşların ikisi də başını aşağı saldı.

İsfəndiyar kişi təsbehini cibinə qoyub, əlini saqqalına çəkdi, “beyni qan cavanların” el-gün adətindən kənar iş tutduqlarına görə üzrxahlıq eləmək üçün münasib sözlər axtardı. Amma heç nə deyəsi olmadı. Çünki bu vaxt pəhləvan, dəmirçi qardaşların ikisini də qucaqlayıb alınlarından öpürdü, nəriltili səslə, fəxrlə: “İkinizi də Bakıya aparacam, pəhlivan eliyəcəm” – deyirdi. Bu sözlərə qardaşların münasibəti necə idi? Məlum olmadı. Çünki pəhləvanın nəriltili səsi ilə eyni vaxtda camaatın arasında başqa səslər də eşidilirdi: Rəhmanın baldırı sınacaq! Görücü Abı deyib, o əydikləri dəmir Rəhmanın baldırını sındıracaq!”, “Dəmiri götürün ordan, verməyin daha!”, “Aşağı kəndin görücüsünün sözü yerdə qalmır, nə deyir, o da olur!”

Aşağı kənddə, yəni bir-birindən böyük arxla – kanalla ayrılan Qurbanlı, Taharlı kəndlərindən xeyli aralı meşə ətəyində, bağ-bağçalar içində, evlərinin çiy kərpic divarları bozaran Qonaqlıda “görücü” kimi tanınan, yaşı keçmiş aşıq Abı kiminsə haqqında nə isə deyirdisə, doğrudan da, sözü yerdə qalmırdı. Buna görə Abıya Xızr Abı da deyirdilər.

İsfəndiyar kişi bəd xəbər danışan adamlara sarı dönməyə də macal tapmadı. Pəhləvandan aralanıb camaata doğru yeriyndə Rəhmanın sol qıçı dəmirin həlqəsinin arasına düşüb, dizindən bir az aşağıdan necə sındısa, sümüyün şaqqıltısını eşitməyən adam qalmadı. Hay-küy içində, nədənsə təqsirkar saydıqları “kaftar falçı”ya – Xızr Abıya qarğayan qız-gəlinlərin arasından bir-birinin eyni olan iki zərif, sarışın, alagöz gəlin çıxıb, əllərini başlarına döyə-döyə, yerdə döşəli Rəhmanın üstünə yüyürdülər. Əmma meydançanın kənarından, yastı, uzun anbar binasının “ambulatoriya qapısı” deyilən yerindən, kandardan atılıb yüyürən arıq, gödəcik oğlanı görər-görməz, gəlinlər xırp dayanıb, hətta geri çəkildilər.

İsfəndiyar kişinin gəlinlərinin belə qeyri-adi hərəkətinə səbəb olan o arıq, gödəcik oğlan – feldşer Axsaq Hacı sol ayağının üstə çökə-çökə yönəlib, cibindən ağdəstək, iri bıçaq çıxarıb, Rəhmanın təptəzə, bahalı xrom çəkməsinin boğazını, sonra buğlanan qan içində şalvarın balağını kəsdi, dərinin altından qabarmış sümüyə baxıb: “Qaldırın! Ambulatoriyaya gətirin!” – deyib geri yüyürdü.

Ləqəbindən göründüyü kimi, feldşer axsayırdı: sol qıçı anadangəlmə gödək idi. Yetim, kimsəsiz, fağır bir oğlandı. Anbar binasının küncündə, “ambulatoriya qapısı” deyilən enli, rəngsiz, köhnə qapının arxasındakı ambulatoriyada çit arakəsmənin dalına çarpayı qoyub orda olurdu. Səhərlər Hacı boz iplə, ağ, qara sapla, bir-iki yerindən hətta məftillə yamammış, “üzü üzlər görmüş” brezent çantasını çiyninə alıb ambulatoriyadan çıxırdı, “qızdırmalılar”ın, yəni malyariyalı xəstələrin evlərində olandan sonra yenə çantasını çiyninə alıb, sol ayağının üstünə çəkə-çəkə, toz-torpaqlı yollarla, daşlı-kəsəkli, qanqallı, tikanlı cığırlarla briqadaların, manqaların dağınıq sahələri, tarla düşərgələri arasında taytıyırdı. “Camaatı qırıb-çatan qızdırma” kanal ətrafındakı, meşə ətəyindəki üçpara kəndin üçünü də götürdüyünə görə, məcburən “elə qızdırmalı-qızdırmalı işə çıxanlara” dərman – “xinin” paylayırdı, “iynə” vururdu, iş üstündə əli, ayağı yaralananların yaralarına yod sürtürdü, həmişə cibində gəzdirdiyi əzik-üzük “uçot dəftərini” çıxarıb “pulsuz paylanan” dərmənlərin pulunun “bölünməz fonddan ödənilməsi” üçün briqadirlərin imzalarını alırdı. Bundan sonra, hələ gün batmamış, Hacı dəmir yolu xətti boyunca uzanan kanalın qıraqlarında, qamışlıqlarda itib batırdı. Gedib baxan olsaydı, feldşerin əleyhqaz geyinib bataqlığa əhəng səpələdiyini görərdi. “Ağcaqanad yuvası” olan gölməçələrə “qara nöyüt” – mazut tökürdülər. “Ağcaqanadla mübarizə” üçün əhəngdən istifadə etmək Hacının öz “kəşfi” idi.

İlin əvvəlində dəmiryol vağzalının binasının arxasındakı düzənlikdə, xırda-xırda ağ kisələrdə çoxlu əhəng gördü.

Yağışın altında qaldığından, əhəng qaynayıb, kisələri yandırıb parça-parça eləmişdi.

Qartək dümağ toz səpələnmiş düzənlikdə otlar da yanıb qaralmışdı. Kəndçi oğlu olsa da birinci dəfə idi ki, Hacı əhəngdə belə hikmət görürdü. Dayanıb fikirləşdi ki, deməli, bu əhəng bataqlığa səpilsə, ordakı qamışlıqları və qamışla birlikdə ağcaqanad süfrələrini də məhv edə bilər.

Soraqlaşdı, kisələrin sahibini nişan verən olmadı. Stansiyanın sağ-solunda, dəmiryol xətti boyunca qalaq-qalaq tökülüb qalmış gübrə və jmıx4 kisələri kimi, bu əhəngə də sahib duran taplımadı.

Stansiya rəisi ilə danışıb, əl boyda bir kağızda karandaşla qəbz yazdı: “Mən, Qurbanlı kənd sakini Hacı Daşdəmir oğlu, 1941-ci il fevralın on üçündə yüz altmış ədəd əhənglə dolu kisəni təhvil alıb ağcaqanadla mübarizə üçün istifadə etməyə apardım”.

Qol çəkib qəbzi rəisə verdi. Kəndə qayıdıb traktorla lafet gətirdi, kisələri aparıb gölməçələrin arasında talaya boşaltdı, camaatdan köhnə, lazımsız palaz yığıb əhəngin üstünü örtdü ki, yağışın altında qalıb yandırıcı təsirini itirməsin. O vaxtdan Hacı hər axşam işdən sonra bataqlığa əhəng səpələyirdi. Əmma camaatdan hələlik feldşerin bu işi ilə maraqlanan yoxdu. Kimin nəyinə gərəkdi ki, ilanlı, qurbağalı, iyliqoxulu gölməçələrə girib, üzərində boz buludtək ağcaqanad qaynaşan qamışlıqlara başını soxub, axsaq feldşerin orda saatlarla nə üçün itib-batması ilə maraqlansın? Bununla hərdən kəndin, necə deyərlər, rəhbər işçiləri, camaatdan isə təkcə İsfəndiyar kişi maraqlanırdı.

Axsaq feldşerlə İsfəndiyar kişini elə bil tale özü birləşdirmişdi. İlk baxışda bəlkə də qəribə və gülməli, əslində isə kədərli bir hadisə qocanın ürəyində bu oğlana rəhm oyatmışdı.

Sovet sədri Qurban kişinin “yesli zavtra vayna”5 oxun-duğu vaxtlar” adlandırdığı vaxtlar, yəni otuz doqquz-qırxıncı illərdə Hacı “ev tikdirmək, ailə qurmaq” həvəsində idi. Günlərin birində dəmirçixanaya gedib, boynunu burub acizanə xahiş eləmişdi ki, İsfəndiyar kişi, kəndin mötəbər ağsaqqallarından biri kimi, zəhmətə qatlaşıb elçilik etsin, Hacını evləndirsin. Sonra məlum olmuşdu ki, Hacının, necə deyərlər, dünyadan xəbəri yoxdur: onun istədiyi qız, – “Məhər” və ya “çekist Məhərrəm” deyilən məşhur bir adamın Orta kənd Tahirlidə olan böyük bacısı Pəri çoxdan alışıb-verişib. Özü də bir başqası ilə yox, Hacının elçilik üçün müraciət etdiyi adamın – İsfəndiyar kişinin böyük oğlu Rəhmanla!

Bir il sonra, Rəhmanla Pərinin toyunda Hacı keflənib İsfəndiyar kişinin boynunu qucaqladı: “Böyük bacını öz oğluna aldın, kiçik bacını da mənə al, imanına qurban olum, İsfəndiyar əmi!” Əmma məlum oldu ki, bədbəxt feldşerin bu dəfə də oxu daşa dəyib – kiçik bacı Tubu da çoxdan alışıb-verişib! Özü də bir başqası ilə yox, İsfəndiyar kişinin kiçik oğlu Bəhmənlə!

Bu əhvalatdan sonra Rəhmanla Bəhmənlə, İsfəndiyar kişi ilə rastlaşanda Hacı başını aşağı əyib xəcalətindən tər tökürdü, o ailə ilə mümkün qədər görüşməməyə çalışırdı.

Əmma, necə deyərlər, taleyin gərdişi qoca aşıq Xızr Abının əvvəlcədən xəbər verdiyi hadisə gözlənilmədən Hacını Rəhmanın yatağının yanında “dejurnu”ya döndərdi. Niyə “dejurnu”ya? Çünki Rəhmanın “sınığı yaman sınıqdı” – sümüyü eşiyə çıxmışdı, gecə-gündüz göynəyirdi, yatmağa qoymurdu, buna görə də Hacı gecələr səhərə qədər Rəhmanın yanında mürgüləyə-mürgüləyə tez-tez “ağrıkəsici” iynə vururdu. Bu “dejurnu”luq mayın birindən onuna qədər Hacını o ailənin əməlli-başlı üzvü kimi elədi. Əmma yazıq xəcalətindən nə çəkdiyini təkcə özü bilirdi. Arıqlayıb “çöpə dönmüşdü”. Bu vəziyyətdə, əlbəttə, o evdə çox qalmaq mümkün deyildi. Odur ki, bir gecə yenə “ağrıkəsici iynə” vurmağa hazırlaşanda Hacı birdən-birə şprisi yerə çırpıb, canını dişinə tutub”, “Qışqırma”, – deyib o “eşiyə çıxan sümüyün” üstünə tənzif qoyub necə basdısa, sümük bir göz qırpımında “yerinə düşdü”. Bundan onca gün sonra isə Rəhman tez-tez alnına tökülüb gözlərinin üstünü tutan topa saçının altından feldşerə baxıb: “Ay Hacı, yerimək istəyirəm axı!” – deyib güldü. Və çox qəribə oldu ki, iyunun iyirmi ikisində, “Sovetnən Germaniyanın arasında müharibə” xəbəri çıxan gecə ayağa qalxıb, “heç nə olmamış” kimi yeriməyə başladı. Bundan bir neçə gün sonra isə qardaşlar ikisi də “mobilizasiyaya düşüb”, Qurban kişi – Qılınc Qurbanın verdiyi “povestka” əllərində, “pradukt” çantaları bellərində “vayenkomata”, ordan da “eşalona dolanlarla” getdilər. Və o gedən getdilər. Səsləri-soraqları da çıxmadı. Hacı isə, o evdən o çıxan çıxıb daha bir dəfə də qayıtmadı ki, Pəri, Tubu ilə, İsfəndiyar kişi ilə üz-üzə gəlib xəcalət tərinə batmasın.

3

Rəhmanla Bəhməndən iki şey qalmışdı: biri anbarla idarənin arasındakı meydançada bellərinə “kəmər kimi doladıqları” dəmir, biri də İsfəndiyar kişini nədənsə Rəhmandan fərqləndirib “sonbeşik – yurduma keşik” deyə-deyə əzizlədiyi Bəhmənin xəlvətdə “OdEvƏr”6, zahirdə “Təvər” saz adlanan, qucağa sığışmayan, şirmayılı sazı idi ki, əslində İsfəndiyar kişinin özünündü; hələ əsrin əvvəlində qocalığına görə “Çürük” deyilən Çürük aşıqla o vaxtkı balabançı, sonrakı aşıq Xızr Abı, hər ikisinin istəkli şagirdi İsfəndiyar üçün bağlatmışdılar. Əmma bədbəxtlikdən Çürüklə Abının bu gün də adını sirr kimi saxladıqları çox məşhur, varlı-hallı bir adam İsfəndiyara zəhər verib səsini batırmışdı, sonra da ölümlə hədələyib, qeyri-adi gur səsi “AlOsmana qalxan”7 sazı əlindən almağa çalışmışdı. Elə o cavan vaxtlarından “ipək kimi yumşaq” İsfəndiyar yalvarıb-yaxarıb, sazı “xilas eləyib”, qalın bezə büküb “mal damının harması”nda gizlətmişdi ki, vaxtı çatanda Bəhmənə versin.

Bəhmən aşıq-zad deyildi, ustad yanında olmamışdı. Əmma hələ lap körpəlikdən yaxşı-yumşaq, titrək səsi olduğunu başa düşəndən sonra Aşağı kəndə, Çürük Aşıqla Xızr Abının məclislərinə gedərdi, valehlikdən ağzıaçılı, quruyub qulaq asardı, evə qayıdanda isə atasının qabağında boynunu büküb, “saz istəyirəm”, – deyərdi.

Oğlunun on beş yaşı olanda, İsfəndiyar kişi, nəhayət, sazı vermişdi, Bəhmən isə toylarda, mağarlarda yenə də Çürüklə Xızr Abının əllərinə baxa-baxa, yavaş-yavaş çalmaq öyrənib, əməlli-başlı bişginləşmişdi.

