Czytaj książkę: «İtmiş müqavilə»
Artur Konan Doyl
İtmiş müqavilə
hekayələr
Mündəricat:
Mazarini almaz qaşı..........................................
Şoskom malikanəsində faciəli hadisə.......................
Çöhrəsi ağarmış adam..........................................
İtmiş müqavilə..........................................
Şerlok Holmsun yeni işi..........................................
Şerlok Holmsun qayıdışı..........................................
Mazarini almaz qaşı
Vatson yenidən saysız-hesabsız gözəl sərgüzəştlərin açılma məntəqəsi olan Beyker-stritdəki evin ikinci mərtəbəsində yerləşən sahmansız otaqda olmasına çox şad idi.
O, divar boyu asılmış cədvəl və sxemlərə, turşularla yan-yana qoyulmuş kimyəvi məmulatlarla dolu olan rəfə, küncə söykənmiş skripka futlyarına, nə vaxtsa içərisində tənbəki və tütün çubuqları olan kömür vedrəsinə nəzər saldıqdan sonra, nəhayət ki, baxışını əsrarəngiz məşhur xəfiyyəni əhatə edən tənhalığı və soyuqluq uçurumu arasında, elə bil, körpü yaratmağa nail olmuş sağlam gülüşlü, bacarıqlı qulluqçu olan Billi adlı bir gəncin üzərində saxladı.
– Burada hər bir şey yenə əvvəlki kimidir. Heç özünüz də dəyişilməmisiniz. Belə ümid edə bilərəm ki, onun haqqında da eyni şeyi söyləmək olar.
Billi bir qədər təşvişlə bağlı yataq otağına baxdı.
– Deyəsən, o yatıb, – dedi.
Çöldə aydın bir yay havası vardı, saat axşam yeddi olardı, amma Billinin belə bir düşüncəsi heç də Vatsonu şübhələndirmədi: o, köhnə dostunun qeyri-adi həyat tərzinə çoxdan öyrənmişdi.
– Bu o deməkdir ki, səhv etmirəmsə iş ona tapşırılmışdı, elə deyilmi?
– Bəli, elədir ki var, cənab. O, indi tamamilə bu işlə yüklənib. Hətta mən onun səhhətinə ziyan gələcəyindən də çox qorxuram. O, çox solğun görünməyə başlayıb, günbəgün arıqlayır və heç nə yemir. Xanım Hadson ondan nə vaxt nahar edəcəyini soruşanda, ”o birisi gün saat səkkizin yarısında” – deyə cavab vermişdi. Siz yaxşı başa düşürsünüz ki, işlə məşğul olarkən o, necə olur.
– Hə, Billi, bilirəm.
– O, kimisə güdməyə başlayıb. Dünən işaxtaran fəhlə cildinə girmişdi. Bu günsə onu özünü əməlli-başlı qarıya bənzətmiş gördüm. Elə bənzəyirdi ki, hətta mən belə onu tanıya bilmədim, ancaq onun bicliklərini bilməyim lazım idi.
Billi gülümsəyərək divana söykənmiş, qırıq-qırıq olmuş qeyri-adi bir çətiri göstərib dedi:
– Bax, bu qoca qarı geyiminin bir əşyasıdır.
– Billi, bəs bu dəfə onun nəzərində hansı iş var?
Sanki söhbət dövət sirrindən gedirmiş kimi, Billi səsini tamamilə yavaşıdaraq söylədi:
– Əlbəttə, cənab, mən sizə söyləcəyəm. Sizdən başqa heç kim bu haqda bilməməlidir. Bu, almazların tacı haqqında olan işdir.
– Siz yüz min funt qiymətində olan bir qaşın oğurlanmasından bəhs edən işi deyirsiniz?
– Bəli, cənab. Onlar həmin qaşı necə olursa-olsun tapmalıdırlar. Baş nazir və daxili işlər naziri burada olmuş, eləcə bu duvanda əyləşmişdilər. Cənab Holms onlara qarşı çox nəzakətlə davranırdı. O, heç də onların yanında özünü çəkmirdi və söz verdi ki, bacarığını əsirgəməyəcək. Bir də lord Kantlmir…
– Eləmi?
– Bəli, cənab, bilirsinizmi bu nə deməkdir? Deyərdim, o, həddindən çox lovğa və təkəbbürlü adamdır. Mən baş nazirlə, həm də daxili işlər naziri ilə iş görməyə hazıram, buna heç bir etirazım yoxdur, çünki onlar alicənab və mədəni adam təsiri bağışlayırlar. Amma lord heç xoşuma gəlmədi, onun lovğa hərəkətlərinə tab gətirə bilmirəm. Cənab Holms da həmçinin. Əsas məsələ ondadır ki, o, cənab Holmsa inanmır və təkidlə işin ona həvalə edilməsinə qarşı gəlir. Mənə elə gəlir ki, o, cənab Holmsun bu işin öhdəsindən gəlməməsinə daha çox sevinər.
– Və cənab Holms da bundan xəbərdardır?
– Cənab Holmsun bundan xəbərdar olmaması heç vaxt mümkün deyil.
– Ümidvaram ki, o, işin öhdəsindən gələcək və lord Kantlmir rüsvay olacaqdır. Qulaq asın, Billi, pəncərədəki pərdələr nəyə görə lazımdır?
– Cənab Holms bunları üç gün bundan əvvəl asdırıb. Orada gizlətdiyimiz çox maraqlı bir şey var.
Billi pəncərə taxçasını otaqdan ayıran pərdələri aralayarkən Vatson heyrətindən qeyri-ixtiyari olaraq qışqırdı. Onun qarşısında kresloda dostu ilə eyni sifətdə, geyimdə olan və digər şeylərində ona bənzəyən oxşarı oturmuşdu. Pəncərəyə sarı çevrilmiş üzünün dörddə üçü azacıq aşağıya doğru sanki görünməz bir kitabın üzərinə əyilmişdi. Billi baş hissəsini gövdədən ayırıb əlində tutdu.
– Biz onu müxtəlif vəziyyətlərdə saxlayırıq ki, daha çox canlı adama oxşasın. Əgər pərdələr aşağı salınmamış olsaydı, mən ona əl vurmağa cürət etməzdim. Pərdələr bağlı olmayanda o, küçənin digər tərəfindən görünür.
– Əvvəllər bizdə də belə bir şey olmuşdu.
– Mən o vaxtlar hələ buralarda deyildim, – Billi söylədi. O, pərdələri açaraq küçəyə boylandı. – Bizi o evdən güdürlər. Pəncərədə adam da var, baxmaq istəyirsinizmi?
Vatson irəli addım atdı, elə bu vaxt yataq otağının qapısı açıldı, orada Holmsun arıq və uzun qaməti göründü. Onun üzü avazımış və solğun görünürdü, buna baxmayaraq o, əvvəlki kimi gümrah idi. Bir sıçrayışla pəncərənin yanına gəldi və cəld pərdələri yenidən əvvəlki vəziyyətinə qaytardı.
– Billi, bəsdir, həyatınızı təhlükəyə atırsınız, indi siz mənə daha çox lazımsınız. Vatson, sizi əvvəlki evimizdə görməyə çox şadam. Siz təhlükəli anda bura gəlmisiniz.
– Mən bunu hiss etdim.
– Bili, gedə bilərsiniz. Axı mən bu oğlanla nə edim! Onu təhlükəyə atmaqda nə qədər düzgün iş görürəm, heç özüm də bilmirəm.
– Hansı təhlükəni deyirsiniz, Holms?
– Qəfil gələn ölüm təhlükəsini deyirəm. Əgər bu gün axşam nəsə baş versə, heç də təəccüblənmərəm.
– Hansı mənada ?
– Məsələn, məni öldürsələr.
– Ola bilməz, Holms, siz zarafat edirsiniz!
– Hətta yumor hissimin yoxluğunda belə mən bundan yaxşı bir zarafat fikirləşə bilərdim. Hələ ki, biz həyatımızdan həzz alaraq yaşamağa davam etməliyik, elə deyilmi? Spirtli içkilər sizə yasaq qoyulmayıb ki? Sifon və siqarlar da əvvəlki yerindədir. Sizin hələ də zavallı tənbəki və çubuğumudan zəhləniz getmədiyinə ümid bəsləyə bilərəmmi? Bu günlər onlar mənim qidamı əvəz edəcəklər.
– Nə üçün siz yeməkdən imtina etmisiniz?
– Aclıq ağlın fəaliyyətini gücləndirir. Əziz dostum, sizə məlumdur ki, həzm prosesində beyin mədənin işləməsi üçün tələb olunan miqdarda qan itirir. Mənsə indi hər bir şeyi bütöv beyinlə həll etmək imkanındayam. Qalanları əlavə təsirdən başqa bir şey deyil. Çünki mən hər şeydən əvvəl yalnız beynimlə hesablaşmalıyam.
– Holms, siz ancaq hansısa təhlükənin mövcudluğundan danışırsınız?
– Hə, istənilən halda cox güman ki, o, sizin yaddaşınızı qatilin adı və ünvanı ilə doldurmağa mane olmayacaq. Siz bu məlumatları sədaqətli Holmsdan vida salamı kimi Skotland-Yarda xəbər verə bilərsiniz. Onun adı Silviusdur, qraf Neqretto Silvius. Qeyd edin: Nord-Vest, Mursayd-Qardens, 136. Yazdınızmı?
Vatsonun səmimi üzü əsəbi halda dartılmağa başladı. O, Holmsun heç bir təhlükə qarşısında dayanmayacağını və yəqin ki, onun şişirtməkdən çox, qiymətləndirməməyə inandırılmış olduğunu lap yaxşı bilirdi. Vatson vaxtını hədər yerə itirməyə adət etməmişdi, buna görə də qərarla ayağa qalxdı.
– Holms, mənim köməyimdən istifadə edə bilərsiniz, bu günlərdə mən tamamilə boşam.
