Czytaj książkę: «Məntiq»
MÜƏLLİFDƏN
Məntiq haqqında hər bir adamın müəyyən intuitiv təsəvvürü ola bilər, lakin insan fəaliyyəti haqqında konkret məntiqi biliklərə yiyələnmədən onun mahiyyətini anlamaq çətindir. Hər cür mühakimə yürütmə prosesi məntiqin qanunlarından və əməliyyatlarından istifadə olunmasına əsaslanır. Bu kitabı diqqətlə və aramla oxuyan hər bir oxucu fikir fəaliyyətində məntiqi prinsiplərin, qanunların, əməliyyatların və metodların zəruriliyini bir daha yəqin edəcək.
İnsan fəaliyyətinin bir çox sahələrində intuitiv məntiqlə keçinmək olar, lakin müxtəlif elmlərin öyrənilməsində, elmi tədqiqat işlərində, cəmiyyətin, dövlətin idarə olunmasında məntiqi biliksiz, dialektik təfəkkürsüz istənilən məqsədə çatmaq müşkül məsələdir. Bir çox ixtisas sahələrində: hüquq, jurnalistika, filologiya, tarix və s., xüsusilə hüquqşünaslıqda məntiqin öyrənilməsi qaçılmazdır. Məntiqi qaydaların, qanunların və müxtəlif intellektual-nitqi əməliyyatların öyrənilməsi, bunun nəticəsində yaranan məntiqi vərdişlərin praktikada tətbiq olunması bacarığı həmişə savadlı, bilikli, peşəkar mütəxəssislərin, xüsusilə hüquqşünasların vacib keyfiyyəti sayılmışdır. Fikir fəaliyyəti prinsiplərinin anlaşılması – idrak işinin ən dəyərli cəhətidir, çünki o ağlı itiləşdirir, onu yalana və məntiqsizliyə qarşı ayıq saxlamaqla, öz nəticələrinin ardıcıllığını təmin edir. Bununla da, təfəkkürün nəzəri və tətbiqi sahələrinin bir-birilə əlaqələndirilməsi mümkün olur.
Məntiq ən qədim elmlərdəndir. Cəmiyyətin dəyişilməsi və inkişafı ilə onun tarixi zənginləşmişdir. Bu elm iki min il yarım bundan öncə qədim Yunanıstanda yaransa da, sonrakı dövrlərdə çox inkişaf etmişdir. Məntiqdə elmi inqilablar baş vermişdir ki, bunların nəticəsində məntiqi təhlilin üslubu və metodikası köklü surətdə dəyişmişdir. Müasir dövrdə məntiq dinamik, faydalı elmlərdən biridir, hətta riyazi nəzəriyyələr üçün də ciddilik və dəqiqlik nümunəsidir.
Məntiqin sahələri çoxdur (oxucu kitabın uyğun hissələrində bu barədə informasiya alacaq). Artıq bu elmi elə bir geniş ümmana bənzətmək olar ki, burada hər kəs müxtəlif marşrutla üzə bilər. Lakin bu elmi mücərrəd, cansıxıcı, formal əqli məşğuliyyət sahəsi sayanlar, şübhəsiz ki, bu ümmanda batarlar. Buna görə də, bizcə riyaziyyatçılar, tarixçilər, filosoflar, jurnalistlər və başqa ixtisas sahibləri üçün məntiqdən məşğələ kursları təşkil olunsaydı, onların məntiqi mədəniyyəti yüksələrdi. Bu, bəlkə məddahlıq psixologiyasına bir zərbə vurardı.
Bu dərs vəsaiti humanitar fakültələri, xüsusilə də hüquqşünaslar uçun nəzərdə tutulmuşdur. Buna görə də oxucu kitabın bir sıra xüsusiyyətlərini nəzərə almalı olacaq. Biz burada müasir məntiqin əsas anlayış və ideyalarını şərh etməyimizə baxmayaraq, mürəkkəb, süni, qəliblənmiş sözlərdən qaçmağa çalışmışıq. Çünki müasir məntiqdə geniş tətbiq olunan simvolik işarələri (vasitələri) çox vaxt tələbələrimiz anlaya bilmirlər.
Əsərdə əsas diqqət hüquqi dilin xüsusiyyətlərinə, onun normativ tətbiqinə yönəldilir. Burada məntiqin tədrisi məsələlərinə, onun metodologiyasına, normalar məntiqinə və başqa mövzulara da müəyyən qədər yer verməyi faydalı və zəruri saymışıq. Kitabda mübahisələrin növləri, bunlarda tətbiq olunan korrektə və korrektə olunmayan üsullar gözdən keçirilir, polemika və diskussiya prosesində müraciət edilən ən ümumi tələblər formulə olunur.
Mövzunun açılmasında hüquq ədəbiyyatından daha çox nümunələr gətirməyə çalışmışıq, çünki bizə görə, məntiqin predmeti yalnız mücərrəd nəzəri mühakimələr yürütmək deyil, eyni zamanda, hüquqi fikirlərin gündəlik praktikasıdır.
Hər bir mövzunun sonunda kitaba yoxlama sualları, məsələ və tapşırıqlar, onların hər birinə dair həlli verilən nümunələr daxil etmişik. Bunda məqsədimiz tələbələrdə məntiqi vərdişlərin mükəmməlləşməsinə yardımçı olmaqdır.
Məntiqin nəzəri suallarının başa düşülməsi və mənimsənilməsi, o cümlədən arqumentasiya (dəlilləşdirmə) nəzəriyyəsi, çıxarılan qərarların qəbulu burada bizim məqsədimiz deyil. Başlıca məsələ nəzəri müddəaların mühakimələr, polemikalar, mübahisələr, insanlar tərəfindən öz mövqelərinin dəlilləşmiş sübutu, hesabatların tərtibi, qərarların qəbulu və onların rəsmiləşdirilməsi, qanunların şərhi və tətbiqi prosesində praktik fəaliyyətdə tətbiq etməyi öyrənməkdir.
Məntiqi vərdişlərə yiyələnməkdə məntiqdən məsələ və tapşırıqların, testlərin, yoxlayıcı sualların verilməsinin mühüm rolu və əhəmiyyəti vardır. Biz məsələ və tapşırıqların həllini bütün nəzəri kursun mənimsənilməsindən sonraya saxlanılmasını məqbul saymır, ona görə də tapşırıqları, məsələləri hər bir mövzunun sonunda veririk. Bu təcrübə tələbəni nəzəri materialların mexaniki əzbərləməsindən azad edir, nəzəriyyəni fəal mənimsəməyə səbəb olur, öyrənci təfəkkürünün metodoloji əhəmiyyətini və praktik kəsərini yüksəldir.
Bununla yanaşı, məntiq aləmi arqumentləşdirmə nəzəriyyəsidir və qərarların qəbulu ciddi və qeyri-adi prosesdir. Bu elmin sirlərinə yiyələnmək üçün onu povest, roman kimi birnəfəsə oxumaqla anlamaq çətindir. Hər gün onu oxumaq, təhlil etmək, fikirlər üzərində iş aparmaq gərəkdir. Təəssüf ki, tələbələrimizin əksəriyyəti verilmiş ədəbiyyatı bir dəfə də olsun yaxşı təhlil süzgəcindən keçirmir. İnsan hər an fikirləşməlidir, mühakimə yürütməlidir, topladığı informasiyalardan düzgün nəticə çıxarmağa cəhd etməlidir, onda istədiyi problemin həllinə yaxınlaşa bilər. Niyə tələbələrimiz kitab oxumaqdan, zəhmətə qatlaşmaqdan ilan ulduzdan qorxan kimi qorxurlar? Bunun niyəsini üzə çıxarmaq, çıxış yollarını göstərmək milli qeyrəti, ləyaqəti, vətənpərvərliyi olan hər bir ziyalının, alimin borcudur.
Məntiqin özünəməxsusluğu ondadır ki, onun tədqiqat obyektləri mücərrəddir, əyanilikdən və emosional çalarlardan məhrum görünür. Burada psixoloji şəxsli məqamlar minimuma endirilir, çünki bu sahə duyğuları yox, xalis idrakı əhatə edir. Məntiq aləmilə bizə kömək edən başqa hadisələri canlı obrazlar və təsəvvürlərlə əlaqələndirmək çətindir. Məntiq qanunları konkret nümunələrlə göstərilir, bu bəzən çox iri və biçimsiz yer tutan gerçək təfəkkürdən uzaq söz quruluşu yaradır.
Bununla belə, məntiq aləmi – bizim aləmdir, bizim xüsusi təfəkkürümüzdür, düşüncə səltənətimizdir. Onun əsasında gerçəklikdəki predmet və hadisələr dayanır. Buna görə də hər şeydən azad, birbaşa məntiqi ardıcıllıqla bağlı olmayan asan, saf təfəkkür yoxdur. Xüsusi əqli fəaliyyət forması olan məntiqi təfəkkürün məzmunu dil materiallarının, yazılı və şifahi mətnlərin təhlilində üzə çıxır.
Məntiqi qanun və prinsiplərin gözlənilməsi düzgün və təsirli təfəkkürün ilkin zəminidir. Məntiqsiz (qeyri-məntiqi) təfəkkür isə qarışıqlığı, xaosu ifadə edir.
Heç kim belə bir fikrə irad tuta bilməz ki, hər bir adam mühakimə yürüdə bilər, özü əqli nəticəni qurar, opponentinin dəlillərini təkzib edər, məntiq elmini bilmədən çıxardığı qərarın məqbulluğuna insanları inandırar. Eyniylə də insanlar qrammatikanı bilmədən öz fikirlərini dildə ifadə edirlər. Toxunduğumuz bu məqamlar bu fənləri öyrənməyin gərəkliyini göstərir. Adını çəkdiyimiz elmlərin insan tərəfindən mənimsənilməsi canlı varlığın suya, havaya olan ehtiyacı kimidir. Çünki bu sahələrin hər biri öz qaydaları ilə subyektin təfəkkür və nitq qabiliyyətini artırır, mühakimənin aydınlığına, dəqiqliyinə, ardıcıllığına və sübutluluğuna səbəb olur, bununla da alınan nəticələrin, ümumiləşdirmələrin, göstərişlərin və tövsiyələrin gücünü artırır. Bu elmi öyrənib mənimsəyən hər kəsin intellektual səviyyəsi yüksələr, təfəkkür mədəniyyəti zənginləşər, o, hadisə və proseslərdən elmi cəhətdən daha əsaslı nəticələr çıxara, qərarlar qəbul edə bilər.
Son illər ölkəmizin və xalqımızın həyatında baş verən mürəkkəb və ziddiyyətli hadisələr tələb edir ki, məhkəmə praktikasında iştirak edən hüquqşünaslar yaradıcı, dinamik, müstəqil və məntiqi düşünməyi bacaran şəxslər olsunlar, məqsədəuyğun, metodoloji cəhətdən düzgün inkişaf etmiş qabiliyyətə və vərdişlərə yiyələnsinlər ki, rəylərini, hipotezlərini, versiya və tövsiyələrini inandırıcı surətdə sübut edə bilsinlər.
Bütün dünyada məhkəmələrin fəaliyyəti müstəqil olmalıdır, çünki orada insan taleyi həll olunur. Bu yaxınlarda keçirilən bir namizədlik müdafiəsi işində vurğulanırdı ki, məhkəmələr yuxarı orqanların tapşırığı ilə fəaliyyət göstərirlər. Bu kimi hallar qurduğumuz hüquqi, demokratik cəmiyyətin prinsipləri ilə bir araya sığmır, ziddiyyət təşkil edir. Ona görə də ölkəmizdə məhkəmə sferasında çalışan bütün işçilərdən yuxarıda dediyimiz keyfiyyətlərlə yanaşı, vicdanlı vətəndaş mövqeyi də tələb olunur.
Düzgün fikirləşmək və mühakimə yürütmək sənəti hər bir adamda, özəlliklə də mütəxəssislərdə, yalnız ardıcıllıq deyil, həm də həqiqətə canatma, intellektual təmizlik, cəsarət, tənqid və özünütənqid, ruhi axtarışlar, əvvəlki təcrübəyə istinadetmə bacarığı, əgər həqiqidirsə, qarşı tərəfi də eşitmək və dinləmək qabiliyyəti, öz əqidəsinin əsaslı olması fikrində qalmaq bacarığı və s. olmalıdır.
İnamla demək olar ki, oxucuların mühakiməsinə verilən bu kitab gözdən keçirilən sualların məzmununa, strukturuna, materialın seçilməsinə, təşkilinə görə öncəki dərsliklərdən və dərs vəsaitlərindən öz orijinallığı ilə seçilir.
Həyatımın başlıca amalı xalqa xidmət, onun övladlarının bilikli, zəkalı böyümələrinə yardımçı olmaqdır. İnanmaq istərdim ki, bu kitabı oxuyan hər kəs, xüsusən əlaqədar sahə işçisi onun faydasını əmək fəaliyyətində hiss edəcəkdir. Məntiq elmi, ulu filosofumuz Bəhmənyar demişkən, “hər şeyin ölçüsüdür, yerdə qalan elmlər isə fayda və zərər haqqındadır”.
Elmin, mədəniyyətin yüksəkliyində durmaq istəyən heç bir millət məntiqi təfəkkürsüz keçinə bilməz. Keçmişin gələcəyə yönəlmiş, daha doğrusu, “gələcəyin zəruri modeli olan məntiq elmini öyrənmək ixtisasındən asılı olmayaraq hər bir vətən övladı üçün zəruridir. Elmi biliklərə laqeydlik, savadsızlıq, nəzarətsizlik millətin balalarını özgələşdirir. Bu ağır qınaqdan çıxmağın əsas yolu hamının həyəcan təbili çalması və bir bayraq altında birləşməsidir. Bunun üçün hər birimiz cəmiyyət qarşısında hesabat verməliyik. Bu problemin əlifbası isə millət sevgisi, Vətən yanğısıdır.
GİRİŞ
MƏNTİQİN AKTUAL PROBLEMLƏRİNİN QISA TƏHLİLİ
Mən 30 ildən çoxdur ki, BDU-da və ölkəmizin başqa ali tədris ocaqlarında məntiq elmindən mühazirələr oxuyur və praktik məşğələlər aparıram. Bu müddətdə belə qənaətə gəlmişəm ki, geniş oxucu kütləsi, xüsusilə tələbələrimiz bu elmi zəif dərk edir, onun mənimsənilməsində çətinliklərlə qarşılaşırlar. Bunun bir neçə səbəbini göstərmək olar: Birincisi, Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur, başqa sözlə desək, məntiq fənni orta məktəbin tədris proqramından çıxarılmışdır. İkincisi, məntiqin tədrisi və təbliği zamanın tələblərinə cavab vermir. Üçüncüsü, tələbələrimizin zəhmətə qatlaşmasında və elmi biliklərə yiyələnməsində bir süstlük və laqeydlik yaranmışdır. Dördüncüsü, gənclərimizin müxtəlif yollarla, təhsil almadan diplom almaları az qala qanunauyğunluğa çevrilmişdir və s. və i.a.
Məntiqin mənimsənilməsindəki çətinlikləri aradan qaldırmaq məqsədilə yığcam və sadə dildə yazılan metodik bir vəsaitin nəşrini vətəndaşlıq borcu hesab edirik, çünki bu sahədə ana dilində indiyədək diqqətəlayiq bir məqalənin, tədris vəsaitinin belə olmaması təəccüb doğurur. Onda soruşula bilər: Nədir vətəndaşlıq borcu?
Vətəndaşlıq borcu insanların yaşadığı mühitə, zamana, elmə, mənəvi dəyərlərə, dövrün pozitiv və neqativ hadisə və proseslərinə müdaxilə etməsi, qiymət verməsidir.
Əslində məntiq ən maraqlı və dinamik elmlərdəndir və onun riyazi nəzəriyyələr üçün də ciddilik və dəqiqlik nümunəsinə çevrilməsi təbiidir.
Bir çox alimlərimiz, ziyalılarımız və gənclərimiz özlərini əziyyətə salmadan qədim və zəngin tarixi olan məntiq elmi barədə belə mühakimə yürüdürlər ki, guya məntiq çox çətin qavranılan mücərrəd elmlərdəndir. Məntiqi nəzəriyyələrin meydana gəlməsi tarixini, inkişafını və təkamülünü izləyən hər bir şəxs məntiqin problemlərini aramla təhlil edərsə, onda yuxarıdakı fikrin yanlışlığına əmin olacaqdır.
V.Mintonun aşağıdakı fikrini oxucuların diqqətinə çatdırmaq istərdim:
“Özünün uzun müddət davam etmiş bütün tarixi ərzində məntiq heç vaxt mücərrəd elm olmamışdır: o, həssas və iti ağıl üçün maraqlıdır, cəlbedicidir. Məntiq elmi diskussiyalarda, mühakimələrdə və tədqiqat işlərində insan ağlını demaqoqların yalanlarından qorumağa bir “zireh” (sipər) kimi xidmət etmişdir ki, onun praktik əhəmiyyəti də bundadır”.
Təfəkkürün məntiqinə aid zəngin və geniş biliklər toplusunu özündə birləşdirən məntiq yalnız təsviri deyil, həm də normativ və qiymətləndirici səciyyə daşıyan və özünün konkret tətbiq sahəsi olan nəzəri-praktik elmdir. Hegelin “Hər cür elm tətbiqi məntiqdir” fikrində də dərin məna vardır. Burada həqiqət ondadır ki, elm (o cümlədən məntiq) biliyin yeni nəticələrə varması üçün hərəkət vasitələrini yaradır.
Deməli, məntiqi təfəkkür olmadan elmlərin səmərəli inkişafından danışmaq olmaz. Hər bir “elm məntiqi cəhətdən sistem halında birləşmiş və konkret ideyası olan biliklərdən ibarətdir”.
İxtisasından, peşəsindən asılı olmayaraq, hər kəs üçün məntiqi öyrənməyin faydası ondadır ki, təfəkkürdən bəhs edən bu elmin köməkliyilə müxtəlif elmlər sahəsində toplanmış materialı təhlil etmək, faktları ümumiləşdirmək, irəli sürülən müddəaları sübut, yaxud təkzib etmək mümkün olur. İnsanlar fikirləşdikcə daim əqli fəaliyyətin bu növlərini həyata keçirirlər.
Aparılan müşahidələr göstərir ki, heç də bütün insanlar məntiqi bilmir, hamı təfəkkürün bu qayda-qanunları, metod və normaları ilə tanış deyildir. Ona görə də geniş oxusu kütləsinin məntiqi mədəniyyətinin səviyyəsi aşağıdır. Həyatın bu təzadını sadəcə izah etmək yox, qaydaya salmaq, ləğv etmək lazımdır ki, cəmiyyətin daha yüksək mənəvi dəyərlərə qovuşmasına mane olmasın. Bu fikirdən çıxarılan əsas nəticə odur ki, hər bir cəmiyyət üzvünün müəyyən məntiqi mədəniyyətə yiyələnməsi zəruri bir işdir. Məntiqi mədəniyyətin formalaşması və yüksəlməsinin ən yaxşı üsulu məntiq elmini öyrənməkdir, çünki bu elm mühakimə yürütməyin düzgün üsullarını sistemləşdirir və mühakimələrdəki tipik səhvləri aşkara çıxarır.
Aksiomdur ki, hər hansı bir cəmiyyətin məntiqi sferası, məntiqi mədəniyyəti nə qədər yüksək olarsa, insanlar arasında qarşılıqlı anlaşma və cəmiyyətin harmonik inkişafı da o qədər yüksək və zəngin olacaqdır. Hər bir insan konkret məntiqi sferada tərbiyə olunur və bunun təsiri ilə onda məntiqi təfəkkür vərdişləri təşəkkül tapır, cəmiyyət üzvlərinin məntiqi mədəniyyəti formalaşır. Çox vaxt tələbələrimiz “məntiqi mədəniyyət” anlayışının mənasını tuta bilmirlər, səbəbi də məntiqi biliklərə laqeyd qalmalarıdır. Onda zəruri sual meydana çıxır ki, bu anlayışı necə başa düşmək olar?
Məntiqi mədəniyyət insanların yazılı və şifahi nitqində aşkara çıxan təfəkkür mədəniyyətidir ki, bu da mühakimə yürütməyin səmərəli metod və üsullarını özündə birləşdirir. Bu mənada rus pedaqoqu K.Uşinski məntiqi bütün elmlərin giriş kursu adlandırırdı.
Müasir dövrdə təhsilin humanitarlaşmasının önəmli şərtlərindən biri hər bir cəmiyyət üzvünün, xüsusilə pedaqoji kadrların məntiqi mədəniyyətinin yüksəldilməsidir. Məntiqi mədəniyyətin özü isə anadangəlmə keyfiyyət deyildir. Bu keyfiyyət idrak prosesində müstəqil yaradıcı təfəkkür zəminində, əmək fəaliyyətində və mühakimənin metod və üsullarının mənimsənilməsi gedişində formalaşır.
Təcrübə göstərir ki, məntiqi öyrənmək şəxsiyyətin özünüdərkinə, onun intellektual inkişafına təkan verir, bununla da onun elmi dünyagörüşü yüksəlir. Məntiqi biliklərə yiyələnmək və onların praktikaya tətbiqi insana sosial həyatın qanunauyğunluqlarında və qarşılıqlı əlaqələrində baş verən enişli-yoxuşlu məqamları müəyyən etməkdə, öz oponentlərilə arqumentləşmiş mübahisə aparmaqda və həqiqi fikirdə qalmaqda kömək edir. Buna görə də məntiq elminin vacib tədris predmeti kimi bütün orta məktəblərdə, litseylərdə, gimnaziyalarda, texnikumlarda və universitetlərdə keçilməsini qloballaşan həyatımızın qaçılmaz təlabatı sayıram.
Bir sıra xarici ölkələrin orta və ali məktəblərində bu elm məcburi predmet kimi tədris olunur və məntiqə dair çoxlu kitab çıxır. Bu məmləkətlərin müsbət təcrübəsinə biz də qoşulmuşuq.
Müasir dövrümüzdə məntiqi məsələlərdən elmdə və texnikada geniş istifadə olunur. EHM-ın yaradılmasında, onun məzmununun təhlilində, iqtisadiyyatda, dilçilikdə, hüquqda və bir çox başqa sahələrdə məntiq geniş tətbiq olunur. Bu elmin normalar məntiqi adlanan yeni sahəsi meydana gəlmişdir ki, onun köməkliyi ilə bir çox sualların həllini sadələşmiş üsullarla vermək olur.
Məntiqi bilik hüquqi təhsilin ayrılmaz hissəsidir, çünki məntiqi təfəkkür məhkəmə-istintaq versiyalarının düzgün qurulmasına, cinayətin araşdırılmasının dəqiq planlarını tərtib etməyə, rəsmi sənədlərin tərkibində (sorğu və yoxlama protokollarının, ittihamnamələrin, qərar və qətnamələrin, raportların və s.) səhvlərdən qaçmağa imkan yaradır.
Biz məntiqin tədrisindəki buraxılan nöqsan və çatışmazlıqlar haqqında geniş yazmaq fikrində deyilik, konkret olaraq belə bir fikir vurğulamaq yerinə düşər ki, məntiq elminin tədrisindəki əsas nöqsan – onun həyatdan, təfəkkür praktikasından qopardılmasıdır.
Bütün elmlərin, elmi tədqiqat işlərinin silahı, açarı adlandırılan və həqiqəti aşkara çıxaran düzgün təfəkkür haqqında ümumbəşəri məntiq elminin köməkliyi ilə insan nail olduğu biliklərdən həqiqi nəticələr çıxarır, öz fikrini əsaslandırır, cürbəcür mülahizələri eyni məcraya yönəldir. Bu baxımdan, bəzi filosofların dialektika ilə ənənəvi məntiqi qarşılaşdırması bizə real görünmür. Söhbət formal məntiqin dialektikaya nisbətindən yox, onun dialektik proseslərdə əhəmiyyətindən getməlidir, yəni məntiqin özünə dialektikanın xüsusi halı kimi baxmaq lazımdır. Formal məntiqin çağdaş idrak prosesinin bütün tələblərinə cavab verməməsi fikrinə də çox ehtiyatlı yanaşılmalıdır. Çünki bütün insanlar eyni məntiqi qaydalardan istifadə edir, eyni təfəkkür qanunları ilə düşünür və fəaliyyət göstərirlər, belə olmasaydı, insanlar bir-birini anlaya bilməzdilər, bir dildən başqasına heç bir mətn tərcüməsi mümkün olmazdı. Müxtəlif qruplar, siniflər, millətlər üçün heç vaxt xüsusi təfəkkür qaydaları və qanunları olmamışdır.
Bütün insanlar kor-təbii məntiqi təfəkkürə malikdir, lakin onun köməkliyi ilə elmi problemlərin mahiyyətini açmaq və həll etmək mümkün deyildir. Bu baxımdan, məntiqi təfəkkürün inkişafındakı bir sıra məqamları önə çəkmək istəyirəm:
1. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununla da, təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir.
2. Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir.
3. Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi-nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insanlara əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununla da təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.
F.Engelsə görə, hər cür elm kimi, təfəkkür haqqında elm də tarixi elmdir, yəni məntiq də təfəkkürün tarixi inkişafı haqqında elmdir. Bu o deməkdir ki, tarixi hadisə və proseslərin dəyişməsi və inkişafı ilə məntiq də inkişaf edərək, onun yeni-yeni sahələri meydana gəlmişdir. Aristotelin dövründə “öz fikirlərinin birini digərilə uzlaşdırır” tələbi irəli sürülürdüsə, orta əsrlərdə “öz fikirlərini avtoritetlə (nüfuzlu adamlarla) uzlaşdır” fikri dəbdə idi. Müasir dövrün başlıca tələbi isə belədir: ‘‘öz fikirlərini faktlarla uzlaşdır”.
