Czytaj książkę: «Albaniya və Azərbaycandakı Albanlar»
Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Əli Şamil. Albaniya və Azərbaycandakı Albanlar.
Bаkı, “Köhlən” nəşriyyatı, 2021.
© Əli Şamil / 2021
© Köhlən Nəşriyyatı / 2021
İSBN: 978-9952-8411-3-8
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
(+994 55) 359-99-23
Əli Şamilin vətəndaş-ziyalı hesabatı
Daima yeni axtarışlar və tapıntılarla müşayiət olunan Əli Şamilin tədqiqatçılıq fəaliyyəti yalnız Azərbaycanın deyil, bütövlükdə türk xalqlarının ədəbiyyatşünaslıq tarixinin inkişafına təkan verir. Onun son illərdə yazdığı “Tanıdığım insanlar” (2000), “Dastanlaşmış ömürlər” (2001), “Quzey Kıbrıs” (2001), “Burulğandan çıxmaq mümkündürmü” (2001), “Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı” (2011), “Qırım sevgisi” (2012), “Axısqalı Xəstə Hasan” (2012), “Türkçülüyün qurbanları” (2013), “Colan türkmanları” (2014) və başqa bu kimi fundamental kitabları, eləcə də beş yüzdən çox elmi-publisistik məqaləsi sözün əsil mənasında fədəkarlıq nümunəsidir. Fikrimizcə, bütün bunlar Əli Şamilin yalnız Azərbaycan oxucuları qarşısında deyil, həm də ümumtürk ziyalıları qarşısında verdiyi vətəndaş-ziyalı hesabatıdır. Cəsarətlə demək olar ki, onun türk xalqlarının ədəbi-mədəni irsinin öyrənilməsi, tədqiqi, nəşri və tanıdılması istiqamətində gördüyü işlər bir institutun gördüyü işlərə bərabərdir.
Əli Şamil istər Azərbaycan, istərsə də türk-müsəlman xalqlarının ədəbiyyat və mədəniyyət tarixinin əsasən arxivlərdə, qəzet və mətbuat səhifələrində, cünglərdə qalan geniş kütlənin əli çatmayan materialları üzə çıxarıb, təhlil edərək oxucuya çatdırır. O, bir çox məsləkdaşları kimi türkdilli xalqların intellekt düşüncə tərzini əlyazma kitabdan çap kitaba çevirməklə onlar arasındakı elmi-ədəbi, mədəni bağların daha da möhkəmlənməsinə yardım edir. Bütün bunlar əsas verir deyək ki, o, ədəbiyatşünaslığa internetdən və kabinetdən deyil, ictimai həyatın özündən, müxtəlif xalqların kitabxanalarından, dövlət və ailə arxivlərindən gəlir. Maraqlıdır ki, Əli Şamil tədqiqatlarında arxiv yaddaşı ilə ictimai yaddaş (xatirələr) arasında bir əlaqə yaradır. Lakin buna baxmayaraq o, bu materialları mütləq həqiqət və ya ehkam kimi təqdim etmir. Onları bir neçə mənbə, eləcə də ünsüyətdə olduğu ziyalılardan əldə etdiyi bilgilərlə tutuşdurduqdan, təqdim edəcəyi fikirlərin (hətta faktların) doğruluğuna tam əmin olduqdan sonra oxucunun ixtiyarına verir. Başqa sözlə desək, Əli Şamil tədqiqatlarının predmetinə çevirdiyi hər hansı bir mövzunu dərindən öyrəndikdən, problemi faktlı, predmetli və konseptual şəkildə təhlil sücgəcindən kecirdikdən sonra oxucunun mühakiməsinə verir. Elə bu səbəbdən də, onun coxillik elmi yaradıcılığı, həmişə və hər yerdə, sanballı (həm də etibarlı) bir mənbə kimi tədqiqatçıların diqqətini cəlb edir.
Əli müəllim əldə etdiyi materialları ədəbi-elmi düşüncədə oturuşmuş steroetipləri yeni-yeni faktlarla zənginləşdirməyi, təkzib və ya təsdiq etməyi də sevir. Fikrimizcə, ciddi araşdırıcı və ya tədqiqatçının ən böyük məziyyət və keyfiyyətlərindən biri də budur. Bu baxımdan alimin “AZƏRBAYCANDAKI ALBANLAR VƏ…” kitabı olduqca əhəmiyyətlidir.
Kitabda müəllifin yol qeydləri, Əmin Abidin həyat yoldaşı Nafiə Abid (Tanur qızı), Əhməd Bedi Triniç, İsmail Farka haqqında elmi-publisistik məlumat verilir. Yeri gəlmişkən qeyd etməliyik ki, kitabda müəllif özünün dostluq əlaqələrinə də geniş yer vermişdir. Lakin bu dostluq əlaqəsi fərdi dostluq sərhədlərini aşaraq Albaniya Azərbaycan ədəbi əlaqələrinə xidmətə çevrilir. Burada arxiv materiallarının, məsələn, Füzulinin və digərlərinin Albaniyanın arxivlərindən Azərbaycana gətirilməsi, eləcə də afişalarla bağlı materialların Entela Muçoya verilməsi bunun bariz nümunəsidir. Entola xanımın albanların islamı qəbul etmələri, osmanlı dönəmində türklərlə onlar arasında yaranmış dostluq münasibətləri ilə bağlı verdiyi bilgilər yeni və maraqlıdır. Bu barədə Əli Şamil yazır: “Albaniya Dövlət Arxivində Məhəmməd Füzulinin “Hədiqət üs-süəda” əsərinin 1669-cu ildə, 1789-cu ildə, 1888-ci ildə və 1928-ci ildə köçürülmüş olduqca təkmil əlyazmalarının olması məni heyrətləndirdi. Öyrəndim ki, orada yalnız Məhəmməd Füzulinin deyil, müxtəlif müəlliflərin türkcə 261 əlyazması saxlanılır”.
Deyildiyi kimi, əsərdə daha geniş yer verilən məsələlərdən biri albanların Azərbaycanla ilişkisi olan ziyalılarının fəaliyyətini üzə çıxarmaqdır. Əli müəllim barələrində məlumat olduqca az olan Əhmət Triniç, Nafiə Abid, İsmail Farka barədə oxucular üçün tamamilə yeni olan qiymətli mənbələri üzə çıxarır.
Alim digər tədqiqatlarında olduğu kumi “AZƏRBAYCANDAKI ALBANLAR VƏ…” kitabında da üç prinsipə ciddi əməl etmişdir. Belə ki o, birinci prinsip kimi Əhmət Triniç, Nafiə, İsmail Farka barəsində deyilmişləri diqqətlə öyrənmiş və “bu şəxsiyyətlər barədə mənə qədər nə deyilib” sualına cavab tapmağa çalışıb. Yəni özünə qədərki mətbu mənbələrlə dərindən tanış olan alim yeri gəldikcə həmin mənbələrdən də qaynaqlanmışdır.
İkinci prinsip kimi o, deyilmişlərin müqabilində “mən oxucuya yeni nə verəcəm” vədinə aydınlıq gətirir. Əli Şamil Əhməd Triniçlə bağlı tədqiqatlarını bir çox araşdırıcıların, xüsusilə də Əhməd Triniçin istintaq qovluğunun verdiyi məlumatlara əsaslanaraq söyləyir. Lakin o, nə Əhməd Triniçin araşdırıcılarının qənaətlərini, nə də istintaq qovluğundakı ifadə, üzləşmə və digər sənədləri stereotip kimi qəbul etmir. Onları bir-bir saf-çürük edir və müxtəlif arxiv materialları ilə dəqiqləşdirərək, eləcə də məntiqə söykənərək obyektiv fikri ortaya qoyur. Məsələn, müəllifin bir qənaətinə diqqət yetirək: “Əhməd Triniçin istintaqa verdiyi ifadə 1918-ci ilin mart hadisələrindən sonra bolşeviklərlə əlbir olduğunu, onların xeyrinə işlədiyini bildirir. Lakin bu ifadə inandırıcı görünmür. Çünki xatirələrdən və sənədlərdən aydın olur ki, o, bolşeviklərin deyil, Əli bəy Zizikskinin dəstəsinin komandirlərindən olub”. Müəllif bunu gəlişi gözəl söz kimi demir. O, elmi dəlillərlə sübut edir ki, həqiqətən də, Əhməd Triniç Əli bəy Zizikskinin dəstəsində ermənilərə və bolşeviklərə qarşı vuruşub. Əli bəy Zizikskinin belə ifadə verməsi isə özünüqoruma aktı kimi başa düşülməlidir.
Təvəzökar tədqiqatçı heç vaxt bu iddiada olmamışdır ki, araşdırmaya cəlb etdiyim mövzuya mən nöqtə qoydum. Elə ona görə də, Əli Şamil üçüncü prinsip kimi “məndən sonra gələn tədqiqatçılara nə qalır?” sualını da cavablandırır. Belə ki, tədqiqatçı hələlik aydınlaşdıra bilmədiyi mətləblər barəsində kifayət qədər aydın təəssürat yarada bilməyəndə yazır: “KQB-də “Ona olan xoş münasibət, rahatlıqla Bakıya gələ bilməsi, sonrakı fəaliyyətində olan qaranlıq məqamlar sual doğurur: doğrudanmı alban olduğuna görə Əhməd Triniçlə sərt, kobud davranmayıblar? Yoxsa o həbsxana nəzarətçiləri, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib? Bu suala cavab verə biləcək sənədlər tapa bilmədim”.
Maraqlıdır ki, bu naməlum, aydınlaşmaya ehtiyacı olan problemlərlə o, tədqiqat obyektinin yeni istiqamətlərini də gələcək tədqiqatçılar arasında açmış olur. Yəni tədqiqatçılar üçün, az işlənən, elmi həllini hələlik axıra qədər tapmayan məsələləri qabardır və gələcək tədqiqatçılar üçün yeni mövzular və istiqamətlər verir.
Əli Şamilin tədqiqatlarında diqqət çəkən özünəməxsusluqlardan biri də müəllimin problemi bütün təfərrüatları ilə, dərininə və eninə açıb göstərməyə meyilli olmasıdır. Beləki o, istər Triniçdən, istər İsmail Farkadan, istərsə də Nafiyə xanımdan danışanda onları mühitdən və zamandan təcrid etmir. Əksinə qəhrəmanı mühiti və müasirləri ilə birgə təqdim etməyə çalışır. Məsələn, Əhməd Triniçdən bəhs edən alim onun Albaniyadakı uşaqlıq və təhsil mühitini, Türkiyədəki hərbi-ictimai mühitini, Azərbaycanda – Qubadakı Hamazasp (Amazasp) Srvandzyanın törətdiyi qırğınların fonunda erməni vandalizmini, Əhməd Triniçin Azərbaycan Cümhuriyyəti dönəmində ermənilərə münasibətini qabarıq şəkildə verir və sonuncu barədə yazır: “Müsəlman Yardım Alayı”nın zabiti Əhməd Triniç müsəlmanları bolşevik-daşnaq qırğınlarından qorumaq üçün İsmailiyyə binasında keçirilən toplantılarda çıxış edir, xalqı silahlı özünümüdafiə dəstələri yaratmağa çağırır. Erməni-bolşevik dəstələrinə qarşı döyüşən, müsəlmanları qorumağa çalışan Əhməd Triniç mart qırğınından sonra Dərbəndə getməli olur”.
Əli Şamil Nafiə xanımdan və İsmail Farkadan bəhs açanda isə onların ailə mühitlərini, eləcə də idarə və iş üsulları repressiya olan bolşeviklərin məhbəs mühütini təfərrüatlarına vararaq işıqlandırmağa çalışır. Bunlar Əli müəllimə mühit, zaman və şəxsiyyət problemini bütün incəlikləri ilə təqdim etməyə kömək edir.
“AZƏRBAYCANDAKI ALBANLAR VƏ…” kitabının özünəməxsus xüsusiyyətlərindən biri də əsərin dilinin sadəliyidir. Əli müəllim folklorşünas olduğundan haqlı olaraq terminlərə deyil, xalq ifadə və üslubuna xüsusi önəm vermişdir. Bu əsərin elmliyini azaltmır, əksinə, onu oxunaqlı və anlaşıqlı edir. Bu səbəbdəndir ki, alimin fikir və düşüncələri də aydın və durudur. Hətta deyə bilərik ki, ən mürəkkəb fikir və düşüncə belə Əli Şamilin qələmində sadələşir, sadəlikdə böyüklük, böyüklükdə mükəmməllik və mükəmməllikdə isə müdrüklük qazanır.
Albanların tarixi, mədəniyyəti, adət-ənənələri, məşğuliyyəti, yaşam tərzi, ziyarətgahları, antik teatrları, muzeyləri, tarixi abidələri… Dıraçdakı Kral Əhməd Zoqun qalası, Ortodoks Kilsəsi, Fatih Cami (Fatih Sultan Mehmetin şərəfinə belə adlandırılmışdır), Arxeologiya Muzeyi… barədə verilmiş geniş və müvəssəl məlumatlar əsas verir deyək ki, Əli Şamil “AZƏRBAYCANDAKI ALBANLAR VƏ…” kitabıyla Albaniya və Azərbaycandakı albanların mükəmməl, eləcə də hərtərəfli portretini yarada bilmişdi.
Cəlal QasımovF.e.d., professor
Qısaltmalar haqqında
Kitabda 20-ci yüzilin hadisələrindən söz edildiyindən həmin dövrdəki terminlərdən geniş istifadə edilmişdir. Lakin bu terminləri xarici ölkələrdə yaşayanlar anlaya bilmədikləri kimi, Sovetlər Birliyinin çöküşündən sonra dünyaya gələn nəsil də anlamır. Məsələn kolxoz, sovxoz, komunxoz və s. sözləri 30–40 il öncə Sovetlər Birliyində yaşayanlar başa düşürdü. Rus dilinin bazasında yaradılmış bu sözləri indi rus gənclərinin çoxu başa düşmür.
Kitabda ən çox işlənən terminlərdən biri KQB-dir. Bu termin 1953-cü ildə yaransa da dünyanın əksər guşələrində Sovetlər Birliyindəki təhlükəsizlik xidmətindən söz açılanda KQB işlədilir. Hansı ki, Bolşeviklər 1917-ci ildə silahlı üsyan yolu ilə hakimiyyəti ələ aldıqdan sonra Xalq Komissarlar Sovetinin sədri Vladimir Ulyanov (Lenin) ümumrusiya səviyyəsində baş verə biləcək antibolşevik çıxışlarına sərt divan tutmaq üçün 1917-ci il dekabrın 20-də Xalq Daxili İşlər Komissarlığının nəzdində Fövqəladə Komissiya yaradılması haqqında əmr imzalamışdı. Fövqaladə səlahiyyətlər verilmiş bu komissiyaya milliyətcə polyak yəhudisi olan Feliks Dzerjinski rəhbər təyin edilmişdi. Təşkilatın adı rus dilində Всероссийская Чрезвычайная Комиссия olduğundan onu qısaldılmış şəkildə ÇK adladırırdılar. Azərbaycan Türkçəsində onun mənası Ümumrusiya Fövqəladə Komissya olsa da xalq onu rus dilindəki qısaldılmış şəkilini işlədirdi.
1922-ci il fevralın 6-da bu təşkilat Государственное Политическое Управление – ГПУ (Dövlət Siyasi İdarəsi), 1923-cü il noyabrın 15-dən Объединенное Государственное Политическое Управление – ОГПУ (Birləşmiş Dövlət Siyasi İdarəsi), 1934-cü ildən Главное управление государственной безопасности – ГУГБ (Dövlət Təhlükəsizliyinin Baş İdarəsi), 1946-cı il martın 15-dən Министерство государственной безопасности СССР – МГБ СССР (SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi), 1953-cü il martın 13-dən Комитет государственной безопасности при Совете Министров СССР (SSRİ Nazirlər Soveti nəzdində Dövlət Təhlükəsizlik Komitəsi), 1978-ci il iyulun 5-dən isə Комитет Государственной Безопасности СССР (SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi) adlandırılsa da dünyada daha çox KQB kimi tanınır.
Buna görə təşkilatın adını həmin dövrdə necə işlədilmişdirsə elə deyil, daha geniş yayılmış forması olan KQB kimi yazdım. Bununla yanaşı, kitabda ÇK, NKVD sözlərinə də rast gəlinir. Bunlar da əsasən sitatlarda olduğuna görə onları dəyişmədim.
Tanıtma
Albaniya Respublikası Avropanın Güney Doğusunda, İyon və Adriatik dənizlərinin sahilində yerləşir. Bu ölkənin adı miladdan öncə 4-cü yüzillikdən miladın 705-ci ilinədək Qafqazda mövcud olmuş Albaniya ilə oxşar olduğuna görə ikincini fərqləndirmək üçün çox vaxt Qafqaz Albaniyası adlandırırlar.
