Czytaj książkę: «27 möcüzə»
KİTAB “NAUKA” NƏŞRİYYATININ 1969-CU İL NƏŞRİNDƏN TƏRCÜMƏ EDİLMİŞDİR.

© Kitab Klubu MMC, 2018
© Gənclik, 1972
Dünyanın yeddi möcüzəsi, dünyanın səkkizinci möcüzəsi, yeni bir səkkizinci möcüzə… Biz bu sözləri eşitməyə adət etmişik. Qədim yunanlar yeddi möcüzə tanıyırdılar. Hər halda onlar yeddi abidəni bu dərəcəyə yüksəltməyi lazım bilmişlər.
Yunanlar böyük səyyah idilər, buna baxmayaraq onların dünyası Aralıq dənizi ilə məhdudlaşırdı. Yunanlar Hindistanda, yaxud Çində nələr baş verdiyini yaxşı bilmirdilər. Onların dünyası xaricində yaranan, yaxud elladalılar yaxın dənizlərə səyahətə çıxana qədər artıq məhv olmuş abidələr son dərəcə ciddi, lakin şərti seçilmiş yeddi möcüzə sırasına düşməmişlər. Beləliklə, növbəti tarixi ədalətsizlik baş vermişdir.
Sonralar bəşəriyyət bu səhvi düzəltmək üçün bir neçə dəfə cəhd göstərmişdir. Kimsə, elə bunun üçün “dünyanın səkkizinci möcüzəsi” anlayışını uydurmuşdur. Doqquzuncu möcüzə yoxdur. Palmira da, Peterburq da, hətta Eyfel qülləsi də bu şərəfə layiq görülmüşdür. Doqquzuncu möcüzə barədə söhbət olmayıb, hər halda mən onun haqqında heç bir şey eşitməmişəm.
Dünyanın yeddi “klassik” möcüzəsi var: Misir ehramları, Halikarnas mavzoleyi, Rodos nəhəngi, İsgəndəriyyə mayakı, efesli Artemidanın məbədi, olimpli Yupiterin heykəli və Semiramidanın asma bağları. Bunlardan başqa onlarca “səkkizinci möcüzə” vardır: son dörd min il ərzində bəşəriyyət çox tikililər ucaldıb, bunların arasında əzəmətli abidələr də az deyil. Bəs hansı abidələri bu möcüzələr sırasına daxil edək? Görünür, özünün ilkin ideyasına, yaxud tikilişinə görə nadir, təkrarolunmaz və onu yaradan xalq üçün, Yerin bütün sakinlərinin mədəniyyəti üçün dəyərli olan abidələri.
Bu kitabda dünyanın iyirmi yeddi möcüzəsi haqqında, özü də Asiyada yaranmış möcüzələr haqqında hekayələr toplanmışdır. Bir çox səbəblərə görə mən məhz Asiya ilə kifayətləndim. Birincisi, Asiya ümumiyyətlə dünya mədəniyyətinin sonrakı inkişafını bir çox cəhətdən şərtləndirən, nisbətən qədim, çoxcəhətli mədəniyyətlər qitəsidir. İkincisi, bütün dünya möcüzələri haqqında yazmaq çətindir; bu son dərəcə geniş mövzudur. Burada yalnız iyirmi yeddi möcüzə ilə (Asiya üçün də 27 rəqəmi çox azdır) kifayətlənmək olmaz. Üçüncüsü, mən Asiyanın müxtəlif ölkələrində olmuşam və buradakı incəsənət abidələrinin bəzilərini öz gözümlə görmüşəm. Etiraf edim ki, kitab yazmaq fikrinə düşəndə mən yeddi möcüzə ilə kifayətlənmək istəyirdim və kitab “Digər yeddi möcüzə” adlanmalı idi. Bu da ki aydın idi – axı “yeddi möcüzə” mövcuddur, lakin mənim düşündüyümə görə Asiyada İsgəndəriyyə mayakı və Misir piramidaları ilə bir sırada durmağa layiq olan ən azı yeddi sənət abidəsi tapmaq olar. Ancaq haqqında yazmaq istədiyim möcüzələrin siyahısını tərtib etməyə başlayanda çıxılmaz vəziyyətlə qarşılaşdım. Yeddi möcüzə ilə kifayətlənmək heç cür mümkün deyildi. Kitabın ikinci adı – “Digər on yeddi möcüzə” belə yarandı. Sonra isə on yeddisi də az oldu. Möcüzələr sanki çiynimin üstündən boylanır və ciddiyyətlə soruşurdular: “Bəs məni niyə unutdunuz?” Möcüzələrin sayını artırmalı oldum.
Bəzi hallarda mən bu və ya digər abidənin mədəni dəyərinə ümumi baxımdan yanaşırdım. Beləliklə, Tac-Mahal, Borobudur, Anqkor haqqındakı oçerkləri də kitaba əlavə etdim. Geniş oxucu kütləsinə nisbətən az məlum olan digər abidələri də, şübhəsiz, möcüzələr sırasına daxil etmək olar: Paqan, Baalbek, Şahi-Zində və s.
Nəhayət, üçüncü dərəcəli möcüzələr də vardır. Məsələn, mən Naradakı Todaydzi məbədi haqqında yazdığım halda Kioto, yaxud Kamakuru haqda heç bir şey demirəm, Sigiriya freskalarından məlumat verirəm, amma Acanta freskalarından söhbət açmıram. Bu möcüzələri seçərkən mən onların yaranma tarixinin və taleyinin nisbətən maraqlı olduğunu nəzərə almışam. Həm Sigiriya freskaları, həm də Acanta freskaları çox qiymətlidir, lakin kitabda möcüzələrin sayı məhdudlaşdırıldığından onlardan birini seçməli oldum. Bəlkə məhz bu nümunələri seçməyimi kimsə yanlış hesab edəcək, mübahisə etmirəm.
Oxucu diqqət versə görər ki, bəzi ölkələrə çox, bəzilərinə isə nisbətən az yer verilib. Məsələn, Birmadan dörd möcüzə haqqında danışıldığı halda, Tailand haqda heç bir söz deyilmir. Hindistan Seylonla birlikdə xüsusi fəsil təşkil edir. Yaponiyadan isə yalnız bir abidə barəsində danışıram. Bu mənim xalis subyektiv müşahidələrimlə əlaqədardır – mən uzun müddət Birmada yaşamışam – Tailand və Yaponiyanın abidələrinə nisbətən buralar ilə daha yaxından tanışam.
Tac-Mahalı. Çandraqupta tağlarını və Fatehpur Sekrini görmüşəm. Orta Asiya və İraqda olmuşam, amma Çini, demək olar ki, tanımıram. Yaxşısı budur ki, tanıdıqlarım haqqında yazım. Bu heç də o demək deyildir ki, Yaponiyada, haqqında danışılmağa layiq abidə yoxdur, yaxud Tailandda möcüzələr sırasına daxil edilə biləcək bir abidə belə mövcud deyildir.
Qeyd etmək lazımdır ki, kitabda “möcüzə” anlayışı qədim yunanların şərh etdiklərinə nisbətən, geniş məzmunludur. Bəzən bütün şəhər, yaxud Türkiyədəki Göreme kimi yerlər də möcüzələr sırasına daxil olur.
Kitabda bir neçə min kilometr uzunluğu olan Böyük Çin səddi və bir neçə kvadrat metr sahəsi olan Bisütun yazısı kimi möcüzələrə rast gələcəksiniz. Mən istərdim ki, bu kitabı oxuyan oxucu Asiya xalqlarının çoxcəhətli və zəngin mədəniyyəti, onların bəşər tarixindəki əhəmiyyəti haqda müəyyən təsəvvürə malik olsun.
I hissə
Yaxin Şərq və Orta Asiya
Babilistan qülləsi
Məhşər olmuşmu?

Əgər siz bir nəfərdən dünyanın yeddi “klassik” möcüzəsini sadalamağı xahiş etsəniz o, mütləq Misir piramidalarından başlayacaq, sonra Semiramidanın asma bağlarını xatırlayacaq və çox ehtimal ki, Babilistan qülləsinin də adını çəkəcəkdir. O, səhv edəcəkdir. Babilistan qülləsi olmayıb. Tövratda göstərilir ki, qülləni tikməyə başlayanda dil anlaşılmazlığı əmələ gəlmişdir. Tikintinin rəhbərləri kifayət qədər tərcüməçi tapa bilməmiş və dil anlaşılmazlığı üzündən iş dayandırılmışdır.
Tövrata inansaq bu belə olub. Bəs inanmasaq? O zaman Babilistanda nə baş verdiyini aydınlaşdırmağa cəhd etsək necə?
İnsanların sirli Babilistan qülləsini necə təsəvvür etdiklərini öyrənmək üçün tarixin səhifələrini vərəqləmək maraqlı olar.
Babilistan qülləsinin bizə gəlib çatmış ilk təsviri İtaliyanın cənubunda Salerno kilsəsinin divarındakı barelyefdə saxlanılmışdır. Bu, XI əsrə aiddir. Orada tikilib qurtarmamış Avropa qala qülləsinə oxşayan, iki adam hündürlüyündə, düzbucaqlı şəkildə rəsm vardır. Üst meydançada çətinliklə dayanan bir nəfər əlini uzadıb aşağıda iki nəfərin güclə qaldırdığı məhlulla dolu qabı tutur. Allah qüllənin sol tərəfində durur. İnşaatçılar onun yalnız kəmər yerinə qədər çata bilirlər. O, əlini qülləyə tərəf uzadıb, elə bil inşaatçılara moizə oxuyur.
Barelyefin müəllifi güclü təxəyyülə malik deyildi. O bunu tamaşaçıların ixtiyarına vermişdi. Bu görkəmsiz tikili üstündə əmələ gələn dəhşətli məhşərə tamaşaçılar mütləq inanmalı idilər.
Sonrakı yüz il ərzində Babilistan qülləsi çox da dəyişikliyə məruz qalmamışdır. XII əsr Siciliya mozaikasında qüllə, doğrudur, boy atmayıb, lakin bəzi hissələrlə zənginləşib: darvaza və tikinti üçün taxta-şalban yaxınlıqda idi. Tövratın Praqadakı Velislav nüsxəsinə çəkilmiş (XIV əsr) şəkillərdə qüllə nisbətən yaxşı təsvir olunmuşdur. Bu şəkil vasitəsi ilə orta əsrlər Çexiyasında iri bloklardan və qaldırıcı qurğulardan istifadə edən qalatikmənin texnologiyasını çox yaxşı öyrənmək olar. Burada təsvir edilən qüllə artıq ikimərtəbəli ev hündürlüyündədir. Rəssam Babilistan qülləsində baş verən məhşəri də təsvir etmişdir. Allah göydən aşağı enib, yenicə qoyulmuş kərpici atəşkeşlə qoparmaq istəyir. Səmada əllərində atəşkeş tutan mələklər də görünür. Onlar heyrətlənmiş bənnaları qüllənin zirvəsindən yerə atırlar. Qalan inşaatçılar isə heç bir şey olmamış kimi işləməkdə davam edirlər.

Daha bir əsr keçdi. Avropada İntibah dövrü başlanırdı. İnsanlar daha yalnız onların yaxınlığında olan predmet və hadisələrlə maraqlanmır, özləri üçün başqa yeni ölkələr və zamanlar kəşf edir və anlayırdılar ki, bu ölkələr və zamanlar onların yaşadığı dövrdən heç də pis deyilmiş. Babilistan qülləsinin XV əsrdə verilmiş təsviri primitiv deyil. Qüllə rəsmlərdə artıq o qədər boy atıb ki, onun haqqında fərəhlə danışmaq olar. Yeni maraqlı hissələr meydana gəlirdi. XV əsrdə yaşayan fransız rəssamlarından biri qüllənin yanında yüklənmiş bir dəvə şəkli çəkmişdir. Bu da qüllənin Şərqdə olduğuna bir işarə idi. Qüllənin ətrafındakı təpəliklərdə yel dəyirmanı və qəsrlər təsvir edilmişdir. Qülləyə rahat çıxmaq və yük qaldırmaq üçün spiralvarı pilləkən düzəldilib, işçilərin sayı isə 20-yə qədərdir.
Lakin Babilistan qülləsinin təsvirinin verilməsində məşhur flamand rəssamı Böyük Piter Breygel 1563-cü ildə həqiqi inqilab etmişdir. İlk dəfə məhz onun ağlına gəlmişdir ki, Babilistan qülləsi bütün görkəmi ilə insanların allahla mübarizəsini, özü də təkcə allahın böyüklüyünü deyil, onunla mübahisə edən insanların böyüklüyünü əks etdirə bilən həqiqətən böyük və qeyri-adi tikinti olmalı idi.
Breygel öz rəsmində İtaliyaya səyahətə çıxarkən gördüyü Roma Kolizeyinin görünüşü ilə ilhamlanmışdı. O, Kolizeyi bir neçə dəfə böyütmüş, yuxarı dartıb, qüllənin nəinki xaricdən, həm də en kəsiyinin təsvirini vermişdir. Bu ilk, həqiqi “Babilistan” qülləsi idi, gəmilər onun yanında oyuncağa bənzəyirdi.
Daha bir əsr sonra Babilistan qülləsinin “layihəsi” ağlabatan şəkil alırdı. Orta əsrlərin sadəlövhlüyü, intibahın poetikliyi yeniliyə, sağlam düşüncəyə və işgüzarlığa güzəştə getməli olurdu. XVII–XVIII əsrlərdə çəkilən Babilistan qüllələri mühəndis qurğusu idi – qüllələr elə təsvir olunub ki, əgər müəllifin imkanı olsaydı onu məhz belə layihələşdirərdi. Afanasi Kirçer və onun həmkarlarının çəkdikləri qüllələr ən uca qüllələr idi. Hesablama aparılsa məlum olar ki, onlar hətta tam tikilmədiyi halda belə Ostankinodakı televiziya qülləsi hündürlüyündədir.
Min illər keçməsinə baxmayaraq Babilistan qülləsini görməyənlər və onun haqqında ən səthi təsəvvürə malik olanlar və hətta heç bir təsəvvürü olmayanlar onu dəfələrlə təsvir etmiş, lakin rəssamlardan heç biri Babilistan qülləsinin əslində necə olduğunu fikirləşib tapa bilməmişdir.
…Dünyanın yeddi möcüzəsi haqqında yazmış Herodot Babilistanda olub. Hətta o, bu əfsanəvi və sanki heç mövcud olmayan qülləni görmüşdür. Bu, eramızdan dörd əsr yarım əvvəl olub. Doğrudur, Herodot qülləni möcüzələr sırasına daxil etməyib, lakin onun qısa təsvirini verib. O yazır ki, qüllə şəhərin üzərində ucalır… O, səkkiz mərtəbəlidir və hər mərtəbə əvvəlkindən balacadır. Məhz buna görə də Herodotun təsviri ilə tanış olan rəssamlar – Breygeldən başlamış həmişə qülləni səkkiz mərtəbəli çəkmişdir.
Herodot yazırdı ki, o, qülləni zədəsiz halda görmüşdür. Bir neçə onillikdən sonra Makedoniyalı İsgəndər öz ordusu ilə Babilistana gəlib çıxanda görür ki, qüllə uçur. O, qüllədən qalan nə varsa hamısını dağıtmağı əmr edir. Yox, o, qülləni məhv etmək istəmirdi. Əksinə, Makedoniyalı İsgəndər onu bərpa etmək niyyətində idi. Lakin daşyonanlar toplaşmamış, Babil və yunan memarları papirus üzərində qüllənin planını hazırlamamış, Böyük İsgəndər bizim eradan əvvəl 323-cü ildə ölür.
…Yol boyu dəvə karvanı keçir. Dəvələrin çöl rənginə çalan hürgücləri isə sallanır. Yanlarından şütüyüb keçən maşınların qaldırdığı toz-duman onları bulud kimi bürüyəndə, dəvələr laqeydliklə başlarını döndərirlər. Darıxdırıcı boz çöl üfüqdə özü kimi darıxdırıcı səma ilə birləşir. Ətrafda nə təpə, nə də bir çökəklik görünür. Deyəsən, insanlar Yerin müstəvi şəklində olduğunu məhz burada güman etmişlər.
Yol İraqın cənubundan onun mərkəzi Bağdada gedir. Səhra, neft buruqları, alovlanan qaz məşəli və köçərilərin qara çadırları arxada qalır. Paytaxta çatmaq üçün 100 kilometr. yol getmək lazımdır.
Hillə şəhərini keçdikdən sonra yol sanki canlanır, daha çox maşına rast gəlirsən. Hər ikinci maşının üstünə tabut bağlanıb, maşınlar müsəlmanların müqəddəs şəhəri Kərbəlaya tələsir. Çoxları Kərbəla və Nəcəf məscidlərinin yanında basdırılmağı şərəf hesab edirlər.
Yolayrıcındakı ox işarəsi solu göstərir. Çox adi görünən bu yolgöstəricisinin üzərində yazılmış “Babilistan” sözünü oxuyanadək məsələnin nə yerdə olduğunu anlamaq olmur.
İndi təpəliklər görünür. Təpələr balinanın belinə oxşayır, dairəvi və alçaqdırlar. Bu təpəliklər öz altlarında dünyada ən böyük şəhər olan Babilistanın xarabalarını gizlədirlər. Burada təpədən başqa heç nə yoxdur. Nə Babilistan qülləsi, nə Semiramida bağları, nə saraylar, nə bir sütun, nə də bir divar var; şəhər yoxdur. Onun varlığını sübut edən yeganə əşyayi-dəlil taxta göstəricidir.
Yol, xurma ağaclarının kölgəsində gizlənən ikimərtəbəli evin önündə başa çatır. Qapının üstündə “Muzey” sözü yazılmışdır.
Qoca ərəb uzunsov bir otaqdan ibarət muzeyin qapısını açıb təsadüfi turistin belə bildiyi, “təbii və tarixi səbəblər üzündən bu günə kimi qalmayan” Babilistan qülləsi və Hammurapi haqda əzbərlənmiş cümlələrlə tələsik məlumat verdi.