Son illərdə dövri mətbuatda bir çox alimlər belə mübahisə aparırlar ki, məntiq canlı həyatla əlaqəsi olmayan quru və Aristotelin vaxtından bəri böhran keçirən elmlərdəndir. Birincisi, bu cür mülahizələrin heç bir məntiqi əsası yoxdur; ikincisi, bu söhbətlərdə müxtəlif dövrlərdə ayrı-ayrı alimlər tərəfindən yaradılmış məntiq nəzəriyyələri məntiqin yeni sahələri (semantik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq) diqqət mərkəzindən kənarda qalır; üçüncüsü, məntiqin özünün daim yaradıcı axtarışların və yeni-yeni problemlərin qoyulduğu sahə olması unudulur; dördüncüsü, məntiqin bir elm kimi son nəticədə praktikaya xidmət etməsi yaddan çıxarılır; beşincisi, bu elmin fasiləsiz inkişaf tarixi (bax: “Məntiq kursu, Bakı, 2001-ci il) izlənilmir; altıncısı, məntiq elminin metodoloji əsasını təşkil edən dialektik nəzəriyyə yada düşmür; yeddincisi, məntiq elmində qabaqcıl axın və yönlərin inkişafına barmaqarası baxılır.
Məntiqdə çoxdan qəbul olunmuş belə bir həqiqəti heç bir alim, tədqiqatçı dana bilməz ki, məntiq əşyalar, obyektiv gerçəkliyin predmetləri haqqında deyil, yalnız təfəkkür haqqında elmdir. Ancaq təəssüf ki, bu elmin dialektika ilə eyniləşdirilməsi fikirlərinə də rast gəlirik. Buradan da yanlış nəticə çıxarırlar ki, sanki məntiqilik təfəkkürdə yox, varlığın özündədir. Varlığın özündəki sistemlilik və məntiqilik prosesləri fikrin əlaqələrində düzgün və olduğu kimi əks olunarsa, onda təfəkkürün məntiqiliyindən danışmaq olar. Bəzən belə fikirləşənlərə də rast gəlirik ki, məntiqin özü fəlsəfədir, onun hissəsidir və yaxud, o heç fəlsəfi elm də deyil. Bunun əksini vurğulayan filosoflar da vardır. Onlar hesab edirlər ki, fəlsəfənin özü məntiqdir, onun mahiyyətini təşkil edir. Bu cür yanaşmalarda isə fəlsəfənin dünyagörüşü, ideologiya, metodologiya olması və başqa funksiyaları nəzərə alınmır. Əslində isə, dialektika, məntiq, idrak nəzəriyyəsi bir-birilə vəhdət təşkil etsə də, hər birinin öz tədqiqat obyekti vardır, bunları mütləq mənada eyniləşdirmək olmaz, çünki bunlar vahid fəlsəfi sistemin müxtəlif aspektləridir.
Neopozitivistlər məntiq məsələlərində daha kobud səhvlərə yol verirlər. Onlar təfəkkür prosesində məntiqin rolunu, yerini təhrif edərək, onu dil haqqında təlimə muncər edib söyləyirlər ki, məhz bu cür “məntiq“ həqiqi fəlsəfədir. “Təfəkkürün anlayış-kateqorial aparatı” (Bakı, 2003) adında fundamental bir əsər yazan prof. N.Hüseyinli də bu mövqedə durur. R.Dekart və C.Lokkun fikirlərinə istinad edən müəllif məntiqə xüsusi elm kimi yanaşmaqla, onu “təfəkkür haqqında deyil, söz, ad və işarələrdən düzgün istifadə qaydaları haqqında elm“ adlandırır. Bununla da hörmətli N.Hüseyinli məntiqi dilçilik elmi ilə eyniləşdirir.
Əslində isə həqiqəti aşkara çıxaran, tarixi inkişafın çətin sınaqlarından keçmiş məntiq konkret, xüsusi elm deyil, müstəqil fəlsəfi elmlərdəndir. Məntiqi fəlsəfi elmlər sahəsindən ayırmağın heç bir elmi əsası yoxdur. F.Engelsin göstərdiyi kimi, konkret elmlər fəlsəfədən ayrıldıqdan sonra, təfəkkür və onun qanunları haqqında nəzəriyyə formal məntiq və dialektika fəlsəfə dairəsində qalmışdır.
Dövri mətbuatda məntiq elminin indiki durumu, onun inkişaf mərhələləri və problemləri haqqında gedən mübahisələrin əsas predmeti bir tərəfdən formal məntiqin mahiyyəti, riyazi məntiqə münasibətidirsə, digər tərəfdən bu elmin dialektik məntiqlə qarşılıqlı əlaqəsidir. Bu barədə geniş məlumat almaq məqsədilə M.İsrafilovun 2001-ci ildə nəşr olunmuş “Məntiq kursu“ kitabına baxmaq olar. Ona görə də biz bu problemə münasibətdə məntiqçilər arasındakı fikir ayrılığına qısaca toxunmaq istərdik.
Formal məntiqin şərhində fikir ayrılıqlarının əsas səbəbi məntiq elmi haqqında müxtəlif konsepsiyaların olmasıdır. Bəzi alimlər hesab edir ki, məntiqin predmeti problemi heç vaxt öz dəqiq şərhini ala bilməyəcəkdir, çünki hazırda bir yox, bir neçə məntiq (formal, dialektik, simvolik, konstruktiv, qeyri-səlist və s.) elmi vardır. Əlbəttə, hər bir şəraitdə, hər bir vaxt məntiqin problemləri işlənməlidir, ona heç kim etiraz edə bilməz, buna təbii proses kimi baxmaq lazımdır. Kainatda hər şey dəyişildiyinə və inkişaf etdiyinə görə, elm də dəyişir, inkişaf edir. XIX əsrin ortalarında riyazi məntiqin yaranması ilə elmi ədəbiyyatda belə bir fikir formalaşmağa başlayır ki, simvolik məntiq məntiqi biliklərin inkişafında yüksək mərhələ olduğundan formal məntiqin bütün problemlərini həll edəcəkdir. Burada əsas səhv ondadır ki, onlar formal məntiqi riyazi məntiqlə tamamilə eyniləşdirirdilər. Fikrimizcə, riyazi məntiq ümumi məntiqdəki elmi fikir və mülahizələrin işarə və simvollarla öyrənilməsidir. Bir çox alimlərin fikrincə, riyazi məntiq predmetinə görə məntiq, metoduna görə riyaziyyatdır, ona görə və predmet və tədqiqat metodu baxımından formal olduğu üçün formal məntiqin problemlərini həll edə bilməz. Bu elmləri mütləq mənada nə bir-birindən təcrid etmək, nə də eyniləşdirmək olar. Əslində simvolik məntiq zaman və məkan əlaqələrini öyrənir, həqiqətin aşkara çıxarılmasını öz qarşısına məqsəd qoymur. Riyazi məntiqin inkişafında formal məntiqin rolunu da danmaq mümkün deyildir. Burada fəlsəfi məntiqin iki aspektini (1.Dünyagörüşü məsələsi, 2.Metodoloji funksiyası) qeyd etməmək həqiqətdən uzaqlaşmaq olardı. Simvolik məntiqin əsas xüsusiyyəti mülahizələrin məzmununa görə deyil, ardıcıllığına görə nəticə çıxarmasıdır.
Riyazi məntiq formal məntiqin bir çox problemlərini əhatə edə bilsə də, onu tamamilə əvəz edə bilməz, çünki riyazi məntiqin “dili“ hər cür məzmundan təcrid olunmuş formallaşdırma dilidir, ənənəvi məntiq isə təfəkkür fenomenini məzmunlu analiz metodunun köməyilə tədqiq edir. Ənənəvi məntiq təfəkkürün formalarını konkret tədqiqat obyekti kimi öyrəndiyindən, bu elmi bir çox kitablarda formal məntiq kimi də verirlər. Onun əsas işi formallaşdırma metodu deyil, adi canlı dildə ifadə olunan adi anlayışlardır. Riyazi məntiq təfəkkürün forma və qanunlarının məzmununu və spesifik xüsusiyyətlərini heç vaxt aşkara çıxara bilməz.
Formal məntiq idrak haqqında, dəqiq desək, idrakda təfəkkürün rolundan, əhəmiyyətindən bəhs edən elmdir, odur ki, onun metodoloji aspektini gözdən qaçırmaq bizi yanlışlığa aparıb çıxara bilər. E.Voyşvillo da riyazi məntiqi formal məntiqin inkişafının yeni mərhələsi adlandırır. Bununla da formal məntiq qnoseoloji və ümumfəlsəfi məsələlər dairəsindən kənarda qalır.
Beləliklə aydın olur ki, müstəqil fəlsəfi elmlərdən olan məntiq – təfəkkürün nəzəriyyəsidir. Bu keyfiyyəti riyazi məntiqə aid etmək yanlış fikirdir. Riyazi məntiqin predmeti məntiqi sistemlərin məzmunudur. Məhşur gürcü alimi L.Qokielinin “Məntiqiliyin təbiəti haqqında (Tbilisi, 1958) monumental tədqiqat əsərində belə bir fikir çox maraqlıdır. O, riyazi məntiqi öz metod və predmetinə görə riyazi elmlərə, məntiqi isə, hesablama xarakterinə malik olmadığına görə, fəlsəfi elmlərə aid edir. Biz məntiqə aid yazılmış bir çox əsərlərdə zidd fikirlərə də təsadüf edirik. D.Qilbert və V.Akkermanın “Nəzəri məntiqin əsasları“ əsərinin rus dilinə tərcüməsinin müqəddiməsində S.Yankovski riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Bəzən də bu elmə riyaziyyatın və məntiqin hissəsi kimi baxırlar. Alman alimi Y.Qünter də riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Onun “məntiqin məqsədi – məntiqiliyin izahıdır, logistikanın (r. məntiqin – M.İ.) məqsədi isə hesablamaların qurulmasıdır” fikrilə tam razılaşmaq olar. Alimin belə bir müddəası də doğrudur ki, “məntiqin metodu – anlayışların təhlilidir, logistikanın metodu – simvolların sintezidir”. Bu fikirdən çıxan nəticə odur ki, məntiq fəlsəfi elmlərə, logistika isə riyaziyyata daxildir. Aydın olur ki, məntiqilik məntiqi əlaqələr, anlayışlar, hökmlər, əqli nəticələr və başqa fikir formaları arasında mövcuddur, lakin bu əlaqələri insan simvolik işarələrlə ifadə edə bilir, bu isə hər iki elmin qarşılıqlı əlaqə və qarşılıqlı təsirini aşkara çıxarır.
Xarici ölkə alimlərindən Q.Karrinin “riyazi məntiq fəlsəfi zəmindən azaddır" fikrilə isə heç cür razılaşmaq olmaz, çünki bütün elmlər fəlsəfə ilə əlaqəlidir və ona əsaslanır. Fəlsəfənin riyazi məntiqin formalaşması və inkişafında əhəmiyyətini iki aspektdən: 1.Dünyagörüşü, 2.Metodoloji izləmək olar. Fəlsəfi analizsiz formallaşdırma metodunun tətbiqinin mahiyyətini dərindən aşkara çıxarmaq mümkün deyil. Bütün elmlərin fəlsəfi məsələləri olduğu kimi, riyazi məntiqin də fəlsəfi problemləri vardır. Örnək üçün bircə misal gətirək. Klassik və konstruktiv yönlər arasındakı fərqin fəlsəfi əhəmiyyətini öyrənməyin riyazi məntiq elminin inkişafında böyük əhəmiyyəti vardır. Riyazi məntiqdə tədqiqatın ən güclü silahı olan formallaşdırma metodu isə fəlsəfi təfəkkürün nəticəsidir. Yekun olaraq deyə bilərik ki, formal məntiq predmetinə görə formal, tədqiqat metoduna görə məzmunlu xarakter daşıyır. Lakin riyazi məntiq isə həm predmetinə, həm də tədqiqat metoduna görə formaldır.
Riyazi fizika, kimya, dilçilik, statistika və digər elmlər riyazi metodlardan istifadə etsə də bu metod fizikanın, kimyanın, dilçiliyin, statistikanın bütün tələblərini əhatə etmir, edə də bilməz. Eynilə də riyazi məntiq predmetinə görə məntiq, metodlarına görə riyaziyyat olsa da, formal məntiqin bütün problemlərini, sahələrini əhatə etmir, onu heç vaxt əvəz də etməyəcəkdir.
Bir qədər də formal və dialektik məntiqin qarşılıqlı əlaqəsinə müraciət edək. Dialektik məntiq dialektik təfəkkür və dialektik metod nəzəriyyəsi kimi yüz ildən çoxdur ki, mövcuddur. Bu elm məntiqi biliklərin inkişafında ən yüksək mərhələdir və elmi-nəzəri idrakın günbəgün artan bütün tələblərinə cavab verə bilir. Dialektik məntiqin prinsip və metodları bu gün iqtisadiyyata, biologiyaya, kimyaya, fizikaya və digər xüsusi elmlər sahəsinə daha sürətlə nüfuz edir, onun müddəa və prinsipləri əsasında sosial həyatın bütün sahələrində mövcud olan külli miqdarda faktların dərindən ümumiləşdirilməsi və gələcək inkişaf yollarının proqnozlaşdırılması həyata keçirilir. Elmi biliklərin müasir səviyyəsi fikirlərimizin predmet və hadisələrin dialektik tələbinə nüfuz etməsilə xarakterizə olunur. Dialektik məntiq təfəkkürü həqiqətə nail olmağın silahı kimi öyrənir. Sosial gerçəkliyin elə bir sahəsi yoxdur ki, orada dialektik məntiqin metodlarından, prinsip və qanunlarından istifadə olunmasın. Lakin bu o demək deyil ki, burada həll ediləsi problem yoxdur. Bu sahədə öz həllini gözləyən bir sıra problemlərin zəruriliyini göstərə bilərik: 1.Dialektik məntiqin predmeti, problemləri və onun başqa fəlsəfi elmlər arasında yeri; 2.Dialektik məntiqin qanunlarının, forma və kateqoriyalarının xüsusi məzmununun aşkara çıxarılması məsələləri; 3.Dialektik məntiqin bir tərəfdən formal məntiqə, digər tərəfdən riyazi məntiqə münasibəti problemləri; 4.Dialektika ilə dialektik məntiqin qarşılıqlı əlaqə və təsirinin aşkara çıxarılması; 5.Təfəkkürdə məntiqiliyin xüsusiyyətlərini müəyyən etmək problemləri və s.
Elmi biliklərin çağdaş inkişaf səviyyəsi fikrin, əşyaların və hadisələrin dialektik təbiətinə daha dərindən nüfuz etməsini tələb edir. Müxtəlif elmlərin nümayəndələri, alimlər öz araşdırmalarında daim əksliklərin vəhdəti və mübarizəsinin başqaları ilə əvəz olunması proseslərilə qarşılaşırlar. Elm öz xarakterinə görə daha çox dialektik forma kəsb edir. Belə şəraitdə hadisə və proseslərin obyektiv dialektikasını təhlil etmək, başqa sözlə, dialektik tədqiqat metodlarına yiyələnmək bacarığı tələb olunur. Məsələn, fizika elmi hissəciklərin qarşılıqlı əlaqəsinin ziddiyyətli təbiətini nəzərə almadan inkişaf edə bilməz. Assosasiya və dissosasiya (birləşmə və dağılma), kimyəvi birləşmə və qarışıq – atom və subatom formalarının hərəkəti və s. prosesləri öyrənmədən kimya elminin mövcudluğundan danışmaq mümkün deyildir. Orqanizm və mühitin qarşılıqlı əlaqəsinin, irsiyyət və dəyişkənliyin, səbəbiyyət və qanunauyğunluğun qarşılıqlı əlaqəsini təhlil etmədən bioloji biliklərin inkişafından danışmaq ağlasığmazdır. Müasir elmlərdən kibernetika çox sürətlə inkişaf edən elm sahələrindəndir. Onun inkişafını düzünə və əks əlaqə, səbəb və fəaliyyət, inikas, siqnal və bu kimi fundamental dialektik anlayışlardan kənarda təsəvvür etmək olmaz. Vurğulamaq yerinə düşər ki, bugün dialektik məntiqin problemlərinin nəzəri cəhətdən işlənməsi sahəsində müəyyən nöqsanlar da vardır: Birincisi, dialektik məntiq sahəsində elmi tədqiqatların səviyyəsi çox aşağıdır və bizi qane etmir; İkincisi, konkret elmlərin nümayəndələri dialektik məntiqin müddəa və nəticələrindən öz işlərində az istifadə edirlər; Üçüncüsü, yalnız simvolik məntiqi qəbul edən və dialektik məntiqin əhəmiyyətini dəyərləndirə bilməyən opponentlərə qarşı zəif mübarizə aparılır. Bunun əsas səbəbi isə dialektik məntiqin bəzi problemlərinin mətbuatda zəif işıqlandırılması və təhsil-elm sahələrinə rəhbərlik edən məmurların laqeydliyidir.
Elmi ədəbiyyatda dialektik məntiqin predmeti və məzmunu haqqında fərqli baxışlara da təsadüf edirik. Bir qrup alim belə hesab edir ki, dialektik məntiq elə dialektikadır, ona görə də hansısa bir məntiqin yenidən yaranmasına ehtiyac yoxdur. Başqaları isə onu dialektikanın idrak nəzəriyyəsi kimi qəbul edirlər. Üçüncü qrup isə dialektik məntiqi təfəkkürlə məşğul olan fəlsəfə sahəsi adlandırır. Elə filosoflar da vardır ki, onlar dialektik məntiqi formal məntiqlə eyniləşdirir və yanlış olaraq onu əqli nəticə ilə sillogizm haqqında təlim adlandırırlar.
Dialektik məntiq gerçəklikdəki predmet və hadisələri öyrənmədiyinə görə onu nə bütün varlılığı tədqiqat obyekti kimi gözdən keçirən və geniş təlim olan dialektika ilə eyniləşdirmək, nə də idrak problemləri haqqında nəzəriyyə saymaq olar. Vahid fəlsəfi sistemin aspektlərindən hər birinin öz xüsusi tədqiqat sahəsi vardır. Bunları nəzərə almamaq tədqiqatçıları yanlış nəticələrə çıxarır. Deyilən fikirlərdən çıxış edərək, dialektik məntiqə belə tərif vermək olar: Dialektik məntiq elmi nəzəri təfəkkürün obyektiv forma və qanunlarının təşəkkülü, dəyişilməsi, inkişafı haqqında, habelə bu dəyişmə və inkişafda istifadə olunan məntiqi vasitələrdən, metodlardan və onları yoxlamaq üsullarından bəhs edən elmdir.
Zənnimizcə, bu tərif konkret və dəqiqdir. Lakin məntiqə aid ədəbiyyatda bu termin geniş mənada işlənildikdə, onda dialektik məntiq fəlsəfə ilə (xüsusilə dialektika ilə) tamamilə eyniləşir. Bu termini sözün dar anlamında götürdükdə, onu dialektikanın xüsusi tərəfi, funksiyası kimi başa düşürlər. Bu iki çaları dəqiq fərqləndirməmək tədqiqatçıları dolaşığa və boş mübahisələrə gətirib çıxarmışdır.
Bundan başqa, “metod”, “metodologiya” və “idrak nəzəriyyəsi“ kimi sözügedən anlayışların məzmun və həcmini dəqiqləşdirmək, onların arasındakı nisbəti müəyyən etmək vacibdir. Çünki bu cür yanaşma üsulu fəlsəfi biliklər sistemində dialektik məntiqin yerini aşkara çıxarır.
Əgər desək ki, dialektik məntiq “qeyri-dialektik məntiq“dən onun dialektik metoda istinad etməsilə fərqlənir – bu mülahizə də doğru olmaz, çünki formal məntiq də mühakimə prosesində yol verilən təhrifləri tez-tez “dialektikləşdirir“. Digər tərəfdən, fizika, kimya, biologiya və başqa elmlərdə də dialektik metoddan istifadə olunur. Lakin heç kim buna görə həmin elmləri “dialektik fizika“, “dialektik biologiya“ adlandırmır, buna ehtiyac da yoxdur.
Dialektikanın qanunları varlığın bütün sahələrində (təbiətdə, cəmiyyətdə, təfəkkürdə) fəaliyyət göstərir, lakin bu sahələrin hər birində özünəməxsus təzahür edir. Dialektik məntiq də eynilə dialektika qanunlarının təfəkkürdə təzahürünün spesifikliyini aşkara çıxarır. Onda sual oluna bilər ki, əgər fəlsəfə təbiətin, cəmiyyətin və təfəkkürün ümumi inkişaf qanunları haqqında elmdirsə, onda təfəkkürün dialektikasını öyrənmək üçün ayrıca bir elmə nə ehtiyac vardı? Digər tərəfdən, təfəkkürün dialektikası haqqında elm vardısa, onda fiziki, kimyəvi, bioloji və başqa proseslər haqqında ayrıca elm olmasınmı? Aydındır ki, bu sahələrin hər birində dialektikanın qanunları spesifik formada aşkara çıxır. Bundan başqa, məgər təfəkkürün dialektikası idrak nəzəriyyəsində öyrənilmirmi? Heç kim danmır ki, təfəkkürün təbiəti haqqında təlim və onun idrak prosesində rolu həmişə fəlsəfədə diqqət mərkəzində olmuşdur.
Bizə belə gəlir ki, dialektik məntiqin problemlərinin işlənməsində bəzi filosofların uğursuzluğu onlarda dialektik məntiq haqqında dəqiq anlayışın olmamasındandır. Dialektik məntiqin özülü, təməl daşı olan dialektik təfəkkürsüz nə onun problemlərini işləmək, nə də bu elmi əleyhdarlardan qorumaq olar.
Heç bir analogiya gətirmədən, qəti şəkildə demək olar ki, izafi dəyər kateqoriyası olmadan, kapitalizmin siyasi iqtisadı olmadığı kimi, dialektik təfəkkürsüz də dialektik məntiqin varlığından danışmaq mümkün deyildir. Dialektik təfəkkür kateqoriyasının dialektik məntiqin inkişafında fundamental əhəmiyyəti vardır. Buna görə də “dialektik təfəkkür” və “təfəkkürün dialektikası” anlayışlarını eyniləşdirmək yanlış fikirdir. Təfəkkürün formalaşdığı gündən həmişə dialektik məqamlar olmuşdur. Dialektik təfəkkür isə inkişafın müəyyən mərhələsində yaranır və bu keyfiyyət bütün insanlara xas deyildir. F.Engelsin dediyi kimi, dialektik təfəkkürün ilkin zəmini anlayışların təbiətini tədqiq etməklə bağlıdır və bunun özü inkişafın yüksək mərhələsində meydana gəlmişdir. Bəzən dialektik məntiqi dialektikanın hissəsi sayırlar ki, bu cür yanaşma da doğru deyildir, çünki “hissə“ kateqoriyası “tam“a tətbiq olunmur. Cins və növ anlayışında isə vəziyyət başqa cürdür, cins haqqında söylənilən fikri növə aid etmək olur.
Dialektik məntiqi bütövlükdə dialektikanın aspekti, tərəfi kimi saymaq daha ağlabatandır, çünki fəlsəfə öz aralarında üzvi bağlılıqda olan üç funksiyanı yerinə yetirir: Birincisi, bu gerçəklik haqqında daha çox ümumi görüşlər sistemi kimi dünyagörüşüdür. İkincisi, fəlsəfə idrak prosesinin metodu, metodologiyası, instrumentidir. Üçüncüsü, başqa aspektlərilə birgə, sosial proseslərə rəhbərliyin elmi əsasına xidmət edir. Deməli, dialektik məntiq – dialektikanın metodoloji tərəfidir, funksiyasıdır, onu dialektikadan ayırmaq yanlış nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən, dialektik məntiq XIX əsrin I yarısında Hegel tərəfindən yaradılmış, sonralar Marks, Engels, Lenin, müasir dövrdə isə bir çox xarici ölkələrdə, postsovet məkanında fəaliyyət göstərən filosoflar tərəfindən inkişaf etdirilmişdir və etdirilir. Dialektik məntiqin metodoloji xarakter kəsb etməsi qətiyyən onun müstəqil məntiq elmi olmasını istisna etmir.
Dialektik məntiqi məzmunlu məntiq də adlandırırlar. Bu fikrin doğruluğunu danmaq olmaz. Çünki məntiq təfəkkürün formaları ilə yanaşı, onun məzmununu da öyrənir. Lakin səhv onda ola bilər ki, biz sadə dəyişmə aparıb deyək ki, məzmunlu məntiq elə dialektik məntiqdir. Xarici ölkələrdə müxtəlif alimlər tərəfindən yaradılan çoxlu məzmunlu məntiqi sistemlərin olmasını da nəzərə çatdırmaq gərəkdir. Dialektik məntiqi inkişaf etdirmək üçün sadəcə təfəkkürün yox, dialektik təfəkkürün məzmunu ilə məşğul olmaq lazımdır. Çünki təfəkkürün məzmunlu problemləri çoxdur, lakin onların hamısını dialektik məntiqə aid etmək yanlışdır.
Bütöv fəlsəfi sistemin yuxarıda adlarını çəkdiyimiz aspektləri bir-biri ilə eyniyyət təşkil etsə də, onun spesifik fərqli cəhətlərini qeyd etmək olar. Dialektika maddi və ideal proseslərə xas olan inkişafın ən ümumi qanunlarını öyrənir. Dialektikanın müxtəlif qanunlarında formulə olunan müddəaların böyük metodoloji əhəmiyyəti vardır. Bu müddəalardan dialektik təfəkkür bir yaraq, idrak silahı kimi istifadə edir.