– Vatson, mənəvi cəhətdən siz heç də yaxşıya doğru dəyişilməmisiniz. Köhnə qüsurunuzun üstünə bir də yalan danışmaq əlavə olunub. Bütün görünüşünüz işlə daha çox yüklənmiş bir həkim olduğunuzu və xəstələrdən təngə gəldiyinizi göstərir.
– Onların içərisində az-maz ciddi olanı da yoxdur. Məgər siz həmin adamı həbs edə bilməzsiniz?
– Vatson, əlbəttə edə bilərəm, o, elə bu səbəbə görə belə narahatlıq keçirir.
– Bəs nə baş verib?
– İş orasındadır ki, mən almazın harda olduğunu bilmirəm.
– Hə, Billi almazların tacı olduğunu demişdi.
– Əlbəttə, iri, sarı Mazarini qaşıdır. O, deyəsən, qurduğum tələyə düşüb, lakin mən hələ də qaşı əldə etməmişəm. Mənim üçün onları həbs etməyin bir xeyri varmı? Əlbəttə ki, onlar tutulub barmaqlıqlar arasına atılsaydı, sözsüz ki, dünyanın gedişatı düzəlmiş olardı. Amma mənim məqsədim başqadır. Həmin qaşı necə olursa-olsun əldə etməliyəm.
– Deməli, qraf Silvius həmin tora düşmüş şikarlardan ən böyüyüdür?
– Hə, elədir ki var. Bu, yırtıcı balıq kimi hamını diri-diri udmağa hazırdır. O biri isə boksçu Sem Mertondur. Sem heç də pis adam deyil, lakin qraf ondan da öz məqsədi üçün istifadə edir. O, heç də yırtıcı deyil, qanmaz və ağılsızlıqdan əziyyət çəkən böyükbaşlı, kiçik bir çay balığına bənzəyir. O da qurduğum tələyə düşdüyündən çapalayır.
– Bəs qraf Silvius haradadır?
– Mən bütün günü onun düz burnunun ucunda olmuşam. Siz ki məni qarı cildində görmüsünüz. Bu dəfəki bənzətməm kimi uğurlusu heç olmamışdı. Hətta qraf “İcazənizlə xanım, yardım edim” sözləri ilə mənə iltifat göstərib çətirimi yerdən qaldırmışdı. O, yarı italyan və əsli cənublu oduğuna görə yaxşı əhval-ruhiyyəli vaxtlarında son dərəcə iltifatlı olmağı bacarır, əks təqdirdə, məlun olaraq qalır. Görürsünüzmü, Vatson, həyatda necə də maraqlı şeylər baş verir!
– Amma belə olsaydı o, faciə ilə nəticələnərdi.
– Dediklərinizlə razıyam. Mən onun ardınca Maynorisə qədər qədim Ştraubenz emalatxanalarına tərəf getdim. Orada onun üçün sıxılmış hava ilə işləyən tüfəng düzəldilmişdi, çox gözəl bir şeydir və səhv etmirəmsə, indi o, qarşıdakı pəncərədən bura tuşlanmış olmalıdır. Siz müqəvvanı görmüsünüzmü? Hə, Billi sizə göstərmişdi. İstənilən anda bu müqqəvvanın gözəl başı gülləyə tuş gələ bilər. Billi, nə olub?
Billi içində balaca bir kart olan sinni ilə içəri daxil oldu. Holms onu nəzərdən keçirdi: qaşlarını bir anlığa yuxarı qaldırdı, dodaqlarında istehzalı təbəssüm yarandı.
– O, şəxsən təşrif buyurmağı qərara alıb. Bax, burası heç ağlıma gəlməmişdi. Vatson, gərək onu əlimizdən buraxmayaq. Bu adam hər şeyə qadirdir. Siz yəqin ki, qrafın iri heyvanların məşhur ovçusu olduğunu eşitməmiş olmazsınız. Əgər məni qabaqcadan ovlamaq ona nəsib olarsa, bu, yəqin ki, qrafın idman karyerasının parlaq və dəyərli sonluğu olacaq. Şübhəsiz, o, elə bu saat ona çatıb tutacağımı hiss etməyə başlayıb.
– Polisin dalınca kimisə göndərin.
– Yəqin ki, mən elə də edəcəyəm, ancaq indi yox. Vatson, küçədə başqa adamın olub-olmadığına yaxşıca nəzər yetirin.
Vatson pərdənin arasından çölə baxdı.
– Bir yekəpər adam qapının yanında durub.
– Bu, elə Sem Mertondur, təslimiyyəti çox da uzaqda olmayan Sem. Billi, bəs bu cənab harda qaldı?
– Qəbul otağındadır, cənab.
– Mən zəng edəndə onu içəri buraxın.
– Oldu, cənab Holms.
– Əgər məni otaqda görməsəniz belə, onu otağa buraxın.
– Baş üstə, cənab.
Vatson qapının örtülməsini gözləyib həyəcanla həmsöhbətinə müraciət etdi:
– Qulaq asın, Holms, bu, mümkün olan şey deyil. O, yaramazın biridir və heç bir maneə qarşısında dayanmaz. Bəlkə, elə sizi öldürmək üçün bura gəlib?
– Əgər doğrudan da belədisə, burda təəccüblü bir şey görmürəm.
– Bu halda mən sizi yalnız qoymaq istəmirəm.
– Sizin burada olmağınız maneəçilik törədə bilər.
– Ona maneəçilik törədəcək?
– Yox, yo,x əzizim Vatson, mənə.
– Necə olur-olsun, mən sizi o adamla təkbətək qoymaq istəmirəm!
– Xeyr, Vaton, siz bunu edə bilərsiniz, hətta daha doğrusu, etməyə məcbursunuz. Siz heç vaxt oyundan kənarda qalmamısınız və ümidvaram, bu dəfə də onu sona çatdıracaqsınız. Bu adam bura öz məqsədinə görə gəlsə də, yəqin ki, mənim istəklərimə görə burda qalmalı olacaq. Skotland-Yarda gedib bu kiçik məktubumu cinayət axtarışı şöbəsindəki Yogelə verin və polislə birgə geri qayıdın, çünki həmin vaxtda qrafı həbs etmək lazım gələcək, – deyə Holms qeyd kitabçasını çıxarıb oraya nəsə yazdı.
– Mən məmnuniyyətlə sizə kömək edərəm.
– Ümidvaram, siz qayıdana qədər mən qaşın yerini öyrənə biləcəm.
Holms zəng etdi.
– Deyəsən, bizim yataq otağından keçməyimiz daha yaxşı olar. İkinci çıxışın olması son dərəcə əlverişli məsələdir. Böyük şikarıma nəzər yetirmək üçün məni görməməsinə üstünlük verərdim, çünki bu vəziyyətə uyğun olan bəzi şeyləri də əlavə olaraq fikrimdə tutmuşam.
Beləliklə, bir neçə dəqiqədən sonra Billi Silviusu otağa buraxdı – otaqda heç kim yox idi.
Məşhur nişançı, idmançı, qəşəng geyimli, cox iri gövdəli, qarabuğdayı insan idi. Uzun qarmaqşəkilli burnu nazik sərt ağzının üzərinə əyilmiş, yanlarını qara bığları tutmuşdu. Onun qəşəng geyimi, parlaq qalstuku, işıldayan sancağı və parıldayan üzüyü çox kəskin şəkildə nəzərə çarpırdı. Qapını ardınca örtərkən bir az sərtləşdi, eyni zamanda, hər bir addımında tələyə düşəcəyindən qorxaraq ətrafına nəzər salmağa başladı. Pəncərənin yanında rahat şəkildə başı aşağı salınmış, xələt yaxalığı kreslonun söykənəcəyində olan manekeni görəndə qəfildən diksindi. Əvvəlcə üzünü heyrət bürüdü. Otaqda kiminsə olmadığına inanmaqdan ötrü bir daha ətrafa diqqətlə göz gəzdirdi. Sonra ağır əl ağacını qaldırıb barmağının ucunda, dinməzcə kresloda oturmuş şəxsə yaxınlaşdı. Onun üzərinə atılıb son həmləni endirmək üçün çöməlmişdi ki, birdən yataq otağının aralanmış qapısından girən Holmsun sakit və istehzalı səsi onu dayandırdı:
– Qraf, ehtiyatlı olun, onu qırarsınız!
Qatil geri çəkildi, onun əyilmiş sifəti heyrət içindəydi. O, yenə də aşağı salınmış ağacını qaldıraraq qəzəbini sanki xəyaldan həqiqi olana yönəltmək arzusundaydı, lakin Holmsun sərt baxışı və istehzalı gülüşündə şübhəli bir şeyin olmasından çəkinib fikrindən vaz keçdi.
– Çox gözəldir! Tavernya fransız sənətkarlarının əl işidir. Tanışınız Ştraubenzenin düzəltdiyi sıxılmış hava ilə işləyən tüfəng kimi, o da böyük məharətlə mumdan fiqurlar düzəltməklə məşğuldur.
– Sıxılmış hava ilə işləyən tüfəng? Başa düşə bilmirəm, cənab, siz bununla nə demək istəyirsiniz?
– Şlyapanızı və əl ağacınızı masanın üstünə qoyun. Bax belə, təşəkkür edirəm. İndi də, zəhmət olmasa, oturun. Bəlkə, tapançanızı da çıxarasınız? Amma siz onun üzərində oturmağa üstünlük verirsinizsə, etiraz etmərəm. Düz vaxtında gəlmisiniz, elə mən də indi sizinlə söhbət etməyi ürəyimdən keçirirdim.
Qraf zəhmlə qaşqabağını salladı:
– Holms, mənim də sizə bir neçə kəlmə sözüm vardı. Elə ona görə də buradayam. İndicə sizin başınızı parçalamaq istədiyimi boynuma alıram.