Babilistan muzeyinin bəxti gətirməyib. İraq müstəqil dövlət olanadək burada qazıntı işlərini əsasən Avropa ekspedisiyaları aparırdılar. Odur ki, arxeoloqların ən maraqlı tapıntıları Avropa ölkələrinin paytaxtlarına daşınmışdır.
Muzeyin arxasındakı təpənin üstünə çıxanda bütün Babilistanı, daha doğrusu, arxeoloqların qazıb üzə çıxartdığı yerləri açıq-aydın görürsən. Bütün təpəliklər qazıq-qazıq edilmiş, müxtəlif dərinlikdə və endə xəndəklər atılmışdır. Bunların bəzisi yüz əlli il əvvəl, bəzisi isə lap bu yaxınlarda qazılmışdır. Şəhər elə bil başı üstə qoyulmuşdur – yuxarıdan təqribən hamardır, səthin dərinliklərində isə müxtəlif ucalıqda evlər görünür. Təpəliklərdə saray tağları, divar qalıqları, mağaranı xatirladan zirzəmilər gözə dəyir.
Qoca ərəb deyir:
– Semiramidanın asma bağları, bax, bunlardır.
Qarşımızda başqalarından fərqlənməyən təpəliklərdən başqa heç bir şey görünmürdü.
– Gəlin, indi də, mərasimlər keçən küçə ilə gedək.
O, bir neçə addım atıb, bizi də çağırdı. Birdən lap bir addımlıqda dərin xəndəyə rast gəldik. Küçə daş örtüyə kimi qazılmış və min illər ərzində şəhərin dağıntıları altında qalmış və elə bil dünən hamar kərpiclərdən hörülmüş divarlar əfsanəvi quşların barelyefləri ilə bəzədilmişdir.
Nəhayət, biz labirint kimi dar və çox da dərin olmayan xəndəklər qazılmış meydana gəlib çıxdıq. Bu bürküdə bizimlə gəzməkdən təngə gəlmiş az-az danışan qoca dedi:
– Babilistan qülləsi.
Mən yalnız indi inandım ki, qüllə yoxdur, ondan bir kərpic belə qalmayıb. Makedoniyalı İsgəndər öz işini yaxşı bilirdi. O, meydanı kifayət qədər yaxşı təmizlətdirmiş və hətta orada yeni qüllə, daha doğrusu, zikkuratallah Mərdukun Babil məbədi üçün bünövrə hazırlatmışdır. Şərqin sahibi özünün simasında şərqli allahlara pərəstişin qorunmasının və yayılmasının qayğısını çəkirdi.
Babilistan təpələrinə gələn ilk arxeoloqlar və sadəcə dəfinə hərisləri Babilistan qülləsini axtarırdılar. Babilistanda arxeoloji qazıntılar artıq iki yüz ildir ki, aparılır. Lap əvvəldən bu qazıntılar qüllənin tapılmasına yönəldilmişdi. Qüllənin durduğu yeri tapan və onun bünövrəsini kəşf edən ilk arxeoloq, 1899-cu ildə alman arxeoloji ekspedisiyası tərkibində ölü şəhərin elmi metodla qazıntısına başlayan Koldevey olmuşdur.
Kərpic, saxsı qırıntıları və qum tozundan əmələ gəlmiş təpəliklərdə birinci həftə ərzində aparılan qazıntı işləri zamanı Koldevey nəhəng divara rast gəlmişdi. Koldeveyin bəxti gətirmişdi. Onun rast gəldiyi divar haqqında Herodot yazırdı ki, dördatlı iki araba bunun üstü ilə gedə bilər. Lakin qazıntı işləri istənilən kimi yaxşı getmirdi. Bu da aydındır: Babilistan on iki metrdən iyirmi metrədək torpaq qatı və qırıntılarla örtülmüşdür. Babilistan torpağında nələr baş verdiyini öyrənmək üçün, altımərtəbəli evin yerləşə biləcəyi xəndək qazmaq lazım gəlir.
Koldeveyin rast gəldiyi divar – qədim dünyanın ən böyük şəhər istehkamıdır. Hasarın üstündə hər əlli metrdən bir qoyulmuş qüllələrin ümumi sayı üç yüz altmışdır. Deməli, divar-səddin uzunluğu on səkkiz kilometrdir.
Necə olub ki, bu qədər böyük bir şəhərdən heç bir şey qalmayıb? Axı, məlumdur ki, Navuxodonosor dövlətinin paytaxtını heç kim dağıtmamışdır. Zaman da şəhəri məhv edə bilməzdi. Navuxodonosor öz paytaxtını, bu yerlərin quru iqliminə yaxşı davam gətirən bişmiş kərpiclərdən tikdirmişdir.
Yaxınlıqdakı kənd və şəhərlərin sakinləri bir neçə əsr ərzində hamının tərk etdiyi şəhəri söküb kərpiclərini daşımış və özlərinə ev tikmişlər. Əgər indi, Hillə şəhəri və ətraf kəndlərin evlərinə diqqət yetirsək, kərpiclərin üstündə Navuxodonosorun damğasını görərik.
Bu möhürlərdən birinə mən təsadüfən rast gəldim. Külək divara yapışdırılmış afişanı – əlində tapança tutan gözəl, qarayanız bir oğlan, qəşəng, sarışın bir qızı öpürdü – qopartmağa çalışırdı. Mən Amerika kinematoqrafiyasının Hillənin sakit sakinlərinə necə mənəvi qida verdiyi ilə maraqlandım. Küləyin təsirilə yellənən afişanı divara sıxanda ovcum hamar olmayan kərpicə toxundu. Afişanı buraxdım. Divar yazısı – Navuxodonosorun möhürü qarayanız oğlanın dirsəyi altında görünürdü.
Koldevey Semiramida bağlarının qalıqlarını tapdı və üstəlik sübut etdi ki, bu əfsanəvi bağlar günbəzli binalardan və eyvanlardan ibarət imiş. Nəhayət, o, Babilistan qülləsini, daha doğrusu, Babilistan zikkuratının bünövrəsini tapır. Lakin o bunun üçün Babilistanda, ilk həftə ərzində şəhər divarlarını tapandan sonra on bir il qalmalı oldu. Koldevey hətta şəhərin memarlığını və tikiliş üsullarını on bir il ərzində öyrəndiyinə əsasən qüllənin təxmini təsvirini yazmışdır.
Arxeologiyada da, elmin başqa sahələrində olduğu kimi böyük kəşflər adətən ayrı-ayrı fərdlər tərəfindən yaranmır. Əgər kimsə böyük bir işə başlayırsa, həmişə başqa alim üçün yer qalır. O, kəşfi tamamlayır və öz sözünü deyir.
İngilis arxeoloqu Leonard Vulli Babilistan imperiyasının cənubundakı Ur şəhərində bir zikkuratı qazıb üzə çıxartdı. Zikkurat Babilistan qülləsindən fərqli olaraq o qədər yaxşı qalmışdır ki, buna əsasən qüllənin ilk variantı haqqında inamla danışmaq olar. Vulli Koldeveyin layihəsinə tamam uyğun gələn Ur zikkuratının layihəsini tərtib etdi və Babilistan qülləsini yüz illər boyu çəkən rəssamların əməyinə son qoydu, beləliklə də onların uydurmaq imkanlarını əllərindən aldı.
Babilistan qülləsi imperiyanın çoxsaylı zikkuratlarının böyüyü idi. O, zirvəsində kiçik məbəd olan yeddipilləli piramidadan ibarət idi. Birinci terras tərəfləri doxsan metr olan kvadrata bənzəyirdi. Onun hündürlüyü otuz üç metrə yaxın idi. İkinci terras sahəsinə görə birincidən kiçikdi, hündürlüyü isə səkkiz metr idi. Uzaqdan hər iki meydança böyük daş kuba oxşayırdı. Qalan mərtəbələr daha kiçik idilər – cəmi altı metr hündürlüyündə. Nəhayət, üst meydançada Mərdukun hündürlüyü on beş metr olan məbədi tikilmişdi. Məbəd mavi kaşılı kərpiclərlə tikilmiş və qızıl vərəqələrlə üzlənmişdi. Qüllənin hündürlüyü oturacağın bir tərəfinin uzunluğuna – 90 metrə bərabər idi.
Heops piramidası öz forması ilə ölçüsünü gizlədir. Onun ölçüsü tədricən itir. Zikkuratın aydın forması isə gözü onun maili səthindən yayındırmağa qoymur, adamın nəzəri sanki sıçrayışlarla irəliləyir, tamaşaçı qüllənin nəhəngliyini duymaq məcburiyyəti qarşısında qalır. Zikkuratın üstündəki on beş metr hündürlüyündə olan məbəd 10 km məsafədən elə parlayır və elə əzəmətlidir ki, kasıb köçəri yəhudilər zikkuratı bəşər qüdrəti, zənginliyi və qürurunun ifadəsi hesab edirdilər. Bununla belə, onlar şəhərin anlaşılmaz dildə danışan və maldarlara nifrət edən zərif və varlı sakinlərini pisləyirdilər. Pisləyərkən isə onlar özləri kimi qəddar və kasıb olan allahlarının Babilistanı, onun simvolu hesab olunan Mərduk zikkuratını – qülləni dağıtmasını arzu edirdilər.
İnsan hər hansı bir şeyi çox istəyəndə – arzu olunanı mövcud olan kimi qəbul edir. Əvvələn, belə bir əfsanə yarandı ki, allah babilləri cəzalandıracaq. Ancaq Kirin qıymadığı, Kserksin dağıtdığı və İsgəndərin yerlə yeksan etdiyi qüllə ömrünü başa vuranda Babilistan qülləsinin məhvi haqdakı əfsanə Tövrata köçürüldü.
Babilistandakı zikkurat ölkənin başlıca müqəddəs ocağı idi. Onun ətrafındakı meydan həmişə adamla dolu olurdu. İbadət aşağıda, Herodotun yazdığına inansaq, Mərdukun iyirmi dörd ton ağırlığı olan qızıl heykəli yanında başlanırdı. Qülləyə dirənmiş üçbucaqlı daş pillələr düz əlli metr hündürlüyü olan üçüncü mərtəbəyə aparırdı. Orada zəvvarlar meydançadan-meydançaya keçərək lap yuxarı – mavi məbədin durduğu meydana qalxırdılar. Buradan ölkənin bir neçə kilometr torpağını aydınca görmək olurdu. Mavi məbədə kahinlərdən savayı heç kim daxil ola bilməzdi. Bura Mərdukun əbədi yuxuya getdiyi otaq idi. Onun taxtı və qızıl suyuna çəkilmiş kürsüsü də burada idi. Zikkurat meydanı böyük evlərlə əhatə olunmuşdu. Burada zəvvarlar yaşayırdılar. Dövlətin ən varlı adamları kahinlərin yaşadıqları evlər də burada idi. Bir az aralıda isə özünün əbədiliyinə və divarlarının sarsılmazlığına əmin olan milyon sakinli şəhər…
Babilistan qülləsini, daha doğrusu, onlardan birini mən görə bildim.
Bağdad yaxınlığındakı Ağar-Huf zikkuratı şoran torpaqlı düzənlikdə kəllə qənd kimi ucalır. Özünün ilkin formasını itirməsinə və küləklərin döyməsinə baxmayaraq o yenə də möhkəmdir. Külək və zaman hər şeydən çox onun dibini ovub – qüllə sap kimi uzanıb. Pilləkənlərlə qalxdıqca qüllənin divarından sallanan kərpiclər görünür. Kərpiclərin arasına qoyulmuş bitum və palma yarpaqları hələ indiyədək çürüməyib. Ağar-Huf zikkuratı Babilistandakı ziyarətgahlar içərisində nə ən böyüyü, nə ən ucası, nə də ən məşhurudur. Lakin bir neçə əsr əvvəl insanlar ibadət etmək üçün zirvəsində məbəd olan bu qülləli ehrama axışıb gələndə, o da özünün böyük qardaşı – bəşər qürurunun rəmzi olan Babilistan zikkuratı, Babilistan qülləsi kimi əzəmətli idi.
Bibl
Əlifba və kitab

Dünyada ən məşhur kitabın adı bu şəhərlə bağlıdır. Halbuki bunun kitaba heç bir dəxli yoxdur.
Bəşəriyyət tarixində ən böyük kəşflərdən birinin adı bu şəhərlə bağlıdır.
Bu şəhər yer üzündə ilk şəhərlərdən biridir.
Finikiya şəhərlərinin hökmdarları fironlara oxşamaq istəyirdilər. Bu heç də heyrətli deyil. Qədim dövrdə bir neçə əsr Qubl adı ilə tanınmış Bibl şəhəri Misirin əsarəti altında idi. Bu qədim ölkənin mədəniyyəti, adət və ənənələri Finikiya şəhərlərinə böyük təsir göstərirdi.
Misir ehramları böyüklükdə məqbərələr tikmək Bibl şahlarının qüvvəsi xaricində idi – şəhər zəngin olsa da, Misirdəki qədər qul, fironların dövləti qədər var-dövlət toplamaq mümkün deyildi. Buna görə də Qublun şahı Ahirəm misirlilərin adəti ilə basdırılsa da, bu o qədər cah-cəlallı və təmtəraqlı olmadı.
Qayada dərin quyu qazıldı. Quyunun dibi qəbir üçün yonuldu. Ora sarkofaq saldılar. Onun yanına bir çox zərzivər tökdülər ki, şah ölülərin arasında da layiqli yer tuta bilsin.
Daş sarkofaq dörd şir heykəlinin üstündə yerləşdirildi. Sarkofaqın divarında barelyef yonuldu: Ahirəm şah taxtda əyləşib, əlində Nil zanbağı və fincan tutur. Əlahəzrət şam edir. Əlində dəsmal tutan xidmətçi şahın qarşısında təzim edir, iki nəfər xidmətçi sinidə xörək gətirir, onların arxasında isə qurban gətirənlər düzülüblər.
Sarkofaqın üstündə belə bir yazı var: “Bu sarkofaqı Qublun şahı olan Ahirəmin oğlu Etbaal atası üçün düzəltdirdi. Qoy bu şah üçün əbədi sığınacaq olsun. Əgər hər hansı bir hökmdar, yaxud sərkərdə şəhərə hücum edib sarkofaqı açsa, qoy o öz dövlətindən məhrum olsun, tacını itirib Qubldan qorxaqcasına qaçsın. Qoy o nə burda, nə də əbədiyyətdə rahatlıq tapsın”.
Yazı – yazı kimidir. Belə hədələrə və nifrinlərə bir çox qədim hökmdarların qəbirlərində rast gəlmək olur. Ancaq onların heç nəyə köməyi dəymir. Digər şahların qəbirləri kimi, Ahirəmin də qəbrindən qiymətli olan hər şey oğurlandı. Soyğunçular yalnız sarkofaqı çıxara bilməmişlər. Tarixə düşmək üçün çox az şansı olan və heç bir şeyi ilə məşhur olmayan Ahirəm şah bu yazı olmasaydı unudulardı. Bu, bəşəriyyət tarixində ən vacib əhəmiyyəti olan bir kəşfin şahididir. Bu kəşf, bəlkə də təkərin kəşf olunmasına bərabərdir.
Üç min il bundan əvvəl Ahirəmin oğlu Etbaal atasının sarkofaqı üzərində hərflərlə beş sətir mətn yazdırır.
Məhz hərflərlə. Nə mixi yazılarla, nə də heroqliflərlə deyil, sonralar ən yaxşı yazı vasitəsi kimi bütün dünyanı fəth edən hərflərlə, ayrı-ayrı səsləri göstərən işarələrlə. Misir heroqlifləri və mixi yazılar artıq çoxdan unudulmuşdu. Alimlər onları bəzən uğurlu, bəzən uğursuz oxumaqla məşğuldurlar. Ancaq üç min il əvvəl Finikiyada, bəlkə də elə Qublun özündə kəşf olunmuş əlifba bizim lap uşaqlıqdan adət etdiyimiz məhz həmin yazı vasitəsidir.
Sonralar arxeoloqlar Finikiyada daha qədim hərfi yazılar tapmışlar. Qubl şahı Şafatabaalın yazısı yeni eradan əvvəl XIV əsrə aiddir. Abdo yazısı XV əsrə təsadüf edir. Qubl əlifbasında 22 hərf var idi. Bir neçə əsr sonra kabbalistlər 22 rəqəmini müdrikliyin təcəssümü kimi xoşbəxt rəqəmlər elan etdilər.
Finikiyalıların xidməti onların yalnız əlifbanı kəşf etmələrində deyildi. Onlar bu əlifbanı həm də bütün dünyaya yaydılar, qonşu xalqları və ilk növbədə qədim yunanları bu əlifba ilə tanış etdilər.
…Təxminən beş min il bundan əvvəl Qubl (onun əvvəllər necə adlandığı məlum deyil) şəhər oldu. Tunc əsri başlanırdı. Lap qədimdən dəniz sahillərində məskən salmış balıqçılar torpağı şumlamağı, filiz əritməyi və dənizi üzüb uzaq ölkələrə getmək üçün gəmi qayırmağı öyrəndilər. İki min il ərzində dəniz sahilində yaşamaq finikiyalıları qədim dünyanın ən yaxşı dənizçilərinə çevirdi. Onların hündür qövsvarı burunlu gəmiləri Misirin və İtaliyanın sahillərinə yan alırdılar.
Bizə məlum olan ən qədim Misir türbələrində Livan sidrinin kötüklərinə rast gəlmək olur – onu məhz buradan, Qubldan aparırdılar. Qublun ilk böyük məbədi də həmin bu dövrə aiddir. Doğrudur, o bizim ölçümüzə cavab vermir və möcüzə adlanmaq iddiasına düşməsə də, dünyada ilk daş məbədlərdən biridir.
