Czytaj książkę: «Rudin»

Czcionka:

I

Sakit bir yay səhəri idi. Açıq səmada gün xeyli ucalsa da, çöllərdə hələ şeh parıldayırdı. Yuxudan yenicə oyanmış dərələrdən ətirli bir təravət yayılır, hələ rütubətli və səssiz olan meşədə tez oyanmış quşlar şən-şən ötüşürdü. Başdan-başa yenicə çiçəklənmiş çovdarla örtülü yastı bir təpənin üstündə kiçik bir kənd görünürdü. Əynində ağ kisəyi paltar, başında dəyirmi həsir şlyapa və əlində çətir olan cavan bir qadın dar torpaq yolla bu kəndə tərəf gedirdi. Kazak paltarı geyinmiş nökəri uzaqdan ardınca gəlirdi.

Qadın gəzintidən ləzzət alırmış kimi tələsmədən yeriyirdi. Ətrafda hündür və yırğalanan çovdar əkini, gah gümüşü yaşıl, gah da qırmızımtıl rəngə çalan uzunsov dalğalarla tərpəşərək xəfif-xəfif xışıldayırdı, göyün üzündə torağaylar cəh-cəh vururdu. Bu cavan qadın bu kənddən bir verst aralıda yerləşən öz kəndindən gəlirdi; qadının adı Aleksandra Pavlovna Lipina idi. Dul, uşaqsız və xeyli varlı olan bu qadın, istefaya çıxmış qardaşı ştabs-rotmister Sergey Pavloviç Volınsev ilə bir yerdə yaşayırdı. Qadının qardaşı evli deyildi və bacısının mülkünü idarə edirdi.

Aleksandra Pavlovna kəndə çatıb kənarda xeyli köhnə və alçaq bir daxmanın qabağında dayandı və nökərini çağırıb tapşırdı ki, daxmaya girib daxma yiyəsi olan arvadın səhhətini xəbər alsın. Nökər tezliklə əldən düşmüş bir ağsaqqal kəndliylə qayıdıb gəldi.

– Hə, necədir? – Aleksandra Pavlovna soruşdu.

– Hələ diridir… – deyə qoca cavab verdi.

– İçəri girmək olar?

– Niyə olmaz?

Aleksandra Pavlovna daxmaya girdi. İçəri yaman darısqal, boğanaq və tüstüylə dolu idi… Sobanın səkisindəki yataqda kimsə tərpəşir, zarıyırdı. Aleksandra Pavlovna diqqətlə baxanda alaqaranlıq içində başına dama-dama yaylıq bağlamış bir qarının saralmış və qırışmış üzünü gördü. Sinəsinə qədər ağır bir armyak1 salınmış qarı çətinliklə nəfəs alır, arıq əllərini zəif-zəif yırğalayırdı.

Aleksandra Pavlovna qarıya yaxınlaşıb barmaqlarını onun alnına toxundurdu… Alnı od içində yanırdı. Aleksandra Pavlovna yatağa tərəf əyilib:

– Hə, halın necədir, Matryona? – deyə soruşdu.

Qarı diqqətlə Aleksandra Pavlovnanın üzünə baxıb zarıdı, sonra dedi:

– Pisdir, əzizim, pisdir. Əcəlim çatıb, bala can.

– Allah kərimdir, Matryona, ola bilər ki, sağalasan. Göndərdiyim dərmanı içmisən?

Qarı dərdli-dərdli zarıyıb cavab vermədi, o, sualı eşitməmişdi.

– İçib, – deyə qapının ağzında dayanan qoca dilləndi.

Aleksandra Pavlovna qocadan soruşdu:

– Qarının yanında səndən başqa kimsə qalır?

– Bir qız da var, onun nəvəsidir, ancaq hey qoyub gedir, bir yerdə oturmur. Yaman dəcəl uşaqdır. Arvada bir stəkan su verməyə də tənbəllik edir. Mən özüm də ki, qocayam, əlimdən nə gəlir?

– Bəlkə arvadı bizim xəstəxanaya aparaq?

– Yox! Xəstəxanaya niyə? Fərqi yoxdur, onsuz da öləcək. Bəsdir yaşayıb, görünür ki, allahın əmri belədir. Yatağından qalxa bilmir. Xəstəxanaya necə gedəcək? Onu yerindən qaldırsalar, elə orda canı çıxar.

– Ox… – Qarı yenə zarıdı. – Ay gözəl xanım, mənim yetimimi gözdən qoyma, bizim ağalar uzaqda olurlar, ancaq sən…

Qarı susdu. O, zorla danışırdı.

– Narahat olma, – deyə Aleksandra Pavlovna dilləndi, – hər şey düzələr. Bax, sənə çayla qənd gətirmişəm. Ürəyin istəyəndə içərsən… – Sonra qocaya müraciət etdi. – Samovarınız var?

– Samovar? Samovar yoxdur, ancaq tapmaq olar.

– Elədirsə tap, ya da istəyirsən, mən özümünkünü göndərim. Bir də nəvənə tapşır ki, xəstənin yanından tərpənməsin. Ona de ki, eyibdir.

Qoca heç nə demədi, içində çayla qənd olan bağlamanı iki əlli aldı.

– Xudahafiz, Matryona! – Aleksandra Pavlovna qarıyla sağollaşdı. – Mən yenə sənin yanına gələcəyəm, sən də ruhdan düşmə, vaxtlı-vaxtında dərmanı iç…

Qarı başını qaldırıb Aleksandra Pavlovnaya tərəf boylandı.

– Ay xanım, bir əlini ver, – deyə qarı dili dolaşa-dolaşa səsləndi.

Aleksandra Pavlovna əlini ona vermədi, özü əyilib onun alnından öpdü. Gedəndə qocaya tapşırdı:

– Bax, dərmanı yazıldığı kimi, vaxtlı-vaxtında verin ha. Çay da içirdin…

Qoca yenə cavab vermədi, sadəcə baş əydi.

Aleksandra Pavlovna təmiz havaya çıxan kimi rahat nəfəs aldı. O, çətirini açıb evlərinə getmək istəyirdi ki, birdən daxmanın tinindən alçaq bir minik drojkisində2 əynində boz kolomyankadan3 köhnə palto, başında da belə bir furajka olan, otuz yaşlarında bir adam çıxdı. O, Aleksandra Pavlovnanı görən kimi atını saxlayıb üzünü ona çevirdi. Onun qızartısız geniş üzünün rəngi də paltarının rənginə uyğun idi: gözləri xırda, açıq boz rəngdə, bığları isə ağımtıl idi.

– Salam, – deyə o, tənbəl-tənbəl gülümsəyib dedi, – icazənizlə, bilmək olarmı burda nə edirsiniz?

– Xəstə yanına gəlmişdim… Bəs siz hardan belə, Mixaylo Mixaylıç?

Mixaylo Mixaylıç onun gözlərinə baxıb yenə də güldü.

– Xəstələrə baş çəkməklə, siz yaxşı iş görürsünüz, ancaq xəstəni öz xəstəxananıza aparsanız, daha yaxşı olmazmı?

– Qarı çox zəifdir, onu yerindən tərpətmək olmaz.

– Bəs siz öz xəstəxananızı ləğv etmək istəmirsiniz ki?

– Ləğv etmək? Bu hardan çıxdı?

– Elə.

– Bu nə qəribə fikirdir?! Bu sizin başınıza hardan gəldi?

– Axı siz Lasunskaya ilə yaman dostluq edirsiniz və gərək ki, onun təsiri altındasınız. Onun sözlərinə görə isə, məktəblər və xəstəxanalar boş və lüzumsuz uydurmalardır. Xeyriyyə işləri də, maarif də şəxsi bir iş olmalıdır: bütün bunlar mənəviyyata aid işlərdir… Deyəsən, Lasunskaya belə deyir. Ancaq mən bilmək istərdim ki, bu sözləri o, kimdən öyrənib?

Aleksandra Pavlovna güldü.

– Darya Mixaylovna ağıllı qadındır, mən onu çox sevirəm və hörmət edirəm, ancaq o da səhv edə bilər, bir də ki, mən onun hər sözünə inanmıram.

– Lap yaxşı edirsiniz, – deyə hələ də drojkidən düşməyən Mixaylo Mixaylıç cavab verdi. – Çünki o özü də öz sözlərinə inanmır. Mən çox şadam ki, sizə rast gəldim.

– Nəyə görə?

– Bu nə sözdür?! Elə bil ki, sizə rast gəlmək həmişə xoş deyil! Bu gün siz, bu səhərin özü kimi təravətli və gözəlsiniz.

Aleksandra Pavlovna yenə güldü.

– Nəyə gülürsünüz ki?

– Nəyə güləcəyəm? Əgər siz komplimenti necə soyuq bir əda ilə dediyinizi görə bilsəydiniz! Təəccüb edirəm ki, axırıncı sözü deyəndə nə əcəb əsnəmədiniz.

– Soyuq əda ilə… Siz elə od istəyirsiniz, od isə heç nəyə yaramır. Alışır, tüstülənir və sönüb gedir.

– Həm də qızdırır, – Aleksandra Pavlovna əlavə etdi.

– Hə… Yandırır da.

– Yandıranda nə olar ki? Bu da heç pis deyil! Hər halda…

– Heç olmasa bircə dəfə yanmış olsaydınız, onda görəsən yenə belə deyərdinizmi? – deyə Mixaylo Mixaylıç onun sözünü kəsib küskün əda ilə dedi, sonra qamçını ata vurdu. – Xudahafiz!

– Mixaylo Mixaylıç, dayanın! – Aleksandra Pavlovna qışqırdı. – Bizə haçan gələcəksiniz?

– Sabah. Qardaşınıza salam deyin.

Drojki yola düşdü.

Aleksandra Pavlovna Mixaylo Mixaylıçın dalınca baxdı.

“Lap çuvala oxşayır”, – deyə o fikirləşdi. Beli bükülmüş, toz basmış, furajkası peysərində, sarı saçları dağınıq halda alnına tökülmüş Mixaylo Mixaylıç doğrudan da yekə un çuvalına oxşayırdı.