Holms masanın lap uc hissəsində oturaraq söylədi:
– Mən elə də bilirdim, sizin fikrinizdə buna bənzər bir şey ola bilər. Öyrənə bilərəmmi, nə üçün sizin tərəfinizdən bu hörmətə layiq görülmüşəm?
– Ona görə ki, siz əsəblərimi pozan hərəkətlər etməyə başlamısınız. Özü də əlaltılarınızı göndərərək məni izlətməklə.
– And içə bilərəm ki, mən sizi güdməkdən ötrü heç bir kəsi göndərməmişəm.
– Səfeh-səfeh danışmayın. Ardımca düşüb məni güdənləri öz gözlərimlə görmüşəm. İndi sizə göstərərəm məni necə güdmək olar, cənab Holms.
– Əlbəttə, boş-boş danışırsınız, siz gərək mənə nəzakətlə müraciət edəydiniz. Razılaşın, bu məqsədə görə başqalarını yoldan çıxarıb günah işə soxmamaq üçün heç kimi istisna edə bilmərəm, çünki anlamalısınız ki, tərzimə uyğun olaraq öz fəaliyyətim boyunca cinayətkarların hörmətli hissəsinin böyük qismilə səmimi təmasda olmalıyam.
– Qoy siz deyən kimi olsun, cənab Holms.
– Çox gözəl! Amma siz mənim cəsus tutduğumu təsdiqləməkdə cox böyük səhvə yol vermiş olursunuz.
Qraf Silvius kinayə ilə gülümsədi.
– Elə bilməyin ki, sizdən acizəm və bu kimi şeylərin nəzərimdən qaçmağı mümkündür. Dünən hansısa bir idmançı, bu günsə bir qarı məni bir an belə gözlərindən kənar qoymayıblar.
– Siz məni utandırırsınız, cənab. Qoca baron Dauson asılmamışdan bir gün qabaq bu haqda belə bir şey söyləmişdi ki, teatr mənim şəxsimdə ədalət məhkəməsi zəfər çaldığı qədər itirib. Bu günsə siz məni təkcə başqa şəklə düşməyimə görə tərifləyirsiniz.
– Nə?.. Demək, bu siz idiniz?
Holms çiyinlərini çəkdi.
– Baxın, o küncdə dünən sizin mənə heç nədən şübhələnmədən iltifatla qaldırıb təqdim etdiyiniz bir çətir durur.
– Əgər bunu bilsəydim, siz artıq…
– Artıq bu sakit yaşayış yerimi heç vaxt görməzdim, elə deyilmi? Mən bunu çox yaxşı anlamışdım. Qulaq asın, hamımız sonradan peşmanlığını çəkdiyimiz səhvlər edə bilərik. Və hər nə olursa-olsun, bunun artıq heç bir əhəmiyyəti yoxdur. Çünki dediklərinizə görə, məni heç tanıya bilməmisiniz və indi sağ-salamat şəkildə qarşınızda oturmuşam.
Qaşqabağı sallanmış qrafın qaşları bir az da çatıldı və onların arasından baxan bir cüt zəhmli gözləri parlamağa başladı.
– Bu, daha pis. Deməli, bunları sizin cəsuslar deyil, özünüz etmisiniz, burnunuzu sizə aid olmayan işlərə soxub, oyunbazlıq etməklə məşğul olmusunuz. Özünüz də təsdiq edirsiniz ki, məni güdürdünüz. Bəs nəyə görə?
– Qraf, siz bir neçə il Əlcəzairdə şir ovlamaqla məşğul olmusunuz.
– Hə, nə olsun?
– Soruşmaq olarmı, bəs sizin ovçuluqla məşğul olmağınızın əsas səbəbi nədən ibarət idi?
– Nə üçün? Deyə bilərəm ki, idman etmək məqsədi ilə, güclü həvəsimə və riskə görə.
– Bundan başqa, siz ölkəni yırtıcı heyvanlardan təmizləmək istəyirdiniz, elə deyilmi?
– Tamamilə doğrudur.
– İndi sizə məqsədim məlumdurmu?
Qraf yerindən dik atıldı, onun əli yenə də qeyri-ixtiyri olaraq arxa cibinə doğru yönəldi.
– Oturun, oturun, qraf. Mənim bundan başqa daha konkret bir məqsədim var. Sarı almazın yerini öyrənmək istəyirəm!
Qraf Silvius uğursuzcasına gülümsədi, ayağa qalxsa da davam gətirməyib yenidən oturacağa çökdü.
– Deməli belə, hə, – deyə söylədi.
– Sizi elə ona görə güddüyümü çox gözəl bilirsiniz, bura da nə qədər bilgiyə sahib olduğumu və məni aradan götürməyinizin mümkünlüyünü öyrənmək üçün gəlmisiniz. İnanırsınız ki, sizin nöqteyi-nəzərinizdən bu, tamamilə lazımlı bir şeydir, amma mənə, demək olar, bir faktdan başqa hər şey məlumdur, ona görə də bunu öyrənməyə ehtiyacım var.
– Doğrudan? Çox maraqlıdır, əsas olan o fakt nədir ki, siz onu belə öyrənmək istəyinə düşmüsünüz?
– Bəs, almaz indi harda gizlədilib?
Qraf hiyləgərcəsinə həmsöhbətinə nəzər saldı.
– Elə bu? Axı onun saxlandığı yeri mən sizə neçə söyləyə bilərəm?
– Bilərsiniz, özü də bunu etmək məcburiyyətindəsiniz.
– Deməli, siz belə düşünürsünüz, hə?
– Qraf Silvius, siz mənə heç də hədə-qorxu gələ bilməzsiniz.
Holmsun Silviusa yönəlmiş gözləri qıyıldı və zəhmlə parlamağa başladı.
– Sanki şüşədənsiniz və mən indi sizi tamam aydın şəkildə görürəm.
– Bu halda almazın harda olduğunu da görməlisiniz.
Holms sevinərək əl çalmağa başladı, sonra mənalı şəkildə barmağını yuxarı qaldırdı:
– Demək, onun harada olduğu sizə məlumdur, çünki özünüz elə bu dəqiqə bunu etiraf etmiş oldunuz.
– Mən heç bir şeyi etiraf etməmişəm.
– Qraf, mənə yaxşıca qulaq asın, əgər sağlam düşüncəli olarsanızsa, biz sövdələşə bilərik, əks təqdirdə sizin üçün heç də yaxşı olmayacaq.
Qraf Silvius gözlərini tavana zillədi.
– Kim kimə hədə-qorxu gəlir? Siz mənə, yoxsa mən sizə?
Holms sanki həlledici gediş etmək istəyən şahmat ustası kimi bir an ona qərarsızlıqla baxdı. Sonra masanın siyirməsini çəkib, oradan qalın bir qeyd kitabçası çıxartdı.
– Bilirsinizmi bunun içində nə yazılıb?
– Heç bir fikrim yoxdur, cənab.
– Siz.
– Mən?
– Bəli, siz, cənab! Burda sizin bütün cinayətkar və qaranlıq həyatınızda etdiyiniz hər bir hərəkət öz əksini tapıb.
– Cəhənnəm olun, Holms! Məni hövsələdən çıxarmayın, – deyə yerindən dik atılan qraf Silviusun gözlərindən sanki qığılcım çıxdı.
– Burda hər şey yazılıb. Burda yaşlı xanım Haroldun ölümü ilə əlaqədar bütün təfsilatlar qeyd edilib. Məlum olduğuna görə, qumarda uduzduğunuz mülkü də Blimerdə məhz həmən xanım sizə buraxıb getmişdi.
– Bu nə cəfəngiyyatdır söyləyirsiniz?!
– Üstəlik, xanım Minni Uorrenderin başına gələn qəziyyə haqda da qeydlər var.
– Bunları bir kənara qoyun! Bundan onsuz da heç bir şey çıxara bilməzsiniz.
– Burda yenə xeyli qeyd var. 1892-ci ilin 13 fevralında Rivyerə gedən yolda ekspresin soyulması və elə həmin ildə Lion bankının qəbzinin saxtalaşdırılması.
– Amma bunları siz artıq səhv deyirsiniz.
– Deməli, başqa şeylərdə mən səhv etməmişəm. Qulaq asın, qraf, axı sizin kart oyunundan başınız çıxır. Oyunu davam etdirməyə lüzum yoxdur, cünki bütün əsas kartlar rəqibinizin əlindədir.
– Bu boş söhbətin qiymətli daşla nə əlaqəsi var?
– Səbiriniz olsun, qraf. Hər şeyi bilmək marağınızı bir qədər azaldın! İcazə verin, mən bunları təfsilatı ilə izah edim. Bundan əlavə, almazın oğurlanması hadisəsində sizə və cangüdəninizə qarşı təkzibolumaz dəlillərim var.
– Hansı dəlillərdir elə?
– Əvvəlcə sizi Uayt-hola aparan, sonrasa oradan geri qaytaran iki arabaçının ifadəsi. Sizi mağazanın vitrini qarşısında görən isveçrəli şəxsin ifadəsi. Və nəhayət, almazı xırda hissələrə ayırmaq istəməyən Ayki Sandersin ifadəsi. Ayki sizin qarşı bir oyun oynamış və bizə xəbər vermişdi.
Qrafın alnındakı damarlar şişməyə başladı. Öz həyəcanını gizlətməkdən ötrü təlaşla qarabuğdayı tüklü əllərini sıxdı. Nəsə demək istəsə də, dili söz tutmadı.
– Bu da kartlarım. Hamısını çıxarıb qarşınıza qoymuşam. Amma bir kart əskikdir. Bircə onların içərisində almazların şahı olan almaz çatışmır. Həmin qaşın harda olduğu da mənə məlum deyil.
– Siz heç vaxt onun yerini öyrənə bilməyəcəksiniz.