Şəhər zənginləşir, kübarlar və tacirlər əmələ gəlirdi. Var-dövlət isə onun qorunmasını tələb edirdi. Odur ki, şəhərin ətrafında qalınlığı otuz metrə çatan nəhəng divarlar tikildi. İndi divarların qalıqlarına baxanda ağac kötüyünü xatırlayırsan: kötükdən ağacın həyat tarixini öyrənmək mümkün olduğu kimi, divar qalıqlarına əsasən şəhərin necə yaşadığını təsəvvür etmək olur. Min beş yüz il ərzində şəhər divarlarını altı dəfə təmir etmiş və yenidən tikmişlər.
Qublun zənginliyi (bu şəhərin adı bir neçə dəfə dəyişilmiş, ona gah Qubl, gah Qebal, gah da başqa adlar vermişlər) artdıqca ondan varlanmaq istəyən hərislər törənirdi. Bir çox əsrlər ərzində şəhər daha qüvvətli qonşuların əlində oyuncaq idi. Ona misirlilər yiyələnmiş, onu hiksoslar, xettlər, assurilər, iranlılar zəbt etmişlər. Müharibələr arasında şəhər rahatlıq və müstəqilliklə nəfəs alır, yenidən tikilir və finikiyalıların gəmiləri yenə də yağ, şərab, taxıl və taxta-şalbanla doldurulub dənizin o tayına üzürdü. Bu müstəqillik bəzən əsrlər boyu davam edirdi. Dəniz səfərindən qayıdan varlı tacirlər qəddar Reşef allahının şərəfinə məbəddə yeni daşlardan obelisk ucaltdırır və onum mehrabları qarşısında qurban verirdilər.
Yeni eradan əvvəl 1200 və 900-cü illər arasındakı dövrdə finikiyalıların rolu xüsusilə böyük olmuşdur. Onların qədim qüdrətli qonşuları olan misirlilər və xettlər zəifləmişdilər. Onlar artıq Aralıq dənizi sahillərinə yiyələnmək istəyən ciddi rəqiblər deyildilər. Bizim dövrümüzə qədər maraqlı bir sənəd gəlib çatmışdır. Sənəd 1066-cı ilə aiddir. Bu, allah Amonun müqəddəs qayığı üçün sidr almağa göndərilmiş Misir səfiri Un-Amunun hesabatıdır.
“Mən Qubl hökmdarının limanında iyirmi doqquz gün keçirdim, – deyə səfir firona yazdığı məktubda şikayətlənir. – O hər gün çaparları yanıma göndərirdi: “Mənim limanımdan rədd ol”. Nəhayət, şah bir qədər yumşalıb səfiri qəbul edir. O, yuxarı salonda arxası pəncərəyə tərəf otururdu. Böyük Suriya dənizinin dalğaları aşağıda qayalara çırpılırdı, – deyə səfir bu görüşü belə təsvir edirdi. “Mən, – deyə şah sözə başladı, – nə sənin, nə də səni buraya göndərənin quluyam. Əgər mən qışqırsam göylər çatlar”. Səfir etiraz etmək istədi ki, həm dəniz, həm də bütün Livan formal olaraq misirlilərə məxsusdur, lakin onun sözləri lazımi nəticə vermədi. Səfir, nəhayət, sidr ağacı ala bildi, lakin o bunun üçün beş yüz papirus topu, gəmi kəndiri, vəhşi heyvan dərisi və qab-qacaq verdi.
Dənizlər finikiyalılar üçün yaxşı öyrənilmiş yollar idi. Onlar bu yollarda çox nadir hallarda azardılar. Ən qədim və ən yaxşı keçilən yol – Qubl-Misir yolu idi. Başqa dəniz yolları onları Kipr, Rodos, Krit, Korsika və Siciliya adalarına aparırdı.
Finikiyaya taxıl və yağ Fələstindən gətirilir, ədviyyat və ətriyyat Hindistandan və Cənubi Ərəbistandan daşınırdı. Bu ölkələri Finikiya şəhərləri ilə karvan yolu birləşdirirdi. Qubl şəhərində, Finikiyanın digər limanları olan Tir və Sidonda xalq sənətkarlığının bəzi növləri inkişaf edirdi: metaldan düzəldilmiş fincanlar, al-qırmızı parçalar, qarağacdan və fil sümüyündən qayrılan mebellər bütün dünyada şöhrət qazanmışdı. O zamanlar Livanın sıx meşələri Qublu nəinki qiymətli sidrlə, həmçinin şam, küknar ağacları və gəmilər üçün qətranla da təmin edirdi. Finikiya şəhərləri böyüyüb varlandıqca finikiyalı tacirlərin əlindən daha çox mal gəlib-keçirdi. Tədricən onlar ticarətdə vasitəçi olur və Aralıq dənizi Finikiya dənizinə çevrilir, bir qədər sonra bu dəniz Yunan, lap sonralar isə Roma dənizi adlandı.
Dənizlə səfərə çıxarkən Qütb ulduzundan istifadə etməyi məhz finikiyalılar öyrənmişlər. Onlar başqa bürclərin olduğunu da bilirdilər. Finikiyalıların möhkəm sidr ağaclarından qayrılmış gəmiləri bizə Misir barelyeflərindən məlumdur. Gəmilər qövsvarı idi, burnu çox dik olurdu. İki sıra avarçəkən uzun, ağır avarları qaldırıb endirirdi. Külək əsəndə isə finikiyalılar gəminin yeganə dor ağacının böyük, dördkünc yelkənini açırdılar.
Sonralar nisbi sakitlik dövrü başa çatanda Finikiya gəmilərinin xarici görkəmi də dəyişdi. Assurilərin freskalarında, – sonralar onlar Biblin düşmənləri olmuş və onu fəth etmişlər, – bu gəmiləri başqa cür təsvir edirlər. Gəminin burnu artıq yuxarı qaldırılmayıb, əksinə, aşağı endirilib. Burun indi silah idi, toqquşma zamanı ondan taran üçün istifadə olunurdu.
Finikiyalıların ən böyük nailiyyəti, portuqaliyalılardan iki min il əvvəl Afrika ətrafına səyahətdir. Bu səfər Misir fironu Nexonun əmri ilə edilmişdi. Firon Nil çayının şərq qolunu Qırmızı dənizlə birləşdirən köhnə kanalı bərpa etdirmişdi. Finikiyalılar kanalı keçdikdən sonra Afrikanın sahili boyu cənuba doğru üzmüşlər. Payız düşəndə onlar quruya çıxıb taxıl səpmiş və məhsulu yığıb gəmi anbarlarına doldurmuş, səfəri yenidən davam etdirmişlər. Bu cür səfər etməklə finikiyalılar, müasir dillə desək, təsərrüfat uçotlu təşkilat idi. Nə aclıq, nə də yolun uzunluğu onlar üçün təhlükəli deyildi. Tələsmək də lazım deyildi. Daha bir il keçdi, finikiyalılar sahilə çıxıb yenidən əkinçilik etdilər. Yalnız üç il keçəndən sonra onlar Cəbəllütariq boğazından keçib Aralıq dənizinə qayıtdılar. Herodot bu səfər haqqında eşitmişdi, lakin deyilənlərə inanmamışdı. Bu da səbəbsiz deyildi. Budur, müdrik yunan yazır: “Geri qayıdanda onlar dedilər ki, (bəziləri buna inandı, mən isə yox) Liviyanın (Herodot Afrikanı belə adlandırırdı – İ. M.) ətrafında üzərkən günəş onların sağ tərəfində imiş”. Əlbəttə, cənub yarımkürəsində günəş sağ tərəfdən çıxır, Yerin müstəvi şəkildə olduğunu güman edən Herodot deyilənləri yalan hesab etmiş, halbuki finikiyalıların Afrikanın ətrafında birinci dəfə dolandığına bundan yaxşı dəlil tapmaq çətin idi.
Qublun bacarıqlı, işgüzar sakinləri və onların Finikiyanın digər şəhərlərindən olan həmvətənləri hara düşürdülərsə, tikinti ilə məşğul olurdular. Finikiyalılar hər yerə uyğunlaşır, özləri ilə yeni sənət, yeni bilik və dünyanı dərk etmək üçün yeni həvəs gətirirdilər. Onların ticarət məskənləri şəhərlərə çevrilir və Finikiya tacirlərinin düşərgələri-koloniyaları Aralıq dənizi boyu zəncir kimi uzanırdı. Egey və Adriatik dənizlərindəki Rodos, Kipr, Krit, Malta və Sardiniya adalarında böyük şəhərlər belə yaradıldı. Sonra onlar İspaniya və Tunisdə məskən saldılar. Bizim eradan səkkiz yüz il əvvəl Finikiyanın ən böyük və ən məşhur koloniyası Karfagenin əsası qoyuldu. Sonralar bu şəhər Böyük Romanın rəqibinə və düşməninə çevrildi.
Finikiyalılar Herakl sütunları arasından, yəni indiki Cəbəllütariq boğazından keçib Atlantik okeanına çıxırdılar. Heç kəs onların nə qədər uzaqlara üzdüklərini deyə bilməz. Hər halda inamla demək olar ki, onlar İngiltərənin sahillərinə çatır, buradan qurğuşun və qalay alırdılar. Karfagenlilər Azor adalarında da (orada çoxlu yunan və Roma sikkələri tapılıb) olurdular. Halbuki nə yunanların, nə də romalıların bu adalar haqqında təsəvvürü yox idi.
Qədim dünyanın ən zirək ticarətçiləri və ən yaxşı dənizçiləri olan finikiyalılar geri qayıdanda kiçik, lakin zəngin vətənlərində saraylar və məbədlər tikilirdi. Qublun məbədləri çox vaxt qəddar və qəzəbli allahların məskəni olurdu. Qurbanlar verilən yer olan daş mehrab məbədin ən əsas hissəsi idi. Mehrab müqəddəs obelisklərlə əhatə olunmuşdu. 1936-cı ildə Bibldə aparılan qazıntılar zamanı bir məbəd aşkara çıxarılıb. Onun da mehrabı belə obelisklərlə əhatə olunub. Obelisklərin sayı iyirmidən çoxdur və ən böyüyünün hündürlüyü üç metrə çatır: Finikiyalılar ağaclara da sitayiş etdikləri üçün məbədin ətrafında müqəddəs palıd və sidr ağacları əkilib. Bu adət hələ indiyədək müsəlmanlarda qalıb.
Məbədlərin altında geniş zirzəmilər olurdu. Burada çaxır, ədviyyat və ətriyyat saxlanılırdı. Məbədlərin qarşısında dayaz hovuzlar düzəldilirdi: ibadətdən əvvəl ayaqqabıları soyunmaq və ayaqları yumaq lazım idi. Finikiyalıların bu adəti sonradan başqa xalqlara keçmişdir.
Qublun ikinci çiçəklənmə dövrü ellinizm dövrünə təsadüf edir (Makedoniyalı İsgəndərin əsgərləri bu şəhəri Bibl adlandırırdılar). Bibl Adonisə və Astartaya (Venera) sitayişin mərkəzinə çevrilir. Hər il burada dini bayram keçirilirdi. Gözəl oğlan olan Adonis sevgilisi Astartanın xəbərdarlığına baxmayaraq, Livanın məşhur sidr ağacı meşəliyində ovçuluq edərkən onu vəhşi qaban öldürür. İlahə meşəliklərdə və dağlarda gəzərkən Adonisin ölümü üçün göz yaşı tökür. Nəhayət, ilahə gənci axirət dünyasından qaytarmağa müvəffəq olur. Həmin gün böyük qurbanlar verilirdi. Qısqanclıqdan qədim allahlar əzab çəkirdilər: onların məbədləri tənəzzül edirdi.
Deyirlər ki, Adonis və Astarta əfsanəsi xalis həqiqətdir. Hər il yaz fəslində Biblin yaxınlığından axan Adonis çayı al rəngə boyanır. Ətrafdakı təpəliklərin rəngi də Adonisin al qanına və lalə rənginə çalır. Bibldə bu məlum əfsanə konkret coğrafi xarakter daşıyır.
Yunanlardan sonra şəhərə romalılar daxil oldu. Onların dövründə də Bibl böyüyürdü. Çoxlu saray, məbəd və evlər tikilirdi. Köhnə tikintilərin daşları yeni divarların ucaldılmasına sərf olunurdu. Romalılar burada Adonisin yeni, dəbdəbəli məbədini tikdilər. Məbədə gedən yol sanki sütunlar xiyabanıdır. Elə burada da böyük amfiteatr tikilib. Romalıların əzəmətindən çox az şey qalıb: yalnız Adonisin məbədinə aparan yolun qırağındakı altı sütun durur. Bununla belə, demək olar ki, Bibldə tikilmiş böyük məbədlərin hər birindən bir şey qalmışdır…
Qərbi Roma imperiyasının süqutundan sonra Bibl də tənəzzülə uğradı. Şəhər bir müddət Bizans yepiskopluğunun mərkəzi kimi qalırdı. Lakin sonralar o, müsəlmanların əlinə keçdi. O vaxtadək təmtəraqlı Roma məbədləri və Vaal məbədlərinin qalıqları hələ dururdu.
Səlibçilər Bibli həyata qaytardılar. Lakin bu qaytarılan həyat faciəli oldu. Səlibçilər həmişə belə bir qaydaya əməl edirdilər: vaxtı ilə Roma legionları duran yerdə qalalar tikmək. Axı, əlinin altında hazır tikinti materialı olur. Bibldə onların bəxti gətirmişdi. Şəhərdə o qədər məbəd və saray vardı ki, dünyada ən böyük cəngavər qalasının tikilməsi üçün kifayət edirdi. Daş plitələr bir-birinə o qədər uyğun gəlib və onlar finikiyalılar tərəfindən o qədər yaxşı yonulub ki, 1103-cü ildə tikilmiş qala bu günə kimi toxunulmaz qalmışdır.
Bibli tikənlərin çoxəsrlik fəaliyyəti – təbiətin möcüzəsi, hərbi mühəndislik sənətinin möcüzəsi, antimöcüzə nəhəng qalanın tutqun, vahiməli divarlarına bəzəyir.
Uşaq konstruktorun düzəltdiyi hissəciklər qabcıqlarda saxlandığı kimi, qala da özündə şəhəri saxlayıb. Ölçüsünə görə yığılmış bu hissələrdən onun sahibinin dünən nə hazırladığını təsəvvür etməyə imkan yoxdur. Bu qala canidir. Vaalın gözəl məbədlərinin plitələri, Dionis sütunlarının parçaları və təkrarolunmaz sarayların geniş eyvanları bu divarlardadır. Yalnız amfiteatra toxunulmayıb. İşgüzar səlibçilər nə üçünsə amfiteatrı sökməmişlər. Adonis məbədinin divarlara sığışmayan bir neçə sütunu və arxeoloqlar tərəfindən dəqiq bərpa olunmuş Finikiyanın ən qədim bütpərəst məbədlərinin özülləri qalıb. Qala özündə paradoks əmələ gətirmiş, çünki özündə bütün şəhəri birləşdirmişdir. Lakin bir ovucda yığılmış bu şəhər məhv olmuşdur. İndi onun haqqında çox az adamın məlumatı var, oraya çox az adam gedir. Halbuki onun adı bütün dünyada məşhurdur. Ona görə yox ki, əlifba orada kəşf olunub. Ona görə yox ki, onun dənizçiləri portuqaliyalılardan iki min il əvvəl Afrikanın ətrafına dövrə vurarkən günəşi sağ tərəflərində görmüşlər, yenə də ona görə yox ki, bu şəhər yer üzündə ilk şəhərlərdən biridir.
Misirdə hazırlanan papirus Biblin bazarlarına daxil olurdu. Bibllilər qədimdə bu kağız ticarətini inhisara almışdılar. Yunan limanlarına onların gəmilərindən təmiz kağız topaları, bəzən də Livanda və Kiçik Asiyada yazılmış kitablar boşalırdı. Papirus yunanların şüurunda onun gətirildiyi şəhərlə bağlı idi. “Biblos” sözü kitab mənasında işlənirdi. Sonralar bu ad ən məşhur bir kitabın – Bibliyanın adı oldu. Bu isə sadəcə olaraq kitab deməkdir.
İki min ildir ki, insanlar danışarkən bu şəhərin adını çəkirlər. Bu kitabı əllərində tutan, onun təbliğ etdiyi təlimin tərəfdarları olan səlibçilər isə şəhəri məhv etdilər.
Baalbek
Əfsanəvi daş təbəqələr

Uzun sitatdan başlayaq: “Yerin müxtəlif guşələrində qədim tikintilərin dağıntıları qalıb. Bu tikintilər ölçüləri, xüsusi konstruksiyası və digər “əsrarlı” hissələri ilə heyrət doğurur. Məsələn, Antilivan dağlarının ətəklərində qalmış Baalbek terrasının trilitonları uzunluğu iyirmi metr və ağırlığı təxminən min ton olan kobud yonulmuş nəhəng plitələrdən ibarətdir. Plitələr daş karxanasından gətirilib yeddi metr hündürlüyə qaldırılmışdır. Bu vəzifəni müasir texnikanın güclü vasitələrinin köməyi ilə belə, yerinə yetirmək çox çətindir. Karxanada nəhəng, yonulmuş, lakin qayadan hələ qoparılmamış bir daş qalıb. Qaya parçasının uzunluğu 21 metr, eni 4,8 metr və hündürlüyü 4,2 metrdir. Onu yerindən tərpətmək üçün 40 min adamın birgə səyi tələb olunur” (“Baalbekin tarixi”, Beyrut, 1896 il).
“Bu nəhəng plitələri kim, nə vaxt və hansı məqsədlər üçün doğrayıb? Bu sualı hələ indiyədək həll edilmiş hesab etmək olmaz”.
Yuxarıda deyilənlərin hamısını M. Aqrestin “Qədim dünyanın kosmonavtları” məqaləsindən götürmüşəm. Məqalədə belə bir fikir irəli sürülür: Baalbek kimi abidələri uzaq planetlərdən gələnlər tikməyiblər ki? Bəlkə də, Sodom və Qomorranı Yerdən qalxarkən elə onlar dağıdıblar? Baalbek üçün bu hipotez belə şəkil alır.
