Czytaj książkę: «Şərqdə neft və qan»

Czcionka:

Məhəmməd Əsəd bəy "Şərqdə neft və qan" (Oel und Blut im Orient, alman dilində) adlı ilk kitabını 1929-cu ildə 24 yaşında ikən yazmışdı. O, kitabın avtobioqrafik olduğunu iddia etsə də, Azərbaycan və Gürcüstanda bəzi tarixçilər bunu təkzib etmiş və kitabın səhvlərlə, inanılmaz faktlarla dolu olduğunu və ən əhəmiyyətli "tarixi" hekayənin tamamilə səhv olduğunu bildirmişlər. Əsərdə Əsəd Bəy uşaq ikən, 14 yaşında Azərbaycanı tərk etməyin məmnuniyyətindən söhbət açır. Kitabın son hissəsində o yazır: "…Həmin anda mənim üçün Avropa başladı. Qoca Şərq isə öldü…"

ƏBƏDİ ODUN YURDUNDA

ÖN TARİXİM

Qırx il öncə Bakı səhra şəhəri idi, müəyyən mənada elə bugün də o cür qalmaqdadır. Amma o vaxt hardasa avropasayağı bircə küçə belə yox idi. Qovurucu istidən sakinləri bircə ağac belə qorumurdu. Şəhər başdan-başa palçıq daxmalardan və bir-iki kobud saraydan ibarət idi ki, onlar da səhra qumunun üstündə tikilmiş və yeganə barı ilə dövrələnmişdi. Sarayların qalın divarları Günəşə qarşı zəif bir sığınacaq yaradırdı. Adətən Şərqdə hər evə xas olan su, poqqultulu fəvvarələr bu şəhərdə yox idi. Suyu gərək tuluqlarda uzaqlardan gətirəydin və o, içməyə, yuyunmağa güclə çatırdı. İstilik dözülməz olanda imkanlı insanlar evlərindən çıxıb dəniz kənarlarına gedirdilər və özlərinə təlqin edirdilər ki, bura xeyli sərindir.

Bugün sahildə teatrlı, kafeli, çimərgəli, gəzintili və klublu bağlar salınmışdır, o vaxt belə şeylər yox idi. Sahil bomboz, daşlı və sipərsiz idi, neft tullantıları və şəhərin zibili ilə boya-boy örtülmüşdü. O, üfunət və duz iyi verirdi. Bu sahildə yeganə bir bina vardı, əzəmətli bir həbsxana ki, sayı bilinməyən dustaqlar da burda Günəşin, üfunətin və həbsxana qaraulçularının ixtiyarına tapşırılmışdılar. Sahildəki bu həbsxananın qarşısında indi adlı-sanlı adamlar, neft xaqanları, bəylər və xanlar gəzişir və onun qalın barılarının kölgəsində özlərinə Günəşdən sığınacaq axtarırdılar. O vaxt onlar öz pulları ilə – orta hesabla hamısı dünyanın ən zəngin neft maqnatları idi – bağ saldırmağı və su quyuları qazdırmağı hələ öyrənməmişdilər. Bir gün bu həbsxananın qarşısında başında Buxara papaq, əlində Bakıda hər bir kişinin onsuz keçinə bilmədiyi kəhrəba təsbeh olan cavan bir ağa gəzişirdi. Onun toxdaq, yorğun, bununla belə, buyurma bacarığının qədim ənənələrini gənc neft şəhərinin işgüzar həyatına daşıyıb-gətirmiş şərqlinin işə can atan üz ifadələri vardı. Yayın bu ilkindi üstü hər yan od tutub yanırdı. Ağa, binanın yanındakı kölgəlikdən feyziyab olmağa çalışırdı. Həbsxana hücrələrinin barmaqlıqlı pəncərələrində heç kim görünmürdü, gündüzlər pəncərə önündə dayanmaq dustaqlara yasaq edilmişdi, çünki onların görünüşü həbsxana önündə gəzişən yüksək ağaların ürəyincə olmaya bilərdi. Həmin gün lap aşağıda, zirzəmidə dinc durmayan bir baş, barmaqlıqlı pəncərəyə ürək elədi. Başın yiyəsi gəzişən ağaya barmaqlıqdan göz qoyan cavan bir qız idi. Amma ağa bunu sezmirdi, dənizə baxırdı və bir anlığa xəyala dalmışdı. Onun ardınca üzlərindən amansızlıq yağan iki silahlı kişi yeriyirdi ki, onlar da ağanın yörəsini, bir anlığa belə, gözdən qoymurdular. Onlar Bakıda hər bir neft sahibkarının – əgər o öz həyatına az-çox qiymət qoyurdusa – saxladığı qoçular idi. Oğlanlardan biri qızı gördü və onun üz-gözündə narahatlıq oynadı.

Qızın nə niyyətdə olduğunu bir Allah bilirdi! Bəlkə ağaya qarşı sui-qəsd, bəlkə də yox. Can qorçusu olmaq çətin işdir. Gərək düşünəsən, götürqoy edəsən! Bu da ki təkcə ağanın işidir. Axır ki, bir qərara gələ bildi, ağasına yaxınlaşdı, içini arıtlayıb narahatçılığını izhar etdi.

Qadağaya baxmayaraq dustaq qız xeyli vaxtdır ki, ağaya baxır. Belə şey ağanın xoşuna gələrmi?

Gənc ağa qanrıldı, qızı görüb gülümsədi. Qara gözlü cavanca bir qız uşağı. Onun pisliklə nə işi olardı? Ağa barmaqlıqlı pəncərəyə yaxınlaşdı, qıza diqqətlə baxdı və azərbaycanca soruşdu:

– Səni nəyə görə tutublar?

Qız dinmədi, bu dili aşkarca başa düşmədi.

– Nə qədərdir burda oturduğun? – Ağa indi də rusca soruşdu.

– Üç ay, – qız cavab verib qəmli-qəmli gülümsədi.

– Bəs nə qədər oturacaqsan?

Qızdan cavab çıxmadı. Qaraul zabitlərindən biri hücrəyə yaxınlaşdı, revolverini çıxarıb bağırdı:

– Geriyə, yoxsa atəş açaram!

Baş gözdən itdi. Zabit ağanı salamlayıb dedi:

– Təəssüflənirəm ki, dustaq axmaq xahişlərlə Sizi narahat edib. İnsanlarla yetərincə sərt davranmaq olmur.

Cavan ağa razılıqla başını tərpədib soruşdu ki, qızın hücrəsinin nömrəsi neçədir. Sonra sağollaşdı, amma daha gəzintisini davam etdirmədi, arxaya döndü, qoçuların müşayiətində enli həbsxana darvazasından içəri girdi. Orda qalabaşını soruşdu. Bu tayı gələndə filan hücrədəki dustağın nədən oturduğunu ondan öyrəndi.

– Qorxulu canidir, – qalabaşı cavab verdi. – Həbsxana onun üçün çox yüngül cəzadır.

– Nə cinayət edib ki?

– Rusiyanın bolşevik partiyasının üzvüdür, işinə can yandıran namuslu fəhlələr arasında çaxnaşma yaratmaq üçün Bakıya gəlib. Tətil təşkil edəsiymiş, amma cinayətkar niyyətləri aşkar edildi və polisin fəaliyyəti sayəsində tutuldu.

Cavan ağa Rusiyanın bolşevik partiyası barədə heç nə bilmirdi, onun neft mədənlərində hələ heç vaxt tətil olmamışdı. Heç təsəvvürünə də gəlmirdi ki, belə şey ümumiyyətlə mümkün ola bilər.

– Bura baxın, – qalabaşıya dedi, – əgər Siz qızı buraxsanız, mən buna etiraz etməzdim.

Qalabaşı gülümsədi. Yox, bu olmazdı, istəsə də, olmazdı. Oğru, yaxud buna bənzər bir şey olsaydı, məmnuniyyətlə, amma siyasi dustaq buraxıla bilməzdi.

Cavan ağanın sifəti tutuldu, kəhrəba təsbehi cibinə qoyub pul kisəsini çıxartdı.

– Bura baxın, – dedi, – qızı buraxmasanız da, aparacam. Mənim qoçularımın sayı Sizin həbsxana siçovullarından qat-qat çoxdur.

Məmur xəyala daldı, hər halda ağa haqlıydı, neft maqnatının vəhşi dəstəsinə qarşı onun adamları nə edə bilərdi?! Aldığı göstəriş dəqiq buyururdu ki, neft və torpaq sahibləri ilə yaxşı yola getsin. Bundan əlavə, ortada pul kisəsi də vardı.

Amma yenə də o, formalizm xatirinə soruşdu:

– Lənət şeytana, bu rus dövlət canisi Sizin nəyinizə lazımdır?

Sorğulanan alnını düyünlədi, xeyli fikrə getdi və sonra sakit bir əminliklə dedi:

– Evlənməyə!

Qızı buraxdılar, o, şəhərə, xilaskarının böyük evinin yanındakı kiçik bir evə köçdü. Bu böyük evdə o, tək deyildi, burda hələ də qadınlar və uşaqlar, nökər və xacələr, qulluqçu və xidmətçilər vardı, şərqli evinə xas olan hər şey. İndi qadınlar və uşaqlar gedəsi oldular.

Rus qızı evə təkbaşına xanımlıq edəsi oldu. Uzun saqqallı və hiyləgər gözlü vəkillər çağırıldı, protokol və sənədlər yazıldı. Qadınlar və uşaqlar cavan ağanın onlara bağışladığı kəndlərə köçdülər. Həbsxana hücrəsindən olan qız böyük evə gətirildi ki, burda da elə həmin gün toy başladı.

Demək artıqdır ki, həmin cavan ağa mənim atam, qız da mənim anam idi.

NEFT MƏDƏNLƏRİ

Bakı ətrafında yüzlərlə uca neft buruqları fantastik, unudulmaz bir mənzərədir. Onların içinə neft hopmuş taxta divarlarını – yalnız son zamanlar buruqlar alibastrdan tikilir – gecə-gündüz ardı-arası kəsilmədən neft çıxarılan dərin borular örtür. Buruqlar yanında qan-tər tökən fəhlələrin özləri kimi buruqlar da dinclik bilmir. Ətrafdakı torpaq da neftlidir, qapqara və oda həssas, neftli sahələrlə sınırlanan1 Xəzər dənizinin özü kimi. Yanar kibrit çöpünü burda dənizə atsan, dəniz alovlanmağa başlar, on-onbeş dəqiqəliyinə, hər yabançıya nümayiş etdirilən diqqətəşəyan bir mənzərə kimi, zira Bakıdan başqa dünyanın heç yerində yanan dənizə rast gəlməzsən.

Bakı sakinləri üçün bu dəniz xüsusilə yayda bir iztirabdır, onda çimə bilməzsən, əslində çimmək olar, amma sudan zənci kimi qapqara çıxarsan, bədən başdan-başa nazik neft təbəqəsi ilə örtülmüş olar. Dənizdə çiməndən sonra gərək həmin an duru suda yaxalanasan, bunun üçün də sahildə müvafiq qurğular qoyulmuşdur.

Xəzər sahilindəki neft buruqları özü-özlüyündə bir dövlət yaradır ki, o da xüsusi qanunlara tabedir və özünün ədalət adlı xüsusi anlayışı var. Neft mədənlərinin qanunları yazılmamış qanunlardır, amma dövlətin yazılı qanunlarından onlara daha çox hörmət edilir. Buruqların ali başçısı mühəndisdir, tabeliyində olanların yaşam və ölüm ixtiyarı onun əlindədir. Neft mədənlərində yalnız çox az adam mühəndis ola bilər, bunun üçün gərək doğulmuş olasan. Əgər səndə avtokratik hökmranlığa daxili meyl yoxdursa, bununla yanaşı, həm də hakim deyilsənsə, biliyin, təhsilin səni buna yetişdirə bilməz. Sən təkcə nefti çıxarmağı, onu yanğından qorumağı bacarmamalısan, həm də suçu sübuta yetirilə bilməyən hansısa gümanlı bir yanğın törədicisinin ağzına tənəkə qıf soxub xam nefti, yaxud çıraq neftini iştirakçıların bəti-bənizi avazıyana qədər onun qarnına doldurmağı bacarmalısan. Amma bu da sənin primitiv vəzifələrindən biridir.

Ən çətini, məsələn, neft quyularından tez-tez dartılıb-çıxarılan cəsədi tanımamaq, yaxud onu buruq sahibinin arzusunca tanımaq idi. Neft qaynaqlarındakı cəsədlərlə xüsusi davranış tələb olunurdu. Gündə bir neçə dəfə fəhlələrdən kimsə adi vedrənin içinə oturub quyuya enməli olurdu ki, bunun da doxsan faizi ölüm demək idi. Çox vaxt vedrəni qazda boğulub neftə quylanmış fəhləsiz çıxarırdılar. Cəsəd yalnız bir neçə həftə sonra tapılırdı, əksərən də heç yerli-dibli tapılmırdı. Ölkə banditləri istənilən adamı xəlvətcə quyuya ata bilərdilər və mühəndislə araları saz idisə, şübhədən həmişəlik can qurtarırdılar. Amma bunun üçün, deyildiyi kimi, gərək mühəndislə aran saz olaydı, bunu da ki, ümumiyyətlə, quyunun yiyəsi, neft sahibkarı edə bilərdi.

Həmişə qaynaqların sahibi həmin qaynaqlardan xeyli aralıda yerləşən şəhərdə yaşayırdı. O, ayda iki-üç kərə sahələrə baş çəkirdi, hər dəfə də çoxlu qorçular əhatəsində, çünki bəzi mədənlərə gedən yollar çox qorxulu idi. Yola müharibəyə hazırlaşan kimi hazırlaşırdılar, zira o, daim macara axtaran, yaraqsız səyyahın pusqusunda duran dəstələrlə zəngin qum çölündən keçirdi. Mədənlərə gəzinti sahibkar üçün hər vaxt təhlükəli bir iş idi. Yalnız çox az bir qismi orda özünü qorxusuz hiss edirdi, bunlar da buruqlar arasında boya-başa çatmışlar olurdu ki, onlar üçün bayırda sirr adlı anlayış yox idi və onlar özlərini fəxrlə neft sənayesinin baniləri hesab edə bilərdilər, çünki buruqları qumlu torpaqda ucaltmış ilkinlər idilər. Azərbaycanın bir sıra neft yataqlarının kəşfində xidməti olmuş atam da onların sırasında idi. O vaxt xam sahələri gəzib-dolaşanda və əvvəllər yalnız çox az neft sahibkarına xas olan, indi isə ümumiyyətlə rast gəlinməyən incə bir duyumla öz kəşfini gözləyən çölləri tapmağın yolunu biləndə onun hələ onyeddi yaşı tamam deyildi. Zamanında vur-tut yüz mark dəyərinə aldığı qumlu bir sahə sonralar bir neçə milyon mark dəyərində oldu. Dəyərin belə yüksəlişini o gözləməmişdi, çünki yeni kəşf olunmuş torpağın böyük bir hissəsini qəpik-quruşa satmışdı. Amma o yenə də Azərbaycan neftinin ən yaxşı bilicilərindən sayılırdı. Törpülənməmiş fəhlələrin və bəlkə də onlardan da betər mühəndislərin arasında o, işdən başı çıxan azlardan biri idi. Buruqlara gediş onun üçün heç də təhlükəli deyildi, beləki məni, oğlunu da özü ilə götürməkdən çəkinmirdi.

Üzərimdə neft mərasimi aparılanda mənim altı yaşım vardı ki, bunu başqaları iyirmi yaşda olanda onların üzərində güclə aparırdılar. Bir növ hakim sinfə daxil olmaq hesab edilən neft mərasimini hər yeni sahibkarın və onun böyümüş uşaqlarının üzərində aparırdılar. Bu da ondan ibarət idi ki, toplaşmış fəhlələrin və işçilərin gözü qarşısında sıçradıcı qurğu ilə təchiz olunmuş quyudan çıxan nefti yeni maqnatın üstünə yağdırırdılar, buna «qızıl yağışı» deyilirdi. Neft çıxarılan zaman bəzən buruqlardan narın neft damcıları sıçrayırdı. Bu damcı kiminsə paltarına düşərdisə, sevincinin həddi-hüdudu olmazdı, çünki «qızıl yağışı» xoşbəxtlik rəmzi sayılardı və onun yaratdığı ləkələri heç vaxt təmizləməzdilər.

Neft qurğuları dünyanın ən gözəl sənaye qurğusunu təşkil edir. Dünyanın bütün fabrik və yataqlarına xas olan tüstüdən korlanmış havadan xali. Bir-birinə söykənərək yüzlərlə hündür buruqlar fantastik nağıl meşəsini xatırladır. Azərbaycanda belə hesab edirlər ki, neft mədənləri və neftli hava ağ ciyər xəstəliklərinin müalicəsinə çox xeyirlidir. Hətta yanımcıl neft sahibkarlarından biri öz buruqlarının arasında ciyər xəstələri üçün sanatoriya da tikmək istəmişdi. Neftli havanın həqiqətən belə sağlam olduğunu bilmirəm, amma deyim ki, ağ neftdən, benzindən və maşın yağından fərqli olaraq xam neftin iyi adamı doğrudan da qəribə şəkildə gümrahlaşdırır. Yataqlarda işləyən fəhlələr də bunu bilirdilər və nefti xüsusi tərzdə yararlı etmişdilər. Neftin axıdıldığı kanallarda canına neft hopmuş külli miqdar lehməni yığıb onunla əllərini və bədənlərini möhkəm-möhkəm yuyurdular. Bu lehmə həm də fəhlələrin üzünü görmədiyi sabunu əvəz edirdi.

Fəhlələr azərbaycanlılar, dağıstanlılar, farslar və ruslar idilər, bu sonuncular da ağır işin öhdəsindən gələ bilmirdilər və fəhlələr arasında ən narahat ünsürü təşkil edirdilər. Fəhlələrin ən yaxşıları neft işinin tələb etdiyi seçimsiz fatalizmə malik olan şərqlilər idi. Ruslarla şərqlilər arasındakı fərq özünü çox qabarıq şəkildə göstərirdi. Rus, neft buruqlarına və onun sahibinə dərindən nifrət edən və imkan düşdükcə mübarizə aparan ömürlük fəhlə idi. Kənddə böyümüş şərqli isə, əksinə, neft mədənlərində özünü ali mövqeli bir insan sayırdı. Mədənlərdə iş onun üçün Avropa sivilizasionu ilə təmas demək idi ki, bundan da o xeyli bəhrələnirdi. O həm də uzun müddət bura bağlanıb qalmırdı; Avropa mədəniyyətinin dadını yetərincə gördükdən sonra geri, öz kəndinə qayıdırdı ki, burada da ona dünya görmüş təcrübəli adam kimi hörmət edirdilər. Məsələn, dağıstanlılar Bakıya başlıca olaraq Azərbaycan dilini öyrənməyə gəlirdilər. Dil baxımından Dağıstanda tam anarxiya hökm sürür, az qala hər kənd ayrıca bir dildə danışır, heç də dialektdə yox, özlərindən başqa heç kəsin başa düşmədiyi bir dildə. Ona görə də asan öyrənilən çox sadə Azərbaycan dili millətlərarası ünsiyyət dili şərəfinə layiq görülmüşdü. Yurdunda savadlı insan kimi hörmət qazanmaq istəyirdisə, dağıstanlı bir neçə illiyinə Bakıya gəlir, neft mədənlərində işləyir, sonra da geri, öz dağlarına dönürdü.

Farslar və azərbaycanlılar əməlli toy etmək üçün, daha doğrusu, toplanmış pula yurdunda gözəl bir qız almaq üçün işləyirdilər. Onlar aylıqlarını heç vaxt əllərinə almırdılar, idarədə saxlayırdılar və sonradan həmin pulu götürəndə soruşurdular ki, pulu saxladığına görə kimə bir şey ödəməlidirlər. Yalnız ruslara, yarımavropalı kimi şərq qaydalarına öyrəşə bilməyən, yerli fəhlələrə nifrət bəsləyən, gördükləri yarım işin müqabilində ikiqat donluq tələb edən və tətillə hədələyən ruslara əsl peşəkar fəhlə kimi baxırdılar.

