Czytaj książkę: «Aşeka»
Babacan Pesenkurdu
AŞEKA
Eşq – ondan imtina edə bilməyənlərindir…
Ön Söz
Dünyada milyarddan çox insan olsa da,
Sənsiz palıd meşəsində yaşayan çinar kimi tənhayam…
* * *
Hər şey eşqin varlığı ilə başladı.
Hər canlı onunla həyata gözünü açdı və onunla da yox oldu. Can verənlə can alan eyni idi, amma mərhum hər zaman biz olduq…
Halbuki, eşqin heç bir təqsiri yox idi…
Ağıllı canlılar idik.
Eşq qəlbimizə qoyulmuşdu, biz isə ayrılığı kəşf etdik!
Məsələn, gecələrin uzunluğunu, açılmaq bilməyən səhərlərin eşqsiz dünyaya gəlmədiklərini də öyrəndik.
Eşqimiz hər zaman ulduzlu, əlaçı idi, amma buna baxmayaraq, şəhadətnaməmizi alıb bu həyatdan məzun ola bilmədik…
* * *
Həyatımı sənin dodaqlarında buraxmağa belə razıyam…
* * *
Sinəmiz sevgi ilə dolu idi. Yerini başqası ilə əvəz etmədik, “Qoy ciyərlərimiz parçalansın” – deyə düşündük.
Köksümüzə yarın nəfəsindən başqa nəfəs toxundurmadıq.
Bəlkə də, eşq ilə ayrılıq arasındakı səyahətdə bir dayanacaq idik: səhv insanların gəldiyi, doğru olanların isə getdiyi bir dayanacaq…
Onlar getdi; geridə qalan həmişə biz olduq!
* * *
Biz ola bilsəydik, hər şey ola bilərdik.
* * *
Eşq üçün dünyadakı hər yeri gəzdik, hətta göy üzünü, dərya üzünü, yer üzünü belə…
Arxasınca səhralara düşdük, sərgərdan olduq, dağları dəldik, öldürdük, öldürüldük.
Qəm, kədər – heç biri bizi incitmədi, amma Yarın bir sözü ilə büllur qab kimi qırıldıq, çilik-çilik olduq. Tənhalığına və yarsızlığına sahib çıxan biz nə olursa, olsun təslim olmadıq.
Sanki bütün dünya ondan ötrü darıxırmış kimi bizə gəldi.
Çünki bizim üçün dünya sadəcə Eşqdən ibarət idi!
* * *
İçimdə elə bir tənhalıq var ki, hamınıza bəs edər.
* * *
Şair deyir ki, “Səni düşündüm… Sonra heç nəyi…”
Dediyi kimi də olurdu. Yardan başqası yalan idi və Eşqin yardan başqa bir dərmanı yox idi.
* * *
Kimin nəyi var bilmirəm, amma mənim üçün bir tək Sən yoxsan…
* * *
Bəzən Eşq ağlımıza özgə vaxt düşünmədiklərimizi gətirirdi.
“Bitdi” deməklə bitmir ki…
Boğazımıza sanki yumruq kimi bir şey ilişib qalır və udquna bilmirdik.
Yara qəzəblənib imkansız olanı belə özümüzə deyirdik.
* * *
Mən burada başqasını sevsəm, Dünyanın o başında sənin canın yanar…
* * *
Halbuki, nə biz başqa birini sevməyi ağlımıza gətirərdik, nə də o, bizi canını yandıracaq dərəcədə sevmiş ola bilərdi.
Soruşsaq belə, cavabını ala bilməyəcəyimiz suallarımız vardı…
* * *
Sən gedəndən sonra nə edəcəyimi bilirsən?
Bilirsənsə, nə olar, mənə də de…
* * *
Biz Eşqə qarşılıq gözləmədən bağlandıq. Bizə görə Eşq də elə budur.
Sevgilim, bu, eşqdir.
Siqaret, kibrit deyil.
Mən sənə görə yanıram, sən mənə görə yanmasan da, olar…
Eşqdə darıxmaq deyə bir şey vardı və bu, bizim ən gözəl etdiyimiz iş idi.
Gedən gəlsə də, gəlməsə də darıxırdıq. Vacib olan Eşq idi, qovuşmaq isə təfərrüat!
* * *
Bir çoxumuz darıxmaq üçün sevmişik, qovuşmaq nə həddimizə?!
* * *
Eşq bizə cəsarət verirdi.
Sevmək bacarığımız tədricən inkişaf edir, daha güclü sevir və daha çox qorxularımızla üzləşirdik.
Bəzən çox cəsarətli sözlər deyirdik.
* * *
Bir halda ki, eşq sənsən, necə istəyirsə, elə də gəlsin.
* * *
Dünya yaranandan bəri Eşq üçün yaşayan biz, ona sahib olduğumuz gecələr sükunət içində yatıb, onunla açdığımız səhərlərimiz üçün şükr etdik. İstər sevgilimizi bizdən alan həyat olsun, istərsə də həyatımızı bizdən alan sevgilimizin özü olsun, biz yenə də bezmədik, usanmadıq.
Bəzən içimizi dəlib-deşən, qəlbimizi yandırıb yaxan bir hisslə yaşadıq. Eşqə olan inamımızı heç bir zaman itirmədik və həmişə bir ümidlə dedik:
“ÜRƏYİM CİNGİLDƏDİ… DEYƏSƏN, MƏNİ SEVDİN!”
AŞEKA
Eşq elə zərifdir ki…
Hökm yeri də odur, Cənnət bağı da…
* * *
Keçmiş zamanlarda köç edən bir qrup ərəb qəbiləsi səhrada tapdıqları vahəni ilahi hörmətlə salamladı. Bu böyük mükafat Allahın hədiyyəsi idi. Tapdıqları sudan dəvələr və uşaqlardan sonra kişilər və qadınlar doyunca içdilər. Sonra qəbilə başçısı gecəni burada keçirməyə qərar verdi.
Həmzə on beş yaşına yeni qədəm qoymuş kök oğlan idi. Dərisi bütün ərəblərdə olduğu kimi tünd qəhvəyi rəngə çalırdı. “Allah məni onun üçün dünyaya gətirib” – deyə düşündüyü Elif vardı. Ona olan sevgisini Elifdən başqa heç kəsin anlamayacağı tərzdə gizlədə bildiyi kimi, yeni tərləyən bığını da qəhvəyi dərisində gizlədə bilirdi.
Elif ailəsinin saymadığı qız uşaqlarından sadəcə biri idi. O, Həmzədən iki yaş kiçik idi, cəmi on üç yaşı vardı. Yaşıdlarının körpə səsləri gecənin zülmət qaranlığında səhranı iki yerə bölən bir pərdə kimi parçalayırdı.
Elif qələm qaşlı, sürmə gözlü, qıvrım saçlı dilbər idi. Onun da gözü Həmzədən başqasını görmürdü. Ancaq Elifin dəyəri ən az iki dəvə idi. Həmzə isə kimsəsiz, yetim idi. Körpəlikdə çox ağladığı üçün hansısa qadın onun adını “Həmzə” qoymuşdu.