– Hə, deməli, belə? Düşünürsünüz ki, mən bu qaşı heç vaxt əldə edə bilməyəcəyəm, eləmi? Bir qədər sağlam düşüncəli olun, qraf. Bütün cəhətləri nəzərə alın. Sizi Sem Merton kimi iyirmi illik həbsə salarlar. Onda bu qaşın sizə nə faydası olacaq? Yox, əgər siz mənə qaşı qaytarsanız, söz verirəm, işin məhkəməyə qədər gedib çıxmasına yol verməyəcəm. Sem də, siz də bizə gərək deyilsiniz. Bizə yalnız bu qaş lazımdır. Onu bizə verin və zəmanət verərək söyləyə bilərəm ki, əgər özünüzü yaxşı aparsanız, sizi azadlıqda saxlayaram. Lakin yenidən tora düşmüş olsanız, onda bu, artıq sizin sonunuz olacaq. Ancaq mənə indi həvalə olunub ki, sizi deyil, qaşı əldə edim.
– Bəs mən razı olmasam, necə?
– Əgər qaşı əldə edə bilməsək, onda yalnız sizi həbs etməli olacağıq.
Holms zəng edib Billini çağırdı.
– Qraf, hesab edirəm ki, dostunuzun da bu müzakirədə iştirakı çox gözəl olar. Mənə elə gəlir, o da bu işin içindədir. Billi, binanın girəcəyində kobud bir centlmen durub, onun yuxarı qalxmasını rica edin.
– Bəs gəlmək istəməsə?
– Heç bir müdaxilə etmək lazım deyil. Onunla kobud rəftar etməyə ehtiyac yoxdur. Əgər onu qraf Silviusun çağırdığını söyləsəniz, mütləq gələcək.
Billi getdikdən sonra qraf soruşdu:
– İndi siz nə etmək fikrindəsiniz?
– Mən yalnız dostum Vatsona toruma böyük bir köpək və xırda çay balığının düşdüyünü söyləməyi tapşırdım. İndi də toru süzmək istərkən onlar suyun üzərində açıq-aydın çabalamağa başlayıblar.
Qraf əlini arxasına yönəldərək oturacaqdan qalxmağa çalışdı. Bunu görcək Holms da əlini xələtinin cibinə saldı.
– Holms, sizə öz yatağınızda ölmək nəsib olmayacaq.
– Bu barədə dəfələrlə düşünmüşəm. Məgər bu, belə vacibdir? Yəqin, siz də əcəlinizi ayaqüstə qarşılamaq istəyindəsiniz. Amma əvvəlcədən verilmiş bu nifrətdoğurucu xəbərlər əhval-ruhiyyəni korlayır. Yaşadığımız günlərdən ləzzət almağımız gözəl deyilmi?
Cinayət dünyasının hökmdarı olaraq qrafın kinli gözləri birdən-birə yırtıcı baxışı kimi parlamağa başladı. Holmsun bütün vücudu gərginlik və istənilən an həmlə yetirə biləcək vəziyyətdəydi; indi daha iri görünürdü.
– Silahınızı qurcalamağa heç də ehtiyac duymayın, əziz dostum, – deyə tamam sakit halda söylədi. – Sizə məlumdur ki, lap bu silahı çıxartmağa imkan versəm belə, ondan atəş açmaqda çətinliyiniz yaranacaq. Atəş etmək çox səs-küylüdür. Məncə, sıxılmış hava ilə işləyən silahdan istifadə etməyiniz daha doğru olardı. Deyəsən, artıq qiymətli şərikinizin addım səslərini eşidirəm. Salam, cənab Merton! Küçədə gözləmək çox darıxdırıcıdır, elə deyilmi?
Boks üzrə çempion olan iri gövdəli, sadəlövh, inadkar və üzü kobud şəkildə yontalanmış bir gənc çaşqın halda ətrafa nəzər salaraq, qapının yanında dayandı. Holmsun nəzakətli müraciəti onu daha da qayğılandırdı, amma bunu rəqib münasibət kimi qarışıq şəkildə duyduğu üçün özünü necə idarə edəcəyini bilmədi. O, özündən nisbətən arif olan dostuna tərəf çevrilərək soruşdu:
– Qraf, burada nə baş verir? Ona nə lazımdır? Bizlə nə işi var? – onun səsi çox xırıltılı və yoğun çıxırdı.
Qraf çiyinlərini çəkdi. Əvəzində Holms cavab verməli oldu:
– Qısa deyim, siz oyununuzu uduzmusunuz, cənab Merton.
Boksçu cinayət yoldaşına tərəf baxdı:
– O, zarafat edir? Mən indi heç zarafat ediləsi halda deyiləm.
– Bu, tamamilə aydındır, – deyə Holms söylədi. – Söz verirəm, bir azdan siz lap az zarafat ediləsi halda olacaqsınız. Qulaq asın, cənab Silvius. Mənim işim-gücüm var, vaxtımı hədər yerə keçirə bilmərəm. İndi mən yataq otağına keçəcəm. Yoxluğumda çəkinməməyinizi rica edirəm. Mən olmadan sizə işin nə yerdə olduğunu bir-birinizə anlatmaq daha rahat olacaq. Bu müddətdə skripkada Hofmanın nağıllarından “Barkarola”nı ifa etmiş olaram. Beş dəqiqə sonra yekun cavabınızı almaqdan ötrü bura qayıdacağam. Güman edirəm, sizə aydın şəkildə izah etmiş oldum ki, iki seçimdən biri ilə razılaşasınız: ya siz, ya da almaz qaş!
Holms bunu dedikdən sonra küncdəki skripkanı götürüb yataq otağına keçdi. Bir neçə dəqiqə sonra yan otağın örtülü qapısından ağır və iniltili səs kimi yadda qalan melodiya səslənməyə başladı.
– Hə, indi deyin görüm, nə baş verib? – deyə Merton çevrilərək soruşdu. – O, məgər qaş haqqında nəsə bilir?
– Lənətə gəlmiş, güman etdiyimizdən də artıq məlumata sahibdi, bəlkə də, elə hər şeydən xəbərdardı.
– Lənətə gələsən! – boksçunun sarıya çalan sifəti bir anlığa ağardı.
– Ayki Sanders bizə bir oyun oynayıb.
– Ayki? Eybi yoxdur, onun boynunu qırmaq mənə borc olsun.
– Bundan da bir şey çıxmayacaq, gərək yubanmadan işimizi həll edək.
– Dayanın, görüm, – deyə boksçu şübhəli nəzərlərlə yataq otağının qapısına tərəf boylandı. – O, tülkü qədər hiyləgər olduğu üçün bir az ehtiyatlı olmaq lazımdır. Görəsən bizi güdmür ki?
– Əgər əlində skripka çalırsa, bizi necə güdə bilər?
– Düzdü. Pərdələrin arxasında şübhəli kimsə yoxdur ki? Burda pərdələrin həddindən artıq olması məni narahat etməyə başlayıb.
Boksçu yenə də ətrafa göz gəzdirdi və qəfildən ilk dəfə olaraq pəncərənin yanındakı manekeni gördü; heç bir söz deyə bilmədiyindən səssiz-səmirsiz heyrət içərində gözlərini ona zillədi.
– Bu, mumdan hazırlanmış kukladır, çəkinəcək elə bir şey yoxdur, – qraf izah etdi.
– Düzəltmə şeydir, eləmi? Bəlkə də, xanım Tyusso heç yuxusunda beləsini görməyib. Həm xələti, həm də hər bir şeyi sanki canlıdır. Bu pərdələri də lənətə gəlsin, qraf!
– Pərdələri bir kənar atın, vaxtımız çox az qalıb, onu da əbəs yerə sərf etməyək. O, bizi bu qaşa görə həbs edə bilər.
– Elə ikisi də lənətə gəlsin!
– Əgər qiymətli qaşın yerini ona söyləyəriksə, bizi həbs etməz.
– Nə danışırsınız! Yüz min funt dəyərində olan qaşdan imtina etmək olar?
– Başqa çıxış yolumuz yoxdur.
Merton qısa vurulmuş başını qaşıyaraq söylədi:
– Mənə qulaq asın, burda tək olduğu üçün bəlkə onu elə öldürsək yaxşıdır. Ölsə, bizim də heç nədən qorxumuz qalmaz.
Qraf başını buladı.
– O, çox sayıqdır, özü də silahı həmişə hazır vəziyyətdədir. Əgər onu vursaq, bizim buradan çıxıb getməyimiz mümkün olmayacaq. O, çox güman ki, polisi də bu haqda məlumatlandırıb. Dayanın, görüm! Bu nədir?
Onlar pəncərə tərəfdən astadan gələn səs duydular. Hər ikisi yerindən sıçrayıb, ətrafa göz gəzdirdi – sakitlik idi. Kresloda əyləşmiş bu qəribə simanı nəzərə almasaydılar, otaqda onlardan başqa heç kəs yox idi.
– Səs küçədən gəlir, – deyə Merton söylədi. – İndi nə edəcəyik? Ağlınız hələ başınızdadır, mənim şefim. Nəsə fikirləşib etməliyik, axı! Əgər bu işi güclə həll etmək mümkün deyilsə, bunun altından necə çıxacağımız yenə də sizə bağlıdır.
– Mən bundan da betərlərin aldatmışam, – deyə qraf cavab verdi. – Qaş mənim yanımdadır, özü də gizli cibimdədir. Mən onu başqa yerə qoya bilməzdim. Bu gün axşam onu Amsterdama göndərmək lazım gələcək və yalnız istirahət gününə qədər onu dörd yerə bölməyə imkan tapa bilərlər. O, Van Seddar haqqında heç nə bilmir.
– Mən elə bilirdim ki, Van Seddar yeni həftə yola düşməlidir.