Damına qom-qom qamış döşənmiş çiy kərpic evin qabağında, su quyusunun üstündə kimin əkdiyi və nə vaxt əkdiyi bəlli olmayan, yoğun, hamar gövdəsində ərəb əlifbası ilə qat-qarışıq sözlər qazılmış qədim və nəhəng qovaq ağacı vardı. Bəhmən bu qovağın başında, yastı haçada oturub sazını burda çalmağı, təzə öyrəndiyi havaları bütün kəndə eşitdirməyi sevərdi. Çekist Məhərrəmin kiçik bacısı Tubuya vurulandan sonra yerini dəyişib bir az da yuxarı çıxardı ki, “Təvər saz”ın səsi uzaqlara, bəlkə Tubugilə də getsin.

Tubuya nişanlanandan sonra qovağın başına qalxmağı tərgitdi. Çalmağında, oxumağında da dəyişiklik əmələ gəldi. Daha həmişəki kimi simləri vurhay döyəcləyib gündə bir neçə mizrab sındırmırdı. Yerdə oturub, kürəyini qovağın gövdəsinə söykəyib, çox zaman gözlərini yumub, simləri az qala birər-birər dənləyirdi, asta-asta, narın-narın, həzin-həzin çalırdı. Həmin bu vaxtlarda “AdıPünhanların” elmindən başı çıxanlar Bəhmənə bir sirr açdılar:…başı çıxanlar, o cümlədən Çürüyün qardaşlığı Xızr Abı, Bəhmənin “xoruz təki dikə qalxıb banlamağını”, “danqırhadanqır çalmağını” xoşlamayan qocalar – Çürüklə Xızr Abı cavan aşığın barmaqlarına, “səsinə-ürəyinə” necə vuruldularsa, ona hətta AdıPünhanların gizlin Elm uğrunda nələr çəkdiklərini, bu Elm üstündə “Rusun nə qədər adam qırdığını” danışdılar, sonra isə Elmdən dərs dedilər və bununla İsfəndiyar kişinin özünün də yaddaşını təzələdilər.

Oğlanları gedəndən sonra, axşamlar evdə darıxanda qoca hərdən sazı köynəkdən çıxarırdı. Eyni ilə Bəhmən kimi, kürəyini qovağın gövdəsinə söykəyib, eyni ilə Bəhmən kimi narın-narın “dınqıldadırdı”, vaxtilə Çürüyün danışdığı və ən yaxın adamlarına “şərh” elədiyi məxfi “Elm dastanı”ndan bir beyti öz ürəyinə yatan şəkildə, “qol-qanadını sındıra-sındıra”, xırıltı ilə oxuyurdu:

 
Gəl, ey Şeşpayi-bəhrim,
Qalmadı tabanım, təhrim.
Düşmən gəlib məni kəməndə salar,
Şah babamın gözü yolda qalar.
 

Nə deməkdi bu “Şeşpayi-bəhr?” Bu, sirr idi. Əmma qoca hər dəfə yalnız bu beyti oxuyurdu və hər dəfə gözləri dolurdu. “Gəl, ey Şeşpayi-bəhrim! Şah babanın gözünü yolda qoyma, gəl!” – deyirdi.

Bir axşam, həmişəki qayda üzrə, araba yağı ilə çəkmələrini silib, gödəkcəsi çiynində, təsbehi əlində, idarədə vaxt keçirib evə qayıdandan sonra yenə sazı götürdü. Ancaq çalmadı. Bir tərəfini iri, uzun taxt, o biri tərəfini yorğan-döşək yığını və taxıl çuvalı tutmuş otağın yuxarı divarında, uşaqların əli çatmayan yerdən mıx vurub sazı ordan asdı.

– Tilsimləndi bu saz. Bəhmən gələnə qədər köynəkdən çıxmıyacaq, – dedi.

Sazın necə, niyə “tilsimləndi”yini isə deməyib evdən çıxdı.

Qovaqdan xeyli solda, eynilə “köhnə dudman” kimi, dirəklərin aralarına dolana-dolana uzanan ağac budaqlarından hörülmüş alçacıq “mal damı”nın qabağında qara inəklə keçənilki, builki balalarının gözləri üç cüt fanar kimi parıldayırdı. Ağcaqanadın əlində əsir heyvanlar tez-tez ayaqlarını yerə döyə-döyə, fısqırışa-fısqırışa gözlərini qocaya dikib imdad istəyirdilər. İsfəndiyar kişi damın dalına fırlanıb ordan bir qucaq quru-taqqanaq təzək gətirdi, kom-kom çayırları qaralan geniş, hamar həyətin üzərini bütün qapamış sıx yarpaqlı budaqların altında, bir neçə yerdə təzək yandırdı, kürəyini qovağın gövdəsinə söykəyib oturdu.

Təzəklərin acı tüstüsü budaqların altına yayıldıqca qocanın başının dövrəsində ağcaqanadların vızıltısı azalırdı. Heyvanların fısıltıları, ayaq tappıltıları kəsilirdi. Pəncərə arxasında piltəsi aşağı çəkilmiş yeddilik lampanın solğun işığında cərgə ilə dirəkləri bozaran balkonda qaranquşlar hərdən yuxulu-yuxulu civildəşirdilər. Qovağın başında, nədənsə, yuvasına hər il tək gəlib, tək də gedən hacıleylək dimdiyini şaqqıldadırdı. İsfəndiyar kişi uzun illərdən bəri alışdığı bu səslər içində, qəmli-qüssəli, yenə də oğullarını düşünürdü. Cavanların ikisini də birdən sinəsinə sıxan pəhləvanı, iri, ağdəstə bıçaqla Rəhmanın çəkməsinin boğazını kəsən feldşerin həyəcanlı, qayğılı qışqırtısını xatırlayırdı.

Oğullarını müxtəlif yaşlarında, min-milyon vəziyyətlərdə – evdə, süfrə başında, səhər-səhər su quyusunun üstündə qurşaqdan yuxarı soyunub bir-birinin boynuna, kürəyinə vedrədən sü töküb şappır-şuppur yuyunan yerdə, “köhnə dudman”da körük basan, çəkic vuran yerdə və sair vəziyyətlərdə xatırlaya bilərdi.

Bəs niyə pəhləvandan başqa yalnız Hacı ilə bağlı görürdü? Niyə yenə ürəyi ağrıyırdı?

Bu gün heç bir dəfə də çəkic vurmadı. Körüyü basa-basa, taqətsiz əyilib kətilə çökdü. Elə bil hardasa, nə isə müsibət baş vermişdi. Ya da elə bil nə isə olmalı idi, necə deyərlər, sümüyü duymuşdu. Bəlkə idarəyə qayıtsın, ancaq gecə yarıya qədər tay-tuşları ilə otursun, o yandan-bu yandan söz-söhbət eşitsin, fikri-xofu dağılsın?

Pəncərələrin arxasında lampanın işığı artdı. “Yük yeri” ilə, yəni yorğan-döşək yığılan künclə taxtın arasında kölgələr dolandı. İndi ya Pəri, ya da Tubu “çökək cəm”də qayınatasının “axşam qisməti”ni – “gözünə azca süd qatılmış qatığı” gətirib, “gecən xeyrə qalsın” deyib, “lap axşamdan yatmalı” idilər ki, səhərin alatoranında “öhö, öhö” eşidəndə, oyana bilsinlər, İsfəndiyar kişi isə, hələ bir xeyli də oturmalı idi.

Kənddə arvadların arasında xısın-xısın söhbət gəzirdi: “Yazıq dəmirçi bir-birindən cavan gəlinlər içində qalıb”. “Gün işığında gəlinlərin üzünə baxmır, deyir yanaqlarının solğunluğunu görmək istəmirəm”. “Qaranlıq qarışanacan idarədə oturub, evə gedəndə də elə həyətdə oturur, içəri baş salammır”. “Belə getsə üzüləcək kişi”. İdarənin qabağında, dəhlizində arvadlar arxasınca baxıb xısın-xısın danışanda, İsfəndiyar kişi onların məhz belə sözlər dediklərinə şübhə eləmirdi. Deyilənlərin hamısı doğru idi. Əmma neyləmək olardı? Bəlkə bu həyat tərzini dəyişmək lazımdı? Necə, nə yolla? Oğlanları gedəndən sonra dəmirçixanaya qayıtmaq istədiyini deyəndə, idarə heyətində heç kəs razı olmadı. Kolxoz sədri, Çeteze ləqəbli Çeteze İskəndər dedi: “Yetmiş yaşında, əlinə çəkicmi götürəcəksən, a kişi?!” Sovet sədri Qılınc Qurban təpindi: “Bizi biabır eləmə, sən Allah, İsfəndiyar kişi!” Kəndə başqa yerdən dəmirçi gətirmək istədilər. Əmma İsfəndiyar kişinin fikri qəti idi. “Həm cəmaata azdan-çoxdan xeyrim dəyər, həm də özümün başım qarışar”, – dedi və elə ordan birbaş “köhnə dudman”ın qapısını açmağa getsin? Bundan başqa neyləmək olardı? “Başım qarışsın” deyib, bütün gecəni də səhərə qədər dəmir döysün?!

Qoca tamam səbirsizləşib, yerində qımıldanıb, kəndin işıqlarına baxdı. Burda, bu sallaq budaqların altında, acı təzək tüstüsü altında saatlarla oturmaq da adamı lap təngə gətirir. Bəlkə durub sovet sədrinin yanına getsin, yerli hökumətin əli ilə oğlanlarının “polevoy poçt”una məktub yazdırsın, xəbər tələb etsin? Yaxud, bəlkə elə bu dəqiqə durub dəmiryol vağzalına getsin, rayona yola düşsün, voyenkom Talıbovun öz əli ilə məktub yazdırsın?..

Qoca bu fikirlərə necə qapıldısa, qaranlıqda bir yanının üstünə çökə-çökə, tərəddüdlə, dayana-dayana gəlib salam verib, beş addım aralıda, su quyusunun dikdirinin kənarında oturan adama diqqət yetirmədi. Yalnız feldşer ayağa qalxıb, həmişkitək yorğun və xəcalətli səslə: Gecən xeyrə qalsın, – deyəndə qoca onu gördü.

– Hacı?.. Ay oğul, sənsənmi? Çoxdanmı buradasan? Dayan görüm!..

Feldşer dayanmadı.

– Yaman darıxdım, gəldim ki, bir az saza qulaq asım, İsfəndiyar əmi… Gecən xeyrə qalsın.

Qoca təəccüblənmişdi. Nə əcəb belə, çağırılmamış gəlib Hacı? Yarası köhnəlmişdi, daha utanmırdı yazıq.

– Əylən! Belə getmə… Heç bilmirəm nədəndi, halım xarabdı, oğul. Əvvəl saz dadıma çatardı. İndi o da belə oldu. Necə deyim, heç bilmirəm necə başa salım. Tilsimləndi Bəhmənimin sazı, oğul. Çalammıram daha. Əlim gəlmir.

Hacının nazikcə qaraltısı dik dartılıb hərəkətsiz qaldı.

– Necə yəni tilsimləndi, ay İsfəndiyar əmi?!

Qoca fikrə getdi. Necə danışsın, necə izah etsin?

Kətildə oturub körük basdığı yerdəcə yatıb röya görmüşdü. Daha doğrusu, heç nə görməyib ancaq Bəhmənin səsini eşitmişdi: “Günlərin birində idarədən evə dönəndə qulağına Təvər sazda “Divanı” gəlsə, bil ki, qayıtmışam, baba”.

Qoca diksinib oyanmış və indi Hacının qaraltısına baxa-baxa necə hərəkətsizdisə, beləcə donub qalmışdı: “Bu nəydi eşitdim, ya rəbbi?!”

İkinci dəfə mürgüləyib yenə Bəhmənin səsini eşitmişdi: “Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. Qoca yenə diksinib oyanmış, bu dəfə heyrət əvəzinə xof içində evə yüyürmüşdü. Sazı köynəkdən çıxarıb, barmaqları titrəyə-titrəyə simlərə toxunmuşdu. Bir il bundan qabaq Bəhmənin əlləri ilə çəkilib “Divani” üstündə köklənmiş simlərin bu bir ildə kökdən düşməməsi mümkün olan şeydi, əmma bu da qocaya hikmətli bir əlamət kimi görünmüşdü. Və sazı divardan asıb, əl vurmağı qadağan eləmişdi.

Röyasını olduğu kimi danışdı, köksünü ötürdü.

– Əl vursam, qorxuram kökdən düşər. Onçun deyirəm, tilsim deyilmi?!

Hacı ağır-ağır başını tərpətdi.

– Tilsimdi. Nəsə belə şeydi. Əmbə burası da var ki, səni saxlıyan o sazdı. Açığı, elə mən özüm də sabah-sabah fikirləşirəm ki, axşam İsfəndiyar əmi çalacaq, oxuyacaq. Əmbə gələmmirəm, qıraqdan qulaq asıram. Bu axşam heç bilmirəm nə oldu, mən də elə sən təki doldum, köyrəldim, yaxın gəldim… Gecən xeyrə qalsın.

Sol ayağının üstə çökə-çökə aralandı, qaranlıqda gözdən itdi.

İsfəndiyar kişi qəhərlənmişdi.

– Yaxşı olmadı… Heç yaxşı olmadı. Bəlkə Çürükdən, bir ayrı, köhnəsi olar, saz istəyim? Yox, Abı nəsə deyər, bağrım çatlayar. – Heç hiss eləmirdi ki, öz-özünə danışırdı.

4

Dəmiryolun qırağında “Məhərin budkası” adlanan tikili, – qırmızı kərpicdən xırdaca bir qalaça kimi qaldırılıb, hər iki mərtəbəsində bir cüt xırdaca pəncərəsi qaralan yarımstansiya, əslində “Məhərrəmin budkası” adlanmalı idi. Əmma Məhərrəmin dul anası Mələk qarı ilə qızları Pəri, Tubu da “Məhərrəm” əvəzində “Məhər” dediklərinə görə bütün Qurbanlı “Məhərin budkası” deyirdi. On-on beş ildi ki, Məhər Moskvaya gedib, ordan Bakıya köçüb, “Çekist Məhərrəm”, “Məhərrəm Abbasoviç” olmuşdu. Anası Mələk qarı, eynilə Axsaq Hacı kimi axsayan “Teymurləng” ləqəbli uzunhoqqar böyük oğlu, gəlini, nəvələri ilə birlikdə o “budka”-dan Orta kənd Tahirliyə köçəndən sonra üç para kəndin üçü üçün də əlverişli olan o yarımstansiya bağlanmışdı. Əmma hərdən gecələr o xırdaca pəncərələrdə, iki mərtəbənin ikisində də işıq parıldayırdı. Qurbanlının dəmiryol səmtində, kiçicik, çəpərsiz bağla qovaq ağacı nəzərə alınmasa, tamam açıqlıqda olan təkotaqlı, uzun balkonlu evin həyətindən boylananda pəri ilə Tubu o xırdaca pəncərələrin parıltısını görüb, gözlərini silirdilər. Çünki əvvəllər o pəncərələr Məhər, arvadı, uşaqları ilə Bakıdan gələndə parıldayıb, öz işığı ilə Pərini, Tubunu, İsfəndiyar kişini görüşə, qonaqlığa çağırardı. Müharibə başlayandan sonra isə, o xırdaca pəncərələr parıldayanda Qurbanlıdan baxanların hamısı bilirdi ki, “budka”-dakı işığı daha Məhər yox, “İstrebitlnıy batalyon” – “Qırıcı batalyon” adlanan silahlılar dəstəsinin komandiri, sovet sədri Qurban kişi – Qılınc Qurban yandırırdı, “batalyon”un üzvləri, o cümlədən üç para kəndin kolxoz sədrləri o işığa yığışanda Qılınc Qurban “soveşşani” keçirib, “voyenni svodka”, qaçaq-quldur, “şpiyon”-filan barədə danışardı.