Həmzənin dəvəsi yox idi. “Allahın qulu” əbası və Elifə olan eşqindən başqa heç nəyi yox idi.
Köç edənlər üçün gecələr gündüzlərdən daha təhlükəli idi. Həramilər bir yana, səhra itləri və insanların o itlərdən daha qorxunc hekayələr uydurması hər kəsi vahiməyə salırdı. Sanki qaranlığa baxdıqca o zülmətdə adamın gözünə məşum, vəhşi varlıqlar görünürdü. Onları görən gözlərin sahibini tapıb zehnində ona hücum edirdilər.
Keşik çəkmək növbəsi Həmzədə idi. Kaman ustası olan Həmzə, qabını oxlarla doldurub, yayını yoxladı və vahədəki keşik yerini tutdu.
Səhər doyunca su içəndə heç vahənin kənarında bitən ağacı görməmişdi. Bu ağac indiyədək səhrada rastlaşdığı digər ağaclara bənzəmirdi. Bu ağac hündür xurma ağacı idi və aşağı hissəsindən də bar vermişdi. Ağacın qəhvəyi rəngli saçaqlı gövdəsindəki yaşıl yarpaqlar Həmzənin diqqətini çəkdi. Bu yarpaqlar sarmaşıq yarpaqları idi. Həmzə ilk dəfə ağaca dolanmış sarmaşıq görürdü. Nədənsə həmin an Elifi xatırladı. Sarmaşığın Elif, xurma ağacının isə özü olduğunu xəyal etdi.
Sonra onu xəyallarından ayıran səs eşitdi… Kimsə gəlirdi!..
Həmzə diqqətlə qulaq asdı. Ayaq səslərindən gələn şəxsin yaşlı və tək olduğu aydın idi. Altmışdan çox yaşı olardı və çox güman ki, sol əlində əsası vardı. Əsanın ucunda bıçağın olduğunu isə daşlaşmış kaktus qabığına dəyərkən çıxartdığı dəmir çıqqıltısından başa düşmüşdü.
Rəqibi səhrada tək qala biləcək qədər bacarıqlı idisə, demək, həm də güclü idi. Külək əsmədiyindən qulduru qəfildən tuta biləcəyini düşündü. Həmzə gülümsəyəndə dodağını sağ tərəfə əyirdi, elə indi də dodağını əymişdi.
Fikirlərşdi ki, qulduru tutsa, qəbilədə onu qəhrəman elan edərlər və bəlkə də, Eliflə evlənməyinə razı olarlar.
Ancaq həqiqət qarşısını kəsən bu şəxsin kölgəsi kimi aydın idi. Ay sonu peyda olan dolunay həmin kölgəyə daha da əzəmət qatmışdı. Səhra siçovullarının belə səsi çıxmırdı. Ölüm də səssiz sonluq idi…
Ürəyinin döyüntüsünü özü belə eşidirdi. Oxu çıxarıb, yayı dartıb, hazır tutub şahin kimi ətrafı izlədi. Ağlına Peyğəmbərin (s.a.s) Səd Əbu Vəqqas üçün etdiyi dua gəldi və o duadan özünə də pay ayıraraq eyni anda həmin duanı dodaqaltı mırıldamağa başladı: “Allahım, atdığımı hədəfə çatdır və duamı qəbul et…”
Kölgə yaxındır, ox səbrsiz…
Ölüm və həyat, bir-birinə yaxın, lakin bir-birinin əksi olan iki məfhumdur…
Halbuki, Həmzə Elifin o al dodaqlarına bir busə vermək istəyərdi.
Qəlbində “Elif! Elif!” deyə qışqırdı…
Kölgə getdikcə aydın olurdu. Sol ayağı axsayan bu şəxs tanış səslə Həmzəni çağırdı.
– Həmzə, mənəm, Qul Əli.
Həmzə dərindən nəfəs aldı. Yaşam sevinci qəhrəman olmaq fürsətini itirməyinin kədərinə qarışdı. Gələn köçərilərin ağsaqqalı Qul Əli idi. Qəbilənin əks istiqamətində 3-4 kelaynak quşu ovlayıbmış. Axsaq ayağına görə qəbiləyə ancaq indi çata bilibmiş. Dincəlmək üçün vahəni seçən Qul Əli susuzluğunu yatırandan sonra Həmzəyə baxdı. Sonra da Həmzənin arxasındakı xurma ağacına dolanmış sarmaşığı gördü. Elə o an tük ürpədici səslə qışqırdı:
“AŞEKA!”
Sanki möcüzəymiş kimi gözlərini bərəldib heyranlıqla “Aşeka”-ya baxırdı. Əlləri titrəməyə, başını sağa-sola yelləməyə başlamışdı. Həyəcanla: “Aman Allahım, Uca Allahım, odur, bax, odur… Aşekadır!” – dedi. Dodaqları yüksək hərarətdən titrəyən uşaq kimi idi.
Bayaqdan xurma ağacının yanında duran Həmzə nə baş verədiyini anlamağa çalışırdı. Qul Əli əsasını hər iki əliylə tutub diz çökdü.
“Aşeka, eşq, eşq, eşq…” deyərkən göz yaşları Ay işığı düşən vahəni belə qısqandıracaq saflıqla yanağından saqqalına doğru axdı. Bu möcüzənin həqiqət olduğunu anlayanda Həmzəyə izah etdi:
“Rəbbim eşqi aləmdəki bütün yaradılmışların içində sadəcə insanın qəlbinə qoydu. Məhz buna görə də Rəbbimin əmri ilə digər yaradılmışlar insana səcdə etdi.
Dünyada hər şey sevməklə başladı…
Eşq bir insandan digər insana Rəbbimizin əmri ilə paylandı.
Bu xurma ağacı da özünü onu eşqiylə əhatə etmiş həmin sarmaşığa həvalə edib. Sarmaşıq xurma ağacını səhranın fırtınalarından, günəşin qızmar şüalarından qoruyacaq. Bununla yanaşı ağacın suyundan içərək yaşayacaq.”
– Amma bir gün ağacın suyu bitəcək və ağac quruyacaq! – Həmzə dedi.
Həmzə sözünü bitirməmişdi ki, Qul Əli dedi:
– Doğrudur. Eşqi üçün öləcək.
– Ağac quruyandan sonra sarmaşıq da quruyacaq.
– Elədir, – Qul Əli dedi, – o da eşqi üçün öləcək… Həmzə, eşq elə budur. Eşq özünü unudub yara çatmaqdır. Eşq bu ağac və sarmaşıq kimi yox və var olmağı istəməkdir… Eşq – bu ağac və sarmaşıq kimi onları bir-birinə bağlayan eşqin onları ayıracaq sonun əvvəli olduğunu da bilməkdir. Eşq bu ağac və sarmaşıq kimi zirehsiz və haqq-hesabsız verə biləcək hər şeyini fəda etməkdir. Eşq bu ağac və sarmaşıq kimi ona İlahi mükafatmış kimi sarılmaqdır. Eşq bu ağac və sarmaşıq kimi onunla, yalnız onda yox olmaqdır… Eşq bu ağac və sarmaşıq kimi yox olmaqdan qorxmayanların haqqıdır.