– Hə, gələn həftə getməliydi, amma indi gərək növbəti gəmilə yola düşsün. İkimizdən biri necə olursa-olsun, qaşla Laym-stritə gizlincə getməli, onu xəbərdar etməlidir. İkinci işimiz hələ hazır deyil, amma heç nə olmaz. Onu risk edib dolayı deyil, düzgün yolla aparmağa məcburuq. Vaxtı itirmək olmaz.
Bunu deyib ehtiyatı əldən verməyən ovçu kimi yenidən diqqətlə pəncərəyə tərəf baxdı. Bəli, şübhəsiz, bu zəif səs küçədən gəlirdi.
– Holmsusa aldatmaq asandır. Bu səfeh işinin asan olması üçün qiymətli qaşı aldıqdan sonra bizi buraxacağını söyləyib. Biz də vəd edərik ki, qaşı ona verəcəyik. O, səhv yola yönəltdiyimizi anlayana kimi qaş artıq Hollandiyaya gedib çıxacaq, bizsə o vaxt sərhəddən kənarda olacağıq.
– Bu, çox yaxşı olar! – Merton razı halda gülümsədi.
– Sən hollandlının yanına gedib ləngiməməsini söyləyəcəksən. Mənsə bu sadəlövhü dilə tutmağa calışacam və qaşın Liverpulda olduğunu deyəcəm. Lənətə gəlmiş musiqi mənim bütün əsəblərimə toxundu. Holms qaşın Liverpulda olmadığını aydınlaşdırana qədər qaş dörd hissəyə parcalanmış olacaq, biz də sizinlə açıq dənizdə üzərək gedəcəyik. Bir az yaxın gəlin, yoxsa hansısa yarıqdan-zaddan sizi görərlər. Qaş budur, məndədir.
– Bəs siz onu özünüzlə gəzdirməkdən qorxmursunuz?
– Bu, ən əlverişli yoldur, çünki biz onu Uayt-holdan oğurlamağı bacarmışıqsa, sözsüz, evimdən də istənilən şəxs götürüb apara bilər.
– Verin, bir baxım.
Qraf Silvius cinayət yoldaşının uzanmış əlinə heç də razılıqla nəzər yetirmədi.
– Doğrudanmı mənim sizi aldadacağımdan ehtiyat edirsiniz? Qraf, artıq sizin bu zarafatlarınız məni bezdirməyə başlayıb.
– Yaxşı, Sem, incimə, bizə indi dalaşmaq olmaz. Əgər almaza lap yaxından baxmaq istəyirsənsə pəncərəyə bir az da yaxınlaş və onu işığa tut.
– Təşəkkür edirəm.
Bu vaxt Holms bir göz qırpımında əvvəllər maneken əyləşdiyi kreslodan atılıb almazı cəld qapdı. Bir əlində almaz, digərində isə tapançanı tutaraq qrafın başını nişan aldı. Çaş-baş qalmış hər iki fırıldaqçı geri çəkilməyə məcbur oldu. Onlar hələ özlərinə gəlməmiş Holms elektrik zənginin düyməsini basdı.
– Heç də müqavimət göstərmək həvəsinə düşməyin! Sizə yalvarıram, mebellərimi qoruyun, cənablar! Yəqin, sizə vəziyyətinizin acınacaqlı olduğu aydındır. Polis çoxdan burdadır və sizi gözləyir.
Şoskom malikənəsində faciəli hadisə
Şerlok Holms əyilib xeyli mikroskopa baxandan sonra dikəldi, bu an onun gözlərində coşqunluq hiss etdim.
– Bu yapışqandır, Vatson! – deyə söylədi. – Heç bir şübhə ola bilməz ki, bu yapışqandır. Siz mikroskopun görmə fonunda dağınıq olan bu nöqtələrə bir nəzər salın.
Mən bir qədər mikroskopa doğru əyildim və obyektivdən diqqətlə baxmağa başladım.
– Bax, bu tellər pencəkdən qopmuş xovdan başqa bir şey deyil. Bu formasız boz kütləsə tozdur. Solda insan bədənindən qopmuş kiçik dəri pulcuqları görə bilərsiniz. Bu aralıqda olan qəhvəyi qabarcıqlarsa, şübhəsiz ki, yapışqandır.
– Hə, nə olsun? – soruşaraq qəhqəhə çəkib qüldüm. – Mən sizə inanmağa hazıram, bəs bütün bunlardan nəsə çıxacaqmı?
– Bu təkzibedilməz dəlildir, – deyə Holms izah etməyə çalışdı. – Sent-Pankrasedəki hadisə yadınızdadırmı? Ölmüş polis nəfərinin yanında bir kepka tapılmışdı. Müqəssir isə papağın ona məxsus olduğunu boynuna almırdı. Amma şəkillər üçün çərçivə düzəltdiyindən tez-tez yapışqandan istifadə edirdi.
– Siz bu işin araşdırılmasına başlamısınız?
– Xeyr, bu işin araşdırılması ilə mənim dostum Mariveyl məşğuldur. Mənəsə kömək etməyimi xahiş edib. Qəlp pul düzəldəni ifşa edərkən onun köynəyinin manjetində olan sink və mis qalıqlarını aşkara çıxartdıqdan sonra biz mikroskopun nəyə qadir olduğunu başa düşdük. İndi yeni müştərimiz gəlməlidir, ancaq o, deyəsən, bir qədər gecikir. Vatson, sizin at yarışları haqda nəsə bir anlayışınız varmı?
– Arada lazım gəlir. Axı bu əyləncə məvacibimin, demək olar, yarısını aparır.
– Onda sizi özümə məsləhətçi götürürəm, məni “Terfa”dan bir nəfər – cənab Robert Norberton maraqlandırır. Sizə bu şəxs haqqında nəsə məlumdurmu?
– Deyəsən, o, qədim Şoskom malikənəsində yaşayır. Bunu lap dəqiq bilirəm, çünki bütün yayımı orada keçirməli olmuşdum. Axı sizə də haçansa onunla tanış olmaq üçün zəmin yaranmışdı.
– Doğrudan?
– Hə, bir dəfə Nyumarketdə cənab Robert öz qamçısıyla Kerzon-stritdən olan məşhur tədarükçünü elə döymüşdü ki, həmin adam ayaqlarını güclə sürüyürdü.
– Belə çıxır ki, çox əyləncəli adamdır! O, həmişə bu cür əylənir?
– O, təhlükəli adam kimi ad qazanıb. İngiltərənin ən qoçaq at minənlərindən biri sayılır. Bir neçə il bundan qabaq “Qrand neşnl” mükafatı uğrunda yarışlarda ikinci yeri tutmuşdu. Elə adamlar var ki, doğru zamanda doğulmur. Gözəl qadınları həddindən çox xoşlayan və bu səbəbdən borc içində çarəsiz qalan bu adam atletik qamətli boksçu və at çapma yarışlarında rəqibinə aman verməyən bir oyunçu olaraq gərək hökumət naibliyi zamanında yaşayaydı.
– Əladır, Vatson. Çox qısa və mükəmməl təsvir elədin. Mən artıq necə bir adam haqqında söhbət getdiyini anladım. Bəs mənə qədim Şoskom haqqında nəsə danışa bilərsinizmi?
– Onu bilirəm ki, ora Şoskom parkının lap mərkəzində yerləşir. Orda xudmani cıdır meydanı və Şoskom atları saxlanan yer də var.
– Baş məşqçinin adı Con Meysondurmu? – deyə Holms maraqlandı. – Mənim bundan xəbərdar olmağım sizi heç də təəccübləndirməsin. Əlimdəki məktub məhz ondandır. Yenə də Şoskom barədə söhbətə qayıdaq. Bəxtim onda gətirib ki, siz bu ərazi haqda belə çox məlumata sahibsiniz.
– Şoskom həm də spaniel növündən olan köpəklərilə məşhurdur. İstənilən sərgidə onlar haqda eşidə bilərsiniz. Şoskom spaniel itləri bütün İngiltərənin, həmçinin, malikanənin sahibəsinin fəxridir.
– Cənab Robert Norbertonun həyat yoldaşınınmı?
– Cənab Norberton heç vaxt evli olmayıb, bu da çox təqdirə layiq bir şeydir. O, dul bacısı xanım Beatris Foderlə birgə yaşayır.
– Demək istəyirsiniz, bacısı onun evində yaşayır?
– Mən səhv etməmişəm. Köhnə Şoskom malikənəsi onun həyat yoldaşı cənab Ceymsə məxsusdur. Bu malikənin sahibliyinə görə cənab Robert heç də iddialı deyil. Onun bacısı ömrünün axırına kimi malikənəyə sahiblik etmə hüququna malikdir, amma ölümündən sonra bütün mülkiyyət mərhum həyat yoldaşının qardaşına keçəcək. O, hələ bu evin gəlirlərindən istifadə edir.
– Və güman etmək olarmı ki, qardaşı cənab Robert bütün bu pulları göyə sovurur?
– Belə demək olarsa, təxminən hamısını. Göründüyü kimi, cənab Robert çox utanmaz adamdır, bəzən o, hətta bacısını belə sıxıntılı hala salır. Lakin bacısı bu nəzakətsizliyini çox vaxt bağışlayır. Bəs Şoskomda nə baş verib?
– Bax, elə mən də bunu öyrənmək üçün səbirsizlənirəm. Budur, deyəsən, gələn bu müştəri bizim marağımızı təmin edəcək.
Qapı açıldı və otağa hündür boylu bir kişi daxil oldu. Onun səliqəli təraş olunmuş üzü möhkəmlik və ciddilik ifadə edirdi. Bu keyfiyyətləri ancaq atlara və ya gənclərə təlim keçən şəxslərə aid etmək olardı. Meyson həm bu, həm də digər səlahiyyətlərə sahib insan idi. Və etiraf etmək olar ki, onu doğrudan da öz peşəsinin layiqli nümayəndəsi hesab etmək olardı. Con Meyson ehtiramla baş əyib Holmsun təklif etdiyi oturacaqda əyləşdi.
