Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Mirzə Şəfi haqqında xatirələr», strona 2

Czcionka:

Fridrix Bodenştedt


Prоloq

Qəlbimdə yenə sən canlanırsan, ey gəncəli ustadım! Sənin yanında əyləşib, nəğmələrini məlahətli səsində dinləmək istəyirəm. Sənin mənə bəxş etdiyin o ətirli çiçəklərdən gözəl bir çələng hördüm. Sənə şöhrət, qadınlarımıza sevinc gətirmək üçün qarşıma tökdüyüm in-ciləri sapa düzüb, səliqəli bir boyunbağı düzəltdim, ey mənim gən-cəli söz ustadım Mirzə Şəfi!

Fridrix Bodenştedt

… Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürürdü ki, tatar dilini öyrənim. Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi. Xoşbəxtlikdən, arayıb-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, gəncəli Mirzə Şəfi oldu.

Mirzə Şəfi öz təvazökarlığı ilə Şərqin ən müdrik adamlarından biri idi. O, bu fikirdəydi ki, Avropada gənclər etiqadsız və inamsız yaşayırlar. O, eyni zamanda, belə bir möhkəm əqidədə idi ki, biz Qərb övladları dərs alacağımız illər ərzində onun səyi ilə Şərqin müdrik və ibrətamiz cəhətlərinə yiyələnəcəyik.

– Sən mənim beşinci şagirdimsən, – deyə o, əlavə edib bildirdi ki, hikmətli kəlamlarını dinləmək üçün Tiflisə gəlmək zərurətini duyanların sayı getdikcə çoxalır. Bir az susduqdan sonra əlavə etdi ki, məndən əvvəlki dörd şagirdi geriyə – Avropaya, öz vətənlərinə qayıdandan sonra bütün səylərini Şərqdə aldıqları bilikləri yerlərində geniş yaymağa həsr etmişlər. Mənə isə o daha böyük ümid və ehtiram bəsləyirdi.

O vaxt mən elə güman edirdim ki, onun mənə olan pərəstişkarlığı müqəddəs dilləri öyrənməkdə səy və bacarığım, eyni zamanda, onun hər bir dərsinə verdiyim qeyri-adi (yəni böyük) qiyməti olan bir gümüş pulla bağlıdır.

Mirzə Şəfi inana bilmir ki, müqəddəs dilləri bilmədən, adam özünü necə müdrik hesab edib, alim adı ilə dünyanı gəzib dolaşsın.

O, mənim müqəddəs dilləri öyrənmək səyimi və bacarığımı, eyni zamanda, xoşbəxtlikdən onu özümə müəllim seçməkdə üstün cəhətlərimi görüb, bəzi şeylərdə mənə güzəştə gedirdi. O, mənə xeyirxah münasibətini əyani şəkildə sübut etməyə çalışırdı.

– Mən, Mirzə Şəfi, Şərqin tanınmış alimlərindənəm. Deməli, sən məndən sonra ikinci müdrik adam olmalısan. Ancaq sən məni düzgün başa düş. Mənim Ömər əfəndi adlı bir dostum var. O, böyük ağıl və mərifət sahibidir. Bu diyarda onu yazı-pozu işində üçüncü şəxsiyyət hesab etmək olar. Əgər mən ölsəm, sənin müəllimin o olmalıdır. O zaman o birinci, sən isə ikinci müdrik adam olmalısan.

Bu ürək sözlərini deyə-deyə Mirzə Şəfi şəhadət barmağını alnına söykəyib, nüfuzedici nəzərlərlə məni süzür, mən də sükut içində razılıqla başımı tərpədib, onun fikrinə tərəfdar olduğumu bildirirdim.

Gəncəli ustadım, dərin biliyinə şübhə edən hər bir kəsə öz müdrikliyini əyani surətdə göstərirdi. Mən də bir hadisədə bunun şahidi oldum.

Mirzə Şəfinin mühazirələrinə paxıllıq eləyən qələm rəqibləri içərisində ən qəddarı bağdadlı alim Mirzə Yusif idi. O, özünü ona görə bağdadlı adlandırırdı ki, ərəbcə təhsilini orada almışdı. O, iddia edirdi ki, bilikdə Mirzə Şəfidən daha dərin adamdır. Mirzə Şəfini elm adamları arasında ən səviyyəsiz şəxs sayırdı. Onun savadlı yaza bilmədiyini söyləyib, hörmətli müəllimi gözümdən salmağa çalışırdı.

– O, hətta oxumağı bacarmır. Mənə de görüm, yazmağı bacarmayan adam müdrik olarmı? – deyib ara vermədən, cır və qulaqbatırıcı səslə danışırdı.