Həmzə Qul Əlinin dediklərinə göz yaşları ilə qulaq asır və “Elifin yanına getməliyəm” deyir.
Qul Əli müəyyən müddət idi ki, Həmzənin Elifə olan hisslərindən xəbərdar idi. Elə ona görə də “Get”, Get, get, Aşeka…” – dedi.
Həmzə Elifin çadırına getməzdən əvvəl atlardan birini qaçırdır və Qul Əliyə əmanət edərək bir azdan Eliflə gələcəyini deyir. Sakitcə Elifin çadırına yaxınlaşır. Elif isə Həmzənin quş kimi ötməsini harada olsa, tanıyar. İki aşiq Qul Əlinin yanına gəlib ata minərək oradan uzaqlaşır.
Səhər açılmamış iki aşiqin qaçdığını bilən köçərilər onların izinə düşürlər. Köçərilər həyat təcrübəsi olmayan bu aşiqləri Həmzə ilə qısa döyüşdən sonra tuta bilirlər.
Aşiqlər bir-birini bərk qucaqlayır.
Ağacın suyu bitir.
Sarmaşıq ağacı daha da qucaqlamağa başlayır.
Ağacın suyu bitir.
Ağac ölür.
Sarmaşıq da ölür.
Aşeka ölür…
* * *
Rəvayətə görə həmin köçərilər qum fırtınasında tələf olurlar.
Sonra isə Elif və Həmzənin öldürüldüyü yerdə, səhranın ən qızmar yerində səmadan Ay işığını oğurlayan bir vahə yaranmışdır. Vahənin kənarında xurma ağacı yetişir və o ağaca dolanan sarmaşığın üzərində yuxarıdan aşağıya doğru düz, incə bir xətt yaranır.
Hər dəfə vahədən keçən ərəb yolçuları o ağacla sarmaşığa baxıb “Aşeka… Aşeka…” deyirlər və tədricən aşekadan “eşq” sözü yaranır.
Aşeka gəmisi
Şəhərdaxili su nəqliyyatına yeddi sərnişindaşıma gəmisi əlavə edilirdi. Adının çəkilməsini istəməyən iş adamı bələdiyyəyə yeddi gəmi bağışlayacaqdı. Bunun qarşılığında isə sadəcə bir xahişi vardı: Gəmilərdən birinin adı Aşeka idi və istəyirdi ki, bu gəminin adı dəyişdirilmədən bütün qaydalara əməl edərək öz köhnə heyəti ilə birlikdə xidmətə buraxılmalı idi.
Gəmidə təkcə kapitan çatışmırdı, qalan bütün heyət əvvəlki işçilərdən ibarət olmalı idi. Bu gəminin və işçilərin bütün ehtiyacları da həmin iş adamı tərəfindən ödəniləcəkdi. “Seçkidən əvvəl əsl güc nümayişi olacaq”, – deyə bələdiyyə sədri düşündü. Çox isti gün idi, sanki hava bütün nəmi insanların üzərinə yönəltmişdi.
Gəmilər bir-bir limana yan aldı. “Aşeka” köhnə olduğu qədər də baxımlı və heybətli görünürdü. Digər altı gəmi isə ilk dəfə bu şəhərdən işə salınaraq səfərə çıxacaqdı. “Aşeka”nın taxta gövdəsi, insanların qəlbinə istilik bəxş edən qəhvəyi rəngli həssas cilası ilə sanki “Mən buradayam” deyirdi. Yürüş qrupundan və ibtidai sinif şagirdlərindən ibarət olan izləyicilər bir neçə siyasətçinin heç bir dəyəri olmayan lazımsız çıxışlarını dinləyirdilər. Axır ki, nitqlər və marşlar bitmişdi, gəmi heyəti xalqı salamlayırdı. “Aşeka”nın kapitanı admiral kimi zəhmli durmuşdu. Gəminin heyəti katipanı saymasaq, altı nəfərdən ibarət idi. Kapitanın isə ilk səfəri “Aşeka” ilə olacaqdı. Anası yunan, atası isə türk olan kapitan dənizçilik məktəbini yüksək qiymətlərlə bitirmiş, ağıllı və çalışqan gənc idi. Qağayıları uçarkən seyr etməsindən sevməyi bacardığı hiss olunurdu. Bələdiyyə sədrinin təbrikləri və xoş arzuları ilə uşaqların alqış sədaları altında uzaqdan dənizin sahibi kimi dayanan
“Aşeka”, “Vira!” – dedi.
“Aşeka”nın bu şəhərdəki sərnişinlərinin diqqətini çəkən ilk şey illər əvvəl hazırlandığı məlum olan mərmər daşın üzərinə həkk edilmiş şeir idi:
* * *
Bu dənizdə bu gecə,
Ulduzların altında yuxusuz uzanarkən,
Dayanmadan adını sayıqladım.
Dilimdə Sən varkən
Dincəlməkçün verdiyim
Hər qısa və əfkarlı nəfəsdə belə
Adını hecalara bölmədim…
* * *
Dörd boyoz1, iki yumurta
Eşq – bir buğdanın üyüdüləcəyini bilə-bilə
Külkli gündə etdiyi rəqsin qədrini bilməsidir…
Bazar ertəsi idi. Bazar gününü sevən hər bir insan kimi mənim də bazar ertəsindən zəhləm gedirdi.
Əslində, kimi aldadıram ki, sevdiklərimdən uzaqlaşdıqdan sonra ən çox özümə nifrət edirdim.
Oxuduğum şəxsi inkişaf kitabı bütün həyatımı dəyişdirdi. Kitabın oxucuya çatdırmaq istədiyi əsas fikir bu idi ki, insanları sevməsən, əziyyət də çəkməzsən. Yəni həyatında dəyərli şey nə qədər azdırsa, bir o qədər çox xoşbəxt olarsan.
Çünki onda həyatında səni incidəcək şeylərin sayı az olur. Yetim və kimsəsiz olaraq ana nənəsinin böyütdüyü və həyatındakı yeganə qohumu olan (ən azından mən belə bilirəm) nənəsini infarkt nəticəsində itirən mən, bütün dostlarımdan uzaqlaşdım. Ən pisi də odur ki, heç kimə həyatıma daxil olmağa imkan vermədim. Quduz it kimi hamıya hürdüm, özümdən uzaqlaşdırdım. Əslində, mənim kimi Sosiologiya oxuyan birinin insanlardan uzaqlaşması hər kəsin ayrılıb, amma eşqdən dən vurması qədər anormal bir hal olmamalıdır.
Gəmiyə gecikəcəyəm.