“Güman etmək olar ki, kosmonavtlar Günəş sistemini Yerdən start götürən kiçik gəmilər vasitəsilə öyrənirlərmiş. Bu məqsəd üçün onlar, görünür, Yerdən əlavə nüvə yanacağı götürməli, xüsusi meydançalar və anbarlar tikməli olurlarmış. Şübhəsiz, onlar Yerdə olduqlarını bildirmək üçün xatirə qoymalı idilər. Adları çəkilən xüsusi tikililər, məsələn, Baalbek plitələri belə abidələrdən deyilmi?
Beləliklə, Livanın cənubundakı Antilivan sıra dağlarının ətəyindəki sirli Baalbek plitələrini, kosmonavtlar, bəlkə də kiçik raketlər üçün uçuş meydanı kimi hazırlamışlar. Əgər belə deyilsə, onda bu nəhəng qaya parçalarını kim, nə vaxt və hansı məqsədlər üçün doğramışdır? – sualını hələ həll edilmiş hesab etmək olmaz”.
Gəlin həmin ölkəyə səfər edib Baalbek terrasının nə olduğunu müəyyən edək.
Baalbekə doğru gedərkən biz Aralıq dənizinin sahilini, sakit Bibl limanını tərk edib, Livan dağlarının quru yamaclarına qalxırıq. İki min il bundan əvvəl Avqustun beşinci Makedoniya və üçüncü Qall legionlarının keçdiyi yolla gedirik. Finikiyanın sahil şəhərləri fəth olunmuş və yeni düşərgə-şəhər olan Beyrut, latın dilində Koloniya Yuli Avqust Feliks Beyrutus adlanmış, daha sadə dildə desək, Yuli Avqustun (imperatorun qızı) xoşbəxt Beyrut koloniyası arxada qalır. Donanma arxadan legionerləri müvəffəqiyyətlə qoruyur. İrəlidə isə Heliopolis şəhəri görünür…
Kiçik, lakin zəngin olan bu semit şəhərini Makedoniyalı İsgəndərin varisləri selevkidlər Günəş allahının şərəfinə belə adlandırmışlar. Əvvəllər şəhər Baal Bek-Vaal şəhəri adlanırdı.
Romalılar bilirlər ki, bu şəhər Finikiya dininin qədim mərkəzi olub. Şəhərin kişiləri natiqliyi, qadınları isə öz gözəlliyi ilə məşhur idi. Burada dünyanın ən yaxşı fleytaçıları yaşayırdı, şəhərdə Günəşin şərəfinə gözəl məbədlər tikilmişdi.
Aşırımdan eni on kilometr, uzunluğu isə təxminən yüz kilometr olan vadi görünür. Keçidin o biri tərəfində, zirvələri yarım il qarla örtülü olan Antilivan sıra dağlarının sarı və bənövşəyi yamacları görünür. Vadinin cənub hissəsində qamışlığa bürünmüş göl parlayır, şimal tərəfi isə sıra dağlara qovuşur, orada, gölə axan dağ çaylarının arasında Heliopolis şəhəri görünür. Daş hasarlarla əhatə olunmuş evlərin yığını, bazarların örtükləri və ellinizm üslubunda tikilmiş bir neçə kiçik məbədi birləşdirən Akropol təpəsi ucalır.
Legionlar hərbi sıralara düzülmədən və mühafizə qayğısı çəkmədən aşağı enirlər. Yürüş nə çətin, nə də uzunmüddətli idi. Döyüşdən sonra sahildə istirahət etmiş, sərinləmiş və qaralmış legionerlər ara-sıra şən zarafat edirdilər. Kim bilir, bu legionerlər nə qədər şəhər görmüşlər. Bir şəhər çox, bir şəhər az…
Çox qədim zamanlarda tikilən Ball Bekin əsas məbədi aramey allahı Xadada həsr olunmuşdu. Şimşək və ildırım allahı Xadad, məhsulun yetişməsi üçün çöllərə yağış yağdırar və onu məhv etmək üçün leysan tökərdi. Xadadın başına günəş şüalarından çələng qoyulmuşdu. Selevkidlərin dövründə Xadadı, Günəş allahına bərabər tutur və ona görə də Xadadın məbədi Yupiter Heliopolitanus məbədinə çevrildi. Məbədi yenidən tikib, genişləndirdilər. Zəvvarların sayı artdı və məşhurlaşan məbəd şəhərə yeni ad qoydu – Heliopolis.
Romalılar Yaxın Şərqi fəth etdikdən sonra Heliopolisin əhəmiyyəti artdı. Təkcə Yupiter – Xadad məbədinin burada olduğuna görə yox. Şəhərin daha böyük əhəmiyyəti var idi: Heliopolis şirin su, qiymətli ağaclar və üzüm bağları ilə zəngin olan məhsuldar vadini nəzarət altında saxlamaq üçün mühüm məntəqə idi. Heliopolis ölkənin mərkəzinə gedən karvanlar üçün böyük keçid məntəqəsi idi. Romalılar üçün şəhər, həm də mühüm hərbi baza idi. Roma sərkərdələri Parfiya üzərinə yürüşlərə buradan çıxırdılar.
İmperator Trayan 116-cı ildə Heliopolisdəki Yupiter məbədi rəmmalının yanına gəlir. O, rəmmalı yoxlamaq istəyir. İmperator ona sual əvəzinə parçaya bükülmüş yazısız lövhə verir. Cavabında eynilə təmiz lövhə alır ki, bu da rəmmalın fərasətli olduğuna dəlalət edirdi.
– Bəs son cavabın nə olacaq? – deyə imperator sordu. Rəmmal parçaya bükülmüş çör-çöpü imperatora verdi. Sonrakı ildə imperator Kilikiyada öldü. Onun cəsədini çör-çöp üstündə yandırdılar. Rəmmalın qabaqcadan xəbər verdiyi hadisə baş tutdu. Bu, rəvayətdir. Əlbəttə, imperator ölməyə də bilərdi, ancaq onda çör-çöpü ayrı cür yozmaq lazım gələrdi. Lakin bizi başqa şey maraqlandırır. II əsrə yaxın Heliopolisdəki məbəd o qədər məşhur olubmuş ki, hətta Roma imperatorları məbədin rəmmalına müraciət edirlərmiş.
İmperator Antoni Piy (138–161) əmr edir ki, köhnə Yupiter məbədinin yerində yeni, dünyada ən böyük məbədin inşasına başlansın. Bu tikinti çoxlu pul və qul tələb edirdi. Roma Livan vadisindəki tikilişə bir də ona görə xüsusi can yandırırdı ki, Roma imperatorlarının özləri həmin illərdə xalis romalı deyildilər: Septimi Sever, Emesli Yuli Bassianın ailəsi ilə qohum oldu. Onun oğlu Karakalla yarı livanlı idi. Severlər sülaləsinin sonrakı imperatorları üçün də uzaq Livan vadisi artıq uzaq və yad deyildi, bura onların analarının və arvadlarının evi idi. Karakallanın anası, istedadlı və hökmlü Yuliya Domna əri Septimi Severə və sonra oğluna dövlətin idarə olunmasında kömək edirdi. Romada livanlı və suriyalı çoxlu alim və dövlət xadimi var idi. Finikiyalıların zirək nəsli imperiyada mühüm vəzifələri tuturdular. Livanlılar və suriyalılar legion komandirləri olur, ticarət edir və senat iclaslarında iştirak edirdilər.
Karakalla və onun anası “Heliopolis” sözünü pul sikkələrin üstünə yazdırırdılar. İmperator Antoni Piyin başladığı quruculuq işi onların dövründə daha gücləndi. İmperatorun yenidən tikdirdiyi Günəş məbədi və akropol səyyahları və zəvvarları heyran qoyurdu. Bütün Roma imperiyasında, hətta paytaxtın özündə belə bu akropol ilə müqayisə edilə biləcək bir şey yox idi. Bir çox illərdən sonra ərəblər Baalbeki zəbt edib, akropolu qalaya çevirəndə elə güman edirdilər ki, şəhəri əfsanəvi Süleyman peyğəmbər tikdirib. Axı, Süleymandan savayı heç kəs cinlərin üzərində hökmranlıq edə bilməz, cinlərdən başqa isə heç kim belə məbəd tikə bilməzdi.
Akropolun tikilişi başa çatdırılmamışdır. Məbədin tikilişi uzandı. İmperiyanın süqutuna yaxın dövrlərdə onu idarə edən əsgər-imperatorlar məbədin tikilişinə böyük məbləğdə pul ayıra bilmir və ayırmaq da istəmirdilər. Lakin məbədin tikilib başa çatmasına o qədər az qalmışdı ki, Karakallanın dövründə məbəddən artıq istifadə olunurdu. Çox az adam anlayırdı ki, memarların ilkin planları tamamilə həyata keçməmiş və Karakallanın arzu etdiyinə baxmayaraq məbəd bir qədər təmtəraqsız görkəm almışdır.
…Nəhəng pilləkən akropolun sütunlu əsas girişinə aparırdı. Bu pilləkənin üstündə bütün bir legion yerləşə bilərdi. Heykəllərlə bəzədilmiş giriş tağlarının hündürlüyü on beş metr və eni on metr idi. Giriş tağlarından keçən tamaşaçı sütunlarla əhatə olunmuş altıkünclü həyətə daxil olurdu. Arxada bir həyət də vardı, bu akropolun əsas həyəti idi. Bu həyətin sahəsi bir hektardan çox idi. Həyətin ortasında nəhəng mehrab ucalırdı.
Meydanı əhatə edən sütunların qızıla bərabər qiyməti vardı. Bu porfir sütunlar Misirin daş karxanalarında, Qırmızı dənizin yaxınlığında doğranmışdır. Sütunları Misirdə doğramış və yonmuşlar, sonra bunları Nilin sahilinə sürüyüb, gəmilərlə İsgəndəriyyəyə və sonra da Beyruta gətirmişlər. Beyrutdan isə sütunları təpələrin üstü ilə Heliopolisə qədər sürükləmişlər.
Romada və hətta Palmirada da belə sütunlar tapılıb. Bunlar Yupiter məbədinin sütunları ilə müqayisədə çox kiçikdirlər, lakin ağırlıqları bir neçə tondur. Görünür, bu cür ağırlığı uzaq məsafələrə aparmaq qədim insanların imkanı daxilində imiş.
Yupiter məbədi akropolun, Heliopolisin mərkəzi idi.
Məbəd daş təbəqələrdən ibarət böyük meydançada tikilmişdi. Təbəqələrin hər birinin uzunluğu iyirmi metr, hündürlüyü beş metr və eni dörd metrdir. Bu təbəqələri doğrayıb tikinti yerinə gətirmək asan deyildi, özü də bunu inşaatçılar Süleymanın cinləri haqda, yaxud başqa planetlərdən gələnlər haqda əfsanənin uydurulması xatirinə etmirdilər.
Məbədin altında geniş zirzəmilər vardı, təbəqələr zirzəmilər üçün örtük rolunu oynayırdı. Heliopolisdə tez-tez və güclü zəlzələlər (sonralar zəlzələ şəhərin məbədlərinin çox böyük hissəsini dağıtmışdır) olduğu üçün məbədin bünövrəsini mümkün qədər möhkəm düzəltmək qərara alınmışdı.
Lakin işin həcmi o qədər böyük idi ki, hətta Roma imperiyasının ən yaxşı memarlarının buna gücü çatmadı. Məbədin özülünə yalnız üç daş təbəqə qoyulmuşdur. Sonralar bu plitələri “triliton” adlandırmışlar. Plitələrdən hər birinin ağırlığı təxminən min tondur. Bunların hər birindən uzunluğu iyirmi və hündürlüyü on beş metr, divarlarının qalınlığı isə yarım metr olan bina tikmək olar.
Diqqətli müşahidəçi hiss edər ki, məbədin özülünə dördüncü plitə təbəqə də qoyulmalı idi. Bunun yerini kiçik ölçülü bir neçə plitə tutmuşdur. Nə üçün belə olub? Material çatmayıb, yoxsa kosmonavtlar tələsirlərmiş? Ancaq məlum olub ki, dördüncü təbəqə durur və bu plitə Baalbekin yaxınlığındakı daş karxanasındadır. Onun ağırlığı min tondan çoxdur. Plitə o qədər böyükdür ki, üstünə qalxan adam çamadanın üstündə durmuş qarışqa boyda görünür.
Plitəyə diqqətlə baxanda onun üzərində tişələrin izi nəzərə çarpır. Minlərlə daşyonan plitələrin yanlarını yonurdular. Elə buna görə də kosmonavtların gəlişinə yer qalmır. Onların ən inadlı tərəfdarları belə sübut etməyə çalışmaz ki, başqa ulduzlardan gələnlərin ən sevimli aləti tişə imiş.
Dördüncü plitəni öyrənən alimlər onların hazırlanması prosesini nəinki bərpa etməyə nail olmuş, hətta təbəqələrin məbədə daşınması metodunu müəyyən etmişlər. Bu minlərlə qulun gərgin əməyini tələb edirdi.
Yupiter məbədi nəhəng plitələrin əmələ gətirdiyi platformanın üstündədir. Məbədə gedən pilləkənin üç keçidi vardır. Məbəd sütunlarla əhatə olunub. Bu sütunlar plitə-trilitonlar qədər məşhur olmasa da, onlar haqda danışmağa dəyər. Sütunların diametri üç metrə yaxındır. Sütunlar iyirmi metrdən, daha doğrusu altımərtəbəli evlərdən hündürdür. Hər bir sütun üç hissədən ibarətdir, çəkisi isə plitəninkindən çox da yüngül deyil. Hər sütunun böyük, dəbdəbəli kapiteli vardır. Bir neçə ton ağırlığı olan friz və karnizləri bu sütunlar saxlayır. Sütunlar elə gözəldir ki, onu görən müasir fransız yazıçılarından biri demişdir: “Əgər bu sütunlar olmasaydı, dünyada daha az gözəllik, Livanın səması altında daha az poeziya olardı”. Lakin mühəndislik və memarlıq dühasının gözəl bəhrəsi olan bu sütunlar, terrasın plitələrindən daha mürəkkəbdir. Halbuki bunu heç kim kosmonavtların adına yazmır. Onda başqa planetlərdən gələnlərin uçuşunun dəqiq vaxtını və konkret yerini göstərmək lazım gələrdi. Onda kosmonavtların Korinf üslubu ilə tanışlığını və Günəş allahı Yupiterə sitayiş etdiklərini göstərmək lazım idi.
Məbədin içərisində allahın qızıl heykəli vardı. Antik müəlliflər yazırlar ki, o, gənc və saqqalsız imiş, döyüş arabaçısının xirqəsini geyinibmiş, sağ əlində ildırım qamçısı, sol əlində isə şimşək və sünbül topası tutubmuş. Bayram günləri Heliopolisin ən varlı adamları heykəli məbəddən çiyinlərində çıxarırdılar. Onlar bunun üçün bir neçə gün hazırlaşırdılar: üzlərini qırxar, pak olar və pəhriz saxlayardılar. Məbədin xəzinəsində müqəddəs qara daşlar da saxlanırdı. Məbəd zəngin və gözəl idi. Roma imperiyasında heç bir məbəd bununla müqayisə oluna bilməzdi. Məbəd kahinlərinin geniş torpaqları, qulları vardı, məbədin zirzəmiləri qızıl və qiymətli cavahiratla dolu idi.
Yupiter məbədinin sol tərəfində, bir qədər aşağıda akropolun digər bir məşhur məbədi – ilahə Veneranın məbədi dururdu. Bu günə kimi, naməlum səbəblərə görə, məbəd Baxus məbədi adını daşıyır. Tarixi əsərlərdə və səyyahların qeydlərində məbəd belə adlanır. Baxus məbədi Yupiter məbədindən kiçik idi, ancaq bu heç də o demək deyil ki, o həqiqətən kiçikdir. Məbədin indiyədək duran darvazasının hündürlüyü təxminən on beş metrdir. Təkcə elə bu darvaza məbədin böyüklüyü haqda təsəvvür yaradır. Baxus məbədinin frizinə daş panellərdən üz çəkilibmiş. Panellər Mars, Merkuri və Pluton, başına üzüm yarpaqlarından düzəldilmiş tac qoymuş Baxus və özündən çıxmış eşq mələyini sinəsinə sıxmış Veneranın təsviri verilən barelyeflərlə bəzədilibmiş.
Akropoldan təxminən üç yüz metr aralı Roma imperiyasının son dövründə tale ilahəsi Fortunanın şərəfinə kiçik, həqiqətən çox balaca bir məbəd tikilib. Bu dairəvi gözəl məbəd Yupiter məbədi ilə rəqabətə girə bilməzdi, ona görə də antik müəlliflərin əsərlərində onun haqqında heç bir məlumata rast gəlmək olmur.
Nə qədər ki, xristianlıq çoxlu şən, qəzəbli, bəzən ağılsız və yararsız, antik allahları sıxışdırıb çıxarmamışdı hələ Heliopolis çiçəklənirdi. Xristianlığın gəlməsi Heliopolisin süqutu demək idi. Hələ bir müddət akropolun qüdrətli kahinləri şəhərdə ağalıq edirdilər. Lakin ilbəil bayramlar daha sönük keçirilirdi. Qızıl Heliosun tərəfdarları getdikcə azalırdı. Bütpərəst Heliopolisin dağılması Qərbi Roma imperiyasının süqutu ilə bir dövrə düşdü.
Qəddar xristian dövləti Şərqi Roma imperiyası Bizans, antik allahlara sitayişi tövsiyə etmirdi.
Yupiterin heykəlinin məbəddən çıxarılıb əridilməsi və məbəd xəzinəsinin oğurlanmasına baxmayaraq Heliopolis şəhəri yaşayır, akropol dururdu. Nə qədər ki, Heliopolis imperiyanın mühüm ticarət mərkəzi idi, o, məbədlərsiz yaşaya bilməzdi. Ona görə də şəhərdə yeni kilsələr – xristian kilsələri tikilir, əvvəllər inşa olunmuş məbədlər xristian məbədlərinə çevrilirdi.