Elmi əsası olmayan bir fikir də var ki, indiki Albaniyada yaşayan xalqın ulu əcdadları Qafqazdan oraya köçmüşlər. Albaniyaya səfərim zamanı aldığım bilgiyə görə, miladdan öncə dörd mininci illərdəki bir yazıda qeyd olunmuş sözə əsaslanıb belə güman edirlər ki, Albanların ulu babaları Qafqaza köçmüş və burada qurduqları dövləti Albaniya adlandırmışlar. Bizim fikrimizcə, adlar arasındakı bənzərlik söz oxşarlığından başqa bir şey deyil.
Albanlar öz ölkələrini “Şipri”, yəni “Qartallar diyarı”, yerli sakinləri isə “şiptar” adlandırırlar. Araşdırıcıların bir qismi Albaniya toponiminin “illiriya” sözündən formalaşdığını və bunun da “olba” – “kənd” anlamı verdiyini yazır. İlliriya sözü də qədim dövrlərdə Balkan yarımadasının batısına və orada yaşamış xalqa verilmiş addır.
Türklər və Osmanlı dövlətinin tərkibində olan xalqların çoxu, eləcə də Osmanlı imperiyası dağıldıqdan sonra onun ərazisində yaranmış dövlətlərdə yaşayan yaşlı albanlar da özlərini arnavut adlandırırlar. Türkiyəli araşdırıcıların fikrincə, orta yüzillərdə albanlar “illiriyalılar” və “pelasqlar” adının yerinə “arber”, “arbereş”, “arbanoi” sözlərini işlətdiklərindən osmanlılar da onlara arnavut demişlər.
“Albaniya” sözünün latınca “alba” – yəni “yüksəkdə duran” sözündən yarandığını söyləyən araşdırıcılar da var. Milliyətcə alban olan böyük Osmanlı ensiklopediyaçısı Şəmsəddin Sami “Kamus-u Türk”də arnavut sözünün çiftçi-əkinçi mənasında olduğunu yazır.
Ərazisi 28 min 748 kvadratkilometir olan Albaniya batıdan dəniz vasitəsilə İtaliya ilə həmsərhəddir. İki ölkə arasındakı dənizin eni 70-100 kilometrdir. Ölkə əhalisinin 87 faizi albanlar, 1 faizi yunanlar olsa da Yunanıstan hökuməti həmişə bu bölgəyə qarşı ərazi iddiasında olub. Yunanlar 1912-ci ildə Osmanlı hökumətinə qarşı başladıqları savaşda Avropa dövlətlərinin yardımı ilə yeni qurduqları dövlətlərinə albanlar yaşayan bəzi bölgələri də qata bildilər.
Albaniyadakı dindar müsəlmanlar sünnilərə, bəktaşilərə bölünsələr də çoxluq təşki edirlər. Azlıqda qalan xristianlar isə pravoslav və katolik inanclıdırlar. Sosializm birliyi dağıldıqdan sonra vəhabilər burada özlərinə tərəfdarlar toplaya bilmişlər.
Albaniya dövlətinin başlanğıc tarixini 1190-cı ildə yaradılan Alber şahzadəliyindən hesablayırlar. Bölgə orta yüzillərdə müxtəlif dövlətlərin tərkibində olmuşdur. Avropa dövlətlərinin iqtisadiyyatı, sənaye potensialı, hərbi gücü artdıqca onlar yeni müstəmləkələr əldə etməklə yanaşı, tarixin ən güclü dövlətlərindən olan Osmanlı imperiyasını dağıtmaq üçün 20-ci yüzildə Balkanda milli zəmində toqquşmaları qızışdırmış, bu da getdikcə güclənərək müstəqillik uğrunda savaşlara çevrilmişdir. Albanlar da azadlıq əldə etmək, öz dövlətlərini yaratmaq ümidilə böyük həvəslə Osmanlı dövlətinə savaş açmışlar. Nəticədə Osmanlı orduları Balkanlardan geri çəkilməli olmuş, Albanların toplu şəkildə yaşadıqları bölgələr bir neçə yerə bölünmüşdür.
Tarixi ərazilərini itirmək hesabına da olsa 1912-ci il noyabrın 28-də Albaniya müstəqilliyini elan edir. Lakin bu o qədər də uzun sürmür. Yunanların və bolqarların hücumundan qorunmaq ümidilə daha güclü bir dövlətin – İtaliyanın himayəsinə sığınır. 1917-1920-ci illərdə İtaliyanın himayəsində olan Albaniyada 1925-ci ildə yeni bir dövlət qurulur. Baş naziri Əhməd Zoqo (1895–1962) olan bu dövlətin ömrü 1928-ci ilədək davam edir. 1928-ci ildə Baş Nazir Əhməd Zoqo özünü kral elan edir. Onun krallığı 1939-cu ilədək davam gətirə bilir.
1939–1943-cü illərdə faşist İtaliyasının və 1943-1944-cü illərdə faşist Almaniyasının əsarəti altında olan Albaniya 1944-cü ildə döyüşlərlə öz müstəqilliyinə nail ola bilir. Faşizmə qarşı mübarizədə Alban xalqının müxtəlif dünyagörüşlü insanları iştirak etsə də sonda Sovetlərdən yardım alan kommunistlər liderliyi ələ ala bildilər. Ənvər Xoca və Məmməd Şehununun rəhbərliyi ilə 1946-cı ildə Albaniya Xalq Demokratik Respublikası qurulduğu elan edildi.
Nisbi demokratiya uzun sürmədi. Sovetlər Birliyinin yardımı ilə Ənvər Xoca Albaniyada avtoritar bir idarəetmə yaratdı. Ölkədə hər şey onun adı ilə bağlandı. Onun diktator iddiasına, təkhakimiyyətliliyinə göz yumuldu, xalqa xilaskar, humanist, haqq-ədalət nümunəsi kimi tanıdıldı.
Ənvər Xoca (albanca adı və soyadı belə yazılır: Enver Halil Hoxha) 1908-ci il oktyabrın 16-da Osmanlı imperiyasının Qirokastra şəhərində doğulub. Atası parça ticarəti ilə məşğul olan dindar bir müsəlman olub. Oğlunun təhsil alması üçün əlindən gələni əsirgəməyib. Albaniyada təhsilini başa vurduqdan sonra onu Fransadakı Monpeley Universitetində oxumağa göndərib. Universitetdə oxuduğu illərdə kommunist ideologiyasını mənimsəyib. Vətənə döndükdən sonra Albaniya Kommunist Partiyasının rəhbərliyinə daxil olub və onun birinci katibi vəzifəsinə yüksəlib. 1944-cü il oktyabrın 20-də Albaniya Milli Azadlıq Ordusu faşist Almaniyasının əsgəri birliklərini ölkədən çıxara bilib. 1944-cü il noyabrın 28-də Albaniya Demokratik Hökuməti qurulub və baş nazir vəzifəsinə Ənvər Xoca gətirilib. 1946-cı il yanvarın 10-da Albaniya Xalq Sosialist Respublikasının qurulduğu elan edilib və Albaniya Kommunist Partiyasının adı da dəyişilərək Albaniya Əmək Partiyası adlandırılıb.
Beləcə, sözdə demokratik bir ölkə kimi tanıdılan Albaniyanı 1946-ci ildən 1983-cü ilə kimi Ənvər Xoca təkbaşına idarə edib. Onun ölümündən sonra ölkənin iqtisadi, siyasi həyatındakı qüsurlardan danışanların sayı artıb. 1991-ci ilin martında Albaniyada ilk demokratik seçki keçirilib. Seçkilərdə ölkəni 40 il idarə edən Əmək Partiyası ilə yanaşı, müxalif Demokrat və Respublikaçılar Partiyaları da iştirak edib. Seçkilərdə Əmək Partiyası üstünlük qazanıb, hökumət qursa da iyul ayında baş vermiş tətildən sonra istefa vermək məcburiyyətində qalıb.
Yeni formalaşan parlament ölkənin adını dəyişərək Albaniya Respublikası elan edib. Tətildən sonra hökumət beş siyasi partiyanın nümayəndələrindən təşkil edilib.
Koalisiyalı hökumət ölkədə sabitlik yarada bilməyib. İqtisadiyyat iflic vəziyyətinə düşüb, quldurluq, soyğunçuluq, rüşvətxorluq və korrupsiya geniş yayılıb. 1997-ci il seçkilərindən sonra təşkil edilən hökumət ölkədəki qarğaşanın qarşısını almaq üçün ciddi addımlar atıb.
1998-ci ildə ölkədə yeni konstitusiya qəbul edilib. Bu konstitusiyaya əsasən gizli səsvermə ilə millət vəkillərinin 50 + 1 səsini alan namizəd 5 illiyə prezident seçilir. Albaniya Respublikası Məclisinin 140 deputatı var. Onlar da fəaliyyətlərini 15 daimi komissiyada və məclisin ümumi iclaslarında davam etdirirlər. Deputatlar dörd ildən bir seçilir.
2002-ci il seçkilərindən sonra təşkil edilən hökumət özündən əvvəlkilərin yolunu davam etdirib. İdarəetmədə bir sabitlik yaranıb. Lakin insanların güzəranında ciddi dəyişiklik baş verməyib. Albaniya Respublikası Avropa ölkəsi sayılsa da, insanların dolanışığı o qədər də yaxşı deyil. Əhali inkişaf etmiş dövlətlərdən alınacaq yardımları böyük ümidlə gözləyir. Keçmiş sosialist respublikalarında olan qüsurlar orada da mövcuddur.
Albaniya: bildiklərim, gördüklərim
Albaniyaya getməyə nədən can atırdım
2017-ci ilin oktyabrında Türkiyədə əməliyyat olunmağım elmi simpoziumlara getməyimə, səfərə çıxmağıma əngəl törətmiş, yazı işlərimi də ləngitmişdi. Axtarışlar aparmağa, yeni mövzular üzərində işləməyə halım qalmadığından köhnə yazılarım üzərində işləyir, onlar redaktə edir, nəşrə hazırlayırdım.
Albaniyadan aldığım bir məktub məni xeyli düşündürdü. Məktubu Dünya bəktaşilərinin baş dədəsi Edmond Brahimayın (İbrahimin albanca deyiliş şəkilidir. Ona çox vaxt rəsmi adı və soyadı ilə deyil, Mondi Baba deyə müraciət edirlər – Ə.Ş.) imzalamışdı. Bu 2018-ci il martın 20-də Tirana şəhərindəki Kutsal Sarayda keçiriləcək “Ənənə və müasirlik arasında İmam Əli dünyası” mövzusundakı simpoziuma dəvət idi. Mövzu ürəyimcə deyildi. Heç fikirləşməmişdim ki, belə bir mövzuda nəsə yazaram. Amma neçə illər idi ki, Albaniyaya getmək istəyirdim. İstəyimi reallaşdıra bilmədiyim üçün də çox üzülürdüm. Demək Albaniyaya getməyə şərait yaranmışdı. Odur ki, gücümü toplayıb araşdırmaya başladım.
Albaniyaya getmək istəyi sadəcə o yerləri gəzmək, görmək, yaxud alış-veriş etmək həvəsindən yaranmamışdı. Bu istək məndə 1998-ci ildən yaranmışdı. Polşada nəşr edilən “Dissident sözlüyü” ensiklopediyası üçün məqalələr hazırlayanda Albaniyalı İsmail Farkanın ömür yolu ilə tanış olmuşdum. DTK (KQB) ilə əməkdaşlıq etmək istəmədiyinə görə Albaniyanın Sovetlər Birliyindəki səfirliyinin referenti İsmail Farkanı qatarda vurub iflic etmiş, sonra da “şizofrenik” diaqnozu qoyduraraq psixi xəstəxanaya “müalicəyə” göndərmişlər. Taleyin qəribəliyinə bax ki, hadisələr Moskvada baş versə də o, 25 ildən çox Azərbaycandakı psixi xəstəxanalarda məcburi “müalicə” olunmuşdu.
Haqqında məqalə yazarkən Albaniya hökumətinin nədən vətəndaşına sahib çıxmadığına heyrət etdim. Həmin vaxtdan içimdə Albaniyaya gedib hökumət yetkililəri ilə görüşmək və onlardan İsmail Farkaya nədən sahib çxmadıqlarını xəbər almaq istəyi baş qaldırdı.
* * *
Yeniyetməliyimdə oxuduğum “Alban hekayələri” kitabı məndə bu diyara maraq oyatmışdı. Bilmirəm bu marağımın səbəbi Qafqaz Albaniyası (miladdan öncə 4-cü yüzildən miladdan sonra 705-ci ilədək mövcüd olmuş dövlət) ilə Balkanlardakı Albaniya dövləti arasındakı adın yaxınlığı idi, yoxsa Ənvər Xocanın Sovetlər Birliyi kimi nəhəng bir imperyaya dirəniş göstərməsiydi.
1962-ci ildə 8-ci sinifdə oxuyurdum. Sovet mətbuatında Ənvər Xoca kəskin tənqid edilirdi. Mən isə hər yerdə Albaniyanı, Ənvər Xocanı tərifləyirdim. Bu, müəllimlərimin də diqqətindən qaçmamışdı. Direktor məni otağına çağırıb xeyli öyüd-nəsihət vermişdi və başa salmağa çalışmışdı ki, Ənvər Xoca doğru yolda deyil, marksizm-leninizm ideyalarından uzaqlaşıb, maoçuluğa yuvarlanıb. Onda mən müəllimlərimin iradları qarşısında duruş gətirə bilməsəm də ürəyimdə onlarla razılaşmamışdım.
Azərbaycan Dövlət Unversitetinin birinci kursunda oxuyanda (1968) Əmin Abidin adını ilk dəfə “Şifahi xalq ədəbiyyatı” fənnindən dərs deyən müəllimimiz Vaqif Vəliyevdən eşitdim. O, mühazirəsinin sonunda seminara hazırlaşmaq üçün kitab və məqalə adları da yazdırırdı. Həmin siyahıda Əmin Abidin məqaləsinin də adı vardı.
M.F.Axundov adına kitabxanada seminara hazırlaşarkən Əmin Abidin 1930-cu ildə “Azərbaycanı öyrənmə yolu” jurnalında çap olunmuş “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” (say.3(8), səh. 48–52) və “Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri” (say.4–5(9-10), səh. 9-42) məqalələrini oxudum. Maraq məni bürüdü. İçimdə bir sual yarandı: nədən belə dəyərli alimi tanımıram?
Beynimi qurcalayan bu suala cavab tapmaq üçün Əmin Abidin ömür yolunu, yaradıcılığını öyrənməyə çalışdım. Kitabxananın kartotekasında daha bir neçə məqaləsinin adı vardı. Onları da oxudum. Oxuduqlarım içimdəki yanğını söndürmürdü. Müəllimlərimdən eşidəndə ki repressiya qurbanı olub, marağım daha da artdı. Qəzet və jurnalları səhifələyib məqalələlərini, şeirlərini oxudum. Oxuduqca da onun cazibəsinə düşdüm.
Əmin Abidin ailəsini, qohumlarını görməyə can atdım. Bəzilərinin ünvanlarını tapıb az-maz bilgilər əldə edə bildim. İstanbul Universitetində oxuyarkən milliyətcə alban olan Nafiə adlı bir qızla evləndiyini eşitdim. Mətbuatda Nafiə Abid imzalı şeir və hekayə rastıma çıxanda bildim ki, bu Əmin Abidin xanımıdır.
İkinci kursda oxuyanda, yəni 1970-ci ilin oktyabrında qrup yoldaşım İsrafil Qurbanovla birlikdə Əmin Abidin arxivinin bir hissəsini tapdıq. Əlyazmaları Əmin Abidin böyük qardaşı, vətənsevər şair Əliabbas Müznibin oğlu Hüseyn Nəcdətin dəmir yolunda mühasib işləyən xanımı V.A.Pozdşeva qoruyub saxlamışdı. 1950-ci illərdə dünyasını dəyişmiş Hüseyn Nəcdətin və repressiya qurbanı olmuş Əmin Abidin övladı qalmamışdı.
Ailə arxivindəki şəkillər üzərindəki avtoqraflardan, qəzet və jurnal məqalələrindən istifadə edərək Əmin Abidin təxmini tərcümeyi-halını yazdım. Nafiə Abidin də ömür yolunu öyrənməyə, tərcümeyi-halını dəqiqləşdirməyə can atdım. Amma bunu bacarmadım. Faktlar elə bil yağlı əppəyə çevrilib göyə çəkilmişdi.
20-ci yüzildə Azərbaycana gəlmiş iki albanın (arnavutun) acı taleyinə 1990-cı illərdən bəri tanıdığım üçüncü alban da əlavə olundu. Onlardan ikisi repressiyaya uğramışdı. Üçüncüsü isə Sovet rejiminin təzyiqlərinə tab gətirərək sağ qalmışdı. Ona kömək edə bilmədiyimə görə özümü çox pis hiss edirdim. Haqqında yazmaqdan başqa əlimdən bir iş gəlmirdi. Yazdıqlarımı Azərbaycanda, Polşada, Albaniyada çap etdirirdim. Mövzunu ictimailəşdirməyə çalışırdım. Amma yenə də heç nəyə nail ola bilmədim.
