Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Mirzə Şəfi haqqında xatirələr», strona 3

Czcionka:

– Sən Allahın mərhəmətini, Züleyxanın gözəlliyini tərifləməkdə haqlısan, – deyib, Fatma razılığını bildirdi, – Züleyxa qiymətli bir üzüyün bahalı qaşıdır. O, xoşbəxtliyin, səadətin özüdür. Onun ismət və məsumluğu gözəlliyindən yüksəkdə olmasaydı, sənə razılığını çoxdan bildirərdi. Bir də ki, Züleyxa onu dünyalar qədər sevən atasının qorxusundan, kasıb bir Mirzənin onu sevməsinə heç imkan verməzdi. Lakin sənə bildirim ki, İbrahim xanla səfərə çıxmış avar Əhməd xan Züleyxaya evlənmək istəyir. Züleyxanın atası onların evlənməyinə razıdır. Onlar səfərdən qayıdandan sonra bu məsələni həll edəcəklər. Ona görə tez bir əlac etməlisən ki, onlar səfərdən qayıdana kimi məhəbbətiniz qovuşsun. Molla axşamçağı minarədən azan çəkən zaman evimizin yanındakı bağçaya gələrsən. Mən çalışaram ki, Züleyxanın diqqətini sənə yönəldim. Sən isə onun xoşuna gələn bir nəğmə oxuyarsan. Əgər nəğmən onun xoşuna gəlsə, səni əmin edirəm ki, onun sevgisinə nail olub, bir qönçə alacaqsan.

Fatma çox danışdı. Mən isə bizim söhbətin ən vacib tərəfini sənə söylədim. Fatmanın lütfkarlığının əvəzində mən ona cib saatımı, pul kisəmi, yanımda qiymətli nə vardısa, hamısını bağışladım. Hətta onun sağ yanağındakı ləkəni götürmək üçün dua yazacağımı da bildirdim. Nəhayət, biz müəyyən bir vaxtda görüşmək üçün vədələşib, ayrıldıq.

Mirzə Şəfi şərab dolu qədəhi əlinə götürüb, dərindən nəfəs aldı və söhbətinə ara verdi. Mən bundan istifadə edib, qaranlıq olan yerləri aydınlaşdırmaq məqsədilə soruşdum:

– Mirzə, söylədiyin o “möhnət tikanının” və Fatmanın “qönçə alacaqsan” deməsinin mənası nədir?

– Bəyəm sən o qədər təcrübəsizsən ki, məhəbbəti ifadə edən vasitələri də bilmirsən? Bakirə bir qız tanımadığı kişiyə öz hislərini necə deyə bilər?

Mən dinmədim. Dərslərdə oxuduğu şeirləri qafiyələrilə mənə izah etməkdə böyük istedadı olan Mirzə adəti üzrə hisslərini şeirlərlə ifadə etdi:

 
Həm inkar, həm də nifrət,
Qəzəb timsalıdır tikan.
Gözəl səni inkar (rədd) etsə,
Demək, verir sənə tikan.
 
 
Bir gözəl qız gül qönçəsi
Tullayırsa mənə sarı,
Bəxt üzümə gülür demək,
Ölənəcən sevmək gərək.
 
 
Qızılgülü versə o qız,
Ümidlərim hasil olar.
Dilbər mənə qismət olar,
Məhəbbəti qəlbə dolar.
 

– Mirzə, indi hər şeyi başa düşdüm, söhbətinə davam edə bilərsən, – dedim.

– Mən sevgimizə əməl edib, ertəsi günü Fatma dediyi yerə gəldim, – deyə Mirzə söhbətini davam etdirdi. – Həmin günü mən sevgilimin biganə qala bilməyəcəyini duyub, məhəbbət barədə bir şeir yazdım. Bu şeiri azı iyirmi dəfədən çox öz-özümə oxudum ki, yaxşı səslənməsinə əmin olum. Qızla görüşməzdən əvvəl də hamama gedib, özümü səliqəsahmana salmışdım.

Görüşəcəyimiz gecə sakit və sərin idi. Mən gizləndiyim yerdən Züleyxanı aydın görə bilirdim. O, Fatma ilə bərabər eyvanda dayanıb, çadranı üzündən bir az yana çəkmişdi. Mən də cürətlə qabağa çıxıb, özümü göstərdim. Bilirsənmi belə görüş adamın qəlbinə necə təsir edir? – deyə Mirzə dərin köks ötürdü, mövzudan uzaqlaşmamaq üçün yenidən söhbətinə qayıtmaq istəyirdi ki, mən ona təsəlli verib:

– Ay Mirzə, nə olub bəyəm, maşallah, indi də pis deyilsən, – dedim. – Sən mənə o günü yazdığın şeiri necə oxuma-ğından və bu şeirin Züleyxaya necə təsir etməsindən danış.