Aleksandra Pavlovna ağır-ağır evlərinə tərəf yollandı. O, gözlərini yerə dikib gedirdi. Yaxından eşidilən at ayağının tappıltısı onu dayanıb başını qaldırmağa məcbur etdi… Qardaşı at belində onun qabağına gəlirdi. Qardaşının yanınca əynində yaxası açıq yüngül bir sürtuk, boynunda yüngül qalstuk, başında yüngül boz şlyapa və əlində kiçik əl ağacı olan balaca boylu bir oğlan gəlirdi. Bu oğlan Aleksandra Pavlovnanın dalğın olduğunu və heç nəyə fikir vermədiyini görsə də, ona baxıb gülümsəyirdi. Oğlan Aleksandra Pavlovnaya çatan kimi şən və zərif bir əda ilə dedi:

– Salam, Aleksandra Pavlovna, salam!

– Ah! Konstantin Diomidıç! Salam! – Aleksandra Pavlovna cavab verdi. – Siz Darya Mixaylovnanın yanından gəlirsiniz?

– Hə, ordan gəlirəm, – cavan oğlan gülər üzlə cavab verdi. – Məni sizin yanınıza Darya Mixaylovna göndərib. Özüm piyada gəlmək istədim. Səhər çox gözəldir, məsafə də vur-tut dördcə verst. Gəlib gördüm ki, evdə yoxsunuz. Qardaşınız dedi Semyonovkadasınız, gördüm özü də çölə getməyə hazırlaşır. Mən də onunla sizin qabağınıza gəldim. Bəli. Bu nə qədər xoşdur!

Bu cavan oğlan rus dilini təmiz və düzgün danışırdı, ancaq tələffüzü xarici tələffüzü idi. Amma bunun hansı dilə aid olduğunu müəyyən etmək çətin idi. Onun üzündə nəsə asiyalı əlamətləri vardı. Uzun və ortası dik burnu, iri, bərəlmiş, hərəkətsiz gözləri, qalın, qırmızı dodaqları, qabarıq alnı, qətran kimi qara saçları – bütün bunlar onun əslən şərqli olduğunu göstərirdi. Bu cavan oğlanın soyadı Pandalevski idi və Belorusiyanın harasındasa xeyirxah və varlı bir dul qadının hesabına tərbiyə almışdısa da, vətəninin Odessa olduğunu deyirdi. Başqa bir dul qadın onu qulluğa düzəltmişdi. Ümumiyyətlə, orta yaşlı qadınlar Konstantin Diomidıçı həvəslə himayə edirdilər. O, həmin xanımları axtarıb tapmağı bacarırdı. O elə indi də oğulluq sifətilə Darya Mixaylovna adlı varlı bir mülkədar xanımın yanında yaşayırdı. O çox mehriban, xidmətkar, həssas və gizlində şəhvətpərəst bir adam idi. Xoş səsi vardı, yaxşı fortepiano çalırdı və kiminləsə danışanda, gözünü dik ona zilləməyə adət etmişdi. Çox təmiz geyinər, paltarı çox gec köhnəldərdi, enli çənəsini diqqətlə qırxar, saçlarını çox səliqəylə darayardı.

Aleksandra Pavlovna ona qulaq asıb qardaşına dedi:

– Bu gün hamı mənə rast gəlir, indicə Lejnyov ilə danışırdım.

– Hə, onunla? O harasa gedirdi?

– Hə, bir təsəvvür elə, minik drojkisində, əynində də kətan kisə, başdan-başa toz içində. Nə qəribə adamdır!

– Ola bilər. Amma o, çox yaxşı adamdır.

– Bu cənab Lejnyov kimdir? – Pandalevski heyrət edirmiş kimi soruşdu.

– Mixaylo Mixaylıç Lejnyov, – deyə Volınsev cavab verdi. – Di yaxşı, xudahafiz, ay bacı. Mən çölə getməliyəm, sənin zəmilərinə qarabaşaq səpirlər. Cənab Pandalevski səni evə ötürər…

Volınsev atı çapıb getdi.

– Böyük məmnuniyyətlə! – deyə Konstantin Diomidıç qolunu Aleksandra Pavlovnaya təqdim etdi.

Aleksandra Pavlovna da öz qolunu ona uzatdı və hər ikisi yol ilə Aleksandra Pavlovnanın malikanəsinə tərəf yollandılar.

Görünür ki, Aleksandra Pavlovnanın qoluna girib aparmaq Konstantin Diomidıçə çox ləzzət verirdi, xırda addımlarla yeriyir, gülümsəyir və şərqli gözləri çox vaxt olduğu kimi, yaşla dolurdu. Konstantin Diomidıçın ürəyi çox asanlıqla kövrələr və gözləri yaşarardı. Bir də ki, cavan və boy-buxunlu qəşəng bir qadının qoluna girib aparmaq kimin xoşuna gəlməz ki? Bütün … quberniyası Aleksandra Pavlovna haqqında yekdilliklə deyirdi ki, o çox qəşəngdir və quberniya səhv etmirdi. Hələ məxməri ala gözləri, qızılı-qumral saçları, totuq yanaqlarındakı zənəxdanlar və sair gözəllikləri bir yana, bircə düz və azacıq ucu dik burnu hər kəsin ağlını başından ala bilərdi. Ancaq onun ən yaxşı cəhəti mehriban üzünün ifadəsindən ibarət idi: inanan, mehriban və çəkingən olan bu üz adamı həm cuşə gətirir, həm də cəzb edirdi. Aleksandra Pavlovna adama bir uşaq kimi baxır və gülürdü. Xanımlar onu çox sadə hesab edirdilər. Ancaq bundan daha artıq bir şey arzu etmək mümkündürmü?

– Sizi mənim yanıma Darya Mixaylovna göndərib, elədir? – deyə o, Pandalevskidən soruşdu.

– Hə, onlar göndərib, – deyə Pandalevski cavab verdi. Pandalevski sözlərin axırına ingilislərin “th”sinə oxşar “s” əlavə edərdi. – Onlar çox arzu edirlər və buyurdular sizdən acizanə xahiş edim ki, bu gün nahara onlara buyurasınız… Onlar, – Pandalevski üçüncü şəxs haqqında, xüsusən xanım haqda danışanda həmişə cəm şəkilçisi işlədirdi, – təzə qonaq gözləyirlər və sizi mütləq onunla tanış etmək istəyirlər.

– O kimdir ki?

– Müffel adlı bir baron, peterburqlu bir kamer-yunker. Darya Mixaylovna onunla bu yaxında knyaz Qarinin evində tanış olmuşlar və ondan çox mehriban və mədəni bir cavan kimi böyük bir təriflə bəhs edirlər. Cənab baron ədəbiyyatla məşğul olurlar və ya daha doğrusu… ah, nə gözəl kəpənəkdir! İcazənizlə diqqətinizi cəlb edim… Daha doğrusu, siyasi iqtisadla məşğul olurlar. O, nəsə çox maraqlı məsələ haqqında məqalə yazıb və istəyir ki, Darya Mixaylovna həmin məqalə barədə öz rəyini bildirsin.

– Siyasi iqtisada aid məqalədir?

– Dil cəhətdən, Aleksandra Pavlovna, dil cəhətdən. Zənnimcə, sizə məlumdur ki, Darya Mixaylovna bu cəhətdən də bilicidir. Jukovski onunla məsləhətləşərmiş. Mənim Odessada yaşayan vəlinemətim xeyirxah Roksolan Mediaroviç Ksandrıka… yəqin ki, bu zatın adı sizə məlumdur?..

– Əsla, heç eşitməmişəm.

– Belə bir zat haqqında eşitməmisiniz? Təəccüblüdür! Mən onu demək istəyirdim ki, Roksolan Mediaroviç Darya Mixaylovnanın rus dili sahəsindəki biliyi haqda həmişə yüksək fikirdə olmuşdur.

– Həmin baron bir pedant4 olmaya? – deyə Aleksandra Pavlovna soruşdu.

– Əsla yox. Darya Mixaylovna, nəql edirlər ki, əksinə, bu adam indi bir kübar kimidir. Bethoven haqda elə gözəl danışırmış ki, hətta qoca knyaz da mütəəssir olubmuş… Etiraf edirəm ki, bu söhbəti həvəslə dinləyərdim. Axı bu sahə mənim sahəmdir. İcazə verin, bu gözəl çöl çiçəyini sizə təqdim edim.

Aleksandra Pavlovna çiçəyi aldı, amma bir neçə addım gedəndən sonra onu yerə saldı. Onun evinə iki yüz addımdan çox qalmamışdı. Bu yaxınlarda tikilib ağardılmış ev geniş, işıqlı pəncərələri ilə qoca ağcaqayın və cökə ağaclarının qalın yaşıllığı arasında gözə xoş görünürdü.

Təqdim etdiyi çiçəyin atıldığından bir qədər pərt olmuş Pandalevski dedi:

– Nə buyurursunuz, Darya Mixaylovnaya necə ərz edim? Nahara buyuracaqsınızmı? Onlar sizin qardaşınızın da gəlməyini xahiş edirlər.

– Hə, yəqin gələrik. Bəs Nataşa necədir?

– Allaha şükür, Nataliya Alekseyevna sağ salamatdır… Ancaq biz Darya Mixaylovnanın malikanəsinə gedən döngəni ötüb keçdik. İcazə verin, sizinlə xudahafizləşim.

Aleksandra Pavlovna dayandı.

– Bəyəm siz bizə getməyəcəksiniz? – deyə o, qəti olmayan bir səslə soruşdu.

– Getməyi ürəkdən arzu edərdim, ancaq qorxuram gecikəm. Darya Mixaylovna Talberqin yeni bir etüdünü dinləməyi arzu buyurmuşlar, buna görə də hazırlaşmalı və öyrənməliyəm. Bir də, sözün düzü, mənimlə söhbət etməyin sizə bir ləzzət verə biləcəyinə şübhə edirəm.

– Yox, yox… Niyə ki…

Pandalevski köks ötürüb mənalı bir əda ilə gözlərini yerə dikdi.