Hər halda Bakının neft mədənlərindəki həyat şəraiti dünyada heç nə ilə müqayisəyə gəlməzdi. Bugün həmin durum çoxdan arxada qalmışdır, amma fəhlələrin o çağkı vəziyyətini düşünəndə yenə də adamın əti ürpəşir. Minlərlə, onminlərlə fəhlə işıqlandırılmayan nəm, qaranlıq, dözülməz, kirli baraklarda yaşayırdılar, palazsız dar taxtlarda üç-üç yatırdılar. Baraklarda həmin taxtlardan başqa, ayrı mebel yox idi və yerə qənaət etmək üçün taxtlar elə düzülmüşdü ki, aradan keçməyə bəzən yol da olmurdu. Su yaman qıt idi, yalnız içməyə tapılırdı və, təbii ki, sabun da onun təki, ona görə də, yuxarıda deyildiyi kimi, hər şeyi neftli palçıqla yumalı olurdun. Ona da çalışılırdı ki, rus fəhlələrə pulu nağd verməsinlər, maddiyyətlə çatdırsınlar, yəni onları su ilə, çörəklə təmin edirdilər və bunu da tam maaş kimi hesablayırdılar Bunu da o niyyətlə edirdilər ki, nağd pul rus fəhlələrinin iş qabiliyyətini azaldır. Neft mədənlərində yandırıcı Günəş altındakı işin kömür şaxtalarındakı işdən heç də yüngül olmamasına baxmayaraq fasiləsiz iş günü onaltı saat çəkirdi. Amma bu, sahibkarların bir qisminə az görünürdü.

Əslində bu, katorqa rejimi idi, çünki əksər sahibkarlar fəhlələrin xristian hissəsində hansı duyğular oyatdıqlarından tam xəbərdar idilər, ona görə də iş yerlərini təpədən-dırnağa silahlanmış özəl müsəlman mühafizə dəstələri ilə qoruyurdular. Qəribə də olsa, şərqli fəhlələr iş şəraiti ilə həddən artıq razı idilər. Sabunun nə olduğunu onlar öz evlərində də bilmirdilər, taxt doğma daxmanın gilli döşəməsindən on dəfə yaxşıydı, Günəşə isə onsuz da öyrəşmişdilər. Yerli fəhlə özünü mədənlərdə daha yaxşı hiss edirdi, nəinki gəlmə rus ki, bu işlərin hamısı onun üçün xalis katorqa idi. Çünki neft mədənlərini tərk etməyə, qürurlu saraylar şəhərinə baş çəkməyə onun bayram günlərində də ixtiyarı yox idi. Fəhlənin şəhər sınırlarını keçməsindən neft sahibkarları o qədər də narahat deyildilər. Bunun üçün təlim görmüş qaraul vardı ki, fəhlələr şəhərə, gözucu belə, baxa bilməsinlər. Onlar yalnız işdən qovulanda şəhər kənarındakı xaraba qəsəbələrdən birində daldanacaq tapmaq üçün – burda da onların aclıqdan ölmək yollarının üstündə heç bir maneə qalmazdı – ləngimədən arvad-uşaqlarını götürüb mədəni tərk etməliydilər. Deməli, həbsxana ilə neft mədəni arasındakı fərq yalnız ondaydı ki, həbsxanada yemək bəlkə daha dadlı olardı.

İndi Kurfürstendammda mənim kimi rahatca var-gəl edən neft sahibkarlarından biri əvvəllər haçansa yemək qıtlığından gileylənənlərə bu əcaib cümləni işlətmişdi:

– Yalnız bir vaxt qarnınız Günəşə uzanıb acından köpəndə başa düşəcəksiniz ki, əsl iş nə demək imiş.

– Bu cümləni o, rusca demişdi və azərbaycanca da bunları əlavə etmişdi. – Siz müsəlmanlar gərək biləsiniz ki, mən sizdən ötrü hər gün sizə görə qəlbindən qara qanlar axan əsl atayam, necəki Kərbəla şəhidi müqəddəs Hüseynə görə Peyğəmbərin qəlbindən qara qanlar axırdı.

Təəccüblü deyil ki, yeməkdən tam razı qalan müsəlmanlardan fərqli olaraq rus fəhlələr öz «əsl atalarına» tam özlərinəxas duyğularla yanaşırdılar.

Neft mədənləri ilə şəhərin arasında bir neçə xırda dağınıq qəsəbə vardı ki, orda da oğrular, xoralılar, səfillər və çətin təsvirə gələn digər insanlar yaşayırdılar. Bu qəsəbələrdə baş verənlər, deyəsən, heç kəsi maraqlandırmırdı, heç kim ağlına gətirmirdi ki, orda, nəm, bulaşıq xarabalıqlarda yad, şübhəli insanlar bir mətbəə quraşdırıblar. Orda hər gecə qəzet çap olunurdu ki, o da mədənlərdəki münasibətlərdən, Gürcüstandakı, Dağıstandakı, İran və Rusiyadakı vəziyyətdən daha yaxşı məlumatlıydı, nəinki şəhərdəki böyük qəzetlər. Xırda bir dəlməkdə – bu mənzili başqa cür adlandırmaq da olmaz – mətbəə ilə bir yerdə qəzetin baş redaktoru yaşayırdı, o, əməkdaşları da elə burada qəbul edirdi. Baş redaktorun özü kimi əməkdaşları da səfillərdən az seçilirdilər, əksəri də Şərqin bütün guşələrindən lazımi xəbərləri toplayıb gətirən səfillər idi. Baş redaktor onların hər biri ilə onların – əməkdaşların – ana dilində danışırdı, o saat hər şey barədə dəqiq məlumatı olurdu və səfillər vasitəsilə Rusiyadan şifrəli məktub gələndə sevinci yerə-göyə sığmırdı.

Qəzetin adı «Bakı Fəhləsi», onun baş redaktoru isə bu yaxınlarda Sibir həbsxanasından qaçmış, keçmiş dini gimnaziyanın şagirdi, Tiflisli çəkməçi oğlu gürcüydü. Onun ensiz alnı, donqar burnu və həddən artıq qətl və qan görmüş xırda, acıqlı gözləri vardı. Bu, indi özünü Stalin adlandıran məşhur terrorçu İosif Cuqaşvili idi.

Neft mədənlərində rus fəhlələri arasında tətillər çox az hallarda olurdu, amma olanda da köklü olurdu. Lakin çox vaxt fəhlələr tətilə ürək eləmirdilər, bəlkə ona görə ki, bayırdan köməyə ümid bəsləyirdilər.

Bu tətillərin birinə, qəribə də olsa, mən də bulaşmışdım. Həyatımda bu, yeganə hal idi ki, neft sahibkarları sinfinə, yəni özümə qarşı aşkar çıxış edirdim, əslində o vaxt heç on yaşım yox idi, bu da əməlimi silahdaşlarımın gözündə qismən yumşaltdı. Günlərin birində atam evli fəhlələrin işdən çıxarılması barədə əmr verdi, çünki qadınlar və uşaqlar neft mədənləri üçün təhlükə demək imiş. Gələcəkdə ailə qurmaq subay fəhlələrə də qadağan edilirdi, səbəbi də o idi ki, öz gəlirləri ilə fəhlələr ailə dolandırmaq imkanında deyillər. Deməli, əmr öz fəqir balalarının rifahı naminə sahibkarın bir növ qayğısı idi. On yaşımda sosial-siyasi məsələlərə hələ az maraq göstərdiyimdən bu əmrdən təsadüfən xəbər tutdum. Hava yaxşı olanda məni ilkindi üstləri gəzməyə aparan faytonçumun isə bundan xəbəri varmış. Faytonum və bir cüt atım – evdə yer olmadığına görə – neft zavodumuzun yaxınlığındakı kiçik bir tövlədə saxlanılırdı, faytonçum da elə burda yaşayırdı. O, Volqaboyundan gəlmiş rus idi və rus olaraq da bütün rus fəhlələrinin dostu idi.

Bir gün biz dəniz kənarına gedəndə o özünün qəmli taleyindən danışmağa başladı, həm də rusca ki, bizi müşayiət edən azərbaycanlı qoçu heç nə başa düşməsin. Danışdı ki, məni, deyəsən, axırıncı dəfə gəzməyə aparır, çünki o da əksər ruslar kimi işdən qovulur. Bunun niyə belə olması barədə mənim heyrətli sualıma cavab verdi:

– Atanız daha evli fəhlələri saxlamaq istəmir, biz də arvad-uşağımızı öldürə bilmədiyimizə görə gərək acından ölək.

Qismən doğru olan bu cümlə – çünki yüksək vəzifə sahibi kimi mənim faytonçum işdən çıxarıla bilməzdi – məni cinləndirdi. Qavramaq istəmirdim ki, insanlar yalnız ailə qurmaq istədiklərinə görə işdən qovulurlar.

– Dön geri, – faytonçuya əmr etdim, – bura, atamın yanına gedirik.

Atamın bürosuna çatanda otağa keçib soruşdum ki, evli kişilərin hamısının işdən çıxarılması doğrudurmu.

– Əgər onlar adi fəhlələrdisə, hə, – o cavab verdi.

– Niyə axı?

Atam bundan sonra fikrə getdi, sonra uzun-uzadı bir nitq söylədi və burdan da belə çıxdı ki, fəhlələr üç səbəbdən işdən qovulurlar. Birincisi ona görə ki, uşaqları neft mədənlərini yandıra bilər, ikincisi, onlar öz donluqları ilə heç kəsin qarnını doyura bilmirlər, üçüncüsü, evli rusların işdən qovulması ümumiyyətlə məsləhətdir.

Amma mən əl çəkmədim.

– Kişi olan kəs evli olur, – dedim, – tezliklə mən də evlənəcəm, çünki Quran buna icazə verir. Bunu fəhlələrə necə qadağan etmək olar?

– Mən qadağan etmirəm ki, – atam cavab verdi, – sadəcə evliləri mədənlərimdə saxlamaq istəmirəm. Yoxsa qoy evlənsinlər arxayınca özləri üçün.

O bunları deyib yan otaqda gözdən itdi. Ancaq mən təslim olmaq istəmirdim, yenidən faytonuma minib əmr etdim ki, şəhərin general-qubernatorunun yanına sürsün. Onun haqqında eşitmişdim ki, dünyanın ən güclü adamıdır. General-qubernator böyük bir binada yaşayırdı və, təbii ki, özlərinin ağıllı qərarlarının həyata keçirilməsində neft xaqanlarını dəstəkləmək kimi çox dəyərli bir vəzifəsi vardı. Mən burasını bilmirdim və burda ədalətə yetişmək ümidi ilə dəbdəbəli qəbul otağına daxil oldum. Qubernatorun xidmətçisi maraqla məni süzdü. Qubernatorun yanında hələ heç vaxt bu cür gənc neft sahibkarı olmamışdı.

– Gərək ki, qubernator məşğuldur, – məni yolumdan döndərməyə çalışdı.

Lakin mən pəncərəyə gedib küçədə dayanmış silahlı nökərimi çağırdım. O, otağa girdi, qubernatorun xidmətçisinə elə tərs-tərs baxdı ki, bu tayı həmin an gəlişimi qubernatora çatdırdı.

Qubernator, deyəsən, doğrudan da məşğul idi. Onun otağından attaşeyə bənzər bir nəfər çıxıb Əlahəzrətlərini hansı məsələ ilə əlaqədar görmək istədiyimi öyrəndi. Amma mənim izahat vermək fikrim yox idi. Nökərim attaşeni kənara çəkdi və mən əsəbi, həyəcanlı halda qubernatorun otağına soxuldum.

Bığları kayzer Frans Yozefın bığlarına bənzəyən yaşlı general yazı masasının arxasında əyləşib atamın həmkarlarından biri ilə söhbət edirdi. Hər ikisi mənim gəlişimə, deyəsən, mat qalmışdı, amma özlərini elə apardılar ki, sanki bu, dünyanın adi bir olayı imiş. Ancaq mən məqsədimi qubernatora bildirib yardım istəyəndə o məni başa düşdüyünü deyib izah etdi ki, məsələ barədə düzgün hökm çıxarmıram. Atamın sərəncamı bundan sonra işə götürüləcək işsizlər üçün xoş bir məram imiş. İşdən qovulanların taleyi barədə isə mənim narahat olmağıma dəyməzmiş, çünki bu, yerli hökumətin işi imiş. Əgər fikirləşsəymiş ki, atamın bu qərarı ilə nə qədər fəqir iş tapacaq, onda gərək onun oğlu olduğumla öyün əymişəm.

Bunların hamısını qubernator üz-gözünə tam ciddilik verərək və mənim gözəl mənəvi istedadıma işarə vuraraq söylədi ki, bu istedad da, çox güman ki, onun şərhlərinin doğruluğunu qavramaqda mənə imkan açacaqmış:

– Tez-tez gəlin, – ayrılarkən dedi, – və hər şeydən öncə salamımı atanıza yetirməyi unutmayın.

Biraz şaşqın halda onun binasından çıxdım və faytonçuya tapşırdım, məni gəzdirsin bəlkə o ümidlə ki, yolda yadıma nəsə düşdü. Daxilən isə ehtiyat edirdim ki, qubernator haqlı ola bilərdi.

Şübhələrimi faytonçuya bildirəndə o məni anlatdı ki, qubernator yırtıcının biridir, hələ neft sahibkarından da betər. Bu, inandırıcı səsləndi. Birdən, lap qəfildən ömrümdə ilk dəfə yadıma bir şey düşdü, özüm də bilmirdim ki, bu məndən öncə kiminsə yadına düşə bilərmiş.

– Sadəcə olaraq işi dayandırın! – Bununla tətil təklif etdiyimi ağlıma gətirmədən dedim.

– Çətin olar, – faytonçu dilləndi, – atanız qoçuları göndərər, onlar da hamımızı güllələyər.

Mən hövsələdən çıxmışdım.

– Qoçular sizi güllələsə, özüm öz əlimlə bütün mədənlərə od vuraram, – deyib bununla özümü ömürlük katorqa üçün yetişmiş etdim, çünki bu, niyyətində olduğum cəhdin adi cəzası idi.

Görünür, faytonçu sözümü fəhlələrə çatdırmışdı, çünki fəhlələrə qarşı «vahid cəbhə»də çıxış edəcək neft sahibkarları arasındakı münaqişələrdən elə həmin axşam buruqların ətrafında söz-söhbət gəzirdi.

Səhəri kütləvi tətil başladı ki, o da bu dəfə neft sahibkarları üçün xətərsiz ötüşmədi. Zira qaraulçular fəhlələri həmişəki kimi dövrələyənə qədər onlar yanğına həssas yerləri tutmuşdular və şərtlərinin yerinə yetirilməsini tələb edirdilər. Atam güzəştə getmədi və azuqənin gətirilməsinin qarşısını öz ərazisində almağa qərar verdi. Uzun çək-çevirdən sonra fəhlələr sahibkarlara tərəfsiz bir hakim təyin etməyi məsləhət gördülər və bircə şərt irəli sürdülər ki, sahibkarların təyin etdiyi həmin hakimin mədənlərdə maddi marağı olmasın. Digər aşkar şərt o idi ki, həmişə qərar verildiyi kimi, yanğın hədəsinə görə heç bir fəhlə cinayətə cəlb olunmasın. Sahibkarlar razılaşdılar və o vaxt çarın yanında yüksək hörməti olan alman baronu fon Taubeni hakim seçdilər; gözləmək olardı ki (sahibkarların düşüncəsində), o abırlı bir qərar çıxaracaq.

Alman baron Azərbaycana gəldi. Ömründə birinci dəfə bu cür fəhlə qəsəbələrində oldu, tərcüməçilərin köməyi ilə fəhlələrlə söhbət etdi, nəhayət neft sahibkarlarının gizli iclasını çağırdı ki, burada da, hamının ümid etdiyi kimi, cinayətkar üsyanın dəf edilməsi üçün gərəkli vasitələr irəli sürməliydi. Baron iclasa sinəsi ordenli bayram libasında gəldi və bu cümlə ilə başlayan bir nitq söylədi:

– Cənablar, məni təəccübləndirən odur ki, fəhlələr sizi indiyə qədər tikə-tikə etməyiblər; bunu siz yetərincə qazanmısınız!

Ertəsi gün onun qərarı mətbuatda dərc edildi, bu qərarda hər şeydən əvvəl fəhlələrin ailə qurmaq haqları və bundan əlavə, sahibkarlar üçün həddən artıq xoşagəlməz bir sıra digər hüquqlar öz əksini tapdı. Neft sahibkarları onları bu «ictimai təhlükəli baron»dan qorumaq xahişi ilə çara tel vurdular, amma aldıqları cavab belə oldu ki, Çar Əlahəzrətləri barona tam etimad göstərirlər.

Bu hadisədən sonra alman zadəganın hörməti bütün Azərbaycanda yerə vuruldu.

Tətildən azca sonra atam məni yanına çağırdı.

– De görüm, – soruşdu, – fəhlələri müdafiə etmək hardan ağlına gəldi?

– Özümdən, – dedim.

– Qubernatorun yanına getmək də yəqin öz ağlına gəlib, hə?

– Əlbəttə.

– Çox gözəl, amma tətili məsləhət görmək öz ağlına gələ bilməzdi ki? Axı sən heç vaxt tətilin nə olduğunu bilməmisən.

– Bunu özüm fikirləşmişəm, – fəxrlə cavab verdim.

Atam mənə anlaşıqla baxıb əllərini göyə qaldırdı və içini çəkdi:

– Ananın bolşevik olması gör nə demək imiş! Bolşevikin nə demək olduğunu o mənə yalnız bir neçə ildən sonra başa saldı.

Bütün bunlara onu da əlavə edim ki, fəhlələrə münasibətdə atam neft sahibkarları arasında öz silkinin ən liberal insanı idi. Başqaları daha betər idilər.

ZƏRDÜŞTÜN SON MƏBƏDİ

Azərbaycanın neft bölgəsi bütün Şərqin ən gəlişmiş yeridir. Avropanın iri sənayesinin tərkib hissələrinin hamısını o özündə əks etdirir: dizel motorlarını, avtomobilləri, elektrik işığını, külli sayda maşınları və nəhayət fəhlə problemini. Burda, neft çənlərinin və neft buruqlarının arasındakı supermodern dünyanın tən ortasında, Bakının ən zəngin neft rayonu Suraxanıda qədim Azərbaycanın qəribə simvolu, o qədər də sentimental olmayan neft sahibkarlarının qıymadığı sirli Zərdüşt məbədi saxlanılmışdır.

Zərdüştün Suraxanıdakı məbədinə təkcə neft sahibkarlarının heyfi gəlməyib. Əsrlər öncə cahan fatehi Çingiz Xan məbədi dağıtmamağı tapşırdı, çünki onun məşhur sələfi Harun əl-Rəşid də belə etmişdi. Biraz əvvəl isə Pompey Romalı və Antiox Zəleyli məbədə baş çəkmişdilər, hər ikisi də yeganə qeyri-azərbaycanlı kimi məbədin əbədi oduna qurban gətirmiş Böyük Makedoniyalını qibtədən yamsılayaraq. Çünki küncünün birində neft buruqları ilə yanaşı xırda və görünməz olan bir qübbə ucaldılmış bu dördkünc kiçik məbəd haçansa bəşəriyyətin ilk böyük dininin, azərbaycanlı Zərdüştün bəyan etdiyi böyük odçuluğun (atəşpərəstliyin) mərkəzində durmuşdu.