“Ənənə və müasirlik arasında İmam Əli dünyası” mövzusunda keçiriləcək simpoziuma 20 illik narahatlığıma son qoyacaq bir imkan kimi baxdım. Dəvətnamədə göstərilirdi ki, məruzəçilərin yol və Tiranada qonaqlama xərcləri ödəniləcək. Düşündüm ki, belə ciddi və beynəlxalq əhəmiyyətli toplantıya sözsüz Albaniyanın rəhbərlərindən də qatılan olacaq. Sözümü orada deyər, mövzunu gündəmə gətirərəm. Sonra da sözü keçən insanların vasitəsilə rəhbər işçilərlə görüşərəm. İsmail Farkanın acı taleyindən söz açar, hökumət rəhbərlərini ona sahib çıxmağa səsləyərəm.
Tiranaya yolçuluğum
“Azərbaycanda Hz. Əli adı ilə bağlı pirlər, toponimlər və bəktaşi soyadı” mövzusunda bir məruzə hazırladım. Öncədən onu albaniyalı dostum, Azərbaycan sevdalısı Entela Muçoya göndərdim ki, albancaya çevirsin. Sağ olsun, Entela xanım, məruzəni qısa bir zamanda çevirdi və o, simpoziumun təşkilatçıları tərəfindən bəyənildi. Beləcə mən Tiranada keçiriləcək simpoziuma hazırlaşdım. 2018-ci il martın 19-da Türk Hava Yollarının uçağı ilə İstanbuldan keçməklə Tiranaya getdim.
Entela Muço ilə Kutsal Sarayın əməkdaşı məni hava limanında qarşıladı. Şəhərin görünüşünü quşbaxışı seyr etdikdə gördüm ki, tipik sosialist ölkəsidir. Binalar, yollar hələ Sovet dövrünün təsirindən tam sıyrılıb çıxa bilməyən Rusiya Federasiyasının şəhərlərini xatırladır. Tək-tək yeni binalar gözə dəyir. Bunlar da memarlığı, görünüşü ilə əvvəlkilərdən kəskin fərqlənir.
Ölkə kasıb olsa da, qonaqların qarşılanması və yerləşdirilməsi yüksək səviyyədə təşkil edilmişdi. Simpozium şəhərin mərkəzi meydanındakı 15 mərtəbəli “İntenational Tirana Otel”də keçiriləcəkdi. Entela Muço deyir ki, indi Tiranada 20-ə yaxın 17–18 mərtəbəli bina olsa da, hamı bu binaya Uca bina deyir. Çünki Tiranada binalar 4–9 mərtəbəli idi. 1997-ci ildən sonra ilk tikilən ucamərtəbəli bina bu hotel oldu.
Simpoziuma ABŞ-dan, İtaliyadan, Rusiya Federasiyasından, Almaniyadan, Türkiyədən, İrandan, İraqdan, Kosovadan, Makedoniyadan, Bosniyadan və başqa ölkələrdən də gələnlər vardı. Toplantının açılışından, himn oxunandan (Qonaq kimi məni də birinci sırada oturtmuşdular. Ona görə rəyasət heyətində olanlardan prezident və nazirlərin himn oxunanda ağızlarını açmamaları diqqətimi çəkdi.) sonra Fransalı qonaqların gətirdikləri 40–45 dəqiqəlik bir sənədli film göstərildi.
Tomor baba necə Abbas Əli pirinə çevrilib
Filmdə ata-babası bəktaşi olan 35–40 yaşlarında birisinin Tiranaya gəlişi, oradan Tomor dağına ziyarətə getməsi təsvir edilirdi. Bəktaşilər Tomor baba dedikləri piri Kəbə kimi əziz tutur, hər ilin avqust ayının 20-25-də buraya gəlir, qurban kəsir, Abbas ibn Əlini yad edir, dualar oxuyur və bunu da həcc ziyarəti adlandırırlar. Maraqlı burasıdır ki, onlardan altı gün öncə xristianlar da bu pirə gəlir, Həzrət Məryəmi yad edir, dualar oxuyur, şam yandırır, nəzir verirlər.

Şək. 1 Tomor Piri
Tomor piri Tirananın 120–130 kilometrliyində, dəniz səviyyəsindən 2416 metr yürsəklikdə yerləşir. Bəktaşilərin inancına görə İmam Hüseyinin dəstəsinin bayraqdarı, ögey qardaşı Abbas ibn Əli Kərbəlada şəhid olmayıb. Möcüzə nəticəsində oradan sağ çıxaraq Tirana yaxılığındakı Berat bölgəsinə gəlib. Bir müddət Beratda qaldıqdan sonra müqəddəs Tomor dağının zirvəsinə qalxıb. Orada yaşayıb və dünyasını da orada dəyişib.
Bəktaşilər “Abbas ibn Əli” söz birləşməsindən “ibn” sözünü atdıqlarından Abbasəli kimi tələffüz edirlər. Tarixi qaynaqlar isə imam Həsən və imam Hüseynin ögey qardaşı Abbas ibn Əlinin Kərbəla döyüşündə şəhid olduğunu yazır. Azərbaycanda, İranda Məhərrəm ayında aşura günü təşkil edilən şəbeh tamaşalarında həzrəti Abbasın şəhadətinə xüsusu yer ayırırlar. Onun şəninə yazılmış yüzlərlə nohə və mərsiyə var. Şəbehlər göstəriləndə, mərsiyələr oxunanda yüzlərlə insan ekstaz vəziyyətinə düşür, ağlayır, başına-gözünə döyür, üzünü cırır və s.
Yunan miflərində isə deyilir ki, Tanrı Dodona Tomor dağında dövləti qoruyan müqəddəs sərv ağacı əkib. Hər il avqust ayında da o ağacla danışmağa, ondan diləklərinin yerinə yetirilməsini xahiş etməyə gəlirmiş.
Bəktaşi dərvişlərinin bu yerlərə gəlməsinin tarixi 15-ci yüzildən o tərəfə getmir. Buna baxmayaraq, onlar Tomor dağını özlərinin müqəddəs pirinə çeviriblər. Araşdırıcılar isə Tomor dağının zirvəsindəki ziyarətgahın yaşının 3 min ildən çox olduğunu isbatlayıblar.
Fransadan ziyarətə gələn, bəktaşiyə bələdçilik edən dindaşı Tomor babaya gedərkən yolüstü atasını da görmək istəyir. Onlar traktor lapetinin üstündəki qarpız satandan bir qarpız alıb kəndə gedirlər. Kənddə onları qarşılayan ata qarpız olan paketi bulaq suyu ilə dolduraraq: “qoyun bir az sərinləsin, sonra kəsək” deyir. Onun bu hərəkəti mənə kəndlərdə gördüyüm insanların davranışını xatırladır. Daha sonra filmin gedişatında aydın olur ki, ateist ata bütün dinlərə və inanclara sayğı ilə yanaşır.
Qəribə burasıdır ki, bəktaşi kimi Abbasəlini yad etməyə gələnlər Tanrı Dodonanın əkdiyi sərv ağaçını görmək üçün dağı xeyli dolanırlar. 3 min il öncə əkildiyi söylənən ağacı tapa bilməyib yorğun Tomor pirinin türbəsinə gəlirlər. Qurbanlıq qoyun alarkən bazarlıq etmələrini, qurbanı kəsdikdən sonra geri dönmələrini də lentə almışdılar.
Filmdə bəktaşilərin bütün din və inaclara qarşı xeyirxah, açıqürəkli, səmimi və comərd olduqları təbliğ edilir.
Ənənə və müasirlik arasında: İmam Əli dünyası mövzusunda simpozium
Sənədli filmdən sonra Dünya Bəktaşilərinin Baş Dədəsi Edmond Brahimay (İbrahim) simpozium iştirakçılarını, qonaqları, nazirləri və prezidenti salamladı. Dünyadakı bəktaşilərin bugünkü vəziyyətindən, onların Həzrət Əliyə olan sevgisindən, Həzrət Əli ideyalarını yaşatmalarından, bu ideyanın dünyaya sülh və əminamanlıq, bolluq və bərəkət gətirəcəyindən söz açdı. Sonra ATƏT-in Albaniyadakı böyük elçisi Bernard Borcharda, Albaniya Müsəlmanları Komitəsinin sədri Skendern (Biz “İskəndər” kimi tələffüz edir və yazırıq – Ə.Ş.) Bruçaya, Albaniya Dini Qurumlarla İş Komitəsinin sədri Loreta Arikaya çıxış etdi. Açılış toplantısının sonunda Albaniya prezidenti İlir Meta danışdı. Bu mənim diqqətimi çəkdi. Çünki keçmiş Sovetlər Birliyində daha yüksək vəzifəlilərə toplantının önündə söz verilməsi bir protokol qaydasına çevrilmişdi.
Albaniyada Azərbaycana olan maraq və sevgi hər yerdə, hər addımda hiss edilir. Simpoziuma gələnlərin arasında professorlar, yüksək vəzifə və titullular olmasına baxmayaraq, mənim məruzəmi proqramda önə çəkmişdilər. Məruzələr üçün ənənəvi olaraq 20 dəqiqə vaxt ayırmışdılar. Mən həmişə bu qaydaya əməl etməyə çalışmışam və hamıdan da ona əməl etməsini istəmişəm.

Şək. 2 Ortada Albaniya prezidenti İlir Meta
Məruzəmi oxuduqca proyektordan Buzovnadakı Əli ayağı, Zığdakı Qədəmgah, Tovuzla Gədəbəy arasındakı Haçaqaya və başqa pirlərin, Azərbaycandakı Bəktaşi soyadlı elm və mədəniyyət adamlarının şəkillərini göstərirdim. Arxadan kiminsə Təbriz ləhcəsində “Ağa, siz tez-tez danışırsınız, tərcüməçi çatdıra bilmir, bir az yavaş danışın” deməsi məni həm heyrətləndirdi, həm də sevindirdi. Heyrətləndim ki, Tirana hara təbrizli hara. Sevindim ki, Azərbaycandan uzaqlarda doğma səs eşidirəm.
Vaxtımın 15-ci dəqiqəsində məruzəmi oxudum. Son beş dəqiqəni isə İsmail Farkadan söz açdım. Bildirdim ki, o hər bir zülmə tab gətirən vətənsevərdir. Gələcək nəsillər ona dözümlülük və əyilməzlik rəmzi kimi baxacaqlar. Çox təəssüf ki, biz müasirləri ona qarşı laqeydik. Haqqı tapdalanmış bu insanın dəyəri indiyədək verilməyib. Gənc nəslə onun ömür yolu bir örnək kimi öyrədilməyib. SSRİ dağılandan sonra sənədləri olmadığından vətəninə dönə bilməyib. Onu SSRİ-yə göndərən təşkilat öz əməkdaşının taleyinə laqeyd qalıb. İndiyədək İsmail Farkanı haqsız həbs edərək, dəlixanaya salanlar beynəlxalq məhkəməyə verilməyib.
Salondakılar mənim çıxışımı sükutla qarşıladılar. Fasilədə isə bunun əksini gördüm.
Mən İsmail Farkayla bağlı Tiranada Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Sosial Müdafiə Nazirliyi əməkdaşları ilə görüşməyə can atırdım. Dostluk, Bilimsel ve Kültürel Arnavutluk-Azerbaycan Derneği başkanı,Doç.Dr. Entela Muço bu işdə mənə yardım etmək üçün çox əlləşdi. Azərbaycandan gəldiyimi biləndə ən yüksək vəzifəlilərlə görüşdürəcəklərini vəd etdilər. Hətta görüş günü və saatını da müəyyənləşdirdilər. Amma heç biri baş tutmadı. Görüşə gedəcəyimiz gün qəbul otağında hansı mövzuda söhbət üçün gəldiyimi bildikdə nazir və nazir müavinləri çox incə bir nəzakətlə bu gün rəsmi bir toplantı olacağını, görüşün dəqiq olmayan bir vaxta ertələndiyini bildirdilər.
İsmail Farka haqqında söhbətlərimiz “Albaniya-Azerbaycan Dostluk, Bilimsel ve Kültürel Derneği”nin çərçivəsində qaldı. Dərnəyin ən fəal üzvlərindən olan, vəkil Əkrəm Kokalari mənə təskinlik verdi. Dedi ki, dostlarını, keçmiş iş yoldaşlarını bu işə qoşacaq. Onun söylədiyi bir hadisə məni də dərnək üzvlərini də təəssüfləndirdi. O dedi ki, İsmail Farka adlı birisinin qardaşı ilə tanışdır. Qardaşı İsmail Farkanın təxminən 2–3 ay öncə öldüyünü söyləyib. Qardaşının dediyinə görə İsmail Farka 1933-cü ildə doğulub, Sovetlər Birliyində oxuyub mühəndis olub, orada rus qızı ilə evlənib, ondan da iki övladı olub. Eyni ildə doğulan, təxminən eyni tərcümeyi-hallı iki insanın olması mənə bir az inandırıcı görünmədi.

Şək. 3 Edmond Brahimay (İbrahim) – Mondi Baba Əli Şamilə qatılım bəlgəsi təqdim edərkən
Sovetlər Birliyində yadfikirlilərlə xüsusi xidmət orqanlarının davranışına dair eşitdiyim və oxuduğum hadisələri danışırdım, Entela xanım da albancaya çevirirdi. Əkrəm Kokalari də gülümsəyərək bir hadisəni danışdı. Dedi ki, hüquq fakültəsini bitirib hərbi prokurorluqda işləyirdim. Gənc bir zabitin çimərkən boğulduğuna dair sənədləri mənə verdilər. Mən sənədlərlə tanış olanda gördüm zabitin üzgüçülük üzrə dərəcəsi var. Təəccübləndim. Məhkəmə Tibbi Ekspertiza şöbəsinin müdiri ilə söhbət etdim. O, mənə açıq bildirdi ki, zabit öldükdən sonra suya atılıb. Mən cinayət işi açmaq üçün sənədləri hazırladım. Baş prokurorun qəbuluna getdim ki, sənədlərə imza atdırım. O, sənədləri gözdən keçirdikrən sonra əsəbiliklə dedi: “özünü ağıllı sayırsan?! Sənin də meyitinin tapılmasını istəyirsənsə get istintaqa başla. Ağlını başına yığ! Get sənədləşdir ki, intizamsızlıq edib, hərbi hissədən icazəsiz gedib, çimərkən boğularaq ölüb”. Prokurorun tapşırığını yerinə yetirdim. Başımı bəlaya salmamaq üçün məsələnin təfsilatını öyrənməyə də cəhd etmədim.
Mən Albaniyadan SSRİ-yə oxumağa göndərilmiş Teha Harxhının Volqa çayında boğulması haqqında sənədlərlə tanış olanda da eyni vəziyyətlə qarşılaşdım. İsmail Farkayla bağlı səmərəli bir iş görə bilmədiyimdən Tirana səfərimi uğursuz saydım. Dünya Bəktaşilərinin Böyük Dədəsi Edmund Brahimayın, vəkil Əkrəm Kokalarinin vədləri məndə bir ümid oyatdı ki, bu məsələ çözüləcək. İnanıram ki, mütləq çözüləcək. Amma bilmirəm həmin vaxtadək İsmail Farka və mən yaşaya biləcəyikmi?!
Simpoziumda tanış olduğum Əli Heydər Bayat
Tiranaya dəvət edilməyimdə rolu böyük olan Entela Muço mənə həm dilmanclıq, həm də bələdçilik edirdi. Həssaslığı, işgüzarlığı və canıyananlığı ilə seçilən bu xanımla tanışlığımızın maraqlı tarixçəsi var.
Əli Heydər Bayatla (1941–2006) Türkiyədə simpoziumda tanış olmuşdum. Tibb elmləri doktoru, professor Əli Heydər Bayatın musiqi təhsili, o sahədə dərin biliyi vardı. Ona görə də tibb sahəsində çalışmaqla yanaşı konservatoriyaya da rəhbərlik edirdi. Onun tibb və musiqi sahəsindəki fəaliyyəti haqqında geniş bilgim də yox idi. Yəni əsərlərini oxumamışdım.
Azərbaycan sevdalısı bu insanın Əli bəy Hüseynzadə haqqında yazmış olduğu dəyərli monoqrafiyasını isə oxumuşdum. Monoqrafiyanı oxuduqdan sonra ona hörmətim birə-beş artmışdı. Hər bir sözünü, tapşırığını canla-başla yerinə yetirirdim.
20-ci yüz ilin başlarında Azərbaycanda və keçmiş Rusiya imperiyasında baş verən ictimai-siyasi hadisələr haqqında az-çox bilgim də məni onun üçün maraqlı müsahibə çevirmişdi. Tez-tez yazışmağa, bir-birimizə əldə etdiyimiz yeni materiallar haqqında bilgi verməyə, simpoziumlarda görüşməyə, fikir mübadiləsi etməyə, daha doğrusu dərdləşməyə can atardıq.