Bir qədər sükutdan sonra o:

– Xudahafiz, Aleksandra Pavlovna! – deyib baş əydi və bir addım geri çəkildi.

Aleksandra Pavlovna dönüb evə getdi.

Konstantin Diomidıç da öz evlərinə tərəf getməyə başladı. Bütün xoşhallıq əlamətləri həmin saat onun üzündən çəkilib getdi, üzündə lovğa, demək olar ki, sərt bir ifadə zahir oldu. Konstantin Diomidıçın hətta yerişi də dəyişdi. O indi addımlarını daha geniş atır və ayaqlarını yerə daha bərk basırdı. Ağacını sərbəst bir halda yelləyə-yelləyə, iki verst qədər yeridi və yenə dişlərini ağartdı. O, yolun ağzında cavan və xeyli göyçək bir kəndli qızı gördü. Qız danaları yulaf zəmisindən qovurdu. Konstantin Diomidıç pişik kimi ehtiyatla qıza yaxınlaşıb onunla danışmağa başladı. Qız əvvəlcə dinmir, qızarır və gülürdü. Nəhayət, qoluyla ağzını tutub üzünü kənara çevirdi və dedi:

– Yeri get, ay ağa, düzü…

Konstantin Diomidıç onu barmağıyla hədələyib çöl çiçəkləri gətirməsini tapşırdı.

– Çiçək sənin nəyinə lazımdır? Çələng hörəcəksən? – deyə qız soruşdu. – Yaxşı, yeri get, düzü…

– Bura bax, ay mənim mehriban gözəlim, – deyə Konstantin Diomidıç sözə başlamaq istəyirdi ki, qız onun sözünü kəsdi:

– Di yaxşı, yeri get, odur, xanımın balaları gəlirlər.

Konstantin Diomidıç dönüb baxdı. Doğrudan da, yol ilə Darya Mixaylovnanın oğlanları Vanya və Petya yüyürürdü. Onların dalınca kursu təzəcə bitirmiş, iyirmi iki yaşlı cavan müəllimləri Basistov gəlirdi. Basistov uca boylu, sadə üzlü, yekəburun, qalındodaq və gözləri donuz gözünə oxşayan yaraşıqsız, yöndəmsiz, lakin mehriban, sədaqətli və düz ürəkli bir cavan idi. O, səliqəsiz geyinər və saçını vurdurmazdı. Bunu o bəzək-düzək üçün yox, tənbəllikdən edirdi, o yeməyi, kitab oxumağı və şirin söhbət etməyi xoşlayardı. Onun Pandalevskidən lap zəhləsi gedirdi.

Darya Mixaylovnanın uşaqları Basistova çox böyük hörmət bəsləyir, amma ondan heç qorxmurdular. Basistov ev əhli ilə olduqca sadə rəftar edirdi, evin xanımı heç bir qeyd-şərt tanımadığını deyirdisə də, müəllimin bu halından xoşu gəlmirdi.

– Xoş gördük, əzizlərim! – deyə Konstantin Diomidıç dilləndi. – Bu gün gəzməyə nə tez çıxmısınız? Mən isə, – deyə o, Basistova müraciət etdi, – evdən çoxdan çıxmışam. Təbiətdən zövq almağa yaman həvəsim var.

– Təbiətdən necə zövq aldığınızı gördüm, – deyə Basistov mızıldandı.

– Siz materialistsiniz, allah bilir mənim haqqımda nə fikirləşirsiniz. Sizi tanıyıram.

Pandalevski Basistovla və ya onun kimi adamlarla danışanda çox tez hirslənir və “s” hərfini çox təmiz, hətta azca fit çalan kimi deyirdi.

– Bəs o kəndli qızı ilə nə danışırdınız? Bəlkə yolu soruşurdunuz? – Basistov gözlərini sağa-sola tərpədərək soruşdu. O, hiss edirdi ki, Pandalevski düz onun gözlərinə baxır, bu isə onun xoşuna gəlmirdi.

– Mən təkrar edirəm ki, siz materialistsiniz, vəssalam. Siz hər şeyin mütləq bayağı tərəfini görürsünüz.

– Uşaqlar! – Basistov gözlənilmədən komanda verdi. – Çəməndəki o söyüdü görürsünüz? Görək kim tez qaçıb ona çatacaq? Bir! İki! Üç!

Uşaqlar var gücləriylə söyüdə tərəf götürüldülər. Basistov da onların dalınca qaçdı.

“Kəndlinin biri! – deyə Pandalevski özlüyündə fikirləşdi. – Bu uşaqları korlayacaq. Kəndlidir ki, kəndli!”

Konstantin Diomidıç öz səliqəli və qəşəng vücudunu məmnun bir halda nəzərdən keçirtdi, sürtukunun qolundakı tozu çırtmayla vurub təmizlədi, yaxalığını çırpdı və yola düzəldi. O, otağına daxil olub köhnə xalatını geyindi və qayğılı simayla fortepianonun qabağında oturdu.

II

Darya Mixaylovna Lasunskayanın evi bütün … quberniyasında, demək olar ki, birinci ev sayılırdı. Rastrellinin şəkilləri üzrə, keçmiş əsrin zövqüylə tikilmiş bu yekə daş bina təpənin üstündə əzəmətlə ucalırdı. Bu təpənin ətəyindən orta Rusiyanın ən böyük çaylarından biri axırdı. Darya Mixaylovna özü məşhur və varlı bir xanım idi, gizlin müşavir olan əri öləndən sonra dul qalmışdı. Hərçənd Pandalevski Darya Mixaylovna haqqında danışıb deyərdi ki, guya o bütün Avropanı tanıyır və bütün Avropa da onu tanıyır, –ancaq Avropa Darya Mixaylovnanı az tanıyırdı. Hətta o, Peterburqda da mühüm rol oynamırdı. Moskvada isə hamı onu tanıyır və evinə gəlib-gedirdilər. Darya Mixaylovna kübar aləminə mənsub idi, bir az qəribə, çox da mehriban olmayan, ancaq son dərəcə ağıllı bir qadın kimi tanınmışdı. Cavanlığında o xeyli qəşəng imiş. Şairlər ona şeir yazır, cavanlar aşiq olur, adlı-sanlı cənablar dalınca düşürdülər. Ancaq o vaxtdan bu yana iyirmi beş, ya da otuz il keçmişdi və əvvəlki gözəllikdən heç iz də qalmamışdı. Darya Mixaylovnanı birinci dəfə görən adam ixtiyarsız öz-özündən soruşardı: görəsən, hələ çox da qoca olmayan bu arıq, sarı, şişburun arvad bir zaman doğrudan da gözəl olubmu? Görəsən, doğrudan da liraların tərənnüm etdiyi qadın budurmu? Hər bir kəs öz aləmində yer üzündəki hər şeyin dönüklüyünə heyrət edərdi. Doğrudur, Pandalevski bu fikirdə idi ki, Darya Mixaylovnanın gözləri öz gözəlliyini heyrət oyadıcı dərəcədə mühafizə etmişdir, ancaq elə həmin Pandalevski bunu da iddia edirdi ki, guya Darya Mixaylovnanı bütün Avropa tanıyır.

Darya Mixaylovna hər yay uşaqları ilə (onun üç uşağı var idi: qızı Nataliya on yeddi yaşındaydı, oğlanları isə biri on, biri doqquz yaşındaydı) öz kəndinə gələr və orada çox açıq yaşayardı, yəni kişiləri, xüsusən subay kişiləri qəbul edirdi. Onun qəza xanımlarından zəhləsi gedərdi. Bunun müqabilində bu xanımlar da onun barəsində ağızlarına gələni danışardılar. Onların dediyinə görə, Darya Mixaylovna həm dikbaş, həm əxlaqsız, həm də yaman zalım imiş, ən başlıcası, o, o qədər açıq danışırmış ki, adamı dəhşət götürürmüş. Darya Mixaylovna doğrudan da kənddə özünə əziyyət verməyi xoşlamazdı. Onun sadə və sərbəst davranışında paytaxt təntənəsindən uzaq olan avam və xırda-para adamlara qarşı həqarət əlamətləri sezilirdi… O, öz şəhərli tanışları ilə çox sərbəst, hətta istehza ilə rəftar edərdi, lakin burada həqarət əlaməti yox idi.

Oxucum, yəqin müşahidə etmisiniz ki, özünə tabe olan adamların arasında dalğın və fikri dağınıq görünən adamlar yüksək rütbəli şəxslərlə üz-üzə gələndə qətiyyən dalğın görünmürlər? Bu nədən doğur? Belə sualların axırı yoxdur.

Konstantin Diomidıç nəhayət, Talberqin etüdünü yaxşıca öyrənib öz təmiz və ürəkaçan otağından qonaq otağına girdiyi vaxt bütün ev əhlinin yığıldığını gördü. Məclis artıq başlanmışdı. Enli bir taxtın üstündə ayaqlarını altına yığıb oturmuş evin xanımı əlində yeni bir fransız kitabçasını oynadırdı. Pəncərənin qabağında bir tərəfdə Darya Mixaylovnanın qızı, o biri tərəfdə isə qartımış və qup-quru bir qız olan, qulaqlarına pambıq tıxamış, rəngarəng ləçəyi altından qondarma qara saçları görünən altmış yaşlarında mürəbbiyə m-lle Boncaurt5 gərgah dalında oturub nə isə çəkirdi, Basistov küncdə, qapının ağzında oturub qəzet oxuyurdu, Vanyayla Petya dama oynayırdı, orta boylu, ağ saçları dağınıq, qaraşın üzlü və oynaq qara gözlü Afrikan Semyonıç Piqasov adlı bir cənab isə əllərini arxasına qoyub sobaya söykənmişdi.