O vaxt bozumtul qədim dövrdə Azərbaycan əbədi odçuluğun kutsal yurdu idi və Bakı yörəsində neftlə zəngin çöl milyonlarla inancçının zəvvarlıq yerinə çevrildi. Möminləri şər başlanğıc Əhriməndən qoruyan, Bizansla Buxara arasında padşahın kim olacağını özləri müəyyənləşdirən və işıq allahı Hörmüzə sitayiş edən qüdrətli kahinlər ölkəyə hökmranlıq edirdilər. Hörmüz allah od idi. Qazla yerdən qaynayan, üzərində məbədin qüllələri ucaldılmış əbədi od. Həmin od bugün də sönməmişdir, son damla neft yerdən tükənənə qədər qüllələr altında alovlanacaq neft qazları bugün də müqəddəs torpaqdan qaynayıb-çıxmaqdadır. Minillərdən bəri alışıb-yanan bu əbədi alov bir təbiət oyunudur ki, məbədə təşrif buyurmuş əcnəbilər, təsadüfən odsevərlər deyillərsə, ondan öz siqaretlərini yandırırlar.

Odçuluq çağlarında yalnız ağalar və kahinlər oda ibadət edə bilərdilər. Adi inanclılar isə odun üstünü örtən qübbə qarşısında səcdə ilə kifayətlənirdilər. Roma üzərində bir neçə dəfə qələbə çalmış İran padşahı Azərbaycana gələr, kahinlərin ayağının tozunu öpər və kuhurinlə yuyunardı ki, bu da xalis salehlik sayılardı. Müqəddəs odu qorumaq və Romanı yenmək üçün İranın yeni padşahına şahənşah adı verildi. Ərəblər gəlib sonuncu odsevər padşah Yezdəgird Sursuzu öldürənə, kahinləri dağıdana, böyük allahı maraqlı bir təbiət hadisəsi səviyyəsinə endirənə qədər əsrlər uzunu beləcə davam etdi. Ərəblərin gəlişi ilə də müqəddəs torpağın ad-sanına və aralarında Sirus, Kambis, Dara və Artakser olan padşahlar nəslinə son qoydu ki, onların da ilk üçünün adı məktəb dərsliklərində, sonuncusu isə Herodotun adı ilə Bibliyada çəkilir.

Odsevərlər məhv edildi, onlar islama keçib Azərbaycan adının anlamını unutdular: «Əbədi odun müqəddəs məskəni». Zərdüşt tərəfdarlarının son qalıqları Hindistana və İran Yəzdinə qaçdılar ki, onlar bugün də burda yaşayır. Odçuların son məbədi islamın haram buyruğuna düşmüş içkini gecənin kirmişliyində dadmaq üçün şairlərin toplaşdığı meyxanaya çevrildi. Sonralar harama daha fikir verilməyəndə məbəd də bütün şairlər tərəfindən unuduldu. Hələ də burda öz günlərini keçirən son iki kahin yüz il öncə sərxoşluqlarına və bütçülüklərinə görə müdrik bir xan tərəfindən ölkədən qovuldu.

Hind odçuları isə öz məbədlərini unutmadılar.

Hər iki ildən-bir onların nadir nümayəndələri Azərbaycana gələr, əbədi odun qarşısında ibadət etmək üçün bütün hökumət qapılarını döyərdilər. Bugün vur-tut 110 min təəssübkeşi olan həmin hind və fars odsevərlərinin xüsusi ritualları var ki, onlar da sənaye rayonunun tən ortasında icra edildikdə müsəlman fəhlələrin hədsiz narazılığına səbəb olur, çünki, odçuların, bugünkü adları ilə deyilsə, həmin parsların, yaxud bəxşişçilərin adətlərindən başqa burda suçlu heç nə yoxdur. Parslar özlərini murdarlamaq kimi əbədi bir qorxu içində yaşayırlar. Yeyərkən gərək qida onların dodaqlarına toxunmasın, yoxsa mundarlanarlar. Bu səbəbdən də nə bıçaqdan, nə də çəngəldən istifadə olunur. Qıymalanmış yemək geniş açılmış ağıza əllə atılır. İçərkən də mayenin dodaqlara toxunmamasının qarşısını almaq üçün müxtəlif incəliklərdən istifadə olunur. Hər səhər onlar əllərini və ayaqlarını kuhurinlə yuyurlar, minillər ərzində formalaşmış duaları dodaqaltı pıçıldayırlar və çalmalarından asılan müqəddəs qaytanı sığallayırlar. Öləndə də cəsədi nə yandırırlar, nə torpağa tapşırırlar, nə də suya endirirlər, çünki od, torpaq və su əbədi mundarlanar. Ona görə də parsın cəsədini susqu qülləsinə – onun ən adlı-sanlısı Hindistandadır – aparırlar və orda quzğunlara tapşırırlar. Dini buyruqla yanaşı bu, parsların fıkrincə həm də gigiyenanın tələbidir.

Bu nadir odçular, bəşəriyyətin ən qədim dininin baniləri və kuhurin həvəskarları heç də hansısa yad köçərilər, yaxud codlaşmış dağlı tayfalar deyillər. Hind parsları – parsların ən böyük hissəsi Hindistanda yaşayır – çağdaş bankirlər, iri sənayeçilər və birjaçılardır ki, bugünkü Hindistan özünün iqtisadi inkişafı üçün onlara minnətdardır. Hindistanın ən iri sənaye sahələri hər cür qazanc imkanını – təkcə Azərbaycan neftindən başqa – dəyərləndirə bilən parslara məxsusdur. Ona görə Azərbaycan neftindən başqa ki, bu neft müqəddəsdir və kuhurinlə bərabər dinin mənəvi dəyərlərini təşkil edir. Haqlı olaraq parsları Hindistanın yəhudiləri adlandırırlar. İran parsları isə, bunun əksinə, ticarət fəaliyyətlərini hələ tam tutumda gəlişdirməmişlər. Onlar şahın üzüyola təbəələri kimi tanınırlar və onun hərəmxanasında bağban işləmək şərəfinə yetişmişlər.

Onlar Azərbaycanda, özlərinin müqəddəs torpaqlarında yaşamırlar, amma orda fəqirlər sığınacağı qurmuşlar və, hər yerdə olduğu təki, xeyriyyəçi kimi tanınırlar. Ona görə də hərdən elə olurdu ki, neft buruqları arasında bir neçə günlüyə ibadət etməyə hind parslara da icazə verilirdi. Amma bu, necə deyərlər, çox az-az olur, son vaxtlar isə buna ümumiyyətlə rast gəlinmir. Əbədi odun son məbədi bəşəriyyət tərəfindən elə yerli-dibli unudulub ki, Azərbaycanda çalışan alimlər ekspedisiyası günlərin birində tam ciddiyyətlə onu yenidən kəşf etdiyini söyləyib bu barədə Avropaya sensasion bir məlumat göndərdi. Həmin məlumatda göstərilirdi ki, alimlərin ciddi axtarışlarına baxmayaraq arxeoloji baxımdan qorunmayan bu tapıntı yalnız təsadüf sayəsində mümkün olmuşdur.

Məbəd neft mədənlərinin tən ortasında yerləşir və şəhər sakinlərinin sevimli ekskursiya yeridir. Alimlər məhz bir balaca şaşqın və həddən artıq kəşfbaz idilər.

Deməli, bəşəriyyət az qala məbədi unutmuşdur, fəqət haçansa hansısa illahlığın ehtiram olunduğu yer kimi dünyada heç nə ömürlük deyil. İnsan həmişə dönə-dönə ona qayıdır, köhnə xarabaların üzərində həmişə yeni-yeni sitayiş məkanları baş qaldırır. Kiçik Asiyanın unudulmuş ərazilərinə bələd olan kəs bilir ki, xırda köylərdəki məscidlər çox vaxt əvvəllər xristian kilsələrinin olduğu yerdə tikilib. Qazıntılara nəzər yetirilsə, görərsən ki, həmin kilsələr də öz növbəsində yunan-roma məbədlərinin xarabalıqları üzərində ucaldılmışdır və onlar da yenidən hansısa Babilistan illahlığının məbədinin özülü üstündə qurulmuşdur. Amma bir-birini əvəz edən dinlərin sırası bununla bitmir, zira bilinir ki, babilistanlılar da öz məbədlərini sirli Şumer səcdəgahlarının yerində tikmişlər. Elə yerlər var ki, orda sırasınca onlarla illahlara səcdə edilmişdir. İndi də məscidlər yox olurlar. Onların yerində bütün illahların ən çağdaşına xidmət edən fabrik və zavodlar tikilir.

Zərdüşt məbədinin həndəvərində də sənaye məbədləri yaranır. Fəqət bu, legitim xələf deyildi. Məbəd ayrı, daha yaxşı illah dəyəri kəsb etdi. Məbədə bitişərək Azərbaycanda bir neçə il öncə yeni bir din, Şərqdə tez-tez meydana gələn, sürətlə yayılan və eyni sürətlə də yenidən dinlər müstəvisindən səthi silinən bir təriqət gəlişdi. Yalnız səthi, çünki xalqın iç qatlarında bir vaxt onun yaşadığı ölkəyə hakim olmuş bütün illahlar yaşamaqda davam edir, Astartadan, Hörmüzdən tutmuş Məhəmmədə, Məsihə qədər. Zira iman yalnız üzdən ölür, zaman-zaman o, yenidən baş qaldırır, bu yaxınlarda Azərbaycandakı Zərdüşt məbədi kimi.

Həmin qəribə təriqətdən danışmağa dəyər.

Günlərin birində neft buruqlarının polisi hökumətə xəbər verdi ki, Zərdüşt məbədinin yaxınlığında gecələr əcaib şeylər baş verir. Nəsə səs-küy gəlir. Lopalar yanır. Səslər ucalır, anlaşılmaz mızıltılar eşidilir. Deməli, orda gizli mətbəənin, yaxud ən azı bandit yuvasının olduğunu güman etməyə yetərincə əsas var. Neft mədənlərində bandit yuvası və gizli mətbəə xoşagəlməz hal olduğundan polis prefekti güman edilən banditlərdən əslində çox az fərqlənən bir takım polislə məbədi dövrələyib axtarış aparmağı qərara aldı. Gecə gizli mətbəənin əlamətləri özünü göstərəndə polis məbədə soxuldu və bununla elmə dəyərli bir xidmət göstərmiş oldu, çünki dini tarixin müntəxabatlarında indiyə qədər qeydə alınmamış yeni bir dini ortaya qoydu.

Məbədin həyətindəki odun qarşısında dayanmış lüt qadına baxa-baxa əbədi alovun önündə yerdən oturmuş xeyli kişi gördülər. Kişilərdən biri qadının yanında dayanıb ehtiramla onun döşlərindən öpürdü, digərləri isə bu arada dua edib növbələrinin çatmasını gözləyirdi. Məbədin divarlarına, lopalarla işıqlandırılaraq, dünyanın bütün dinlərinin bütləri və müqəddəslərin şəkilləri qoyulmuşdu. Bazinili müqəddəs Nikolay Anadolu şeytançılarının müqəddəs simvolu Faunun2 palçıq fiquru ilə yanaşı qoyulmuşdu və Fallusun3 gil fiquru illah kimi sitayiş edilən İran şahının ucuz yağlı boya ilə basılmış şəklinin yanında asılmışdı.

Qəribə təriqətçilər həbs edildilər və məlum oldu ki, Bakı kəndlərinin sadə, savadsız sakinləridirlər. Açıqlamadıqları səbəblərdən onlar bir din yaratmağı qərara alıblarmış və qədim məbədi yeni imanın iqamətgahı kimi seçiblər. İştirakçıların hər biri özü ilə bir simvol gətirməliymiş, istər Fallus olsun, istərsə də İran şahının şəkli. Sonra o, müqəddəs odun qarşısında oturub münasib bildiyi duanı oxuya bilərdi. Yeganə mərasim çılpaq qadın döşünün öpülməsiydi və bu, Yer adlı anaya sevgini simvolizə etməliydi. Bundan başqa imandaşların gətirdiyi allahların hamısına gərək ehtiram göstərəydin.

Bütün cəhdlərə baxmayaraq polis onlardan fərli bir şey öyrənə bilmədi. Bu uğursuz sonuc rəsmi məlumatlarda savadsız köylülərin intellektinin aşağı olması ilə əsaslandırıldı. Deməli, köylülər gizli mətbəə işlətmədiklərinə və, üstəlik, şahın şəklini sərgiləməklə özlərinin abırlı düşüncələrini nümayiş etdirdiklərinə görə onları azadlığa buraxdılar. Neft bölgəsində «ictimai dincliyi pozmağa və yanğın təhlükəsinə» görə səcdənin məbədin içində aparılmasını onlara qadağan etdilər. Beləliklə, Zərdüştün son məbədi bu sadə həvəskarların da əlindən alındı.

NEFT FIRILDAQÇILARI VƏ NEFT XAQANLARI

Rus tacirləri arasında belə bir kəlam var: «Bakıda bir il neft sahibkarlarının içində yaşayan ömründə dürüst adam ola bilməz!» Azərbaycana yola çıxarkən vəsiyyətlərini edən şərafətli Peterburq tacirləri belə deyirdilər. Nisbətən az şərafətlilər isə, əksinə: «Əsl fırıldaqçılar yalnız Bakıda yetişir» deyirdilər və neft şəhərinin öz sıralarında başqalarına dözməyən yetirmələrinə paxıllıqla baxırdılar. Bu cümlələrdə mübaliğə azdır, çünki Bakıda nəsə bir iş görmək yabançı üçün doğrudan da mümkünsüz idi. Neft icması hər bir yabançını məmnuniyyətlə aldadan qapalı cəmiyyətdir.

Şərqin və Qərbin aldatma üsulları vahid xalis kommersion taktikada birləşdirilmişdi. Heç nədən qorxub çəkinmirdilər; heç kimdən və heç nədən çəkinməyə lüzum yox idi; axı sən haqla nahaqqın çoxdandır elastik məfhuma çevrildiyi Şərqdəsən. Feyr4 anlayışı ümumiyyətlə yox idi, bu mərəzi indi də özlərinə rəva bilən yekələrdə bəlkə də qalmışdı. İkiyüz onsəkkiz neft sahibkarı arasında ən çox onunu tapardın ki, onları aldatmaqdan çəkinirdilər, çünki yalanı ölümlə cəzalandırmaq üçün onlar kifayət qədər güclü idilər və kimi isə aldatmağa da özlərinin ehtiyacı yox idi.

Bu onluğa səkkiz müsəlman, bir erməni və Nobel familiyalı məşhur bir isveçli daxil idi. Nobel Bakıda yeganə insan kimi Şərqin mübarizə üsullarına nifrət edirdi və haqlı olaraq deyirdi ki, avropalılar daha uğurludurlar. Avropa baxışlarına görə neft xaqanlarının əksəriyyəti həbsxanalıq idi. Fəqət bu, qısaca bir çabanın tez bir zənginliyə çatdırdığı dünyanın hər yerində hökm sürən hal idi. Meksikanın, Venesuelanın neft mədənlərində də, Alyaska və Klondikanın qızıl yataqlarında da, Cənubi Afrikanın zümrüd axtarıcılarında da həmin münasibətlər, həmin qəddarlıq, yalan və hiylə hökm sürür ki, onların vasitəsilə bir ovuc aferist yeni çırpışdırdığı sərvəti qoruya bilir.

Birinci nəsl hər yanda eyni olur, bəlkə o, Bakıda başqa yerlərə nisbətən hətta xeyli yaxşı idi, çünki sahibkarların bir qismi köhnə feodal bəylərdən çıxmışdı və müəyyən mədəniyyəti onlar özləri ilə neft sənayesinə gətirmişdilər. Atamın əksər həmkarının keçmişi qaranlıq idi, bir neçəsi əvvəllər səfil, başqaları isə oğru olmuşdu. Elələri də vardı ki, söhbət düşəndə həyasızcasına irişə-irişə Sibir katorqalarından danışırdı.

Müsəlmanlar, ermənilər, ruslar, polyaklar, gürcülər, isveçlilər burda bir silk yaratmışdılar ki, o da heç bir mənsəb fərqi bilmirdi, yalnız özünəbənzərlərdən kənarda keçmişdən həvəssiz söz salırdı və oğrularla yanaşı əsl bəylərbəyiləri, şahzadələri özünün üzvləri sırasına qəbul edirdi. Əksəriyyət üçün səciyyəvi şey həyata barbar münasibət, öz pullarını işə yaratmaq bacarıqsızlığı və, tezliklə aşkar olduğu kimi, qızılın təsiri altında böyüyən ikinci nəslin tamamilə soysuzlaşması idi. Savadsız, zəngin atalar, əslinə qalsa, bu xoşxasiyyət barbarlar, övladlar böyütmüşdülər ki, onlar da hələ beşikdə ikən həyatdan bezmişdilər, intihar düşüncələrinə qapılmışdılar və yasağı yüngül olan işlər görməyə çalışırdılar. Amma neft bəyzadəsinə Bakıda nə qadağan edilə bilərdi? Bu, talenin qisası idi. Özləri artıq müəyyən mədəniyyətə – şərq, yaxud qərb – malik olan belə neft sahibkarlarının yalnız övladları bu iti çöküşdən xətərsiz qurtula bildilər.

Ayrı-ayrı neft ailələri arasında daimi bir mübarizə hökm sürürdü ki, o da tez-tez digərlərini dartıb gətirirdi. Onda küçələrdə qan su yerinə axırdı, insanlar izsiz-tozsuz yoxa çıxırdılar və bu işlər üçün hər vaxt hazır dayanan bandalar ikiqat məvacib alırdılar. Aferistlər yığnağının iqamətgahı kimi Bakı öz gözəllikləri ilə yanaşı həm də şərq paytaxtının bütün özəlliklərini qoruyub saxlamışdı. Bir neçə neft sahibkarı təkcə sənayeçi deyildi, onlar həm də ölkənin içərilərində öz təbəələrinin yaşam və ölümü üzərində mütləq hökmə malik mülkədarlar idilər və öz kəndlərində daimi mühafizə dəstələri yetişdirirdilər. Bunlar müsəlmanlar, qismən də ermənilər idilər ki, onlar da birlikdə neft sahibkarlarının əksəriyyətini təşkil edirdilər və bir-biri ilə barışmaz mübarizə aparırdılar.

Çıxarılandan sonra xam neft dəniz sahilindəki neftayırma zavodlarının yaxınlığında qurulmuş iri rezervuarlarda saxlanılır. Neft buruqları həmin rezervuarlardan təxminən iyirmi kilometr aralıda olur. Boruları neftayırma zavodları ilə birləşdirmək üçün səhradan neft kəməri çəkilirdi ki, o da müxtəlif sahibkarların neftini ümumi rezervuarlara axıdırdı. Hər şirkətin çənlərlə boru əlaqəsi vardı ki, bu çənlərdə də axıb-gələn xam neft xüsusi xazla ölçülürdü. Neft kəmərləri ilə rezervuarlar xam nefti qoruyub-saxlayan, onu zavodlara ötürən və bunlardan yaxşı gəlir götürən bir firmaya məxsus idi. Ölkədə ikiyüzdən çox neft sahibkarı olduğuna görə səhra boyunca bir-birinə çalın-çarpaz olmuş müvafiq sayda borular çəkilmişdi; deməli, hər şirkətin özünün neft kəməri vardı ki, firmanın sərəncamına verilən neftin miqdarı qəbul edilərkən dəqiq müəyyənləşsin və başqa şirkətin hesabına yazılmasın. Neft kəməri firması yalnız rezervuara çatan neftə cavabdeh idi, daha rezervuarlara tuşlanmış neftə yox. Hərdən borular partlayırdı, yaxud yetərincə qalın olmurdu, ona görə də işlənən və daxil olan neftin miqdarı üst-üstə düşmürdü. Deməli, çölü keçəndən sonra neft rezervuara çatanda ölçülməli olurdu. Bu fırmanın yaxşı, yaxud pisliyi sonrakı məsələdir. Amma yüzlərlə boru çöldə bir-birini kəsib-keçirdi və qarışıq bir mənzərə yaradırdı.