İmperator Feodosi IV əsrdə köhnə mehrabın yerində, akropolun mərkəzi meydanının ortasında, kilsə tikməyi əmr etdi. Kilsə “həqiqi dinin” bütpərəstlik üzərində qələbəsini göstərməli idi. Kilsə çox tələm-tələsik, ucuz və sadə tikildiyindən ondan bir neçə on il sonra iz belə qalmadı. Fortuna məbədi də xristian kilsəsinə çevrilmişdi. Məbədi müqəddəs Varvara kilsəsi adlandırdılar.
İmperator Yustinian əmr etdi ki, akropol meydanının porfir sütunları çıxarılıb, Konstantinopola aparılsın. Bu əmr akropolun dağılmasının rəsmi etirafı idi. Sütunlar yenə də uzun yol keçdi. Sütunları diyircəklə Beyrut limanına gətirib, gəmilərə qaldırır və dənizlə yeni paytaxta aparırdılar. Bu sütunlardan Konstantinopoldakı xristian kilsəsi Aya Sofiyanın (Müqəddəs Sofiya) tikilişində istifadə olundu. İndi bu sütunlar Şərq dünyasının hər tərəfindən gətirilmiş xristianlıq tərəfindən məhv edilmiş əzəmətli və gözəl memarlıq abidələrinin qalıqları arasında İstanbulun Aya Sofiyasında durur.
Təbiətin düşmən qüvvələri elə bil Heliopolisin zəifləməsini gözləyirdilər. Bir neçə zəlzələ bir-birinin ardınca şəhəri bərk silkələmiş, evləri və kilsələri dağıtmışdır. Təkcə Yupiter məbədi möhkəm durur.
Bir neçə əsr sonra bizanslı xristianlar keçmiş əhəmiyyətini itirən, Livan dağlarının ətəyindəki dağılmış şəhərciyi tərk etməli oldular. Onların yerinə ərəblər gəldilər. Elə bu zaman belə bir əfsanə yarandı ki, məbədləri və nəhəng daş döşənmiş meydanları Süleyman şahın cinləri tikmişdir.
Ərəblər yeni qüvvə ilə akropolu büsbütün dəyişməyə və yenidən qurmağa başladılar: daha doğrusu, akropoldan qalmış dağıntını. Ərəblər buraya gələnədək beş əsrdən çox ömür sürmüş məbədlər özünün möhkəmliyini itirmişdi. Yupiter məbədinin bir neçə gözəl sütunu uçmuş və onların kapitelləri akropolun həyətinə diyirlənmişdi. Zəlzələlər akropolun divarının böyük bir hissəsini və girişi uçurmuşdu. Ərəblər akropolu qalaya çevirdilər. Nəhəng daş plitələrlə möhkəmləndirilmiş hündür təpə sanki istehkamçıları bundan istifadə etməyə çağırırdı. Uçmuş plitə və sütunlardan yeni divar və istehkamlar düzəldilirdi. Xarabalıqlar arasında məscid tikildi. Bundan bir qədər böyüyü akropolun xaricində ucaldı. Yenə allahlar bir-birini əvəz etdi. Onlara sitayiş edənlər isə yenə də elə düşünürdülər ki, məhz onların allahları həqiqi allahlardır və məhz onlar dünya üzərində hökmranlıq edə bilərlər.
Lakin Yupiter məbədinin sütunları allahların və bayraqların dəyişilməsini yenə də görməli oldu. Antioxlu Boemundun və Edesli Raymondun səlibçilər ordusu qalanı zəbt edib, bir müddət burada özlərini Dəməşq ordusundan qorudular, səlibçilər məscidləri talan edib tələm-tələsik orada xristian allahının hökmranlığını bərpa etdilər. Bir neçə həftədən sonra isə səlibçilər çıxıb getdilər. Məscidlərə mollalar gəldi. Yupiter məbədinin saralmış sütunları bu hərc-mərcliyə laqeydliklə baxırdı. Şərəflərinə məbədlər ucaldılmış allahlar elə yox olublar ki, hətta bu yerlərdə onların haqqında heç bir xatirə qalmayıb. Ona görə də Yupiterin, yaxud Marsın təsvirinə rast gələn müsəlmanlar və xristianlar özlərinin əhvali-ruhiyyəsindən və təxəyyülünün gücündən asılı olaraq, onları bəzən iblisə, bəzən də qədim dünyanın qəhrəmanlarına oxşadırdılar.
Şəhərin Heliopolis adı unuduldu. Qədim Baalbek adı qaytarıldı. 1751-ci ildə Baalbekin xərabələrini görmüş bir ingilis səyyahı öz qeydlərində yazırdı ki, yoxsul çirkli şəhərciyin mərkəzində doqquz nəhəng sütun durur. Ətrafa çoxlu daş və plitə tökülüb.
Otuz il sonra buraya gəlmiş fransız səyyahı sütunların yalnız altısını görür: 1759-cu ildə baş vermiş zəlzələ sütunların üçünü yıxmışdı. Fransız səyyahı sütunlar arasından ucalan hərbi qüllənin dağıntılarına da diqqət yetirir. Fransız bilmirdi ki, bu qülləni XII əsrdə Dəməşqin hakimi Bəhram şah tikdirib. İlk Avropa səyyahı Baalbekə gələnə kimi, şəhər özünün hərbi əhəmiyyətini artıq çoxdan itirmişdi.
Heliopolislə Almaniya imperatoru da maraqlanmışdı. Bu, əsrimizin əvvəlində oldu. Alman arxeoloqları şəhərin ilana uyğun surətdə qazıntısına başladılar. Onlar kiçik dairəvi Fortuna məbədini təmizlədilər. Bu məbəd əsrlərlə yaşayış evlərinin arasında, torpaqla yarıörtülmüş halda və hasarlar arxasında qalmışdı. Məlum oldu ki, məbəd zamanların keşməkeşindən zərər çəkməyib. Sonralar burada fransız arxeoloqları da işləmişlər. Nəhayət, estafeti Livanın antik işlər üzrə Departamenti qəbul etmişdir.
Bu gün Baalbek özlüyündə nədir? Heyrətli olsa da şəhərin və akropolun coşqun və kədərli həyatı onu yer üzündən tamamilə silməyib. Roma və Livan memarları şəhəri o qədər möhkəm, əsaslı tikmişlər ki, Baalbekdə xristian və müsəlmanların dövründən daha çox məhz Roma dövründən nişanə qalmışdır.
Bu heç də o demək deyil ki, Roma dövründən çox şey qalmışdır: lakin nə Bizansdan, nə səlibçilərdən, nə də ki, xilafətdən, təqribən, heç bir şey qalmadığını nəzərə alsaq, onda bütpərəst allahların qüdrətini aydın təsəvvür etmək olar.
Yupiter məbədinin altı nəhəng sütunu, pilləkəni və platforması hətta bu gün belə Baalbekə gələn hər bir adama heyranedici təsir bağışlayır. Günəş batanda məbədin sarımtıl daşları parlayır və bir neçə kilometr uzaqdan aydın görünən sütunları, darvazası heç bir yerə açılmayan zəfər tağlarına oxşayır.
Xristian kilsəsinin dağıntılarından təmizlənmiş akropolun mərkəzi meydanında duran mehrab, məbəddən qopub tökülmüş sütun parçalarının və plitələrin üzərində əzəmətlə ucalır. Mərkəzi meydanın porfir sütunları hələ bu günə kimi allahların və qəhrəmanların heykəlləri saxlanılan zirzəmiləri qoruyur. Bizans dövrünün ilk əsrlərində xristianlığın puritanları bu heykəlləri qırıb tökmüşdür. Onların dağıda bilmədiklərini müsəlman mücahidləri məhv etdilər.
Heliopolisin ən böyük məbədlərindən ən yaxşı qalanı Baxus məbədidir. Uzaqdan məbəd bütöv görünür. Lakin bu belə deyil. Məbədin yalnız iki tərəfinin divarları və sütunları qalıb. Məbədin xarabaları bir abidə kimi, bir sənət əsəri kimi o qədər möhkəm və əzəmətlidir ki, burada dram və musiqi üzrə beynəlxalq festivallar keçirilir. Hər il dünyanın ən yaxşı teatr və orkestrləri Baalbekə gəlir və tamaşaçılar müasir konsert salonlarının hər birindən böyük olan bütpərəstlər məbədinə toplaşırlar. İldə bir dəfə Baalbek canlanır. Əvvəllər bu məbəddə qədim dünyanın şən və dəyişkən allahlarına, sonra müqəddəs Məryəmə, daha sonra Məhəmmədə sitayiş edirdilərsə, indi Yupiter və Veneranın bütpərəstlik dövrü yenə də Baalbekə qayıtmışdır. Məbəd incəsənət ilahələrinin – muzaların ixtiyarına verilib.
Palmira
Məğrur Mələkə Zeynəb xanım

Mən hələ lap uşaqlıqdan “Şimali Palmira” papirosunu yaxşı xatırlayıram. Ağüzlü qabın üstündə birja binasının önündə rostral sütunlar ucalırdı. Bu, sirli qab idi. Mən bilirdim ki, Leninqrad1 – “İkinci Venesiyadır”. Bunu anlamaq çətin deyildi: Venesiya da dəniz sahilindədir, onun da çoxlu kanalları var. Venesiya da adalar üstündədir. Bəs Palmira? Əgər belə bir şəhər varsa, ehtimal ki, orada palmalar bitir, Leninqradda isə palma yoxdur.
… Əfsanəvi şəhər, bəşəriyyət tarixinin səhifələrində meteorit kimi görünən qədim Şərqin ən gözəl şəhəri Palmiranın taleyi müəyyən qədər Biblin və Baalbekin taleyinə bənzəyir. Bəlkə ona görə ki, bu şəhərlərin hamısı eramızdan əvvəl yaranmış və onların çiçəklənməsi (yaxud ikinci dəfə doğulması) Roma imperiyasının hökmranlığı dövrünə təsadüf edir. Bəlkə də ona görə ki, onlar coğrafi baxımdan bir-birinə yaxın olduqları üçün Baalbekin küçələrində əsən quru küləklər, Palmira forumunun sütunlarını da döyür. Biblin və Baalbekin sakini Roma Suriyasının başqa şəhərlərində olarkən, Palmiranın böyük bazarlarının səs-küyünü Bibl limanından qalxan hay-küylə müqayisə edə bilərdi.
Hər halda Palmiranın adı digər şəhərlərin adlarına nisbətən daha məşhurdur. Baalbek və Bibl adları az adama məlumdur, ancaq “Palmira”nın əslində nə olduğunu və nə ilə şöhrətləndiyini o qədər də yaxşı bilməyən hər bir adam bu sözü eşidib. Palmiranın taleyi faciəli olub. Bu şəhər digər qonşuları kimi əsrlərlə tədricən tənəzzülə uğramayıb, yalnız bir gecədə məhv olub.
Romanın Suriya əyalətinə qayıdaq. Biz Bibl və Baalbekə baxarkən, orada olmuşduq. İndi həmin şəhərlərin küçələri ilə Dəməşqin şimal-şərqinə tərəf, səhraya getməliyik.
Hələ indi də bu yerlərdə Qədim Roma dövründən az da olsa xatirə qalıb. Pompey eramızdan əvvəl 64-cü ildə Suriyanın bir hissəsini zəbt etdi. Roma legionları çılpaq dağların yamaclarında ilk dəfə düşərgə saldılar. Uzun müddətə. Bir neçə əsrə. Romalılar istəyirdilər ki, Suriya onlara əbədi itaət etsin. Suriya qədim dünyanın böyük ticarət yolu üçün əsas açar idi. Bu yol Atlantik dənizinin sahillərindən – İngiltərə vadilərindən və İspaniya dağlarından başlanır, Roma və Yunanıstandan keçir, Aralıq dənizinin şərq sahilində isə Qərbdən – İtaliyadan, Yunanıstandan, Misir və Tunisdən gələn gəmilərin yolu, Şərqdən – Ərəbistan, Hindistan və Çin gəmilərinin yolu ilə birləşirdi. Şərqdən ipək parçalar, ətriyyat, ədviyyat, çini qablar, qiymətli daşlar gəlirdi. Hindistanın ixracı ildə yüz əlli milyon sestersiyə çatırdı. “Biz qadınlara və bəzək-düzəyə bu qədər xərcləyirik” – deyə Pliniy şikayətlənirdi. Yenidən qurulmuş bu əyalət Romaya taxıl, meyvə, zeytun yağı, xurma və şərab vermək üçün lazım idi. Sidonda ən yaxşı şüşə, Tirdə isə al yun köynəklər – dizə qədər çatan tunikalar istehsal olunurdu.
Roma imperiyası bir əsrdən çox müddət ərzində Suriya ilə həmsərhəd olan böyük və kiçik ölkələri tədricən udmağa başladı. Paytaxtı Petra şəhəri olan Nabatey dövləti Romanın hökmranlığını qəbul etdi. Palmira şahlığı da Romanın hökmranlığını qəbul etməli oldu.
Palmiranın misilsiz oxatanları Trayanın Dakiya yürüşündə iştirak edirdilər. Nabatey legionları cənub sərhədlərinin keşiyini çəkirdilər. Roma imperatorları veteranlara Suriyadan torpaq və qul paylayırdı. Bu quru, fəqət məhsuldar ölkədə yaşayış xərcləri çox deyildi. Yüz əlli Suriya dinarı ilə ailə bir il yaşaya bilərdi. Üzüm bağlarında işləyən isə gündə bir dinar qazanırdı.
Suriya Roma əyalətləri içərisində ən varlı ölkəyə çevrilirdi. Ölkənin şəhər və kəndlərində ərəblər, yəhudilər, arameylər, nabateylər, farslar, ermənilər, romalılar və yunanlar yaşayırdılar. Əyalətin mərkəzi Antioxiyada, indi birlikdə götürdükdə üç şəhərdə – Hələb, Dəməşq və Beyrutda yaşayan əhalidən çox adam yaşayırdı. O zaman burada böyük şəhərlər indikindən çox idi. Təkcə indi yalnız tədqiq olunmamış, dağıntıları qalmış Apameydə arxeoloqların hesablamasına görə yarım milyona qədər adam yaşayırmış. Arxeoloq Lourens müasir Hələb şəhərinin otuz kilometrlik radiusunda yüz iyirmi ölü şəhər saymışdır.
Roma imperatoru Diokletian (284–305) Yerusəlimin yaxınlığındakı Bosradan Dəclə çayının üstündəki Mosula qədər möhkəm sədd (Diokletian səddi) tikməyi əmr edir. Səddin uzunu təxminən min kilometrdir. Sədd əyaləti farsların hücumlarından qorumalı idi. Əsrimizin otuzuncu illərində səddin təyyarə vasitəsilə şəklini çəkmişlər. Bu, sıra ilə tikilmiş qalalardan və istehkamlardan ibarətdir. Hər qalada çarhovuz, əsgərlər üçün kazarma və gəlib-keçən karvanlar üçün isə sığınacaq var idi. Qalalar bir-birindən çox aralı deyildi. Postları birləşdirən divarlar alçaq idi, çünki farsların və parfiyalıların atları belə maneələr üstündən tullanmağa öyrədilməmişdi.
Əsas şəhərlər bir-biriləri ilə daş döşəməli yollar vasitəsilə əlaqə saxlayırdı. Bu yollardan indi də istifadə etmək olar. Yollar çox yaxşı saxlanılırdı, yol qırağına dirəklər basdırılırdı, çökək yerlərdə isə daşqın zamanı su yolu basmasın deyə, yolun qırağına divar çəkilirdi. Yollar, adətən, uzun müddətə tikilirdi. Yerli mühəndislər öz dövrlərinə görə heyrət ediləcək ustalığa nail olmuşdular.
Aerofoto şəkillər göstərir ki, indi adam yaşamayan çöllər və səhralar suvarılırmış. Dəməşqdən Palmiraya gedən yolun qırağında qumla örtülmüş saysız-hesabsız hovuz, kanal, su anbarı və su kəmərləri görünür. Su elə o zaman da səhrada çox lazım imiş, lakin indi bu yerlərdə yaşayanlar suyun bolluğunu ancaq arzulaya bilərlər. Halbuki iki min il bundan əvvəl burada yaşayanlar suya ehtiyac duymurdular. İndi Roma akveduklarının saldığı kəndlərdə suyu qiymətli bir sərvət kimi şüşə qablarda saxlayırlar. Yerlilər bu suyu uzaqlardan – dərin quyulardan çəkirlər.
Əl-Harbakdakı sədd o dövrün mühəndislik sənətinin nümunəsi sayıla bilər. Bu sədd yayda quruyan və yağışlar yağanda coşqun sel əmələ gətirən vadidə tikilmişdir. Sədd tamamilə salamat qalıb, özülünün qalınlığı və hündürlüyü iyirmi metrə, uzunu yetmiş metrə çatır. Hovuz yüz qırx min kubmetr su tuturdu. İki min il ərzində səddin üzlüyünün yalnız bir peçə plitəsi qopub dərəyə düşmüşdür, qalan hissəsi isə salamatdır. Səddin eni yeddi metr olan divarının üstündən yol salınıb.
Bu böyük əyaləti qorumaq asan deyildi. Əyalətin sərhədləri dağlardan və səhralardan keçirdi. Qonşu rəqiblər – əvvəlcə parfiyalılar, sonra farslar – Suriyanın bərəkətli çöllərinə və böyük şəhərlərinə can atırdılar. Qarnizon xidməti Roma legionerləri üçün asan deyildi.
Roma burada on illərlə özünü doğrultmuş siyasət yeridirdi. Roma əvvəllər müstəqil olan ölkələri müstəqillikdən tamamilə məhrum etməyə çalışmırdı. Onlar zəbt olunmuş ölkələrdə taxt-tacı Romaya sədaqətli olan adamlara verirdilər. İrod sülaləsinin hökmranlıq etdiyi İudeya, nabateylərin Petrası, Suriyanın cənubundakı Dekapolis şəhəri və Palmira şahlığı bufer dövlətlərə çevrildilər. Bu ölkələr Romaya xərac verməli və karvan yollarını qorumalı idilər. Bunun üçün ticarətdəki vasitəçilikdən alınan gəlirin müəyyən hissəsi ölkə başçılarının kisəsinə axırdı. Buna itaət etməyəndə isə, Roma legionları ölkəyə soxulur və dünya üzərində özlərinin ağalıq etmək hüququnu sübuta yetirirdilər.
