Czytaj książkę: «Əyyaş»
Hans Fallada 1893-cü il iyulun 21-də Qreyfsvald şəhərində doğulub. Əsl adı Rudolf Vilhelm Fridrix Ditzen olan yazar 1920-ci ildə çıxan “Der Jinge Goedeschal” adlı ilk romanından başlayaraq Hans Fallada ləqəbindən istifadə edib. 6 yaşında ikən ailəsi Berlinə köçür. 1909-cu ildə qəzaya düşən və ertəsi il tif xəstəliyinə tutulan Falladanın qəbul etdiyi ağrıkəsicilərlə həyatı boyunca davam edəcək olan narkotik problemi başlamış olur. Məktəbə uyğunlaşa bilməyən və yaşıdlarından uzaq gəzən Fallada bir neçə dəfə intihara cəhd edir. Qaldığı xəstəxanada ədəbiyyatla maraqlanmağa başlayır. 1929-cu ildə Suse İssel ilə evlənir. Müxtəlif qəzetlərlə əməkdaşlıq edərək kitablarının naşiri Rovoltla işləməyə başlayır. 1931-ci ildə çap olunan “Bauem, Bonzen und Bomben” ilə tanınır. 1932-ci ildə çap olunan “Kleiner Mann – Was Nun?” böyük uğur qazanır (Bu əsər Alatoran Yayınlarında çapdan çıxıb) və yəhudi prodüserlər onun əsasında film çəkir. Bu, yazarın 1935-ci ildə nasist partiyası tərəfindən təhlükəli yazarlar siyahısına salınmasına səbəb olur. Maddi çətinlikləri olan yazarın 1940-cı illərin əvvəlində narkotik və spirtli içkidən asılılığı xeyli artır. Suse Ditzen ilə boşandıqdan sonra 1944-cü ildə keçmiş arvadına atəş açır. Silahı ələ keçirən Suse Ditzen yazarın başına vuraraq onu bayıldır və polis çağırır. Fallada nasistlərin ruhi xəstəxanasına salınır. Burada şifrəli bir şəkildə avtobioqrafik əsər sayıla biləcək “Əyyaş” romanını yazır. Nasist partiyasının dağılmağa başladığı 1944-cü ilin qışında sərbəst buraxılır. Morfi asılılığı ucbatından xəstəxanaya aparılan Hans Fallada bu gün ən məşhur kitabı olan “Hər kəs təkbaşına ölür” əsərini bitirdikdən dərhal sonra – 1947-ci ilin fevralında həyatla vidalaşır.
Əyyaş
1
Əlbəttə ki, həmişə içmirdim, hətta içkiyə başlayalı çox olmadı. Əvvəllər spirtli içkidən iyrənərdim; hərdənbir eləcə bir stəkan pivə içərdim. Şərabın dadı mənə turş gələr, arağın iyindən narahat olardım. Amma bir müddət sonra özümü pis hiss elədiyim bir dövrə girdim. İşlərim lazım olduğu kimi getmir, insanlarla əlaqələrimdə müxtəlif cür uğursuzluqlara məruz qalırdım. Başqalarına sezdirməsəm də, həmişə şüurlu və özünə güvənən bir adam olsam da, ətrafımdan simpatiya və tərif gözləyən mülayim bir insan idim. Daha pisi arvadımın da məndən üz çevirdiyi hissinə qapılmağım idi. Əvvəllər diqqəti çəkməyən bu əlamətlər bir başqasının gözdən qaçıra biləcəyi xırda-para şeylər idi. Məsələn, bizim evdə keçirilən bir ad günü yığıncağında mənə tort verməyi unutmuşdu; əslində tort yemirəm, amma əvvəllər həmişə mənə mütləq təklif edərdi. Bir dəfə otağımda sobanın üstündə üç gün boyunca təmizlənməyən hörümçək toru görmüşdüm. O biri otaqların hamısını gəzdim, mənimkindən başqa heç birində hörümçək toru yox idi. Əslində mənə qarşı olan bu qəzəbinin hələ nə qədər çəkəcəyini gözləmək istəyirdim, amma dördüncü gün artıq dözə bilməyib özünə dedim. Bundan sonra hörümçək toru ortadan qalxdı. Əlbəttə, bunu ona olduqca sərt şəkildə demişdim. Təklik və inciklik hissinin mənə necə əzab çəkdirdiyini heç bir şəkildə sezdirmək istəmirdim.
Ancaq bu istəyimi reallaşdıra bilmədim. Qısa müddət sonra ayaqaltı hadisəsi baş qaldırdı. O günlərdə bir bankla aramda bəzi problemlər yarandı; ilk dəfə almaq istədiyim pulu mənə vermək istəmədilər, həmin vaxt ziyana düşdüyüm danışılmış olmalı idi. Adı Alf olan bank müdiri mənimlə çox yaxşı davranaraq, müvəqqəti çətinliklərdən danışdı, hətta mərkəzə zəng edərək məni xüsusi bir kreditlə təmin etməyi təklif etdi. Əlbəttə, bu təklifi rədd etdim, həmişəki kimi yenə gülümsəyirdim, özümdən əmindim. Lakin indiyə qədər dəfələrlə etdiyi halda bu dəfə siqara qonaq etməməsi gözümdən qaçmadı, bu müştəri artıq onun üçün çox da əhəmiyyətli deyildi.
Stəkandan boşalırmış kimi yağan payız yağışı altında əldən düşmüş halda evə gəldim. Daha o qədər də ciddi çətinliklər qarşısında deyildim, ancaq işlərimdə müəyyən gerilik baş qaldırmışdı və bu, həmin vaxtlarda bir-iki cəhdlə yoluna qoyula bilərdi. Ancaq bu cəhdləri reallaşdıra biləcək vəziyyətdə deyildim, qarşılaşdığım bütün bu səssiz narazılıqlardan xeyli əldən düşmüş vəziyyətdəydim.
Evə gəldikdə (şəhərdən bir az kənarda, öz villamızda yaşayırdıq; prospekt hələ oraya qədər düzəldilmədiyindən) qapının qarşısında çirkli ayaqqabılarımı təmizləmək istədim, ayaqaltı yox idi. Hirslə qapını açıb evdən içəriyə, arvadıma səsləndim. Hava qaraldığı halda evdə heç işıq yanmırdı, Maqda isə görünmədi. Bir neçə dəfə də səsləndim, amma əbəs yerə. Son dərəcə bərbad bir vəziyyətdəydim; yağış altında öz evimin, qapımın qarşısında dayanır, evin girişini və zalı çirkləndirmək istəmədiyimdən içəri girə bilmirdim və bütün bunlar bu saatda işdən evə döndüyümü bildiyi halda, arvadımın ayaqaltını qapının önünə qoymağı unutmasından irəli gəlirdi. Axırda hirsimi cilovlayıb barmaqlarımın ucuna basaraq evə girdim. Ayaqqabılarımı çıxarmaq üçün işıq yandırıb bir stulda oturduqda, göstərmiş olduğum bu qədər səyin boş yerə olduğunu gördüm; zaldakı yaşılımtıl xalçanın üstündə qorxunc ləkələr meydana gəlmişdi. Həmişə Maqdaya deyirdim ki, tez çirklənən yaşılımtıl xalça dəhlizə uyğun deyil, amma o hər ikimizin də artıq belə şeylərə bir az olsun diqqət yetirəcək qədər yaşlandığımızı bildirmişdi. Onsuz da Else (xidmətçimiz) də arxa qapıdan istifadə edir və evin içində həmişə başmaqla gəzirdi. Hirslə ayaqqabımın birini çıxarmışdım; elə ikincisini çıxarırdım ki, zirzəmiyə düşən pilləkənlərə açılan qapının önündə Maqdanı gördüm. Ayaqqabı əlimdən sürüşərək gurultu ilə xalçanın üstünə düşdü, daha bir bərbad ləkə əmələ gəldi.
–Bir az ehtiyatlı olsana, Ervin! – deyə Maqda hirslə qışqırdı. – Bu cür gözəl xalçanın halına bir bax. Ayaqlarını əməlli-başlı silməyi öyrənməyəcəksənmi?!
Bu cür göz görə-görə haqsız yerə günahlandırılmaq məni çox hirsləndirmişdi.
Hələ də gözlərini yerdən ayırmayan arvadımdan:
–Hansı dəliyə dürtülmüşdün? – deyə soruşdum. – Ən azı on dəfə səni çağırdım!
–Aşağıda, qazanxanada idim, – Maqda soyuqqanlı halda dedi. – Bax, gör nə hala gətirmisən xalçamı?
–Bu xalça sənin olduğu qədər həm də mənimdir, – deyə cavab verdim. – Həqiqətən istəyərək xalçanı çirkləndirmədim, amma qapının ağzında ayaqaltı yoxdursa neyləyə bilərəm!
–Qapının ağzında ayaqaltımı yoxdur? Əlbəttə var.
–Orada ayaqaltı-zad yoxdur! – deyə qətiyyətlə qışqırdım. – Zəhmət olmasa get öz gözlərinlə gör!
Amma o, qapının önünə çıxmağı heç düşünmürdü də.
–Əgər Else ayaqaltını qoymağı unudubsa, ayaqqabılarını çox rahatlıqla girişdə də çıxara bilərdin. Heç olmasa ayaqqabını bura, xalçanın üstünə elə yöndəmsiz halda atmalı olmazdın!
Hirsimdən səsim qısılmışdı, təəccüblə ona baxırdım.
–Bəli, – dedi, – bax yenə susursan. Kimsə səni günahlandırdıqda həmişə susursan. Halbuki sən dayanmadan məni günahlandırırsan…
Bu sözlərində doğru heç bir şey yox idi, yenə də soruşdum:
–Nə vaxt günahlandırdım səni?
–Elə indi, – dərhal dedi, – birincisi, günortadan sonra Else icazəli olduğu üçün özüm qazanxanaya gedib baxmağa məcbur olduğumdan sən səsləyəndə gəlmədiyim üçün günahlandırırsan; ikincisi də ayaqaltı qapının qarşısında yox imiş. Mən bütün bu işlərin arasında Elsenin hər xırda-para işlərinə də nəzarət edə bilmərəm axı.
Özümü yığışdırdım, ürəyimdə Maqdanı hər məsələdə haqsız sayırdım, amma əvəzində:
–Dalaşmayaq, Maqda, – dedim. – Xalçanı istəyərək çirkləndirmədiyimə inanmalısan.
–Sən də inan ki, – hələ də olduqca sərt şəkildə dedi, – nə istəyərək səni bağırtdım, nə də istəyərək gözlətdim.
Bu sözündən sonra susdum. Axşam yeməyinə qədər ikimiz də yenə özümüzə hakim idik, hətta aramızda danışa biləcəyimiz yaxşı bir mövzu belə açıldı. Birdən ağlıma bir zamanlar kiminsə hədiyyə etdiyi bir şüşə qırmızı şərab gəldi. İllərdir zirzəmidə olan şərabı götürdüm. Bu düşüncənin haradan ağlıma gəldiyini doğrudan da bilmirdim. Bəlkə də barışmağımızın gətirdiyi hiss ilə bu axşamı xaç suyuna salma və ya nişan kimi qeyd etməyi düşünmüş ola bilərdim. Maqda da bu işə çox təəccübləndi, amma yenə də təsdiqləyirmişcəsinə gülümsədi. Bu axşam şərabın dadı mənə turş gəlmədiyi halda sadəcə bir yarım qədəh içdim. Getdikcə şən bir halda Maqdaya mənim əhvalımı korlayan işlərimdən danışdım. Amma əlbəttə, problemlərimdən danışmadım, əksinə uğursuzluqlarımı uğura çevirərək danışdım. Maqda uzun müddətdir göstərmədiyi bir maraqla məni dinlədi. Aramızdakı yadlaşmanın kökündən ortadan qalxdığı qənaətinə gəldim; sevincimdən ona özünə gözəl bir şey, paltar, üzük ya da istədiyi hər hansı bir şeyi alması üçün yüz mark verdim.
2
Sonradan öz-özümdən o axşam həqiqətən sərxoş olub-olmadığımı soruşdum. Əlbəttə, deyildim, nə Maqda, nə də mən heç bir şey sezməmişdik. Amma, yenə də o axşam həyatımın ilk sərxoşluğunu yaşadım. Nə ləngər vurmuş, nə də dilim dolaşmışdı. Bu kif iyli stəkan yarım şərab mənim kimi ayıq bir insana təsir edə bilməzdi. Bunun əvəzində spirtli içki bütün dünyamı dəyişdirmişdi. İçki sanki Maqda ilə aramızda heç bir yadlaşma və davanın olmadığını göstərmiş, işlə bağlı çətinliklərimi uğurlara çevirmişdi; həm də elə uğurlar ki, məni Maqdaya yüz mark verdirəcək həddə gətirmişdi. Bəlkə böyük məbləğdə pul deyildi, lakin mənim vəziyyətimdə olan bir adam üçün yenə də kiçik hesab edilməyəcək bir məbləğ idi. Ertəsi gün səhər oyanıb qapının önünə qoyulması unudulan ayaqaltıdan Maqdaya verdiyim yüz marka qədər arada baş verən bütün hadisələri yenidən fikrimdə canlandırdıqda, ona qarşı davranışımın utancverici olduğunu anladım. Onu işimin vəziyyəti haqqında təkcə səhv məlumat verərək yanıltmaqla qalmamış, bu yanıltmanı sözlərimə aldanması üçün vermiş olduğum pulla gücləndirmişdim. Hüquqi baxımdan bu vəziyyət çox yaxşı bir “aldatma” kimi dəyərləndirilə bilərdi, amma hüquq heç də mühüm deyildi; mühüm olan insani davranış idi, bu baxımdan da qorxunc dərəcədə çirkin idi. Evliliyimiz ərzində ilk dəfə Maqdanı bilə-bilə aldatmışdım, nə üçün? Durduğum yerdə nə üçün onu aldatdım? İndiyə qədər etdiyim kimi, yenə bu məsələdə susa bilərdim. Kimsə danışmağa məni məcbur etmədi. Kimsəmi? Xeyr, spirtli içki idi bunu mənə etdirən, işin fərqinə vararaq içkinin necə bir yalançı olduğunu, dürüst bir insana necə yalan dedirtdiyini tam mənasıyla qavradığım zaman artıq bir daha bir damla belə spirtli içki içməyəcəyimə, hətta aradabir içdiyim bir stəkan pivədən də imtina edəcəyimə and içdim.
O səhər ağlımı başıma yığıb bir axşam əvvəl Maqda ilə aramızda yaranan isti havanı qorumağa, bir daha hər hansı bir incikliyə, ya da dava-dalaşa gətirib çıxarmamağa and içmişdim. Halbuki aradan sadəcə bir neçə gün keçmiş, biz yenidən davalarımıza başlamışdıq. Ağla sığacaq bir şey deyildi; evliliyimizin on dörd ili az qala heç bir dava-dalaşsız davam etmiş və indi on beşinci ildə çəkişmədən dura bilmirdik. Bəzən çox gülünc səbəblərə görə mübahisələrimiz olurdu. Sanki hansı səbəblə olursa olsun, müəyyən zamanlarda dava eləməyə məcbur idik. Dava da insanın tez alışdığı və artıq onsuz yaşaya bilmədiyi bir zəhər kimi idi. Əvvəllər vasvasılıqla nəzakətimizi qorumağa çalışır və əlimizdən gəldiyi qədər davaya səbəb olan mövzudan yayınaraq qarşılıqlı fərdi incitmələrdən çəkinməyə çalışırdıq.
Kiçik xidmətçi qız Elsenin varlığı da davranışlarımızın ifrat həddə çatmasına maneə törədirdi. Onun hər şeylə çox maraqlandığını və eşitdiklərini başqalarına da danışdığını bilirdik. O zamanlar şəhərdə hər hansı bir adamın problemlərimi və aramızdakı dava-dalaşları öyrənməsi mənim üçün təsəvvür edilməyəcək dərəcədə qorxunc bir şey olardı. Amma çox qısa müddət sonra insanların haqqımda danışmaları və düşüncələri mənim üçün heç dərd olmamağa başladı, daha pisi, özümə qarşı bütün hörmətmi itirdim.
Maqda ilə az qala hər gün dalaşmağa alışdığımızı demişdim. Əslində bunlar qoz qabığını doldurmayacaq qədər sadə şeylərə görə xırda-para mübahisələr, gərəksiz, qarşılıqlı sözatmalar şəklində olur və bu, durmadan aramızda meydana gələn gərginliyi bir az olsun azaldırdı. Bu qədər il Maqda ilə elə gözəl bir evlilikdən sonra bu cür davaların başlaması olduqca çirkin, təəccübləndirici bir vəziyyət idi. Sevərək evlənmişdik. O zamanlar ikimiz də kiçik bir məmurduq. Əllərimizdə bir çanta ilə işə gedib-gəlirdik. İndi düşünürəm ki, o yoxsulluq içində keçən ilk evlilik illərimiz necə də gözəl idi! Maqda evin idarə olunmasında tayı-bənzəri olmayan bir qadın idi. Bəzi həftələri on markla başa vurar, yenə də krallar kimi yaşayardıq. Daha sonra Maqdanın köməyi ilə təkbaşımıza bir iş qurmaq üçün cəsarət və böyük bir həyəcanla çalışdığımız illər başladı. Bacarırdıq, ilahi, o zamanlar hər şeyin öhdəsindən gəlirdik. Bir iş görmək istədikdə sadəcə ona əl atmağımız, iş və səylərimizi ona doğru yönəltməyimiz müvəffəqiyyətə çatmağımız üçün bəs edirdi; yaxşı baxılmış bir çiçək kimi açır, meyvələrini verirdi… O qədər istəməyimizə rəğmən uşağımız olmadı. Maqda bir uşaq salmışdı və bundan belə artıq heç uşağı olmayacaqdı. Amma buna görə bir-birimizə olan sevgimiz azalmadı. Evliliyimizin bir çox illəri boyunca bir-birimizə yenidən aşiq olurduq. Maqdadan başqa heç bir qadını istəyə bilmirdim. Məni hədsiz dərəcədə xoşbəxt edirdi, özü də ən azı mənim qədər xoşbəxt idi.
İşlərimiz elə gətirmişdi ki, yaşamaqda olduğumuz şəhərin və ətrafının böyüklüyü artıq bizə yetmirdi. Daha da genişlənməsi sadəcə həyat şəraitmizi yenidən dəyişdirmək, doğulub böyüdüyümüz bu kiçik şəhərdən ayrılıb daha böyük bir yerə köçməklə mümkün olacaqdı. İş məsələsinə olan həddindən artıq marağımız əvvəlki sürətini itirdiyindən, bu əksikliyi aradan qaldırmaq üçün şəhər kənarında torpaq sahəsi alıb villa tikdirdik; bağça saldıq, evimizi döşədik. Bunlar geri gedən həyatımızdakı evlilik əlaqələrimizdə ortaya çıxan soyuqluqları bizə sezdirtməyəcəkdi. Artıq əvvəlki kimi bir-birimizi sevməməyimizi, bir-birimizi əvvəlki qədər tez-tez və həyəcanla istəməməyimizi bir itki deyil, özbaşına gəlişən bir şey kimi görürdük. Artıq get-gedə yaşlı bir ər-arvad olmuşduq və bu başqalarının da başına gələn təbii bir vəziyyət idi. Evimizin planlaşdırılması, tikilməsi, döşənilməsi əsnasındakı yoldaşlığımız itirdiklərimizin yerini tuturdu; iki sevgili indi iki yoldaş olmuşdu, itirdiyimiz bir şey yox idi.
Bu aralarda işlərimdə indiyə qədər mənə həmişə kömək edən Maqda artıq ticari işlərlə maraqlanmamağa qərar vermişdi. İkimiz də bu davranışı çox adi hesab etmişdik. Evin işləri çoxalmışdı, bağça və ev heyvanlarımız baxım istəyirdi. Amma Maqdanın iş həyatından çəkilməsinin təsirləri gələcəkdə özünü göstərəcəkdi. Onun ayrılması təkcə ortaq maraq dairəmizin böyük bir hissəsinin yoxa çıxmasına gətirib çıxarmaqla qalmamış, onun necə əvəzedilməz bir köməkçi olduğunu da ortaya qoymuşdu. Məndən daha təsirli, daha təşəbbüskar idi, insanlarla olan münasibətlərdə məndən daha ağıllı idi; onlardan istədiklərini çox böyük bir asanlıq və rahatlıqla əldə edə bilirdi. Ortaq işimizdə mən diqqətli, müəyyən bir ölçüdə çox sürətli bir gedişi dayandıran, işi zəmanət altına alan bir işçiydim. Ticarət əlaqələrində də əlimdən gəldiyi qədər kimsəni məcbur etməməyə və kimsədən hər hansı bir şey istəməməyə çalışırdım. Maqdanın ayrılmasından sonra işlərim əvvəlki kimi irəliləyə bilmədi. Yeni əlavə olunan şeylər çox az idi, daha sonra yavaş-yavaş, ildən-ilə işimin əhatə dairəsi daraldı. Bütün bu geriləmələrin çox sonralar fərqinə vara bildim; lakin artıq çox gec idi, xilas edilə biləcək bir şey qalmamışdı. O zamanlar Maqdanın işdən ayrılması məni rahatlaşdırmışdı. Öz firmasını təkbaşına təmsil edən bir kişiyə, əlbəttə, daha çox önəm verilirdi, halbuki daha əvvəl firmanın idarə edilməsində arvadımın da söz haqqı vardı.