Bu cənab Piqasov qəribə adam idi. Hamıya qarşı, hər şeyə qarşı, xüsusən də qadınlara qarşı kin bəsləyən bu adam səhərdən axşamacan bəzən çox yerli, bəzən isə lap yersiz olaraq, lakin həmişə zövq ala-ala deyinirdi. Əsəbiliyi uşaqlıq dərəcəsinə çatırdı. Gülüşündən, səsindən, bütün varlığından sanki zəhər yağırdı. Darya Mixaylovna Piqasovu həvəslə qəbul edirdi. Piqasov öz hərəkətləriylə onu əyləndirirdi. Piqasovun hərəkətləri doğrudan da xeyli əyləncəli idi. O, hər şeyi şişirtməyi yaman xoşlayırdı. Məsələn, onun yanında hər hansı bir fəlakətdən danışsalar – bir kəndi ildırım vurub yandırdığını, suyun bir dəyirmanı yuyub apardığını, bir kəndlinin balta ilə əlini çapdığını və s. – o hər dəfə amansızca, qəzəblə soruşardı: “Bəs o qadının adı nədir?” Yəni soruşmaq istəyirdi ki, bu fəlakətə səbəb olan qadının adı nədir. Çünki onun əqidəsinə görə, hər bir fəlakətin baisi qadındır, işi yaxşı-yaxşı yoxlamaq lazımdır ki, o, aşkara çıxsın. Bir dəfə az tanış olan bir qadın təkidlə onu qonaq etmək istəyirmiş. Piqasov isə üzündə kin və qeyz ifadəsiylə xanımın qabağında diz çöküb ağlamsına-ağlamsına yalvarırmış ki, ona aman versin, onun qabağında heç bir təqsiri yoxdur və bir də heç vaxt onun yanına gəlməyəcək. Bir dəfə bir at Darya Mixaylovnanın paltar yuyan xidmətçi qadınlarından birini götürüb eniş aşağı qaçmış və dərəyə yıxıb az qala öldürmüşdü. Piqasov o vaxtdan bu atı həmişə “qoçaq at” adlandırar, həmin təpə ilə dərəni də ən gözəl mənzərəli yer hesab edərdi. Piqasovun həyatda bəxti gətirməmişdi. Ona görə də özünü belə səfehliyə vurmuşdu. Onun ata-anası yoxsul idi. Atası cürbəcür xırda vəzifələrdə işləmiş az savadlı biri idi. Oğlunun tərbiyəsinin qeydinə qalmamışdı, onu yedirdib geyindirməklə kifayətlənmişdi. Anası onu ərköyün böyütmüş, amma özü tez ölüb getmişdi. Piqasov özü özünü tərbiyə etmiş, əvvəlcə qəza məktəbinə, sonra gimnaziyaya girmiş, fransız, alman və hətta latın dillərini öyrənmiş və gimnaziyanı əla attestatla bitirib Derptə getmiş, orada daim ehtiyacla mübarizə aparsa da, üçillik kursu başa çatdıra bilmişdi. Piqasovun qabiliyyətləri adi dərəcədən artıq deyildi. O, səy və çalışqanlığı ilə başqalarından seçilirdisə də, ancaq onda şöhrətpərəstlik hissi, yaxşı bir mühitə düşmək və taleyin acığına başqalarından geri qalmamaq hissi çox qüvvətli idi. Onun çalışqanlıqla dərs oxuması və Derpt universitetinə qəbul olması da şöhrətpərəstliyinin nəticəsi idi. Yoxsulluq onu qəzəbləndirir və onun müşahidəçilik, hiyləgərlik xüsusiyyətlərini inkişaf etdirirdi. O, özünəməxsus bir əda ilə danışardı, hələ gəncliyindən coşqun və acı natiqlik xüsusiyyətini mənimsəmişdi. Onun fikirləri ümumi səviyyədən yuxarı qalxmırdı, amma elə danışırdı ki, nəinki ağıllı, hətta çox ağıllı biri kimi nəzərə çarpa bilirdi. Piqasov namizədlik dərəcəsi aldıqdan sonra özünü elmi işə həsr etmək qərarına gəlmişdi. O başa düşürdü ki, başqa sahədə yoldaşları ilə əsla ayaqlaşa bilməyəcək (o, yoldaşlarını yüksək dairlərdən seçməyə çalışır, deyingən olduğuna baxmayaraq özünü onlar kimi aparmağı bacarır və hətta onlara yaltaqlanırdı). Lakin bu sahədə, sadəcə söyləsək, onun materialı çatmırdı. Elmə məhəbbəti olmadığı halda hər şeyi müstəqil şəkildə öyrənmiş Piqasov əslində olduqca az şey bilirdi. Bir mübahisə zamanı o rüsvayçılıqla məğlub olmuşdu, halbuki onunla bir otaqda yaşayan və Piqasovun həmişə istehza etdiyi məhdud məlumatlı, lakin düzgün və ardıcıl tərbiyə görmüş bir tələbə tam mənasilə qalib gəlmişdi. Bu müvəffəqiyyətsizlik Piqasovu dəli etmişdi, bütün dəftər-kitabını oda atıb yandırmış və xidmətə girmişdi. Əvvələ işləri pis getmirdi, o lap qiyamət məmur idi, çox işgüzar olmasa da, son dərəcə özünə inamlı və zirək idi, lakin o, tezliklə adam arasına çıxmaq istəyirdi, işi dolaşığa düşdü, büdrədi və istefa verib işdən çıxmalı oldu. O, üç ilə qədər öz qazancı ilə aldığı kənddə gün keçirtdi və birdən-birə varlı, yarımçıq təhsilli bir mülkədar qızı ilə evləndi. Piqasov bu qızı öz açıq-saçıq və gülünc ədaları sayəsində tora salmışdı. Amma Piqasovun məcazı həddən artıq pozulub xarab olmuşdu. Ailə həyatı onu sıxırdı… Arvadı bir neçə il onunla birlikdə yaşayandan sonra gizlincə çıxıb Moskvaya getdi və orda mülkünü mahir bir fırıldaqçıya satdı. Piqasov isə burada yenicə bir malikanə tikdirmişdi. Bu son zərbədən tamamilə sarsılmış Piqasov arvadıyla məhkəmə çəkişməsinə girsə də, heç bir şey qazana bilmədi… O, ömrünün qalanını tək-tənha keçirdir, qonşularına qonaq gedirdi, qonşularını həm dalca, həm də üzlərinə danlayırdı. Qonşuları ondan ciddi surətdə qorxmasalar da, onu bir növ gərgin, yarım qəhqəhə ilə qəbul edirdilər. Piqasov ömründə əlinə kitab götürməzdi. Yüz nəfərə qədər kəndlisi vardı, kəndliləri yoxsulluq çəkmirdi.

Pandalevski qonaq otağına girən kimi Darya Mixaylovna səsləndi:

– Ah! Constantin! Alexandrine gələcəkmi?

Konstantin Diomidıç hər tərəfə xoş bir əda ilə baş əyib dırnaqları üçbucaq şəklində tutulmuş kök, ağ əlini gözəl daranmış saçlarına çəkə-çəkə:

– Aleksandra Pavlovna sizə təşəkkür etməyi tapşırdı və gəlməyi özləri üçün xüsusi bir məmnunluq hesab edir, – deyə cavab verdi.

– Volınsev də gələcək?

– Bəli, onlar da gələcəklər.

Darya Mixaylovna Piqasova müraciətlə sözünə davam etdi:

– Afrikan Semyonıç, bəs sizin fikrinizcə bütün xanım qızlar qeyri-təbii olur?

Piqasovun dodaqları yana əyildi və o, əsəbi halda dirsəyini atdı:

– Mən deyirəm ki, – deyə o, ağır bir əda ilə sözə başladı, o, qızğınlıqla coşduğu zamanlarda da ağır-ağır və aydın danışardı, – mən ümumiyyətlə xanım qızlardan danışıram, əlbəttə ki, burada olanlar barəsində demirəm…

– Lakin bu sizə onlar haqda da düşünməyə mane olmur, – deyə Darya Mixaylovna onun sözünü kəsdi.

– Mən onlar barəsində danışmıram, – deyə Piqasov təkrar etdi. – Bütün xanım qızlar, ümumiyyətlə, son dərəcə qeyri-təbiidirlər, onlar öz hisslərini qeyri-təbii surətdə ifadə edirlər. Məsələn, bir xanım qız qorxanda, bir şeyə sevinəndə və ya kədərlənəndə bədənini əvvəlcə mütləq belə zərif bir şəkildə bir təhər əyəcək. – Piqasov bunu deyən kimi bədənini çox eybəcər bir şəkildə əyib əllərini qıc olmuş kimi tutdu, – və yalnız bunda sonra – Ax! – deyib çığıracaq, ya güləcək, ya da ağlayacaq. Ancaq mən, – Piqasov bu yerdə özündən məmnun halda gülümsədi, – bir dəfə olduqca qeyri-təbii bir xanım qızı öz duyğusunu həqiqi və təbii bir şəkildə ifadə etməyə məcbur etdim.

– Necə?

Piqasovun gözləri parıldadı.

– Mən arxadan onun böyrünə tir ilə ilişdirdim. Qız elə zingildədi ki… Mənsə ona afərin, afərin deyə səsləndim. Bax, bu təbii səsdir, təbii çığırtıdır… Siz də bundan sonra belə edin.

Otaqda hamı güldü.

– Afrikan Semyonıç, siz elə hey boş-boş danışırsınız, – deyə Darya Mixaylovna səsləndi. – Heç inanaram ki, siz tir ilə bir qızın böyrünə vurmuş olasınız?

– Vallahi tir ilə vurdum. Qalaları müdafiə etmək üçün işlədilən yekə tirlər var ha, onlara oxşayan tir idi.

Xanım Bonkur qəhqəhə çəkib gülən uşaqlara hədələyici nəzərlərlə baxıb dedi:

– Mais c`estune horreur ce que vous dites la, monsieur6.

– Onun sözlərinə inanmayın, – deyə Darya Mixaylovna dedi, – bəyəm onu tanımırsınız?

Lakin qəzəblənmiş fransız qızı xeyli müddət sakitləşə bilmədi, burnunun altında nəsə deyindi.

Piqasov soyuqqanlıqla sözünə davam edib dedi:

– Siz mənə inanmaya bilərsiniz, ancaq mən düz danışıram. Bunu məndən yaxşı kim bilər? Bundan sonra yəqin siz qonşumuz Çepuzova Yelena Antonovnanın öz doğma bacısı oğlunu necə acından öldürdüyünü mənə danışdığına da inanmazsınız.