…Müasir Dəməşq şəhərindən yüz kilometr aralı olan vahədə karvan yollarının birləşdiyi yol ayrıcında, eramızdan çox əvvəl ərəb tayfaları yaşayırdılar. Orada Tadmor adlı kiçik bir şəhərcik vardı. Şəhərciyin sakinləri göylər allahı Vala və Günəş allahı Belaya sitayiş edirdilər. Şəhərdə çoxlu karvansara, bazar, Belanın məbədi, çiy kərpicdən və daşdan tikilmiş iki-üç yüz ev vardı.
Vahədə su çox idi. Şəhər on minlərlə adamı ərzaq və su ilə təmin edə bilərdi. Ona görə də şəhər böyüyür və varlanırdı. Burada nəinki cənubdan – Səudiyyə Ərəbistanından və Misirdən gələn yol, həmçinin Qərb-Şərq yolu da birləşirdi. Heç də heyrətli deyil ki, şəhərdə, daş kitabələrin verdiyi məlumata görə, ən hörmətli adamlar “karvan başçıları” və “bazar darğaları” idi.
Pompeyin legionları vahəyə çata bilmədilər. Bunu 25 il sonra Mark Antoni etdi. Ancaq Antoni də Tadmorun divarlarından geri çəkilməli oldu. İyirmi il keçəndən sonra şəhər Romanın hökmranlığını qəbul etdi. Şərqin bütün dövlətlərini zəbt etmiş nəhəng bir dövlətlə təkbətək vuruşmaq Tadmor hökmdarlarının qüvvəsi xaricində idi. İmperator Adrianın (II əsr) dövründə Tadmor artıq Romanın vassalı idi. Daha heç kim şəhəri əvvəlki ərəb adı ilə adlandırmırdı. Şəhərə yeni ad verdilər – Adrian Palmira. Şəhərə bu ad, 130-cu ildə, imperator Adrianın gəlişi şərəfinə verildi. İmperator Septimiy Sever isə Palmiranı və ona tabe olan vahə şəhərlərini imperiyanın əyalət şəhərlərinə çevirdi. Bir neçə il sonra isə Palmira imperiya koloniyası hüququnu (status) aldı.
Lakin Palmira Roma ilə Parfiya arasında gedən müharibə zamanı öz bitərəfliyini saxlayırdı. Qədim dünyanın nəhəngləri arasındakı münasibət nə qədər pis olsa da, Roma və Parfiya orduları nə qədər gərgin vuruşsa da, dövlətlər bir-birinə nə qədər ciddi notalar (xəbərdarlıq) göndərsələr də, Roma patrisiləri ipəyə, ətriyyat və ədviyyata, Parfiya əyanları isə Roma mallarına ehtiyac duyurdular. Odur ki, Parfiyadan və Romadan gələn karvanlar həmişə burada, Palmirada görüşür, bazarlarda hər iki tərəfə əlverişli olan ticarət əmin-amanlığı hökm sürürdü.
Palmira oxatanları – qədim dünyanın ən mahir atıcıları —kiçik dəstələrlə yürüşə çıxır və onlara ehtiyac duyulmadıqda isə geri qaytarılırdılar. Onlar Palmiranın varlanmaq hüququ üçün verdiyi bac idi. Bunu romalılar da, parfiyalılar da başa düşürdülər.
Şəhərdə nəhəng məbədlər, teatrlar, cıdır meydanları, hamamlar və saraylar tikilirdi. Roma dəbi şəhərə nüfuz edir, uşaqlara Roma adları qoyulurdu. Ancaq şəhərin əsas məbədi yenə də Bela məbədi idi. Uşaqlara Roma adları ilə yanaşı ərəb adı da verilirdi. Şəhərin ən əzəmətli yeri, Romada olduğu kimi forum, akropol deyil, bazar idi. Bazar böyük idi, dörd tərəfində sütunlar ucalırdı, dükanlar isə saraylara oxşayırdı. İndiyədək qalmış şəhər teatrı qədim dünyanın ən böyük teatrlarından pis deyildi. Mərkəzi salonun sahəsi iki yüz kvadrat metr olan Bela məbədi yalnız Heliopolisdəki Yupiter məbədindən kiçik idi. Hələ o zaman Palmira sözü, gözəllik və kamillik rəmzi idi. Şəhər özünün gözəlliyi, şöhrəti, zənginliyi ilə fəxr edir və Romanın hökmranlığını etiraf edərkən, onu özünün hökmdarından çox müttəfiqi sayırdı.
Palmiralılar döyüşçü deyildilər. Oxatanlar sayca az idi. Onlar əsas etibarilə keşik dəstələrində qulluq edirdilər. Lakin elə oldu ki, Palmiranın qonşuları vahədə yaşayanlar haqda fikirlərini dəyişməli oldular.
260-cı ildə İran şahı I Şapur Roma imperatoru Valerianı əsir tutub onun legionlarını darmadağın etdi və Roma Suriyasının böyük bir hissəsini zəbt etdi. İran ordusu Palmiranın divarlarına yaxınlaşırdı. Romalılar Palmira şahı Odenata (ərəbcə Udhayn) müraciət edib, kömək istədilər. Sözünə sadiq olan Odenat Palmira ordusunu toplayıb farsların üstünə hücum çəkdi, onları İranın paytaxtı Ktesifona qədər qovub darmadağın etdi. Palmira ordusu zəngin qənimətlə geri qayıtdı.
Odenat İranla uzun müddət davam edəcək müharibə aparmaq istəmirdi. Bundan yalnız romalılar qazanardılar. Ancaq müharibənin qarşısını almaq mümkün olmadı. Böyük zərbədən sonra özünü ələ alan farslar romalıların üzərinə yenə hücum etdilər. Bu dəfə də farsların üzərindəki qələbədə Palmira ordusu həlledici rol oynadı.
Bu qələbənin şərəfinə Romanın yeni imperatoru Odenatı Şərqin vitse-imperatoru – Roma imperiyasında ikinci şəxs elan etdi. Bu məcburi minnətdarlıq idi. Roma qorxurdu ki, Palmira ordusu ondan üz döndərsin. Bu isə Romanın Asiyadakı əyalətlərini, malikanələrini itirmək, imperiyanın ölümü demək idi. Onların yeganə ümidi Palmira vahəsinin süvariləri və oxatanları idi. İmperator Qallien hətta Odenatı özünə bərabər tutub, ona şah yox, imperator adı verdi. Odenat üstəlik, Asiyadakı Roma legionlarının sərkərdəsi elan olundu. Bu gündən Odenat Suriya, Ərəbistan və hətta Ermənistan üzərində tam hakim oldu. Palmira Asiyanın birinci şəhəri, Yaxın Şərqin paytaxtı oldu. Romalılarla dostluq əbədi olmadı. Roma yaxşı bilirdi ki, Asiyada özünə bərabər bir hökmdarı tanımaq necə də təhlükəli ola bilər. Lakin rütbəni və ordunu almaq üçün bəhanə yox idi, Odenat xəyanətə meyl etmək fikrində deyildi. İldən-ilə ərəb imperatorunun nüfuzu ilə bərabər onun gücü, qüdrəti də artırdı. Roma onu artıq özünün düşməni elan edə bilməzdi, odur ki, yoxlanmış və sınaqdan çıxarılmış yalnız bir çıxış yolu qalmışdı – cinayət.
266-cı ildə Odenat böyük oğlu ilə Emessə dəvət olunub xaincəsinə öldürüldü. Cinayəti yerinə yetirənlər romalı deyildilər, odur ki, Romadan “dərin hüznlə başsağlıqları” gəldi. Roma imperatoru Şərqin ən böyük sərkərdəsinin ölümünə kədərlənmişdi. Elə bil təhlükə aradan götürülmüşdü. Odenatın kiçik oğlu hələ lap uşaq idi. Palmira ikinci dərəcəli dövlətlər sırasına salınması ilə razılaşmalı olacaqdır.
Ancaq romalılar mühüm bir şeyi nəzərə almamışdılar. Odenatın arvadı Zenobiya, – onun ərəbcə adı Zeynəb idi – nəinki təkcə gözəl qadın, həm də qədim dünyanın ən ağıllı və cəsur qadınlarından biri olduğunu göstərdi. Zenobiya tacı kiçik oğlunun başına qoyub, özünü Şərqin mələkəsi elan etdi.
Romalılar təhlükəni o saat dərk etmədilər. Onlar belə düşünürdülər ki, Zenobiya hələ gənc qadındır, özü də çox çətin ki, Odenatın ordusu qadının başçılığı altında döyüşə getsin. Palmira ordusunun sərkərdələri Zəbbey və Zəbdanın sözünü gözləmək lazım idi. Sərkərdələr isə gözəl mələkəyə sadiq olacaqlarına and içdilər. Ordu da Zeynəbin tərəfinə keçdi.
Roma legionları Suriya şəhərlərindən baş götürüb qaçırdılar. Palmira ordusu xaincəsinə öldürülmüş şahın intiqamını almaq üçün irəliləyirdi.
Kiçik bir vahə ilə Roma imperiyasının nəhəng hərbi maşını arasında gedən müharibə üç il davam etdi. Zenobiya öz ordusu ilə bütün Suriyanı və Fələstini, Misiri və az qala bütün Kiçik Asiyanı zəbt etdi. 270-ci ildə Roma legionları müasir Ankara rayonuna geri çəkildilər. Zenobiya oğlunu Misirin şahı elan etdi. Bizim dövrümüzə qədər onum sikkələri gəlib çatıb. Bu sikkələr romalılarınkından fərqlənir: sikkələrin üstündə imperatorun təsviri yoxdur.
Zenobiyanın Romaya qarşı mübarizəsi bir də onunla asanlaşırdı ki, romalıların fəth etdikləri ölkələrin sakinləri Palmiranın ordusunu xilaskar kimi qarşılayır və Zenobiyanın dəstələrinə qoşulurdular.
Zenobiya nə qədər şücaətli olsa da, müharibənin nəticəsi aydın idi. Bütün zamanlarda müharibənin nəticəsini sərkərdələrin qəhrəmanlığı deyil, iqtisadiyyat müəyyən edir. Palmira vahəsi uzun müddət müharibə aparan böyük ordunu təmin edə bilməzdi. Çoxsaylı müttəfiqləri yedizdirmək üçün Palmira xəzinəsinin qüvvəsi çatışmadı. Müttəfiqlər də kifayət qədər sədaqətli və möhkəm deyildi. Romalılar onların bəzilərini pulla ələ alır, digərini qorxudur, üçüncüsünü isə darmadağın edirdi. Zenobiyanın tutduğu böyük ərazi, bəzən bir-birilə düşmənçilik edən dövlətlərin konqlomeratı idi. Mələkəyə sadiq olan dəstələr isə bir-birindən min kilometr aralı düşmüşdü.
Bir neçə vuruşmadan sonra Zenobiyanın ordusu Zəbdanın başçılığı altında Antioxiya yaxınlığında məğlubiyyətə uğradı, 272-ci ildə isə ordunun qalan hissəsi Emesdə, altı il əvvəl Odenatın öldürüldüyü şəhərdə, tamamilə darmadağın edildi. Elə həmin ildə Palmira süqut etdi.
Məğrur ərəb mələkəsi Zeynəb səhraya qaçdı. Romalılar onu xeyli izlədikdən sonra tutub, imperator Avrelian Romaya qayıdanda, zəfər mərasimi zamanı qızıl zəncirlərlə sarıyıb imperatorun döyüş arabasının qarşısında apardılar.
Lakin bu zəfər mərasimindən əvvəl Avrelian Palmirada bir dəfə də olmuşdu. Həbs edilmiş mələkəni aparan dəstə sahilə çatmamış xəbər gəldi ki, Palmira üsyan edib, mələkənin tərəfdarları hakimiyyəti yenə ələ almışlar. Avrelian şəhərə qayıdıb onu ikinci dəfə tutdu. Bütün şəhər divarlarını, məbədlərin bir hissəsini dağıtdı və vahənin mərkəzini talan etdi. Bela məbədinin bütün xəzinəsi Romaya aparıldı, orada Yupiter məbədi ucaldıldı və bütün xəzinə Yupiter məbədinin ixtiyarına verildi.
Məbədləri və evləri dağılmış, sakinləri öldürülmüş, yaxud qul edilmiş Palmira bir gecədə məhv oldu. Lakin romalıların partladıcı maddələri yox idi. Odur ki, böyük məbədlər, teatrlar, bazar, zəfər tağları və sütunlar salamat qaldı. Palmira əvvəlki əzəməti daha heç vaxt görmədi. Ancaq ötən min yeddi yüz il ərzində şəhər heç dəyişməyib2. Səhranın quru havası buranı axırıncı dəfə tərk edən Roma legionerindən sonra necə vardısa, eləcə də saxlayıb. İnsanların daha heç zaman qayıtmadığı bu şəhərin adı gözəlliyin və kamilliyin sinonimi kimi işlənir və indi Palmiraya gələn adam, ölgün səki daşlarının üstü ilə addımlayarkən, Suriya səhrasının ortasında ucalan gözəl mənzərənin əbədi əsiri olur.
Petra
Musanın çəhrayı şəhəri

Keçən əsrin əvvəllərində Osmanlı imperiyası Yaxın Şərqi əlində möhkəm saxlayırdı. Türkiyə torpaqlarının içərilərinə getmək istəyən Avropa səyyahları başlarını itirə bilərdilər. Napoleonun Misirə hücumu ilə əlaqədar olaraq Avropada Şərq ölkələrini öyrənmək üçün oyanmış maraq o qədər güclü idi ki, yeni-yeni səyyahlar, casuslar, missionerlər Livanın və Suriyanın limanlarına girir, müsəlman tacirlərinin, dərvişlərinin və zəvvarların libasında karvanlarla səhranın əfsanəvi, unudulmuş şəhərlərinə, Məkkəyə və Mədinəyə çatmağa çalışırdılar. Doğrudur, bu şəhərlər haqda Bibliya məlumat verirdi, lakin Roma imperiyasının süqutundan sonra bu şəhərləri avropalılardan, demək olar ki, heç kim görməmişdi.
1812-ci ildə karvanla Dəməşqdən Qahirəyə getmək istəyən İsveçrə səyyahı İohann Burkhard da beləcə cındır paltar və qara saqqallı zəvvar idi. O, ərəb dilini öyrənib, səhvsiz namaz qılırdı. Dini biliyi ilə hər bir molla ilə mübahisə edə bilərdi. Doğrudur, bu bilik onu uzun yol boyu baş verən gözlənilməz ağır vəziyyətlərdən xilas etmir, bəzən onun həyatı bir tükdən asılı olurdu. Dindarlar onların arasında bir kafirin olduğunu bilsəydilər, ehtimal ki, onu hakimin ixtiyarına vermək üçün yaxın şəhərciyə kimi aparmağa tələsməzdilər; səhrada karvanları tez-tez ölüm təhlükəsi gözləyirdi, bir zəvvarın azlığını çox çətin ki, kimsə duya biləydi.
Günəşin qurutduğu Sinay dağları yekrəng və sonsuzdur. Şor su ilə dolu olan tək-tək quyular bir-birindən o qədər aralıdır ki, onlardan biri qurusa, karvan o birinə çata bilməz. İsveçrəli Bibliyanı diqqətlə oxumuşdu. Misirdən Musa ilə gələn yəhudilərin yolu burdan keçirdi. Bu boz qayaların və hər tərəfi bürümüş daşların arasında yorğun qaçqınlar ac qalır, susuzluqdan əzab çəkir və ölürdülər.
– Deməli, yol buradan keçirmiş? Məgər insanlar bu daşlı səhrada sağ qala bilərdimi?
– Səhər Musa vadisində olacağıq, – deyə sarban elan etdi.
– Bir günlük istirahət olacaq?
– Yox, biz bax o dərədə düşərgə salacayıq. Orada bulaq var.
Dağın ətəyindəki yaşıl ləkə sarbanın doğru danışdığını göstərirdi.
İohann bilirdi ki, karvan Musa dərəsindən keçəcək. Bəlkə peyğəmbərin izi məhz elə burada qalıb. Ancaq karvanı necə tərk edəsən ki, heç kim şübhələnməsin?
İrəlidə, burulub qalxan dağ hansı dağ idi? İsveçrəli dağı tanıdı. O, Dəməşqdə və yolda bu dağ haqda çox eşitmişdi. Bu, müsəlmanların müqəddəs Harun dağı idi. Dağın zirvəsinə xalis müsəlmandan başqa heç kimin qalxmağa haqqı yox idi.
Yüksüz dəvələr ağacların balaca kölgəsinə uzandılar, yolçular isə tonqalın başında dövrə vuranda, qara saqqallı zəvvar sarbana yaxınlaşdı.
– Mən Harun dağına qalxmaq istəyirəm, – dedi.
– Bu çox çətindir.
– Mən Harun dağına qurban vermək üçün keçi də gətirmişəm. Mən hələ Dəməşqdə ikən əhd etmişdim.
– Öz işindir, – deyə sarban etiraz etmədi. – Ancaq axşama kimi geri qayıt. Səhər tezdən yola düşəcəyik.
Keçi boz qayaların sükutundan qorxub mələyir və çatını dartırdı. İsveçrəli düşərgənin gözdən itməsini gözləyirdi. Budur, nəhayət, cığır iri qayanın arxasına buruldu. Ancaq hələ tez idi. Hə, bədbəxt heyvan, yerisənə, sənin üçün nə fərqi var, ya Harun dağına qurban, ya da çaqqallara yem olacaqsan. Hə, indi heç kəs görməz.
İohann keçini kəsib, kahada gizlətdi, sonra addımlarını yeyinlətdi. Günəş yuxarı qalxır, zəvvarın uzun əbası onun hərəkətinə mane olur, su ilə dolu qab isə qıçlarını döyürdü.