– Cənab Holms, məktubumu aldınızmı?
– Hə, amma düzünü desəm, ordan bir şey anlaya bilmədim.
– Mən hər şeyi məktub vasitəsilə açıqlamaqda bir qədər səriştəsizəm. Hətta özüm də qədim Şoskomda baş verənlərdən nəticə çıxarıb anlamaqda çətinlik çəkirəm. Bu səbəbdən sizinlə şəxsən görüşmək istədim.
– Elə isə, qulluğunuzda hazırıq.
– Cənab Holms, deyəsən, mənim sahibim cənab Robert tamamilə ağlını itirib.
Holms heyrətindən qaşlarını qaldırdı.
– Ünvanı səhv salmamısınız ki? Çünki bura Xarli-strit deyil, Beyker-stritdir. Amma buna baxmaraq öyrənmək istərdim ki, sizi belə bu nəticəyə gəlməyə vadar edən əsas səbəb nədir?
– Əgər bir adam bir və ya iki dəfə qəribə və qeyri-adi hərəkət edərsə, bunu anlamaq olar. Amma etdiyi hər şey şübhə doğurursa, artıq özümdən asılı olmayaraq həmin şəxsin ağıl fəaliyyətinin yerində olmadığını güman etməyə başlayıram. O, qarşıdan gələn at yarışlarına, daha doğrusu, Şoskomun Prins adlı atına görə bu vəziyyətə düşüb.
– Deyəsən, siz elə həmin ata təlim keçirsiniz?
– Ondan yaxşısını İngiltərədə tapmaq qeyri-mümkündür, cənab Holms. Heç kim deməsə də, mən bunu çox yaxşı bilirəm. Sizinlə açıq danışacağam. Mən sizi və cənab Vatsonu alicənab adam kimi tanıyıram, buna görə də əminəm ki, dediklərimin hamısı bu otaqdan kənara sızmayacaq. Cənab Robertə sadəcə olaraq qarşıdan gələn böyük at yarışlarında qələbə qazanmaq lazımdır. Onun bundan başqa çıxış yolu yoxdur, çünki borc içində itib-batıb. Prins adlı atın udması üçün böyük miqdarda pul qoyulub, çox hissəsini də başqalarından borc alaraq ödəyib. Cənab Robert qoyulmuş məbləğ yüz ikən bu oyuna daxil olmuşdu, amma indi aşağı düşüb, hətta qırxa çatıb.
– Əgər doğrudan da sizin dediyiniz kimi bu at belə yaxşıdırsa, onda belə bir şeyin olması heç mümkündürmü?
– Onun yaxşı at olması yalnız əksəriyyət adamlara məlumdur. Cənab Robert onu rahat buraxmayanları barmağına dolayaraq, ətrafındakılarının qarşısına yalnız atın ikinci tayını çıxarıb. Atlar bir-birinə çox bənzəyir. Amma sınaq zamanı Prins onu farlonqda iki gövdə artıq keçir. İndi Cənab Robertin gecə-gündüz düşündüyü ancaq at yarışlarıdır. Çünki onun gələcəyi bu nəticələrdən asılıdır. Borclandığı adamlar da yalnız bu yarışların nəticəsini gözləyir. Əgər at onun ümidlərini doğrultmasa, bu, cənab Robertin faciəli sonu olacaq.
– Elədir ki var. Doğrudan da ümidsiz oyundur. Bəs niyə siz cənab Norbertonun ağlını itirdiyini güman edirsiniz?
– Onun belə olduğunu hiss etmək üçün özünü bir dəfə görmək kifayət edər. Onun gecəni yatdığına da şübhə edirəm. Bütün gününü atlar saxlanan tövlədə keçirir. Bu, onun psixoloji vəziyyətinə çox pis təsir göstərir. Onun elə divanə baxışları var ki! Hələ xanım Beatrisə olan davarınışını görəsiniz…
– Necə məgər?
– Onlar həmişə bir-birilə yaxın dost olublar. Zövqləri, demək olar, eynidir, atları da cənab Robertdən az sevmir. Hər gün eyni saatlarda atları seyr etmək üçün oradan keçirdi. Xüsusən də, Prins adlı atı daha çox xoşlayırdı. Elə at da onun arabasının səsini eşidərkən qulaqlarını şəkləyib dururdu. Bir parça qəndini almaq üçün hər səhər arabanın yanına özünü yetirərdi. İndisə bütün bunlara son qoyulub.
– Nəyə görə?
– O, indi atlara qarşı bütün marağını itirib. Artıq bir həftə olar, laqeydliklə onların yanından keçir və heç salam da vermir.
– Güman edirsiniz ki, qardaşı ilə onun arası dəyib?
– Hə, özü də böyük və ciddi küskünlük yaranıb. Özünüz bir düşünün, qardaş bacısını öz sevimli köpəyindən belə məhrum edib. Bu yaxınlarda köpəyi “Yaşıl əjdaha”nın sahibi yaşlı cənab Barnsa verib. Həmin yer Şoskomdan üç mil uzaqlıqda –Krendalda yerləşir.
–Doğrudan da, çox qəribə rəftardır.
– Əlbəttə! O, belə bir sağlıqda qardaşının varlığına necə dözür! Onun ürəyi çox zəifdir, bir yandan da, bədən boşluqlarında su yığılması kimi xəstəliyi var. Cənab Robert hər səhər iki saatını onun yanında keçirirdi. Nə olursa-olsun, bacısı həmişə ona sadiq dost olaraq qalmaqda davam edirdi. Amma indi bu mehribanlığa son qoyulub. Cənab Holms, o, sərxoş olmasından çəkinməyərək bir şüşəni axıracan su kimi başına çəkərək içir.
– Ayrılmamışdan qabaq da onunla belə hallar olurdumu?
– Aradabir bir qədəh içməyi vardı. İndisə eşikağası Stivensin sözlərinə görə, o, hər gün bir dolu şüşəni içmədən keçinmir. Bütün bu dəyişikliklərin arxasında nəsə çirkin şeylər durur. Hə, bir də… evin sahibi nə üçün hər gün köhnə ruhlarla dolu sərdabəyə getsin ki? Görəsən, onu hər gün orda müşayət edən adam kimdir?
Holms məmnuniyyət hissi keçirdiyindən əllərini bir-birinə sürtdü.
– Davam edin, cənab Meyson, söhbətiniz getdikcə daha maraqlı olmağa başlayır.
– Lap ilk dəfə eşikağası cənab Robertin harasa getdiyini anlayıb. Demək olar, gecə yarısıydı, yağış leysan kimi yağırdı. Mən növbəti gecə yatmağa hələ getməmişdim. Baxıb nə görsəm yaxşıdır, doğrudan da, ağam harasa getməyə hazırlaşır. Buna görə, biz Stivensonla onu güdmək fikrinə düşdük. Amma bu, heç də asan olan şey deyildi. Əgər onu güddüyümüzü hiss etsəydi, bizim halımız pis olardı, çünki cənab Robertin nəsə ürəyincə olmayanda qarşısında kimin olduğunun fərqinə varmadan həmin dəqiqə iri yumruqlarını işə salardı. Bu səbəbdən biz tamamilə yaxın getməkdən çəkinirdik, lakin onun artıq hara gedəcəyini anlamışdıq. O, sərdabəyə tərəf gedirdi və orada kimsə onu gözləyirdi.
– Bəs bu sərdabə harda yerləşir?
– Parkda qədim məbəd xarabalığı var. O qədər qədimdir ki, yaşını təyin etmək mümkün deyil. Xarabalığın tam qabağındasa həmin sərdabə yerləşir. Bu yer haqqında çox pis şayiələr gəzir, guya orada qulyabanilər yaşayır. Gündüzlər qəmgin, nifrət oyadan və Tanrının unutduğu, axşamlarsa çox qorxulu yer kimi tanınır. Yerli əhali arasında çox az cəsur adam tapılar ki, ora Günəş batandan sonra getmiş olsun. Bizim ağa isə heç nədən qorxmurdu. O, ümumiyyətlə çox cəsur adamdır. Belə gec – axşam vaxtı orda olmaq onun nəyinə gərəkdi?
– Dayanın bir görüm, siz bundan başqa bir də onu gözləyən hansısa adamın varlığı haqda nəsə söylədiniz? Bu mehtərlərdən və ya nökərlərdən biri deyildi ki? Onu tapıb yaxşıca sorğu-sual eləmək lazımdır.
– O, bu tərəfin adamı deyil.
– Siz niyə belə düşünürsünüz?
– Ona görə ki, mən onu lap yaxından görmüşəm, cənab Holms. Bu, o birisi gün axşam olmuşdu. Cənab Robert geri qayıdırdı. O, düz bizim yanımızdan ötüb keçdi, mən Stivensonla kolların arasında dovşanlar kimi tir-tir əsərək gizlənmişdim, geçə çox aylı və aydın idi. Birdən nə görsək yaxşıdır?! Həmin adam gəlir. Cənab Robert artıq çox uzaqlaşmışdı, biz də guya Aylı gecədə gəzirmişik kimi gizləndiyimiz yerdən çıxdıq. Naməlum adama yaxınlaşaraq heç nə olmamış kimi dedim: “Salam, dostum, mən sizi heç tanımıram”. Yaxınlaşdığımızdan xəbəri olmadığına görə bizə tərəf dönərkən sifəti sanki buynuz çıxarmış şeytan görmüş kimi elə bir şəklə düşdü ki, həyəcanlı səslə çığırıb bütün var gücüylə qaçmağa üz tutdu. Etiraf edim ki, çox sürətlə qaçırdı. Heç bir dəqiqə keçməmiş gözdən itməyə macal tapdı. Onun kim olduğunu öyrənmək bizə yenə də qismət olmadı.