“Axşam qisməti”ni könülsüz-iştahsız yeyib, dəmir camı, qarğı qaşığı quyunun üstündə həmişə su ilə dolu olan vedrənin suyu ilə yuyub, aparıb balkonun altında pəncərənin qabağına qoydu, yenə qovağın altına qayıdıb, üstünü kül basan təzəkləri çəkməsinin burnu ilə tərpədə-tərpədə közərtdi, daimi yerində oturub, yenə də sinəsində bərk ağrı hiss edib, orta pəncərənin arxasında, divarda köynəyi qaralan saza baxdı, nigaran, narahat dönüb ambulatoriya səmtinə, sonra Məhərin budkasının parıldaşan pəncərələrinə boylandı.

Müharibə başlanandan bu vaxta qədər içərisi palçığı çıxarılmayan kanaldan sızan sularda – gölməçələrdə, bol şehdən bozlaşmış çəmənlikdə, tala-tala qaralan göy qamışlıqlarda qurbağalar quruldaşırdı. Budkadan solda dəmiryol boyunca solğun bir fənər işığı axırdı: drezen keçirdi. Qurbağaların qurultusundan təkərlərin səsi eşidilmirdi. Arada necə oldusa qurbağaların hay-küyü azaldı, drezenin uğultusu, təkərlərinin taqqıltıları eşidildi. Sonra işıq yavaşıyıb dayandı. Budkanın yanında, qırmızı simoforun altında drezendən kim isə düşdü. Göyün üzünü çərmə tutub qaranlığı qatılaşdırsa da, fənər relslərin üstündə ancaq bir tikə yeri işıqlandırsa da, İsfəndiyar kişi drezendən duşən adamın sürətlə kəndə yönəldiyini gördü.

Məhərin budkasının yanında drezen dayanması, drezendən adam düşüb kəndə gəlməsi nadir hadisə deyildi. Alverçi Xeyrə, yaxud yetim poçtalyon qız vaxtlı-vaxtsız vağzala gedəndə, drezendə işləyən oğlana pul verib həmişə onunla qayıdırdılar. Hərdən stansiyada bir neçə saatlığa, bəzən bir günlüyə eşalon dayanırdı, dəmiryola, vağzala yaxın pambıq sahələrində işləyən arvadlar kətmənləri atıb kəndə yüyürürdülər, süd, qatıq, ərik, alça aparıb əsgərlərə paylayırdılar, gecikib qaranlığa düşəndə onlar da drezenə doluşub qayıdırdılar… Başqa vaxtlar, gecə yarısında yarımstansiyaya drezen gəlməsinə İsfəndiyar kişi o qədər də fikir verməzdi. İndi bəs niyə belə diqqətlə baxdı? Nədən birtəhər oldu? Məsafənin xeyli uzaqlığına və düşən adamın yalnız qaraltısını gördüyünə baxmayaraq, İsfəndiyar kişiyə elə gəldi ki, onun əynində əsgər paltarı var. O adam budkanın gur işıqlı pəncərəsinin qabağından ötəndə hətta belində arxa çantasını gördü.

Qoca dik atıldı, qaranlıqda ağrıdan qıvrılıb, cığır-filan seçmədən üzünü birbaş Məhərin budkası tərəfə tutub, burda hər addımda bitən xırda ulğun kollarına, keçən ildən qalma yovşan, biyan köklərinə ilişə-ilişə gedib, dayanıb, ürəyinin döyüntüsündən başqa heç nə eşitməsə də, heç nə görməsə də çəmənə hay saldı:

– Ay adam! A gələn!.. Ay oğul, kimsən? Əsgərsənmi?! Mən İsfəndiyaram. Dəmirçi İsfəndiyar. Qocalığın üzü qara olsun, qaraltını seçəmmirəm. Səsini çıxart, görüm kimsən?

Dinlədi. Qaranlıqda qurbağaların qurultusundan və qulaqları dibində fırlanan ağcaqanadların vızıltısından savayı heç nə eşidilmirdi.

– A gələn, səsini niyə çıxartmırsan?..

Yenə də heç nə eşidilmədi.

Sonra birdən su şırıldadı. Yüz addımlıqda kim isə gölməçəyə düşdü. İsfəndiyar kişi bunun bayaqkı əsgər olduğuna şübhə etmədi. Gölməçəyə girməyindən də məlumdu ki, ayaqlarında su keçirməyən “girzovıy sapoq” – əsgər çəkmələri vardı. Cığırı bir yanda qoyub suya girib, qar-qamışı xışdaya-xışdaya kəsəsinə kəndə gedirdi. Bir tərəfi yəqin ki, buludun altına düşüb kölgələnmiş, o biri tərəfi isə süd kimi ağaran gölməçənin içində elə bil at çapırdı.

– Ay adam! Ay oğul! Bəridən gəl, bəridən! – Qocanın səsi qırılıb zəiflədi. – Nə yaman tələsirsən, ay anan-bacın ölsün! Kimsən, kimi sevindirməyə gedirsən, ay həsrətli oğlan?! Kimin oğlusan, kimin qardaşısan, kimin ərisən? Hansı bəxtəvərin evinə gedirsən?.. Bəlkə… – Bu “bəlkə”nin dalınca gələn sözləri deməyə İsfəndiyar kişinin cəsarəti çatmadı.

Əsgər sürətlə, şarap-şurupla gölməçəni adlayıb keçdi. Uzaqda yenə çəkmələrin çappır-çuppuru eşidildi.

İsfəndiyar kişi geri döndü. Ancaq tələsmədi. Əksinə, qalın çəmən otlarının, biyanların arasında ayaqlarını sürüyə-sürüyə, yavaş-yavaş bir neçə addım atıb, dayanıb, kəndə qulaq verdi. Gecənin bu vaxtı kəndə əsgər gələndə və ya kimdənsə şad xəbər çıxanda dərhal məlum olurdu: kənddə qışqırışma, muştuluqlama, ağlaşma, gülüşmə başlanırdı, adamların səs-küyü itlərin hürüşməsinə qarışırdı. İndi bəs niyə sakitlikdi? Bəlkə xəyallanmışdı qoca, gözü alacalanmışdı?

Addım-addım kəndə yaxınlaşıb dayanırdı, dinləyirdi, yenidən yeriyib yenə dayanırdı, bir də dinləyirdi. Sifətini soyuq tər basmışdı: ürəyi də elə bil hərdən dayanıb, qaranlığa qulaq kəsilirdi.

Hardasa, deyəsən, Məhərin budkası səmtində at fınxırdı. Yüyənin gəmi atın dişlərinə toxunub cingildədi. Gölməçədəki şappıltıdan sonra səslərini kəsmiş qurbağalar ordaburda vaqqıldamağa başladılar. Kəndin ucqarında, ulduzları sayrışan bir parça buludsuz göy altında nəhəng ot tayasıtək qaralan qovağın başında hacıleylək dimdiyini şaqqıldatdı. Kənddən, camaatdan isə şadlıq bildirən bir şey eşidilmədi.

– At bu dəfə lap yaxında fınxırdı. İsfəndiyar kişi baxıb, yastı rus yəhərinin ortasında dimdik oturmuş xırdaca qaraltısından sovet sədrini – Qılınc Qurbanı tanıdı.

– A Qurban, sənsənmi?

– İsfəndiyar kişi?.. Gecəquşu təki bu vədə çöldə-biyabanda nə gəzirsən, a kişi? Dana, buzov itiribsən nədi?

Qoca dedi:

– Məhərin budkasının yanında drizindən adam düşdü. Ona baxırdım.

Qılınc Qurban bir ara duruxub, soruşdu:

– Nə adamdı?

Qoca dedi:

– Əsgərə oxşatdım, vayenniyə… Özü də bu yana gəldi, bizim kəndə sarı… Belində arxa çantası. Mən bilən, əsgəriydi, a Qurban.

Qılınc Qurbanın damağında papiros közərib quru dodaqlarını, xırdaca burnunun ucunu və qırışlar arasında iri, düşüncəli gözlərini işıldatdı. Qaranlıqda qoxusu düzənliyi götürmüş göy biyanların ara-bərəsində burnunu gəzdirib otlardan xırp-xırp qopararaq ağzında yüyəninin gəmini cingildədə-cingildədə çeynəyən atın başını çəkib kəndə tərəf baxdı.

– Əsgər gələ, kənd də belə lal-dinməz ola?

Qoca dedi:

– Mən də elə ona mat qalmışam, a Qurban.

Qılınc dedi:

– Yəqin gözün alacalanıb.

– Olar, olar… Vallah, nə desən olar… – İsfəndiyar kişi səsində titrəyiş hiss edib, bir-iki ağız “ühü-ühü” elədi. – Görükür, doğrudan, gözüm alacalanıb.

– Yeri yıxıl yat, yeri! – Sovet sədri atını tərpətdi. – Mən də deyirəm, gecə vaxtı, görəsən, bu nə qaraltıdı burda. Get yıxıl yat. İlişərsən, yıxılarsan, baldırın-başın sınar, bu zülmətdə hoyuna yetişən tapılmaz!

İsfəndiyar kişinin fikri hələ də kənddə idi. “Baldırın-başın sınar” sözləri xəyalını uzağa aparsa da, kəndə boylanırdı. Sovet sədrinin xeyli gedəndən sonra cilovu çəkib atın başını geri döndərdiyini, papirosun közərtisindən işıldayan gözlərlə ona necə diqqətlə baxdığını hiss eləmirdi. Axı, əsgəri tamamilə aydınca görmüşdü. Əynində paltarını, belində arxa çantasını, hətta başında pilotkasını da seçmişdi. Bu dərəcədə də göz alacalanar?.. Yerə girdi, göyə çıxdı, hara qeyb oldu o adam?!

Atın göy ot qoxuyan isti nəfəsi yan tərəfdən qulağına vurdu, İsfəndiyar kişi diksinib başını qaldıranda yenə sovet sədrini gördü.

Qılınc Qurban hirslənmişdi:

– Sənnən deyiləmmi, a kişi? Niyə dillənmirsən?

İsfəndiyar kişinin sifəti alışıb-yanırdı. Əyilib əlini sərin ota çəkdi, buz soyuqluğunda şehdən islanmış ovcunu alnına sürtdü, köynəyinin açıq yaxasından uzadıb ürəyinin üstünə çəkdi. Ağır-ağır dedi:

– Üstünə yüngüllük, əhvalım yaman birtəhərdi bu axır vaxtlar, a Qurban. Nə deyirdin, eşidəmmədim?

– Deyirəm, o axsaq ferşil sənin eviyin böyründə-başında nə hərlənir elə?! – Qılıncın səsi sərtləşdi: – Çalırsan, oxuyursan, Çürüyün dediyini deyirsən. Bu barədə də sözüm var sənə. Bir vaxt taparam, gələrəm, danışarıq. İndi dediyim ayrıdı. Böyrü üstə çökə-çökə gedib oturur quyunun dikdirində. Qayıdanda dümağ yaylıq əlində elə gözünü silir. Niyə ağlayır o elə, sən bilən?

– Hacı? Nə olar hərlənəndə, a Qurban? Oğlumun baldırını elə sağaltdı ki, o cür sınığın heç izi də qalmadı.

İsfəndiyar kişi bu gözlənilməz söhbətdən necə üşürgə-ləndisə, hətta drezendən düşən əsgəri də unutdu.

– Sən bunu niyə xəbər alırsan ki, a Qurban, başına dönüm?

Qılınc dedi:

– Axsağın bir də ayağı dəyməsin o tərəfə!

Qoca hiddətləndi:

– Bıy! Bu nə söhbətdi, a Qurban?!

Qılınc çox ciddi idi.

– Boş söhbət deyil hər halda. Ehtiyatlı ol, İsfəndiyar kişi, xataya salmasın bizi o axsaq gədə! Özün də get yıxıl yat! Gecənin bu vaxtı çöllü-biyabanda gəzib evini kişisiz qoyma! Çox cavandılar gəlinlərin!

Qocanın səsi boğuldu:

– Mənim gəlinlərim… hərəsi bir kişidi! Allaha and verirəm bir də belə söz gətirmə dilinə, a Qurban!

Qılınc Qurban sərt hərəkətlə cilovu çəkib, dabanlarını atın böyürlərinə çaxdı. Nal səsləri yumşaq nəm torpaq üstündə küt tappıltılarla sürətlə uzaqlaşdı. İsfəndiyar kişinin fikri də o tappıltılar arxasınca getdi.

5

Sovet sədri Qurban kişi – Qılınc Qurban balaca, arıq, quru, el içində deyildiyi kimi “qayışbaldır” kişi idi. Yeriyəndə alov kimi yeriyirdi. Danışanda od kimi danışırdı. Kənddə söyləyirdilər ki, “Sovet hökuməti təzə qurulanda”, yəni iyriminci illərdə bu balaca kişi hər əlində bir mauzer, təkbaşına yüz qaçağın üstünə gedərmiş. Gah çoban, gah dərviş, gah da dilənçi libasında qaçaqlara lap yaxınlaşandan sonra, birdən cır-cındırının altından mauzerləri çıxarıb özünü daşın dalına verərmiş. İsfəndiyar kişi bu deyilənlərin heç birini öz gözü ilə görməmişdi, əmma hamısına inanırdı. Çünki Qılıncın indisinə yaxşı bələd idi.

Söz düşəndə tay-tuşlarının arasında inamla, qətiyyətlə deyirdi: “Qılınc Qurban əvəzsiz adamdı”.