3
Maqdanın ev işləriylə məşğul olduğu, mənim də təkbaşıma firmanın başına keçmiş olduğum illərdə bir-birimizə nə qədər yadlaşdığımızı ancaq davalarımız başladığı zaman anladım. Özümüzü bütünlüklə buraxmağımızdan, bədbinliyimizdən əvvəllər bir az utanırmış kimiydim və Maqdanı incitdiyim zamanlar ağlamaqdan şişmiş gözlərlə gəzməsindən mən də az qala onun qədər əzab çəkmiş, vəziyyəti düzəltməyə and içmişdim. Amma insan hər şeyə alışır; zənnimcə, ən tez alışdığı şey də alçaldıcı vəziyyətdə yaşamasıdır. Maqdanın yaşlı gözlərlə baxması əsnasında artıq vəziyyəti düzəltməyə and içmədiyim gün də gəldi və qorxunc bir təəccübqarışıq razılıqla öz-özümə dedim: “Amma bu dəfə səni yaxşı yerində oturtdum! Həmişə hazırcavablığınla qazanırsan, amma mənə üstün gələ bilməyəcəksən”. Bunu bu cür hiss etməyim qorxuncdur, amma yenə də doğru hesab edirdim, nə qədər ziddiyyətli görünsə də bu hissdən xoşlanırdım. Artıq Maqdanı şüurlu olaraq incitmək üçün kiçik bir addım qalmışdı.
Olduğumuz yerdə (camaatın heç xoşlanmadığı) bölgə mərkəz həbsxanası vardı və bu həbsxananın divarları arasında davamlı olaraq min beş yüzə qədər məhbus yaşamaqdaydı. Həbsxana idarəsi ilə hər üç ildə bir yenilənən müqavilə bağlayaraq lazımlı qida maddələrilə təmin edilməsini firma olaraq biz üzərimizə götürmüşdük. Müqavilənin yenilənməsi arvadımla olan əlaqələrimizdəki bu son dərəcə kritik dövrə rast gəlmişdi. Doqquz ildir bizim üzərimizdə idi və Maqda o zamanlar bu işi əldə etmək üçün çox çalışmışdı. Sonrakı hər iki müqavilənin yenilənməsində də müqaviləni təsdiqləyəcək olan həbsxana idarəsinin baş nəzarətçisinə baş çəkmiş və heç bir çətinliklə qarşılaşmadan tenderi qazanmışdıq. Həbsxana ilə etdiyim bu ticarəti işimin özlüyündə əvəzedilməz bir hissəsi kimi görürdüm; bu dəfə də işi çox böyütmək istəmədim. Doqquz ildən bəri qiymət tənzimləmə baxımından möhkəmliyi sübut edilmiş olan təklifin nüsxəsini çıxarıb göndərdim. Mən də həbsxananın baş nəzarətçisinə baş çəkməyi düşünürdüm, amma hər şey yolunda gedirdi; onun işinin başından aşdığını bildiyimdən, narahat etmək istəmirdim. Qısacası, ziyarətdən imtina etmək üçün ən azı on dənə səbəb sadalaya bilərdim.
Daha sonra həbsxana rəhbərliyindən aldığım cavab məktubuyla beynimdən vurulmuşa döndüm; bir neçə quru sözlə təklifimin rədd edildiyi, qida maddələri işinin başqa bir firmaya verildiyi bildirilirdi, ilk düşündüyüm şey Maqdaya bu hadisəni eşitdirməmək idi. Sonra şlyapamı götürüb birbaşa baş nəzarətçinin yanına qaçdım; halbuki, bu ziyarət ancaq üç həftə əvvəl edilmiş olsaydı bir məna qazanacaqdı. Nəzakətlə, amma bir az soyuq qarşılandım. Baş nəzarətçi köhnə iş əlaqələrimizin qopmasına kədərləndiyini, ancaq başqa cür davrana bilməyəcəyini bildirdi. Çünki mənim təklif etdiyim qiymətlər çoxdan təyin edilmiş, bəziləri yüksək sayılmış, bəziləri də normadan aşağıymış. Hərçənd ümumiyyətlə bu qiymətlər arasındakı aşağılıq və yüksəklik fərqi bir-birini sıradan çıxarırmış, amma işdə sabitsizlik – açıq danışdığı üçün onu bağışlamalıydım – səlahiyyətli cənabların üzərində pis təsir yaradıb; üstəlik, bu tenderin mənə verilib-verilməməsi firmam üçün çox da əhəmiyyətli olmamalıymış. Bundan başqa bu tenderin əvvəllər bir neçə dəfə mənimlə rəqabət edərək olduqca əhvalımı pozan, bütün imkanlarıyla çalışıb-əlləşən yeni, gənc bir firmaya verildiyini öyrəndim. Bu dəfə yarışı qazanan onlar olmuşdu. Axırda baş nəzarətçi nəzakətlə əlimi sıxaraq, üç il sonra köhnə əlaqələrimizin yenidən qurulacağı ümidində olduğunu bildirdi; beləcə mən “təxliyə” edilmiş oldum!
Həbsxana idarəsində təlaş və çaşqınlığımı, bu uğursuzluq qarşısındakı çarəsizliyimi hiss etdirmədiyimi bilirəm. Zəfəri qazanmış şanslı rəqibimin adını yarınəzakət, yarımaraq nümayişi ilə öyrəndim. Amma çöldə, arxamdan həbsxananın ağır dəmir qapısı gurultuyla bağlanıldıqda, bu gözəl yaz günəşi altında çox pis bir xülyadan oyandım. Amma hələ də həqiqət ilə xülyanı bir-birindən ayırd edə bilməyən bir insan kimiydim. Hələ də o kabusların təsirində, təngnəfəs haldaydım. Dəmir barmaqlıqlı qapı əbəs yerə məni azadlığa yollamışdı; indi kədər və uğursuzluqlarımın məhbusuydum.
Bu anda şəhərə dönmək, ofisə getmək mənim üçün qeyri-mümkün idi; ən əhəmiyyətlisi Maqdanın qarşısına çıxmazdan əvvəl özümü ələ almalıydım. Şəhərdən və insanlardan uzaqlaşıb tarlalara, çəmənliyə baş vurdum; getdikcə uzaqlaşırdım, sanki özümdən, problemlərimdən qaçırdım!. O gün yeni əkinlərin təzə, zümrüd kimi yaşılı rəngini görmədim, dərələrin şırıltısını, torağayların qızılı-mavi havada ötüşmələrini eşitmədim; özümlə, bacarıqsızlığımla tək qalmışdım. Ürəyim başqa heç bir şeyi götürə bilməyəcək qədər problemlə yüklənmişdi.
Bunun işlərim baxımından çiyin çəkib eləcə kədərlənərək qəbul ediləcək kiçik bir müvəffəqiyyətsizlik olmadığını çox yaxşı bilirdim. Min beş yüz insan üçün təmin ediləcək olan qida maddələri nisbətə vurulacaq olsa, kiçikməbləğli qazanc gətirsə də, mənim illik gəlirimin elə böyük bir bölümünü əhatə edirdi ki, bütün işlərimdə əsaslı dəyişikliklər etmədən bu itkini qəbul etməyimə imkan yox idi. İtkinin aradan qaldırılmasını bizim kiçik əyalət şəhərində böyük müəssisələrin olmaması səbəbiylə fikrindən belə keçirə bilməzdin. Çox böyük bir səy ilə pərakəndə işlərin sayı bir neçə düjünə çatdırıla bilərdi, amma bütün bunların itirilənin yerini tutmaması bir tərəfə, mən bu cür həddindən artıq səy göstərməkdən uzaqdım. Bəzi səbəblərdən az qala bir il idi ki, canlılığımı itirmişdim. Hər işi öz axarına buraxır, çox da həyəcan keçirmirdim. Bəlkə də erkən yaşlanmışdım, iki işçimi işdən çıxarmağa məcbur olmağım açıq-aşkar ortada idi. Bununla bağlı xeyli şayiə yayılacağını bilmək belə məni hərəkətə gətirmirdi. Bu anda dərdim iş deyil, Maqda idi. Əsl düşüncəm, əsl dərdim Maqda idi. Onun bundan xəbəri olmamalı idi. Öz-özümə bu iki nəfərin işdən çıxarılmasını və ərzaq işini itirmiş olduğumu gələcəkdə Maqdadan gizləyə bilməyəcəyimi deyir, amma bir tərəfdən də özümü aldadaraq ən əhəmiyyətli şeyin indi bunu Maqdanın bilməməsi olduğunu, bir neçə həftə içində bu itkinin yerini doldura biləcək başqa işlər tapa biləcəyimi düşünürdüm. Sonra yenə bir anlığa hər şeyi açıq-aşkar görə bildim. Dayandım, yolun qırağındakı daşa bir təpik atıb öz-özümə dedim ki, Maqdanın öyrənməsi daha yaxşı olar. Başqalarından öyrənməyindənsə mən deyərəm, həm də elə bu gün. Hər təxirə saldığım gün etiraf etməyim daha da çətinləşəcək. Üstəlik, cinayət-zad işləməmişəm ki. Sadəcə ləng davranmışam. Daşa bir təpik də atdım. Maqdadan yenidən işlərimə kömək etməsini xahiş edərəm. Belə davranmağın mənə və işlərimə faydası olar, bəlkə uğursuzluğum da aradan qaldırıla bilər. Həqiqətən də canla-başla çalışmaq üçün özümdə güc tapa bilmirəm, yaxşı bir köməkçiyə çox ehtiyacım var!..
Hər şeyi açıq-aşkar görə bildiyim bu anlar çox tez keçdi. Başqalarının və xüsusilə Maqdanın gözündə həmişə nüfuzumu aşağı salmamağa diqqət yetirmişdim. Bir müdir kimi necə müntəzəm olaraq hörmət gördüyümü düşündüm. İndi də xüsusilə bu anda bundan imtina edə bilmərəm, qürurumu sındıra, Maqdanın gözündə özümü alçalda bilmərəm. Xeyr, qərarımı vermişdim, nə olursa olsun təkbaşıma bu işin öhdəsindən gələcəkdim. Az qala hər gün çəkişdiyim bir qadından kömək istəyə bilməzdim. Bu çəkişmələrin iş yerində davam edəcəyini əvvəlcədən bilmək çətin deyil. Orada da öz dediyinin üstündə duracaq, mən qarşı çıxacağam, o da uğursuzluqlarımı üzümə vuracaq, xeyr, mümkün olan şey deyil!
Yenə bir təpik vurdum, bu dəfə ayağım yolun tozuna batdı. Başımı yerdən qaldırdım. Başım dərd-kədərimlə elə qarışmışdı ki, haraya gəldiyimin heç fərqinə varmamışdım. Yaşadığımız şəhərdən çox da uzaq olmayan, çox gözəl ağcaqayın meşələri və gölünə görə bizim şəhərlilərin yayda gəzinti yeri kimi çox sevdikləri bir kəndə gəlmişdim. Amma bu saatda gəzməyə gələn yox idi, hər kəs şəhərdə qızğın şəkildə işləyirdi.
Kənd meyxanasının qarşısında dayandım, susamışdım. Böyük, qaranlıq meyxanaya girdim. Buranı əvvəllər həmişə kəndə gəzməyə gələn şəhərlilərlə dolu görmüşdüm. Açıq rəngli yay paltarlarıyla qadınlar salonu daha da işıqlandırar, tavan sanki yüksəlibmiş kimi görünərdi. Şəhərlilər bura gəldilərmi, pəncərələr açılar, masaların üstünə rəngli örtülər sərilər və hər yerdə uzun vazaların içində gül dəstələri olardı. İndi içərisi qaranlıq idi, masaların üstündə qəhvəyi-sarımtıl örtülər vardı, pəncərələr möhkəm bağlandığından, havası boğuq idi. Barın arxasında saçları yaxşı daranmamış, önlüyü çirkli olan gənc bir qız dayanıb əhəng sıçramış ağ geyimindən rəngsaz olduğu bəlli olan cavan bir adamla pıçıldaşırdı. İlk reaksiyam geri dönmək oldu; susuzluğum, daha da əhəmiyyətlisi yenidən dərdlərimlə baş-başa qalmaq hissi məni bara doğru itələdi.
–İçməyə bir şey verin, – dedim, – nə olursa olsun, susuzluğumu götürsün!
Qız mənə baxmadan bir stəkana pivə doldurmağa başladı; stəkanın kənarından daşan köpüyü seyr edirdim. Qız pivə kranını bağladı, bir anlığa köpüyün çəkilməsini gözlədi, sonra bir az da əlavə etdi; yenə heç nə demədən stəkanı önümə doğru itələdi və yenidən bayaqkı oğlanla pıçıldaşmağa başladı. Mənə bir dəfə olsun baxmamışdı.
Stəkanı qaldırıb ağzıma apardım və yavaş-yavaş, qurtum-qurtum, heç ara vermədən axıra qədər içdim. Təzə, qıcıqlandırıcı və yüngülcə acı idi, boğazımdan keçərkən ardında rahatlıq, yüngüllük buraxırmış kimi idi; daha əvvəl pivənin bu xüsusiyyəti yox idi.
“Bir stəkan da verin” deyəcəkdim, amma başqa cür davrandım. Cavan oğlanın qarşısında bizdə “statiğe” deyilən və ümumiyyətlə buğda arağı içmək üçün istifadə edilən açıq rəngli, balaca bir stəkanın olduğunu görmüşdüm.
Birdən: “Mənə də bundan bir qədəh verin!” – dedim. Həyatı boyu araq içməmiş, iyinə belə dözə bilməyən mənim kimi bir adamın durub araq istəməsinə özüm belə məəttəl qaldım. Ağla, məntiqə sığan şey deyildi. O günlərdə həyatımdakı bütün vərdişlər dəyişir, bir sıra gizli ünsürlərə qapılır və özümdə bunlara etiraz edəcək gücü tapa bilmirdim.
Qız ilk dəfə üzümə baxdı. Göz qapaqlarını yavaş-yavaş qaldıraraq açıq rəngli gözləriylə ağırlığımı, dəyərimi ölçürmüş kimi baxdı.
–Araqmı? – deyə soruşdu.
–Bəli, araq, – dedim.
Qız şüşəni götürdü; indiyə qədər hər hansı bir qadının mənə bu cür açıqdan-açığa sınayıcı nəzərlərlə baxıb-baxmadığını düşündüm. Bu baxış sanki kişiliyimin dərinliklərinə enmək, kişi kimi nə dəyərdə olduğumu ölçmək istəyirdi. Baxışını fiziki, bir az əzab verən, amma şirin bir təhqir kimi qəbul etdim, sanki gözlərinin qarşısında lümlüt soyunmuş kimiydim.
Stəkan ağzına qədər dolu idi, masanın üzərində mənə doğru itələnildi, göz qapaqları yerə çevrildi, qız oğlana döndü; haqqımda mühakimə yürüdə bilərdi. Stəkanı qaldırdım, əvvəlcə bir az duruxdum, sonra ani bir qərarla bütün stəkanı ağzıma boşaltdım. Nəfəsimi kəsirmiş kimi yandırırdı, udqundum, mayeni boğazımdan aşağıya doğru məcburən apardım. Yandıraraq, dağlayaraq aşağıya doğru düşdüyünü hiss etdim. Birdən mədəmdə istilik, rahatlaşdırıcı, şən bir istilik yarandı. Sonra bütün bədənim sarsıldı. Rəngsaz oğlan bir azca yüksək səslə: “Bu sarsılanlar ən pisləridir”, – dedi, qız güldü. Masanın üzərinə bir mark qoyaraq başqa bir söz demədən meyxanadan çıxdım.
Yaz günəşli bir istilik və yüngül, ipək kimi küləklə məni qarşıladı; bu dəfə ona dəyişmiş bir insan kimi dönmüşdüm. Mədəmdəki istilik işıqlığa çevrilərək başıma yüksəldi, ürəyim çırpınmır, ara vermədən döyünürdü. İndi yeni əkinin zümrüdü yaşılını görür, torağayların mavi göylərdəki ötüşmələrini eşidirdim. Dərd-sərimdən uzaqlaşmışdım. Öz-özümə dedim ki, bir gün hər şey düzələcək. Sevinmişdim, evə doğru getməyə başladım. “Niyə indidən əhvalımı pozum?”
Şəhərə gəldikdə iki meyxanaya da baş çəkərək tezcə gedən təsirini yeniləmək və gücləndirmək üçün daha bir “statiğe” götürüb başıma çəkdim. Yüngül, xoş bir boşalma hiss edirdim. Düz yemək vaxtı evə gəldim.
4
İndi arvadımdan təkcə ərzaq işindəki uğursuzluğumu deyil, içki içdiyimi də gizləməyə məcbur idim. Bu anda elə soyuqqanlıydım ki, heç bir çətinlik çəkmədən bu işi bacaracağıma inanırdım. Duşda həmişəki kimi deyil, daha uzun müddət qaldım, yaxşıca yuyunub ağzımdakı spirt iyini aradan qaldırmaq üçün dişlərimi uzun-uzadı, yaxşıca fırçaladım. Maqdayla necə rəftar etməli olduğumu hələ bilmirdim, təkcə naməlum bir hiss məni boşboğazlıq etməyə qarşı xəbərdar edirdi. Danışmaq üçün diqqətə çarpan bir meylim olduğunu sezirdim, ən yaxşısı sakit, ciddi bir rəftara bürünmək idi. İçəri girdikdə gördüm ki, Maqda şorbaları çəkib məni gözləyir. Tələsik əlini sıxdım, bir-iki sözlə çöldə yaz havasının nə qədər gözəl olduğunu bildirdim. Mənim sözümü təsdiqlədi və artıq bağça üçün bəzi şeylər sifariş verdiyini dedi. Məndən də əskikliyini yenicə sezdiyim bir tərəvəzin toxumlarından axşam evə gələrkən gətirməyimi xahiş etdi. Dərhal xahişini qəbul etdim, başqa bir söz demədən şorbamızı içməyə başladıq. Maqdanın mənə aradabir suallı nəzərlərlə baxdığını sezdim, amma içimdə onun bir şey bilməyəcəyi, hər şeyin yolunda getdiyi hissi vardı, baxışlarına əhəmiyyət vermədim. Bu gün şorbanı çox böyük bir iştahla içirdim.
Else qabları yığdı və arvadımdan mətbəxlə bağlı bir söz soruşdu; bundan sonra Maqda hər halda ya bir şeyin dadına baxmaq ya da əti doğramaq üçün Else ilə birlikdə mətbəxə getdi. Otaqda tək oturub yeməyin gəlməsini gözləyirdim. Düşündüyüm əhəmiyyətli bir şey yox idi, şən idim, həyatımdan razı idim. Yaşamaq xoşuma gəlirdi. Birdən özümü də təəccübləndirəcək bir hərəkət etdim. Ayağa qalxdım, barmaqlarımın ucuna basaraq yavaşca şkafın yanına getdim, alt qapağını açdım, doğru idi; davalarımızın başladığı o uğursuz noyabr axşamı içdiyimiz qırmızı şərab şüşəsi oradaca dururdu. İşığa doğru tutdum, gözlədiyim kimi şüşə yarımçıq idi: İtirəcək vaxtım yox idi, hər an Maqda gələ bilərdi. Dırnaqlarımla şüşənin içinə möhkəmcə basılmış göbələyi çıxardım, ağzıma söykəyib içdim – lap yaşlı bir əyyaş kimi şüşədən içdim! (Amma nə edə bilərdim ki? Stəkana süzməyə vaxtım yox idi, digər tərəfdən isə, stəkan məni ələ verəcək bir dəlil ola bilərdi). Üç-dörd böyük qurtum aldım, yenidən şüşəni işığa tutdum, dibində azca qalmışdı, onu da başıma çəkdim. Sonra yenə şüşənin ağzını bağlayaraq yerinə qoydum. Şkafın qapağını da itələyib yavaşca yerimə keçdim, içim qaynayırdı, mədəm ani və güclü spirtli içkidən gərilibmiş kimi sıxılırdı. Gözlərimin qarşısında sanki odlu duman vardı; alnım, əllərim tərdən islanmışdı. Maqda qayıdana qədər özümü toplaya bilmək üçün çox əlləşdim. Daha sonra sərxoşluğun verdiyi rahat özünüburaxma hissiylə masanın arxasında otururdum, qarşıma qoyulan ət xörəyini yeməkdə çətinlik çəkdim. Mədəmin vəziyyəti təhlükəli idi, hər an üsyan edə bilərdi. Hər loxmanı böyük bir diqqətlə udur və məcburən yeyilən qidanın artıq təsirini göstərmək istəyən sərxoşluğun rahatladıcı təsirini pozacağına inanırdım.
Bu vaxt Maqda ilə bir neçə söz danışmağın yaxşı olacağını heç düşünmürdüm də. Onun yerinə başqa bir problem birdən mənə böyük dərd olmuşdu. Şərab şüşəsi hərçənd ağzı bağlanılmış halda şkafda dururdu, amma Maqdanın ev işlərindəkı vasvasılığı ucbatından qısa zamanda boşalmış olduğu ortaya çıxacaqdı. Belə buraxa bilməzdim, vaxtında tədbir görməyə məcbur idim. Halbuki, bu iş inanılmaz dərəcədə çətin idi. Ən yaxşı həll yolu elə bu gün günortadan sonra yeni bir şüşə şərab almaq, yarısını boşaldıb digər şüşənin yerinə qoymaq idi. Amma bunu nə vaxt edəcəkdim, axşama qədər işdə olmağa məcbur olduğuma görə necə bufetə gedib götürəcəkdim? Axşamı Maqda ilə birgə keçirəcək, o əl işi ilə məşğul olacaq, mən qəzetlərimi oxuyacaqdım, nə zaman? Bəs boş şüşə, onu nə edəcəkdim? Üstəlik, eyni markadan şərabı tapa biləcəkdimmi? Görəsən, Maqda şərabın etiketinin formasını xatırlaya biləcəkdimi? Ən yaxşısı, gecəyarısı yavaşca yataqdan qalxmaq, köhnə şüşənin etiketini diqqətlə çıxarıb dolusuna yapışdırmaq idi. Amma birdən həmin vaxt Maqda məni görsə necə olacaq! Görəsən, evdə yapışqan var idimi? Çantamın içində ofisdən yapışqan gətirməyim lazım gələcəkdi.