Onun danışığından heç nə başa düşmək olmurdu. O öz adının gözəlliyindən danışır, peyğəmbər adı ilə bağlı olduğunu deyirdi. Deyirdi ki, “Yusif adını şairlər dönə-dönə ehtiramla vəsf etmişlər”. Canfəşanlıqla sübut etməyə çalışırdı ki, bu ad adi söz deyil, Misir ölkəsində əfsanəyə çevrilmiş Yusifin eynisidir ki, insanlar arasında müdrikliyin timsalıdır. Bu adı daşıyanların özündə də az, ya çox dərəcədə gözəllik, böyüklük və müqəddəslik var. Bax, bu cür özünü tərifləyirdi Yusif!

O, mənə özünün yeni keyfiyyətlərindən danışmaq istəyəndə artırmada möhtərəm müəllimimin ayaq səsləri eşidildi. Mirzə Şəfi ayaqqabılarını qapı arxasında çıxarıb, ayağında əlvan və səliqəli toxunmuş corabla otağa daxil oldu. Qonağım elə güman elədi ki, Mirzə Şəfini qəsdən buraya dəvət etmişəm. Çünki Mirzə Şəfi onu görcək pis vəziyyətə düşmüş Mirzə Yusifi başdan-ayağa kinli nəzərlərlə süzüb, daxili hissini büruzə vermək istədi. Bu vaxt mən onu tez qabaqlayıb, soruşdum:

– Mirzə Şəfi, gəncəli ustad! Mən nələr eşidirəm?! Sən yazmağı, oxumağı bilmədən mənə elm öyrətmək istəyirsən? Bağdadlı ustad Mirzə Yusif səni elm aləmində səriştəsi olmayan adam hesab edir!

Bu sözlərdən Mirzə Şəfinin ovqatı təlx oldu. O, əvvəlcə əlini əlinə vurdu, xidmətçimə qəlyan gətirməyi işarə etdi. Mənim xidmətçim həmişə olduğu kimi, ona bir qəlyan gətirdi. Mirzə Şəfi bununla yanaşı, həm də dikdaban ayaqqabısının bir tayını götürdü və rəhmsizliklə onu bağdadlı “müdrik”in başına çırpdı. Mirzə Şəfinin özündən çıxdığını görən bağdadlı “müdrik” tez bayıra qaçmağa fürsət axtardı. Mirzə Şəfi ona imkan verməyib:

– Demək, sən məndən ağıllısan? Deyirsən, mən oxuya bilmirəm? İndi dayan, sənə bir oxumaq öyrədim ki, aləm tamaşana gəlsin! Deyirsən, yəni, mən yaza da bilmirəm? Al, başıbatmış! – deyib, ara vermədən ayaqqabını onun başına endirirdi.

Bağdadlı “müdrik” Mirzə Şəfinin kötəkləri altında ufuldayıb sızıldayaraq, otaqdan artırmaya, oradan da pilləkənlə aşağıya enib gözdən itdi.

Mirzə Şəfi müdriklik mübarizəsində qələbə çalmış, qürurla, mənim gözlədiyimdən də artıq sakitləşmiş vəziyyətdə geri qayıtdı.

Müəllimim mənə söylədi ki, Mirzə Yusif kimi boşboğazların sözlərinə inanmayım, yalnız onun dediklərinə əməl edim.

– Mirzə Yusif kimi çoxları sənin yanına gələcək, ancaq sən onlardan öz ağlınla üz döndərməlisən. Şair deyir ki: “Oxumağı, yazmağı bacarmayan adamların könlündən vəzirlik keçər.” Çünki belə adamların biliyi dayaz, tamahları isə böyük olur. Onlar sənin yanına elm öyrətmək üçün deyil, cibini soymağa gəlirlər.

Mirzə Şəfi sədəf kimi ağ dişlərini göstərib, əlavə etdi:

– İştah diş altında olur.

O, adəti üzrə rahatlanmaq üçün papağını çıxarıb kənara qoydu. Başını ülgüclə tərtəmiz qırxdıranda çox məğrur görünürdü. Bu vaxt ona elə gəlirdi ki, bütün qadınlarda ona məhəbbət, kişilərdə isə ehtiram hissi oyanır.

Hər dəfə o, başını qırxdıranda mən onun ruhunu oxşamaq üçün deyərdim:

– Bu gün necə gözəlsiniz, Mirzə Şəfi!