Elmi müddəa və nəticələrin tədqiqat işlərində tətbiqinə dialektika dialektik metod verir. Lakin dialektik metod dialektika nəzəriyyəsinin sadəcə təkrarı deyil, onun nəticələrinin təfəkkürdə, idrakda tətbiqidir. Deməli, struktur dialektik metod müxtəlif məntiqi formalardan, kateqoriyalardan və təfəkkür üsullarından ibarətdir.
Bununla yanaşı, təfəkkürün hər cür metodu kimi dialektik metodu da öyrənmək, nəzəri cəhətdən yenidən işləmək vacibdir ki, onun haqqında yaradılmış təlimdən tədqiqat işlərində uğurla və şüurlu surətdə istifadə edilə bilsin. Bununla dialektik məntiq məşğul olur. Dialektik məntiq təfəkkürün dialektik metodu nəzəriyyəsi olmaqla, təfəkkürdə dialektikanın qanun və kateqoriyalarının tətbiqi haqqında təlimdir. Bu cür qarşılıqlı əlaqədə dialektik metod dialektik məntiqin tədqiqat obyekti, dialektik məntiq isə bu obyekt haqqında elm kimi çıxış edir.
Beləliklə, dialektika, dialektik metod və dialektik məntiq bir-birilə tam vəhdət təşkil edir. Onların qarşılıqlı əlaqəsinə hissə və bütövün əlaqəsi kimi yox, bunlardan birinin digərinə ardıcıl tətbiqi və ifadəsi kimi baxmaq lazımdır. Dialektikanın bu prosesə tətbiqi dialektik metodu verir, dialektik metodun öyrənilməsi isə dialektik məntiqin zəruriliyini aşkara çıxarır.
Təəssüf ki, dialektik metod nəzəri cəhətdən hələ də mükəmməl işlənməmişdir. İntuitiv şəkildə hamı bilir ki, dialektik metod nədir və onun elmi idrakda, fəaliyyət prosesində nə kimi əhəmiyyəti var. Lakin intuisiya heç vaxt problemin, nəzəriyyənin elmi-nəzəri cəhətdən işıqlandırılmasını və həllini əvəz edə bilməz.
Yuxarıda göstərilən fikirlərə əsaslanaraq dialektik metodun bəzi məsələlərinin müzakirəsini zəruri hesab edirik. 1.Dialektik təfəkkürün məntiqi forma və qanunları sistemində dialektik metodun rolu və əhəmiyyətini aşkara çıxarmaq; 2.“Dialektik metod” və “şüurlu dialektik təfəkkür” anlayışlarını fərqləndirmək; 3.Dialektikanın kateqoriya və qanunlarının dialektik metodda mənasının dəyişdirilməsinin xüsusiyyətləri; 5.Dialektik metodun konkret forma və üsullarının tapılması, onların sosial proseslərə tətbiqi və s.
Burada – dialektik məntiqin forma və qanunlarının xüsusi izahına da ehtiyac olduğunu düşünürük. Hər bir elmin öz xüsusi qanunlarının olduğuna heç kim şübhə etmir, hər bir elm öyrəndiyi sahənin qanunlarını aşkara çıxarır. Əgər elmdə qanunlar yoxdursa, onda o elm deyil, yaxud elm səviyyəsinə hələ yüksəlməyib.
Dialektik məntiq sahəsində fəal iş aparan rumın alimi A.Joja haqlı olaraq, belə bir sual qoyurdu: Dialektik məntiqin xüsusi, spesifik qanunları vardırmı? Özü də buna müsbət cavab verirdi.
Rus filosoflarından V.Kedrov da bu mövqedə durur və qeyd edir ki, idrakın spesifik qanunları dialektikanın ümumi qanunlarının özüdür və təfəkkür sahəsinə tətbiq edildikdə spesifik formada mənası dəyişilir.
Biz də adını çəkdiyimiz alimlərlə həmrəyik, lakin sadəcə desək ki, dialektik məntiqin qanunları elə dialektikanın qanunlarıdır, onda biz bu qanunların təfəkkürdə rolunu və məntiqi mənasını hələlik aşkara çıxarmamışıq, çünki onlar bizim subyektiv, yaradıcı fəaliyyətimizin qanunları kimi çıxış etmir.
Dialektikanın əksliklərin vəhdəti ilə mübarizəsi qanununun əşyalarda fəaliyyəti, onun insanlar tərəfindən dərki bir işdir, bu qanun haqqında əldə edilən biliklərin təfəkkür prosesinə hansı üsullarla tətbiqi başqa bir iş. Bu biliklərin təfəkkürdə dəyişilməsinin xüsusiyyətlərini nəzərdə tutmaq vacibdir. Bir əksliyin digərini inkar etməsi və bu əksliklər arasındakı mübarizə hər cür inkişafın, dəyişikliyin hərəkətverici qüvvəsidir. Buna görə də dialektik məntiq nəinki predmetin, əşyaların ziddiyyətlərini aşkara çıxarmağı, həm də ziddiyyətlərin necə və hansı məntiqi üsullarla aradan qaldırılmasını öyrənir.
Dialektik məntiqin əleyhdarlarından Eyler, Yaspers, Qurviç və başqaları heç bir əsas, arqument göstərmədən dialektik məntiqin idrakı əhəmiyyətini büsbütün inkar edirlər; sanki dialektikanın köməyilə faydalı olan hər şeyə haqq qazandırmaq olar. Onlar hətta söyləyirlər ki, dialektikanın formal məntiqi, ümumiyyətlə diskursiv təfəkkürü doğrudur. Bu cür fikirlərin heç bir məntiqi əsası yoxdur, əksinə, dialektika əks xassə və tərəflərin köməyi ilə səmərəli şəkildə idrakın məqsədlərinə xidmət edir; “faydalı olan hər şeyə haqq qazandırmaq olar“ qənaətini qəti rədd edir, “diskursiv“ təfəkkürü daha da möhkəmləndirir və cilalayır.
Tamamilə aydındır ki, əksliklərin vəhdəti və mübarizəsi qanununun məntiqi tərəfi gerçəkliyin “ontoloji“ tərəfinə istinad etsə də, onun sadəcə oxşarı deyildir. Burada təfəkkürün spesifikliyi gözdən keçirilir, obyektin dərkində onun bütün xassələri, tərəfləri o dəqiqə əhatə olunmur, qabaqca bir tərəfi, sonra xassələri təhlil olunur ki, bunu da dialektik məntiq aşkara çıxarır.
Dialektik məntiq təfəkkürdə yalnız dialektikanın əsas qanunlarının fəaliyyətini deyil, onun əsas anlayış və kateqoriyalarının nisbətini də öyrənir. Təfəkkür formalarının dialektikası dialektik məntiqin məzmununu təşkil edir. Leninin dediyi kimi, “anlayışların münasibətləri (= keçmələri = ziddiyyətləri) = məntiqin başlıca məzmununu və onların münasibətləri (keçmələri, ziddiyyətləri) obyektiv dünyanın inikası kimi göstərilmişdir.
Deyilənlərdən nəticə çıxır ki, hər bir adam məntiq elminə yaxşı yiyələnərsə, onun qanun və prinsiplərini idrak nəzəriyyəsinə və praktikaya yaxşı tətbiq edəcəkdir. Biz dialektik məntiqin qanunlarından yalnız birinin (dialektik ziddiyyətlər qanunu) təhlilinə qısa nəzər yetirdik. Məntiqdə bu cür xüsusi qanunlar çoxdur, onları dialektikanın üç məlum qanununa müncər etmək olmaz. Dialektikanın bütün kateqoriyalarının (forma və məzmun, fərdi və ümumi, mahiyyət və hadisə və s.) təfəkkür prosesinə tətbiqi planında onlar dialektik məntiqin qanunları xarakterini ala bilər. Buna görə də “dialektik məntiqin spesifik qanunları yoxdur“ deyən alimlərin mövqeyilə razılaşmaq mümkün deyil. Dialektikanın qanunlarının məntiqi təfəkkürdə təzahürünü dialektik məntiq öyrənir. Bununla belə, bu qanunların növü, onların formulə edilməsi haqqında da danışmaq mümkündür.
Məsələn, akademik A.Joja dialektik məntiqin qanunlarını formal məntiqin qanunlarına simmetrik formada yenidən işləyir. Burada eyniyyət qanununu konkret eyniyyət qanununa, ziddiyyət qanunu isə ziddiyyətli predikasiyaya, başqa sözlə, subyektin mənasını predikatda təyinetmə qanununa uyğun gəlir. Bir çox alimlərin dialektik məntiqin qanunlarına yanaşma üsulu müxtəlif olsa da, onu inkar etmirlər. Problemin mahiyyəti də bundadır. Vaxtilə F.Engels “Anti-Dürinq” əsərində dialektik təfəkkürün qanunlarından danışarkən təbiətşünaslığın inkişafı nəticəsində toplanmış külli miqdarda faktların təhlili və ümumiləşdirilməsində dialektik təfəkkürün qanunlarının zəruriliyi məsələsini vurğulamışdı. Şübhə yoxdur ki, dialektik təfəkkürün ən mühüm formaları Aristotel tərəfindən tədqiq olunmuşdur. Bir halda ki, dialektik təfəkkür təfəkkürün ali pilləsidir, onda onun anlayış, hökm və əqli nəticə kimi təfəkkür formalarında dialektikcəsinə aşkara çıxması aksiomdur. Bu mənada dialektik təfəkkür formal məntiqin öyrəndiyi adi formalardan kənarda inkişaf edə bilməz, lakin onun özünün də istinad etdiyi anlayışlar sistemi vardır. Nəhayət, təfəkkür prosesində formal və dialektik aspektlərin qarşılıqlı əlaqəsini dərindən öyrənmək marağında olan hər bir alimə, tədqiqatçıya M.İsrafilovun “Təfəkkür: formal və dialektik aspektlərin nisbəti” (Bakı, 1998) kitabını oxumağı məsləhət bilərdik.
Məntiqin aktual problemlərinin təhlilindən sonra hər bir mövzu haqqında konkret məlumatlar verməyə çalışacağıq. Düşünürəm ki, burada əsas diqqəti məntiq elminin problemlərinə yönəltmək daha doğru olardı.
Birinci mövzu
MƏNTİQİN PREDMETİ VƏ ONUNƏHƏMİYYƏTİ
Zəngin və qədim tarixə malik olan ümumbəşəri məntiq elmi, başqa elmlər kimi, istifadə etdiyi məntiqi qaydaların, üsulların, metodların və qanunların köməkliyi ilə mühakimələrin təhlili və düzgün nəticələrin alınması ilə maraqlanır. Hər bir elmin predmet və məzmununun öyrənilməsində həmişə "necə", "nə cür", "hansı" və b. suallardan istifadə olunur ki, bunlar da "O düzgünmü mühakimə yürüdür?" cümləsindəki başlıca məntiqi komponenti əks etdirir. Bu baxımdan, məntiqin biliklər, konkret elmlər sistemində tutduğu yeri onun rolunu, əhəmiyyətini müəyyənləşdirmək gərəkdir. Buna görə də tələbələrin ilk növbədə elmlərin obyektinə görə tədqiqat bölgüsünü (təsnifini) bilməsi vacibdir.
Müasir dövrdə təbiəti və cəmiyyəti öyrənən çoxlu elm sahəsi vardır. Tədqiqat obyektindən asılı olaraq, bütün elmləri təbiətşünaslıq (fizika, kimya, riyaziyyat, biologiya və s.) və cəmiyyət haqqında olan elmlərə (tarix, sosiologiya, politologiya, hüquqşünaslıq və s.) bölmək olar.
Məntiqin predmetini öyrənmək məqsədilə əvvəlcə bu sözün, yaxud terminin hərfi anlamını, sonra isə elmi tərifini, problemlərini gözdən keçirək.
"Məntiq" ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq, mühakimə anlamlarına gəlir. Bunun yunancası "loqos"dur ki, ruscadakı "loqika" da buradandır. Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazırki dövrdə bu termini aşağıdakı mənalarda işlədirlər:
Birincisi, bu söz obyektiv aləmin predmet və hadisələrinin dəyişilmə və inkişafı qanunauğunluqlarını bildirir. Bir çox filosoflar "məntiq" sözünü bu anlamda işlədirlər. Onda aydın olur ki, müxtəlif tarixi dövrlərdə baş verən inqilabların, kütləvi iğtişaşların, tətillərin və s. özünün obyektiv məntiqi vardır. Söhbət gerçəklikdəki əşya və hadisələr arasındakı əlaqələrin inkişaf qanunauyğunluqlarından getdiyi hallarda bu prosesin özünü obyektiv məntiq adlandırmaq olar.
İkincisi, "məntiq" sözü fikirlərin əlaqə və inkişafındakı qanunauyğunluqları bildirir. Bu qanunauyğunluqlar subyektiv məntiq adlanmaqla, "obyektiv" dediyimiz qanunauyğunluqların şüurumuzda inikasıdır.
Üçüncüsü, "məntiq" sözü təfəkkürün məntiqiliyinə aid biliklər sistemini ifadə edir.
Dördüncüsü, bu söz fikri fəaliyyətin müəyyənliyi və ardıcıllığını bildirən bəşəri qaydaların məcmusunu ifadə edir.
Məntiqə belə də tərif vermək olar: Məntiq – fikrin əlaqə və inkişafındakı qanunauyğunluqlar haqqında elmdir.
Məntiq – təfəkkürdən bəhs edən elmdir dedikdə tələbə o dəqiqə araşdırmalıdır ki, mürəkkəb və çoxcəhətli fenomen olan təfəkkürü yalnız məntiq elmi tədqiq edir, yoxsa onu öyrənən başqa elmlər də vardır? Burada əsas diqqət təfəkkür prosesini öyrənən elmlərdən (fəlsəfə, psixologiya, kibernetika, insanın ali sinir fəaliyyətinin fiziologiyası, dilçilik, sosiologiya və s.) məntiqin fərqini bilməyə, onun spesifik xüsusiyyətlərini aşkara çıxarmağa yönəldilməlidir.
"Məntiq kursu" (Bakı, 2001) kitabında adını çəkdiyimiz elmlərin təfəkkür prosesini hansı baxımdan öyrənməsi məsələsi verilmişdir. Oxucunun yaddaşına birdəfəlik həkk olunsun deyə, təfəkkürün hansı yönlərinin məntiq elmi tərəfindən öyrənildiyini bir daha vurğulamaq istərdik.
Birincisi, məntiq – təfəkkürü obyektiv gerçəkliyi dərk etməyin, həqiqi biliklərə yiyələnməyin önəmli vasitəsi kimi öyrənir.
Tələbə onu da anlamalıdır ki, gerçəkliyin dərk olunması hissi idrakdan (canlı müşahidədən) başlayır və məntiqi idrakla başa çatır. Ona görə də hər bir adamın, oxucunun hissi idrakın formaları (duyğu, qavrayış, təsəvvür…) haqqında müəyyən biliklərə yiyələnməsi zəruridir, çünki fikir prosesi əyanidən mücərrədə doğru gedir. İnsan canlı müşahidə prosesində predmet və hadisələrin zahiri hissələri, tərəfləri və əlamətləri haqqında müəyyən biliklərə yiyələnir, lakin onların daxili mahiyyətini aşkara çıxara bilmir, çünki cismin görünüşü ilə mahiyyəti eyni deyildir. Ona görə də hissi idrakın verdiyi informasiyanı təfəkkürdə sintezləşdiririk, ümumiləşdirmə yolu ilə müəyyən nəticələr çıxarırıq, bunsuz predmetin mahiyyətini aşkara çıxara bilmərik, təsvirini verməkdə çətinlik çəkərik. M.Ə.Sabir demişkən: iş ki olur əyani, asan onun bəyani.
İkincisi, məntiqi təfəkkür prosesindən düzgün nəticə çıxarmaq qaydaları, üsulları maraqlandırır ki, burada da əsas məsələ mühakimənin düzgünlüyüdür. Məntiqi təfəkkür konkret prinsiplərə, qayda və qanunlara uyğun təfəkkürdür ki, bunların da sistemə salınması və təkmilləşdirilməsi məntiq elminin problemidir. Məntiqdə mühakimənin düzgün qurulmaması yanlış nəticələrə gətirib çıxarır. Aşağıdakı nümunələri gözdən keçirək:
1.”Bütün quldurlar cinayətkardır”. “Bu şəxs quldurdur”. Nəticə, “Bu şəxs cinayətkardır”.
2."Bütün quldurlar cinayətkardır". "Bu şəxs cinayətkardır". "Bu şəxs quldurdur".
Hər iki əqli nəticədə eyni hökmlərdən istifadə olunsa da, ikincidə alınan yekun biliyi yalandır. Əvvəla, ikinci əqli nəticədə hökmlərin əlaqəsi səhv götürülür. Digər tərəfdən, tələbələrimiz "Hökm", "Əqli nəticə" bölmələrini keçəndə daha yaxşı dərk edəcəklər ki, orta termin (M) mühakimə prosesində hökmlərdən birində ehtiva olunmasa düzgün nəticə çıxarmaq olmur. İkinci əqli nəticədə "cinayət" anlayışı orta termin kimi götürülür, nə birinci, nə də ikinci hökmdə o, tam həcmdə götürülməmişdir.
Uzunmüddətli müəllimlik təcrübəmdə hiss etmişəm ki, tələbələrimiz çox vaxt "ehtiva" sözünün anlamını tuta bilmirlər, "tam həcmdə götürmək" dedikdə də yenə məna qaranlıq qalır. Bu cür anlaşılmazlıqların səbəbini orta məktəblərimizdə məntiqin tədris olunmamasında və şagirdlərin ana dilinin qayda-qanunlarına zəif yiyələnməsində axtarmaq olar.
Məntiqdə predmetlər çoxluğu vardır ki, ona "məntiqi sinif” də deyilir (məsələn, "bitkilər aləmi", "canlılar", "cinayətkarlar", "tələbələr" və i.a.). Bunların hamısı "məntiqi sinif, yaxud "cisimlər çoxluğu" adlanır. Buna görə də orta termin (həmişə M hərfilə göstərilir) həmin predmetlər çoxluğunu ifadə edən anlayışın tam həcmini əks etdirmirsə, onda deyilir ki, "orta termin ehtiva olunmamışdır". Yuxarıdakı misalda söhbət cinayətkarların hamısından yox, bir qrupundan getdiyinə görə doğru nəticə alınmır. Məntiqdə bu cür səhvlərə "nəticə çıxmır" deyilir. Elmdə bu cür müxtəlif intellektual əməliyyatların tabe olduğu qaydalar, prinsiplər, üsullar çoxdur, lakin onların pozulduğunu çox vaxt insan aşkara çıxara bilmir. Bu elm haqqında elementar təsəvvürü olmayan adam səhvlərin nədən irəli gəldiyini araşdıra bilmir. Ona görə də bu elmin normativ xarakter daşıdığını və qiymətləndirici funksiya kəsb etdiyini oxucuların nəzərinə çatdırırıq. Deməli, məntiq təfəkkür prosesinin konkret, ardıcıl normalarla hərəkətinə təkan verməklə məntiqi səhvlərin qarşısını alır.
Üçüncüsü, düzgünlük anlayışı təfəkkürün formal tərəflərinin (fikrin quruluşundakı hissələrin əlaqəsi nəzərdə tutulur) vəhdətini ifadə edir. Burada təfəkkürün tamamlayıcılıq funksiyasına üstünlük verilir, fikrin məzmunundan kənara çıxılsa da əsas diqqət məntiqi formalarda təzahür edən müxtəlif intellektual-nitqi əməliyyatlar üzərində toplanır. Çox vaxt məntiqdə fikir yükü təfəkkürün formalarının tədqiqinə yönəldilir. Bu təbii və qanunauyğundur, çünki bu formaların hər birinin konkret məzmunu vardır. Məzmun forma olmadığı kimi, formadan kənarda çılpaq, xalis təfəkkür də yoxdur, forma məzmunludur, məzmun formalıdır. Təəssüf ki, bəzən bəzi "filosoflarımız", "doktor", "professor" olsalar da, məntiqi formal elm kimi anlayırlar. Bu cür "alimlərin" təfəkkürünə, intellektinə, yumşaq desək, şübhə yaranır.
Düşünürük ki, idrak prosesi və təfəkkür haqqında oxucunun müəyyən ilkin təsəvvürü olmalıdır, bunsuz mücərrəd təfəkkürün mahiyyətini anlamaq çətindir, çünki hər şey inikas prosesindən başlayır. Oxucu, tələbə bilməlidir ki, əşya və predmetlər bizdən kənarda mövcuddur, bizim qavrayış və təsəvvürlərimiz onların obrazıdır, lakin bu obrazlara da güzgüdə olan mexaniki inikas kimi baxmaq olmaz.
İdrak prosesində inikasın xarakterinə görə onun, öz aralarında bir-biri ilə sıx əlaqədə olan, iki pilləsini (1.Hissi idrak; 2.Məntiqi idrak) və bunların funksiyalarına, elmi-metodoloji əhəmiyyətinə aydınlıq gətirmək vacib məsələdir. Fəlsəfədə idrak prosesinin dialektikasına xüsusi diqqət yetirilir, onun təhlilinə geniş yer verilir, məntiqdə isə əsas problem mücərrəd təfəkkürün rolu və əhəmiyyətini təhlil etməkdir.
Hissi idrak birbaşa, düzünə baş verən idrak prosesidir. Bu mərhələdə cisim və hadisələrin daxili, zəruri, önəmli xassələrini, onların fəaliyyət və inkişaf qanunlarını dərk etmək mümkün olmur. Əşya və hadisələrin mahiyyəti, onların qarşılıqlı əlaqə və münasibətləri, qarşılıqlı təsiri mücərrəd təfəkkürün köməkliyi ilə dərk olunur. Buna görə də tələbə mücərrəd təfəkkürün xüsusiyyətlərini dərindən mənimsəməyi bacarmalıdır. Çox vaxt bu mövzunun şərhindən sonra, auditoriyaya üz tutub "Məntiqi təfəkkürün xüsusiyyətləri, yaxud hissi idrakdan fərqli cəhətləri hansılardır" deyə soruşduqda tələb olunan cavabı ala bilmirsən. Bunun səbəbləri çoxdur, onları izah etmək fikrində deyilik.
Hissi idrakla müqayisədə mücərrəd təfəkkürün özünə aid olan bir sıra xüsusiyyətləri də vardır ki, onları yığcam biçimdə bir daha oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik (onun geniş təhlilinə "Məntiq kursu" dərsliyində rast gələ bilərsiniz).
1.Təfəkkür – gerçəkliyin ümumiləşmiş inikasıdır.
2.Təfəkkür – insanların fəal və müəyyən məqsədə yönəldilmiş fəaliyyətidir: bu fəaliyyətin özü mücərrəd səciyyə daşısa da, onun nəticələri gerçəklikdə maddiləşir, maddi və mənəvi sərvətlər aləminin yaranması bunun sonucudur. Fikrin (təfəkkürün) ideallığını əyani surətdə təsəvvür etmək istəyən hər bir adam bu xalqın lirik təbiət şairi olan H.Arifin aşağıdakı fəlsəfi beytlərindən özü üçün müəyyən məntiqi nəticə çıxara bilər:
Fikir qar ələyər qara saçlara,
Əməli görünər, özü görünməz.
3.Təfəkkürün xüsusiyyətlərindən biri də onun dillə, nitqlə sıx bağlılığıdır.
Məntiqi idrakın ikinci prosesində insan hissi idrakın verdiyi bilgilərdən çıxış edərək, predmet və hadisələrdə ortaq, önəmli, mühüm əlamətləri seçir və onların arasında ümumiləşdirmə aparır, bununla da müəyyən qrup predmetləri başqalarından ayırır. Predmet və hadisələrin ümumiləşdirilməsi və ayrılması nəticəsində bu predmetlər haqqında anlayışlar yaranır. Ona görə də anlayışlar idrak prosesinin metodoloji tutalğası, vasitəsi sayılır.
Təfəkkür prosesində insan qarşısına həllediləcək məqsədlər qoyulur və məsələlər formulə edilir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün fikri fəaliyyətə başlanılır. Fikrin bütün formaları (anlayış, hökm, əqli nəticə və s.) dildə ifadə olunur. Bu formaları, idrakın üsul və metodlarını öyrənən məntiq elmi dildən kənarda inkişaf edə bilməz. Buna görə dil və təfəkkürün qarşılıqlı əlaqəsinə, onların fərqli cəhətlərinə xüsusi diqqət yetirilməlidir. Məntiqdə məntiqi semiotika (idrak vasitəsi kimi dilin tədqiqi) və metodologiya (idrakın ümumelmi üsul və metodlarının öyrənilməsi) problemləri də tədqiqatdan kənarda qalmamalıdır.
Oxucular bu fəsildə məntiqin predmeti, praktik əhəmiyyəti məsələlərini gözdən qaçırmamalıdırlar. Çünki elmi ədəbiyyatda bəzən belə fikirlərə rast gəlirik ki, məntiq təfəkkürün forma və qanunlarını öyrənməklə yanaşı, onun düzgünlüyünü də müəyyənləşdirir. Bu tərifə irad tutmaq olar, ona görə ki, məntiq eyni zamanda təfəkkürdə baş verən səhvləri aradan qaldırmaq yollarını göstərir. Təfəkkürün özü anlayışlardan başlayır, anlayışlı təfəkkür isə yalnız insana məxsusdur və bütün fikir fəaliyyətinin "hüceyrəsini" anlayışlar təşkil edir. Buna görə də prof. H.Hüseyinlinin adını çəkdiyimiz kitabında dediyi fikri ("məntiqin predmetini idrakın hissi mərhələsilə rasional mərhələsi arasındakı aralıq mərhələni müəyyənləşdirmək təşkil edir") heç cür qəbul etmək olmaz. Çünki məntiqin predmeti təfəkkürdür, təfəkkür də idrakın yüksək formasıdır, onu "dialektik təfəkkürün aşağı pilləsi" adlandırılan kortəbii təfəkkürlə eyniləşdirmək yanlış fikirdir.