Düşündükcə vəziyyət daha da mürəkkəbləşirdi, əslində indidən fikrimdə həlli tapılmayan bir problemə dönmüşdü. Şüşəni axıra qədər içmək çox asan olmuşdu, amma əvvəlki vəziyyətinə gətirməyin nə qədər çətin olacağını əvvəlcədən düşünməliydim. Şüşəni qırsam, bir şey axtararkən əlimin dəydiyini desəm necə olar? Bu dəfə də yerə töküləcək şərab artıq içində yoxdu. Yoxsa cəsarət edib şüşənin yarısını su ilə doldurub əsl şərabla doldurmağı sabaha saxlasam yaxşıdı?
Fikrim getdikcə dolaşırdı, təkcə yeməyi deyil, Maqdanı da tamamilə unutmuşdum. Buna görə həqiqətən kədərli bir səslə soruşduğu zaman yerimdən sıçramışdım:
–Nə olub, Ervin? Xəstəsənmi? Qızdırman varmı? Üzün elə qırmızıdır ki!
Bunu fürsət bilərək xəstəlik məsələsindən ikiəlli yapışdım:
–Hə, yəqin bir az xəstəyəm, yaxşı deyiləm. Bir az uzansam yaxşı olacaq. Elə bil qan başıma hücum edir…
–Bəli, Ervin, dərhal yatağa girib yatsan yəqin daha yerində olacaq. Həkim Mansfeldi çağırımmı?
–Yox, canım, sən də! – deyə qışqırdım. – On beş dəqiqə uzanacağam divana, vəssəlam. Sonra işə getməliyəm.
Sanki ağır bir xəstəyəmmiş kimi məni divana qədər apardı, uzanmağıma kömək etdi, üzərimə bir ədyal örtdü.
–İşdə nəyəsə qanın qaraldı? – deyə ürkək halda soruşdu. – De görüm, Ervin, nədir ürəyini sıxan? Elə dəyişdin ki!
–Yox, işdə bir şey olmayıb, – birdən hirslənib dedim. – Nə istədiyini bilmirəm. Bir az başım hərləndi ya da qan təzyiqim qalxdısa, hökmən işləmi əlaqədar olmalıdı! İşlər çox yaxşıdı, əladı!
Yavaşca içini çəkdi.
–Elə isə şirin yuxular, Ervin! – dedi. – Oyandırımmı sonra səni?
–Xeyr, xeyr, lazım deyil, mən özüm oyanaram, iyirmi dəqiqə sonra…
Axır ki, tək qala bildim; başımı arxaya söykədim, spirtli içki artıq heç bir maneə ilə qarşılaşmadan bir dalğa halında sərbəstcə bütün bədənimi gəzir, yumşaq bir örtü kimi bütün dərdlərimi, kədərlərimi örtürdü. Hətta elə indicə Maqdaya heç lazım olmadığı halda işlərimin “çox yaxşı” getdiyini deyərək onu aldatdığım hissini belə bu dalğa götürüb apardı. Yatırdımmı… Yatdımmı? Xeyr, sönmüşdüm. Artıq heç…
5
Hava qaralmağa başlayarkən oyanıram. Qorxuyla saata nəzər salıram; axşam səkkizin yarısıdı. Evi dinşəyirəm, səs-səmir gəlmir. Əvvəlcə yavaşca, sonra səsimi yüksəldərək səslənirəm:
–Maqda! – Maqda gəlmir. Çətinliklə ayağa qalxıram. Hər yanım ağrıyır, başım dumanlıdı, ağzımın içi qupqurudu və pas dadı verir. Yandakı yemək otağına ötəri nəzər salıram, axşam yeməyi üçün süfrə açılmayıb, halbuki həmişə bu saatda yeyirik. Nə olub? Mən yatarkən nə baş verib? Maqda hardadı?
Bir az düşündükdən sonra sağdan-soldan yapışaraq mətbəxə doğru gedirəm, çox çətinliklə hərəkət edirəm, sanki bu gecə oynaqlarım tutulmuş, əzilmiş, oynaq yerlərindən tərpənmir.
Mətbəxi də boş və yarıqaranlıq halda tapacağımı zənn edirdim, halbuki içəridə işıq var və Else mətbəx masasında nə isə ütüləyir. Mən içəri girəndə başını qaldırıb qorxulu gözlərlə üzümə baxır, mən olduğumu anladıqdan sonra da üzündəki qorxulu ifadə çox da dəyişmir. Düşünürəm ki, dağınıq bir görünüşüm olmalıdı. Birdən bütün bədənimin qat-qat çirk içində olduğu hissinə qapılıram. Əvvəlcə duş qəbul etməliydim, əvvəllər heç belə gəzməzdim.
–Arvadım hanı, Else? – deyə soruşuram. Else qısa, ürkək baxışlarla:
–Xanım şəhərə getdi, – deyir.
–Amma indi yemək vaxtıdı, Else! – qınayırmış kimi deyirəm, halbuki yemək üçün içimdə ən kiçik bir istək yoxdu.
Else çiyinlərini qaldırır, sonra yenə ötəri baxışla:
–Ofisdən zəng etdilər, yəqin xanım oraya getdi… – deyir.
Çətinliklə udqunuram, ağzım necə də qupqurudu.
–Ofisəmi getdi? – deyə mızıldanıram. – Ay Allah! Nə işi var arvadımın orada, Else?
Çiyinlərini qaldırır:
–Doğrudan bilmirəm, cənab Sommer, – deyir, – xanım mənə bir söz demədi. – Sonra yenə nə isə xatırlayır, sözünə davam edir:
–Saat üçdən bir az keçmiş zəng etdilər, o zamandan bəri xanım evdə yoxdu.
Demək, dörd saatdan çoxdur ki, arvadım oradadı, məhv oldum. Səbəbini bilmirəm, amma məhv oldum!.. Dizlərim boşalır, səndələyərək bir neçə addım atır və bütün ağırlığımla mətbəxdəki bir stula çökürəm. Başımı masaya söykəyərək:
–Bitdi artıq, hər şey bitdi, Else, – deyə inləyirəm, – məhv oldum, Else!.
Elsenin səs-küylə ütünü bir şeyin üstünə qoyub mənə doğru gəldiyini eşidirəm, əlini çiynimə qoyur.
–Nədir, cənab Sommer? – deyə soruşur, – yaxşı deyilsinizmi?
Başımı qolumun üstündən qaldırıb baxmırdım. Bu gənc varlıq qarşısında ağlamaqdan utanıram, gözlərimdən fışqıran yaşlardan… Bitdi artıq, hər şey bitdi, hər şeyimi itirdim, firma, evliliyimiz, Maqda… Kaş ki, bu gün o qırmızı şərabı içməyəydim. Onun ucbatından oldu bütün bunlar. Şərabı içməsəydim Maqda ofisə getməyəcəkdi (bu vaxt tələsik bir fikir ağlıma gəlir: Bu boş şüşə işini də bir yoluna qoymalıyam!) Else yüngülcə çiyinlərimdən tutur.
–Cənab Sommer, – deyir, – bu halda çıxmayın çölə! Bir neçə dəqiqə uzanın, mən sizə dərhal axşam yeməyinizi hazırlayaram.
Başımı yelləyirəm.
–Yemək istəmirəm, Else! – deyirəm. – Arvadım indiyə qədər dönmüş olmalı idi, bu saatda…
–Ya da, – Else deyir, – mətbəxdə, mənim yanımda nə isə yemək istəyirsinizmi, cənab Sommer? – Özü də dediklərindən bir az narahatdı: – Arvadınız evdə olmadığına görə…
Bu eşidilməmiş təklifin başdançıxarıcı cəhəti var. Burada, mətbəxdə, Elsenin yanında yemək! Bu işə Maqda nə deyərdi? Başımı qaldırıb ilk dəfə diqqətlə üzünə baxıram. Heç onu belə görməmişdim; Else mənim üçün evin arxa hissələrində arvadımın bir kölgəsi olmaqdan kənara çıxmamışdı. İndi Elsenin on yeddi yaşında, qara saçlı, möhkəm bədənli, həqiqətən gözəl bir qız olduğunu görürəm. Açıq rəngli köynəyinin altında dolğun döşləri var və bu döşlərin necə də təzə olduğu düşüncəsi isti bir dalğa olub gövdəmə yayılır.
Sonra özümü yığışdırıram, qeyri-mümkündü, bütün bunlar qeyri-mümkündü! Özümü Elseyə qapdırmaq, mümkün olacaq şey deyil!
–Xeyr, Else, – deyərək ayağa qalxıram, – çox təmizqəlblisən, məni bir az olsun ovutmaq istəyirsən, amma mənim də ofisə getməyim yaxşı olacaq. Əgər arvadımla qarşılaşa bilməsək, mənim də oraya getdiyimi de, zəhmət olmasa.
Getmək üçün qapıya yönəlirəm, birdən mətbəxdən, bu sevimli qızdan ayrılmaq çətin gəlir. Sonra bir anlığa qapıda dayanıb ona baxıram. Üzünün nə qədər solğun və ağ olduğunu görürəm; bu ağlıqla qara qaşlarının necə də gözəl uyğunlaşdığı diqqətimi çəkir.
–Bir çox çətinliklərim var, Else, – deyirəm, – mənə kömək edə biləcək kimsəm də yoxdu. – Xüsusu vurğulayıb təkrarlayıram: – Heç kim, Else, anlayırsanmı məni?
–Bəli, cənab Sommer, – deyə yavaşca cavab verir.
–Mənə qarşı bu qədər yaxşı davrandığın üçün təşəkkür edirəm, Else, – deyirəm. Ancaq vanna otağında özümə səliqə-sahman verərkən Maqdanı aldatdığımı düşünürəm. Ona xəyanət etdim, yalan danışdım, aldatdım onu. Amma tezcə də çiynimi çəkirəm: Belə yaxşıdı! Daha aşağılara, dərinliklərə; daha sürətli! Artıq dayanmaq yoxdu!
6
Ofisə gedərkən Maqdayla qarşılaşmamağa çox diqqət yetirirdim. Firmanın olduğu binayla üzbəüz səkidə, bir evin girişinin kölgəsinə sığınaraq, aşağı mərtəbədəki ofisimin şüşələrini müşahidə etməyə başladım. Müdir otağının iki pəncərəsindən işıq gəlirdi. Buzlu şüşələrə iki nəfərin, Maqda ilə mühasibim Hinzpeterin kölgələri düşürdü. “Balansı, yekun nəticəni ortaya çıxarırlar”, – deyə qorxaraq düşündüm. Amma firma rəhbərliyinin indi Maqdanın bacarıqlı əllərində olmasından yaranmış rahatlıq hissi bu qorxu ilə qarışmışdı. Pis xəbərləri öyrənər-öyrənməz gəlib vəziyyətə açıqlıq qazandırmaq üçün dərhal balans çıxarmaq tamamilə ona uyğun bir davranış idi.
Ah çəkərək oradan ayrıldım. Şəhərin içindən keçib getməyə başladım. Evə doğru getmirdim. Ofisdə nə edəcəkdim? Evdə nə edəcəkdim? Mənə yönəldiləcək günahlandırmalar qarşısında özümü haqlı çıxarmaq üçün olmayan səbəblərmi axtaracaqdım? Buraxmışdım hamısını. Hava getdikcə qaralır və mən artıq əlimdə heç bir bəhanənin qalmadığını böyük bir ağrıyla görərək şəhərdən uzaqlaşırdım. Həyatdakı yerimi və həyatın mənasını itirmişdim. Yenisini axtarmaq ya da itiriləni yenidən əldə etmək üçün dirəşəcək gücü özümdə tapa bilmirdim. Başqa nə edə bilərdim? Hələ də nə üçün yaşayırdım? Budur, gedirdim, idarədən, arvadımdan, doğulub-böyüdüyüm şəhərdən uzaqlaşır, hər şeyi arxamda buraxırdım; amma bir gün yenə dönməliydim, elə deyilmi? Maqdanın qarşısına çıxıb günahlandırmalarını dinləməliydim, haqlı olaraq məni yalançılıqla günahlandırmalı, danlamalı idi və mən qaçdığımı, alçaqcasına, qorxaqcasına qaçdığımı etiraf etməliydim!
Bunları düşünmək çox qorxunc idi. O zaman düşüncələrlə oynamağa başladım: Bir daha heç evə dönməmək, uzaqlara, çox uzaqlara getmək; heç bir xəbər, heç bir iz buraxmadan, son dəfə qışqırmadan hər hansı bir qaranlıqda, silinib yox olunacaq bir qaranlıqda itib-batmaq… Bütün bunları böyük bir həssaslıqla təsəvvür edərkən bir tərəfdən də özümü aldatdığımı, kimsənin dəstəyi olmadan, yurdumdan, ocağımdan uzaqda yaşayacaq cəsarətin məndə olmadığını bilirdim. Alışmış olduğum yumşaq yatağımdan, evimin nizamından, heç dəyişməyən yemək zamanlarından əl çəkə bilməyəcəkdim! Qorxularıma rəğmən elə bu gecə evə, Maqdaya dönəcək, alışdığım yataqda yatacaqdım. Çöldəki, qaranlıqdakı həyat mənə görə deyildi, çöldə yaşamaq və kim bilir hansı dəlikdə ölüb getmək! “Amma” deyirdim, sonra yenə addımlarımı sürətləndirirdim, amma mənə nə olur belə? Əvvəllər olduqca işləyib-çalışmağı sevərdim. Hərçənd bir az zəif bir insandım; amma bunu elə yaxşı gizlədə bilmişdim ki, indiyədək Maqda belə sezməmişdi. Yaxşı, bir ildir getdikcə artan, beynimi keyidən bu zəiflik haradan gəlir? Mənim kimi olduqca yaxşı bir insan necə olur ki, indi arvadını aldada bilir, xidmətçi qızın sinəsinə şəhvətlə baxır? Bu, içkidən ola bilməz, çünki arağı ilk dəfə bu gün içdim, halbuki bu zəifliyi uzun müddətdir hiss edirəm. Yaxşı, elə isə nədir?
Qırx yaşımı aşmış olduğumu düşündüm. Bir zamanlar kişilərin dəyişmə illərindən söz açıldığını eşitmişdim. Amma tanıdığım qırx yaşını aşmış kişilərdən heç biri mənim kimi dəyişməmişdi. Bir də sevgidən məhrum halda yaşamağımı düşündüm. Kimsəyə sezdirmədən, gizli-gizli həm sayılmaq, həm də sevilmək istəmiş, hər ikisini də istər Maqda, istərsə də içində yaşadığım dairədə böyük ölçüdə tapmışdım. İndi isə bunları yavaş-yavaş itirməkdəydim. Bunun necə baş verdiyini, getdikcə necə inkişaf etdiyini mən də bilmirdim. Mən pisləşdiyim üçünmü bu sevgi və hörməti itirdim, yoxsa bunların itirilməsi ilə köhnə dayaqlarımın çökməsi səbəbiyləmi pis bir insan halına gəldim? Bütün bu suallara cavab tapa bilmirdim; öz haqqımda düşünməyə vərdiş etməmişdim. Oraya, insanı yeyib-bitirən sualların olmadığı yerə tezliklə çatmaq üçün daha da sürətlə gedirdim. Budur, nəhayət hədəfimə çatmış, həbsxana baş nəzarətçisiylə danışdığım gün tapdığım bu kənd meyxanasına çatmışdım.
Şüşədən içəri baxaraq o gün açıqdan-açığa baxışlarıyla kişiliyimi ölçərək az hesab edən o solğun gözlü qızı axtardım. Kiçik, yanan tək lampanın solğun işığı altında oturub nə isə tikirdi. Uzun müddət qıza baxdım; heç cür qərar verə bilmir, öz-özümdən niyə bu qızı axtardığımı soruşur, ağrılı, şəhvət dolu bir alçaldılma hissi içində cavab tapa bilmirdim.
Amma artıq bütün bu suallardan bezmiş, yorulmuşdum. Az qala qaça-qaça çıxdığım meyxananın bir neçə mərmər pilləsini geridə qoyub, qaranlıq girişdə qapının toxmağını əlhavasına tapıb dərhal içəri girdim. Canlı, şən bir səslə:
–Bax budur, yenə gəldim, gözəlim! – deyərək özümü qızın yanındakı bir həsir kresloya atdım. Bu anda etdiklərim normal vaxtlarımdakı davranışlarıma elə yad, əvvəlki ölçülü-biçili rəftarıma elə zidd idi ki, mən belə bu halıma çaşıb qaldım. Öhdəsindən gəlib-gəlməyəcəyi bilinməyən çətin bir rolu üzərinə götürmüş, amma oyunu axıra qədər müvəffəqiyyətlə icra edən bir aktyor qorxulu, narahat bir həyəcanla necə seyr edilirsə, mən də elə bir çaşqınlıqla etdiklərimə baxırdım.
Qız tikişdən başını qaldırıb, bir anlığa açıq rəngli gözlərini mənə dikdi, sonra:
–Ah, sizsinizmi! – dedi. Bu iki sözün altında yenə şəxsiyyətim haqqındakı mühakimə yatırdı.
–Mənəm də, həyatım! – dedim, əslində mənə çox yad olan bir hazırcavablıqla özündənrazı bir haldaydım. – Və sizin bu gözəl “Stange”lərinizdən bir, üç ya da beş qədəh içməyə gəldim, istəsəniz siz də mənimlə için.
–Mən araq içmirəm, – qız soyuq tərzdə müqavimət göstərərək dedi. Qalxıb bara getdi, kiçik bir stəkan və bir şüşə götürərək masaya yaxınlaşıb içkini qoydu. Sonra əvvəlki yerində oturdu, şüşəni də yanına, yerə qoydu.
–Üstəlik, 25 dəqiqədən sonra bağlayırıq, – deyib tikişinə davam etdi.
–Mən də tez içərəm, – deyərək stəkanı götürüb axıra qədər içdim. – Araq içmirsinizsə, – deyə davam etdim, – sizin üçün bir şüşə şərab ya da şampan şərabı sifariş vermək istəyərdim, əlbəttə, əgər burada belə şeylər tapılırsa. Mənim üçün bunu ödəmək çətin deyil.
Bu vaxt stəkanımı yenidən doldurmuşdu; onu da birnəfəsə bitirdim. Bütün başıma gələnləri unutmuş, içində olduğum bu anı yaşayırdım. Özünü çəkən, amma yenə də bu məsələdə çox təcrübəli olduğu aydın olan bu qız mənə açıqdan-açığa həqarətlə baxırdı.
–Şampan şərabı var, – dedi, – üstəlik, çox sevirəm, amma bunu ağlınızdan çıxarmayın, nə sərxoş olaram, nə də bir şüşə içki sifariş verdiyiniz üçün sizinlə yatağa girərəm.
Bunları deyərkən heç utanmadan, dümdüz üzümə baxırdı, rolumu davam etdirməyə məcbur idim:
–Elə bir şeyi düşünən yoxdur, quzum, gətirin şərabınızı. Mənim yanımda heç narahat olmadan içə bilərsiniz. Siz mənim üçün başqa bir planetdən gələn mələksiniz, – bir qədəhi də başıma çəkdikdən sonra dedim. – Tanrının mənə göndərdiyi pislik mələyi! Sizi görmək mənə bəs edir.
–Baxmaq pulla deyil, – deyib qısa, pis bir gülüşlə güldü. – Siz də mənə qəribə bir övliya kimi görünürsünüz. Amma elə bu axşam sizin niyə belə həyəcanlı olduğunuzu öyrənəcəyəm.
Sonra bir stəkan da doldurub qalxdı, şampan şərabını gətirməyə getdi. Bu dəfə işi daha uzun çəkdi. Əvvəlcə pərdələri bağladı, sonra çölə çıxdı. Girişdəki çöl qapını, ardından meyxananın qapısını qıfılladığını eşitdim. İçəri girərkən:
–Bağladım meyxananı, artıq kimsə gəlməz. Burada qalanlar da çoxdan yatıblar, – dedi. Sonra gəlib önümdə dayanaraq lağlağı bir rəftarla: – Amma buna görə əsla ümidlənməyin!
Heç mənim cavab verməyimə fürsət vermədən yenə yanımdan uzaqlaşdı. Qızın yoxluğunu fürsət bilərək dərhal ard-arda iki, üç stəkan da doldurub içdim. Sonra əlində ağzı qızılı zərlə sarılmış bir şüşəylə döndü.
Masanın üstünə bir şampan qədəhi qoydu, bacarıqlı əlləriylə şüşənin ağzını açdı və partlatmadan tıxacı çıxardı. Ağ köpük şüşənin ağzından daşarkən dərhal qədəhimə süzdü, bir az gözlədi, sonra yenə süzdü. Qədəhi götürüb ağzına apararkən:
–Şərəfinizə içmirəm, – dedi, – çünki o zaman mənimlə qədəh toqquşdurmaq istəyəcəksiniz, halbuki bu anda yetərincə sərxoşsunuz.
Etiraz etmədim. Həqiqətən sərxoşluq bütün bədənimi bürümüşdü, içimdə sanki bir arı pətəyi varmış kimi hər yanımdan vızıltılar, uğultular gəlirdi. Qədəhi yerinə qoydu, gözlərini qıyaraq mənə baxdı və lağlağı tərzdə dedi:
–Deyin görək, mən yoxkən neçə qədəh araq içdiniz? Beş? Altı?