– Bəs, siz onu Ay işığında yaxşıca nəzərdən keçirmədinizmi?
– Bəli, cənab. Tanış olsaydı, mən bu rəzil adamı tanıyardım. Onun cənab Robertlə ümumi nə əlaqəsi ola bilər ki?
Holms yenidən öz fərziyyələrinə qapıldı.
– Xanım Beatris Folder sonra kimlə oturub-durur? – nəhayət, soruşdu.
– Artıq beş ildir, onların evində Kerri İvens adlı bir xadiməçi qulluq edir.
– O, yəqin ki, öz sahibəsinə sədaqətlidir?
– Sədaqətlidir, amma ona yox. Bilirsiniz kimə?.. – cənab Meyson bir az qısıla-qısıla cavab verdi.
– Deməli belə, hə!
– Mən öz sahiblərimin davranışlarını müzakirə etmək istəmirəm.
– Sizi başa düşürəm, cənab Meyson. Hadisələrin gedişatı artıq mənə aydındır. Sözlərinizdən bu qənaətə gəlmək olar ki, cənab Robert heç bir qadını nəzərindən qaçırmaz. Məgər siz bacı ilə qardaş arasındakı küskünlüyün əsas səbəbinin bundan qaynaqlandığını düşünmürsünüz?
– Onun xidmətçi qadınla əlaqəsini çoxdandır ki, hamı bilir.
– Bəlkə, xanım Beatris əvvəllər heç də bundan xəbərdar olmayıb? Bacısının qalmaqal yaratdığı bu əlaqəni qəflətən öyrəndiyini fərz edək. Bu vaxt bacısı xidmətçidən aralanmağını istəyir, lakin qardaşı buna qəti etiraz edir. Bəs bacısı belə xəstə və aciz ikən onun istəyinə qarşı nə edə bilərdi? Amma kin bəslədiyi qadın əvvəlki kimi onunla qalmaqda davam edir. Xanım qardaşı ilə barışmaq istəməyincə, o da bacısını cəzalandırmaq məqsədilə sevimli itini əlindən alır. Hər şey bir-birilə uyğun gəlir, elə deyilmi?
– Uyğun gəldiyi aşkardır, yalnız hamısı yox. Bu küskünlüyün gecə səfərlərilə nə əlaqəsi var? Onlar bizim süjet xəttimizə əlavə edilə bilməzlər.
– Cənab, siz doğru söyləyirsiniz. Bir də elə bir hadisə var ki, mən onu başa sala bilmirəm. Ölüləri məzardan qazıb çıxartmaq cənab Robertin nəyinə gərəkdi?
Holms diqqətini qonağın sözlərinə cəmlədi.
– Biz bunu dünən sizə məktub yazdıqdan sonra aşkar etmişik. Dünən cənab Robert Londona getmişdi, biz də Stivensonla sərdabəni nəzərdən keçirməyi qərara aldıq. Əvvəlcə heç bir qeyri-adi şeylə rastlaşmadıq, amma sonra küncdə bir cəsəd aşkar etdik.
– Güman edirəm, siz bu haqda polisə xəbər vermisiniz.
Qonaq pərt halda gülümsündü.
– Ancaq çətin ki, bu polisi maraqlandırmış olardı. Orada təkcə çürümüş sümüklər və kəllə qalmışdı. Kimsə onları bir-birinin üzərinə qalaqlamış, üstünü də taxta lövhə ilə örtmüşdü.
– Bəs, siz onları neylədiniz?
– Heç bir şey etmədik. Necə vardısa, eləcə də yerində qoyduq.
– Siz çox ehtiyatlı davranmısınız. Deməli, bildirirsiniz ki, dünən cənab Robert Londona getmişdi? O, geri qayıtmışdırmı?
– Bu gün qayıtmalıdır.
– Bəs, iti cənab Robert nə vaxt verib?
– Bir həftə qabaq. Keçən həftə səhər çağı yazıq it köhnə quyunun yanında duraraq yanıqlı səslə ulayırdı, cənab Robertin də həmişəki kimi kefi yox idi. O, qəfildən iti yerdən qaldırdı, mənə elə gəldi ki, sahibi onu öldürmək istəyir. Lakin o, itin artıq burada qalmağına dözümü olmadığı üçün onu Sendi Beynə verib əmr etdi ki, “Yaşıl əjdahanın“ sahibi qoca Barnsın yanına aparsın.
Holms təmizlənməmiş və lap köhnədən qalmış tütün çubuğunu yandırıb tüstülətməyə başladı, bir qədər düşündükdən sonra, nəhayət ki, dilləndi:
– Cənab Meyson, sizə nə köməyim dəyə bilər? Bunu yenə də tam şəkildə başa düşə bilmirəm. Sizdə buna dair konkret nəsə varmı?
– Bəlkə bu, sizə konkret nəsə vermək iqtidarında olar? – deyən müştəri cibindən bükülmüş bir şey çıxardaraq, onu ehtiyatla açdı. Bu, yanmış sümük hissəsiydi. Onu Holmsa göstərdi.
Holms onu diqqətlə nəzərdən keçirib soruşdu:
– Siz bunu haradan tapmısınız?
– Xanım Beatrisin otağının zirzəmisində qazanxana yerləşir. Xeyli vaxt olardı ki, qızdırıcı sistemindən istifadə etmirdik, amma bu yaxınlarda cənab Robert soyuq olduğunu şikayət etdiyindən, onu yenidən yandırdılar. Bizim ocaqçı, mənim adamım olan Harvi bu gün səhər yanıma gəlib söylədi ki, külü çıxararkən hansısa sümüyə rast gəlib. Bu əşyanın o dəqiqə onun xoşuna gəlmədiyini söylədi.
– Etiraf etməliyəm ki, bu, elə mənim də xoşuma gəlmədi, – Holms bildirdi. –Vatson, bu haqda siz nə fikirləşirsiniz?
Sümük çox yanmış olsa da, onun anatomik mənşəyi barədə heç bir şübhəm yox idi.
– Bu, insanın omba sümüyünün bir hissəsidir, – dedim.
– Tamamilə doğrudur, – deyib daha işgüzar tona keçdi. – Sobanın təmizlənməsi adətən nə vaxt aparılır?
– Harvi oranı adətən səhərlər təmizləyir, sonrasa çıxıb gedir.
– Deməli, axşamlar ora istənilən adam girə bilər?
– Bəli, cənab.
– Bəs, küçədən ora giriş yoxdur?
– Girişin biri küçədən, digəri isə xanım Beatrisin otağının yerləşdiyi tərəfdəndir.
– Bu, çox qaranlıq məsələdir, cənab Meyson. Qaranlıq olmasıyla yanaşı, həm də çox alçaq işdir. Siz deyirsiniz ki, cənab Robert keçən gecə evdə olmayıb?
– Olmayıb, cənab.
– Deməli, sümükləri yandıran o deyil.
– Bəs xatırlatdığınız mehmanxananın adı nə idi?
– “Yaşıl əjdaha”.
– Sizin yerlərdə balıq tutma necə gedir?
Holmsun çaşdırıcı sözlərinin yanına bir anormal sualın da əlavə olunduğunu görən möhtərəm qonağın sifətinin necə dəyişdiyini təsvir etmək çox çətindi.
– Bildiyimə görə, çayda dəyirmanın yaxınlığında alabalıq, Holl gölündə isə uzunburun balıq var.
– Lap yaxşı. Biz Vatsonla balıqçılığa çox aludəyik, elədirmi, dostum? Gələcəkdə bizə yalnız “Yaşıl əjdaha”da müraciət edə bilərsiniz. Məncə, biz bu gün axşama doğru orada olacağıq. Amma cənab Meyson, sizin “Yaşıl əjdaha”ya səfər etməyinizin arzuedilməzliyini izah etməyə ehtiyac yoxdur. Çünki göndərdiyiniz hər məktub bizə rahatca çatacaq, elə özüm də lazım olanda sizi asanlıqla axtarıb tapa bilərəm. Biz elə yerindəcə hər şeyi ətraflı öyrənək, sonrasa fikrimi sizə bildirərəm…
Beləliklə, biz bir may axşamı Holmsla birgə boş sərnişin qatarının birinci dərəcəli vaqonuna oturduq. Səfərimiz Şoskom adlanan kiçik stansiyaya qədər idi, yalnız həmin yerdə düşməkdən ötrü qatarı ehtiyaca görə dayandırmaq gərəkdi. Bizim yük yerimizi çoxlu sayda qarmaq, qarqara və zənbillərdən ibarət olan çox böyük ölçülü səfər əşyaları tutmuşdu. Şoskoma çatan kimi arabayla köhnə dəbli bir mehmanxanaya gəldik, burada bizi zarafatcıl mehmanxana sahibi Coziya Barns qarşıladı. O, ətraf ərazilərdə balıqların tələf olması haqqındakı planlarımızın müzakirəsində çox fərəhlə iştirak edəcəyinə söz verdi.
– Deyilənə görə, Holl gölü uzunburun balıqlarıyla şöhrət qazanıb. Yəqin, bizim də ümidimiz boşa çıxmaz, – deyə Holms maraqla söylədi.
Bu sözlərimizi eşidəndə mehmana sahibinin üzü o dəqiqə ciddi şəkil aldı.
– Çətin ki, cənab. Sizin nəsə bir şey tutmağınızdan əvvəl göldə olma şansınızı ümid etməyiniz lazımdır.
– Niyə?
– Cənab Robert “böcəklərdən” ehtiyat edir. Cıdır meydanında iki yad adamın gəzintidə olması onun xoşuna gəlməz, çünki bunun nə ilə nəticələnəcəyini çox gözəl bilir.
– Eşitmişəm, onun atı bu yaxında yarışlarda iştirak edəcək.
– Bəli, yaxşı atdır. Biz və cənab Robert bütün pullarımızı qalib gəlməsi üçün ona qoymuşuq. Yeri gəlmişkən soruşmaq istəyirəm, bəs siz cıdır yarışlarında iştirak etmirsiniz?