Onda soruşula bilər: Nədir təfəkkür?
Sadə dillə desək, təfəkkür insanın mühakimə yürütmək qabiliyyətidir, onun geniş elmi tərifi isə belədir: təfəkkür insanların praktik fəaliyyəti prosesində gerçəklikdə qavradığı predmet və hadisələrin ümumiləşmiş, vasitəli, mücərrəd və məqsədəuyğun formada beynimizdə inikasıdır.
Bu tərifdən çıxarılan nəticələri oxucu öz praktik fəaliyyətində bir daha yoxlaya bilər. Çıxarılan nəticələrin qısa xülasəsini veririk:
1."Fikirlər aləmi" insan beynində öz-özünə yaranmır, onun ilkin şərti "əşyalar aləmi"nin mövcudluğudur.
2.Tərifdə təfəkkürün obyektiv gerçəklikdən asılılığının spesifik xarakteri aşkara çıxır, yəni təfəkkür gerçəklikdəki predmet və hadisələrin ideal fikirlər formasında yenidən şüurumuzda inikasıdır. Gerçəklik sistemli xarakter daşıyır və cürbəcür sonsuz sistemlər çoxluğundan ibarətdir, buna görə təfəkkürün özü də xüsusi universal inikas sistemidir.
3.Tərifdə bilavasitə yox, mövcud biliklər əsasında yaranan bilvasitə, b.c. desək, ümumiləşmiş inikas üsulundan söhbət gedir.
4.Tərifdə birbaşa gerçəkliyin özü deyil, onun insanların əmək fəaliyyəti prosesində inkişafı və yenidən dəyişməsi ifadə olunur.
Məntiqin istifadə etdiyi fundamental kateqoriyalardan "təfəkkürün forması" ("məntiqi forma" da adlanır) və "təfəkkürün qanunları"nı ("məntiqi qanunlar") dərindən dərk etməyin fikrin fəaliyyətində xüsusi əhəmiyyəti vardır. Gerçəklikdəki predmet və hadisələrin özünəməxsus məzmun və forması vardır. Reallıqdakı predmet və hadisələrin məzmunu onların özündədirsə, xüsusi inikas forması olan təfəkkürün məzmunu isə gerçəklikdəki predmet və hadisələr arasındakı müxtəlif əlaqə və münasibətlərin şüurumuzdakı inikasındadır, bu məzmun reallıqdan hasil edilir, onun haqqında nail olduğumuz fikirlərin məzmunudur, konkret biliklər sistemidir. Bu bilikləri isə sağlam düşüncənin məhsulu olan adi (empirik) biliklərə və mücərrəd təfəkkürün nəticəsində alınan elmi-nəzəri biliklərə ayırmaq olar.
Çox vaxt auditoriyaya müraciət edib soruşanda ki, "təfəkkürün forması" anlayışını necə başa düşürsünüz, konkret, dəqiq cavablar ala bilmirik, çünki oxucu və dinləyicilərin mühakimə yürütmək qabiliyyəti zəifdir. Adam təəccüb edir ki, niyə bizim tələbələrimizin müstəqil, yaradıcı və məntiqi qabiliyyəti aşağıdır? Bunun əsas səbəbi oxucuların kitablarda yazılan mövzuları mexaniki şəkildə əzbərləməsidir. Bu işdə orta məktəb müəllimlərinin də günahı az deyildir. Fikrimi əsaslandırmaq məqsədilə bircə nümunə gətirəcəyəm. Görkəmli rus pedaqoqu Suxomlinski hər gün bir müəllimin dərsini dinləyir, müşahidə edir ki, bu dərslərin hamısında şagirdlər eyni qaydada cavab verir, kitab cümlələrindən kənara çıxa bilmirlər. Son nəticədə xatirələrində yazır ki, biz şagirdlərə əsas bir şeyi – müstəqil, yaradıcı və məntiqi düşünməyi öyrətmirik.
Müstəqil, yaradıcı və məntiqi mühakimə yürütmək qabiliyyəti hər bir ziyalının, alimin ayrılmaz atributu olmalıdır.
İndi gəlin "məntiqi forma" anlayışının məzmununa nəzər yetirək. Təfəkkürün məntiqi forması – fikrin quruluşudur (strukturudur), onun hissələri, ünsürləri arasındakı əlaqə üsuludur. Fikrin quruluşu, onun məzmunundan asılı olmayaraq, bütün insanlarda eynidir, ona görə də ümumbəşəri səciyyə daşıyır; belə olmasaydı, yuxarıda dediyimiz kimi, Yer kürəsində yaşayan insan fərdləri arasında qarşılıqlı anlaşma olmazdı. Məntiq elmi haqqında ilkin təsəvvürü olmayan şəxs: "Hər bir cinayət işi hüquqi qanun pozuntusudur"; "Bütün vəkillər hüquqşünasdır"; "Bütün isimlər nitq hissəsidir" və b. məzmunca müxtəlif olan hökmlər arasındakı quruluş eyniliyini bilməz. Yuxarıdakı hökmlərin hər birində subyekt (S), predikat (P) anlayışları və bağlayıcılar (Azərbaycan dilindəki -dir, -dur, -dır, -dür və bu kimi şəkilçilər bağlayıcını bildirir) vardır. Fikrin quruluşu bütün xalqlarda subyektli-predikatlı (S-P) xarakter daşıyır.
Biz elmi ədəbiyyatlarda ayrı-ayrı filosofların "məntiqi forma", yaxud "təfəkkürün forması" anlayışına verilən tərifləri nə qarşılaşdırmaq, nə də təhlil süczgəcindən keçirmək fikrində deyilik, maraqlananlar "Məntiq kursu (dərslik, "Turan" nəşriyyatı, Bakı, 2001) kitabının 24-25-ci səhifələrinə baxa bilərlər.
Qətiyyətlə demək olar ki, məntiqi formaların önəmli idraki və metodoloji əhəmiyyəti vardır. Birincisi, bu formalara ağlın "təmiz", "saf" məhsulu kimi yanaşmaq olmaz, çünki bu formalar gerçəklikdəki predmet və hadisələrin cürbəcür xassə və münasibətlərinin təfəkkürümüzdə inikasıdır; ikincisi, bu formalar çoxəsrlik insan praktikasının məhsuludur; üçüncüsü, onlar gerçəkliyin təfəkkürümüzdə adekvat inikasına uyğun olaraq günbəgün məzmunca daha da zənginləşir.
Bir məqamı da oxucuların diqqətinə çatdıraq ki, özlüyündə məntiqi forma nisbi səciyyə daşıyır, nisbi müstəqilliyə malikdir və eyni məzmun müxtəlif biçimlərdə aşkara çıxa bilər. Məsələn, Azərbaycan xalqının Qarabağda apardığı döyüşlərin məzmununu elmi kitablarda, bədii əsərlərdə, rəssamların kətanında, heykəltaraşlıq kompozisiyalarında və s. əşyalarda əks etdirmək olar. Eyni məntiqi forma da müxtəlif məzmunu təcəssüm etdirə bilər. Obrazlı desək, eyni bir qabda şirə, ətirli içki, yaxud qiymətli dərman preparatları saxlamaq olar.
Məntiqin tədqiq etdiyi əsas təfəkkür formaları anlayış, hökm, əqli nəticə və sübutdur. Bu formaların məzmununu təfəkkürün özündən hasil etmək doğru deyildir, onların əsasını gerçəklikdəki predmet və hadisələrin ortaq, önəmli əlamətləri təşkil edir. Hər bir anlayışın gerçəklikdə "canı", "hissəsi", "zərrəsi", "qanı" vardır. Məntiqi formalar əyanilikdən məhrum olsa da, onların gerçək ifadə forması yazılı, şifahi mətnlərdir, nitqin özüdür. Təfəkkürün bu formaları struktur-metodoloji funksiyalarına görə bir-birindən fərqlənir, bu isə onların tətbiq səviyyələrinin müxtəlifliyindən asılıdır. Anlayış nisbi müstəqil fikir forması kimi hökmün, hökm əqli nəticənin, əqli nəticə sübutun tərkibinə daxildir. Bu formaların özü inkişaf prosesinin qanunauyğun pillələridir. Çox vaxt bu formaları varlığın struktur səviyyələrinə (elementar hissəciklər, atomlar, molekullar, cisim) oxşadırlar. Bu analogiyada müəyyən həqiqət vardır, çünki cəmiyyət də təbiətin bir hissəsidir, insan da tarixi inkişafın, mədəniyyətin məhsuludur. Yuxarıdakı fikirlərdən yanlış nəticə çıxarmaq olmaz ki, təfəkkürdə öncə anlayış, sonra isə hökm və əqli nəticə yaranır. Bu barədə elmi ədəbiyyatda müxtəlif baxışlar mövcuddur, onların təhlili, araşdırılması dialektik məntiqin sahəsinə aiddir. Fikrimizcə, bu formaların hər biri dialektik vəhdət təşkil edir, təfəkkürdə paralel formada meydana gəlir, onları daim hərəkət və inkişafda tədqiq edən dialektik məntiqdir.
Təfəkkürün formalarındakı struktur eyniliyini anlamaq məqsədilə aşağıdakı nümunələri nəzərdən keçirək. "Tələbə", "planet", "cəmiyyət" anlayışları məzmunca bir-birindən fərqlənir, lakin onların strukturu eynidir, bunların hər birində müəyyən predmetlər qrupu, onlara xas olan ümumi, mühüm əlamətlər təfəkkürümüzdə əks olunur. "Tələbə" dedikdə, konkret Həsən, Əli, Fərid deyil, bütün tələbələrə aid olan mühakimə yürütmək qabiliyyəti, nitqi, əmək fəaliyyəti, konkret ixtisas sahələrinə yiyələnməsi və s. əlamətlər beynimizdə əks olunur. "Planet" anlayışında isə nə Venera, nə Mars, nə Yer, nə də başqaları deyil, onların hamısına aid olan ortaq əlamətlər əks olunmaqla, ulduz və meteoritlərdən fərqli cəhətləri ayırd edilir. "Cəmiyyət" anlayışında da ortaq və mühüm əlamətlər təfəkkürümüzdə canlanır. Deməli, anlayış predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır.
Mürəkkəb struktura malik hökmə aid misal:
"Bütün oğrular cinayətkardır", "Bütün cisimlər qızdırıldıqda həcmi genişlənir", "Bütün insanlar təfəkkürlüdür". Bu hökmlər məzmunca müxtəlif olsa da, hər üçünün quruluşu eynidir; subyekt, predikat və bağlayıcıdan ibarətdir. Fikrin bu cür quruluşu hökm adlanır. Hökm – gerçəklikdəki predmet və hadisələrin xassə və əlamətlərinin, onların arasındakı cürbəcür əlaqə-münasibətlərin təfəkkürdə iqrar, inkarlıq formasıdır ki, bunun özü də həqiqi, yaxud yalan ola bilər.
Daha mürəkkəb fikir forması olan əqli nəticəyə nümunə gətirək: "Hər cür cinayət işi qanun pozuntusudur", "Qarət cinayət işidir". "Qarət işi qanun pozuntusudur".
"Bütün müstəntiqlər hüquqşünasdır". "Xanoğlan müstəntiqdir". Nəticə, "Xanoğlan hüquqşünasdır".
Bu fikirlər məzmunca müxtəlifdir, lakin onların məntiqi quruluşu eynidir, çünki hər iki mühakimədə iki hökmdən orta terminin vasitəsilə eyni üsulla yekun biliyi alınır. Təfəkkürün bu cür forması əqli nəticə adlanır. Əqli nəticə verilmiş bir və ya bir neçə hökmdən əlaqələndirici terminin vasitəsilə yeni biliyin alınmasıdır.
Oxucular təfəkkürün formaları haqqında elementar biliklərə yiyələndikdən sonra, istər-istəməz "təfəkkürün məntiqi qanunları" anlayışı ilə də maraqlanacaqlar. Biz "qanun" anlayışının geniş fəlsəfi tərifini vermək iddiasında deyilik, fəlsəfə haqqında adi təsəvvürü olan hər bir adam onu bilməlidir.
Müasir elmi təsəvvürlər təsdiq edir ki, gerçəklik bir-birilə əlaqəli olan vahid bütöv sistemlərdən ibarətdir, bu sistemlərin ayrı-ayrı komponentləri arasında ümumi əlaqə, bağlılıq vardır. Böyük və kiçik sistemlər arasındakı cürbəcür əlaqə və münasibətlərin özünü də mühüm və qeyri-mühüm, zəruri və təsadüfi, daxili və xarici və bu kimi əlaqələrə bölmək olar. Bu cür əlaqə və münasibətlərin növlərindən biri də qanundur. Lakin hadisələr, predmetlər arasındakı hər cür əlaqə-münasibət qanunu ifadə etmir. Sözün dar anlamında təfəkkür qanunları – fikir aktları arasında ümumi, mühüm, zəruri, sabit, təkrarlanan əlaqə və münasibətlərdir.
Çox vaxt qanunları ən ümumi, ümumi və xüsusi deyə bir neçə yerə bölürlər. Konkret elmlərdə tətbiq olunan spesifik qanunları ən ümumi və ümumidən fərqləndirməyi bacarmayan müəllim və tələbəyə rast gəldikdə istər-istəməz məyus olursan. Fizikada enerjinin saxlanması və çevrilməsi, ümumdünya cazibə qanununun, bioloji biliklərə də tətbiq olunan irsiyyət və dəyişkənlik, orqanizmlə mühitin qarşılıqlı əlaqəsi, hüquqşünaslıqda dövlət və hüququn meydana gəlməsi, inkişafı və bu kimi başqa elm sahələrində fəaliyyət göstərən qanunların mahiyyətini bilməklə biz kainatın və cəmiyyətin sirlərinə daha dərindən bələd ola bilərik.
Təfəkkür prosesinə aid olan əlaqələrin xüsusiyyəti ondadır ki, əslində təfəkkürün struktur elementləri predmet və hadisələrin beynimizdə inikası və s. deyilsə, əqli "surətləri", modelləridir. Təfəkkürdəki əlaqələr bir-birindən təcrid olunmuş formada deyil, sınmış güzgünün qəlpələrinə bənzəyir, bu qəlpələrin hər birində isə gerçəkliyin müəyyən parçası, hissəsi əks olunur.
Təfəkkürdə yaranan əlaqələr çoxşaxəli və cürbəcür olur. Biz bu qarışıq əlaqələr müstəvisində fikrin forması ilə məzmunu arasındakı əlaqələrə xüsusi diqqət yetirməliyik. Bu cür əlaqələrin ikili (məzmunla və formal) səciyyə daşımasının idraki və metodoloji əhəmiyyətini tələbələrə asan misallarla başa salmaq hər bir müəllimin borcudur. Yaddan çıxarılmamalıdır ki, formal əlaqə sabit qalsa da, şəraitin, sosial proseslərin inkişaf və dəyişməsilə məzmunlu əlaqə də dəyişir (ətraflı bax: Dərslik, səh. 29-30).
Məntiqi əlaqələrin xüsusi növlərindən biri də təfəkkür qanunlarıdır ki, bunlar məzmunca müxtəlif olsa da, formaca oxşardır, eyni quruluşlu bütöv fikirlər toplusuna aiddir. Bunlar əsas qanunlar (1.Eyniyyət, 2.Ziddiyyətsizlik, 3.Üçüncünü istisna, 4.Kafi əsas) adlanır, lakin məntiqdə qeyri-əsas qanunlar da vardır.
Təfəkkürün məntiqi qanunları daha ümumi xarakter daşıyır, bütün fikir əməliyyatlarında tətbiq olunur, digər tərəfdən, bu qanunlar təfəkkürün formalarında tətbiq olunan qeyri-əsas qanunların (əks əlaqə, hökmlərdə terminlərin ehtiva olunması, əqli nəticənin qurulması qanunları) fəaliyyətini müəyyən edir.
Təfəkkürün məntiqi qanunlarının obyektiv xarakter daşıdığını, bəşəriyyət tərəfindən aksiom kimi qəbul olunduğunu və onun normativ-hüquqi aktları əks etdirən hüquqi qanunlardan fərqli cəhətlərini araşdırdıqda onların idraki-metodoloji əhəmiyyətini bir daha yəqin edirsən. Təfəkkürün məntiqi qanunları bütün insanlarda eynidir və obyektiv səciyyə daşıyır. Çünki onlar insanların iradə və şüurundan asılı deyildir, insanların arzusu ilə yaranmamışdır. Bu qanunlar gerçəklikdəki predmet və hadisələr arasında mövcud olan əlaqə və münasibətlərin təfəkkürdə inikasıdır.
Elmi ədəbiyyatda məntiqi qanunların hüquqi qanunlarla eyniləşdirilməsi fikirlərinə də rast gəlirik ki, bunun da heç bir elmi əsası yoxdur, çünki dövlət tərəfindən yaradılan normativ-hüquqi aktlarla çoxəsrlik insan praktikası nəticəsində formalaşan, müxtəlif dövrlərdə cilalanan və aksiom xarakteri alan məntiqi qanunları eyniləşdirmək olmaz. Bu qanunları nə gerçəklikdəki əşyaların özünə aid etmək, nə insan təcrübəsindən əvvəl yarandığını söyləmək, nə də "xalis zəka"nın məhsulu olduğunu saymaq olar. Onlar mövcudluq formasına görə müxtəlif olsa da, məzmunca eynidir, varlıq qanunları təbiətdə, təfəkkür qanunları isə fikir aktlarında fəaliyyət göstərir, təfəkkürün mənbəyini də gerçəklikdəki predmet və hadisələr təşkil edir.
Təfəkkürdə formal məntiqin dörd qanunundan başqa, əksliklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyətə və əksinə keçməsi və inkarı inkar qanunu da fəaliyyət göstərir ki, bunlar da dialektik məntiq tərəfindən öyrənilir.
Maraqlıdır ki, məntiq hər cür təfəkkürü deyil, həqiqətə aparan düzgün təfəkkürü, onun forma və qanunlarını öyrənir. Buna görə də "fikrin həqiqiliyi" və "mühakimənin formal-məntiqi düzgünlüyü" anlayışlarının mühakimə prosesində yerini müəyyənləşdirməyin metodoloji əhəmiyyətini azaltmaq olmaz. Belə bir məsələni də yaddan çıxarmayaq ki, həqiqət fikrin məzmununa, düzgünlük onun formasına aiddir. Fikrin həqiqiliyi odur ki, reallığı olduğu kimi əks etdirir, ona uyğundur. Bu xassə praktika ilə yoxlanılır. Fikrin məzmunu gerçəkliyə uyğun gəlmirsə o yalandır, həqiqəti təhrif edir. Məsələn, "Bəzi cinayət işləri oğurluqdur" deyimi həqiqi fikirdir. "Bütün cinayət işləri oğurluqdur" deyimi isə yalan hökmdür.
Sözün geniş mənasında həqiqət gerçəkliyin şüurumuzda inikasıdır, "obrazıdır", deməli, o, insan psixikasından asılı deyildir və obyektiv gerçəklikdə müəyyənləşdirilir. Təfəkkürün həqiqiliyi onun köklü xassəsidir, fikrin məzmunundakı gerçək hadisə və proseslərin təfəkkürümüzdə yenidən canlanmasıdır. Təfəkkürün xassəsi kimi "yalanlıq" anlayışı isə fikrin məzmunca gerçəkliyə uyğun gəlməməsidir. İnsan təsəvvürlərində mövcud olan əşyaların məzmunu nə subyektdən, nə də bəşəriyyətdən asılıdır. Lakin məzmun, inikas prosesi kimi, fikirdə mövcud olur.
Həqiqət nisbidir, o idrakın inkişafı ilə daim dəyişir, yeniləşir.
Gerçəkliyə münasibətdə təfəkkürün digər köklü bir xassəsi fikrin düzgünlüyü məsələsidir. Bunun özü fikrin quruluşunda gerçəkliyin həqiqi strukturunun yenidən inikasında təfəkkürün rolunu aşkara çıxarır. "Düzgünlük" və "yalanlıq" kateqoriyaları təfəkkür formalarının quruluşu və öyrənilməsi üzərində aparılan məntiqi əməliyyatlarda tətbiq olunur. Bu anlayışların metodoloji əhəmiyyəti ondadır ki, birincisi, çıxış hökmləri həqiqi olmalıdır, ikincisi isə bu hökmlərin əlaqəsi düzgün götürülməli, bu zaman məntiqi qanunlara riayət olunmalıdır. Məsələn, desək ki, "Məhkəmədə bütün şahidlər doğru ifadə verir". "Arif şahiddir". Deməli, "Arif doğru ifadə verəndir". Belə nəticə almaq olmur, çünki 1-ci hökm yalandır. Başqa bir zəruri şərt fikrin quruluşca düzgünlüyüdür, yəni fikrin ünsürləri arasındakı əlaqə gözlənilməlidir. Belə olmadıqda, düzgün nəticə alınmır. Aşağıdakı nümunələri nəzərdən keçirək:
1.Bütün müstəntiqlər hüquqşünasdır. Mürsəlzadə hüquqşünasdır. Mürsəlzadə müstəntiqdir nəticəsini almaq olmur, çünki burada fikrin əlaqəsi pozulmuşdur. Digər tərəfdən, "hüquqşünas" anlayışı orta termin kimi hər iki hökmdə tam həcmdə götürülməmişdir.
2.Bütün müstəntiqlər hüquqşünasdır. Mürsəlzadə müstəntiqdir. Deməli, Mürsəlzadə hüquqşünasdır. Burada alınan nəticə doğrudur, çünki fikrin əlaqəsi doğru götürülür, "müstəntiq" anlayışı orta termin kimi 1-ci hökmdə tam həcmdə vardır.
Məntiqi təfəkkür bu şərtlərlə yanaşı, bir sıra başqa əlamətlərlə də səciyyələnir ki, ona riayət etməyin mühüm əhəmiyyəti vardır. Sağlam düşüncəli hər bir adam düzgün təfəkkürün 1.Müəyyənlik, 2.Ardıcıllıq və 3.Sübutluluq kimi xassələrinə hər an əməl etməlidir (Bax: Dərslik, səh.13-18).
Bu bölmədə dil və təfəkkürün qarşılıqlı əlaqəsi də işıqlandırılır; onun idrakı və metodoloji funksiyalarını yaddan çıxarmaq bizi yanlışlıqlara aparıb çıxara bilər. Məntiq təfəkkürün formalarını öyrəndiyindən, təfəkkürün özü dillə, nitqlə üzvi bağlılıqdadır; ona görə məntiqi "dil haqqında elm" də adlandırırlar. Məntiqdə təbii dillərin və süni dillərin ayrı-ayrı aspektləri tədqiq olunur, ona görə də bir çox müəlliflərin məntiq və dilin vəhdətindən bəhs etməsinə təbii baxmaq lazımdır. Məntiqin xüsusi dillərindən biri də predikatların məntiqi dilidir ki, onun vasitəsilə fikirlər arasındakı əlaqələrin üzə çıxarılmasında məntiqi formalardan geniş istifadə olunur. Formullarla ifadə olunan süni dilin əsas üstünlüyü ondadır ki, burada fikrin ifadəsi birmənalı qəbul olunur, orada omonimlərdən və aydın olmayan ikibaşlı ifadələrdən istifadə olunmur. Bu isə mühakimənin gedişini, düzgünlüyünü, yaxud yalanlığını qəti müəyyən etməyə imkan verir. Dil və təfəkkürün vəhdəti ondadır ki, dil fikirlərin maddi cildidir, qabığıdır, təfəkkürün məzmunu dil vasitəsilə aşkara çıxarılır. Obrazlı desək, gözün giləsini göz qapağını açmaqla aşkara çıxarmaq mümkün olduğu kimi, təfəkkürün məntiqi formalarını da dilin təhlili vasitəsilə üzə çıxarmaq, öyrənmək olur. Dil fikirlərin ifadəsində və formalaşmasında mühüm rol oynayır. Onda təbii sual meydana çıxır ki, bəs dil nədir?
Dil – gerçəkliyin dərk olunmasında və insanlar arasında ünsiyyət prosesində informasiyaların formalaşması, saxlanması və ötürülməsi funksiyasını yerinə yetirən işarə informasiya sistemidir.
Dil – fikrin səsli maddi cildidir. Təfəkkür dil materialı əsasında inkişaf edir. Dil materialından kənarda "təmiz", "çılpaq" təfəkkür olmadığı kimi, məzmunsuz "saf" fikir forması da yoxdur. Dil insanlar arasında nəinki vacib ünsiyyət vasitəsidir, eyni zamanda fikirlərin mübadiləsi və nəsildən-nəsilə keçirilməsi vasitəsidir. Sözlərdə və dil materiallarında möhkəmlənən mücərrəd təfəkkür yalnız insana xasdır, beynin spesifik xassəsidir.
Dil və təfəkkürün bağlılığı ondadır ki, onlar vahid maddi baza əsasında meydana gəlib inkişaf edirlər. Lakin onları eyniləşdirmək olmaz, çünki müxtəlif ictimai hadisələrdir. Dil və təfəkkürün vəhdətinə iki aspektdən (1.Genetik, 2.Funksional) yanaşıldığını hər bir oxucunun bilməsi vacibdir. Genetik aspektdə nəzərdə tutulur ki, dilin əmələ gəlməsi təfəkkürün təşəkkülü ilə, təfəkkürün yaranması isə dilin mənşəyilə bağlıdır. Funksional aspektdə isə bu vəhdətin tərəfləri qarşılıqlı surətdə bir-birinin olmasını tələb edir, biri digərinə təsir edir, lakin vəhdətin tərəflərinin hər birinin nisbi müstəqilliyə malik olmasını da unutmaq olmaz.