* * *
Bu gün bu iskələdə boyoz satan baba olaraq tanınmağımın iyirminci ili tamam oldu. Son doqquz ili sənsiz keçirtdim!..
Qarşıyaka birinci liqaya yüksəldi, daha sonra aşağı liqaya düşdü.
Övladlarımız məzun oldular. Qızımız ailə qurdu, oğlumuz da nişanlandı. Qızımızın Taylan adında oğlu, bizim ilk nəvəmiz doğuldu.
Ey, Cavidanım, ey, həyat yoldaşım! Sən ölməsəydin, bu dünyada yaşamaq mənə bu qədər bayat gəlməzdi. Sən getdin, mənim də başım nəvə-nəticəyə qarışdı. İzmirlilər bu iyirmi ildə boyozla yumurta yeməkdən heç bezmədilər.
Son doqquz ili də sənsiz keçirtdim!
Bilirsən ki, bu işə iyirmi il əvvəl başımda daşıdığım sini ilə başlamışdım. O vaxt ibtidai sinfə gedən uşaqlar arasında indi vəkil, həkim, usta olanları var. Bəzən rastlaşanda əlimdən də öpürlər, amma qürbət eldən qayıdanda öldüyündən xəbərsiz olanlar səni soruşanda…
Ax!.. Sənin yoxluğunu bildikləri an çox pis olurlar. Mən sənin haqqında “o” deyərək üçüncü şəxs kimi keçmiş zamanda danışanda… Şair Atilla İlhanın şeirindəki kimi…
Sözün ardını gətirə bilməyəndə boğazım ayaqqabı bağı kimi düyünlənir. Əlim ayağıma dolanır, gözlərim dolur…
Uşaqlar kədərlənirlər. Onsuz da, doqquz ildir həsrətindən bərbad haldayam. Onların kədəri işıq, yol, su pulu kimi geri qayıtmayan vergilər tək çökür üstümə. Sənsizliyin ağrısı düşündüyündən qat-qat əzablıdır…
Artıq iyirmi ildir ki, boyoz satıram… Son doqquz ili sənsiz keçirtdim! …
* * *
Gəmiyə gecikirəm. Heç boyoz satan babadan da qəlyanaltılıq ala bilmədim. Ah, bu jetonu ata bilsəydim… Of! Gəmidən fit səsi eşidildi. İmtahana da gecikirəm…
– Xanım, kənara çəkilin! Çox sağ olun, xanım. Tullananda müvazinətimi itirdim.
Gözəl qız imiş. Baxan kimi tələbə olduğu bilinir. Barmağında üzük yoxdur. Hər halda, bu qədər gözəllik səhər günəşinin möcüzəsi deyil. Yüz faiz İzmirlidir.
– Çay var… Çay!
– Qardaş, iki çay ver. Birini xanıma.
– Bir dənə də qənd götürə bilərəm? Məndə də boyoz var, istəyərsiniz?
– Ooo, iki boyoz, bir yumurta. Heç tələbəyə də belə sual verərlər? Kobudluq kimi qəbul etməyin, ancaq etiraz etməyəcəyəm. Boyoz satan babanın boyozları olduğu bilinir.
Necə də sevimli qızdır. Kitablarına baxanda ədəbiyyat fakültəsində oxuduğu bəlli olur. Külək saçlarını neçə də gözəl dağıdır.
Görəsən, bu səhər onu görə biləyəcəm?
– Boyozcu baba, bu gün dörd boyoz, iki yumurta verə bilərsən?
– Xeyir ola, oğul, axşam yemək yeməmisən?
– Yox, baba. Ola bilsin gəmidə dostumu gördüm.
– Sən sevgiyə inanmırdın, axı… Nə oldu bəs? Mən əlli beş il sevgi ilə yaşadım. Son doqquz ili onsuz…
– Eh… Bilirəm, baba, doqquz il onsuz yaşamaq sənə əzab verir.
Qabaqdan gələn odur…
– Çay var, çay!
– Sabahın xeyir!
– Sabahın xeyir! Çayçı, iki çay verə bilərsən? Bu gün çaylar məndən olsun…
– Məndə də boyozla yumurta var. Hərəmizə iki boyoz, bir yumurta.
– Adım Türkandır.
– Mənim də adım Hakandır. Sosiologiya fakültəsində oxuyuram.
– Mən də Ege Universitetinin ədəbiyyat fakültəsində oxuyuram.
Niyəsə ağlıma bu şeir gəldi:
* * *
Mənə bir şeir oxu
Qətl edilmiş çobanyastığı əlifbasından
Sadəcə “Sevir” sözü qurulan.
Əllərimi ver mənə, əllərimi
Yelləncəkdəki ümidli baxışlarımı
Ünvanını itirmiş insanlığımı
İçində ayrılıq ifadəsi olmayan
Filologiya elmini ver…
Bir də sən sev məni,
Bilmək olmaz,
Bəlkə də, bir gün
Sevdin məni…
* * *
– Sanki sevgi hərisisən.
– Sevilməyin yox? Kənardan elə görünür?
– Qağayılara boyoz atmadın?
– Bilmirəm. Heç qağayılar üçün boyoz almamışam ki…
Türkan güldü. Allahım, bu qız necə də gözəl gülür. Bu hiss bir möcüzəni dərk etmək qədər möhtəşəm, dinsizin imana gəlməsi qədər qüsursuzdur. Çoxdandır, kimisə güldürmürdüm.
Kaş ki, “Eşq insanın əziyyət çəkməsi üçün yaradılıb?” – deyə düşünmək yerinə vaxtımı Türkanı axtarmağa sərf edərdim.
Ən azından vaxt öldürməyin cinayət olmadığı bu ölkədə insanları sevməməklə Türkan kimi qıza aşiq olmadan sevişməyəcəkdim.
Bədənimi sevmədiyim birinin ixtiyarına vermək ruhumun ən böyük əsalətidir.
İki həftə sonra…
Bu gün səhər Türkanın əlindən tutub boyoz satan baba ilə tanış etdim.
Bu sevimli qoca iyirmi ildir iskələdə boyoz satır. Doqquz ildir tənhadır.
O, boyoz satan baba ilə Cavidan xanımın sevgisinə heyran qalmışdı, mən isə ona… Uzun müddətdən sonra məni özünə sevdirə bilən şəxs olduğu üçün Türkana heyranlıqla baxırdım.
İnsan, bəlkə də, kainatın bir hissəsi olduğu üçün ömrü boyu digər yarısını axtarır. Hər kəsin eşq dediyi məfhum insanın ağlından çıxıb qağayı kimi dənizlərə baş vurub səmalarda süzməsi ilə yaranırmış.