–Sadəcə üç! – deyə güldüm. Utanmaq ağlımın ucundan da keçmirdi; bu qızın yanında bu cür hissləri bütünlüklə itirmişdim.
–Adın nədir sənin?
–Bura tez-tez gələcəksənmi? – sualımın cavabında dedi.
–Bəlkə də, – bir az çaşqın halda dedim. – Niyə soruşursan?
–Adımı öyrənib nə edəcəksən? Burda bir yarım saat da oturacağıq; “quzum”, “gözəlim”-filan deyirsən, yetər də…
–Demək adını demirsən, – deyə hirslə qışqırdım.
–Nə fərqi var!
Şüşəni götürüb bir qədəh də süzdüm. O zaman artıq əməlli-başlı sərxoş olduğumu və daha içməməli olduğumu anladım, amma özümü saxlaya bilmirdim. İçkiyə olan meylim üstün gəldi. Beynimdəki rəngli xəyallar məni yoldan çıxardır, içimdəki indiyə qədər heç içinə girilməmiş qaranlıq guşələrin cazibədarlığı qarşısında duruş gətirə bilmirdim. Bilmədiyim, tanımadığım bir səs çox uzaqlardan yavaşca məni çağırırdı.
–Bura daha tez-tez gəlib-gəlməyəcəyimi bilmirəm, – ehtirasla dedim. – Dözə bilmirəm sənin varlığına, sənə nifrət edirəm, amma yenə də bu axşam sənin yanına qayıtdım. Bu gün həyatımın ilk arağını içdim, sən verdin onu mənə, araqla birlikdə yavaşca qanıma qarışdın, zəhərlədin məni. Arağın ruhu kimisən, havada süzülən, sərxoş edən, pulla satın alına bilən…
Qıza baxırdım, nəfəsim kəsilmişdi; haradan gəldiyini bilmədiyim, ağzımdan tökülən bu sözlərə ən çox təəccüblənən mən olmuşdum. Qarşımda otururdu. Əlindəki tikişi buraxmışdı. Corabsız ayağında qırmızı ayaqqabılar, ayağını ayağının üstünə aşırmış, qırmızı yubkasını dizinin üstündən bir az yuxarıya doğru çəkmişdi. Baldırları bir az möhkəm, amma uzun və çox cazibədar idi. Sağ baldırında az qala bir qəpik böyüklüyündə qəhvəyi rəngli xal vardı, gözəl görünürdü. Əlindəki siqaretdən çəkdiyi tüstünü dodaqlarının arasından sovurur, gözünü qırpmadan baxırdı.
–Davam et görək, – dedi, – açılırsan… Davam et…
Düşünməyə çalışdım. Mən nə danışırdım bu qıza? Ürəyimdən onu qucaqlamaq, əlləmək keçir, bunun üçün özümü güclə saxlayırdım. Həsir kresloda yaxşıca arxaya söykəndim, əllərimlə möhkəm-möhkəm kreslodan tutdum. Sonra birdən yenə danışmağa başladığımı eşitdim. Çox yavaş və aramla danışır, arada həyəcandan nəfəsim kəsiləcəkmiş kimi olurdum.
–Mən bir ticarətçiyəm, – dediyimi eşitdim. – Çox yaxşı bir işim vardı, amma indi müflisləşmək üzrəyəm. Hər kəs, hər kəs məni lağa qoyacaq, əvvəlcə arvadım… Bir çox səhvlər etdim, Maqda bunların hamısını üzümə vuracaq. Bilirsənmi, Maqda arvadımın adıdı…
Gözlərini məndən ayırmırdı. Pudralanılıbmış kimi görünən dümağ üzü yüngülcə şişmişdi, demək olar ki, rəngsiz gözlərinin üstündəki tünd rəngli qaşları yay kimi idi.
–Amma firmadan daha çox pul götürə bilərəm, bir neçə min mark. Sırf Maqdanı hirsləndirmək üçün belə edə bilərəm. Maqda firmanı qurtarmaq istəyir. Məndən artıqdımı? Sata bilərəm əlimdəki işləri, həm də indidən bilirəm kimə satacağımı, çox yeni bir firmaya. Bunun üçün mənə on, bəlkə də on iki min mark ödəyərlər. Səfərə çıxarıq səninlə… Heç Parisə getmisənmi?
Mənə baxır, amma üzündən nə dediklərimi təsdiqlədiyi, nə də təəccübləndiyi hiss olunurdu. Daha sürətlə təngnəfəs danışığıma davam etdim:
–Mən də indiyədək getməmişəm, amma Paris haqqında çox şeylər oxumuşam. Bulvarlar, böyük meydanlar, yamyaşıl parklar şəhəri… Gəncliyimdə bir az fransızca öyrənmişdim, amma məktəbdən erkən ayrıldım, ailəmin məni oxutmağa kifayət qədər pulu yox idi. Bilirsənmi bu nə deməkdi: “Donnez-moi un baiser, mademoiselle?”
Heç bir reaksiya vermirdi, nə “bəli”, nə də “xeyr”.
– “Bir öpüş verərsinizmi” deməkdir. Amma sənə “donnez-moi un baiser, ma reine!” demək lazımdır. “Reine”, kraliça deməkdir, sən də mənim ürəyimin, içki şüşəsindəki zəhərin kraliçasısan. Ver əlini mənə, Elsabe – sənə Elsabe adını qoyuram, kraliça Elsabe, əlini öpmək istəyirəm…
Qədəhimə içki süzdü.
–Bunu da iç, sonra evə gedərsən. Daha bəsdir, çox içdin, bezdim səndən də. İstəsən şüşəni özünlə götürə bilərsən, bütün şüşənin pulunu ödəməyə məcbursan, əlbəttə, meyxana qiymətinə. Səhər qalxıb, “məni aldatdın”, deyib üstümə gəlmə ha, özün doldurub içdin, nə qədər içdiyini nə bilim…
–Belə danışma, Elsabe, – ağlar səslə dedim. – Mən belə bir şey etmərəm, pul nədir ki!
–Kişiləri mənəmi tanıdacaqsan! Başına çəkincə “pul nədir ki!' deyə qışqırır, sonra sabahısı gün jandarmlarla gəlib aldadıldığınızı iddia edirsiniz. Araq, şampan və bir də mənim çəkdiyim siqaretlər, hamısı birlikdə…
Məbləği dedi.
–Çox yaxşı, – dedim, – madam ki, elədir! – Cibimdən pulqabımı çıxarıb:
–Götür, budur! – dedim.
Pulu masanın üstünə qoydum
–Bu da sənin üçün, – deyərək pulqabıdan bir yüzlük də çıxarıb digər pulların yanına qoydum. – Sənə nifrət etdiyim, məni məhv etdiyin üçün. Al götür, götür bunu! Qarşılığında bir şey istəmirəm səndən, heç bir şey istəmirəm. İndi get! Onsuz da qanımdasan mənim, artıq bundan daha çox sahib ola bilmərəm sənə. Hər halda kobudsan, cansıxıcısan. Buralı deyilsən, kim bilir hansı böyük şəhərdən gəlmisən, hər şeyini orada qoymusan, bu da özündən arxada qalanlar!
Ayaq üstə üzbəüz dayanmışdıq, pul masanın üstündəydi, işıq solğun idi. Dayandığım yerdə yüngülcə yırğalanırdım, yarı boşalmış araq şüşəsi əlimdə idi.
–Qoy o pulu cibinə! – deyə pıçıldadı. – Götür pulu masadan… Pul istəmirəm… Get!..
–Pulu geri götürməyə məni məcbur edə bilməzsən, burada qoyub gedirəm… Sənə hədiyyə edirəm onu, araqlar kraliçası Elsabe! Gedirəm…
Çətinliklə qapıya doğru getdim, içəridən kilidə salınmış açarı çevirməyə çalışırdım…
–Sən, – dərhal arxamca dedi, – sən…
Geriyə döndüm. Səsi alçalmış, amma dolu, yumşaqdı; bütün sərtliyini, kobudluğunu itirmişdi.
–Sən… – deyə təkrarladı. İndi gözlərində rəng və işıq görünürdü, – istəyirsənmi?
İndi susaraq baxan mən idim.
–Ayaqqabılarını çıxar, pilləkənləri çıxarkən səs-küy salma, burada yatanlar sənin səsini eşitməməlidi. Gəl görüm, tez ol…
Heç səsimi çıxarmadan dediklərini yerinə yetirdim. Nə üçün etdiyimi bilmirdim. İndi o qədər də onu ürəyim istəmirdi.
–Əlini ver mənə! – dedi.
İşığı söndürdü, əlimdən tutub məni aparırdı, digər əlimdə hələ də araq şüşəsini tuturdum. Meyxananın içi zülmət qaranlıq idi, yavaşca arxasınca gedirdim. Kiçik tozlu bir pəncərə şüşəsindən dar pilləkənə ay işığı düşürdü. Çox yorğundum, ayaq üstə yırğalanırdım. Öz yatağımı düşündüm, Elsabeni düşündüm; evə dönməyi çox istəyirdim.
Artıq bütün bunlar həddən artıq çox idi. Yeganə təsəllim əlimdəkı araq şüşəsi idi, güc verəcəkdi bu şüşə mənə. Burda durub şüşədən bir qurtum alsam necə yaxşı olardı. Elə yorğundum ki! Elsabe otağını açarkən qapının cırıldadığını eşitdim. Otaqda da ay işığı vardı. Dağınıq bir yataq, bir stul, divarda paltarlar üçün asqı yerləri…
–Soyun, – yavaşca dedim, – indi gəlirəm. – Daha çox öz-özümdən soruşurmuş kimi: – Ulduzlar varmı burda?
Bir meyvə bağçasına açılan pəncərəyə sarı getdim. Pəncərənin bir qanadını açdım; otaq ilıq, yüngül bir nəvaziş kimi gözəl ətirlər və yumşaq küləkli bir yaz havasıyla doldu. Pəncərənin düz altında balkonun yerə doğru əyilmiş damı vardı.
–Bax, bu çox yaxşıdır, – yavaşca dedim, – bu əyilmiş dam çox yaxşıdı…
Ayı görə bilmirdim, üzərimizdə, damın arxasında qalırdı. Amma ağımtıl işığı göyü işıqlandırırdı. Təkcə ulduzlar – onlar da olduqca donuq – görünürdü. Ürəyim sıxılmışdı, rahat deyildim.
–Harda qaldın, gəl, – deyə yataqdan hirslə qışqırdı. – Bir az tez ol! Hələ yatıb yuxumu da almalıyam! – Geri dönüb yatağın üstünə əyildim. Yorğanı boynuna qədər çəkib, arxası üstə uzanmışdı. Yorğanı açdım, bir anlığa üzümü çılpaq sinəsinə söykədim. Sərin və sərt idi. Saçlarının, bədəninin ətri necə də gözəl idi.
–Bağla pəncərəni! – deyə səbirsiz halda pıçıldadı. – Soyun, haydı, axmaqlığı burax! Yekə kişisən.
Ah çəkərək dikəldim. Pəncərəyə sarı getdim, şüşəni də götürüb balkonun damından aşağı atıldım. Arxamdan dəli kimi qışqırdı:
–Qoca əyyaş, axmaq!
Kolların arasındaydım. Ətrafdan yasəmənin ətri gəlirdi. Yaz gecəsi tərtəmiz idi. Şüşəni ağzıma söykədim, uzun-uzadı içdim.
7
Durmadan gedirəm. Gedərkən bir tərəfdən də əvvəllər Maqdayla birlikdə gəzintiyə çıxdığımız zamanlar oxuduğumuz səyyah mahnılarından birini oxuyuram. Ayağımda çoxdan parçalanmış corablar, ayaqqabısız bu uzun yolu ayaqlarımın ağrısından axsaya-axsaya gedirəm. Ayaq barmaqlarımdan biri daşa dəydi. Bu çox pis bir gəzintiydi. Bir dərəyə doğru yönəlir, aşağıya kolluqların arasına düşürəm. Bir daşın üstündə oturub ayaqlarımı suya salıram. Su buz kimidi. Əvvəl ürpərirəm, sonra su yaxşı təsir eləyir.
Daşın üstündə oturarkən yuxulayıram. Titrəyərək oyanıram, hər yanım buza dönüb; üstündə oturduğum daşdan aşmışam. Getməyə davam edirəm. Nə qədər sürətli getsəm, yol daha da uzanırmış kimi görünür; yolun iki tərəfindəki meyvə ağaclan yanımdan uçub gedirlər, amma mən irəliləmirəm. Harada olduğumu bilmirəm, təkcə evdən çox-çox uzaqlarda olduğumu zənn edirəm. Saatın neçə olduğunu bilmirəm, amma hələ səhər olmayıb. Ay yerin üstündən sadəcə iki qarış yuxarıdadı. Mən isə yeriyirəm. Yatan bir kənddən keçirəm. Kənddə bir işıq belə yanmır, hər kəs yatır, təkcə mən gedirəm, mən, topdansatış ərzaq firmasının sahibi, Ervin Sommer. Amma artıq deyil, bunlar bir zamanlar idi. İndi gecə ay işığında gedən bu adam kimdir?
Bəli, bunlar bir zamanlar idi, aradan çox zaman keçdi, çox oldu, az qala unudulub getdi… Ayaq səslərimə öz damında yatan bir it oyanır, hürməyə başlayır, kəndin digər itləri də oyanır; indi bütün kənd hürür və mən, avara bir adam qanlı topuqlarımla ayaqlarımı sürüyə-sürüyə kənddən keçirəm, mən hələ dünən… Susun, susun!
Kilsəyə aid taxta bir binanın kölgəsində dayanır, yenidən şüşəni ağzıma söykəyərək içirəm, bu yaxşı təsir edir, sualları yatırdır, ağrıları azaldır, önümdəki ikinci bir yarımsaatlıq yol üçün cəsarət verir, qamçılayır… Amma artıq şüşədə elə bir şey qalmayıb, bu çox qiymətli mayeni az-az içməliyəm. Son qurtumu – bu böyük bir qurtum olmalıdı! – evimin kandarında, Maqdanın qarşısına çıxmazdan əvvəl içdim. Amma Maqda yatır, səssizcə divana uzanacağam, bu gün aramızda dava-filan olmayacaq. Yaxşı, bəs sabah? Hələ sabaha çox var, uzun-uzadı yatacağam sabaha qədər, bu gün olanların hamısını unudacağam, yenidən firmamın başçısı olacağam. Hərçənd kiçik bir səhv etmişəm, amma bunu düzəldəcək qabiliyyətim olduğunu göstərəcəyəm…
Boş şüşəni bağçadakı kolluqların arasında gizlədim, indi qapının önündəki pillələri yalın ayaqlarımla yavaşca çıxıram. Açarla səs-küy salmadan qapını açmağı da bacarıram. Elə indi hətta bir deyil, iki nəhəng qurtum – şüşənin dibində qalan araq gözlədiyimdən daha çox çıxmışdı – aldığım halda, sərxoşluqdan heç bir iz yoxdu. Belə daha yaxşıdı, başım açıq, özümdən əminəm. Heç bir səhv hərəkət etməyəcək, kimsəni oyandırmayacağam.
Qanayan ayaqlarımı yumaq üçün vanna otağına doğru yönəldim, amma orada krandan axacaq su şırıltısından Maqdanın oyana biləcəyini düşünərək – başım elə işləyirdi ki – yavaşca mətbəxə getdim. Burada ayaqlarımı yuya bilərdim; mətbəxin yanında kiçik Else yatır, ondan mənə zərər gəlməz; Maqda qədər işgüzar və sərt deyil. İşığı yandırıb mətbəxdə ətrafıma baxır, bir emallı qab tapıb ocağın üstündəki çaydanda qalan suyu içinə boşaldıram. Gözlədiyim kimi su hələ ilıqdı. Bacarıqlılığımla fəxr edirəm. Sabun, mətbəx dəsmalı, qurulama əskiləri və bir fırça götürüb stulda oturur, ayaqlarımı suya salıram. Aman, nə qədər yaxşı təsir edir, necə də gözəldir bu ilıq, yumşaq oxşamalar! Arxaya söykənib gözlərimi yumuram. Ah, bir də içməyə bir şey olsaydı, nə qədər xoşbəxt olacaqdım, insanın xoşbəxtliyində həmişə də nələr isə əskik olur, heç bir zaman tam olmur. Qırmızı şərabı içdim, bu evdə daha başqa içki tapılmaz. Sabah dərhal özümə ehtiyat şərab tədarük edəcəyəm, bir neçə şüşə də araq alaram. Araq əla bir şeydir, bu qədər il araq içməməyimə, araqsız keçən bu qədər zamana acıyıram.
Bir az da arxaya söykənirəm, ayaqlarımı ilıq suya qoymaqdan həzz alıram, ayaqlarımın ağrısının dayandığını hiss edirəm… Birdən yerimdən dik atılıram! Qabdakı su daşır, mətbəxin döşəməsinə yayılır. Amma indi bunlar heç dərd deyil! Başım şimşək çaxıbmış kimi aydınlanmışdı! Əlbəttə, evdə içiləcək şeylər var! Bəzi şorbalar, məsələn, öküz quyruğu şorbası üçün Maqda Madeira işlətmirdimi? Kəllə-paça təmizləyərkən mikrobları qırılsın deyə romdan istifadə etmirdimi? Evin büdcəsi üçün tutduğu dəftərlərdən bütün bunları bilirəm. Yalın ayaqlarımla birbaşa anbara qaçıram. Hər yanı axtarır, bütün şüşələri iyləyirəm: Sirkə, zeytun yağı və budur! Budur, “Fine Old Sherry”, hətta Portuqaliya şərabı, dörddə üç şüşə şərab və yarımçıq bir şüşə rom. Oh, yaşamaq necə də gözəldir! Sərxoşluq, unutmaq, unutmağın axıntısına özünü buraxmaq, qaranlığa, qara dünyaya, aşağıya, oraya, peşmanlığın, çəkişmənin olmadığı yerə… Gözəl spirt, salamlayıram səni, la reine Elsabe, çılpaq döşlərində dincəldim, saçının və bədəninin qoxusunu içimə çəkdim!
Qabı yenidən doldurdum, üç şüşədəki tıxacları çıxarıb qarşıma düzdüm. Rom şüşəsindən böyük bir qurtum alıram. Arağın yumşaq, təmiz dadından sonra rom adama bir az kəskin görünür; daha sərt, daha yandırıcı, od kimi bir şeydir. Küləkdə süründürülən tünd qırmızı buludlar kimi romu qanımda hiss edirəm, xəyallarımı uçurur, daha ayıq, daha diqqətli, məni daha hiyləgər edir… Mətbəxi yaxşıca yığışdırmalı, yerə daşan suyu silməli olduğumu bilirəm. Şüşələrin ağzını yenə bağlayaraq yerlərinə qoymalıyam. Kimsə bir şey hiss etməməlidir, Else belə. Yaxşıürəkli Else, indi o yatır, hələ çox gəncdir, gənc insanların o dərin, möhkəm yuxusuyla yatır.
Bəs mən, onun çörəkpulunu verən mən isə burada oturub onun yuxusunu müşahidə edirəm. İndi evə bir oğru girməyə cəhd eləsə… Yaxşı, amma haraya qoydum mən indi bu şüşələrin tıxaclarını? Buralarda görə bilmirəm, ciblərimdə də yoxdu. Görəsən, anbardamı qoydum? Oraya bir dəfə də baxmalıyam, şüşələrin ağızlarını yaxşıca bağlayıb yerlərinə qoymalıyam, amma su o qədər xoşagələndir ki; indi yorğunam, yatmaq istəyirəm, bir qurtum da alım, sonra yatmağa gedərəm, bir dəqiqəyə mətbəxi yığışdıraram, hər şeyi yenə yerli-yerinə qoyaram, şüşələrin tıxaclarını da taparam… Kim gəlir? Yenə kim məni narahat edir? Hə, Maqdaymış, bacarıqlı Maqda. Gecəyarısı, xeyr, səhərə yaxın, geyinib gələrək mətbəx qapısının yanında dayanıb, dili tutulub, əhəng kimi ağ, qorxulu bir üzlə mənə baxır. Yüngülcə dikəlib əllərimlə, başımla onu salamlayır və şən-şən deyirəm:
–Budur, yenə döndüm, Maqda! Bir gəzintiyə çıxdım, baharın yaşıllıqları içində kiçik bir çöl məclisi. Heç bu il torağayların səsini eşitdinmi? Sabah birlikdə gedərik. Ağcaqayın ağaclarını görməlisən, elə yaşıllaşıblar ki, və sən araqlar kraliçasını tanımalısan, la reine d'alcool, Elsabe qoydum adını… Çox çalışqansan, Maqda, səni Hinzpeter ilə ofisdə, dəftərlərin üzərinə əyilib çalışarkən gördüm. Balansı çıxarıb vəziyyətə açıqlıq gətirdin, mən həmişə bu açıqlıqdan qorxmuşam! Bir qurtum, sevimli Maqda, sonra birini də, sonra daha birini! Bilirəm bu sənin romundur, amma yenisini alıb yerinə qoyacağam, hər əskikliyi tamamlayacağım. Hələ pulumuz var, firmanı sata bilərik. Mənə aid firmadır, müdir mənəm, istədiyim şeyi edərəm! Yoxsa bir etirazınmı var?
Heç bir şey demədi, susaraq mənə baxdı, sonra qanlı ayaqlarımı gördü, üzü dümağ oldu. Gözlərində iki damla yaş peyda oldu, yavaşca solğun yanaqlarından yuvarlandı, əliylə silmədi yaşları. Böyük bir həyəcanla yaş damlalarını paltarının üstünə düşənə qədər gözlərimlə izlədim. Bu göz yaşları məni duyğulandırmamışdı; əksinə, mənə görə əzab çəkdiyi üçün ağlaması içimdə şirin bir duyğu oyandırmış, xoşuma gəlmişdi.