Bu kəmərlərdən biri hörmətli ağalardan sayılan, mədəniyyətə xüsusi üstünlük verən, hər il xarici səfərlərdə olan və Avropa sivilizasionunun nümayəndəsi hesab edilən iri sənayeçi Rzaya məxsus idi. Onun qonşuluğundakı kəmər böyük bir şirkətinki idi və gecə-gündüz işləyirdi, çünki şirkətin bir ədəd milyonluq fontanı vardı və neftinin əl-ayağını yığıb-yığışdıra bilmirdi. Amma bir gün həmin şirkət gördü ki, çıxarılandan rezervuara xeyli az neft gəlir. Neft yolda borudan açıq-aşkar yox olurdu. Çölə çaparlar göndərdilər ki, boruları yoxlasınlar, amma şübhəli bir şey tapılmadı. Borular yerli-yerindəydi, lakin neft yenə də yox olurdu. Bütün yolu gecəli-gündüzlü göz altına aldılar, heç nəyin xeyri olmadı. Bu, başdan-başa elə anlaşılmaz idi ki, az qala düşündülər, şirkət öz kreditorlarını sakitləşdirmək üçün bilərəkdən həmin fontan hay-küyünü qaldırıb. Daha fontanın etibarlılığına inanmırdılar. Bu hal aylarla davam etdi. Tezliklə məlum oldu ki, digər şirkətlərdən də həmin əcaib şəkildə neft oğurlanır. Məsələ ciddiləşdi, nefti oğurlananlar öz işçilərini bir yerə yığıb gecələr əl-ayaq çəkiləndə borularının yanındakı bütün boruları çevirtdirdilər ki, bəlkə itkinin səbəbini tapa bildilər. Və burda görünməmiş bir şey ortaya çıxdı. Gördülər ki, Rzanın kəməri yerin altından bütün qonşu kəmərlərə qoşulub. Başqalarının nefti sadəcə olaraq onun kəmərinə axırmış və rezervuara axırıncının məhsulu kimi tökülüb qeydə alınırmış. Öz gəlirini ölçüsüz həddə artırmaq üçün mədəniyyət dağarcığı Rza, deməli, sadəcə bir üsul tapıbmış. Neft sahibkarları onun timsalında başqalarına da dərs verdilər: Rza həbsxanaya salındı və buruqları dayandırıldı. Bütün neft silki coşmuşdu, ölümlə və eldənçıxarı etməklə hədələyirdi. Amma iş o yerə çatmadı. Rza həbsxanada özünü güllələdi və özlərini didib-dartan oğulları onu bütün neft sahibkarlarının gözü önündə torpağa tapşırdılar. Ona qarşı cinayət işinə xitam verildi.

Rza adlı birisi oğurlayır. Amma buna görə o, doğrudanmı ölməlidir? İntihar və təntənəli dəfn hələ ölüm demək deyil axı. On il sonra mən Paris kafelərinin birində birja kursları ilə tanış olan möhtərəm, yaşlı bir ağaya rast gəldim. Bu, Rza idi, yazıq intiharçı. Tanındığını görəndə xəfifcə gülümsəyib dedi:

– Adam elə asanlıqla ölmür.

Sonra həbsxanada bir cəsədlə öz paltarını necə dəyişdiyini, onun başına bir güllə vurduğunu, o qədər də yüksək olmayan məbləğə həbsxana rəhbərliyini özünün azad olunmasına necə razı saldığını danışdı. İşləri uşaqlarına tapşırıb kipkirmiş Parisə gəlməyə üstünlük vermişdi ki, burda da təqaüdçü kimi yaşayırdı və dövlət idarələrində özünü yüksək çaplı siyasi qaçqın kimi qələmə vermişdi.

– Xırdaca bir neft sızqasına görə özünü öldürüb gözəl həyatdan əl götürməyə dəyməz, – axırda o bunları deyib mənə xoş münasibətini bildirdi və mehribanlıqla əlimi sıxdı. O, bugün də Parisdə yaşayır. İşləri barədə isə dəqiq məlumatım yoxdur. Bəlkə də peşəsini dəyişmə naminə Bank dö Fransın pul çapxanası ilə özünün şəxsi mənzili arasında havadan gizli çap xətti çəkib. Hər halda kefi kökdür, həyatı gözəldir.

Rzanın gizli neft kəməri tezliklə öz təqlidçilərini tapdı. Bir çox xırda neft sahibkarları bundan sonra qonşularının borularına gizli xətlər qoşdular, amma hamını ağzıbirə qatmaq mümkün olmadığına görə irilər buna göz yummağa alışdılar.

Neft sənayesinin digər nümayəndəsi Musa Yaqub daha ağıllı idi və yan peşə kimi İrana silah qaçaqmalçılığı ilə məşğul olurdu. Əslində buna heç ehtiyacı da yox idi. İşləri yaxşı gedirdi. Amma qaçaqmalçılıq peşəsini elə-belə sevirdi.

– Babam qaçaqmalçı olub, atam qaçaqmalçı idi, mən niyə olmayım?! – Dostlarının arasında təkrarlamağı xoşlayırdı.

Silah qaçaqmalçılığı da ona ləzzət verirdi, çünki qorxulu idi. Qorxusuz dünya ona darıxdırıcı görünürdü. İndi Berlində məskunlaşıb rus kürüsü ilə qaçaqmalçılıq edən həmin Yaqub Şərq üçün səciyyəvi olan qəribə bir şəxsiyyət idi. Açıq sifəti, acıqlı gözləri, əyri qıçları və doydum deməyən iri əlləri olan enlikürək bir insanı təsəvvürünüzdə canlandırın. Bu adam bir qayda olaraq insanlığın etibarsızlığından, sürdüyü qəmli həyatdan və pis adamların onun yüksək duyğularına kəc baxması kimi kobud xasiyyətindən danışır.

Gənc yaşlarında Ağayi-Yaqub İranda quldurbaşı olub, bir dəfə külli miqdarda pul qarət edib, öz əlaltılarını polisə çuğullayıb və burnu Bakıda yaxşı işlərin iyini aldığından bura köçüb. Bakıda var-dövlətə yetişib xəsisləşdi, amma indiyə qədər elə xalis quldur olaraq qalmaqdadır, hər halda bircə fərqlə ki, indi məmnuniyyətlə frak geyir və hər il yüz minlərlə pulunu xeyriyyəçiliyə xərcləyirdi.

Əslində heç vaxt pul xərcləməzdi. Qonaqlıqlarda xırda zarafatları xoşlayardı. Məsələn, hansısa masa qonşusunun pul kisəsini duyulmadan onun cibindən çıxarardı və adətən qaytarmağı unudardı. Yaxud qonaqların başı üstündən ev sahibindən ucadan soruşardı ki, onun dünən axşam fılan- fılan yerdə rus qızını zorlaması doğrudurmu. Adətən bu, doğru olurdu, amma onun nə geniş ictimaiyyətə dəxli vardı, nə də bu masaya yaraşan söhbət idi. İşində də xırda, zərərsiz zarafatları xoşlayırdı. Məsələn, bir neft quyusu vardı, ən cəfakeş mühəndis də həmin quyudan bir damla neft çıxara bilməzdi. Yaqub quyunu satmaq qərarına gəldi, amma kimsə ona bir qara qəpik də verməzdi, ona görə də Yaqub quyunu içəridən sementlə suvatdırdı və ona sement altlıq döşətdirdi. Həmin sementlənmiş quyuya sonra neft doldurdular. Yaqub onu almağı parisli Rotşildə təklif etdi. Rotşildin nümayəndəsi gəlib quyuya baxdı və öz gözləri ilə gördüklərini söyləyib bildirdi ki, quyudan saatda xeyli neft çıxarılır. Rotşild tələb olunan qiyməti ödədi və anlaya bilmədi ki, niyə quyu səhərisi günü bircə damcı da neft vermir. Quyunun sementləndiyi aşkar olanda Rotşildin nümayəndəsi pulun qaytarılmasını tələb etdi, amma Yaqub ona başa salanda ki belə gülünc bir fikrə görə adam canını qurban verir, o, sonrakı tələbdən həmin an əl çəkdi.

Rotşild əcnəbi olduğuna görə bu alver üçün heç kəs Yaqubu qınamadı. Amma yerlilərlə o, ehtiyatlı tərpənirdi. Burda eyni şeyə eyni şeylə cavab verərdilər. Hər halda o burada da görünməmiş bir iş tutdu.

Yaqubun onu ölümlə hədələyən bir qanlısı vardı. O, həmin düşmənin ayağına getdi, ona hədiyyələr aparıb barış təklif etdi. Hadisə Azərbaycanın içərilərində baş verdi ki, burada da qan düşməninin ayağa gəlməsi nadir kişilik sayılırdı. Düşmənin bu gəlişi, gətirdiyi sovqatlar və etdiyi barış təklifındən ev sahibi elə mütəəssir oldu ki, köhnə dərdini unutdu. Yaqub yola çıxmağa hazırlaşanda yenicə barışmış düşmən onu növbəti şəhərə qədər ötürmək istədi ki, yolda qaçaqlar soymasınlar. Hər ikisi kənddən çıxanda Yaqub xəncəri sivirib pəsinmədən onu yeni dostunun qarnına soxdu.

– Ürək qızdırmadım, – sonralar o belə izah edirdi, – kim bilir, bəlkə o məni xəncərləyəcəkdi.

Bunlar Yaqubun yaşam yolunun tör-töküntüləridir, onun mahiyyətinin tamamlanması üçün bunu da əlavə etmək lazımdır ki, o, Parisə, yaxud Peterburqa gedəndə hamı ona yetkin centlemen timsalı kimi baxırdı. Görünür, bilmirdilər ki, Bakıda neft fırıldaqlarının bir çox bic üsulları məhz onun adı ilə hallandırılır.

İnqilab zamanı Yaqubu həbsxanaya atdılar, burda o, hücrəsini on-onbeş qatı cani ilə bölüşəsi oldu. Cinayətçilər yeni surdaşlarının neft maqnatı Yaqub olduğunu biləndə ondan min tümən pul tələb etdilər, bunun əvəzində ona toxunmayacaqlarına söz verdilər.

– Sizə borcum var? – Yaqub soruşdu.

– Yox, amma bizə pul verməsən, səni nəcisə bulaşdıracayıq!

– Oldu, – Yaqub dedi, – bulaşdıra bilərsiniz, amma pulun üzünü görməyəcəksiniz.

Elə də oldu. Yaqub bir ay dustaqxanada qaldı, hər gün də başdan-ayağa nəcisə bulaşdırıldı və son ana qədər iki ayağını dirəyib həmin cüzi məbləği vermədi. Axırda onu əzişdirib hücrədən çölə atdılar, çünki canilər onunla bir yerdə qalmağa tab gətirə bilmədilər. Lakin o bugün də öyünür ki, havayı bir qəpik də vermədi.

– Onlara borclu deyildim ki, – təkidlə dediklərinə əlavə edirdi.

Hər halda o, Bakının neft sahibkarları arasında ən murdarı idi. Bugün də o mənim kimi Berlində, Kurfürstendammda yaşayır. Yaxınlarda yanıma gəlmişdi, həmişəki təki insanların etibarsızlığından və istənilən yaxşı biznesin yasaq olduğu barbar Avropadan gileyləndi.

– Qəribədir, işləri düz gətirən nə qədər fırıldaq adam var, gərək mənimki belə pis gedəydi?!

Yaqub özü xasiyyətdə olanların ən görkəmlisi idi, fəqət ondan yalnız bir tük məsafəsi qədər dalda qalan və, düzünə qalsa, dəbdəbəni yaxına buraxmayan bir çox başqaları da vardı. Onlar dürüstlərlə birlikdə bir icma yaratmışdılar ki, həmin icma da eyş-işrətdə, qəddarlıq və bədxərclikdə səhvə yol vermirdi. Bircə neft maqnatı da bədxərcliklə iflasa uğramadı. Neft sahibkarı olub çox pul xərcləmək mümkün deyildi. Axar qızıl bütün xərclərdən artıqdır. Ən iri məbləğləri neft maqnatlarının fantaziyasını gülünc şəkildə əks etdirən sarayların tikintisinə qoyurdular. Məsələn, feodal neft sahibkarı İsa Bəy özünə qumarxana formasında üçqatlı bir ev tikdirmişdi. Evin ön divarında iri qızılı hərflərlə yazılmışdı:

«Burda mən yaşayıram, Gəncəli İsa Bəy».

Evə çağdaş iç arxitekturun bütün dəfə-darağı düzülmüşdü, amma sahibinin təkidli arzusuna görə ayaqyolusu yox idi, çünki İsa Bəy belə iyrənc bir otağa mənzilin içində dözülməsinə çox pis baxırdı. Ayaqyolu həyətin uzaq bir küncündə yerləşirdi və böyük ağa bununla fəxr edirdi. Həmin qumarxanada bugün Üçüncü İnternasionalın Şərq üzrə təbliğat şöbəsi yerləşir.

İsa Bəyin zəfər çələngi onun qonşularından birinin rahatlığını pozdu. Bu da özünə əjdaha formasında bir bina tikdirdi, öntarix azman heyvanın kitabdakı şəklinin nümunəsində. Giriş açılmış nəhəng ağıza bənzəyirdi ki, burdan da qonaqlar içəri keçirdilər. Əjdahanın burunlarından hər yanı gün kimi işıqlandıran iki fanar çıxırdı.

Əslində neft şəhərinin küçələrində tikinti sənətinin nadirliyindən gileylənməyə dəyməzdi. Bütün üslublar təmsil olunmuşdu. Mavritaniya sarayları qotik binalarla yan-yana dayanırdı, rokokop pavilyonunun yanında isə Bizans qübbəsi ucalırdı. Saraylar neft bəylərinin azarı idi və hərə tam seçilərək qəlbinin hansısa qəribə arzusunu həyata keçirməyə çalışırdı.

Bunun ən sadəsini İran şahından da çox qızılı olan İran təriqətçisi Ağa Musa Nağı etdi. İndiyə qədər tikilənlərin hamısını kölgədə qoymaq üçün o, xalis qızıldan bir bina yapdırmağı qərara aldı. Yalnız çox çətinliklə arxitektor onu bu işin gerçəkləşməsinin mümkünsüzlüyünə inandıra bildi. Nəhayət Nağı israr etdi ki, ən azı evin çöl divarları qalın qızıl təbəqə ilə örtülsün. Ev hazır olanda isə xoşuna gəlmədi, otaqlar həddən artıq iri, evin havası da onun illərlə hava üzü görməyən mənzilindən tamamilə fərqlənirdi və qızıl, ev yaranlara gəl-gəl deyirdi ki, onlar da, əslinə qalsa, istəsələr, evi yarmaq əvəzinə onun çölündən yarınardılar. Çox götürqoy etmədən o, evi xeyriyyəçi qurumlardan birinə bağışladı ki, həmin qurum da onunla neyləmək lazım olduğunu kəsdirə bilmədi. Amma təəssüf ki, bu qiymətli tikinti abidəsi sonralar erməni-müsəlman davasında ermənilər tərəfindən darmadağın edildi.

Hər halda şəhərin ən gözəçarpan gözəlliyi milyonlara başa gəlmiş və, çox güman ki, Şərqin ən şirin xülyalarını özündə birləşdirmiş neftçilər klubu idi. Neft sahibkarları binanın üslub və tikintisində razılığa gələ bilmədiklərindən qiymətini nəzərə almayıb böyük bir ərazidə nəhəng bir şey tikməyə bacarığı çatan güclü bir avropalı mütəxəssis gətirildi.

Mütəxəssis əvvəlcə çölün düzündə bir park saldırdı. Təkcə bu, görünməmiş miqdarda pul yedi. Səhranı tropik bağa çevirmək asan deyil. Sonra tikintiyə başladılar ki, onun da necə olacağı barədə arxitektor ağzından bircə kəlmə də qaçırmırdı və bu arada qızğın mübahisə obyektinə çevrilmiş həmin bina yalnız bir neçə ildən sonra başa gəldi. Ağ mərmərdən tikilmiş klub Berlin Reyxstaqından ikiqat böyükdür. Amma onun klassik, sadə biçimi əksər neft bəylərinin ürəyincə olmadı. Onları sakitləşdirmək üçün də parkda yastı bir kolonnada tikildi və dəhlizlərə içəridən upuzun güzgü divarlar qoyuldu. Kluba yalnız neft sahibkarları gələ bilərdilər. Orada onlar öz aralarında aparxayın öz işlərinə, yaxud da xülyalarına qapıla bilərdilər.

Dəstədən olmayan kəs neft sahibkarının acığını, yaxud sevgisini çox asanlıqla oyada bilərdi və bu, həmin adam üçün eyni dərəcədə təhlükəli idi. Azıb Azərbaycana gəlmiş gözəl qadınları qaçırırdılar, ya da onlar neft bəylərinin dağ kəndlərində, yaxud qəsrlərində izsiz-tozsuz yox olurdular. Hərdən Xəzərin dalğaları neft bəyləri ilə çəp gəlmiş kişi cəsədlərini sahilə atırdı. Amansız neft qvardiyaçıları öz ağalarının rəqiblərini şəhərin darısqal küçə tinlərində xəncərdən keçirirdilər. Düşmənlər təsadüfən küçədə rastlaşsaydılar, günün günorta çağı atəş açılırdı. Eyş-işrət içində keçirilmiş gecələrdən sonra səhərin alatoranında iri bəylər Günəşin çırtmasını tapança səsləri ilə salamlamaq üçün çölün düzünə, yaxud dənizə çıxırdılar. Bir sözlə, neft sənayesi çiçəklənib öz bəhrəsini verirdi.

Bunların hamısı işin kölgəli tərəfidir. Böyük sarayların iç üzündə, İran xalıları ilə bəzədilmiş qulluqçulu geniş otaqlarda neft öz fəaliyyətini dayandırırdı. Toxunulmaz dinclik içində burda başqa bir aləm çiçəklənirdi. Üz-gözündən ağı daman neft qvardiyası tərəfindən qorunaraq həmin saraylarda qadınlar və uşaqlar ömür sürürdülər.

Axşamlar yastı damlarda əyləşib əl tutuquşuları ilə məzələnirdilər. Kor müğənnilərin bayatı – İranın sevgi nəğmələri – oxumalarına qulaq asırdılar. Xırda, bəzəkli xalçaların üstündə nərmənazik çərkəz gözəlləri özlərinin dağ rəqslərini edir və kişiləri işvə ilə əyləndirirdilər.

Gündüzlər sərin odalardan çölə çıxılmırdı, nərd oynayır, tənbəl-tənbəl halva, rahat-loğum, noğul yeyirdilər və bunlardan öz tutuquşularına da yedizdirirdilər. Burda qandan, neft çirkabından, şübhəli biznesdən və qəribə macəralardan əsər-əlamət yox idi. Yorulanda isə xacələr gəlib səni yatağa qaldırır, həzin-həzin qədim nağıllar və müdrik kəlamlar söyləyirdilər. Uşaqlar gəzməyə gedəndə xacələr onları küçəyə çıxarır, nənninin içindəki yumşaq balıncların üstünə ustufla uzadırdılar. Çadralı qadınları da küçəyə xacələr çıxarırdı.

Oğlanlar küçədə özlərini kişi və igid sayırdılar, bacılarını və kuzinlərini qoruyurdular və bu zaman özləri bir neçə neft qoçusu tərəfindən qorunurdular. Küçədə onlar qızıl xəncər taxırdılar və təqribən on yaşından sonra oyuncağa bənzər brauninq gəzdirirdilər. Mühafizə üçün yanlarında keşikçi dəstəsi olurdu, buna baxmayaraq uşaqlar hələ erkən yaşlarından gerçəkçi odlu silaha alışmalıydılar.