– Uydurmaya bax ha!

– Buyurun, buyurun! Qulaq asın və özünüz nəticə çıxardın. Nəzərə alın ki, mən ona böhtan atmaq fikrində deyiləm. Hətta bir qadını sevmək nə qədər mümkündürsə, onu o qədər sevirəm də. Onun evində təqvimdən başqa bircə kitab da yoxdur. Oxuyanda da ancaq ucadan oxuya bilir. Belə edəndə isə onu tər basır və sonra gözlərini pırtlamasından şikayət edir… Sözün qısası, o yaxşı arvaddır və ətli-canlı ev qulluqçuları var. Mən ona niyə böhtan atım ki?

– Bəli! – deyə Darya Mixaylovna qeyd etdi. – Afrikan Semyonıç atına mindi. İndi daha axşama qədər düşməyəcək.

– Mənim bir atım var, arvadlarda isə üç dənədir. Özləri də heç vaxt o atlardan düşmürlər, bəlkə bircə yatanda düşələr…

– Bunlar nə atlardır?

– Qaxınc, eyham və məzəmmət.

– Bilirsinizmi nə var, Afrikan Semyonç, – deyə Darya Mixaylovna sözə başladı, – sizin qadınlara qarşı belə kinli olmağınız nahaq deyil. Yəqin ki, bir qadın sizi…

– İncidib, elə demək istəyirsiniz? – deyə Piqasov onun sözünü kəsdi.

Darya Mixaylovna bir az tutuldu, o, Piqasovun evliliyinin bədbəxtliklə nəticələndiyini yadına saldı və təkcə başıyla onun sözünü təsdiqlədi.

– Məni doğrudan da bir qadın incidib, – deyə Piqasov dilləndi, – amma o qadın mehriban idi, çox mehriban idi…

– O qadın kimdir?

Piqasov səsini alçaldıb cavab verdi:

– Mənim anam.

– Ananız? O sizə nə edib ki, incidib?

– Məni doğub…

Darya Mixaylovna qaşlarını qırışdırdı.

– Mənə elə gəlir ki, – deyə Darya Mixaylovna dilləndi, – bizim danışığımız xoşagəlməz bir şəkil alır… Constantin, bizə Talberqin yeni etüdünü çalın… Bəlkə musiqi səsi Afrikan Semyonıçı sakit edə. Orfey hətta vəhşi heyvanları ram edərmiş.

Konstantin Diomidıç fortepianonun qabağında oturub etüdü çox yaxşı çaldı. Nataliya Alekseyevna əvvəlcə diqqətlə dinləyirdi, sonra isə, yenə öz işinə girişdi.

– Merci, c`est charmant!7 – deyə Darya Mixaylovna dilləndi. – Mən Talberqi xoşlayram, il est si distingue8 Afrikan Semyonıç, nə fikrə getmisiniz?

Piqasov ağır-ağır sözə başladı:

– Mən onu fikirləşirdim ki, üç cür eqoist var. Birincisi – özləri yaşayan və başqalarını da yaşamağa qoyan eqoistlər. İkincisi – özləri yaşayan, başqalarının yaşamağına mane olan eqoistlər. Üçüncüsü də – nə özləri yaşayan, nə də başqalarını yaşamağa qoyan eqoistlər… Qadınların çoxusu üçüncü növ eqoistlərdəndir.

– Bu nə lütfkarlıqdır! Afrikan Semyonıç, mən bir şeyə təəccüb edirəm ki, siz öz mühakimələrinizə necə də möhkəm inanırsınız. Elə bil ki, heç bir zaman səhv edə bilməzsiniz.

– Kim deyir? Mən də səhv edirəm, kişi də səhv edə bilər. Ancaq bizim səhvimizlə qadınların səhvinin arasında nə fərq olduğunu bilirsiniz? Bilmirsiniz ki? Bax, fərq bundan ibarətdir: məsələn, kişi deyə bilər ki, iki dəfə iki dörd deyil, beşdir və ya üç yarımdır, qadın isə deyər ki, iki dəfə iki sterin şamıdır.

– Deyəsən, mən bunu sizdən çoxdan eşitmişəm. Ancaq icazə verin soruşum, sizin üç cürə eqoistlər barəsindəki fikrinizin indicə dinlədiyimiz musiqiyə nə dəxli var?

– Heç bir dəxli yoxdur. Bir də ki, mən heç musiqini dinləmirdim.

– Hə, “atam, görürəm ki, sən düzələn deyilsən, heç olmasa, əl çək”, – deyə Darya Mixaylovna Qriboyedovun misrasını azacıq dəyişib dedi. – Musiqi xoşunuza gəlmirsə, bəs onda nədən xoşunuz gəlir? Bəlkə ədəbiyyatdan?

– Ədəbiyyatı xoşlayıram, ancaq indikini yox.

– Nə üçün?

– Bax, buna görə: bu yaxınlarda bir ağa ilə bərəylə Oka çayından keçirdim. Bərə dik bir yerə yan aldı, ekipajları qaldırıb çıxarmaq lazım gəldi. Ağanın arabası yaman ağır idi. Yük daşıyanlar əlləşib arabanı sahilə çıxardıqları müddətdə ağa bərədə oturub elə nıqqıldayırdı ki, adamın lap rəhmi gəlirdi… Mən fikirləşirdim ki, budur, bax, iş bölmə sisteminin yeni tətbiqi belədir! İndiki ədəbiyyat da bu haldadır: başqaları iş görür, yük daşıyır, o isə nıqqıldayır.

Darya Mixaylovna gülümsədi.

Dil boğaza qoymayan Piqasov isə sözünə davam etdi:

– Buna da ad qoyurlar ki, guya müasir məişəti əks etdirirlər, ictimai məsələlərə dərindən hüsn-rəğbət göstərmək və daha nə bilim nələr deyirlər… Aman bu gurultulu sözlər əlindən!

– Amma sizin daim hücum etdiyiniz qadınlar heç olmasa belə gurultulu sözlər işlətmirlər.

Piqasov çiynini çəkdi.

– İşlətmirlər, ona görə ki, bacarmırlar.

Darya Mixaylovna azacıq qızardı.

– Siz kobud sözlər danışmağa başlayırsınız, Afrikan Semyonıç! – deyə o, laqeyd təbəssümlə qeyd etdi.

Otağa sakitlik çökdü.

– Bəs o Zolotonoşa harda olur? – deyə birdən balaca oğlanlardan biri Basistovdan soruşdu.

– Poltava quberniyasında, əzizim, – deyə Piqasov cavab verdi. – Xoxlandiyanın lap özündə. – O, söhbəti dəyişməyə fürsət düşdüyü üçün sevindi. – Budur, biz ədəbiyyatdan danışırdıq, əgər mənim pulum olsaydı, bu saat maloross şairi olardım.

– Şairə bir bax! – deyə Darya Mixaylovna dilləndi. – Bəyəm siz maloross dilini bilirsiniz?

– Bir damcı da bilmirəm, bir də ki, o heç lazım da deyil.

– Necə yəni lazım deyil?

– Elə, lazım deyil. Bircə vərəq götürüb üstündə “Duma” yazmaq kifayətdir, sonra da belə başlamaq lazımdır: “Qoy, tı dolya moya, dolya!” və ya: “Sede kazaçino Nalivayko na kurqane!” ya da belə: “Po-pid qoroyu, po-pis zelenoyu, qraye, qraye voropaye, qop! qop!” Ya da buna bənzər şeylər. Qurtardı getdi. Sonra çap elə getsin. Maloross alıb oxuyar, yanağını əlinə dirəyib mütləq ağlayar, onların ürəyi yaman kövrəkdir.

Basistov dedi:

– Bu nə sözdür deyirsiniz? Dediyiniz heç nəyə oxşamır. Mən Malorosyada olmuşam, oranı sevirəm, dillərini də bilirəm… “Qraye, qraye voropaye” tamamilə mənasız sözlərdir.

– Ola bilər, amma xoxol hər halda ağlayar. Siz deyirsiniz ki, dillərini bilirsiniz… Bəyəm maloross dili var? Mən bir dəfə bir xoxoldan xahiş etdim ki, ilk rast gələn bu cümləni tərcümə etsin: “грамматика есть искусство правильно читать и писать”. Bilirsiniz o necə tərcümə etdi? “храматыка е выскусьтво правильно чытаты ы пысаты”.... Nə deyirsiniz, sizin fikrinizcə bu dildir? Müstəqil dildir? Bununla razılaşmaqdansa, ən əziz dostumun həvəngdə döyülməyinə razı olaram.

Basistov etiraz etmək istədi.

– Ondan əl çəkin, – deyə Darya Mixaylovna dilləndi. – Bilirsiniz ki, o qəribə əhvalatlardan başqa heç nə danışmayacaq.

Piqasov acı-acı gülümsədi.

Lakey daxil olub Aleksandra Pavlovna ilə qardaşının gəldiyini xəbər verdi.

Darya Mixaylovna qonaqları qarşılamaq üçün ayağa durdu. Aleksandra Pavlovnaya yaxınlaşıb dedi:

– Salam! Nə yaxşı oldu gəldiniz! Salam, Sergey Pavlıç!

Volınsev Darya Mixaylovnanın əlini sıxıb Nataliya Alekseyevnaya yaxınlaşdı.

– Necə oldu, sizin yeni tanışınız, o baron bu gün gələcək? – deyə Piqasov soruşdu.

– Hə, gələcək.

– Deyirlər ki, o böyük filosofdur. Üzündən-gözündən Hegellik yağır.

Darya Mixaylovna ona cavab vermədi, Aleksandra Pavlovnanı taxta oturdub özü də onun yanında oturdu.

– Fəlsəfə, – Piqasov sözünə davam etdi, – ən yüksək nəzər nöqtəsidir! Mənim zəhləm gedən şeylərdən biri də həmin bu nəzər nöqtələridir. Axı yüksəkdən nə görmək olar? Deməli, bir at almaq istəsən, gərək qülləyə çıxıb ona ordan baxasan.