Yenə içdim.
–Elə mərhəmətsizcəsinə bacarıqlısan ki, əlimdən qaçırmış olduğum həbsxananın ərzaq işindən itirdiklərimin yerini doldurmağı biləcəksən. Mən həmişə sənin kölgəndə yaşadım, öz üstünlüyümü mənə heç hiss etdirmədin. Amma mən yüksəlmək bilmədim, həmişə aşağılarda qaldım. Halbuki aşağılarda da yaşanılır. Qəribə bir qız tanıdım, o da aşağılarda yaşayır, o da ağrı-acı və sevinc duyur. Aşağıda da zövq və kədərlər var, Maqda, eynilə yuxarıda olduğu kimi, aşağıda ya da yuxarıda yaşamaq arasında bir fərq yoxdur. Bəlkə də gözlərini yumaraq özünü yoxluğa buraxmaq, yoxluğun da dərinliklərinə diyirlənmək ən gözəlidir. Adam sonsuz şəkildə yıxıla bilər, Maqda, mən hələ dibə çatmamışam, yerə dəymədim, hər yanım hələ möhkəmdir…
–Ervin, – yalvarırcasına dedi, – Ervin, daha danışma, burax içməyi! Xəstəsən, Ervin, gəl yatağa uzan, ayaqlarını sarıyım. Ayaqlarının vəziyyəti çox pisdir, ayağındakı yaraları sarımaq lazımdır…
–Gördünmü? – deyə qışqırdım, – bu bir neçə qurtumu belə əsirgəyirsən məndən. Əlbəttə, bunlar sənin şüşələrindi, amma ödəyəcəyəm. Nağd olaraq ödəyəcəyəm ya da istəsən dolularını götürüb qoyaram yerinə. Açıq, sadə bir ticarətdi bu, buna bir sözün olmamalıdı! Ayaqlarımı soruşursan. Çöl məclisi qurdum. Bacarıqlı müdirə xanım çalışarkən, müdir də bu cür dincələ bilər! Ayaqyalın gəzdim, ayaqyalın gəzmək sağlamlıq deməkdir…
Danışmağa davam edirdim. Bu vaxt mətbəxdən çıxdı, qısa müddət sonra əlində böyük duş süngəri, məlhəm və sarğı tənzifləriylə geri döndü. Mən hələ dilim dolaşaraq, kəkələyərək haqqındakı çıxışımı davam etdirərkən yanımda diz çöküb ayaqlarımı yudu, yaraların içindəkı çirki təmizlədi, yüngülcə quruladı, məlhəm çəkib sarıdı.
–Yaxşısan, çox yaxşısan, – içərək dedim, – həqiqətən çox yaxşısan, Maqda; bir də bu qədər bacarıqlı olmasaydın yaman olardı!
8
Oyanıram. Yatağımda uzanıram, pəncərələr açıqdı, pərdələr küləkdən yüngülcə yellənir, çöldə günəş parıldayır. Çox gec olmalıdı. Yanımdakı yataq yenicə düzəldilib, otaq boşdu, təkəm. Çox pisəm, mədəmdə quru bir yanma var, ancaq yavaş-yavaş yenidən düşünməyə başlaya bilirəm. Yavaş-yavaş keçən gecəni xatırlaya bilirəm, sonra ayağımdakı ağrıları hiss edirəm. Yorğanı açıb ayağımdakı sarğıları görürəm, birdən-birə hər şey yenidən gözlərimin qarşısında canlanır: Ofisimin qarşısında dayanıb buzlu şüşə ardındakı kölgələri müşahidə etməyim, meyxanadakı içki dəstgahı, qızın otağındakı utancverici səhnə, ayaqqabısız, sərxoş evə qayıtma və ən pisi, mətbəxdə Maqdayla qarşılaşmağım! Necə alçaltdım özümü, necə özümü gözdən saldım!
Acı bir peşmanlıq üstümə çökür. Utanc, bu ağrılı, əzab verən utanc, əllərimlə üzümü gizləyir, gözlərimi möhkəm-möhkəm yumuram… Artıq heç bir şey görmək, heç bir şey eşitmək, düşünmək istəmirəm! İnləyir, çənəmi sıxır, dişlərimi şaqqıldadıram, inləyirəm: “Bu həqiqət ola bilməz! Həqiqət ola bilməz! Mən deyildim bu insan, xəyal görmüş olmalıydım! Unutmalıyam hər şeyi, dərhal unutmalıyam! Bu həqiqət ola bilməz, ola bilməz!”
İçim doğranır, bütün bədənim sarsılır, sonra gözlərimdən yaş gəlir, öz məhvimə gətirib çıxaran, itirdiyim şeylər üçün axan göz yaşları. Sonu gəlməyən, zəhər kimi acı, amma sonradan boşaldan, rahatlaşdıran göz yaşları.
Ağlamağım bitdi; hələ günəş vurur şüşələrə, pərdələr təzə, yüngül küləkdə yavaşca tərpənir. Həyat hələ təzə və gənc halda gülümsəyir, istədiyin hər saatda yenidən başlaya bilərsən, əhəmiyyətli olan sənsən, hər şey sənə bağlıdı. Yatağımın yanındakı kiçik masada bir nahar nimçəsi dayanır; qəhvənin üstü soyumasın deyə yaxşıca örtülüb, səhər yeməyimə başlayıram, ilk loxmaları çətinliklə çeynəyirəm, ağzımda böyüyür, amma qəhvə xüsusi olaraq hazırlanıb, iştahım yavaş-yavaş yerinə gəlir.
Maqdanın səliqəylə seçib hazırladığı gözəl yeməkləri yeyərkən ürəyimdən ona təşəkkür etmək keçir: Ançuez, gözəl, yağlı bir ciyər əzməsi və ləzzətli pendir, bu cür ləzzətlə yemək yeməmişdim. Ətrafdakı tanış əşyaları, uzun müddət ayrı qaldığım, imtina edilməz, sadiq bir dost kimi salamlayıram. Masanın üstündə Maqdanın qoyduğu kağızı tapıram. Sadəcə bir neçə saatlığa ofisə getdiyini, o dönənə qədər yataqda qalmağımı, heç olmazsa evdən çıxmamağımı xahiş edir, vanna otağının hazırlanmış olduğunu bildirir.
Yarım saat sonra evdən çıxıram. Hərçənd ayaqlarımdakı yaralar getdikcə daha çox ağrıdır, amma artıq çalışmağa, bir iş görməyə qəti şəkildə qərar verirəm. Təpədən-dırnağa yuyundum, təmizləndim, təmiz paltarlarımı geyindim, ən gözəl paltarım əynimdədir, indi dünyadakı yerimi yenidən tutmaq istəyirəm. Maqda qədər bacarıqlı və təşəbbüskar olmasam da, yenə sürətlə şütüyən avtomobili idarə edəcək, artıq təhlükəsizliyini təmin edən şəxs olacağam.
Bu dəfə narahat deyiləm, qarşı səkidəki binanın girişindən ofisimdəki kölgələrə qorxu içində baxmıram, birbaşa içəri girirəm. Müdir otağından əvvəlki iki otaqda işləyən məmurlarımı salamlayaraq öz otağıma girirəm. Maqda yazı masamdakı kresloda oturmuşdu, məni görüncə yerindən atılır. Əvvəllər mən ofisdə olmadığım vaxtlar mənim yerimdə heç oturmazdı, onun yeri yanımdakı masadaydı. Bu ofisdə işləyənlərin arasından məni silmiş olması mənə bir az yer eləyir, özü də qıpqırmızı olur.
–Ervin, sənsən? – deyə qışqırır. – Elə bilirdim ki… – Əvvəlcə mənə baxır, sonra Hinzpeterə.
–Sabahınız xeyir; sabahınız xeyir, cənab Hinzpeter, – dostcasına salamlaşıb özümü heç bir şey sezməyibmiş kimi aparıram. – Bəli, sən elə bilirdin ki… Amma bu səhər elə də dözülməyəcək qədər ağrımadığını gördüm… ayaqlarım… nə isə, buraxaq indi bunu. Əvvəlcə danış görək, nələri təsbit etdiniz, nəyə qərar verdiniz? Həbsxana işindən itirdiklərimizin yerini doldura biləcəyikmi?
Yazı masamın arxasındakı kreslomda oturmuşdum. Ona dostcasına baxırdım, yenə də qərarını verməzdən əvvəl məmurlarının təkliflərini mehribanlıqla dinləyən müdir idim. Unutmaq istədiyimi, unutmağa məcbur olduğumu qışqıraraq hönkürtüylə ağlamağımın üstündən hələ bir saat belə keçməmişdi… Amma indi burada oturarkən Maqdanın üzündəki solğunluq, dar ayaqqabılarımın içində sızlayan ayaqlarım müntəzəm olaraq xatırladır və mən yenə də unutmaq istəyirəm. Maqdanın məni mətbəxdə qarşıma şüşələri düzüb, qanlı və çirkli ayaqlarım su qabının içində, yerə suyu dağıtmış halda görməsinin üstündən hələ on iki saat keçməmişdi. Və mənim burada yenidən müdir kreslosunda oturmağımdan beş dəqiqə sonra bütün bunlar Maqdaya pis bir yuxu kimi görünmüş olmalıydı; bu qarabasmadan başqa bir şey deyil! Unutmaq, unutmaq! (Bu da mənim utanmazlığımdan irəli gəlirdi; keçmiş hadisələr haqqında bir söz belə danışmamaq, hər şeyin üstünə bir örtü çəkmək, oyun növbəsinin başqasında olmasına dözə bilməmək, başqasının davranışını anlamaq üçün bir az olsun səy göstərməmək… Utanmazlıqdan başqa nədir ki!) Maqdanın bacarıqlılığına boş yerə güvənmədiyim ortaya çıxdı. Elə bu səhər həbsxananın baş nəzarətçisinə baş çəkmiş, bəlkə hələ də qurtarıla biləcək bir şeyin olub-olmadığı barədə danışmaq istəmişdi. Bu yaxşı adam ona yenə qazanclı iş təklif edərək çox gözəl bir fürsət vermişdi. Məhbusların bir hissəsi həbsxanaya girdikləri ilk zamanlarda kamera cəzası çəkməkdə və lif ayırmaqla vaxt keçirməkdə idilər. Köhnə, istifadə edilib parçalanmış gəmi kəndirləri bu məhbuslar tərəfindən liflərə ayrılmaqda və bunlardan yenidən kəndirlər düzəldilməkdə idi… Bu iş üçün davamlı olaraq xeyli miqdarda köhnə kəndir gətirtmək lazım idi və elə bu günlərdə həbsxana anbarındakı lazımlı vəsait tükənmək üzrə idi. Baş nəzarətçi Maqdaya Hamburqa gedib iki, hətta üç vaqon köhnə kəndir satın alıb gətirməsini təklif etmişdi. Dediyinə görə, bu malların haradan alınacağı yaxşı bilinsə, bu işdən çoxlu qazanc əldə edilə bilərmiş, hətta bunların haralarda tapıla biləcəyi haqqında da bəzi məlumatları əsirgəməyib.
Bütün bu danışılanları dinləyərək razılığımı bildirdim. Məncə, bu iş qısamüddətli, o qədər də böyük olmayan bir iş idi və min beş yüz adam üçün təmin ediləcək üçillik ərzaq işinin gətirdiyi gəlirin heç bir şəkildə yerini tuta bilməzdi. Hətta əslində bizim indiyə qədər gördüyümüz işlərlə də çox da uyğunluğu yox idi, yenə də yaxşı bir qazanc gətirəcəyi üçün təklifi qəbul etməkdə fayda vardı.
–Yaxşı, Maqda, nə düşünürsən, kim gedəcək Hamburqa? Yoxsa sənmi? – deyə soruşdum.
–Xeyr, – duruxaraq dedi, – çox istəyərdim, amma deyəsən, bu anda mənim ayrılmağım çətin olacaq. Həm də bu vaxtlar…
Sözünü yarımçıq kəsdi, bir az çarəsiz, lakin mənalı bir şəkildə mənə baxdı. Bu hansı şəraitdə olursa olsun heç bir zaman dözə bilməyəcəyim baxışlardan biriydi.
–Haqlısan, Maqda, – dedim, – bu anda sənin buradan ayrılmağın həqiqətən əlverişsiz olar. Üstəlik, ev işləriylə də məşğul olmağa məcbursan. Else hələ çox gəncdir… (Təmizqəlbli, anlayışlı Else!) Ən yaxşısı mənim getməyim olacaq. Özümü çox yaxşı hiss edirəm. Ayaqlarıma gəlincə…
Maqda dərhal sözümü kəsdi:
–Qətiyyən gedə bilməzsən, Ervin! – dedi. – Sən özün də bilirsən ki, hələ tam sağalmamısan.
Gözlərini mənə dikmişdi, ayırmırdı; bunlar hirsli deyil, daha çox hüznlü, sevgi dolu, amma qəti, qərarlı baxışlar idi. Bu dəfə mən gözlərimi qaçırdım.
–Xeyr, – deyə davam etdi, – ən yaxşısı cənab Hinzpeteri göndərək. Elə bu axşam yola çıxa bilər və bəlkə də sabah…
–Bir dəqiqə, Maqda, – deyə sözünü kəsdim. – Çox təşəkkür edirəm, cənab Hinzpeter, sizi bir azdan yenə çağırtdıraram…
Mühasibin arxasınca qapını bağlamasını gözlədim. Sonra Maqdaya dönərək:
–Maqda, – dedim, – keçmişi buraxaq, bir daha ondan danışmayaq, tamamilə unudaq.
Əlini tərpətdi, sanki bu çox sadə həll yoluna qarşı nə isə demək istəyirmiş kimi idi.
–Xeyr, Maqda, – tələsik dedim, – qoy sözümü bitirim. Səndən çox xahiş edirəm, mən gedim Hamburqa. Mənim üçün bu çox əhəmiyyətlidir, ayaqlarımın da bir çarəsi…
Yenə sürətli bir hərəkətlə bu anda ayaqlarımın o qədər əhəmiyyətli olmadığını bildirmək istəyirmiş kimi nəsə dedi. Bu sağlamlığıma olan laqeydliyi mənə pis təsir elədi, amma yenə heç bir şey sezdirmədən davam etdim:
–Bir neçə günlüyə buradan ayrılmaq mənə çox yaxşı təsir edəcək. – Sonra səsimi bir az alçaldaraq: -Bu ərzaq işindəki müvəffəqiyyətsizlik mənə çox pis təsir elədi, özümü çox alçaldılmış hiss edirəm.
Gözlərini məndən ayırmadan:
–Ervin, – dedi, – sən özün demişdin axı, keçmişi buraxaq! Mən də səninlə eyni fikirdəyəm, hər nə qədər… – Sözünü yarıda kəsdi, sonra, – amma sən özün başlayırsan. Nə isə, Hamburqa getməyin sənin üçün yaxşı olmayacağı qənaətindəyəm. İndi mühüm olan, sənə lazımlı olan şey özünü əyləndirmək deyil, tam və qəti bir istirahətdir. Üstəlik, bu gün zəng vurub günortadan sonra həkim Mansfeldin ikimizi də qəbul etməsi üçün vaxt təyin etdirdim…
–Yenə bildiyini oxuyursan, Maqda, nə işim var mənim həkim Mansfeldin yanında? Heç bir xəstəliyim yoxdu. Ayaqlarımdakı azacıq yara üçün də…
–Ah, məsələ ayaqlarında deyil! Bir azca dəri açılıb, əlbəttə sağalacaq. Xeyr, Ervin, sən həqiqətən xəstəsən. Aylardır nə qədər dəyişmiş olduğunu görürəm. Həkimin səni yaxşıca müayinə etməsi lazımdır.
–Əlbəttə, sənin nəzarətin altında! – kinəyə ilə dedim. – Xeyr, bunun üçün sənə həqiqətən təşəkkür edirəm, ancaq…
Yalvarırcasına:
–Ervin, – dedi. – gəl heç olmasa bir dəfə mübahisə etməyək. Gəl, xətrimə dəymə, birlikdə həkimə gedək, qoy o qərar versin. Hamburqa getməyin sənin üçün yaxşı olub-olmayacağına o qərar versin.
– Oho, – dedim. – Həkim sənin öyüdünə görə qərar verdikdən sonra getməyimizə gərək yoxdu; o zaman elə indidən Hinzpeterə Hamburqa gedəcəyini deyə bilərsən.
Hər ikimiz də indi ofisin iki pəncərəsinin önündə ayrı-ayrı dayanıb prospektə baxırdıq. Mən təkcə çölə baxmaqla qalmayıb barmaqlarımla şüşəni döyəcləyirdim. Çöldə hələ də yaz günəşi hər yeri işıqlandırırdı, yoldan keçən qadınların əynində yaz paltarları vardı… Ətrafımdakı köhnə, tanış şeyləri təptəzə bir maraqla salamlamağımdan, onların dadıma çatmağından bu yana hələ çox az vaxt keçmişdi. Bu gün yeni bir həyata başlamaqda qərarlıydım… Və indi yenə keçmiş günlərin davaları canlanaraq ən gözəl planlarımı korlamaq istəyirdi. Yaxşı, nə üçün? Çünki Maqda hər məsələdə özünün haqlı olduğunu iddia edir, bütün qərarları özü vermək istəyrdi. Xeyr, bu dəfə mən də müqavimət göstərməkdə qərarlıydım. Aramızda razılaşmışdıq; keçmiş keçmişdə qalacaqdı, beləcə dünən axşamkı hadisələrə görə onun istəklərinə boyun əyməyə məcbur deyildim.
Maqda birdən pəncərədən uzaqlaşıb:
–Ervin… – yavaşca dedi.
–Bəli? – dedim, qaşqabağını tökdüm, hələ də ona baxmadan şüşəni döyəcləyirdim.
–Ervin, – deyə təkrarladı. – Bu gün səninlə dava eləmək istəmirəm. İçimdə qorxunc bir təhlükəyə doğru sürətlə gedirikmiş kimi bir hiss var, buna görə nə bahasına olursa olsun həmrəy olmağa məcburuq. İstədiyin olsun, sən get Hamburqa, amma qayıdanda sən də mənim xahişimi yerinə yetirəcəksən, birlikdə həkim Mansfeldin yanına gedəcəyik.
Ona sarı döndüm, sevincimdən gülümsəyirdim.
–Qayıdanda nə qədər sağlam olduğumu sən də görəcəksən, – dedim. – O zaman özün həkimə getməkdən imtina edəcəksən. Amma yenə də söz verirəm. Üstəlik, çox təşəkkür edirəm, Maqda. Hamburqdan sənə gözəl bir şey gətirəcəyəm…
Yenə güldüm. Bu səfər məsələsinə çox sevinmişdim.
–Sənin getməyini təşəkkür etməyin üçün qəbul etmədim, – Maqda dedi, olduqca sərt idi. – Hətta heç bir şəkildə getməyinlə razılaşmıram. Bu səfərin sənə heç yaxşı təsir etməyəcəyi qənaətindəyəm…
–Amma bax görəcəksən, sən də mənim dediyimə gələcəksən, – deyərək sözünü kəsdim. – Sonradan bu barədə danışdıqda hansımızın haqlı olduğu ortaya çıxacaq. İndi de görək, bu işdə başqa hansı firmalar haqqında danışılır. Əlbəttə, mən də öz səyimlə bu barədə bəzi şeyləri öyrənəcəyəm…
9
Hamburqa etdiyim iş səyahəti çox uğurlu oldu. Üç vaqon dolusu kəndiri inanılmayacaq qədər ucuz bir qiymətə aldım. Bu fürsəti çox yaxşı qiymətləndirib çox gözəl qazanc əldə etdik. Maqdaya bu kəndirlərin arxasınca necə düşdüyümdən danışdım. Halbuki, əslində bu iş tamamilə təsadüfdən başqa bir şey deyildi, bəzən ticarət həyatında görünən “bəxtigətirmə”lərdən biriydi, çeçələ barmağımı belə tərpətmədən ovcuma gəlmişdi. Amma evdən beş günlük ayrılığımın səbəbini göstərmək üçün nə isə deməyə məcbur idim. Ancaq Hamburqda bir dəfə olsun sərxoş olmadığımı qətiyyətlə deməliyəm. Yenə də orada günün hər saatında, hətta səhərin gözü açılmamış bir kiçik qədəh içməyə vərdiş etdim. Bu bəlkə aradabir çox içib lül-qəmbər sərxoş olmaqdan daha cazibədar olsa da ziyanlı idi. Bu gözəl şəhəri çox gəzdim, çox yer gördüm – bütün iş elə ikinci gün yarım saatın içindəcə həll olmuşdu – Alsterdə, limanda gəzdim, Altonadakı balıq bazarının o bitib tükənmək bilməyən böyük yerlərini gəzdim; Ohlsdorfa gedib dünyanın ən məşhur qəbiristanlığında saatlarla gəzdim və bütün bunları edərkən də tez-tez tələsik bir meyxanaya girib o rəngsiz ya da qəhvəyi rəngli yandırıcı mayedən bir ya da iki qədəh başıma çəkirdim. Bu, kefimi düzəldir, mədəmə yaxşı təsir edir, ürəyimi qızışdırır və bu rəngarəng, canlı şəhəri daha gözəl görməyimi təmin edirdi; xülasə, həyatdan həzz alırdım. Heç vaxt da sərxoş olmurdum, hətta içkili olmaqdan belə uzaqdım, amma yenə də tam ayıq olmadan oradakı günlərimi başa vurdum. Əvvəllər səhər saat ona, on birə qədər ilk qədəhi içmək üçün gözləyərdim, ancaq son iki gündə səhər saat səkkizə yaxın duble konyakı açıqdan-açığa yatağıma gətirtməyə başlamışdım. Bununla səhər yeməyini daha yaxşı yeyə bilirdim.