– Mən şeiri oxumamışdan əvvəl onun mətnini badam qabığında Züleyxaya töhfə kimi eyvana atdım. Sonra şeiri gözəl bir ahənglə oxudum:

 
Qamətinin yanında sərvin qiyməti olmaz,
Maralın gözləri də gözlərinə tay olmaz.
Küləklərin gətirdiyi Şirazın ətri
Nəfəsinin ətrilə, gülüm, yarışa bilməz.
Dodaqlarından qopan inci kəlmənin yanında
Heç nədir Hafizin oxuduğu şirin nəğmələr də.
Bülbüllərin su kasası, o qızılgülün butası,
Bənzər rənginə al dodaqlarının sənin.
Günəş nədir, Ay nədir, göydə sayrışan ulduzlar nə?
Onlar camalını seyr edib sayrışırlar göylərdə.
Özüm nəyəm, ürəyim nə, nəğmələrimin mənası nə?
Qüdrətinin quluyam, yaşadıram gözəlliyini nəğmələrimdə.
 

Mən heyrətimi bildirdim:

– Aman Allah! Necə gözəl nəğmədir! Mirzə, sənin nəğmələrin xəyal dünyasında pərvazlanan pərilərin nəğmələri qədər xoşdur. Kimdir Hafiz sənin yanında? Bir damla su nədir ümmanda?

Gəncəli müdrik dedi:

– Bu hələ başlanğıcıdır. Əsil məhəbbət nəğmələrini bundan sonra oxumalıyam.

 
Mənim qəlbimdə müqəddəs, səmimi bir duyğu
Yaxınlaşıram, gülüm, sevgimin zirvəsinə.
Oxuyuram, bax, bu nəğməni sirli, arzulu,
Sənə min sözü var, sualı var, söhbəti var.
 
 
Qəbul et onu, ya sevinclə, ya da nifrətlə,
Ya mənə tikan bağışla, ya qarşıla gül-çiçəklə.
Ya məni məhv elə, ya da ümid ver qəlbimə,
Gözləyirəm etirafını, gülüm, cavab ver mənə.
 

– Bəs Züleyxa sənə nə cavab verdi? – deyə soruşdum.

– O gülümsünərək bir qönçə atdı mənə. İlk dəfə onun gözəl üzünü də yaxından orda gördüm. Züleyxanın sevdiyini bildikdən sonra mənim də iztirablarıma və qəmli həyatıma son qoyuldu. İşıqlı dünyaya çıxdım. Onun qəlbini alovlandıran məhəbbətindən zövq aldıqca dəqiqələrim saatlara döndü. Şərəfinə oxuduğum nəğmələrin, onu görmək üçün atdığım addımların sayını kim hesablaya bilər? Bəxtimə səadət günəşi doğmuşdu. Taleyin mənə göstərdiyi iltifat keçmiş maneələri aradan götürmüşdü. Mənim məhəbbətim Gəncədə sirr olaraq qalmadı. Dostlarım, tanışlarım buna sevinirdilər. Əllərindən gələn köməyi etməyə hazır idilər. Bir çoxları da İbrahim xana kin-küdurət bəslədiklərindən, bizim xoşbəxt olmağımızı arzulayırdılar.

Züleyxa məhəbbətinin rəhni olaraq mənə atdığı qönçənin vaxtından altı ay keçmişdi ki, qara bir xəbər məni sarsıtdı. İbrahim xan və Züleyxanın gələcək nişanlısı Əhməd xan hərbi yürüşdən qayıtmışdılar. Bu xəbər məni qorxutsa da, məni qüdrətli qartal qanadlarına mindirib, sarsıntılar içindən yüksək bir zirvəyə qaldırdı. Tezliklə taleyimin hökmü veriləcəyini hiss edib, cürətləndim. Qəlbim isə mənə deyirdi: “Həyatda sənin üçün yeganə varlıq olan Züleyxanı itirsən, kasıb Mirzənin qəlbini dünyada daha heç nə oxşaya bilməz”. Buna görə Züleyxaya qovuşmaq üçün bütün qüvvəmi sərf edirdim. Əhməd xan isə avarların mərkəzi şəhəri olan Xunzaka bir dəstə atlı göndərmişdi ki, qız üçün cehiz və başlıq gətirsinlər. O, kəbin kəsdirib, toy etdikdən sonra Züleyxanı vətəninə aparacaqdı.