Sovetliyin üçpara kəndinin üçündə də kabineti, katibi və çiyni beşaçılanlı milisioneri vardı. Səhər-səhər üç kabinetin üçündə də ərizələrə baxır, lazımi kağızlara qol çəkir, ət, yağ, yumurta vergilərini verməyən adamların evlərini gəzir, şikayətçilərin şikayətlərini heç bir kağızda, dəftərdə qeydə almadan hamısını yaddaşında saxlayıb, hamısını da “atüstü”, “ayaqüstü” həll eləyir, yəni bu günün işini sabaha qoymadan hamını razı salır, camaat çöllərə – sahələrə dağılışandan sonra o da yoxa çıxıb ya kabinetlərindən birində, ya da evində yatırdı. Gecələr isə, xüsusən müharibə başlanandan bəri, bəzən hətta səhərə qədər at belində olurdu. Kəndlərin arabərələrində, dörd-dövrələrində “çərx vururdu”. Gecənin bir aləmində, qaranlıq küçələrin hansındansa guruldayıb keçən nal səsləri eşidiləndə oyaq olanlar deyirdilər: “Qılınc genə qından çıxıb. Görəsən kimi kəsməyə getdi”. Bunu şəksizşübhəsiz hökm kimi deyirdilər. Çünki Qılınc Qurban hər saatda qından çıxmır, çıxanda isə mütləq kəsirdi. Məhz bu xasiyyətinə görə çoxdandı ki, kəndlərdə oğru-əyri yox idi.

Müharibə başlayalı ətraf kəndlərdən, dəmiryol vağzalından ara-sıra bəd xəbərlər gəlirdi: “Anbarı yarıblar”, “İlxıdan at aparıblar”, “Vaqonun qapısını sındırıb taxıl çıxarıblar” və sair. Qurban kişinin sovetliyində – üç para kənddə isə əmin-amanlıq idi. Burda arvadlar ərlərini Qılınc Qurbanla qorxudurdular. Uşaqlar savaşanda bir-birini Qılınc Qurbanla hədələyirdilər. Günahkar olan tərəf dərhal səsini xırp kəsirdi. Çünki əks təqdirdə sovet sədri qından çıxa bilərdi.

Bu balaca, arıq-uruq kişi, ədalət mücəssəməsinə çevrilib, necə deyərlər, ümumxalq məhəbbəti qazanmışdı. Əlbəttə, təkcə asıb-kəsməklə yox. Bütün kənddə elə bir ev, elə bir həyət yoxdu ki, orda heç olmasa həftədə bir dəfə sovet sədrinin səsi eşidilməsin. Elə bir əsgər ailəsi tapılardımı ki, fikri-zikri, dərdi-azarı Qurban kişidən gizlin olsun? Çox çətin, tək-tük. Bəlkə də heç tapılmazdı. Bu və ya başqa əsgər ailəsində buğda çörəyi və ya qarğıdalı cadı yeyildiyi də, bu və ya başqa əsgər arvadının harda addımını necə atdığı da – hər şey sovet sədrinin elə bil ovcuna yazılmışdı, əlini açanda oxuyurdu. Əgər Qılınc Qurban kiminsə həyətindən ayağını kəsirdisə, deməli, bunun səbəbi vardı. Kiminsə salamını almırdısa, deməli, bunun da səbəbi vardı. Sovet sədrinin bircə addımı və ya bircə kəlməsi də mənasız hesab olunmurdu. Elə buna görə də İsfəndiyar kişi onun arxasınca baxa-baxa qaldı. Drezendən düşən əsgəri tamam unutdu. Sonra isə hardansa – lap yaxından onun səsini eşitdi: “Mənim gözüm də, yaddaşım da məktəb uşaqlarının o kapirovalnı bumaqasındandı, İsfəndiyar kişi. Mənim gördüyümə, eşitdiyimə yaxşı diqqət yetir sən”.

Evlərin bozaran qamış damları arasında sovet sədrinin özü kimi alçacıq və özü kimi ayaqdan iti Boz atının qaraltısı görünüb yox oldu.

“Ehtiyatlı ol, İsfəndiyar kişi, xataya salmasın bizi o axsaq gədə!” Bu nə söz idi, bu nə eyham idi?! İsfəndiyar kişi hiss etdi ki, bu saatca Qurbanı görməsə, soruşub bu dəhşətli eyhamın səbəbini öyrənməsə səhərə qədər gözünə yuxu getməyəcək.

Yaxşı ki, nal səsləri yenidən eşidildi. Eyni ilə bayaqkı kimi, Qılınc Qurban yenə də qəfilcə qaranlıqdan peyda olub, atının başını çəkdi.

– A kişi, genə sənsənmi bu?!

İsfəndiyar kişi yeriyib əlini yüyənin qanadına atdı. Ürəyi ağrıyıb, sıxılıb-açılıb üzüntü ilə döyündü. Əmma qoca həmin eyham barədə birbaşa söz açmaq istəmədi.

– Xeyir ola, nə yaman gəşt eləyirsən, a Qurban? Bir şeyzad olmayıb?

Qılınc bərk tutuldu:

– İzin ver əvvəlcə səndən xəbər alım, İsfəndiyar kişi! Mənim gecələr gəşt eləməyim təzə şey deyil, bəndə-bərəyə baxmasam canım rahat olmur. Mənim azarım çoxdan bəllidi. Əmbə bax, dəmirçi İsfəndiyarın gündüz axşamacan zindan döyəcləyib, gecələr çöllü-biyabanda gəşt eləməyini başa düşəmmirəm! Nədi dərdin, a kişi?!

– Mən ki dedim, a Qurban.

Qoca əlini ota-şehə çəkib ürəyinin üstünə çəkdi.

Qılınc hirsli idi:

– Nə dedin sən? “Drizindən adam düşdü!..” Gün doğandan gün batana qədər neçə adam düşür o drizindən! Bu voyenni vremyada cəmaatın çoxu elə voyenni paltarı geyinmirmi! Başqa vaxtlar kürəyini çəkmirsən ağacın gövdəsindən: “Gəl, ey Şeşpayi-bəhrim!” Əmbə indi belə! Niyə?!

Qoca lap pərt olub yumruğunu ürəyinin üstünə çırpdı.

– Bu zəhrimar ürək deyilən də qoymur sözümü deyim. Heç olmasa sən bir az səbirnən danış mənnən, a Qurban!

Qılınc Qurban qara meşin pencəyin cibindən “Kazbek” qutusu çıxarıb təzə papiros yandırdı.

– De görüm nə gəzirsən burda? Niyə gizlədirsən?!

– Bıyy! Allah insaf versin sənə! Gizlətmək nədi?! Vallahbillah, elə o drizindən düşən qaraltıya görə burdayam, a Qurban!

– Ayrı səbəb yoxdu?

– Yoxdu, a Qurban.

Qılınc bir az düşünüb dedi:

– İzin ver inanmayım, İsfəndiyar kişi!

Qoca lap pərtləşdi:

– Əstəğfürüllah! Mən saç-saqqalda adama niyə inanmırsan, ay başına dönüm?! Ayıb deyil?!

Qılınc, deyəsən, xəcalətləndi:

– Zamana xarabdı, İsfəndiyar kişi, – dedi. – Dərd-azar çoxalıb, dolanmaq çətinləşib, lap sən saç-saqqalda adamın da, baxırsan ki, nəsə bir xəlvət işi var. Mən, necə ki, bir yerli hökumət, belə şeylərin yanından düz ötəmmərəm, İsfəndiyar kişi! Düzünü de!.. İncimə, düzünü de görüm bu xəlvətdə nə işin var?

– Ay oğul, mənim nə xəlvət işim?

– Niyə qax-qurud olub qalıbsan burda?!

– Başına dönüm, demədimmi?! Drizindən adam…

Qılınc pərtləşdi:

– Adam düşdü də, çıxdı getdi də, İsfəndiyar kişi!.. Şəhərlərdə gecə saat on ikidən sonra kamendatnı çasdı. İşıq yandırmağa da qoymurlar. Bəlkə mən də komendatnı ças eləyim?! Eliyəcəm! Mən də günü sabah car çəkəcəm ki, gecə saat on ikidən sonra eşikdə qalmaq qadağandı.

İsfəndiyar kişinin, necə deyərlər, əli-ayağı yerdən üzüldü.

– A Qurban, başına dönüm, kənd yeridi, gecə sabaha qədər minbir iş-gücü olur camaatın.

Papirosun közərtisində Qılıncın gözləri qıyıldı:

– Olur, əlbəttə! Elə ona görə deyirəm ispalkom da elə komendat təki olub, İsfəndiyar kişi. Genə deyirəm, gecənin bu vaxtı eşikdə adam görəndə yanından düz keçəmmərəm. Nədi dərdin?!

İsfəndiyar kişinin fikri haçalanmışdı. Nə idi demək istədiyi? Niyə yadından çıxdı?

– Dərd deyəndə… Allah sənə dərd verməsin, a Qurban, dərdim çoxdu, oğul… – Nəhayət, yadına düşdü: – Bayaq o nə sözüydü dedin, başına dönüm, o nə eyhamıydı?! Ehtiyatlı ol, deyirsən, xataya salmasın bizi o axsaq?! Dedin, atını qamçıladın, getdin, mən də ki, özün demişkən, qax-qurud olub qaldım burda. Bayaqdan bəri kəndin arasında qaraltına baxa-baxa elə onun fikrini eləyirəm ki, bu nə eyhamıydı Qurban vurdu?! Oxunu atıb, yayını gizlətmə, başına dönüm!..

Qılınc papirosu necə sümürdüsə, burnunun üstünə, qulaqlarının dibinə qədər xırda-xırda qırışlarla örtülmüş qarayanıq sifəti işıqlandı. Bu bir əlcə çirkin sifətə yabançı kimi görünən iri, qayğılı, hətta gözəl gözləri parıldadı.

– Bir söz xəbər alım səndən… Yadındamı, Molla Gülənin molla məktəbi vardı Orta kənd Tahirlidə?

Qoca dedi:

– Yadımdadı. Lap yaxşı yadımdadı ki, dərsini bilmiyən uşaqların ayaqlarını qaldırıb falaqqaya qoyardı, çubuqnan döyüb qançır eliyərdi. Getdin Molla Gülənin özünün ayaqlarını falaqqaya qoydun, şallaqnan döydün qançır elədin. Sonra da məktəbi bağladın, əvəzində savad kursu açdırdın. Sənnən bərabər mən təki yaşı ötkün adamlara latın əlifbası öyrətdilər. Əski əlifbanın əvəzində.

– Bunun hamısı öz yerində, İsfəndiyar kişi. Qara damda8 molla məktəbini bağlayanda dedim günlərin birində bolşevik qanı tökəcək bu Molla Gülən. Tökdümü? Qorxma o qaniçəndən açıq danış mənnən.

Bu söhbət daha gözlənilməz oldu. Qoca Molla Gülən adında qorxunc adam haqqında eşitdiyi, bildiyi qorxunc hadisələri dilinə gətirmək istəmədi. Qılınc özü sadaladı:

– Mənim baş yoldaşıma, əri təki beli mauzerli Fənərimə zəhər verdi, bu bir. Tahirli məktəbinin direktoru Tahir müəllimin baş yoldaşını yəni özünün doğmaca bacısıqızını gündə bir dəfə təpiknən döyə-döyə öldürdü, bu iki. Çekist Məhərrəmin qardaşı “Teymurləng”ə guya kiminsə çoyutma gülləsi dəydi, bu üç. Mən, Qılınc Qurban, Bakıda Mərkəzi Komitədən başlamış, bu dörd dövrəmizdəki ən xırda-mırda kəndə-kəsəyə qədər hər yerdə xüsusi avtoriteti olan, sinəsi ordenli, medallı bolşevik, o qaniçən sinfi düşmənimizi hələ də tutdurammıram. Niyə bilirsən? Hardan biləsən? Gündüz zindan, çəkic, axşam saz: “Gəl, ey Şeşpayi-bəhrim!..” Sən təki beşcə, üçcə ağsaqqal, zəhmətkeş proletariat, vaxtında, mən xəbərdarlıq eliyəndə sözümə söykək olsaydınız, elə o məktəbi bağlayandaca basdırardım o qaniçəni, Sibir bəri yanında qalardı! Dillənmədiniz heç biriniz, duasından, cadusundan qorxdunuz Molla Gülənin. Sonra qardaşı Rusetdən gəldi, NKVD nəçənniyi oldu, sizdi, mənni, hamımızın gözünün odunu aldı. Molla Gülən kimi yağı, sinfi düşmən NKVD-yə agentlik eliyə-eliyə Kommunist Bolşeviklər Partiyasına üzv olub indi!.. De görüm, niyə deyirəm bunu sənə?

İsfəndiyar kişi fikrini yığmağa çalışdı.

– Qandığım budu ki… qınayırsan məni ki, vaxtında zəhmətkeş füqərayi-kasıb proletariat təki söykək durmadıq sənin sözünə.

– Sözümə yox xəbərdarlığıma, İsfəndiyar kişi! Xəbərdarlığıma! İyirmi beşinci ildə mən Molla Gülənin falaqqasını baltanın altında xınc-mınc eliyəndə xəbərdarlığıma göz yummasaydınız bu qədər insan öldürə bilərdimi o molla?!

Sinfi düşmənlərimizi NKVD-yə doldura bilərdimi?! İndi de görüm, o axsaq gədə sizin qapıdan gedəndə niyə ağlayır?! Molla Gülən hər axşam ambulatoriyanın qabağında nə gəzir?! Malareyası, qızdırması-zadı yoxdu! Buğa təkidi! Kimsəsiz yetim adıyla saxladığı qıznan keyfdədi buğa köpəyoğlu. Bu heç. Axsağı sənin qapına göndərən Molla Gülən deyilmi, kişi?!

Qocanın dodaqları titrədi:

– Allah, amandı! Nələr danışırsan, a başına dönüm! Molla Gülən niyə göndərsin onu?!

İsfəndiyar kişi atın pis qoxulu fınxırtısından dala çəkilib, yenə irəli durdu, yüyənin qanadından yapışdı.

– Mollanın nə işi var mənnən?!

– Sənnən deyil, mənnəndi! Təzə partkomumuz Komsomol Bənövşəynəndi! Otuz yeddinci ilin tutqularından sonra orda-burda tək-tük qalan kommunistlərnən – bolşeviklərnəndi işi.

İsfəndiyar kişi heyrət içində heç nə anlamırdı.

– Bir az açıq de sözünü, a Qurban, başına dönüm!

Qılınc öskürə-öskürə papirosu atıb, təzəsini yandırdı.