– Bu baron sizə bir məqaləmi gətirmək istəyirdi? – deyə Aleksandra Pavlovna soruşdu.

– Hə, məqalə gətirəcək, – Darya Mixaylovna həddən artıq bir laqeydliklə cavab verdi. – Rusiyada ticarətin sənayeyə münasibəti haqda bir məqalə… Amma qorxmayın, biz o məqaləni burda oxumayacağıq. Mən sizi onun üçün çağırmamışam. Le baron est aussi aimable que savant9. Rusca da çox yaxşı danışır! C`est un vrai torrent… il vous entraine10.

– Ruscanı elə yaxşı danışır ki, fransız tərifinə layiqdir! – deyə Piqasov deyindi.

– Hələ deyinin, Afrikan Semyonıç, deyinin… Bu sizin biz-bizi durmuş saçlarınıza çox yaxşı yaraşır… Yaxşı, bəs o niyə gəlib çıxmadı? Bilirsiniz nə var, messieurs et mesdames11, – deyə Darya Mixaylovna ətrafına göz gəzdirib əlavə etdi, – gəlin bağa gedək… Nahara hələ bir saat qədər qalıb, hava isə elə gözəldir ki…

Məclisdəkilər ayağa durub bağa yönəldi.

Darya Mixaylovnanın bağı çayın lap sahilinə qədər uzanırdı. Orada qızılı-tünd, ətirli, uclarından yamyaşıl açıqlıqlar görünən qoca cökə xiyabanları, akasiya və yasəməndən hörülmüş köşklər var idi.

Volınsev, Nataliya və xanım Bonkur bağın ən qalın yerinə getdilər. Volınsev sakitcə Nataliya ilə yan-yana gedirdi, xanım Bonkur isə onlardan bir az aralı arxadan gəlirdi.

Nəhayət, Volınsev öz qəşəng tünd-qumral bığının uclarını eşə-eşə Nataliyadan soruşdu:

– Siz bu gün nə edirdiniz?

Volınsev üzdən öz bacısına çox oxşayırdı. Lakin onun simasında oynaqlıq və həyatilik daha az idi. Gözəl və mehriban gözləri nədənsə kədərli görünürdü.

– Heç nə, – deyə Nataliya cavab verdi. – Piqasovun deyinməyinə qulaq asa-asa naxış işləyir, kitab oxuyurdum.

– Hansı kitabı oxuyurdunuz?

– Səlib müharibələrinin tarixini, – Nataliya bir az tutulub cavab verdi.

Volınsev ona baxdı.

– Hə! – nəhayət, o dilləndi. – Yəqin ki, maraqlı kitabdır.

O, bir budaq qırıb havada oynatmağa başladı. Onlar iyirmi addım qədər də getdilər.

– Ananızın tanış olduğu o baron kimdir?

– Gəlmə bir kamer-yunkerdir, maman onu çox tərifləyir.

– Ananız adama çox tez isinişir.

– Bu onu sübut edir ki, anamın hələ ürəyi cavandır, – deyə Nataliya qeyd etdi.

– Bəli. Mən bu yaxında sizin atınızı göndərəcəyəm, demək olar ki, o artıq tamamilə minilməyə öyrəşib. Mən istəyirəm ki, o elə yerindəncə dördayaq qaçsın, indi çalışıram bunu öyrədim.

– Merci12… Ancaq bu mənə ağır gəlir. Siz onu özünüz öyrədirsiniz. Deyirlər ki, bu çox çətindir…

– Nataliya Alekseyevna, siz bilirsiniz ki, sizə ən kiçik bir zövq vermək üçün mən… mən belə boş şeylərə yox… hər şeyə hazıram…

Volınsev tutuldu.

Nataliya mehribanlıqla ona baxıb bir daha merci dedi.

Sergey Pavlıç xeyli sükutdan sonra davam etdi:

– Siz bilirsiniz, dünyada elə şey yoxdur ki… Ancaq bunu nə üçün deyirəm? Siz ki, hər şeyi bilirsiniz.

Bu zaman evdən zəng səsi gəldi.

– Ah! La cloche du diner!13 – deyə xanım Bonkur səsləndi. – Rentrons.

Qoca fransız qadın Volınsevlə Nataliyanın dalınca eyvanın pilləkanlarını çıxanda öz-özünə fikirləşirdi: “Quel dommage, quel dommage que ce charmant garçon ait si peu de ressources dans la conversation…14” Bu sözləri tərcümə etsən, belə çıxar: əzizim, sən mənim sevimlimsən, amma bir az pissən.

Baron nahara gəlib çıxmadı… Onu yarım saat da gözlədilər. Süfrə başında söhbət yaxşı tutmurdu. Sergey Pavlıç elə hey yanında oturduğu Nataliyaya baxır və onun stəkanına dalbadal su tökürdü. Pandalevski yanında oturan Aleksandra Pavlovnanı məşğul etməyə nə qədər çalışırdısa da, bir şey çıxmırdı, o, can yandırıb şirin-şirin danışırdısa da, Aleksandra Pavlovna özünü əsnəməkdən güclə saxlayırdı.

Basistov çörəyin içindən xırdaca kürəciklər yumurlayır, heç nə düşünmürdü, hətta Piqasov da dinmirdi. Darya Mixaylovna ona bu gün çox da mehriban olmadığını deyəndə, o tutqun bir halda cavab verdi.

– Mən haçan mehriban oluram ki? Bu mənim işim deyil… – Sonra o, acı-acı gülüb dedi. – Bir az səbr edin. Mən kvasam, adi rus kvası. Sizin kamer-yunker isə…

– Bravo! – deyə Darya Mixaylovna səsləndi. – Piaqasov qısqanır, əvvəlcədən qısqanır!

Lakin Piqasov ona cavab vermədi, sadəcə altdan-yuxarı ona baxdı.

Saat yeddini vurdu, hamı yenə qonaq otağına yığışdı.

– Yəqin ki, gəlməyəcək… – deyə Darya Mixaylovna dedi.

Ancaq birdən ekipaj taqqıltısı gəldi, kiçik bir tarantas həyətə girdi və bir neçə dəqiqədən sonra lakey qonaq otağına girib, gümüş boşqabda Darya Mixaylovnaya bir məktub təqdim etdi. Darya Mixaylovna məktubu oxuyub lakeydən soruşdu:

– Bəs bu kağızı gətirən cənab hardadır?

– Ekipajda oturub. Buyurursunuz qəbul edək?

– Xahiş elə, gəlsin.

Lakey çıxdı.

– Bir görün nə pis iş olub, – deyə Darya Mixaylovna davam etdi. – Baron tez Peterburqa qayıtmaq əmri alıb. O, öz məqaləsini mənə dostu Rudin adlı bir cənabla göndərib. Baron bu dostunu mənə təqdim etmək istəyirdi, onu çox tərifləyirdi. Ancaq çox təəssüf! Mən ümid edirdim ki, baron bir müddət burda qalar…

– Dmitri Nikolayeviç Rudin! – deyə lakey xəbər verdi.

III

İçəri təxminən otuz beş yaşında, uca boylu, beli azacıq əyilmiş, saçları qıvırcıq, qaraşın, üzünün cizgiləri qeyri-müntəzəm, amma ifadəli və ağıllı, tünd göy və oynaq gözlərində parıltı olan, burnu düz və enli, dodaqları qəşəng cizgilərə malik bir adam girdi. Əynindəki paltarları köhnə və dar idi, elə bil ki, paltarı geyinəndən sonra boy atmışdı.

O, cəld hərəkətlə Darya Mixaylovnaya yaxınlaşıb yüngülcə baş əyib dedi ki, çoxdan bəri ona təqdim edilmək şərəfinə nail olmağı arzulayırdı və dostu baron şəxsən vidalaşa bilmədiyi üçün çox təəssüf edir.

Rudinin nazik səsi onun boyuna və geniş köksünə uyğun gəlmirdi.

– Oturun… Çox şadam, – Darya Mixaylovna onu məclisdəkilərlə tanış edəndən sonra, buralı, yoxsa gəlmə olduğunu soruşdu.

– Mənim mülküm T… quberniyasındadır, – deyə şlyapasını dizlərinin üstünə qoyub oturmuş Rudin cavab verdi. – Bura isə bu yaxınlarda gəlmişəm. İş üçün gəlmişdim və hələlik sizin qəza şəhərinə düşmüşəm.

– Kimin evinə?

– Doktorun. O mənim köhnə universitet yoldaşımdır.

– Hə! Doktor… Onu tərifləyirlər. Deyirlər ki, öz işindən başı çıxan adamdır. Bəs siz baronla çoxdan tanışsınız?

– Ona bu qış Moskvada rast gəlmişəm. İndi də bir həftəyə qədər onun evində qalmışam.

– Baron çox ağıllı adamdır.

– Elədir.

Darya Mixaylovna yaylığının odekolon vurulmuş düyünlü ucunu iylədi. Sonra Rudindən soruşdu:

– Siz xidmət edirsiniz?

– Kim? Mən?

– Bəli.

– Yox… İstefaya çıxmışam.

Azacıq sükut çökdü, sonra yenə də ümumi söhbət başlandı.

Piqasov Rudinə müraciətlə sözə başladı:

– İcazənizlə soruşum, baronun göndərdiyi məqalənin məzmunu sizə məlumdurmu?

– Məlumdur.

– Bu məqalə ticarətin… ya da yox, gərək ki, sənayenin bizim ölkəmizdə ticarətə münasibəti məsələsindən bəhs edir… Darya Mixaylovna, gərək ki, siz belə buyurdunuz.

– Bəli, məqalə bu barədədir, – deyə Darya Mixaylovna cavab verdi və əlini alnına qoydu.

– Əlbət ki, belə məsələlərdən mənim başım çox da çıxmaz, – Piqasov sözünə davam etdi, – ancaq etiraf etməliyəm ki, məqalənin sərlövhəsi özü həddindən artıq… necə deyim ki, ədəbli çıxsın?… həddindən artıq qaranlıq və dolaşıqdır.