Gəncə hərbi yürüşdən qalibiyyətlə qayıtmış hər iki xanın şərəfinə bayramsayağı bəzədilmişdi. Züleyxanın xahişi ilə xanəndələr yarışacaqdılar. Yarışmaq üçün çox yerdən bura xanəndələr dəvət olunmuşdu. Onların hər biri Züleyxanın şərəfinə gözəl mahnı oxumalı idi. Yarışın qalibinə böyük hörmət göstərilirdi. Onun qalib gəldiyi ən görkəmli xanəndənin belə əlindən sazını alıb qırmaq ixtiyarı da vardı. Mən də yarışa dəvət olunmuşdum. Qalib gələcəyimi əvvəldən hiss etmişdim. Ona görə hiss etmişdim ki, mənim ilham mənbəyim şənliyə yığılan xanəndələrin ilhamından güclü idi. Gül olmayan yerdə bülbül necə oxuya bilər? Məhəbbət olmayan yerdə nəğmə də olmaz! Mən özümdə qüdrət hiss edib, taleyimin yüksək zirvəsinə qalxmaq, həyatımda bir dönüş yaratmaq istəyirdim. Mənim istəyim baş tutsaydı, o bizi karvanı ilə Şirvan tərəfə, Şamaxıya qaçırmağa söz vermişdi. Bütün işlər barədə Fatma ilə məsləhətləşmişdik. O, yola götürüləcək bahalı şeyləri qablaşdıracaq və ermənini əvvəlcədən razı salacaqdı. Bayram axşamı biz Züleyxa ilə birlikdə q açmalı idik. Mən gecəyarısı Fatma ilə görüşdüyümüz yerə gəldim. Biz oradan ensiz bir cığırla böyük yola çıxıb, karvanın gəlməsini gözləməli idik. Nəhayət, gözlədiyimiz gün gəlib çatdı. Son vaxtlar heç bilmirdim mənə nə olub. Öz mənzilimdə özümü yad sanırdım. Evin ağ divarlarını, paltar taxçasını, gil döşəməyə salınmış həsiri, pəncərəmə vurulmuş dəmir şəbəkəni elə bil təzəcə görürdüm. Dəqiqələr mənə günlər, saatlar isə illər kimi görünürdü.

Səbirsizliklə taleyim barəsində veriləcək hökmü gözləyirdim. Lakin günortaçağı xoş bir xəbər eşitdim. Akim yanıma gəlib, qonaqları ilə birlikdə İbrahim xanın yeddi atla şəhərdən çıxıb gəzməyə getdiyini və sərkərdələrin silahlanıb onların arxasınca at çaparaq, hərbi oyunda iştirak etdiyini söylədi. Qadınlar isə evdə qalıb xanəndələrin yarışmasına qulaq asmalı idilər. Xanəndələrin yarışına tamaşa etmək üçün şəhər evlərinin damlarına toplaşan qızların al-əlvan paltarlarının sayrışmasında sevincdən parıldayan iri qara gözlərini kaş görəydin! Züleyxanın evinin həyətində böyük bir xalça sərilmişdi. Xalçanın üstündə iki xanəndə əyləşmişdi. Onların birinin əlində saz, o birinin də əlində cəngi var idi. Gəncənin ən gözəl oğlanlarından biri yarışın başlandığını bildirmək üçün gümüş bir sini gətirib, xanəndənin qarşısına qoydu.

– Gümüş sinini onların qarşısına qoymaqda məqsəd nədir, Mirzə? – deyə soruşdum.

– Gör məndən nə soruşursan! Sininin arxasında müğənni öz hislərini gizlədir. Müğənni məhəbbətdən oxuyanda ürəyi sıxılır, rəngi saralır. O halda gözəllərə öz sifətini necə göstərə bilər? İyirmi nəfər müğənni növbə ilə mahnı oxuyurdu.