Eşq – əvvəlcədən gələcəyini xəbər verməyən, insana özünü belə unutduran hisslər ümmanıymış. İndi başa düşürəm ki, hər dəfə Türkan bu küçə ilə gedəndə mən də özümü unudurdum. Eşq saf hissdir, ən azından əvvəllər belə idi. Türkan bu səhər ona verdiyim gül buketinin üzərinə yazdığım qeyddəki şeiri çox bəyənmişdi, dediyinə görə, mükəmməl şeir imiş:
İzmirin qızları
Çobanyastığına bənzəyər
Günəşi gözləyər,
Baharı sevərlər
Türkan yayı sevirdi, həmişə Günəşi gözləyirdi. Deyəsən, onun günəşi məhz mən idim. Günəbaxanlar kimi ona nə vaxt baxsam, başını qaldırıb mənə baxırdı.
Ax, axmaqlığım, ax!…
Bir gün mənə “Eşqsiz keçən hər günümü həyatımdan silmişəm”, – dedi.
Ən sevdiyi şairlərdən birinin şeirində oxuyubmuş.
Görəsən, real həyatda eşqsiz keçən hər gününü həyatından silən adam vardı? Demək ki, həmin şair silib. Sonra o şairin kitablarından birini mənə verdi. Fikirləşdim ki, ya mən oxuduğum elm barədə düşünməliyəm, ya da bu şair bir də şeir yazmamalıdır. Adam hər sətrdə özünü eşqin qucağına pərvazlamışdı. Türkan da belə düşünürdü.
Hər səhər mindiyimiz gəminin adına fikir verəndə biz artıq iki ay idi ki, görüşürdük. Türkan “Aşeka”nın hekayəsini mənə danışanda o qədər təsirlənib ağlamışdı ki, həmin an mən özümü həmin şair ola biləcəyimə və o şeirləri yaza biləcəyimə belə inandırmışdım. Yəni, heç nəyə baxmayaraq, sevmək, özünü eşqə həvalə etmək mümkündür?
İnsan “bitki” dediyi iki canlının eşqinə sahib ola bilərmi?
Əhməd Altan məqaləsinin birində yazır ki, “Yar” sözü türk dilində uçurum mənası verir. Sevdiyini uçurum olaraq görmək, bəlkə də, yox olacağını bilə-bilə ona tərəf yıxılmaqdır…
Yıxılsam,
Bil ki, gözlərinə baxıram.
Tutma!
Eh, Türkan, səni gördüyüm andan hər şey dəyişib. Artıq bu gəmiyə hər səhər sənə görə minir, sənə görə nəfəs alıram, sənə görə yaşayıram. Səni itirməkdən qorxduğuma baxmayaraq, bütün maneələrdən məni rahatlıqla keçirtdin.
Sənin qırmızı rəngi sevdiyin kimi, çayını ilıq içdiyin və çaya bir qənd əlavədən atdığın kimi, mən qaranı sevir, çayı zəhrimar sayaraq içirdim.
Yəni sənin yay, mənim qış olduğum kimi, məndə qar yağdığı, səndə isə yay olduğu kimi…
Bu dünya mənim üçün sənin sayəndə yenidən var oldu.
Dəyərli olduğun qədər mənimsən!
Ah, Türkan, ah, sevgilim!
Gəmiyə gəlmirdi.
Zənglərə cavab vermirdi.
Universitetə də getməmişdi.
Evdə də heç kim yox idi.
Yerin yeddinci qatını göstərin mənə, maqmanın yerini deyin. Axı, Türkanım haradadır?
Tanış satıcı dedi ki, anası zəng eləmişdi. O da tələm-tələsik ağlaya-ağlaya taksiyə minib gedib.
Valideynləri ayrılmışdılar. Atası Trabzonda tək yaşayırdı. Atasının qəzaya düşdüyünü öyrənən Türkan həyəcandan Trabzona tələsib.
Eşqimi tapmalıyam. Türkan olmadığı üçün evə tez gəldim.
Yəni evim həmişə belə sakit idi?
Sanki divarlar üstümə aşırdı.
Vaxtı kim ləngidirdi?
Saatın yelqovanı yaralı, əqrəbi isə ölmüşdü. Zaman keçmək bilmirdi. Köhnə televizorum vardı, onu yandırdım. Eh, ölkəmin xəbərləri: inflyasiya, öldürülən qadınlar, təcavüzlər, əsəb sarsıntısı keçirənlər, iqtidar-müxalifət, qanlı qəza xəbərləri…
Yenə qəza xəbərləri…
Fatsda yol qəzası
Bir avtobus.
Yaralılar…
Həyatını itirənlər…
Həyatımın mənasını itirənlər…
Türkan!…
Sevgilim!…
Səsim Qarşıkaya bazarının bir ucundan digər ucuna qədər əks-səda verir.
Heç ölüm Türkana yaraşır? On beş saniyə çəkdi.
Biri üç, digəri iki yaşlı iki uşaq, altmış yaşlı bir nənə… Və Türkan…
Sevgilim…
Bütün həyatımızı alt-üst edən xəbəri on beş saniyə ərzində verdilər. Sadəcə on beş saniyə…
Qırmızı jaketi əynində idi.
Bəlkə, heç bir yeri qanamayıb, heç ağrı hiss etməmiş, heç nəyi başa düşməmiş ruhunu təslim edib?..
İnsan həyatı bax, bu qədər ağrılı-acılı, əzablıdır. Bu cür tənha qalırsan. Həyat mənim kimi yetim, kimsəsiz birini dəfələrlə əzə bilir, vura bilir. Həm də ən zəif yerindən, eşqindən.
Boyum az qala iki metrdir, amma Türkanın qəbrində bir qarış yer versələr, qıvrılıb ora girə bilərəm.
Necə gözəl xəyallarımız vardı…
Türkan…
Sevgilim…
İki il sonra…
– Sabahın xeyir, Boyozcu Baba.
– Sabahın xeyir, Hakan, həmişəki kimi?
– Hə, Baba, həmişəki kimi dörd boyoz, iki yumurta.
– Necəsən? Hələ də sevməyə davam edə bilirsən?
– Baba, Türkandan sonra hər şeyi sevirəm. O mənə əzab çəkmədən sevməyin mənasız olduğunu, amma insanların da sevmək üçün yaradıldığını öyrətdi. Əslində biz sevdiyimiz qədər sahiblənir və sevdiyimiz qədər yaşayırıq. Sonumuz qara torpaq olsa da, Türkanla yaşadığım hər an ömrüm boyu onu sevməyə bəs edirmiş. Bəs sən necəsən?
– Yaxşıyam, oğul, yaxşı… Əlli yeddi yaşlı boyozcu necə ola bilərsə, elə eləyəm… Artıq on bir ildir ki, onsuzam! On bir il…
– Ah, Türkan…
Sabahın xeyir, sevgilim.
İki çay sifariş elədim, birinə əlavədən bir qənd atdım.
Dörd boyozla iki yumurta da almışam.
Bir dəfə “Qağayılara boyoz atmırsan?”, deyə soruşmuşdun. Bütün qağayıların adını Türkan qoymuşam.
Bu gün də son iki ilin hər günündə olduğu kimi sənin boyoz və yumurtanı qağayılara atıram.
Kaş ki… Kaş ki, səninlə qurduğum bütün xəyalları vaxtında sənə danışardım.