Dikdaban ayaqqabı əhvalatına baxmayaraq, Mirzə Şəfi bu gecə mənə daha şad görünürdü. Çünki bizim tanışlığımızdan indiyə qədər ilk dəfə idi ki, mənimlə şərab içməyə meyil edirdi. Halbuki, o, həmişə müəyyən bəhanə ilə bundan boyun qaçırardı. O, çox hörmətli adam olduğu üçün, Avropada onun şərab içməsi barəsində danışacağımdan, onun təmiz müəllim adına ləkə gətirə biləcəyimdən ehtiyat edirdi. Ancaq öz hislərini boğa bilmədi, iki-üç qədəh içdikdən sonra, ilhama gəldi. Mirzə Şəfi elə mükəddər, elə söhbətcil bir adama çevrildi ki, heç vaxt onu belə əhvalda görməmişdim. O, məni xumar baxışlarla süzüb dedi:

– Gör, bir Hafiz nə deyib:

 
Şərab müdrik adamların içkisidir,
O, gözəl əhvali-ruhiyyənin mənbəyidir.1
Onun ətrafında neçə-neçə müqəddəs ruhlar dolanır.
 

– Əslində, – deyə o, sözünə davam etdi, – şərabın ləzzətini yalnız avam adamlar başa düşməzlər. Biz filosoflara Quran niyə lazımdır? Bizim müdrik şairlərimiz, ağıllı xanəndələrimiz ömürləri boyu şərabı mədh ediblər. İndi bizim cürətimiz çatarmı ki, onların dediklərinə əks gedək?

Mirzə Şəfi bu sözlərlə sübuta yetirmək istəyirdi ki, onun söylədiklərini dünənə şamil etmək olmaz. O, mənə on il bundan əvvəl qatı dindar bir mollaya göndərdiyi şəraba məhəbbətini izah edən bir nəğmə oxudu:

 
Molla, şərab təmizdir,
Günahdır onu təhqir etmək.
Həqiqəti də axtarsan onda taparsan
Ayaqlarım məni bilərək məscidə gətirməyib,
Sərxoş idim, yolumu azıb gəlmişəm.
 

Badəni şeir, şeiri isə badə əvəz edirdi. Birdən mənim nəzərlərim təəccüblə ona dikildi. Mirzə dərin fikrə getmişdi. Gözləri bir nöqtəyə dikilib qalmışdı. O, bir an beləcə xəyala daldı. Mən onu xəyaldan ayırmağa qıymadım. O, dərin köks ötürüb, kədərli bir ahənglə aşağıdakı nəğməni oxudu:

 
Məhəbbətin əzabı belimi əydi,
Kimdən ötrü, soruşma.
Mənə ayrılığın zəhərini verdi,
Kimin əliylə, soruşma.
 

Mən onun sözünü kəsib:


– Mirzə Şəfi, heç sevmisənmi? – soruşdum. O məni əzablı baxışlarla süzdü və başladı başqa bir nəğmə oxumağa. Mənə elə gəlir ki, nəğmə Hafizin idi:

Məhəbbətin sonu – nəhayəti görünməyən cığırına elə ki ayaq basdın, təsəllini yalnız labüd ölümündə, yoxluğunda taparsan.

O, nəğməni axıra qədər avazla oxudu və üzünü mənə tutub dedi:

– Yox, indi mən sevmirəm, ancaq bircə dəfə aşiq olmuşam. Mənim kimi heç kəs belə vurulmayıb!

Sizə deyim ki, onun məhəbbətinin sirrini öyrənmək üçün bütün səyimi toplamağa cəhd göstərdim. Biz gecədən xeyli keçənə qədər oturduq. Nəzərlərim ona zillənmişdi, diqqətim onda idi.

* * *

– İbrahim xanın qızı Züleyxanı Gəncədə gördüyüm vaxtdan düz on bir il keçmişdir, – deyə Mirzə Şəfi köks ötürüb, sözünə davam etdi. – Mən onun gözəlliyini necə tərif edim ki, səndə aydın təsəvvür yaransın. Heç bilmirəm sənə onun zülmət gecəyə bənzər, lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxsa zərif qədd-qamətindənmi, qar kimi ağ, incə əllərindənmi, buruq-buruq dolaşıb gərdəninə tökülmüş uzun hörüklərindənmi deyim? Yoxsa Şiraz çiçəkləri kimi ətirli nəfəsindənmi sənə söz açım? Əlbəttə, sənə bunları danışmağımın heç bir mənası yoxdur. Onsuz da bilirəm ki, danışdığım hadisələrin mənasını, incəliyini mənim kimi dərk edə bilməyəcəksən, çünki insan qeyri-adi şeyləri çətin qavraya bilər.

Züleyxanı görmək üçün altı ay həsrətini çəkdim. Nəhayət, mən onu rəfiqələrilə eyvanda oturub, axşamüstü ay işığında kənizlərinin rəqs etmələrinə baxanda görə bildim. Görüşüb danışmağa cürət edə bilməzdim, çünki qızın mənə meyili ola biləcəyinə ümidim yox idi. İnsan günəşə yaxınlaşa bilmədiyi kimi, mən də ona yaxınlaşa bilərdimmi? Gündüzlər ehtiyatla gəzib-dolaşırdım. İbrahim xan bilsəydi ki, mən onun qızına məhəbbət gözüylə baxıram, vəziyyətim pis olardı. Ancaq axşamlar Züleyxanı görməyə can atırdım. Bilirdim ki, İbrahim xan axşam saat səkkizdən sonra ayağını evdən kənara qoymur.