Əlbəttə, dönüş səfərimdə də özümlə içki götürməyi unutmamışdım. Evdə Maqdanın gözləri qarşısında bu vərdişimi gizli olaraq davam etdirə bilməyəcəyim aydın idi; buna görə qatarda yaxşıca içdikdən sonra bu vərdişdən əl çəkməyin çox çətin olmayacağını düşünmüşdüm. Bir, iki saat arayla yalnız bir ya da iki qədəh içirdim, bu qədər az içkidən imtina etmək çox asan olmalı idi! Ancaq qatara minməzdən əvvəl səfər üçün özümlə götürdüyüm və bol-bol çatacağını sandığım şüşə yetməmişdi. Buna görə stansiyadan düşər-düşməz əvvəlcə stansiyanın barında (orada məni tanımazdılar) bir-iki qədəh də içib sonra evin yolunu tutdum. Bu vaxt bir aptekdən ağız qoxusunu aradan qaldıran həb almağı unutmamışdım. Çünki bu qədər uzun ayrılıqdan sonra Maqdayla qarşılaşınca öpüşməkdən qaça bilməyəcəyim və buna görə ağzımdakı spirt iyinə qarşı tədbir görməli olduğum ağlıma gəlmişdi. Məni dostcasına, amma bir az soyuq qarşıladı, bir neçə dəfə təpədən dırnağadək süzərək bir az özümə gəldiyimi, qüvvətləndiyimi bildirdi; onun deyimiylə, üzüm bir az şişkinləşmişdi. Bu davranışı məni hirsləndirdi, amma sezdirmədim. Oturub əvvəlcə kəndir işindən, Hamburqun gözəlliklərindən, Ohlsdorfdakı qəbiristanlıqdan, Nikolai kilsəsində dinlədiyim orqan konsertindən (tamamilə təsadüf nəticəsində bu konserti dinləmişdimi) canla-başla danışdım. Konserti dinləmiş olmaqla təkcə meyxanalarda gəzmədiyimi, orada maraqlı, canlı bir həyatımın da olduğunu sübut etmiş olurdum. Çox ciddi, düşüncəli olan Maqdanı beləcə bir az canlandırmış, sevindirmiş oldum.
Maqda da görmüş olduğu işlər haqqında uzun-uzadı məlumat verdi. Yeni işlərə girişmiş, az qala hər gün avtomobillə kəndlərə gedib arı istehsalçılarından bal, cökə alıb. Cökəni onsuz da alırdıq, beləcə gələcək üçün ehtiyat vəsaiti hazır etmiş olurdu. Üstəlik, şüşə qablar da satın alaraq firmamızı bilavasitə müştəriyə bal sata biləcək böyük bir firmaya çevirmək istəyirmiş. Mənimlə qəzetlərdə bu bal satışıyla əlaqədar olaraq verəcəyimiz elanlar haqqında danışmağa başladı. Onu çətinliklə dinləyə bilirdim. Əslində yorğun deyildim, ancaq bütün bu bitməz-tükənməz iş söhbətlərindən bezmişdim, hamısı əbəs idi. Bu bal satışı işinə niyə girməliydik? Hamısı bir heçdi! İnsanlar yeyirlər, sonra keçib gedir, sabun köpüyü kimidi, çox işıqlı, içi bir az havayla doldurulmuş bir heçdi. Partlayır, geridə heç bir şey buraxmır, hamısı baş aldatmaqdan başqa bir şey deyil! Daha bezdirdin, get, rədd ol! Kəs artıq bu uydurmaları, bu qədər boşboğazlıqlar yetər! Rahat burax məni! Nə üçün bu qədər çalışıb-əlləşirsən? Sən öz firmanı nə hesab edirsən? Yüzminlərlə, milyonlarla firma var yer üzündə! Kimə lazımdı səninki?
İndi burda bir stəkan araq olsaydı, o zaman səni yenə maraqla dinləyə bilərdim. Sən burada oturub heç dayanmadan boşboğazlıq etməsəydin, Elseni yaxınlıqdakı meyxanaya göndərər, bir ton araq aldıra bilərdik. Sən mənim həyatıma çöküb oturduğun üçün həyatda xoşuma gələn şeyi edə bilmirəm.
Xeyr, xeyr, o qədər pis demək istəmirəm, onu nəzərdə tutmamışdım, əslində Maqdanı sevirəm, amma bir müddətliyə həyatımdan yox olsaydı, mənə nə qədər böyük bir yaxşılıq etmiş olardı, nə qədər sevinərdim! Darıxdırıcı, çoxdanışan arvaddı də, nə deyəsən!
Bu öz-özümlə etdiyim söhbət əsnasında yamanca qəzəblənmişdim; birdən hövlnak ayağa qalxıb təəccüb içində qalan Maqdaya çox kobud şəkildə başımın ağrıdığını, çölə çıxıb iyirmi beş dəqiqə-filan gəzmək istədiyimi dedim… Xeyr, xeyr, təşəkkür edirəm, sənin gəlməyin lazım deyil…
Və dərhal özümü çölə atdım. Onu yenə incitmiş olmağım, mənim haqqımda nə düşündüyü heç vecimə deyildi. Səkkiz-on küçə sonra tanınmadığımı güman elədiyim bir məhəlləyə gəldim; orada kiçik bir meyxanaya girərək kök, saqqallı meyxanaçıdan bir dubl konyak istədim…
Bu gecəni rahat keçirmək üçün ehtiyatımı bolluca götürmək istədiyimə görə üçüncü dublu da aşırtdıqdan sonra meyxanaçı mənə yavaşca:
–Sizin içdiyinizi heç bilməzdik, cənab Sommer, – dedi. – Hər halda soyuqlamış olacaqsınız?
Bu cür tanınmış bir adam olmağıma hirslənərək dördüncü dubldan imtina edib evin yolunu tutdum. Ağzımdakı qoxunu aradan qaldıran şəkərləri sorarkən bir tərəfdən də o cür gözəl konyakın dadının belə bərbad iyli “ağız ətri”ylə korlanmasına hirslənir, məni bunları etməyə məcbur edən Maqdaya da çox əsəbiləşirdim.
Hələ də evdə məni gözləyirdi, hər halda yenə o cansıxıcı bal hekayəsini danışıb başımı ağrıdacaqdı. Amma mən buna fürsət verməyərək birbaşa yataq otağına getdim, qaşqabağımı töküb bir neçə qısa cümləylə bu baş ağrısının hələ azalmadığını, uzanmaq istədiyimi dedim. Sonra dərhal yuxuya getdim.
Ancaq gecə saat birdə yenidən qalxıb ayaqyalın, gecə paltarıyla anbara gedib o üç şüşənin içində qalanın hamısını dalbadal içib bitirdim. Son şüşənin dibini görərkən birdən-birə qorxunc bir açıqlıqla qəti şəkildə məhv olduğumu, artıq mənim üçün heç bir qurtuluş yolunun olmadığını, bütün varlığım və ruhumla spirtli içkidən asılı olduğumu anladım. Artıq bundan sonra ətrafımdakılara yaxşı görünməyə, ədəb qaydalarına uyğun davranmağa çalışmağın mənası qalmamışdı, bunun heç bir əhəmiyyəti yox idi, hər şey bitmişdi. Maqda gəlsin, məni burada içərkən görsün. Elə üzünəcə əyyaş olduğumu deyəcəyəm. O gətirdi məni bu hala, ifrat təmizkarlığı, şeytani bacarıqlılığıyla o gətirdi.
Amma gəlmədi, mən də üç boş şüşəni ağzı açıq halda rəfdəki yerinə qoydum. Bilsinlər, hamısı bilsin; Maqda, Else, başqa kim istəyirsə! Artıq heç bir şey vecimə deyil!
Ancaq daha sonra, səhərə yaxın ürəyim o qədər sıxıldı ki, qalxıb şüşələrdəki son damlaları da yaladım. Sonra şüşələri əvvəlcə içlərində nə qədər vardısa o ölçüdə suyla dolduraraq ağızlarını bağlayıb yenə köhnə yerlərinə qoydum. Beləcə bir ya da iki gün də saxta davranışımı davam etdirə bilərdim.
10
Bundan sonrakı günlərdə ofisə tez-tez gedirdim, bəzən oturub işləyirdim. Xoşuma gəldiyi üçün deyil, dərhal əl çəkmək mümkün olmayan köhnə bir vərdiş olduğuna və Maqdadan utandığıma görə işləyirdim. Maqda çox susqun olmuşdu, sadəcə çox lazım olduğu zaman danışırdıq. Ən çox yanımızda üçüncü bir adam, Hinzpeter, Else ya da bir müştəri olduğu zaman bir-birimizlə daha canlı, daha şən davranırdıq. Hətta aramızda zarafat da edirdik; az qala köhnə xoşbəxt evlilik illərimizin ab-havası yenidən gəlirmiş kimi olurdu. Amma qapı üçüncü adamın arxasınca bağlanar-bağlanmaz birdən-birə səssizliyə bürünür, mən üzümü turşudurdum, Maqda sənədləri, kağızları vərəqləməyə başlayırdı.
Bu müddət ərzində heç yanımdan ayrılmadı. Evdən ofisə, ofisdən evə birlikdə getmirdik, amma mənim gəlişimdən beş-on dəqiqə sonra dərhal ardımca gəlirdi. Ev işləri tamamilə Elsenin öhdəsinə qalmışdı. Hərçənd Maqdanın məni müşahidə etməsindən heç təsirlənmir, istədiyimi edirdim, yəni içirdim. Kiçik qədəhlərdən içmə vərdişim getdikcə şüşələrdən böyük qurtumlar almağa çevrilmişdi. Bir şüşə ofisdəki yazı masamda, bir şüşə də evdə, hamam şkafının bir küncündə həmişə hazır olurdu. Bu şüşələri çantamın içində ya da şalvarımın cibində, Maqdanın yanında gizli olaraq saxlamaq çox xoşuma gəlirdi. Ehtiyatımı təzələdiyim, anbarımı doldurduğum zaman sanki varlanıbmış kimi özümü xoşbəxt hiss edirdim. Azca susayan kimi dərhal bir udum ala bilirdim. Evdə, vanna otağında çox asan olur, amma ofisdə, Maqdanın yanında bəzi çətinliklər çıxırdı. O zaman oturub onu otaqdan uzaqlaşdırmaq üçün bir neçə dəqiqə bəhanə axtararaq başımı yorurdum.
Bir gün onu otaqdan uzaqlaşdırmaq üçün heç bir səbəb tapa bilməyincə, yazı masasını özümə sipər edərək yavaşca şüşəni açıb yerə qoydum, sonra silgimi yerə salıb özümü bir müddət masanın altında axtarırmış kimi göstərərək – Maqdanın olduğu otaqda! – hiyləgərliyimlə fəxr edərək ləzzətlə konyak şüşəsini başıma çəkdim.
Maqdanın mənim içdiyimi bilib-bilmədiyi məsələsindəki fikrim hər an dəyişirdi. Bəzən qətiyyən heç bir şey sezmədiyi qənaətinə gəlir, amma qısa müddət sonra kefim pozulmuş, ürəyim sıxılmışsa etdiyim hər bir şeyi içimi oxuyurmuş kimi çox yaxşı bildiyini düşünürdüm. O zaman yenə dərin düşüncələrə dalırdım. Bəzən uzun müddət ofisdə düşüncəli-düşüncəli o tərəf-bu tərəfə gedir, həmişə də Maqdanın masasının önündən keçirdim. O zamanlar “pis” olurdum. Xüsusilə müəyyən bir şeyə, hətta Maqdaya belə hirslənirdim. Xülasə, pis bir adam olurdum, insanın xislətindəki pislik məndə baş qaldırırdı. Maqdayla dalaşmaq üçün səbəb axtarırdım. Bu davadan da məqsədim onu qızışdıraraq hər şeyi bilib-bilmədiyini öyrənmək idi. Əgər bilirsə, o zaman son saxta rəftarımdan da əl çəkəcək, onun yanında – ayıq, təmiz, çalışqan arvadımın yanında arağı başıma çəkəcəkdim. Ayaqlarımı yazı masasının üstünə qoyaraq açıq-saçıq mahnılar oxuyacaq, onunla kobud zarafatlar edəcəkdim. Onu da özümlə birlikdə pis şeylərə tərəf çəkmək necə də mənim üçün böyük bir zövq olacaqdı, ona göstərəcəkdim: Bax, bir zamanlar sevmiş olduğun adam budur! Sənin sevgin sayəsində bu hala gəldi.
Otağın içində addımlarımı sürətləndirdim. Artıq utanıb-eləmirdim, hirsli baxışlarımı üzünə dikir, ona meydan oxuyurdum. Amma elə davaya başlayacaqdım ki, qalxıb çölə çıxırdı. Onun çıxdığı qapıdan hələ də gözlərimi ayıra bilmir, hirslə yumruğumu yelləyir, dişlərimi qıcırdadırdım: “Qorxaq olduğun üçün qaçırsan, qorxaq! Məni nə hala gətirdin, sən və bacarıqlılığın”. Sonra masamın arxasına keçib içirdim. O zaman yorğunluq hiss etsəm də sakitləşirdim.
İşə köhnə vərdişimin təsiriylə getdiyimi demişdim axı, bu o qədər də doğru sayılmaz; düzünü demək lazımdır. Bu günlərdə köhnə davranışımı – müştərilərlə arasında məsafə saxlayan müdir kimi rəftarımı içkinin təsiriylə itirmişdim. İndi kəndli müştərilərimlə daha yaxşı, daha rahat boşboğazlıq edirdim. Maqda yanımızda olmadığı zamanlar bir-birimizin çiyninə vurur, zarafatlaşır, lətifə danışırdıq. Axırda da bu adamlarla çox gəlirli müqavilələr bağlayırdım. Əvvəllər nəzakətli davranıb firmanın etibarını düşünərək etmədiyim şeyləri indi həvəslə eləyir, kəndli müştərilərimlə kiçik meyxanalara gedir, orada taxta masaların arxasına keçib üzbəüz əyləşərək bol-bol içir, bir çox mövzulardan söz açırdıq. Çox vaxt bu meyxanada edilən söhbətlər nəticəsində lül-qəmbər sərxoş olan müştərimdən inanılmaz dərəcədə aşağı qiymətə mal satın alırdım. Yenidən ofisə gəlib bu sazişləri Hinzpeterin önünə qoyduqda bu quru rəqəm adamıyla Maqdanın necə baxışdıqlarını görür və ürəyimdə gülürdüm.
Yenə bir gün böyük bir fermanın təsərrüfat müdirini yaxşıca içirib ondan bir vaqon göy noxudu bazar qiymətinin yarısına satın almaq üçün imzaladığımız müqavilədən sonra səhər ofisimin olduğu binanın həyətində səs-küy eşidib pəncərəyə sarı getdim. Bizim indi ayılmış olan təsərrüfat müdiri arvadımı və Hinzpeteri razı salmaq üçün dəli kimi çırpınırdı. Uzun müddət yenicə ağlı başına gəlmiş kişinin çırpınmasını böyük bir zövqlə seyr etdim. Ürəyimdə deyirdim: “Danış görək; istədiyin qədər ayıq ol, artıq iş işdən keçib. Dünən axşam bağladığımız müqavilənin altındaki imzanı da inkar edə bilməzsən ki!”
İndi də Maqda danışır, kişi də başını bulayır, ayağını yerə vururdu. Birdən mənə tərəf baxdı, yəqin şüşənin arxasında məni görmüşdü. Həqiqətən də kişi qolunu havaya qaldıraraq arvadımın və Hinzpeterin qarşısında yumruğunu mənə doğru yelləyirdi. Hətta söyüş də söydü: “Fırıldaqçı kaftar!” Maqdanın bu həyasız hərifi rədd etməsini gözlədim; halbuki dayanıb kişini sakitləşdirməyə çalışırdı. Bir müddət sonra kişi yumruğunu aşağı saldı, sakitcə danışmağa davam etdilər. Arvadımın məğlubiyyəti qəbul etməsi nifrətimə səbəb olmuşdu.
Bir az da baxdıqdan sonra onlar hələ də danışarkən masamın siyirtməsini açaraq gücümü təzələdim. Bir az keçəndən sonra masamda eləcə heç bir şey düşünmədən oturarkən qapı açıldı, Maqda əlində qovluq rəngi avazımış halda içəri girdi. Qovluğu masanın üstünə qoyaraq kağızları xışıldadıb qarışdırmağa başladı. Otaqda başqa səs eşidilmirdi. Spirt yavaş-yavaş bədənimə yayılır, məni rahatlaşdırırdı, özümü xoşbəxt hiss edirdim. Amma birdən Maqda kağızları yerə atıb başını masaya söykəyib dəli kimi ağlamağa başladı. Çarəsizdim, nə edəcəyimi bilmirdim. Hələ üstəlik bu çox kefli vaxtımda heç bir şey edəcək vəziyyətdə deyildim.
–Nə oldu, Maqda? – bir az laqeydliklə dedim. – Sakit ol, Maqda, bu qədər kədərlənəcək nə var ki?
Başını qaldırıb gözlərindən yaş tökə-tökə qışqırdı:
–Hər şeyi məhv elədin! İşlərimizi on qat artıq pisləşdirdin! Bütün günü lül-qəmbər sərxoş olduğun bəs deyilmiş kimi firmamızın adını da bədnam elədin. Elə indidən etibarlı bir firma olmadığımızı, saxtakarlıqla iş gördüyümüzü deyirlər…
–Dayan görək, Maqda, – yavaşca dedim; artıq onunla hesablaşmağın, bütün günahlarını üzünə vurmağın vaxtı gəlmişdi… – Dayan görək, Maqda, – təkrar elədim. – Hər şeyi bir-bir danışaq. Hər gün lül-qəmbər sərxoş olduğumu iddia edirsən. Deyə bilərsənmi, nə vaxt mənim səndələdiyimi, kəkələdiyimi gördün? Ara-sıra bir qədəh içirəm, bunu saxlamağa gərək yoxdu, amma içkini götürə bilirəm. Spirt zehnimi açır. Spirti götürə bilməyənlər içməməlidi, amma bunu mənim haqqımda demək olmaz, spirt mənə toxunmur. – Masamın siyirtməsini açıb konyak şüşəsini çıxararaq dedim. – Bax, bu şüşə bu səhər saat doqquzda ağzına qədər dolu idi, indi üçdə biri azalıb, yaxşı, deyək üçdə birindən bir az çoxdu, amma bu qədər içki içdiyim üçün danışığımda bir qüsur varmı? Özümə, əlimə, ayağıma hakim deyiləmmi? Beynim dumanlıdırmı? Səndən on dəfə daha açıq düşünə bilirəm! Lənətə gəlmiş birinin gəlib arvadımı fırıldaqçılıqla günahlandırmasına dözə bilmərəm. Əlimə keçsə üz-gözünü dağıdacağam. Qəfildən səsimi yüksəltdim. Sonra bir az daha sakit sözümə davam etdim: – Amma sən durub onu razı samağa çalışdın, hərifi sakitləşdirdin. Əgər səni və bu gic toyuq Hinzpeteri yaxşı tanıyıramsa, göy noxud razılaşmasından ya imtina etmiş ya da qiyməti yüksəltmiş olmalısınız…
Ona kinayə ilə baxırdım.
–Əlbəttə, imtina etdik! – Maqda dedi, daha ağlayıb-eləmirdi. Gözlərində heç bir sevgi, yaxınlıq əlaməti yox idi. – Əlbəttə, imtina etdik. Müqaviləni ləğv etdik, amma buna baxmayaraq artıq yaxşı müştərilərimizi həmişəlik itirdik.
–Eləmi? – dedim. – Demək, müqaviləni ləğv etdiniz, burada adi bir kuryerəm, hə, mənimlə heç məsləhətləşmədən qərar qəbul edirsiz! Altına imzamı atdığım müqavilə sənin üçün bir çınqıldan fərqli deyil! Amma bunu yaxşı bil, Maqda: Bu Fliederhof malikanəsinin təsərrüfat müdiri Şmidt müqaviləyə əməl etməsə, malın bir kilosunu əskik versə, onu məhkəməyə verərəm, qalib də gələrəm. Çünki müqavilə müqavilədir, hansı vəkildən soruşsan bunu deyər… Əgər mənim təklifimi çox aşağı hesab edirdisə qəbul etməyəydi, mənə nə, öz günahıdı! Mən onu deyil, o məni sərxoş eləmək istədi; öz qazdığı quyuya özü düşdüsə, bu mənim günahımdırmı? Üstəlik, sənə bunu da demək istəyirəm, Maqda, – deyərək ayağa qalxdım. – Burada müdir mənəm, sadəcə mənəm. Əgər bir müqavilə ləğv ediləcəksə məndən soruşulacaq, başqasından deyil. Artıq burada oynadığın oyunlar, mənə yuxarıdan aşağı baxmağın – ağlım çox yaxşı başımdadı, olduqca ayığam – səndən on qat artıq ağıllı və bacarıqlı olduğum halda, lül-qəmbər sərxoşluqdan danışmağın xoşuma gəlmir. Burada müdir mənəm, məni bir kənara itələyə bilməzsən. Sən yenə mətbəxinə dön, burdakı işlərimə qarışma. Bura gəlməyin üçün yalvarmamışdım, amma indi getməyini xahiş edirəm!