Mən yaşca kiçik olduğumdan, axırda çıxış etməliydim. Həyəcandan müğənnilərin nə oxuduqlarını sanki eşitmirdim. Ancaq onu bilirdim ki, onların oxuduqları mahnılar mənim oxuyacağım mahnının yanında sönük bir qığılcıma bənzəyəcək. Nəğməmin sözünə və ahənginə özüm də məftun olmuşdum. Qulaq as, oxuyum:

 
Nə mavi göylərdə uçan mələklərə,
Nə çiçəkli çöllərdə qızılgüllərə,
Nə əbədi günəşin şəfəqlərinə,
İnan, dəyişmərəm Züleyxamı mən.
 
 
Mələklərin qəlbində məhəbbət olmaz,
Qızılgül budağı da tikansız olmaz.
Günəş də gecələr itirər nurunu.
Züleyxam itirməz gözəlliyini.
 
 
Axtarıb tapmadım heç yanda
O Züleyxama tay cahanda.
Gözəl, tikansız, əbədi eşqin macərasında
Tayını ancaq özündə gördüm Züleyxamın.
 

Mən mahnını oxuyub qurtaranda qızılgüllər ayağımın altına səpələndi. Mən yarışın qalibi oldum. Qəlbimdə sevincimi Züleyxa ilə bölüşdürürdüm. Yola hazırlaşmaq üçün tələsik evə qaçdım. Hətta qalib gəldiyim müğənninin sazını alıb qırmaq belə yadımdan çıxmışdı. Mən özümü xoşbəxt sanırdım.

Mirzə Şəfinin keçmiş xatirələri sanki cana gəlmişdi. O, söhbətini yarımçıq qoydu və gözlərini bir an uzaqlara dikib, dinməz dayandı. Ona qəlyan gətirdilər. O, qəlyandan bir-iki qullab vurub, tüstüsünü qarşısına üflədi. Görünür, xatirələr Mirzənin qəlbini kövrəltmişdi. O, kefsiz görünürdü. Havaya üflədiyi tüstüdən hərdən sifəti görünməz olurdu. Nəhayət, o öz-özünə danışaraq, qalxıb getməyə hazırlaşanda, yarımçıq qalan xatirəsini tamamlamaq məqsədilə ona bir neçə sual verib, ilk məhəbbətinin taleyini öyrənə bildim.

– Gecəyarısı biz yola çıxmalı idik. Qaçmaq üçün yol tədarükümüzü erməniyə vermişdik. Züleyxa Fatma ilə bir otaqda idi. Başqa qadınların otaqlarından Züleyxanın yatağını hamam otağı ayırırdı. Vədələşdiyimiz vaxt Fatma məni Züleyxanın yataq otağına aparmalı idi. Həmin vaxt qəribə bir hiss qəlbimi bürüdü. Mən qorxudan əsirdim. Ürəyim bərk-bərk döyünürdü. Öz-özümə deyirdim: “Mirzə Şəfi, səndən həddindən artıq cəsarət tələb edən belə bir iş tutmağa necə cürət edirsən? Əl-siratın səni Cənnətə aparan körpüsündən günah dolu addımlarla nə üçün keçirsən? Sənin müdrikliyin Züleyxanın gözəlliyi qarşısında kimə lazımdır?”

Mən Fatma ilə vədələşdiyimiz yerə gəlmişdim ki, “tez ol, Mirzə, – deyə Fatma məni səslədi. – Dalımca gəl, Züleyxa toy paltarında səni gözləyir.” Qorxumdan qıçlarım əsə-əsə Fatmanın arxasınca getdim. Gözəllik pərisi Züleyxanın yataq otağına gəldiyimizi heç kəs görmədi. Züleyxa, su pərisi kimi gözqamaşdıran ağ çadraya bürünüb, utancaq vəziyyətdə əyləşmişdi. Onun yanında sanki nitqim tutulmuşdu.

Ağıllı Fatma dilləndi:

– Xəyala dalmağa vaxtımız yoxdur, tələsməliyik, kənizlər bizi görməsinlər. Sevgilinin əlindən tut, Allahın sizə göstərdiyi yolla getməsini xahiş elə!

Mən Fatmanın əmrini yerinə yetirmək istədim. Züleyxanın əlini əlimə alanda o, geri çəkilib, bizdən başqa heç kəsin eşidə bilməyəcəyi tərzdə narazılığını bildirdi. Fatma onu sakitləşdirdi. “Günəşin parlaqlığına kim şəkk edə bilər? Qızılgülün ətrinə kim şübhə edə bilər? Sənin qızlıq ismətinə kim bir söz deyər? Mənim əzizim, məhəbbətin yolunda özün düşünməlisən, qalx, Allahın sənə göndərdiyi bəndəsilə get!”