– Bu niyə sizə belə görünür?

Piqasov güldü və Darya Mixaylovnaya ötəri nəzər saldı.

– Bəs sizin üçün bu aydındırmı? – deyə tülkü sifətinə oxşayan üzünü təzədən Rudinə çevirdi.

– Mənə? Aydındır.

– Hm… Əlbəttə, bunu siz yaxşı bilərsiniz.

– Başınız ağrıyır? – Aleksandra Pavlovna Darya Mixaylovnadan soruşdu.

– Yox. Bu hərdən məndə olur. C`est nerveux15.

Piqasov yenə burnunda danışa-danışa dilləndi:

– İcazə verin soruşum, sizin tanışınız, cənab baron Muffel… gərək ki, adı beləydi?

– Elədir ki, var.

– Cənab baron Muffel siyasi iqtisadla xüsusi məşğul olur, yoxsa bu maraqlı elmə kübar cəmiyyətinin əyləncələrindən və xidmət məşğələlərindən artıq qalan boş vaxtını sərf edir?

Rudin diqqətlə Piqasova baxdı.

– Baron bu işə həvəskardır, – Rudin azacıq qızararaq dedi. – Ancaq onun məqaləsində bir çox haqlı və maraqlı yerlər vardır.

– Məqalədən xəbərim olmadan sizinlə mübahisə edə bilmərəm. Ancaq cürət edib soruşmaq istəyirəm ki, sizin dostunuz baron Müffelin əsəri yəqin ki, faktlardan daha çox ümumi mülahizələrə istinad edir, elədir?

– Məqalədə həm faktlar, həm də faktlara istinad edən mühakimələr var.

– Bəli, bəli. Sizə ərz edim ki, mənim fikrimcə… Yeri gələndə, mən də hər halda bir söz deyə bilərəm: mən üç il Derptdə ömür çürütmüşəm… Bütün bu ümumi mühakimələr, nəzəriyyələr, nə bilim, sistem adlanan şeylər… məni bağışlayın, mən qəzada yaşamış adamam, sözün düzünü dik deyərəm… bunlar hamısı işə yaramayan şeylərdir. Bütün bunlar ağıl hoqqabazlığıdır, bununla ancaq camaatın başını tovlamaq olar. Cənablar, faktlardan danışın, sizdən başqa şey istəmirik.

– Doğrudan? – Rudin dedi. – Yaxşı, bəs faktların mənasını göstərmək lazım deyil?

– Ümumi mühakimələr! – Piqasov sözünə davam etdi. – Bu ümumi mühakimələr, icmallar, nəticələr lap zəhləmi töküb. Bütün bunlar etiqada əsaslanır, hərə öz etiqadından dəm vurur, hamı onlara hörmət edilməsini tələb edir və onları hər yerdə gözə soxur… Eh!

Piqasov bunu deyib yumruğunu havada silkələdi. Pandalevski qəhqəhə çəkib güldü.

– Çox gözəl! – deyə Rudin dilləndi. – Deməli sizin fikrinizcə, heç bir qənaət filan yoxdur, elədir?

– Yoxdur, əsla yoxdur.

– Bu sizin qənaətinizdir?

– Bəli.

– Bəs siz deyirsiniz ki, heç bir qənaət yoxdur? Budur, hələlik sizə bir qənaət.

Otaqdakıların hamısı gülümsəyib bir-birinin üzünə baxdı.

– Bağışlayın, bağışlayın, ancaq… – deyə Piqasov sözə başlamaq istəyirdi, ancaq Darya Mixaylovna əlini əlinə vurub səsləndi:

– Bravo! Bravo! Basıldı, Piqasov basıldı! – bunu deyib şlyapanı Rudinin əlindən aldı.

Piqasov acıqlı halda dilləndi:

– Sevinməyə tələsməyin, xanım. Hələ macal taparsınız! Özünü üstün tutub iti bir söz deməklə iş qurtarmır. İsbat etmək, təkzib etmək lazımdır… Biz mübahisə etdiyimiz mövzudan uzaq düşdük.

– Bağışlayın, – deyə Rudin soyuqqanlıqla qeyd etdi, – iş çox sadədir. Siz ümumi mühakimələrin xeyrinə inanmırsınız. Siz qənaətlərə inanmırsınız…

– İnanmıram, inanmıram. Heç nəyə inanmıram.

– Çox yaxşı. Siz skeptiksiniz.

– Belə alimanə bir söz işlədilməsinə ehtiyac görmürəm, ancaq…

– Sözünü kəsməyin! – deyə Darya Mixaylovna sözə qarışdı.

– Bu söz mənim fikrimi ifadə edir, – deyə Rudin davam etdi. – Siz də onun mənasını başa düşürsünüz. Belə olan halda, bu sözü nə üçün işlətməyim ki? Siz heç nəyə inanmırsınız? Bəs faktlara niyə inanırsınız?

– Necə yəni niyə? Əcəb işdir! Faktlar məlum şeydir. Faktların nə demək olduğunu hamı bilir… Onlar barəsində mən öz təcrübəm, öz duyğularım əsasında hökm verirəm.

– Duyğularınız sizi aldada bilməz ki? Duyğularınız sizə deyir ki, günəş yerin ətrafında fırlanır… Yoxsa, bəlkə siz Koperniklə də razı deyilsiniz? Siz ona da inanmırsınız?

Yenə hamının üzündə təbəssüm oynadı və hamının nəzərləri Rudinə zilləndi. Hər kəs fikirləşdi ki, o, ağıllı adamdır.

– Siz hey zarafat edirsiniz, – Piqasov dedi. – Əlbəttə, bu çox orijinaldır, amma işə dəxli yoxdur.

– Mənim bu vaxta qədər dediklərimdə, – Rudin cavab verdi, – təəssüf ki, orijinallıq son dərəcə azdır. Bütün bunlar hamısı çoxdan məlumdur və min dəfə deyilib. İş bunda deyil…

– Bəs nədədir? – Piqasov həyasızlıqla soruşdu. O, mübahisə edəndə əvvəlcə rəqibini ələ salır, sonra kobudlaşır, axırda isə qəzəblənib susurdu.

Rudin sözünə davam etdi:

– İş bundadır ki, etiraf edirəm, ağıllı adamlar mənim yanımda məlum şeylərə hücum edəndə, səmimi surətdə təəssüf etməkdən özümü saxlaya bilmirəm.

– Nəyə hücum edəndə? Sistemlərə? – Piqasov soruşdu.

– Bəli, tutaq ki, elə sistemlərə. Bu söz niyə sizi belə qorxudur? Hər bir sistem həyatın əsas qanunlarını bilmək üzərində qurulur…

– Axı onları bilmək, onları kəşf etmək mümkün deyil, lütf edin!

– Bağışlayın. Əlbəttə, bunları hər adam bilə bilməz və səhv etmək insana xas olan bir şeydir. Lakin siz bu barədə mənimlə razılaşarsınız ki, Nyuton heç olmasa bu əsas qanunlardan bəzilərini kəşf edib. Tutaq ki, o dahi adam imiş, lakin dahilərin kəşfləri elə o cəhətdən böyükdür ki, bu kəşflər sonra hamının malı olur. Ayrı-ayrı hadisələrdən ümumi əsasları axtarıb tapmaq meyli insan ağlının ən başlıca xüsusiyyətlərindən biridir və bizim bütün biliklərimiz…

– Gör bir hara baş apardınız! – deyə Piqasov səsini uzada-uzada onun sözünü kəsdi. – Mən əməli bir adamam və bütün metafizik incəliklərə baş qoşmuram və baş qoşmaq da istəmirəm.

– Çox gözəl! Buna sizin ixtiyarınız var. Ancaq bilin ki, sizin xalis əməli bir adam olmaq arzunuz öz-özlüyündə bir sistem, bir nəzəriyyədir…

– Siz biliklərdən danışdınız, – Piqasov yenə onun sözünü kəsdi. – Gör bir məni nə ilə heyrətə salmaq istəyirsiniz! Sizin bu dilə-ağıza düşmüş bilikləriniz mənə çox lazımmış… mən sizin bildiklərinizə bir qara qəpik də vermərəm!

– Yaman pis mübahisə edirsiniz, Afrikan Semyonıç, – Darya Mixaylovna yeni tanışının sakitliyi və zərif hörmətkarlığından xeyli məmnun qalmış halda dedi, sonra diqqətlə Rudinin üzünə baxıb özlüyündə fikirləşdi: “C`est un homme comme il faut16, onun könlünü almaq lazımdır”.

– Mən bilikləri müdafiə etmək niyyətində deyiləm, – Rudin bir qədər susandan sonra sözünə davam etdi. – onların mənim müdafiəmə ehtiyacı yoxdur. Siz bilikləri xoşlamırsınız… Hərənin öz zövqü var. Həm də ki, belə bir mübahisə bizi çox uzaqlara aparıb çıxara bilər. İcazənizlə, qədim bir atalar sözünü sizin yadınıza salım: “Yupiter, sənin acığın tutub, deməli, sən müqəssirsən”. Mən demək istəyirəm, sistemlərə, ümumi mühakimələrə və sairəyə olan bütün bu hücumlar ona görə çox təəssüfedicidir ki, adamlar sistemlərlə birlikdə ümumiyyətlə elmi, fənni və ona olan inamı, bununla da, özlərinə və qüvvələrinə olan inamı da inkar edirlər. Belə inam isə insanlara lazımdır. Onlar təkcə təəssüratla yaşaya bilməzlər, onlar üçün fikirdən qorxmaq və ona inanmamaq günahdır. Skeptisizm həmişə səmərəsizliklə, acizliklə seçilib…

– Bunlar hamısı boş sözlərdir! – Piqasov mızıldandı.

– Ola bilər. Ancaq icazə verin bildirim ki, “bunlar hamısı boş sözdür” deməklə biz özümüz çox zaman sözdən daha çox işə yarayan bir şey söyləmək zərurətindən yaxamızı qurtarmaq istəyirik.

– Necə? – Piqasov gözlərini qıyıb soruşdu.