O, 2005-ci ildə dedi ki, Türkiyədə türk xalqlarının xalq təbabətində işlənən terminləri əhatə edən bir sözlük hazırlanır, gərək mən də onlara kömək edim, Azərbaycandan bu sahənin biliciləri ilə sözlük hazırlayanlar arasında körpü qurum. Onlar da Azərbaycanda işlənən xalq təbabəti terminləri mövzusunda bir məruzə hazırlayıb Türkiyədə keçirilən simpoziuma qatılsınlar. Sözlük hazırlayanlar da onun məruzəsindən yararlansın.
Simpoziuma dəvət edilənlərin bütün xərcləri ödəniləcəkdi. Mən də Bakıya dönəndə Azərbaycan Tibb Universitetinə getdim. Əli Heydər Bayatın təklifini onlara çatdırdım. Böyük həvəslə elə həmin gündən işə başlayacaqlarını söylədilər. Hətta mənim yanımda qərarlaşdırdılar ki, bir neçə nəfər birlikdə məruzəni hazırlasın. Vaxt daraldıqca təşkilatçılar rahatsızlıq keçirir və mənə zəng vururdular. Mən də Tibb Unversitetinə getdim. “Hə, hə” deyirdilər, amma məruzəni yazıb göndərmirdilər.
Bir gün də Əli Heydər Bayat zəng vurdu. Dedi ki, Tibb Universitetinin müəllimləri ilə danışdım. Vəd verdilər ki, məruzəni hazırlayacaqlar. Ancaq içimdə bir hiss var, onlar vədlərinə əməl etməyəcəklər. Hər halda, sən gəncləri də səfərbər et, Azərbaycanda çap olunan, toplanan folklor mətnlərindəki xalq təbabəti terminlərini seçib, bir məruzə hazırla, özün gəl.
Belə bir məruzə hazırlamağın məsuliyyətini boynuma götürmək istəmirdim. Amma Əli Heydər Bayatın sözünü də yerə sala bilməzdim. Onun tapşırığını yerinə yetirdim. Simpoziumda mən ağ qarğa günündəydim. Məndən başqa bütün məruzəçilər tibb tarixi mütəxəssisləri idi. Məruzəmi oxuyandan sonra isə vəziyyət dəyişdi. Təşkilatçılar mənə hörmət və ehtiramla yanaşdılar.
Məzahir Avşarla görüş

Şək. 4 Məzahir Avşar və xanımı Lalə
Aradan iki il keçəndən sonra simpoziumun təşkilatı işlərinin ağırlığını çiynində daşıyan Prof. Dr. Ayşegül Demirhan Erdemirdən bir məktub aldım. O, keçirəcəkləri toplantının dəvətini göndərmişdi.Əlavə yazdığı məktubda isə bildirirdi ki, simpozium Konyada keçiriləcək. Şəms Təbrizinin, Mövlana Cəlaləddin Ruminin məzarlarını ziyarət etmək üçün imkan yaranıb. Xanımınızla birlikdə gəlin.
Mən tibb sahəsi mütəxəssisi olmadığımı yazdım. Bir gün keçməmiş zəng vurdu. Dedi ki, mövzu tapmaq sizin üçün çətin bir iş deyil. Məruzə hazırlayıb göndərin, sizi gözləyirik.
Simpoziumun təşkilatçıları iki toplantını – Birinci Uluslararası Tibb Tarixi Kongresi və Onuncu Ulusal Türk Tibb Tarixi Kongresini birləşdirmişdilər. Mən də Əfzələddin Xaqaninin əsərləri əsasında Kafiəddin Ömər ibn Osmanın Darüşşəfası haqqında bir məruzə hazırladım. Beləcə 20–24 may 2008-ci ildə Konyada keçiriləcək simpoziuma dəvət edildim.
* * *
Konyadakı Səlcuq Universitet şəhərciyinə yeni çatmışdıq. Xalq inanclarınının araşdırıcısı Yaşar Kalafat, xanımım və mən söhbət edə-edə gedirdik. Yanımızdan keçən qara rəngli cip bir anda əylənci basdı və biz təkərin asfalta sürtünərək çıxardığı səsə geri döndük. Düşündük ki, nəsə qəza oldu. Qəzadan əsər-əlamət yox idi. Sükan arxasından dolu bədənli, orta boylu, saçı-saqqalı ağarmış, başının tükləri bığlarına, bığları saqqalına qarışmış birisi endi. Maşını yolun kənarında saxlayıb iti addımlarla bizə doğru gəldi. Yaxınlaşanda tanıdım. Milli-azadlıq hərəkatının fəallarından olan rəssam Məzahir Avşar idi. 4–5 il idi görüşmürdük.
Gənc, çılğın rəssam dostumun görünüşü məni kövrəltdi. O, Azərbaycanda qalıb işləməyi, milli kadrlar hazırlamağı, mübarizəni sevirdi. Lakin elə çıxılmaz vəziyyətə saldılar ki, xanımını da götürüb iş dalınca Türkiyəyə getməli oldu. Görüşdük, ayaqüstü söhbətləşdik. Gələcəyimizi öncədən ona xəbər vermədiyimizə görə giley-güzar etdi. Həmin gündən Bakıya qayıdana kimi Məzahir Avşar və xanımı Lalə yanımızda oldular, bizi gəzdirdilər, qonaq etdilər. Lalə xanım da rəssamdı. O, daha çox qurama ilə maraqlanır. Yaradıcılığında da qədim quramalarımızın rəng çalarlarından geniş istifadə edir.
Entela Muço ilə tanışlıq
Simpoziumlarda fasilələr zamanı çay, qəhvə, şirniyat verilən yerlər adətən arı yuvasını xatırladır. İştirakçılar növbədə, salonda gəzişəndə söhbətləşir, fikir mübadiləsi edir, gələcək işlərini, görüşlərini planlaşdırırlar. Bu dəfəki fasilədə isə nədənsə bir seyrəklik vardı. Məzahir Avşar və mən xanımlarımızla bir küncə çəkilib çay içərək dərdləşirdik.
Əlində iki stəkan çay olan qarabuğdayı, arıq və ucaboy bir xanımın bizim stola yaxınlaşması diqqətimizi çəkdi. Məzahir Avşar maraq dolu baxışla: “bu kimdir?” deyərək sanki özü-özündən soruşdu. Mən və xanımım qonaq idik və buradakıları da yaxşı tanımırdıq. Əslində, gələn Məzahir Avşarın və ya xanımının tanışı ola bilərdi. Onun da belə heyrətlə sual verməsi diqqətimizdən yayınmadı. Xanımım Məzahir Avşara: “Narahat olmayın, Əlinin yanına gəlir”, deyərək Lalə xanıma eyham vurdu.
Əlində çay stəkanları olan xanım gülməyimizə əhəmiyyət vermədən çayın birini mənim, birini də öz qarşısına qoyub əyləşdi. Əzizə xanımın sözünün doğru çıxması bizim bir-birimizə mənalı baxaraq gülümsəməyimizə səbəb oldu. Yeni gələn xanım isə heç nə olmamış kimi mənə müraciətlə, avşarlar mövzusunda araşdırma apardığını, bu işdə ona yardımçı ola biləcək azərbaycanlı axtardığını bildirdi. Danışığından Türkiyə türkü olmadığı açıq-aydın seçilən xanımın sözünə dördümüz də güldük. O, yenə heç nə olmamış kimi, verəcəyimiz cavabı gözlədi. Üçümüz də Məzahir Avşarı göstərdik. Sonra da Məzahir bəyin avşar olduğunu, Azərbaycandan gəlib Səlcuk Universitetində Gözəl Sənətlər bölümünə rəhbərlik etdiyini bildirdik. Bizim təqdimatımız xanımı çox sevindirdi.
Məzahir Avşarın vizit kartını aldı. Özü də bizə vizit kartını verdi. Avşarlar mövzusunda başlayan söhbətin bir azdan yönü dəyişdi. Biz onu tanımaq üçün suallar verməyə başladıq. Öyrəndik ki, Tiranadan gəlib. Baş Arxivlər İdarəsində Türk Əlyazmaları şöbəsinin müdiridir. Ona Azərbaycanla maraqlanmasının səbəbləri, avşarlar mövzusunda nə yazmaq istədiyi, Albaniyanın bu günkü durumu və s. haqqında suallar verməyə başladıq. O, ağır-ağır, sanki demək istədiklərini beynində tərcümə edərək, suallarımızı cavablandırırdı. İlk görüşdən xoş ovqat oyadan xanıma əlimizdən gələn köməyi əsirgəməyəcəyimizi vəd etdik.
Simpozium günlərində bir neçə dəfə Entela Muço ilə görüşdük, məruzəsini də dinlədim. Azərbaycan-Albaniya əlaqələri, qədim Qafqaz Albaniyası ilə bu gün Balkanlarda mövcud olan Albaniya dövlətlərinin ad oxşarlığı, Tiranadakı türkdilli əlyazmalar arasında Azərbaycan yazıçı, şair və alimlərinin əsərləri mövzusunda söhbət etdik. Məzahir bəy sağ olsun, qısa müddətdə avşarlarla bağlı xeyli material toplayıb Entela Muçoya verdi.
Bir neçə ay sonra Entela Muçodan məktub aldım. Bakıya gəlmək, kitabxanalarda, arxivlərdə işləmək, avşarlar mövzusu ilə bağlı ədəbiyyat toplamaq istədiyini yazırdı. Vəziyyəti götür-qoy etdim. Gördüm ki, istəklərini reallaşdırmaq üçün 4–5 ay Bakıda qalması lazımdır. Buna nə maddi imkan var, nə də şərait. Odur ki, gənc alimlərdən Elmira Fikrət qızından, Aida Ağakərim qızından, Səadət Şıxıyevadan xahiş etdim ki, mövzu ilə bağlı kitabların, qəzet və jurnal məqalələrinin surətlərini çıxarsınlar.
Entela Muçonun aylarla axtaracağı materialların yerini onlar az qala əzbər bilirdilər. Çox sağ olsunlar, sözümü yerə salmadılar. Lazım olan materialları seçib hazırladılar. Artıq Entela Muçoya Bakıya gələndə araşdırıcılarla görüşmək, fikir mübadiləsi etmək qalmışdı.
Onu hava limanında qarşılayıb evimizə gətirdim. Sonra da kitabxanaları, arxivləri gəzdirdim. Araşdırıcılarla görüşdürdüm. Gənc araşdırıcıların da yardımı ilə topladığım materialları ona verib ölkəsinə yola saldım. 2–3 ay sonra mənə geniş bir məktub yazdı. Bakıdan apardığı materiallardan razı qalmışdı. Tanımadığı gənc araşdırıcıların təmənnasız yardımından çox təsirlənmişdi. Onlara təşəkkürünü çatdırmağımı xahiş edirdi. Beləcə, azərbaycanlı gənclərin işgüzarlığı və təmənnasız yardımı Entela Muçonu Azərbaycanla sıx bağladı.

Şək. 5 Soldan: Aynur Qəzənfərqızı, Entela Muço, Qətibə Vaqifqızı, filologiya elmləri doktoru Nailə Səmədova, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova, elmi işçi Aytən İmanova və Qətibənin qardaşı Elnur Quliyev.
Entela Muçonun ömür yolundan bəzi səhifələr
Əksər ölkələrdə və bölgələrdə olduğu kimi Albaniyada da güneylilərlə quzeylilər arasında gözəgörünməz bir ziddiyyət var. Entela Muçonun valideynləri güneydən olsa da onlar paytaxtda yaşayıblar. Ziyalı ailəsində doğulan Entela Muço 1986-1990-cı illərdə Tirana Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündə oxuyub. Təhsil illərində türk dilinə maraq göstərib. Universiteti bitirdikdən sonra fərqli kurslarda türkcə biliyini artırmağa çalışıb. Bu, onu qane etməyib. Albaniya Təhsil Nazirliyinin təqaüdü ilə 1994-1995-ci illərdə Türkiydə TÖMER-də oxuyub. Bu səfər onu Türkiyə ilə sıx bağlayıb. Osmanlı dönəminin sənədlərini oxumaq üzrə mütəxəssis kimi formalaşması üçün Albaniya Təhsil Nazirliyi onu 1995-1997-ci illərədə İstanbul Universitetindəki kurslara göndərib.
Professor Mehmet Ali Beyhanın rəhbərliyi altında ixtisas qazanan Entela Muço 1997-2000-ci illərdə İstanbul Universiteti Ədəbiyat fakültəsi Tarix bölümündə magistraturada oxuyub və “Yanya valisi Tepedelenli Ali Paşa emlakı” mövzusunda yazdığı diplom işini uğurla müdafiə edib. Albaniya Baş Arxivlər İdarəsində müxtəlif vəzifələrdə çalışıb. “İbrahim Temonun hayatı, faaliyeti ve fikirleri“ mövzusunda yazdığı dissertasiyasını da İstanbul Universiteti Ədəbiyat Fakültəsi Tarix Bölümünün doktorantı kimi müdafiə edib.
Albaniyada 13-20-ci yüzillərdə yazılmış Osmanlı sənədlərinin bilicisi kimi tanınıb. Layihələr hazırlayıb, Türkiyə mütəxəssisləri ilə birlikdə Osmanlı dövrünün sənədlərinin kataloqunu hazırlayıb. 1995-2010-cu illərdə Orta və Güney Albaniyanın Osmanlı kadastrı əmlak dəftərləri üzərində çalışıb. Bu sənədlər əsasında Türkiyədə, Azərbaycanda, Bolqarıstanda, Rumıniyada və b. ölkələrdə keçirilən elmi simpoziumlarda məruzələr oxuyub. Xarici ölkələrin nüfuzlu jurnallarında dəyərli elmi məqalələr çap etdirib. İşi yaxşı bilmək, doğru olmaq, səmimiyyət və xeyirxahlıq bəzən insanın başına bəla da açır…
Entelanın da sadəliyindən istifadə edib həyatının az qala bir ilini cəhənnəmə döndəriblər. Elmi yaradıcılıqla məşğul olmaq əvəzinə müstəntiqlərə, məhkəmələrə izahatlar yazıb. Həbs olunmaq qorxusunu yaşayıb. Səbəb isə notariusdakı bir saxtakarlıq olub. Ona Osmanlı dönəminin kadastr əmlak sənədlərini tərcümə etmək tapşırılıb.
Entela Muço 450 hektarlıq torpaq sahəsinin sənədlərini hazırlayaraq notariusa təqdim edib. Var-dövlət hərisləri onun hazırladığı sənəd üzərində fotoşopla dəyişiklik edərək 450 hektarlıq torpaq sahəsini öz adlarına keçiriblər. Məsələnin üstü açılanda torpağı müsadirə etmiş yüksək vəzifəlilər canlarını birtəhər qurtara bilsələr də, Entela çıxılmaz vəziyyətdə qalıb. Çox şükür ki, hər yerdə olduğu kimi, Tiranada da xeyirxah insanlar var. Uzun müddət Albaniya hərbi prokurorluğunda işləmiş, oradan təqaüdə çıxdıqdan sonra vəkilliyə başlamış Əkrəm Kokari bir xilaskar mələk kimi onun köməyinə çatıb.

Şək. 6 Soldan: Dostluk, Bilimsel ve Kültürel Arnavutluk-Azerbaycan Derneği üzvlərindən Aliye xanım, Əkrəm Kokolari, Entela Muço, Əli Şamil və Bədri bəy
Bu hadisə mənə Azərbaycan qəzetlərində oxuduğum, tanışlardan eşitdiyim məhkəmə çəkişmələrini xatırlatdı. Buradan çıxardığım nəticə budur ki, bu köhnəlik qalığı totalitar rejimin təsiri təkcə Azərbaycanda, Albaniyada deyil, keçmiş sosialist ölkələrinin əksəriyyətinin məhkəmə sistemləri üçün xarakterikdir.
Entela Muçonun Azərbaycanla bağlılığı
Entela Muço 2009-cu ilin may ayının sonlarında Bakıya gələrək Azərbaycan Cümhuriyyətinin ildönümü münasibətilə təşkil edilən toplantılara qatıldı. Sonralar Bakıya gəlişi sıxlaşmağa başladı. Folklor İnstitutunda çalışan Aynur Qəzənfərqızı və Tarix İnstitutunda işləyən İradə Məmmədli ilə də dostlaşdı. İradə xanım onun Bakıda keçirilən simpoziumlara gəlməsinə şərait yaratdı. Sağ olsun, o da heç zaman əliboş gəlmirdi. Bir-birindən maraqlı məruzələrlə simpoziumlarda çıxış edirdi. Onun “Nadir şah dönəmində islam mədəniyyətinin bəzi yönləri” (2009), “Azərbaycan türk xalqına qarşı 1918–1920 soyqırımı“ (2013), “18-19-cu yüzillərin keçimində Güney Kafkasyadakı gəlişmələri üzərində bəzi baxışlar (Azərbaycan)” (2013), “Arnavut entelektüel baxışına görə Azərbaycan xalqına qarşı ermənilərin yapdığı soyqırımı” (2017) və b. məruzələrindən Azərbaycanlı araşdırıcılar həvəslə istifadə edirlər. O, yalnız məruzə oxumağa gəlmir, həm də Albaniyadakı arxivlərdə Azərbaycanla bağlı əlyazmaların və sənədlərin surətini gətirir.