– Yanıram ey! Od tutub yanıram ki, iyriminci ildən bu vaxta qədər iyirmi bir il müddətində sinfi düşmənin kökünü kəsməmişik! Əksinə, otuz yeddidə dirçəlib, vəzifə tutub, qol-qanad açıb ev yıxır, ocaq qaraldır indi. Qılınc Qurban da dövrəsində istribitelni batalyonu, çiynində beşaçılanı, mağmın qalıb heç nə eliyəmmir! NKVD-yə dürtülən it xılı Gülənovların qabağında qul olub mənim bu gözəl cəmaatım! Dəmirçi İsfəndiyar qul olmasa, belə zillət çəkərəmmi mən?! Sənin sümüyü sınan Bəhmənini vayenkomata aparanda dedm, a bala, deyəsən, axsayırsan axı sən, bron9 alım sənə, qayıt evinə. Vayenkomata həkimlərin kəmisyəsinə də dedim: “Bu Bəhmən yaralıdı, bron verin hələ qalsın”. Bir də gördüm nə?! Mollaynan qardaşı durub baş həkimin arxasında, asta-asta: “Bas! Bas bunu getsin!” – deyirlər. Bildin?

Qoca köksünü ötürdü.

– Mən neyliyə billəm, a Qurban?!

– Necə “neyniyə billəm”, a kişi?! Axsağa deyəmməzsənmi ayaq açma bu qapıya, cəhənnəm ol, get ambulatoriya xarabanda otur! Qov onu deyirəm! Qovala!

– Niyə axı, ay Qılıncımız?! Niyə qovum mən o bədbəxti?! Mollaynan onun nə alveri?!

Qılınc başını buladı.

– Yaxşı qulaq as! Molla onu verbovat eləyir, yəni ki, çalışır tora salsın. Onçun göndərir sənin qapına. Bir də o vaxt ayılacaqsan ki, kəndə hay düşüb, bəs deməzsənmi, Axsaq Hacı əvvəl bacılardan birini almaq istəyirdi, indi ikisini birdən döşdəyib!..

İsfəndiyar kişi birdən-birə titrətmə tutmuş kimi, başdan-ayağa əsdi:

– Nalayiq söz danışma!

Qılınc Qurban ətrafa boylandı.

– Bağışla, a kişi, əgər o axsaq gədə NKVD-yə agentliyə razılıq versə, onun yox, sənin yaxandan yapışacam mən. Məhərrəmin bacılarının, əsgər arvadlarının adına söz çıxsa, yəni əsgər namusu tapdalansa, o cür əzizlədiyin axsağa da yazığım gəlmiyəcək, vayenni tribunala verəcəm! Bu, deməli, belə: xəbərdalığımı elədim. İndi genə soruşuram: açıq de görüm, gecə vaxtı neynirsən burda?! Drizini-filanı burax getsin! De, kişi! Onsuz da öyrənəcəm!

Əlacsızlıqdan Qoca hətta boynunu bükdü.

– Başına dolanım, qurbanın olum, a Qurban, şübhəynən baxma mənə. İnan mənə! Kiçiyim Bəhməni yuxuda görmüşəm. Nəsə damıb ürəyimə ki, nəsə olacaq. Onçun belə narahatam, drizinə-filana baxıram. Ayrı bir şey yoxdu! İnan!

Qılınc Qurban dərindən nəfəs alıb, deyəsən, bir az sakitləşdi.

– İndi bir sözüm də var. Onu da deyim, qurtaraq.

– Buyur, buyur, başına dönüm!

– Mənim ikidən-birdən əssasız söz danışdığımı eşidibsənmi?

Qoca dedi:

– Yadıma gəlmir… Bu agent-filan söhbəti də, görürəm, əsaslıdı. Molladan nə desən çıxar.

– Yaxşı kişisən…

Sovet sədri yenə cilovu dartdı, atın otu çeynəyib qurtarmasını, yəni gəmin cingiltisinin kəsilməsini gözlədi. Cingilti kəsilib tamam sakitlik çökəndə, yəhərdə burulub yenə ətraflara boylandı.

– Gecə vaxtı qurbağa dillənmiyəndə bizim bu düzdə adamın pıçıltısı da bir verstliyə gedir. Bəlkə gedək evdə söhbət eliyək?

İsfəndiyar kişi səbirsiz idi.

– Mənim evim-eşiyim qurbandı sənə. Əmbə, başına dönüm, de görüm nədi axı?

– Qulağını bəri tut… Axsaq ferşil özü də düz adam deyil. Gedib Çürükdən soruşub ki, “Şeşpayi-bəhri” nədi elə? Dəmirçi niyə elə həmişə Şeşpayi-bəhri çağırır? Yaxşı ki, Çürük açmayıb sirri. Sənin başını yemək istəmirmi o gədə?

– Nə danışdığındı, a Qurban?! Hacı?! Hacı soruşub?!

– İstəyirsən lap açıq danışım?

– Əlbəttə, əlbəttə! Açıq de, başına dönüm.

– Ferşil barədə qulağıma bir söz də dəyib.

– Nə söz?!

– Deyirmiş, davadan qabaq axsaqlığıma görə gəlmədilər mənə o bacılar. Allah mənim Allahımdı, dava saldı ki, dünya axsaqnan dolsun. Bundan sonra bayramımdır, deyirmiş, dul gəlinlərin harda göyçəyi var onu alacam!

İsfəndiyar kişi fikirləşmədən, qətiyyətlə əlini yellədi.

– Bekara sözdü! Hacını tanıyıram mən!

– Tanımırsan, İsfəndiyar kişi!

– Dünyasında inanmaram! Ferşilin dilindən elə söz çıxmaz!

Qılınc Qurban papirosunu sümürə-sümürə yenə o yanbu yana baxdı.

– İstəyirsən bir az da açıq danışım.

İsfəndiyar kişi başını dik qaldırıb gözlədi. Bu dəfə Qılınc da tələsmədi.

– Biz, bolşeviklər, özümüz düzük, başqalarını da düz bilib, səhv eləmişik həməşə. İnsan çiy süd əmib, İsfəndiyar kişi. Bu dava zəhrimar da yaman xarab eləyir adamı. Sən də bizdənsən, hamını öz ürəyinnən ölçürsən…

– Bu açıq danışmaq olmadı!

Qılınc Qurban birdən nə isə qət etmiş kimi, əlindəki şallağı yəhərin qaşına vurdu.

– Yaxşı, lap açıq olsun!.. Sənin evində gözü var o gədənin! Ağlamağı həm hirsindəndi, Molla Güləndən qurtarammır yaxasını, həm də sənə hörməti var, hələ əli gəlmir sənə nəsə eləməyə. Əmbə eliyəcək, İsfəndiyar kişi! Hökmən nəsə eliyəcək! Malareya-zad dərmanı versə, içmə! Cavanlığında sənin səsini batıran adam da Molla Gülənnən barabər hərlənir o axsağın böyründə-başında. Axsaq agentliyə razılıq verməsə, o adamnan Molla Gülən, hökmən, hökmən məcbur eliyəcəklər zəhər versin sənə o gədə, yəni cinayət eləyib tutulsun. Bu da, deməli, belə: bu xəbərdalığımı da elədim… Di get, yıxıl yat! Gecən xeyrə qalsın!

Qoca yüyəndən yapışdı.

– Əylən!.. Əylən, a Qurban! Bu nə xasiyyətdi səndə, odalov doldurursan adamın içinə! Çürükdən, deyirsən, soruşub, Çürük də, deyirsən, açmayıb sirri. Nolardı açanda?!

Qılınc yüyəni çəkib atın başını qocaya tərəf döndərdi.

– Sən o dəstanı yaddan çıxardıbsan, nədi?!

– Yooox… Cavanlıqda Çürükdən, Abıdan nə eşitmişəm, kəlməsinəcən qulağımdadı, a Qurban! Üstəlik, əski əlifbaynan qıyma-qıyma yazmışam. Alı dəftərdi! Rəhmətlik arvadın sandığında, elə bilirsən bu gün qoyulub. Hər il qış düşəndə, gecələr uzananda çıxardıram dəftəri, yaddaşımı təzələyirəm. Bə nə! İtirdiyim səsimdi, aşıqlığımı itirməmişəm, a Qurban! “Şahzadə Qasım”ın harasından deyirsən, orasından xəbər verim! “Batin” – gizlin dəstan olsa da…

– Deməli, bilirsən ki, “altıayaqlı dəniz atı” deyilən “Şeşpayi-bəhri” əslində ayrı şeydi?

– Əlbəttə!..

– Bilikli, məlumatdı adam olduğunu çoxdan bilirəm mən. Elə buna görə də lap mat-məətəl qalmışam ki, o cür məxfi dastanı xatalı saymırsan sən!

– Niyə sayım ki?! “Şahzadə Qasım” o vaxt məxfiydi ki, dini-İslam vardı, a Qurban. Lenin dini məhv eliyəndən sonra batin dastanlarımızın hamısını kitabda çap eləmirmi hökumət?! Özümüz də açıq danışmırıqmı?!

– Uşaqların kitablarında çap olunanlar min bir əldən keçib, xəlbirlənib, ələklənib, a kişi! Aşıqların sinəsində məxfidən də məxfidi dastanlarımız indi.

– Gizlin şeyləri demirlər axı!

– Nə olsun?! Mən deyirəm təhlükəlidi! Qılınc Qurban deyir bunu sənə! Din vaxtı “Şahzadə Qasım” niyə məxfiydi? Dəftərində varmı bu?

– Əlbəttə.

– De görüm!

– Uzundu axı, a Qurban.

– Sən gödək elə.

– Ay başına dönüm, bunu gecə səhərəcən danışırlar Çürüknən Abı, genə qurtarmır. Danışsaq, gərək ondan başlayasan ki, müsəlman deyilik. “İslam” deyiləndən min-min il əvvəldən məlumdu ki, “Allah” da, “peyğəmbər” də, “din” də həqiqətdən xəbərsiz ərəbin sözləridi. Qılıncı xirtdəyimizə dirənib millətimizə zornan “lailahəilləllah” dedirtməyiblərmi, həqiqəti açıq deyən alimlərimiz gizlənib batin olmayıblarmı?! Mənim şəyirdlik elədiyim vaxtlar Çürük Aşığnan Xızr Abı da batiniydilər. Aşkarda “Nəqşi Bənd” deyirdilər, xəlvətdə “Nəqşi Bağ”10 deyirdilər.

İsfəndiyar kişi danışa-danışa Yer üzündə ondan – dəmirçi aşıqdan başqa bəlkə də heç kəsdə olmayan bir vəziyyətə düşdü: öz səsi əvəzində ustadının heysiz, nazik, əmma olduqca şirin, doğma səsini eşitdi. Ustadı burda yox, əlbəttə, başqa yerdə idi. Aşağı kənd Qonaqlıda, sədr Mədətin evində, ayaqlarında yumşaq qara məs, xalı-zililər üstündə asta-asta o baş-bu başa yeriyə-yeriyə danışırdı:

– …Nəqşin, yəni on səkkiz min aləmin Sahibi “Bənd” deyil, Bağdı deyirik.

Dilimizin uca kəlməsi Bağ, anlamazların dilində “Boq”a dönüb, övladlarım.

 
Əvvəl çəpər bağlanardı,
İndi Bağlar çəp Ərləndi.
 

Bu çəpər kənd-kəsəkdə gördüyümüz çəpərlərdən deyil. Bu “çəpər” – çəp Ərdi. Yəni Elmə çəp baxan, etiqadsız Ərdi. “Çəp Ər Bağlanardı”, yəni Elm öyrənib, kürreyi-ərzdə otura-otura EySarın səsini – Ününü eşidə-eşidə Elm yayan, insanı-insana bağlayan Bağ olardı. Sahiblərimizin – Kainat Bağlarının Yer üzündə övladları olan biz Bağları, Arazın o tayında, Türkiyədə, İraqda, Elm mərkəzimiz Bağdadda hər yandan çəpərləmişik, millətimizin bir qismini o biri qisminə bağlaya bilmirik… İsrayıldakılar, İspaniyadakılar, Rus, İngilis içindəkilər lap batin olublar, övladlarım.

Aşağı kənddə – Qonaqlıda Nizaminin kitabını oxuyan uşaqlar məktəbin direktoru Ələsgərdən soruşublar: “Ay müəllim, Nizami yazır ki, Camü-Cəmşid qayanın içindəydi, camın içində əbədi od yanırdı. O nə deməkdi?” Yazıq direktor necə desin ki, SafAğ Elmimizi Bağıstanda – “Bisütun”da, yəni lap qayım yerdə gizlədib, adını da gizlədib “Camü-Cəmşid” demişik, “Cam” da yanan Od da Elmimiz – həqiqətimiz deməkdi!!! Rəmzlər içində gizlədirik övladlarım. Odumuza – həqiqətimizə qrekin diliylə “at” deyirik. Gur Odumuza “Qır at”, Odər Odumuza “Dür at” deyirik! EySarımızın səsi – Ünü ilə gələn GürÜnümüzə “Quran” deyirik. OdÜn ƏsEyimizə (Uca Yaradan Yn Həqiqətimizə) – “Dəniz” deyirik. Altı qitəli Yerin sahibi ƏsƏlMənimizə11 “Altı ayaqlı dəniz atı” deyirik. Bu rəmzin özünü də gizlətmək məqsədi ilə “Altıayaqlı dəniz atı” əvəzində “Şeş payi Bəhri” deyirik. Şahzadə Qasımın “at”ı – Odu Ulu Bağ ƏsƏlMəndən – “Süleyman” padşahdan ayrılıb “müsəlman” kütləsi içində mühasirədə qalıb, övladlarım. AğSim – uca SafAğ İnsan ikən “Qasim”ə – “Qasım”a döndərilənimiz xilaskarını – Ulu Bağ ƏsƏlMəni çağırır, övladlarım: “Gəl, Ey Şeşpayi-bəhrim! Qalmadı tabanım, təhrim!..”

Qılıncın sərt, cod səsi Çürük Aşığın nazik, heysiz səsini qırdı:

– Bəsdi!

İsfəndiyar kişi vəcdin – hissiyyatın gücündən dolmuş gözlərini silib, daha bir az da öz qeyri-adi vəziyyətində qaldı; el içində “Mansır” çağrılan atası Mənsurun buzovlu inək aparıb sazbənd Əsədin həyətində oturub, içəridən Çürüyün sifarişi ilə düzəldilmiş, par-par yanan şirmayılı “Təvər” sazla çıxdığını görürdü. “Elə burdaca bir Divani çal”, – dediyini eşidirdi, sağ əlinin barmaqlarında gilas qabığından “təzənə”nin, sol əlinin barmaqlarında şirmayıların soyuqluğunu, köksündə çanağın böyüklüyünü – sanbalını hiss edirdi, eyni anda da “Divani” çalan Bəhmənin çatılı qaşları altında yumulu gözlərini görür və yenə də Çürüyün səsini eşidirdi:

– “Divan”i – OdEvÜndü – Od Evi Ünüdü, övladlarım. Ününü eşidən ustadım “Divan”i üstündə deyib: Süleymanı rəmz içində gizlət, ey millətim. Altı qitəli Yerin “Allah”ına – ƏlAğ EySara da “Şeşpayi-Bəhri” de. Həqiqətdən kənar dil xoş gəlir kar-kor övladlarıma. Bilmirlər ki, BağƏsƏlMəni “müsəlman”a, ƏsƏlimi “İslam”a, Vahid Həqiqət Bağı BağHəmOdu “Məhəmməd”ə döndərən, həqiqətimizi əlimizdən alan dildi!..