Dil və təfəkkürün fərqli cəhətlərinə qısaca nəzər yetirmək olar: l.Dil və təfəkkür strukturca bir-birindən fərqlənir. Təfəkkürün quruluşu ümumbəşəri xarakter daşıyırsa, dil milli səciyyə daşıyır; 2.Təfəkkürün əsas vahidləri anlayış, hökm, əqli nəticə və sübutdursa, dilin əsas vahidləri fenomenlər, morfemlər, Ieksemlər, səs və cümlələrdir; 3.Gerçəkliyin hərtərəfli dərkində təfəkkür ideal obrazlardan istifadə edir, həqiqəti aşkara çıxarır. Dil isə alınmış bilikləri möhkəmləndirib sistem halına salır, bununla dil formalarında predmetli gerçəkliyin xarakteristikasının adekvat ifadəsinə nail olunur; 4. Dil predmetli fəaliyyətin və cəmiyyətin adət-ənənələrinin təsiri altında inkişaf edir, təfəkkür isə məntiqin anlayışlı aparatına, qanunlarına yiyələnməklə subyektin dərketmə qabiliyyətinə istinad edir.
Dil və təfəkkür arasında ziddiyyətli vəhdət olsa da, onlar bir-birinə qarşılıqlı təsir edir. Təfəkkürün dildə təsirini hər bir oxucunun bilməsi onun intellektual səviyyəsinin artmasına şərait yaradır. Birincisi, təfəkkür dilin və nitq fəaliyyətinin məzmununu təşkil edir; ikincisi, təfəkkür nitq fəaliyyətində insanların istifadə etdiyi dil vasitələrinə nəzarət edir, ünsiyyətin gedişində dildən istifadəni yönləndirir; üçüncüsü, təfəkkür dilin vasitəsilə biliklərin mənimsənilməsi, artması və zənginləşməsini təmin edir; dördüncüsü, təfəkkür nitq mədəniyyətinin yüksəklik səviyyəsini müəyyən edir; beşincisi, təfəkkür dilin məntiqiliyini artırır, onun səlistliyinə və yığcamlığına kömək edir; altıncısı, təfəkkür prosesinin zənginləşməsi və dəyişilməsilə anlayışların məzmun və həcmi dəyişir, dəqiqləşir, bunun nəticəsində yeni anlayışlar yaranır ki, bu da öz növbəsində, dilin zənginləşməsinə gətirib çıxarır. Təfəkkürün təsirilə yeni sözlər, söz birləşmələri yaranır, onların mənası, əhəmiyyəti dəqiqləşdirilir.
Dil və təfəkkürün vəhdətini geniş mənada anlamaq lazımdır. Dilin təfəkkürə təsiri mexanizmini bilməyin idrakı əhəmiyyəti böyükdür. Dil, 1) təfəkkür vahidlərinin formalaşması, onların daxili nitqdə birləşməsi vasitəsidir; 2) təfəkkürə münasibətdə müxtəlif fikirlərin formalaşması, yaranması və nitqdə onların ifadə olunması vasitəsidir. Dilin vasitəsilə fikirlərin dərki və anlaşıqlığı təmin olunur. 3) fikirlərin, fikirdə aparılan əməliyyatların, o cümlədən gerçəklikdəki predmet və hadisələrin modelləşdirilməsi vasitəsidir; 4) insanlara öz istəklərini idarə etməyə, düşüncələrini konkret formalara salmağa imkan verir; 5) gerçəkliyə təsir etmək, insanların praktik fəaliyyətilə gerçəkliyin dolayı yollarla yenidən yaranması, dəyişdirilməsi vasitəsidir; 6) təfəkkürün fəaliyyət dairəsini genişləndirməklə, onun məntiqiliyini artırır və s.
Təfəkkürün formaları ideal törəmələr olsa da, dildə materiallaşır və yazılı mətnlərin köməyilə təhlil olunur. Maraqlıdır ki, təfəkkürün ümumi strukturları ilə dilin ifadə strukturları arasında sıx qarşılıqlı bağlılıq vardır, onu dərk etmək, idrakı əhəmiyyətini aşkara çıxarmaq vacib məsələdir. Təbiidir ki, məntiq elmi dilin bəzi aspektlərinə xüsusi diqqət yetirdiyindən çox vaxt onu "dil haqqında elm" də adlandırırlar. Məntiqin əsas problemi isə məntiqi üsullarla və onun ifadə vasitələrilə gerçəkliyin predmet və hadisələrilə əlaqəsini aşkara çıxarmaqdır.
Onu da qeyd edək ki, dilin əsas təşkil olunma materialı kimi işarələrdən istifadə olunur. İşarə, hər şeydən öncə duyğularla qavradığımız predmet və hadisələrdir. Göstərdikləri obyektlərə münasibətindən, xarakterindən asılı olaraq, işarələrin üç növünü göstərə bilərik:
1.İndeks (göstəricisi) işarələri; 2.Obraz işarələri; 3.Simvol-rəmz işarələri.
Məntiqi təhlildə dil işarə sistemi kimi nəzərdən keçirilir. İşarə nədir? İşarə – idrak prosesində istifadə olunan maddi obyektdir. Yuxarıda işarələrin üç növünü (1.İndeks, 2.Obraz, 3.Simvol) qeyd etmişdik. Hər bir oxucu, tələbə işarələrin idrakı əhəmiyyətini, mənasını yaxşı mənimsəyərsə, onda fikri dəqiq və aydın ifadə edə bilər. Müəllimlik təcrübəmdə hiss etmişəm ki, çox vaxt tələbələrimiz verilən işarələrin mənasını anlamadıqlarından ona uyğun fikir gətirə bilmirlər. Bu da onlarda yaradıcı, məntiqi təfəkkürün zəif inkişaf etməsini aşkara çıxarır. Sadə bir formulu nəzərdən keçirək: Əgər M-Q-dirsə, onda Z-F-dir. Bu formulu fikirlə ifadə edək: Əgər hardansa tüstü çıxarsa, deməli, orada od var.
İndeks işarələri – onların səbəblərinin nəticəsi kimi təmsil etdiyi obyektlərlə əlaqəsidir. Məsələn, tüstünün qalxması odun olmasının, insanın istiliyinin olması onun xəstələnməsinin, başın ağrıması – insanda təzyiqin az və ya çoxluğunun, civə sütununun qalxması, aşağı düşməsi – atmosfer təzyiqinin dəyişilməsinin göstəricisidir.
Obraz işarələri – onları təmsil edən obyektlərlə oxşarlığıdır (xəritə, çertyojlar, tablolar, sxemlər, şəkillər, yol işarələri, barmaq izləri və s.).
Simvol işarələrinin – onları təmsil edən obyektlərlə heç bir əlaqəsi və oxşarlığı yoxdur. Bu işarələrin əksəriyyəti sözlərdir, təbii dilin adlarıdır (notlar, milli dillərin əlifbasındakı hərflər, Morze əlifbasının işarələri və s.).
Məntiqin müstəsnalığı ondadır ki, axırıncı növdən olan işarələrlə əməliyyat aparır. Ona görə də məntiqdə hər bir işarənin predmet və məna əhəmiyyəti vardır. Predmet əhəmiyyəti işarələrdə ifadə olunan obyektlərin özüdür. Məna əhəmiyyəti obyektin xarakteristikasıdır, obyekt haqqında verilən informasiyadır. Çox vaxt obyektin predmet mənasını sadə, məzmun əhəmiyyətini isə əsas məna hesab edirlər. Obyektin məzmun mənası onu ifadə edən işarələrdən ayırmağa imkan verir və deyilir ki, işarənin əhəmiyyəti onun məna funksiyasıdır. Yadda saxlamalı ki, bəzi işarələrin mənası yoxdur, ona görə ki, onların göstərdikləri mövcud olmayan obyektlərdir, onların haqqında informasiya yoxdur. Məsələn, "5-5" ifadəsinə müəyyən rəqəmi bildirən maddi obyekt kimi baxmaq olar. Bu ədəd işarənin mənasını bildirir. "5-5" ifadəsi "o" ədədi haqqında bəzi informasiyanı özündə daşıyır ki, bu da işarənin mənasıdır.
İdrak prosesində işarələrin rolunu qədim yunan alimi Aristotel tədqiq etmişdir, sonrakı dövrlərdə bu problemlə Leybnits və b. məşğul olmuşlar. İşarələr haqqında təlim XIX əsrdə linqvistikanın və simvolik məntiqin inkişafı ilə əlaqədar daha da inkişaf edir. Amerikan alimi Ç.Pirs işarələr haqqında xüsusi elmin – semiotikanın əsasını qoymuşdur. Bu elmin bir-birilə bağlı olan üç bölməsini, aspektini yığcam formada bir-birindən fərqləndirməyi hər bir oxucu, alim və ziyalı bilməlidir.
Sintaksis – işarələr arasındakı əlaqələrin tədqiq olunduğu semiotika sahəsidir (dil ifadələrinin qurulması və dəyişilmə qaydaları və s.). Bu tədqiqatın gedişində işarələrin məna və əhəmiyyətindən uzaqlaşırıq.
Semantika – semiotikanın elə aspektidir ki, işarələrin onu təmsil edən işarələrlə əlaqəsi, başqa sözlə, işarələrin mənaları tədqiq olunur. "Semantik məntiq" anlayışı da buradan götürülmüşdür.
Proqmatika isə insanın işarələrə münasibətini öyrənir, yəni, işarə ünsiyyəti prosesində insanlar arasındakı əlaqələr tədqiq olunur.
1.Adlar haqqında
İşarələrin növlərindən biri ad olduğundan və adlar barəsində müasir elmi ədəbiyyatda dolaşıq, yanlış mülahizələr söyləndiyindən bu məsələyə də müəyyən səhifələr ayırmağı və mövqeyimizi bildirməyi önəmli saydıq. Adlar haqqındakı təlimə adlandırmaq nəzəriyyəsi deyilir. Bu nəzəriyyə alman alimi Q.Freqe (1848-1925) tərəfindən işlənmişdir. Onun yaradılmasında amerikan məntiqçisi R.Karnapın (1891-1970), A.Çercin və Sovet məntiqçilərindən E.Voyşvillonun dəyərli xidmətləri vardır.
Adlandırma nəzəriyyəsinin əsas anlayışı adlardır.
Ad, hər şeydən əvvəl hər hansı bir predmeti ifadə edən söz, yaxud söz birləşməsidir. Adlar işarə sayılır və onların məna və əhəmiyyət kəsb etdiyini heç kəs inkar etmir. Adların mənası – onlarda ifadə olunan predmetlərdir. Adların predmet mənası çox vaxt denotat, özləri isə desiqnat, nominat, mənası, yaxud məzmunu isə konsept (ümumi anlayış, təsəvvür) adlanır. Adların mənası dedikdə, bir də onu ifadə edən predmetlər haqqında alınan informasiyalar başa düşülür.
Lakin biz bəzi tədqiqatçıların adları məntiqi kateqoriya səviyyəsinə qaldırması fikrilə həmrəy deyilik, çünki kateqoriya elmdə daha geniş həcmli anlayışdır və onun cinsi yoxdur. Digər tərəfdən, məntiqdə fundamental anlayışlar bunlardır: "məntiqi forma", "məntiqi qanun", "anlayış", "hökm", "əqli nəticə", "sübut" və başqaları.
Başqa bir məsələyə də toxunmamaq olmur. Məntiqi "ağıl mərhələsinə uyğun bir anlamda öyrənmək" təklifi, mülahizəsi arqumenti olmayan, dolaşıq bir fikirdir. Çünki məntiqin normativ və praktik bir elm olması çoxəsrlik praktikada sübut olunmuşdur.
İdrak prosesində iki növ adları da bir-birindən fərqləndirmək vacibdir. Bir predmeti və bir neçə predmeti bildirən adlar vardır, buna uyğun olaraq, fərdi və ümumi adlar bölgüsünü işlətmək təbii olardı. Buna Günəş, Ü.Hacıbəyov, Azərbaycanın paytaxtı, tələbə, bitki, dövlət və bu kimi sözləri nümunə gətirmək olar.
Eyni həcmli, müxtəlif məzmunlu adlar da ola bilər. "Azərbaycanda inkişaf etmiş ən böyük şəhər", "Azərbaycanın paytaxtı". Eyni mənalı və müxtəlif həcmli adlar da vardır. Gerçəklikdə olmayan predmetləri (təfəkkürdən xaricdə) ifadə edən adlar da vardır. "Xəzər altında şəhər", "ölümsüz canlı", "Antraktidada şəhər" kimi sözləri göstərmək olar. Bu cür sözlərə xəyali sözlər də deyilir. Mənası gerçəklikdə mövcud olan predmetlərlə bağlı sözlər isə həqiqi sözlərdir. Soruşula bilər ki, bütün sözlərin mənası vardırmı? Freqe, Çerç hesab edirlər ki, bütün sözlərin mənası vardır. Voyşvillo buna mənfi cavab verir. O, öz baxışını arqumentləşdirərək, anlamına görə adları iki növə bölür: 1.Xüsusi anlamı olan və 2.Xüsusi anlamı olmayan adlar. "Avropada ən böyük çay", "Dünyada ən böyük göl". Bu adların anlamı onların strukturu ilə müəyyən olunur, buna təsviri adlar da deyilir. Xüsusi mənası olmayan qeyri-təsviri adlar isə "Volqa", "Xəzər" tipli sözlərdir. Bəzi qeyri-təsviri adların əhəmiyyəti var, ancaq mənası yoxdur, çünki bu adlar predmeti ifadə etsə də, onların haqqında heç bir informasiya daşımır, razılıq əsasında tətbiq olunur.
Adların tətbiqi üç prinsipə tabedir. Bunları bilməyin metodoloji əhəmiyyəti ondadır ki, bunlar insanı müəyyən məntiqi yanılmalardan qoruyur. Bu prinsiplər aşağıdakılardır: 1.Predmetlilik prinsipi; 2.Eynimənalılıq prinsipi və 3.Qarşılıqlı əvəzolunma prinsipi.
Predmetlilik prinsipində mülahizələrdə (hökmdə, fikirdə) adların mənası, özü haqqında heç nə iqrar və inkar olunmur. Belə hallar predmetlilik prinsipilə ziddiyyət təşkil etmir. Məsələn, "əşyalar birincidir, ideyalar törəmədir" hökmündə "əşya – obyektin, gerçəklikdəki maddi cisimlərin adlarıdır". "Varlıq – fəlsəfi kateqoriyadır" hökmündə isə "varlıq" adın, yaxud kateqoriyanın adıdır.
Eynimənalılıq prinsipi tələb edir ki, araşdırdığımız obyekt (istər bir predmet, istərsə də bir sinfə aid olan predmetlər çoxluğu olsun) haqqındakı söz sinfin bütün ünsürləri üçün ortaq olsun, çoxmənalığa yol verilməsin. Lakin təbii dildə bu prinsipə həmişə əməl olunmur. Süni dillərin (predikatların məntiqi dili) qurulmasında da bu prinsipi gözləmək vacibdir.
Qarşılıqlı əvəzolunma prinsipində iqrar olunur ki, mürəkkəb adlarda hissə dəyişdirilərsə, çıxış etdiyimiz mürəkkəb adın da mənası dəyişəcəkdir. Belə bir hökmü nəzərdən keçirək: "Mars Günəş ətrafında hərlənir". Burada sözlər də həqiqidir, məna da doğrudur. İndi "Günəş" adını gətirilən hökmdə "Günəş sisteminin mərkəzi cismi" adı ilə əvəz edək. Aydın olur ki, bu adların mənası birdir. Bu cür əvəzolunma nəticəsində həqiqi hökmdən həqiqi nəticə alırıq.
Görünür, qarşılıqlı əvəzolunma prinsipi təbiidir. Bununla belə adları ona zidd olan adlarla əvəz etməklə nümunə gətirmək olar. Belə bir hökmü nəzərdən keçirək: "Ptolomey hesab edirdi ki, Günəş Yer ətrafında fırlanır". Burada "Günəş" adını "Günəş sisteminin mərkəzi cismi" adı ilə əvəz etdikdə yenə eyni mənanı alırıq. Sonda isə yalan hökm alınır.
Qarşılıqlı əvəzolunma prinsipində bu cür uyğunsuzluğa adlandırma münasibətinin antinomiyası deyilir.
"Qarşılıqlı əvəzolunma prinsipini necə qorumaq və antinomiyalardan necə qaçmaq olar?" sualında adların tətbiqinin iki üsulunu fərqləndirmək gərəkdir. Birinci üslubda adlar sadəcə mövcud olan predmetləri ayırır. İkincidə adlarla ifadə olunan predmetlər müəyyən aspektdə nəzərdən keçirilir. Adlardan ikinci mənada istifadə olunarsa, onu başqa adlarla və həmin məna ilə əvəz etmək olar. Ptolomey "Günəş" və "Günəş sisteminin mərkəzi cismi" adlarını eyni mənada götürürdüsə, bunlar bir mənanı bildirirdi.
Lakin o vaxt Ptolomey hesab etsəydi ki, "Günəş Yer ətrafında fırlanır" bu yalan olardı. Dəyişmə nəticəsində alınan hökm də yalan olacaqdı: "Ptolomey hesab edirdi ki. Günəş sisteminin mərkəzi cismi Yer ətrafında hərlənir".
Dilçilikdə işlədilən semantik kateqoriyalar haqqında da yığcam məlumat vermək istərdik.
1.Dil ifadələrinin semantik kateqoriyaları.
Dil ifadələri, hansı obyektləri əks etdirmələrindən asılı olaraq siniflərə bölünür. Bu siniflər semantik kateqoriyalar adlanır. Bu mövzuda iş apararkən semantik kateqoriyalar içərisində cümlələrin və onların tərkibində müstəqil rol oynayan cümlə üzvlərinin nəzərdən keçirilməsi diqqət mərkəzində durmalıdır.
Hökmləri, sualları, konkret normaları ifadə etməsindən asılı olaraq cümlələri üç sinfə ayırmaq olar.
Sadə cümlələrə daxil olan və onlarda müstəqil rol oynayan ifadələr içərisində deskriptiv və məntiqi terminləri fərqləndirmək vacibdir.
Deskriptiv terminlərə 1.Fərdi adlar; 2.Ümumi adlar; 3.Xassələrin işarələri və münasibətlər; 4.Əlamətlərin işarələri; 5.Funksional işarələr aiddir.
Fikrimizdə bir əşya, predmet, hadisə əks olunursa, bunlar fərdidir, ikidən çox cisim ifadə olunarsa, ümumidir. Məsələn, "Azərbaycan müəllimi" qəzeti və Ü.Hacıbəyovun "Koroğlu" operası (fərdi); "Cəmiyyət", "Bitki", "Torpaq" (ümumi); və s.
Xassə – predmet və hadisələrin bir-birindən fərqli cəhətləridir. Biz insanları müqayisə etsək, deyə bilərik ki, bunlardan biri uca boyludur, o biri orta boyludur; biri qara rənglidir, o biri sarıdır və s.
Münasibət – xassədən onunla fərqlənir ki, doğru, yaxud yalan hökm almaq üçün onu fikirlərdəki predmetlərin bir neçəsinə aid edirik. Məsələn, Şəki Zaqataladan böyükdür, "8 15-dən kiçikdir" və s.
Bir çox dərsliklərdə "xassə" və "münasibət" sözləri müəyyən mənada eyniləşdirilir. Xassə münasibətlər sinfinə aid edilir və onları biryerli münasibət adlandırırlar. Götürülən predmetlərdən asılı olaraq, ikiyerli, üçyerli münasibətlər də vardır. Əgər desək ki, "Tovuz rayonu Qazax və Şəmkirin arasında yerləşir", burada üçyerli münasibətdən söhbət gedir.
Əlamət – hər hansı bir predmetdə başqa predmetlərlə müqayisədə bu və başqa xassənin, yaxud əlaqənin olması, yaxud yoxluğudur. Əslində, əlamət xassələrin toplusudur. Məsələn, "Bu gül qırmızı rəngdədir" hökmündə həmin güldə qırmızılığın varlığı təsdiq olunur. Burada "qırmızı rəngdədir" söz birləşməsi əlamətin işarəsidir, "qırmızı" sözü isə xassənin işarəsidir. "Gəncə Şəmkirdən böyükdür" hökmündə "böyük" sözü qoşa predmetlərin – Gəncə, Şəmkir əlamətinin işarəsidir. Bu hökmün məzmununu başqa cür də ifadə etmək olar: "Gəncə böyükdür, nəinki Şəmkir". Burada "böyükdür" əlamətin işarəsidir, "nəinki" – əlaqə işarəsidir.
Bir tərəfdən ümumi adlar, digər tərəfdən xassələrin işarələri və münasibətləri arasında həmişə fərqli cəhətləri göstərmək olmur. Məsələn, "qırmızı" sözünü kontekstdən (mətndən) kənarda xassənin işarəsi, həm də ümumi adlar hesab etmək olar. Sonuncu halda bu ümumi ad qırmızı predmetlərin adlarıdır.
Predikatlar məntiqinin qurulmasında biz xassəni predmetlərin ümumi adları kimi başa düşməliyik.
Funksional işarələr – predmet funksiyalarını ifadə edən sözlər, yaxud xüsusi işarələridir.
"Funksiya" anlayışı konkret bir hadisədən asılı olaraq onun dəyişməsilə dəyişən hadisədir. Ümumiyyətlə, funksiya obyektin təsvirinə uyğun gələn hadisədir. Burada bir və ya bir neçə predmet götürülə bilər. Funksiyanın müəyyən etdiyi sahə onun mənası ilə bağlıdır. Məsələn, sadə bir tərifi nəzərdən keçirək: "Spidometr gedilən məsafəni və sürəti ölçən cihazdır". Bu funksional tərifdir, çünki həmin cihazın funksiyasını bildirir. Buna predmet funksiyası da deyilir.
Bu bölmədə məntiqi əlaqələri yaxşı mənimsətmək məqsədilə terminlər haqqında da məlumat vermək istərdik. Birincisi, termin müəyyən elm, yaxud bir-birilə əlaqəli olan elmlər qrupu sahəsində həqiqiliyi müəyyən olunan və eyni mənanı bildirən söz, yaxud söz birləşməsidir. Hər bir elm sahəsində işlədilən elmi terminlər sistemi vardır. Bundan fərqli olaraq, konkret fikir proseslərinin əlaqəsini bildirən əsas məntiqi terminlər də vardır ki, onlar aşağıdakılardır: "var", "yox", "və", "və yaxud", "əgər…o", "doğru deyil ki", "hər cür" ("hər bir"), "bütün", "bəzi" və s. Bu terminlərdən bəziləri, məsələn "və", "və yaxud", "əgər…o" və başqaları gerçəklikdəki əlaqələri ifadə edir. Bu əlaqələr qeyri-məntiqi əlaqələrdən fərqli olaraq məntiqi (deskriptiv) əlaqələr adlanır.
Belə bir hökmü nəzərdən keçirək: "Əgər Mahmudlunun ailə üzvlərinin heç biri şərəfli adam deyilsə və Qurban da onun ailə üzvüdürsə, onda Qurban da şərəfli adam deyil." Müəyyən edək ki, bu ifadələr hansı məntiqi kateqoriyalara aiddir, hissələri hansılardır. Bu hökmdəki "əgər… o", "heç bir" ("hamısı"), "deyil", "var", "və" sözləri məntiqi terminlərdir, "Mahmudlunun ailə üzvü", "şərəfli adam" – predikat, "Qurban" – fərdi addır.
Təfəkkür prosesinin mahiyyətinin aşkara çıxarılmasında ən mühüm vasitə olan dilin funksiyalarını yığcam formada tələbələrin və oxucuların nəzərinə çatdırmağı lazım bilirik, çünki bəzi dilçilərin özləri də bu funksiyaları bir-birindən aydın fərqləndirə bilmirlər. Dilin funksiyaları, tətbiqi elə əsas problemdir ki, onlar kommunikasiya və idrak prosesində dillə həll olunur.
1.Dil gerçəklikdə mövcud olan durumların, baş verən olayların təsviridir; 2.Dilin funksiyalarından biri də insanı müəyyən tapşırıqları yerinə yetirməyə vadar etməkdir; 3.Dil cürbəcür duyğuların ifadəsidir, ona xidmət edir. 4.Dildən dünyanın və sosial proseslərin sözlərlə dəyişilməsində də istifadə olunur; 5.Dilin əsas funksiyalarından biri də durum və gedişləri dəyərləndirmək qabiliyyətidir. Burada söhbət nəzərdən keçirilən predmet və hadisələrə müsbət, mənfi və yaxud neytral yanaşmadan gedir.
Bir çox alimlər dilin təsviri və qiymətləndirici funksiyasına xüsusilə geniş yer verirlər ki, bu da təsadüfi deyildir, çünki bu funksiyalar idrak prosesinin iki qütbünü xatırladır; dəyərləndirmə anlayışı həqiqət kimi universaldır.
Bəşəriyyətin mənəvi mədəniyyətinin intellektual nüvəsini təşkil edən məntiqin sosial proseslərin inkişafı və tənzimlənməsində müsbət rolunu, əhəmiyyətini anlamaq istəməyən aidiyyəti təşkilatların nümayəndələri üçün bu elmin funksiyalarını bir daha açıqlamaq istərdik.
1.Bu elmin idrakı funksiyası vardır. Bütün elmlər kimi, məntiqin də əsas problemi obyektiv qanunların kəşfi və öyrənilməsidir; fərq ondadır ki, məntiqdə əsas diqqət təfəkkür qanunları üzərinə salınır.