Çox ciddi və nə dediyimi bilərək danışmışdım. Doğrudan da danışarkən hər mövzuda haqlı olduğumu artıq qəti şəkildə anlamışdım. Yenidən yerimə keçib oturdum.
Danışdığım müddətdə Maqda məni çox böyük bir diqqətlə izləmiş, sanki ağzımdan çıxan hər sözü başına həkk eləmişdi. Sözüm bitdikdə başını tərpədib:
–Artıq səninlə danışmağın qeyri-mümkünlüyünü anlayıram. Ervin, – dedi. – Haqlıyla haqsızı bir-birindən ayıra bilmirsən. Fermanın başçısı müdirə bu sərxoşkən imzaladığı müqaviləni ləğv etdirməzsə, işdən çıxarılacağını deyib, səni də fırıldaqçılığa görə məhkəməyə verəcəkmiş…
–Versin görək! – deyə kinayə ilə qışqırdım. Sadəcə əsilzadə olduğu üçün belə şeylər deyə bilən o adam sənə təsir edə bilir, mənim sözlərimin isə sənin üçün heç bir əhəmiyyəti yoxdur! – Barmağımla havaya çırtma vurdum. – Məhkəməyə versin, o zaman kimin qorxub geri duracağını görərik.
–Bəli, bəli, – deyə Maqda qışqırdı, – artıq o namuslu adının məhkəmələrə düşməsinin, pis işlərdə çəkilməsinin sənin üçün heç bir əhəmiyyəti olmadığını indi çox təəssüf ki, çox yaxşı dərk edirəm. İçki sənin haqq-ədalət hissini korşaldıb. Amma səndən başqa bir şey soruşmaq istəyirəm, Ervin…
–Soruş görək, – donquldanaraq dedim, amma tətikdəydim; çünki danışıq tərzindən ağzından yaxşı söz çıxmayacağını sezmişdim. – Çox soruşan çox öyrənər!
–Çox şey öyrənmək istəmirəm, – dedi. – Sadəcə səndən açıq olaraq “bəli”, ya da “xeyr” gözləyirəm.
Dərindən nəfəs alıb:
–Hələ də sözünün üstündə duran bir kişisənmi, Ervin? – deyə soruşdu. – Yəni, bir zamanlar mənə vermiş olduğun sözü yerinə yetirəcəksənmi?
Donquldanaraq:
–Əlbəttə, elə bir adamam, – dedim. – Hətta müqavilə əsnasında ayıq olub-olmamağımdan asılı olmadan imzaladığım sazişin şərtlərini yerinə yetirirəm.
Sözlərimdəki kinayəyə heç əhəmiyyət vermədən:
–Hamburqa gedərkən mənə bir söz vermişdin, – dedi, – qayıdarkən mənimlə həkimə gedəcəkdin. İndi sözünün üstündə duracaqsanmı, mənimlə günortadan sonra həkim Mansfeldin yanına gedəcəksənmi?
–Dayan görək! – deyə dərhal etiraz etdim. – Sən yenə hər şeyi başında istədiyin kimi düzüb-qoşursan! Mən sənə qətiyyən – hansı şəraitdə olursa olsun – Hamburqdan dönəndə həkimə getməyə söz verməmişəm; ancaq Hamburqdan xəstə dönsəm həkimə gedəcəyimi demişdim. Halbuki bax sağlam, sapsağlam döndüm.
–Bəli, yaman da sağlam idin! – üzündə əzablı bir ifadə olan Maqda dedi. – Gəldiyin gecə anbardakı bütün şüşələri axıra qədər içmisən. O zamandan bəri də bir dəqiqə ayıq olmursan. Amma görürəm ki, artıq sözünün üstündə də durmaq istəmirsən.
–Sözümün üstündə yenə dururam, lakin bu məsələdə sənə heç bir şəkildə söz verməmişəm.
–Amma, Ervin, – deyə bu dəfə mülayimliklə başladı: – Niyə həkimə getməyə bu qədər qarşı çıxırsan? Əgər sənin dediyin kimidirsə, həkim də sənin dediklərini təsdiqləsə, deməli, hər şey yolundadır… Amma əgər dediyin kimi deyilsə…
–Bəs onda nə olacaq? – kinayə ilə dedim.
– … o zaman sağalmağın üçün nə lazımdırsa ediləcək. Çünki xəstəsən, Ervin. Sən fərqinə varmırsan, ama həqiqətən xəstəsən…
–Eehh, bəsdir daha! – dedim, məni bezdirmişdi. – Bu şəkildə məni əldə edə bilməzsən. Dediyini yeridə bilməzsən. Mənimlə çox yumşaq danışırsan, gözlərindən haqqımda yaxşı şeylər düşünmədiyini anlayıram. Nə qədər bacarıqlı olursa olsun, bir qadının məni idarə etməsinə izin verə bilmərəm!
–Səni idarə etmək istəmirəm ki…
–Əvvəlcə imzaladığım müqaviləni ləğv edirsən, sonra dəli olduğumu düşünüb məni həkimə aparmağa cəhd edirsən. Beləcə gözün qalan müdir kreslomu ələ keçirəcəksən, hə? Mən yoxkən bu kresloda yerin çox rahat idi, elə deyilmi?
–Bəsdir, – dedi, indi gözləri hirsindən alov püskürürdü. Səsində o yumşaqlıqdan əsər-əlamət qalmamışdı. – Deməli, araq çəkməkdən və ətrafına zərər verməkdən başqa bir şey istəmirsən! Amma firmanı məhv etməyinə izin verməyəcəyəm. Özünü istədiyin qədər məhv edə bilərsən. Mən də o zaman başqa cür tədbir görərəm.
–Nə istəyirsən elə, – lağla dedim, – bax görəcəksən, sən də peşman olacaqsan. Lütf edib necə bir tədbir görəcəyini deyə bilərsənmi?
Lağ eləməyim onu hövsələdən çıxarmışdı.
–Lap yaxşı, deyərəm, – dedi. – Əvvəlcə səndən boşanacağam…
–Sən bir buna bax! – deyə güldüm. – Demək, məndən boşanacaqsan! Boşanmaq üçün bir səbəbin olduğunu bilmirdim. Amma bəlkə gələcəkdə ola bilər. Çox yaxşı, başqa nə etməyi düşünürsən?
Artıq danışmaq istəmirdi.
–Gələcəkdə görərsən, – deyərək masasındakı kağızlara döndü.
–Gözləyərəm, – dedim.
Konyak şüşəsini götürərək çantama, hələ yemədiyim nahar paketinin yanına qoydum.
–Hər şeyin mənim adıma olduğunu unutma; evlənməzdən əvvəl əlində heç bir şey yox idi. Ev, içindəki əşyalar, firma, hamısı mənə aiddir!
Əliylə dediklərimə əhəmiyyət vermədiyini bildirən hərəkət edincə gülməyə başladım.
–İstəyirsən get bir dəfə də vəkillə məsləhətləş, o zaman boşanma məsələsi barədə daha ciddi düşünməyin lazım gələcək. Və indi, – deyərək asqıdan şlyapamı götürdüm, – indi firmanı sənə borc verirəm. Yaxşı işlə, sevimli Maqda, qazanclı razılaşmaları istədiyin kimi ləğv et. Hə, nə deyirsən? Artıq boşanmaq üçün səbəbi deyə bilərsənmi?
Lağ eləməyim onu hövsələdən çıxarmışdı. Əlinə keçən ilk şeyi, bir mürəkkəb quruducusunu üstümə atdı. Bəti-bənizi ağarmış, hirsindən titrəyirdi. Artıq onu daha çox hirsləndirməməyə qərar verib, mürəkkəb quruducusunu yerinə qoyub ofisdən çıxdım.
11
Bir müddət işə dönməməyə qəti qərarlıydım. Ofisdə istədikləri şeyi eləsinlər, mənim etdiklərimlə onların etdikləri necə olsa da həmişə ziddiyyət təşkil edirdi. Bütün bu xırda-para şeylər nə zamandır ürəyimi sıxırdı. İndi özümə əhval-ruhiyyəmə daha çox uyğun gələn, görməkdən zövq aldığım, daha yaxşı, daha maraqlı bir məşğuliyyət tapmışdım: Maqda ilə olan mübarizəm! Mənimlə istədiyi kimi məşğul olsun, ondan daha ağıllı, qanunları daha yaxşı bilən bir insan olduğumu Maqdaya göstərəcəkdim.
Yaz bitir, yay gəlirdi. Çox gözəl, isti bir gün idi. Yenə qoltuğumda çantamla gəzintiyə çıxmışdım. Spirtli içkilərin kraliçası! Uzun zamandır onu unutmuşdum. Ən azından darıxdırıcı bir qız deyildi. Üstəlik, artıq ayaqqabılarımı də götürməliydim, kimsə məni sərxoşluğuma görə geyimlərimi ora-bura dağıtmaqla günahlandırmamalı idi. Heç kim, Maqda belə! Onsuz da indiyə qədər evli olduğum bu bacarıqlı qadının haqqımda nə düşündüyünü, hansı niyyətdə olduğunu yaxşıca bilirdim. Boşanacaqmış; çox yaxşı, amma bu o qədər də tez olmayacaq. Boşanmazdan əvvəl bəzi hazırlıqlar lazımdır. Məsələn, həkim müayinəsi. İllərdir Maqdanın həkim Mansfeldlə arası çox yaxşıdır. Xəstə olduğu zaman onu həmişə o müayinə etmişdir. Mən onu daha az tanıyaram, əslində mənim heç həkimlik bir işim olmayıb. Haqqımdakı düşüncələrini həkimə də danışaraq böyük bir ehtimalla məni əyyaşlar xəstəxanasına yatırdacaq. Bu cür davranış bizim yaxşıürəkli Maqdaya çox uyğun idi: Kişi aşağı səviyyəli əyyaşlar xəstəxanasında yatacaq, o da kişinin mallarını dilədiyi kimi işlədəcək, firmanı idarə edəcək! Amma hələ başqa həkimlər də var; bu yaşlı, təmizqəlbli həkim Mansfelddən daha məşhur, daha bacarıqlı həkimlər. Üstəlik, həkim Mansfeld sadə bir praktikantdır! Elə ertəsi gün bu məşhur həkimlərdən birinin ya da bir-ikisinin yanına gedib sağlamlığımın tam yerində olduğuna dair sənədlər almalıyam. Bunun üçün də həkimə getməzdən əvvəlki son bir neçə gün heç içki içməməliyəm. Bu da çətin bir iş deyil. Yazıq Maqda, necə çətin bir adama rast gəldiyini görəcək. On beş illik evliliyə baxmayaraq hələ ərini əməlli-başlı tanımır.
Kənd meyxanasına gedən yolda vaxtın tez keçməsi üçün bu cür düşüncələri beynimdə düzüb-qoşur, ən incə təfərrüatlarına qədər gözlərimin qarşısında canlandırırdım. Məsələn, əyyaşlar xəstəxanasında necə bir palatada üstümə buz kimi suları tökəcəklərini, önümə qoyacaqları əcaib yeməkləri, digər tərəfdə isə Maqdanın yemək otağında dana basdırması ilə quşqonmaz yeməyini düşündükcə öz bədbəxtliyim və Maqdanın haqsızlığı məni elə kövrəldirdi ki, gözlərim yaşla dolurdu. Aradabir dayanıb çantamdakı səhər yeməyi ilə kəndin qazlarını, ördəklərini doyurur – son zamanlarda heç aclıq hiss eləmirdim – bəzən də kimsə görməsin deyə bir hasarın arxasında çömələrək butulkamdan bir qurtum alırdım. Mən, Ervin Sommer, hasarın arxasında gizlənərək əlimdəki butulkanı başıma çəkib araq içərkən yüngülcə xəcalət çəkirdim. Bu vəziyyət mənə çox da normal görünmür, tamamilə laqeydləşə bilmirdim. Amma bir gün o da olacaq, hər şeyi öz axarına buraxacağam; çünki bu başqa cür davam edə bilməz.
Hədəfimə çatmazdan qısa müddət əvvəl butulka boşalmışdı; yolun kənarındakı çuxurlardan birinə ataraq, meyxanaya çatmaq üçün beş dəqiqə də yol getdim. Kənd kilsəsinin zəngi günorta saat on ikini bildirirdi. Çiyinlərindəki bellərlə tarlalarından dönən kəndlilər önümdən, arxamdan, yanımdan keçirlər, bəzisi salam verir, bəzisi eləcə süzürdü. Bəzi kəndlilər də yanımdan keçərkən bir-birlərini dümsükləyib gülüşürdülər. Bu, bəlkə də kəndlilərin şəhərli paltarlarıyla gəzən bir yad adama yaxşı baxmamalarından irəli gələ bilərdi, amma bir tərəfdən də ürəyimdə fikirləşirdim ki, yəqin içkili olduğumu bilirlər. Yoxsa geyimimdə bir qəribəlik vardı? Spirtli içkinin ən pis cəhətlərindən biri insanın özündən əmin ola bilməməsidir. Görəsən bir əskiklik, bir qəribəlikmi var? Adam içki içdikdən sonra dəfələrlə güzgünün qarşısında dayanıb hər yanını gözdən keçirsə də, bütün düymələrini tək-tək yoxlasa da, yenə də gözdən qaçırdığı, hər hansı bir şeyin açıq olub-olmadığı fikrini başından çıxara bilmir. Çünki həqiqətən bütün diqqəti ilə hər tərəfinə baxsa da nəyi isə gözdən qaçıra bilər. Yuxularda da buna çox bənzər olan hisslər yaşanır; çox hörmətli adamlar arasında insan çox rahat, şən davranarkən, birdən şalvarını geyinməyi unutmuş olduğunu görür.
Bax, mənə çevrilən bu baxışlardan çox sıxılaraq bu günorta saatlarında “bizim solğun gözəl”i görməyin o qədər də münasib olmadığını düşünərək, yoldan ayrılıb tarlalara gedən kiçik bir torpaq yola çıxdım və kölgəlik bir kolluğun altına, çəmənliyin üstünə uzandım. Dərhal içkinin gətirdiyi dərin, qapqara bir yuxuya getdim. Sanki bir anlığa yox olmuş, müvəqqəti olaraq o biri dünyaya getmişdim. Belə anlarda yuxu-filan olmur, işıqdan, həyatdan heç bir iz qalmır… Yoxluğa, heç bir şey olmayan yerə doğru yuvarlanırsan…
Oyandıqda günəş olduqca alçalmışdı, dörd hətta beş saat yatmış olmalıydım. Həmişə olduğu kimi bu saatlarda yatmaq mənə heç yaramamışdı. Oyandıqda yorğun və taqətsiz idim. Hər tərəfimin titrədiyini hiss etdim. Dikəldim, hər yerim qurumuşdu, çətinliklə yeriyirdim. Amma indi bircə qədəh araqdan sonra bütün bunların tezcə keçəcəyini çox yaxşı bilirdim. Buna görə meyxanaya çatmaq üçün tələsirdim.
Meyxanaya gəlmə saatını yaxşı seçmişdim, içəridə kimsə yox idi. Barda da kimsəni görə bilmədim. Boş bir çuval kimi özümü bir həsir kresloya atdım. Susamış olduğumdan tez ofisiantı çağırdım. Əvvəlcə bir qapı aralandı, kimsə başını çölə çıxardı, amma bu mənim “solğun üzlü gözəlim” deyildi, yolpa saçlı, qırmızı burunlu, köhnə zamanlardan qalma bir varlıq idi. Sonra kök bir qadın mənə tərəf baxıb: “İndi gəlir, gözlə”, – deyərək, o gecə spirtli içkilər kraliçasının əlimdən tutub yuxarı çıxardığı pilləkənlərin üstündəki qapını açdı.
–Elinor! Elinor! Aşağı gəl! – deyə yuxarıya səsləndi. Beləliklə, səbirsizlik göstərməməyimi, dərhal istədiklərimin veriləcəyini bildirmək istəyirdi, sonra yenə mətbəxə girib gözdən itdi. Demək, adı Elinor idi! Eh, doğrusu, mən də heç pis təxmin etməmişdim! Amma Elinor da çox gözəldi, hətta Elsabedən daha da gözəldi. Elinor adı ona uyğun gəlir, Elinor, la reine d'alcool, həqiqətən çox gözəldi!
Pilləkənlərdən aşağı düşdüyünü eşitdim. O gecəki kimi addımlarını səssizcə atmırdı. Qapını açıb içəri girdi. Yəqin yatıbmış, saçları həmişəki kimi səliqəylə yığılmamışdı. Açıq rəngli paltarı qırış, səliqəsiz idi.
Bir anlığa dayanıb mənə baxdı, gün üzünə düşdüyü üçün dərhal tanıya bilmədi. Sonra məni gördüyünə sevinərək:
–Ah, – deyə qışqırdı, – bizim içki düşkünü olan “atacığımız” da gəlib!
Sonra yenə pilləkənlərlə yuxarı çıxdı. Bu bir az alçaldıcı sözlərinə heç əhəmiyyət vermədim, elə susamışdım ki. Hətta bu cür rahatlıqla şən qarşılamağına sevinmişdim, çünki o gecə pəncərənin önündəki damdan atıldığım o axşamdan sonra məni necə qarşılayacağını düşünmüşdüm. Amma indi hər şey yolunda idi. Geyinib daranmış halda yenidən aşağı gəlməsini beş dəqiqə səbirlə gözlədim. Birbaşa masama yaxınlaşıb köhnə bir dostunu qarşılayırmış kimi əlimi sıxıb:
–Elə bilirdim bir daha gəlməyəcəksiniz, – dedi. – Bu qədər vaxtda haralardaydınız? Tamamilə müflisləşdinizmi?
–Hələ yox, ma reine, – gülümsəyərək dedim. – Hələlik firmanın işlərini boşanmaqda olduğum arvadıma təhvil vermişəm. Nə deyirsən bu işə, gözəlim? Bəlkə iki ay sonra əldə edilə biləcək bir insan olacağam! Pis deyiləm, eləmi? Özümə yaxşı baxmışam, hə?
Bir anlığa heç səsini çıxarmadan üzümə baxdı, sonra üzündəki təbəssüm silindi, çox soyuq və ciddi halda:
–Araq, eləmi? Yoxsa yenə bir şüşəmi istəyirsiniz?
–Bəli, həyatım, bütöv bir şüşə! – dedim. – Sənin üçün də bir şüşə şampan şərabı!
–Gündüz olmaz, – qısaca deyib uzaqlaşdı. Bir dəqiqə sonra içkim masanın üstündə idi; bu rəngsiz, su kimi şəffaf içkini konyakdan daha çox sevirdim. Amma bu gün buradan əvvəlki qədər razı deyildim. Elinor müntəzəm olaraq ya meyxananın içində ya da çölündə işləyir, elə nə iləsə məşğul olurdu. Hərdənbir bir-iki kəlmə danışa bilirdik. Həmişəkindən daha çox içirdim, saat yarıma bir şüşəni bitirmiş, Elinorun gətirdiyi ikinci şüşəyə başlamışdım. Mən artıq əməlli-başlı sərxoş olduğumu bilirdim. Daha sonra aralarında Elinorun o qədər səmimi danışdığı rəngsaz oğlanın da olduğu bir neçə cavan oğlan meyxanaya gəldi. Sırf Elinoru masama çəkmək üçün onları da yanıma çağırdıb istədikləri içkiləri sifariş verdim, (amma buna baxmayaraq Elinor sadəcə beş dəqiqəyə yaxın masamda oturmuşdu). Qısa zamanda masanın görünüşü qorxunc bir hal aldı. Pivə və araq stəkanları, şərab və şampan şərabı şüşələri bir-birinə qarışmış, masa bir döyüş meydanına dönmüşdü. Bir-birləriylə danışan, bağırışan, gülən, əlləriylə, qollarıyla əcaib hərəkətlər edən sərxoşlar dəstəsi toplanmışdı; aralarında ən azğını, ən sərxoş olanı mən idim. Özümü tamamilə buraxmışdım. Uçuruma diyirlənən bir daş kimiydim, artıq düşündüyüm heç bir şey yox idi.
Öz səs-küyümüzdən meyxananın qarşısında bir avtomobilin dayandığını və içəriyə iki kişinin girdiyinin heç fərqinə varmamışdıq. Qarşımda oturan və məni dinləməyən oğlanlardan birinə səsimi eşitdirmək, bilmirəm hansı sözümün doğruluğunu isbat etmək üçün qışqıra-qışqıra nə isə dediyim vaxt birdən ağzıma yumruq vurulubmuş kimi səsim kəsildi, dilim tutuldu. Yanımızdakı masada oturmaqda olan kişilərdən biri məni çox nəzakətli və səmimi bir şəkildə salamladı: “Axşamınız xeyir”. Həkim Mansfeld idi. Digər kişini tanımırdım. Bizim eyş-işrət dəstəmiz də səssizləşmişdi. Salamlaşmağımızdan sonra masamdakı oğlanlar da susdular. Yan masadakılar pivələrini içərək öz aralarında danışmağa başladılar. Mənimlə birlikdə əylənən gənclər daha çox susqunlaşdılar, masanın bayaqkı şənliyi yoxa çıxdı. Bir az sonra bir-bir qalxıb uzaqlaşdılar və mən bu qiyamət gününü xatırladan qarışıqlıq içində, stəkanlar və şüşələr arasında tək-tənha qaldım. Məni bu xaosdan qurtarması, masanı toplaması üçün əbəs yerə gözüm Elinoru axtardı. Hər halda sevgilisi olduğu aydın olan o rəngsaz oğlanla qapının qarşısında oynaşırdı. Bayaqkı dəli yığıncağını xatırladan məclisdən sonra birdən içimə böyük bir ağırlıq çökdü, dodaqlarımı dişləyir, aradabir şübhəylə yandakı masaya ötəri nəzər salırdım. Amma onlar heç mənimlə maraqlanmırdılar.