Həmin sənədlərdən də istifadə edilərək yeni məqalələr yazılır. Albaniya Dövlət Arxivində Məhəmməd Füzulinin “Hədiqət üs-süəda” əsərinin 1669-cu ildə, 1789-cu ildə, 1888-ci ildə və 1928-ci ildə köçürülmüş olduqca təkmil əlyazmalarının olması məni heyrətləndirdi. Öyrəndim ki, orada yalnız Məhəmməd Füzulinin deyil, müxtəlif müəlliflərin türkcə 261 əlyazması saxlanılır.
Sonrakı gəlişlərində Entela Muço kitabxanalardan, arxivlərdən çox hökumət idarələrinə gedirdi. Prezident Aparatında, Xarici İşlər Nazirliyində, Diasporla İş Komitəsində görüşdüyü adamlarla Azərbaycan-Albaniya əlaqələrinin yaxşılaşdırılmasından söz açır, yollar arayırdı.
Mənə yazdığı məktublarında bəzən də onun zəhmətini qiymətləndirmədiklərindən, hazırladığı layihələrindən rəhbərlikdə olan və mövzudan uzaq insanların yararlandığından şikayətlənir, normal işləməsinə əngəl törədildiyindən gileylənirdi. Mən də keçmiş sosializm blokuna daxil olan ölkələrin çoxunda bu problemlərin olduğunu yazaraq ona təsəlli verməyə çalışırdım.
Uzun mübarizədən, sənədlər hazırladıqdan, sənədləri müxtəlif dillərə çevirdikdən sonra qurduğu “Dostluk, Bilimsel ve Kültürel Arnavutluk-Azerbaycan Derneği”nin 2011-ci ilin iyun ayında Albaniyada qeydiyyata alınmasına nail oldu. O, dərnəyin proqramında Azərbaycan deyəndə yalnız Azərbaycan Resbublikasının deyil, İran İslam Respublikasındakı Azərbaycanı da, yəni Kərəc, Qəzvin, Həmədandan Araz çayınadək olan ərazini də nəzərdə tutduğunu yazması bir çoxlarını qıcıqlandırsa da inadından dönmədi və istədiyini həyata keçirdi.
Təsis yığıncağından sonra Tiranada geniş bir elmi simpozium keçirməyi planladı. Simpoziumun keçiriləcəyi yeri, mövzuları, dəvət edə biləcəyi alimləri, siyasi xadimləri müəyyənləşdirə bilməsi üçün üç aydan çox vaxt xərclədi. Sonra maliyyə qaynağı vəd edənlər sözlərindən qaçdığına görə toplantı baş tutmadı.
Onun istəklərinin bəziləri baş tutmasa da həvəsdən düşmür. İnadla çalışır. Yəqin ki, gələcəkdə onun fəaliyyəti Azərbaycan-Albaniya əlaqələrini öyrənmək baxımından araşdırıcılara mövzu verəcəkdir.
Tiranada Novruz bayramı
Tiranada Novruz bayramı Kutsal Sarayın, Bəktaşi dədələrinin dəfn edildiyi parkda keçiriləcəkdi. Qaldığım hoteldən parka Əkrəm Kokalarinin maşınında, Entela Muço ilə birlikdə getdik. Tədbirin keçiriləcəyi yerin yaxınlığında maşın saxlamağa imkan yox idi. Ona görə də Əkrəm Kokalari maşınını Sovet dövründə tikilmiş mikrorayonları xatırladan bir məhəllədə saxladı. Orada hələ küçədə maşın saxlayanlardan yerpulu alanlar gözə dəymirdi.
Piyada parka doğru irəlilədik. Bayram əhval-ruhiyyəli, təzə və səliqəli, al-əlvan geyimləri ilə seçilən müxtəlif yaşda insanlar parka doğru irəliləyirdilər. Parkdakı musiqi səsi uzaqdan eşidilirdi.
Tiranadakı Novruz bayramı Bakıda keçirilən bayramdan tək fərqi kasıblığında idi.
Təbrizli operatorun tutulması
Biz parka daxil olub mikrofonlar qurulmuş meydana yaxınlaşanda təbrizli operatorun qoluna idmançı görkəmli iki gəncin girərək apardığını görəndə özümü onun qabağına atdım. Dil bilməsəm də onu qurtarmağa çalışdım. Operator da mənim kimi alban dilini bilmirdi. Məni görəndə bir az cəsarətləndi. Bircə kəlmə “aparırlar” dedi.
Əkrəm Kokalarinin qolumdan tutub məni geri çəkməyi ilə yol açıldı. Onlar surətlə irəliləyib parkdan çıxdılar. Əkrəm bəy nə isə deyirdi. Mənim nigaran baxışlarım isə həmyerlimin ardınca qalmışdı. Əkrəm Kokalarin məni niyə geri dartdığını, nə dediyini hələ tam anlaya bilmirdim.
Entela Muço tərcümə etdi ki, burada rejim çox sərtdir. Müqavimət göstərsəydin xüsusi xidmət orqanlarının ətrafdakı mülki paltarlı əməkdaşları səninlə birlikdə bizi də aparacaqdılar. Heç bir günahımız olmasa da ən azı üç-beş gün saxlayıb istintaq edəcəkdilər. Bizim ona heç bir yardımımız dəyməyəcəkdi, özümüz də əziyyət çəkəcəkdik.
Mən yenə də narazılığımı bildirdim. Dedim ki, bu necə ölkədir, qonağa da beləmi münasibət göstərərlər? Özlərinin rəsmi dəvət etdikləri qonağı bayram günündə, hamının gözü qarşısında, alçaldıcı şəkildə tutub aparmalarına nə ad verəsən? Hansı hoteldə qaldığını bilirlər. Əgər nədənsə şübhələniblərsə, tədbir başa çatandan sonra ora gedib sorğu-sual edərdilər.
Əkrəm Kokalari gülərək “hələ sosializmdə mövcud olan idarəetmədən qurtulub demokratik idarəetməyə keçməmişik. Ona görə də bunlar gündəlik yaşantılarımızdır. Albaniya kimi kiçik bir ölkədə xüsusi xidmət orqanlarında çalışanların sayı çox, işləri isə azdır. Özlərini dövləti qoruyan vacib adamlar kimi göstərir, həm də adamların gözünü qorxudurlar”.
İlk təəssürat Novruz bayramının gözəlliyini burnumdan tökdü. Bayram toplantısında Dünya Bəktaşilərinin Baş dədəsi Edmond Brahimayın da, çıxış edənlərin də nə dediyini qeyd etməyə həvəsim qalmadı. Fikrim Təbrizli operatorun yanında idi. Əkrəm Kokalari mənə təskinlik verdi. Dedi ki, səbrli ol. İndi hamı bayram tədbirindədir. Heç kimlə əlaqə qurub vəziyyəti öyrənmək mümkün deyil. Şənliklər iki-üç saata başa çatacaq. Ondan sonra görək nə edə bilirik.
Novruz bayramı şənliklərini elə bil tikan üstündə keçirdim. Əkrəm Kokalarigil də bir yerdə durub bayram şənliklərinə baxmırdılar. Tez-tez yerlərini dəyişirdilər. Dünya Bəktaşilərinin Baş dədəsi Edmond Brahimay Norvuz bayramı, onun humanizmi, demokratikliyi haqqında danışdıqca Entela Muço mənə tərcümə edirdi. Rəsmi çıxışlar bitdikdən sonra çal-çağıra qalmaq istəmədim. Hotelə qayıtmaq istədiyimi bildirdim.
Entela xanım oradakı muzeyə baxdıqdan sonra getməyimizi məsləhət gördü. Yaxşı ki, onun sözünə etiraz etmədim. Muzeyə gedərkən Bəktaşi dədələrinin türbədəki qəbirlərini də ziyarət etdik. Qəbirüstü yazıları Entela oxuyub tərcümə edirdi. Onun dediklərinə qulaq asdıqca qürur duyurdum. Bəktaşi dədələri dini rəhbərdən, mənəviyyat adamından çox millətinin azadlığı uğrunda mübarizənin önündə olmuş döyüşçü sərkərdələri xatırladırdılar. Onlar həmişə müstəmləkəçilərə qarşı döyüşlərdə əldə silah xalqın önündə olublar.
Albaniyada dinə münasibət
Ölkədə dindarların təqib olunduğu, dini təbliğatın yasaqlandığı bir zamanda şəhərin mərkəzi meydanlarından birində orta boylu bir bəktaşi dədəsinə heykəl qoyulubmuş. Əkrəm Kokalari heykəli qoyulan dədənin İkinci Dünya Savaşında faşizmə qarşı müqavimət hərəkatında göstərdiyi qəhrəmanlıqlarından danışdı. Bəktaşi dədəsinin adı dünya antifaşist hərəkatı liderlərinin sırasındadır.
Albaniyada bəktaşiliyin yayılması üçün qurulmuş muzeyi çox gözəl tərtibatla hazırlamışlar. Görünür, burada eksponatların yenilənməsinə, kompozisiyaların dəyişdirilməsinə çox diqqət yetirilir. Bəktaşilərə həsr olunmuş muzeyin bir bölümü sanki bizim Ədəbiyyat muzeyinin bir parçasıdır. Burada İmadəddin Nəsimiyə, Şah İsmail Xətaiyə, Qul Hümmətə, Məhəmməd Füzuliyə və başqalarına geniş yer ayrılıb. Onların əsərlərinin köhnə və yeni nəşrləri də nümayiş olunur. Bakıda çap olunmuş kitabları görəndə özümü doğmalarımın arasında hiss edirdim. Diqqətimi çəkən bir də o oldu ki, Füzulinin “Hədiqət üs-süəda” əsərinin bir neçə nəşri, son illərdə yenidən işlənmiş, redaktə edilmiş nüsxəsi də eksponatlar arasındaydı. Əsərin nəşrlərinin sayı Bakıdakı nəşrlərindən bir neçə dəfə çoxdur.
Muzeydə Yunis İmrə, Pir Sultan Abdal və başqaları haqqında eksponatlarda verilən bilgilər isə bizim muzeylərdə verilən bilgilərdən o qədər də seçilmir.
Muzeydən çıxıb Kutsal Saraya gedəndə Əkrəm Kokalari qırmızı kərpicdən tikilmiş bir binanı göstərdi. Dedi ki, Ənvər Xocanın hakimiyyəti illərində bu bina ölkədə yeganə namaz qılınan yer idi. Adına da məscid deyil, qocalar evi deyirdilər. Ənvər Xoca ölkənin məşhur dindarlar ailəsindəndir. Atası da mömün müsəlman idi. Hətta Ənvər Xoca onu Məkkəyə Həcc ziyarətinə də göndərmişdi.
Ramazan və Qurban bayramlarında ölkənin hər yerindən inanclı müsəlmanlar buraya gələrək namaz qılır, imamın çıxışlarını dinləyirdilər. Bina indi də məscid kimi istifadə edilir.
Təbrizli operatoru qurtarmaq üçün cəhd
Biz oradan keçib Qutsal sarayda Sürya Xhelajın (Celay) qəbuluna getdik. Orada Təbrizli operatorun həbsi məsələsini və ona kömək yollarını müzakirə etdik. Sürya Xhelaj dedi ki, Amerika İran hökumətinə müxalif olan və İranın terrorist adlandırdığı Mücahidi Xaliqan Partiyası tərəfdarlarının əksəriyyətini Albaniyada yerləşdirib. Bu da Albaniya-İran münasibətlərini gərginləşdirib. Görünür, təbrizli operatorun həbsi də Mücahidi Xaliqan Partiyasının üzvlərinin təhlükəsizliyi ilə bağlıdır.
Uzun müzakirədən sonra Əkrəm Kokalari Sürya Xhelajını dilə tutdu ki, Bəktaşilərin baş dədəsi Ebrahim Edmunda zəng vurub narahatlığımızı bildirsin. O, tərəddüdlə də olsa zəng vurdu. Alban dilində uzun-uzadı nəyisə izah etdi. Telefonu yerə qoyandan sonra sifətində bir təbəssüm yarandı. Azərbaycanla bağlı verdiyi sualları Entela Muço mənə görə tərcümə etsə də mən ondan özünün cavablandırmasını istədim. Entela xanım həvəslə bilgi verir, hərdən bəzi məsələləri dəqiqləşdirmək üçün mənə müraciət edirdi.
Sürya Xhelaj Azərbaycana gəlmək imkanlarını, Azərbaycandakı Bəktaşi soyadından olanlarla görüşmək istədiyini, Nəsimi, Xətai, Füzuli, Qul Hümbət və b. şairlərin hansı səviyyədə öyrənildiyini və təbliğ olunduğunu görmək istədiyini bildirdi. Əkrəm Kokalari də, Entela xanım da, mən də onun istəklərinin reallaşması üçün lazımi şərait olduğunu söylədik. O gülümsəyərək dedi ki, biz Avropada yaşasaq da görünür, sizin ölkədə Avropa dəyərlərinə bizdən daha yaxşı əməl olunur. Entela xanım, Azərbaycan Respublikasının Avropa dövləti sayıldığından, hansı beynəlxalq təşkilatların üzvü olduğundan geniş bilgi verdi. Azərbaycan Respublikası ilə İran Azərbaycanı arasındakı əlaqələrdən də geniş danışdı. Entela xanım mən başa düşmədiyim üçün danışılanların hamısını tərcümə edirdi. Söhbətimiz yarım saatdan çox idi davam edirdi. Telefon zəngi söhbətimizi yarımçıq qoydu. Sürya Xhelaj bildirdi ki, Təbrizli operatoru Tiranadan xaricə uçan ilk təyyarə ilə ölkədən çıxaracaqlar. Bizə də məsləhət görürdü ki, onunla görüşməyə və ya yola salmağa getməyək.
Bu xoş xəbərlər dördümüzün də üzünü güldürdü. Mən Sürya Xhelaja təşəkkürümü bildirdim, söhbətimizin davamını Bakıda etmək arzusunda olduğumu çatdırdım. O bir daha xatırlatdı ki, Qutsal Sarayın maşınlarından birini bizim üçün ayırıblar. Haraya getmək istəsək zəng vuraq, sürücü gəlib bizi aparsın. Əkrəm Kokalari ilə Entela xanım da ona bildirdilər ki, Əkrəmin maşını ilə məni sabah Albaniya gəzintisinə çıxaracaqlar. O da qonaqpərvərliyinə və onlara yardım etdiyinə görə Əkrəm Kokalariyə təşəkkürünü bildirdi. Xudahafizləşib ayrıldıq.
Əkrəm Kokalarinin xatirələri və Entela xanımın verdiyi tarixi bilgilər
Çölə çıxanda Əkrəm Kokalari bildirdi ki, o, gəncliyində hərbi prokurorluqda işlədiyi zaman Edmond Brahimay Alban Ordusunun əks-kəşfiyyat zabiti imiş. Uzun illərdir oradan ayrılıb bəktaşi rəhbərlərindən birinə çevrilsə də, həmin təşkilatda işləyənlər keçmiş iş yoldaşları olan Edmond Brahimayın sözünü eşidirlər. Ona görə də təbrizli operatorun işini çox operativ həll etdilər. Yoxsa belə işlər çox uzanır.
Səhərisi gün Əkrəm bəyin maşınında ölkənin quzeyinə doğru yol aldıq. Bizə bələdçilik edən isə Entela xanımdı. Hərdən Əkrəm Kokalari də söhbətə qoşulur. Onların dediyinə görə dünyada arnavutların sayı 10 milyondan çoxdur. Albaniyada qalanların sayı 3,5 milyonu keçmir. Dolanışıq çətin olduğundan insanlar xaricə köç etməyi bir xilas yolu kimi görür.
Onun dediyinə görə arnavutların 1,8 milyonu Kosovada, 550 mini Makedoniyada, 600 mini Yunanıstanda, 60–70 mini Serbiyada, 30–35 mini Monteneqroda (Karadağ), 15–20 mini Xorvatiyada, 15–20 mini Bosniya-Herseqovinada, yəni ata-baba torpaqlarında yaşayırlar. Xaricə köç edilmiş ölkələr sırasında Almaniya birinci yeri tutur. Orada arnavutların sayı 400 mindən çoxdur. ABŞ, Hollandiya, Belçika, İsveçrə kimi ölkələrin hər birində 100 min, Kanada, Fransa, İsveç, Avstriada və b. ölkələrdə yaşayan arnavutların sayı isə yüz mini keçmir.
Mən: “Entela xanım, bildiyimə görə arnavutların toplu yaşadıqları ölkələr sırasında Türkiyə və İtaliya öndə olmalıdır?” dedikdə o, gülərək: “Həmin ölkələr haqqında ayrıca bilgi verəcəkdim. Tarixi qaynaqların verdiyi bilgiyə görə Osmanlıların bölgəyə ilk yürüşü 1478-ci ildən başlamışdır.