Hər şey bir kənara, sənin üçün çox darıxmışam.
* * *
Qırsalar da, qələmimi
Cırsalar da, kağızımı
Nə bilim, ürəyimi əritsələr,
Sonra da itlərə atsalar,
Orfoqrafiq qaydaları belə pozuram…
Mən artıq SəninləMəni ayrı yaza bilmirəm.
* * *
Eşq elə bir möcüzədir ki, mənliyiniz ucsuz-bucaqsız tarlada əsən güclü külək sayəsində rəqs edərək havaya sovrulan sarı buğda kimidir.
Adətən, o buğda dənələri dəyirman daşının altında əzilib un olurlar.
Oyan, Mehmed
Eşq – hər iki cahanda iki qəlbin bir bədəndə bir ürək kimi döyünməsidir.
Belimdəki yırtığın ağrısı bütün bədənimi tərpənməz hala gətirəndən sonra yoldaşımla həkimə getdik. Doxsanıncı illərin əvvəli bel yırtığı əməliyyatının riskli olduğu vaxtlar idi. Əməliyyatdan sonra qüsurlu olmaq riski çox böyük idi. Həkim daha bir ehtimalın olduğunu bildirəndə içimdəki həyəcan ümidə çevrildi. Doğa bilsəm, eyni nəticəni əldə edə bilərəm!
Artıq otuz doqquz yaşında idim, birdən menopauza dövrüm başlayar. Tutaq ki, lap hamilə qaldım, qohum-əqrəba qırx yaşında hamilə qaldı deyəcək, camaat içinə çıxa bilmərəm. Həkimsə başqa yolumun olmadığını dedi. Biz də yoldaşımla iki qızdan sonra, bəlkə, bir oğlumuz olar deyə ümid etdik. Müəyyən günlərdə gecikmə olan kimi hamilə olduğumu başa düşdüm.
O vaxtlar ultrasəs müayinəsi yox idi. Qarnımın dik forması və bəzi qidalara daha çox əl uzatmağımdan oğlumun olacağını başa düşürdüm. Körpəm doğulanda dörd kiloqram yarım idi.
Kim görsə, “Qarnında böyütmüsən” – dedi. Mən də uzun müddət bu mənim oğlumdur deməyə utandım.
İlk dəfə ana olanda iyirmi yaşım var idi, indi isə qızımın biri ərə gedəcək yaşdadır, digəri də tezliklə məktəbi bitirir. Oğlumun olmağı bir tərəfdən yaxşı oldu. Rəhmətlik anam deyərdi ki, qız uşağı qonaqdır.
İllər necə tez keçdi… Mehmedim də böyüdü. Muxtarlığa Mehmedin adına əsgərliyə çağırış vərəqi gəlib. Üç-dörd gün içində əsgərlik şöbəsinə gedib təyinini almalıdır.
Gör saat neçə oldu, hələ də evə gəlməyib. Qardaş qədər sevdiyi dostu Həsən var. Mehmedim kimi yaxşı uşaqdır. Bircə evə gec gəlməyi olmasaydı…
Atasına deyəndə, “Olsun da, yekə kişidir”, – deyir, sonra da gedib yatır. Mənsə anayam. Gözüm yolda qalır. Nigaran qalıram. Yarım saat da keçdi… Ay Mehmed, harda qaldın?…
Mehmed, həmin gecə evə gec gəldiyimiz yadındadır? Xədicə xala bütün gecə pəncərənin önündə qalmışdı. Küçənin başında ayağımızı astaca daşa basan kimi gəldiyimizdən xəbər tutub pərdəni aralamışdı. Nə cibimizdə qara qəpik, nə də dilimizdə uyduracaq yalan qalmışdı. Uğursuzun biri idik. Nə ağlı olan qız bizə ərə gələrdi, nə də qızı olan ata bizim kimi avaralara “hə” deyərdi.
Xatırlayırsan, Xədicə xalanın bir əlindən mən, digər əlindən sən öpmüşdün. Əlini geri çəkdikcə “Anam” deyə bağışlaması üçün yalvarmışdıq. Sonra Xədicə xalanın ürəyi yumşalmışdı. Atan oyanmasın deyə tünd qəhvə bişirib bizə içirtmişdi. Otağa keçib əlində ağ konvertlə geri qayıdanda gözlərimiz bərələ qalmışdı. Əsgər olmuşdun! Əsgər!
Yaşıl beretli əsgər forması sənə çox gözəl yaraşmışdı. İki kilometrdən uçan milçəyi belə gözündən vura bilirdin. Həmin gecə Xədicə xala sənə xına qoymuşdu. Səhər yallı getmişdik. Küçəyə yığışan qonşular arasında Ayşə də vardı. Dayanmadan ağlayırdı. Məhz həmin gün eşqinizin əbədi olacağına, ölümün belə sizi ayıra bilməyəcəyinə inanmışdım.
Əsgər anası olmaq başqa hissdir. Allah bu qürur hissini elə bir həsrətlə birgə bəxş edir ki, insan hansını daha üstün tutacağını belə bilmir. Sanki dünən doğulmuşdun, bu gün isə boynunda al bayrağımız dostlarının əllərində havada yellənirsən.
Ən böyük əsgər mənim oğlumdur! Anasının ağıllı balası, birdənəm, böyüyüb əsgər olub. Rəhmətlik anam deyərdi ki, insan ömrü su kimi axıb keçir.
Bax… Ayşə də Mehmedimi yola salmağa gəlib. Dünənə kimi “Nə nişanlındı, nə yoldaşın” deyirdim. Amma bax… Gözləri mənim gözlərim kimi yaşlıdır. O da bir ananın övladıdır. Mənə Mehmedimin əmanətidir.
Əslində yaxşı qızdır, həm də gözəldir. Gəlinim olduğu üçün demirəm, həqiqətən, ahugözlü mələkdir.
Mehmedim ilk dəfə əlimi öpdürməyə gətirəndə ürəyimdə “Ahu gözlüdür” demişdim, amma qayınanalıq etdim, oğluma heç nə demədim. Mehmedimə elə dərin məhəbbətlə baxır ki, hər görəndə az qala ürəyim gedir. Mən beləyəmsə, bəs oğlum neyləsin?
Zaman su yerinə axır… Dedilər avtobusun yola çıxmağına hələ bir saat var. Bir də eşitdim ki, müavin hər kəsin öz yerində əyləşməsini əmr etdi. Həyəcanlandım.
Gəl, oğlum! Gəl, Mehmedim! Gəl, canımın içi, ətim-sümüyüm, qanım-canım, oğlum, Mehmedim! Gəl, anasının göz bəbəyi! Gəl, səni yenidən körpə tək bələyirmiş kimi qucaqlayım. Vətən sizə, siz isə Allaha əmanətsiniz! Bizə görə narahat olma, ağıllı oğlum.