Qılınc şallağı yəhərin qaşına vurdu:

– Bəsdi, – dedi, – bu dediklərini bir kağıza yazıb aparıb NKVD Gülənova versələr, sinəsi ordennən dolu Qılınc Qurbanı da sənnən, Çür üknən, Xızr Abıynan bir yerdə ge dərgəlməzə göndərməzlərmi, İsfəndiyar kişi?! Otuz yeddinci ildən bəri, bu beş ildə günahsız gedən yuz-yüz bolşevikin dalınca Qılıncınızı da sındırsalar, kim qoruyar burda xəlvəti “Gəl Ey!” – deyən aşıq milləti?!

Qoca hələ də bir şey anlamırdı.

– Niyə axı, a Qurban?! Mən fəhmsizi qandır görüm, “lailahəillalah”ı gedər-gəlməzə göndərən hökumət “lailahəillallah” düşməni bolşeviki niyə göndərsin gedər-gəlməzə?! Deyirlər Stalinin xəbəri yoxdur tutulanlarımızdan.

Qılınc yəhərdən əyilib:

– Qulağını bəri tut, – deyib yenə pıçıltıya keçdi, – Əs-ƏlMən yox, atamız, rəhbərimiz Stalin yoldaşın zəmanəsidi bu zəmanə, İsfəndiyar kişi! Molla Gülən kimi qansız çuğulun birisi yazsa ki, Stalinin zəmanəsindən şikayətçidi bu adam, Stalini yox, “Şeşpayi-bəhri” çağırır, neyniyərlər sənə?!

Qoca dedi:

– Kimdi Stalinin zəmanəsindən şikayət eliyən, a Qurban? Oğru-əyri yox, qaçaq-quldur, bandit-filan yox! Ağa haykırmır başımızın üstündə, bəy şallağı şaqqıldamır kürəyimizdə! Bir tikə çörəyimizi qulaq dincliyiynən yeyib gündə min yol şükür deyirik! Sən bilmirsənmi nədir mənim dərdim?! Bilmirsənmi niyə çağırıram qurbanı olduqlarımı?! Bircə dənə məktub var evdə: “Gəldik çıxdıq Qroznı şəhəri səmtinə. Adresimiz palevoy poçt nömrə üç min on iki”. Vəssəlam! Stalininə də qurban olum sənin, Varaşilovuna da, Budyonnusuna12 da! Sovet əsgərinin, deyirlər, beşaçılan nədi, heç berdankası da yoxdu. Nemes, deyirlər, avtomatnan pencər təki biçir-tökür bizimkiləri! Nə qədər ki, çəkic vururam, dəh-rə-məhrə, balta-filan düzəldirəm, başım qarışır bir az. Elə ki, çəkici qoyuram zindanın yanına, o köhnə dudmanda basdı-ğım körüyün əvəzində bu sinəm körüyə dönür, canım kürə-yə – ocağa dönür yanır, gözlərim dolur. Necə “Divani” çal-mayım, necə “Gəl Ey!” deməyim mən bədbəxt?!

Qılınc elə hey yəhərin qaşını tıqqıldadırdı, pıçıltı ilə:

– Bağırma! Bağırma! Eşidən olar! – deyirdi.

Qoca susub əlinin arxasını gözlərinə çəkdi.

– Bir Molla Gülən olmasın, yüzü olsun! Bir NKVD Gülənov olmasın, mini olsun! Sinəm yananda, yaş gözlərimi qovuranda heç “Şeşpayi-Bəhri” də yox, “Bənd” də yox, lap belə həqiqi ad-sanlarıynan çağıracam qurbanı olduqlarımı! “Gəl Ey Bağ Atam! Gəlin Ey Əllər – Oğullar!” Gələcəklər, a Qurban! İnan!

Qılınc elə yəhəri döyəcləyirdi.

– Deməli, Qılınc Qurbanın bu qədər sözü-söhbəti hədərdi?!

Qoca bir daha gözlərini sildi.

– Qurbanı olduqlarım özləri yuxu verdilər, balamın diliynən söz dedilər, saz da tilsimləndi, üstəlik, söz də tilsimləndi. Səsim batdı daha, a Qurban! Oxumuram daha!

Qılınc yenə papiros yandırıb, tüstünü dörd dövrəsinə üfürdü.

– Boy-buxunun, qolun-qılçın, maşallah, pəhləvan! Ürəyin, əksinə, belə! Toxdamaqdan ötrü sən bu zəmanənin Süleymanını, Stalinini çağır, a kişi! Ali Baş Komandan Stalin yoldaşın şəxsən özünə məktub yaz, adresi “palevoy poçta nömrə üç min on iki”ni yaz orda, xahiş elə ki, bu qoşa əsgər atasına bir xəbər çatdır oğullarından.

Qocanın sinəsi körük kimi qalxıb enirdi.

– Sağ ol, a Qurban. Yaxşı məsləhətdi. Əmbə… çətin davadı bu dava. Ali Baş Komandanda vaxt hardadı dəmirçi İsfəndiyarın məktubuna cavab versin?

– Verər, a kişi! Heç bilirsənmi nə qədər yazan var?! Hamısına öz imzasıynan cavab verir!

– Həə?!

– Bəli! Genə deyirəm, mənim sənə xüsusi hörmətim var, İsfəndiyar kişi. Bu kənddə elə bir təkər şini tapmaq olmaz ki, sənin əlin dəyməmiş olsun ona. Kətmən vuranlarımızın əlinin ketmənisən, yer sulayanların əlinin lapatkasısan. İncimə məndən. Sənin namusun mənim namusumdu, İsfəndiyar kişi! Mənim borcumdu ki, sənin gəlinlərinin namusunu göz bəbəyim kimi qoruyum!

Qoca heydən düşmüş kimi, zindan ağırlığında əlini zorla qaldırıb yəhərin qaşında duran enli, quru əlin üstünə qoydu.

– Elə danışırsan, guya nəsə olub! Namuslu zənənin namusunu qorumağa bir səbəb olmalıdı axı!

Qılınc əlini qocanın əlinin altından çəkdi.

– Mən sənə dedim, İsfəndiyar kişi! Dedim mən əsassız söz danışmaram!

Qocanın nəfəsi təngiyirdi. İndi nə isə müsibətli bir xəbər eşidəcəyini kəsdirib, əzab-işgəncə ilə çalışırdı ki, özünü toxdaq saxlasın.

– Deyirsən… deyirsən yanı göz-qaş eləyib gəlinlərə?! Ya nə?!

– Onu görməmişəm hələ. Vicdanıma ləkə salammaram, İsfəndiyar kişi, böhtan deyəmmərəm!

– Bə məni niyə öldürürsən, a Qurban?! Uşaqnavalıq ha deyiləm, mənnən altdan-üstdən niyə danışırsan?! Ferşili mən çox təmiz, çox namuslu adam bilirəm. Sən mənim camaata qulluğuma qiymət qoyursan, çox sağ ol, ömrün uzun olsun, bu dünya durduqca sən də durasan, başına dönüm! Mən də özlüyümdə ferşilin elə gözəl insan qayğısına, zəhmətinə qiymət qoyuram. Neçə vaxtdı ülfət bağlamışıq. Yazığın, baxtıqaranın biridi. Bir mən bilirəm o necə baxtıqara adamdı! Ha çalışıram üzü gülsün, olmur ki, olmur! Yazbaşı idarədə söhbət düşdü, dedilər bir at verək, manqaların arasında taytımasın. Yəhərli-yüyənli atı ambulatoriyanın qabağında görəndə sevindiyindən gözü doldu yazığın. Əmbə nə olsun ki, fələk vurdu yan saldı. Bu yanda, qamışlıqda suya əhəng səpəndə getmişdim əl yetirim, bir də baxdıq ki, atın başı şişib kötüyə dönüb! Ömründə eşidibsənmi ki, su ilanınının zəhəri olsun? Əmbə ferşilin atını vuranda gəldi su ilanı da zəhərli oldu. At öləndən sonra idarədə təklif elədim, dedim, təzəsini verək. Əmbə…

– Əmbə ferşil götürmədi! Dedi “mən baxtsız adamam, o atı ilan vurdu, bunu da canavar yeyəcək”, hə? – Qılınc qocanın sözünü kəsib, yenə yan-yörəsinə baxdı. – Bunu mənə niyə danışırsan, a kişi?!

Həddindən artıq həyəcanlandığındanmı, ağrıdan, yorğunluqdanmı, nədənsə, qocanın yenə də fikri dumanlanmışdı. Qılıncın qara meşin şapkasının uzun günlüyü altında tünd qaraya çalan sifətinə baxıb gözlərini döydü.

– Vallah, heç özüm də bilmirəm niyə danışıram, a Qurban, başına dönüm! Yəqin demək istəyirəm ki, çox şəkkaklıq eləmə, sən də mənim gözümnən bax o yazığa!

Qılınc Qurban köksünü ötürdü.

– Nursan sən, İsfəndiyar kişi! Hərdən lap mat-məəttəl qalıram, elə bil heç bu dünyanın adamı deyilsən! Mən sənə deyirəm, o axsaq gədə düz adam deyil, namus məsələsindən danışıram, sən onun tərəfini saxlayırsan! Nə təhər başa düşək bunu?!

Qoca susdu. Hərdən, qeyri-iradi, sifətindən, boyun-boğazından ağcaqanadları qova-qova yerə baxırdı. Doğrudan da, əgər söhbət namus söhbəti idisə, əgər Hacı doğrudan da onun gəlinlərinə başqa nəzərlə baxırdısa, “qaranlıqda yaylığı ağara-ağara gözlərini silirdisə o, nə üçün feldşeri bu qədər həyəcanla müdafiə edirdi?!

Düşündü… Nəhayət, düşündü və nə qədər qəribə olsa da, həqiqət belədir ki, feldşerlə ünsiyyətinin əsas səbəbini yalnız indicə başa düşdü. Dərk etdi ki, oğlanları gedəndən sonra Hacı ilə ünsiyyətini məhz ona görə dərinləşdirməyə çalışmışdı ki, Hacı bu ünsiyyəti, dostluğu ayaqlayıb onun gəlinlərinə əyri gözlə baxmasın. Qoca bunu da yalnız indicə dərk etdi ki, feldşer onu duyurdu. Məhz duyduğuna görə də onunla üz-üzə gələndə xəcalət çəkir, tər tökürdü, sonra da… ağlayırdı!

Qılınc papiros sümürürdü.

– Gələcəm. Axşamda-sabahda bir vaxt tapıb gələcəm, belə gəşt eləməyim nədəndi, hökmən deyəcəm. Nə qədər zəhmətkeş, mərifətli adam olsan da, əyriliyin varsa, sənin əyriliyini də kəsəcəm, İsfəndiyar kişi! Bu xəbərdarlığı da elədim.

Qoca deyilənləri eşitmirdi.

– Mən inanmıram! – deyib qəfildən başını qaldırıb özü də bilmədən qışqırdı. – Mən inanmıram, ferşil Hacı mənim çörəyimi bassın! Rəhmanın, Bəhmənin əhli-əyalına baxmaz!

Qılınc diksindi. Yəhərdə dimdik qalxıb bir daha ətraflara boylandı.

– Yavaş, a kişi! Niyə çığırırsan?!

Qoca tər tökdü.

– Sən deyilsənmi məni çığırdan?! Elə sözmü deyirsən çığırmayım?! A Qurban, başına dönüm, axı niyə demirsən görüm niyə bu qədər şəkkaksan?! Neyləyib o bədbəxt, nə qələt qarışdırıb ki, belə əzrayıla dönübsən sən?!

Qılınc yenə onu bərk hirsləndirdi.

– Yavaş! Eşidən olar!

Qoca əksinə, kükrədi:

– Eşitsinlər! De görüm nə görübsən?!

– Mən sənə genə deyirəm! – Qılınc yəhərdən əyilib lap pıçıltıya keçdi: – Bayaq dedim, yalan danışıb vicdanıma ləkə salammaram.

– Əsasın yoxdu ki?! Yoxdu ki?!

– Əsas – mənim beynim! Əsas – Molla Gülən!.. Əsas – elə sözlər deyib o gədə: “Allah mənim Allahımdı, dava saldı ki, dünya axsaqnan dolsun”. Çox yerəbaxan gədədi, İsfəndiyar kişi. Suyun lal axanındandı. İdarədən qayıdıram, baxıram – genə oturub… Başıaşağı, taytıya-taytıya gedir, gəlir, nə bir adamnan kəlmə kəsir o boyda kənddə, nə bir adamın çörəyini kəsir. Əmbə sənnən, özün deyirsən, ünsiyyəti var!..

Dava başlıyalı mən iki göz də satın almışam, İsfəndiyar kişi, o gədənin qarnının altını görməyə bilmirəm!

Qoca baxıb-baxıb, birdən yenə partladı:

– Sənə and verirəm balalarıyın canına, ailəmin namus, qeyrət məsələsini çıxart başından! Balalarımnan işin olmasın, a Qurban, balalarına qurban olum!

Qılınc bu dəfə tüstünü ciyərlərinə çəkdi.

– Balam olsaydı, indi mən də sən təki əsgər atası olardım, İsfəndiyar kişi!.. – Boğuq gülüb, əyilib əlini qocanın çiyninə vurdu. –

Qocalırsan…

Qaranlıq çöl, ağarışan gölməçələr, ala-tala buludlu, ulduzlu göy, qamış damları bozaran sakit kənd – hər şey birdən-birə İsfəndiyar kişiyə qəmli-qüssəli göründü. Dünyada insan üçün övladsızlıqdan böyük dərd bilməyən qoca, bayaqdan bəri ara-sıra fikrini məşğul edən əsgəri də, feldşer barədə söhbəti də unudub, inilti ilə:

– Bağışla! – dedi. – Doğrudan kaftarlaşmışam! Bağışla məni…

6

Üfüqdən dəsdəyirmi, qıpqırmızı ay qalxırdı. Qılınc Qurbanın qara meşin şapqasının qabağında ulduz, qara meşin pencəyin dəmir düymələri işıldaşırdı. Aya dikili gözləri qıyılmışdı.