Balkanları tutmaq, oradan da Romanı təsir dairəsinə salmaq arzusunda olan Sultan Fateh Mehmet Gədik Əhməd paşanın rəhbərliyi ilə bölgəyə ordu göndərir. Təcrübəli sərkərdə olan Gədik Əhməd paşa 100 gəmi ilə səfərə çıxıb 1480-ci ildə Adriatik dənizinin o tayındakı İtaliyanın Otranto qalasını alır. Osmanlıların azsaylı orduları Otrantodan Birindisi, Lecce, Toronto istiqamətində yürüşlərini davam etdirirlər. Vəziyyətin gərginliyini görən Papa Fransadakı Aviqona qaçmağa hazırlaşır. Bu zaman Neapol kralı keçmiş düşməninin köməyinə gəlir. Gədik Əhməd paşa yürüşü davam etdirə bilməyəcəyini görüb qalada 500 əsgər yerləşdirərək geri dönür. Trakiyada ordusunu yenidən formalaşdırır. Albaniya mühasirəyə düşmüş olur.
Gədik Əhməd paşa Trakiyada ordusunu formalaşdırdığı zaman Fateh Mehmet dünyasını dəyişir.
1481-ci il mayın 3-də İkinci Mehmetin ölümü İkinci Bəyazitlə Cəm Sultan arasında taxt-tac uğrunda vuruşa səbəb olur. Hakimiyyət uğrunda saraydaxili qarşıdurmanı nizama salmaq üçün İkinci Bəyazit Gədik Əhməd paşanı əsgərli birlikləri ilə İstanbula dəvət edir.
Otrantodakı 500 əsgərə Osmanlıdan yardım gəlmir. Savaşdan qaçmış şəhər əhalisi də geri qayıtmır. Beləcə, qaladakı Osmanlı əsgərləri yemək sıxıntısı ilə üzləşirlər. Bundan bacarıqla istifadə edən Neapol kralı Otrantodakı hərbi hissənin komandirləri ilə danışıb onları öz ordusunda işə götürür. Bununla Neapol kralı bölgənin sözü keçən hökmdarına, ordusu da ən güclü orduya çevrilir.
Saraydaxili çəkişməyə son qoyulduqdan sonra Osmanlı əsgəri birlikləri yenidən Balkanlara doğru yürüş edir. Ayrı-ayrı qalalar uğrunda gedən döyüşlərin qalibi olurlar. 1501-ci ildə dirəniş göstərən son silahlı qüvvələr də məğlubiyyətləri ilə razılaşırlar. Beləcə bölgədə uzunmüddəli bir sakitlik yaranır.
15-ci yüzilliyin sonlarına doğru Osmanlı ordusu Balkanlara yürüş edəndə xristian inanclı arnavutların bir qismi ailələrini, inanclarını qorumaq düşüncəsi ilə xristianlığın dini mərkəzi sayılan İtaliyaya köçür. Onlar xristian olduqlarına görə müsəlmanların əsarətini qəbul etmirlər. Oradan da İtaliyanın Ağ dənizdəki adalarına, xüsusən də Siciliyaya və Kalabriyaya köçürlər. 19-cu yüzillikdə də Siciliyadan Amerikaya köçüb orada məşhur mafiyaların əsasını qoyurlar.
İslamı qəbul edən arnavutlar Osmanlı hökumətində mövqelərini möhkəmlədirdilər. Onların sayı orduda o qədər artdı ki, 17-ci yüzillikdən sonra Sədrəzəmlik, Paşalıq, Validə Sultanlıq kimi bir çox mövqeyi ələ keçirirlər. Bir sözlə, ölkənin idarə edənlər arasında arnavut kökənli paşaları, valiləri, elm-sənət adamlarını saymaqla qurtarmaz. Zəifləməyə doğru gedən Osmanlı dövlətini çökdürmək üçün Avropanın inkişaf etmiş ölkələri 19-cu yüzillikdən etibarən ciddi fəaliyyətə keçirlər. Bu işdə kilsələr də xüsusi fəallıq göstərir. Onların missioner təşkilatları arnavutların beynini yumağa, milli şüuru oyatmaq adı aldında Osmanlı düşmənliyini təbliğ etməyə başlayırlar.
Nəticədə Balkanların hər yerində olduğu kimi arnavutlar da Osmanlı dövlətinin əleyhinə silahlı mübarizəyə başlayırlar. Lakin bu mübarizənin nə ilə nəticələnəcəyini görmürlər. Bilmirlər ki, onları Osmanlı dövlətinin əleyhinə qızışdıran Serb və Yunan millətçilərinin başqa planları var. Serblər Albaniyanın quzeyində, Yunanlar isə güneyində soyqırım törətməklə boşalmış ərazilərdə özlərinə dövlət qurmayı planlayırlar.
Zəifləmiş, elmi-texniki tərəqqidə Avropa ölkələrindən geri qalmış Osmanlı dövlətinin əskəri birlikləri Balkan savaşlarında geri çəkilir. Bundan yararlanan serblər, yunanlar, bolqarlar arnavutların yüz illər boyu yaşadıqları ərazilərin işğalına başlayırlar. Osmanlı əsgəri birlikləri olmadığından onları qoruyan olmur. Serblər arnavutların toplu yaşadığı Topluca şəhərində soyqırım törədir. Avropa və Rusiya hökumətlərinin yardım etdiyi Yunan əsgəri birlikləri Güneydən Albaniyanın içərilərinə doğur irəliləyir.
Osmanlı dönəmində Yanya vilayətində yaşayan arnavutların sayı 1910-cu ilin siyahıya alınmasında 83 min olduğu göstərilir. Balkan savaşı başlayandan sonra onların bir qismi Osmanlı dövlətinin içərilərinə, bir qismi xarici ölkələrə qaçmalı oldu. Minlərlə arnavut müsəlman olduğuna görə yunan əskəri birlikləri tərəfindən öldürüldü, kəndləri dağıdıldı. 1913-cü ildə, Balkan savaşından sonra Londondakı Böyük Elçilər Konfransında arnavutların toplu yaşadığı Çameriya bölgəsi yeni yaradılan Yunanıstan hökumətinə verildi.
Türkiyə ilə Yunanıstan arasında 1923-cü ilin yanvar ayında bağlanmış və tarixə “Mübadilə anlaşması” kimi daxil olan sənədə əsasən 1923-1926-cı illərdə on minlərlə müsəlman arnavut Türkiyəyə köçməli olmuşdur. Ümumiyyətlə 1923-cü ildən 1944-cü ilədək Türkiyəyə köçürülən arnavutların sayının 85 min nəfəri ötdüyünü yazırlar.
İkinci Dünya Savaşında yunan generalı Napoleon Zervasın başçılıq etdiyi əskəri birliklər 1944-cü ilin iyulundan 1945-ci ilin martına kimi Çameriyada 2900 kişi, 214 qadın, 96 uşaq öldürdükləri və 745 qadına-qıza təcavüz etdikləri, 68 kəndi, 5800 evi yandırdıqları, 2000 adam isə savaşdan qaçmağa çalışdıqları üçün aclıqdan, soyuqdan, xəstəlikdən öldükləri qeydlərə keçib. Sənədlərdə o da göstərilir ki, 3 yaşından kiçik 32 uşaq yunanlar tərəfindən qılıncdan keçirilib. 35 min arnavut da Çameriya bölgəsindən Tirana tərəfə köç etmək zorunda qalıb.
Yunanıstan və Serbiya ərazilərində qalan arnavutlar üçün ana dilində məktəb açmağa, qəzet-jurnal nəşr etməyə, mədəniyyətlərini yaşatmağa imkan vermədilər.
15-ci yüzilin sonlarında arnavutlar Osmanlıdan qurtulmaq üçün İtaliyaya köçürdülərsə, 20-ci yüzilin başlarında tərsinə – Osmanlıya, indiki Türkiyəyə köçməyə başladılar. Təkəmseyrək olsa da köç bu gün də davam edir.
Türkiyədə yaşayan arnavutların sayı haqqında dəqiq bilgi yoxdur. Kimi onların sayının 2 milyon, kimi 4 milyon olduğunu deyir. Çünki Türkiyənin nüfuz müdirliklərində etnik kimliyə görə siyahıya alma aparılmır”.
Osmanlı dövlətində məşhurlaşan albanlar
Yolboyu Osmanlı Hökumətinin baş naziri olmuş Damad Fərid Paşadan, Türkiyə Cümhuriyyətinin himnini yazmış Mehmet Akif Ersoydan, böyük sözlük yazarı və ensiklopedist “Kamus-u Türk”-ün müəllifi Şəmsəddin Samidən, onun qardaşı, şair Maarif Nəzarəti Təlim və Tərcümə Dairəsi üzvlərindən Naim Fraşeridən, “Vətən şairi” adlandırılan Namiq Kamaldan, İttihad və Tərəqqinin qurucularından Dr. İbrahim Temodan, İstanbul Universitetinin ilk rektoru Hoca Hasan Tahsindən xeyli söhbət etdik. Bu adamlar alban kökənli olsalar da ürəkdən türk mədəniyyətinə xidmət etmiş və böyük işlər görmüşlər.
Tiranadakı Bəktaşilər muzeyində Şəmsəddin Saminin və qardaşı Naim Frasheri haqqında iki stend var. Elmin, mədəniyyətin inkişafına böyük xidmət göstərmiş qardaşların adları və soyadları bir-birinə uyğun gəlmir. Çünki biri islam, o biri xristian dininin adlarını daşıyır.
Yanya bu gün Yunanıstanda bir şəhərdir. Osmanlı dönəmində Albaniyanın güneyi sayılırdı və şəhərdə yaşayan albanların sayı yunanlardan heç də az deyildi. Şəmsəddin Sami də bu şəhərdə yaşayan Xəlil bəyin oğludur. 1850-ci ildə doğulub. İlk təhsilini yunan məktəbində alıb. Fitri istedadı ilə seçilib, yunan, italyan, fransız, ərəb, fars və türk dillərini öyrənib. Ana dilində təhsil görməsə də albancanı da gözəl bilib.
Türkiyədə onun haqqında yazanlar “ilk modern türkcə sözlüyün” banisi deyə yad edirlər. İki cildlik “Kamus-ı Türk”ün, 6 cildlik “Kamusu-ul ləm”in, türkcə ilk roman sayılan “Taaşşuk-ı Talat və Fitnə”nin müəllifidir. O, həm də “Orxon kitabələri” və “Qutadqu bilik” əsərləri üzərində çalışıb.
Səmsəddin Sami türkçülük şüurunun yüksəlməsi üçün əlindən gələni əsirgəməyib. Soyca türk olanların çoxu belə hökumətdəkilərin təzyiqindən qorxaraq türk sözünü dilinə gətirmədiyi bir zamanda Şəmsəddin Sami yazırdı: “Osmanlı kavim, millet adı değil, kabile-aile-sülale adıdır… Biz ise Türküz, Türk milletindeniz. “Osmanlı” ancak Sultan sülalesi için kullanıla bilir…”
O dönəm geniş yayılmış osmanlıca və çığatayca sözlərinin əleyhinə çıxan Şəmsəddin Sami bu dillərə türk dil ailəsi deyilməsi fikrini təbliğ edirdi.
Coşqun türk milliyətçisi kimi tanınan Şəmsəddin Sami Abdülhəmid zamanında İstanbulda “Cəmiyyət-i İlmiye Arnavudiye”ni qurub. 1886-cı ildə “Arnavut dili” adlı kitab çap etdirib və 1897-ci ildə latın və yunan hərfləri əsasında alban əlifbasını yaradıb.
Osmanlı dövlətində çalışan alban soylularla sıx əlaqə quran və soydaşlarının assimilə olunmasının qarşısını almağa çalışan böyük osmanlı maarifçisi kimi tanınıb.
Yaradıcılığının ən məhsuldar dövründə, yəni 54 yaşında dünyasını dəyişən böyük alim Ərənköy məzarlığında dəfn edilib.
Albanlar Osmanlı dövlətinə qarşı çıxaraq öz müstəqilliklərini elan etsələr də, türklər onlara düşmən kəsilməmişlər. Əksinə, dara düşəndə kömək əllərini uzatmışlar. Yunanlar albanlara qarşı qəddarlıq edəndə, kəndlərini dağıdıb dinc əhalini qıranda Atatürk albanlara ordu qurmaq üçün köməklik göstərmişdir.
Türklər 1920-ci ildə Albaniya ilə hərbi, iqtisadi, mədəni müqavilələr bağlamışlar. Atatürkün tapşırığı ilə Prizrenli albay Səlahəddin Saip Şkoza 25 nəfərlik bir hərbi heyətlə Tiranaya getmiş, ordu quruculuğuna başlamışdır.
İkili vətəndaşlıq alan Səlahəddin Saip Şkoza Albaniyada millət vəkili seçilərək İlyas Virioni hökumətində iki il müdafiə naziri işləmişdir.
Albaniyanın azadlığı: qazancları və itkiləri
Mən Əkrəm bəyə yarızarafatla dedim ki, “bəy, albanlar 1913-cü ildə müstəqilliyini elan edəndə torpaqlarının yarısını itirdi və beş il sonra İtaliyanın əsarətinə düşdü. 1939-cu ildə faşist İtaliyası, 1943-cü ildə faşist Almaniyası işğal etdi. 1944-cü ildə Ənvər Xocanın rəhbərlik etdiyi Əmək Partiyası Albaniyanın əsarətdən qurtardığını elan edəndə 28 min 748 kvadratmetr ərazi, əhalinin də üçdə biri qaldı. Türkiyədə arnavut kökənliləridən kimi dindirmişəmsə deyiblər sayları 5 milyona yaxındı. Belə çıxır ki, Türkiyədəki arnavutların sayı Albanyadakından çoxdur. Nədən alban xalqı müstəqilliyinə nail olduqları Albaniyada yaşamaq istəmir, Türkiyəyə – “əsarətə” qaçır?
Entela tərcüməsini başa çatdıranda Əkrəm Kokalari bərkdən güldü. “Müstəqillik şirin şeydir, amma qarın doyurmur. Adamlar harada güzəran yaxşıdır ora qaçır. Amerikaya, Avropa ölkələrinə köçmək istəyənlərin də sayı çoxdur. Amma Türkiyəyə din və mədəniyyət, tarixi bağlar, qohumluq əlaqələrinə görə köçmək istəyənlərin sayı daha çoxdur. Türkiyə imkan versə, inanın ki, bir ildə yarım milyon arnavut oraya köçər. Bir neçə ilə ölkə boşalar”, – dedi. Mən bu dəfə ona təskinlik olsun deyə deyil, gördüklərimdən çıxardığım nəticəni dilə gətirdim: “Sovetlər Birliyi zamanı, təhkimçiliyi xatırladan sərt pasport rejimi vardı. Bu rejim çökəndə Azərbaycandan bəzi adamlar iş dalınca Rusiyaya getdi, dil bilmədiklərindən və başqa psixoloji səbəblərdən Avropanın inkişaf etmiş ölkələrinə, Amerikaya gedənlərin sayı Rusiyaya gedənlərdən qat-qat az oldu”.
Əkrəm Kokalari gülərək: “Ölkələrimizin adı oxşar olduğu kimi görünür xalqlarımızın psixologiyasında da bir yaxınlıq var”, – dedi.
İyon dənizi və Adriatik dənizi sahilində yerləşən bu ölkənin sahilboyu uzunluğu 611 kilometr, eni isə 45 kilometrdir.
1967-ci ildə Ənvər Xoca isə elan etmişdi ki, biz dünyanın ilk ateist dövlətini yaratmışıq. Onun 50 illik hakimiyyətindən sonra məscidlərin, kilsələrin, ziyarətgahların sayı sürətlə artdı. 500 mindən çox adam ortodoks, 300 mindən çox insan isə katolik olduğunu bildirdi. Müsəlmanlar da özlərini sünnilər, bəktaşilər, sufilər deyə üç yerə böldülər. Statistikaya görə hazırda əhalinin təxminən 60 faizi müsəlman, 17 faizi xristian, 2 faizi ateistdir. İnanclar arasında fərq rəsmiyyətdə olsa da, yaşamda hiss olunmadı. Məsələn, mənim yaxından tanıdığım Entela Muço xristian inanclı olsa da, müsəlman mərasimlərinin əksəriyyətinə qatılır və dostlarını da həmin günlərdə təbrik edir.
Tiranadan Yorga Kostriota – Skender bəyin Krujaya qalasına yolçuluğumuz
Bu başlıqda albanların dini inanclarına bir nümunə göstərmək istəyərdim. Məni gəzməyə aparacaqlarını deyəndə ölkənin güneyinə, subtropik bölgəyə getmək arzusunda olduğumu bildirmişdim. Lakin Entela Muçonun anası, Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı məsləhət gördü ki, Quzey bölgəyə gedək. Albaniyanın milli qəhrəmanı sayılan İsgəndər bəyin Krujaya qalasına və onun bacısının qalalarını, qədim mədəniyyət mərkəzi Dıraçı (Duraçı) gəzək.