Şübhəm bir az sonra lap artdı. Görəsən, həkim Mansfeld ətraf kəndlərdəki xəstələrinə baş çəkdikdən sonra təsadüfənmi buraya gəlmişdi, yoxsa Maqda onu buraya yollamışdı? Fikrimdə götür-qoy edirdim. Görən sərxoşkən Maqdaya daha əvvəl gəlmiş olduğum bu yerin adını, ya da meyxananın olduğunu ağzımdan qaçırmışdımmı? Heç cür işin içindən çıxa bilmirdim. O biri kişi də heç gözümə yad görünmürdü, amma haradan tanıdığımı yadıma sala bilmirdim…
Yenə ürəyimdən nə isə içmək keçdi. Şüşə masada, yanımdaca dururdu, amma yan masada oturan bu müştərilərin gözü qarşısında qədəhimə araq süzməyə çəkinirdim. Necə də olsa azğınlığımı kifayət qədər gördüklərini, artıq düzəldəcək heç bir tərəfi qalmadığını düşünsəm də, ağlımdan keçəni eləmədim.
Nəhayət, Elinor içəri girdi. Onu çağırıb yavaşca hesabı istədim. Yüngülcə önə əyilərək, əlindəki kağıza xeyli rəqəm yazırdı. Bu duruşuyla yan masadakı cənabların məni görməsinə mane olurdu. Bunu fürsət bilərək dərhal iki-üç qədəh doldurub içdim. Sonra şüşənin ağzını yaxşıca bağlayaraq çantamın içinə qoydum.
Elinor etdiklərimə ötəri nəzər saldı, qaşlarını qaldırıb yandakı masanı göstərib pıçıldadı:
–Dostlarınızdırmı?
Çiynimi çəkdim. Hesab o qədər yüksək idi ki, pulumu son qəpiyinə qədər verməyə məcbur oldum. Elinora bəxşiş üçün çox az pul qaldı. Qaşlarını qaldıraraq yavaşca pıçıldadı:
–Pulların kökü kəsildimi?
Mən də onun kimi pıçıldayaraq:
–Bundan artığını haradan tapacağımı bilirəm, – dedim. – Gələn dəfəyə qalsın, ma reine!
Səsini çıxarmayıb yüngülcə başını tərpətdi.
İndi yan masadakıların gözləri qarşısında qalxıb getməliydim! Çantamı götürüb gözlərimlə şlyapamın hansı asqıda olduğuna baxdım, çölə çıxarkən bu cür sərxoş halda gərəksiz yerə şlyapanı axtarmaq istəmirdim. Ayağa qalxdım, bacaracaqdım; ancaq çox yavaş və diqqətli hərəkət etməliydim. İndi ən vacibi kənddən çıxıb rastıma çıxan ilk kolluğun içinə girmək idi. Ya da… Bəli, əla, dahiyanə bir fikir gəldi ağlıma: Tualet! Tualetə girib içəridən qapını qıfıllayaraq, istədiyim qədər orada yatardım. Necə olsa çantamda ehtiyatım da vardı.
Qalxarkən yandakı masaya baxıb çox nəzakətlə sağollaşdım. Elə qapıya çatıb buradan qurtulmağıma bir addım qalmışdı ki, arxamdan bir səs eşitdim:
–Bir saniyə, cənab Sommer!
Bu gözlənilməz səslənmədən o qədər təşvişə düşdüm ki, az qala yerə yıxılırdım.
–Nə var? – deyə hündürdən soruşdum. Həkim qolumdan tutdu ki, yıxılmayım.
–Qorxutdummu sizi? – dedi. – Üzr istəyirəm, qorxutmaq istəməzdim!
–Zərəri yoxdu, zərəri yoxdu, – utanıb sıxılaraq dedim. – Bu lənətə gəlmiş xalçaya ilişdim, vəssəlam… – Yerdəki dümdüz yol xalçasına hirslə baxırdım.
–Avtomobilimlə sizi evinizə qədər aparmağı təklif edəcəkdim, – həkim Mansfeld dedi.
Bir anlığa sözünə ara verdi, sonra gülərək:
–Bir az əyləndik, yaxşı vaxt keçirdik, eləmi? Hər kəs aradabir belə şeylər edir. Ancaq evə qayıtmaq sizin üçün bir az çətin olacaq, elə deyilmi? Elə isə, bizimlə gəlirsiniz, hə?
Dostcasına, amma möhkəm-möhkəm qolumdan tuturdu. Bu arada o biri kişi də hesabı ödəyərək yanımıza gəlmişdi.
–Tanış edə bilərəmmi? – deyə həkim davam etdi. – Cənab Sommer, həkim Steybinq bölgəmizə görə məsul olan həkimidi.
Məni meyxanadan çıxarıb avtomobilə doğru apardı. Onun yanınca qurbanlıq qoyun kimi gedirdim. Deməli, bölgəmizə görə məsul olan həkim!
Bu təsadüf ola bilməzdi, çox hiyləgərliklə hazırlanmış bir tələyə düşmüşdüm. Lənətə gəlmiş Maqda! Məni tələyə salmaq üçün çox tələsik davranıb. Amma mən də ağıllıyam, bir şeydən xəbərim yoxmuş kimi davranmalı, hiyləgər olmalıyam. Ağla qarşı ağıldan istifadə etməliyəm!
Avtomobilin önünə gəlincə gülərək:
–Deməli, iki həkim yazıq bir sərxoşun öhdəsindən gələcəklər, hə? – dedim. – Heç olmasa bir az mərhəmətli davranın, cənablar!
Onlar da bu zarafata gülərək ön tərəfə keçərkən avtomobilin arxasına keçib əyləşdim. Elə hərəkət edəcəkdik ki, Elinor meyxanadan çıxıb qaça-qaça bizə doğru gəldi. Əlində qəzet kağızına bükülmüş bir paket vardı. Paketi avtomobildən içəri uzadaraq yüksək səslə:
–Bunlar bu yaxınlarda, bir gecə burada unutmuş olduğunuz ayaqqabılarınızdı, – lağ edirmiş kimi dedi. Ağ, böyük üzü və rəngsiz gözləriylə mənə baxdı. Dodaqları qıpqırmızıydı.
Bir müddət səssizlikdən sonra həkim soruşdu:
–Artıq gedə bilərikmi?
–Bəli, – dedim, avtomobil hərəkət etdi.
12
Maşınla gedərkən yol boyu içinə düşdüyüm vəziyyəti izah edə bilmərəm. Ümidsizlik getdikcə məni daha qorxunc bir vəziyyətə saldı; iflic olubmuş kimi quruyub daşa dönmüş, duyğusuzlaşmışdım. Sanki ağır, qorxunc bir kabus məni içinə salmışdı, hər an oyanacaqmış kimi olur, heç cür oyana bilmir, getdikcə daha qorxunc, daha böyük bir dəhşətə qapılırdım. Yanıma, kreslonun üstünə qoyduğum ayaqqabı paketi açılmışdı. Toz içindəki ayaqqabılardan birini əlimə alıb baxdım, iyrənc idi. İyrənc idi bu davranışı araqlar kraliçası gözəl Elinorun!
“Bəli, – deyə düşündüm, – bax içki insanı beləcə dəliyə çevirir, bəndələrini ağrı içində qıvrıldır. Bu cür şeyləri təkcə o edə bilir. Elə hər şeydən əmin olduğun, yaxşı hiylə gəldiyin, ən çətin, ən pis məsələnin öhdəsindən gəldiyini sandığın anda birdən şeytanın dişini ağardan üzü ortaya çıxır və pəncələrini adamın sinəsinə keçirib, qorxuyla ürəyini titrədir, qürurunu ayaqlar altına atır… La reine d'alcool! Bir daha görə biləcəyəmmi səni, bir saatlığa belə olsun səninlə birlikdə ola bilməyəcəyikmi, Elinor!”
Artıq dözə bilməyəcəkdim. Önümdəki cənablar çox qızğın bir söhbətə baş vurmuşdular. Çantadan şüşəni götürüb tıxacını çıxardım və dalbadal bir neçə qurtum içdim. Lakin ön tərəfdəki güzgünü tamamilə unutmuşdum.
–Amma o qədər sürətli, o qədər çox deyil, sevimli dostum, cənab Sommer! – deyən həkim Mansfeld bir əlini sükandan qaldırıb şəhadət barmağını yelləyirdi. – Daha sonra sizinlə əməlli-başlı söhbət etmək istəyirdim!
Vay, alçaq hərif, keçəlbaş namussuz! Məni maşınına mindirdikdən sonra maskasını çıxarır ha! Deməli, evimə deyil, hazır elə bölgənin məsul həkimi, tibb müşaviri olan cənab da ovcunun içindəykən məni müayinəyə aparır!
O andan etibarən özümü yığışdıraraq çox sakit davrandım. Yenicə içdiyim bir neçə qurtum mənə yenidən güc və diqqət vermişdi. İndi görəcəyim ilk iş nə bahasına olursa olsun, bugünkü görüşə mane olmaq idi. İrəlidə, daha uyğun şəraitdə sevə-sevə qəbul edərdim, amma bu gün arvadımın sifarişiylə hiyləylə məni yaxalamalarına razı ola bilməzdim. Çox təşəkkür edirəm sənə, sevimli arvadım!
Maşın dayanmadan gedirdi, bizim şəhərin kənar məhəllələrinə gəlmişdik, hələ də bu səfərə son vermək üçün uyğun bir fürsət düşməmişdi. Amma bir az sonra “Hases” şirkətinin həyətindən böyük bir yük maşını gözlənilməz bir anda çıxıb yolu bağlayınca, həkim möhkəmcə əyləci basıb maşını sola döndərməyə məcbur qaldı. O anda yavaşca qapını açdım və yük maşını keçdikdən sonra həkim avtomobili hərəkətə gətirəndə səssizcə aşağı atıldım. Bir anlığa səndələdim, bir neçə addım önə doğru qaçdım, yıxılırmış kimi oldum, sonra özümü saxladım. Avtomobildəkilərə əl edərək bu birdən-birə düşməyimdən onların da xəbərinin olmasını istəyirdim. Dərhal yolun sağındakı hasarı aşıb yamacdakı, şəhərdə “Kiçik Rusiya məhəlləsi” deyilən çox kasıb insanların yaşadığı məhəlləyə doğru qaçdım. Bu iki ağıllı həkimin bu gəzintidən əllərinə yalnız əyyaşın ayaqqabılarının keçəcəyini düşündükcə gülməkdən ölürdüm.
13
BU andakı vəziyyətimin ən cansıxıcı cəhəti pul-parasız küçənin ortasında qalmış olmağım idi. Evdə bəlkə də, yazı masamda nə isə tapa bilərdim, amma həkimlərin mənim yoxluğumu bilər-bilməz tezcə evə gedib xanım Maqdanı vəziyyətdən xəbərdar edəcəklərinə yüz faiz əmin idim. Bankdan pul çəkmək üçün artıq çox gec idi, iki saat əvvəl kassalar bağlanmış olmalı idi.
Saata baxarkən birdən gözlərim işıldadı; saat pula dəyərdi! Üstəlik, ağır, qızıl üzüyüm və heç barmağımdan çıxarmadığım nişan üzüyüm vardı. Maqdayla bugünkü davamızdan sonra artıq bu üzüyün heç bir mənası qalmamışdı. Deməli, hələ istifadə ediləcək şeylərim vardı. Ürəyim rahatlandıqdan sonra “Kiçik Rusiya” məhəlləsinə gedən dar, çirkli bir küçəyə döndüm. Müharibə əsnasında düşərgələr üçün qurulan komalar müharibədən sonra qıtlıq illərində xırda-para dəyişikliklərlə yaşanıla biləcək bir hala gətirilmişdi. Bax bu məhəllə o zamanlar meydana gəlmişdi. Edilən dəyişikliklər buranı bir az da olsun gözəlləşdirməmişdi. Komaların arasında tikilən qırmızı kirəmitli kiçik evlər də tikilib başa çatar-çatmaz çökməyə başlayırdı. Burada nə etmək istədiyimi, ya da nə edəcəyimi bilmədən çaşqın halda gedirdim. Evlərdən birinin pəncərəsində gözümə qırmızı bir lövhə ilişdi. Çox vaxt bu cür lövhə kirayəlik otaqlar üçün asılardı. Yaxınlaşdım, həqiqətən, ev kirayələmək istəyən kişilər üçün rahat, mebelli bir otağın olduğu bildirilirdi. Bu evlərdə zəng-filan olmazdı. Açıq qapıdan birbaşa mətbəxə girdim. İçərisi ocaqda qaynayan paltarlardan çıxan buxarla dolmuşdu. Kimsəni görə bilmirdim.
–Ey, kim var burda? – deyə qışqırdım.
Buxarın arasından uzun boylu, önə doğru əyilmiş halda yeriyən cavan bir kişi göründü. Solğun, sarı üzlü, yumşaq saqqallı, açıq qəhvəyi saçlı bir adam idi. Alnının üstünə düşən bir tutam saç qızıl kimi parlayırdı. Kişi təəccüblə nə istədiyimi anlamaq üçün üzümə baxdı, sonra çox hörmətli, mülayim bir səslə mənə necə xidmət göstərə biləcəyini soruşdu.
–Kirayəlik otağı görmək istəyirəm, – dedim.
–Sizin üçünmü? – deyə kişi əllərini ovuşduraraq soruşdu. Kəsik-kəsik öskürürdü.
–Bəli, – dedim.
–Sizin kimi bir cənab üçün münasib deyil, – dedi. – Sizə uyğun, gözəl bir otaq deyil, bu işçi otağıdır.
–Olsun, göstərin görək, – deyə dirəşdim.
Səsini çıxarmadan qabağa düşdü. Bir pilləkəni çıxaraq kirayəlik otağın qapısını açdı. Damın altında düzəldilmiş, dar pəncərəli, əyri divarlı bir otaq idi. Ucuz və sadə bir neçə əşya ilə döşənmiş otaq mənə Elinorun sadə otağını xatırlatdı. Qeyri-ixtiyari pəncərəyə tərəf gedib, burada da gözlənilməz bir ziyarətçidən qaça bilmək üçün əyri bir damın olub-olmadığını yoxlamaq istədim. Xeyr, damı yox idi; amma heç gözləmədiyim halda şəhərə baxan çox gözəl bir mənzərəsi vardı. Önümdə, daha doğrusu, ayaqlarımın altında şəhər qırmızımtıl qəhvəyi damları, üç kilsə qülləsi və yumru qübbəli bələdiyyə binasıyla uzanırdı. Çay yaşıllıqlar içində qıvrıla-qıvrıla axır, bəzi yerlərdə gözdən itir, sonra irəlidə yenidən ortaya çıxırdı. Çayın qıvrılıb bükülərək gedişini gözlərimlə izləyərək, ta uzaqlarda, bağçaların, tarlaların yaşıllıqları arasında göy rəngə çalan bir axşam dumanıyla üzərinə bir tül çəkilibmiş kimi görünən bir evin damını gördüm; mənim damım!
–Gözəl mənzərəsi var, – bir müddət sonra dedim. Kişi arxamda kəsik-kəsik öskürərək:
–İşçi heç vaxt otağın mənzərəsini soruşmur, cənab, – dedi. – İşçi yatağın yaxşı olub-olmadığına baxar. Yatağımız da yaxşıdır, cənab.
–Bu otağın qiyməti neçədir? – deyə soruşdum.
–Həftəliyi yeddi markdır, – kişi dedi. – Hər həftə də yataq ağlarını dəyişdiririk.
–Yeməyi də burada yemək istəyərəm, – dedim. – İki-üç həftə səs-küydən uzaq, oturub yazmalı olduğum bir işi bitirmək istəyirəm. Evdən çölə heç çıxmayacağam. Başqa heç bir xüsusi istəyim yoxdur.
–Bizim yeməyimiz sizə çox sadə görünər, cənab, – kişi dedi. – Amma istəsəniz sizə restorandan yemək gətirə bilərəm.
–Çox yaxşı, – dedim, – otağı tuturam. Çamadanım sabah gələcək. İndi siz mənə axşam yeməyimi gətirdin.
Gedib masanın arxasına keçib oturdum.
–Kiçik məbləğ də olsa ilkin ödəniş etməyinizi xahiş edəcəyəm, cənab, – ev sahibim deyərək barmaqlarının sümüklərini xırtıldatdı. – Bilirsiz də, biz kasıb insanlarıq, cənab…
–Oturun, – ev sahibinə dedim. – Bir dəqiqə, əvvəlcə bu kiçik masanın üstündəki su stəkanını verin!
Kişi stəkanı götürdü və mənim ikinci dəfə israrlı istəyimdən sonra stulu çəkib oturdu.
–Sizin adınız nədir?
–Polakovski, – dedi. – Bir az gülünc bir addır… Lakin biz polşalı deyilik. Anamla atam Şərqi Prussiyanı gənckən tərk ediblər. Orada belə qəribə adlar vardır.
–Adınızın gülünc olub-olmaması mənim üçün əhəmiyyətli deyil, cənab Polakovski, – gülümsəyərək dedim. – İndi sizinlə qədəh toqquşduracağıq.
Bütün etirazlarına baxmayaraq stəkanı yarısına qədər doldurdum.
–Mən şüşədən də içə bilərəm, – deyərək güldüm və şüşədən yapışdım: – Hamımız bunu gəncliyimizdə eləmişik, – dedim.
Gülümsədi, bir qurtum aldı, mənsə qurthaqurt içirdim.
–Üstəlik, sizdən axşam yeməyi ilə birlikdə bir şüşə də araq gətirtməyinizi xahiş edəcəyəm, cənab Polakovski, – dedim. – Amma ən yaxşısından, ən bahalısından olsun, zəhmət olmasa.
Dodaqları hərəkət etməyə başlayar-başlamaz, nə demək istəyəcəyini bildim.
–Ödəməyə gəlincə… Bu işə çox ani olaraq qərar vermişəm… – Amma ev sahibinin düşüncəli-düşüncəli açıq, içində heç bir şey olmayan çantama baxdığını gördüm. Sonra gülərək:
–Çox yaxşı, – dedim. – Sizə həqiqəti etiraf edəcəyəm, cənab Polakovski. Burada sakit-sakit oturub yazmaqdan danışdığım iş əlbəttə, uydurmadır. Düzü budur: bu gün arvadımla çox pis dalaşdım və onun gözünü bir az qorxutmaq üçün bir-iki həftə yoxa çıxmaq qərarını verdim. Başa düşürsünüz də, elə deyilmi, bir az ağlının başına gəlməsini istəyirəm!
Polakovski başıyla təsdiqlədi.
–Ərsiz necə olurmuş, bir görsün baxaq, elə deyilmi?
Başıyla təsdiqlədi.
–Mənim onun üçün necə əvəzolunmaz bir adam olduğumu öyrənməsini istəyirəm!
Yenə başını tərpədərək Polakovski sözümü təsdiqlədi, sonra yumşaq səsiylə pıçıldayırmış kimi:
–Yenə də, cənab, – dedi, – bu otağı heç bir ödəniş etmədən sizə verə bilmərəm. Biz burada, “Kiçik Rusiya”da yaşayanlar həqiqətən çox kasıb insanlarıq, yaxşı bir restorandan alınacaq bir axşam yeməyi, ən yaxşı növdən olan bir şüşə konyak çox pul edər!
–Lazım olan pulu sabah səhər alacaqsınız, cənab Polakovski, – inandırıcı tərzdə dedim. – Sabah səhər doqquzda qalxıb banka gedərək pul çəkəcəyəm.
–Olmaz, – ev sahibi dedi, – çox təəssüf edirəm, cənab, sizi, arvadına gözəl bir tərbiyə vermək istəyən sizin kimi ziyalı, oxumuş bir cənabı qonaq etməyi çox istəyərdim. Biz bu işi arvadlarımızı döyərək həll edirik; həm daha asan, həm də daha ucuz olur.
Bir az ümidsiz:
–Əlbəttə, əlbəttə, – deyə gülümsədim. – Amma arvadımı döyə biləcəyimi zənn etmirəm, o məndən daha güclüdür.
Gülərək şüşədən içdim.
–Amma indi sizə ilkin ödəniş yerinə bu üzüyü girov olaraq verirəm.
Əvvəlcə möhür üzüyü, sonra nişan üzüyünü barmağımdan çıxardım. Bir an duruxduqdan sonra nişan üzüyümü Polakovskiyə verdim.
–Bunun sabah səhərə qədər girov olaraq sizdə qalmasını, başqasına verməməyinizi xahiş edirəm, – dedim.
Polakovski üzüyü əlimdən aldı.
–Biz çox kasıb insanlarıq, cənab, – yenə pıçıldayırmış kimi dedi. – Evdə üç markımız belə yoxdur. Amma üzüyü çox etibarlı bir adama girov verəcəyəm, sabah günorta geri götürərik.
–Yaxşı, yaxşı, – dedim, birdən olduqca bezmişdim. Bir sıra əhəmiyyətsiz xırda-para şeylər məni əsəbiləşdirmişdi. – Siz indi bu yeməklə arağı tezcə gətirdin, xüsusilə arağı. Görürsünüz, şüşə demək olar ki boşalıb. Siz də bilirsiniz, insan kədərini içkiylə unudur.
Ev sahibim mülayim bir səslə:
–Hamısını dərhal gətirərəm, – deyə pıçıldayıb qapını arxasınca örtdü. Özümü yatağın üzərinə ataraq içməyə başladım. Həyatımda gördüyüm ən alçaq və ikiüzlü adam olan Polakovskini beləcə tanımış oldum.
Darmowy fragment się skończył.