Burkhard boz qayaya gedən çığırdan çıxıb, aşağı qayaların arasında qaralan yarğana tərəf addımladı. Bibliya şəhəri Sinay da bu qayaların arxasında idi. Bu yarğanı – Seki-Musa öz əsası ilə yarıbmış. Yarğandan su süzülürmüş. Buradan bir neçə dəfə gəlib-keçən karvançılar belə söyləyirdilər. Doğrudur, bu sirli yarğanı çox çətin ki, görən olub.
Deyəsən, Musanın əsası düyünlü imiş, deyə səyyah düşündü. Eni iyirmi metr olan qaranlıq yarğan dar və əyri-üyrü idi. Kölgədəki qaya nəm idi, bulaq damcılayırdı. Qayanın üstündə bir neçə kol bitmişdi. Yarğanın dibi yastı idi, hər tərəfə səpələnmiş hamar, yastı daşlar buradan vaxtı ilə su axdığını göstərirdi.
Dərə birdən-birə başa çatdı, səyyahın qarşısında əfsanəvi bir şəhərin mənzərəsi açılırdı. Şəhər çəhrayı, sarı, qırmızımtıl, mavi idi, – rəngarəng qayalar hiss olunmadan sütunlarla və təmtəraqlı sütunlu tağlarla bəzədilmiş evlərə çevrilirdi. Şəhərin üzərində asılan qayalarda dördkünc pəncərə və qapılar qaralırdı, sanki sakinlər şəhəri elə bu saat tərk edib, qapı və pəncərələri örtməyi unutmuşlar.
Ancaq ilk təəssürat yanlış olur. Şəhər çoxdan, tamamilə ölmüşdü. Plitələr düzülmüş səkilərin üstü çınqılla örtülmüşdü, fəvvarələr və hovuzlar qurumuş, toz basmış, məbədlərin və evlərin divarlarını, sütunları səmum yeli didmişdi.
İohann ikimərtəbəli binanın önündə dayandı. Bina tamamilə salamat qalıb, yalnız bir sütunu uçub. İlk baxışdan aydın görünürdü ki, bina Roma memarlığının güclü təsiri altında tikilmişdir. Bəlkə də onu romalılar tikmişlər. “Romamın sarayları da məhz belə olub” – deyə İohann düşündü. Ancaq binanın və yaxınlıqda olan evlərin bir cəhəti xüsusilə qeyri-adi görünürdü. Saray, məbəd və ehramların hamısı qayada yonulmuşdu, bütöv və monolit idilər.
Evlər qayalarda çox dərin yonulmayıblar, bəzən təkcə yaxşı işlənmiş fasad saray təsəvvürü yaradırdı. Fasadın arxasında isə dar oyuqdan başqa heç bir şey yox idi. Bu da teatr-şəhər dekorasiyası əmələ gətirirdi. Elə bil bu teatrı uzun müddətli əməyinə heyfi gəlməyən hansısa bir zarafatcıl öz zövqünü oxşamaq üçün yaradıb.
Bütün fasadlar romalılarınkına oxşamırdı. Burkhard Misir məbədlərinə bənzər tikililəri olan küçəyə yönəldi. Məbədlərin çoxu səyyahın indiyədək rast gəlmədiyi naməlum memarlıq üslubunda tikilmişdi.
Budur, onun gözlərinə yenə də qayada yonulmuş əsil evlər dəyirdi. Evlər ikimərtəbəli idi. Yuxarı, ehtimal ki, pilləkənlərlə qalxırlarmış, ancaq pilləkənlər qalmamışdı.
Burkhard bütün şəhərdə ayrıca duran yalnız iki tikili gördü. Bu, kiçik məbəd və Roma dövründən qalmış zəfər tağları idi. Çınqılla örtülmüş məbədin yalnız dəyirmi günbəzi görünürdü. Əgər bu məbəd Roma dövründə tikilibsə, deməli, dünyada ilk günbəzli binadır.
Günəş qüruba enirdi, qayıtmaq lazım idi. Səyyah ətrafdakı hündür qayalardan birinin üstünə qalxmaq istədi: bəlkə Musanın izi buradadır. Burkhard tamamilə əmin deyildi ki, şəhəri qədim yəhudilər tikib və burada yaşayıblar.
O, amfiteatra gəldi. Amfiteatrın səhnəsini və aşağı sıraları torpaq örtmüşdü, ancaq həmişə adamla dolu olan bu teatrı olduğu kimi təsəvvür etmək çətin deyildi. Səyyah özünü hətta bir az pis hiss etməyə başladı. O, əsrlərlə boş qalmış şəhərin ortasında dururdu. Birdən ona elə gəldi ki, bu saat bu sirli şəhərin qanuni sakinlərinin qəzəbli, kinli kölgələri gələcək.
Uzun əba geymiş qara saqqallı adam şəhərdən çıxmağa tələsdi, dar dərəyə doğru addımladı. Qürub edən günəşin şüaları əfsanəvi sarayların divarlarını al qan rənginə boyadıqca, divarlar sanki bir-birinə yaxınlaşıb bu çağırılmamış qonağı əzmək istəyirdi. Son iki kilometr Burkhard əyri-üyrü dərə ilə yüyürməyə başladı, ona elə gəlirdi ki, arxadan kiminsə ayaq səsləri eşidilir.
Karvançılar zəvvarı zarafatla qarşıladılar. İsveçrəli o qədər yorğun görünürdü ki, elə bil səhrada həftələrlə susuz qalmışdı.
Burkhardın Musa şəhəri haqdakı qeydləri on il sonra, daha doğrusu, səyyah öləndən sonra dərc olundu. Qeydlər nə qədər qısa olsa da, Sinay səhrasındakı sehrli şəhərə maraq oyatdı. Bu şəhər haqda söhbət edir, yazır və fərziyyələr yürüdürdülər. Bir çox səyyahlar Burkhardın yolu ilə getdilər, tarixçilər qədim əlyazmalara müraciət etdilər qızğın mübahisə başlandı.
Bibliyanın tərəfdarları sübut edirdilər ki, romalıların Petra adlandırdıqları bu şəhər, Bibliyada adı çəkilən Sinay (Petra yunanca “qaya” deməkdir) şəhəridir. Qədim yəhudilər köçən zaman məhz burada dayanıblarmış, sehrli şəhəri də elə onlar tikmişlər. Bəzi sənədlər də tapıldı, onlarda deyilirdi ki, səlibçilərin kralı I Bolduinin salnaməçisi və kapellanı Fulçer 1101-ci ildə bu şəhərdə olmuşdur. O da belə hesab edir ki, bu şəhər – elə həmin Sinay şəhəridir.
Lakin Burkhardın tapdığı bu şəhərə nə qədər adam gəlirdisə, Petranın tarixinə aid daha çox sənədlər tapılır və Bibliya rəvayəti tərəfdarlarının mövqeyi zəifləyirdi. XX əsrin əvvəlində aparılan arxeoloji qazıntı Bibliya tərəfdarlarının fikrini alt-üst etdi. Petra şəhərinin nə Musaya, nə də Misirdən köçən yəhudilərə dəxli var. Eramızdan qabaq VI əsrin əvvəllərində ərəb tayfasından olan nabateylər Sinay dağlarına köçür. Şimaldan gələn nabateylər edomitlər tayfasını sıxışdırıb çıxarır. Edomitlərin əsas şəhəri olan Sela vahədə yerləşirdi. Qədim dövrün hərbi və ticarət yollarından kənarda, dağlar arasında gizlənmiş bu şəhər, çoxlu bulaqları olan bu vahə ideal qalaya bənzəyirdi, çünki buraya gedən yeganə yolu – iki kilometr enliyində olan Sek yarğanını bir neçə döyüşçü asanlıqla qoruya bilərdi. Sonralar nabateylər qonşu tayfaları özlərinə tabe etmiş və bütün Sinay dağları rayonunda öz hakimiyyətlərini möhkəmlətmişlər. Əvvəllər yandan ötüb keçən ticarət karvanları, indi bu şəhərdə dayanır və Sela şəhəri tədricən Cənubi Ərəbistandan Suriya və Livana gedən yolun üstündə nəhəng mərkəzə çevrilirdi. Eradan əvvəl 312-ci ildə nabateylər o qədər güclü dövlət olmuşdu ki, Makedoniyalı İsgəndərin varislərindən olan Suriya hökmdarı Antiqonun iki hərbi yürüşünü dəf etmişlər. Nabateylər Misir Ptolomeylərinin, sonralar isə Romanın müttəfiqləri idilər. Onların ordusu Roma imperatoru Qallın Ərəbistan üzərinə yürüşlərində iştirak etmişdir. Yuli Sezar nabateylərin şahı Məlikə yazırdı ki, Misir müharibəsi üçün süvari dəstəsi göndərsin. Edomitlərin mərkəzi şəhəri olan Sela, bütün dünyada Petra adı ilə tanınırdı.
Nabatey şahlığı öz qüdrətinin zirvəsinə eramıza yaxın illərdə çatmışdı. O zaman Nabatey dövlətinin sərhədləri Dəməşqə qədər uzanırdı. Ancaq nabateylər Romanın qarşısını ala bilmədilər. Suriya və Fələstinin fəthindən sonra növbə Petraya çatdı. Petranın sonuncu müstəqil şahları dağlardan müdafiə vasitəsi kimi istifadə edib on illərlə qorundular, lakin nəhayət, itaət etməyə məcbur oldular. 105-ci ildə imperator Trayan Petranı tutdu, Nabatey şahlığı Roma imperiyasına tabe edildi.
Bu heç də o demək deyildi ki, Petra müstəqilliyini tamamilə itirdi. Romalılar Palmira, Petra və Kommagen kimi kiçik şahlıqların müstəqilliyini tamamilə əllərindən almaq niyyətində deyildilər. Əksinə, Roma bu kiçik dövlətlərə müəyyən müstəqillik verib, onlardan Romanın Şərqdəki torpaqlarını hərbcil qonşu tayfalardan qorumaq üçün bufer dövlətləri kimi istifadə etmək məqsədini güdürdü. Petra Romanın Şərqdə geniş ticarətini, karvanlarını ilk növbədə parfiyalılardan və köçəri bədəvi tayfalardan qoruyan yeganə sədd idi.
Nabateylər ərəb qəbiləsi idi. Ancaq onlar aramey dilində yazırdılar (aramey dili şərqdə o zamanlar əsas dil idi). Aramey yazısından yaranan və inkişaf edən nabatey yazısı indiki ərəb yazısının əsasını təşkil edir.
Petranın ən yüksək çiçəklənmə dövrü Romanın Yaxın Şərqdə ağalıq etdiyi illərə təsadüf edir. Ərəbistandan gələn hər bir karvan şəhərdə dayanırdı. Burada bol su var idi. Ətraf dağlardan axan xırda çaylar və bulaqlar şəhəri bol su ilə təmin edirdi. Burada bir damcı su da hədər getmirdi. Bütün il boyu hovuzlar təmiz və sərin su ilə dolu olurdu.
Çox ehtimal ki, Sela şəhərinin ilk sakinləri kahalarda yaşayırdılar: yumşaq qum daşından olan qayalar asan yonulurdu. Bu yerlərdə ağaca rast gəlinmir. Şəhər eninə böyüyə bilməzdi: qayalar şəhəri möhkəmcə əhatə edirdi. Qayaların arasındakı dar dərədə ev tikmək üçün yer yox idi, qayaların zirvəsində də tikinti mümkün deyildi – zirvələrdə qədim, müqəddəs mehrablar vardı. Qayaları yonmaq lazım gəlirdi.
Maldar-edomitlər kahalarda yaşayırdılar. Kahanın gözəlliyi haqda düşünməyə onların vaxtı yox idi. Ən başlıcası bu idi ki, bura qışda tonqal yananda isti, yayda isə sərin olurdu.
Kahadan bayıra burulub çıxan tüstü dilləri qayaları qara his zolaqları ilə örtmüşdür.
Nabateylər şəhərlərini gözəl görmək istəyirdilər. Əvvəllər qəbirləri Misir və Assuriya pilonları və düz səthli divar – qayaların hamarlanmış kəsiyi ilə bəzəyirdilər. Sonra kimsə kaha darvazasının üstündə portal yondu. İlk kaha-məbəd belə yarandı.
Şəhərin ən yaxşı tikintiləri – hökmdarların, Roma qubernatorlarının və varlı tacirlərin dəbdəbəli məqbərələri, məbədləridir. Buraya dünyanın hər yerindən tacirlər gəlirdilər. Nabateylərin özləri də evdə oturmağı xoşlamırdılar. Onlar digər ölkələrdə nəyin necə tikildiyini yaxşı bilirdilər. Odur ki, əsrlər boyu qayada yonulan binaların üslubunu, Misir və Assuriya lakonizmini Roma və Bizansın son dövrlərində tikilən məbədlərin zərifliyi və təmtərağı əvəz etdi.
Romanın süqutundan sonra ticarət yolları və Petra öz əhəmiyyətini itirdi. Ancaq şəhər Romanın məhvindən sonra hələ iki-üç əsr yaşadı. Burada hətta Bizans yepiskopluğunun iqamətgahı yerləşirdi. Lakin səlibçilər dövründə Petra artıq unudulmuş və məhv olmuşdur. Kimsəsiz qalan bulaq və quyular tədricən sorulub qurudu. Susuz səhra vahəni uddu. Musanın əsa ilə dağı yarıb, bu yerlərdə öz xalqı ilə istirahət etməsi haqda əfsanələr, şəhərin əzəmətindən heyrətlənəm tək-tək köçərilərin dilində yaşayırdı.
İndi Petra qorxmaz İohannın dövründəki qədər uzaq və əlçatmaz deyildir. Əmmandan bura yol çəkilib. Petranın döşəmələri ilə addımlayan, ətrafa heyrətlə baxan turistlər dəstəsi tez-tez şah ehramlarının sütunları və teatrın pillələri fonunda şəkillərini çəkdirirlər. Arxeoloqlar son illər ərzində şəhərin əsas küçələrini təmizləmiş, şəhər ətrafındakı təpələrin zirvəsindəki məbəd və mehrabları qazıb üzə çıxarmışlar. Onlar uçmuş sütunları qaldırmış və zəfər tağlarını bərpa etmişlər. Bununla belə, şəhərin əsl tədqiqatçıların gəlişinə ehtiyacı vardır. Burada bir neçə arxeoloq və sənətşünas nəsli üçün iş tapılar.
Turistlər Sekə yaxınlaşanda onları xəbərdar edirlər: ehtiyatlı olun, Petra qonaqları asanlıqla qəbul etmir. Yox, elə düşünməyin ki, artıq çoxdan məhv olmuş nabatey döyüşçülərinin ruhu qayadakı keçidləri yenə də qoruyur. Əvvəllər insanlara itaət edən təbiət ildi qəzəbli olub. Dağlara təkdənbir yağış yağanda, əmələ gələn sel aşağı, Petraya doğru şığıyır. Əvvəllər burada hovuzlar varmış, bunlar sanki selin qarşısını alırmış. İndi isə sel, daş və palçığa qarışıb vahədən yeganə çıxış yolu Sekə cumur. Bu vaxt Petrada olan səyyah ölümə məhkumdur. Sel dərəni qəflətən, səssiz-səmirsiz ağzına götürür. Seldən yaxa qurtarmaq üçün imkan da olmur. Bu yaxınlarda Petraya gedən böyük turist dəstəsi belə həlak olmuşdur.
Lakin burada yağış az yağır, lap az. Bir ingilis şairi yüz il bundan əvvəl bu şəhər haqda yazırdı: “Çəhrayı şəhər, zamanın özü kimi qocadır”. Qayalardan yonulmuş bu sarsılmaz şəhər, gözəlliyi sevən və başa düşən kiçik xalqın əbədi xatirəsidir.
Hadramaut
Göydələnlər şəhəri

Dilçilər sübut edirlər ki, “Hadramaut” sözünü “burada ölüm var” kimi tərcümə etmək olar. Bəlkə də bu belə deyil, lakin insanların yaşaması üçün bundan yararsız yer tapmaq çətindir. Ətriyyat və qəribə parçalar gətirən karvan başçılarının söylədiklərini eşitmiş qədim yunanlar Cənubi Ərəbistanın bu daşlı dərəsini – Arabia feliks – “gözəl Ərəbistan” adlandırırdılar.
Ədəndən Hadramauta getmək istəyən yolçu yolun ağırlığına qabaqcadan hazırlıq görməlidir. Doğrudur, indi burada pis-yaxşı yollar var. Bu yollarla Hadramautun bir çox şəhərinə getmək olar. Hələ bir neçə il bundan əvvəl Hadramauta getməyə hazırlaşan karvanlar çoxlu su, qida və silahlı keşikçi götürərdilər. Quldurluğa əsl igidin şəninə toxunan bir hərəkət kimi baxmayan şeyxin təşkil etdiyi soyğunçular dəstəsinə səhrada rast gəlmək olardı.
Tək bir ağac və bədəvilərin kiçik alaçıqları ilə yeri göstərilən quyudan-quyuya doğru, uzaqdan daş qalağına oxşayan qəbiristanlıqların, sarı çılpaq qayaların dibi və sel axınlarının qurumuş məcrası ilə, hərdənbir rast gələn kəndlərin qüllələri yanından – bütün bu yad və qonaqsevməz aləmdən arabir karvanlar gəlib keçir. Daşlı, qumsal düzənliklərdə ilğımlar görünür: yolçular səma kimi mavi göllərin, ətrafında xurma ağacları bitən kəndlərin ləpələnən mənzərələrinə tamaşa edirlər.
Düzənliyin qurtaracağındakı sıldırım dağların önündə ucalan şəhər – müasir memarın böyük istedadı ilə yaranmış bu ağ və çəhrayı göydələnlər şəhəri burada neçə əmələ gələ bilərdi?
Bu adi mənzərələrə laqeydliklə baxan karvançılar addımlarını yeyinlədir və dəvələri qırmanclayırdılar.