Əsl adı Yorga Kostriota olan İsgəndər bəy bir müddət Osmanlı sarayında yaşayıb, orada təhsil alıb, hərbi təlim keçib. Osmanlı əsgərləri ilə birlikdə döyüşlərdə olub, təcrübə qazanıb. Vətənə döndükdən sonra bölgənin nüfuzlu adamlarını yarıxoş, yarızor özünə tabe edib. Müstəqil dövlət qurmaq üçün 1443-1468-ci illərdə Osmanlılarla vuruşub.
Biz İsgəndər qalasına-Krujaya çatmamış magistral yoldan sağa doğru dönüb dağ yamacına qalxdıq. Dağın təpəsində bəktaşilərin Dolma təkkəsi görünürdü. Əkrəm Kokalari maşını kiçik bir binanın qarşısında saxladı. Entela xanım bildirdi ki, bura ziyarətgahdır. Maşından enib binanın içərisinə keçdik. Yerdə çərçivəyə alınmış daş üzərində ayaq izinə bənzər bir çuxur var idi. Ziyarətçilər ayaq izinə bənzər yeri o qədər öpüb üz sürtüblər ki, daş cilalanıb. Entela xanım da ayaq izini ziyarət etdi. Sonra məndən xahiş etdi ki, mən də ziyarət edim. Başqa vaxt bunu etməz, bütpərəslik qalığı, mənasız hərəkət adlandırardım. Amma qonaq olduğuma və Entela xanımın xahişinə görə etiraz etmədim. Bu ayaq izi Buzovnadakı Əli ayağını, Zığ qədəmgahını xatırladır. Bizdə ziyarətgahlar çox təmtəraqlı tikilib və içərisi də zəngindir. Albaniyada isə ölkənin özü kimi ziyarətgahı da kasıbdır. Ziyarətgah üzərindəki bina köhnə və kiçikdir. İçərisi də kasıbdır. Entela nəsə baş örtüyünə bənzər bir nəzir qoydu, kassaya pul saldı, hər üçümüz şam yandırdıq.
Entela deyir ki, sənin əməliyyat olunacağını biləndə anam bu ziyarətgaha nəzir demişdi. Lakin nəziri gətirməmişdik. Sizin Tiranaya gələcəyinizi biləndə anam sevindi. Dedi ki, birlikdə gedərsiniz, ziyarət edər və mənim nəzirimi də ora qoyarsınız.
Bərkdən gülmək istəsəm də özümü zorla toparladım. İnsanların inancını zorla, təqiblə, təzyiqlə içlərindən qoparmağın mümkün olmadığının bir daha şahidi oldum. Uzun illər Xarici İşlər Nazirliyində işləyən, ali təhsilli, özünü ateist kimi tanıdan insanın içindəki inancı heç bir qüvvə məhv edə bilməyib. Açığını deyim ki, xristian olan bir qadının müsəlman inanclı, üzünü belə görmədiyi birisi üçün müsəlman ziyarətgahına nəzir deməsi məni təsirləndirdi.

Şək. 7 Skender kalasından Krujaya şəhərinin görünüşü
Ziyarətimizi başa vurduqdan sonra Kruja (albanlar şəhərin adını Krujë, bəzi qaynaqlarda isə Kroya şəkilində yazırlar– Ə.Ş.) şəhərinə doğru yol aldıq. Yamac yuxarı qalxdıqca arxada kiçik göllər və ya su anbarları görünürdü. Vaxtilə burada İsgəndərin ya özünün tikdirdiyi, ya da təmir elətdirib möhkəmlətdirdiyi bir qala olub. Qalanın ətrafında kol-kos, seyrək ağac olduğundan ətraf ovuc içi kimi aydın görünürdü. Zamanının möhtəşəm tikintisi olan bu qaladan yalnız müdafiə məqsədilə istifadə edilmirmiş. Karvan yollarının təhlükəsizliyi də təmin edilir, gömrük vergiləri alınır, lazım gələndə qaladakı döyüşçülər ətraf bölgələrə hərbi yürüşlər edib geri qayıdır, qalada düşməndən qorunurmuşlar. Qalanın alt tərəfindən gur su çıxır.
Sonralar qala ətrafında tikililərin sayı artaraq əzəmətli və gözəl bir şəhər yaranmışdır. 1990-cı illərdən sonra ölkənin iqtisadiyyatında bir çökmə əmələ gəldiyindən Kruja şəhəri də öncəki əzəmətini və şöhrətini itirməyə başlamışdır. Şəhərə yaxınlaşdıqca onun kasıblığı daha aydın hiss edilir.
Buradakı xalçaçılıq fabriki, keramika fabriki və başqa sənaye obyektləri bağlandığından adamlar çörəkpulu qazanmaq üçün başqa yerlərə getmək məcburiyyətində qalmışlar.
Vəsait olmadığından şəhəri abadlaşdıra bilmirlər. Hökumət əsas diqqəti Kruja qalasına yetirib. Qala abadlaşdırılıb, hal-hazırda içərisində muzey və restoranlar fəaliyyət göstərir. Burada hər şey şəhərin abadlaşdırılmasına, inkişafına deyil, turist cəlbinə yönəldilib. Özü də avropalı və amerikalı turistlərin cəlbinə. Tiranadakı muzeydə eksponatlar türklərə bir məhəbbət oyadırsa, Kruja qalasındakı Skender bey muzeyi başdan-başa antitürk, antiosmanlı ruhunda hazırlanıb.
Bir zaman bu qala-şəhərin Akçahisar adlandırıldığını, Osmanlı dönəmində bazar, hamam, məscid və başqa mədəni mərkəzlərin yaradıldığını unutdurmağa çalışılır. Bir çox ölkələrdə olduğu kimi burada da Osmanlı mədəniyyəti görməməzliyə vurulur, lakin onu yox etmək, unutdurmaq olmur.
Çünki şəhərin ən qədim və əzəmətli abidəsi 1534-cü ildə tikilmiş Murad bəy Camisidir ki, onu həm də Pazar Camisi adlandırırlar. Turistlərin aparıldığı yerlərdən biri Fateh Mehmet Sultanın adını daşıyan camedirsə, o biri də Ortodoks kilsəsidir. Şəhərin içərisindən qalaya doğru gedəndə uzaqdakı Bəktaşilərin Dolma təkkəsi diqqəti çəkir.
Kruja qalamuzeyini gəzərkən Əfşarlar haqqında maraqlı araşdırmaları olan, Osmanlı Başbakanlıq Arşivindəki və Albaniya arxivlərindəki sənədlərlə yaxından tanış olan Entela Muço dedi ki, 19 yüzilin sonları və 20-ci yüzilin başlarında Avropa misyonerləri durmadan təbliğat aparmağa başladılar ki, Osmanlı orduları Balkanları işğal etdikdən sonra buradakı insanları zor gücünə xristianlaşdırdılar. Yerli əhali də bu təbliğata uydu.
Tarixi qaynaqlarda isə başqa bilgilər də var. Çalışmamda Karaman oğullarının Arnavutluk bölgəsində yaşadıqları, eyni zamanda da onların siyasi və coğrafi alanlarda təsirinin var olduğunu vurğulamışam. Onların torpağlarımızda yerləşdirildikdən, topluluğun sosyal quruluşa təsirindən yazmışam.
Şehabettin Tekindağın da “Karamanoğulları” haqqında dəyərli məqalələri var. Onun Tarih Dergisi, İstanbul 1963, XVII–XVIII, 43 sayında yayınlanmış “Son Osmanlı-Karaman münasebetleri hakkında araştırmalar” məqaləsindən dəfələrlə yararlanmışam.
Entela Muçodan xahiş etdim ki, söhbət etdiyi mövzuda mənə qaynaq versin. Tiranaya dönəndə bilgisayarını qoşub bir səhifəni print edərək mənə verdi. Orada yazılanları olduğu kimi verməyi münasib saydım.

Şək. 8 Krujada Sarı Saltıkın büstü. Foto Ayhan Aydınındır
“Arnavutluk ve onun lideri Gjergj Kastriot Skëndërbeu (İskender Bey) de Karaman-Oğulların Beyliğini tanıyanlar arasındaydı. Aynı zamanda özel siyasi durumlarda da iki lider bir-birini desteklemekteydiler. Balkanlarda fetihler sırasında Venedik ve Cenevizlilerin doğudaki ekonomik çıkarlarının bozulması üzerine Osmanlılara karşı bir Venedik ittifakı oluştu. Bu ittifakta Venedik, Macaristan, Arnavutluk, Anadoluda da Akkoyunlu1 ve Karaman oğulları2 bu ittifakı desteklediler.
Karaman oğulları Arnavutluk bölgelerinde çoğu Kosova ve Makedonyada yerleştirmişlerdir.3
Onların işkal ettiği yerler ile ilgili şu bölgeleri zikredebiliriz; Cumapazarı (Manastır Serfice’de merkezi Kayalar), Eğribucak (Manastır Serfice’de), Köstendil’e bağlı İştip (Üsküp’te), Radovişte (Üsküp’te), Yanya’ya da), Tarhala.4
Araştırmacı Adnan Menderes Kayaya göre;“Karaman-oğullarının yıkılmasından sonra Balkanlara yerleştirilen türkler arasında da önemli miktarda Afşar bulunmaktadır».5
…Afşar boyunun, Balkanlara doğru göç etmesini Osmanlı imparatorluğu döneminde (XIV–XV asırlarda) rastlamaktayız. Sözünü ettiğim zamanda Karamanlılar ile Osmanlılar arasında devamlı bir surette rekabet söz konusudur. Bilhassa onlar arasındaki husumet Kosova savaşından ve Karaman Oğulların Beyliğinin yıkılmasından sonra artmaktadır.
Avşar Türklerinin Balkanlara yerleşmesi genel itibariyle Cem Sultan olayı ile birlikte Osmanlı sabrının taşması ve buralara zorunlu iskân edilmeleri ile olmuştur”.
Kruja qalasını 3–4 saat gəzib, muzeyə baxdıqdan və restoranda milli alban xörəklərinin dadına baxdıqdan sonra gəldiyimiz yolla geriyə dönürük.
Dıraç şəhərinin abidələri
Entela nəzərdə tutmuşdu ki, geri dönəndə Skenderin (İskəndər) bacısının tikdirdiyi və oradan ölkənin bir hissəsinə nəzarət etdiyi qalanı da gəzək. Yolun sağında, təpənin başında olan bu qalaya getsəydik qaranlıq düşəcəkdi. Dıraç şəhərini görə bilməyəcəkdik. Entela ilə Əkrəm məsləhətləşdikdən sonra Dıraç şəhərinə getməyi qərara aldılar. Şəhərin adını albanlar Durrës kimi yazırlar. Fərqli qaynaqlarda isə şəhərin adı Durras, Duraç kimi də yazılır.
Tiranaya az qalmış Əkrəm maşını sola döndərdi. Entelanın verdiyi bilgiyə görə eyniadlı vilayətin mərkəzi olan Dıraç şəhəri əhalisinin sayına və iqtisadiyatına görə ölkənin ikinci böyük şəhəridir. Tiranadan 33 kilometr aralıda Adriatik dənizinin sahilində yerləşən şəhərin əhalisinin sayı 130 min nəfəri keçib. Burada iş yeri nisbətən çox olduğuna görə kənardan gələnlərin hesabına şəhər sürətlə böyüyür.
İtalyanın Bari və Brindisi şəhərlərinin qarşı tərəfində yerləşən Dıraç Adriatik dənizinin nisbətən dar bir bölgəsində olsa da ölkənin əsas limanı buradadır. Adriatik dənizinin ləpələri dağların sərt yamacını döydüyündən başqa liman və çimərlik yaratmaq olmur. Dıraç şəhərinə bitişik çimərlik də çox kiçikdir.

Şək. 9 Dıraç qalasının girişində Ekrem Kokaları ile birlikdə
Bu imkansızlıqlara baxmayaraq, tarixi və iqtisadi baxımdan Dıraç şəhəri bölgənin önəmli yaşayış məskənlərindən biri olmuşdur. Qədim qalanın batı darvazasından girəndə sağda nəhəng antik teatrın qalıqları görünür. Avropanın ən böyük antik teatrlarından biri olan Dıraç Antik Teatrı şəhərin keçmiş əzəmətindən xəbər verir. Yüzillər boyu torpaq altında qalan antik teatrın üzərində insanlar ev tikib yaşayıblar. Xəbərləri də olmayıb ki, nəhəng bir tarixi abidənin üzərində yaşayırlar.
1970-ci illərdə qalanın içərisindəki yaşayış məhəlləsində təmir işləri aparılarkən yerin altında qazma qurğularının çətin işlədiyini görüblər. Oradan çıxan nümünəyə baxanda görüblər ki, burada qədim yaşayış məskəni var. Evlərin bəzilərini söküb torpağı kənara daşıdıqda antik teatrın qalıqları ilə rastlaşıblar. Antik teatrın tikintisində işlədilmiş bərkidici məhlul sementdən qat-qat möhkəmdir.
Bir neçə mərtəbəli olan antik teatrın hələlik tamaşaçılar oturan hissəsinin yarıdan azını təmizləyiblər. Binanın qladyatorlar, vəhşi heyvanlar, xidmətçilər, əsgərlər olan hissəsinə hələ əl vurulmayıb. Ölkənin iqtisadi vəziyyəti ağır olduğundan öz büdcəsi ilə təmir-bərpa işləri apara bilmirlər. Beynəlxalq təşkilatlar hələ ki, böyük maddi yardım etmirlər.
Antik Teatrın təmir və bərpası yarımçıq qalsa da bir hissəsini turistlər üçün açıblar. Əkrəm bəy deyir ki, açılmış bu hissə də şəhərə çoxlu turist axımına səbəb olur. Bura tam təmir olunsa, böyük gəlir gətirər və Dıraç şəhəri qısa zamanda sürətlə inkişaf edər.

Şək. 10 Dıraç qalasında antik teatrın olduğu yer. Arxada antik teatrın bır hissəsi görünür. Böyük bir hissəsini ayağımızın altındakı torpaq qatı örtüb.
Dıraçdakı Kral Əhməd Zoqun qalası, Ortodoks Kilsəsi, Fatih Cami (Fatih Sultan Mehmetin şərəfinə belə adlandırılmışdır), Arxeologiya Muzeyi, Osmanlı dönəminə aid bir çox tarixi əsərlər də turistlər üçün maraqlıdır. Son illər Avropadan, xüsusən də Almaniyadan Albaniyaya gələn turistlərin sayında bir artım var. Heyif ki, ölkənin iqtisadiyyatı zəif inkişaf etdiyindən turizmin inkişafına lazımi qədər vəsait ayrılmır və xarici şirkətlərin buraya yatırım qoymasına mane olan əngəllər aradan qaldırılmır.
Ölkənin ən böyük universitetlərindən biri olan Aleksandr Moisiu Universiteti də Dıraç şəhərində yerləşir. İldə minlərlə insan bu limandan İtalyaya gedərək orada özlərinə müvəqqəti iş taparaq ailələrini dolandırmağa çalışırlar.
Şər qarışanda Draçdan ayrılıb Tiranaya qayıdırıq. Axşam Dostluk, Bilimsel ve Kültürel Arnavutluk-Azerbaycan Derneğinin ikiotaqlı qərargahına yığıldıq. Gələcək iş planlarını müzakirə etdik. Bədri bəy işi ilə bağlı Yunanıstanın paytaxtı Afinaya tez-tez getdiyindən oradakı Azərbaycan səfirliyi ilə dərnək arasında körpü rolunu oynayır. Aliyə xanım pedaqoq olduğundan məktəblərlə əlaqə saxlayır. İstər ümumtəhsil, istərsə də texniki peşə məktəblərində və texnikumlarda Azərbaycanla bağlı toplantıların təşkilatçısı rolunu öz üzərinə götürüb. Entela Muço universitetlərlə və rəsmi dövlət orqanları ilə əlaqə saxlayır. Əkrəm bəy dərnəyin pulsuz hüquq məsləhətçisidir. Bir sözlə, dərnək Azərbaycanın Albaniyada qeyri-rəsmi səfirliyi rolunu oynayır.
Dərnəkdə söhbətimiz uzun sürsə də oradan xoş əhval-ruhiyyə ilə ayrıldım. Gecəni hüzur içində yatıb səhər yeməyinə enəndə gördüm ki, Entela və Əkrəm hoteldədilər. Əkrəm əlindəki kiçik bağlamanı açdı. Bir kiloqrama yaxın limonu və bir bağlama otu mənə göstərərək dedi: “Limonlar öz bağımdandır. Albaniyada belə limon çətin taparsan. Hüquqçu olsam da, bağbanlıqda tayım-bərabərim yoxdur. Bu isə dağ yamaclarında, 1600 metr yüksəklikdə bitir. Çox az tapılan bitkidir. Ondan çay kimi istifadə edirik. Dəmləyib içərsiniz və dostlarınızı qonaq edərsiniz. Fikrinizi də Entelaya yazarsınız. O, mənə tərcümə edəcək”.