Evdə tapança lazım olmurdu. Evdə hər şeyin dərdinə qalan, qaravaşlarla bir otaqda yatan və birəldən də qənnadı ötürən xacələr vardı. Şirniyyat çox vaxt dayəni də əvəz edən və heç zaman görüşə qaçmadığına görə umudlu sayılan xacənin yeganə sevinc payıdır.

Neft bəyi evdə az olurdu, çox vaxt gecədə bir-iki saatlığına. O, büroda yaşayır, klubda nahar edir, boş vaxtını xüsusi məqsədlər üçün şəhərdən xeyli aralıda tikdirdiyi kiçik bağ evlərində keçirirdi. Evdə onu az-az görürdülər. Cavan qaravaşlar və müdrik nağıllar, Şərq dincliyi, sonsuz ləzzət. Neft şəhərinin çox azlara nəsib olan digər idil üzü bu idi.

KÖHNƏ AZƏRBAYCAN

Azərbaycanda heç də hər şeyə neft hakim deyil. Yalnız Bakı və ətrafı, Gürcüstana və Rusiyaya gedən dəmir yolları axar qızılın etkisi altındadır. Şəhər, neft mədənləri və dəmir yolu qurtaran yerdə sözün gerçək anlamında hələ də terro inkognita sayılan xam torpaqlar başlayır. Orda müxtəlif tayfalar, köçərilər, qədim assurilərin və xaç yürüşçülərinin qalıqları yaşayırlar. Qayalıqlı dağlarda və vadilərdə neftin tovlantısına tabe olmayan və öz ərazilərinin və camaatının mütləq hakimi qalan bəylər məskunlaşırlar. Əcnəbilər çox nadir hallarda neft respublikasının içərilərinə gedirlər, orda yaxşı biznes, gəlir görmürlər, yalnız təhlükə, artıq başağrısı və özlərinin minillik yaşayış vərdişini Avropanın ötəri cazibəsinə az həvəs göstərən sakinlərlə qarşılaşırlar. Tez-tez, lap tez-tez Azərbaycana yadlar baş çəkirlər, hər növdən olan şairlər, jurnalistlər, alimlər dəmir yolu ilə paytaxta gəlirlər, neft buruqlarına tamaşa edirlər, əbədi odu və qədim xarabalıqları heyranlıqla seyr edirlər, xəbər tuturlar ki, içərilərdə «heç nə olmayıb» və ordan Rusiyaya, Gürcüstana, yaxud İrana yol alırlar, özü də belə həqiqi bir əminliklə ki, Azərbaycanla tanış oldular.

Qayalıqlı dağlarda məskunlaşmış xırda tayfalar isə bəylərin sarayları, köçərilər və uçulub dağılmış müqəddəs məkanlar kimi öyrənilməmiş qalır. Tarixin minilliklərində Azərbaycan Avropaya, yaxud Asiyaya yol arayan yad qəsbkarların tapdağı altında olmuşdur. Həmin yad xalqların qalıqları dağlara sıxışdırılmışdır və bugün onlar hazırkı sakinlərin dəryasında kiçik etnoqrafik adaları təşkil edirlər. Alimlər dünyasına bu xalqcıqlardan heç nə məlum deyil; doğrudur, «Azərbaycanın Tədqiqi üzrə Beynəlxalq Cəmiyyət» ölkəni öyrənməyə çalışır, lakin indiyə qədər bir-iki xarabalıqdan başqa yalnız Zərdüştün məbədi (illərdən bəri o, Bakı sakinlərinin istirahət gəzintisinə xidmət edir) və varlıqları azərbaycanlılar üçün sirr olmayan yasailər xalqı «kəşf edilmişdir». Yasailərin kəşfı alimlər dünyasında və mətbuatda böyük təntənə ilə qeyd edildi, zira bugün yeni xalqlar nadir kəşf edilir, həm də onların çox az qismi bizə qədər gəlib çatmışdır. Afrikanın, Asiyanın və Amerikanın xəritələrində sirli ağ ləkələrin sayı getdikcə azalır. Yer kürəsinin coğrafiyaçılar və səyyahlar tərəfindən hələ öyrənilməmiş qaranlıq bölgələri getdikcə daralır. Elmi cəmiyyətlərin iclas salonlarında üstündə «araşdırılmamış bölgə» yazılmış kiçik ağ ləkələrlə böyük xəritələr asılır. Coğrafiyaçılar və alimlər bu xəritələri gözdən keçirirlər, daha iş tapa bilməyəcəkləri gələcəyə qayğılı-qayğılı baxırlar.

Ağla gəlməyən çağlardan öz hökumətlərinə arxayınca vergi ödəyən, xaricdən qonaqlar qəbul edən və yalnız indicə kəşf edildiklərindən, indiyə qədər avropalıların diqqətindən kənarda qaldıqlarından və indi birdən-birə nadan elm aləmini heyrətə saldıqlarından bixəbər xalqlar orada kəşf olunurlarsa, deməli, burda təəccüblü heç nə yoxdur. «Azərbaycanın Tədqiqi üzrə Cəmiyyət» «yasai xalqı»nı kəşf edib, sonrakı araşdırmalar öz gedişindədir, hər halda bu yaxınlarda Avropa qəzetlərində belə yazılmışdı. Amma araşdırmalar bitənə qədər (və kim bilir, bu, haçan olacaq) mən oxucularıma həmin xalq barədə öz təcrübəmdən bildiklərimi danışmaq istəyirəm. Zira bu xalq qeyri-adidir, bəlkə də «Azərbaycanın Tədqiqi üzrə Cəmiyyət»in güman etdiyindən də qeyri-adi.

Yasailər Azərbaycanın şimalında yaşayırlar, Zaqatala bölgəsində, lakin onların məskunlaşdığı yerin adı yoxdur. Bu yerlərə indiyə qədər ad qoyulmamışdır. Qonşular bu xalqı sadəcə olaraq «xanımlar camaatı», «keçmişi olmayan xalq» adlandırır. Zira yasailərə öz keçmişlərindən heç nə bəlli deyil; onların idarəçiliyi, rəhbərliyi və, təbii ki, yazıları olmadığı kimi, ümumiyyətlə heç nələri yoxdur. Yalnız keçmişdən qalan bəzi şeylər yasailərin həyatını tənzimləyir. Buna əsasən də yasai xalqından olan kişilərin əli işə toxunmamalıdır. «Ata-babalarımız işləməyib, bizim də işləməyə ixtiyarımız yoxdur», yasailər bunu tez-tez təkrarlayırlar. Və onlar doğrudan da işləmirlər, bütün günlərini iri fındıq ağaclarının altında yayxanmaqla keçirirlər, göylərə tamaşa edib işi onlara yasaq etmiş sələflərinin müdrikliyi barədə xəyallara dalırlar. Yasai yalnız hərdən, əbədi uzanmaqdan yorğun düşəndə balıq tutmağa gedir, onu da qazanc xatirinə yox, yalnız məzə üçün. Çünki qazanc xatirinə işləmək kişi üçün dəhşətli bir rüsvayçılıqdır, biabırçılıqdır, qanunazidd bir hərəkətdir ki, bunu da heç cür bağışlamaq olmaz.

İş, ümumiyyətlə istənilən iş, müstəsnasız olaraq qadının öhdəsinə düşür. Və qadın öz ərinə işi qadağan edən, əgər kişi işləyərsə, onu rədd edib tənələyən ilk insandır, çünki yasai müdrikliyinə görə «əgər kişi işləyirsə, bu, qadın üçün təhqirdir».

Qonşu xalqlar tez-tez yasai kişiləri işə tərpətmək istəyirlər, lakin onların cəhdləri qadınların müqavimətinə rast gəlib çilik-çilik olur. Güngörməz dərələrdə, meşədəki kiçik, kasıb yasai daxmalarında və çay qırağında yasai qadınlarını iş üstündə görərsən. Onlar Şərqin digər qadınları kimi üzlərini örtmürlər, üstlərində xəncər və balta gəzdirirlər və qonşu xalqların kişilərindən daha döyüşkən olurlar. Vay onun özünə və ərinə basqı yapanın halına! Bu halda qadınlar özlərinin tənbəl yaramazlarını igidliklə müdafiə edirlər. Adama elə gəlir ki, qadınlıq yasai qadınlarından çox-çox uzaqdır; və onlar xalis qadın işini görəndə, dünyaya uşaq gətirəndə öz insandaşlarının gözündən meşəyə çəkilirlər, hətta halal ərləri də onları ötürə bilməz, çünki onlar «mundar»dırlar 5 (natəmiz).

Yalnız ildə bircə dəfə yasai kişisi əlini işə vurur, bu da yeni il bayramından bir gün qabaq olur. Həmin gün o, arvadının silahını götürüb ova gedir və geriyə dönəndə ovunu qadının ayaqları altına atır, onun il boyu gördüyü işə minnətdarlıq kimi.

Sonra o, yenidən fındıq ağacının budaqları altında yayxanır, il başa çatana qədər. Yaraq gəzdirən qadın gələcək ərini özü seçir və ona elçi düşür. Özünün hüquq və vəzifələrindən bir qınnaq6 belə ərinə güzəştə getməkdən boyun qaçırır. Ərinin kəndi tərk edib yad ölkələrə getməsinə icazə vermir, ona görə də Azərbaycanın şəhərlərində çox az hallarda bu cür «yaramaz»a rast gəlinir. Zaqatala yaxınlığındakı güngörməz dərələrdə onlar yurdlarına qapılıb tənha və qapalı ömür sürürlər.

Amma elə də olur ki, qadın özünün xoşbəxt ailəsindən bezir, bu da boşanmaya gətirib çıxarır. Yasailər məkanında boşanmaqdan asan heç nə yoxdur. Bunun üçün iki şahid çağırırlar və qadın onların yanında deyir: «Bir talaq, iki talaq, üç talaq», yəni «Aralan məndən birinci kərə, ikinci kərə, üçüncü kərə»7 və bununla kəbin qanuni pozulmuş olur.

Zira ata-babaların qanunu deyir: «Bezdiyin kişi ilə yaşamaq günahdır».

Şərqin çox yerində qadın bugün də kölədir, çadrada gəzir, yad kişi ona yaxınlaşanda pəsinib gizlənir. Bütün Şərqdə kişilər xəncər gəzdirir və öz xanımlarını qoruyurlar. Kim bilir, necə olub ki, məhz Azərbaycanda – yasailərin əldəyməz dərələrində – kişilərin hüquq və vəzifələrini əllərindən almış və kişiləşmiş qadın yetişmişdir. Bunu heç kim heç vaxt öyrənə bilməyəcək, çünki yasailərin keçmişi, yazısı və idarəçiliyi yoxdur, olub-olanları yalnız onlar üçün çalışan qadınlar və fındıq ağaclarıdır ki, həmin ağacların da altında onlar öz günlərini keçirirlər.

Bunun əksinə olaraq digər özümlü bir xalq – Azərbaycanda, başlıca olaraq da Dağıstanda məskunlaşan və ikiyüz kvadrat kilometr ərazi, təxminən 65 min əhaliyə malik kiçik dağ dövləti Osetiyanı yaradan osetinlər – yetərincə keçmişə, idarəçiliyə və yazıya malikdirlər. Lakin onların heç də hamısı cılxa osetinlər deyillər. Əksəriyyəti başqa dağlı xalqlarla – bütpərəst inquşlarla və müsəlman çeçenlərlə qaynayıb-qarışmışlar. Yalnız ayrı-ayrı yerlərdə, xüsusilə də gözdən iraq bölgələrdə xalis irq taparsan və məhz orada qəribə şeylərə rast gələrsən. Hakim sinfın zadəganlığını təşkil edən osetinlər bütün qonşularının əksinə olaraq şimallılar kimi əslində sarışın və göygözdürlər. Deməli, güman etmək olar ki, indiki osetinlər ölkənin köklü sakinləri deyillər, hardansa köçüb-gəlmədirlər. Əgər osetindən onun kökünü və soyunun keçmişini soruşsan, arxayınca cavab verəcək ki, o, qüdrətli cəngavərlərdən, alemanlardan8 törəmişdir.

Bu cavabı ilk dəfə eşidəndə gözüm kəlləmə çıxdı; zira «aleman» Şərqin bütün dillərində «alman» deməkdir. Mən sualımı təkrarladım:

– «Aleman» nə deməkdir axı?

Osetin mənim savadsızlığıma qımışdı:

– Cənabları alemanların kim olduğunu bilmirlər? Deyəsən, cənabları çox bixəbərdirlər, alemanlar Aypara məmləkətinin – Suriya və Fələstinin böyük cəngavərləri olublar, cəsur döyüşçülər və güclü igidlər imiş, amma həm də çoxlu düşmənləri olub, biri-biri və yabançılarla söz-sözə gəliblər. Bir hissəsi öz vətənindən sıxışdırılıb-çıxarılıb və onlar yeni yurd axtarıblar, dağlara gəlib çılğın xalqları istismar ediblər və onların dilini götürüblər. Həmin cəngavərlərin törəmələri bizik, «göygöz osetinlər».

Düşünsən də ki, Almaniya haqqında nəsə öyrənməyə osetinlərin bəlkə də heç vaxt imkanları olmayıb, sayca çoxluq təşkil edən bu söhbətləri dağların hər künc-bucağında eşidirsən. Hətta osetinlərin düşmənləri də təsdiq edirlər ki, bu yad gəlmələr Suriyadan, Aypara məmləkətindəndir. Ata-babalarının doğrudan da həmin ölkələrdən gəlməsi barədə tək-tük osetin ailələrində sübutlar var. Amma araşdırıcı bu sübutları özünün kolleksiyasına qatmağa cəhd edəndən bəri osetinlər xeyli ehtiyatkar olmuşlar və öz sübutlarını yalnız uzun çək-çevirdən sonra göstərirlər, özü də təkcə o adamlara ki, dağlarda hansısa yaxşı bir ad qoymuş olsun. Onların göstərdiyi şeylər bəzi alimlərin düşüncəsini tərpədir; çünki bunlar gerçəkdən də alman səlibçilərinin silahlarıdır, qədim qılınclar, paslanmış qalxanlar və dəbilqələr. Həmçinin yazı parçaları da mövcuddur ki, bunlar da qotik işarələri ehtiva etmirlər. Həmin yazı parçaları Suriya qrafıkasında tərtib olunub və bundan əlavə səlib yürüşləri dövrünün Suriya knyazlarının adını daşıyırlar. Göygöz osetinlərin sübut kimi irəli sürdükləri əslində bu saydıqlarımdır. Ən başlıca sübutları dönməz əminlikdir ki, onlar alman səlibçilərindən törəyiblər, elə bir əminlik ki, necə deyərlər, bunu onların qonşuları da bölüşür.

Elm üçün osetinlər müəyyən mənada hələ də bir tapmacadır. Yalnız bunu bilirlər ki, onların dili – bəlkə də qəbul etdikləri dil – hind-avropa dilinin bir qoludur, elə mifologiyaları da. Onların qayalar üstündə ucaldılmış qəsrləri Reyn sahilindəki alman qəsrlərini, eləcə də Şimali Afrika vandallar tərəfindən zəbt olunana qədər orda mövcud olan qalaları xatırladır. Bəlkə də osetinlər almanlardan törəyiblər, bəlkə də yox. Dini baxımdan onlar təsnifə gəlmirlər. Nə müsəlmandırlar, nə də əsl xristian, daha çox bütçüdürlər. Osetinlərin bəziləri indi şəhərlərdə yaşayırlar ki, burda da onlar çox tez avropalaşır və dağların adət-ənənəsini yerə qoyurlar.

Elmin osetinlər haqqında söyləyə biləcəyi bu qədərdir. Ola bilsin, haçansa ciddi bir alim tapılsın və sübut etsin ki, osetinlər səlib yürüşlərinin törəmələri deyillər. Amma qəribə də olsa, əsrlərdən bəri dağlarda gəzişən bu qədim əfsanə hər halda yaşayır. Qapalı səlibçilər, Aypara Məmləkətindən olan əzəmətli cəngavərlər, almanlar barəsində qaranlıq sirr. Yasailər, osetinlər və onların Azərbaycanın şimalındakı qonşuları mənim vətənimin ölümlü insanın dəqiq araşdırmalarını gözləyən yeganə nadir xalqları deyil.

Qədim xalqlar köçünün bu qırıntılarının hamısını təsvir etmək istəsəydim, əməlli-başlı bir kitab doldurardım. Cənubda, İranla sərhəddə, çoxları bura qonaq gəlməyi özünə rəva bilmədiyi bir bölgədə də ecazkar adətlər, yalnız yenilik acı olan bir səyyahı yolüstü heyrətə salan nadir irqlər gizlənib qalır. Məsələn, burda aysorlar yaşayırlar ki, onların da sayı Azərbaycanda vur-tut min nəfərə çatır və onlar qədim assurilərin son törəmələri sayılırlar. Sami dildə danışırlar, nestorianlardır (xristian təriqəti), Assuriya relyefındə rast gəlinən xalis sami tipinə aiddirlər və dünyanın ən dinc insanları hesab olunurlar. Cənubdakı xalis azərbaycanlılar da etnoqrafık baxımdan maraq kəsb edirlər, çünki Böyük İskəndər Zərdüşt torpağını zəbt etdiyi zamanlara gedib çıxan bəzi adətlər onlarda qorunub-saxlanılır. Məsələn, Cənubi Azərbaycanda məşhur buynuz-kəkil saxlayırlar, yəni saç kəllənin tən ortasında alından peysərə qədər düzünə, enli zolaq şəklində qırxılır və qalan saç sağdan, soldan sallanır. Onu elə darayırlar ki, qırxılmış kəlləyə qoyulan balaca qara fəsin altından tük qabağa çıxır və burulmuş qoşa buynuz kimi görünür. Məlumdur ki, İskəndər İran yürüşündən sonra Makedoniyanın güclü etirazına baxmayaraq bu saç bəzəyini qəbul etdi. Onun birçəkləri əsl buynuza bənzəyirdi (azərbaycanlılar birçək qoymurlar), odur ki, İskəndərə bugün də bütün Şərqdə «İskəndər Zülqərneyn9 deyirlər ki, bunun da anlamı «Qoşabuynuz İskəndər» deməkdir.

Yayda tez-tez qonaq getdiyim bu yerin ən qəribə adətlərindən biri toy adətidir.

Toy mərasimində bəylə gəlin asılmış bəzəkli gərdəyin dalına salınır ki, onları görən olmasın. Yalnız toy süfrəsi açılanda gəlin ortaya çıxır və bu zaman o, «qızıllanmış» olmalıdır. Yəni sifəti və əlləri qızılı rəngə boyanmış olur ki, bu da Günəş işığında qəribə şəkildə parıldamağa başlayır və «Günəş kimi şəfəq saçan gözəllik» barədə yerli inama cavab vermiş olur. Gəlin gərdəyə girməzdən qabaq qohumların və qonaqların gözü önündə dabanı ilə yerdəki güzgünü sındırmalıdır, əlamət kimi ki, onun keçmiş həyatı qurduğu ailədə əks olunmasın. Güzgünü nə qədər qüvvətlə sındırarsa, ailəsi bir o qədər xoşbəxt olar. Bəzi xanlıqlarda həmçinin adətdir ki, qonaqlar gəlinin bakirəliyinin sübutunu gözləyir və yalnız bundan sonra onun namusluluğundan az-çox hali olub qurtardıqda şad-xürrəm toy evini tərk edirlər.