– Mənim nə demək istədiyimi başa düşdünüz, – Rudin qeyri-ixtiyari səbirsizliklə cavab verdi, amma o saat da özünü ələ aldı. – Təkrar edirəm ki, əgər insanın möhkəm inandığı bir əsas yoxdursa, onun möhkəm durduğu bir zəminə yoxdursa, o, öz xalqının tələbləri, əhəmiyyəti və gələcəyi haqqında nə fikirləşə bilər? O, özünün nə edəcəyini necə bilə bilər, əgər…

– Di bəsdir, bəsdir! – Piqasov hirsli-hirsli dedi və baş əyib heç kimin üzünə baxmadan bir küncə çəkildi.

Rudin ona baxıb sakitcə güldü və susdu.

– Aha! Meydandan qaçdın! – Darya Mixaylovna dilləndi. – Narahat olmayın, Dmitriy… Üzr istəyirəm, atanızın adı nədir?

– Nikolay.

– Narahat olmayın, əziz Dmitriy Nikolayeviç, o bizim heç birimizi aldada bilmədi. O özünü elə göstərmək istəyir ki, guya daha mübahisə etmək istəmir. O hiss edir ki, sizinlə mübahisə edə bilmir. Yaxşısı budur, bir az yaxın oturun, söhbət edək.

Rudin öz kreslosunu ona yaxınlaşdırdı.

– Necə olub ki, biz bu vaxta qədər tanış olmamışıq? – Darya Mixaylovna dedi. – Bu məni təəccübləndirir. Siz bu kitabı oxumusunuz? C`est de Tocqueville` vous savez?17

Darya Mixaylovna fransız dilində olan kitabçanı Rudinə uzatdı.

Rudin nazik kitabçanı alıb bir neçə səhifəsinə göz gəzdirəndən sonra stolun üstünə qoydu və cavab verdi ki, cənab Tokvilin bu əsərini oxumayıb, amma onun toxunduğu məsələlər haqda tez-tez fikirləşib. Söhbət qızışdı. Rudin əvvəlcə sanki tərəddüd edir, öz fikirlərini deməyə cürət etmir, söz tapmırdı, ancaq nəhayət o qızışıb söhbətə girişdi. On beş dəqiqədən sonra otaqda ancaq onun səsi eşidilirdi. Hamı onun başına yığışıb dairə vurmuşdu.

Təkcə Piqasov uzaqda, küncdəki buxarının yanında dayanmışdı. Rudin ağıllı, hərarətli və əməli sözlər danışırdı. Biliyininin çox olduğunu, çox kitablar oxuduğunu büruzə verirdi. Heç kim onun belə gözəl insan olduğunu gözləmirdi. O, çox sadə geyinmişdi və haqqında da heç kim heç nə eşitməmişdi… Birdən-birə kənddə belə ağıllı bir adamın zahir olmağı hamıya anlaşılmaz və qəribə görünürdü. Buna görə də, o, Darya Mixaylovnadan tutmuş hamını heyrətə salmış, belə demək olarsa, hamını özünə valeh etmişdi. Darya Mixaylovna belə bir adamı tapmaqla fəxr edir və artıq əvvəlcədən Rudini kübar aləminə necə çıxaracağı barəsində düşünürdü. Yaşının çoxluğuna baxmayaraq, aldığı ilk təəssüratda uşaqlıq halları vardı. Aleksandra Pavlovna, düzünə qalsa, Rudinin danışdıqlarından az şey başa düşmüşdü, ancaq o da çox heyrətlənmiş və sevinmişdi. Onun qardaşı da heyran qalmışdı. Pandalevski paxıllıq içində qıvrılır, oğrun-oğrun Darya Mixaylovnaya nəzər yetirirdi. Piqasov isə belə düşünürdü: “Beş yüz manata bundan da yaxşı bülbül taparam…” Ancaq Basistovla Nataliya hamıdan artıq heyran olmuşdu. Basistovun az qala nəfəsi tutulmuşdu. Bütün bu müddət ərzində ağzı açıla qalmış, gözləri bərəlmiş halda oturub, ömründə heç bir kəsi dinləmədiyi qədər diqqətlə Rudini dinləyirdi. Nataliyanın isə üzünü qızartı bürümüşdü, hərəkətsiz halda Rudinə zillənmiş baxışları gah qaralır, gah da parıldayırdı…

– Onun nə qəşəng gözləri var! – Volınsev Nataliyanın qulağına pıçıldadı.

– Hə, gözəldir.

– Ancaq heyif ki, əlləri yekə və qırmızıdır.

Nataliya cavab vermədi.

Çay gətirdilər. Söhbət daha ümumi bir şəkil aldı, ancaq birdən-birə hamının susmasından, bircə Rudinin danışmasından, onun icra etdiyi təsirin qüvvətini bilmək olardı. Birdən-birə Darya Mixaylovna Piqasovu cırnatmaq fikrinə düşdü. O, Piqasova yaxınlaşıb yavaş səslə dedi:

– Hə, nə var, dinmirsiniz? Elə bircə acı-acı gülümsəyirsiniz. Hünəriniz var, ona bir də girişin görək.

Darya Mixaylovna Piqasovun cavabını gözləmədən əl işarəsiylə Rudini çağırdı. Sonra Piqasovu ona göstərib dedi:

– Siz hələ onun bir cəhətini bilmirsiniz. O yaman arvad düşmənidir və daim onlara hücum edir, lütfən onu haqq yoluna dəvət edin.

Rudin ixtiyarsız olaraq Piqasova üstdən-aşağı baxdı. Çünki o, Piqasovdan iki baş hündür idi. Piqasov az qaldı hirsindən huşunu itirsin, onun üzü ağardı.

– Darya Mixaylovna səhv edir, – deyə o, qeyri-təbii səslə sözə başladı. – Mən yalnız qadınlara hücum etmirəm, bütün bəşəriyyətdən xoşlanmıram.

– Bəşəriyyət barəsində belə bir pis fikir sizdə hardan əmələ gəlib? – deyə Rudin soruşdu.

Piqasov dik onun gözlərinə baxdı.

– Yəqin ki, öz qəlbimin tədqiqindən bu nəticəni çıxarmışam, çünki orda hər gün daha artıq pisliklər kəşf edirəm. Mən özümə baxıb başqaları haqda hökm verirəm. Bəlkə də bu haqsızlıqdır və mən başqalarından daha çox pisəm, ancaq nə çarə? Vərdiş etmişəm.

– Mən sizi başa düşürəm, – Rudin cavab verdi. – O hansı nəcib ruhdur ki, özü-özünü məhv etməyə ehtiyac duymamış olsun? Lakin bu çıxılmaz vəziyyətdə qalmaq lazım deyil.

– Mənim ruhuma nəcibliyi yaraşdırdığınız üçün sizə sədaqətlə təşəkkür edirəm. Vəziyyətim isə, heç də pis deyil. Belə ki, əgər ordan çıxış yolu varsa, qoy olsun. Mən onu axtaran deyiləm!

– Lakin bu… belə dediyim üçün məni bağışlayın… öz izzəti-nəfsini təmin etməyi həqiqətə sədaqətlə xidmət etmək arzusundan üstün tutmaq deməkdir.

– Bəs necə! – Piqasov bərkdən səsləndi. – İzzəti-nəfsin nə olduğunu mən də başa düşürəm. Ümid edirəm ki, siz də başa düşürsünüz və hamı başa düşür. Həqiqətə qalandasa, həqiqət nə deməkdir? Bu həqiqət deyilən şey hardadır?

– Sizi xəbərdar edim ki, dediklərinizi təkrarlayırsınız, – Darya Mixaylovna qeyd etdi.

Piqasov çiyinlərini çəkdi.

– Nə olar ki? Mən həqiqətin harda olduğunu soruşuram. Hətta filosoflar da onun nə olduğunu bilmirlər. Kant deyir ki, o filan şeydir, Hegel isə deyir ki, yox, sən yalan deyirsən, elə deyil, belədir.

Rudin asta səslə soruşdu:

– Siz Hegelin həqiqət barəsində nə dediyini bilirsinizmi?

– Təkrar edirəm ki, – Piqasov özündən çıxmış halda çəmkirdi, – mən həqiqətin nə olduğunu başa düşə bilmirəm. mənim fikrimcə dünyada heç yerli-dibli həqiqət yoxdur, yəni həqiqət sözü var, amma həqiqət özü yoxdur.

– Fi! Fi! – Darya Mixaylovna fit çaldı. – Ay qoca günahkar, heç utanırsınız, belə söz danışmaq sizin üçün eyib deyilmi? Necə yəni həqiqət yoxdur? Həqiqət yoxdursa, onda dünyada yaşamağın nə mənası?

1.Armyak – keçmişdə rus kəndlilərinin geyindikləri, qalın mahuddan kaftana oxşayan üst paltarı.
2.Drojki – dörd təkərli yüngül minik arabası.
3.Kolomyanka – möhkəm kətan parça.
4.Pedant – formalist.
5.Xanım Bonkur (fr.)
6.Axı sizin danışdığınız dəhşətdir, cənab. (fr.)
7.Təşəkkür edirəm, çox gözəldir! (fr.)
8.O elə zərifdir ki. (fr.)
9.Baron alim olduğu qədər də mehribandır. (fr.)
10.Bu əsl seldir, sizi alıb aparır. (fr.)
11.Cənablar və xanımlar. (fr.)
12.Təşəkkür edirəm. (fr.)
13.A! Nahar zəngi, qayıdın. (fr.)
14.Hayıf ki, bu cavan oğlan söhbət etməyə belə acizdir. (fr.)
15.Bu əsəbdəndir. (fr.)
16.Bu ədəb-ərkanlı adamdır. (fr.)
17.Bu Tokvilin əsəridir, tanıyırsınız? (fr.)

Darmowy fragment się skończył.

5,30 zł
10,60 zł
−50%
Ograniczenie wiekowe:
0+
Data wydania na Litres:
26 października 2022
Objętość:
160 str. 1 ilustracja
Właściciel praw:
Köhlən Nəşriyyatı
Format pobierania:

Podobne książki