İlk məktubun gəldi
“Bu hissəni özün məzuniyyətə gələndə oxuyarsan” deyib zarafatlaşırdıq. Ayşəyə məndən daha çox məktub yazırsan. Belə davam etsə, səndən inciyəcəm… Təbii ki, zarafat edirəm. Ayşə tərbiyəli, saf qızdır. Arada ev işlərində anana kömək edir. Məncə, hər gün sizdədir, amma Xədicə xala deyir arada gəlib baş çəkir. İkisi də məktubunu oxuyanda ağlayır. Sanki gəlin-qayınana yox, iki bədəndə bir can olublar. Qardaşın Bəkir aşağı qiymətlərlə ikinci sinfə keçdi. Baqqal Levent də qız qaçırdıb. Gülmə!.. Doğrudan, qız qaçırdıb. Bir də onu deyim ki, Ayşə səni düşündüyündən qat-qat çox sevirmiş. Sonra demə ki, “Qan dostum Həsən heç bunu mənə deməyib”. Unutma, toyunda sağdışın özüm olacam!
* * *
Ən çətin iş gözləməkmiş. Elə bil, onu doqquz ay bətnində saxlayan, səbrlə doğulacağı günü gözləyən mən olmamışam. Mehmeddən gələn məktublar olmasa, bu həsrətə heç cür dözə bilmərəm.
Arada dənizə gedib-gəlirəm, fikrim dağılır. “Qaraköy” deyilən yer var. Tez-tez Ayşə ilə gəmiyə minib gedirik. Mehmedimlə gəmiyə çox miniblər. Qağayılara çörək qırıntıları atıb, çay içərək dənizi seyr ediblər. Bu qız cahildir. Heç belə şeyləri biz qayınanamıza deyə bilərdik? Ay tövbə…
Bu gecə Mehmedimlə danışıblar. Oğlumun olduğu yerdə atışma olmayıb. Hərçənd atışma olsa da, igid övladlarımız heç nədən qorxmadan keşik çəkirlər. Mavi gözlü Mehmedimə qara zeytun göndərdim. Tapşırdım ki, doyunca yesinlər, yenə göndərəcəm.
İgidim sağ-salamat qayıtsın Ayşəyə elçi gedək. Sonra üçümüz birlikdə gəmiyə minib qağayılara çörək atarıq.
* * *
Siz tərəflərdə hava mənfi qırx imiş. Təki xəstələnmə. Zülmət gecələrini ulduzların yox, mərmilərin işığının aydınlandırdığını hardan bilərdim? Anama və Ayşəyə deməməyi tapşırmışdın, ancaq özüm də inana bilməmişdim. Zarafat etdiyini düşünüb gülümsəmişdim. Güllələrin başının üstündən yağış kimi yağdığını hardan bilərdim… Ehtiyatlı ol, yaralanma! Daha nə qalıb ki?! Sən gedəndən “Çoxu gedib, azı qalıb” mahnısı dilimdən düşmür. Yəhyanın çayxanasında oyun oynayacaq tərəfdaşımın yeri həmişə boş qalır. Nərddə zər atanım yoxdur. Ah, Mehmed… Sən gedəndən çayxanadakı çayın da dadı qaçıb. İnan ki, daha Sezen Aksuna da qulaq asa bilmirəm. Gülmə… Əslində çox dərd çəkirəm.
Anan həmişəki kimidir. Atan da şükür, yaxşıdır. İki gündən bir onlara baş çəkirəm. Narahat olma. Sənin yemək payını da mən yeyirəm. Artıq doqquz kiloqram kökəlmişəm. Əvvəl elə bilirdim pivə içdiyim üçün kökəlirəm, amma elə deyilmiş. Sən gedəndən heç rakı da içməmişəm. Sən demə, o zibilin dadı-duzu da sənin şirin söhbətlərin imiş. Bu, sənə yazdığım son məktubumdur. Ola bilsin ki, məktub sənə çatmamış evə qayıdacaqsan. Necə deyərlər, “Şəfəq, doğan günəş”*…
* * *
“Şəfəq, doğan günəş” – Tərxisə bir gün qaldığını bildirən ifadə:
Oyan, Mehmed,
Keşik növbəsi
Səni gözləyir.
Dağ başında al bayraq,
Məğrur dalğalanır.
Hava mənfi qırxdır,
Bu şaxtada bir ordunu qırmışıq.
Su yatır, Mehmed,
Sən yatma…
Xain yatmır, Mehmed…
Oyan, Mehmed,
Çayın səni gözləyir.
Kənddən gələn zeytunu
Çörək arasına qoy.
Qarnını yaxşı doyur,
Gecə növbəsinə
İndi adın yazılır.
Kürkünü gey əyninə
Boşalt, doldur tüfəngi
Geyin yun çəkmələri
O mavi beretinlə
Mavi gözlərinin önünə
Gəlir Mustafa Kamal…
Kürəyini qaşıma, Mehmed
Güllənin yeri qanayır.
Axı demişdim xainlər
Adamı arxadan vurur.
Yumma gözlərini.
Gözlərini əbədi yummaq
İyirmi yaşlı gəncə yaraşmaz.
Nəfəs al, Mehmed!
O böyük mələyə gülümsəyərkən
Şəhadət lazımdır!
Sənin şəhadətin
Vətənə olan şəhidlik borcundur, Mehmed.
Oyan, Mehmed,
Kəndin yolu səni gözləyir.
Sarı qızın buzovu
Torpaqlarınızın qızıl buğdaları
Meydanın məşhur bulağı
Sevgilin Ayşə səni gözləyir.
Doqquz yaşlı qardaşın Bəkir
Qan qardaşın Həsən
Muxtar, kənd əhli, hər kəs
Hər kəs səni gözləyir.
Oyan, Mehmed,
Bir bax bu dağlara,
Sənin kimi neçə igid yatır.
Yumma gözlərini,
Xain qarğalar
Hər yerdə uçur.
Səsin gəlsin, Mehmed,
Şığı yağı üstünə
Yenə aslanlar kimi.
Oyan, Mehmed,
Sevgilinin gəlinliyi,
Qardaşının gəncliyi,
Atanın ürəyi,
Bütün kənd əhli səni gözləyir.
Oyan, Mehmed,
Anan Xədicə …
Anan Xədicə ağlayır…
Ayşənin qışqırıq səsindən küçədə dayanan Həsənin əlində tutduğu torbalar yerə düşür. Qaçaraq Mehmedgilin küçəsinə gəlib çatanda bir təcili yardım və bir hərbi maşın görür. O, Mehmedin yaşadığı binanın düz qarşısında dayanmışdı. Həsənin ürəyi şiddətlə döyünürdü. Yıxıla-dura tez özünü evə salır. Xədicə ananın əlində qan qardaşı Mehmedin şəklini görür.
Sanki ana-oğul yenidən bir bədəndə birləşmişdilər.
Xədicə ananın cınqırı da çıxmırdı.
Evin eyvanından Türk bayrağı dalğalanırdı.
Həsən hər səhər, hər axşam Xədicə anaya baş çəkirdi.