Odur ki, gecələr qəlbimdə alovlanan eşqimi nəğmələrə çevi-rirdim. Hərdən Hafizdən, Camidən də qəzəllər oxuyurdum.

 
Sərin külək, əs o yerə ki tanışdır oralar sənə.
Ona şirin söz söylə, o söz ki bəllidir sənə.
Kədərli cavab istəməm, o bil, yaddır mənə.
Şəfa versə gətir, etiraf edərsən nə bəllidir sənə!
 

Əksər hallarda mən öz nəğmələrimi oxuyurdum. Borc alınmış zər-xara ilə bəzənmək nəyimə lazım idi? Kimin nəğmələri mənim nəğmələrim qədər səlis, aydın olar, ürəklərə yol tapa bilər? Mən çox dözməli oldum. Nəhayət, bir xoş gündə qızın diqqətini özümə yönəltməyə qadir oldum. Xoşbəxtlikdən elə təsadüf düşdü ki, İbrahim xan yerli düşmənlərlə vuruşmaq üçün Tiflisə getdi. Xanın evinin yanında sərbəst gəzib-dolaşmaq və nəğmə oxumaq imkanı tapmışdım.

Bir gün İbrahim xanın evinin yaxınlığında Züleyxanı görmək üçün gizlənib onu güdürdüm, güddüyüm yerdə boş-bikar dayanıb nəğmə oxuyurdum. Xanın evində isə heç kəs görünmürdü. Züleyxanı görməməyimdən mütəəssir olub, evə qayıtmaq istəyirdim ki, qəfildən ağ çadraya bürünmüş bir qadın yanımdan ötəndə astadan:

– Mirzə Şəfi, arxamca gəl və məni izlə, – dedi. Həyəcandan ürəyim döyündü. Mən onun sözünə əməl edib, dinməz arxasınca getməyə məcbur oldum. Biz dar döngənin sağ tərəfi ilə addımlayıb, əzgil kolları ilə əhatə olunmuş, yüklü karvanların keçib gedə bilməsi mümkün olmayan dar bir cığıra gəlib çatdıq və dağa sarı qalxıb, xəlvət yerdə dayandıq. Burda bizi heç kim görməzdi. Mən hiss etdim ki, bu qadın Züleyxadan mənə nəsə demək istəyir.

Mirzə Şəfi bir an sözünə ara verdi və şərabdan bir-iki qurtum içib, hekayəsini davam etmək istəyirdi ki, mən onu qabaqlayıb:

– Mənə belə gəldi ki, ağ çadralı qadın Züleyxanın özüdür, – dedim.

O mənim dediyimi könülsüz dinləyib, cavab verdi:

– Günəş yerə enə bilərmi? Əgər Züleyxa gəlmiş olsaydı, mənimlə təklikdə qala bilərdimi? Günəş qüruba ensə, gecə olmazmı, bu da xoşbəxt başlanğıcın sonu deyilmi?

Mirzə Şəfi arada bir qədəh də şərab içib, sanki hiss-lərini sakitləşdirirdi.

– Mənim sadəlövh yol yoldaşım aramıza çökmüş sükutu pozdu, – Mirzə Şəfi sözünü davam etdirdi. – Mənim adım Fatmadır, – dedi. – Züleyxanın sirdaşıyam. Xanım səni bir neçə dəfə görüb. Onun çox xoşuna gəlirsən. Sənin səsini eşitcək o şad olur, nəğmələrin isə onu valeh edir. Məni sənin yanına göndərən də odur. Səni sevindirmək üçün deyirəm ki, sevginə əmin ola bilərsən. Məhəbbətin yolunda əziyyət çəkdiyinə görə sənə ürəkdən yanıram. Mənə inana bilərsən.

– Demək, Züleyxa yazıq qullarından birinin məhəbbətinə öz qəlbilə cavab vermişdir? – deyə sevindiyimdən özümü saxlaya bilməyib, ucadan səsləndim. Sanki yer, göy mənim idi. Bu geniş səmada uçmağa qanad axtarırdım. Deməli, möhnətin qəlbimi neştərləyən tikanı sevincimin qarşısında parçalanmışdır? Allaha min şükür olsun! Onun mərhəməti nə qədər böyük, gördüyü işlər necə də qəribə olurmuş! Mən onun yolunda nə iş görmüşəm ki, öz mərhəmətini Züleyxamın əli ilə qəlbimə yağdırır?! İlham çeşməmi gözəllik dənizindən qidalandırır.

1.Şeirlər sətri tərcümə olunub.
9,06 zł