Cənubun hər xanlığı özlüyündə bir kitab fəslidir. Həmin xanlıqlar və onların xanları bəşəriyyət və qonşu hökumətlər tərəfindən elə unudulublar ki, indiyə qədər öz müstəqilliklərini qismən qoruyub-saxlaya biliblər. İranla nisbətən boş bağlanmış bu kiçik dövlətlərdə əsl orta əsrlər münasibətləri hökm sürür və özlərinin gülünc müstəqilliyi, insanlığın digər hissəsindən qapalılığı ilə onlar macarlar üçün xalis doradoya10 çevrilə bilərdilər, əgər həmin macarlar onların mövcudluğunu güman etsəydilər. Çox təəssüf ki, macəraçılar bu ölkəyə az-az gəlirlər, amma hərdən yad adamın gəlişi ilə nə baş verirsə, onu mən aşağıdakı parçada göstərmək istəyirəm.

İSVEÇİN FƏTHİ

Cənubi Azərbaycanda, yarımüstəqil Maku və Xoy xanlıqlarının yerləşdiyi ərazidə əlli il öncə ağıllı və qüdrətli Fətəli Xan hökmdarlıq edirdi. O, əsl hökmdar idi, içində bitlə birənin ağalıq uğrunda döyüşdüyü sarayı ilə, toyuq hininə bənzəyən hərəmxanası ilə və şübhəli peşələrini özlərinin mədh qabiliyyəti ilə əvəzləyən əsl saray şairləri və saray rəssamları ilə.

Xanın sarayı Tehran saraylarının karikaturu, onun əyanları səltənət sarayındakı əshabələrlə müqayisədə kölgədə qalan solğun fiqurlar idilər, amma bununla belə, İrandakı hər xan kimi öz ərazisində o, hüdudsuz iqtidara malik idi ki, buna görə hətta böyük şahənşahın özünün də ona paxıllığı tuta bilərdi.

Günlərin bir günü başköyə – ona başkənd deyə bilməzsən, xanın iqamətgahına əcaib bir əcnəbi gəldi, altunsaç, uzunboy, ağyanaq və əlində xanın tacına bənzəyən dəri çamadan. Əcnəbi bir ev kirayələdi və ertəsi gün – təkcə əcaib görkəminə görə yox – xanın yanına çağırıldı. Xan yanımcıllıqla qəribin mavi gözlərinə və qızılı saçlarına baxıb dedi ki, talenin bu cür çırpdığı insan onun himayəsinə mütləq bel bağlaya bilər. Beləki sarışın saça Şərqdə Allahın insana gəc baxışının nişanəsi kimi yanaşırlar. Qərib ürəkdən təşəkkür edib bildirdi ki, İsveçdəndir və bu müqəddəs məmləkətlə yaxından tanış olmaq üçün Azərbaycana gəlmişdir. İsveçli qalıb köydə yaşadı və fars, türk, ərəb və rus dillərinin dəhşətli qarışığında bir axşam xanla söhbət etdi, bütün əyaləti gəzib dolaşdı, xalqa qorxu və dəhşət təlqin edən bir neçə plan cızdı.

Üç ay sonra fransızca yazılmış iri bir müqavilə ilə xanın hüzuruna gəldi, imzalamaq üçün müqaviləni onun qarşısına qoydu. Danışırlar ki, isveçli həqiqətən də neftin izlərini tapıbmış və indi ölkənin sahibinə, xana razılaşma müqaviləsi təklif edibmiş.

Şəxsi həyatda xan sadədil bir insan, Şərqin xəttatlıq sənətinin ən gözəl bəzəklərinə sənətkarlıq kamilliyi ilə bələd olan bir xəttat idi (xəttatlıq Şərqdə qrafıkanın önəmli bir qoludur). O, müqaviləni oxumadı, oxusaydı da, başa düşməyəcəkdi, rəğbət bəslədiyi isveçlinin xahişini yerinə yetirmək üçün təqlidsiz kufi xətti ilə öz adını yazının altına düzməyə başladı. Görünür, isveçliyə elə bu lazım imiş. O, bir həftə də köydə qaldı və əlahəzrətin namus keşikçisi piyli bir xacə ilə gizli söhbətlər apardı. Həftənin sonunda kirəpulunu ödəyib bir neçə nəfis İran xalçası aldı və tövləsindəki seçmə atlardan üçünü ona xatirə hədiyyəsi edən xanla vidalaşdı. Əcnəbi naməlum istiqamətə yola düşdü. Həmin gün xanın sevimli qızı da yoxa çıxdı. Əvvəlcə heç kim güman etmədi ki, bu iki hadisə hardasa bir-biri ilə bağlıdır. Qızı qonşu köylərdə, köçəri tayfa başçılarının dəyələrində və yerli donjuanların hərəmxanalarında axtardılar; fəqir göygöz qərib heç kimin ağlına gəlmədi. Yalnız altı həftə sonra xan həqiqəti biləsi oldu. Sarvanlardan biri ona Rusiyadan, isveçli dostundan bir məktub gətirdi. İsveçli ona göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirir və təəssüflənirdi ki, sözübütöv bir adam kimi xanın qızını qaçırmalı olub. Üzürxahlıq edirdi ki, qərib kimi bir tərəfdən atanın xeyir-duasına ümid bəsləyə bilməzdi, digər tərəfdən isə vəziyyəti onun sevgisinin imkanca tez qanuniləşdirilməsini tələb edirmiş. Üstəlik ümid edir ki, xan indi öz razılığını verəcək, xüsusilə onun – neft müqaviləsinin bir rus qurumuna satışından sonra – nəzərdə tutulan cehizdə qəti gözü olmadığına görə.

Xan məktubu aldı, onu bir dəfə oxudu, sonra bir də oxudu, gözlərinə inanmadı, amma inanmalı oldu, bədbəxtlik elçisini həbs etdirdi, sonra buraxdırdı və nəhayət dərin bir susquya qapıldı. Susdu və indiyə qədər bəşəriyyətin görüb-eşitmədiyi bir intiqam planı cızdı. Üç gündən sonra saray rəssamını yanına çağırdı və planını ona bildirdi.

Rəssam baş əydi, hökmdarın ağlına heyran oldu və qisas planının icrasına hazırlaşmağa başladı. Qana susamış xanın tapşırığı tezliklə yerinə yetirildi. Sarayın baş salonunda, taxt-tacla üzbəüz böyük sənətkarın son yaradıcılığı divara bərkidildi. Şəkildə üz-gözlərindən amansızlıq yağan minlərlə ağ geyimli piyada qoşunu qılıncdan keçirən bir neçə süvari əks olunmuşdu. Arxa planda oda qalanmış kəndlər, ağlar qadınlar və uşaqlar görünürdü. Qaliblərin önündə xan özünün kürən kəhərini çapırdı. Atının dırnaqları altında başları üzülənlərin cəsədləri sərilmişdi. Öldürülmüş adamın başı ön planda tam aydınlığı ilə təsvir olunmuşdu; o, qan gölünə düşmüşdü, üzü tamaşaçıya doğru idi və gözəl qızılı saçları, qan damcılayan iri, göy gözləri vardı.

Şəklin altında bu yazı oxunurdu:

«İmanın qüdrətli, yenilməz qoruyucusu Fətəli Xanın qoşunları tərəfindən İsveçin zəbti. Əlahəzrət, İsveçin hiyləgər padşahının başını üzür».

NEFT QVARDİYASI

Bizim neft qvardiyamızı atam mənə birinci dəfə göstərəndə hələ on yaşım tamam olmamışdı. Qvardiya dağ kəndlərində boya-başa çatmış, eyni tayfadan olan və qaşqabaqlı, qəddar görkəmə malik, təpədən-dırnağa yaraqlı, boylu-buxunlu on-onbeş adamdan ibarət idi. Bu insanlar neft sənayesinin ən ərköyün uşaqları idilər, onlara hər şey verilmişdi: məzuniyyət, pul, bəxşiş; hətta qadınlar da, çünki neft buruqlarındakı və idarələrdəki nisbi dinclik onların sayəsində mümkünləşmişdi. Yalnız çox az-az sahibkar şəxsi qaraul dəstəsini özünə rəva bilirdi.

Çoxları üzdəniraq qoçuların himayəsinə sığınmışdı ki, həmin qoçular da öz xidmətlərini neft sahibkarlarına zorla sırıyır və özləri öz maaşlarını təyin edirdilər. Bu qoçuları dəqiq təsvir etməyi onların özləri qazanıb. Qoçu bu və ya digər şəraitdə öz torpağını itirmiş bəydir, amma onun yenə də bir neçə təbəəsi var ki, onları da qanuna və qaydaya görə o yedirməlidir. Təbəələr öz bəylərindən əl götürmürlər və ondan yaxşı mülkədardan tələb olunan şeyləri istəyirlər, daha doğrusu, iş və maaş ki, həmin maaşdan da qoçunun özünə vergi ödəyə bilsinlər. Bu son təbəələr əksərən bəyin keçmiş əshabələridir və onsuz acından ölərlər, çünki bütün Şərqdə heç kim yad bəyin əshabələrinə çörək vermir. Deməli, kasıblaşmış bəy və onun sarayı bir bütövlük yaradır ki, onu da heç vaxt bir-birindən ayırmaq olmaz və o, digər şərq ölkələrində bir qayda olaraq qaçaq dəstələrinin özəyini təşkil edir. Talançılıqdan daha yaxşı işlərin mümkün olduğu Azərbaycanda əksər bəylər bu qazanc mənbəyindən imtina edir və özlərinin bir neçə mütiləri ilə neft şəhərinə, başarılaşmış həmkarlarının, neft bəylərinin yanına yollanır və onları sümürməyə başlayırlar. Şəhərə çatan kimi qoçu neft sahibkarının altını-üstünü öyrənir ki, həmin sahibkarın da keşikçisi qoçunun qohumu olur və, deməli, sahibkar rəqabət savaşı başlaya bilmir. Qoçu sonra neft nəhənginin idarəsinə yollanır, burda qulağa xoş gələn bir adamın adını verir və adətən çək-çevirsiz içəri, kabinetə buraxılır.

Qoçu ilə neft sahibkarı arasında gedən söhbət illərdən bəri danışıq tərzi baxımından qorunub-saxlanılan şablona çevrilmişdir. Adi salam-kəlamdan, havadan və neft sənayesinin ağır vəziyyətindən bir-iki kəlmə kəsdikdən sonra qoçu üz-gözünə qəm qatıb deyirdi:

– Əziz dost, doğrudan da sənə yazığım gəlir, çünki qara buludlar sənin o nurlu başına topalanır. – İndi də neft yiyəsi buludlar mənbəyini soruşmalı olurdu ki, ona da belə cavab verilirdi. – Düşmənlərin səni öldürmək istəyir, doğrudur, mənim xəbərim var, amma o düşmənlərə qarşı çıxmaq çətindir.

Neft sahibkarı təcrübəsiz əcnəbi olanda dincliyini itirirdi ki, bunu da başa düşmək asan idi. Bişib-bərkimiş yerli sahibkarın isə vecinə olmurdu, ancaq o da narahatçılıq göstərirdi, çünki bu, qanacaqlı davranışın tərkib hissəsiydi. Arada isə bəy fəryad qoparıb sözünü sürdürürdü:

– Səni bu geniş dünyada mənim qədər heç kim sevə bilməz; mən səni hələ uşaqlıqdan tanıyıram, babanla dostluq edirdim, indi vurub səni öldürsələr?! – Bəy xeyli hıçqırır, özünü sakitləşdirmək üçün bir stəkan su içir və sözünə davam edirdi. – Amma səni xilas etməyə çalışacam, sənin qvardiyan bunun öhdəsindən tək gələ bilməz. Canımı bu yolda qoysam da, səni xilas etməliyəm, çünki canım-ciyərimsən. Dostluq xatirinə adam nələrə getmir ki! Sən yalnız mənim onsuz da məni məhv edəcək xərclərimin bir hissəsini çək.

Təzəcə dostlaşmış neft sahibkarının indən belə öz mühafızəçisinə ödəyəcəyi aylıq məbləği razılaşdırmaqdan başqa, ayrı əlacı qalmır. Əgər etiraz edərsə, qoçu özü onu öldürür, sonra şəhəri dolaşıb fəryad edir:

– Mən ona dedim axı, budur, bu da meyiti.

Qoçunun bir qayda olaraq səkkiz-on müştərisi olur ki, onlar da ona ayda beşyüzdən-minə qədər rubl ödəyirlər, o da hər ayın başında pulunu toplayır, həmin pulla öz təbəələrini saxlayır və qalığı ilə yüksək siyasətdə dolaşır. Fəqət qoçu heç də parazit deyil, pula işləyir və neft sahibkarına qanun baxımından şübhəli təbiətdən olan əvəzsiz xidmətlər göstərir. Məsələn, o, nəzərə çarpmadan gözəl bir qızı qaçırır, yaxud ağzıbütöv olmaqla dostunun qatı düşmənini aradan götürür. Öz ağasının gündüzlü-gecəli keşiyində durur, onun pul karvanlarını qoruyur, ağanın rəqibləri ilə savaşır və bunların hamısını imkanca çox sadə yerinə yetirir. Rəsmi olaraq qoçu «maliyyəçi»dir, geninə-boluna yaşayır, ən yaxşı dairələrdə gəzib-dolaşır və özünün mühafizəçi və xilaskar rolunun nədən ibarət olduğunu tamamilə dərk edir.

İki düşmən ağanın qoçuları arasında tez-tez toqquşmalar baş verir. Ağa küçədə öz düşməninə rast gələndə bunu yanındakı qoçusuna deyir. O da həmin an tapançasını çıxarır və düşmənin qoçusuna bir neçə atəş açır (düşmənin özünə yox), həmin atəşə də atəşlə cavab verilir. Düşmənə yalnız o vaxt atəş açır ki, bu, əvvəlcədən razılaşdırılmış olsun. Bəzən iki adlı-sanlı qoçu bir ağanın rəğbəti uğrunda toqquşanda şəhər məhəlləsində mütəmadi atışmalar baş verir və məsələyə aydınlıq gətirilir ki, filan ağanı mühafizə etmək şərəfinə kim yetməlidir. Bir neçə əcnəbi neft sahibkarı, məsələn, Rotşild əvvəlcə qoçuları yaxın qoymaq istəmirdi, amma sonradan bunun acı peşmançılığını çəkdi; zira elə bir gecə olmadı ki, Rotşildin evi yarılmasın, yaxud ona hansısa bir ziyan dəyməsin. Nəhayət Rotşild qoçu tutmaq istədikdə artıq gec oldu. Cənablar Rotşildi qarət etməyə öyrənmişdilər və bu «xəsis» əcnəbini qorumaq istəmirdilər. Rotşildi, heç olmasa, ən iri qarətlərdən qorumaq üçün güc-bəla bir qoçu tapıldı ki, o da bu işə ikiqat bahasına razılıq verdi.

Qoçuların ən yaxşı cəhəti onların öz ağalarına mütləq sədaqəti idi. Ağalarının sirrini heç vaxt açmırdılar, lap bu, qoçunun həyatı bahasına başa gəlsə də. Ağanın daha pulu olmayanda qoçu özünə yenisini axtarırdı, amma keçmiş ağasına sədaqətdən ona köhnə xidmətləri göstərməkdə davam edirdi o ümidlə ki, bunun mükafatını haçansa bir dəfə alacaq.

Yalnız çox nadir hallarda, tətil və üsyan zamanı qoçular birləşirdilər və onda bütün Azərbaycan üçün bəlaya çevrilirdilər. Onların vəhşi ordusuna qarşı heç kim döyüşmək istəmirdi. Əgər onlar bir-biriləri ilə daimi düşmənçilikdə yaşamasaydılar, yəqin ki, bir gün bu neft məmləkətinin həqiqi sahibləri olardılar. Tez-tez hansısa bir qoçu uzunmüddətli ezamiyyət istəyirdi belə bir əsasla ki, o hardasa şəxsi düşmənini – çox halda başqa bir qoçunu – öldürmək istəyir. Yalnız öz xidmətlərində ardıcıl olaraq yerinə yetirməli olduqları çoxsahəli vəzifələri onları ümumi anarxiyadan kənarda saxlayırdı.

Ağanın da qoçu qarşısında müəyyən öhdəlikləri vardı. Qoçu həbsxanaya düşəndə onu qurtarmalı və qaçışına imkan yaratmalıydı. Qoçu lazımlı adam idi. Məsələn, ağaya borcu olanların hamısının siyahısı onda olardı, ciddi şəkildə çalışırdı ki, onlar iflasa uğramasınlar və borclunun işləri dolaşığa düşəndə bu barədə ağasına vaxtında xəbər verirdi.

Həyatın bütün ağır anlarında qoçuya və onun təbəələrinə sözsüz bel bağlamaq və onlara ən əcaib tapşırıqları vermək olardı bir əminliklə ki, həmin tapşırıqlar ən qısa müddətdə yerinə yetiriləcək. Məsələn, mənim qoçum satışda olmayan və yalnız adını ona dediyim nadir bir kitabı inqilab zamanı əldə edə bildi. Bunu necə tapdığını soruşanda məlum oldu ki, şəxsi kitabxanaların birindən sadəcə olaraq çırpışdırıb. Kitabı oxudum və tapşırıq verəndə ki onu sahibinə qaytarsın, çox təəccübləndi. Kitabxananın sahibi atamın yaxın dostlarından biri idi.

Avropada belə neft qvardiyası mümkün olmazdı. Amma əgər bu gözəl igidlər hər an neft sahibkarlarının qulluğunda durmasaydılar, neft sənayesinin axırının necə olacağını təsəvvür edirəm.

YER-GÖY OD TUTUB YANIR

Neft sahibkarları beləcə yaşayırdılar, mən də beləcə yaşayırdım, hələ də beləcə yaşayardıq, qoçuların, aferistlərin, sadə tayfaların və fəhlə qəsəbələrinin əhatəsində. Lakin başqa cür alındı. Çürümə Qərbdən gəldi, hirs-hikkə Şərqdə başladı. Qaçaqlar, canilər, oğrular öz tələblərini irəli sürdülər; indiyə qədər az-az adamların hünəri sayılan qətl və qarətlər indi kütləviləşdi. Xalqlar bir-birinə nifrət etməyə başladılar, vəhşi millətçilik hər yanda çırtdı və xalqları aclığa, davaya və məhvə sürüklədi. İnamsızlıq, qorxu və ümidsizlik neft məmləkətinə də yol tapdı. Bütün Şərqə yayılan çaxnaşma başladı ki, bunu da Kerenski özü yaratmış və ona «böyük qansız inqilab» adını vermişdi.

Əvvəlcə müharibə qapını kəsdi. Onu o qədər də hiss etmədilər. Azərbaycan yüz ildən bəri Rusiyaya calanmışdı, lakin ağır müqavilənin xüsusi bəndinə görə burdan gəncləri əsgər aparmırdılar. Buna baxmayaraq kifayət qədər könüllülər tapılırdı ki, onlar da milli korpusda birləşirdilər və düşmən qanına susayaraq cəbhədə döyüşürdülər. Sonralar bu «milli korpus» məşhur Kornilov üsyanında əsas rolu oynadı.

Çarın səlahiyyətli nümayəndəsi Gürcüstanda otururdu ki, o da Rusiyanın adından Qafqaza baxırdı, eyni zamanda Azərbaycana da nəzarət edirdi. Rus hərbi dəstələri Azərbaycandan keçib İrana və türk cəbhəsinə gedirdilər. Bir neçə əsirə Bakıya gəlmək və neft buruqlarında yerləşdirilmək xoşbəxtliyi nəsib olmuşdu. Neftin qiyməti gündən-günə qalxırdı. Bizdə müharibə bundan savayı ayrı şeylərdə hiss olunmurdu.

Müharibənin ilk aylarında evimizdə maraqlı bir hadisə baş verdi və bizi açıq-aşkar almansevər etdi.