Xədicə xala hər dəfə ona “Ay, oğul! Sən hər dəfə gələndə Mehmedim gəlirmiş kimi sevinirəm”, deyirdi. Şəhid anası Həsənin ətrini də Mehmedin ətri kimi hiss edirdi.
Aişə Mehmedin yoxluğuna dözə bilmədi.
Ağac qurudu… Sarmaşıq da qurudu....
AŞEKA öldü.
Mehmedin baş daşında bu misralar yazılıb:
“Məndə bir eşq əbədidir, sevgilim.
Ya istiqlal, ya ölüm! – deyənlərin nəslindənəm”.
Ayşənin baş daşında isə ”Bizi üst-üstə basdırsınlar, sevgilim. Məgər halalım deyilsən?”
Eşqdir bizim simamız
Məhlədə bir dümbəyin tıqqıltısı eşidilir.
Silahlı şəxslərin görüşü var.
Qatlanan bıçaq və balisonglar2 şıqqıldayır. Havadan qan qoxusu gəlir.
Dəmir bilərziklərin üzərindəki gümüşü naxışlar gözəl qadın kimi bütün diqqəti öz üzərində cəmləyir.
İki gənc başını azca qabağa əyərək bir-birinə baxır. İlk həmləni Fərhad edir, həmlə Müslümün sağ qoluna zərbə endirməkdən ibarət idi. Lakin Müslüm geri çəkilərək özünü qoruya bilir.
Fərhad əlinin üstü ilə burnunu silib gülümsəyir. Fərhadın bıçaqlı hücumundan çox, bic-bic gülümsəməsi Müslümü qıcıqlandırırdı. Balisongu əlində təsbeh çevirirmiş kimi fırladırdı.
Ayağına tərəf hücum edərək rəqibinin diqqətini əsas hədəfdən yayındırır. Fərhad bıçaq hücumundan yayınsa da, yerində dura bilmədiyi üçün yıxılır. Yerdə olduğu üçün iş lap qəlizləşir.
Müslüm gənc ceyranı yerə yıxmış şir kimi idi. Ovu ilə elə oynayır ki, sanki bir azdan onu parçalayıb yeyən o olmayacaq. Yerdəki ceyran Fərhaddır. O isə mərhəmət istəmir. Heç Müslüm də rəhm etmək barədə düşünmür.
Müslüm son zərbəni endirməyə hazırlaşırdı ki, Fərhad ürəyində “Heç olmasa, tikiş atılası yara olsun” deyə düşündü. İkisi də, gördüyünüz kimi manyak idilər. Elə bu məqamda məhəlləyə atom bombası kimi bir səs yayılır: “Müslüm, ondan əl çək!”. Müslüm ağzındakı əti çıxarırmış kimi tüpürüb, dişlərini və damağını yaladı. Başını sağa- sola tərəf yelləyir. hərəkət etdirir. Dərindən nəfəs dərib: “Yaxşı, Marlon, qoy, sən deyən olsun”, – deyir.
Gələn Kamal idi. Bu tərəflərdə yaşayanlar “Xaç atası” filmindəki Marlon Brandoya oxşadığına görə Kamala bu ləqəblə müraciət edirdilər.
Əslində, oxşarlığı yox idi. Sadəcə Kamalın “Xaç atası” obrazı ilə bənzər davranışları vardı. Mərd, dəliqanlı və qoçu idi. Necə deyərlər, “ən”lərin “ən”i idi.
Məhlədəki taxta evlər insana xüsusi əhval bəxş edir. Cümə səhərləri bir eyvandan digər eyvanacan sərilmiş yorğan-döşək üzü, paltarlar təmizlik təəssüratı oyadır.
Eyvanlardakı dəmir yağ qutularında əkilmiş reyhanın ətri insanı riqqətə gətirir. Qadınlar evlərinin girəcəyinə xalça sərib, uşaqların səs-küylü oyunlarının sədaları altında krujeva toxuyaraq ən ciddi mövzularda qeybət edirlər.
Məhlənin girişindəki “Hovuzlu çayxanası”nda stolüstü oyunlar oynanılır, çay içilə-içilə nargilə çəkilir.
Yaraşıqlı görünüşü ilə hər gün küçəyə çıxan Marlon Kamal səliqəli ütülənmiş qara kostyumu və ağ köynəyi ilə xanımların qəlbini fəth etmişdi. Əlindəki təsbeh sağ əlinin baş barmağı ilə bir vəhdətdə idi. Təsbehi çevirə-çevirə məhəllə uşaqlarıyla zarafatlaşaraq günə bismillah edərdi.
Əli Marlon Kamalın qapı qonşusu olan on üç yaşlı heyranıdır.
Qoçu dayıların
Məhləsində uşaqdım.
Ən kobudunun belə
Məzluma körpə tək,
Rəhm etdiyi məhlədə…
Nə mübahisə edəni,
Nə ac olanı
Vardı bizim məhlədə…
Nə xərac alanı,
Nə qalayçı,
Nə dəmirçi
Doğulmamışdı hələ…
Cəmi on üç yaşım olmasına baxmayaraq, Marlon Kamal qardaşın sayəsində məhlə qayda-qanunlarını ən birinci mən öyrənəcəm.
Anam Marlonun xətrini çox istəyir. Sadəcə mənə nəsə olacağından narahatdır. Kamal qardaşla çox oturub-dursam, mənim də başıma pis hadisə gələcəyindən qorxur, amma qorxusunu dilə gətirə bilmir. Deməyinə ehtiyac da yoxdur, onsuz da, bilirəm. Hər kasıbın evinə kömür payladığı gün Marlon Kamalı evimizə dəvət etdim, amma gəlmədi. Dəliqanlı adamdır. “Çayxanada məni gözləyirlər” deyib, çıxıb getdi. Əslində isə atamın olmadığı evdə subay bacım var deyə gəlmədi.
Əli Marlon Kamalı evə dəvət edəndə bacısı Gülzar elə həyəcanlanır ki, gəl görəsən. Nəbzi dəqiqədə min beş yüz dəfə vurmağa başlayır. Sanki içində arı yuvası var və arılar eyni anda sağa-sola uçmağa başlayır. Pərdənin dalından Əliylə Marlon Kamala qulaq asanda əlləri ilə saçlarını, üst-başını səliqəyə salmağa başlamışdı.
Əlinin anası Həsinə xala başa düşdü ki, evində yetişmiş kişi xeylağı yoxdur deyə Marlon Kamal evə gəlmək istəmədi. Ona görə də “Kamal, oğlum, içəri gəl görək, sənə bir qəhvə dəmləyərəm”, – dedi. Marlon “Yox, anam, çayxanada məni gözləyən var. Başqa vaxt gələrəm”, – dedi. Həsinə xala “Sən də mənim bir oğlumsam”, – deyə Marlon Kamalı razı saldı. Elə ki, Marlon Həsinə xalaya “Yaxşı” deyir, Gülzar daha da həyəcanlanır.
Darmowy fragment się skończył.