Gerçəkliyi dərk etmənin ümumi sistemində mühüm yer tutan məntiq elmi sosial proseslərin izahında və baş verəcək hadisələrin öncədən görülməsində vacib yer tutur, biliklərimizi artırır, ağlımızı itiləyir.
2.Məntiq dünyagörüşü funksiyasıdır. Təbiətşünaslıqda və ictimai elmlərdə təfəkkür gerçəkliyin dərkində bir vasitədirsə, məntiqdə birbaşa idrakın məqsədidir. Məntiq təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələri öyrənməklə, təfəkkürün ümumi qanunauyğunluqlarını aşkara çıxarır, fəlsəfənin fundamental problemlərinin həllinə kömək edir. Məntiq insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynamaqla, bizə ümumiləşmiş dəqiq, dolğun biliklər verir
3.Metodoloji funksiyadır. Bütün elmi nəzəriyyələr kimi məntiq də qabaqcadan dərk olunan predmet və hadisələrin gələcək nəticəsidir, hadisələrin dərindən, hərtərəfli öyrənilməsi metodudur, Məntiqdə tətbiq olunan konkret xüsusi metodlar (analiz, sintez, ümumiləşdirmə, məhdudlaşdırma, deduksiya, induksiya, traduksiya və s.) bütün təfəkkür formalarının təhlilini və yekun biliklərin alınmasının əsasını təşkil edir. Bunların bazasında yaranan və bütün elmlərdə tətbiq olunan dialektik metodun da rolunu heç cür azaltmaq olmaz.
4.Məntiqin ideoloji funksiyasına gəldikdə, deməliyik ki, bu elm ideoloji mübarizədən kənarda inkişaf etməmişdir. Məntiq hər zaman müəyyən ideologiyaların əsaslandırılması və mübarizəsində insanların əlində tutarlı bir yaraq olmuşdur.
Bu bölmədə mənəvi mədəniyyətin formalaşmasında məntiqin rolunu ətraflı izləmək istəyən oxucu Dərsliyin 57-66-cı səhifəsinə baxa bilər.
Məntiqin qısa tarixi
Məntiq qədim və zəngin tarixi olan elmlərdəndir. Cəmiyyətin meydana gəlməsi və inkişafı ilə məntiqi biliklər, məntiqi nəzəriyyələr yaranmağa başlayır. Məntiqin bir elm kimi inkişafı tarixilə maraqlanmaq istəyən hər bir oxucuya Dərsliyin 67-94-cü səhifələrini nəzərdən keçirməyi məsləhət bilirik.
Bununla belə, sadə məlumat naminə oxuculara və tələbələrə məntiqin tarixindən müəyyən fraqmentləri çatdırmağı faydalı sayırıq.
Məntiq elmi haqqında ilkin biliklərə qədim Hindistan və Çin fəlsəfəsində rast gəlirik. Məntiqi biliklər daha səmərəli formada b.e.ə. VI əsrdə Yunanıstanda və Hindistanda yayılmağa başlayır. Hind məntiqinin ənənələri əsasında Çində, Yaponiyada, İndoneziyada, Seylonda, Tibetdə və s. ölkələrdə, yunan məntiqinin əsasında isə Şərqi və Qərbi Avropa ölkələrində, Yaxın Şərqdə məntiqi təlimlər yayılmağa başlayır.
Məntiq əvvəlcə ritorikanın hissəsi kimi, natiqlik sənətinin inkişafı ilə bağlı öyrənilirdi. Qədim Yunanıstanda məntiq elminin problemlərilə məşğul olan, tədqiqat aparan alimlərdən Demokritin, Platonun, Sokratın və b. adlarını çəkmək olar. Platonun "Məntiq haqqında" geniş həcmli əsəri də olmuşdur. Lakin bu elmin banisi antiq dövrün böyük mütəfəkkiri, yunan fəlsəfəsinin nəhənglərindən olan Aristotel olmuşdur. Aristotel ilk dəfə özünə qədər olan məntiqi bilikləri sistemləşdirərək, təfəkkürün məntiqi formalarını (anlayış, hökm, əqli nəticə, sübut), qaydalarını və üç qanunu (eyniyyət, ziddiyyətsizlik, üçüncünü istisna) elmə daxil etmişdir. Məntiqin kafi əsas qanunu isə XVII-XVIII əsrlərdə yaşamış alman alimi Q.V.Leybnis tərəfindən kəşf olunmuşdur.
Aristotel məntiqə aid bir çox əsərlər yazmışdır. Sonralar onun şərhçiləri bu əsərləri "Orqanon" (biliyin silahı) adı altında birləşdirərək çap etmişdilər.
Aristotelin məntiq təlimində qismən təhriflər olsa da, sonralar davamçıları tərəfindən bu təlim təkmilləşdirilərək daha da inkişaf etdirilir və ənənəvi məntiq adlandırılır. Buna formal məntiq də deyilir və sözün hərfi mənasında yox, təfəkkürün formalarını xüsusi tədqiqat obyekti kimi öyrəndiyindən bu cür adlanır. XX əsrin əvvəllərində isə, hələ keçmişdə alman alimi Q.V.Leybnisin dediyi kimi, məntiq elmində özünəməxsus inqilab baş verir, bunun nəticəsində simvolik, yaxud riyazi məntiq yaranır (simvolik məntiqin yaranması ideyasını da Leybnis vermişdir).
Mühakimə prosesinin hesablamalara tətbiqi ideyasının mümkünlüyü və səmərəliliyi haqqında Leybnisin verdiyi ideya bir çox illər ərzində inkişaf etməmişdi və tətbiq olunmamışdı. Simvolik məntiq XIX əsrin ortalarından yaradılmağa başlasa da, onun inkişafı C.Bul, Morqan, C.Pirs, Q.Freqe və digər görkəmli alimlərin adı ilə bağlıdır. Simvolik məntiqə aid ilk kapital əsər Rassel və A.Uaytxed ("Prinçipia matematika") tərəfindən yazılmışdır. Rus alimlərindən P.Poreskinin, E.Buniskinin və b. da simvolik məntiqin yaranmasında böyük xidmətləri olmuşdur.
Beləliklə, XX əsrin əvvəllərində simvolik məntiq ənənəvi məntiqin keyfiyyətcə müstəqil bölməsi kimi qanuni şəklə salınır. Ənənəvi məntiq tərəfindən qoyulan problemlərin həllinə riyazi metodların tətbiqi XX yüzilliyin əvvəllərində məntiqdə baş vermiş inqilablardan irəli gəlirdi. Bu təbii bir proses idi. Lakin ənənəvi məntiqdə riyazi metodlardan istifadə olunsa da, riyazi məntiq onu əvəz edə bilməz, çünki riyazi məntiq fikrin məzmununu aşkara çıxara bilmir. Buna görə də ənənəvi məntiq öz müstəqilliyini indi də saxlayır və onun problemlərini riyazi məntiq heç vaxt həll edə bilməyəcəkdir.
Məntiq elminin inkişafında ən yüksək mərhələni XIX əsrin ortalarında meydana gələn dialektik məntiq təşkil edir. Onun əsasını Hegel qoymuşdur. Lakin bu elmin də mənşəyi lap qədimlərə gedib çıxır, çünki təfəkkürün dialektikası ideyaları öz başlanğıcını Şərq və antiq yunan fəlsəfəsindən götürür. Hələ b.e.ə. VI-V əsrlərdə qədim yunan klassikləri dialektik məntiqin əsas kateqoriyalarından istifadə edirdilər, lakin onlar bu kateqoriyaları sistem halında birləşdirə bilmədiklərindən məntiq müstəqil elmə çevrilməmişdi. Dialektik məntiqin inkişafında Platon və Aristotelin xidmətləri çoxdur. Aristotelin əsərlərində dialektik məntiqin bir çox ünsürlərinə rast gəlmək olar, çünki onun məntiqi axtarışlarla doludur.
İkinci mövzu
MƏNTİQ VƏ METODOLOGİYA
1. Elmi idrakın metodologiyasında məntiqin yeri
Elmi idrakda məntiq elmi bir sıra funksiyaları yerinə yetirir ki, bunlardan biri də metodoloji funksiyadır. Bu funksiyanı təsvir etmək üçün ilk növbədə metodologiya anlayışını təhlil etməliyik.
"Metodologiya" sözü "metod" və "logiya" sözlərindən əmələ gəlmişdir; logiya, loqos isə çoxmənalı yunan sözü olub nitq, zəka, mühakimə yürütmək, qısa şəkildə "təlim" deməkdir. Deməli, metodologiya – metod haqqında təlimdir. "Metod" sözünü dəqiqləşdirməzdən, metodologiya haqqında bir qədər geniş məlumat vermək istədik. Mövcud elmi ədəbiyyatda metodologiya anlayışı bir neçə mənada işlənir: 1.Təbiət və cəmiyyət hadisələrinə yanaşma üsulu haqqında təlim, F.Engelsin dediyi kimi, metod haqqında təlim; 2.Məqsədə çatmaq, müəyyən məsələnin həllində istifadə olunan yol və üsullar haqqında təlim, baxış, nəzəriyyə; 3.Tədqiqat üsulları haqqında təlim – metodika kimi; 4.Elmin müxtəlif sahələrində tətbiq olunan tədqiqat üsullarının məcmusu, başqa sözlə, elmi metod.
H.Kondakov isə "Məntiq lüğəti" kitabında metodologiya anlayışına idrak və gerçəkliyin dəyişdirilməsi metodları haqqında təlim, dünyagörüşü prinsiplərinin idrak prosesinə, mənəvi fəaliyyətə və praktikaya tətbiqi kimi tərif verir. Metodologiyaya bu və başqa elm sahəsində tətbiq olunan müəyyən metodlar sistemi kimi də tərif vermək olar. Konkret deyilsə, metodologiya gerçəkliyin dərki və dəyişdirilməsinin ideal vasitələri sistemi, yaxud bu vasitələr haqqında təlimdir. Məntiq fikrin inkişaf və əlaqələrindəki qanunauyğunluqları öyrəndiyindən, metodologiya da bu qanunauyğunluqlar haqqında təlimdir.
Alimlərdən, Y.Andreyevin və M.Mosteranenkonun fikrincə, metod əlavə biliklərlə əlaqədar olduğundan metodologiyanın iki hissədən ibarət olduğunu demək olar: 1.İdrakın prinsipləri haqqında və 2.Tədqiqatın bu prinsiplər üzərində yüksələn qayda və üsulları haqqında.
Bir məqamı oxucuların nəzərinə çatdırmağı gərəkli bilirik. Metodoloji prinsipləri dünyagörüşündən fərqləndirmək lazımdır. Bu məsələnin izahında elmdə təsviri və təyinedici olmaqla iki aspekt fərqləndirilir. Dünyagörüşü elmin təsviri, metodologiya isə təyinedici tərəfidir. Dünyagörüşü sözün geniş mənasında – gerçəklik haqqında insanın praktik fəaliyyətində nail olduğu bütöv biliklər sistemidir. Bu biliklər sisteminin əsasını isə fəlsəfi və məntiqi dünyagörüşü təşkil edir.
Dünyagörüşü prinsiplərindən fərqli olaraq, metodoloji prinsiplər idrak prosesinin həyata keçirilməsində və əməli fəaliyyətdə tədqiqatçılara yol göstərir. Metodoloji prinsiplərin müəyyən qanunlar əsasında idrak və praktika prosesində hazırlanır. Məsələn, nəzərdən keçirilən hər bir obyektin, predmetin obyektiv və hərtərəfli öyrənilməsi prinsipi. Sosial idrakın özündə ikinci qəbildən olan hadisələrdən səbəbə yox, əksinə, səbəblərdən, bazis olan hadisələrdən ona uyğun nəticələr çıxarılır.
Formal məntiq tərəfindən işlənilmiş metodoloji vasitələr elmi idrakın metodoloji strukturunda başqa rol oynayır və başqa cür yer tutur. Ənənəvi məntiqin prinsiplərini, metod və üsullarını idrak prosesinin bütün sahələrində fəaliyyət göstərən ümumi metodologiya kimi vermək fikri də yanlışdır. Ümumi metodologiya rolunu ancaq dialektik təfəkkür, yaxud dialektik məntiq oynaya bilər. Formal məntiqdə və bir çox digər elmlərdə tətbiq olunan metod və üsullar sosial idrakda müəyyən funksiyaları yerinə yetirir ki, bunlar xüsusi elmi-metodoloji vasitələrdir. Bunlardan idarəçilik sahəsində ən optimal qərarların çıxarılmasında tətbiq olunan məntiqin cəbri metodlarını göstərmək olar.
İdrakın prinsip, metod və üsulları arasında mütləq sərhəd çəkmək çətindir. Məsələn, daha çox sadə metodları idrakı, yaxud praktik fəaliyyətin üsulları və əksinə hesab etmək olar. Ona görə də, məntiqi metodologiya formal və dialektik məntiqin metodoloji vasitələrini özündə birləşdirir.
Metodologiya ilə bağlı olan digər bir anlayış da metoddur. Heç bir elm sahəsində idrak metodları olmadan inkişafdan danışmaq olmaz, çünki idrak metodları tədqiqatçının, alimin işini yönəltməklə, onun düzgün nəticələrə gəlməsinə kömək edir. Təfəkkür prosesi müəyyən qayda və qanunauyğunluqlara tabe olmasaydı, həqiqi nəticələrə gələ bilməzdik. Hər bir insan, tədqiqatçı qarşıya qoyduğu məqsədə çatmaq üçün müəyyən üsul və yollardan istifadə edir. Rus fizioloqu İ.Pavlovun dediyi kimi, elmi tədqiqatın bütün ciddiliyi metoddan, fəaliyyət üsulundan asılıdır. Tədqiqatçı da belədir əslində. O, düzgün metoda yiyələnərsə, çox şeyə nail olar. Fransız riyaziyyatçısı Laplas bu mənada deyirdi ki, müəyyən kəşf etmiş alimin istifadə etdiyi metodu öyrənmək elm üçün heç də onun kəşfindən az əhəmiyyətli deyildir.
Elmi ədəbiyyatda "metod" sözü iki mənada işlənir.
Birincisi, metod idrakın və gerçəkliyin dəyişdirilməsinin ideal vasitələrinin sistemi, yəni, bütöv metodologiya mənasında. "Metod" sözü bu mənada işləndikdə, dialektik metod, nəzəri fizikanın metodu, Bekonun metodu və s. haqqında danışmaq olar.
İkincisi, metod termini (metodologiyanın elementi kimi) insan fəaliyyətinin idraki əməliyyat və mərhələlərinin arzu olunan nəticələrə uğurla çatmasına səbəb olan ardıcıllığı mənasında başa düşülə bilər. Burada idrak prosesinin ümumi istiqamətini müəyyən edən fəlsəfi, xüsusilə ən ümumi dialektik metoddan və müxtəlif elm sahələrində tətbiq olunan xüsusi metodlardan – alqoritmlərdən danışmaq yerinə düşər.
Hadisə və proseslərin genişlik dərəcəsinə nəzərən metodları üç qrupa bölmək olar:
1.Gerçəkliyin bütün sahələrində (təbiət, cəmiyyət və təfəkkürdə) tətbiq olunan dialektik metod;
2.Bir çox bilik sahələrində tətbiq olunan ümumi metodlar (təhlil və tərkib, deduksiya və induksiya, traduksiya və modelləşdirmə və s.);
3.Müxtəlif elm sahələrində, konkret biliklər hüdudunda tətbiq olunan xüsusi metodlar (riyazi induksiya metodu, biologiyada – hibridləşdirmə, kosmoqoniyada – radioaktiv parçalanma metodu və i.a.).
İdrakın üsulları da metodologiyanın tərkib hissələrindəndir. Bunlar idraki, yaxud praktik fəaliyyətin nisbətən sadə üsullarını təmsil edir, qarşıya qoyulan məqsədə uğurla çatmağa səbəb olan hər hansı metodun hissəsi kimi çıxış edən qaydalardır. Vurğulamaq yerinə düşər ki, idrak prosesinin prinsip, metod və üsulları arasında mütləq sərhəd yoxdur. Ona görə ki, daha çox sadə metodları idraki, yaxud praktik fəaliyyətin üsulları və əksinə hesab etmək olar.
Məntiqi metodologiya özündə həm formal, həm dialektik məntiqin vasitələrini birləşdirir.
Dialektik məntiqin prinsip, metod və üsulları daha çox ümumi səciyyə daşıyır. Təbiidir ki, elmi idrakın özü dialektik məntiqin prinsip, metod və üsullarının tətbiqindən başlayır və tədqiqata ümumi istiqamət verir. Elmi idrakın metodologiyasında dialektik məntiqin tədqiqat predmetini təmsil edən biliyin inkişaf formaları xüsusi rol oynayır. Bu formalar idrakın prinsip, metod və üsullarının təşkilolunma ardıcıllığı vasitələri kimi çıxış edir. Biliyin dialektik-məntiqi inkişaf formalarının nümunələri isə problem, fərziyyə və nəzəriyyədir.
Formal məntiq tərəfindən hazırlanmış metodoloji vasitələr isə elmi idrakın metodoloji strukturunda başqa rolu yerinə yetirir və başqa cür yer tutur. Formal məntiqin prinsip, metod və üsulları idrak prosesinin bütün gedişində fəaliyyət göstərir və ümumi metodologiya rolunu oynayır, hər cür digər metodoloji vasitələrin tətbiqinə imkan yaradır. Lakin bu rolu mütləqləşdirmək olmaz. Elmi ədəbiyyatda bəzən belə fikirlərə də təsadüf edirik ki, idrakda formal məntiqin prinsiplərindən çıxış etmək zəruridir. Bu cür mülahizələr yanlışdır və neqativ nəticələrə gətirib çıxara bilər, çünki bəzən alınan biliklər formal və dialektik məntiqdə səthi informasiyalara əsaslanır.
2. Formal məntiqin əsas prinsipləri
Formal məntiqin əsas prinsipləri (qanunları) bunlardır: eyniyyət, ziddiyyətsizlik, üçüncünü istisna və kafi əsas. Məntiqin bu prinsipləri, başqa elmlərdə tətbiq olunan prinsiplərdən fərqli olaraq, ən çox ümumi tələbləri ifadə edir; fikirlərimizi və fikirlərdə aparılan məntiqi əməliyyatları təmin edir. Bu qanunların mühakimə prosesində düzgün ümumiləşdirmələr aparılmasında və yekun biliklərinin alınmasında mühüm idraki və metodoloji əhəmiyyəti vardır.
Eyniyyət prinsipi təfəkkürün müəyyənliyi tələbini təmin edir. Bu qanun təfəkkür prosesində işlətdiyimiz konkret terminin, anlayışın dəyişməməsini, eyni mənanı saxlamasını tələb edir. Mühakimənin gedişində anlayışın mənası dəyişərsə, düzgün məntiqi nəticələr çıxarmaq olmur. Məsələn, desək ki, “dil insanlar arasında gündəlik ünsiyyət vasitəsidir", “dil ağız boşluğunda yerləşir". Bu hökmlərdən nəticə çıxarsaq ki, ağız boşluğunda yerləşən hər şey ünsiyyət vasitəsidir, bu, yanlış nəticədir, çünki dil sözü burada müxtəlif mənalarda işlənir (həm mənəvi, həm də cisim, orqan mənasında). Məntiqdə bu cür səhvlərə terminlərin dərdləşməsi deyilir.
Obyektiv gerçəklikdə predmet və hadisələr dəyişdiyinə və inkişaf etdiyinə görə, onları əks etdirən fikirlər də dəyişir. Ona görə də mühakimə prosesində anlayışı qeyd-şərtsiz olaraq dəyişmək mümkün deyildir. Başqa sözlə, anlayış dəyişdikdə, eyniyyət prinsipi yanlış prinsip halına düşür.
Eyniyyət prinsipinə riayət etmək düzgün təfəkkürün ən zəruri şərtlərindən biridir. Bəzən müxtəlif anlayışların eyni söz və söz birləşmələrilə ifadə olunmasında bu prinsip pozulur. Hər bir sözü, anlayışı öz yerində və dəqiq işlətməyin özü məntiqiliyin, məntiqi mədəniyyətin təzahürüdür. Ona görə də çox vaxt deyilir ki, sözlər üstündə mübahisə etmək ağılsızlıqdır, mübahisə prosesində hər bir anlayışın mənasını aydınlaşdırmaq daha vacibdir. Hər bir sözün, ifadənin, cümlənin öz məntiqi mənası vardır.
Qısaca bir söhbəti oxucuların diqqətinə çatdırmaq burada yerinə düşər. Özünü "savadlı", "yüksək intellektli tarixçi alim" sayan, adlı bir şəxs söhbət əsnasında təşkilatçı, xeyirxah, görkəmli bir alim haqqında dedi ki, onun atası yaxşı adam idi. O dəqiqə bir neçə nəfərin yanında dedim ki, "məntiqsiz danışırsan, sənin sözündən belə çıxır ki, özü pis adamdır; desəydin ki, rəhmətlik atası da yaxşı adam idi, onda məntiqi nəticə çıxardı ki, özü də yaxşı adamdır". Görün “da“ hissəciyi mənanı necə dəyişdi?!
Təfəkkür qanunları fikirlərimiz arasındakı mühüm, önəmli, gərəkli, daxili, sabit və təkrarlanan əlaqə və münasibətləri ifadə etdiyindən, onun mənbəyini gerçəklikdəki predmet və hadisələrdən ayırmaq olmaz. Bunlar gerçəklikdəki qanunauyğunluqların şüurumuzda şəkli dəyişilmiş, sistemləşmiş inikaslarıdır. Deməli, predmet və hadisələrin əlaqələri, sistemliliyi təfəkkürün əlaqə və qaydalarını müəyyənləşdirir. Təfəkkürdə bu prosesin özü məzmunlu və formal olmaqla iki yöndə gedir.
Müəllimlik təcrübəmdən və bu elmin tədrisində yaranan çətinliklərdən çıxardığım nəticə belə bir fikri söyləməyə əsas verir ki, məntiqi öyrənməyə başlayan tələbələrimizin əksəriyyəti eyniyyət qanununun mahiyyətini çətin dərk edirlər. Bu çətinliyin səbəbini həmin qanunun yanlış şərhində axtarmaq olar. Dərsliklərin çoxunda yazılır ki, "fikrimizdəki hər bir obyekt, hər bir predmet necə varsa, olduğu kimi öz-özünə bərabərdir". Məsələn, A-A-dır formulunun yerinə müəyyən anlayışları qoyduqda taftoloji yanlışlar alınır. "Metal-metaldır", "tələbə-tələbədir", "cinayət-cinayətdir" və s. Eyniyyət qanununun bu cür şərhi iki cəhətdən səhvdir: 1.Bu qanunda fikrin deyil, gerçəklikdəki predmet və hadisələrin eyniyyətindən danışılır.
Subyektiv xarakter daşıyan təfəkkür qanunlarını gerçəklik qanunları ilə tam mənada eyniləşdirmək yanlış fikirdir.
2. Bu qanunu metafizikcəsinə şərh edirlər, tərifdə eyniyyətin nisbiliyi nəzərə alınmır. Eyniyyətə əbədi, dəyişməz, mütləq bir şey kimi baxmaq doğru deyil. Hər bir şey dəyişir, inkişaf edir. Prof.Çelpanov mütləq eyniyyəti nəzərdə tutaraq yazırdı ki, "fikirləşdiyimiz hər şey özlüyündə eyniyyətini saxlamalıdır". Q.Struve də bu mövqedə dururdu. Onun fikrincə, "əgər A fikri doğrudursa, həmişə və hər yerdə A-A-dır".
Həqiqət isə proses olduğundan onun şərhinə bu cür yanaşmaq yanlışdır. Həqiqətə əbədi, dəyişilməz bir proses kimi baxsaq, idrakın inkişaf yollarına sərhəd çəkmiş olarıq, müəyyən şəraitdə həqiqi olan fikir başqa bir vaxtda, başqa bir baxımdan yalan ola bilər (dünya sosializm sistemini yada salmaq olar).
Eyniyyət qanunu fikirdə yayğınlığa, qeyri-müəyyənliyə, ikimənalığa yol verməməyi tələb edir. Predmet və hadisələrin dəyişilməsilə onların məzmunu da dəyişir. Metafizik mənada eyniyyət prinsipi – keçmiş dünyagörüşünün əsas prinsipidir: a=a. Nəzəriyyə sahəsində bu prinsip qalsa da, təbiətşünaslığın hər bir addımında təkzib olunur. Hegel bu qanunun mahiyyətini dərindən aşkara çıxara bilmədiyindən qeyd edirdi ki, "təfəkkürün bu qanunu məzmunsuzdur və fikri irəliyə doğru apara bilmir". Eyniyyət qanununun elementarlığına baxmayaraq, ondan yalnız sadə mühakimələrdə yox, ciddi elmi-nəzəri diskusiyalarda da istifadə olunur. Dialektik məntiqdə "eyniyyət" anlayışına gerçəkliyin ən ümumi inkişaf prosesində nisbi sabitlik məqamı kimi baxılır. Anlayışların dəyişməsi, elastikliyi idrak prosesinin əsas şərti kimi götürülür.
Cinayət işlərinin açılmasında, təsnifatında da hüquqşünas fikrinin dəqiqliyi və yayğınsızlığının mühüm idraki əhəmiyyəti vardır. İstintaq praktikasında eyniyyət qanununa əsaslanan iki cür istintaq işini (tanıma və eyniləşdirmə) fərqləndirmək vacib məsələdir.