Şək. 11 Dostluk, Bilimsel ve Kültürel Arnavutluk-Azerbaycan Derneğinde
Entela isə əlindəki kiçik bağlamanı anasının Əzizə xanım üçün göndərdiyini dedi. Bu dəfə heç birinə etiraz etmədən verdikləri hədiyyələri məmnuniyyətlə qəbul edirəm. Çünki çantam boş, hədiyyələr də yüngül idi.
Təkidimə baxmayaraq Entela və Əkrəm gur yağış altında məni hava limanından yola saldılar. Yeniyetməliyimdən görmək, gəzmək istədiyim Albaniyanı gördüm də, gəzdim də, amma ümidsiz geri döndüm. İnanmadım ki, mən gedəndən sonra burada İsmail Farkayla bağlı bir iş görülsün.
Arnavut Əhməd Triniç özkeçmişində nələri gizlədib?

Şək. 12 Əhməd Triniç
Bu gün Albaniya və çevrəsindəki ölkələrdə yaşayanlar özlərinin arnavut adlandırılmasını istəmir. Yüz il bundan öncə isə özlərini bu adla, tanıdır və adları ilə qürur duyurdular. Son yüzilliyin təbliğatı bəhrəsini verib. İndi arnavutlar özlərini şiptar, vətənlərini də Shqipëria (oxunuşu Şipiria) adlandırılar.
20-ci yüzilin başlarında Azərbaycanda yaşayan albanlar isə özlərini arnavut kimi təqdim etməklə yanaşı, rəsmi sənədlərdə də “milliyəti” sözünün qarşısında arnavut yazırdılar. Belə insanlardan biri də Əhməd Triniçdir.
Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdikdən sonra Osmanlı ordusunun əsgəri olduğunu, Türkiyə və türklərlə bağlılığını unutdurmaq üçün Əhməd Triniç arnavut olduğunu qabardıb. Bu fikrə düşməyimiz əsassız deyil. Uzun illər mətbuatda çalışan, redaktor işləyən, nəşriyyata və teatra rəhbərlik edən bir adam millətini ürəkdən sevirdisə, ona candan bağlıydısa arnavutları tanıtmaq, onları təbliğ etmək, sevdirmək üçün məqalələr yazar, kitablar çap etdirər, tamaşalar hazırladardı. Görünür, millətçi adlandırıla biləcəyindən ehtiyatlanaraq bunların heç birini etməmişdi.
Mənim onu daha çox Arnavut Əhməd kimi tanımağımda Qulam Məmmədlinin təsiri az olmayıb. Çünki bu adam haqqında ilk dəfə universitetin ikinci kursunda oxuyanda, yəni 1969-cu ildə Qulam Məmmədlidən eşitmişdim. Qəzet və jurnalları səhifələyəndə onun Əhməd Triniç, Əhməd Triniçzadə, Əhməd Bədi, Əhməd Bedin imzaları olduğunu gördüm. İllər sonra rəsmi sənədlərlə tanış olanda onun Əhməd Rəcəb oğlu Triniç olduğunu bildim.
Lakin bilmədiyim hələ çox şey var idi və yenə də var. Məsələn onun soyadı kimi işlədilən Bedi sözü necədir? Bədiimi, Bədimi? Bedimi, yoxsa Bedinmi? Dəqiqləşdirmək üçün o dövrün ən yaxşı araşdırıcılarından biri Adıgözəl Məmmədova müraciət etdim. O, mənə bildirdi ki, Əhməd Triniçin ailəsi ilə çox yaxınam və onların Moskvadakı evlərində qonaq olmuşam. Əhməd Triniçin gəlini kəşfiyyat məktəbində Putinin müəllimi olub. Xarici kəşfiyyat üzrə ehtiyatda olan generaldır, altı dil bilir. Mən Əhməd Triniçin dəqiq ad və soyadını ondan da soruşdum. Rəsmi sənədlərdə, daha doğrusu, Türkiyə Hariciyə İstihbaratının zabiti kimi onun adı Əhməd Bedin gedir.
Maraq doğurur ki, Əhməd Triniçin gəlini görəsən Türkiyə Hariciyə İstihbaratının sənədləri ilə necə tanış olub? Axı heç Əhməd Triniçin istintaqında onun casusluğu ilə bağlı tutarlı bir dəlil, sübut, sənəd yoxdur. İstintaqı aparan müstəntiqlər də onun Qubadakı 1918-ci il fəaliyyəti, erməni və yəhudiləri öldürməsi, Levan Qoqoberidze ilə münasibəti və s. mövzularla ilgiləniblər.
Yəqin ki, gənc araşdırmaçılar sənədlər tapdıqca bu gün bilmədiyimiz çox məsələlərə aydınlıq gətirəcəklər.
Əhməd Triniç sakit həyat tərzi sürən insan olmayıb. 20-ci yüzilin burulğanı onu ölkədən-ölkəyə atıb, fərqli dünyagörüşlü, ziddiyətli xarakterli adamlarla görüşdürüb. O da yaşamaq, ayaqda durmaq üçün düşdüyü şəraitə uyğun davrana bilib. Lakin nə qədər çevik, düşdüyü vəziyyəti dəyərləndirən olsa belə ictimai-siyasi həyatdakı fəallığı onu 1930-cu illərin represiyasından qurtara bilməyib. Çünki o, çevrəsindəkilərlə birlikdə repressiya burulğanına düşmüşdü. Oradan sağ çıxmaq isə mümkünsüz idi.
Əhməd Triniçdən söz açarkən Avropanın inkişaf etmiş dövlətlərinin dünyanı yenidən bölüşdürmək, yeni müstəmləkələr əldə etmək üçün Osmanlını məhv etmək planından, Balkanlarda baş verən savaşlardan, Rusiyanı bürümüş ideoloji qarşıdurmadan, əsarət altındakı xalqların azadlıq mübarizəsindən və s. sükutla keçmək olmur. Ona görə də bəzən mövzudan kənara çıxmaq kimi görünsə də Əhməd Triniçin olduğu yerlərdə baş verən ictimai-siyasi hadisələri, savaşları və s. faktları da məqaləyə əlavə etməli olacağıq.
Rəsul Rza hansı şeirində kürəndən söz açıb?
1968-ci ildə başlansa da qəzet və jurnallarda məqalələr, radio və televiziyada verlişlər, idarə və təşkilatlarda toplantılar 1969-cu ildə də davam edirdi. İnsanlar sanki illər boyu içlərində gəzdirdikləri ağrını, sızıltını, nisgili bölüşməyə imkan tapmışdılar. Lakin ortada ciddi araşdırmalar, həmin dövrdə baş verənlər haqqında məqalə və çıxışlar, şairin çağdaşlarının bir-birinə münasibətlərinə aydınlıq gətirən yazılar yox idi. Yalnız sızıltı, kədər, qüssə vardı. Mikayıl Müşfiq haqqında dissertasiya yazan, əsərlərini toplayıb nəşr etdirən, təbliği üçün əlindən gələni əsirgəməyən Gülhüseyn Hüseynoğlu belə şairin neçənci ildə, hansı ayda, harada öldürüldüyünü dəqiq bilmirdi. Azərbaycanın müstəqilliyinə nail olmaq üçün gizli təşkilat yaratmış bu insan da 1948-ci ildə məsləkdaşları ilə birlikdə həbs edilmişdi.
Gənclər də Mikayıl Müşfiq haqqında yazılanları, onun şeirlərini böyük maraq və həvəslə oxuyur, toplantılarda eşitdiklərini bir-birinə danışırdılar.
Rəsul Rzanın “Qızıl gül olmayaydı” poeması həmin günlərdə ən çox oxunan əsərlərdən biri idi. Xəlil Rzanın “Müşfiqi öldürənlər azad gəzir” şeiri çap olunmamışdı. Amma onu çətinliklə də olsa tapıb üzünü köçürərək bir-birimizə ötürürdük.
Toplantıda olan söhbətlər sürətlə yayılırdı. Azərbaycan (indiki Bakı) Dövlət Unversiteti üçün yeni bina tikilsə də filologiya, jurnalistika, şərqşünaslıq, hüquq və tarix fakültələri keçmiş binada (indiki İstiqlal küçəsi, 6) qalırdı. Orada Mikayıl Müşfiqin anadan olmasının 60 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Toplantını Süleyman Rüstəm apardı. Çıxışçılar Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışanda tez-tez onun “Oxu tar!” şerindən parçaları əzbər deyirdilər. Aydın görünürdü ki, 1930-cu illərin aydınlarının əksəriyyəti “Oxu tar!” şeirini əzbər bilirlərmiş.
Salonda bir gərginlik vardı. Toplantıda olanların əksəriyyəti Süleyman Rüstəmin “Oxuma tar, səni sevmir proletar” şeirinə cavab olaraq “Oxu tar!” şeirinin yazıldığını bilirdilər. 1930-cu illərin qarşıdurmasının gərginliyi 1960-cı illərə də öz təsirini göstərmişdi. Biz bu gərginliyin necə bitəcəyini səbrsizliklə gözləyirdik. Çünki bəzi çıxışçılar açıq-aşkar Süleyman Rüstəmə meydan oxuyurdular. Onun adını çəkməsələr də “Oxuma tar, səni sevmir proletar” misralarını söyləyir, sonra da Mikayıl Müşfiqin “Oxu tar, səni kim unutar!” şeirindən parçalar deyirdilər. Süleyman Rüstəm isə səbrlə, deyilənləri qulaqardına vuraraq toplantını davam etdirirdi.
Süleyman Rüstəmin “İndi də sözü verirəm Muxtar Hüseynova” deməsi gərginliyi bir az da artırdı. Muxtar müəllimin xasiyyətinə bələd olanlar, onun Müşfiq sevgisindən xəbərdarlar həyəcanla xitabət kürsüsünə doğru irəliləməsini izləyirdilər. O, xitabət kürsüsünün arxasına keçən kimi üzünü Süleyman Rüstəmə çevirərək təxminən belə dedi: “Süleyman, mən Hüseynov yox, Hüseynzadəyəm! Məni Hüseynov eləmək istəyənlər çox oldu, amma bacarmadılar”.
Salondakılar hazırcavablığı, incə yumoru ilə seçilən Süleyman Rüstəmin kəskin cavabını gözləyirdilər. O isə elə bil deyilənləri eşitmirdi. Muxtar Hüseynzadə də çıxışında sözü yenə “Oxu tar!” şerinin üzərinə gətirdi və dedi ki, çoxları “Oxuma tar, səni sevmir proletar!” yazanda Mikayıl Müşfiq cəsarətlə milli mədəniyyətimizi qoruyaraq “Oxu tar, səni kim unudar” yazırdı. Milli, mənəvi dəyərlərimizi qoruduğuna görə də onu məhv etdilər.
Süleyman Rüstəm yerdən atılan atmacaları, xitabət kürsüsündən söylənən tikanlı sözləri eşitməzliyə vuraraq toplantını sakitcə başa vurdu.
Bu cür söhbətlər yalnız toplantı salonlarında, auditoriyalarda, çayxanalarda, ailələrdə getmirdi. İki-üç nəfərin arasındakı söhbətlərdə, müzakirələrdə də Mikayıl Müşfiqin acı taleyi, 1937-ci ilin repressiyası gündəmdə idi. Necə deyərlər, Sovetlər Birliyini bir xaos bürümüşdü. Sovet İttifaqı Kommunist Partiyasının 1956-cı ildə keçirilən 20-ci qurultayından sonra İosif Stalin, Sovetlərin repressiya siyasəti, şəxsiyyətə pərəstiş kəskin tənqid edilirdi. Buna baxmayaraq repressiyanın, şəxsiyyətəpərəstişin tərənnümçüləri və onu dəstəkləyənlər hələ də yüksək vəzifələrdə idilər. Onlar üzdə özlərini deyilənlərlə razı kimi göstərsələr də işdə keçmişlə yaşayırdılar. Daha sərt repressiya təşkil etməyə hazır idilər. Lakin imkan olmadığından özlərini qorumaq xatirinə cilddən cildə girirdilər. Repressiya olunanlara bəraət verilsə də, onların əsərlərinin hamısına bəraət verilmədiyindən, yalnız senzorun icazə verdiyi seçmələr çap olunurdu.
M.F.Axundov adına Respublika Kitabxanasında Qulam Məmmədli ilə tanış olmuşdum. Aramızdakı yaş fərqinə baxmayaraq söhbətimiz tuturdu. Biz ondan müəllimlərin demədiklərini eşidirdik. Elə şərait yaratmışdı ki, istədiyimiz sualı sərbəstcə ona verə bilirdik. Həmin sualları müəllimlərimizə verəndə böyük hay-küy düşürdü.
Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasından söz düşmüşdü. Qulam Məmmədli “Poemanı diqqətləmi oxuyubsunuz? Orada yazılanların hamısı sizə aydındırmı?” deyə xəbər aldı. Biz də poemanı bir neçə dəfə oxuduğumuzu, bəzi dostlarımız isə əzbərdən bildiyini, əsərin dilinin çox sadə və anlaşıqlı olduğunu söylədik. Qulam Məmmədli: “Yaxşı, onda deyin görüm Rəsul Rza kürən deyəndə kimi nəzərdə tutur?” Onun sualına cavab verə bilmədik.
Qulam Məmmədli də söhbətin mövzusunu dəyişdi. Onun bizə verdiyi sualı biz də müəllimlərimizin bir neçəsinə verdik. Lakin doğru-düzgün bir cavab almadıq.
Aradan bir neçə gün keçəndən sonra vəziyyəti Qulam Məmmədliyə anlatdıq. O, söhbətə uzaqdan başladı. Dedi ki, indi hərə bir mövzuda dissertasiya yazır, elmi ad alır, başlayır dərs deməyə. Millətin balalarını kor qoyur. Dövrü dərindən öyrənmədən, şəxsiyyətlər arasındakı münasibətləri araşdırmadan yazılan dissertasiyalar iki qəpiyə dəyməz. Alim olmaq, elmi əsər yazmaq üçün birinci dövrü və mühiti yaxşı öyrənmək lazımdır. Ədəbi mühakimələrdən xəbərsiz adamlar indi Sovet ədəbiyyatından dərs deyirlər.
Sonra Rəsul Rzanın “Qızıl gül olmayaydı” poemasında adı çəkilməyən kürən – Arnavut Əhməddir – dedi. Bu adı ilk dəfə eşidirdik. Odur ki, gözümüzü, məzlumcasına, sual dolu baxışlarla ona zilləmişdik.
Qulam Məmmədli Əhməd Bedi haqqında geniş bir söhbət başlatdı. O, elə bil 30–35 il öncənin hadisələrdən deyil, bu gün baş verənlərdən danışırdı.
Qulam Məmmədlidən 1937-ci ildə repressiya qurbanları haqqında çox eşitmişdim. Amma heç birini belə təfsilatı ilə danışmamışdı. Əhməd Bedi Triniçlə Qulam Məmmədli nə bir yerdə işləmişdi, nə yaxın dost olmuşdu. Söhbətindən açıq-aydın hiss edilirdi ki, münasibətləri o qədər də xoş deyil.
Mən sonralar da Rəzul Rzanın “Qızıl gül olmayaydı” poemasını gözdən keçirdim. Orada Əhməd Bedi Triniçə işarə edəcək bir söz, misra tapa bilmədim. Özlüyümdə bu qənaətə gəldim ki, Qulam Məmmədli onun haqqında bilgi vermək üçün belə bir “ədəbi pryom”dan istifadə edib. Yaxud da bu ifadəni Rəsul Rzanın hansısa şeirində oxuyub, amma yadında “Qızıl gül olmayaydı” poemasında oxumuş kimi qalıb.
Qəribəsi budur ki, Əhməd Triniçi bəraət almasına razı olmayan Qulam Məmmədli repressiyadan sonra onun haqqında ilk məqalə yazan olub. Orada qeyd edilib ki, “qara paltolular” tərəfindən təqib edilən və əli heç bir yerə çatmayan Triniç şikayət üçün Moskvaya gedərkən Biləcəri stansiyasında vaqonda tutulub həbs edilib. “Türkiyə casusu” və “müsavatın ideoloqu” olmaqda ittiham edilib(Məmmədli, Q., 1988:19 avqust).
İstintaq işindəki sənədlər də Qulam Məmmədlinin dediklərini təsdiqləyir. Orada Əhməd Triniçin 1936-cı il aprelin 19-da həbs edilməsi haqqında 407 saylı order var və işsiz olduğu göstərilir. Əhməd Tiriniç də Mir Cəfər Bağırov və başqalarına yazdığı ərizələrdə 3 aya yaxındır həbs edilmədən KQB işçiləri tərəfindən sorğu-suala tutulduğunu yazır (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Darmowy fragment się skończył.