– Nə danışırsınız, əlbəttə, yox. Biz yalnız London hay-küyündən yorulmuş şəhər adamıyıq. Saf və təmiz hava udmaq üçün bura gəlmişik.
– Yaxşı eləmisiniz, çünki burdan yaxşı yer tapmaq mümkün deyil. Təmiz havasa burda boldur. Lakin cənab Robert haqqında dediklərimi yadınızdan çıxartmayın. O, əvvəl davaya girişər, sonrasa işin əsas səbəbini ayırd etməyə başlayar. Parkdan kənar durmağa çalışın.
– Əlbəttə, cənab Barns. Sözsüz, sizin məsləhətinizi unutmarıq. Yeri gəlmişkən, sizin necə də gözəl itiniz var! Biz gözləmə zalından keçərkən onun zingiltisini eşitdik.
– Doğrudur, cənab, əla itdir. Əsl Şoskom spanielisidir. Bu cür it heç bütün İngiltərədə yoxdur.
– Mən də itləri çox sevirəm, – deyə Holms bildirdi. – Əgər sirr deyilsə onun qiyməti nə qədərdir?
– Nə danışırsınız, cənab! Bu itin ödənilə bilinməyəcək dərəcədə çox böyük dəyəri var. Onu mənə cənab Robert hədiyyə edib. Elə buna görə, onu bağlı saxlayıram ki, birdən təsadüfən geriyə – öz sahiblərinin yanına qaçar…
Mehmanxana sahibi gedən kimi Holms dedi:
– Bax, bu, indi bizimçün əsas dəlil olacaq, Vatson. Onları ələ salmaq elə də asan iş deyil, amma mənə elə gəlir ki, tezliklə biz bunun da öhdəsindən gələcəyik. Yeri gəlmişkən, anladığım qədərilə, cənab Robert hələ Londondadır. Ağır xəsarət ala biləcəyimiz təhlükə, demək olar, yoxdur. Onda niyə biz bu gün axşam qadağan olunmuş əraziyə gedib yoxlama aparmayaq? Bəzi fərziyyələrimi yoxlamaq lazımdır.
– Holms, hansısa variantınız varmı?
– Hələ ki, xüsusi bir şey yoxdur, Vatson, burda təxminən bir həftə qabaq malikanənin həyat tərzini köklü surətdə dəyişən hadisə olub. Bu, necə baş verib? Hansı hadisəyə əsaslanır? Biz fərziyyələrimizi təkcə nəticələrə əsaslanaraq qura bilirik. Amma onlar tamamilə bir-birinə ziddir. Bizə kömək edən də elə bu olacaq. Hadisələr yalnız ən adi olan maraqlı cəhətlərilə qeyd edilməyəndə ümidsiz olur. Beləliklə, nəticə çıxarmağa çalışaq. Qardaşı öz sevimli, həm də xəstə bacısını yoxlamağa son qoyub. Onun spaniel köpəyini də başqasına verib. Başa düş, onun sevimli köpəyinı! Bunu necə izah etmək olar?
– Bu, doğrudan da, cənab Robertin onu sevmədiyini göstərir.
– Bəlkə, başqa ehtimal da var. Əgər doğrudan belədirsə, onların arasındakı küskünlük anından başlayaraq bu vəziyyəti aydınlaşdıraq. Xanım, demək olar ki, otağından kənara çıxmır, öz vərdişlərini belə dəyişmir, yalnız öz qulluqçusuyla gəzintiyə çıxır və atlar saxlanan yerə gəlib gözəl atına baş çəkmir, həddindən artıq alkoqollu içkilərə meyl göstərməyə başlayıb. Mənə elə gəlir, bildiklərimiz məhz bundan ibarətdir.
– Sərdabədəki hadisələrdən başqa.
– Bu, bizi tamamilə başqa istiqamətdə düşünməyə vadar edir. Bunlar iki dənədir, mən onları qarışıq salmamağınızı xahiş edirəm. Birincisi, xanım Beatrisə aid olan məsələlər bizə cox qaranlıq şəkillərdə təqdim olunub, elə deyilmi?
– Düzünü desəm, mənə hələ də qaranlıq qalır…
– Yaxşı, indi ikinci istiqamətə müraciət edək: bu da cənab Robertə aiddir. O, at yarışlarında qələbə çalmaq kimi çox güclü istəyə malikdir. O, xirtdəyəcəm borc içindədir, istənilən an müflisləşə bilər və əgər belə olarsa, atları da borclu olduğu şəxslərin əlinə keçə bilər. O, cəsur və fədakar adamdır. Bacısının hesabına yaşayır. Bacısının qulluqçusu onun itaətkar kənizidir. Bu istiqamətin hər bir tərəfini nəzərdən keçirdik. Vatson, hər bir şey öz qaydasındadır, elə deyilmi?
– Bəs sərdabə necə olsun?
– Hə, bir də sərdabə qalıb! Fərz edək ki… Bilirəm, fərziyyəm sizə qorxunc görünəcək, yalnız bu, təkzib edilmək üçün irəli sürülmüş bir ehtimaldır… Güman edək ki, cənab Robert guya öz bacısını öldürüb.
– Belə bir hal istisna olunur, dostum Vatson!
– Əlbəttə, cənab Holms, əlbəttə. Cənab Robert əsl kübar adamdır, amma deyilənlərə görə, bədheybətsiz ailə olmaz. Gəlin mənim fərziyyəmin üzərində bir qədər dayanıb, araşdıraq. Onun qətli həyata keçirdikdən sonra qaçmağa imkanı qalmayıb, çünki maddi cəhətdən çox acınacaqlı vəziyyətdədir, yalnız qarşıdan gələn at yarışlarında Prins qalib gələrsə, böyük bir məbləğə sahib ola biləcəyinə gümanı var. Bu səbəbdən də o, hələ qaçmaq məsələsini ləngidir. Lakin cənab Robert öncə meyiddən canını qurtarmalı, sonra bacısının yoxluğunu başqaları üçün sezilməz etməlidir. Kəsə kəlmə, yarışlara qədər bacısını əvəz edəcək və özünü ona bənzətməyə razı olacaq bir adamı tapmalıdı. Bacısının qulluqçusunun ona ən sadiq adam olduğunu nəzərə alsaq, onda bunu həyata keçirmək heç də elə çətin olmayacaq. Meyit ya köhnə sərdabədə gizlədilib, ya da cənab Meyson tərəfindən təqdim edilən dəlilə görə, yandırıldığı sübut ediləcək. Buna nə deyirsiniz?
– Əgər vahiməli fərziyyənizin doğruluğunu güman etsək, bunlar tamamilə mümkün ola biləcək şeylərdir.
– Vatson, ola bilsin, sabah sizinlə tərəddüd etdiklərimizin bəzilərini aydınlığa çıxarmaq üçün balaca bir eksperiment etdik. Hələliksə bizim balıqçılığa aludə olma ad- sanımızı təmizə çıxarmaq naminə, gəl, sahibimizi öz şərabından bir stəkan içməyə dəvət edək, onunla yerli su hövzələrinin ovçuluq potensialı mövzusunda söhbətləşək. Bir sözlə, onun inamını qazanmağa çalışaq. Bizi maraqlandıran işlər haqqındasa yerli sakinlərdən yolüstü öyrənərik…
Səhər Holms qarmağa bağlanan balıqcığın yaddan çıxdığını hiss edəndə balıq ovumuz baş tutmadı, bu da özümüzü doğrultmaq üçün mühüm səbəb idi. Saat on bir olardı, biz gəzintiyə çıxdıq və ilk olaraq Barnsdan spaniel köpəyini özümüzlə götürmək üçün icazə istədik.
Hündür park hasarının heraldik qrifonlarla işlənilmiş qapısına çatarkən Holms söylədi:
– Biz artıq məqsədimizə yaxınlaşmaq üzrəyik. Barnsın dediyinə görə, xanım da gəzintiyə günortaya yaxın çıxır. Qapı açılana kimi fayton öz gedişini yavaşıdacaq. O, qapıdan keçən kimi siz nökərə hansısa sualla müraciət edərsiniz, Vatson. Mənimləsə işiniz olmasın. Bu vaxt kolların arxasında durub sizi müşahidə edəcəyəm.
Gözləməyimiz elə də çox çəkmədi. Biz on beş dəqiqədən sonra iki gözəl boz at qoşulmuş üstüaçıq sarı rəngli faytonun sürətlə darvazaya yaxınlaşdığını gördük. Holms spaniel köpəyilə kolların arasında çömbəlmiş şəkildə durdu. Mənsə laqeyd şəkildə əl ağacını yellədərək yolda qaldım. Gözətçi gəlib çıxan kimi darvazanı açdı.
Atlar addımlarını yavaşıdanda mən arabada oturanları yaxşıca gözdən keçirdim. Sol tərəfdə öz görkəmilə adamı valeh edən gənc qadın oturmuşdu. Onun yanındasa yaşlı bir qadın əyləşmişdi. Qadının beli bir az bükülmüş, üzünü və çiyinlərini bir neçə yaylıqla örtmüşdü – bu, onun sağlamlığının zəif olduğunu sübut edirdi. Fayton daravazadan keçən kimi mən nökəri dayandırıb amiranə şəkildə cənab Roberti neçə tapmaq mümkün olduğunu soruşdum.
Elə həmin an Holms kolların arxasından çıxaraq köpəyin xalta qayışını buraxdı. Köpək sevinc doğuran hürüşlə arabanın yanına tullanıb, pilləyə sıçradı. Amma birdən- birə köpəyin coşqun fərəhi qudurğan azğınlıqla əvəz olundu və qızğınlıqla qadının qara ətəyindən yapışmağa çalışdı.
Darmowy fragment się skończył.