Formal məntiqin əsas prinsiplərindən biri də "ziddiyyətsizlik"dir. Bu prinsip təfəkkürün ardıcıllığı tələbini müəyyən edir. Onun mahiyyəti belə ifadə olunur: eyni vaxtda, eyni məna və münasibətdə bir-birinə əks söylənilən iki fikrin ikisi də həqiqi ola bilməz. Burada bir məsələ açıq qalır: söylənilən əks hökmlərin ikisi də yalan ola bilər, lakin bu cür hökmlərin yalanlığı qanunla yox, praktika və konkret tədqiqat prosesində yoxlanılır.
Oxucularımız ziddiyyətsizlik qanununun məzmununu öyrənərkən, onun əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə əlaqəsini, fərqini bilməklə yanaşı, bu qanunun əks (A və E) və zidd hökmlərdə (A və O, E və Y) tətbiqini də yaddan çıxarmamalıdırlar.
Ziddiyyət prinsipi əks və zidd fikirlər arasında tətbiq olunduğundan, hökmlərin birində müəyyən xassə iqrar olunursa, digərində həmin xassə inkar olunur. Fikrin bu söz forması xalq arasında qarışıq, dolaşıq və məntiqsiz fikir kimi baxılır. Fikirlər arasındakı uyuşmazlıq, ziddiyyət "məntiqi ziddiyyət" adlanır, ona görə də uyuşan hökmlər eyniyyət adlanır, uyuşmayan hökmləri eyniləşdirmək yanlış fikirdir. Odur ki, ziddiyətsizlik prinsipinə riayət etmək zəruridir. Düzgün məntiqi təfəkkür şəraitində iqtisadi və siyasi təhlildə məntiqi ziddiyyətə yol verilməməlidir.
Mühakimələrdə ziddiyyətə bəzən açıq şəkildə rast gəlmirik. Məsələn, Sokratın məhşur bir müddəasını nəzərdən keçirək: "Mən onu bilirəm ki, heç nə bilmirəm”. Bu fikir özündə ziddiyyəti gizlədir. Əgər Sokrat nəyisə bilirsə, onda niyə deyir ki, heç nə bilmirəm? Əgər Sokrat heç nə bilmirsə, onda o bunu da bilmir. Digər tərəfdən Sokratın bu müddəasında bir təvazökarlıq əlaməti də var. Xalq şairi B.Vahabzadənin aşağıdakı beyti buna oxşardır. Orada məntiqi ziddiyyət olsa da, dərin məna vardır:
Bu sənət dünyasının qırıq telli sazıyam,
Bircə onu bilirəm ki, özümdən narazıyam.
Beləliklə, təfəkkürdə buraxılan məntiqi səhvlərin qarşısını almaq məqsədilə bir sıra şərtlərə əməl olunmalıdır: 1.Hər hansı predmetə konkret bir əlamətin aid olduğunu təsdiqləyir və onda başqa əlamətin olmadığını inkar ediriksə, burada məntiqi ziddiyyət yoxdur. Sadə bir nümunə gətirək: "M-in xəbərçilikdən zəhləsi gedir, çünki bu, insan adlanan varlığa yaraşmayan keyfiyyətdir". "M mərd və kişi adamdır, ona görə ki, çətin, çıxılmaz şəraitdə də öz sözünü şax demişdir".
2.Müxtəlif predmetlər haqqında yürüdülən fikirlər arasında ziddiyyət ola bilməz. Məsələn, “Vətəndaş” adlanan Z. mənəvi dəyərlərimizə hörmət etmir” və “Vətəndaş A. heç vaxt mənəvi dəyərlərimizin tənqidinə yol verməmişdir”.
3.Eyni predmet haqqında müxtəlif vaxtlarda iqrar və inkar edilən hökmlər arasında məntiqi ziddiyyət tapmaq çətindir. Tələbənin seminarların ilkin və sonrakı dövrləri arasında verdiyi cavabları müqayisə edib, nəticə çıxarmaq olar ki, “Fəridin cavabları zəif idi” və “Fəridin cavabları dəqiq, doğru və sübutedicidir”. Bu hökmlərin hər ikisi doğrudur.
4.Fikrimizdəki eyni predmetə müxtəlif münasibətlərdən baxılarsa, burada da məntiqi ziddiyyət ola bilməz.
Misal: "Tələbə Hikmət məntiqi yaxşı bilir, çünki onun biliyi lazımi tələblərə cavab verir", yaxud "Tələbə Hikmət məntiqi çox zəif bilir".
Ziddiyyətsizlik qanununu düzgün dərk etməyin idraki və metodoloji əhəmiyyəti ondadır ki, insan bir çox çətin vəziyyətlərdən məntiqi təfəkkürlə çıxış yolları tapa bilir. Bəzi alimlər yanlış olaraq bu qanunun dialektik, hətta təfəkkürdəki ziddiyyətləri də aradan qaldırdığını iddia edirlər. Əksliklərin vəhdəti və mübarizəsi qanunu hər cür hərəkət və inkişafın mənbəyidir. Buna görə də hər bir oxucu 1.Real və 2.Məntiqi ziddiyyətləri bir-birindən fərqləndirməyi və əməli fəaliyyətində tətbiq etməyi bacarmalıdır. Real ziddiyyətlər canlı həyatın və gerçəkliyin özündən obyektiv surətdə irəli gəlir. Əməklə kapital, istehsalın ictimai xarakterilə mənimsəmənin xüsusi forması arasındakı ziddiyyət gerçəkdir, bunlar təfəkkürdən asılı deyildir. Təfəkkür qanunlarının pozulması nəticəsində əmələ gələn səhvlər isə məntiqi ziddiyyətlərə aiddir. Məntiqi ziddiyyətlər gerçək prosesin mahiyyətinin dərk olunmamasından da irəli gələ bilər. A.Smitin iqtisadi nəzəriyyəsində əsas və dövriyyə kapitalı əvvəlcə müstəqil kapital yığımı kimi verilir, sonra isə bu kapital eyni məhsuldar kapitalın hissəsi kimi şərh edilir, bununla da ticarət kapitalı əsas kapitalın əksinə qoyulur. Mühakimə prosesində buraxılan bu cür səhvlərə çox vaxt eklektik – qarmaqarışıq səhvlər də deyilir. Bu qəbildən olan səhvlərin çoxunun mənbəyi sosial-sinfi səbəblərdə axtarılmalıdır. Məntiqi ziddiyyətlər bəzən yanlış çıxış konsepsiyasından da irəli gəlir. İngilis siyasi iqtisadının nümayəndələrindən A.Smit və D.Rikardo ilk dəfə əmək dəyər nəzəriyyəsini yaratsalar da, istehsal prosesində yanlış olaraq dəyərlə izafi dəyəri eyniləşədirirdilər. Birisi bir-birini istisna edən iki mülahizənin ikisini də həqiqət kimi qəbul edirsə, məntiqi ziddiyyətə yol verir. Turgenevin "Rudin" romanında deyildiyi kimi, "Əqidə yoxdur" və "Əqidə vardır". Eklektikanın əzabkeşi adlandırdığımız bir "alim" öz mülahizələrinin "doğruluğunu" əsaslandırmaq məqsədilə inad edirdi ki, elmdə prinsip deyilən şey yoxdur. Onunla apardığımız uzun söhbət və izahatdan sonra etiraf etdi ki, "elmdə prinsip vardır". Bu fikrin özündə də məntiqi ziddiyyətə yol verilmişdir. Məntiqi ziddiyyətin qabarıq nümunəsinə Molla Nəsrəddinin "Qazan əhvalatı" hekayəsində də rast gəlirik. Molla Nəsrəddinin varlı və simic qonşusuna verdiyi cavaba diqqət yetirək: "Məmnuniyyətlə qazanı sizə qaytarardım, qonşu, təəssüf ki, qazan öldü. Qonşu narazı halda bildirir ki, nə boş-boş danışırsan qazan da ölə bilər? Molla cavab verir ki, qazan ölə bilməzsə, doğa da bilməz? Doğan ölər də“.
Biz məntiqi ziddiyyətlərdən şüurlu şəkildə istifadə olunmasına lətifələrdə də rast gəlirik. Dövrümüzlə səsləşən "Reklam" adlı bir Qabrova lətifəsində deyilir:
– Deməli, bu yeni parçadır?
– Elə dünən birbaşa fabrikdən alınmışdır!
– Bu parça rəngi solmayandırmı?
– Siz nə danışırsınız?! Bir aydan çoxdur ki, mağazada şərqidən asılıb və ona heç nə olmayıb".
Çox vaxt elmi idrakın özündə də məntiqi ziddiyyətlərə yol verilir ki, bunlar da müxtəlif xarakter daşıyır. Bu cür ziddiyyətlərə sözlərin özünün birləşməsində də rast gəlirik. Məsələn, "Qızdırılmış buz", "Dairəvi kvadrat", "İti bucaqlı dairəvi stol", "Gurultulu sakitlik" və i.a. Ayrı-ayrı müddəalar, bütöv nəzəriyyələr, ictimai-siyasi və fəlsəfi mövqelər, sistemlər arasında da məntiqi ziddiyyətlərə də yol verilə bilər. Məsələn, Hegelin sistemilə metodu arasındakı ziddiyyət bunun bariz nümunəsidir.
Hüquqi sənədlərdə, qanunlarda da çoxlu məntiqi ziddiyyətlərə yol verilir. Bu sahəyə xüsusi diqqət vermək daha vacibdir, çünki orada söhbət dövlət quruculuğu məsələlərindən və insan taleyindən gedir. Ziddiyyətlərə ən çox eyni qanun daxilində (onun müxtəlif məqamları arasında), fəaliyyətdə olan və yeni qəbul olunan qanunlar, yaxud qanun qüvvəsinə malik olan hüquqi aktlar, beynəlxalq hüquqi normalarla ayrı-ayrı ölkələrin qanunları arasında rast gəlirik. Bu cür ziddiyyətləri aradan qaldırmağın yollarından biri qüvvədə olan qanunların sistemə salınmasıdır. Başqa bir çıxış yolu hər bir ölkənin, dövlətin ali qanunu sayılan konstitusiyanın digər hüquqi qanunlar qarşısında birinciliyi prinsipinə əməl olunmasıdır.
Məntiqi təfəkkürün əsas xassələrini (müəyyənlik, məntiqilik, sübutluluq) özündə birləşdirən və ziddiyyət qanunu ilə üzvi əlaqədə olan qanunlardan biri də üçüncünü istisna qanunudur. Bu qanun onların arasında tamamlayıcı funksiyasını yerinə yetirməklə nisbi müstəqilliyə malikdir və özünün fəaliyyət sahəsi vardır. Aristotel "Metafizika" əsərində yazırdı ki, bir-birilə ziddiyyət təşkil edən iki hökm arasında heç bir şey ola bilməz, subyekt haqqında hər cür ayrıca predikat iqrar, yaxud inkar oluna bilər. Bəzi məntiq kitablarında yazılır ki, bu qanunun tələbinə görə bir-birini inkar edən iki hökmdən biri hökmən doğru olmalıdır. Bu mülahizəni həqiqət kimi qəbul etmək olmur, çünki eyni vaxtda söylənilən fikrin ikisi də yalan ola bilər, digər tərəfdən bu qanunun bu cür təfsiri onun tələblərinə uyğun gəlmir. Qanunun düzgün izahı belədir: eyni predmet, hadisə haqqında eyni vaxtda, məna və münasibətdə bir-birinə zidd söylənilən iki fikrin ikisi də yalan ola bilməz; onlardan biri yalan, o biri doğru olur, üçüncü istisna olunur. Başqa sözlə, öz fikirlərimizi elə dəqiqləşdirməliyik ki, alternativ suallara cavab vermək mümkün olsun. Tutaq ki, belə bir sual verilmişdir: "Bu iş cinayətdirmi, yaxud cinayət işi deyildirmi?" Bu işdə cinayətin izi dəqiq müəyyən olunmayıbsa, bu suala cavab vermək mümkün deyil. Başqa bir sual verilsə ki, "Günəş çıxıb, yaxud çıxmayıb?", onda insan belə bir durumda qalır: Günəş şüaları üfüqdən yuxarı qalxıbsa, Günəş hələ çıxmayıb.
Verilmiş sualı dəqiqləşdirməklə, burada iki hökmdən istifadə olunur. Biri digərini inkar edən iki hökmdən biri hökmən həqiqi olur, üçüncüsü verilmir. Beləliklə də, üçüncünü istisna prinsipinin əsasında duran müddəa belədir: bir-birini inkar edən iki hökmdən biri doğrudur.
Bu qanunların arasındakı əlaqənin idraki-metodoloji əhəmiyyətini dərk etməyin elmi biliklərin inkişafında mühüm əhəmiyyəti var. Bunların hər birində təfəkkür prosesində meydana çıxan məntiqi ziddiyyətlərin qarşısını almaqdan danışılır. Odur ki, yuxarıda söhbət açdığımız iki qanunun spesifik xassələrini oxucuların diqqətinə bir qədər ətraflı çatdırmağı faydalı hesab edirik. Birincisi, ziddiyyət prinsipində əks hökmlərdən, üçüncünü istisnada zidd hökmlərdən söhbət gedir. İkincisi, ziddiyyət qanununda ifadə olunan fikrin ikisi də yalan ola bilər, üçüncünü istisnada buna yol verilmir. Bu qanuna çox vaxt latınca "tertium non datur", yəni "üçüncü verilməyib" də deyilir. Oxucu bir məqamı da bilməlidir ki, zidd hökmlərdən hansının məzmunca həqiqi olduğunu üçüncünü istisna qanunu aşkara çıxarmır, onun həqiqiliyi praktika ilə yoxlanılır. Qanunda bir-birini istisna edən alternativlərdən birini qəbul edərkən, ümumi iqrari hökmün təkzibi məqsədilə xüsusi inkari hökmdən kafi əsas kimi istifadə olunur. Nəzərdən qaçırmaq olmaz ki, ziddiyyət qanunu əks və zidd hökmlərdə, üçüncünü istisna isə yalnız zidd hökmlər arasında (A və O; E və Y) tətbiq olunur.
Bu qanunun idrak prosesində rolunu, yeni biliklərin alınmasında əhəmiyyətini hər bir oxucu öz praktikasında müşahidə edə bilər. Alman riyaziyyatçısı Hilbertin ifadəsincə, bu qanunun riyaziyyatda və başqa elmlərdə idraki əhəmiyyətini görməmək, astronomdan teleskopu almaq, boksçuya yumruqdan istifadəni qadağan etmək kimi bir şeydir. Hegelin fikrincə, üçüncünü istisna dərkedici ağlın qanunu olsa da, ziddiyyətlərdən uzaqlaşmaq istərkən, insan yenə də ona qayıdır. Hegelə görə, A özü üçüncüdür, çünki A həm +A, həm də -A-dır; A özü isə istisna edilən üçüncüdür.
Üçüncünü istisna qanunu da hər cür ziddiyyətdən yox, məntiqi ziddiyyətlərdən söhbət gedir, ona görə də Hegelin yuxarıdakı fikrinə haqq qazandırmaq olmaz. Digər tərəfdən, +A və -A-dan A-nı çıxarmaq mümkün deyil. "Bu sahə çəmənlikdir" (+A) və "Bu sahə çəmənlik deyil" (-A) hökmlərdən "ümumiyyətlə çəmənlikdir" biliyini almaq olmur. Hegel, yanlış olaraq, dialektik və məntiqi ziddiyyətləri eyniləşdirirdi; elə hesab edirdi ki, guya bu qanun obyektiv ziddiyyətləri də inkar edir. Fikrin yalanlığı o dəqiqə aşkara çıxır. Bu qanun gerçəklikdəki ziddiyyətləri inkar etsəydi, gerçəkliyin dərkində və təfəkkür prosesində onun heç bir idraki və metodoloji əhəmiyyəti olmazdı. Dialektik ziddiyyətlər dialektika və dialektik məntiq tərəfindən tədqiq olunur. Konkret desək, bu qanun predmet və hadisələrdə zidd xassələrin, aspektlərin olmasını inkar etmir, dialektik ziddiyyətləri mümkün sayır. (Məntiqi qanunların geniş təhlilinə Dərsliyin XIII fəslində baxa bilərsiniz.)
Üçüncünü istisna qanunu əsasında təfəkkürdə baş verə biləcək səhvlərin qarşısını almaq üçün bir sıra şərtlər tələb olunur. 1. Eyni vaxtda, məna və münasibətdə fərdi cisim haqqında söylənilən fikirlərin ikisi də gerçək ola bilməz. Məsələn, "B. xəbərçiliklə məşğuldur" və "B. xəbərçiliklə məşğul olmur". Burada üçüncü hökm istisna olunur, çünki burada iki variantdan ("ya və yaxud" prinsipi üzrə) birinin seçilməsi tələb olunur. Bu cür alternativ suallarda üçüncü alternativ axtarmağa imkan verilmir. Romada belə bir zərb-məsəl yaranmışdı: "Aut Caesar, aut nihil" ("ya Sezar, ya heç nə"); "Hər şey, yaxud heç nə", "Yaşamaq ya ölüm", "Mübarizədə ya irəli, ya da geri" və i.a.
Müasir şəraitdə birmənalı çıxış yolu tələb edən alternativlərə də tez-tez təsadüf edirik: "Ya hamının gücü ilə bütün aləm azad olacaqdır, ya da bütün sivilizasiya məhv olacaqdır". "Bütün xalq öz ərazi bütövlüyü uğrunda ya ardıcıl mübarizəyə başlamalıdır, ya da biabırçı sülhə razı olmalıdır" və s.
Bəzən çıxış yolu tapmaq tələbinin pozulması müxtəlif formalarda aşkara çıxır. Antik dövrdən zəmanəmizə gəlib çatan bir zarafatı yada salaq:
1."Sən öz atanı döyməyi tərk etmisənmi tərgitmisənmi?" əgər desən ki, "tərgitmişəm", bu o deməkdir ki, döyürdün. "Tərgitməmişəm" cavabı alınarsa, nəticə çıxır ki, şəxs öz atasını döyməkdə davam edir. Üçüncü variant doğru cavabdır. "Mən atamı heç vaxt döyməmişəm və döymərəm də".
2.İki zidd fikrin ikisi də eyni vaxtda həqiqi olmur. Məhkəmənin çıxardığı bir qərarı nəzərdən keçirək. Çıxarılan qərar bəraətverici, yaxud ittihamedici olur. Heç vaxt bəraətverici-ittihamedici qərar çıxarıla bilməz.
3.İki zidd hökmdən (A və O; E və Y) hər ikisi eyni vaxtda nə həqiqi olur, nə də yalan, biri doğru olanda o biri yalan olmalıdır. Hüquqşünas işi "ya və ya" formulu ilə həll edir. Məsələn, bu fakt "ya müəyyən olunub, ya da olunmayıb". "Müttəhim ya günahkardır, ya günahkar deyil."
Məntiqin ziddiyyət qanunu kimi, bu qanun da predmet və hadisələrin dəyişmə və inkişafını, bir keyfiyyətdən başqasına keçmələrini inkar etmir, ancaq dərketmə prosesində səhvlərə yol verməməyi tələb edir.
Oxucu qanunvericilik praktikasında da bu qanunun tətbiq olunduğunu yaxşı mənimsəməlidir, çünki burada alternativ suallardan çox istifadə olunur.
Formal məntiqin əsas prinsiplərindən biri də kafi əsasdır. Bu qanunda düzgün təfəkkürün əsas xassələrindən biri – sübutluluq məqamı önəmli yer tutur. Kafi əsas prinsipi tələb edir ki, hər cür fikir, müddəa əsaslandırılsın. Fikrin həqiqiliyi inam, etiqad kimi qəbul olunarsa, bu fikir əsaslandırılmış sayılmır. Qanun ona görə kafi əsas adlanır ki, o, praktikada həqiqiliyi yoxlanılmış və qəbul olunmuş hökmlərdən digər fikirlərin məntiqi qaydalarla alınmasıdır. İnsan kafi əsas kimi həmişə aksiomlardan, postulatlardan, faktlardan, qanunlardan, elmdə həqiqiliyi yoxlanılmış tərif və teoremlərdən istifadə edir.
Bu qanunu çox vaxt qısaca belə də formulə edirlər: hər cür sübut olunmuş fikrin kafi əsası vardır. Kafi əsas prinsipinə əməl olunmadıqda, alınan müddəa boş sözçülükdən ibarət olur.
Qədim yunan alimlərindən Levkip və Demokrit kafi əsas qanununun formulunu vermiş, bütün hadisələrdə səbəb-nəticə əlaqələrinin olduğunu qeyd etmişlər. Bu qanun elmə alman alimi Leybnits tərəfindən daxil edilmişdir. Onun fikrincə, "Heç bir hadisə kafi əsası olmadan həqiqi, yaxud yalan ola bilməz. Nə üçün məsələ başqa cür yox, bu cür qoyulur?" Leybnits bu qanunu bütün təcrübi həqiqətlərin əsas prinsipi hesab edirdi, ona görə də onun, bu qanunu varlıq və idrakın universal səbəbiyyət qanunu adlandırması yanlış idi. Bu fikri təfəkkürə tətbiq etdikdə, belə bir formulə alınır: heç bir hökmü kafi əsası olmadan həqiqət kimi qəbul etmək olmaz.
Kafi əsas qanununun şərhində hər bir tələbə, oxucu a) real əsasla, b) məntiqi əsası bir-birindən fərqləndirməyi bacarmalıdır, onun idraki və metodoloji əhəmiyyətini konkret misallarla izah etməlidir. Nəzərdən qaçırmamalıdır ki, real əsas hadisəni, prosesi doğuran səbəbdirsə, məntiqi əsas mülahizələrimizi əsaslandırmaq məqsədilə gətirilən yeni hökmlərdir.
"Hovuzda su donmuşdur" hökmünün həqiqiliyini əsaslandırmaq məqsədilə kafi əsas kimi "Təbiətdə atmosfer dəyişmişdir" fikrini gətiririk. Hər bir hadisədə real əsas məntiqi əsasa, məntiqi əsas isə real əsasa çevrilə bilər. Kafi əsas qanununun tələblərindən irəli gələn müəyyən şərtləri də yığcam formada oxuculara çatdırmaq olar:
1.Hər cür fikir dəlilləşdirilməli və sübut olunmalıdır;
2.Hər bir müddəa, fikir o vaxt həqiqi, məntiqi hesab olunmalıdır ki, onun kafi əsası olsun, gerçəkliyi olduğu kimi əks etdirsin;
3. Bu qanun təfəkkür prosesində dolaşıq, məntiqsiz fikirlərə yol verməməyi tələb edir;
4. Təfəkkürün məntiqi qanunları qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Bu şərtlərə riayət etməyin insanın praktik fəaliyyətində və elmi nəzəriyyələrin inkişafında mühüm metodoloji əhəmiyyəti vardır.
3. Dialektik məntiqin əsas prinsipləri
Predmet və hadisələrin dərkində dialektik məntiqin prinsiplərinə əsaslanmaq həqiqi biliklərə yiyələnməyin zəruri şərtidir. Belə metodoloji prinsiplərdən biri predmet və hadisənin öyrənilməsindəki obyektivlik tələbidir. Bu o deməkdir ki, predmet subyektiv əlavələrə yol verilmədən, olduğu kimi öyrənilməlidir. Bu prinsip fəlsəfənin əsas məsələsinin düzgün həlli zərurətindən irəli gəlir, başqa sözlə, bizim obyekt haqqında fikirlərimizdən yox, obyektin özündən çıxış etmək lazımdır, çünki təfəkkür predmetə tabedir, predmet təfəkkürə yox. Təfəkkür predmet və hadisələrin tərəflərinin qarşılıqlı daxili əlaqə və asılılığının məntiqini aşkara çıxarmalıdır.
Sosial idrakda istifadə olunan obyektivlik prinsipi yalnız obyektin özündən, onun fəaliyyət və inkişaf qanunlarından irəli gələn tələbləri deyil, maddi və ideoloji münasibətlərin, o cümlədən obyektiv və subyektiv amillərin də dəqiq fərqləndirilməsi tələblərini özündə birləşdirir. Obyektivlik prinsipindən belə düzgün spesifik istifadə sayəsində subyekt sosial hadisələrin dərkində düzgün istiqamət götürə bilər. Məsələn, cinayətkarlığın proqnazlaşdırılması başqa sosial hadisələrə münasibətdə ikinci hadisə hesab olunur. Cinayət işinin proqnozlaşdırılmasında əvvəlcə cinayətin dinamikasına, səviyyəsinə, strukturuna təsir edən başlıca amillərin, proseslərin arxasınca gedib onları aşkara çıxarmaq daha önəmlidir. Proqnozların hazırlanması ilk növbədə iqtisadçıların, sosioloqların, demoqrafların, sonra isə kriminoloqların vəzifəsidir.
Predmetin öyrənilməsi prinsipinin mühüm nəticəsi kimi hadisələrdən onların səbəblərinə doğru getmək yox, əksinə, birinci hadisələrdən, səbəblərdən çıxış edərək bütün mümkün olan nəticələri aşkara çıxarmaq lazımdır. K.Marksın dediyi kimi, təhlil vasitəsilə real həyatın özündən çıxış etməklə hadisələrin nüvəsini tapmaq daha asandır. Buna isə vahid elmi metod olan dialektik metod imkan yaradır. Cinayətkarlığa bu metodu tətbiq etdikdə onu belə formulə etmək olar: cinayətkarlıqdan onun səbəblərinə doğru yox, həyatın, şəraitin verdiyi faktlardan gözlənilən hüquq pozuntularını üzə çıxarmağa doğru getmək lazımdır.
Obyektivlik prinsipinin digər nəticəsi konkretlik prinsipidir ki, bu da obyektin öyrənilməsində onun xüsusiyyətlərindən, mövcudluğunun spesifik şəraitindən çıxış etməyi tələb edir və burada predmetin tədqiq olunmasında istifadə olunan prinsip və metodlar onun daxili təbiətinin aşkara çıxarılmasına yönəldilir. Dialektik metod isə tarixi prosesin konkret məqamda, konkret şəraitdə obyektiv məzmununu nəzərə almağı tələb edir.