Dava başlayan kimi sərəncam verildi ki, dövlətin bütün alman təbəələri – kişilər, qadınlar və uşaqlar –ruslara təhvil verilsinlər. Bədbəxtlər mal-qara kimi gəmilərə dolduruldular, Azərbaycandan Sibirə sürüldülər. Bunların bizə az dəxli vardı, çünki tanışlarımız arasında, demək olar, alman yox idi. Amma bir gün bizə Azərbaycanda doğulmuş, buna görə də sürgünə məruz qalmamış bir alman gəldi və aşağıdakı əhvalatı danışdı:

Qohumlarına baş çəkmək üçün 1914-cü ilin yayında bir nəfər cavan alman tələbə-qız Qafqaza gəlir. Müharibənin başlanması onu Tiflisdə haqlayır ki, burda da polis bir həftədən sonra alman qadını kimi onun növbəti dəstə ilə Sibirə sürüləcəyini bildirir. Qızın qohumları yerliləşmişdilər və Tiflisdə qala bilərdilər. Ondoqquz yaşı təzəcə tamam olmuş alman qızı zabit ailəsindən idi və bilmirdi ki, Sibirin qarlı çöllərinə sürgün onun üçün ölüm deməkdir. Sürgünə bir gün qalmış o, qohumlarını tərk edib qafqazlı kişi geyimində bu ümidlə qaçır ki, polisin gözündən yayına biləcək. Amma bərk yanılırmış. Polis axtarıb onu tapır, alman cəsusu sayır ki, beləsi də sonradan Sibirə ciddi rejimli xüsusi düşərgəyə göndərilmək üçün hələlik tutulmalı imiş. Yerliləşmiş bir almana yalnız böyük zəhmət bahasına müyəssər olur ki, qıza zamin dursun, növbəti sürgünə qədər onu azadlığa buraxmağa polisi inandırsın. Adamın canına-ciyərinə od salan bu allah bəndəsi hamı tərəfindən, ehtiyat üzündən həm də almanlar tərəfindən atılaraq, polisdə təhlükəli cəsus kimi qeydə alınaraq Bakıda pulsuz-parasız oturub Sibir sürgünlüyünü gözləyir.

Qızın ümidsiz vəziyyətini alman danışıb atamdan xahiş etdi ki, əlindən gələni əsirgəməsin. Bir şey də aydın idi ki, belə məsələlərdə rus dövlət idarələrinə təsir etmək mümkünsüzdür. Atam xeyli götürqoy edib dedi:

– Qızı evimə gətirin. Ürəyi istədiyi qədər burda qalacaq və heç kəs onun xətrinə dəyməyə cürət eləməz.

Alman çıxıb gedəndə atam qeyri-müəyyən vaxta bizdə qalacaq qonaq üçün bütün nizam-düzəni ilə iki otaq bəzətdirdi.

Elə həmin gün qız gəldi və özünü Köniqsberqli froylayn Qrete K. kimi təqdim etdi. Çox gözəl idi, amma hürkək, həyəcanlı və yorğun görünürdü. Atamın bildiyi dilləri başa düşmədiyinə görə mən tərcüməçi rolunu oynadım. Alman qız danışdı ki, musiqi üzrə tələbədir, siyasətdən başı çıxmır və ölüb-qurtarsa yaxşıdır. Atam onu sakitləşdirib dedi ki, o bizdə özünü evindəki kimi hiss edəcək. Amma qız ona hansı iş tapşırıldığını və vəzifəsinin nədən ibarət olacağını soruşanda hər ikimizi dəhşətli dərəcədə heyrət bürüdü.

Kübar bir ailədən işlək qadın bizim üçün şaşqınlıq yaradan bir hadisə idi.

– İşləməyinizə lüzum yoxdur, – atam dedi.

Köniqsberqli də öz növbəsində bizim mövqeyimizi düz-əməlli başa düşə bilmədi.

– Əgər Sizdə yaşayıramsa, gərək bir işin qulpundan yapışam axı, – dedi.

Axırda belə razılığa gəldik ki, o bizə musiqi müəlliməsi kimi köçür. Amma bu musiqini kimə öyrədəcəyi heç vaxt aydınlaşmadı. Aylar ötdü. Qız bir şeyi öyrəndi: vəzifəsi onun xatirinə alınmış royalda hərdən nəsə çalmaqdan ibarətdir. Qalan vaxtını royalda məşq edə bilərdi və bunun üçün qanuni aylıq da alırdı.

Evimizdə alman cəsusunun yaşaması xəbəri bütün şəhərə yayıldı. Sərəncama əsasən Qretenin Sibirə sürgün ediləcəyi gün yetişəndə polis bizə gəlib qızın buraxılmasını atamdan tələb etdi. Atam gələnləri qovdu və bütün «neft qvardiyası»nı evə yerləşdirdi. Qrete çölə çıxan kimi onu həbs etmək üçün polis də evi mühasirəyə aldı. Amma Qrete hər halda polisi hürkütmək üçün yetərincə qaş-qabaqlı görünən iki qoçunun müşayiətində mənimlə arxayınca küçəyə gəzməyə çıxırdı. Evimizi mühasirədə saxlamaqdan başqa, polis ayrı şeyə ürək eləmədi, çünki neft maqnatının evinə soxulmaq iri küçə döyüşlərinə, bəlkə də kiçik vətəndaş müharibəsinə səbəb olardı. Çətinliyə düşən polis rus hərbi komendantına müraciət etdi, bu da sinəsi ordenlə dolu bayram mundirini geyib bizim evin adına qoyulmuş «cəsus yuvası»na yollandı. Atam onu lazımi hörmətlə qarşıladı, ona qəhvə və şirniyyat təklif edib havadan söhbət saldı. Amma qubernator «cəsus»un verilməsindən danışmağa başlayanda atam bildirdi ki, bu, qonaqpərvərlik qanunlarının kobud pozulmasıdır və ona da uyğun cavab verməkdən hələlik özünü saxlayır.

Qubernator indi də özünün hərbi gücü ilə hədələməyə başladı, səsini qaldırdı, almansevərin neft mədənlərini müsadirə edəcəyindən və buna bənzər şeylərdən danışdı. Bu vaxt atam yerindən qalxdı, qoçulardan birini çağırdı və onun yanında qubernatora dedi:

– Dediyiniz o cavan xanım evimin qadınlar bölümündə yaşayır, deməli, hərəmxanamın üzvüdür. Hərəmxanaya soxulmaq, yaxud onun sakinlərindən birini sürüyüb aparmaq cəhdi bu ölkədə ölümlə cəzalandırılır. Əlahəzrətləri mənim hərəmxana hüququmu tapdadıqlarına görə məsələni dostumun, qoçunun öhdəsinə buraxmaq məcburiyyətindəyəm.

Sonra atam yan otağa keçdi, cinayət məcəlləsini gətirib hərəmxanadan qadın qaçırmaq istəyən basqınçını ev sahibinin öz evinin içində öldürmək haqqı barədə paraqrafı qubernatora göstərdi.

– Qoçu şahiddir ki, – atam dedi, – Siz mənim hərəmxanamın sakinlərindən birini qaçırmaq niyyətindəsiniz və bununla da ölümünüzü qazanmısınız.

Qanunları vecinə almayan və yalnız silahlı banditi qarşısında görən qubernator keşikçilərini çağırmaq istədi və yenidən xəbərdar edildi ki, niyyətli basqı halında qanun həm də dəstəbaşının axtalanmasını nəzərdə tutur.

– Axı Siz mənə əl qaldırmağa cürət etməzsiniz, – axır ki, qubernator hirsindən bağırdı.

– Boş şeydir, – atam cavab verdi, – əsas məsələ odur ki, səhər bütün ölkə rus generalının yerli hərəmxanaya hücum çəkməsindən və bu zaman neft qvardiyası tərəfindən rüsvay edilməsindən xəbər tutacaq. Siz də istefa verməli olacaqsınız. Bir də ki alman qızına şəhərdə qalmağa icazə verməyincə Siz mənim evimi tərk etməyəcəksiniz. Qanuna zidd olaraq hərəmxanama soxulmaq istədiyinizi etiraf edən bir sənədə arxayınlıq naminə qol çəkin.

Qoçular tərəfindən mühasirəyə alınmış qubernatorun qol çəkməkdən və Qreteyə rəsmi icazə verməkdən başqa ayrı əlacı qalmadı. General polisi inandırdı ki, «alman cəsusu»nun qorxusuzluğuna özü şəxsən əmin olub. Amma hər halda istefa verməli oldu, çünki tezliklə rus mətbuatında məlumat getdi ki, hərbi qubernator azərbaycanlı banditlərdən rüşvət alıb və tez-tez yerli hərəmxanalarda olur.

Orasını da qeyd etmək lazımdır ki, evimizdə illərdən bəri hərəmxana adlı şey yox idi. Amma bu, qubernatoru qəti maraqlandırmamışdı.

Deməli, Qrete müharibə illərində bizdə qaldı ki, buna görə də atama zaman-zaman «şübhəli almansevər» dedilər. Yerli sakinlərin ondan doqquzu şübhəli almansevər olduğuna görə o bunu vecinə almadı. Sonralar almanlar Azərbaycana gələndə Qrete sərbəstcə Almaniyaya qayıda bildi və mən də aradan bir neçə il keçəndən sonra onu burda arayıb ərli bir xanım olduğunu gördüm.

Müharibəni mənə hiss etdirən yeganə hadisə alman qızının gəlişi oldu. Bütün Şərqi məhvə sürükləyən qarışıqlıq əslində yalnız rus inqilabının olumu ilə başladı. İnqilabın hardan gəlməsini, onu hansı səbəblərin törətdiyini Azərbaycanda heç kim bilmirdi. Sadəcə olaraq günlərin birində belə bir xəbər gəldi ki, çar istefa verib və taxta onun qardaşı çıxacaq. Xəbərə xeyli biganə yanaşdılar. Sirli səbəblər üzündən monarxların zaman-zaman taxtdan imtina etmələrini Şərqdə hər kəs bilir. Türk sultanı belə etmişdi, şah da, bəs onda niyə bir dəfə də çar istefa verməsin? Onun yerinə yenisi gəlir, deməli, təbəələrin narahatçılığına lüzum yoxdur. Hər halda onlar üçün heç nə dəyişməyəcəkdi.

Yalnız xəbər tutanda ki Rusiyada daha çar yoxdur və gələcəkdə də heç vaxt olmayacaqdır, böyük narahatçılıq başladı. Çarın yerinə kim keçməliydi? Heç nə? Deməli, Rusiya içində bilməcələr gizlədən boş bir ada idi və, Allah bilir, bu ada nələr törədə bilərdi?!

Qorxmağa başladılar. İndi «yiyəsiz» qalmış nəhəng bir ölkənin söhbəti bazarlarda dolaşırdı. Neft sahibkarları öz qvardiyalarını ikiqat artırdılar. Amma tezliklə gördülər ki, qoca Rusiyanı ciddi qəbul etməyə gerçəkdən də daha lüzum yoxdur. Rus general-qubernatoru hörmət-izzətlə Bakıdan uzaqlaşdırıldı, çarın Gürcüstandakı valisi əkildi və rus əsgərləri öz zabitlərini öldürməyə başladılar. Gürcüstanda rus adlı hər şeyi lənətləyən yeni yerli hökumət quruldu. Azərbaycan da ona qoşuldu. Bu hökumətdən heç nə çıxmadı. O, bir-birinin ətini didən və yalnız bircə məsələdə, rus adlı hər şeyə nifrətdə birləşən gürcülərdən, ermənilərdən və azərbaycanlılardan ibarət idi. Onların ən böyük dərdi iğtişaş törədən, fərarilik edən və getdikcə azğınlaşan rus hərbi dəstələrindən ölkəni təmizləmək idi. Azərbaycanın içərilərində tayfalar bu dəstələrə əsl Vorfolomey gecəsi düzəldirdilər. Bunt qaldırmış onminlərlə əsgərə gecələr hücum çəkir, onları tərkisilah edir və qəddarcasına öldürürdülər.

Bununla belə, ölkəyə yeni-yeni rus bandaları axışdığından Gürcüstandakı hökumət ölkəni öz himayəsinə götürməli olan türk-alman qoşunları ilə danışıqlara başladı. Lakin hökumətdə birlik yox idi, ona görə də danışıqlar bir neçə həftə çəkdi və Gürcüstandakı mərkəzi hökumətin dağılmasına gətirib-çıxartdı. Bundan sonra Azərbaycanın və Gürcüstanın yerli hökumətləri almanlarla və türklərlə müstəqil müqavilələr bağladılar. Nəhayət həmin müqavilələr başa gələndə artıq hər iki ölkədə tam anarxiya hökm sürürdü ki, bundan da ən çox Bakı ziyan gördü. Türklər tərəfindən dəstəklənən Azərbaycan hökuməti sakitliyi, daha doğrusu, neft bəylərinin iqtidarını bərpa edənə qədər aylar ötdü. Anarxiyanın, çöküşün və azğın döyüşlərin bu dövrünü indi təsvir etmək istəyirəm.

Bakı sənaye şəhəri idi, ölkənin yeganə sənaye şəhəri. Onun yüz min fəhləsi hər çalardan olan sosialistlər tərəfindən durmadan üsyana qaldırılırdı. Fəhlə qəsəbələri ilk toqquşmaların şahidi oldu. Zəngin neft şəhərində talan iyini almış rus və erməni banditləri indi ölkənin hər bucağından Bakıya axışırdı. Əvvəlcə onlar küçədən keçən günahsız insanları sadəcə soymaqla kifayətləndilər, sonradan isə neft bəylərinə basqı etməyi də özlərinə rəva bildilər və tezliklə siyasətdə önəmli rol oynamağa başladılar. Onları mən də öz üzərimdə hiss etdim, hər halda nisbətən yumşaq şəkildə. Sonralar daha da böhranlı oldu. Şərqin dincliyi arxada qalmışdı.

OĞRU İVAN VƏ QULDUR İBRAHİM

Bir gün atam bir məktub aldı. Qısa və birmənalı idi. Yalnız ikicə sətirdən ibarət.

«Sabah gələcəm və Siz mənə yüz min mark verərsiniz, yoxsa oğlunuzu öldürərik».

Aydındır ki, məktubu əcnəbi yazmışdı, belə şeyi atama yazmaq heç bir azərbaycanlının ağlına gəlməzdi. Məktubun məzmunundan xəbər tutanda atama dedim:

– O adam sabah gəlsə, tapançanı götür, sər yerə, yoxsa özüm edərəm.

Əvvəlcə atam tərəddüd etdi, kişini nökərə öldürtdürmək istədi. Mən izah etdim ki, nökərin öldürməsi qətldir, mənim öldürməm isə özünümüdafiə. Biz xeyli müzakirə etdik, axırda atam razılaşdı və bütün ilkindini mənə ölümcül atəşin incəliklərindən dərs verdi, çünki bu mənim ilk qətlim olmalıydı. Biz həmçinin qayığımızı axşama sifariş verdik və, təbii ki, sahil gözətçisinə qeyri-rəsmi çatdırdıq ki, bir rus cəsədini (əmin idik ki, bu yalnız rus ola bilər) gecə dənizə atacağıq. Sahil gözətçisi başağrısı törətməyəcəyinə söz verdi. Əcnəbi ilkindi üstü saat dörddə gəlib çıxdı. Solğunsifət bir gənc idi, təqribən iyirmiiki yaşında, xaki kostüm-şalvarda. Biz onu qəbul edib soruşduq ki, pulu aparmağamı gəlib və o təsdiqləyəndə biz – atam, mən, iki nökər – tapançaları çıxarıb əmr etdik:

– Əllər yuxarı!

Solğun gənc daha da solğunlaşdı, itaətlə əllərini yuxarı qaldırdı və dişləri dişlərinə dəyməyə başladı. Artıq mən atəş açmaq istəyirdim, amma atam oğlanı axtarmağı əmr etdi. Onu soyundurdular, cib bıçağından və bir-iki qəpik-quruşdan başqa heç nə tapmadılar. Ancaq birdəri-birsümük bədənində döymələr vardı və bu məndə xüsusilə nifrət doğurdu.

– Səni indicə gəbərdəcəm, – oğlana dedim, – çünki sən soyğunçusan və məni öldürmək istəyirdin.

Qərara aldım ki, beş dəqiqə gözləyim, duasını edə bilsin, sonra odlayım. Atam da, deyəsən, fikrimi bəyənmişdi. Amma vaxt tamama yetişəndə qapı döyüldü və Tolstoyu oxumuş, çadrasını atmış yaşlı xanım, bibim içəri girdi, mənə və tapançama, sonra da küncdəki çılpaq kişiyə baxdı, atama yaxınlaşıb həyəcanla dilləndi:

– Nəqədərki mən bu evdəyəm, burda adam öldürülə bilməz. Kişi nə iş görüb ki?

– Məni öldürmək istəyirdi, – hirslə bağırdım, çünki görürdüm ki, bibim məni sevincimdən məhrum etmək istəyir.

Elə də etdi. Birəldən üyüdüb-tökdü ki, cavan bir adamı heç nədən öldürmək olmaz, bu, cinayətdir, hələ ondan da o yana. Mən cavab verdim ki, mən də cavanam, məni də öldürməyə heç kəsin ixtiyarı yoxdur və mən də əvvəl-axır adam öldürməyi öyrənməliyəm. Əvvəlcə bizi axıra qədər danışdırıb sonra öz hökmünü verən atam müdrik Süleymanın rolunu oynadı və sonda dedi:

– Qonşu İbrahimi çağırın!

Uzunburun, xumargöz, pudralı qonşumuz İbrahim quldurbaşı idi. Hər kəs bilirdi ki, o, neft maqnatı Musa Nağının əmri ilə sonuncunun rəqiblərini yortmuş, qaçıb aradan çıxmaq istəyən bankir Sveyi çöldə yaxalamış, oğurladığı pulları ondan alıb özünü də öldürmüşdü və digər qəhrəmanlıqlar etmişdi. O, əl-əl gəzilən adam idi, çoxlu pul qazanırdı və İstanbulla Buxara arasında hər dələduzu tanıyırdı. İbrahim o saatca gəldi, hadisəni danışdırtdı və onu bu cavan oğlanla yalqız buraxmağı xahiş etdi. Biz otaqdan çıxar-çıxmaz gurultulu söyüşlər eşitdik, qonşumuz söhbətə həmin söyüşlərlə başladı, sonra şillə-şapalaq və döyülənin anlaşılmaz mızıltısı eşidildi. Axırda İbrahim qapını açıb atamın yanına gəldi və dedi:

– Səfehin biridir, buraxın getsin.

Atam otağa qayıtdı, qəhvə gətirtdirdi, şillələnmiş gədəyə də bir fıncan qəhvə verib onunla söhbətə başladı. Atam onunla iki saat danışdı, hər cür xeyirxahlıqdan dəm vurdu, axırda ona pul və Rusiyadakı dostlarından birinə vəkələtnamə verib bu saatca ölkədən çıxmağı əmr etdi. Oğlan məsum bir görkəm alıb pulu cibinə basdı və getdi. Adamlarımız bizə xəbər verdilər ki, o doğrudan da ölkəni tərk edib, amma sərhəddən bizə bir məktub da göndərmişdi:

«Siz mülayim vəhşilərsiz! Oğru İvan».

Quldurbaşı bundan xəbər tutanda yalnız güldü:

– O, ömründə bir də Azərbaycana gəlməz.