Mirzə Şəfi söhbətini davam etdirənəcən mən bəzi məsələləri aydınlaşdırmaq istəyirəm. Qafqaz müsəlmanlarının belə bir adəti var: adaxlıların valideynləri nə qədər yaxın olsalar da, qız qaçırılanda mütləq hay-haray salınır, dava-dalaş olur. Qız, qaçırılanda nə qədər müqavimət göstərib, qışqırbağır salsa, bir o qədər ismətli görünür, hörmətə layiq olur. Əziz oxucum, indi Mirzə Şəfini dinləyək, görək başına gələn hadisə nə ilə nəticələndi.

– Xeyli yalvarışdan sonra ağıllı Fatma Züleyxanı sakitləşdirdi. Mən gəldiyim gizli yolla Züleyxanı aparanda yazıq qız qorxusundan yarpaq kimi əsirdi. Yolda mən onu Fatmaya tapşırdım, özüm isə ehtiyat üçün bir az aralı, arxalarınca getdim. Yolda qorxulu bir hadisə olmadı! Biz ensiz cığırla ilk dəfə Fatma ilə görüşdüyümüz yerə gəlib çıxdıq. Atası evindən çıxarkən Züleyxanın qəlbini bürüyən kədər tezliklə xoş hislərlə əvəz olundu. Biz artıq heç nədən qorxmurduq. Özümüzü xoşbəxt sanırdıq. Həyatımda bir dəfə də olsun günəşin axır vaxtlar olduğu kimi, öz şəfəqlərini üzümə belə parlaqlıqla saçdığını görməmişdim. Buludlar arasında daim gizlənən ay da mənə belə parlaq görünməmişdi. Biz sübh tezdən karvana qoşulduq. Yolda Fatmanın bir hərəkəti bizi təəccübləndirdi. O, Züleyxanın qarşısında diz çöküb, bizim xilaskarımız erməni Akimi sevdiyini bildirdi. Əli övladının o na etiqad etməyən bir şəxsi sevməsi Züleyxanı qəzəbləndirdi. Sonra, o, sakitləşdi, bir söz demədi. Sevginin qədrini sevənlər bilər. Məhəbbət yolçusunun günahından ancaq onlar keçərlər. Bir tərəfdən də Fatmanın Akimi sevməsi əminamanlığımızın rəhni idi. Akim daim bizim təhlükəsizliyimizin qayğısına qalırdı. Qadınlarımız çadralarına elə bürünmüşdülər ki, onları çətin tanımaq olardı. Mən də görkəmimi dəyişib, özümü xalça alveri edən Bakı tacirlərinə bənzətmişdim. Biz yavaş-yavaş Quruqçay küçəsi ilə irəliləyirdik. Akim təhlükəsizliyimiz üçün tədbirlər hazırlamışdı. O, karvandan ayrılıb, küçənin kənarındakı ensiz cığırla addımlayırdı. Gecə vaxtı burada adam tanımaq olmurdu. Züleyxa ata minmişdi. Fatma, Akim və mən piyada gedirdik. Bu qədər ağıllı tədbirlər görülməsəydi, elə ilk dəfədən ələ keçə bilərdik. Biz yola düşəndən bir neçə saat sonra eşitdik ki, Əhməd xan başda olmaqla bizi axtarırlar. Bir neçə vaxtdan sonra bir dəstə atlı bizə yaxınlaşdı. Dəstə başçısı Əhməd xanı o dəqiqə tanıdım. Xoşbəxtlikdən, Gəncədə bir dəfə də olsun onunla üzüzə gəlməmişdim. O da mənə diqqət yetirməmişdi. Yoxsa məni başqa paltarda görüb tanısaydı, şübhələnə bilərdi. Onların gəlişindən mən qorxmadım. O, yanımızdan keçəndə bizə ciddi nəzər yetirib, qadın görmədiyindən, hirslənib iyrənc söyüşlər yağdırdı və tezliklə gözdən itdi. Kasıblıq yaman bəladır. Tapılıb, sonra da itirilmiş xəzinənin qiymətini sonradan bilmək dözülməz haldır. Cənnət bağında boş-bikar avaralanmağın özü də cəhənnəmdə olmaq deməkdir.

Darmowy fragment się skończył.

9,06 zł