Konkretlik prinsipinin gözlənilməsi dialektik metodun universal, kilidaçan alətə çevrilməsinin qarşısını alır, ona görə də demək olmaz ki, bu metod hər cür elmi problemi həll etməyə qabildir. Tarixi tədqiqatlarda insan hazır tarixi şablonlardan istifadə edə bilməz, hər bir hadisəyə konkretlik prinsipindən yanaşmaq lazımdır, dialektik metodun isə üstünlüyünü nəzərə almaq vacibdir.
Dialektik məntiqin əsas prinsiplərindən biri də predmet və hadisələri bütün tərəflərilə əlaqə və münasibətlərdə nəzərdən keçirməkdir. Predmet və hadisələri həqiqətən bilmək üçün onların bütün tərəflərini, əlaqələrini öyrənmək lazımdır. Biz buna heç vaxt tamamilə nail olmasaq da, hərtərəfli öyrənmək tələbi bizi müəyyən səhvlərdən qoruyur. Bu prinsip dialektikanın ən ümumi əlaqələr haqqında elm olmasından irəli gəlir.
Dialektik metodun başqa bir vacib prinsipi tarixilikdir. Tarixilik tələb edir ki, predmet və hadisəni daim öz-özünə hərəkətdə, dəyişmədə və inkişafda nəzərdən keçirəsən, başqa sözlə, predmetin meydana gəlməsini, bir inkişaf halından digərinə keçməsini, indisini və gələcək vəziyyətini öyrənib, təsvir edəsən. Tarixilik ən ümumi inkişaf prinsipinin nəticəsidir. Sosial idrakda bu prinsipin mühüm rolu vardır. Ona görə də alim, ziyalı tarixi hadisələrin arxasınca sürünməməlidir, cəmiyyətdə gedən sosial proseslərdən düzgün məntiqi nəticələr çıxarmalıdır, faktlar əsasında ümumiləşdirmələr aparmalı, gələcək inkişaf prosesinin proqnozlarını verməlidir. Təəssüf ki, dövrümüzün tarixini yazanların içərisində məddah və nökərlərə də rast gəlirik, bunlar əslində tarixi yazanlar yox, yozanlardır. Əsl tarix yazanlar nökər olmurlar. Yadımdan çıxmaz ki, bir dəfə televiziyada bir tarixçi "İrəvanda xal qalmadı, o xal nə xaldır qoşa düzdürmüsən"… xalq mahnısına isnad edərək, həmin torpaqların da bizim olduğunu "sübut etməyə" cəhd edirdi, halbuki alim bu torpaqların azərbaycanlılara məxsus olmasını zəngin tarixi faktlarla, arxiv materialları ilə sübut etməli idi, bu barədə çoxlu sənədlər də vardır. Tarixçidən daha çox məsuliyyət tələb olunur, primitiv təfəkkürlü, şöhrət azarına tutulan, sofistliklə məşğul olan məddah alimlərdən cəmiyyətə xeyir yoxdur.
Tarixilik prinsipi tədqiq olunan obyektin, predmetin gerçəklikdə olduğu kimi təsvir edilməsi demək deyildir, obyektin bir inkişaf mərhələsindən başqasına keçməsinin qanunauyğunluqlarını aşkara çıxarmaqdır. Başqa sözlə, predmetin, obyektin xassə və əlaqələrini elmi şəkildə izah etməklə, onun mahiyyətini açmaqdır, gələcək inkişaf yollarını göstərməkdir. Bu fikir tarixiliklə məntiqiliyin üzvi əlaqəsini ifadə edir – fikrin inkişaf məntiqi tarixiliklə üst-üstə düşməlidir.
Biz dialektik məntiqin bir sıra başqa prinsiplərini də yığcam formada oxucuların mühakiməsinə veririk: 1.Predmet və hadisələrin əlaqə və münasibətlərinin dərindən və hərtərəfli tədqiqi; 2.Onların dəyişmə və inkişafda götürülməsi; 3.Predmetlərin vəhdətdə və əksliklərin mübarizəsi fonunda tədqiqi; 4.Analiz və sintezin tədqiqi; 5.İnsan biliklərinin sonsuz mütərəqqi inkişafı; 6.Hadisə və proseslərin dialektik inkarı; 7.Forma və məzmunun vəhdəti, mübarizəsi; 8.Kəmiyyət və keyfiyyət dəyişmələrinin qarşılıqlı surətdə bir-birinə keçməsi; 9.Vahidin ikiyə bölünməsi, onun bir-birinə zidd tərəflərinin dərki və s. Bu prinsip də əksliklərin vəhdəti və mübarizəsi qanunundan irəli gəlir.
Metodoloji prinsiplər idrakın və praktik fəaliyyətin metodları, üsulları və idrakın formaları ilə vəhdətdə dialektik metodun məğzini təşkil edir.
Təfəkkürdən bəhs edən formal və dialektik məntiqin konkret fərqli cəhətlərini öyrənmək istəyən hər bir oxucuya Dərsliyin 127-129-cu səhifəsini oxumağı məsləhət bilərdik.
Təfəkkürün formalarına nəzəri sistem kimi yanaşsaq, onun əsas tərkib hissələrindən biri anlayışlardır.
Üçüncü mövzu
ANLAYIŞ – TƏFƏKKÜR FORMASIDIR
Təfəkkür formalarının strukturunda əsas yer tutan və bütün fikir fəaliyyətinin "hüceyrəsini" təşkil edən anlayışların şərhində: 1.Anlayışların ümumi xarakteristikası, strukturu və funksiyaları; 2.Onların yaranmasında iştirak edən məntiqi üsullar; 3.Anlayışların növləri, onların arasındakı münasibət; 4.Anlayışlar üzərində aparılan intellektual-nitqi əməliyyatlar və bu kimi problemlərin önə çəkilməsini, dərkini və dərindən təhlilini zəruri sayırıq. Çünki bu yolla həmin mövzuların kommunikativ və metodoloji funksiyalarını geniş oxucu kütləsinə daha dolğun çatdırmaq olar.
Oxucu məntiqin bir elm kimi səciyyəvi cəhətlərini öyrəndikdən sonra bütöv bir nəzəri sistem olan təfəkkür formalarının sadə ünsürü hesab edilən anlayışların təhlilindən başlamalı, sonrakı mətnlərin qavranılmasında onların bir açar olduğunu təcrübəylə özü üçün yəqin etməlidir. Anlayışlar mövzusunun öyrənilməsinə təlabat ucsuz-bucaqsız kainatın sirlərini öyrənmək zərurətindən irəli gəlir. Anlayışların köməyilə gerçəklikdəki predmet və hadisələrin dərk edilməsi anadangəlmə keyfiyyət deyildir. Bu intellektual-nitqi əməliyyat təfəkkür praktikasında formalaşıb inkişaf edir. Anlayış fikirdir, ideal hadisədir, ona görə də ideal hadisələrin köməyi olmadan aləmi dərketmə mümkün deyil. İnsan predmet və hadisələrin mahiyyətini anlayışların vasitəsilə aşkara çıxarır, gerçəklik haqqında yeni-yeni biliklərə yiyələnir. Anlayışların səciyyəvi cəhətlərini aşkara çıxarmaq məqsədilə ilk növbədə onun gerçəkliyin inikas forması olduğu, və dillə, nitqlə də üzvi vəhdəti ön plana çəkilməlidir.
Obyektiv aləm sonsuz predmet və hadisələrdən ibarətdir. Bunlar bir-birindən az və ya çox dərəcədə fərqlənir. Məsələn, tələbə fərdləri bir-birindən və digər canlılardan milliyyətinə, xarakterinə görə fərqlənsə də, onlar oxşar əlamətlərdən də xali deyil. Bu o demək deyildir ki, obyektiv gerçəklik başdan-başa ayrıca, təcrid olunmuş predmet, hadisə və proseslərdən ibarətdir; obyektiv aləmin bütün predmetlərinin ümumi bir əlaməti vardır ki, o da maddilikdir. Bu halın özü idrak prosesinin məzmununu şərtləndirir. Buna görə də məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir qrup məntiqçilər anlayışları gerçəklikdən ayırırdılar, onların üzvi əlaqəsini izah edə bilmirdilər. Başqa qrup alimlər isə anlayışları gerçəkliklə eyniləşdirirdilər, onların keyfiyyət fərqini, spesifikliyini anlaya bilmirdi. Oxucu, tələbə bilməlidir ki, bu ifratçılıqdan qaçmağın əsas yolu anlayışların genezisini (mənşəyini) açmaqdır. Anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasında gerçəkliyin özünün predmetli xarakter daşıması, başqa sözlə, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin varlığı dayanır (məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar, dənizlər və i.a.).
Gerçəklikdəki predmet və hadisələrin həm oxşar, həm də fərqli cəhətləri vardır ki, onlar da əlamət adlanır. Cismin əlaməti onun başqa cisimlərlə oxşar, fərqli nişanələridir ki, bunlar da anlayışlarda ifadə olunur (dövlətin, böhranın, cinayətin əlamətləri, meyidin anatomik əlamətləri və i.a. haqqında həmişə konkret mühakimələr yürüdürük). İnsanlar ünsiyyət prosesində anlayışlardan istifadə etməsəydi, onda biri-birlərini anlaya bilməzdilər.
Anlayışlar məntiqin əsas tədqiqat predmeti olmaqla, hökmlərin, əqli nəticələrin, hipotezlərin, sübutların, elmi nəzəriyyələrin, yekun biliklərinin qurulması üçün tədqiqat predmeti və vasitəsidir.
Məhkəmə üçün belə bir faktın xüsusi əhəmiyyəti ondadır ki, dəlilləşdirmə və qərarların qəbulu gedişində anlayışlar mühüm rol oynayır. Həqiqətən bir çox mübahisələr, diskussiyalar tərəflərin istifadə etdikləri anlayışların aydın olmaması, dolaşıqlığı və qeyri-dəqiqliyindən irəli gəlir.
Tələbələrimiz çox vaxt predmetin, hadisənin əlamətlərini bir-birindən fərqləndirə bilmirlər. Bunun başlıca səbəbi orta məktəblərdə müxtəlif fənlər üzrə tədrisin zəif qurulmasındadır. Predmetin əlamətləri çoxdur və bunlar cürbəcür xarakter daşıyır. Onları ümumi, fərqləndirici, mühüm, qeyri-mühüm, zəruri, təsadüfi və s. növlərə ayırmaq olar. Bu bölgünün özü də nisbi səciyyə daşıyır, şəraitdən, vaxtdan asılı olaraq biri digərinə çevrilir. Əlamətləri qruplaşdırsaq onları mühüm (cisim və hadisənin daxili təbiətini, mahiyyətini əks etdirən əlamətlər) və qeyri-mühüm (predmetin mahiyyətini əks etdirməyən) olmaqla iki qrupa ayırmaq olar. Məsələn, insanın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi, psixiatriya xəstəxanasına salınması "cinayət” anlayışının məzmununa daxildirsə, fərdin ixtisası, cinayətin nəticələri, iştirakçıların sayı, əvvəlcədən danışıqların olub-olmaması, silah tətbiq etmək qorxusu və s. mühüm olmayan əlamətlərdir.
Bu izahatdan sonra anlayışa belə tərif vermək olar:
Anlayış – ayrıca predmetin, yaxud həmcins predmetlər sinfinin mühüm və fərqləndirici əlamətlərini əks etdirən mücərrəd təfəkkür formasıdır.
Deməli, birincisi, anlayış abstraksiyanın, dəqiq desək, predmetlərin mühüm, başlıca və fərqləndirici xassələrinin qeyri-mühüm, təsadüfi və ikinci dərəcəli əlamətlərdən fikirdə ayrılmasıdır. İkincisi, bu xassələr ümumiləşmə kimi vahid söz, yaxud sözlər qrupunda ifadə olunmalıdır.
Hər bir anlayışda mühüm və fərqləndirici əlamətlərin cəmi əks olunur. Bunların hər biri ayrılıqda da zəruridir, birlikdə isə əhəmiyyətləri ondadır ki, nəzərdən keçirdiyimiz predmeti digər predmetlər sinfindən daha hərtərəfli fərqləndirə bilirik.
K.Marks "Feyerbax haqqında tezislər"ində inandırıcı surətdə insanın mahiyyətini aşkara çıxararaq yazırdı ki, "insanın mahiyyəti ayrıca fərdə aid olan abstrakt bir şey deyildir. Həqiqətən insan bütün ictimai münasibətlərin məcmusudur". Bu əlamətin özü insanın daxili təbiətini aşkara çıxardığına görə mühüm əlamət sayılır.
Bəzən tələbələr fərqləndirici əlamətləri ümumidən ayıra bilmirlər. Bu baxımdan, onlar bilməlidilər ki, fərqləndirici əlamətlər ancaq öyrəndiyimiz predmetlər sinfinə aid olanlardır. Məsələn, dövlətin konstitusiyasına danışıqsız əməl etmək, onun hüquqi normalarına uyğun fəaliyyət göstərmək, məhkəmə hakimiyyətinin nüfuzuna, obyektivliyinə, ədalətliliyinə və qərəzsizliyinə zərər gətirə bilən hər şeydən qaçınmaq, yuxarı orqanların verdikləri qanunlara, göstərişlərə, qərarlara uyğun hərəkət etmək "hakim" anlayışının fərqləndirici əlamətləridir.
Fərqləndirici olmayan əlamətlər yalnız həmin predmetlərə aid olmayanlardır. Məsələn, aktyorların öz iş yerində müxtəlif personajların qiyafələrində görünmələri, çıxış etmələri buna misal ola bilər.
Anlayışlar predmetin mühüm əlamətlərini əks etdirsə də, onların fərdi əlamətlərinin bütün zənginliyini əhatə edə bilmirlər. Bu mənada onlar idrakın hissi formalarından zəifdir. Lakin insan mühüm olmayan, təsadüfi əlamətlərdən uzaqlaşsa da, anlayışların köməyilə gerçəkliyin dərinliklərinə varıb, onu daha dolğun əks etdirir.
Anlayışlarda əks olunan əlamətlərin və predmetlərin kəmiyyətinə görə hər bir anlayışı məzmun və həcm baxımından səciyyələndirmək olar. Bu mövzunun izahında tələbələr çətinlik çəkirlər. Onlar yaxşı bilməlidirlər ki, hansı elm olursa-olsun orada işlədilən anlayışların hər birinin məzmun və həcmi var, bunların əlaqəsi isə anlayışın məntiqi quruluşunu (strukturunu) təşkil edir. Onda soruşula bilər ki, "məzmun" və "həcm" anlayışlarını necə başa düşmək olar.
"Anlayışın məzmunu" dedikdə, anlayışlarda əks olunan predmetin, yaxud həmcins predmetlər sinfinin əsas, mühüm və fərqləndirici əlamətlərinin məcmusu, cəmi başa düşülür. Məsələn, "məhkəmə hakimiyyəti" anlayışının məzmununa – dövlət hakimiyyətinin spesifik orqanı, vətəndaşların hüquq və azadlıqlarını təmin edən sosial təsisat, mübahisə edən tərəflərin hər birinin özünə məxsus münsiflərinin olması, cəmiyyətə və vətəndaşlara birinin digəri qarşısında hüquq və vəzifələrini qorumaq iqtidarı olan real qüvvəyə malik hakimiyyət olması kimi mühüm əlamətlər daxildir. Bununla yanaşı, tələbə burada anlayışın məntiqi və faktik məzmununu da bir-birindən fərqləndirməyi bacarmalıdır. Məntiqi məzmun – anlayışın məntiqi formasına daxil olan informasiyalardır. Bu məzmunu anlayışların xarakteristikasında vermək olur. Bunun üçün, birincisi, bu anlayışın universal anlayış (cins) olub olmadığını müəyyən etmək lazımdır.
"Varlıq", "şüur", "məkan", "zaman" belə anlayışlara aiddir. Digər tərəfdən, anlayışın boş, mənasız olduğunu, başqa cür desək, universumdan heç bir predmeti əks etdirmədiyini müəyyən etmək lazımdır. Məsələn, "Küpəgirən qarı", "Qar heykəl", "Ölümsüz insan" və bu kimi anlayışların həcminə heç bir predmet daxil deyildir. Nəzərdən keçirilən anlayışların öz aralarındakı məzmun əlaqəsini aşkara çıxarmaq lazımdır ki, müqayisədə bunlardan hansının daha çox və ya az məzmuna malik olduğunu yəqin edəsən. Məsələn, "İnsanın və vətəndaşların hüquqları və azadlıqları haqqında" BMT-nin 10 dekabr 1948-ci ildə qəbul etdiyi Bəyannamə daha çox məzmunludur, çünki bu hüquqlar dünyanın konkret ölkələrinin də konstitusiyalarında və digər normativ sənədlərində təsbit olunmuşdur.
Tam faktik məzmun isə əlamətlər üzrə ümumiləşdirilən anlayışlarda predmetlər haqqında əldə etdiyimiz bütün biliklərdir. Hər bir dövlətin öz konstitusiyasında qəbul etdiyi qanunvericilik aktları buna aiddir.
Düzgün təfəkkürün formalaşması üçün anlayışın məzmunundan başqa, onun həcminin xarakteristikasını da vermək zəruridir, çünki məzmun və həcmdən kənarda anlayışların ümumiləşdirilməsi və ya məhdudlaşdırılması əməliyyatının mahiyyətini anlamaq çətindir.
Anlayışın həcmini necə başa düşmək lazımdır?
Anlayışın həcmi – anlayışlarda əlamətlərin aid olduğu və anlayışın məzmununu təşkil edən, onda ümumiləşdirilən və ayrılan predmetlərin çoxluğudur, toplusudur. Məsələn, "insan" anlayışının həcminə bütün insan fərdləri (keçmişdə olmuş, indi yaşayan və gələcəkdə yaşayacaq insan fərdləri) daxildir.
Anlayışın məzmun və həcmi arasında qanunauyğun əlaqə vardır. Anlayışın məzmun və həcmi arasındakı bu əlaqəni əks münasibət (əks əlaqə) qanununun köməyilə dərk etmək asandır. Anlayışlarda tətbiq olunan bu qanun qeyri-əsas qanunlara daxildir. Bu qanunun tələbinə görə, anlayışın məzmunu artanda həcmi azalır, həcm artanda isə məzmun azalır.
Təəssüf ki, tələbələrin çoxu bu incəliyi şüurlu formada anlaya bilmir, mexaniki əzbərləmə üsulu isə məntiqi, yaradıcı təfəkkürün inkişafına hasar çəkir. Bir misalla bu əlaqənin mahiyyətini açaq. "Cinayət" və "təsərrüfat cinayəti" anlayışlarının məzmununu müqayisə etdikdə, aydın olur ki, ikinci birinciyə nisbətdə daha geniş məzmuna malikdir. "Təsərrüfat cinayəti" dedikdə predmeti, "Cinayət" anlayışına nisbətən daha konkret və dəqiq təsəvvür edirik. "Cinayət" anlayışında isə insan həyatı və cəmiyyət üçün təhlükəli olan əməllər çoxluğu ifadə olunur, bu, həcmcə daha genişdir.
Bu qanun, öz aşkarlığına baxmayaraq fəlsəfə tarixində və elmlərin metodologiyasında dəfələrlə yanlış şərh olunmuşdur. Bununla belə, o, bu idrakın və elmi biliklərin inkişaf gedişini təbii əks etdirir, növ və cins anlayışları arasında tətbiq olunur, empirik qanundur. Elmi-nəzəri anlayışların ümumiləşdirilməsində anlayışın həm məzmunu, həm də həcmi artıb dialektik ümumiləşdirmələrə keçir. Anlayışlar arasında əlaqələrin bu cür subordinasiyasının (tabeliyin) hüquqşünas tərəfindən izahı reallıqda həqiqətin üzə çıxarılmasında optimal yolu tapmağa, ona nail olmağın səmərəli vasitələrini müəyyən etməyə, hüquq normalarının həcm və məzmununu əlaqələndirməyə kömək edir.
Dünyagörüşü və metodoloji planda bu prosesin getməsi mütəxəssislərə anlayışların həcm və məzmuna görə təsnifata salınmasında yol göstərir, ona səbəb olur.
Əks-əlaqə qanununun tətbiqi nəticəsində hər bir anlayışı kateqoriyalara qədər ümumiləşdirmək, geniş həcmli anlayışları isə fərdi anlayışlara kimi məhdudlaşdırmaq mümkündür. Ümumiləşdirmənin son həddi kateqoriyalardır, məhdudlaşdırmanın son sərhədi fərdi anlayışlardır. Bu intellektual-nitqi əməliyyatın metodoloji əhəmiyyəti ondadır ki, bu prosesi əyani formada Eyler dairələrilə sübut etmək olur. (L.Eyler (1707-1783) görkəmli riyaziyyatçı, fizik, astronom və məntiqçi olmuşdur). Adi bir nümunədə onun izahını verək:
Musanın kitab oq-ğu – oq-uq – cinayət – hüq.qan.poz. – cəm. üçün təh.had. – hadisə.
Bu problemin geniş izahı Dərsliyin 170-172-ci səhifələrində verilmişdir.
Tələbələrimiz anlayışların növlərə ayrılması və onların səciyyələndirilməsi mövzusunun şərhində də yanlışlığa yol verirlər. Çox vaxt yazı işlərindəki anlayışların növlərini (məsələn, "şəhər", "ədliyyə nazirliyi", "cinayət" və i.a.) heç cürə növlərini müəyyən edə bilmirlər, adətən yazırlar ki, şəhər – yaşayış məntəqəsidir, ədliyyə nazirliyi – dövlət orqanıdır və s. Lakin anlamırlar ki, bunlar anlayışın xarakteristikası deyil, hökmlərdir.
Dərslikdə (səh. 149-169) anlayışların müxtəlif parametrlərə görə növləri, onların arasındakı münasibətin geniş şərhi verildiyindən, burada bir daha bu məsələyə yer ayırmağı gərəksiz sayırıq, ancaq konkretlik xatirinə onun təsnifatını vermək faydalıdır.
Həcmə görə bütün anlayışlar fərdi və ümumiyə bölünürlər. Ümumi anlayışlar içərisində elələri vardır ki, konkret bilik sahələrinin, yaxud fikrin bütün predmetlərini birləşdirir ki, onlara ən ümumi, yaxud universal anlayışlar deyilir (məsələn, "natural ədədlər", "bitkilər", "metallar" və s.).
Məzmuna görə isə anlayışların dörd cütünü göstərmək olar.
1.Konkret və mücərrəd; 2.Nisbi və mütləq; 3.Müsbət və mənfi; 4.Toplayıcı və ayırıcı.
Oxucu, tələbə, məzmununa görə öz aralarında ümumi əlamətlərin olub-olmamasından asılı olaraq, anlayışların müqayisə edilən və edilməyən olmaqla iki növünü bir-birindən fərqləndirməyi bacarmalıdır, öz ixtisas sahələrindən nümunələr gətirməlidir. Müqayisə edilən anlayışların iki növü vardır: 1.Uyuşan, 2.Uyuşmayan.
Bunlar da növlərə ayrılırlar. Uyuşan anlayışların növləri bunlardır: 1.Eynimənalı (oxşar, ekvivalent); 2.Çarpazlaşan (qismən uyuşan); 3.Tabeli (növ və cins əlaqəsi).
Uyuşmayan anlayışlara daxildir: 1.Ortaq tabeli (koordinasiyalı); 2.Əks (kontrar); 3.Zidd (kontradiktor).
Bu növdən olan anlayışların mənasını və Eyler dairələrilə sübutunu hər bir tələbənin bilməsi vacibdir, çünki bununla onlar öz intellektlərini artıra bilər, elmi biliklərə yaxşı yiyələnərlər.
Burada bir məsələyə də münasibət bildirməyi gərəkli sayırıq. Fəlsəfi və məntiqi ədəbiyyatda bəzi alimlər "Bakı", "Məmməd" və bu kimi adların yalnız xüsusi isimlər olduğunu söyləyirlər, onları anlayış kimi götürmürlər. Məncə, bu fikir dolaşıq və cəfəngiyatdır, çünki birincisi, söz, söz birləşmələri anlayışın maddi əsasıdır, onun qabığı, ifadə formasıdır. İkincisi, heç kim bəzi sözlərin anlayış ifadə etməməsini inkar etmir. Üçüncüsü, anlayışa verilən tərifin özü düzgün izah olunmur, çünki tərifdə söhbət konkret predmet və predmetlər sinfindən gedir. Dördüncüsü, müəlliflər fərdi və ümumi cisimlər arasındakı dialektikanı nəzərə almırlar; axı ümumi fərdlər də mövcuddur. Məgər "Məmməd" sözündə mühakimə yürütmək qabiliyyəti, əmək fəaliyyəti, nitq bacarığı, canlılıq və bu kimi ümumi, mühüm əlamətlər yoxdurmu? Lakin heç kim ümumi adlardakı ümumiliklə anlayışlardakı ümumiliyi tam mənada eyniləşdirmir. Anlayışlardakı ümumilik mahiyyətlə bağlıdır. Bu "ümumilik konkretdən mücərrədə, oradan da konkretə yüksəlmə prosesində formalaşır" fikri daha önəmlidir. Bununla yanaşı, "formal məntiq anlayışları öyrənə bilməz", "təfəkkür qanunlarını anlayışlara tətbiq etmək mümkün deyil" və bu kimi həqiqəti əks etdirməyən məntiqsiz, boş fikirləri dəlilsiz, sübutsuz qəbul etmək görkəmli məntiqçilərin ruhunu təhqir etmək, zəhmətlərini yerə vurmaq deməkdir.
Darmowy fragment się skończył.