– Şibam, – deyə kimsə elan edir. – Şibam şəhərinə yaxınlaşırıq.
…Sanki dünyanın qurtaracağında, Cənubi Ərəbistanın susuz səhraları və çılpaq dağları arasında, İran körfəzindən iki yüz kilometr aralı olan keçilməz səhrada göydələnlər şəhəri görünür. Əsrlərlə yaşayan, özünün sultanı, xurma bağları və bazarı olan bu qeyri-adi şəhərdə həyat yenə də qaynayır. Bu şəhər dünyada ən maraqlı şəhərlərdən biridir – o yenə də yaşayır.
Ərəbistanın keçmişi hələ də yaxşı öyrənilməyib. İndi orada işləyən arxeoloqların ekspedisiyaları eramızdan əvvəl Ərəbistan yarımadasının cənubunda mövcud olan bir sıra dövlətlərin uzun və mürəkkəb tarixini öyrənmək istəyirlər. Buradan Süleymanın hüzuruna qiymətli hədiyyələr gətirən mələkə Bilqeysin sirli və əlçatmaz ölkəsini coğrafiyaçılar yerin ən uzaq guşələrində, bəzən Afrikanın cənubunda hesab edirdilər.
İndi artıq dəqiq məlumdur ki, Cənubi Ərəbistanda hələ lap qədimdən semit ailəsindən olan ərəb tayfaları yaşayırdı. Şimalda yaşayan ərəblərdən fərqlənən bu tayfanın dili hətta klassik ərəb dilindən də fərqlənirdi. Bu dil həbəş dilinə yaxın idi.
Bu dövlətlər haqqında ilkin məlumatlara biz yazılı ədəbiyyatda e.ə. 288-ci illərin mənbələrində rast gəlirik. Yunan tarixçisi Feofrastın əsərində bu dövlətlərdən ən qədimi olan Səba haqqında danışılır.
Ərəbistan yarımadasının cənub sahillərində yaşayan səbalılar cənubdakı dənizlərin finikiyalıları idilər. Səba dövləti özünün əlverişli coğrafi vəziyyətinə görə digər ərəb ölkələrindən çox erkən inkişaf yoluna düşmüşdür. Səbalılar Misirdən və Avropadan Hindistana gedən yolun kənarında məskən salmışdılar. İran cavahiratı, hind parçası, Çin ipəyi, Həbəşistandan isə fil sümüyü, qızıl və dəvəquşu lələyi bu yoldan gəlib keçirdi. Səba torpağı digər ölkələrə çox lazımlı ərzaq verirdi. Burada qədim dünyanın ən qiymətli malları – sidr-kafur və ətriyyat hazırlanırdı.
“Eritreya dənizinin peripli” kitabında – qədim dünyanın əsas coğrafi məlumatında (eramızdan əvvəl I əsr) Səba limanları zəngin şəhərlər kimi göstərilir. Səbalılar İran körfəzindəki gəmiçilik üzərində inhisarı ələ keçirmişdilər. Peripldə bu körfəz haqda deyirlər: “Ərəbistan sahillərində üzmək çox təhlükəlidir. Sahildə liman, lövbər salmaq üçün yer yoxdur. Orada limanlar çox pisdir, qaya və mərcan qayalıqları dözülməzdir”. Səbalılar öz sularını yaxşı tanıyırdılar. Cənubi Asiyada səbalılardan yaxşı dənizçilər yox idi.
Ancaq lazımi malları dənizlə aparmaq həmişə mümkün olmurdu. Bəzən gəmilər Səba limanlarında boşalır və mallar karvan yolları ilə şimala və qərbə doğru gedirdi. Bu yolları da ilk dəfə səbalılar öyrənmişlər. Bu yollar şimala – Petra və Suriyaya; qərbə – Sinaydan keçib Misirə; şimal-şərqə —Mesopotamiya və Hindistana gedirdi.
Ərəbistanın cənubunda kiçik ərəb dövlətləri əmələ gəlirdi. Bu ticarət dövlətlərinin arasında Main Kətəban və Hadramaut xüsusilə yaxşı tanınırdı. Kətəban və Hadramautun dənizə çıxış yolu bəlkə yox idi. Çünki bu ölkələr yarımadanın vahələrində, çılpaq dağlar ətəyində yerləşirdi.
Cənubi Ərəbistan dövlətləri hərbi cəhətcə güclü deyildilər. Palmira, Petra və Kommagen kimi bunlar tacir, sənətkar və əkinçi şəhərləri idilər. Şəhərlərin ətrafında xurma meşəliyi vardı, lap uzaqda isə susuz, çılpaq dağlar görünürdü – bura Müstəqil və yoxsul bədəvilərin səltənəti idi.
Bu ölkələr teokratik dövlətlər idi. Dövlətlərin başında “mükərrib” – baş kahin dururdu. Ərəblər Mesopotamiya allahlarına çox oxşayan allahlara sitayiş edirdilər. Əsas allah dan ulduzu allahı Astar idi (babillərdə isə o qadın-ilahə olub İştar adını daşıyırdı). Ay allahı – bunun müxtəlif ölkələrdə müxtəlif adı var idi (Səbada onu Əl-Məkah, Hadramautda və eləcə də Babilistanda – Sin, Kətəbanda – Əmm adlandırırdılar). Əsas allahlardan savayı ərəblərin panteonunda şəxsi adları olmayan ikinci dərəcəli allahlar da var idi. Allahlar üçün ibadətgah tikirdilər. Bunlardan birinə Səbanın mərkəzi Məribdə rast gəlinmişdir. İbadətgah yumru daş məbəddir.
Ərəb dövlətlərinin əsas problemi, bu günkü kimi, su problemi idi. Ərəblər kanallar, hovuzlar və bəndlər tikirdilər. Məribdəki bəndlərdən biri o qədər böyük və bütün rayonun təsərrüfatı üçün o qədər vacib idi ki, antik ədəbiyyatda onun adı tez-tez yad edilir.
Eramızdan çox əvvəl ərəblər öz yazılarını yaratmışdılar. Bu yazı Avropada XVIII əsrdə tanınmağa başladı. XIX əsrin ortalarında səyyahlar bu yazıdan nümunələr tapıb Avropaya gətirir, surətini çıxarırdılar. 1837-ci ildən etibarən Emil Rediger yazıların sirrini açmağa başladı.
Bu yerlərə gedib ölkələrin elmi təsvirini vermiş ilk səyyah Eduard Qlazer olmuşdur. O, keçən əsrin əvvəlində iki mindən çox yazı nümunəsini Avropaya gətirmişdir. İndi bu nümunələrin sayı dörd minə yaxındır. Onların bəzilərinin tarixi e. ə. VII–V əsrə aiddir. Ərəbistan dövlətlərinin yazıları həyatın müxtəlif cəhətlərini əks etdirir. Bunlar dini sənədlər, sazişlər, malların siyahısı, qəbzlər və s. ibarətdir.
Cənubi ərəblərin yazısında hər bir işarə bir hərf idi. Əlifbada 29 işarə vardı. Alimlər belə hesab edirlər ki, cənubi ərəblərin əlifbası Sinay əlifbası adlanan yazıdan törənmişdir. Bu əlifba Finikiya əlifbası və onun ulu babası Misir heroqlif yazısı arasında keçid təşkil edir. Doğrudan da onun bəzi hərfləri Finikiya əlifbasının hərflərinə uyğun gəlir, lakin o hər halda tamamilə müstəqil inkişaf etmişdir. Bu əlifba ilə Finikiya əlifbası arasındakı fərq çox böyükdür. Bu fərq latın və slavyan yazıları arasındakı fərq kimidir.
Əgər Səba dövlətinin ilk şəhərləri, tədqiqatçıların sübut etdiyinə görə, eramızdan əvvəl əmələ gəlibsə, onda Səba səltənəti min altı yüz ildən çox mövcud olmuşdur. Eramızdan əvvəl, təxminən V əsrdə, Ərəbistanda hakimiyyət kahinlərin əlindən çıxıb dünyəvi hökmdarların əlinə keçmişdir. Bundan sonra dövləti bir qrup kübar və varlı ailə idarə etməyə başladı.
Zaman ötdükcə ölkələrdən biri, yəni Səba rayonunun mərkəzində yerləşmiş dövlət, onu əhatə edən yerləri zəbt edib öz sərhədlərini genişləndirdi. Birinci olaraq müstəqilliyini şimalda yerləşən Main dövləti itirdi. Sonra eramızdan əvvəl I əsrdə Kətəban da Səba dövlətinə daxil edildi. Nəhayət, eramızın əvvəlində uzaq dağlarda və səhralarda itmiş Hadramaut da müstəqilliyini itirdi. III əsrə yaxın səbalılar bütün Cənubi Ərəbistanı vahid dövlətdə birləşdirdilər.
Bu dövrdə Cənubi Ərəbistan dövlətlərinin həyatında Həbəşistan böyük rol oynamağa başladı. Həbəşistan şahlığı özünün mədəniyyəti və dilinə görə həmişə Cənubi Ərəbistanla sıx surətdə bağlı idi. Həbəşistan və ərəb dövlətlərinin mədəniyyəti və memarlığı arasında qarşılıqlı təsir aydın görünür. Həbəşlər daxili çəkişmələrdə bu və ya digər tərəfə kömək etmək bəhanəsilə qonşularının yanına gəlir, sonra bu zəngin yerlərdən getmir və ərəb məmləkətlərini nəzarət altında saxlamaq istəyirdilər.
Cənubi Ərəbistandakı dini ziddiyyətlər də Həbəşistanın xeyrinə idi. Ərəblərin qədim allahları öz təsirini itirirdi. Kahinlərin hakimiyyəti kökündən sarsılmışdı. Yəhudi dini və xristianlıq bu ölkələrə nüfuz edirdi. Bu dinlərin tərəfdarları amansız mübarizə aparırdılar. Yəhudi dini tədricən üstün gəlirdi. Səbanın sonuncu şahı bu dini hətta dövlət dini elan etmək istədi. Bu, xristian həbəşlər üçün Cənubi Ərəbistanı fəth etməyə əlverişli bəhanə oldu. VI əsrdə Səba şahlığı süqut etdi.
Ərəb dövlətlərinin iqtisadi əhəmiyyəti azalırdı. Roma imperiyasının süqutundan sonra dəniz və karvan yolları boşalırdı: Avropa daha ipəyə və ətriyyata ehtiyac duymurdu. VI əsrdə böyük Mərib səddinin – qədim dünyanın mühəndislik sənəti möcüzəsinin dağılması ilə bərəkətli çöllər qurudu. Şəhərlərin bir-birilə əlaqəsi kəsilir, onlara gedən yollar qum və kol-kosla örtülürdü.
575-ci ildə həbəşləri iranlılar əvəz etdi, bir əsr sonra islamın böyük dalğası bura da gəlib çatdı. Cənubi Ərəbistan nəhəng ərəb imperiyasının ucqar əyalətinə çevrildi.
Şimali ərəb tarixçilərinin yazdıqları ilk tarixi əsərlərdə, Həbəşistandan Suriyaya qədər müxtəlif yerlərdə yazılarına rast gəlinən, tacirləri Çinə qədər gedib çatmış zəngin və gözəl dövlətlər olan Hadramaut və Kətəban haqda məlumat yoxdur. Həmin o ölkələr haqda ki, onlar hətta romalıların bacarmadığı kanalları və sədləri tikirdilər.
Lakin səhranın dərinliyində, qədim Hadramaut şahlığının yerləşdiyi vadidə bir neçə şəhər qalmışdı. Bu şəhərlər VIII əsrdən sonra canlanmağa başlayan karvan ticarəti, xurma və cins dəvə yetişdirməklə yaşayırdı.
Ərəb xilafətinin zəifləməsi ilə müstəqillik qazanan şeyx və sultanlar Hadramaut dövlətində hökmranlıq edirdilər. Lakin onların heç biri qonşularına üstün gələ bilmədi. Hadramautun şəhərləri çox kasıb yaşayırdı, ölkənin əhalisi də az idi. Bu ölkə heç böyüyə də bilməzdi. Bir damcı suyun qızıl qiymətinə bərabər olduğu bu ölkədə əhalinin artımı su ilə təmin oluna biləcək adamların maksimum kəmiyyəti ilə müəyyən olunurdu. “Artıq” qalan gənc ərəblər Hindistana və Sinqapura gedirdilər. Onların damarlarından qədim dənizçilərin və tacirlərin qanı axırdı. Ona görə də bu gün Hadramautun şəhərciklərində yaşayan əhalinin rifahı nəinki quyulardakı suyun miqdarından, həmçinin Kəlküttə və Sinqapurla aparılan ticarətin vəziyyətindən çox asılıdır. İşləri yaxşı gedən Sinqapur gəmisinin kapitanı, yaxud Kəlküttə dükançısı bir dəstə rupi sayıb, ünvanı heç kəsə məlum olmayan səhrada itmiş Şibama göndərir. Qocalanda isə vətənə qayıtmaq da olar…
Ehtimal ki, səbalıların dövründə Şibamın evləri bu qədər hündür və sıx deyildi. Ölkə kasıblaşdıqca və yaşamaq çətinləşdikcə hər kənd, hər ev alınmaz qalaya çevrilirdi: bədəvilərin aramsız hücumları oturaq həyat tərzinə keçənləri təhlükə altına alırdı. Bəzən də qonşu düşmənə çevrilirdi, çünki nə su, nə də torpaq çatışırdı.
Hadramautun şəhərlərinin ətrafına hasar çəkmək lazım deyildi. Bir-birinə sıxılmış evlərin arxa divarları bu vəzifəni yerinə yetirirdi. Şəhərə yalnız yeganə darvazadan daxil olmaq mümkün idi.
Hər kəs özünə ev-qala tikirdi. Qalanın bir neçə metrlik qalın divarlı birinci mərtəbəsindən saray və anbar kimi istifadə olunurdu. Divardan bir qapı və yanlarından qala mazğalları açılırdı. İkinci və üçüncü mərtəbələrdə də mazğallar qoyulurdu. Yalnız dördüncü mərtəbədə pəncərələr açılırdı: düşmən bura qalxa bilməzdi, ona görə də insanlar burada yaşayırdı. Böyük bir binada yaşayan bütün ailə, adətən üst mərtəbələrdə olurdu. Göydələnlərin 7–9 mərtəbəsi vardı.
Qalanın zirvəsində yaşamaq, gigiyena baxımından da əlverişli idi. Kiçik bir arabacığın belə sığışmadığı dar küçələrin ortasından çirkli, zibilli, ensiz bir çay axırdı. Qüllə isə səmaya yaxın olduğu üçün sərin və təmiz idi.
Hadramautun ən böyük şəhəri Şibamda sultanın çoxmərtəbəli sarayı ucalır. Bu saray başqa binalardan bir də qırmızı zolaqları ilə fərqlənir.
Daxili çarpışmalar dövrü arxada qaldı, lakin ənənələr qüvvətli idi. Göydələnlərdən biri çürüyüb yıxılırdısa, onun yerində daha hündürünü tikirdilər. Şəhər eninə böyümür: torpaq xurma ağacları üçün qorunur. Əslində burada əhali də artmır. Doğrudur, yerin dərin qatında su boldur, lakin onu çıxarmaq üçün nə texnika var, nə də güc.
…Şibamın baş küçəsi – selin qurumuş yatağıdır, bu da şəhəri iki hissəyə bölür. Səhrada quyu qazılıb. Hər gün səhər tezdən Şibamın göy, uzun don geymiş və başlarına çadra örtmüş qadınları çiyinlərində kuzə quyuya doğru gedirlər. Hadramautun başqa şəhərlərində isə qadınlar yaşıl, qırmızı, yaxud qara don geyinirlər.
Səhər tezdən karvanlar və səhrada yaşayan bədəvilər bazar meydanına toplaşırlar. Kənd sakinləri şəhərlilərdən samandan toxunmuş lentli əmmamələri ilə fərqlənirlər. Bədəvilər də əmmamə qoyurlar, ancaq bədəvi qadınlar üzlərinə çadra örtmürlər. Bədəvi qadınlarının üzü göy döymə xallarla bəzənib.
Hadramautun şəhərlərində yaşayan qadınlar üzlərinə naxış döydürtmürlər, rəngləyirlər. Onlar yanaqlarına parlaq sarı rəng, qaşlarının və burunlarının üstünə isə yaşıl və şabalıdı zolaqlar çəkirlər. Qadınlar (kim onları çadrasız görübsə) dəhşətli canlı bütə oxşayırlar. Deyirlər, bu adət mələkə Bilqeys dövründən qalıb. Bu adəti görüb heyrətlənən avropalı jurnalist qadına Şibamda ikiminillik tarixi olan alebastr heykəl göstərmişlər. Heykəl indiki qadınlara oxşayırdı.
Evləri bəzəmək adəti də qədimdən qalıb. Sanki səmaya dirənən evlərin qapıları lap balacadır. Qapıların layları, pəncərə çərçivələri və qapaqları oyma ilə işlənib.
Hər evin içində, yuxarı mərtəbələrdə çoxlu sütun var, divarlarda isə yapma naxışlar görmək olar.
Bu heç də heyrətli deyil. Axı, Cənubi Ərəbistan öz heykəlləri ilə tanınmışdı. Heykəllərin bəziləri hətta indi də dünya muzeylərinin bəzəyidir. Hadramautun məscid və türbələri də gözəldir. Ənənəvi şərq üslubunda tikilmiş abidələrin içərisində düzxətli həbəş obeliskləri görünür. İslamın minillik təsiri bu ölkələr arasındakı qədim bağlılığı poza bilməmişdir.
…Karvanlar dağ keçidini gecənin sakitliyində aşmaq üçün şəhəri axşam üstü tərk edirlər. Bədəvilər daha tacirlərin üstünə hücum etmirlər. Amma tacirlər hər halda dənizə axşam çatmağa çalışırlar. Belə yaxşıdır. Nə qədər ki, dəvə karvanları Hadramaut səhraları ilə gedir, onlar şəhəri gecələr tərk etməlidirlər ki, heç kəs duyuq düşməsin.
Darmowy fragment się skończył.