İsfəndiyar kişi bir əli ilə yəhərin şehdən islanmış qaşından tutub, altdan dik sovet sədrinin qıyılı gözlərinə baxa-baxa, indi əməlli-başlı yalvarırdı:

– Qurbanın olum, a Qurban! Ayaqlarının altında ölüm, a Qurban, onun barəsində pis fikrə düşmə. İki göz də satın almağın, ehtiyatlı olmağın yaxşıdı, çox yaxşıdı. Ancaq ferşil barədə fikrini dəyiş. Çoban Abdullanın oğlunun qıçı neçə yerdən yaralıdı. Hər gün gedir o dağ ətəyinə, Mağarın baldırının sarığını dəyişir. Komsomol Bənövşə istəyir hörmət eləsin qardaşına görə, bir qəpiyini də almır o qızın! Mənim atam da, rəhmətlik arvad da qızdırmadan üzülüb ölüb. İndi deyirlər əhli-bəşərin bir düşməni var, o da Hitlerdi. Ancaq mənim aləmimdə bu ağcaqanad ki var, Hitlerdən də betərdi. Neçə aydı o yazıq axsaq ağcaqanadnan cəngi-cidadadı. Mən də bilirəm, bütün kəndə də bəllidi ki, sən həmişə elin qeyrətini çəkibsən, elə ona görə də belə balaca qalıbsan…

Qılınc yorğun-yorğun qımışıb yenə əlini qocanın çiyninə vurdu.

– Balacalığıma sataşma, İsfəndiyar kişi, Heç xəbərin varmı ki, dünyada nə ki böyuk adam olub, hamısı boydan balaca olub? Tək birindən başqa.

Feldşer haqqında xoşagəlməz söhbəti qurtarmağa İsfəndiyar kişi özü də ehtiyac hiss edirdi, ancaq susa bilmirdi. Qılınc “tək birindən başqa” deyəndə, nəhayət, söhbət dəyişdi.

– O tək kimdi, a Qurban?

– Pyotr Pervi! Eşidibsən? Hardan eşidəcəksən?! Əslində, o da köpəyoğlunun biriydi. Bizim buraları əvvəlcə o tapdalayıb. Əmbə “veliki”di… O gün vayenkomata gedəndə ordenlərimi taxıb getmişdim. Talıbov baxdı, dedi mən bilmirdim sən belə böyük adamsan. Başladı bütün dünyanın böyük adamlarını saymağa. Möhkəmcə doladı məni. Pul yığmaqdan qudurub. Eşalondan, bir atpravkadan saxlamaqdan ötrü çağırışçı əsgərdən on min alır, deyirlər. İxtiyarım çatmasa da, yoxladacam bu işi, dədəsini yandıracam köpəyoğlunun! Sözüm bunda deyil, doladı məni deyirəm. Ürəyimdə dedim, yaxşı, sən ol mayor Talıbov, mən də olum Qılınc Qurban. Söhbət eliyə-eliyə ustubluca əlimi atdım qoburuna, tapançasını çıxardım qoydum cibimə. Axşam gəlirəm, görürəm rəngi sapsarıdı. Əmbə vermədim tapançanı… Bu müharibə başlayan günü Moskvadan Səmərqəndə xeyli adam gedib, deyiblər gəlmişik Teymurləngin tabut-sandığını açaq. Özbəklər deyiblər Teymurləng müharibə allahıdı, tabut-sandığı açsanız müharibə başlanar. Açıblar, dava da elə o gecə başlanıb. Sözdü… Ayrı şey deyirəm. Sandığı açanda görüblər Teymurləngin skeleti düz iki metrədi. Gör indi özü nə uzunluqda olub? Bunu dedim orda Talıbova, dedim, Teymurləngi böyük adam saymırsanmı? Yox, dedi, əslində Pyotr Pervini də böyük saymıram. Napalyon lap gödək olub, onu da böyük saymıram. Bir Lenindi balacaboy, böyük adam, bir də sənsən dedi.

Qılıncın ovcunda “brauninq” işıldadı.

– Yaman göyçək şeydi, hə?

Qoca qaranlıqda gözucu baxıb, tapançanın göyçək, ya qeyri-göyçək olduğu barədə bir şey demədi.

Dedi:

– Üstündə gəzdirmə, sən Allah, a Qurban. Xatalı şeydi. Allah eləməmiş, hirslənərsən, gözünü qan tutar, əlindən xata çıxar.

Qılınc tapançanı ovcunda atıb-tutdu.

– Silah mənim iqruşqamdı, İsfəndiyar kişi. Sənin əlində çəkic iqruşqa olan kimi… Dəmirçixanada briqadirlərə hirslənən vaxtın olub?

– Başımın tükü sanı.

– Çəkici briqadirin başına endirdiyin vaxtın necə?

Qoca təəccübləndi:

– Allah eləməsin, a Qurban, nə danışdığındı!

– Deməli, İsfəndiyar kişi, ağıllı adamın əlində silah xatalı deyil. Adam özü silahın əlində olanda, orası xatalıdı.

Qocanın ayağı ulğun koluna toxundu. Əyilib, ulğundan bir şax qoparıb, asta-asta üzünə, boynuna çırpıb ağcaqanadları qovdu.

– “Adam özü silah əlində”? Bir az qəliz oldu, a Qurban!

– Əşi, sözdü deyirəm də. Çox ağır söhbət elədim sənnən bu gecə. Onçun indi belə mətləbsiz şeylər danışıram ki, fikrin dağılsın bir az. Mən özüm bir vaxt mauzerin əlində olmuşam. Mən mauzeri yox, mauzer məni aparırdı qaçaqların üstə.

– O barədə camaat yaman danışır.

– Hə?

– Sənin qaçaqları qırmağın dillərdə dastandı, a Qurban. Zalımdı, qansızdı deyənlər də var. Əmbə elələri bəy şallağı görməyənlərdi.

Qılınc qeyri-müəyyən tərzdə mızıldanıb susdu. Hələ də ovcunda şappaşap atıb tutduğu “brauninq”i cibinə qoyub, nədənsə yenə o yan-bu yana boylandı.

– Əmbə vayenkom ay axtarır ha! Qoy bir həftə də axtarsın. Aparıb stolun üstünə qoyanda yəqin qucaqlayıb öpəcək, qonaqlıq təklif eliyəcək. Bilirsən nə deyəcəm? Deyəcəm mənim böyüklüyümü təsdiq… A kişi, fikrin hardadı?

İsfəndiyar kişinin fikri doğrudan da ayrı yerdə idi. Uzaqda, ambulatoriyanın qabağında işıq görmüşdü: Hacı ocaq qalayırdı.

– Sən o söhbəti nahaq elədin, a Qurban. Ferşil barədə…

Qılınc tündləşdi.

– Özün xahiş eləyirsən ki, tutub eləməyim o gədəni, özün də söhbəti təzələyirsən!

Qoca səbəbini özü də başa düşmədən, gözünü işıqdan çəkə bilmirdi.

– Yanı sənin onu tutmaq fikrin də var?!

Qılınc şallağı o yan-bu yana fırlatdı.

– Bəy şallağını görmüyənlər düz deyirlər – qəddar adamam mən, İsfəndiyar kişi! Genə xəbərdarlıq eləyirəm, bir də qapı-bacaya çağırma onu!

İsfəndiyar kişinin əli ürəyinin üstündə idi.

– A Qurban, başına dönüm, yazıqdı! Bədbəxtdi, a Qurban! Yerli hökumətsən, sən qiymət verməlisən ona, a Qurban!

Bu yalvarışda sərt tələb də hiss olunurdu. Qılınc dözməyib:

– Bəsdi! – dedi və atı tərpədib aralandı. Əmma eynilə bayaqkı kimi yenə cilovu çəkib, papirosun közərtisini əks edən gözlərlə diqqətlə qocaya baxdı.

– Səndən bircə xahişim var. Neynirsən elə, kimnən nə təhər dolanırsan dolan, əmbə mənə yalan demə ha!

Qoca yanıb-yaxılıb, əllərini dizlərinə çırpdı. Bu, Qılıncı tutdu.

– Yaxşı, yaxşı! – dedi. – Yeri get, yıxıl yat!.. Gözümə birtəhər dəyirsən. Naxoşlarsan ha, kişi! Özünü gümrah saxla! Yola-izə az bax! Axşam salam verdim, salamımı da almadın. Çox fikirlənmə! İnşallah, bir gün bizim küçədə də bayram olar. Mənim sözüm deyil bu, Stalin yoldaş deyib! Ona inan sən! “Bəndə bəndəm” – “Bağa bağlıyam” demə! Sultan Əmirlinin kabinetində Leninin bax bu əlim qalınlığında kitabı var. Allah, peyğəmbər-zad əleyhinə! Başa düş, nə deməkdi bu! Mən də Ağ deyiləmmi?! Bizim istribitelni batalyonun komissarıdı Sultan! Hər həftənin axırında Məhərin budkasında siyasi dərs keçir bizə. Bilirsən ki, o da Bağ nəslindəndi, Təbrizdə böyük mülkü-zadı olub Sultanın qardaşı Mədədin. Bir vaxt onlar da “Bəndə bəndəm” – “Bağa bağlıyam” deyiblər. Get Aşağı kənd Qonaqlıda qapısını aç sədr Mədədin “Salam” əvəzinə “ƏsƏlim” de, gör necə bağırar: “Kəs səsini!” Qəzəbnak olma, kişi! Get! Bir də eşitməyim o “Şeşpayi-bəhri”ni!

Qılınc atını sürüb getdi. Dəmirçi yel vurduqca qığılcımlanan papirosun işıltısına baxa-baxa tək bircə anlığa fikrindən ayrıldı. Qocaya elə gəldi ki, sovet sədri də davaya oğul göndərmiş olsaydı, nə onun – İsfəndiyar kişinin, nə də başqalarının haqqında düşünə bilərdi; başqasının haqqında düşünmək, özgənin dərdini çəkmək asandır.

Yavaş-yavaş kəndə doğru addımlayanda yenə də drezendən düşən əsgəri xatırladı. Doğrudanmı gözü alacalanıb, xəyallanıb?.. Gələn əsgərdisə, bəs kənddə niyə səs-səmir yoxdu?.. Qurbanlıda ev çoxdur. İki yüzdən artıqdır. Ancaq bir ildir ki, bu evlərin xeyri də, şəri də ortaqdır. Birisinin ayağına daş dəydimi, o dəqiqə hamı xəbər tutur. Birisinin gedəni gəldimi, dərhal toy-bayram başlayır, çağırışma, səsləşmə, muştuluqlama… İsfəndiyar kişi bir daha əyilib əlini otun şehinə çəkib, ovcunu alnına qoydu. Qızdırmalı adam kimi, alnı əlini yandırdı.

7

Və elə alnı əlini yandırdığı anda da qulağına səs gəldi. Duruxub, nəfəsini qısıb, sinəsini ağır çəkic kimi döyəcləyən ürəyinin gurultuları ilə qarışıq səsi nə qədər dinlədiyini və yerindən qopub necə yüyürdüyünü bilmədi. Çünki səs adi səs deyildi: saz səsi idi! Özü də bəridən, ucqardan, qovaq səmtindən eşidilirdi!

Lap çoxdandı, kim bilir neçə ildi ki, İsfəndiyar kişi belə yüyürməmişdi. Nəfəsi qaraldı. Boğazında gicişmə hiss etdi. Əmma dayanmadı. Çünki çalan Bəhmən idi! “Təvər” – OdEvƏr sazda “Divani”ni – OdEvÜnü bu qədər ağır samballa Kim çala bilərdi Bəhməndən başqa?! “…Qulağına Təvər sazda “Divani” gəlsə, bil ki, qayıtmışam, baba”. Demək, yuxu boş-boşuna deyilmiş! Demək, sazın tilsimi sındı!

– Oğlum gəldi!.. Ay camaat, Bəhmənim gəldi!.. – Qoca qışqırmağa çalışırdı, səsi çıxmırdı.

Həyətə yaxınlaşanda gözləri torlanmışdı. Qovağın nəhəng qaraltısı qarşısında ləngər vururdu, yanıb qurtarmaqda olan təzəklərin əlcə-əlcə qırmızı odlarının parıltıları, qızmağa qoyulmuş samovardan çıxan alov o yan-bu yana yaymalanırdı.

Qocanın köksündəki ağrı şiddətlənib yayılırdı. Başa düşürdü ki, bu yaxşı əlamət deyil. Əmma heç bir qorxu-hürkü yoxdu. Çünki indi sazın səsini daha aydın eşidirdi, simlərə təzənə vuran, pərdələrdə gəzən barmaqların məhz Bəhmənin barmaqları olduğunu daha artıq inamla təsdiq edirdi. Demək, “sonbeşik – yurda keşik” məhz onun xəyal elədiyi kimi gəlmişdi: gecə vaxtı, xəbərsiz-ətərsiz, qapıdan girib gəlinlərlə, uşaqlarla görüşüb-öpüşəndən sonra, hələlik qonumqonşuya, kəndə səs salmağı lazım bilməyib, sazı divardan endirib, köynəkdən çıxarıb, sinəsinə basıb, atasını sazla çağırmağa başlamışdı.

Qoca oğlunun sinədən gələn asta, şirin səsini eşitdi:

 
Gəl, ey Şeşpayi-bəhrim,
Qalmadı tabanım, təhrim!..
 

– Gəlirəm, mənim balam, gəlirəm!.. – Qapını açıb özünü içəri saldı.

Saz divarda, xalçanın üstündə, həmin yerindəcə asılı dururdu. Böyük gəlin yerə ləyən qoyub “qara pıspısalar”dan – qızlarından hansınınsa saçını yuyurdu. Rəhmanla Bəhmənin uşaqlığını xatırladan, topasaçlı, qarnıaçıq əkizlər taxtın üstündə, süfrə qırağında oturmuşdular. Kiçik gəlin onların südlə dolu nimçələrinə çörək ovurdu. Duman içində olsa da, İsfəndiyar kişi bunların hamısını görürdü. Əmma “Divani”nin sehrli-zərbli dalğaları, oğlunun səsi hələ qulaqlarında idi:

 
Gəl, ey Şeşpayi-bəhrim…
 

“Bu nədi belə, ay oğul?! Hardasan, a qurbanın olum?!” – Qoca bir də saza baxdı, bir də gəlinlərinə, nəvələrinə baxdı. Səs xırp kəsildi. Otaqda hər şey zülmətə batdı. İsfəndiyar kişi huşunu itirib yıxılıdığını hiss etmədi.