İbrahim tam haqlı idi, çünki biz neft sahibkarları əziz qonşularımız Avropanın istənilən polis idarəsindən daha yaxşı, daha çevik və daha gizlin işləyirdik. Qonşu İbrahim, bu xumar bandit, mənim dostum idi; doğrudur, o bizim keşikçi dəstəsindən deyildi, amma ümumi quldurluq işə yarayanda bizə tez-tez dəyərli məsləhətlər verirdi. Özü Musa Nağının can qorçularının rəhbəri idi, amma əlavə qulluğu da vardı ki, bu da ona vaxtının xeyli hissəsini kefdə keçirməyə və Avropa mədəniyyətinin üstünlükləri barədə mənimlə çənə döyməyə imkan verirdi. Peşəsinə baxmayaraq İbrahim məsləkli avropasevər idi, yalnız avropasayağı geyinirdi, hər gün üzünü qırxırdı, avropalı faytonçusu, avropasayağı bəzədilmiş mənzili və avropalı məşuqəsi vardı ki, bununla da o xüsusi öyünürdü. Mən onu yoluxanda həmişə ölkədəki «geridə qalmış xurafat»dan və onu dərindən məyus edən «yetərsiz tərəqqi»dən danışardı. Xurafat və gerilik adları altında çox əcaib şeylər başa düşürdü: Məsələn, hansısa sevincli bir olayla bağlı küçədən keçənlərə atəş açmaq qadağan olunanda – halbuki bu, əvvəllər tamam adi hal idi – nazirliyə acıqlı bir məktub yazdı və həmin məktubda bildirdi ki, bu, vətəndaşların şəxsi işlərinə qarışmaqdır və belə şeyə Avropada heç vaxt dözməzdilər. Dəqiqliyə də o, xurafat kimi yanaşırdı, hər şeyi həll edən maşın əsrində bunu artıq sayırdı. Amma bu mütərəqqi düşüncələr ona öz peşəsinə həddən artıq vacib və qiymətli bir şey kimi baxmağa heç də mane olmurdu. Bu mədəniyyət carçısı və quldurbaşı, özünün fıkrincə, neft sənayesini dağıntı və anarxiyadan qoruyan sütun idi ki, bu da qismən doğru idi.

– Mənim kimi adam Avropada vətənin fəxri olardı, – bunu tez-tez deməyi xoşlayırdı.

Amma peşə baxımından o, parlaq bir nüsxə idi. Neft bəyi Nağı rahat yata bilərdi. Onun buruqları hər cür yanğından qorunurdu və istənilən düşməni ən tez ölümə əmin ola bilərdi. Nağıya İbrahim həmişə dayı deyirdi – ağa deməmək üçün, onunla çox yaxşı münasibətdəydi və dillər əzbəri olmuş, lakin onun özünün yəqin heç vaxt hiss etmədiyi xəsisliyinə dodaq qaçırırdı.

İbrahim məşuqəsi sarışın polyak qadınla böyük ehtiramla davranırdı, imkan düşən kimi onu cəmiyyət içinə çıxarırdı, ancaq zaman-zaman ona tərbiyə verməyi vacib sayırdı ki, ona aşağı sortlu asiyalı kimi baxmaq qadının ağlına gəlməsin. Mən dəfələrlə onun tərbiyə dərslərinin şahidi olmuşam. Bunlar adətən onunla başlayırdı ki, o öz polyak qadınına özünün üstünlüklərini başa salmağa çalışırdı. Bu, bir qayda olaraq ona müyəssər olmadığına görə İbrahim söhbətin sonunda melanxolikliyə tutulurdu, təəssüflə qadına baxıb qulluqçu qızı zınqırovla səsləyirdi. Avropa libaslı qulluqçu qız gələndə İbrahim qəmli-qəmli barmağını qadına tuşlayıb qürurla deyirdi:

– Qız, bu qaranlıq nöqtəni mənzilimdən uzaqlaşdır! – Yaxud həddən artıq hövsələdən çıxanda: – Ay qız, bu zibil qalağını götür at bayıra!

Qulluqçu qız da bunun qarşılığında reverans edib cavab verirdi:

– Bu dəqiqə, İbrahim ağa!

Sonra İbrahim üz-gözündən təkəbbür yağan, tərbiyə məsələlərindən başı çıxan bir avropalı kimi kürsüsünə çökərdi. Bu davranış çələnginə alışmış polyak qadın bir qayda olaraq həmin zümzümədən yuxuya gedərdi.

İnqilab İbrahimi didərgin saldı. O indi İstanbulda yaşayır ki, burda da peşəsi xeyrə-şərə çox az yarayır. Polyak qadın ondan üzülüşüb və varlı bir tacirlə yaşayır. Amma İbrahimi unutmayıb. Ayda bir dəfə onu öz salonunda qəbul edir, İbrahimin dolanışığına bəs edən bir çek yazıb ona verir. Ehtiyatda olan quldur bununla öyünür və bunu qadının onun evində aldığı nümunəvi tərbiyənin nəticəsi sayır.

O, yeganə quldurdur ki, quldurların hamısının qaçıb məskunlaşdığı İstanbulda özünün şərəfli peşəsini dayandırmağı başa düşüb. Vəziyyətlərinin dəyişdiyini anlamayan digərləri isə indi həbsxanalarda otururlar. Mədəniyyətə, teatra, baletə, hətta ədəbiyyata qiymət qoyan İbrahim isə sivilləşmiş avropalı olaraq qalır. Eşitdiyimə görə indi Qalata körpüsünün yanında gecə kabaresi açıb, «Avropaya Pəncərə» adı altında!

SARAYDAN OĞURLANMA

Quldurluq peşəsinin ən yaxşı eksperti sevimli İbrahim qonşum o vaxt çoxlarına üz vermiş taledən məni qoruya bilmədi. Ölkədə hətta ən yaxşı can qorçularına sahib Musa Nağı da olmaqla Bakının digər neft bəylərinin çoxu kimi bir gün məni də oğurladılar. Bu, küçələrin birində görüşün ləzzətini dadmaq üçün mən isti yay günündə evdən çıxanda oldu. Vəzifələri məni hər yerdə güdməli olan hər iki qorçum heç cür mənim lirik-erotik gəzintilərimin şahidi olmasın deyə, onlara əmr etdim ki, qədim Xan Sarayının yaxınlığındakı kafelərdən birində oturub başlarını şahmat oyununun mürəkkəb gedişləri ilə qatsınlar. Özüm isə mələk kimi bir xanımın məni gözləyəcəyi həmin küçəyə yollandım. Kafedən çıxar-çıxmaz, gözümə bir neçə adam sataşdı, deyəsən, onlar məni dünyanın o başına qədər ötürmək niyyətində idilər. Ayaq saxladım, gədələr yaxınlaşıb ciddi və qaşqabaqlı soruşdular ki, mən onların dediyi adamammı. Nə olacağını maraqla gözləyərək suallarını təsdiqlədim.

– Onda Sizi həbs etməliyik, – onlardan biri, sallayanaq, qırxıqbaş, qaraşın erməni dilləndi.

Görüşü gözümün altına alıb var gücümlə etiraz etdim, bununla heç bir uğur qazanmasam da. Sayları getdikcə artan qaş-qabaqlı gədələr kürəyimdən yapışıb məni qapısına dövlət gerbi çəkilmiş qara avtomobilin içinə basdılar.

Minlərlə başqa küçə romanlarından nə üslubca, nə də quruluşca fərqlənən bulvar romanım beləcə başladı. Yeganə fərq odur ki, mənim küçə romanım doğrudan da baş verib və nadir hallarda həyat bulvar romanının səviyyəsindən yuxarıda durduğu kimi, bir daha qəmli faktları sübut edir.

Avtomobilin qapısındakı dövlət emblemi məni sakitləşdirdi, mən artıq özümü polis idarəsində təsəvvür etdim ki, burda da polisbaşı kiçik anlaşılmazlığa görə, bu yalnız belə olmalıydı, məndən üzr istəyirdi. Polisə gedən yol bitib-tükənmək bilmirdi. Biz pərdəli pəncərədən mənim görə bilmədiyim şəhərdə elə hey fırlanırdıq. Axır ki hardasa dayandıq və indiyə qədər bircə kəlmə də kəsməyən oturacaq qonşum cibindən bir yaylıq çıxarıb gözlərimi bərk-bərk bağladı. Biz arabadan endik və məni bir evə apardılar. Havadan hiss etdim ki, şəhər kənarındayıq; bu da mənim, qızla görüş bir yana, polisbaşı ilə həsrətli görüşümü tamam alt-üst etdi.

Qara yaylığı gözümdən götürəndə özümü divarlarından İran xalıları asılmış pəncərəsiz kiçik bir otaqda gördüm. Yaylığı gözümdən açan kimi balaca qapıdan əkildi və bir daha mənimlə maraqlanmadı. Tək qala-qala baş verənlərin mahiyyətini hələ də dərk edə bilmirdim. Qapıya yaxınlaşıb onu döyəcləməyə, məni kimin tutmasından xəbərim olmadığına görə azərbaycanca, ermənicə, farsca, gürcücə və rusca ucadan söyməyə başladım. Asiya söyüşlərindən ehtiyatım tükənəndə Avropa ibarələrinə keçdim, amma vəziyyətin dəyişməsinə bunun da xeyri olmadı. Söyüşün arasını kəsib yumruğumla qapını guppuldatmağa başlayanda o, sakitcə aralandı və otağa qara maskada, əli tapançalı, ortaboy bir kişi girdi, tapançanın lüləsi mənə tuşlanmışdı. Kişi qapını arxasınca örtdü, dinib-danışmadan kürəyini divara söykədi, tapançanı əlindən qoymadan elə bu vəziyyətdə qaldı.

Narazılığımı gözgörəti bildirməyi dayandırdım, yerdən düzülmüş döşəkcələrə əyləşdim və mücərrəd şeylər barədə düşündüm ki, bu da pis məqamlarda həmişə məni sakitləşdirərdi. Kişi tapançasını tutmuşdu, mən xəyala dalmışdım, küçədəki qızım və nökərlərim də məni gözləyirdilər. Nəhayət qapı ikinci kərə açıldı və çənətdə gombul bir kişi göründü, eynən maskalı, amma tapançasız. Gombul mənə yaxınlaşdı, ədəb-ərkanla salam verdi və yanımda əyləşdi.

– Nə cürət edib yanımda oturmusunuz? – Acıqlı-acıqlı soruşdum.

Kişi yerindən qalxdı, aydın erməni ləhcəsində, ancaq savadlı adamın kəlmələri ilə dedi:

– Mən ayaq üstdə də dura bilərəm, bunun mənim üçün o qədər də önəmi yoxdur. Otağımız necə, xoşunuza gəlirmi?

– Polisi mən ayrı cür təsəvvür edirdim, – cavab verdim.

Bu vaxt gombul gülməyə başladı, mən də ona qoşuldum, çünki mənə çoxdan aydın olmuşdu ki, bu rahat məkanın polislə az bağlılığı var.

– Sizi oğurlamışıq, – axır ki dilləndi, – və mənə elə gəlir ki, özümüzə havayı əziyyət verməmişik.

Hər şey indi mənə bəlli oldu. Bu, erməni bandası idi, məni də o ümidlə qaçırmışdılar ki, belə bir bəndeyi-həqirin azad edilməsinə yağlıca pul alsınlar.

Danışıqlara başladıq. Mən evə bir məktub yazıb buraxılmağım üçün xeyli pul istəməliydim. Belə şeyi yazmaqdan əvvəlcə boyun qaçırdım, inandırmaq istədim ki, özüm özümə heç cür qiymət qoya bilmərəm, onun mənim başıma qoyduğu qiymət yalnız əsassız rifaha söykənir və mənə dediyi məbləğ fantastik bir rəqəmdir. Mənim dəyərim heç vaxt, heç zaman 500 min qızıl rubl olmaz. Kişi isə 500 min rubldan bir qəpik də düşmək istəmirdi. Dediyinə görə mənim dəyərim bundan da çox imiş, yalnız özümün mübaliğəli sadəliyim ucbatından bunu etiraf etmək istəmirəmmiş.

Şər qarışana qədər biz beləcə çənə döydük, bir-birimizə sonsuz ədəb göstərərək, amma hansısa bir nəticəyə gəlmədən. Söhbətin gedişində acdığımdan kişi ən ərköyün mətbəx tələblərinə cavab verən və gümüş nimçələrə düzülmüş yemək gətirtdi. Nəhayət yeməkdən sonra mən evə məktub yazmağa razı olduğumu bildirdim.

Atamın ermənilərlə sövdələşməyə məcbur qalmış danışıqları beş gün çəkdi. Əvvəlcə bu adamlar, deyildiyi kimi, 500 min rubl tələb etdilər və atam onları bayıra atdı. Bandabaşı mənim yanıma gəlib dedi ki, atam məni qurtarmaq istəmir. Mən yeni bir məktub yazmalıyam, çünki onlar məni öldürmək məcburiyyətində qalıblar. Amma əvvəlcə o, atama göndərmək üçün yalnız qulağımın birini kəsmək və bununla da heç də zarafat etmədiyini sübut etmək istəyirdi. Bilirdim ki, istənilən məbləğə etdiyim xahişə görə məni azad edəcəklər, amma nəticəsi o olacaq ki, ertəsi gün yenidən 500 min rublu almaq üçün atamı, yaxud kuzinlərdən birini oğurlayacaqlar. Orasını da bilirdim ki, banda mənə xətər yetirməkdən çəkinəcək, hər halda onlar ermənilər idi, onlar da əvvəl-axır öz adamlarını itirməli olardılar.

Bu beş günü mən əlində tapança divara söykənib dayanan qaş-qabaqlı erməni ilə balaca bir otaqda keçirdim. Mənimlə çox yaxşı davranırdılar, görünür, banditlər başımdan bir tükün də əskik olmasını istəmirdilər və mənim burdakı qalışımı imkanca gözəl təşkil etmək üçün əllərindən gələni edirdilər. Hər səhər biri gəlib soruşurdu ki, bu günə hansı menyunu sifariş vermək istərdim və oxumaq, yaxud digər qulluq sarıdan mənim hansısa xüsusi diləyim varmı. Bircəciyindən, yəni tapançalı kişinin rədd olub getməsindən başqa, bütün arzularım yerinə yetirilirdi. Dedikləri kimi, bayırdan məni azad etmək cəhdi zamanı məni güllələmək üçün tapançalı kişi qalmalıymış. Əsirliyimin üçüncü günü gombul kişi gəlib hətta onu da soruşdu ki, qadın üçün darıxmıram ki, çünki bəlkə mənim burdakı qalışım xeyli uzandı. Kişi istəmir ki, mən könüllü guşənişinliyin altını çəkim. Təşəkkür edib bildirdim ki, tapançalı kişinin qeydinə qalsınlar, çünki o xacəyə oxşamır. Gombul bir xeyli də gəvəzələdi və gileyləndi ki, başıma az pul ödəmək istəyirlər, baxmayaraq ki məni ən yaxşı otaqda yerləşdirib yaxşı da bəsləyirlər. Yalnız həddən artıq izzətli adamlar bu otaqda saxlanılır, orta imkanlılar üçün onların ayrı mənzilləri varmış. Quldur adacığındakı sinfı ayrıntı qəlbimi kövrəltdi və mən kişini arxayın saldım ki, xərcləri əvvəl-axır ona çatdırılacaq. Axır ki banditlər atamla razılığa gəldilər. Mənə 100 min rubl qiymət qoyuldu, üstəgəl banditlərin xidmətimə tələb etdikləri 5 min. Deməli, hər günə min rubl, amma, deyəsən, xeyli çox idi axı.

Yenidən məni evdən gözləri bağlı çıxartdılar, maşına mindirib şəhərin kənarında əlimi sıxdıqdan və əsirlikdə oxuduğum kitabları xatirə kimi mənə bağışladıqdan sonra buraxdılar. Biz bir-birimizdən az qala yaxşı dostlar kimi ayrıldıq və mən evə gələndən sonra zəng edib soruşdular ki, yolda bir şey baş verməyib ki. Bu quldurların kimliyini yalnız sonralar öyrəndim. Onlar ermənilər, Ermənistandakı siyasi mübarizələri üçün pula ehtiyacları olan radikal siyasi partiyanın üzvləri idilər. Bir ildən sonra eşidəndə ki onları Gəncə meydanında asıblar, sevincim yerə-göyə sığmadı.

Seçki kampaniyasına və təbliğata bu yolla pul toplamaq Şərqin bütün siyasi partiyalarına xas idi, bu cür əldə edilmiş pul çox vaxt partiya üzvlərinin cibində itib-batsa da. Belə maliyyə bicliklərinin ustası bir vaxtlar gürcü Soso Cuqaşvili olmuşdu ki, o da məhz özünün bədnam inqilabi təxəllüsü «Nişeradze»ni sadə Stalin adı ilə dəyişmək üzrə idi. Şərqdə tək-tük varlı adam tapılar ki, o hərdən öz pul kisəsinin ağzını məcburən açıb bu və ya digər inqilabi dəstənin məqsədlərinə verməmiş olsun. Bunun ən parlaq nümunəsi leninçi marksistlərin və erməni daşnakların təşkil etdiyi qəsbkarlıq, yaxud bu incə peşəyə qoyulan ad kimi qəsb idi. Əfsuslar olsun ki, mən Stalinin əlinə düşməyimlə öyünə bilmirəm. Mən oğurlananda – 1917-ci ildə – kommunist partiyasının daha qəsbə ehtiyacı qalmamışdı. Elə Stalin özü də daha vacib işlərlə məşğul olurdu. Partiyanın baş katibi Leninin və o vaxtlar daha məşhur olan Cənubi Rusiyadan jurnalist Lev Bronşteynin – Trotskinin yaxın dostu idi.

O vaxt Azərbaycanda, bu məfhumu Azərbaycanla bağlamaq mümkünsə, hələ dərin sükut hökm sürürdü. Rus hərbi dəstələri hardasa Bakı yaxınlığında rahatca düşərgələnirdilər və erməni «Daşnaksutuyun» partiyası hay-küy qaldırmadan bir qoşun hazırlayırdı ki, o da Ermənistana ölkənin müdafiəsinə getməliydi. Həmin qoşunun başçıları Andronik və Styopa Lalay idilər. Amma onların ikisi də Ermənistana getmədi, çünki martın üç qanlı günü yaxınlaşmaqdaydı ki, həmin günlərdə də küçə döyüşlərində Azərbaycanın taleyi həll olundu və Bakının meydanlarına, damlarına və küçələrinə 30 min cəsəd sərildi.

Andronik və Styopa Lalay həmin günlər qəddarlıq mücəssiməsinə çevrildilər.

1.Sərhəd
2.Faun – qədim romalıların təkə ayaqları və buynuzları ilə təsvir olunmuş tarla və meşə allahı (bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).
3.Fallus – yunanca: törədici qüdrətin simvolu kimi kişinin cinsi orqanı.
4.Feyr – ingiliscə: başqalarına nisbətdə öz münasibətlərində doğrucul, namuslu, dürüst, abırlı.
5.«Mundar» sözünü müəllif orijinalda işlədir və qadaqda (mötərizədə) almanca unrein (natəmiz) sözünü verir.
6.Kiçik olan nəsnə
7.«Bir talaq, iki talaq, üç talaq» sözlərini müəllif orijinalda saxlayır və «yəni» sözündən sonra bunun almanca izahını verir.
8.«Aleman» qədim german tayfalarından birinin adıdır. Alman xalqı alemanların, saksların, bavarların, türinqlərin, şvabların, frankların və digər tayfaların toplumandan yaranmışdır. Alman dilində millətə verilən ad «doyç»dur ki, bu da «xəlqi», «xalqaxas» anlamındadır. «Doyç»lar bir çox dillərdə, eləcə də türk dillərində «aleman» tayfasının adı ilə adlandırılır.
9.Müəllif orijinalda bu adı «İskender Sülkörnei» kimi işlədir.
10.Dorado – ispanca «el dorado», anlamı «qızıllaşmış ölkə» deməkdir, məcazi olaraq «zəngin və sulu ölkə, cənnət» mənasında işlənir.

Darmowy fragment się skończył.

4,37 zł
8,74 zł
−50%
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
29 października 2022
Objętość:
301 str. 3 ilustracji
ISBN:
978-9952-8210-1-7
Właściciel praw:
JekaPrint
Format pobierania:

Podobne książki