8

Bir az sonra gözlərini açanda, qarşısında əvvəlcə Hacının sifətini gördü. Feldşerin yun çöpüyü kimi boz saqqalı arıq sifətini, lap eynilə yun çöpüyü kimi bomboz qalın qaşlarını, dərin çuxurlarda azca şirin baxan xırdaca gözlərini gördü. Hacının üzünə heç vaxt bu qədər yaxından baxmamışdı. Yəqin ki, buna görə də, ağlı üstünə gələndə əvvəlcə feldşerin haqqında fikirləşdi: “yazıq nə yaman çirkinmiş”. Bu ani fikir ötüb keçəndə, drezendən düşən əsgər də, Qılınc Qurban da, Bəhmənin “Divani”si də, divarda öz yerindəcə asılı duran saz da, hətta böyük gəlinin yerə ləyən qoyub qızının saçını yuduğu, kiçik gəlinin nimçəyə çörək ovduğu da, hər şey bütün təfsilatı ilə yadına düşdü. Və qoca birdən acı-acı gülümsündü:

– Dəmirçi İsfəndiyar da xəriflərmiş, ay Hacı!

Feldşer onun üzünə baxmırdı.

– Axşamdan gözümə birtəhər dəyirdin, İsfəndiyar əmi. Yaxşı ki, bir yana getməmişdim.

– Yoxsa işim bitmişdi, hə?

– Allah eləməsin, İsfəndiyar əmi.

– Uşaqlar hanı, gözümə dəymirlər?

Bir-birinin eyni olan zərif, alagöz, sarı gəlinlər irəli durdular. İkisi də yaşmağı burunlarının üstünə qaldırıb yaşlı kirpiklərini döyə-döyə gülümsəyirdi, sevinirdi. “Qara pıs-pısalar” və əkizlər analarının ətəklərindən yapışıb boylanırdılar. Uşaqların gözlərində hələ də qorxu qalmışdı.

Hardasa it hürürdü. Kəndin arasında nə isə səs-küy vardı. Bunu qulağı alanda qoca istər-istəməz dikəldi. “Bir eşiyə çıxın, görün o nə səsdi?” – demək istədi, bayaqkı halətinin təkrar olunmağından ehtiyatlanmış kimi qaşlarını çatıb yenə başını yastığa endirdi. Rəngi boğunuqdu. Qalın, cod dodaqları göyərib daha da codlaşmışdı. Yarıaçıq pəncərənin altında qaynaşan pərvanələrin arasında işıldayan yeddilik lampa yaxında olsaydı, qocanın bir az çökük gicgahlarındakı göyərtilər də aydın görünərdi. İndilikdə bunu Hacıdan başqa görən yoxdu. Feldşer qəmli və bir az ürkək gözlərlə baxıb fikirləşirdi ki, bu yıxılmaqla İsfəndiyar kişi gərək azı bir həftə yerindən qalxmasın. Yaxşı olar ki, heç tərpənməsin. Əmma Hacı bunu gəlinlərə demək, cəmi bir neçə dəqiqə bundan əvvəl qayınatanın başının üzərində göz yaşı axıtmış bacıları yenidən qorxuya salmaq istəmirdi.

Qoca barmağının işarəsi ilə nəvələrini yanına çağırdı. “Qara pıs-pısa”ların təzəcə yuyulub hələ qurumamış yumşaq, sərin saçlarını sığalladı. Əkizlərin birini sağ, birini sol böyründə oturtdu.

– Babanın əllərini ovuş-ovuş eləyin, – dedi.

Uşaqlar topasaçlı başlarını əyib ciddi-cəhdlə işə girişəndə qoca gülümsəyib Hacıya göz vurdu.

– İşə yarayırlar, – dedi.

Bayırda səs-küy artırdı. Həmişə bu vədə vağzaldan qayıdıb evlərə qəzet, məktub paylayan yetim qız – poçtalyon Milli – Milliyyə ilə qonşuların səsləri bir-birinə qarışırdı. İsfəndiyar kişiyə elə gəldi ki, Milli onun gəlinlərini də çağırır: “Ay Pəri! Ay Tubu!” – deyir, “muştuluq, muştuluq!” – deyir. Dəmir yolda bir tikə yeri aydınlaşdıran solğun fənər işığında, sonra Məhərin budkasının pəncərəsi qabağında gözünə dəyib qaranlıqda yox olan əsgər paltarlı adam kim bilir neçənci dəfə xəyalında dolananda qocanın dodaqları, saqqalı titrədi. Yenə dikəlib, “Eşitmirsinizmi? Çağıranı eşitmirsinizmi, ay qızım?” – demək istədi. Əmma çağıran vardısa, bəs gəlinlər niyə hay vermirdilər? “Muştuluq, muştuluq!” – deyən vardısa, bəs gəlinlər niyə bu qədər laqeyd dayanmışdılar?.. Qoca eynilə bayaq saz səsi eşidəndə olduğu kimi, ürəyinin çapaladığını, gözlərinin torlandığını hiss etdi. Pəncərənin altında lampanın işığı azaldı, qaynaşan pərvanələr elə bil birləşib boz-bulanıq bir kütləyə çevrildi. Pəncərənin arxasında, qaranlığın dərinliyindəki xırdaca fitil alovunun sarımtıl işığı da azalanda Hacının asta, boğuq səsi eşidildi:

– Qorxma, İsfəndiyar əmi… əsas odur ki, ağrı keçdi. Qalanı da düzələcək.

Qoca canında sıxıntı, bumbuz tər hiss edirdi. Çalışırdı ki, özünü toxtaq saxlasın, gəlinlərə, uşaqlara bir şey bildirməsin.

Mümkün qədər gümrah danışdı:

– Deyəsən, balalarımı yaman qorxutmuşam, ay Hacı.

Feldşerin ovcunda ucu yoğuniynəli zorba bir şpris vardı. Qoca pərvanələri, gəlinlərini və nəvələrinin sifətlərini, yəni nisbətən uzağı seçməsə də, şprisi aydın görürdü.

– Nə yekə şeydi, a başına dönüm, mal iynəsidi, nədi?

Hətta zarafat eləmək, “mən ki mal deyiləm, bala” demək istədi. Əmma bu vaxt Millinin səsi lap yaxından eşidildi:

– Ay Pəri, Ay Tubu, ay İsfəndiyar əmi, heyy!..

Feldşer xəstəsinin sol qolunun büküləcəyindən bir az yuxarısını nazik rezinlə sıxıb, rezinin uclarını Pəriyə verdi.

– Tut bunu, mən boşalt deyəndə yavaş-yavaş burax rezini, – deyib, əyilib iynəni dərinin altına yeritdi. – Burax rezini!.. Sakit dur, İsfəndiyar əmi. Nəfəs al… yaxşı-yaxşı nəfəs al.

Qocanın bütün diqqəti eşikdəki səsdə idi. Milli lap aydınca “Muştuluq!” – deyəndə qoca, nəhayət, dözə bilmədi.

– Niyə dirək təki quruyubsunuz? Mənim başıma hava gəlib, qulağıma səs gəlir, yoxsa doğrudan Millinin səsidi?!

Gəlinlər ipək kimi yumşaq, mülayim, mehriban qayınatanın belə qışqırdığını bir dəfə də görməmişdilər. İkisi də dərhal dönüb eşiyə yüyürdü.

İsfəndiyar kişi hirsli-hirsli feldşerə baxdı.

– Eşitmirsənmi?!

Hacı bütünlüklə öz işinə qapılmışdı. Qocanın o biri qolunu çirməyib, daştək möhkəm əzələ üstündə tarım çəkilmiş tutqun dərini ordan-burdan dartışdırıb, yoda batırılmış pambığı sürtməyə və ikinci iynəni vurmağa münasib yer axtarırdı.

– Nə buyurursan, İsfəndiyar əmi?

– Deyirəm, çağıran adamın səsini eşitmirsənmi?

– Mən bir az ağır eşidirəm, İsfəndiyar əmi. O gölməçələrə düşəndən bəri qulaqlarım ağırlaşıb, – feldşer yorğun-yorğun qımışdı. – Hər yerim düzüydü, bircə qulaqlarım qalmışdı, o da düzəldi. Zəhmət olmasa qolunu boş qoy, İsfəndiyar əmi, göz dəyməsin, maşallah, bədənin dəmir kimidi, adam heç bilmir iynəni hara batırsın. Zəhmət olmasa…

– Dayan görüm!.. – Qoca gərginlikdən titrəyib eşiyə qulaq kəsildi.

– Ay Pəri, ay Tubu, boğazım yırtıldı ki, çağırmaqdan! Əlinizi cibinizə salın görüm nə çıxardırsınız! Gəldi yaralı gədə! Yarası-zadı qalmayıb. Sappadansağdı, sizə də nəsə şad xəbər gətirib!

Milliyyəyə kənddə hamı Milli deyirdi. Baldırıaçıq, arıq, uzun qız idi. Dayısı evində olurdu. Dayısı əsgərliyə gedəndən sonra Millini poçtalyon qoymuşdular. Şad xəbər olanda – məktubu gəlməyəndən məktub gələndə, cəbhədən əsgər qayıdanda Milli at kimi çapa-çapa, qapı-qapı düşüb bütün kəndi muştuluqlayırdı. Arvadların danışdığına görə, indi bu yetim qızın sandığında qalaq-qalaq “göy əlliliklər, qırmızı otuzluqlar” vardı, qat-qat parça, kəlağayı, qənd, çay, mampası vardı. Dəmirçinin evində çay, şirniyyat qurtaranda gəlinlər Millidən borc qənd, çay alırdılar.

İsfəndiyar kişi asta-asta, sakit-sakit nə isə deyib ona mane olmaq istəyən feldşerə əhəmiyyət vermədən babanın əllərini ovuşdurmaqdan ayrı cür zövq alan nəvələrinin birini sağa itələdi, birini sola, yorğanı üstündən atıb, ağ tumanköynəkdə, taxtdan düşdü. Bir halda ki, “yaralı gədə”, yəni çoban Abdullanın oğlu, Komsomol Bənövşənin qardaşı Mağar “sappadansağ” olub gəlmişdi və Pəri ilə Tubuya “nəsə şad xəbər gətirmişdi” və buna görə də Milli Pəri ilə Tubuya “əlinizi cibinizə salın”, – deyirdi, İsfəndiyar kişi lap belə ölüm yatağındada olsa, yataqdan qalxmaya bilərdimi?! Əmma… “şad xəbər” vardısa, İsfəndiyar kişi, can ağrısından ufacıq olub ayağa qalxammayan Mağarı görmək və çobana gözaydınlığı vermək üçün dağ ətəyindəki qoyun yatağına – kahaya gedəndə Mağar niyə deməmişdi o şad xəbəri?! Qoca şalvarı qıçlarına keçirib əlini çəkməsinə atdı. Köksündəki ağrı azalsa da, sinə dolusu nəfəs ala bilmədiyinə görə səndələsə də, hökmən getmək istəyirdi.

– Deyirəm, ay Qurban, əsgəri aydınca görmüşəm. Belində, deyirəm, arxa çantasınacan görmüşəm, drizindən düşdü, göldən şığanıb kəndə gəldi. Deyir, gözün alacalanıb, a kişi, əsgər gələ, kənd də belə lal-dinməz ola? Bu da sənə səsküy, ay Qurban!

1.Gavahın – kotanın kəsəri.
2.Taral – tənbəl, müftəxor.
3.Cənubi Azərbaycan.
4.Jmıx – günəbaxan qabığından düzəldilmiş qaramal yemi.
5.“Əgər sabah hərb olarsa hazır ol…” – rusca bu mahnı otuzuncu illərdə Azərbaycanda çox məşhur idi.
6.OdEvƏr – Yalnız Aşıq Alı, ƏlƏsKər kimi ustad aşıqların bildikləri qədim OdƏr – “Tərik” – “Türk” dilində OdEvƏr işıq evinin (kainatın) həqiqəti deməkdir.
7.AlOsman – Türkiyədə dağ adıdır. Məşhur hökmdar Osman bəyin OdƏrcə həqiqi adı ƏsMən idi; mənası: əsən (yaradan) əlim – oğlum. “Səsi AlOsmana çatır” ifadəsinin mənası: səsi ƏlƏsMənə, yəni Qrek, Fars, Ərəb imperiyalarından gizlədilən ƏsƏlMənə —“Süleyman”peyğəmbərə çatan.
8.Qara dam – qazma.
9.Bron – orduya səfərbərlikdən saxlamaq üçün sənəd.
10.Xalqımızın hər bir kəlməsi böyük hərflə yazılan qədim OdƏr (Tərik – “Türk”) dilində SafAğ (ən təmiz) adlanan Elm Alimləri, fatehlərdən gizlənmək məcburiyyətində qalanda SafAğ Elmini ərəbcə “Xürrəmi”, “Həllaci”, “Hürufi” və s., sonralar isə “Nəqşi Bənd təriqəti” adları altında gizlədiblər. 1941-45-ci illərdə Elmin təbliği güclənmişdi. “Boq” kəlməsinin qədim türkcə Bağ oğlu Eysarımızın SafAğ İnsanın Əli – Oğlu olduğunu bilənlər yeni adla “Heydəri” – EyOdƏri (Uca həqiqət Əri) adlandırırdılar. Bu qismdən olanlar (ustad “Aşıq”lar – ƏsAğlar, “dərviş”lər – OdƏr EvƏslər, yəni ƏsEvin – Yaradan Evin Od – həqiqət Ərləri) xalq arasında Elmi yalnız BağƏsƏlMən (“Süleyman” – “Solomon”) adı ilə bağlayıblar. Başqa ad çəkməsələr də, söhbətlərini, moizələrini “Beş gözəlin aşiqiyəm” sətri, xüsusi “Ustadnamə” ilə başlayıb, Bağ Atanın dörd Əlinə – Oğullarına, o cümlədən on səkkiz min aləm izində Aləmimizin ƏlAğı (“Allah”ı) Ey Sara (“İsa”ya. “İsayi Məsih”ə) işarə edirdilər. Bu cür şərh SafAğ Elminin, belə demək mümkünsə, “Ustadnamə” ilə başlayan el variantı sayılırdı. “Saz”da məhz bu variant danışılır. Əslən OdƏr Əlağımızı “xristian” elan etmişlər. “İis+us” sonuncu təhrifdir. Rimdə qreksayağı adlandırıb, “xristos” sözü ilə birləşdiriblər.
11.ƏsƏlMəni (“Süleyman” padşahı) aşıqlar çox vaxt “Ey” adlandırırlar və sözlərini “Gəl, Ey!”lə başlayırlar.
12.İlk sovet marşalları.

Darmowy fragment się skończył.

5,27 zł
10,55 zł
−50%
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
28 października 2022
Objętość:
260 str. 1 ilustracja
Właściciel praw:
Hədəf nəşrləri
Format pobierania:

Podobne książki